Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
    “Əziz soydaşlar!
    34 il öncə – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Meydana toplandı və biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq, azadlığa haqqı çatan xalq olduğumuzu bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin nəticəsində xalqımız öz istiqlalına qovuşdu.
    17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi!
    17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi.
    17 noyabr bu mənada həm də Zəfər səhifəmizin başlanğıcı idi. Biz bir də 44 günlük Vətən müharibəsində bu Milli birliklə düşməni yendik.
    Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətimizin güclənməsi, vətənimizin bütövlüyü uğrunda şərəfli yolda sizlərə uğurlar arzulayıram. İstiqlalımız əbədi, Bütövlüyümüz gerçək olsun!”

  • “…İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər”

    “Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirilərsə saziş reallaşar, amma…”
     
    “…ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışır. “Bu, çox təhlükəli prosesdir”
     
     
      Sentyabrın 27-də Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olub. Görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. Vurğulanıb ki, əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir: 
    “Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslər haqda məsələlər müzakirə olunub”. Son günlər Ermənistan təxribatçı mövqe sərgiləyir və danışıqlarda müsbət nəticə əldə olunmasına imkan vermir. Belə məqamda Qərb ölkələrinin xüsusi aktivliyi də müşahidə olunmaqdadır. Baş nazir Nikol Paşinyanın Fransaya getdiyi vaxtda Qriqoryan da ABŞ-a səfər edir və Azərbaycan rəsmisi ilə görüşür, müəyyən müzakirələr aparılır. Təbii ki, rəsmi Bakı üçün əsas məsələ ABŞ-ın vasitəçiliyi ilə reallaşan təmasların hansısa nəticə verib-verməyəcəyidir. Digər mühüm məqam isə Rusiyanın Qərbin vasitəçiliyinin önünə yenidən sədd çəkməsi ilə bağlıdır.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırır. Partiya rəsmisinin sözlərinə görə, erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb: 
    “Ermənistan kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də İrəvan vaxt uzatmaqla məşğuldur. Bununla yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair ötən ayın sonunda keçirilən 4-cü Brüssel görüşündə bir sıra mühüm razılaşmalar əldə olunub. İlk baxışdan hər şey normal görünür və prosesin irəliləyə biləcəyini söyləmək olar. Paralel olaraq sərhədlərin delimitasiyası üzrə işçi qrupları noyabr ayında Brüsseldə görüşəcək. Brüssel görüşündə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı irəliləyişə nail olunacağına ümidlər var. Əgər bütün bu işlər normal qaydada getsə, noyabrda Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderlərinin növbəti üçtərəfli görüşü baş tuta bilər”.
     
      S.Əsədli vurğulayıb ki, ABŞ və Rusiya sülh sazişinin imzalanması məsələsini rəqabət meydanına çevirməyə çalışırlar: 
    “Bu, çox təhlükəli prosesdir. Ümid edilən sülh sazişi iki xalqın iradəsini əks etdirən bir qərar olmalıdır. Üçüncü dövlətin bu məsələdə öz israrını yeritməyə çalışması, özünün strateji maraqlarının yeridilməsi ilə bağlıdır. ABŞ və Rusiyanın bir-biri ilə rəqabəti sözsüz ki, sülhyaratma prosesinin gedişinə mane olan əsas cəhətlərdən birinə çevrilib. Hər halda hər iki dövlətin siyasi liderlərinin, xüsusən də Ermənistan rəhbərliyinin tərəddüdləri olmazsa, Brüsseldə nəzərə alınmış razılaşmalar həyata keçirsə, ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər”.

