Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir”

    Ötən həftə qəfildən keçirilən hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı hələ də cəmiyyətin əsas mövzularından biridir. PİA.az-ın əməkdaşı hakim partiyanın qurultayını və mövcud siyasi reallıqları Vətəndaş Həmrəyliyi Partiyasının səfr müavini Nəsimi Şərəfxanlı ilə müzakirə edib.

    Nəsimi Şərəfxanlı: “Uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır”.

    – Nəsimi bəy, YAP-ın VII qurultayı hazırda cəmiyyətimizdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəziləri hesab edir ki, bu qurultay hakim partiyada böyük dəyişikliklərin başlanğıcıdır. Parlamnetin ana müxalifət partiyasının nümayəndəsi olaraq hakim partiyanın son qurultayını necə dəyərlədirirsiz? Hesab edirsinizmi YAP-dakı yenilənmə ölkədə siyasi münasibətləri dəyişmək üçün stimul ola bilər?

    – Hakim partiyanın son qurultayı zaman baxımdan gözlənilməz idi, nəticə çoxdan cəmiyyətdə müzakirə olunurdu və hər kəs iqtidarda aparılan kadr dəyişiklliklərinin partiyaya da sirayət edəcəyinin fərqindəydi. Təbii ki, uzun müddət partiya nomenklaturasını işğal etmiş “qocalar qrupunun” əvəzlənməsi hakim partiyada müəyyən dəyişikliklər yaradacaq. Ramiz Mehdiyevin, Əli Həsənovun, Arif Rəhimzadənin, Əli Əhmədovun və beynində hələ də kommunist təfəkkürü saxlayan şəxslərin partiya rəhbərliyindən kənarlaşdırılaraq nisbətən gənc şəxslərin iş başına gətirilməsi təqdirəlayiqdir. Amma anoloji prosesi rəsmi iqtidar strukturlarında da müşahidə etmişik. Amma eyni prosesin iqtitardakı nəticələrinə baxanda böyük ümidlərə yer qalmır. Çünki bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Ziya Məmmədov, Səlim Müslümov, Misir Mərdanov və digərləri əvəzləndi nə baş verdi ki? Yenə köhnə hamam, köhnə tas. Yəni təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq. Buna görə şəxslərin əvəzlənməsindənsə idarəçiliyə baxışın dəyişilməsi daha vacibdir. İstər YAP-da, istərsə də hakim komandada aparılan kadr dəyişikliklərinin ölkədə mücbət istiqamətə doğru təkan olacağına bundan sonra ümid etmək olar.

    – Azərbaycanın siyasi mühiti əsasən iki qütblü olaraq görülür. Qütblərdən biri hakimiyyət, digəri isə “sistemdən kənar” müxalifət hesan olunur və burda ideologiya, sol, ya da sağ prinsiplər özünü doğrultmur ya da özünə yer tapmır. VHP özünü bu qütblərin hansındasa görə bilirmi, ya da bu qütblərin arasında qalmağı VHP üçün hansısa şans və yaxud şansızlıq kimi dəyərləndirmək olarmı?

    – Azərbaycan siyasi sistemində ideologiya problemi var. Siyasi partiyaların böyük əksəriyyətinin proqramı eyni ideoloji dəyərlərə söykənir. Firqə fərqliliyi ideoloji baxışa deyil, siyasi taktikaya və ya liderə görə seçildiyindən Azərbaycanda partiya həyatında anormallıqlar yaşanır. Millətçilik, Liberalizm, Sosial bərabərlik və digər ideoloji prinsipləri əsas götürərək cəmiyyətə fərqli liderlər deyil, fərqli proqramlar, konsepsiyalar, baxışlar təqdim edilmir. Məncə siyasi sistemimizdəki durğunluğun əsas səbəbi budur.

    Nəsimi Şərəfxanlı: “Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır”.

    Vətəndaş Həmrəyliyi Partiyası “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı ilə yaranaraq milli birlik, həmrəylik prinsipini əsas götürüb. Əlbəttə bu tam ideoloji sistem sayıla bilməz. Amma bu prinsip bir çox məqamlarda VHP-ni digər siyasi partiyalardan fərqləndirib və etiraf edək ki, hakim partiya da ölkənin həlledici anlarında bu prinsipi əsas tutub. Bu baxımdan VHP-ni kəskin qütbləşməyə qarşı olaraq şanslı partiya sayıram. Bu şanslılıq hər zaman parlamentdə təmsil olunmaqla yekunlaşmayıb, özünün təşkilati strukturlarını qoruyaraq inkişaf etdirməkdə də özünü göstərib.

    – Belə bir fikir var ki, Azərbaycan elektoratının böyük hissəsi həm hakimiyyət partiyasını, həm də müxalifəti “qocalmış” olaraq görür. Xüsusən də müxalifəti. Sizcə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi üçün siyasi təlabat varmı və ölkə siyasətində nə zamansa üçüncü qütbün yaranmasını mümkün hesab edirsinizmi?

    – Mən siyasətdə qoca-gənc fərqliliyinin, qarşıdurmasının tam əleyhinəyəm. İllərdir ki, müxalifət “qocalıb” deyirlər. Çox yaxşı. Əgər belədirsə hanı gənclik? Kim qarşısını alır ki? Azərbaycanda onlarla gənc partiya sədri var və etiraf edək ki, onların ictimai tanınma imkanları klassik siyasilərimizdən daha çoxdur. Amma ortada nəticə də yoxdur.

