Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • İcra başçılarına parkları məhv etdiklərinə görə medal verilsin – Sabir Rüstəmxanlı – VİDEO

    “Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
    Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.

  • Partiyalar hansı işləri görür?- “Elə bir gün yoxdur ki, tədbirimiz olmasın”… VİDEO

    Son zamanlar demək olar ki, müxalifət partiyaları siyasi səhnədə heç bir aktivlik göstərmirlər.
    Burada söhbət hansısa mitinq, piket planlarından getmir. Çünki mitinq, piket dövrünün bitdiyini müxalifətçilər özləri də etiraf edir.

    Ancaq dünya təcrübəsində müxalifətin işi yalnız piket keçirmək, seçkidən seçkiyə fəallaşmaqdan ibarət deyil. Normalda müxalifət partiyaları siyasi, elmi, ictimai məsələlərə dair konfranslar keçirir, ideyalar verir, faydalı işlərlə məşğul olurlar.

    Bəs bizim müxalifət partiyaları bu cür təcrübələrdən niyə yararlanmır? Ümumiyyətlə, müxalifət partiyalarının qərargahlarında hansısa müzakirələr, aktivlik varmı?

    Mövzu ilə bağlı Tv Müsavat-ın əməkdaşları Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında olub, sədr və üzvlərinin fikirlərini öyrənib.

  • VHP baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir

    Jurnalist Aytən Məmmədova mayın 8-i tarixində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində axşam saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. Jurnalistlə birlikdə liftə daxil olan şəxs bıçağı onun boğazına dirəyərək hədələyib. Aytəni adını çəkmədiyi məhkəmə işindən yazdığı reportajlara görə təhdid edib, öz həyatı, övladı ilə qorxudub.

    Aytən Məmmədova 10 yaşlı Nərmini qətlə yetirməkdə şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun məhkəməsindən ardıcıl reportajlar hazırlayıb, Süleymanovun işgəncələrə məruz qalması haqda məhkəmədə səslənən fikirlər, söylənən faktlar ilə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırıb.  Aytən Məmmədova güman edir ki, ona qarşı olan hücum 10 yaşlı Nərmin Quliyevanın qətl işi ilə əlaqəli ola bilər.

    Vətəndaş Həmrəyliyi Partiyası baş vermis hadisəni qətiyyətlə pisləyərək bunu azad media fəaliyyətinə qarşı atılmış addım hesab edir. Əgər hüquq mühafizə orqanları bu faktla bağlı lazımı tədbir görməzsə, baş verən hadisə, öz peşə vəzifəsini yerinə yetirən bir jurnalistə qarşı deyil, bütövlükdə söz və ifadə azadlığına qarşı bir basqının göstəricisi kimi qiymətləndiriləcək. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi hadisəni ən yüksək səviyyədə nəzarətə götürməsi günahkarın tezliklə tapılıb məsuliyyətə cəlb ediləcəyinə əminlik yaradır. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin tapılıb, cəzalandırılması zəruridir. İnanırıq ki, ən yaxın zamanda hadisəni törədən şəxs tapılaraq cəzalandırılacaq.

  • Sabir Rüstəmxanlı Türk dünyası mədəniyyət festivalında – ÇIXIŞ

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Antalyada keçirilən Türk dünyası mədəniyyət festivalında çıxış edib.

     

  • VHP-nin İranın Şuşa qurultayı təxribatına sərt bəyanat

    Vətəndaş Həmrəyliyi Partiyasınından İranın Şuşa qurultayı təxribatına sərt bəyanat

    Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi qismində iştirak edən Vəli Kaleci adlı şəxs ölkə başçısına ünvanladığı sualda bikdirdi ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iranlı azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı çıxışlar ediblər və niyə Azərbaycan tərəfi rəsmi qaydada buna etirazını bildirmir? Azərbaycan Prezidentinin cavabı mükəmməl və yerində idi. Amma İrandan gələn bu təxribatçı mesajla bağlı Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəzi məqamları geniş ifadə etmək vacib bilirik.
    Hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında da, ikincidə də İran rəsmiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edib, təhdid mesajları göndəriblər. Məsələn, Prezident İlham Əliyev o vaxt “mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm” deyəndə İran tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bunu çox böyük qısqanclıqla qarşılamışdı. Burada “xain xoflu olar” məsələsi var.
    İranda hər il ənənəvi olaraq dünya ermənilərinin ümumerməni toplantısı keçirilirdi. Özü də, bu tədbir Qarakilsə tərəfdə, Cənubi Azərbaycanın Çaldıran şəhəri yaxınlığında təşkil olunurdu. Oraya dünyanın müxtəlif yerlərində yaşayan ermənilər gəlirdilər, danışırdılar, yeyib-içib, gülüb-oynayıb dağılışırdılar. Bu tədbirə İranın mədəniyyət adamları, hətta çox vaxt mədəniyyət naziri, rəsmiləri qatılırdı. İran dünya ermənilərinin bu tədbirinə ev sahibliyi etməyindən çox böyük iftixarla danışırdı. İndi dünya azərbaycanlılarının qədim Azərbaycan şəhərinə toplanması, qurultay keçirməsi İrandakı dairələri niyə qıcıqlandırır? Axı Güneydə, Dərbənddə, Borçalıda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağın azad olunmasını istəyirdilər. İndi Qarabağ işğaldan qurtulub, Şuşada azərbaycanlılar Zəfər Qurultayı ilə bunu bayram edirlər. Bunun İranı narahat edəcək bir tərəfi yoxdur və ola bilməz.
    Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, İran hakimiyyəti üzdə gülür, arxada da “pambıqla baş kəsir”. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan danışırlar, digər yandan ölkəmizə qarşı hədyan fikirlər səsləndirməkdədirlər.
    İran həmişə ölkəmizə qarşı qərəzli münasibət bəsləyib. Biz buna Qarabağ müharibəsində şahid olmuşuq. İranda bir dənə də olsun azərbaycan dilində məktəb yoxdur. Soydaşlarımıza öz ana dillərində tədris mərkəzləri və nəşriyyat açmaq imkanları verilmir. Bütün haqları əllərindən alınmaqla bərabər, onlara qarşı repressiyalar tətbiq olunur. Tehran dünya azərbaycanlılarının bu məsələləri gündəmə gətirəcəyindən qorxur. Azərbaycanın güclənməsi və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir-birlərinə həmrəy olması İranda Azərbaycan türklərinin azadlıq hərəkatına çox böyük təsiri olacaq. Vətəndaş Həmrəyliyi Partiyası o inamı ifadə edir ki, gec-tez cənublu soydaşlarımız öz milli haqları və azadlıqları uğrunda mübarizəyə əl ataraq İranın imperalist dövrünə son qoyacaqlar. Cənubi Azərbaycan onsuzda öz azadlığına və müstəqilliyinə qovuşacaq.

  • Samir Əsədli: “Ərdoğanı ağır vasitəçilik missiyası gözləyir”

    Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin səylərindən asılı olacaq
       Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Xatırladaq ki, Ərdoğanla Ukrayna rəhbəri V.Zelenski arasında da telefon əlaqəsi olub. Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq. 
    Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”. Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri diqqətə çatdırıb. Ukraynanın bəzi şəhərlərinə hücumların davam etdirildiyini deyən prezident Rusiyaya qarşı daha çox sanksiyaların tətbiq edilməsini tələb edib.
    Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə də Ankaranın münaqişənin həllində vasitəçilik missiyasından söhbət açıb. Səfir bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya ilə normal əlaqələri olan bir ölkədir: “Biz bu əlaqələrimizi Ukraynada silahların susması üçün aktiv şəkildə istifadə etmək əzmindəyik. Müharibə başladıqdan sonra iki ölkə arasındakı ilk üst səviyyədə görüş martın əvvəli Antalyada xarici işlər nazirləri arasında baş tutdu. Bu görüşün ardınca bizim nazir Moskvaya və Lvova səfər etdi və bunun nəticəsində də iki tərəfin müzakirələrini İstanbulda bir araya gətirdik. İstanbuldakı görüşdən sonra bəzi perspektivlər meydana gəldi. Lakin təəssüf ki, bundan sonra Buça və İrpendə baş verən üzücü görüntülər ortaya çıxdı. Təbii ki, biz də Türkiyə olaraq bu müzakirələrin davamı və maksimum pozitiv nəticələr qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.
     
