“Burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır”Category: Slayder
-
Sabir Rüstəmxanlı: “Türkmənistanla memorandum anlaşması hər birimizi sevindirməlidir”
“Burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır”Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının karbhidrogen ehtiyatlarının birgə işlənməsi ilə bağlı imzalanan Memorandum olduqca mühüm hadisədir . Bu anlaşma istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Həm də bütövlükdə Xəzər ekvatoriyasında yeni tərəfdaşlıq və əməkdaşlıq platformasının yaradılması deməkdir.Məsələ ondadır ki, Türkmənistan və Azərbaycanın dəniz sərhədlərinin kəsişməsində yerləşən yataqlar çox da uzaq olmayan keçmişdə bəzi mərkəzlər tərəfindən siyasi istismar mövzusuna cevrilirdi. Həmin dairələr “mübahisəli yataq” məsələsini ortaya ataraq, Azərbaycanın Türkmənistanla daha sıx əməkdaşlığının qarşısını alır, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsinə mane olurdular. Ancaq ikitərəfli Memorandum bədniyyətli qruplaşmaların bütün fəaliyyətini neytrallaşdırdı.Böyük tarixi əhəmiyyət kəsb edən anlaşma ilə bağlı “Şərq”ə danışan millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, uzun müddət Azərbaycanla Türkmənistan arasında müəyyən ziddiyyətli məqamlar var idi. Deputat xatırladıb ki, türkdilli ölkələrin formalaşdırdığı birliklərə, keçirilən tədbirlərə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Türkiyə qatılırdı. Daha sonra Özbəkistan da türk birliyinə qoşuldu:“Son zamanlar Türkmənistan təmsilçiləri də bu və ya digər formada türk dövlətlərinin birgə forumlarında iştirak edirdi. Türkmənistanın nisbətən uzaq qalmasının müəyyən səbəbləri var idi. Ola bilsin, bu, ölkənin müstəqillik dövründən sonra tutduğu mövqedən asılı idi. Bəlkə, ilkin mərhələdə proseslərə qoşulmama qərarı almışdılar. Digər səbəb isə Xəzər dənizində mübahisəli enerji yataqlarının bölünməsi ilə bağlı idi. Xəzər dənizinin statusu ilə bağlı qeyri-müəyyənlik də münasibətlərdə problemlərə səbəb olurdu. Amma tədricən ziddiyyətlər aradan qalxmaqdadır. Şübhəsiz, burada Azərbaycan dövlətinin apardığı təmkinli və sakit, eyni zamanda bölgənin gələcəyinə yönəlik siyasəti mühüm rol oynayır. O mənada Türkmənistanla “Dostluq” yatağının birgə işlənməsi son dərəcə önəmlidir. Azərbaycanın enerji sahəsində təcrübəsi böyükdür. Dənizin ən dərin qatlarında özüllər, platformalar qurur və onları sahillə əlaqələndiririk. Bu da Türkmənistana xeyir gətirən vacib məqamlardan biridir. Mümkündür ki, dənizdəki yataqdan çıxarılan ehtiyatlar geriyə, Türkmənistana deyil, birbaşa Avropaya daşınsın. Bu da Türkmənistan üçün əlavə imkandır. Memorandum hər birimizi sevindirməlidir. Çünki bu anlaşma normallaşan əlaqələrə daha bir nəfəs gətirəcək. Ən əsası isə bu sayədə Türkmənistan da türk birliyinin inkişafında daha yaxından iştirak edəcək və öz töhfəsini verəcək”.Şərq qəzeti -
20 Yanvar gizlinləri: “Bakıya erməni muzdluları gətirilmişdi…” – Müsahibə/Video
“Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçasıydı”.
Milli Məclisin deputatı, xalq yazıçısı Sabir Rüstəmxanlının Teleqraf.com-a müsahibəsini təqdim edirik.
– 1990-cı il yanvarın 20-də baş verən faciədən – dinc əhalinin üstünə ordu göndərmədən əvvəl SSRİ rəhbərliyi Bakı ilə danışıqlara cəhd etmişdimi, yoxsa qarşısına elə bu addımı atmaq məqsədini qoymuşdu?
– O dövrdə günbəgün güclənən Azərbaycan Xalq Cəbhəsi və Milli Azadlıq Hərəkatı SSRİ-ni vahiməyə salmışdı. SSRİ rəhbərliyi də bunun qarşısını almaq üçün bu addımı atdı. Buna bir neçə səbəb göstərmişdi. Biri o idi ki, cənub sərhədləri – SSRİ-nin İranla sərhədləri sökülür və dövlət üçün təhlükə yaranır.
İkinci səbəbi bu idi ki, Azərbaycanda hakimiyyət çevrilişi hazırlanır, xalq hərəkatı hakimiyyəti dəyişmək niyyətindədir.Üçüncüsü, Bakıda dinc əhalini qırğınla verməklə, bütün SSRİ-ni bürümüş xalq hərəkatlarına bir dərs vermək istəyirdilər. Yəni bununla başqalarına da mesajı vermək istəyirdilər ki, sizin də axırınız bu cür ola bilər.
Azərbaycanın hədəf kimi seçilməsinə gəldikdə, bu, Moskvanın rəsmi dairələrində fəaliyyət göstərən ermənilərlə yanaşı, Qorbaçovun özünün seçimi idi. Qorbaçovun çevrəsi ermənilərlə doluydu, bu dairələrdə də bizə qarşı bir nifrət vardı. Bu nifrətdən yaranan fikirlə də ordunu Azərbaycana yeritdilər. Bakıdan başlayan hadisələr sonradan Çeçenistan, Abxaziya, Acarıstan və digər ittifaq respublikalarında davam etdirildi.