    Nəsimi Şərəfxanlı: “Bu gün də bir çox nazir postlarında yer alan yeni şəxslər “köhnə qvardiya”dan ciddi şəkildə fərqlənmir. Təhsil, Səhiyyə, Sosial Müdafiə və digər strukturlarda bunun şahidi olmuşuq və olmaqdayıq”.

    Bu gün müxalifət liderləri tablosu Azərbaycanın istiqlalı üçün yol başlayan Meydanın tribunası kimi tanınır. Mən konkret adlar çəkib kimlərisə uğursuz siyasətçi kimi tanıtmaq istəmirəm, amma gəlin qəbul edək ki, cəmiyyət bu gün də Sabir Rüstəmxanlı, İsa Qəmbər, Etibar Məmədov, Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Mirmahmud Mirəlioğlu və digər klassik siyasi liderlərimizin fikir və taktikalarına diqqət yetirir.

    Azərbaycanda üçüncü qütbün ortaya çıxmasına gəlincə isə, mövcud iki qütb: iqtidar-müxalifət arasında münasibətlər və sistem qaydasına düşməyincə hər hansı yeni qüvvədən danışmağa dəyməz. Bütövlükdə siyasi sistemdə kəskin dəyişikliklər vacibdir. Ölkə əhalisinin siyasi iradəsi partiyaların potensialında parlamentdə və hökümətdə öz əksini tapmalıdır. Bunun ən yaxşı yolu proparsional seçki sistemidir. Bu seçki prinsipi ilə partiyalar gerçək gücünü və siyasi mübarizəsini parlamentə daşımalıdır. Həmin parlamentdə ölkənin problemlərinin həll yollarının ən yaxşı variantları ortaya qoyulacaq.

    – Ümumiyyətlə Azərbaycan siyasətində üçüncü qütbün ortaya çıxa bilməsi üçün siyasi mühiti nə qədər əlverişli hesab edirsiniz?

    – Bir daha qeyd edirəm ki, mövcud iqtidar-müxalifət münasibətləri üçüncü siyasi güc mərkəzinin ortaya çıxmasını istisna edir. Əslində bu gün parlamentdə təmsil olunanları üçüncü qütb kimi də dəyərləndirmək olar.

    Nəsimi Şərəfxanı: Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir”.

    Amma biz bilirik ki, bu tam olaraq belə deyil və həmin partiyalara Azərbaycan xalqının etimadı arzu edilən səviyyədə deyil. Bir zamanlar REAL hərəkatı da üçüncü qüvvə olaraq formalaşmaq istəyirdi. Alındıra bilmədilər. Üçüncü qüvvə təbii siyasi proseslə baş verə bilər, bu sifarişlə və ya təhlillə olmur.

    – Bəs Azərbaycanda mövcud durumu dəyişdirmək mümkündürmü?

    – Mən hazırkı şərtlərdə buna ehtimal vermirəm. Və hesab edirəm ki, buna cəhd etmək Don Kixotun yel dəyirmanı ilə savaşmasını xatırlada bilər. Çünki Azərbaycandakı siyasi mühit hazırda elə formalaşıb ki, ancaq bir-birlərini tamamilə inkar edən iki qütbün birində yer almalısan. Bu qütblərdən kənrda olanlar isə özlərini cəmiyyətə təqdim edə bilmirlər. Bunun yolu da yoxdur. Misal üçün özünə nəyin bahasına olursa olsun karyera qurmaq istəyənlər hakimiyyətin yanında yer alır və ancaq hakimiyyətin bucağından problemlərə yanaşırlar. Azərbaycanı fərqli və daha azad bir vətəndaş cəmiyyəti olaraq görmək istəyənlər isə ancaq “sistemdən kənar” müxalifətin bucağından məsələri həll etmək istəyirlər. Böyük əksəriyyət isə heç bur tərəfə inanmır və fərdi qaydada özlərini xilas etməyə çalışırlar.

    Nəsimi Şərəfxanlı: “VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq”.

    – Bəs bu böyük əksəriyyəti üçüncü qüvvə niyə özünə cəlb edə bilmir?

    – Bunun səbəbi çox sadədir. Azərbaycanda hakimiyyətin adminstrativ gücü həddindən artıq çoxdur və bu hakimiyyət heç bir halda alternativ qəbul etmir. Bunu hamı bilir və bu üzdən də böyük əksəriyyəd də yaxşı bilir ki, onların üçüncü qüvvəyə verəcəkləri dəstək elə ikinci qüvvə demək olacaq. Yəni normal siyasi mühitdə hakimiyyət alternativliliyi qəbul etmir. Azərbaycanda isə bu olmadığı üçün böyük əksəriyyət özünə heç də əziyyət vermək istəmir.

    – VHP parlamentdə üç deputatla ana müxalifəti təmsil edir. Hesab edirsinizmi ki, müxalifət olaraq öz vəzifələrinizi yerinə yetirirsiz?

    – Məşhur bir ifadə var. “Siyasət imkanlar daxilində mümkün olanı etmək sənətidir”. Hesab edirəm ki, parlament müxalifəti olaraq VHP-də mövcud imkanlar daxilində mümkün olanları edir. Biz öz imkanlarımız içində mövcudluğa təsir etməyə çalışırıq.

    Nərminə UMUDLU
    pia.az

  • Sabir Rüstəmxanlı: “Soyadların milliləşdirilməsi prosesi asanlaşdırılmalıdır”

    “Azərbaycanda soyadların dəyişdirilməsi çox çətin prosesdir. Bu prosesin asanlaşdırılmasına ehtiyac var. Bəziləri yuxarıdan göstəriş almayıb deyə buna mane olur”.

