Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • VHP Naxçıvan MR təşkilatının sədri Almaniya kanalına Zəngəzur dəhlizindən danışdı

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Abdulla Abdullayev Almaniyanın ikinci dövlət kanalı “ZDF”ın əməkdaşı Sebastian Ehmə Muxtar Respublikadakı ictimai-siyasi, iqtisadi vəziyyət, Zəngəzur dəhlizinin açılması, sülh danışıqları, prezident seçkiləri və siyasi partiyaların bölgə təşkilatlarının fəaliyyəti barədə müsahibə verib.

    Abdulla bəy müsahibəsində Muxtar Respublikanın 30 ildən artıq blokadada qalmasının yaratdığı iqtisadi-sosial problemlərdən və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yaranmış yeni situasiya haqqında danışıb. VHP-nin bölgə təmsilçisi Zəngəzur dəhlizi məsələsinin aktuallığı, dəhlizin açılmasının həm bölgə xalqları, həm də bütövlükdə regionda sabitliyin möhkəmlənməsi, iqtisadi yüksəliş üçün vacibliyindən danışıb. A.Abdullayev alman jurnalisti maraqlandıran suallara cavab verib və partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətindən danışıb.



  • Diaspor dəyişməli, yeni hədəflər olmalıdır – Toprağın altında çoxalanlar… – VİDEO

    VHP sədri, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı budəfəki söhbətlərində Xalqımızın həmrəylik gününü və Yeni ilini təbrik edib, 2024-cü ilin hədəflərindən danışıb. Diasporumuzun fəaliyyətində ciddi dəyişikliklərin edilməsinin vacib olduğunu bildirən millət vəkili yeni istiqamətləri sadalayıb.

    Onun fikrincə, torpaqlarımız işğaldan azad olunduğuna görə, diaspor işimiz də fəaliyyətində yeni istiqamətlər müəyyən etməlidir.

    Ayni zamanda Cənibi Azərbaycanla bağlı yeni layihələrin həyata keçirilməsini, türk birliyi üçün addımlar atılmasının vacibliyini dilə gətirib.

    Daha ətraflı aşağıdakı videoda

  • VHP-dən seçki qərarı: “Partiya üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək”

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 7 fevral növbədənkənar prezident seçkisi ilə bağlı qərar verib.

    VHP-nin seçkidə iştirakı haqda verilən bəyanatda deyilir:

    “Azərbaycanın tam və ədalətli qələbəsi ilə başa çatan Vətən Müharibəsi tək ölkədə deyil, bütövlükdə Cənubi Qafqazda yeni siyasi şərait yaratdı. 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi həm də yeni siyasi dövrün başlanğıcının rəsmiləşməsi kimi qəbul edilməlidir. Növbədənkənar seçkini zəruri edən bir sıra beynəlxalq faktorlar da nəzərə alınmalıdır. Bu seçkilər regionda və dünyada baş verən geosiyasi gərginlikdən, mümkün və ehtimal olunan təhlükələrdən Azərbaycanı qorumağa xidmət edən bir siyasi hadisə kimi qəbul edilməlidir.

    Biz bundan əvvəl də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinin şahidi olmuşuq. 2018-ci ildə Prezident seçkiləri, 2020-ci ildə parlament seçkiləri keçirilib. Hər iki halda seçkinin növbədənkənar keçirilməsinin nə qədər düzgün qərar olduğunu gördük. Növbədənkənar prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq. 7 fevral seçkiləri Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki olacaqdır. Çünki Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa edib və seçki bütöv Azərbaycan ərazisində keçiriləcəkdir.20 min seçici – doğma yurdlarına qayıdan insanlarımız ilk dəfə işğaldan azad edilmiş ərazilərdə təşkil ediləcək seçki məntəqələrində səs verəcəklər.

    Bütün bunları nəzərə alaraq Vətəndaş Həmrəyliyi partiyası 7 fevral prezident seçkilərində vətəndaş fəallığını zəruri sayır və əmin olduğunu bildirir ki bu seçki anonsu verilən siyasi və iqtisadi islahatların gerçəkləşməsinə yol açacaqdır. Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir. VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək. VHP əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli 7 fevral Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaqdır”.