Ermənistan və Dağlıq Qarabağdan azərbaycanlıların qovulması, Moskvanın buna reaksiya verməməsi, əksinə bundan sonra Ermənistana hər cür yardımın göstərilməsi Kremlin ermənipərəst siyasətinin nəticələri idi. Eyni zamanda, bunlar Moskvanın Azərbaycan və digər müsəlman respublikalarına ənənəvi yanaşması idi.
Həmin dövrdə azərbaycanlılar Ermənistan və Dağlıq Qarabağdan qovulanda ABŞ da ermənilərə 1.4 milyarddan çox yardım etmişdi. Sanki azərbaycanlıların öldürülməsi və sıxışdırılması, onlara divan tutuılması üçün ermənilərə verilən mükafat idi. Təəssüf ki, həmin dəstəklər nəticəsində bu cür hadisələr baş verdi.
– SSRİ lideri Mixail Qorbaçov bu hadisələrdən əvvəl ermənilərə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirmişdi. Bəs bu etiraf hansı şəraitdə edilmişdi?
– Qorbaçov ermənilərdən aldığı rüşvətdən sonra onlara hər cür yardımı etdi. Amma Azərbaycan xalqının müqavimətini görəndə, bunun bütün SSRİ-ni cənginə alacağını anlayanda yanlışlığa yol verdiyini başa düşdü. Anladı ki, proseslərin qarşısı hansısa formada alınmalıdır. Əslində bunu dildə deyirdi, altda gördüyü işin mahiyyəti başqa idi. Qorbaçov həmişə ermənilərin yanında olub.
– Yanvarın 20-dən sonrakı günlərdə Bakıda 21 nəfər qətlə yetirildi, Lənkəranda bir neçə nəfər öldürüldü. Bu olaylar hansı çərçivədə baş vermişdi?
– Rus ordusu əlindəki bütün silahlardan istifadə edərək Bakıya hücum etmişdi. Bu hücumlar havadan, qurudan və dənizdən planlaşdırılmışdı, nəticədə 20 mindən artıq hərbi qüvvə Bakıya yerildildi. Sanki ordu düşmən torpağına gəlirdi. Halbuki bu, sovet ordusu idi, Azərbaycan da SSRİ-nin bir parçası idi.
İkincisi, Bakıya yeridilən ordunun içində xeyli sayda Stavropol, Şimali Qafqaz və müxtəlif ölkələrdən gətirilmiş muzdlu ermənilər vardı. Onlar azərbaycanlılara qarşı xüsusi nifrətə köklənmiş adamlar idilər. Həmin muzdlular sonrakı günlərdə də müxtəlif bəhanələrlə qırğınları davam etdirirdilər. Bunlar cinayətdir.
İlk gündən xalqın tələbi ilə Ali Sovetin sessiyası çağırıldı, bizim orada sərt çıxışlarımız oldu. Bundan sonra İstintaq Komissiyası yaradıldı. Komissiyanın tərkibində mən də vardım. Biz bütün bu cinayətlərin hamısını ortaya çıxardıq. O dövrdə Azərbaycan hakimiyyətindəki bəzi adamların xəbəri yox idi ki, ordu gələcək. Hər gün Azərbaycan televiziyasında çıxışlar efirə gedirdi
Razumovski və digərləri təkidlə deyirdilər ki, ordu Bakıya girməyəcək, buradan yan keçərək, cənub sərhədlərini qorumağa gedəcək. Bu bəhanələrlə diqqəti yayındırmağa çalışırdılar. Amma təəssüf ki, bu sözlərin hamısı yalan oldu, ordu Bakıya girdi. Eynilə 1920-ci ildəki hadisələr təkrarlandı. Guya o zaman da ordu Bakıdan yan keçib Türkiyəyə gedəcəkdi, amma Azərbaycanın paytaxtına yeridildi.
– Həmin ərəfədə cənub sərhədlərində hansı hadisələr baş verirdi ki, SSRİ rəhbərliyi bundan bəhanə kimi istifadə etrməyə başlamışdı?
– Bəzən deyirdilər ki, guya bu, KQB-nin sifarişi olub. 1988-ci ildə xalqın 17 günlük mitinqi və bundan əvvəlki aksiyalar, yəni xalqın tələbləri Moskva tərəfindən nəzərə alınmayanda, əksinə ermənilərin nazı ilə oynanılanda Azərbaycan anladı ki, mərkəzi hakimiyyətdən bu çağırışlara cavab verilməyəcək.
Beləliklə, 1988-ci ilin noyabr-dekabr mitinqlərində səsləndirilən “Qrabağ bizimdir”, “Torpaqlar verilməz” şüarları Azərbaycanın bütövlüyü şüarlarına çevrildi. Yəni Qarabağ uğrunda hərəkat çevrildi Ümumxalq Azadlıq Hərəkatına. Bu hərəkatın bir niyyəti də Azərbaycanı birləşdirmək idi. O zaman hələ ciddi təşkilatlanma aparılmamışdı. Xalq mərkəzdən heç bir xəbər gözləmədən öz iradəsi ilə sərhədləri sökürdü.
Sərhəd hərəkatı başladıqdan sonra onun ilkin olaraq, Naxçıvan Ali Məclisində tanınması məsələsi həll edildi. 1989-cu ilin dekabrın axırında bu hərəkatı davam etdirmək niyyəti ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd etmək qərarı verildi. Bu da 1990-cı ilin yanvar hadisələrinin baş verməsi üçün Moskvaya bir bəhanə verdi.
– Qaranlıq qalan məqamlardan biri də rus ordusuna müqavimətin olub-olmaması ilə bağlıdır. Belə bir müqavimət vardımı?