  • Azərbaycan siyasi düzəninə həmrəylik möhürü vuran partiya

    Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

     

    Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

    VHP-nin yarandığı siyasi şərait

    Milli Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı və azad, demokratik cəmiyyətin yaradılması zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin başqa-başqa siyasi qurumlarda mübarizəsini şərtləndirdi. Həmin dövrdə – 1992-ci ildə müxtəlif partiyalar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən belə partiyaların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin inkişafı, fikir azadlığının təmini baxımından bəlkə də uğurlu hal kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və bu çoxluğun yarada biləcəyi xaos ərazisinin bir hissəsi işğal olunmuş, müharibə şəraitində olan, şimaldan və cənubdan xarici təhdidlərə məruz qalan Azərbaycan üçün çox təhlükəliydi. Çünki ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması fəsadsız ötüşə bilməzdi. Təəssüf ki, həmin fəsadlardan qaçmaq mümkün olmadı. Millət vəkili Sabir Rüstəmxanlı da məhz bu ərəfədə gözlənilən təhlükəni hiss edib, eyni zamanda bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq həmrəylik ideyasının tərəfdarlarını bir araya gətirdi: 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) I təsis qurultayını keçirdi. Bu qurultayda Azərbaycanın taleyini düşünən insanlar ölkənin siyasi həyatına yeni ideologiya gətirəcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Meydan hərəkatının lideri, ədəbi və siyasi mübarizəsi ilə bütün ölkə boyu böyük sevgi və nüfuza sahib olan Sabir Rüstəmxanlını Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçərək onun ətrafında birləşdilər. VHP 3 noyabr 1992-ci ildə 7-ci siyasi partiya olaraq dövlət qeydiyyatına alıdı.  VHP-nin ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi.

    Vətəndaş Həmrəyliyi ideyası: tarixi zərurət

    Beləliklə hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi Partiyası. Dünyanın ictimai-siyasi mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi. Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar, bölücülük meyilləri bir-birini əvəz edirdi. Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.

    Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.

    Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək, vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq… Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızı onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çatdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun”.

    Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin var oluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.

     

    VHP seçkilərdə

    VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmışdır. VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. Prezident seçkiləri zamanı ölkənin bütün böyük şəhərlərində, rayon mərkəzlərində kütləvi görüşlər, seçki zamanı Bakıda möhtəşəm yürüş-mitinq keçirmişdir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub. 2020-ci ildə VHP 75 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini Fəzail İbrahimli tutur. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103, 2009-cu ildə 115, 2019-cu ildə isə 8 nəfər üzv seçilib. Hazırda partiya üzvləri ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Parlament və bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kompaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş, bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.

    VHP siyasi birliklərdə

    VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub. Milli Müqavimət Hərəkatı, Demokratik Konqres, SİDSUH, DUH, Dəyirmi Masa, Müxalifətin Koordinasiya Mərkəzi, İctimai Palata, Milli Şura, Qarabağ Komitəsinin formalaşmasında iştirak edib.

    Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.

    Xarici əlaqələr

    Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. Almaniya, ABŞ, İsveç, Polşa, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldovada fəaliyyət göstərən siyasi təşkilatlar və Türkiyənin MHP, AkParti, CHP, İYİ Parti, BBP və digər partiyalarla VHP-nin sıx əlaqələri var. VHP-çi deputatlar Avropa Şurasının, Avropa Birliyinin və İslam Konfransı Təşkilatının parlament komitələrinin üzvləridirlər, həmçinin VHP-nin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), ABŞ-ın Respublikaçılar və Demokratlar İnstitutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri var. VHP sədri Sabir Rüstəmxanlı ABŞ konqresində, İsveç, Almaniya, Belçika, Ukrayna və Avstraliya parlamentlərində keçirilən beynəlxalq konfranslara qatılaraq çıxış edib. VHP üzvləri ATƏT, Avropa Şurası, ABŞ-ın və Avropanın bir sıra ölkələrindəki siyasi partiyalarının təşkil etdiyi konfranslarında iştirak ediblər.

    VHP yönətiçiləri

    VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Dövlət Aktının müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir. VHP Siyasi Şurasının üzvləri: Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Felmar Ələkbərli, Rafiq Manaflı, Samir Əsədli, Elxan Mirzəyev, Arif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, İbrahim Quliyev, Faiq Balabəyli, Şəfəq Quliyeva, Asif Şəkərli, Səlahəddin Əsgər və Yusif Xantemirov.