  • “Hamı səfehdir, bir sən ağıllısan?” – Sabir Rüstəmxanlı ilə müsahibə

    – Sabir bəy, istərdim ki, söhbətimizə ədəbiyyatımızın bugünkü durumunun dəyərləndirilməsi ilə başlayaq. Məsələn, bu gün Sizi narahat edən və ya əksinə nikbin qılan amillərdən nələri qeyd etmək istəyirsiniz?
    – Millətimizin, eləcə də ədəbiyyatımızın gələcəyinə hər zaman nikbin baxmışam. Ümid həmişə ən etibarlı yol yoldaşım olub. Son ikiyüz ildə Azərbaycan türklərinin üzləşdiyi faciələri indi hamımız bilirik. Türk düşmənçiliyi, milli kimliyin unutdurulması, kökdən, tarixdən qoparılma, xalqın ləyaqəti ilə oynanılan oyunlar, adımızın, əlifbaməzın dəyişdirilməsi, keçmiş kitabların yandırılması, halal, tarixi torpaqlarımızın əlimizdən alınması, deportasiya, repressiya, sürgün… saymaqla qurtarmır… Bunların hamısı Cənubi Qafqazın türk torpaqlarında ermənilərə süni dövlət yaratnmaq niyyəti ilə ermənilərin Cənubi Qafqaza, İrəvan xanlığına, Qarabağa köçürülməsindən başlandı. 1905-ci və 1918-ci il qırğınları, 1937-ci il repressiyası, daha sonra həm Ermənistandan, həm Azərbaycanın öz ərazisindən köçürmələr, hamısı Türk düşmənçiliyinin və xalqı düşünülmüş şəkildə yox etmək siyasətinin nəticələridir. Buna açıq soyqırım və gizli genetik savaş da, bütün Türk dünyasına qarşı çevrilmiş bir düşmənçilik hərəkatı da demək olar. Buna baxmayaraq, 1988-ci ildə millətin öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxması, 1991-ci ildə müstəqilliyimizi elan etməyimiz xalqın ölməzliyini, üstümüzdə aparılan bütün sınaqların boşa çıxmasını göstərən qeyri-adi bir hadisədir. Azərbaycan türkü dövlət qurmaq istedadını itirmədiyini sübut etdi. Dünyada əlli-altmış milyonluq xalqlar var ki, dövlətləri yoxdur. Xalqın çəkdiyi zülümlərin ilk zərbəsi ana dilimizə dəyib, lakin dilimiz məhv olmadı, unudulmadı, əksinə zənginləşdi, böyüdü. Nikbinliyimin səbəbi budur. Şükür, ürəyimizə vurulan yaraların çoxunu sağalda bildik. Bu gün artıq Türk Dövlətləri Birliyi də yaranır və biz özümüzü dərk və gücümüzü təsdiq yolunda irəliləyirik.
    Ədəbi həyatın yükcəlişi və ya enişini siyasi proseslərlə, hətta dövlətin zəifləməsi və ya güclənməsi ilə paralelləşdirmək doğru deyil, ədəbiyyatın öz qanunları var: bəzən millətin zülm altında olduğu, işğal dövründə də ciddi, mənəvi enerji verən əsərlər yazılır. Amma küll halında götürəndə yeni yazıçı nəsli müstəqillik və qələbə sevincini yaşadığına, özünü dərk etdiyinə görə dünyaya daha geniş baxa biləcək. Böyük Türk dünyası ruhunun Azərbaycanın ruhuna qovuşması ədəbiyyatımızın da yüksəlişinə səbəb olacaq.
    – Sizin nəsildən olan qələm sahiblərinin öhtəsinə yeni nəsil ziyalı mədəniyyətinin, düşüncəsinin formalaşdırılması missiyası düşüb. O dövrdə olan qadağaların fonunda bu, necə mümkün ola bilirdi?
    – Bu proses bizdən əvvəl başlanmışdı. Sovet rejimi ən qatı repressiya dövründə də insanların aydın düşüncəsini boğa bilmədi. Kütləvi surətdə sovet ideologiyasına bağlı əsərlər yazılanda da milli ocaqlar tamamilə sönməmişdi. İdeoloji basqını bəddi keyfiyyəti ilə unutdurub arxa plana keçirən tək-tək əsərlər də yazılırdı. Elə dövrlər olub ki, təbiətlə bağlı şeir yazılanda da gərək Stalinin adı çəkiləydi.. Bu, ədəbiyyata böyük zərbə idi. Keçən əsrin 60-cı illərindən başlayaraq, ədəbiyyatın nəfəsi genişləndi. 60-80- ci illərdə yeni ab-havanı əks etdirən yaradıcı nəsillər yetişdi. Mən bu otuz ili milli-mənəvi intibah, milli oyanış dövrü hesab edirəm. İlk növbədə millətin tarixi hafizəsi dirçəldi. Mən bu tarix hafizəsini “qan yaddaşı” adlandırmışam: ”Görünür tarixin də unutduğu həqiqət çıxmır qan yaddaşından…” Sonralar bu ifadə dilimizin işlək leksikonuna daxil oldu. Türk kimliyi üzərindən qadağalar götürüldü. 1989-ci ildə “Azərbaycan” qəzetində “Sayımz – facilərimiz” adlı yazımda ilk dəfə dünya ensiklopediyaları əsasında millət kimi sayımızın nə qədər olduğunu yazmışdım. Bu da böyük bir əks-səda doğurmuşdu. Buna bənzər proseslər ədəbiyyatın rolunu gündən-günə yüksəldirdi. İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, İsa Muğanna, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Sabir Əhmədli, ardınca Anar, Elçin, Fərman Kərimzadə, Yusif Səmədoğlu, Əkrəm Əylisli (sonuncu əsərlərini çıxılmaq şərti ilə) bir sıra dəyərli əsərlər yaratmaqla ədəbiyyata yeni, təmiz bir hava gətirdilər. 