Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Tarix boyu Rusiyanın azərbaycanlılara qarşı bu cür vəhşiliklərini görmüşük

    Rusiyada azərbaycanlılara qarşı törədilən hadisə dövlət tərəfindən həyata keçirilən cinayətdir.

    Bunu “Report”a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı deyib.

    O bildirib ki, bu hadisə dövlət çətiri altında gizlənmiş və yaxud gizlədilmiş quldur dəstələri tərəfindən törədilib:

    “Rusiya rəsmiləri bu adamları cəzalandırmaq əvəzinə, “araşdırılır” kimi mənasız ifadələrdən istifadə edirlər. Bu, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törədilən vəhşilikdir. Əgər insanın günahı və yaxud hər hansı cinayəti varsa, bu qanunauyğun yolla cəzalandırılmalıdır.

    Heç kimə haqq verilmir ki, insanı ailəsinin gözünün qarşısında öldürəsən. Bunun bir adı var – o da vəhşilik”.

    S.Rüstəmxanlının sözlərinə görə, tarix boyu Rusiyanın bu cür vəhşiliklərini görmüşük:

    “Tarixdə Çar Rusiyasında, keçmiş SSRİ-də bu cür hadisələr, qətliamlar olub. Başqa xalqlara qarşı dözümsüzlük, nifrət, əsasən türk və müsəlman xalqlarına qarşı bu cür hadisələr törədilib. Bunu nə qədər gizlətməyə çalışsalar da, mümkün deyil. İndi də Rusiyada vətəndaşlıq alan, orada doğulan azərbaycanlıları məcburi ilə olaraq Ukrayna ilə müharibəyə göndərirlər. İnsanlar döyüşmək istəmir, lakin məcbur edirlər.

    Rusiya və Ukrayna qardaş xalqlardır. Bir müddət sonra barışacaqlar. Niyə axı iki qardaşın arasında olan şeyə azərbaycanlıları qatırlar. Ukrayna cəbhəsində xeyli azərbaycanlı var, oranı müdafiə edirlər, Rusiya cəbhəsində azərbaycanlılar məcburi şəkildə müharibəyə göndərilir. Bizim milləti bir-birinə qarşı üz-üzə qoyurlar.

    Ümumiyyətlə Rusiyanın bu cür siyasəti bizi təəccübləndirməməlidir. Biz onların əməllərini 1990-cı ildə görmüşük. SSRİ-nin bütün ordu növləri azərbaycanlı dinc əhaliyə qarşı gəlib. O vaxt da bu, Rusiyanın siyasəti idi. O vaxt hamımız SSRİ vətəndaşı idik. Həmin vaxt da bu cür amansız hadisələri öz vətəndaşlarına qarşı törətdilər”.

    VHP sədri deyib ki, Azərbaycanda rus məktəblərinin, rus ali təhsil müəssisələrinin sayı artmaqdadır:

    “Bunun təcili şəkildə üzərinə düşülməlidir, bunlara yox deməyin zamanı gəlib. Başqa dilin öyrənilməsində qarşı deyilik. Biz müstəqil dövlətik. Öz dilimizin təbliği ilə məşğul olmalıyıq. Azərbaycanda bəzi qüvvələr rus ocaqlarını körükləyirlər”.

    DAK həmsədrinin sözlərinə görə, 3 milyondan artıq həmvətənmiz Rusiyadadır:

    “Biz Rusiya ilə münasibətləri hər zaman yaxşı saxlamağa çalışmışıq. Orada yaşayan azərbaycanlılar yaxşı işləyib yaşaya bilsin deyə, münasibətləri yaxşı saxlamışıq. Lakin birtərəfli sevgi olmur. Biz bütün vasitələrlə Rusiya ilə münasibətləri qoruyub saxlamağa çalışırıq. Amma o tərəfdə sərnişin təyyarəmiz vurulur, çox sayda dinc vətəndaşımız ölür. Hələ də bu məsələyə tam aydınlıq gətirilməyib. Üzdə yalandan xoş münasibət göstərir, arxada Ermənistanı qucağında saxlayır. Rusiya onlara hər cür güzəşt eləməyə hazırdır. Bizə gələndə isə düşmənçilik siyasətini davam etdirir. Bunun arxasında rəsmi siyasət dayanır.

    Dünyada miqrasiya hazırda normal şeydir. Dünya, Avropa köçür, müəyyən işlər qurulur. Avropada xeyli azərbaycanlı çalışır, lakin onlara qarşı Rusiyadakı kimi vəhşiliklər törədilmir.