    VHP hədəfə doğru

    Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 30 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Bu gün 82 bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

    VHP Siyasi Şurası

     

  • “Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

    Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən dostlarımızı böyük minnətdarlıqla yada salıram. O insanların bir hissəsi bu gün aramızda deyil, bəziləri dünyasını dəyişib, bəziləri VHP ilə yollarını ayırıb. Dünyasını dəyişən bütün VHP-çilərə, xalq hərəkatından gələn əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Mənim düşüncəmdə insanın dünya həyatı elə YOLdan ibarətdir və bu baxımdan ötən 30 il ərzində dözüm və səbrlə, bütün əziyyətlərə, maddi və mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən dönməmiş, VHP-nin ölkənin güclü siyasi partiyalarından birinə çevrilməsində fədakarlıq göstərmiş hər bir üzvümüzə xüsusi minnətdarlığımı bildirirəm.

    Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayı hamıda belə bir təsəvvür yaradırdı ki, VHP tezliklə ölkənin ən güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu partiyanın ideologiyası və yaradıcıların siyasi potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün bölgələri təmsil olunurdu. Mükəmməl məramnamə və nizamnamə hazırlanmışdı. Partiyanın ideyası Azərbaycanın milli-mənəvi, siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri, ruhu və yaşadığımız günlərin şərtləri nəzərə alınmışdı. Müharibə və çətin siyasi-iqtisadi böhran şəraitində xalqı birləşdirmək məqsədi güdürdük. Bölücülük, dağıdıcılıq, gözübağlı radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə güclü bir siyasi-mənəvi özül üzərində qurulmuşdu.

    Digər tərəfdən, partiyanın liderlər qrupu meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın bütün üzlərini görmüşdülər. Onların nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına bağlılıqları, nəhayət 1988-ci ildən sonra daim xalqın qabağında, səmərəli, ayıq, düzgün mövqe tutmaları təşkilata böyük inam oyadırdı.

    VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı. Ümidli günlər idi, amma, vəziyyət qarışıq idi. Siyasi hakimiyyət AXC-nin əlində olsa da, o, vəziyyətin ağası deyildi. 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizələrimizdən, qurbanlarımızdan sonra da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə alıb ilk qurultayımızdakı çıxışımda bildirmişdim: “İlk növbədə siyasi xəttlər dəyişməli, dövlətçilik, idarəçilik yamsımaları sürətlə aradan qaldırılmalı və bu sahədə tam müstəqil quruculuq işləri aparılmalıdır. Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur. Ciddi axtarış da hiss olunmur. Sükanın arxasında biz demokratlar oturmuşuq. Lakin köhnə araba yenə də cırıldaya-cırıldaya köhnə yoluyla getməyindədir. Nə kəndin, nə şəhərin, nə də respublikanın idarəçiliyi üçün köhnə stereotipləri cəsarətlə qırıb tökən yeni mexanizm tapılmayıb.

    … Nə qədər ki, şirkət prezidenti ilə köhnə nazirliyin fərqi yalnız dövlət malını daha sərbəst mənimsəməkdən, icra hakimiyyəti başçısının köhnə raykom katibindən fərqi daha cəzasız bir şəkildə tək hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi dönüş yaratmaq çətin ki, baş tutsun”.

    Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi və Azərbaycanda demokratiya, milli dövlətçilik ideyalarına ağır zərbə vuruldu. Bir il sonra hakimiyyət təhvil verildi. Köhnə arabanı idarə edə bilməyən, yenisini qurmağa vaxtı çatmayan demokratik qüvvələr həmin arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət etdi. Bunları deməkdə məqsədimiz – 1988-ci ildə siyasi liderlik həvəsi ilə meydana can atanların çoxu ilə başlanan dialoqlarımızı xatırlamaqdır. Nəticə göz qabağındadır. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərib. Amma yəqin siyasət də elə ona görə siyasətdir ki, heç kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən istifadə edən açıq-aşkar xəyanətkarlar da yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə çağırmaq təəssüf ki, yenə də mümkün deyil. Çünki hələ də düşmənlə üz-üzəyik və bu daxildəki bütün pərdələri götürmək imkanını heçə endiririk. Bu cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın və fəaliyyətimizin başlıca əlamətidir. Bəla burasındadır ki, son illərdə Azərbaycanın həyatında müəyyən şəkildə rol oynamış heç bir lider və siyasi partiya öz əməllərinə qiymət verərək səhvlərini etiraf etməmişdir.

