Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP üzvləri II Şəhidlər Xiyabanını ziyarət etdi

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası fəalları Aprel döyüşlərinin ildönümü ilə bağlı İkinci Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, VHP Siyasi Şurasının üzvü Faiq Balabəyli, VHP Ali Məclisinin üzvü Mədət Rüstəmxanlı, DAK İdarə Heyətinin üzvü, şair-publisist Babək Muğanlı və digərləri çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

    Xatırladaq ki, 2016-cı il  aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. Düşmənə on dəfələrlə ağır itki verilib,strateji Lələtəpə yüksəkliyi azad edilib.

     

    Faiq Balabəyli,

     

     

  • Fəzail İbrahimli: “Delyaginin aqibəti ermənipərəstlərə cavab oldu”

    “Rusiya Federasiyasının Dövlət Dumasının deputatı, İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı sərsəm çıxışı hələ də gündəmdədir. Bu ermənipərəst qüvvələrə xidmət edənlər üçün cəsarət olmamalıdır”.

    Bu sözləri  Milli Məclisin vitse-spikeri, VHP sədrinin Birinci müavini Fəzail İbrahimli deyib. O xatırladıb ki, Azərbaycan tərəfi deputatlar səviyyəsində, rəsmi formada məsələyə münasibət bildirib: “Mixail Delyagin Rusiya Dövlət Dumasında xüsusi diqqət çəkən deputat olmayıb. Onun söylədiyi fikirlər deputat kimi səlahiyyətini qavramamağından irəli gəlir.

    Delyaginin düşüncəsi, beynəlxalq məsələlərlə bağlı tutumu budursa, çox təəssüf! Belə bir şəxsin Rusiya Dövlət Dumasında təmsil olunması təəssüf doğurur. Əgər kiminsə sifarişini yerinə yetirirsə, çox güman ki, ermənilər və ya ermənipərəst qüvvələrə xidmət edir.

    Azərbaycanla bağlı belə fikrin ortaya atılması, Rusiyanın dünya səviyyəsində təkləndiyi, dünyanın qonşumuzun üzərinə gəldiyi, beynəlxalq sanksiyaların rəsmi Moskvanı sıxışdırdığı dövrdə Rusiya ilə kifayət qədər isti, qonşuluq münasibəti, müttəfiqlik müqaviləsi olan dövlətlə bir deputatın bu formada danışması qəbul edilməzdir. Amma sərsəm çıxış, qeyri-ciddi baxış, çəkisi olmayan bir insanın düşüncəsi olsa da, Azərbaycana qarşı yönəlmiş ciddi təhdiddən söhbət gedir. Deputatın üzr istəməyi sübut edir ki, dediklərinin mahiyyətini dərk etmədən danışıb, hansısa sifarişi yerinə yetirib. Azərbaycan tərəfi buna laqeyd qalmadı, cinayət işi açıldı, Delyagin beynəlxalq axtarışa verildi. Onun üzr istəməsindən asılı olmayaraq, müvafiq addım atıldı. Azərbaycan tərəfinin bu mövqeyi, qərəzli deputatı əməllə başa salması tutarlı cavab idi. Əsas odur ki, bundan sonra Delyagin kimi xarici sifarişə xidmət edən şəxslərin cəsarətlənməsinin qarşısı alındı. Çünki Rusiyanın özündə də bununla bağlı ciddi addımlar atılıb. Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyənlərin cavabı belə olmalı idi”.

     

    Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyagin “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramındakı çıxışı zamanı Azərbaycanın neft sənayesini bombalamaqla hədələyib.

  • “Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq”

    Vətəndaş Həmrəyliyi Partiyasının Bəyanatı

    Bu günlərdər daha bir milli faciəmizin ildönümünü yaşayırıq. 1918-ci ilin mart ayının sonunda bütün Cənubi Qafqazda erməni daşnak ordusu xalqımıza qarşı misli görünməmiş soyqırım həyata keşirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı nəticəsində Şamaxıda 8 minədək, Bakıda 12 mindən çox dinc sakini öldürülmüşdü. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə məhv edilmişdi. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdi. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Bütövlükdə, Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdü. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdi. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə verilən siyasi qiymət idi. 1988-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı etnik zəmində cinayətlər törətmək siyasətini davam etdirdi. Yüz minlərlə azərbaycanlı yurdundan qovuldu. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş, azğınlaşmış erməni faşistləri qədim Azərbaycan şəhəri olan Xocalını yerlə-yeksan etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