70-ci illərin əvvəllərindən bizim nəsil gəldi. Şerin ictimai pafosu və cəsarətli vətəndaşlıq ruhu daha da gücləndi, poeziyaya yeni bədii ifadə formaları, canlı həyatın güclü metafora dalğası gəldi. Şairlər böyük auditoriyalarda sosial tənqid ruhu ilə aşılanmış şeirləri ilə ədəbiyyatı oxucuya yaxınlaşdırdılar. Millətin hafizəsinin oyanmasına sevinirdim. Məhz oyanan qan yaddaşı, qəhrəmanlıq ruhu sayəsində bizim gənclərimiz Qarabağ uğrunda igidliklə döyüşdü və zəfər çaldı. Qabil, Söhrab Tahir, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Sadıq, Fikrət Qocanın əsərlərində Azərbaycanın bütövlük ideyası yeni poetik calarlar qazandı. Sonra mənim dostlarım -Musa Yaqub, İsa İsmayilzadə, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, Məmməd İsmayıl, Məmməd Aslan, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, Vahid Əziz kimi şairlərimiz Azərbaycan poeziyasının üfüqlərini xeyli genişləndirdilər.
    – Siz bu dövrdə həm də publisistik yaradıcılığınızla seçilmisiniz.
    – 1967-ci ildə, 4-cü kursda oxuyanda “Ədəbiyyat və incəsənət” qəzetində işə götürülmüşəm. Tarixi abidələrə həsr etdiyim ilk publisistik yazım nəşr olunandan sonra. O vaxtdan davamlı olaraq, müxtəlif səpkili yazılar yazmışam. Amma bədii publisistikamın ciddi nəticəsi “Ömür kitabı”dır. Bu kitabda həm millətin tarixinin dərinliklərinə enmək, həm ölkəni gəzib göstərmək istəmişdim. Onun arxasınca siyasi publisitikaya da xeyli vaxt sərf etdim Yəni, publisistika hər zaman şeirimlə yanaşı olub. Bəzən də zəruri ictimai-siyasi mövzular şeiri arxa plana keçirib. Şeir də arxa planda qalanda ilham pərsinin 2-3 ay gen gəzməsi halları da olub.
    – Deyirsiniz ki, əsl vətəndaşlıq xalqa məxsus ən gözəl keyfiyyətlərin keşiyində dayanmaqadır. Yazılanlarda bədiilik zəifdirsə, ana dili təhrif olunursa, bu, yalançı vətəndaşlıqdır. Bu fikrinizi doğma dildə, hər hansı səbəbdən yaza bilməyənlərə şamil edə bilərikmi? Ümumiyyətlə, başqa dillərdə yazan yazarlara münasibətiniz necədir?
    – Mirzə Cəlil qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyinə xidmət etməkdir deyirdi. Şübhəsiz ədəbiyyat söz səməti, bədiilik nümunəsi olmaqla yanaşı, ictimai-siyasi hadisədir. Yazıçı hər zaman öz millətinin taleyinə güzgü tutur. Ədəbiyyatın belə böyük bir missiyası var; Vətənə olan sevgini bədii müstəviyə keçirür. Ədəbiyyat insan xarakteri və taleyini bədii obrazlar, metaforalar vasitəsilə ortaya qoyur. Yoxsa quru, çılpaq sözlə irəli sürülən ideyaların təsiri olmaz.
    Azərbaycan dilində yazmayan yazıçılarımıza gəlincə, tarixin gətirdiyi müəyyən reallıqlarları xatırlamalıyıq. Ərəb işğalı dövründə Azərbaycanda bir sıra yazıçılar ərəb dilində yazmağa məcbur olub. Ən azından yazdıqlarının qorunması üçün. Ərəblər gələndə türk dilində yazılan hər şeyi yandırıb məhv etmişdilər. Sonra fars dili yayıldı. Bir sıra böyük yazıçı və şairlərimiz fars dilində yazdılar. Nizami Gəncəvi, Xaqani Şirvani kimi. Bunları ədəbiyyatımızdan çıxara bilmərik ki…
    Ona bənzər proses müasir dövrdə də gedir.. Rus dili hegemon idi. Uşaqların çoxunu rus dilində oxudurdular. Bu dildə yazılan ədəbiyyat daha geniş yayılırdı. Məktəbi rus dilində bitirən və bədii istedadı olan adamlar bu dildə yazmağa məcbur idilər. Lakin mövzu və ruh etibarilə milli zəmindən qopa bilmirdilər. Ona görə həmin yazarları özümüzdən ayrı saya bilmərik. Avropada uzun əsrlər boyu yazıçılar latın dilində yazıb. Amma fransız, ingilis yazıçı olaraq qalıblar. Qırğız yazıçı Çingiz Aytmatov rus dilində yazsa da ona rus yazıçı demirlər. Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Natiq Rəsulzadə, Çingiz Abdullayev, İlham Bədəlbəyli və Nigar Həsənzadənin yazdıqlarını ədəbiyyatmızdan qopara bilmərik. Gələcəkdə xarici ölkədə doğulub, orada yaşayan uşaqlarımızın içində başqa xarici dillərdə yazanlar da ola bilər. “Rəşid bəy və Səadət xanım” fransız dilində yazılsa da, bizim ədəbiyyatımızdır.