    Rusiyanın ümumiyyətlə miqrantlara ehtiyacı var. Mərkəzi Asiyadan gedən türk miqrantları olmasa Rusiyanın iqtisadiyyatı çökər. Çox böyük zərərlə qarşılaşarlar. Bunu hər kəs bilir və anlayır. Lakin yenə türklərə, müsəlmanlara qarşı düşmən niyyətlərini dəyişə bilmirlər. Mən yenə Rusiya tərəfinin azərbaycanlılara qarşı törətdiyi cinayətkar əməlləri pisləyirəm və tez bir zamanda qiymət verməyə çağırıram. Bu cinayəti törədənlər ağır şəkildə cəzalandırılmalıdır”.

  • Sabir Rüstəmxanlı: “Bu bədbin proqnozlar Rusiyanın arzularının ifadəsidir”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    “Artıq türk dünyasının birliyi yoxdur. Səmərqənddə Türkdilli Dövlətlər Təşkilatına üzv olan üç Mərkəzi Asiya ölkəsi Şimali Kiprin legitimliyini tanımaqdan imtina etdi və bu da sondur”.

    “Yeni Müsavat” xəbər verir ki, bunu rusiyalı politoloq, ermənipərəst Stanislav Tarasov Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın (Türkmənistan TDT-nin üzvü deyil və müşahidəçi statusundadır) Yunan Kiprində səfirlik açması və adanın “bütövlüyünü” tanıması ilə bağlı yeni siyasi şəraiti şərh edərkən deyib.

    Qeyd edək ki, Avropa Birliyinin Orta Asiya ölkələri ilə az öncə Səmərqənddə keçirilən toplantısının nəticəsi olaraq imzalanan və bu ölkələrə 12 milyard avro investisiya vəd edən anlaşmaya imza atan sözügedən ölkələr dolayısı ilə Türkiyənin Kiprin şimalını “işğal etdiyini” qəbul ediblər. Bu da TDT-də, yəni “Turan birliyi” platformasında parçalanma olacağı gözləntiləri yaradıb. Bəs azərbaycanlı siyasətçilər bu barədə nə düşünürlər?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Tarasovun bu bədbin ehtimalı uydurmadır. Partiya başqanı əlavə etdi ki, bu, onun xəstə təfəkkürünün məhsuludur, türk dünyasının gələcəyi ilə bağlı Rusiyanın arzularının nəticəsidir, yəni onlar necə görmək istədiklərini ifadə edirlər. “Amma Türk Dövlətləri artıq müəyyən anlaşmalarla, sənədlərlə gələcək talelərini müəyyənləşdiriblər. Uzun illər başqa ölkələrin təsiri altında, yaxud tərkibində olmuş dövlətlərin müstəqillik qazandıqdan sonra yolları çətin olur, müəyyən psixoloji, siyasi, iqtisadi maneələri aşıb keçməli olurlar.

    Dünyanın böyük güclərinin təsirindən qurtarmaq o qədər də asan məsələ deyil. Hazırda Mərkəzi Asiya əslində dünyanın diqqət mərkəzindədir. İqtisadi, enerji imkanlarına görə Avropa və Amerika Türküstana can atır”, – deyə S.Rüstəmxanlı vurğuladı.

    VHP sədrinin sözlərinə görə, niyyətimiz budur ki, bu dövlətlər öz güclərini bilsinlər və bir yerdə hərəkət etsinlər: “Görünür müəyyən çətinliklər var. Avropa İttifaqının və bəzi ölkələrin təsirləri mövcuddur. Bu təsirləri birdən-birə aradan qaldırmaq, keçmək çətindir. Sadəcə, Mərkəzi Asiya respublikalarının, türk respublikalarının, bu 4 dövlətin yunan Kiprini tanıması Avropa İttifaqının başlatdığı iyrənc oyunudur. Demokratiyadan danışan Avropa adanın bir hissəsini qitəyə qəbul edir, şərait yaradır, o bir hissəsinə ögey, yad münasibət bəsləyir. Bu yolla da Şimali Kiprlə  Cənubi Kipri birləşdirmək istəyir. Amma zamanında bu birlik olub, bu birliyin acı nəticəsini görmüşük. O zaman türklər adanın cəmi 3%-nə sıxışdırılmışdı və bir az da keçsə idi məhv olma təhlükəsi vardı. Dünya bunu bilir, amma indi özünü unutqanlığa qoyub, zorla bu adanı yunanların adasına çevirmək istəyir”.