    Türkiyənin vasitəçiliyi ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Ukrayna savaşının nə qədər davam edəcəyi bilinmir. Ancaq savaş uzandıqca, hər iki tərəfdən itkilərin sayı artır. Humanitar vəziyyət ağırlaşır, dağıntıların əhatə dairəsi sürətlə genişlənir və mövcud vəziyyətin nəticələrinin aradan qaldırılması imkanları azalır:
     “Təbii ki, belə vəziyyətdə savaşın durdurulmasında maraqlı olan dövlətlərin vasitəçilik missiyasının əhəmiyyəti artmış olur. Belə missiyanı üzərinə götürməyə hazır olan və bu imkanlara sahib dövlətlər qlobal savaş təhlükəsi vəd edən bu savaşdan çıxış şanslarını dəyərləndirməyə çalışırlar. Ancaq savaşın dayandırılmasında maraqlı olan səmimi dövlətlərin sayı məhduddur. Rusiya və Ukrayna arasında vasitəçilik missiyası üçün ilk növbədə hər iki tərəfin güvənə biləcəyi ölkə statusu olduqca vacibdir. Hələlik belə ölkələrin sırasında Türkiyə ön plana çıxmış kimi görünür. Rəsmi Ankara vasitəçilik missiyası üçün konkret hərəkətə də keçib. Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri ilə təmasdan sonra Kreml sahibi Vladimir Putinlə də telefon əlaqəsi saxlayıb. Türkiyə prezidenti Rusiya və Ukrayna arasında danışıqların başlamasının vacibliyini vurğulayıb. Ərdoğan Kreml sahibinin diqqətini sülhün yolunun açılmasına yönəlik cəhdlərin önəminə çəkib”.
     
    S.Əsədli vurğulayıb ki, Türkiyə prezidenti Rusiya və Ukrayna arasında savaşı dayandırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmək potensialını sübuta yetirmiş durumdadır:
     “Üstəlik, Kreml sahibi Türkiyə liderinə Rusiyanın münaqişəni həll etmək üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla da dialoqa hazır olduğunu etiraf edib. Türkiyə prezidentini olduqca ağır vasitəçilik missiyası gözləyir. İndiki halda bu ağır missiyanı Türkiyə liderindən başqa üzərinə götürməyə maraqlı rəhbər yoxdur. Rusiya və Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin vasitəçilik missiyasından asılı hala gəlmiş kimidir. Əgər missiya uğur qazanarsa, Türkiyə Qərbin Ukraynada partizan müharibəsi ilə Rusiyanı uzun müddət savaşın içərisində tutmaq planını pozmuş olacaq”.
  • VHP Baydenin qondarma soyqırım bəyanatına etiraz etdi

    Aprel ayının 24-də ABŞ prezidenti Cozef Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatı 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlərə Türkiyə dövləti cavab olaraq bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun üçün hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirsələr də, lakin hər dəfə erməni tərəfi və havadarları  yalanlarının üzə çıxacağından qorxaraq bu təklifi qəbul etməyiblər.

    Bu bəyanata etiraz olaraq Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, ABŞ höküməti ən yeni tarixdə baş vermiş və həqiqi dəlillərlə orta olan Xocalı soyqırımını tanıması daha ədalətli olardl. Bütün sübut olunmuş Xocalı həqiqətini görməzdən gələn ABŞ-in Türkiyəyə saxta ittihamlarla təzyiq göstərməsi yolverilməzdir. Erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz. Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

    Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.