    Bunu Milli Məclisn bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Deputat bildirib ki, bu məsələ parlamentdə dəfələrlə müzakirə edilib: “Ədliyyə Nazirliyi göstəriş verə bilər ki, soyadlar yeni tələbə uyğun milliləşdirilsin. Böyük rüsumlar tələb edilir. Əhalinin buna imkanı yoxdur. Sizdən xahiş edirəm ki, bu təklifimi nazirliyə çatdırın. Yerli idarələrə tapşırılsın ki, vətəndaşların bu arzusunu yerinə yetirsinlər. Bunun qarşısını almasınla”.

  • Samir Əsədli: “Erməni xalqı tədricən də olsa Qarabağ həqiqətini dərk etməkdədir”

    Belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir
    Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Qarabağda müharibənin yenidən başlaya biləcəyini iddia edib. Koçaryan bildirib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə səbəb olacaq. Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “İndi Minsk qrupuna ehtiyac var. Bu, Rusiyaya da sərfəlidir. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.
    Ancaq dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun sürə bilməz”. Koçaryan İkinci Dünya müharibəsinin ədalətsiz “Versal sülh müqaviləsi” üzündən baş verdiyinə diqqət çəkib: “Tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, yeni müharibə gözləyin. Bu, əlverişli geosiyasi şərtlər olduqda baş verəcək. Siyasi həll yolu tapmaq lazımdır. Əgər Azərbaycan Qarabağ problemini həll etdiyinə inanırsa, hətta bu gün ən yaxşı mövqelərinə baxmayaraq demək olar ki, hər şey əksinədir”.
    Sabiq prezidentin sərsəm bəyanatını “Şərq”ə dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Koçaryanın son bəyanatı uzun illər Ermənistana rəhbərlik etmiş bir rejimin əsl mahiyyətini üzə çıxarır:
    “Sivil dünyanın qəbul etdiyi ərazi bütövlüyünün bərpası niyə ədalətsizlik sayılmalıdır ki? İkinci Dünya müharibəsinin başlamasına haqq qazandırmaq bu şəxsin içindəki faşizmin açıq ifadə olunmasıdır. Dünya bunun fərqində olmalı və Azərbaycanın Xocalı soyqırımı ilə birgə anlatmaq istədiyi həqiqətləri dərk etməlidir.
    Qafqazda sülh və sabitlik istəyənlər birdəfəlik başa düşməlidir ki, belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir. O ki qaldı Koçaryanın müharibə təhdidlərinə, bu şəxs hələ özünə qarşı ittihamlara cavab versin, bəraət alsın, sonra öz xalqı adından danışar”.
    S.Əsədlinin sözlərinə görə, 44 günlük müharibə həm xalqların döyüş əzmi, həm də orduların hərbi potensialı arasındakı fərqi ortaya qoydu:
    “Erməni xalqı bunun fərqindədir və yeni müharibənin ermənilər üçün daha böyük fəlakətlərə yol açacağını gözəl bilirlər. Eyni zamanda son proseslər onu göstərir ki, Ermənistanda şovinist təbliğat fiaskoya uğramaqdadır. Erməni xalqı tədricən də olsa Qarabağ həqiqətini dərk etməkdədir. Düşmən ölkənin rəhbəri olsa da, Paşinyanın bir cəhətini etiraf edək ki, o, ölkəsini Rusiyanın forpostu olmaqdan qurtarmaq və mənasız ərazi iddiaları xülyasından qurtarmaq üçün ciddi islahatlara start verib.
    Koçaryan və onun komandası Kremldəki sahiblərinin sifarişini yerinə yetirir. Bundan başqa baş verənlərin heç bir izahı yoxdur”.
  • Bu gün Məmməd Əmin Rəsulzadənin anım günüdür

    Azərbaycan adına ilk dövlətin qurucusu, Yaxın və Orta Şərqdə demokratik respublika yaradıcısı Məhəmməd Əmin Rəsulzadə 66 il öncə “Bir kərə yüksələn bayraq bir daha enməz” deyib bizə istiqlal və hürriyyət miras qoyaraq əbədiyyətə qovuşdu. Biz bu bayrağın altında Rəsulzadə ruhunu azad və demokratik Azərbaycan qurmaqla şad etmək borcumuzdu. Ruhun qarşısında baş əyirik, BÖYÜK KIŞI!

  • Xalq şairi: “Gözlərimin tutulacağından qorxmadan…” – Müsahibə/Kitabxana

    Teleqraf.com-un “Kitabxana” rubrikasının ilk qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlıdır. Onunla evində görüşdük.

    Müsahibəni təqdim edirik.

    – Sabir müəllim, ilk sualımız belədir: kitab sizin üçün hansı mənanı kəsb edir?

    – Çox mürəkkəb sualdır… Mənim kimi ucqar dağ kəndində doğulmuş biri üçün kitab böyük dünyaya açılan qapıdır. Kitab bir yoldur, səni dünyanın bütün guşələri ilə birləşdirir. Kitab həyatdır. Məsələn, kənddən başlayıb, dünyanın sonsuzluğuna bağlayan sehrli bağdır. Həyat eşqidir, insanı gələcəyə səsləyən, həyatının əsas cizgilərini müəyyən edən güzgüdür.

