Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • “Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” – Sabir Rüstəmxanlı

    Sabah – 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.
    “BakuPost” moderator.az-a istinadən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:
     
    -Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol nədən ibarətdir?
    -Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb. Bu mübarizədə böyük qurbanlar verilib, fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü mühüm hadisədir. Hər bir xalq öz ana dilini qorumalıdır. Dünya dilləri yer üzünün sərvətidir. Dünyada 5 minə yaxın dil var, amma 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan türk dili ailəsinə məxsusdur.
    Dilimiz də tarixən böyük məhrumiyyətlər görüb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalıb. Dilimiz hərtərəfli təzyiqlər altında əzilib, sıxılıb. Bu gün 7 türk dövləti var və bu türk dövlətlərinin hesabına türk dilinin qolları inkişaf etməkdədir.
    -Ana dilini fərd və xalq üçün bunca önəmli edən nədir?
     
    -Ana dili insanın varlığıdır. Dil varsa millət var, dil varsa şəxsiyyət var. Ona görə də ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Hətta tibbi mülahizəyə görə uşaq ana bətnində olanda belə çevrəsində baş verənləri hiss edir. Ona görə də bəzən hamilə qadınlar bərkdən kitab oxuyur. Ana bətnində də uşaq ana dilini, ana laylasını eşitməlidir. Bağçadan başlayaraq uşaq ana dilində tərbiyə almalıdır. Sonra isə təbii ki, başqa dilləri örənə bilər. İlk təhsil isə ana dilində olmalıdır. Çoxlu araşdırmalar var ki, bu, dilin həm də genetik bir amil olduğunu göstərir. Uşağın geninə hopan dildə danışmayanda, şübhəsiz onun şəxsiyyət kimi inkişafı ləngiyir. Ona görə də daha çox öz ana dilində oxuyanlar içərisindən böyük yazarlar, mütəfəkkirlər çıxır. Bunlar elmlə sübut olunan məsələlərdəndir.
    -Sabir bəy, 18 fevral 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil hər bir xalqın sərvətidir” adlı onlayn dəyirmi masa keçirildi. Sizcə ana dili ilə bağlı bu cür tədbirlər dilin təbliği, ana dilinin uşaq və yeniyetmələrə sevdirilməsi baxımından nə dərəcədə önəmlidir?
    -Ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür. Əgər hər hansı bir tədbir ana dilinə, onun önəminə, təmizliyinə, təbliğinə xidmət edirsə, deməli o, cəmiyyət üçün faydalıdır. Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm.
    -Ana dilimizin mövcud durumu ilə bağlı düşüncəniz nədən ibarətdir? Bu gün dilimizin qorunması üçün gərəkli addımlar atılırmı?
    -Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan keçib. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir. Artıq bu dil rəsmi dövlət səviyyəsində qorunur. Ölkəmizdə Dövlət Dil Komissiyası mövcuddur. Mən də o komissiyanın üzvüyəm. Ölkə başçısı bu komissiyaya başçılıq edir. Ölkə başçısı səviyyəsində, prezident səviyyəsində dilimizin qorunması siyasəti aparılır. Bu, dövlətimizin ana dilinə olan diqqət və qayğısının göstəricisidir. Dilin qorunması torpağın qorunması qədər mühüm bir işdir və bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır.
  • VHP-də yeni təyinatlar: Mərkəzi İcra Aparatı formalaşıb

    Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayından sonra partiyanın idarəetmə strukturu yenidən formalaşıb. Sədr Aparatının formalaşmasından sonra VHP Mərkəzi İcra Aparatına təyinatlar verilib. VHP Sədri Sabir Rüstəmxanlı Samir Əsədlini VHP Mərkəzi İcra Aparatı rəhbəri təyin edib. VHP sədrinin digər sərəncamı ilə Asif Şəkərli- VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, Təşkilat Şöbəsinin müdiri, Səlahəddin Əsgər VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Mühasibatlıq Şöbəsinin müdiri, Peyman  Nəsirli VHP Mərkəzi İcra Aparatı rəhbərinin müavini,  Xarici Əlaqələr Şöbəsinin müdiri, Şəfəq Qulusoy VHP Ümumi Şöbənin müdiri, İbrahim Quliyev VHP İdeoloji Şöbənin müdiri, Aygün  Qurbanlı VHP Qadınlarla İş Şöbəsinin müdiri, Səməndər Mehdiyev VHP QHT-lərlə İş Şöbəsinin müdiri,  Səlcuq Elçin Siyasi Partiyalarla İş Şöbəsinin müdiri, İsmi Ağayev Dini Qurumlarla İş Şöbəsinin müdiri, Real Cəfərli VHP Diasporla İş Şöbəsinin müdiri təyin edilib.

