Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Ağdamın işğalından 27 il ötür

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. Rayonun işğalından 27 il ötür.

    Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

    Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

  • Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür

    Azərbaycanın milli mətbuatının yaranmasından 145 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan mətbuatı bu müddət ərzində Azərbaycan mətbuatı keşməkeşli bir tarix yaşayıb, ağır sınaqlardan keçib,şərəfli bir missiya daşıyıb. Ötən əsrin əvvəllərində milli oyanış hərakatının önündə gedən mətbuatımız 90-cı illərdən başlayaraq istiqlalımız uğrunda mübarizənin də önündə oldu. Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.,Birinci Qarabağ savaşı, demokratiya uğrunda mübarizə, keçid dövrü və digər mərhələlərdə, proseslərdə jurnalistlər, mətbuat işçiləri də çətin və şərəfli bir missiya daşıyıblar. Bütün dövrlərdə jurnalistlər peşə borcunu yerinə yetirərkən dövlətimizin və millətimizin maraqlarını qorumağa çalışmış, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ölkədə insan haqlarının qorunması və demokratikləşmə uğrunda mübarizədə əvəzsiz rol oynamış, Azərbaycanın imicinin yüksəldilməsi üçün əllərindən gələni etmişlər. Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, hələ də Azərbaycan mətbuatında ciddi problemlər qalmaqdadır. Mətbuatın problemləri dövlət səviyyəsində həll edilməlidir. Biz bütün çətinliklər qarşısında Azərbaycan jurnalistikasının əzmkarlığının şahidi olmuşuq.
    Hörmətli media nümayəndələri!
    Sizi Milli Mətbuat günü münasibəti ilə təbrik edir, sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Vətəndaş Həmrəyliyi Partiyası olaraq hər zaman Azad Sözün yanında olduğumuzu bir daha bəyan edir və inanırıq ki, siz öz mütəşəkkilliyiniz və mübarizliyinizlə bütün çətinlikləri dəf edəcək, hətta belə çətin şəraitdə də ölkədə fəaliyyət göstərən digər demokratik təsisatlarla birlikdə mətbuatımızın inkişafına nail ola biləcəksiniz. Biz bu şərəfli yolda, böyük və yenilməz Azərbaycan uğrunda mübarizədə sizə uğurlar arzu edirik. Tanrı sizə yar olsun!.

    Sabir Rüstəmxanlı
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

  • Sabir Rüstəmxanlı cəbhə bölgəsində olub- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Tovuz rayonunda sərhəd bölgəsində olub. Sabir bəy Ağdam kənd sakinləri ilə görüşüb, əhalinin əhval ruhiyyəsi ilə tanış olub . Millət vəkili Şəhid əsgərimiz Elşad Məmmədovun və şəhid gizir İlqar Zeynallının yas məclisində iştirak edib. Şəhidlətin yaxınlarına başsağlığı verib.

     

  • Azərbaycan xalqı dünyaya mesaj verdi ki…

    Sabir Rüstəmxanlı: “Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənləri bunu gələcək üçün nəzərə almalıdır”.

    “Erməni xalqı bunun hesabını Paşinyandan soracaq”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı ölkə gündəminin mövzuları iıə bağlı cumhuriyyet.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