    Yaşa dolduqca başa düşürsən ki, kitab sənin həyatındır. Təkcə öz yazdığım yox, həm də oxuduğum kitablar mənim həyatımdır. Mən kitabla yaşayıram, onunla nəfəs alıram. Bütün sirlərim, duyğularım kitabdadır. Ən yaxın dosta, qohuma etibar etmədiklərini bəziləri açıq, bəziləri örtülü şəkildə kitaba deyir. O mənada kitab insanlığın böyük kəşflərindəndir. Düşüncəmə görə, yazı və kitab bəşəriyyətin ən böyük icadıdır. Bundan sonra nə icad olunur-olunsun, kitab və yazı ən birincisi və ən böyüyü olaraq qalacaq.

    – Kitabxananızın neçə illik tarixi var?

    – Mənim çox kitabxanam olub. Hazırkı kitabxanamın yaşı 60 ildən çoxdur. Yardımlı 11 illik politexnik məktəbində oxumuşam. 8-ci sinifdə oxuyanda bizə həm də peşələr öyrədirdilər. Mən dülgərlik sənətini seçmişdim. Dülgər kimi cəmi iki əl işim oldu. Biri kənddə öz evimiz üçün ilk kitab şkafı hazırladım. Mənim kitab şkafım həm də kəndin müəllimləri, ziyalılarının kiçik kitabxanası idi.

    Gəlib kitab aparırdılar, bəziləri qaytarır, bəziləri qaytarmırdılar. Kitablarda adımı yazardım, sonra görürdüm ki, mənim olduğu bilinməməsi üçün ad yazılan hissə cırılıb. Mənim kiçik kitab rəfim bir cazibə mərkəzinə çevrilmişdi. İndi fabriklərdə düzəldilmiş kitab rəfləri var, amma heç biri öz hazırladığım kitab rəfi qədər doğma deyil.

    Ondan sonra universitetdə oxuduğum illərdə “Azərkitab”ın bazasında fəhlə işləyirdim. Günortaya qədər işləyib, həm də oxuyurdum. Tələbə vaxtı bir çox kitablar əlimdən keçirdi. Bəzilərini yığırdım. Amma kirayə yaşadığım üçün daşındıqca kitablar itirdi. Nəhayət, ev aldıqdan sonra kitabxanamı hazırlamağa başladım. Burada görünən mənim kitabxanamın yarısıdır. Bir bu qədəri də iş yerimdədir.

    – Gəncliyinizdə Bakıda ən çox getdiyiniz kitabxana hansı olub?

    – Ən çox Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasına gedirdim. Onun yanında Lenin adına kitabxana var idi. Kitabxanalar universitetə yaxın olsa da, mən yaxınlığına görə onlara üz tutmurdum. Bazar günü Sabir adına kitabxanada şairlərin toplaşdığı şeir dərnəkləri keçirilirdi. Getməyə vərdiş etmişdim. Bəlkə, indi də o kitabxanaya borcluyam.

    O zaman Belinski adına kitabxana var idi. Birinci kursda oxuyanda bir il orada işləmişəm. O vaxt universitetə qəbul olan uşaqların bir il stajı olmalı idi. Mən də filologiya fakültəsindən oraya düşmüşdüm. Kitab oxumağı sevirdim, kitabxananın çox mehriban kollektivi var idi. Onlar mənim şəhər mühitinə alışmağıma xeyli kömək etdilər.

    Axundov adına kitabxanaya isə xeyli sonra getdim. Aspiranturada oxuyanda daha çox işim orada idi. Kitabxananın qədim əlyazmalar bölməsinə gedirdim. Orada ərəb əlifbası ilə Cəlil Məmmədquluzadənin əlyazmalarını oxuyurdum. Qədim Qafqaz arxeoloji komissiyasının 19-cu əsr araşdırmaları vardı ki, mənə “Ölüm zirvəsi”, “Difai fədailəri” kimi əsərlərimi hazırlamağa kömək oldu.

    Hazırda da Mirzə Fətəli Axundov adına kitabxanasya davamlı gedirəm.

    – Ümumi neçə kitabxananız və kitabınız var?

    – İşdə, bağda, evdə… Ümumi təxminən 20 minə yaxın kitabım var.

    – Kitabxananızın ayrılmaz parçası hesab etdiyiniz kitab hansıdır?

    – Mənim üçün kitabxanada hər kitabın öz yeri var. İndi fikirləşirəm ki, Türkiyəyə ilk getdiyim vaxtlardakı dostlarım bəlkə də kasıb idi. Ola bilsin, kitabların son nüsxəsini götürüb mənə verirdilər. O kitablar mənə çox əzizdir. İndi mən kitabxanamdan kitab verməyə çox çətinlik çəkirəm. Halbuki onlar mənə öz kitablarını hədiyyə edirdilər.

    Dostlarımın avtoqraflaə verilən kitabları mənə xüsusilə doğmadır. Bir rəf dostlarımın kitablarıdır… Şübhəsiz, kitabxanada ən unikal rəflər öz kitablarımın qoyulduğu rəflərdir. Doğrudur, qarışıqdır, bir neçə rəfi doldurub.

    Kitabxanamda ensiklopedik ədəbiyyatlar da yer alır. Dini, tarixi kitablar var. Hansı vaxt sənə hansı kitab lazım olursa, o kitab doğma olur.

    – İndiyə qədər neçə kitabınız çap olunub?

    – Azərbaycanda 25-dən çox, dünyanın müxtəlif ölkələrində 70-ə yaxın kitabım çap olunub.

    – Oxuduğunuz ilk ən böyük əsər hansı olub?