  • Sabir Rüstəmxanlı alternativsiz seçildi

    VHP-də gender bərabərliyi gözlənilib
     
    Partiyanın 7 rayon təşkilatının sədri qadındır
    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn formada keçirilən VIII qurultayda partiyanın fəaliyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Daha sonra seçkilər keçirilib və millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.
    Qurultayla bağlı “Şərq”ə danışan VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, VII qurultayın səlahiyyət müddəti 2020-ci ilin noyabr ayında başa çatıb. Partiya təmsilçisinin sözlərinə görə, Siyasi Şuranın qərarına uyğun olaraq qurultayın və rayon təşkilatlarının konfranslarının onlayn qaydada keçirilməsi ilə bağlı qərar qəbul edilib:
    “VHP-nin 74 bölgə təşkilatının “Zoom” proqramı vasitəsi ilə konfranslarını keçirtdik. Qurultaya 425 nəfər nümayəndə seçilmişdi və 74 təşkilatdan 395 nəfər onlayn qaydada iclasa qoşuldu. Həmçinin, partiyanın Siyasi Şurasının üzvləri, eyni zamanda işçi heyəti – katiblik, mandat, say və redaksiya komissiyaları və digər texniki heyət üzvləri internet imkanlarından istifadə edərək qurultayda iştirak etdilər. Hər hansı texniki problem yaşamadıq. Sadəcə bir-iki rayonda qısamüddətli işıqlar sönsə də, tezliklə bərpa olundu.
    Qurultay açıq səsvermə ilə keçirildi. Çıxış edən nümayəndələr onları narahat edən problemlərdən danışdılar, müəyyən iradlarını səsləndirdilər, təkliflərini bildirdilər. Yəni hamı açıq formada öz düşüncəsini ifadə etdi. Qarşıdakı günlərdə bu məsələlərin müzakirəsi aparılacaq və fəaliyyət istiqamətlərimiz müəyyənləşəcək”.
    S.Əsədli bildirib ki, qurultayda sədrliyə yeganə namizəd Sabir Rüstəmxanlı idi:
    “Vətəndaş Həmrəylik Partiyasında təşkilatı idarə etmək üçün kifayət qədər peşəkar kadrlar var. Amma hamımızın ümumi rəyi belə oldu ki, partiyamızın sədri postuna alternativsiz olaraq Sabir Rüstəmxanlının namizədliyini sürək. Əlbəttə, kim istəsə sədrliyə namizədliyini verə bilərdi. Belə bir ifadə var, deyirlər – “General olmaq istəməyən əsgər yoxdur”.
    Ancaq indiki mərhələdə başqa namizəd çıxmadı. Sabir bəyin namizədliyi mənim tərəfimdən irəli sürüldü və 395 qurultay iştirakçısının yekdil rəyi ilə partiyaya sədr seçildi. Bundan əlavə 115 nəfər partiyanın Ali Məclisinə, 7 nəfər isə Mərkəzi Nəzarət Komissiyasına üzv seçildi”.
    Partiya funksioneri əlavə edib ki, VHP-də hər zaman gənclərin partiya strukturlarına və rəhbər heyətə çəkilməsi istiqamətində mühüm addımlar atılıb:
    “Partiyamızın Ali Məclis üzvlərinin yarıya qədəri gənclərdir. Rayon təşkilat sədrlərimizin əksəriyyətinin yaşı 25-30 arasıdır. Hətta 20 yaşlı təşkilat rəhbərimiz də var.
    Ən qocaman təşkilat sədrimizin yaşı isə 72-dir. VHP-nin təxminən 7 rayon təşkilatının sədri qadındır. Partiyamızın idarəetməsində 27 nəfər etnik xalqların nümayəndəsi də təmsil olunur.
    Qaxın təşkilat sədri Zaza Poladaşvili milliyətcə gürcüdür və xristian dininə mənsubdur. Ali Məclis üzvlərimiz arasında Azərbaycan vətəndaşı olan rus əsilli qadın var. Həmçinin, rayon təşkilatlarımızın sədrləri arasında bir neçə tat, talış və kürdlər də yer alır. 3 rayon təşkilatımızın sədri kürddür.
    Partiyanın fəaliyyətində Azərbaycanda yaşayan və təşkilat üzvü olan hər xalqın nümayəndəsinin iştirakı təmin olunub, gender bərabərliyi gözlənilib. Əsasən də gənclər önə çəkilib”.
  • Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi

    Məlum olduğu kimi fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda növbəti dəfə partiyanın sədri seçilən millət vəkili Sabir Rüstəmxanlı yeni sədr aparatını formalaşdırıb. VHP sədrinin sərəncamı ilə Fəzail İbrahimli VHP sədrinin birinci (İdeoloji məsələlər üzrə) müavini, Samir Əsədli VHP Mərkəzi İcra Aparatının rəhbəri , VHP sədrinin Təşkilati məsələlər üzrə müavini, Elxan Mirzəyev VHP sədrinin Xarici əlaqələr üzrə müavini, Arif İsmayılbəyli VHP sədrinin Siyasi məsələlər üzrə müavini, Yusif  Salmansoy VHP sədrinin İctimai Təşkilatlar və Bələdiyyələrlə iş üzrə müavini və Nəsimi Şərəfxanlı VHP sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini təyin edilib.

  • VHP VIII Qurultayını Onlayn qaydada keçirəcək

    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək. Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.

    Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə Qurultaya VHP-nin 76 bölgə təşkilatı və bir Muxtar Respublika təşkilatından 400 nümayəndə seçilib.

    VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

  • VHP rayon təşkilatları konfrans keçiriblər

    07.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının Qobustan, Neftçala və Sabirabad rayon təşkilatlarının Onlayn Konfransları keçirilib. Konfransda seçkili qurumların hesabatları dinlənlilb və təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatların Məclis, NTK üzvləri və partiyanın VIII Qurultayına nümayəndələr seçiliblər. Fərman Hüseynov Neftçala, Elman Əliyev Sabirabad və Eminağa Niftəliyev isə Qobustan rayon təşkilatına sədr seçiliblər.

    04.02.2021/ VHP dörd rayonda təşkilat sədrin dəyişdi

    Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Saatlı, Biləsuvar, Daşkəsən və Xətai rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Saatlı rayon təşkilatına Surxay Cahangirov, Biləsuvar rayon təşkilatına Məharət Ağayev, Xətai rayon təşkilatına Kəmalə Səfərli və Daşkəsən rayon təşkilatına Zemfira Qafarlı sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

    01.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

  • VHP-çi gənclər Asiya Partiyalar İttifaqının konfransına qatılıblar

    Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun “COVİD-19 və ondan sonra təhsil və sosial müdafiə mexanizmi” mövzusunda onlayn kobfrans keçirilib. Konfransa Asiyanın 50-yə yaxın ölkəsindən nümayəndələr qatılıb . Bildirək ki, Vətəndaş Həmrəyliyi Partriyası İCAPP yaranan gündən bu qurumun üzvüdür və bu günkü onlayn konfransda da VHP-ni Gənclər Təşkilatının sədri Yusif Xantemirov təmsil edib.

    Konfransda çıxış edən iştirakçılar bildirib ki, demokratiyanın, insan haqlarının, bəşəri sülhün qorunması istiqamətində ICAPP-ın böyük rolunun olması mümkündür. Sabitliyin, əmin-amanlığın, region üçün problemə çevrilən terrorizm və pandemiya kimi bəlaların aradan qaldırılması da ICAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdir.

  • Deputat etiraz etdi: Tarif Şurası hesabat verməlidir!

    Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.

    Axar.az xəbər verir ki, S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu bildirib.