    Riyakarlıq təkcə Baydenin bəyanatı ilə bitmir indi də ABŞ senatorları Amerika Erməni  Milli Komitəsinin və erməni kapitalının təsiri altında “ erməni soyqırımı” yalanını orta məktəb dərsliklərinə salınmasına çalışırlar və bunun üçün büdcədən 10 milyon dollar ayrılıb.

    Təkcə son on illliklərdə ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər bölgələrdə həyata keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız dinc insanların qətlə yetirilməsinin hesabı kimdən sorulmalıdır?

    Vətəndaş Həmrəyliyi Partiyası  ABŞ prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı”nı dəstəkləməsini qətiyyətlə pisləyir. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç bir məqsədlərinə çatmayacaqlar. Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcəkdir

     

     

     

     

     

     

  • Azərbaycan dünyanın mərkəzinə çevrilir, bu universitet mütləq yaradılmalıdır – Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

    Milli Məclisin aprel ayının 12-də keçirilən iclasında millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakıda Dünya Azərbaycanlıları Universitetinin yaradılması təklifi iıə çıxış edib.
     
     
    Bakupost.az -ın əməkdaşı millət vəkili ilə görüşüb, qaldırdığı məslə ilə bağlı bəzi suallara cavab alıb.

    Müsahibəni təqdim edirik:
    – Sabir bəy, belə bir universitetin yaradılması ideyası əvvəldən də var idi, yoxsa yenidir? Yenidirsə, bu zərurət haradan yaranıb?
    – Bu təkliflə ilk dəfədir çıxış edirəm. Dünyada, bölgədə gedən çətin proseslərə baxmayaraq, biz yeni bir tarixin, yeni bir başlanğıcın astanasındayıq. Bizim tariximiz üçün son dərəcə işıqlı, gözəl bir dönəmə qədəm qoyuruq. Bu da ondan ibarətdir ki, illərlə həsrətində, arzusunda olduğumuz Türk Dünyası Birliyi, Türk Dövlətləri Təşkilatı yaranıb. Türk dövlətləri arasında iqtisadi, mədəni, mənəvi, siyasi əlaqələr güclənir. Müxtəlif ortaq qurumlar yaranıb. TÜRKSOY-dan başlayaraq türk akademiyası, türk parlamenti və digər başqa təşkilatlar da var. TİKA türk dövlətlərinin inkişafına yardım edir. Xüsusilə Azərbaycan ilə Türkiyə qardaşlığını gücləndirmək, dövlətlər arasında yaxınlığı daha da artırmaq üçün çox ciddi addımlar atır, qanunlar qəbul olunur, nazirliklər arasında müştərək anlaşmalar bağlanılır, bəyanatlar verilir. Şuşa Bəyənnaməsi bunun zirvəsidir. Türk dövlətləri hərəsi öz müstəqilliyini, suverenliyini saxlayır. Amma eyni zamanda bu dövlətlər Avropa Birliyinə bənzər ümumi bir birlik yaradırlar. Burada çox mühüm addımlar atıla bilər. Gömrük, pul, ümumi iqtisadi birlik ola bilər. Belə bir maraqlı proses gedir. Bu prosesin içində Azərbaycan mərkəzi mövqedədir. Azərbaycan öz 50 milyonluq nüfuzu ilə Türkiyə və Türküstan arasında bir körpüdür. Şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu işin bir tərəfidir.