    – Yeri gəlmişkən, Cingiz Abdullayevin əsərləri ilə bağlı televiziyaların birində səsləndirilən fikirlərə sizin münasibətiniz necədir?
    – Mən bu verilişə baxmamışam, həmin sözləri deyəni tanmıram, amma hər halda tanınmış, cəmiyyətdə hörmət qazanmış, lazım gələndə Moskva televiziyalarında Azərbaycanın milli maraqlarını yüksək səviyyədə müdafiə etmiş bir yazıçı, bir ziyalı haqqında belə danışmaq mədəniyyətsizlikdən başqa bir şey deyil. Oxumaya bilərsən, amma bu cür danışmağa nə haqqın var? Çingizin əsərlərini müxtəlif dillərə çevriblər, minlərlə insan oxuyub. Demək, hamı səfehdir, bir sən ağıllısan? Rusiyada hara gedirsənsə, Çingiz Abdullayevin kitabları var. Əyalətlərdə də nəşr olunur. Bu təsadüfdür?
    – Tez-tez ədəbiyyatımızda oxumağa layiq kitablar, yazarlar olmadığından şikayətlənirlər. Doğrudanmı yaxşı əsərlər baxımından vəziyyət bu qədər ürəkaçan deyil?
    – Bizdə əhalinin sayına görə yazıçı çoxdur, amma onların içində əsl yazıçı o qədər də çox deyil. Oxucunun güclü əsər axtarması normaldır. İndi dünya ədəbiyyatına yollar açılıb. Buna baxmayaraq, dünyadakı böyük əsərləri oxuduqdan sonra “öz ədəbiyyatmız solğun görünür”, – fikri qəbuledilməzdir. Deyək ki, ispan dilinin imkanları bizim dildə olsaydı, bəlkə bu gün hesaba almadığımız bir sıra yazıçılarımız dünya şöhrəti qazanardılar. Bir də bizim canımızda başqasına aludə olmaq xəstəliyi var. Özünün olanını görmədən xarici müəlliflərə aid əlinə keçənləri oxuyur və heyranlıq duyuruq. Bu, yanlış yanaşmadır.
    -Bəlkə əsərlərimizin təbliği xarici yazıçıların əsərlərinin təbliğatından geri qalır?
    – Bunun da rolu var. Bir də mühit dəyişilib. Mən “Ədəbiyyat və incəsənət” qəzetində çalışanda tiraj 80 min idi. İndi 1700-dür. O 80-min tirajlıq qəzet indikindən xeyli məhdud mövzulara toxunurdu. Amma Azərbaycanın hər yerində qəzeti gözləyirdilər. Çünki nisbətən azad ruhlu yazılar o qəzetdə çap olunurdu. 1989-ci ildən çapına başladığım “Azərbaycan” qəzetinin tirajı yarım milyona yaxın idi. Çünki düzgün informasiya yayan başqa vasitə yox idi.
    İnid söyüşlə, açıq-saçıq səhnələrlə dolu olan yazılar daha çox oxunur. Klassik rus ədəbiyyatında da pornoqrafik əsərlər var. Amma onlar bir kənardadır. Böyük əsərləri çap edirlər, oxuyurlar. Hərdən də az tirajla açıq-saçıq olanları çap edirlər ki, itməsin. Bizdə bəzi cavanlar elə hesab edirlər ki, novatorluq və əsl bədiilik hər şeyi öz adı ilə deməkdir. Hər şeyi öz adı ilə ifadə etmək ədəbiyyatın bədii keyfiyyətini artırmır. Burada qeyri-adi bir şey yoxdur. Təəssüf ki, mətbuatda, sosial mediada ağıllı tənqid, təhlilin yerini bəzən söyüş tutur. Buna daha çox maraq göstərirlər. Bir vaxtlar “sarı mətbuat”a olan münasibət kimi. Amma bu müvəqqətidir. Ümumi mədəni səviyyə artdıqca bu cür yazı tərzinin mənasizliğı daha yaxşı görünür.Ağlı olan adam söyüş dilində danışmağı özünə yaraşdırmaz.
    – Dünya miqyasına çıxara biləcəyimiz yazarlarımızın olmadığı fikri ilə razılaşırısnız?
    – Yazıçılarımızın əsərləri xarici dillərə yaxşı tərcümə olunsa, tanınmış nəşriyyatlar tərəfindən keyfiyyətli nəşr olunsa, təbliğatı yaxşı aparılsa, hər yerdə çox həvəslə oxunur. Məsələn, Mirzə Ələkbər Sabir satirik şair kimi ancaq bizim dərdimizi demir, Türkiyədə, İranda da onun şeirləri böyük sevgiylə oxunur. Cəlil Məmmədquluzadənin hekayələri dünya səviyyəli əsərlərdir. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadinin, Mirzə İbrahimovun yazdıqları çox önəmlidir. Hətta sovet dövründə yazılmış əsərlər var ki, onları tərəddüd etmədən yaymaq olar. O dövrdə yazılmış bütün əsərlərin üstündən xətt çəkmək olmaz. İnsan bir az da özünə dəyər verməyi bacarmalıdır. Anarın, Elçinin, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun yaradıcılığı çoxdan müxtəlif dillərə çevrilir. Fərman Kərimzadə, Mövlud Süleymanlı, Seyran Səxavət, Kamal Abdulla, Afaq Məsud kimi nasirlərimizin, eləcə də Rüstəm Behrudidən, Vaqif Bayatlıdan başlayaraq bir sıra şairlərimizin adını çəkə bilərəm ki, əsərləri dünyanın hər yerində ədəbiyyatımızı ləyaqətlə təmsil edə bilər. Müstəqillik dövrünün nisbətən cavan qələm sahibləri arasında da xeyli istedadlı nasir və şair var ki, artıq əsərləri müxtəlif dünya dillərinə çevrilib nəşr edilir. Bu işdə uğur qazanmaq istəyiriksə tərcümə işinə diqqəti artırmalıyıq. Xarici yazıçı özünü yazır, biz də özümüzü. Nəyə görə onu bəh-bəhlə qəbul edirik, özümüzü yox?