    S.Rüstəmxanlı bildirdi ki, Cənubi Kipri tanımamaq, konsulluq və səfirlik açmaq xarici qüvvələrin təsirinin nəticəsidir: “Bu, diplomatik sahədə bir addımdır və əslində, türk dövlətlərinin genişmiqyaslı planları ilə müqayisədə çox xırda məsələdir. Bunu şişirtmək, böyütmək, sanki türk dövlətlərinin münasibətlərinin sonu hesab etmək cahillikdir və dünyadan bixəbərlikdir. Bəlkə də zaman keçər, hər şey aydınlaşar. Ona görə də bundan istifadə edib nə Türkiyədə bu respublikalar haqqında soyuq münasibət yaradılmalı, nə də başqa bizi sevməyənlərin bəhanələrinə, uydurmalarına inanmalıyıq”.

    S.Rüstəmxanlı qeyd etdi ki, Azərbaycan Prezidenti mövqeyini əvvəldən ifadə edib: “Sonuncu dəfə Şimali Kiprin prezidenti Ersin Tatarla görüşü və çıxışı Azərbaycanın Türkiyə ilə həmişə birgə hərəkət etdiyini, yanaşı olduğunu göstərir. Bu əslində Avropa İttifaqının bizə olan münasibətinə adekvat cavabdır. Bu, Azərbaycanın dövlət olaraq nüfuzunu artıran, dünyada hörmət qazandıran addımdır. Düşünürəm ki, türk dövlətlərinin başçıları bu məsələləri geniş müzakirə edəcəklər və ümumi münasibətlərə xələl gətirməyən, ziyan vurmayan şəkildə yola davam edəcəklər, birgə inkişaf yolunu müəyyənləşdirəcəklər. Ona görə də bunu böyük faciə hesab etmirəm”.

    Nigar HƏSƏNLİ,
    “Yeni Müsavat”

  • Ana dili, Türkçülük və “təhlükəsizlik çətiri”

    Tanınmış şair, jurnalist, millət vəkili Elçin Mirzəbəylini yaxşı tanımasaydım, özünün, kitablarının ruhuna bələd olmasaydım onun “Azərbaycançı olmaq lazımdır” adlı yazısı məni bu qədər təəccübləndirməzdi.