    “Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, – deyə S.Rüstəmxanlı əlavə edib.

    O təklif edib ki, Tarif Şurası parlametə dəvət olunmalıdır və hesabat verməlidir.

    “Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.

  • VHP-də Rayon Təşkilatlarına yeni sədr seçilib

    Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

  • Sabir Rüstəmxanlı: “Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı”

    Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir.

    Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə də, millətin illərlə nüvələşən, bərkiyən mənəvi gücünü sarsıda bilmədilər. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Düşmən üzərində qələbənin bu sirrini  də öyrəndik…

    Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bəzi məqanlara diqqət çəkib.

    – Sabir müəllim, Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin fəlsəfəsində və bu zəfərin ədəbiyyatının rüşeyimində dayanan nədir?

    – Millətin qələbə zəfəri, ilk növbədə, sözdən, ədəbiyyatdan başlayır. O, bütövlükdə mədəniyyətin bütün sahələrini əhatə edir. Burada musiqi də var, rəssamlıq da… Azərbaycanın 1988-1990-cı illərdə ermənilərin torpaq iddiasına cavab olaraq ayağa qalxması, həmin milli azadlıq, müstəqillik hərəkatı 60-70-80-ci illərin ədəbiyyatından can alaraq başlamışdı.  Xalqın taleyində ciddi rol oynayan hadisələr həmişə ədəbiyyatdan, müəyyən sənət adamlarının yaradıcılığı ilə kütlənin içərisinə daxil olur, yayılır. Bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş bir teoremdir. İndiki qələbəyə gələn yolun başlanğıcında da, təbii ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət, diplomatiya ilə yanaşı, böyük mənəvi baza dayanır. Hansı ki, o mənəvi ruh xalqın qələbəyə olan ümidini qırılmaqdan qorudu, Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı. Beləcə, öz varlığını, fəaliyyətini yalan üzərində quran erməni vandallarının iç üzü açıldı. Bütün erməni eybəcərliyi, cinayətləri, eməni yalanları kitabların, yazıların, jurnalistikanın, ədəbiyyatın xətti ilə dünyaya təqdim olundu. Bu mənada, Qarabağ zəfərində ordu ilə yanaşı, həm də orduya mənəvi güc verən,  xalqın ruhunu yüksəklərdə tutan sənət və ədəbiyyatın rolu böyükdür…

    – Erməni vandallığını ifşa edən böyük tarixi, bədii, ədəbi əsərlərin yaradılması üçün nə edilməlidir?

    – Bu işin uğurla aparılması dövlətdən asılıdır. Kino əsərlərinin yaranması, ermənilərin bu 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri işğal faktları, bütün vəhşilikləri, terror və cinayətləri, insanlığa yaraşmayan o dağıdıcılıq əməllərinin qeydə alınıb dünyaya çatdırılması, beynəlxal məhkəmələrə verilməsi, təzminatın tələb olunması kimi məsələlər ciddi və ardıcıl yanaşma tələb edir. Eləcə də dağıdılmış mədəniyyət və tarixi abidələrimizin qeydə alınması, əvvəlki görüntüsü ilə indiki vəziyyətinin müqayisəli şəkildə araşdırılması dövlətin öhdəsinə düşən mühüm işlərdəndir və düşünürəm ki, dövlət bu işləri görür. Təbii ki, bu prosesdə həm də mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, kino xadimlərinin əməyindən də istifadə edilməlidir.  Bu işin sırf ədəbi tərəfidir…  Hər yazıçı buna öz təxəyyülü, xatirəsi, 30 ildə içində yaşadığı hadisələr fonunda yanaşacaq. Bu onun öz ruhi durumuna bağlıdır. O, öz düşüncələrində hadisələrə yenidən nəzər salıb baxır, qiymət verir və onu ədəbi əsərə çevirir. Məsələn, müğənni Elçin Cəfərov Vətən Müharibəsi ərəfəsində hələ mənim müharibə başlayan vaxt -1992-1993-cü illərdə  yazdığım bir şeirə mahnı bəstələdi.   Bu mahnı cəbhədə əsgərlər arasında ən məhşur mahnılardan biri idi.  Mən o vaxt o şeiri yazanda təsəvvür eləmirdim ki,  bu, mahnıya çevriləcək və əsgərlərimizə mənəvi dayaq olacaq. Yaxud, müharibə qurtardı və “Qarabağa dönüş” haqqında bir poema yazdım. O da geniş yayıldı.  Zəfərdən sonra ilk yazılan əsər oldu və tənqidçilər ona “Zəfər dastanı” dedilər. Bir il əvvəl hələ savaş bitməmişdi, yazmışdım ki, ümidimiz üzülməyib, hələ savaş davam edir. Şükür ki, o savaşın qələbə ilə bitdiyini də gördüm.