    BMT Baş Məclisinin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında, ardınca əsrin sonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımıdır. Ermənistan silahlı qüvvələri 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycana qarşı növbəti hərbi təxribata cavab olaraq başlanılan hərbi əməliyyatlar zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc insanlarını məqsədyönlü şəkildə raket hücumlarının hədəfinə çevirdi. Tarix boyu dəfələrlə ermənilərin soyqırımılarına məruz qalmasına baxmayaraq, Azərbaycan 44 günlük Vətən müharibəsində daima humanizm prinsipini əsas götürmüş, müharibəni yalnız əlisilahlı düşmən əsgərinə qarşı aparmışdır. Hətta Gəncənin, Tərtərin, Bərdənin, Mingəçevirin bombalandığı günlərdə belə Ordumuz ancaq cəbhədə savaş vermişdir. Məhz bu əxlaq kodeksi Ermənistanla Azərbaycan arasındakı ən böyük fərqdir. Azərbaycan nə olursa olsun mülki insanları hədəf almır, humanizm prinsiplərindən əl çəkmir, Ermənistan isə hətta indiki sivil dünyada belə tarix boyu göstərdiyi qəddarlığı, faşizm meyllərini kənara qoya bilmir, məqsədinə gedən yolda qadın, qoca, uşaq demədən mülki insanların canına qəsd edir.

    Biz, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən cinayətləri, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan soyqırımı qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Ermənistanı öz beynəlxalq öhdəliklərinə riayət etməyə çağırırıq.

    Vətəndaş Həmrəyliyi Partiyası beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq. Ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunmasını tələb edirik.

  • Samir Əsədli: “Rusiya anlamalıdır ki, zorla sevgi olmur”

    İrəvanda Sorosun əlinə baxan QHT-lər susdu, azərbaycanlılar isə Rusiyanın hərbi təcavüzünü pislədi; Vətəndaş Həmrəyliyi Partiyası: “Bu, bizim cəmiyyətin insan haqlarına hörmətidir”

    Azərbaycanda vətəndaş cəmiyyəti Rusiya-Ukrayna müharibəsinə münasibətdə də öz mövqeyini açıq şəkildə ortaya qoydu. Müharibənin başlanğıcının ilk günlərində Bakıdakı Ukrayna səfirliyi qarşısında vətəndaş cəmiyyəti fəallarının keçirdiyi dəstək aksiyası buna bariz nümunədir. “Yeni Müsavat” bildirir ki, bununla tanınmışlar, cəmiyyətin fəal üzvləri, ictimai aktivistlər Ukrayna xalqının yanında olduqlarını, bu dövlətin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər. Təbii ki, vətəndaş cəmiyyətinin fəallığının, güclənməsinin belə situasiyalarda necə zəruri olduğunu üzə çıxarır. Bəzən rəsmi səviyyədə çılpaqlığı ilə dilə gətirilməyənləri məhz vətəndaş cəmiyyəti bəyan edə, nümayiş etdirə bilir. Bu halda ictimai rəy göstərir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü xalq olaraq pisləyirik.

    Ona görə vətəndaş cəmiyyətinin güclənməsinə təkan vermək, dövlətin maraqlarından çıxış etməsinə şərait yaratmaq, QHT-lərin bu istiqamətdə üzləşdiyi məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Misal üçün, Ermənistanda vətəndaş cəmiyyəti bu sınaqdan rəzil vəziyyətdə çıxdı. Onlar Rusiyanı dəstəklədilər. Halbuki bugünlərdə Soros tərəfindən qrantların əsasən Paşinyan hakimiyyətinə yaxın QHT-lərə ayrıldığı məlum olmuşdu. Bununla belə, həmin qərbpərəst təşkilatlar, vətəndaş cəmiyyəti fəalları heç də Ukraynanın yanında olmadılar. Azərbaycanın vətəndaş cəmiyyəti isə bu mərhələdə də xalqın istəklərini dilə gətirdi.