    Əslində, məqalə xoş bir niyyətlə yazılıb. Elçin Mirzəbəyli “Yeni Dünya Düzəni” adı altında dünyada və bölgəmizdə gedən proseslərin alt qatından xəbərsiz, “fundamental nəzəri bilikləri və siyasi təcrübəsi” olmayan adamların bəsit və bəzən də ziyanlı çıxışlarının çaşqınlq yaratdığını vurğulayır və haqlı olaraq bunu tənqid edir.
    Türkiyədə baş verən hadisələri ürək ağrısı ilə izləyir və siyasi partiyaların hakimiyyət uğrunda mübarizələrinin Türkiyə cəmiyyətini qarşı-qarşıya qoymasına üzülürük. Demokratiyanın və milli birliyin qorunması bu gün təkcə Türkiyə üçün deyil, Türkiyəyə örnək kimi baxan bütün türk dünyası üçün son dərəcə önəmli və həyati məsələdir. Buna görə də Azərbaycan mətbuatı hadisələrə təmkinli yanaşmalı və “Ərdoğançılar”, İmamoğluçular” cəbhələrinə bölünməmlidirlər.
    Seçimi türk milləti edəcəkdir. O da məlumdur ki, son yüzildə azadlıq və bütövlüyümüzün əsas təminatlarından biri olan Türkiyə-Azərbaycan əməkdaşlığı siyasi partiaların qərarına yox, böyük ənənəsi olan dərin dövlət təfəkkürünə, milli şüura və qardaşlıq duyğusuna əsaslanır. Buna görə də ayrı-ayrı adamların və ya qruplların fikri bu ənənəni dəyişdirə bilməz.
    Elçin bəyin yazısında məni təəccübləndirən cəhət toxunduğu bu ciddi mövzuya gözlənilmədən Ayaz Salayevin cəmiyyətdə müzakirələrə səbəb olan və qınaqla qarşılanan televiziya mübahisələrini qoşması və Ayaz Salayevin “insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır” sözünü yazısının əsas motivinə, Ayaz Salayevi isə millətinin taleyinə bağlılıq və milli idenitikliyin yüksəlməsi nümunəsinə çevirməsi, bunu “Azərbaycançı olmaq” çağırışı ilə əlaqələndirməsidir. Məncə ölkənin taleyinə bağlı olmağın əsas şərtlərindən biri o ölkə xalqının ana dilinə bağlı olmaqdır. Elçin Mirzəbəyli yazır: “Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var: Azərbaycançı olmaq lazımdır! Vəssalam!”
    Heç bir Azərbaycan vətəndaşı bu “düstura” etiraz etməz. Azərbaycan Xalq Cümhuriyyətindən başlayaraq Azərbaycançılığın, əsas ideoloji xətt olaraq, milli taleyimizdəki rolu bəllidir. Lakin nəzərə almalıyıq ki, XXI yüzil “türk əsri” sayılır və Azərbaycan “oz ailəsinə”, yəni türk dünyasına qovuşduqdan sonra sovet dönəmində yasaq edilmiş Türkçülük ideyasından kənarda qala bilməz. Hələ keçən əsrin altmışıncı illərindən başlayaraq Türkçülük reabritasiya olunaraq, milli şüurun başlıca hərəkətverici qüvvəsinə və böyük Türk ailəsinin əsas idealoji xəttinə, mənəvi gücünə çevrilir. Azərbaycançılıq Quzeyli- Güneyli azəbaycanlıları birləşdirdiyi kimi, Türkçülük də Türk dünyasını birləşdirən inkaredilməz bir “düstur”dur. Buna görə də Azərbaycançılıq Türkçülüyü və türk milli kimliyimizi inkar etmir; bunların birini qabardıb,digərini pərdə arxasında qoymaq olmaz və Azərbaycançılıq dan sonra “vəssalam” deməklə də mövzu qapanmır.
    Elçin bəy deyə bilər: yazıda mənim belə bir niyyətim yoxdur, “Milli varlığımızı və iradəmizi ifadə etməyin yeganə yolu milli identikliyimizi qorumaq yolu ilə Türk Dövlətləri Təşkilatını gücəndirmək və qlobal təhlükəsizlik çətirinə çevirməkdən ibarətdir” sözlərini də mən yazmışam. Düzdür, yazmısan. Lakin sən Türkçülüyü kənara qoyub bu təşkilatı necə gücləndirə bilərsən? Deməli, hər bir türk dövləti öz özəl dəyərlərini “özbəkliyini”, “qazaxlığını” və s. qorumaqla böyük Türkçülük şüüuruna yiyələnməli, onu inkişaf etdirməlidir. Məqalədə “Vəssalam!” sözü ilə müəllif həm də “milli identikliyimizin” sərhədlərini cızmağa çalışır və bunu məhz Ayaz Salayev nümunəsində görür.
    Bir sənət adamı kimi hörmət etdiyim Ayaz Salayevlə ana dilinin və ana dilli məktəblərin qorunması ətrafında ilk debat mənimlə olmuşdu. Sonra bu söhbətə başqaları da qoşuldu. Elçin Mirzəbəyli “populist ritorika ədalətli və real yanaşmanın qənimidir” cümləsi ilə öz seçimini edir, ona görə ana dili tərəfdarları “populist ritorika” ilə məşğuldurlar, Ayas Salayev isə ədalətli və real yanaşmanın təmsilçisidir və bizlər onun qənimiyik. Bu yerdə hörmətli millət vəkilindən soruşuram sən ana dilli məktəblərin müdafiəsini hansı haqla, hansı məntiqlə, hansı vətəndaş yanaşması ilə “populist ritorika” hesab edirsən?
    “Ayaz Salayevlərin sayı azaldıqca Balaəlilərin sayı artacaq”. Bu da Elçin bəyin sözüdür. Bu cümlədə hörmətli millət vəkili ana dilli məktəblərimizi aşağladığının fərqində deyil.
    Ayaz Salayev istedadlı adamdır, dostumuzdur və ona olan kobud hücumları mən də pislədim. O cür düşünmək və danışmaq onun haqqıdır. Lakin bu mövqeyi “ölkənin taleyinə bağlılıq” və uşaqlarımızın seçə biləcəyi yol kimi təbliğ etmək yanlışdır. Ayaz Salayev və bir sıra sənətkarlarımız, (o cümlədən Anar, Maqsud və Rüstəm İbrahimbəyovlar, Fikrət Qoca, Əkrəm Əylisli, Məmməd İsmayıl və başqaları) vaxtilə Moskvada xüsusi sənət kurslarında təsil alıb ədəbiyyat və mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayıblar, Onların yarısı orta məktəbdə Azərbaycan dilində oxuyub, yarısı rus dilində. Deməli, burada həlledici amil dil yox, istedaddır. Yəni Ayaz Salayevin istedadı rus dilində təhsil alması ilə bağlı deyil. Balaəlilər də bu millətin övladlarıdır və bu adın lağ hədəfi olmasını istəmiriksə ana dilli məktəblərimizin səviyyəsini qaldirmalıyıq, uşaqlarımızı və valideyinlərimizi qonşu dövlətin dilinin və başqa yabançı dillərin aşiqinə çevrilməməliyik.
    “Son 10 il ərzində toplumsal intektual və mədəni səviyyəmizin haradan hara endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibimə enmək kimi bir təhlükəni” görən və bundan narahat olan Elçin Mirzəbəylinin bunun qarşısını Salayevlərin sayının azalması ilə əlaqəələndirməsi Ayazın Azərbaycan televiziyalarında “Mən fəxr edirəm ki, rus dilində oxumuşam” deyə qışqırmasına haqq qazandırmaqdır, bu milli identikliyi gücləndirmək yox, məhv etmək yoludur və Azərbaycançılığa ciddi təhlükədir. Belə çıxır ki, biz mənəvi deqradasiyadan qaçmaq və Azərbaycançılığı qorunmaq istəyiriksə Ayaz Salayevlərin yolunu getməli və dilimizi “türk dili təhlükəsindən” qorumalıyıq.
    Milli dəyərlərə qarşı olan heç bir söz ədalətli ola bilməz. Öz Konstitutsiya hüquqlarını, ana dilini qorumaq mövqeyini “populist ritorika” saymağın özü də Azərbaycançı olmaq istəyi ilə daban-dabana ziddir.
    Mənim ana dilli məktəbləri inkişaf etdirmək, qorumaq, uşaqlarımızı ana dilində oxutmaq haqqında dediklərimə bəziləri millətçilik damğası vurur. Bir daha təkrarlayıram mən uşaqlarımızın xarici dilləri öynənəsini alqışlayıram, lakin ana dilinin hesabına yox!
    Xalqların ana dili qorunmalıdır, düzdür. Lakin yüzillərlə ana dilinə ərəb, fars, rus, Avropa sözləri axanda susan xalqın qardaş xalqalrın dilindən gələn 10-15 kəlməyə qarşı cəbhə açması anormallıqdır və tütk dövlətlərinin inteqrasiyasini istəməyənlərin yad təbliğatı altında formalaşmış türk düşmənçiliyi siyasətidir.
    Sabir Rüstəmxanlı
    Xalq şairi,
    Azərbaycan Dil Qurumunun başqanı