    İnanıram ki, bu gün, xüsusən uşaqlığı Qarabağda keçmiş, qaçqın həyatı görmüş bir ədəbi nəsl, şairlər, yazıçılar nəsli var. Onlar mütləq azadlıq ruhu ilə yeni əsərlər yazacaqlar.  Bizim millət məğlubiyyət duğusuna çətin alışır, onu qəbul etmək istəmir.

    Zəfər duyğusu həmişə ədəbiyyatımızı qanadlandırır.

    – Sabir müəllim, tariximizin Milli Azadlıq Hərəkatı səhifəsində ön sırada dayanan şair, siyasətçi, turançı ideyası ilə formalaşan bir ziyalı olaraq, bugünün geosiyasi, ictimai gərginliyi fonunda ortaq nöqtəni necə tapa bilirsiniz? Necə hesab edirsiniz, milli kimliyimizi tam olaraq bərpa etmək üçün hansı kəsrlərimiz aradan qaldırılmalıdır?

    – Sovet dövrü və ondan sonrakı dönəmlərdə xalqın arasında ziyalıya olan inamı həmişə sarsıtmağa çalışıblar. O gün televiziya verilişlərinin birinə baxıram, deyirlər ki, filankəslər, adlarını da çəkirlər, “KQB”nin sifarişi ilə meydana gəliblər. Halbuki bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur. Birinci gündən demişdim ki, kəfənimi boğazıma doladım, gedirəm meydana… Yəni bu ideya ilə, bu inamla gedirsən. Nə “KQB”, nə dövlət?! O vaxt dövlət var idi ki?.. Dövlət meydandan asılı idi.  Meydanın hakimi biz idik, ölkənin də hakimi meydan idi.  Ona görə də ziyalının rolunu kiçiltmək, xalqın rolunu kiçiltmək olmaz. Xalqa hörmət və inam bəsləmək lazımdır.

    Biz o meydan hərəkatına ədəbiyyatdan, sözdən gəlmişdik. Dərnəklərdən, keçdiyimiz yollardan, Bakının zavod və fabriklərdə apardığımız görüşlərdən gəlmişdik. Bu 30 ildə millətə bir inamsızlıq toxumu səpməyə çalışdılar. Bu millətə “Unudun, Qarabağı yaddan çıxarın, Qarabağı dilə gətirmək lazım deyil” fikrini təlqin elədilər. Xalq göstərdi ki, heç nəyi unutmayıb, onun mənəvi gücü yerindədir. Stalin və ondansonrakılar milli kimliyimizi dəyişdirmək üçün çox adlar fikirləşdilər. Həyat göstərdi ki, Azərbaycanda türk kimliyi həlledicidir. O, bir türkdür və onun yanında dayanan qardaş Türkiyə var. Türk kimliyinin, Türk-İslam Birliyinin bir qanadı da Pakistandır. O da türk sevgisi ilə bu proseslərə qatılmışdı. Bunu heç nə ilə millətə unutdurmaq olmaz.  Eyni zamanda, bunu sandığa qoyub saxlamaq da mümkün deyil. Türk kimliyi daim bizim həyatımızda zənginləşməlidir. Onun tarixi, qol-qanadı öyrədilməlidir, təbliğ olunmaldır.  Cavan nəsil öz tarixini, keçmişini bilməlidir. Erməni özünün uydurma tarixi ilə yeni nəsil böyüdür. Biz isə  heç nə uydurmadan bizim olanı övladlarımıza öyrətsək, bu, uşaqlarımızın qəhrəmanlıq ruhu ilə böyüməsinə bəs edər.