    Siyasi oyunların nəticələrini gördük və Qarabağ adı altında yatan saysız faciələrimizin bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu oldu ki, həmin çəkişmələrdə əsl milli dövlət qurmaq imkanını əldən verdik, müstəqillik, azadlıq sözləri qiymətini itirdi, millətin böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət oyunları nəticəsində meydana çıxan vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.

    Son illərdə istər iqtidar, istər müxalifət cəbhəsində Birinci Qarabağ savaşındakı məğlubiyyətin və dövlət quruluşundakı səhvlərin, günahların cəmi bir il hakimiyyətdə olan demokratik qüvvələrin və xalq hərəkatının boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm. Dağlıq Qarabağı Ermənistana vermək və bu məqsədlə Ermənistanı silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet hakimiyyəti illərində əvvəldən qurulmuş bir plan idi. Sovet dövründə Azərbaycana başçılıq etmiş insanlar, o cümlədən Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən alanlar bunu görməli və bu xəyanətin iştirakçısı olmamalı idilər.

    Azərbaycanın demokratik qüvvələri, Xalq hərəkatı ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını sürətləndirdilər, Azərbaycanın dövlət müstəqilliyinin əyri bir müstəvidə bərpasının qarşısını aldılar, Vətəni boş əllə də müdafiə etmək nümunəsi göstərdilər və nəhayət daxili qarşıdurmaya yol verməmək üçün hakimiyyətdən çəkilmək mədəniyyəti göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə bilər, lakin ortada Xalq hərəkatının əsəri olan və gündən-günə möhkəmlənən bir Azərbaycan Respublikası var. Bu respublikanın qurucularının xidmətlərinə tənqidi yanaşarkən görülən işlərin tarixi əhəmiyyətini də unutmaq olmaz.

    VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən gətirdiyimiz misalı bir daha xatırladıram: “Madam ki, biz milli dövlət istiqlalını müdafiə edirik, bizim üçün nə kosmopolit liberalizmə və nə də internasional sosializmə və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir.”

    Milli birlik, vətəndaş həmrəyliyi – bir sistem kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Bu proses demokratiyanın yüksək təzahürüdür, hər bir vətəndaşın milli və insani heysiyyətinə ən böyük sayğıdır, ən mükəmməl ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş Həmrəyliyi – insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri səmərəli dəyərləndirən bir xəttdir.

    Vətəndaş Həmrəyliyi:

    – Müstəqil yeni, amma əbədi bir ideyadır;

     – Millətin və dövlətin gələcəyidir;

    – Azərbaycanın qələbəsidir;

     – Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq alınla, başı uca yaşamağımızdır;

     – Xalqın və bütün insanların mənəvi dəyərlərinə hörmət aşılayır;

     – Cəmiyyəti formalaşdıran və dərk edən gücdür.

    Biz müxalifət, iqtidar münasibətlərinin normal qurulmasını və qarşılıqlı böhtanlara və iftiralara, düşmənçiliyə, qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə kifayət qədər gənc, sağlam, iradəli, milli düşüncəli adamlar var. Siyasi əqidəmizdən, partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən asılı olmayaraq biz bir millətin övladlarıyıq. Millətin yüz illər boyu verdiyi qurbanların, axıtdığı qanların bahasına qazanılmış müstəqilliyi – daxili çəkişmələrə, hakimiyyət davalarına qurban verməyə haqqımız yoxdur. Yetkin, mədəni bir xalq kimi müstəqil dövlətimizi qoruyub saxlamağa gücümüz çatar. VHP özünü bu gücün daşıyıcılarından, millətin ləyaqətinin, intellektinin, ağlının və iradəsinin qoruyucularından biri sayır. Bunu respublikanın ictimai-siyasi həyatında tutduğumuz mövqe, beynəlxalq əlaqələrimiz də aydın göstərir.