    Yeri gəlmişkən, Britaniyanın “Chatham House” institutunun eksperti Kate Mallinsonun sözlərinə görə, postsovet ölkələri pərdəarxasında Moskvanın görünməz əlini hiss edəcəklər, Rusiya öz təsir dairəsindəkilərə təzyiqini artıracaq və onları özünün prioritetlərinə daha çox uyğunlaşmağa məcbur edəcək. Onun fikrincə, bu ölkələrin hakimiyyətləri Ukraynadakı müharibə haqda mümkün qədər az danışmağa çalışsalar da, müxalifət, vətəndaş cəmiyyəti və media qurumları açıq şəkildə münaqişədə tərəf olurlar. Bununla belə, Azərbaycan cəmiyyəti və müxalifəti Ukraynanı dəstəkləyir, Bakıda Ukraynaya dəstək aksiyaları keçirilib. Hətta Milli Şura aprelin 2-də Ukraynaya dəstək üçün icazəli mitinq keçirməyi planlaşdırır, Bakı meriyasına məktub ünvanlanması gözlənilir. Bütün bunlar vətəndaş cəmiyyətinin Rusiya-Ukrayna müharibəsində hansı tərəfin yanında dayandığını əks etdirir.

    Bu fikirləri “Yeni Müsavat”la bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, vətəndaş cəmiyyətinin tutduğu mövqe təsadüfi deyil. VHP rəsmisinin fikrincə, bu, cəmiyyətin insan hüquqlarına, ölkələrin suverenliyinə hörmətindən irəli gəlir. S.Əsədlinin fikrincə, Azərbaycan işğalla üzləşmiş, torpaqları qəsb edilmiş, əliyalın insanları qətlə yetirilmiş bir tale yaşayıb: “Əlbəttə ki, indi Rusiyanın hərbi təcavüzü ilə üzləşən Ukraynanın yanında olmalıydı. Ümumiyyətlə, ilk gündən demokratik düşərgə, vətəndaş cəmiyyəti Ukrayna xalqını dəstəkləyib, rus ordusunun şəhərləri viran qoymasını pisləyib. Bizim cəmiyyətdən fərqli yanaşma gözləyə də bilməzdik. Odur ki, Ukrayna səfirliyi qarşısında dəstək aksiyası keçirildi, Putin hakimiyyətinin və ordusunun addımları pislənildi və Kreml Azərbaycanda ictimai rəyin nədən ibarət olduğunu gördü. Eyni zamanda Ukrayna xalqı da azərbaycanlıların haqqın yanında dayandığına şahid oldu. Rusiya anlamalıdır ki, zorla sevgi olmur, Putin bilməlidir ki, qonşu ölkələr niyə ondan uzaqlaşırlar…

    Üstəlik, Azərbaycanda vətəndaş cəmiyyəti Qazaxıstanda gedən proseslərdə də KTMT-nin bu ölkəyə daxil olmasını pisləmişdi və sosial şəbəkələrdə etirazını nümayiş etdirmişdi. Bizim cəmiyyət işğalçının yanında deyil, hər zaman qarşısında olub. Bu mənada bir aydan çoxdur davam edən müharibədə Azərbaycan cəmiyyətinin mövqeyi aydın və dəqiqdir”.

    S.Əsədlinin sözlərinə görə, Azərbaycandan Ukrayna ordusuna könüllü qoşulmaq təşəbbüsləri də olub, o cümlədən Kiyevdə, Xarkovda və digər şəhərlərdə yaşayan azərbaycanlılar ukraynalılara ərzaq yardımları ediblər: “Azərbaycan dövləti də Ukraynaya 5 milyon avroluq humanitar yardım göndərməklə, əslində bizim cəmiyyətin mövqeyinə şərik oldu. Ona görə vətəndaş cəmiyyəti inkişaf etməlidir, ona imkanlar yaradılmalıdır ki, önə çıxa bilsin, xalqın fikrini ifadə etsin. Bu, diplomatiyada da kifayət qədər vacib faktorlardan biridir. Həmçinin Qarabağdakı rus sülhməramlılarının davranışları ilə bağlı vətəndaş cəmiyyətinin mövqeyi olmalıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin güclənməsi dövlətin öz marağında olmalıdır və bu istiqamətdə bir sıra problemlər həllini tapmalıdır”.