    – Sabir bəy, şair dili ilə desək dünyamız uzun bir müddətdir ki, xəstəhaldır. Məlum virus epidemiyası sonu görünmədən davam edir. Necə görürsüz bu gedişatın axırını?
    – Əvvəla deməzdim ki, dünyamız xəstə durumdadır. Dünya yenə öz əvvəlki məhvərində, ayı, günəşi yerində, təbiət öz işində… Dərd, ələm içində olan insanlardır. Həm də bu virus, epidemiya, xəstəlik dərdi deyil sadəcə, insanlıq üçün bir sınaq dönəmidir. Epidemiya nə dövlətlərə, nə də insanlara gücünə, mövqeyinə görə fərq qoymamaqla bir dərs keçdi və keçməkdədir. Dövlətlərin imperalist maraqları, insanların dünya malı hərisliyi mənasızlığı və gərəksizliyi ilə ortada. Yerə göyə hakimlik iddiasında olan, müharibələrlə fırtına qoparan, sayagəlməz sərvət toplayan insan övladı kiçik bir virusun qarşısında aciz durumdadır. Əlbəttə, bir gün bu epidemiya bitəcək, virus problemi ortadan qalxacaq, amma ən önəmlisi insanın indiki durumun nəticələrindən dərs çıxarıb gələcək dünyanı yeni və barış düşüncəli əsaslar üzərində qurmasıdır. Mən gedişatı belə görmək istərdim. Özünü yer üzünün əşrəfi adlandıran insana yaraşan budur.
    – Etiraf edək ki, nə böyük dövlətlərin, nə də beynəlxalq təşkilatların bu yöndə açıq və qətiyyətli niyyətinin və əməlinin şahidi olmadıq. Əksinə yenə də böyük dövlətlər fürsətdən istifadə edib iqtisadi siyasi maraqlarını təmin etmək üçün çalışdılar.
    – Təəssüf ki bu bir gerçəklikdir. Yaxın Şərqdə və ya dünyanın digər bir nöqtəsində hansısa supergücün geopolitik marağına toxunulan kimi beynəlxalq təşkilatlar bir araya gəlir, bəyanatların ardı arası kəsilmir, böyük bir hərəkətlənmə yaşanır. Amma baxın 21-ci əsrin 20-ci ilinin yarısını dünya epidemiya şəraitində başa vurur, yarım milyon insan dünyasını dəyişib və bunun nə qədər davam edəcəyi bəlli deyil və dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT hələ də bununla bağlı toplanmayıb. Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzüzədir və BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Bu qədər zaman keçəndən sonra BMT Baş Assambleyasının Xüsusi Sessiyası Azərbaycanın təşəbbüsü ilə işə başlayır. Bu təklif birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və BMT-yə üzv olan 130 dövlət tərəfindən dəstəklənib. Bu Azərbaycan tərəfindən pandemiya ilə mübarizədə bütün səylərin birləşdirilməsi baxımdan mühüm təşəbbüs olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzu baxımdan da mühüm bir hadisədir. Azərbaycanın bu təşəbbüsü bütün dünyaya bizim barış niyyətimizi bir daha göstərmiş oldu.
    – Yeri gəlmişkən, Azərbaycanın təklifinə qarşı çıxan yeganə dövlət Ermənistan olmuşdu…
    – Daha doğrusu, Ermənistan növbəti dəfə özünü beynəlxalq ictimaiyyət qarşısında rüsvayçı vəziyyətə saldı. Bu dövlətin xarici siyasəti məntiq üzərində deyil, Azərbaycanı inkar üzərində qurulub. Biz dünyanın fırlandığını desək onlar bunun əksini iddia edəcəklər. İndi də Paşinyan hökuməti və erməni diplomatiyası eyni prinsiplə hərəkət etdi və iç üzünü göstərdi…Hazırki Ermənistan hakimiyyəti ciddi problemlər yaşayır, ölkədə siyası və iqtisadi böhran mövcuddur. Paşinyan və onun komandası ümidləri doğrultmadı. Korrupsiya və diktaturaya qarşı xalq etirazları üzərində hakimiyyətə gələn komanda özü hazırda bu yaramazlıqlara qurşanıb. Erməni cəmiyyəti bunu görür və açıq etirazını bildirir. Bacarıqsızlıqdan irəli gələn siyasi problemləri Ermənistanın iqtisadi durumunu bir qədər də ağırlaşdırıb. Yaranmış problemdən çıxış yolu kimi isə Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltməkdə görür. Şuşada andiçmə mərasimi, Qarabağa intensiv səfərlər, Azərbaycan əleyhinə pafoslu bəyanatlar da bu məqsədə xıdmət edir.
    – Elə isə dünəndən başlayaraq cəbhə xəttində yaşanan gərginlik də eyni ssenarinin tərkib hissəsidir?
    – Bəli və təəssüf ki, bir qrupun siyasi ambisiyaları insan həyatı hesabına başa gəlir. Şəhidlərimiz var. Allah rəhmət eləsin. Ancaq növbəti dəfə düşmənə layiqli cavab verilib. Qarşı tərəf daha böyük itkilərə məruz qalıb və yəqin ki, erməni xalqı bunun hesabını Paşinyandan soracaq. Pandemiyanın ağır şərtləri altında, sosial-iqtisadi böhran içində ölan bir ölkənin belə bir hərbi təxribatını özünə hörmət edən xalq hakimiyyətinə bağışlamaz. Dünən cəbhədə baş verənlər bir neçə həqiqəti ortaya qoydu. Əvvəla dünya pandemiya ilə birgə mübarizə üçün çağırış edən Azərbaycanla cılız işğalçılıq hisslərinə qapılan Ermənistan arasında fərqi gördü. İkincisi Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənlərinə bu, bir dərs olmalıdır… Nəhayət, ən ən vacib və qürurverici məqam Azərbaycan xalqının cəbhədən ilk xəbər gələn andan səfərbər olmasıdır. Həm cəbhə bölgələrimizdə, həm də paytaxtda insanlar heç bir təşkilatlanma, əvvəlcədən razılaşdırma olmadan “Qarabağ” deyə ayağa qalxdılar və ordumuza dəstək göstərdilər. Bu çox mühüm bir məsələ idi. Azərbaycan xalqı dünyaya “Qarabağ bizimdir, bizim olacaq!” mesajı verdi. Azərbaycan torpaqları üzərində manipulyasiya edən diplomatlar da bir daha gördülər ki, bu xalq torpaq məsələsində güzəşt tanımır.