    – Bizim zəngin tariximiz var. Zaman-zaman işğala məruz qalmışıq və bu gün 4 tərəfdən öz torpaqlarımızla sərhəddəyik, bunun özü çox şeyi deyir. Görünur, şairlərimiz, ziyalılarımız, ədəbiyyatımız siyasətin o çirkin gərdişinə təsir etmək gücünü əldə edə bilməyib…

    – Mən şəxsən elə düşünmürəm. Məsələn, neçə ildir partiya sədriyəm. Bizim nəsil,  hətta sovet dövründə yaranmış o ədəbiyyatın özünün  alt qatındakı  milli ruhu duyurduq, hiss edirdik. Ondan əvvəl məsələn, Mirzə Fətəli Axundzadədən başlanan yeni Azərbaycan ədəbiyyatı var idi. Mirzə Cəlil, Sabir, sonra sovet dövrü ədəbiyyatında yer alan Ordubadinin romanları, Cənubi Azərbaycanla bağlı Mirzə İbrahimovun “Gələcək gün” romanı var idi. Nədənsə, “Gələcək gün”ü dərsliklərdən çıxartdılar, halbuki o, Azərbaycanın bütövlük duyğusunu korşalmağa  qoymayan bir əsər idi. O dövrlərdə Səməd Vurğunun, baxmayaraq ki, Stalinlə, Moskva ilə bağlı çox yazıları olub, onun həm də “Yandırılan kitablar” şeiri, “Aslan Qayası” poeması var idi. Eləcə də Süleyman Rüstəmin “Cənub həsrəti” şeirlər kitabı, Balaş Azəroğlunun, Zöhrab Tahirin, Bəxtiyar Vahabzadənin və başqa ədiblərin şeirləri var idi ki, Azərbaycanın milli siyasəti bunların içindən keçib.  Bu milli siyasət Moskvadan, Avropadan gələn kommunist ideologiyasını üstələdi. Onu Azərbaycan zehnindən silib atdı. Ədəbiyyatçılar bundan artıq neyləməlidirlər?..

    –  Mübarizlik ruhlu, milli yaddaşımızı oyadan əsərlər nə zaman yaranır? Qələbədə, yoxsa ondan əvvəl?

    – Qeyd etdiyim kimi, bizim millətə məğlubiyyət duyğusundan yazmaq çətindir. Bütün bu məsələlər istedada bağldır, burada nə məğlubiyyət,  nə də zəfər əsas deyil. Yazı –pozu işində əsas, onu  yazanın istedadı milli ruhudur.

    Məsələn,1905-1907-ci illər erməni-müsəlman qırğınına dair Ordubadinin 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabı o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazılıb. Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. Qılman İlkinin, Manaf Cüleymanovun o dövrlə bağlı kitablarında müəyyən faktlar göstərilib. Həmin faciələri göstərən böyük əsərlər yazılmayıb. İndi hesab edirəm ki, bütün bu məsələlər yazılmalıdır.

    – Sabir müəllim, təbii ki, ədiblərimiz, şairlərimiz öz sözlərini kifayət qədər deyiblər. Torpaqlarımızı əsarətə alan, repressiyaya məruz qoyulan millətin güclü diplomatiyasının yaranmasına təsir edə bilməyib. Əvvəlki sualımda ədəbiyyatımızın düşmən siyasətinin qarşısında hansı səbəbdən sədd yarada bilməməsi səbəblərinə toxunmaq istəmişdim. 

    – Təəssüf ki, indi də diplomatiyada, idarəçilik sistemində Azərbaycan milli ideologiyasının şinelindən çıxmayan və yaxud Azərbaycan məktəbini qurtarmayan, kənar təsirlərlə yetişən müəyyən təbəqə var.  O təbəqə  heç vaxt bizim dediyimiz, o əsl milli ruhu hiss eləmir. Əslində o adamların diplomatiyada, siyasətdə olmaları ziyan vurur. Bunlar daim xarici ölkələrlə təmasdadırlar, onlara anlatmalıdırlar, deməlidirlər.  Bu mənada gələcək nəsil bu iki mədəniyyətin ikisinə də vaqif olsun, ikisinə də yiyələsin. Bir yandan Azərbayacan mədəniyyəti, bir yandan dünya mədəniyyətini bilsin. Eyni zamanda öz kökümüzdən heç vaxt qopmasın.