    Təvazökarlıqdan kənar olsa da bir misal da özümdən çəkim. “Ömür kitabı” ingiliscəyə azərbaycanlı tərcüməçi tərəfindən çevrilib. Kitabın London nəşrini İsveçdə oxuyan bir universitet müəllimi, yerlimiz Səadət Kərimi “Ədəbiyyat və incəsənət” qəzetində bir məqalə çap etdirmişdi ki, Sabir Rüstəmxanlınının yaradıcılığı Nobel mükafatına təqdim edilməlidir və “Ömür kitabı” ilə Nobel mükafatı almış bəzi əsərlər arasında maraqlı müqayisələr aparmışdı. Bizdə bu yazını oxuyan heç bir qurumun səsi çıxmadı. İsveçdən bizim təəssübümüzü çəkən Səadət xanıma da yəqin kimsə heç olmasa xırdaca bir razılığını bildirmədi. Səadət xanımın fikri budur ki, ədəbiyyatımızı tanıtmaq üçün, əsərlərimizi keyfiyyətli çevirtdirib, belə mükafatlara təqdim etməliyik. Mükafat aldı-almadı, önəmli deyil.
    – İnsanlarımız nəyi oxumaq üçün seçim etməkdə də çətinlik çəkir. Məlumatsızlıq, tanıtım zəifliyi olur və s. Siz nə tövsiyə edərdiniz? Gənclərimizə, oxucularımıza necə kömək etmək olar?
    – Ali və orta məktəblərdə görüşlər keçirilməlidir. Uşaqlar əsl ədəbiyyatla, yalançı ədəbiyyatı bir-birindən ayırd eləməyi bacarmalıdırlar. Kimsə əlinə telofon götürüb ağzına gələni yazır, altında dost-tanışları ona tərif yağdırır. Halbuki, yazılanın ədəbiyyata dəxli yoxdur. Kimsə də özünü pis edib onlara “dur” demir. Amma “dur” deyilməlidir. Vaxtilə çox nüfuzlu insanların şeirlərinin dilini tənqid etmişəm. İndi baxanda nə qədər haqlı tənqid etdiyimi görürəm. Ədəbiyyata dəxli olmayanlar yerini bilməlidir. Ya da oxucu onları başa salmalıdır.
    Dərsliklərə normal şeirlər salınmalıdır. Oxudulan bəzi yazılar şeir adına parodiyadır. Belə şeirlərlə tərbiyə olunan uşaqların zövqü də dəyişilir. Mətnlər yaxşı redaktə olunmalıdır. Uşaqların bədii ədəbiyyata olan yanaşmaları formaşladırılmalıdır. Bu, əslində müəllimin işidir.
    Xarici olkələrdə uşaqları daha zəngin materiallarla yetişdirirlər. Uşaqlara nə qədər çox öyrətsən, o qədər öyrənirlər. Onlara böyük kimi baxmaq lazımdır.
    Adları dərsliklərə düşmüş müəlliflər eksperement kimi uşaqlara öz ana dilimizdən, şeirlərmizdən dərs keçə bilərlər.. Mən uşaqlıq illərimdən bilirəm ki, yazıçılarla keçirilən görüşlər hansı təəssüratları yaradırdı. Ədəbiyyata sevgi yaranırdı.
    – Siz özünüz indi oxuyacağınız kitabları necə seçirsiniz?
    – Mənim düzənli bir oxu sistemim yoxdur. Həmişə müxtəlif sahələrin kitablarını paralel oxumuşam: tarix, fəlsəfə, elmi-kütləvi ədəbiyyat, mifologiya… Son zamanlar daha çox mənə verilən kitabları oxuyuram. “Ədəbiyyat qəzeti”nə, “Azərbaycan” dərgisinə, Moskvadan “Literaturnaya qazeta”nı, “Nauka i jizn” jurnalına abunəçiyəm “Qanun” nəşriyyatı ilə qonşuluqda oturduğum üçün çıxan kitabların ilk nüsxələrinə baxıram. İstedadlı gənclərin kitabları haqqında məqalələr yazıram. Bu yaxınlarda Orxan Fikrətoğlunun “Tülu” kitabını oxudum, çox xoşuma gəldi. Kitab yetkin və bənzərsiz bir yazıçının qələmindən çıxıb. Orxanın təhkiyəsi dramatik və çoxqatlıdır, mövzuları orijinaldır. Həm nəsrinin, həm publisistikasının seçilən bir üslubu var.
    Dünya ədəbiyyatından son oxuduğum Portuqaliya yazıçısı Joze Saramaqonun romanlarıdır. İndi masamın üstündə Den Senor və Sol Sinqerin “Ağıllı adamların milləti“, Eduard Sacherinin “Gözlərindəki sirr”, A Sahpussinin “Qədim alimlər türk xalqları haqqında” kitabları və M.Ə.Sabirin “Hophopnamə”si var. Sabir yüz ilin o üzündən bu günkü dünyanı necə aydın görürmüş!