    Ukrayna ilə Rusiya arasında müharibə göstərdi ki, Rusiyaya Avropanın, Amerikanın yanaşması bu gün son dərəcə mənfidir, amma həm də Avropa çox ciddi şəkildə Rusiyadan enerji asılılığı içindədir. Yəni, Rusiyadan qaz, neft, xammal asılılığı var. Ona görə də Rusiyanın haqsız olduğunu bilə-bilə bir çox məsələlərdə qətiyyətli addım ata bilmirlər. Ukraynanın arxasında dayanmaqla ədalət, haqq işi, demokratiyanın, beynəlxalq münasibətlərin tələbləri içində dəstək verirlər. Amma eyni zamanda Rusiyadan enerji asılılığı da qalır. Bunun alternativ variantlarını axtarırlar. Almaniya kansleri deyir ki, biz qısa müddətdə Rusiyadan asılılığa son qoyacağıq. Düzdür, həmin yolları axtarırlar. Norveç dənizində neft və qaz var, amma Avropaya yetmir. İndi Azərbaycan burada həlledici rol oynayır, Türkiyə üzərindən Avropaya qaz verir. Amma bu da yetərli olmaz. Ona görə də ən uğurlu alternativ variant Türkiyə-Azərbaycan üzərindən Türküstana, Mərkəzi Asiyaya çıxmaqdır. Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın böyük yanacaq ehtiyatları var və buna bazar axtarırlar. Hətta Türkmənistan Çinə də qaz verir. Eyni zamanda İranın, İraqın böyük ehtiyatları var. Bütün bunlar Avropanın enerji təhlükəzliyini təmin edə bilər. Türkiyə və Azərbaycan birliyi bu gün Avropa üçün də son dərəcə önəmlidir. Rusiya ilə də münasibətlər qorunur, bu da ayrı bir məsələdir.