    – Rusiya sülhməramlılarının Qarabağa gəlişini və regionda separatizmin tam təmizlənmədiyini nəzərə alsaq, hələ ki, suverenliyimiz tam bərpa olunmayıb. Bu fonda Milli Məclis əsas milli məqsəd və ideyalarımızla bağlı nə dərəcədə cəsarətli, cərəyan edən proseslərə adekvat çıxış edə bilir?

    – Milli Məclis ölçü-biçi daxilində həmişə öz sözünü deyib. Şəxsən Rusiya sülhməramlılarının əraziyə gəlməsinə böyük faciə kimi yanaşmıram. Əlbəttə, arzulamazdım gəlsinlər, amma bu proses baş verib. Şübhəsiz ki, ordumuza imkan verilsəydi, gedib Yerevana da çıxardı, amma sonrası necə olacaqdı? Hər halda dünya, ermənipərəst qüvvələr bu məsələni sakit buraxmayacaqdılar. Azərbaycanın hansı təzyiqlə üzləşəcəyi, Dağlıq Qarabağla bağlı yaranan Minsk Qrupu dövlətlərinin  hansı addımları atacağını hesablamaq lazım idi. Ona görə də regionda uğurlu gediş etmək üçün təkcə Rusiyanı, onun sülhməramlılarını söymək yetərli deyildir.

    Biz Azərbaycanın bu haqlı müharibəsində Avropa ölkələrindən və Rusiyadan fərqli münasibət gördük.  Bunu dəyərləndirib, götür-qoy eləmədən, elə “Niyə rus gəldi?”  demək də düzgün deyildir.  Otuz ildir ermənilər Azərbaycanda özlərindən min cür yalan uydurublar. İndi bunların yalan olduğunu dünyaya göstərə bilirik. İndiki mərhələdə bir barış olmalıdır.  Bu prosesdə də Rusiya ortaya girib və İnşallah, məsələnin həllinə nail olacağıq. Ona görə də Rusiya sühməramlılarına da təmkinlə, sakit yanaşmaq lazımdır.  Bütün sərhəd Azərbaycanın nəzarətinə keçəcək və hər şey yaxşı olacaq.

    – Sabir müəllim, sizin “Millətim” şeiriniz var, hansı ki, Vətən Müharibəsi ərəfəsində dəfələrlə dinlədik. Millətimiz düşmənlə  hesabını tam kəsə bildimi? Bütövlükdə qarşımızda hansı vəzifələr durur?

    – Biz düşmənlə hesabı kəsdik, sərhəd, torpaq bütövlüyümüzü də bərpa etdik.  Dağlıq Qarabağda qalan ermənilər, əslində,  bizim vətəndaşlardır.  Bu bizə imkan verir sabah deyək ki, bizim də Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın.

    Monorespublika yaratmaq niyyətində də deyilik.  Ermənilərin orada qalmasından istifadə edərək, dünyaya milli xarakterimizi daha yaxşı göstərmək istəyirik.  Bəlkə də bu, bir qədər təskinlikdir, bəlkə də ərazilərimiz tam təmizlənsəydi, daha başqa cür danışa bilərdim.  Hər halda bu da bir faciə deyildir. Hesab edirəm,  tam maksimalist olub deyə bilərik ki, Ermənistan da bizimdir, İrəvan da bizimdir. Dünyadakı reallıqları isə nəzərə almaq lazımdır.  Əlimizdə olan və mövcud dünya şərtlərini  nəzərə alsaq, öz məqsədlərimizi  yerinə yetirmişik.   Müəyyən işlər qalır, onlar da görüləcək.  Boşalan torpaqlarımızı bərpa edənə qədər, Qarabağda qalan o müəyyən tör-töküntülər də oradan təmizlənəcək.

    Onu da deyim ki, qələbədən sonra “Millətəm” mahnısından heç də geri qalmayan ikinci bir mahnını yazmışıq, İnşallah, bu günlərdə ortaya çıxacaq.