    – İlk ən böyük əsər nə qədər qəribə olsa da, Mirzə İbrahimovun “Gələcək gün” romanı olub. Təxminən 2-3-cü siniflərdə oxuyurdum. O vaxt qohumlarım birlikdə kitab oxuyanda, mən də qulaq asırdım. Onlar oxumayanda özüm oxuyurdum. Kitab məni sehrləmişdi. Çünki kəndimiz sərhədə yaxındır, kitabda Cənubi Azərbaycandan bəhs olunduğuna görə heyrətlə oxuyurdum. Paralel olaraq nağıllar da oxuyurdum.

    Amma düşünürəm ki, ən böyük, ağır kitab 5-ci sinifdə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsəri idi. O vaxta qədər çapına icazə verilmirdi, yeni çap olunmuşdu. Mən onu bibimoğlundan üç günlük almışdım. Üç günə o romanı bitirməli idim. Daha sonra Viktor Hüqonun “Səfillər” romanı, İsmayıl Şıxlının “Ayrılan yollar” kimi əsələrini oxudum.

    5-ci sinifdə qazaxlı müəllimim vardı, o mənə Səməd Vurğunu sevdirmişdi. Həmin illərdə Rəsul Rzanın şeirləri quruluşuna görə məni cəlb edirdi. Kitab mənim üçün hər zaman sevgi olub.

    – Dərsliklərlə aranız necə olub?

    – Dərsliklərimiz kəndə yox, rayon mərkəzinə gəlirdi. İldə bir dəfə yayda gedib dərsliklərimizi alırdıq. 7 kilometr yol idi. Mən o yolu gedəndə bütün dərslikləri oxuyub bitirirdim. Sonra ilboyu bir daha o dərslikləri əlimə almırdım, yaddaşım çox möhkəm idi. Dərsdə müəllimə qulaq asırdım. Buna görə də əlavə ədəbiyyatlar oxuyurdum.

    – Kitablarınızı yazmağa davam edirsiniz yəqin ki…

    – Bəli, ötən gün son romanıma nöqtə qoydum. “Dağların qisası” adlı romanımı çapa hazırlayıram.

    – Kitab yazanda əlyazmaya üstünlük verirsiniz, yoxsa klaviaturaya?..

    – Qarışıqdır… Hərdən kompüter gözümü yorur, keçirəm əlyazmaya. Bəzən əlyazmada qeydlər hazırlayıb, sonra diqtə edirəm, yazırlar. Son vaxtlar daha çox kompüterdə yazıram, daha rahatdır mənə. Çünki sonra redaktəyə ehtiyac olmur. Əl yazısında sürətlə yazdığım üçün sonra xeyli düzəliş lazım olur.

    – Ədəbiyyatçılar daim mütaliə edirlər. Mütaliədə necə, elektron kitaba üstünlük verirsiniz, yoxsa çapa?

    – Elektron kitabları az oxuyuram. Bir ara rus ədəbiyyatına audio şəkildə qulaq asırdım. Elektron kitablar məni yorur. Kitabın qoxusunu hiss etməyi sevirəm. Nəşriyyat işçisi olmuşam, 10 il “Ədəbiyyat qəzeti”ndə çalışmışam. Qəzetin rəngləri əlimizə keçməyəndə onun ləzzətini hiss etmirik. Bütün işimiz ancaq köhnə qaydadır.

    Elə gün olmur ki, kitabı oxumayım. Hazırda oxu stolumun üzərində həm tarixi əsərlər var, həm jurnallar… Oxu sistemim qarışıqdır. Daimi olaraq tarix, fəlsəfə kitabları oxuyuram, elmi-kütləvi ədəbiyyat oxuyuram. Hesab edirəm ki, kitabın əvəzi yoxdur. Axşamlar yatmazdan əvvəl hökmən əlimdə kitab olmalıdır. Deyirlər, gözə ziyandır. Mən gözümün nə zamansa tutulacağından çəkinə-çəkinə kitab oxuyuram.

    – Hazırda hansı kitabı oxuyursunuz?

    – Səlcuqların tarixi ilə bağlı mətnləri oxuyuram. Son zamanlar o dövrə baxıram. Oxuduqca kitabları stol üzərinə düzürəm.

    – Bu gün kitab satışları sizi qane edirmi? Kitab bazarında qiymətlər necədir?

    – Hər şeyə ümumi kontekstdə baxmaq lazımdır. Son illər Azərbaycan oxucusu zərbə alıb, ağır yol keçib. İlk olaraq idealogiya dəyişib. İkincisi, əlifba dəyişilib, gənc nəslin yaddaşına böyük boşluq yaranıb. Üçüncüsü, latın əlifbasına keçdikdən sonra bir müddət kitab tapılmırdı. Hazırda bütün dünya ədəbiyyatı sürətlə Azərbaycan dilində çap olunur. Dördüncüsü, əhalinin yaşayış səviyyəsi aşağı, kitablar isə çox bahadır.

    Bütün bunlara baxdıqda, narazılıq edə bilmərəm. Mütaliəyə maraq getdikcə artır, kitab mağazalarına gedənlərin sayında artım var. Bir vaxtlar kitabxanalar boş idisə, indi Axundov kitabxanasına gedəndə yerlərin dolu olduğunu görürəm. Kitaba maraq heç vaxt azala bilməz.