  • Revanşistlər Bakıya qarşı toplanır – bu gün İrəvanda…

    Bu gün – martın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Səbəb nə olsa yaxşıdır? Məsələ ondadır ki, 2024-cü ilin dekabrında İsveçrə parlamentinin aşağı palatası – Milli Şura yerli hökuməti “Dağlıq Qarabağ münaqişəsi”nin sülh yolu ilə həllinə həsr olunmuş beynəlxalq konfrans təşkil etməyə çağıran qətnamə qəbul edib.

    Uydurma “artsax”ın qondarma “parlamenti”nin bununla bağlı “bəyanatı”nda deyilir: “2025-ci il martın 18-də bizim üçün çox vacib olan bu məsələ İsveçrə parlamentinin yuxarı palatası – Kantonlar Şurasında müzakirə olunacaq. Bununla əlaqədar, martın 13-də saat 13:30-da İsveçrənin Ermənistan Respublikasındakı səfirliyi qarşısında mitinq təşkil olunacaq. Bu aksiyada biz aşağı palatanın atdığı addımlara görə İsveçrə Parlamentinə minnətdarlığımızı bildirəcək, yuxarı palatanı da qətnamə qəbul etməyə çağıracağıq. Habelə İsveçrə hökumətini “artsax” sakinlərinin geri qaytarılması üçün öz neytral rolundan istifadə etməyə çağıracağıq”.

    Əvvəla, Ermənistanda hələ də mifik “artsax”ın hansısa “institutları”nın qalması, görəsən, nədən xəbər verir? Niyə onlar ləğv edilmir, əksinə, yığışıb bəyanat vermələrinə şərait yaradılır? Yeri gəlmişkən, Nikol Paşinyan daxil, hökumətinin aparıcı üzvləri bu “”institutları”nın ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildiriblər. Hanı bəs? İkincisi, bu mitinqlər nəyi dəyişəcək? İsveçrə Azərbaycan və Ermənistan arasında nə dərəcədə neytral vasitəçi ola bilər, əgər rəsmi Bakı vasitəçiyə, ümumiyyətlə, ehtiyac görmürsə?