    Hazırladı: Emil SALAMOĞLU

    Yeni Müsavat

  • VHP-dən Qarabağın tam azadlığına çağırış:”Dövlətin və ordunun yanındayıq”

    Son günlər Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində erməni separatçılarının təxribatları ciddi narahatçılıq doğurur. Zəfər Savaşından sonra darmadağın olan erməni hərbçiləri hərbi əməliyyatlarının dayanmasında istifadə edərək dəfələrlə təxribatlar törətmişdir. Bu müddət ərzində dəfələrlə sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqlarından mülki əhaliyə və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açılmışdır. Düzdür, hərbçilərimiz hər dəfə bu təxribatların layiqincə cavabını vermişdir, amma belə separatçı əməllərə sülhməramlı adlandırılan rus hərbçilərinin susqunluğu təəssüf və etiraz doğirur. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Təəssüf ki, Rusiya mütəmadi olaraq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atır. Rusiyanın bölgə ilə bağlı yeni xəritə təqdim etməsi, “Dağlıq Qarabağ” adlı hüquqi qurumdan danışması, terorçu erməni yaraqlılıarını açıq himayə etməsi, qondarma icmalar yaratması və digər addımları Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilməlidir.
    Azərbaycan ordusunun bölmələrinin keçmiş Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki  Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməsinə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən reaksiya isə bütün beynəlxalq hüquq normalarına, dinc qonşuluq münasibətlərinə daban dabana ziddir. Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Əslində 10 noyabr bəyanatına görə Rusiya sülhməramlılarının görməli olduğu işi Azərbaycan tərəfi həyata keçirib. Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə bu gün dünya çapında düşmən mövqedə duran Rusiya və ABŞ-ın eyni qərəzlə yanaşması böyük təəssüf doğurur.
    30 il müddətində dünyanın supergüclərinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun, dünyada sülhün və dövlət suverenliyinin qarantı sayılan BMT-nin bacarmadığını Azərbaycan ordusu 44 günə gerçəkləşdirərək beynəlxalq hüququ yerinə yetirdi.
    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin hər şeydən üstün olduğunu əsas götürərək bütün ərazilərdə separatçı hərbi birləşmələrin ləğv edilərək ölkə ərazisində dövlət hüquqlarımızın tam bərpasını zəruri sayır.
    VHP hesab edir ki, qanunlarımıza tabe olan hər bir erməninin təhlükəsizliyinə təminat verərək öz hakimiyyətini bütün ərazilərimizdə bərqərar etməlidir. Vətən savaşı dönəmində olduğu kimi bu gün də siyasi mövqeyindən, sosial durumundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Xankəndindində bayrağımızın ucalması yolunda dövlətin və ordunun yanındadır!

  • “Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər”

    “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir. Hazırda tərəflər arasında gərginliyə səbəb ola biləcək əsas mövzu Zəngəzur dəhlizi hesab olunur”.

    Bu fikirləri Demokrat.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Partiya təmsilçisi bildirib ki, Azərbaycan üçün mühüm siyasi və logistik əhəmiyyət daşıyan, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirə biləcək belə bir dəhlizin açılmasına Ermənistan razılıq vermir:

    “Son hadisələr iki ölkə arasında yaranmış kövrək münasibətləri korlaya, indiyədək əldə olunmuş müsbət irəliləyişləri zədələyə bilər. Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki açıq təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sarkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırıb. Rusiya, konkret olaraq onun lideri Putin bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq. Hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Bu durumdan istifadə edilməli və rəsmi İrəvan problemin birdəfəlik həlli üçün məsuliyyətini dərk etməlidir”.

    Aynurə Pənahqızı
    Demokrat.az

     