    Söhbətləşdi: Nəsimi

    cumhuriyyet.az

  • Sabir Rüstəmxanlı: “Bir-iki nəfərin işdən çıxarılması ilə vəziyyəti dəyişmək mümkün deyil”

    Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey qaydasına düşəcək. Halbuki sözügedən kadr dəyişikliklərindən yarım ildən çox vaxt keçsə də, hələlik alternativ siyasətin konturları görünmür, inersiya ilə əvvəlki siyasət davam etdirilir.

    Milli Məclisin deputatı, keçmiş mətbuat və informasiya naziri (1991-1995) Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Press klub”un suallarını cavablandırıb.

    – Əli Həsənov və Vüqar Səfərlinin işdən azad olunmasını hökumətin mətbuatla iş sahəsində islahatlara başlaması kimi dəyərləndirmək olarmı?

    – İslahat daha geniş spektri əhatə edən anlayışdır və hansısa strukturda bir-iki nəfərin işdən çıxarılması ilə həmin strukturda vəziyyəti dəyişmək mümkün deyil. Əslində, Azərbaycanda mətbuatla bağlı islahatlar hələ bir neçə il öncədən başlanıb. Mətbuatın inkişafına yönəlik addımların atılması, jurnalistlərə dövlət qayğısı, media rəhbərləri və jurnalist təşkilatları ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, ardınca jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və uzun müddət mətbuatda çalışan insanlar üçün ayrıça şəhərciyin salınması, məncə, mətbuatın inkişafına dəstəyin bir nümunəsidir. Sadaladıqlarım yaxın tariximizdə dövlətin mətbuata münasibətdə atdığı önəmli addımlardır. Nəzərə almaq lazımdır ki, nə sovet dövründə, nə də başqa vaxtlarda mətbuata belə imkanlar yaradılmayıb. Məncə, hökumət mətbuatın dövlətçiliyin qorunmasında, dövlət quruculuğunda oynadığı rolu nəzərə alaraq belə addımlar atıb. Bu, həm də onu göstərir ki, müxtəlif siyasi qrupların fikirlərini cəmiyyətə çatdıra bilən jurnalistikanın dövlət quruculuğunda xidmətləri daha yaxşı dərk olunur. Mən Əli Həsənovun, yaxud hansısa vəzifəli şəxslərin işdən azad edilməsini, onların başqa şəxslərlə əvəz olunmasını nə jurnalistika, nə də dövlətin mətbuat siyasətində hansısa isahatlara başlaması ilə əlaqələndirmirəm, bunlar tamamilə ayrı məsələlərdir. Adını çəkdiyiniz şəxslərin də hərəsinin öz sahəsi vardı və onların cavabdehlik daşıdıqları sahə təkcə jurnalistika və mətbuat deyildi. Bu yaxınlarda Prezident Milli Mətbuatımızın 145 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda da mətbuatın inkişafında xidməti olan jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Bu, mətbuata dövlət dəstəyinin bir təzahürü olmaqla yanaşı, həm də jurnalist fəaliyyətinin stimullaşdırılması, onların zəhmətinin dəyərləndirilməsi baxımından vacib məsələdir. Bütün bunlar jurnalistikaya qayğıdır və bu cür qayğı davam etdikcə, genişləndikcə, mətbuat sahəsində islahatlar olacaq. İslahatı qaçılmaz edən və bunun şərtlərini göstərən başqa məsələlər var. Bunlar mətbuatın üzləşdiyi maddi sıxıntılar, elektron medianın inkişafı, çap mətbuatına ehtiyacın azalması, hakimiyyətlə mətbuat arasındakı münasibətlərin daha sivil qaydaya düşməsi və digər məsələlərdir. Mətbuat sahəsində islahatlara məhz bu kontekstdən yanaşmaq lazımdır.

     -Sizcə, indiki şəraitdə dövlət və mətbuat münasibətlərinin tənzimlənməsi sahəsində ən vacib dəyişikliklər nədən ibarət olmalıdır? Mətbuatın peşə prinsiplərinə uyğun fəaliyyət göstərə bilməsi üçün hansı dəyişikliklər daha zəruridir?

    – Bunun iki şərti var. Birincisi, dövlət mətbuatın tənqid və iradlarına da, təqdirinə də səbrlə və dözümlü baxmalıdır, mətbuatın sərbəst fəaliyyətinə, onun azadlığına, tənqidi fikrə normal yanaşmalıdır. Eyni zamanda, mətbuatın da ruhu məsuliyyətdən, dövlətə sevgidən yoğrulmalıdır; öz fəaliyyətində dövlətlə hakimiyyəti bir-birindən fərqləndirməyi bacarmalıdır; müstəqil dövlətin nə qədər tarixi əhəmiyyət daşıdığını, bunun cəmiyyətimiz və xalqımız üçün dəyərini nəzərə almalıdır. Mətbuat əsassız tənqiddən çəkinməlidir, şər-böhtandan, söyüşdən uzaq olmalı, tənqidlər faktlara söykənməlidir. Belə olanda dövlətin də mətbuata münasibəti dəyişəcək. Yəni, hər iki tərəfdə münasibətlər qarşılıqlı, sivil qaydada olmalıdır və belə olarsa, mətbuat özünün normal inkişaf yolu ilə gedəcək. Yoxsa, dövlətin jurnalistlərə mənzil verməsini jurnalistlərin susdurulması kimi başa düşmək mətbuatı öz yolundan, prinsiplərindən yayındırar. Yaxud “hansısa jurnalist susduğuna görə qayğı görəcək, açıq tənqidi fikir söyləyənlər kənarda qalacaq” düşüncəsi hakim olacaqsa, heç vaxt dövlət-mətbuat münasibətləri normallaşmayacaq.

    – Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra belə bir fikir formalaşdı ki, artıq mətbuata bir nəfəslik veriləcək, bu sahədə normal münasibətlər qurulacaq.

    – Mən Əli Həsənovun adının bu cür hallandırılmasının və jurnalistikamızın bütün problemlərini onun çiyninə yükləməyin tərəfdarı deyiləm. Eyni zamanda, onun vəzifədən uzaqlaşdırılması mənim üçün Azərbaycan jurnalistikasında hansısa mərhələ, yaxud da hansısa mərhələnin başlanması deyil. Ona görə də mən bu məsələlərin ayrı-ayrı şəxslərin üzərində qurulmasını düzgün hesab etmirəm.

    – Bir neçə gün əvvəl KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqənin nəticələrini açıqladı. Müsabiqə yenə köhnə şərtlər və prinsiplər üzərində quruldu və əvvəlkilərdən ciddi şəkildə fərqlənmədi. Halbuki gözlənilirdi ki, dövlətin maliyyə dəstəyi təkcə qəzetləri yox, həm də elektron mətbuatı, araşdırmaçı jurnalistlərin fərdi layihələrini əhatə edəcək. Amma bu gözləntilərin heç biri baş vermədi. Üstəlik, mətbuata ayrılan yardımların necə xərclənməsi də şübhə doğurur, bu sahədə şəffaflıq yoxdur…

    – Bu məsələlərdə subyektiv amilləri aradan qaldırmaq üçün müəyyən prinsiplər olmalıdır. Qəzetlərə maliyyə dəstəyinin hansı prinsiplər əsasında verildiyindən məlumatsızam, bu barədə bir söz deyə bilmərəm. Mən keçmiş Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edəndə bu prinsipləri bilirdim. Amma indi bu məsələləri diqqətlə izləmirəm və kimə nə qədər vəsait ayrıldığından, bu vəsaitlərin hansı meyarla verildiyindən xəbərim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, mətbuata da, qeyri-hökumət təşkilatlarına da dövlət yardımı bu işə başçılıq edənlərin subyektiv mülahizələrindən, sevgilərindən, dost-tanışlıqdan asılı olmamalıdır. Əksinə, fəaliyyətlərində milli-mənəvi dəyərləri nəzərə alan, Azərbaycanın həm dövlətçiliyini, həm də milli maraqlarını qoruyan və ona xidmət edən, ölkəmizə nüfuz qazandıran, hörmət gətirən mətbuata dəstək verilməlidir. Yoxsa, “kim bizə yaxındırsa, ona daha çox vəsait ayıraq” prinsipi ilə heç bir normal iş qurmaq olmaz.

    -KİVDF elektron mediaya maliyyə dəstəyinin verilməməsini həm də mətbuatın bu sahəsini tənzimləyən qanunvericiliyin olmaması ilə izah edir. Sizcə, bu məsələlər necə həll edilməldir?

    –Bu, doğrudan da çətin məsələdir. Çünki indiki dövrdə əlində mobil telefon olan istənilən şəxs internet üzərindən özünə bir səhifə aça və özünü elektron media kimi təqdim edə bilər. Təəssüf ki, son vaxtlar Azərbaycanda belə hallar çoxalıb. Bəziləri hesab edir ki, belə adamlar da jurnalistika işi görür. Amma internetdə özünə səhifə açıb, guya mətbuat nümayəndəsi kimi fəaliyyət göstərən bir adamın həqiqətən jurnalistika ilə məşğul olub-olmadığını necə müəyyənləşdirmək olar?! Belə adamlar doğrudanmı mətbuata xidmət edir, yoxsa özünün şəxsi maraqlarına uyğun şəkildə kimisə tərifləmək, yaxud intiqam almaq üçün fəaliyyət göstərir? Bunları müəyyən etmək asan deyil. Bu baxımdan məsələ çox çətin və ciddidir. Güman edirəm ki, hazırda dövlət mətbuata dəstək verirsə, ilk növbədə bu dəstək Azərbaycan həqiqətlərini dünyaya çatdıran, hətta xarici dillərdə yayımlanan ciddi saytlara verilməlidir. O saytlar ki, Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilir və milli maraqlarımıza xidmət edir. Belə saytlara dövlət dəstəyi verilməlidir. Yoxsa, hər hansı işsiz adam özünə iş yeri tapmayanda “mən jurnalistəm” deyib, sayt yaradaraq guya jurnalistika ilə məşğul olanda dövlət ona niyə vəsait ayırmalıdır?