– Hər halda rusların özləri uydurmuşdular ki, guya Azərbaycan silahlanıb. Əslində Azərbaycanda heç bir silah yox idi. Ov tüfənglərinə qədər yığılmışdı. Küçələrdə qurulan barrikadalar simvolik xarakter daşıyırdı. Bunlarla tankların qarşısında dayanmaq olmazdı, bunu bilirdik və deyirdik.
Mənə elə gəlirdi ki, bəzi yerlərdə və evlərin damlarında Moskva öz adamlarını yerləşdirmişdi. Bununla göstərmək istəyirdi ki, guya müqavimət var, orduya tərəf atəş açılır. Bununla bir bəhanə əldə etmək istəyirdi. Yəni bunların hamısı öz oyunları idi. Sumqayıt hadisələrini necə təşkil etmişdilərsə, Bakıda da eyni oyunu oynadılar.
– Baş verənlər dünya mediasına hansı kanallar vasitəsilə çatdırıldı?
– Həmin şəraitdə televiziyanın bloku partladılmışdı, qəzetlərin nəşrinə icazə vermirdilər. Mənim təsis etdiyim “Azərbaycan” qəzeti də fəaliyyətini dayandırmışdı. Amma o dövrdə İğdırdan Türkiyənin bir çox şəhərinə yayılan Azərbaycana dəstək mitinqləri başlamışdı. Kaysəridə “Azərbaycan qanımız, qurban olsun canımız” şüarı ilə mitinq baş tutdu. Bundan sonra Brüssel və Almaniyanın Köln və Berlin şəhələrində çox böyük mitinqlər keçirilmişdi. Amma bizim insanlarımızın bunlardan xəbərləri yox idi.
Kaysəridə I Böyük Azərbaycan Qurultayı keçirdik, xaricdən gələn xeyli sayda soydaşlarımızla görüşdük. 1990-cı ilin payızında İstanbulda azərbaycanlıların qurultayını keçirdik. Sonra bizi Almaniyaya – Berlinə dəvət etdilər. Almaniyada 15-ə yaxın görüş keçirdik. Həmin görüşlərdən birində Türkiyədə İğdırdan başlayan mitinqlərin kasetlərini verdilər.
Mən 1991-ci ilin yanvarın 20-si ərəfəsində komendantdan xahiş etdim ki, bu kasetlərin insanlara göstərilməsinə icazə versin. O zaman heç kimə çıxış etməyə icazə vermirdilər. Nədənsə bu kasetlərin göstərilməsinə icazə verdilər. Mən o zaman bir cümlə dedim ki, hamı Azərbaycanın təkləndiyini söyləyir, baxın, Azərbaycan təklənməyib, dünyanın neçə ölkəsindən Azərbaycan xalqına dəstək var, bizi müdafiə edir, minlərlə adam buna görə küçələrdədir.
Bu, insanlara böyük təsir göstərdi. Bəlkə də bizim öz mətbuatımız təbliğat aparsaydı, bu qədər təsiri olmazdı.
– Bəs digər ölkələrin, xüsusən də ABŞ və Avropa İttifaqının baş verənlərə münasibəti necə oldu, dəstək verildimi?
– Dəstək olmadı. Avropanın da, Amerikanın da o vaxtkı münasibəti indiki kimiydi, onların Ermənistana xüsusi sevgisi var. Ermənilər bütün dünyanı aldatmaqla məşğuldur, guya xristianlığı ilk qəbul etmiş millətdirlər.
Ermənilər uzun illərdir “xristian pərdəsi” araxasında Avropa və Amerikada antitürk təbliğatı aparır. Əksinə, onlar həmin dövrdə azərbaycanlıların Ermənistandan çıxarılması, Bakı qırğını, eləcə də Qarabağda baş verənlərə sevinirdilər.
Digər yandan, Bakıda baş verənlərin cavabsız qalmayacağını bilənlər də vardı. Bunun SSRİ-nin dağılmasını süətləndirəcəyini bildikləri üçün sevinirdilər.
Müəllif: Mənsur Rəğbətoğlu
-
Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarını təbrik etdi
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının Azərbaycan xalqına təbriki:“Əziz soydaşlarım!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni Təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideya uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir. Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.
Bu il Xalqımızın Birliyi, Həmrəyliyi və Müzəffər Ordumuzun qətiyyəti ilə torpaqlarımız işğaldan azad edildi. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və bir çox kəndimiz işğalda qalsa da yaxın vaxtlarda onların da ölkəmizin bütövlüyünə qoşulması ilə ərazimiz tam bərpa olunacaq. Bu il Qarabağn işğaldan azad edilməsi və Milli Həmrəylik ilimiz kimi yaddaşlara həkk olundu. Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil. Bu gün də Azərbaycanın gələcəyi, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.Əziz soydaşlar, bacılar və qardaşlar!
31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur. Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.
-
Sabir Rüstəmxanlı: “Kəndlərimizin çoxunda bankomat yoxdur”
Son günlər mənə bankomatlarla bağlı çoxlu zənglər gəlir. İnsanları narazlı salan narahatlıqlardan biri də bu məsələdir. Kəndlərimizin çoxunda bankomatlar olsa da , onlara pul qoyulmamasıdır.Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib:
“Dövlət əhali üçün pensiyaya pul ayırır, lakin bankomatlardan pulu götürə bilmir .Bu bankomatlar qoyulubsa, onlara pul qoyulmalıdır. İnsanlar növbəyə düzülür, məlum olur ki, pul yoxdur. 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməli olurlar. Bu işlər camaatı dövlətdən narazı salır. Buna nəzarət edən yəqin ki, qurumlar var. Bu məsələ araşdırılmalıdır”.
-
Sabir Rüstəmxanlı: “Azərbaycanda 2021-ci il “Qarabağ ili” olacaq”
“2021-ci ilin büdcəsinə Qarabağ büdcəsi kimi baxırıq. Çünki 2021-ci il “Qarabağ ili” olacaq”.Bunu parlamentin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, yeni ildə əhalinin sosial müdafiəsini xüsusi diqqət edilməlidir.
-
“Şəhid, qazi ailələrinin incildilməsinə dair məlumatlar dolaşır”.
Sabir Rüstəmxanlı: “Pandemiya şəraiti bir çox qurumların əlində bəhanə olub”APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, buna qətiyyən yol vermək olmaz: “Prezidentin sərəncamının icrası xırda məmurlar tərəfindən pozulur. Pandemiya şəraitidir, başa düşürük. Ancaq bu, bir çox qurumların əlində bəhanə olub. Əhalini qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Bunun qarşısı alınmalıdır. Buna bir yol tapılmalıdır”.
S. Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə irad bildirib: ”Ölkə ərazisində distant təhsilə keçilib. Ancaq kəndlərdə, rayonlarda internet yoxdur. Yüksək texnologiyalar kənd və rayonlara da çatdırılmalıdır”.
Milli Məclisin sədri Sahibə Qafarova isə Sabir Rüstəmxanlıdan şəhid və qazi ailələrini incidənlərlə bağlı məlumatı çatdırmağı istəyib.
-
Sabir Rüstəmxanlı: “Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”
Araz olmasa, ayrılmazdıq? – ilginc reaksiyalar …Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir:
Arazı ayırdılar
Lil ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
İran xarici işlər naziri Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: “Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?”
Bu açıqlamadan sonra İranın bir çox şəhərlərində insanlar pəncərələrdən “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirərək Azərbaycana həmrəyliklərini bildiriblər.
Soydaşlarımız həm də “Arazı ayırdılar” trendi başladıblar. Onlar müxtəlif şəhərlərdən “Arazı ayırdılar” misralarını səsləndirərək trendə qoşulublar. Düzdür, məsələ yoluna qoyuldu, tərəflər bir-birini dinlədilər.
Yəni Ərdoğanın məlum şeiri söyləməsində Ankaranın heç də Tehrana qarşı hər hansı siyasi mesajı olmadığı qənaətinə gəlindi, lakin bir həqiqətdir ki, bizi bir millət olaraq bu çay ayırıb, o tay – bu tay edib.
Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.
Amma yer üzündə çayların, hətta dənizlərin ortadan ikiyə, üçə böldüyü ölkələr, şəhərlər var. Onları bir-birindən ayıran olmadı.
Məsələn, Dunay çayını qeyd etmək olar. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla, 10 ölkənin torpaqlarından keçir.
Bu cür nümunələr çox göstərmək olar. Di gəl bizim bir Araz çayımız var, o da başımıza elə oyun açıb ki, necə deyərlər, indiyə qədər cəfasını çəkirik. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Araz çayı təkcə Güneylə Quzeyi ayırmır, həm də Naxçıvandan Türkiyə ərazisinə keçir.
S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan bu şeiri deyəndə ürəyində nə fikirləşibsə, İran məsələyə tamamilə gülməli yanaşma sərgilədi. Xalq şairi qeyd etdi ki, həmin bayatı çox qədimdir: “Folklorumuzda Araz haqda buna bənzər və ayrılığı ondan daha sərt ittiham edən bayatılar var. Bu bayatılara görə İran hay-küy salmalı deyil. Onda gedib 40 milyon azərbaycanlıdan soruşsunlar ki, bu şeirləri niyə yazmısınız? Ümumiyyətlə, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”.
S.Rüstəmxanlının fikrincə, Araz olmasaydı Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı: “Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-muğanlı…”
Deputat əlavə etdi ki, Azərbaycan İranla dostdur, onun bölünməsi haqda danışmırıq: “Bu gün İranla yollar açıqdır, insanlar gedir-gəlir, əlaqələr genişlənir, bu münasibətləri qorumaq lazımdır. Amma İran bir şeirə görə səsini qaldırdı, əvəzində məmurun sözünə Təbrizdə minlərlə insan cavab verdi, şeirlər qoşdu, yüzlərlə dildə Araz bayatısı səsləndi. Buna görə İran məmurlarına təşəkkür edirəm ki, bu ayrılığın olduğunu millətin yadına saldılar”.