    Bu konteksdə Azərbaycanın dünyaya açılması və öz yüksək səviyyəli kadrlarını yetişdirməsi son dərəcə önəmlidir. Bizim ən ciddi qayğımız Güney Azərbaycandır. Yəni İranda yaşayan türklərdir. Onların öz təhsil sistemi var, amma hamı fars dilində oxuyur, öz ana dilində oxumurlar. Təhsilin şaxələnməsi də orada fərqlidir. Ona görə də İrandan Azərbaycana həm türklər, azərbaycanlılar, həm də farslar gəlirlər, bizim universitetlərimizdə oxuyurlar. Daha çox İranın ehtiyacı olduğu ixtisaslar üzrə; eyni zamanda Mədəniyyət Universitetində. Vaxtı ilə mən özüm İrandan öz hesabıma 50 uşaq oxutmuşam. Nazir işlədiyim vaxt. Təhsil haqqı az idi. İndi Tibb Universitetində təhsil haqqın hər tələbə üçün 4 min dollardır.
    Bu il də yenə Güney Azərbaycandan mənə müraciət edənlər var. Ailələr var ki, uşaqlarını Azərbaycanda oxutmaq üçün köçüb gəliblər. Burada ən aşağı işlərdə işləyirlər ki, təki uşağımız ana dilində oxusun. İranda da iqtisadiyyat ağır vəziyyətdədir. Ailələr təhsil haqqını verə bilmirlər.
    Bizim təhsil qanununa görə xaricdə yaşayan soydaşlarımıza Azərbaycanda güzəştlər tanımalıyıq. Heç bir güzəşt yoxdur. Güneydə, başqa yerlərdə yaşayan soydaşlarımız ilə siyasi birliyimiz yoxdur, param-parçadır tarixi Azərbaycan əraziləri. İldən-ilə uçurumlar dərinləşir. Fars məktəblərini bitirənlər fars ağzı ilə danışırlar. Sanki Azərbaycanca danışır, amma farsdan az seçilir.
    Burada oxumaq istəyənlər çoxdur. Lakin çətinliklə üzləşəndə Ermənistana, başqa yerlərə gedirlər. Orada onlar üçün yaxşı şərait yaradırlar. Bu bir siyasətdir. Dəfələrlə universitet rektorlarına, hətta Nazirlər Kabinetinə müraciət etmişik. Vəziyyət dəyişilmir.
    – Azərbaycanda belə bir universitetin yaradılması İranla münasibətlər mənfi təsir göstərməz ki?
    – Bizim İranla yaxşı münasibətlərimiz var və bu münasibətlər qorunmalıdır. Bu gün Azərbaycanda iki Rusiya universitetinin filialı var. Fransız liseyi, fars məktəbi də mövcuddur. İndi İtaliyan universiteti açmaq nəzərdə tutulub. 100 mindən çox gəncimiz rus məktəblərində oxuyur. Bir çox universitetlərimizdə təhsil ingilis dilindədir. Yeni nəslimiz, gəncliyimiz müxtəlif dillərə paylaşa-paylaşa axırda heç Azərbaycan dilində oxuyan qalmayacaq. Hesab edirəm ki, bu gün Türkiyə ilə müştərək universitetin açılması vacibdir. Bir vaxt Qafqaz Universiteti vardı. Məlum oldu ki, Fətullah Gülənin adamlarına bağlıdır və universitet bağlandı. Amma biz Türkiyə dövləti ilə rəsmi anlaşma ilə Azərbaycanda Türkiyə universiteti açmalıyıq. Türkiyə ilə Azərbaycan iş adamları Qarabağın dirçəlişində bir yerdədirlər. Hər iki ölkənin iqtisadiyyatını bilən mütəxəssislər yetişməlidir. Hərbi layihələr həyata keçirmək üçün bu universitet mütəxəssislər yetişdirməlidir. Belə bir universitet həm də dünya azərbaycanlıları üçün qurulmalıdır. Təkcə İrandan gələn azərbaycanlılar üçün yox, həm də Amerikadan, Rusiyadan, Avropadan, İraqdan olan soydaşlarımız üçün bu, böyük hədiyyə olar; orada bir sıra uşaqların dövlət hesabına və yaxud müəyyən güzəştlərlə təhsili təmin olunsa, bu, gələcək milli inkişafımıza son dərəcə ciddi bir təkan verər. Bu gün bu ideyanı mən deyirəm. Güman edirəm bu işə nə qədər tez başlansa o qədər xeyirdir. Bu gün də olmasa, sabah, 3-5 ildən sonra olacaq. Parçalanmış xalqımızın ümumi mədəniyyət mühitinin qorunması üçün belə bir universitetə ehtiyac var. Hesab edirəm ki, Təhsil Nazirliyi və əlaqədar idarələr, Nazirlər Kabineti bu barədə düşünəcək.
    – Bu məsələylə bağlı aidiyyəti qurumlara rəsmi müraciətiniz olacaqmı?