    Bütün fəaliyyətimiz dövründə ölkəmizin həm siyasi, həm də mənəvi həyatına həsr olunmuş demək olar ki, bütün dəyirmi masa və görüşlərdə, siyasi birliklərdə iştirak etmişik. Müxalif düşərgədə yaranmış bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin iştirakı ilə keçirilən elə bir mühüm tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək, elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi bildirməyək. VHP hakim partiyadan sonra ölkədə yeganə siyasi qüvvədir ki, bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş və bütün seçkilərdə nəticə əldə etmişdir. Bu gün parlamentdə ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib. Bu uğurlu yolumuz tutduğumuz düzgün ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl dediyimiz sözlər bu gün də qüvvədədir: “ … Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana torpaq…”. Seçkilərə qatılmağımız, parlamentdə iştirakımız və hadisələrə səbrli yanaşmağımıza görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz bütün gizli sövdələşmələrdən uzaq olduğumuza görə rahatca yolumuzu davam etdiririk!

    Bu gün VHP aydın məqsədi olan bir partiya kimi tanınır və onun daha da güclənmək imkanları böyükdür. Biz milli mənafedən çıxış edən partiya kimi sağa da, sola da sayğı ilə yanaşırıq. Amma bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur. Seyrçi mövqe – susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə öz kəskin, güzəştsiz münasibətimizi bildiririk. Partiyaların çoxundan fərqli olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya dayanmır. Kimdənsə sövdələşdirilmiş yardım istəmirik. Partiyanın ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından tutmuş sıravi vətəndaşlarına qədər – hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf edir və bizim xəttimizə, ideyamıza doğrudan da, qurtuluş yolu kimi baxırlar. Özümüz hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim ideyasına çevrilib.

    Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri olan 44 günlük Zəfər Savaşı “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarımızın bütün ölkə boyunca qəbul edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik.

    Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri Qarabağın Azadlığı ilə yekunlaşmır. Azərbaycan Respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

    Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir. Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir. Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir. İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarının düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

    Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.

    Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaqdır. Bütün bu illər ərzində ədəbi yaradıcılığımda, siyasi mübarizəmdə, daşıdığım vəzifələrdə bir amala xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığıdır!

    Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub – daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!

    TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!

     

     

  • VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz:”Siyasi riyakarlıqdır…”

    Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi  türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri  Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin demarşına çevrildi. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin qanunverici orqanının rəhbərinin qondarma “soyqırım” abidəsi önündə  axıtdığı göz yaşları sözün bütün mənalarında siyasi riyakarlıqdır. Uydurma erməni nağılına bu cür dəstək verən ABŞ rəsmiləri başa düşməlidir ki, onların bütöv bir xalqa, böyük türk toplumuna qarşı həyasız və əsassız iddialarla çıxış etməsi dövlətlərarası münasibətlərin  mürəkkəbləşməsinə  səbəb olur.  Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş qaydada öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar əleyhinə bu cür səriştəsiz adamların fikirlər səsləndirməsi heç bir diplomatik etiketə sığmır . Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan dövləti bu cür adamlarla bağlı ABŞ-ın rəsmi dairələrinə diplomatik qaydada etiraz etməli,  onların bu hərəkətlərinin əsassız olduğunu sərt şəkildə nəzərə çatdırmalıdır.. Lobbiçilik adı altında istənilən dövlətin əleyhinə istənilən fikir söyləmək mümkündürsə, onda hər kəs ABŞ dövlətinin yaranarkən yerli əhaliyə divan tutmasından, 80 min insanı qəddarcasına qətlə yetirməsindən danışmalıdır.
    Azərbaycan ordusunun son əməliyyatları nə miqyasına, nə də insan təlafatına görə ABŞ-ın öz sərhəddindən min kilometrlərlə uzaqda – Vyetnamda, İraqda, Əfqanıstanda apardığı müharibələrlə müqayisə edilə bilməz.  VHP qətiyyətlə bildirir ki, Azərbaycan olaraq  bizim də söyləməyə kifayət qədər sözümüz var; ölkəmiz  beynəlxalq hüquqlar çərçivəsində hərəkət edir, müəyyən faşist ideologiyasına məruz qalmış millətin çılğın iddialarına əhəmiyyət vermir. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərilməsi, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşılması, bütün bunlara görə  ermənilərə qarşı heç bir bəyanat verilməməsi fonunda xanım Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi fikirlər ABŞ üçün utancvericidir.
    VHP hesab  edir ki, ABŞ-ın uzun illərdir ki, tərəfdaşı olan Azərbaycana qarşı bu münasibət məhz Amerikanın milli təhlükəsizlik maraqlarına qarşıdır. Yəni Ermənistanın maraqlarının bu cür sərt şəkildə müdafiə edilməsi əslində ABŞ-ın dövlət maraqlarına ziddir. Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin  heç bir reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən fikirlərini  qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət rəsmisi və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.