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Yeni Müsavat”a bildirdi ki, İsveçrə parlamentinin aşağı palatasının qətnaməsi ermənilər tərəfindən çox şişirdilib. Partiya funksioneri dedi ki, qətnamə konfrans keçirməyə çağırışdır və yuxarı palatanın bu niyyəti dəstəkləməsi xahiş olunur. S.Əsədli vurğuladı ki, ermənilər indi ən kiçik dəstəyə belə möhtac olduqlarını hiss etdirirlər: “Yəni İsveçrə parlamentinin aşağı palatasında erməni lobbisinin təsir elementləri hiss olunur. Avropada erməni lobbisi fəaldır və ayrı-ayrı parlamentlərə nüfuz etməyə can atırlar. Məsələn, Niderland, Lüksemburq, elə İsveçrə kimi ölkələrin deputatlarını kampaniyaya cəlb edirlər. Məncə, burada böyütməli hadisə yoxdur. İsveçrəli deputatlar Qarabağın xəritədə yerini belə bilmirlər. Biz belə kampaniyaların çox şahidi olmuşuq. Təbii ki, Azərbaycan parlamentindən İsveçrə parlamentinə məktub göndərilə bilər”. S.Əsədli ermənilərin çağırışlarının nəticə verəcəyini gözləmir: “Hətta Bayden kimi ermənipərəstin dövründə Konqresə çoxsaylı qətnamələr, qanun layihələri təqdim olunmuşdu. Heç biri keçmədi. Eləcə də İsveçrənin parlamentində yuxarı palata bu bəyanatları eşitməyəcək. Hətta qətnamə qəbul edilsə belə mənasızdır. Deyək ki, konfrans təşkil olundu, bunun nəticəsi nədir? Sadəcə, piar, səs-küy salmaq cəhdləri. Görün nə günə qalıblar ki, konfrans təşkili üçün yalvarırlar, aksiya keçirirlər”. VHP rəsmisi sonda əlavə etdi ki, Ermənistan hakimiyyəti İsveçrənin İrəvandakı səfirliyi qarşısında mitinq keçirilməsinə mane olmalıdır: “Çünki Simonyan özü etiraf edib ki, “artsax”ın fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhdiddir. O zaman, bunun qarşısı alınmalıdır. Son vaxtlar Ermənistan parlamentində də qondarma bayrağı görmək olur. Bu da yolverilməzdir və Paşinyan iqtidarının qeyri-səmimiliyidir. Ümumiyyətlə, Ermənistanda “artsax” adı ilə yığıncaqların keçirilməsi qadağan olunmalıdır”.

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

    “Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən şəxsiyyətlərdən biri olub”.

    Bunu xalq şairi Sabir Rüstəmxanlı Ankarada AZƏRTAC-la müsahibəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) xətti ilə “Bəxtiyar Vahabzadənin Anım ili”nin başlanmasını şərh edərkən söyləyib.

    Onun sözlərinə görə, Azərbaycanın görkəmli nümayəndəsinin bu il 100 illik yubileyinin qeyd olunması qardaş Türkiyə ictimaiyyətini Azərbaycan ədəbiyyatının zəngin irsi barədə məlumatlandırmaqda daha bir imkan yaradır.

    “Təəssüflər olsun ki, Türkiyənin geniş oxucu auditoriyasının Azərbaycan yazıçı və şairləri barədə məlumatları azdır. Bəxtiyar Vahabzadə istisnadır, onu tanıyır və əsərlərindən sitatlar gətirirlər”, – deyə S.Rüstəmxanlı söyləyib. O, B.Vahabzadənin türk dünyasının tarixi barədə bir sıra dəyərli əməyini də xatırladıb.

    Bildirib ki, şair və dramaturq Bəxtiyar Vahabzadə Azərbaycan xalqına Stalin repressiyalarının dəhşətli xatirələrini unutmaqda töhfəsini verib. “Onun vətəndaş mövqeyi və poeziyası gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzedilməz rol oynayır (aktuallığını itirmir)”, – deyə o, “Gülüstan” poemasının və “Ana dili” şeirinin populyarlığını xatırladaraq vurğulayıb.

    S.Rüstəmxanlı B.Vahabzadəni Azərbaycanın mərd ziyalılarından biri adlandıraraq, onun 1990-cı illərin sonlarında milli hərəkatı dəstəkləməkdən və Azərbaycan xalqını birliyə səsləməkdən çəkinmədiyini vurğulayıb.

    “Bəxtiyar Vahabzadə əsərlərində və həyatı boyunca milli kimliyə, türk dünyasının mənəvi oyanışına çağırış edərək Azərbaycanda milli birliyə dəvət edib. O, türk dünyasının gələcək nəsilləri üçün daim nümunə olub və olacaq”, – deyə S.Rüstəmxanlı qeyd edib.

    Xalq şairi “Bəxtiyar Vahabzadənin Anım İli”nin keçirilməsi təşəbbüsünə görə TÜRKSOY-a təşəkkürünü bildirib.