    – Milli Məclis ölkənin ən yüksək tribunasıdır. O eşidilir. Hesab edirəm ki, Azərbaycan Prezidenti belə məsələlərə həssas yanaşır. Sadəcə büdcə problemləri həll olunsa, belə bir universitet dünya azərbaycanlıları üçün çox yaxşı olar. Yaxın vaxtlarda Şuşada dünyadan dəvət olunmuş yüzlərlə azərbaycanlının iştirakı ilə növbəti Dünya Azərbaycanlıları Qurultayı keçiriləcək. Ola bilsin biz iştirak etməyəcəyik. Çünki orada yer məhduddur və daha çox qonaqlar üçün şərait yaradılır. Mən Dünya Azərbaycanlıları ilə Koordinasiya Mərkəzinin üzvüyəm. O mərkəzin üzvü, Dünya Azərbaycanlıları Konqresinin sədri olaraq dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılarla əlaqə saxlayıram. Onların da hamısının istəyi odur ki, belə bir universitet yaradılsın. Ad önəmli deyil. Adını Şərq universiteti də qoymaq olar. Vaxtı ilə bizim Neft-Kimya Institutunda dünyanın müxtəlif ölkələrindən gəlib oxuyurdular. Onların bəziləri gedib öz ölkələrində böyük vəzifələr daşıyıblar, prezident olanı da var. Qarabağ məsələsini anlatmaq üçün onların görüşünü burada keçirmək olar. Bu təklifi o vaxt Diaspor Komitəsinə vermişdim. O vaxt oxutmuşduq, qoy Azərbaycanın təbliğatçısına çevrilsinlər. Dünya Azərbaycanlıları Universiteti öz soydaşlarımıza xidmət edəcək. Azərbaycanın indiki inkişafı fonunda o universitet maddi baxımdan çox böyük ziyan vurmaz. Həm də tələbələrin bir hissəsi öz hesabına oxuyar, bir hissəsi də dövlət hesabına. Orada Azərbaycan tarixi, dili, mədəniyyəti də yüksək səviyyədə öyrədilə bilər. Buradan gedənlər də Azərbaycanın dostu, övladı kimi dünyanın hər yerində çalışarlar. Hökmən deyil ki, universitet Bakıda yerləşsin, Şuşada, Füzulidə ola bilər. Adını Şərq və ya Füzuli universiteti də qoymaq olar, amma dünya azərbaycanlıları üçün olsun.
    Türkiyənin demək ola ki, bütün universitetlərinə azərbaycanlı müəllimlər var. Təbii ki, Türkiyədən də bura gələnlər var. Həmin universitetlərdən, dünyanın müxtəlif yerlərində yaşayan görkəmli mütəxəssislərimizdən bəzilərini bu işə cəlb edə bilərik. Bir sözlə Azərbaycanda nümunəvi, gözəl bir universitet yaratmaq olar.
    – Güneydən Azərbayacana oxumaq üçün gələnləri sayı çoxdur?
    – Əvvəl daha çox idi. İndi biz az azalıb. Kərkükdən də gəlmək istəyənlər vardı. Belə bir şərait yaransa təbii ki, müəyyən limit olacaq. Dövlət qapıları açıb hər kəsi ora buraxmaz. Şübhəsiz tələb çox böyükdür. Amma eyni zamanda imkanlar da nəzərə alınacaq. Soydaşlarımız İraqda, İranda ərəb əlifbası ilə oxuyurlar. Burda latın qrafikasını daha yaxşı öyrənəcəklər. Harada azərbaycanlılar yaşayır bizim onlarla ciddi mənəvi körpülərimiz salınmalıdır. Biz bu gün İrana deyə bilmirik ki, bizim orada yaşayan 35-40 milyon soydaşımız üçün məktəb açın. Arada da deyirlər ki, biz hazırıq, amma müəllim yoxdur. O müəllimləri biz yetişdirə bilərik. Sadəcə əlifbanı bilməklə, 3-5 şeir əzbərləməklə müəllim olmur. Pedaqogika ciddi bir işdir. Gec-tez İranda türk dilində məktəblər açılacaq. İran parlamentində də bu tələb səslənir. Bəhanə olmaması üçün mütəxəssis yetişməlidir. Azərbaycan ilə İranın münasibətləri inkişaf edir. Günün birində İran ilə bunu da anlaşmaq olar ki, soydaşlarımız üçün ana dilində məktəblər olsun.
    – Qeyd etdiniz ki, indi İrandan Ermənistana axın çoxalıb, orda daha münbit şərait yaradılır, güzəştlər edilir. Nədən ibarətdir bu şərait, güzəşt?
    – Əslində, bu, bir siyasətdir. Ermənistana getmək, orda təhsil almaq daha ucuz başa gəlir. Fikir verin, Novruz bayramında bizə Güneydən on minlərlə qonaq gəlirdi. İndi həmin o adamların üzü dönüb Ermənistana. Niyə? Səbəb bizdəki bahalıq və bürokratik əngəllərdir. Dünya azərbaycanlılarının növbəti qurultayında Qələbəmiz, Qarabağda görülən işlər haqqında danışacağıq, hamı böyük sevinclə qulaq asıb gedəcək. Amma suallar da səslənir ki, Azərbaycanın sərhədləri niyə bağlıdır? Rusiya Dağıstan üzərindən Gürcüstana gedə bilir, amma Azərbaycanın hər tərəfindən quru sərhədləri bağlıdır. Niyə? Bu xəstəlik artıq qurtarıb.
    Universitet məsələsi parçalanmış Azərbaycanın milli siyasəti olmaqla yanaşı, eyni zamanda türk dünyasının gələcəyinə yönəlmiş və birlik siyasətinə yardım etmək üçün atılan bir addımdır. Təhsildən yüksək dəyər və əlaqə vasitəsi yoxdur.