    Sadəcə, biz ənənəvi olaraq az oxuyan xalqıq. Yaponlar il ərzində 200-dən artıq kitab oxuyurlarsa, bizdə il ərzində hər adam bəlkə 5-6 kitab oxuyur. Bunun üçün də müəyyən ənənələr yaratmaq lazımdır. Məsələn, sovet dövründə kəndlərə kitab göndərir, əməkhaqqının 0,5 hissəsindən rüsum tutulurdu. İlk vaxtlar insanlar narazılıq etsələr də, sonra hər kəs kitab gecikəndə narazılıq etməyə başlayırdı.

    Kitab bu gün Bakıda yayılır, rayonlara getmir. Rayonlarda kitab dükanları yoxdur. Bir çoxunda heç kitabxana yoxdur. Ona görə Azərbaycanda kitabın tirajı azdır, 300-500 arasında dəyişir. 3-4 min kitabxana var. Hər kitabxanaya azı 2 nüsxə verilməlidir.

    Vaxtilə rəhbərlik etdiyim Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra bu sahədə boşluq yaranıb. Mədəniyyət nazirliyi bunun öhdəsindən gələ bilməz. Kitab işini sistemə salmaq lazımdır. Yalnız bundan sonra gileylənmək olar. Əslində kitaba kifayət qədər oxucu marağı var.

    – Üç ilə yaxındır Bakı Kitab Mərkəzi açılıb. Digər kitabxanalardan dizayn və üslubu ilə də xeyli fərqlənir…

    – Buna vərdiş edəcəyik. Dünyanın bir çox yerində kitabxanalar həm də klub kimidir. Kitab oxuyan zaman bir fincan qəhvə götürürsən. Bu, kitab mədəniyyəti ilə ümumi mədəniyyətin birləşdiyi yerdir. Mən elə kitab evinin açılmasına sevinirəm.

    Əvvəllər Hökumət evinin arxasında yerləşən binanın iki mərtəbəsi kitab evi idi. Nazir olduğum illərdə o kitab evinin bir balaca hissəsini Misir səfirliyi məndən istəyirdi. Mən bildirdim ki, bu bizim kitab məbədimizdir. Sonradan o kitab evi də dağıldı. Amma böyründə rus kitab evi var. Bunun günahkarı kimdir? Necə olur ki, Heydər Əliyevin zamanında hazırlanan kitab evi ləğv olunur? Azərbaycan kitab evi yoxdur, amma rus kitab evi var… İnsan öz kitabına belə hörmətsizlik edə bilməz. Doğrudur, kiçik kitab evləri var. Amma geniş, mədəniyyət zalları olan, iclasların keçirildiyi kitab evimiz yoxdur.

    – Tövsiyə etdiyiniz kitab varmı ki, fikrinizcə, insan ölmədən onu mütləq oxumalıdır?

    – Sabir Rüstəmxanlının “Ömür kitabı”. O vaxt o kitabı qızlara cehiz kimi verirdilər.

    Mənim düşüncəmə görə, Azərbaycanda hər bir gəncin oxumalı olduğu kitablar var. Hökmən oxunulmalı kitablardan biri “Dədə Qorqud”dur. Bizim dil, ruh və mənəviyyat baxımından son dərəcə əhəmiyyətlidir. Nəsimi poeziyası, Füzuli poeziyası, Vaqif, Mirzə Cəlil, Güney Azərbaycan ədəbiyyatı da mütləq oxunulmalıdır.

    – Azərbaycan ədəbiyyatının dünəni və bu gününü xarakterizə etmənizi istərdik. Ədəbiyyatımızın bu günü kitabların az tirajla çıxmasına səbəb ola bilərmi?

    – Qətiyyən… Əgər sovet dövründə nəsr kitabı 15 min tirajla çap olunurdusa, nəzm kitabı 7 min nəşr olunurdu. Məsələn, mənim “Ömür kitabı”m 250 min çap olunmuşdu. Bunlar satılırdısa, bu gün 1000-2000 tirajla satılmırsa, bu, təkcə oxucu məsələsi deyil. Bəlkə oxuculara olan münasibətdir. Çıxan hər kitabın bir nüsxəsi Mədəniyyət Nazirliyi tərəfindən sifariş verilirdi, hər kitabxanaya göndərilirdi. Ona görə də əvvəlcədən bildirilirdi ki, kitabın 3-4 min nüsxəsi sifariş verilib, kitabxanalara göndəriləcək. İndi çıxan kitablar ancaq oxucu ümidinədir ki, kimsə alacaq. Bu cəhətdən, təkcə kitabın keyfiyyəti rol oynamır.

    Azərbaycan kitabının tarixi öyrənilməyib. Mən Mətbuat və İnformasiya naziri olanda kitab tariximizlə bağlı bir neçə tədbir keçirmişdim. Məsələn, Azərbaycanda adamların çoxu bilmir ki, mətbəə üsulu ilə ilk kitabımız təxminən 1500-cü illərdə, Romada çap olunub, Nəsrəddin Tusinin əsəridir. Azərbaycanda mətbəə üsulu ilə Füzulinin “Leyli və Məcnun” əsəri çap olunub. Bu tarixləri nəzərə alıb hökmən Azərbaycan kitabının keçmişini öyrənməliyik.

    Çox sevinirəm ki, bu il Nizami ili elan olunub. Çox istərdim ki, Nizaminin əsərləri ilə yanaşı digər klassik ədəbiyyatımızın nümayəndələri də ardıcıl təbliğ olunsun.

    – Azərbaycan ədəbiyyatında hansı yazar sizin yaradıcılığına daha yaxındır?

    – Buna cavab vermək çətindir. Ədəbiyyatda bəzi əsərlər var ki, mənə doğmadır. Məsələn, nəsrdə İsa Muğanna, İsmayıl Şıxlı, Sabir Əhmədli, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Anar, Elçinin kitablarını həvəslə oxuyuram.

    Poeziyada Bəxtiyar Vahabzadədən bu günə qədər olan şairlərimiz dostlarım olub. Şübhəsiz, poeziyamızda davamlı müraciət etdiyim üç şəxsiyyət var – Mirzə Ələkbər Sabir, Nəsimi, Məhəmməd Hadi.

    – Bu gün kitablara filmlər çəkilir. Bəzi insanlar film izləyib, kitabı oxumaqdan üstün tuturlar…

    – Ayrı-ayrı şeylərdir. Məsələn, mənim “Ölüm zirvəsi” romanıma “Cavadxan” filmi çəkilib. Film fərqlidir, neçə insanın zəhməti qatılır, əlavələr edilir, ixtisarlar olur. Amma kitab söz sənətidir. Kitab göstərmir, sözün dadını, duzunu kitabda hiss etməlisən. O dövrün vurğusunu kitab daha yaxşı bilir.

    – Kitab bağışlamağı sevirsinizmi? Belə bir adətiniz varmı?

    – Belə adətim var. Bəzi kitablarımı heç satışa verməmişəm. Çünki tiraj azdır. Elə kitablarım var ki, bu gün özümdə yoxdur. Gələn dostlarıma hədiyyə etmişəm.

    Müəllif: Aysel Azad

    Foto: Ceyhun Rəhimov

  • VHP Xocalı soyqırımını anıb-FOTOLAR

    Xocalı soyqırımının 29-cu il dönümünü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı, Gəncə, Neftçala, Lerik, Sabirabad, Ağsu, Goranboy, Tovuz, Naftalan, Qusar bölgə təşkilatlarında anım tədbirləri keçirilib. Bu təşkilatlar rayon mərkəzlərində olan Şəhidlər xiyabanı və Xocalı faciəsinə ucalan abidə ziyarət olunub. Eyni zamanda VHP üzvləri fərdi qaydada Bakıda “Ana Harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı çıxışlarda dünyanın Xocalı soyqırımını tanımasının və bəşəri cinayətə imza atanların cəzalanmasının vacibliyini, Xocalı şəhidlərinin ruhunun bu şəhərən azad olunması ilə şad olacağını bildirib.

  • Narahatlığa əsas var…

    Rusiyanın 366-cı motoalayının köməyi ilə erməni terror dəstələrinin Xocalı şəhərinə işğal edərək qadına, qocaya, uşağa belə aman verməyib vəhşicəsinə qətlə yetirməsindən, Bakıda isə tam fərqli bir havanın olub “narahatçılığa heç bir səbəb yoxdur sadəcə bir neçə insan ölüb”-deyə rəsmi açıqlama verilməsindən tam olaraq 29 il ötür. Və indi də narahatçılığa heç bir səbəb yoxdur deyirlər. Biz indi narahat olaq və narahat olanları dəyənəklə susdurmayaq ki, gələcəkdə Türk cocuqları sırf Türk olduğuna görə öldürülməsin…

    “İndi narahat olub susmayaq susmayanları da susdurmayaq” deməmin tarixi siyasi bir səbəbi var. Gəlin tarixə baxaq . İl 1828 çar rusiyası yeni tutduğu torpaqda qalmaq üçün bura yeni xristian millət erməniləri köçürdür. Sonra bizə alın bu sizin yeni “kiçik qardaşınız” ona nə istəsə verin deyir. Biz də deyirik yaxşı onlar da “insandırlar” birlikdə yaşayarıq. Tarix keçir zaman dönür il olur 1905. Bu bizim rus “hədiyyəsi kiçik qardaşımız” başlayır bizə qarşı terror etməyə.Və bunları başımıza salan rus görürük ki durub qıraqdan izləyir onları Türkü öldür deyə dəstəkləyir. İl olur 1918 yenə qırğınlar başlayır. Təkcə Bakıda 12 mindən çox Türk həlak olur. Hər nəysə sonra Cumhuriyyət qurulur və bizdən bizim olan torpağı qanuni müqavilə ilə onlara verməyimizi istəyirlər. Onu da edirik heç nə olmaz əsas insanlar qırılmasın deyirik. Sonra 23 aylıq çiçəyimiz də solur. Rus yeni adla bu dəfə kəndli ölkəsiyik kommunistik deyərək yenə bizi əsarətə alır.

    Elə bundan həmən sonra da bir bir torpaqlarımızı verir ” kiçik qardaşımıza” sonra siz bu dövlətdə sivil şəkildə yaşayacaqsınız hamımız insanıq hamımız “qardaşıq” deyib bizi qandırır. Və sonra il olur 1988-1994 və yenə də bu vandallar insanımızı Türkdür deyə öldürürlər. 6 il xalqımız bəla içində yaşayır.Bu da gəlib keçir il olur 2021 müharibədən qalib çıxmış ölkəmizin 30 il əvvəl qətliam törədilmiş tarixi torpaqlarında yenə də erməni rus hərbi birləşmələri var.

    Hələ sözlər də gəzir ki bəs biz onlarla orda sivil şəkildə yaşayacayıq heç nədən narahat olmayın. 200 ildir dediyiniz sivillik indi saydığım tarixi faktlardısa onda bizə o sivillik lazım deyil ya onlar o torpaqlardan çıxacaqlar ya da biz…

    Biz onlara çox inandıq artıq yalanlara toxuq…

    Ərturqut Şərəfxanlı

    VHP Gənclər Təşkilatının üzvü

  • VHP-nin Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının il dönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliamdan 29 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.

    Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və s. genosid aktlarına bərabərdir. Çox təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yumdu. İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Ərazi bütövlüyümüzün təminatı və işğalçının cəzalanması Azərbaycan xalqının milli birliyinə güvənən qəjhrəman ordumuz sayəsində həyata keçirildi.

    Bu gün biz Xocalı faciəsinin ağrısını düşmənə layiqli cavabını vermək və torpaqlarımızın azad olunması təskinliyi ilə qeyd edirik. Vətəndaş Həmrəyliyi Partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı bildirir ki, dünya birliyi erməni faşizminə gərəkən qiyməti verməlidir. Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca erməni faşizminin Qafqazda sülhə qarşı təhdidi bitməyəcək.

  • Samir Əsədli: “Bizim ideyamız vətəndaş həmrəyliyidir”

    Azərbaycan həmişə “ideologiyalar qəbiristanlığı” olub. Ölkədə heç vaxt partiyalar ideoloji təmayüllərinə görə fəaliyyət göstərməyiblər. Onları ya fiqurlar, ya da opponentinə qarşı mübarizə birləşdirib. O nöqteyi-nəzərdən, Azərbaycanda solçu, yaxud sağçı və liberal yönümlü siyasi təşkilatlar deyil, sədrlərinə büt kimi baxan, nicatı Qərbdə və ya Amerikada görən partiyalar olub. Türkiyədən fərqli olaraq, bizdə sosial-demokratlar, millətçilər, mühafizəkarlar, liberallar, islamçılar ideoloji baxışlarına bölünməyiblər.

    “Yeni Müsavat” xəbər verir ki, REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də bu məsələni gündəmə gətirib. O, iddia edir ki, ölkədə ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. “Bu gün ərazimizdə rus əsgərinin olması o ”azarkeş” kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək. Bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var. İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın”, – deyə REAL-çı bildirib.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, N.Cəfərli maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, həqiqətən siyasi partiyalar ideoloji əsaslarla formalaşmayıblar: “Sovet vaxtı bir partiya olub, hamı ona üzv idi. Müstəqillik vaxtı partiyalaşma başladı, Xalq Cəbhəsi parçalandı, təşkilatlar yarandı. İnsanlar bir-birinə yaxınlığı əsasında siyasi təşkilatlar təsis edirdilər. Amma hər bir partiyanın öz xətti olmalıdır. Məsələn, bizim ideyamız vətəndaş həmrəyliyidir. Bu istiqaməti gözləməyə çalışırıq. Amma tam ideoloji baza üzərində qurulmayıb”.
    S.Əsədli qeyd etdi ki, partiyada solçusu, liberalı, millətçisi var: “Bu da partiyaların formalaşmaması ilə bağlıdır. Partiya var ki, sədri millətçidir, yönü tamamilə başqadır. Bunlar zamanla həllini tapmalıdır. Biz çalışırıq ki, bu ölkənin vətəndaşıdırsa, millətinə, etnik mənsubiyyətinə, dini baxışına fərq qoymadan üzv edirik, irəli çəkirik. Bizim gürcü, talış, tat, kürd təşkilat sədrlərimiz var, bir rus Məclisə seçilib, yəni partiyanın adına uyğun olaraq Azərbaycan vətəndaşı olan insanları təşkilata cəlb edirik. Əslində VHP sağ-mərkəzçi partiya kimi görünür, lideri Sabir Rüstəmxanlı özü millətçidir, bununla belə, Sabir bəy heç vaxt milli kimliyə fərq qoymur, ayrı-seçkilik yoxdur”.

    KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə partiyalar sədrə simpatiya üzərinə qurulmur: “Azərbaycanda bunun üçün bir dəfə azad seçki keçirilməlidir, seçki sistemi düzəlməlidir. Ondan sonra partiyalarda bu məsələ inkişafını tapacaq. Ölkədə proprosional seçki sistemi tətbiq olunsa, partiyalarda ideoloji və demokratik açılım olacaq”. X.Teyyublunun fikrincə, proporsional seçki sistemi olmadığı üçün sədr uzun müddət partiyaya rəhbərlik və nüfuz edə bilir, öz avtoritarlığını ortaya qoyur. KXCP funksioneri düşünür ki, partiyaların ideoloji bağlılığı var, amma ölkədə ideoloji mübarizə, fikir toqquşması yoxdur.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

  • “Ermənilər minalanmış ərazilərin xəritəsini vermirlər deyə davaya başlayası deyilik”

    “Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır”.
    Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, Rusiya Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi üçün təsirədici qüvvə kimi çıxış edə bilər.

    Partiya sədrinin sözlərinə görə, əgər  xəritə verilmirsə, Azərbaycan tərəfi öz gücü və dost dövlətlərin dəstəyi hesabına əraziləri minalardan təmizləməlidir: “Əks halda, onlar xəritə vermirlər deyə yenidən davaya başlayası deyilik. Hətta xəritə verildiyi halda belə, yenə də yoxlanış aparmaq vacibdir, onların təqdim etdiyinə güvənmək olmaz. Hesab edirəm ki, bu məsələdə Rusiyanın bizə kömək etmək imkanı var. Çox güman ki, Rusiyanın aiddiyatı orqanlarında minalanmış ərazilərin xəritəsinin bir nüsxəsi saxlanılır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi Rusiya rəhbərliyinə müraciət edə bilər”.

    Nəzrin Cavid