Emil SALAMOĞLU
“Yeni Müsavat” -
Bu laqeydliyi tarix bizə bağışlamayacaq…
1875-ci il iyul ayının 22-də “Əkinçi” qəzetinin çapı ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Əslində, bu tarix mətbuatın mətbəxindən uzaq, ancaq xəbər istehlak edən insanlar üçün ildə bir dəfə anılan özəl günlərdən sadəcə biridir. Amma mətbuat adamları, eləcə də ziyalı nəsil bu tarixi hər il lap bayram kimi qeyd edir. Ona görə ki, həmin tarixdə bu gün var olan Azərbaycan mətbuatının yaranması üçün ilkin addım atılıb. Bu, təkcə ilk olduğu üçün yox, həm də dövrün şərtləri daxilində çox çətinliklə atılmış bir addım olaraq da özündə böyük anlam daşıyır.Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqını maarifə, elmə, təhsilə səsləyərək onu bu yolla zülm və cəhalətdən xilas etmək niyyətində idi. Nəticədə o, heç bir imkan və şəraitin olmadığı vaxtda yoxdan var yaradıb milli mətbuatın əsasını qoymağa nail olub. “Əkinçi” qəzeti 1877-ci il 29 sentyabrda sonuncu nömrəsi ilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.Təbii ki, Həsən bəyin bu addımı davam etdirilərək dəstək görməli idi. “Əkinçi”dən sonra anadilli mətbuatın boşluğunu “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzeti doldurub. Həmin “Ziya” qəzeti ki, 1879-cu ildə “Əkinçi”dən sonra uzun hazırlıq işləri görülərək, çox çətinliklə Səid Ünsizadə tərəfindən çap etdirilib. Beləliklə, “Ziya” qəzeti “Əkinçi” qəzetindən sonra milli mətbuatımızda ikinci qəzetdir. Səid Ünsizadə həmin qəzeti öz şəxsi vəsaiti hesabına və qohum-əqrabasının, xüsusilə də qardaşı Cəlaləddin Ünsizadənin köməyi ilə oxuculara çatdırmağa nail olub. Bu yolda əziyyətlərə sinə gərən Səid Ünsizadənin də Həsən bəy Zərdabi kimi tək amalı xalqını, millətini maarifləndirmək, daha aydın görmək olub.Təəssüf ki, ötən yazımızda da qeyd etdiyimiz kimi, xalqınının aydın günə çıxması üçün çalışan bir şəxsiyyətin məzarı belə, bir neçə il əvvəl tapılıb. Tapılmasına tapılıb, amma nə onun adına, sanına, şəxsiyyətinə yaraşar durumdadır, nə də bizim. Kötücəsi Zaur Ünsizadə tərəfindən tapılan qəbiri, bu yaxınlarda Türkiyədə doktorantura üzrə təhsil alan tələbələrimiz Nurlan ağa və Maral Nəcəfli ziyarət etmişdi. Əvvəlki yazıdan da məlum olduğu kimi, Səid Ünsizadənin qəbri uyuduğu qəbirstanlıqda “adsız məzar” deyə bilinir.
Qeyd edək ki, məzarın üzərində latın əlifbası ilə ad və soyadın yazdırılması, baxım işlərinin həyata keçirilməsi üçün tələbələrimiz İstanbul Böyükşəhər Bələdiyyəsinə müraciət etmişdilər. Oradan bildirilmişdi ki, gərək Azərbaycandan rəsmi qaydada müraciət olunsun.Vaxtilə vətəndən uzaqda yaşamaq məcburiyyətində qalan şəxsiyyətlərimizin bir sıra hallarda qəbirlərinin harada olduğunun bilinməməsi və ya bilindikdən sonra bu cür baxımsız qalması təbii ki, hər birimizi narahat edir. Bu kimi hallar bizim həmin işlərlə məşğul ola biləcək məsul qurumların da, vətəndaş olaraq bizlərin ayağına da laqeydlik deyə yazılır.“İstanbul Bələdiyyəsində əminlik olmalıdır ki…”
Xalq şairi Sabir Rüstəmxanlı : Dünya 2020 -ci sinifdə qalıb – MÜSAHİBƏ | Edebiyyatqazeti.az“Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq”. Bu fikri Səid Ünsizadənin “adsız məzarı” istiqamətində söhbətimiz zamanı millət vəkili Sabir Rüstəmxanlı söyləyib. Həmsöhbətimiz “Ziya” qəzeti və Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerindən söz açıb: “Ünsizadə qardaşlarının mətbuat tariximizdəki yerini hər kəs bilir. Ən azından ədəbiyyat oxuyan, mətbuatla maraqlanan kəsə bu, məlumdur. “Əkinçi” ilə “Molla Nəsrəddin” arasındakı dövrdə ən geniş yayılan qəzeti Ünsizadə qardaşları çıxarıblar. Ünsizadə qardaşlarının atası Cənubi Qafqaz qazisi olub, oğulları da Tiflisdə oxuyublar. Səid Ünsizadə təhsilini Bağdadda davam etdirib. Öz xalqının təhsilə marağını artırmaq, mədəni səviyyəsinin yüksəldilməsi, onları daha ciddi informasiyalarla təmin etmək niyyəti ilə qəzetlər buraxıblar. O dövrdə həmin qəzetlərin kifayət qədər də təsiri olub”.S.Rüstəmxanlı söhbətimiz zamanı “Ziya” qəzetinin özünün də kifayət qədər öyrənilmədiyinə diqqət çəkib: “Təəssüf ki, Ünsizadələr bəxti gətirməyən ziyalılarımızdan olublar. Onlar dərslik də nəşr elətdiriblər. Ünsizadə qardaşlarının “Əkinçi” qəzetindən sonra çıxardıqları “Ziya” qəzeti elə özü də təəssüf ki, kifayət qədər öyrənilməyib. İndi bilmirəm, həmin qəzetlər bütövlüklə əldə varmı. Hər bir halda mən hesab edirəm ki, həmin qəzetlərin materiallarını yığıb çap eləmək çox vacib məsələdir”.Deputat buradan rəsmi qaydada müraciətlərin edilməsində və eləcə də bu istiqamətdə oradakı təşəbbüskar gənclərimizə dəstək olacağını bildirib: “Məndə olan məlumata görə, kötücəsi Səid Ünsizadənin qəbrini tapıb. Təəssüf ki, bir çox xaricdə yaşamış ziyalılarımız var ki, məzarları ilə az maraqlanmışıq, onların abadlıq qayğısına qalmamışıq. İndi Səid Ünsizadənin də nəvəsi maraqlanıb, qəbrini tapıb. Azərbaycan tərəfi – Şamaxı Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Azərbaycan Jurnalistlər Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi – istənilən rəsmi orqan İstanbul bələdiyyəsinə müraciət eləsə, onlar bu işdə dəstək göstərə bilərlər. İndiki halda ölkəmizlə Türkiyə arasında münasibət elə həddədir ki, heç bir problem yoxdur. Buna görə düşünürəm ki, qəbrin abadlaşdırılması, adının yazılmasında bir problem olmaz”.“Lakin İstanbul Bələdiyyəsinin də əlində həm rəsmi müraciət olmalıdır, həm də əminlik olmalıdır ki, bu, doğrudan da Səid Ünsizadənin qəbridir. Bu işə Türkiyənin bir sıra qeyri-hökümət təşkilatları, oradakı Azərbaycan dərnəkləri də yardım edə bilər. Türk Dünyası Araşdırmalar Vakfı, TÜRKSOY, Türkiyə Kültür Bakanlığı, oradakı iş adamları da bu işi görə bilərlər. Sadəcə olaraq bu işlə ciddi məşğul olan bir adam lazımdır. Yaxşı ki, azərbaycanlı tələbələr bu işə başlayıblar, buradan da dəstək məktubu göndərilməlidir. Ünsizadə qardaşlarının Azərbaycan mədəniyyət və mətbuatındakı yerini bilən adamlar Səid Ünsizadənin Azərbaycan mətbuatındakı yerini göstərən geniş bir arayış və Türkiyədə gördüyü işlərdən bəhs edən məktub yazmalıdır. Məncə, bələdiyyə çox asanlıqla bunu həll edər. Özüm də Türkiyədə bu işlə məşğul olan tələbə gənclərimizə dəstək olmağa hazıram”, – Rüstəmxanlı vurğulayıb.
“Səid bəyin məzarı bilinsə də, qardaşının məzarı məlum deyil”Akif Aşırlı: Artıq cəmiyyətimiz qələbəyə, zəfərə köklənib – İki sahilMətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da AYNA-ya, Ünsizadə qardaşlarının Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərindən söz açıb: “Səid Ünsizadənin qəbrinin üstündə “Məni axtaranlar kitabxanada tapsınlar” yazılıb. Azərbaycan milli mətbuatının əsasının qoyulmasında, inkişafında Ünsizadə qardaşlarının məxsusi xidmətləri var. Səid Ünsizadə baxmayaraq ki, özü üləma idi – Qafqaz sünni idarəsinə bağlı bir din alimi idi, ancaq elmə, təhsilə həmişə maraq göstərən və elmin inkişafında maraqlı olan bir insan olub. Ünsizadələr üç qardaş olublar – Səid, Cəlal (bəzən Cəlaləddin də deyirlər) və Kamal. Hər üç qardaşın da həm mətbuatımızın, həm də elmimizin inkişafında xidmətləri var. Səid Ünsizadə “Ziya” qəzetini buraxıb, bu qəzet sonradan “Ziyayi-Qafqaziyyə”yə çevrilib. Cəlal Ünsizadə tərəfindən 1883-cü ildə çıxmış “Kəşkül” jurnalının Azərbaycançılıq ideyasını, ümumiyyyətlə, Azərbaycanda milli şüurun, kimliyin axtarışında çox böyük xidmətləri var. “Kəşkül” jurnalında da ilk dəfə milli kimlik axtarışına çıxılıb, “Qafqaz müsəlmanları necə adlandırılmalıdır?” sualı ilə kimlik məsələləri araşdırılıb. Və burada deyilir ki, bunlar Azərbaycan türkləridir. Kamal Ünsizadə ilk dəfə “Azərbaycan” adında qəzet nəşr etdirmək istəyib”.A.Aşırlı hesab edir ki, sözügedən qardaşların fəailiyyəti haqda bizdə çox ciddi araşdırmaların aparılmasına ehtiyac var:“Çox təəssüf ki, bu qardaşların fəaliyyəti ilə bağlı bizdə çox ciddi araşdırmalar aparılmayıb. Qardaşların dinə bağlılığı, İslam üləmaları olmaları Sovet dönəmində həmişə bir qırmızı xətt kimi bu insanların tədqiqatının qarşısını alıb. Əslində, Səid Ünsizadə uşaqlar üçün ilk kitab çap etdirənlərdən biridir. Eyni zamanda Azərbaycan mətbələrinin formalaşmasında bu qardaşların böyük rolu var. Tiflisdə “Ziya” mətbələri olub, həmin mətbəə Avropa tipində bir mətbəə olub. Orada təkcə bizim dini kitablar çap olunmurdu, rus, Avropa dillərindən əsərlər tərcümə olunaraq, çap edilib. Çox təəssüf ki, onların taleyi acınacaqlı olub”.“Hətta, Yusif Ağturalı “Ziya” qəzeti barədə yazır ki, qardaşlar Türkiyəyə meyilli olduqlarına görə çar Rusiyası tərəfindən təqib olunublar. Səid Ünsizadə təqiblərdən yaxa qurtarıb, İstanbula gedib, Sultan Əbdülhəmidin sarayında çalışıb. Əbdülhəmid ona vəzifə verib, çünki ərəb, fars, rus dillərini mükəmməl bilirdi, eyni zamanda da Qafqazadakı vəziyyəti çox yaxşı bilirdi. Sultan Əbdülhəmidə Səid Ünsizadə Rusiya, Qafqaz türkləri, müsəlmanları barədə kifayət qədər yaxşı istiqamətlər verirdi”, – baş redaktor diqqətə çatdırıb.Onun sözlərinə görə, 20-ci əsrin əvvəlllərində Türkiyəyə köçmək məcburiyyətində qalan Azərbaycan ziyalıları orada bir sıra mətbuat orqanlarında məqalələrlə çıxış ediblər: “Hətta, Türkiyədə çıxan bir sıra qəzetlər Cəlaləddin Ünsizadənin ölümünü əməkdar bir türk jurnalistinin ölümü kimi qiymətləndirib, nekroloq çap ediblər. Səid Ünsizadənin qəbri məlum olsa da, Cəlaləddin Ünsizadənin qəbri məlum deyil. Biz qardaşların şəkillərini də tapa bilməmişdik. Səid Ünsizadənin kötücəsi Zaur Ünsizadə axtarış aparıb, onların şəkillərini əldə edə bilib. Eyni zamanda nəticələri, kötücələri İstanbulda yaşayırlar, hüquqşunasdırlar. Onlarla telefonla əlaqə saxlamışam, təəssüf ki, görüşə bilməmişik”.Akif Aşırlı da bu işdə təşəbbüskar tələbələrimizə istiqamət verə biləcəyini qeyd edib:“Mənim bildiyimə görə, Ünsizadə qardaşlarının Türkiyədə fəaliyyəti barədə arxiv sənədlər var. Çox təəssüf ki, bizlərdən bunu araşdıranlar yoxdur. Həmin tələbələri tanıyıram, çox yaxşı ki, tələbələrimiz bu işlə maraqlanırlar, sağ olsunlar. Qeyd etdiyim kimi Cəlaləddin Ünsüzadənin də qəbri məlum deyil. Mən tələbələrimiz Nurlan Ağa, Maral Nəcəflidən xahiş edirəm, Ankara məzarlıqları müdirliyinə məktublar göndərsinlər, qəbri tapılsın. Yəqin ki məlumatlar olacaq, çünki Ankarada yaşayıb, o ətrafda dəfn olunduğu bilinir. Eyni zamanda da müəyyən kitabxanalar var ki, onlara sorğular vermək lazımdır. Qardaşların hansı kitabları, əsərləri var, onu öyrənək. Əldə olunan bilgilərin hesabına ziyalılarımızın həyatına işıq sala bilərik”. -