  • Samir Əsədli: “Avropa İttifaqının tərəfləri sülhə yaxınlaşdırması faktiki olaraq Minsk qrupunun üzərindən xətt çəkib”

    Brüssel razılaşması yeni vəziyyət yaradıb

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək taleyinin necə olacağını bilmədiyini deyib. Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib ki, bu qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyilə bağlıdır. Onun sözlərindən belə məlum olub ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib: “Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob çılğınlıqla, Rusiya Federasiyası ilə bağlı hər şeyi ləğv etmək cəhdi ilə bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər. Əgər onlar Qarabağda və bütövlükdə Zaqafqaziyada nizamlama maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”. 
     
    Rusiya XİN rəhbəri vurğulayıb ki, fransalı və amerikalı tərəfdaşları Moskva ilə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT-in Minsk qrupunun həmsədrlər “üçlüyü”nü də ləğv ediblər: “Rusiya belə yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir”. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasına çağırış edib.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin birgə bəyanatları, ardınca Brüsseldə keçirilən görüşlər yeni vəziyyət yaradıb. Partiya təmsilçisinin sözlərinə  görə, Azərbaycan-Ermənistan konfliktinin həlli ilə bağlı proses faktiki olaraq ATƏT-in Minsk qrupu çərçivəsində getmir:
     “Əslində Rusiyanın baş diplomatının son fikirləri ara qarışdırmağa xidmət edir. Avropa İttifaqının rəhbəri Minsk qrupundan danışmır. Tərəflər özləri danışıqlar nəticəsində sülh sazişi imzalanacağına ümid ifadə edirlər. Faktiki olaraq Rusiya münaqişənin həllində iştirakdan kənarlaşmaqdadır və bunun həyəcanını yaşayır. Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdə “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək” bəyanatı Kremlin niyyətini tam şəkildə ortaya qoyur”.
     
    S.Əsədli bəyan edib ki, ATƏT-in Minsk qrupunun “fəaliyyətinə” Azərbaycanın müzəffər ordusu son qoyub:
     “Azərbaycan əsgəri BMT-nin 4 qətnaməsini özü icra edərək erməni işğalına son verdi, tarixi torpaqlarımızı azad etdi. Minsk qrupu keçmiş tarixdir. Qrupda 11 üzv olmasına baxmayaraq, üç həmsədr ölkə institutu təsir altında saxlayırdı. Xüsusilə, Rusiya və Fransa bu məsələdə canfəşanlıq edirdi. Sentyabrın 27-dən etibarən Fransa ermənipərəst mövqeyini gizlədə bilmədi və açıq şəkildə erməni işğalçılarına dəstək verdi. Rusiya da açıq-aşkar Ermənistana hərbi yardım göstərdi. Bu faktların özü Fransa və Rusiyanın vasitəçiliyinin üstündən xətt çəkməyə kifayət edir. Üçlü həmsədr formatı de-fakto mövcudluğunu itirib”.

  • VHP Lənkəranda bölgə müşavirəsi keçirdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lənkəran, Lerik, Astara, Cəlilabad və Masallı təşkilatlarının rəhbərləri ilə bölgə müşavirəsi keçirildi.

    Müşavirədə partiyanın, rayon təşkilatlarının fəaliyyəti, VHP-nin 30 illik yubileyi və qarşıda duran işlər müzakirə edilib.
    VHP sədrinin müavini Samir Əsədli ictimai-siyasi vəziyyət, qarşıda duran işlər, Masallı rayon təşkilatının sədri Faiq Ağayev, Lerik rayon təşkilatının sədri Həşim Nəsirov, Astara rayon təşkilatının sədri Səfərəli Teymurzadə, Cəlilabad rayon təşkilatının sədr müavini Elbrus Əhmədov çıxış edərək rayon təşkilatlarının fəaliyyətindən danışıblar.