  • VHP üzvləri Türk Şəhidliyini ziyarət etdilər- FOTO

    Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni terrorçularından azad edilməsinin ildönümüdür.
    Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası “Türk şəhidliyi” abidəsini ziyarət edib. Millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı ilə birgə partiya üzvləri Bakının azad olunmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canını fəda etmiş şəhidlərin əziz xatirəsini yad edib, onların ruhuna dualar oxuyublar.
    Ziyarət zamanı şəhidlərin məzarları üzərinə və abidə önünə tər güllər, əklillər qoyulub, ermənilərin ötən əsrdən indiyədək azərbaycanlılara qarşı törətdikləri terror və vandallıq aktlarından bəhs olunub.
    Bildirilib ki, xalqımız 100 il əvvəl olduğu kimi, bu gün də dünyanın şər güclərinə qarşı Azərbaycan Türkiyə qardaşlığı ayaqdadır.
  • Rus dili Bakını necə işğal etdi… – SSRİ-yə qarşı milli hərəkata rəhbərlik edən ziyalı dərdimizdən danışır – Videomüsahibə

    “Rus məktəblərinin qabağında boynunu büküb, ”mənim uşağımı hökmən bu məktəbə götürün” deyən valideynlərin yerinə xəcalət  çəkirəm”

    Paytaxt Bakı analoqu olmayan bir hadisə yaşayıb. Uşaqlarına rus dilində təhsil vermək istəyən çoxsaylı valideynlər  etirazlara qalxıblar. Buna səbəb onların uşaqlarının rus dili məktəblərinə götürülməməsidir. Formal izahatlara görə tələbin çox olması səbəbindən paytaxtdakı rusdilli məktəblərdə yer yoxdur. Bu da məyus olan valideynlərin etirazına səbəb olub.

    Çoxları bu vəziyyəti ‘’utancverici’’ kimi qiymətləndirir. Bizi 200 il işğalda saxlamış və son 30 ildə isə milli fəlakətlərimizə, soyqırım və ərazi itkilərimizə səbəb olmuş, hələ də pisliyini davam etdirən bir dövlətin dili ilə təhsil almaq bir çox vətəndaşlarımız üçün sanki həyat məsələsidir.

    Biz niyə bu günlərə qaldıq? Niyə rus dilində təhsil üçün bir çox valideynlər bunca fəallıq edirlər? Bu vəziyyət nəyin göstəricisidir?

    Bu və digər suallarla xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıya üz tutduq. O adama ki, Azərbaycan dilinin və Azərbaycanın suverenliyinin bərqərar olması uğrunda bütün həyatını həsr edib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatına rəhbərlik edib. Rus dilinin və Rusiyanın Azərbaycandan getməsi üçün ölümü göz önünə alaraq, illərlə mücadilə verib. İndi belə çıxır ki, onun və silahdaşlarının apardıqları mübarizə xalq tərəfindən o qədər də ciddi dəstəklənməyib? Ən azından, dil sahəsində əziyyətləri boşuna gedib?