  • VHP-dən Avropa Parlamentinə etiraz

    Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə güclənməsi türk düşmənlərini ciddi şəkildə narahat edir. Avropa Parlamentinin bir neçə gün öncə Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etməsi də bunun göstəricisi sayıla bilər. Sənəddə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağda və onun ətrafında erməni mədəni irsini “silmək və inkar etmək” siyasəti yürüdür: “Regionda erməni mədəni irsinin silinməsi siyasəti aparılır. Bu, Azərbaycan hakimiyyəti tərəfindən edilir və ermənilərə qarşı nifrətin daha geniş sxeminin tərkib hissəsidir. Mədəni irs gələcək nəsillər üçün qorunub saxlanmalıdır”. Daha öncə təsdiqlənməsi üçün Avropa Parlamentinə təqdim edilən qətnamə layihəsində bildirilirdi ki, Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında erməni mədəni irsinin olduğunu inkar edir. Layihədə bu inkaredilmə və silinmə siyasəti pislənirdi.
    Ermənipərəst dairələrin belə bir “sənəd”in qəbul olunmasına töhfələri həqiqətən də riyakarlıqdan başqa bir şey deyil. Belə bir misal var: öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Avropa parlamentariləri yaxşı olar ki, Avropada ildən-ilə artan irqçiliyin, ayrı-seçkiliyin, insanların siniflərə bölünməsinin, islamofobiya, ksenofobiya kimi halların artmasının, bu problemlərin artıq, demək olar ki, dövlət siyasətinə keçməsinin qarşısını almaq məqsədilə sənədlər qəbul etsinlər.
    Bu qətnamə Avropa Parlamentinin adına və statusuna yaraşmır. Azərbaycan ərazilərinin 30 illik işğalına göz yuman Avropa Parlamentinin bu hərəkəti Avropa dövlətlərinin özləri haqqında yaratdıqları demokratik, ədalətli, insan haqlarına sayğı göstərən mifini vurub dağıdır. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərildi. Məscidlərdə saxlanılan heyvanlara, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşıb, erməniləri buna görə qınamadılar, onlara qarşı heç bir tədbir görmədilər.
    Hər il işğal olunmuş ərazilərdə 2–3 dəfə monitorinq missiyasını həyata keçirən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik isə, bir dəfə də olsun, ermənilərin Qarabağ ərazisində törətdiyi vandalizm əməlləri haqqında məlumat vermədi. Qarabağ ərazisində 70 məsciddən 67-nin tamamilə məhv edilməsi, yüzlərlə mədəniyyət tikililərinin, məktəblərin, muzeylərin yer üzündən silinməsi, çox təəssüf ki, AP üzvlərini Azərbaycanın tarixi-mədəni irsinin qorunması üçün hər hansı bir addım atmağa sövq edə bilmədi. Bütün bunlardan sonra Avropa Parlamentinin Azərbaycandan reallıqda mövcud olmayan “erməni mədəni irsi”ni qorumağa çağırması, sadəcə, istehza doğura bilər. Əlavə etmək istəyirik ki, işğaldan azad edilmiş torpaqlarda heç vaxt erməni yaşamadığına görə orda erməni abidələri olmayıb. Bu gün Rusiya sülhməramlılarının nəzarəti altında qalan və ermənilərin yaşadıqları ərazilərdə isə hər hansı abidənin dağıdılmasından danışmaq absurddur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan erməni abidəsi sayılan həmin kilsələrin qorunmasında ermənilərdən daha artıq maraqlıdır. Çünki o abidələrin çoxu Azərbaycanın xristianlıq dövrünün alban abidələridir və ermənilərə heç bir aidiyyatı yoxdur.
    Vətəndaş Həmrəyliyi Partiyası Avropa Parlamentinin heç bir reallığa və hüquqa uyğun gəlməyən qərarını qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.

  • Sabir Rüstəmxanlıya fəxri doktor adı verildi – FOTO

    Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı fəxri doktor adına layiq görülüb.
    Fəxri doktor diplomu bu gün İnstitutun Elmi Şurasında direktor Teymur Kərimli tərəfindən xalq şairinə təqdim edilib.
    Bildirilib ki, bu qərar S. Rüstəmxanlının elmin inkişafına və İnstitutun fəaliyyətinə göstərdiyi yardımlara görə qəbul olunub.
    Sonra Xalq şairi İnstitutun sərgi salonunda təşkil edilmiş “Şuşa və Qarabağ – Əlyazmalarında” adlı sərginin açılışında iştirak edib.
  • Nazirliyin “cavabları” hardadır?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arqumentləri yalan çıxdı

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milli Məclisinin son  iclasında hökumətin hesabatının müzakirəsi zamanı  bildirib ki, Nazirlər Kabineti Milli Məclisdə səsləndirilən təklifləri nəzərə almalıdır: “Hökumət iclaslarının stenoqrammı götürüb, təklif olunan məsələlərlə tanış ola bilər. Təmsil etdiyim Neftçala sakinlərinin məşğulluq məsələsi ilə bağlı ümumi proqramın hazırlanmasına ehtiyac var. İnsanlar balıq ovu ilə dolanırdı, sənaye müəssisələri vardı, indi isə bu sahədə problemlər yaranıb. İşsizlik məsələsi həll olunmalıdır. Mən təqaüd məsələləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 məktub göndərmişəm, birinə də cavab verməyib”..