Sabir Rüstəmxanlı:“25 ilin şeiri Vətən müharibəsində marşa çevrildi”
Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun qalib hərbçilərinin dağlıq ərazidə istirahət etdikləri anın video-görüntüləri yayılıb.
Video görüntülərdən məlum olur ki, həmin anlar ağır döyüşdən sonra lentə alınıb, əsgərlərimiz yorğundurlar və şəraitsiz şəraitdə iri daşları balış əvəzi istifadə edərək, dincəlirlər. Bu görüntlərin fonunda “Millətəm” adlı mahnı səsləndirilir və video qədər, həmin mahnı haqqında da sosial şəbəkələrdə müzakirələr edilir.
Peşəkarlıqla yazılan sözləri, mövcud ab-havaya uyğun bəstəsi ilə diqqət çəkən mahnının müəllifləri kimlərdir? Bu mahnı necə ərsəyə gəlib?
Musavat.com xəbər verir ki, “Millətəm” marşının sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi bəstəkar-müğənni Elçin Cəfərova, aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur. Marşı müğənnilər Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyev ifa edib. Şeir hissəsini isə aparıcı Xəzər Süleymanlı səsləndirib. Layihə Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə ərsəyə gətirilib. Oktyabrın 2-si təqdim olunan bəstə və klip sosial şəbəkədə paylaşılan gündən diqqət çəkib.
Musavat.com olaraq “Millətəm”in yaranış tarixçəsini daha ətraflı öyrənmək üçün müəllifləri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və onun kürəkəni, müğənni Elçin Cəfərovla əlaqə saxladıq.
Şeirin tarixçəsi barədə Musavat.com-a danışan Sabir Rüstəmxanlı bildirib ki, “Millətəm” marşı onun üç şeirindən götürülərək, bəstələnib: “ “Millətəm” şeiri 1995-1996-cı illərdə yazılıb, 24-25 ilin şeiridir. Bir çox şeir kitabımda çap olunub. Elçin Cəfərov şeirlərimi oxuyanda o şeirə mahnı bəstələməyə qərar verib. “Millətəm” marşı üç şeirimin birləşməsidir. Biri “Millətəm” şeiridir. Biri 1992-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın himni üçün yazdığım şeirdən parçadır. Digər hissə isə başqa şeirimdəndir”.
S Rüstəmxanlı marşı ilk dinləyənlərdən olduğunu deyib:
“ “Millətəm”i dinlədim, çox bəyəndim. Elçin gözəl bəstələyib, müğənnilərimiz gözəl oxuyublar. Hazırda Elçin “Qələbə” adlı şeirimə bəstələdiyi mahnı üzərində çalışır. Yaxın günlərdə bəstə təqdim olunacaq. İnşallah, o mahnı da uğurlu olar”.Müğənni Elçin Cəfərov isə saytımıza açıqlamasında bildirib ki, “Millətəm” marşının sevildiyini görəndə qürur hissi keçirir:
“Sabir bəyin oxucularından biri də mənəm. “Millətəm” şeiri hisslərimə toxundu, musiqi bəstələdim. Bir günün içində ifa etdik, bir günün içində klip çəkdik. Mənimlə yanaşı marşı sənət dostlarım da ifa ediblər. İfa edəcək müğənniləri özüm seçdim. Bəstəmin əsgərlərin videoları ilə birlikdə təqdim olunması mənə qürur hissi verir. Bundan gözəl hiss ola bilməz.
Hazırda sözləri Sabir Rüstəmxanlıya aid olan “Qələbə” adlı mahnı üzərində çalışıram. Bu həftə mahnını təqdim edəcəyik”.Könül İbrahim
Musavat.com -
Azərbaycanı müstəqilliyə aparan Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti…
Sabir Rüstəmxanlı: “1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə, dövlət müstəqilliyimizə qədər yol gəldik”17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və o tarixi hadisələrdən 32 il ötür. 17 noyabr 1992-ci ildə elan olunan Milli Dirçəliş Gününün tarixi isə 1988-ci ilə bağlıdır. Belə ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ermənilərin xain iddialarına, Qarabağa sahiblənmək üçün başlatdıqları hərəkata, Topxana meşələrini qırmasına etiraz olaraq formalaşdı. SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasətinə, Ermənistanın və Dağlıq Qarabağda yaşayan ermənilərin xain təcavüzünə cavab olaraq xalq ölkənin hər yerindən meydanlara axın etdi.