    – Anar müəllimin Yazıçlar Birliyinin sədri vəzifəsinə təkrar-təkrar seçilməsi, bir sıra məişət mövzuları yaradıçılıq problemlərinin müzakirəsini üstələyir. Məsələn, yazıçılara ev verilməsidən sonra çox geniş müzakirələr açıldı…
    – Anar böyük yazıçıdır. Əsərləri geniş yayılıb və sevilə-sevilə oxunur. Bu əsrlərin hansınısa kimsə bəyənməyə və bunu açıq yaza bilər. Anar belə polemikalara həvəslə girişər. Lakin onun ədəbi xidmətlərini bir kənara qoyub, Yazıçılar Birliyindəki işlərə görə, yeri gəldi-gəlmədi, əsassız yerə, hədəfə çevrilməsi doğru deyil. Belə yazılarda bəzən hətta onun yaşı da söhbət mövzusuna çevrilir, sanki halal şöhrəti ilə yanaşı, Allahın verdiyi ömrünə, uzun yaşamasına da qısqanırlar. Mən gənclərin üsyankar və yenilikçi ruhunu bəyənirəm. lakin müəyyən əxlaq ölşüləri qorunmaq şərti ilə.
    Azərbaycan müstəqillik qazanandan sonra, Ermənistanla çətin müharıbə şəraitində içimizdə də bir neçə cəbhə yaranmışdı, Onlardan ən ağırı və qorxulusu elm ocaqlarımıza, Akademiyaya və Yaradıcılıq birliklərinə olan hücumlardı. Sən demə, bunlar hamısı Stalinin bəd niyyətinin məhsullarıdır, dərhal ləğv edilməli və binaları da satılmalıdır. Şübhəsiz bu kompaniyada əsas məqsədlərdən biri elə o “satmaq” məsələsi idi. O vaxt bu düşüncə sahiblərinə Yaradıcı təşkilatlarının, onların mətbuat orqanlarının nə qədər vacib olduğunu anlatmaq üçün xeyli əziyyət çəkmişdik. Şükür bu niyyətlər baş tutmadı, əksinə Azərbaycan dövləti yaradıcı təşkilatları və onların yayın orqanlarını maliyyələşdirdi, yaradıcılıq evlərini bərpa etdi. Yeri gəlmişkən deyim ki. mən sizinlə müsahibəmizi də indi Yaradıcı təşkilatların Şabrandakı ən yüksək çağdaş tələblərə cavab verən, indiyə qədər gördüyüm yaradıcılıq evlərinin hamısından qat-qat gözəl və imkanlı olan “Şabran”da gözdən keçirirəm. Bu binaları, burdakı şəraiti görəndə öz dövlətimlə bir daha qürur duydum. Yazıçılara, bəstəkarlara, rəssamlara bu qayğının nəyi pisdir ki! AYB–ni tənqid edəndə bu uğurlu işlərini də bəyənək…
    Azərbaycanın mənəvi dəyərlərinin, tarixi qəhrəmanlarının, ziyalılarının hədəfə çevrilməsi birbaşa və ya dolayı yolla erməni siyasətinə xidmət edən düşmənçilikdir.
    Ev məsələsinə gəlincə, ev alan yazıçıların məktubunu (bəyanatını) oxudum. Bütün ev alanları təbrik edirəm. Bakıda öz evinin olması böyük bir rahatlıqdır. Aralarında cavanlar da var. Onlara görə çox sevindim. Yazıçılar Birliyinin üzvü şoxdur. Birliyə qəbul olunanların heç biri bura ev alacağı vədi ilə qəbul edilmir. Yazıçı yazı-pozu ilə məşğul olduğu üçün pul qazanmaq imkanı məhduddur. İstedadlı insanları evlə təmin etmək dövlətin qayğılarından biri olmalıdır. Almaniyada bir uğurlu kitabın çap olunsa, onunla yaşaya bilərsən. Bizdə o imkan yoxdur. Ona görə kitablara qonorar məsələsi bərpa olunmalıdır, həm də yazıçılara jurnalistlər üçün tikilən evlər kimi evlər tikilsə ədəbiyyat mühitinə böyük hədiyyə olar.
    Ev alanları qınamaq doğru deyil. Siyahıda bəzi adlar var ki, kim olduqları sorğulanır. Bu evlər Yazıçılar İttifaqına verilir. Qurumda çalışan, bütün ömrünü ora sərf edən texniki işçilər də var. Ömrü AYB-də keçib. Nə cür deyə bilərsən ki, yazıçı olmadığına görə ev almasın. Buna görə də məsələyə ehtiyatla yanaşmaq lazımıdr. Anar belə işlərdə kifayət qədər həssasdır. Bilirəm ki, məsələni dönə-dönə müzakirə ediblər. İndi AYB–də Anarın yanında Çingiz Abdullayevdən başqa Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babilla kimi bir dəstə istedadlı qələm sahibi çalışır.
    – “Hər kəs inanmalıdır ki, öz həyatını halal yolla qura bilər”, -deyirsiniz. Bu gün cəmiyyətmizdə bu meyara əməl edənlər daha çoxdur, yoxsa o birilər?
    – Halallıq dədə-babamızın həyat tərzi olub. Amma cəmiyyətimizdə halallıq prinsipi unudulur. Daha çox imkansız adamlar “mən halal yaşayıram” fikri ilə təsəlli tapır. Bizi millət olaraq qoruyan, saxlayan, inkişafımızın təməli olan prinsiplər var: halallıq; mərdlik, ədalət, sözünün ağası olmaq, cəsarət, ocaq-yurd sevgisi, insanı və insanlığı uca tutmaq və s. “Vətəndaşlığın əlifbası” kitabım bu məsələlərə həsr olunub. Milli intibah nədən başlanır? Yorğun və yıpranmış cəmiyyət, mənəvi dəyərlərini unudan bir toplum inkişaf edə bilməz. Cəmiyyət o dəyərlərin üstündə dayanır və inkişaf edir. İnsanların bir-birinə sevgisi, bir ailə olmağın, bir millət olmağın sevgisi, öz gücünü dərk etməyin sevgisi çox vacibdir. Qarabağ Zəfəri millətin yeni bir intibahının başlanğıcıdır. Bunu davam etdirmək lazımıdr. Təəssüf ki, ona kölgə salmaq, dəyərini azaltmaq istəyənlər də var. Müxalifətçi görünmək xətrinə hər şeyi qaralaya bilməzsən! Qarabağ Zəfəri tarixi, fantastik bir işdir və qəhrəmanlıqdır. Sən bunu ürəklə deməlisən. Millət sevinməlidir, ruhlanmalıdır.
    Bir neçə gün əvvəl Füzuli şəhərinə getmişdim, elə bir dünyanı mənə bağışladılar. Bu Zəfərdə biz birdən-birə gənclərimizin, əsgərimizin böyük gücünü, şəhid vermiş anaların ruhunun sarsılmazlığını gördük. Millət budur… Biz durğun həyata alışmamış millətik. Gərək çalışaq, quraq, həyatın çətinlikləri ilə vuruşaq.
    – Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı düşüncələriniz necədir?
    – Qərbi Azərbaycan dünyanın yetərincə dərk edə bilmədiyi məsələdir. Dünya həqiqəti bilməlidir. Biz onlara başa salmalıyıq ki. Ermənistan deyilən yer Azərbaycanın torpağıddır – İrəvan xanlığıdır. 205 il öncədən başlayaraq bizi tarixi torpaqlarımızdan zorla köçürüblər. Erməni-xristian dövləti olduğuna görə terrorçu olsa da, onları müdafiə edirlər. Biz beynəlxalq hüququn qaydalarına uyğun olaraq öz torpaqlarımız istəyirik. Bir ay öncə Madriddə “Qərbi Azərbaycana qayıdış-beynəlxalq hüquq müstəvisində” adlı bir forum keçirtdik. Tarixi faktlar və həqiqət ortaya qoyulanda bizə haq qazandırmaqdan başqa yolları qalmır Qərbi Azərbaycana dönüş o demək deyil ki, gedib bütün erməniləri vurub oradan çıxaracağıq. Biz orada yaşamışıq. Kəndlərimiz-yerimiz məlumdur. Çoxu bu gün boşdur. Biz öz yerimizə qayıtmaq istəyirik. Onlar bizimlə birlikdə yaşaya bilməyəcəklərini desələr də, biz onlarla bir yerdə, Ermənistan qanunları ilə yaşaya. biləcəyimizi bəyan edirik. Dağımızda, daşımızda, babamınızın, dədəmizin ruhu olan yerdə bizim də izimiz olmalıdır və gec-tez olacaq…
    -Müsahibə üçün təşəkkür edirik.