    Adətən vətəndaş şikayətinə və ictimai ittihamlara susqunluq göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deputatın fikirlərinə tez-tələsik  münasibət bildirib: “Millət vəkili S.Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səkkiz deyil, ikisi əlillik təyinatı, dördü məşğulluq məsələləri ilə bağlı olan altı məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.

    Belə ki, S.Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb. Cavabların üçü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, üçü isə Milli Məclisə göndərilib”.

    Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabına onlar kimi tələsik və başdansovdu yanaşmadıq, mətbuata təqdim etdikləri məlumatları yoxladıq və məlum oldu ki, 2021-ci ilin yanvar ayından bu günədək deputat tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun qurumlarına 13 məktub göndərilib. Bu məktublar deputat tərəfindən və onun xüsusi blankında yazılıb, cavablar da Milli Məclisə, millət vəkilinə ünvanlanmalıydı. Milli Məclisin məktublar şöbəsi də bu məktublara cavabın onlara daxil olmadığını təsdiqləyib. Sözü gedən nazirlikdən yalnız bir dəfə- 22 noyabr 2021-ci il tarixində, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə cavab göndərilib. Səbəb isə yenə də  deputatın məktublarına cavab verilməməsi və bununla bağlı S.Mirzəyevin öz adından nazirliyə müraciət etməsi olub. Əgər nazirliyin əks-arqumenti varsa bunu sənəd-sübutla bildirməlidir.

    Azərbaycan milli fikir tarixində və istiqlal mücadiləsində müstəsna imza sahibi olan Sabir Rüstəmxanlını doğru danışmamaqda ittiham etməkdənsə, nazirlik bu iradların vətəndaş – hakimiyyət münasibətlərini sağlam tutmaq istədiyini, dövlət maraqlarına xidmət etdiyini  nəzərə almalı idi. Əhalinin həssas təbəqəsinin müraciətlərinə aylarla etinasız qalan nazirliyin ünvanına deyilən xırda bir irada belə tələm-tələsik  və hikkəli cavab verməsi dövlətçilik əxlaqına sığmır.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illərdə xeyli sayda pensiya və təqaüdləri ləğv edərək “büdcəyə qənaətlə” yadda qalıb.  Nazirlik xalqı dövlətdən narazı salmamaq üçün öz işlərini sahmana salmalıdır. İnsanlarda belə təsəvvür formalaşıb ki, Azərbaycanda ədalət tərəzisi yaxşı işləmir. Amma gəlin, son baş verənləri unutmayaq. Son həbslər də göstərdi ki, o tərəzi vaxtı yetişəndə çox düz işləyir.

    VHP Mətbuat Xidməti

  • “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır”.

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında VHP Qadınlar Şurasının təşəbbüsü ilə “Qadınların cəmiyyətdə rolu” mövzusunda dəyirmi masa keçirilib.

    VHP Qadınlar Şurasının sədri Aysel Səfərli çıxışında cəmiyyətdə qadınların rolu, VHP Qadınlar Təşkilatının fəaliyyəti barədə geniş danışıb.

    Daha sonra çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı xalqımızın tarixində mühüm yer alan Bahar bayramı ərəfəsində qadınlarla görüşün təsadüfü olmadığını bildirdi: “Qadınlar bəşəriyyətin barış və sevgi ünvanı, zəriflik və sevinc məqamıdır. Azərbaycan xalqı hər zaman qadına yüksək dəyər verərək onu ailənin və cəmiyyətin üstün məqamında görüb. Bu gün də tarixi ənənələrimiz yaşayır və Azərbaycan xanımları dövlət idarəçiliyində, ictimai-siyasi həyatda öz sözlərini deyirlər”.

    Dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Narıngül Nadir, Şairə Şəfəq Sahibli, VHP Qadınlar Şurasının sədr müavini Aysel Bəgəliyeva, jurnalist İlhamiyyə Rza, Şairə Gülər Eldarqızı, 274 saylı orta məktəbin müəllimi Müşfiqə Baləddinqızı, əməkdar jurnalist Əntiqə Qonaq, “Harmoniya” Psixologiya Mərkəzinin direktoru Aygün Ağabalayeva, jurnalist Arzu Qaziyeva, Ümid Partiyasının sədr müavini Tamilla Qulami, rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və əməkdar jurnalist Zemfira Məhərrəmli çıxış edərək görüş haqda xoş təssüratlarını bildirərək statusundan, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan qadınlarının hər zaman bir yerdə olmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğuladılar.