Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • MHP-də Əhməd Cavad İnistutu yaradıldı – Sabir Rüstəmxanlıdan təbrik

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının tapşırığı ilə Ankarada Əhməd Cavad adına İnstitut yaradılıb. Qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

    MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək.
    Azərbaycan Milli Məclisinin deputatı,
    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı İnistitutun yaradılması ilə bağlı MHP sədri Dövlət Baxçalıya məktub ünvanlayıb. Məktubda deyilir: “Sayğıdəyər Devlət bəy!
    Milliyyətçi Hərəkat Partiyasında Türk dünyasının istiqlal şairi Əhməd Cavad adına “Əhməd Cavad İnistitutu” yaradılmasını böyük sevinclə qarşıladım. Turan ellərində daim “Yol ver, Türkün bayrağına” türküsüylə ruhu dolaşan böyük şairimizin adını daşıyacaq inistitutun Türk Dünyası üçün böyük işlər görəcəyinə inanıram.
    Xeyirli, uğurlu olsun!
    Türkiyə siyasi sistemində milli məfkurənin dönməz daşıyıcısı olaraq Sizə uğurlar arzulayıram!
    Tanrı Türkü qorusun!”

  • VHP sədrinin Cümhuriyyət günü təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
    Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradılıb. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoyub, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər görüb. İki il ərzində bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirilib. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırılıb. 70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları belə az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı, xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cümhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Bu bayrağın Xankəndindən Bakıdayadək bütün ölkə ərazisində dalğalanması tariximizin ayrıca bir şərəf səhifəsidir. Azərbaycan xalqı 106 il öncə dünyaya təqdim etdiyi istiqlal və hürriyyət ideyalarını həyata keçirmək uğrunda fədakar mübarizəsini davam etdirir.
    Əziz həmvətənlər!
    Sizi bir daha 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, Azərbaycan uğrunda apardığımız mübarizədə uğurlar arzulayıram. 28 may dünya siyasətində Azad, Demokratik Azərbaycan dövlətinin yaranma günüdür. Bu həm də Bütöv Azərbaycan dövlətinin qurulmasına gedən yolun başlanğıcıdır! Bu yolda Tanrı millətimizə yar olsun!”.

  • Sabir Rüstəmxanlı İYİ Partiyanın yeni genel başkanı Müsavat Dervişoğlunu təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyası sədri, millət vəkili Sabir Rüstəmxanlı Müsavat Dərvişoğlunu İYİ Pariyanın genel başkanı seçilməsi münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir: “Sizi İYİ Partiyanın başqanı seçilməniz dolayısıyla təbrik edirəm. Qardaş Türkiyə Cumhuriyyətinin siyasi mühitində qısa müddət ərzində özünəməxsus mövqeyi olan İYİ partiya hər zaman milli mövqeyi və qətiyyəti ilə seçilib. Sizinlə illərə dayanan şəxsi tanışlığımız məndə əminlik yaradır ki, İYİ partiya Sizin rəhbərliyiniz dönəmində daha böyük uğurlara imza atacaq. Bir daha Sizi yeni görəviniz münasibətilə təbrik edir, işlərinizdə və fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Türk birliyi sürətlə irəliləməlidir

    Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub
     
     Türkiyə Xarici İşlər Nazirliyində (XİN) struktur islahatları çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Departamenti yaradılıb. Məlumata görə, Türk dünyasının əhəmiyyətini nəzərə alaraq yaradılan Departamentin səlahiyyətlərinə türk dövlətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi daxildir. Vurğulanıb ki, islahatlar ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Eyni zamanda ayrı-ayrı bölgələrin və ölkələrin əhəmiyyətini nəzərə alaraq bəzi dövlətlər üzrə idarələr də yaradılıb. Məsələn, Amerika ölkələri Departamenti ilə yanaşı, Latın Amerikası ölkələri üzrə ayrıca idarə yaradılıb. Eyni zamanda Asiya ölkələri Departamenti ilə yanaşı, İran və İraq şöbəsi də yaradılıb. Həmçinin Beynəlxalq Vasitəçilik İdarəsi yaradılıb ki, bu da ziddiyyətlərin və münaqişələrin həlli sahəsində mütəxəssisləri bir araya gətirmək imkanı verəcək.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı struktur, icra mexanizmi və siyasi-ideoloji baxımından dünya siyasi arenasında yeni növ birlik formatıdır. Ekspertin sözlərinə görə, digər regional və beynəlxalq birliklərdən, əməkdaşlıq formalarından fərqli olaraq Türk Dövlətləri Təşkilatında üzv dövlətləri tam mənada bərabərhüquqludur və onların hər birinin milli maraqları təşkilat miqyasında əsas götürülür: 
    “Əsas hədəf türklərin haqq və hüquqlarının dünyanın bütün guşələrində qorunması, regonal iqtisadi layihələrdə türk dövlətlərinə üstünlük verilməsi bu birliyin əsas prinsipləridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının daha sürətli inkişafı, beynəlxalq müstəvidə perspektivi mütləqdir. Çağdaş geopolitik durum türk dövlətləri qarşısında yeni sistemli və təsirli mexanizmlərini formalaşdırmaq zərurətini qoyub. Buna görə zamanın tələbinə cavab verərək sürətli şəkildə yeni inteqrasiya formaları yaradılmalıdır. Avrasiyada türk adına yeni siyasi güc mərkəzinin formalaşması vacibdir. Məhz bu səbəbdəndir ki, tarixi baxımdan çox qısa olan cəmi 14 il müddətində türk dövlətləri “Türkdilli ölkələr” kimi münasibətlər qurmaq miqyasından “Müstəqil Türk Dövlətləri” kimi vahid təşkilatda qlobalmiqyaslı güc olmaq məqsədini qarşıya qoyan dinamik bir sistem halına gəlib”.
     Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Türkiyə dövlət olaraq bu prosesdə daha fəal rol oynayır: 
    “Milli Məclisin qərarı ilə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə İşçi qrupu yaradılması bu baxımdan rəsmi Bakı tərəfindən atılmış çox mühüm bir addımdır. Parlamentlərarası İşçi qrup xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması ilə yanaşı, Orta Asiya respublikaları üçün də bir təkan olmalıdır. Gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin bütün türkdilli dövlətlər tərəfindən rəsmən tanınması və Türk Dövlətləri Təşkilatının bərabərhüquqlu üzvü olması əsas məqsəd olmalıdır”.
  • Sabir Rüstəmxanlı: “Türk Dünyası bir yerdə olsa, bizi əzmək qeyri-mümkündür”

    “Türk dövlətlərinin başçıları bizi gözləyən təhlükəni iki-üç əvvəldən hiss edirdilər”

     
      Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan Baş naziri arasında keçirilən üçtərəfli görüşün iddia olunduğu kimi ciddi nəticələr doğurmamasında Azərbaycanın rəhbərinin qətiyyətli və prinsipial mövqeyi ilə yanaşı, qardaş Türkiyənin sərt reaksiyası da mühüm rol oynadı.
    Türkiyə Xarici İşlər Nazirliyi görüşdən öncə bəyanat yayaraq, Azərbaycanın iştirakı olmadan keçirilən görüşün Cənubi Qafqazda sülhə xidmət etməyəcəyini, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacağını vurğulamışdı. Türkiyə XİN üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırmışdı: “Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək”. Məhz görüş günü Türkiyənin sabiq xarici işlər naziri, TBMM-nin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun Bakıya səfəri, Prezident İlham Əliyevin qəbulunda olması da Ankaranın Bakıya dəstəyinin nümayişi idi. Dövlət başçısı İlham Əliyev M.Cavuşoğlunu qəbul edərkən onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib. Ölkə rəhbəri vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı Mövlud Çavuşoğlu müntəzəm surətdə çox önəmli açıqlamalar verib: “O, bütün dünyaya Türkiyənin səsini çatdırıb ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bu açıqlamalar öz növbəsində Azərbaycanın işinə qarışmaq istəyən qüvvələrin qarşısının alınmasında önəmli rol oynayıb”.
      Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib. Bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. Fevralın 14-də keçirilən andiçmə mərasimində və aprelin 5-də Mövlud Çavuşoğlu ilə görüşündə dövlət başçısının səsləndirdiyi “Türk dünyası bizim bir ailəmizdir” fikirləri də türk birliyinin gücünün nümayişidir. Azərbaycanla Türkiyə arasında münasibətlər digər dövlətlərə örnəkdir, cox güclü siyasi münasibətlərimiz var.
    Ümumiyyətlə, Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı dünya üçün nadir nümunəyə çevrilib. Sarsılmaz birliyə, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə ən yüksək müstəvidədir və daim yüksələn xətlə inkişaf etməkdədir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olduğu üçün iki ölkə hər zaman bir-birinin sevincini, kədərini paylaşıb. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyib. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük müharibədə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun lideri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın Qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu.
      Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir. Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi. İkincisi, bu sənəd Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı. Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, Türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.
      Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir. Qardaş Türkiyə bu gün də hər şəraitdə Azərbaycanın yanında olduğunu vurğulamaqdadır. Şübhəsiz, iki ölkənin birgə addımlamasında Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri də xüsusi rol oynayır. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə daim bir-birinin haqlı mövqeyini birmənalı müdafiə edirlər. Yəni Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bu məqam ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha gündəmə gətirildi. Dövlət başçısı ona ünvanlanan “kritik məqamda ilk kimə telefon edərsiniz” sualına cavab olaraq bildirdi ki, prinsipcə, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısına telefonla zəng edir. Ölkə başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı insanlardan birincisi Türkiyə lideri olub: “Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram”.
      Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a açıqlamasında bildirib ki, müəyyən kritik məqamlarda Azərbaycan və Türkiyə rəhbərliyi, yaxud rəsmilər arasında təmaslar xeyli vacibdir. Deputatın sözlərinə görə, digər türk dövlətlərinin başçıları bizi gözləyən təhlükəni iki-üç əvvəldən hiss edirdilər: 
    “Ona görə də Türk Dünyası anlayışının gündəmə gəlməsi, türk dövlət başçılarının müntəzəm görüşləri, Türk Dövlətləri Təşkilatının formalaşması, müəyyən idarəçilik modellərinin yaradılması hamısı ona xidmət edir ki, “biz tək deyilik”. Bizim öz dünyamız, mühitimiz var. Türk Dünyası öz potensialına görə Avropa Birliyindən, yaxud digər regionlardan az əhəmiyyətli deyil və böyük perspektiv vəd edir. Türk birliyi dünyanın gələcək taleyində mühüm rol oynaya bilər. Tək-tək bizi əzərlər, imkanlarımızı əlimizdən alarlar. Amma bir yerdə olsaq, bizi əzmək qeyri-mümkündür. Türk dünyasının həlledici nöqtələri Türkiyə və Azərbaycandır. Ötən gün Azərbaycan Milli Məclisi Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaratdı. Bunun özü mühüm mesajdır. Türkiyənin NATO-dakı nümayəndəsi, keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlunun Bakıya gəlməsi, burada verilən mesajlar dünyada diqqətlə izlənilir. Dünya görür ki, biz Brüssel kimi görüşlərə biganə deyilik və bunun cavabı da var. Təsadüfi deyil ki, ABŞ dövlət katibi A.Blinken və Avropa Birliyi Komissiyasının prezidenti Ursula Fon der Lyayen dövlət başçısı İlham Əliyevə zəng etdi. Görüşün Azərbaycana qarşı olmadığını iddia etdilər. Ermənistanı sülh prosesinə dəvət etdiklərini vurğuladılar. Əgər Ermənistana 270 milyon avro, 65 milyon dollar maddi yardım ayrılırsa, bu o deməkdir ki, Qərb həm də Ermənistanın müdafiəsini gücləndirir, İrəvanın hərbi xərclərini artırır”.
      Parlamentari qeyd edib ki, Qərb ölkələri Ermənistanı hərbi sənayesini inkişaf etdirməklə Azərbaycanın mövqelərini zəiflətməyə çalışırlar: “İnşallah, bu niyyətlərin heç biri baş tutmaz. Ermənistan ilk dəfə deyil ki, hansısa dövləti arxasına alaraq bizə baş qaldırır. Vaxtı ilə Rusiya erməniləri bizə baş bəlası edirdi. İndi də eyni şeyi ABŞ və Avropa edir. Nəticə etibarı ilə isə Ermənistan öz başına bəla açır. Balaca bir dövlətə bu qədər missionerlər, bu qədər hərbi sursat, texnika cəmləməyin gələcəyi yoxdur. Hər halda məsələlərə səbrlə, təmkinlə yanaşmalıyıq. Başqalarını ittiham etməkdənsə, dünyanın böyük gücləri ilə münasibətləri daha düzgün şəkildə qurmalı, ardıcıl iş aparmalıyıq”.
  • VHP 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib

    Bir müddətdir ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Konstitusiyaya görə, seçki noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyükmiqyaslı tədbirin və dekabrda isə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq, erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik. Bu kontekstdə hər hansı rəsmi açıqlama verilməyib, amma situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir.
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a deyib ki, partiyanın Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr aparıb. Partiya təmsilçisinin sözlərinə görə, 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib:
    “Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə namizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən qadın namizədlər, xüsusən gənclərin namizədlikləri üzərində əsas iş aparılır. Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıb. Erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək”.
  • Sabir Rüstəmxanlı: “Qadınların pensiya yaşını azaltmaq lazımdır”

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.

    Bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

    O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib:
    “Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
    S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur:
    “Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.

  • VHP-çilər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının və Bakı rayon təşkilatı üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

    VHP.az-a verilən məlumata görə, ziyarətdə VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Zeynal Fətullayev, partiyanın məkəzi icra aparatının və Bakı şəhər təşkilatlarının üzvləri iştirak ediblər.

  • Sabir Rüstəmxanlı Beynəlxalq Ana dili Günü ilə bağlı Hədəf liseyinin tədbirinə qatıldı

    Bu gün “Hədəf” Liseyində 21 fevral – Beynəlxalq Ana dili Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə “Hədəf” Şirkətlər Qurupunun qurucusu, dosent Şəmil Sadiq açaraq qonaqları salamladı. Daha sonra Liseyin şagirdlərinin ifasında Azərbaycan mətbuat tarixi və ana dilimizin inkişafı ilə bağlı səhnəciklər göstərilib, Azərbaycan dilinin tarixi, keçdiyi yol və zənginliyi haqda məlumat verilib.

    Tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin dəvət olunduğu tədbirdə millət vəkili, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı , şair Rüstəm Behrudi çıxış ediblər.

    Tədbirin yüksək səviyyədə və ruh yüksəkliyi ilə hazırlandığını xüsusi vurğulayan Sabir bəy bildirib ki, ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür: “Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm. Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb, qurbanlar verib, fədakarlıqlar göstərilib. Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan qurtarıb. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir və dövlət səviyyəsində qorunur”.
    Şair Rüstəm Behrudi Azərbaycan türkcəsinin qorunması və latın qrafikasına keçid işində Sabir Rüstəmxanlı ilə birgə çalışdıqları “Azərbaycan” qəzetinin rolundan danışdı.

    Sonda qonaqlar ana dili ilə bağlı şerlərini oxudular.

  • Sabir Rüstəmxanlı: “Yaşım imkan versəydi, silah da götürərdim”

    “Düzünü deyək” rubrikamızın qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.

    Bakıvaxtı.az söhbəti təqdim edir.

    Dövlət idarəçilik sistemində müəyyən islahatlar aparıla bilər

    – Sabir bəy, Azərbaycanda Prezident seçkisi başa çatdı. Ölkə başçısı İlham Əliyev yüksək səs faizi ilə yenidən Prezident seçildi. Bütün seçkilərdən sonra bir dəyişiklik, yenilənmə gözlənilir. Sizcə, bu dəfə ölkəmiz, cəmiyyətimiz nə kimi dəyişiklik və yenilənmənin şahidi olacaq?

    – Azərbaycanın həyatında yeni bir dövr başlayır. Şübhəsiz ki, yeni era dedikdə ordunun güclənməsi nəzərdə tutulur. Bundan başa, sərhədlərimizin təhlükəsizliyi daha möhkəm qorunacaq.

    Qarabağda, elə bil, yenidən bir dövlət qurulur. Hər şey sıfırdan başlanıb. Orada böyük işlər həyata keçirilir. Şəhərlərimiz, kəndlərimiz bərpa olunur. Bu, az qala 50 illik bir proqramdır. Çox böyük işlər görülür və görülməkdə davam edəcək. Mövcud proseslərin hamısını başa çatdırmaq həm böyük vəsait, həm güc, həm də zaman istəyir. Bununla yanaşı, Azərbaycanın digər rayonlarında da abadlıq və quruculuq işləri aparılır.