  • Samir Əsədli: “Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır”

    Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır
      Azərbaycan-Ermənistan sərhədində iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi komissiyaların iclası keçirildi. Hər iki ölkədə diqqətlə izlənilən görüş şərti sərhədin Qazax rayonu və Tavuş vilayəti hissəsində baş tutdu. 3 saat davam edən sayca beşinci görüşün nəticəsi olaraq tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırdılar. Eyni zamanda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılmasına qərar verildi. Ermənistan XİN-in yaydığı məlumatda da oxşar fikirlər yer aldı. Bildirildi ki, tərəflər sərhədin delimitasiyası məsələlərinin müzakirəsini davam etdiriblər. Bir sıra təşkilati və prosedur məsələləri həll ediblər. Vurğulanıb ki, komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada dəqiqləşdirmək razılaşdırılıb.
      Görüşlə bağlı “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, sərhədlərlə bağlı komissiyaların yaradılması və mütəmadi görüşlərin keçirilməsi önəmli məsələdir. Amma ekspertə görə, burada bir sıra məsələlər var: 
    “Problem Ermənistan tərəfinin, yəni onları təmsil edən komissiyasının öz fəaliyyətinə hansı dərəcədə səmimi yanaşacağı ilə bağlıdır. Ermənistan 30 ildən artıqdır Azərbaycan ərazilərini işğalda saxlayıb. Hazırda səkkiz kəndimiz – Qazaxın yeddi kəndi və Sədərəyin Kərki kəndi işğal altındadır. Ümumiyyətlə, müharibə başlayandan Azərbaycan-Ermənistan arasında ciddi sərhəd böhranı olub. Ermənilər Azərbaycanın bir sıra ərazilərinə girmişdilər və nəzarət altına almışdılar. Şübhəsiz, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində öz ərazilərini bərpa etməyə qadirdir və hazırda da buna çalışır. Ermənistan işğalçılıqdan, utopik fikirlərdən əl çəkərək, komissiyanın səmərəli şəkildə fəaliyyət göstərməsinə və nəticə əldə olunmasına maraq göstərməlidir. Elə olarsa, bu məsələlər müsbət həllini tapacaq”.