    Ramin Abdullayev

    AZƏRTAC-ın xüsusi müxbiri

    Ankara

  • İran bu dəfə Azərbaycana gerçək dost əli uzadır

    Tehranın yanlış siyasəti səbəbindən yaşanan gərginliklər dünyada və regionda baş verən hadisələrin fonunda azalmış kimi görünür
     
    İran Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv münasibət göstərərsə, bu, gələcəkdə münasibətlərin daha dinamik xarakter almasında rol oynaya bilər
     
    Baş nazir Əli Əsədov İrana işgüzar səfəri çərçivəsində Prezident Məsud Pezeşkianla görüşüb. Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib. Üçüncü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb. Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu önəmli amildir. Ekspertin sözlərinə görə, Azərbaycan-İran münasibətlərində inkişaf tempi müşahidə olunur:
     “Tehranın yanlış siyasəti səbəbindən müəyyən dönəmdə yaşanan gərginliklər dünyada və regionda baş verən hadisələrin fonunda azalmış kimi görünür. İrandakı səfirliyimizə terror hücumu isə ümumiyyətlə, münasibətlərimiz üçün çox ağır məsələ oldu. Ancaq bütün bu keşməkeşlərə baxmayaraq, iki dövlət arasında münasibətlərin yaxşılaşması və əlaqələrin daha yüksək səviyyəyə çatdırılması istiqamətində işlər gedir. İndi İran-Azərbaycan münasibətləri Tehranda Azərbaycan səfirliyinə qarşı terrordan sonrakı dövr ərzində olduğu gərginlikdən xeyli dərəcədə uzaqdır. Elə bunun özü yeni bir mərhələnin başlayacağını söyləməyə əsas verir”.
     
    Analitik əlavə edib ki, istisna etmək olmaz ki, İranın indiki şəraitdə daha yumşaq və konstruktiv münasibət sərgiləməsi müəyyən qədər impulsiv xarakter daşıya bilər: 
    “Hazırda bölgədə Qərbin, NATO-nun, Amerikanın öz aktivliyini mümkün qədər artırmağa çalışdığı bir dövrdə İran fərqinə varır ki, Azərbaycan bu siyasətin və müdaxilənin ləngidilməsində, qarşısının alınmasında maraqlıdır. Ancaq münasibətlərin daha da dərinləşməsi istənilirsə, burada İrandan çox şey asılıdır. Tehran müharibədən sonra Azərbaycanın yaratdığı reallıqların qəbul olunmasına xeyli dərəcədə dözümlü yanaşmağı bacarmalıdır. Tehran Zəngəzur dəhlizi ilə bağlı məsələyə konstruktiv münasibət göstərərsə, bu, gələcəkdə münasibətlərin daha dinamik xarakter almasında rol oynaya bilər”.
  • VHP-dən bələdiyyə üzvü seçilmiş şəxslərin siyahısı

    Vətəndaş Həmrəyliyi Partiyası 29 yanvar tarixdə keçirilən bələdiyyə seçkilərində 30 nəfərin namizədliyi irəli sürülmüş, onlardan 28 nəfəri namizəd olaraq qeydə alınmışdı. Seçkilərin yekun nəticəsinə əsasən VHP namizədlərindən 12 nəfər müxtəlif bələdiyyələrə üzv seçilib ki, onlardan 7 nəfəri qadındır.
    Seçilən üzvlərimiz bunlardır:

    ✅ Bakı şəhər, Qaradağ rayon Qızıldaş bələdiyyəsinə VHP Qaradağ rayon təşkilatının sədr müavini Seymur Əsədov;

    ✅ Ağstafa bələdiyyəsinə VHP Ağstafa rayon təşkilatının sədri Dürdanə Həsənova;

    ✅ Zərdab rayon Dəkkə Oba bələdiyyəsinə VHP Zərdab rayon təşkilatının sədri Kamran Musayev;

    ✅ Beyləqan rayon, Əlinəzərli bələdiyyəsinə VHP Beyləqan rayon təşkilatının sədri Ədalət Quliyev;

    ✅ Tovuz bələdiyyəsinə VHP Gənclər Təşkilatının sədr müavini Telman Ələsgərov;

    ✅ Astara bələdiyyəsinə VHP Astara rayon təşkilatının sədr müavini Günel Teymurzadə;

    ✅ Gəncə şəhəri, Nizami bələdiyyəsinə VHP Gəncə şəhər təşkilatının sədr müavini Nigar Həsənova;

    ✅ Xaçmaz rayon, Köhnə Xaçmaz bələdiyyəsinə VHP Xaçmaz rayon təşkilatının məclis üzvü Əhməd Savalyov;

    ✅ Neftçala bələdiyyəsinə VHP Neftçala rayon təşkilatı məclis üzvü Jalə Sədrzadə;

    ✅ Qusar bələdiyyəsinə VHP Qusar rayon təşkilatının Məclis üzvü Leyla Davudova;

    ✅ Yardımlı rayon, Hamarkənd bələdiyyəsinə VHP Yardımlı rayon təşkilatının məclis üzvü Aygün Alışlı;

    ✅ Kürdəmir rayon, Cəyli bələdiyyəsinə VHP Kürdəmir rayon təşkilatının üzvü Nigar Hasilova.