    – İnsanların sosial şəraitinin yaxşılaşdırılacağına dair də gözləntilər var…

    – Bəli, ən başlıcası əhalinin işlə təmin olunması, rayonlarda iş yerlərinin açılması, torpaqların bərpa olunması, şoranlaşmanın qarşısının alınması, ölkənin su ilə təchiz olunması, Azərbaycanın neft və qaz asılılığından xilas olunmasıdır. Bütün bunların hamısı böyük işlərdir və görülməlidir. Dövlət idarəçilik sistemində, məxsusi olaraq, bölgələrin idarə olunmasında müəyyən islahatlar aparıla bilər. Bunların hamısı zaman tələb edən məsələlərdir. Düzdür, sözügedən istiqamətlərdə zaman-zaman müəyyən işlər görülür, amma görünür, sürət daha da artmalıdır.

    Türk dünyasının Aİ-yə bənzər vahid birliyə çevrilməsi yönündə işlər görməliyik

    – 44 günlük Vətən savaşındakı qələbədən sonra ölkəmizə qarşı beynəlxalq təzyiqlər də gücləndi. Səbəb nədir və nə etməliyik?

    – Doğrudur, Qarabağ zəfərindən sonra “üstümüzə gələnlər” çoxdur. Azərbaycanın öz torpaq bütövlüyünü təmin etməsi, ermənilərin özlərinin ərazilərimizdən köçüb getməsindən sonra bir sıra ölkələrin Azərbaycana münasibəti dəyişilib. Bizə qarşı qəzəblidirlər. Beynəlxalq hüquqa, ölkələrin öz torpaqlarına sahiblənmək hüququna sayğısızlıq var. Bunu nəzərə almırlar. Azərbaycan bütün bunların qarşısında dayanmalıdır. Bunun üçün ölkədə milli birlik, vətəndaş birliyi, ordu, iqtisadiyyat güclü olmalıdır.

    – Beynəlxalq əlaqələrin möhkəmlənməsi istiqamətində hansı addımlar atılmalıdır?

    – Kənar təzyiqlərə baxmayaraq, biz onlardan qaça bilmərik. Beynəlxalq əlaqələrimiz kəsilə bilməz. Demokratiya və insan haqları istiqamətində müəyyən addımlar atmaqla əslində bu münasibətləri yumşaltmalıyıq və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu qoruyub saxlamalıyıq.

    – Yeni erada Türk dünyası ilə bağlı nə kimi işlər görülməlidir?

    – Türk dünyası ilə əlaqələri genişləndirməliyik. Özəlliklə Türkiyə ilə münasibətlərimizi daha da möhkəmləndirməliyik. Türk dünyasının Avropa İttifaqına bənzər vahid birliyə çevrilməsi yönündə ciddi işlər görməliyik.

    Ermənistan getdikcə anlayacaq ki, sülh müqaviləsindən başqa yolları qalmayıb

    – Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı da düşüncələriniz maraqlıdır. Bir tərəfdən sülh danışlarından bəhs olunur, digər tərəfdən Zəngilan istiqamətindən əsgərlərimizə atəş açılır…

    – Bu, ağır prosesdir, hələ belə güllələr açılacaq. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması istiqamətində yubatmalar olacaq. Ermənistanın daxilindəki “Qarabağ klanı”nın adamları daim Ermənistan və Azərbaycanın yaxınlaşmağına mane olacaq. Bütün bunlar məlumdur, amma sülh prosesinin qarşısını almaq mümkün olmayacaq. Müharibə bitib, hər kəs torpağında oturub, öz dövlətinin gələcəyini düşünür. Bu gələcək də qonşularla normal münasibətlərdən asılıdır. Rəsmi İrəvan bunu dərk edəcək. Sülh Azərbaycana da, Ermənistana da lazımdır. Buna rəğmən Ermənistan gələcək taleyini İrana, Fransanın ona olan himayədarlığına bağlayır. Ancaq onun ətrfaında Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan var. Rəsmi İrəvan bu ölkələrlə də əlaqələrini qurmalıdır ki, dövlətini inkişaf etdirsin. Onlar getdikdə bunu daha yaxşı dərk edəcəklər. Anlayacaqlar ki, sülh müqaviləsindən başqa yolları qalmayıb.

    – Fransanın adını çəkdiniz, bilirik ki, bu ölkənin “canfəşanlığı” nəticəsində Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dondurdu. Rəsmi Paris niyə və nədən narahatdır?