  • VHP-də möhtəşəm toplantı: İşğaldan azad olunmuş rayon təşkilatları bir araya gəldi

    Sabir Rüstəmxanlı: “VHP böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayonların bölgə təşkilatının üzvləri ilə görüşü keçirilib. 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Felmar bəy Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu bildirərək, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd etdi.

    Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib və bildirib ki, bu tədbirdə Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrlərinin və təşkilat rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə toplantı keçirilib.
    İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlı bütün kəndləri gəzmiş və hər cür dəstəyini göstərmişdir. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını dedi.
    VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini amma indi yalnız sevinc göz yaşlarının olduğunu bildirdi: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə o sevinci yaşadan o torpaqlarda ucalan şanlı bayrağımızdır”.
    Daha sonra VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev çıxış edərək rayonlarının işğal tarixi, maddi və mənəvi ziyanlardan bəhs edib.
    Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayev, Xocavənd rayon təşkilatının sədri Arzu Abbasova və Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədov çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
    Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirdi: “44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da Qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

  • Dövlətçilik tariximizə həmrəylik möhürü vuran partiya

    Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də VHP-nin yaranması 1988-ci ildə Meydan hərəkatı ilə başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ötən 31 ildə böyük bir tarixi yol keçən VHP bu gün seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.

    VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmış, VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. VHP parlamentdə 3 deputatının təmsilçiliyi ilə hazırda ölkənin ana müxalifət partiyası sayılır. VHP üzvləri bu gün ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar.

    VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub.

    Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 31 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir.

    Vətəndaş Həmrəyliyi Partiyasının respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bölgə təşkilatlarında və rəhbərlikdə ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 31 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 31 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

    VHP Siyasi Şurası

  • VHP Bakının işğaldan azad edilməsinin 105-ci il dönümünü qeyd etdiFOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Bakı şəhərinin azad edilməsinin 105-ci ildönümü münasibətilə Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri qoyulub. VHP üzvləri Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçmiş türk qardaşlarımızın əziz xatirəsini yad ediblər.

    Partiyadan Musavat.com-a verilən məlumata görə, VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakının azad olunmasının tariximizdə əvəzolunmaz rolu haqda danışaraq bu günkü müstəqil Azərbaycanın mövcudluğunda Nuru paşanın komandanlığı altında canlarını fəda etmiş qəhrəmanların xidmətlərinin heç zaman unudulmayacağını və onların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini bildirib.

    Daha sonra VHP Ali Məclisinin sədri Felmar Ələkbərli çıxış edərək Xalq Cumhuriyyəti üçün mühüm hadisə olan Bakının azad olunması uğrunda döyüşlərdə türk əsgərinin, Çanaqqala savaşında Azərbaycan əsgərlərinin qəhrəmanlığının dünya durduqca dostluq və qardaşlıq dastanı kimi xatırlanacağını bildirib. Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığı və fədakarlığı dərin hörmət və ehtiramla xatırlanıb.


  • VHP üzvlərinin reysterini Ədliyyə nazirliyi təsdiq edib

    Bu gün Ədliyyə Nazirliyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin reysterini təsdiq edib.

    Bu barədə  partiya sədrinin müavini Samir Əsədli məlumat verib.

    Onun sözlərinə görə, növbəti mərhələdə nizamnamə və proqramın yeni variantını nazirliyə təqdim edəcəklər.

    Qeyd edək ki, bu gün AĞ Partiya da rəsmi qeydiyyatdan keçib.

     

  • “Qeydiyyata alınacağımıza şübhəm yoxdur”-yə hansı iradlar tutulub?

    “Ədliyyə Nazirliyinin yaydığı məlumatdan da görünür ki, Vətəndaş Həmrəyliyi Partiyası yanlışlıqları düzəldən sonra qeydiyyatdan keçəcək. Bizim 5 min üzvümüz var və artıq özümüzü qeydiyyatdan keçmiş sayırıq”.

    Bu sözləri Yenisabah.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclis üzvü Sabir Rüstəmxanlı deyib.

    O, “Siyasi partiyalar haqqında” yeni qanunun tələbi ilə əlaqədar olaraq Ədliyyə Nazirliyin VHP-nin təqdim etdiyi sənədlərə iradından söz açıb:

    “Nazirliyin dediyi adamları kənara qoysaq, buna nail ola bilərik. Bildiriblər ki, 1700 nəfərin sənədində dolaşıqlıq var. Onu həll etsəniz, məsələ qurtarar. Digər qeyri-dəqiqliklər də var. Amma bütün mübahisəli görünən məsələləri kənara qoysaq, VHP-nin yoxlanılmış üzvlərinin sayı təxminən 4990 nəfərdir. Bir neçə günə uyğunsuzluqları dəqiqləşdirib sənədləri yenidən nazirliyə təqdim edəcəyik. Qeydiyyata alınacağımıza dair heç bir şübhəmiz yoxdur.

    Fikrimcə, rədd cavabı gələn partiyaların bir çoxu illər uzunu fəaliyyət göstərən və üzvlərinin sayı bəlli olan partiyalardır. Mənə elə gəlir ki, onlar da sənədlərini bir daha gözdən keçirib yenidən Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Məncə, nazirliyin rədd etmək imkanı olmayacaq”.

    Xatırladaq ki, Ədliyyə Nazirliyi ReAl, AXCP, Müsavat, Ağ Partiya, Vəhdət Partiyası, VHP və digər partiyalar da daxil olmaqla, 19-a yaxın partiyaya sənədlərin dəqiqləşdirilməsi üçün 30 gün vaxt verib.

    Rafi MÜSLÜMOV