    Mətbuata dövlət dəstəyi medianın özünü də iki qütbə ayırıb: bir qisim hesab edir ki, dövlət mətbuata birbaşa yardım ayırmamalı, sadəcə, iqtisadi azadlıqları təmin etməklə jurnalistlərin özlərini dolandıra bilməsi, maliyyə təminatlarını qurmaları üçün şərait yaratmalıdır. Belə olsa, hər bir mətbuat işçisi öz maaşı ilə ailəsini dolandıra, mənzil və başqa ehtiyaclarını ödəyə bilər. Başqa bir qisim isə hesab edir ki, indiki şəratdə dövlətin mətbuata dəstəyi həm birbaşa maliyyə yardımı formasında, həm də jurnalistlərin mənzillə təmin olunması şəklində olmalıdr. Sizin fikrinizcə, necə olmalıdır?

    – Əsl həqiqət bu iki qütbün ortasındadır, nə o tərəfi, nə də bu tərəfi tam şəkildə dəstəkləmək olar… Təəssüf ki, Azərbaycanda qəzetlərin real tirajla bazarda satılması və özünün maliyyə ehtiyaclarını qarşılaya bilməsi müşkül məsələdir. Biz 1989-1991-ci illər arasında “Azərbaycan” qəzetini yarım milyon tirajla çap edirdik, fəaliyyətimizi elə qurmuşduq ki, bütün nüsxələr satılırdı və bunun hesabına redaksiyanın maliyyə təminatını yaratmışdıq. Hətta Qarabağa Xalq Yardımı Komitəsinin maaşlarını o qəzetin satışından toplanan vəsaitlər hesabına ödəyirdik. Amma o dövr çox uzaqda qalıb, indi qəzetlərə o illərdəki qədər maraq yoxdur, qəzetlərin tirajı ilə kollektivi saxlamaq, çap və yayım xərcini ödəmək çətindir. Azərbaycanda ciddi reklam bazarı da yoxdur ki, qəzetlər reklamların hesabına özlərinə maliyyə təminatı qura bilsin. Halbuki, xarici ölkələrdə mətbuat orqanları daha çox reklam bazarından maliyyələşir. Lakin indiki şəraitdə Azərbaycanın reklam bazarında bu cür maliyyə təminatları tapmaq müşkül işdir. Dövlətdən yardım alan mətbuatın isə azadlığı və sərbəstliyi istər-istəməz məhdudlaşır. Hər halda, burada iki çətin yoldan biri seçilməlidir. Fikrimcə, mətbuatın dolanışıq xatirinə yad əllərə düşməsindənsə, mafioz qrupların, yaxud mətbuatdan başı çıxmayan oliqarxların çətiri altında fəaliyyət göstərməsindənsə, dövlətə yaxın olması daha normaldır. Mən bunu ideal variant saymıram, amma başqa yol da görmürəm.

    – Mətbuat Şurasının dövlət-mətbuat münasibətlərinin tənzimlənməsindəki rolunu necə dəyərləndirirsiniz?

    – Mətbuat və İnformasiya Nazirliyindən sonra Mətbuat Şurası və KİVDF kimi kiçik qurumlar yaranıb. Təəssüf ki, bunlar özlərini doğrultmur. Hər şey göz qabağındadır və mən bu kiçik qurumların fəaliyyətini normal hesab etmirəm. Fikrimcə, Mətbuat və İnformasiya Nazirliyi qorunub saxlanılmalı idi. Neçə ki, bir çox ölkələrdə belə strukturlar indi də fəaliyyət göstərir. Mətbuat və İnformasiya Nazirliyi nəşriyyat sisteminin, kitab nəşri işinin, kitab ticarətinin təşkili, satış şəbəkəsinin qurulması, kitab və jurnalların beynəlxalq sərgilərə göndərilməsi və xarici dillərə tərcümə olunaraq yayılması, mətbuatın lisenziyalaşdırılması, tirajların müəyyənləşdirilməsi, informasiya sisteminə nəzarət, informasiya işinin beynəlxalq müstəviyə çıxarılması, xaricdən gələn jurnalistlərin Azərbaycanda yönləndirilməsi, onların lazımi materiallarla təmin olunması kimi geniş spektrli fəaliyyətləri həyata keçirirdi. Bütün bunlar kimlərinsə gözünə kiçik görünə bilər, amma dövlətin maraq və mənafelərinin qorunması baxımından çox böyük və məsuliyyətli, həm də nəticəyə hesablanmış fəaliyyətlər idi. İndi Azərbaycanda ayrıca qurum kimi Beynəlxalq Mətbuat Mərkəzi yaradılıb, amma o vaxt bu qurum da Mətbuat və İnformasiya Nazirliyinin tərkibində idi. Bunlar hamısı təkcə mətbuat işinin yox, həm də bütövlükdə mədəniyyətin çox böyük bir sahəsidir və Azərbaycanın dövlət olaraq onlara ehtiyacı var. Təəssüf ki, bu sistem dağıdılıb, hər şey yeni yaradılan kiçik qurumlar arasında param-parça edilməklə bölüşdürülüb. Bu kiçik qurumların çoxu da naşı adamların əlindədir, onlar mətbuatın, qəzetin nə olduğunu bilmirlər. Ona görə də mətbuatla bağlı işləri kiçik qurumlara, bu sahədən uzaq adamlara tapşırmaqla bu işi səmərəli şəkildə idarə etmək imkanları məhdudlaşdırıldı.

     -Yəni, siz hesab edirsiniz ki, bu sahə hansısa bir mərkəzdə birləşsə, təmərküzləşsə, daha effektiv nəticələrə nail olmaq mümkündür?

    – Bəli, tamamilə doğrudur. Mən şəxsən mətbuatla bağlı olan adam kimi bunu belə görürəm. Mən Mətbuat Şurası, KİVDF kimi qurumların, jurnalist təşkilatlarının nə işlə məşğul olduğunu aydın təsəvvür edə bilmirəm, onları bir-birindən ayırd etməkdə çətinlik çəkirəm. Çünki işlər elə qurulmayıb ki, mətbuatla əlaqəli olan bu təşkilatlarda bir aydınlıq olsun. Ona görə də mətbuatda islahatlardan danışarkən məhz bu kiçik qurumlardakı fəaliyyətlərin nizama salınmasına daha çox önəm verilməlidir.

    – Siz jurnalist birliklərini də bura daxil edirsiniz, yoxsa, bunlar ictimai təşkilat kimi ayrıca fəaliyyət göstərməkdə davam etməlidir?

    – Azərbaycanda yaradıcılıq birlikləri əvvəlki qaydada fəaliyyətini davam etdirir – Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı və sair. Onsuz da cəmiyyət param-parçadır, bu birliklər dağılanda adamlar da təklənirlər, onlar dayaqlarını itirmiş insanlara çevrilirlər. Qonorar sisteminin olmadığı, müəlliflik hüquqlarının qorunması işinin lazımi səviyyədə təşkil edilmədiyi indiki şəraitdə yaradıcılıq birliklərinin də dağılması çox pis vəziyyət yaradır. Ona görə də Azərbaycan Jurnalistlər Birliyi rəsmi qurum kimi fəaliyyət göstərməlidir. Kimsə bununla razılaşmayıb müstəqil şəkildə özü əlavə birlik yaradırsa, mən buna da pis baxmıram. Necə ki, Azərbaycan Yazıçılar Birliyində belə hallar oldu. Amma reallıq odur ki, onlar özlərini doğrulda bilmirlər. Ona görə də fikrimcə, qəzetlərə göstərilən qayğının bir hissəsi Azərbaycan Jurnalistlər Birliyinə göstərilməlidir.

    Elxan Salahov

    Home

  • Srebrenitsa qətliamından 25 ötür …

    25 il əvvəl bu gün general Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Bosniyanın Srebrenitsa şəhərinə daxil olaraq müsəlmanları vəhşicəsinə qətlə yetirməyə başlayıblar.

    Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.

    Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmayıb.

    Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

    Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.

    Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı.

    Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.

    Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.

    Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.

    Mənbə: Wikipedia

  • 27 il Ağdərəsiz

    Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.