    – Fransada əleyhimizə danışanların əksəriyyəti oradakı ermənilərin qohumları, yaxınlarıdır. Orada erməni lobbisi və diasporu güclüdür. Onların pulu ilə danışan lobbi təşkilatları var. Ermənistan və Fransanın ənənəvi, köhnədən mövcud olan əlaqələri var. Üstəgəl, Fransa Avropada öz nüfuzunu gücləndirməyə çalışır. Böyük Britaniya Avropa Birliyindən çıxandan sonra Fransa özünü əsas söz sahibi kimi aparmaq istəyir. Ona görə də nə zaman ki Azərbaycanla Ermənistan rəsmiləri arasında Brüsseldə danışıqlar baş tutur, dərhal Fransa özünü ora pərçimləməyə çalışır.

    Fransanın çox ciddi liderləri olub, indiki prezidenti Emmanuel Makron onların yanında təcrübəsiz uşağa bənzəyir. Bilmədiyi məsələ və proseslərdən danışır. Azərbaycan öz torpaqlarını separatçılardan təmizləyəndə, işğalçıları torpaqlarımızdan qovanda, Makron bəyanat verirdi ki, Azərbaycan işğaldan əl çəkməlidir. Çoğrafiyadan xəbəri yox, tarixdən xəbəri yox… Parisdə oturub, elə bilir ki, dünya Fransadan ibarətdir. Onun yanlış siyasəti Qafqazdakı münasibətləri gərginləşdirir. Makronun addımları sülhyaratma işinə deyil, gərginliyə xidmət edir və Fransanın nüfuzdan düşməyinə səbəb olur. Ona görə də Fransanı yavaş-yavaş Afrikadan qovurlar və addım-addım geri çəkilir. Dünya elə bir nöqtəyə gəlib çıxıb ki… Müstəmləkəçilik siyasəti yürüdənlərin sonu başlayır. Bu gün heç bir xalqı zorla əsarət altında saxlamaq olmaz. Belə bir müddətdə Fransa Ermənistanın deyil, özünün qayğısına qalmalıdır.

    Ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır

    – İkinci Qarabağ savaşından sonra qeyd olunurdu ki, qələbəmizlə bağlı sanballı nəsr və nəzm əsərləri yaradılmır. Hətta Azərbaycan Yazıçılar Birliyi (AYB) də qınanılırdı ki, istedadsız adamları ora toplayıblar, ancaq ortada nə “fal var, nə də yumurta”. Bu iradlarla razılaşırsınızmı?

    – Əvvəla, ədəbiyyatı AYB deyil, konkret şəxslər yaradır. AYB ədəbiyyat adamlarının nümayəndələrinin bir araya gəldiyi məkandır. Bütün bu məsələlərin günahını AYB-də görmək cahillikdir, bu təşkilatın işindən xəbərsizlikdir. Hesab edirəm ki, belə bədgümanlıq doğru deyil. Ədəbiyyatımız bütün məsələlərə həmişə cavab verib. Həyatımızın elə bir sahəsi yoxdur ki, ədəbiyyatımızın iri gözlərindən kənarda qalsın. Zəfərimizlə bağlı şeirlər, oçerklər, poemalar yazılır. Müxtəlif kitablar çap olunur, bunları görməmək olmaz.

    -Siz özünüz nələri qələmə almısınız?

    – 2020-ci ildə, müharibə qurtarandan sonra “Qarabağa dönüş” adlı iri həcmli poema yazdım və bunu Qarabağ qələbəsinin ilk iri həcminli dastanı adlandırırlar. Böyük bir poemadır, onu kitab kimi buraxdım. Kitabın özündə də rəylər var və sonra da bu poema haqqında yazılar yazıldı. Dəfələrlə nəşr olunsa da, əlimdə heç biri qalmayıb.

    Qazilərlə bağlı şeirim var. Ağdama ilk gedişimdə böyük bir publisistik yazı yazdım.

    Bundan başqa, Füzuli və Şuşa ilə bağlı qeydlərimi yazmışam.

    Hərə öz ruhundan çıxış edib, Qarabağ zəfərimizə münasibət bildirib. Savaş zamanı əsgərlərin dilində ən çox populyar olan “Çəkil torpağımdan, ey yağı düşmən!” marşı mənim sözlərimə yazılıb, sonuncu Zəfər marşının da sözləri mənə məxsusdur. Bir şair müharibədə bu cür iştirak edə bilər. Yaşımız imkan versəydi, silah da götürərdik, təəssüf ki, buna imkan yoxdur.

    Ayyət Əhməd

    BakıVaxtı