17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı və 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Meydan hərəkatı 20 Yanvar qırğınından keçsə də, müstəqil dövlətçiliyimizə gedən yol oldu.18 günlük meydan hərəkatına rəhbərlik etmiş şəxslərdən biri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışarkən Meydan hərəkatının tarixi əhəmiyyətini belə izah edir: “17 noyabr Azərbaycan tarixinin ən parlaq günlərindən biridir və biz haqlı olaraq onu Milli Dirçəliş Günü adlandırırıq. Milli Dirçəliş sözünün anlamı çox böyükdür. Bu təkcə ermənilərin torpaq iddiası və ya Topxana meşəsində İrəvanın alminium zavodunun filialının tikilməsi avantürası ilə bağlı deyil. Milli Dirçəliş Gününə gələn yol, yəni 1988-ci ilin fevral ayından başlanan mitinqlər Ermənistanın torpaq iddiasına, yəni, Dağlıq Qarabağı Ermənistana birləşdirmək, Moskvanın Dağlıq Qarabağı Ermənistan üçün almaq əməliyyatına qarşı idi. Xalq erməni ziyalılarının həyasızlığına, Dağlıq Qarabağda baş verənlərə etiraz olaraq fevral ayından Azadlıq meydanına çıxdı və mitinqlər öz zirvəsinə çatdı. Həmin günə qədər keçirilən mitinqlərdə ermənilərə etiraz bildirilirdi, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kimi bu gün səsləndirdiyimiz şüarlar o zaman da səsləndirilirdi. Ancaq 1988-ci ilin noyabrında başlanan mitinqlər tədricən çərçivəsini, tələblərini genişləndirdi. Bu Qarabağ problemindən Azərbaycan və SSRİ probleminə çevrildi”.
S.Rüstəmxanlının sözlərinə görə, məhz Meydanda Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamaq məsələsi gündəmə gəldi: “Məlum oldu ki, ermənilərin Qarabağ iddiasının arxasında Moskva dayanır, Qorbaçov onlara söz verib. Moskvada Qorbaçovun ətrafında olan, Moskvanın mətbuatını, iqtisadiyyatını idarə edənlərin içində olan ermənilər Ermənistanı bu məsələdə Azərbaycanın üstünə qaldırırlar. İşin kökündə Moskva olduğu bilindəndə, meyadn hərəkatının da istiqaməti dəyişdi, bəlli oldu ki, ermənilər qədər Moskva da günahkardır. 1920-ci ildən Azərbaycanı işğal edən və bu illər ərzində xalqımızın başına müsibətlər, respresiyyalar edən SSRİ-nin əməlləri işıq üzünə çıxdı və meydanda bunlar deyildi, təhlil olundu. Xalqın unudulan yaddaşı yerinə gəldi, milli şüuru aydınlandı. Bütün tarixini gözdən keçirdi, coğrafi mövqeyini gözdən keçirdi. Tarixən bağlı olduğu türk dünyasından qoparıldığını anladı. Hamısını həmin meydan gözdən keçirdi. Ona görə biz ona Meydan epopeyası deyirdik. Meydan epopeyası xalqın içindəki ən dərin qatlardan üzü bəri bütün unudulmuş dəyərləri üzə çıxartdı. O cümlədən üçrəngli bayraq ilk dəfə Meydanda dalğalandı. O zaman dedik ki, ölkədə bir bayraq qalacaq və qalan bütün bayraqlar yığışdırılacaq, elə də oldu. Meydan xalqın birliyini göstərdi. Meydanı idarə edən biz idik – ziyalı Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı. İndi meydan rəhbərliyinə şərik çıxanlar çoxdur. Ancaq 18 gün ərzində meydanı biz idarə etdik, ziyalıları dəvət etdik. Onlara da söz verdik. Televiziyadan tələb etdik ki, Meydanı translyasiya etsin. Ondan sonra rayondan insanlar Meydana axın etdi, tribunaya yüzlərlə məktub gəlirdi, onlar da xalqın düşüncəsini əks etdirirdi. Nəhayət ki, Sovet ordusu meydanı dağıtmaq üçün gəldi, lakin meydandakı dincliyi gördü, şüarları dinlədi. Bakıda nə qədər erməni yaşasa da, bir nəfər erməninin burnu qanamamışdı. Xalq meydanda olduğuna görə, hətta Bakının oğruları belə bəyan etmişdilər ki, Meydan davam etdiyi müddətdə Bakıda bir oğurluq hadisəsi olmayacaq, həqiqətən elə də oldu”.Millət vəkili onu da vurğuladı ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. O Meydan sonradan yatırıldı, ordu Meydana girdi. 1989-cu ilin ortalarında Azərbaycan Xalq Cəbhəsi yaradıldı , bu Meydan hərəkatından doğan bir təşkilat idi. Mən da onun yaradıcılarından biri idim. Sonradan partiyaların yaranması prosesində mən milli birliyin pozulmamasını istəyirdim, ancaq partiyalar yarandı. Bu gün Qarabağ savaşı, nəhayət, həmin partiyaları bir araya yığdı.
1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.
Xalq şairinin sözlərinə görə, Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, hakimiyyət-müxalifət qarşıdurması dərinləşsə də bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında bütün siyasi partiyalar bir araya gəldi, xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Hətta yeni nəslin vətənpərvərlik ruhu əvvəl bir qədər şübhə doğursa da, bizi narahat etsə də, qalxan bu dalğa göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.
Nərgiz Liftiyeva,
“Yeni Müsavat”