    Üzvlərimizi təbrik edir, bələdiyyə üzvü kimi fəaliyyətində uğurlar arzulayırıq.

  • VHP-nin bələdiyyə seçkilərində namizədləri (2025)

    Vətəndaş Həmrəyliyi Partiyasının bələdiyyə seçkilərində iştirak edən namizədlərin qeydiyyat prosesi başa çatıb. 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində VHP-nin qeydə alınan namizədləri. Bələdiyyə seçkilərində namizəd olaraq iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri:
    -Sumqayıt bələdiyyəsi Yusif Salmansoy - VHP sədrinin müavini
    -Sumqayıt bələdiyyəsi Yusif Salmansoy – VHP sədrinin müavini
    -Ağstafa bələdiyyəsi Dürdanə Həsənova – VHP Ağstafa RT sədri
    -Şəki bələdiyyəsi Gülnar Gülməmmədova – VHP Şəki RT sədri
    -Zərdab, Dəkkə Oba bələdiyyəsi
    Kamran Musayev – VHP Zərdab RT sədri
    -Beyləqan, Əlinəzərli bələdiyyəsi -Ədalət Quliyev -VHP Beyləqan RT sədri
    -Bakı şəhər, Qızıldaş bələdiyyəsi Seymur Əsədov – VHP Qaradağ RT sədr müavini
    -Abşeron rayon, Məmmədli bələdiyyəsi Ərturqut Şərəfxanlı – VHP Gənclər Təşkilatı sədri
    -Tovuz bələdiyyəsi Telman Ələsgərov -VHP Gənclər Təşkilatı sədr müavini
    -Astara bələdiyyəsi Günel Teymurzadə – VHP Astara RT sədr müavini
    -Oğuz rayon, Padar bələdiyyəsi Məmmədəmin Rəsulzadə – VHP Oğuz RT sədr müavini
    -Gəncə şəhəri, Nizami bələdiyyəsi -Nigar Həsənova -VHP Gəncə ŞT sədr müavini
    -Salyan bələdiyyəsi Ağakərim Hüseynov -VHP Salyan RT sədr müavini
    -Gədəbəy rayon, Miskinli bələdiyyəsi Tünzalə Hüseynzadə-VHP Gədəbəy RT sədr müavini
    -Şirvan bələdiyyəsi Samir Mahmudov -VHP Şirvan ŞT sədr müavini
    -Yevlax bələdiyyəsi Təhminə Abışova -VHP Yevlax RT sədr müavini
    -Salyan bələdiyyəsi Ağakərim Hüseynov -VHP Salyan RT sədr müavini
  • Mollaların təhqiri – Cənubda xalq ayağa qalxacaq – VİDEO

    “Sabir Rüstəmxanlı söhbətləri”nin budəfəki buraxılışı Ərdəbil mollasının məlum sərsəm danışıqları, İranın ermənipərəst siyasəti və bu siyasətin kökləri, Cənubda yaşayan soydaşlarımıza həsr olunub.
    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, İranın apardığı siyasət bütün İslam aləminə, eyni zamanda orada yaşayan türklərə qarşı çevirilib.
    O bildirib ki, bu siyasətin davam etdirilməsi Cənubdakı soydaşlarımızın öz haqları uğurunda ayağa qalxması və qələbə qazanmasıyla nəticələnəcək.

  • VHP üzvlərinin sayı açıqlandı – Siyahı nazirliyə göndərildi

    Vətəndaş Həmrəyliyi Partiyası yenilənmiş reyster məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib.
    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Bakupost.az -a bildirib ki, əvvəlki reyster üçün 8686 nəfər üzvün adlı siyahısı verilıb.
    “Yenilənmiş reyster siyahısında 275 nəfər yeni üzv əlavə edilib. Son altı ayda isə 14 nəfər üzvümüz dünyasını dəyişib, onların da reysterdən çıxarılması üçün məlumatı məktuba əlavə etmişik”, – deyə S.Əsəvdli bildirib.
    VHP-nin 82 rayon, 1 muxtar respublikada 1253 özək təşkilatı fəaliyyət göstərir.
    Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə hər il yanvar ayının 15-ə kimi siyasi partiyalar üzvlərin yeni (dəyişiklik) reysterini Ədliyyə nazirliyinə təqdim etməlidirlər.