    İyirmi yeddi il əvvəl –1993-cü il iyulun 7-də ermənilər Xankəndidən 62 kilometr şimalda yerləşən və ümumi ərazisi 1705 kvadratkilometr olan, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri – Ağdərə rayonu və onun kəndlərini işğal ediblər.

    İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb və işğal zamanı rayonun bütün əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

    Hazırda işğal altında olan Ağdərə rayonunun 8 kəndi və onlara məxsus torpaq sahələri Ağdam rayonunun, 23 kəndi və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun, Ağdərə şəhəri və 13 kəndi və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibindədir. Ağdərənin rayon tipli iki qəsəbəsi, 57 kəndi, 67 klubu, 51 kitabxanası, 30 orta məktəbi, 7 xəstəxanası, 1 texniki peşə məktəbi işğal altındadır.

    Əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarət olan Ağdərə faydalı qazıntılarla – polimetal yatağı, əhəngdaşı və gipslə zəngindir. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi, iqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Ağdərənin qədim memarlıq abidələri və qədim körpüləri, müqəddəs ziyarətgahı Ulduztəpə piri də düşmən tapdağındadır. Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il), Talış kəndi yaxınlığında Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axarında məbəd (XIII əsr), Hatəm Məlik qalası, bir çox qədim məbədlər və tarixən salınmış körpülər, eləcə də bütün abidələr Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və mənimsənilib.

    Hazırda Ermənistan Respublikası işğal etdiyi Ağdərə rayonunun sərvətlərinin talan edilməsi üçün beynəlxalq hüquqa zidd əməllər həyata keçirir. Tərtər çayı üzərində salınmış Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində də öz əksini tapıb. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamədə qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” kimi qiymətləndirilib, ekoloji fəlakət sahələri yaratmaq və həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etmək bir dövlətin digər dövlətə qarşı düşməncəsinə hərəkəti kimi qəbul edilməli olduğu, Sərsəng bəndinin baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanıb. Bu qətnamədə Ermənistan silahlı qüvvələrinin Sərsəng bölgəsindən dərhal geri çəkilməsi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir, yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilir.

    Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düşməsinə gətirib çıxarıb və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyəti olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

    Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazma məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

  • Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir – FOTOLAR

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
    Dominant.az xəbər verir ki, Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının rayonda növbəti gördüyü iş də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Artıq Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılması işinə başlanılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərindəki işlər bu günlərdə başa çatacaq.
    Bundan başqa, S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə Həsənabad qəsəbəsində şəhidlərin xatirəsinə park salınır. Parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman – Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaq. Həsənabad kəndində də işlərə balanılıb, yaxın vaxtlarda parkın istifadəyə veriləcəyi gözlənilir.
  • “Kürü indiki kimi çarəsiz görməmişəm…” – Sabir Rüstəmxanlı

    Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb. Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb.

    Müstəqil.Az bildirir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsindəki divarında qeyd edib. Millət vəkili bu təbiət hadisəsi ilə bağlı özünün narahatşılığını bildirir:

    Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir.

    Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan, mal-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz…

    Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. “Azərsu” səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır… Gorək bu iki ayı necə yaşayacağıq…

  • Neftçalanın ilk şəhidinin məzarı abadlaşdırılır

    Neftçala rayonunun Bankə qəsəbəsində Neftçalanın ilk şəhidi, Qarabağ qazisi Gözəlov Əfsər Sətar oğlunun məzarının baxımsız vəziyyətdə olması milklət vəkili, VHP sədri Sabir Rüstəmxanlı tərəfindən diqqətə alınıb. S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə məzarın ətrafının abadlaşdırılması və başdaşının yenilənməsi üçün işlərə başlanıb. Millət vəkilinin köməkçisi Fərman Hüseynov işlərin yaxın vaxtlarda başa çatacağını bildirib. O həmçinin qeyd edib ki, millət vəkilinin bu təşəbbüsü həm Bankəı qəsəbəsində, həm də Neftçala rayonunda böyük rəğbətlə qarşılanıb.