    Sabir Rüstəmxanlı rus dilinin paytaxtımızda bu cür populyar olmasını Rusiyanın Azərbaycanı yenidən işğal etməsi kimi qiymətləndirirmi?

    Beləliklə, danışır Sabir Rüstəmxanlı – rusdilli SSRİ-yə qarşı milli azadlıq hərəkatının ən önəmli liderlərindən biri, 1980-ci illərdə gəclərə və proseslərə yön verən ‘’Ömür kitabı’’nın müəllifi…

    “Bu, son dərəcə ciddi məsələdir. Azərbaycan ziyalılarının, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, bizim mədəniyyət, dilimizlə bağlı maraqlanan qurumlarımızın bu məsələyə laqeyd,  biganə münasibəti məni həqiqətən çox təəccübləndirdi. Halbuki  son günlərdə  Azərbaycan cəmiyyətinin ictimai yerlərdə ən ciddi müzakirə etdiyi məsələlərdən biridir. Yəni xalq deyir ki, müstəqil bir dövlətdə niyə bu qədər rusdilli  məktəb olmalıdır? Niyə bütün universitetlərin, ali məktəblərin rus bölmələri olmalıdır? Halbuki Rusiya universitetlərinin bir neçəsinin ölkəmizdə filialı var. Yəni mümkün vasitələrlə burada rus dili Azərbaycanda təbliğ olunur, yayılır. Buna etiraz etməkdənsə, əksinə, bəziləri etiraz edir ki, mənim uşağımı rusdilli məktəbə niyə qəbul etmirlər? Bu, camaatı heyrətləndirir.

    Xatırlayıram ki, vaxtilə 20 Yanvar şəhidlərinin ziyarətinə gedəndə ziyarətçilərin arasında bir neçə adam var idi ki, onlar bir-biriləri  ilə rus dilində danışırdılar. Həmin vaxt onlara qarşı çox böyük etiraz oldu, camaat ətrafdan  dedi ki, “ayıb deyil, Rusiya bizim gənclərimizi şəhid edib, siz isə yenə də rus dilində danışırsınız…” Azərbaycanın bir çox faciələrini məhz bu dildə danışa-danışa törədiblər.

    Tolstoyun  “Hərb və sülh” romanını oxuyarkən bir həqiqəti  anladım ki, vaxtilə fransız dilində danışan rus cəmiyyəti Napoleonun ordusunu gördükdən sonra bütövlükdə cəmiyyət olaraq həmin dildən imtina etdi və Rusiyada fransız dili erası bitdi.  Amma bizdə nədənsə rus dili erası bitmir.

    Əlbəttə ki, biz rus dilinin əleyhinə deyilik, bu dil əlavə xarici dil kimi öyrədilə bilər. Lakin birdən-birə müstəqil bir dövlətdə- sayı gah 85 min, bəzən də 130 min olduğu deyilir- bu qədər körpəmizin, uşağımızın bu dildə oxuması nə deməkdir?

    Bir dəfə bir masada 4-5 azərbaycanlı uşaqla bir yerdə əyləşmişdik. Çox savadlı və ağıllı  uşaqlar idi, lakin onlar bir-biriləri ilə rus dilində danışırdılar. Onlara sual verdim ki, niyə rus dilində danışırsınız, siz azərbaycanlı deyilsiniz? Cavab verdilər ki, “Sabir bəy, əslində bu sualı biz sizə verməliyik. Bakıda bu qədər rus məktəbi var. Niyə hələ ağlımız kəsməyən vaxtdan bizi rus dili məktəbində oxudublar? İndi də  bizim öz içimizdə bir diskomfort var ki, biz öz vətənimizdə öz doğma dilimizi rus dili qədər bilmirik, çünki o dildə təhsil almışıq və bunun xəcalətini biz də yaşayırıq”. Yəni başa düşən gənclər, uşaqlar belə deyir.

    Hesab edirəm ki, o etiraz aksiyası bir reklam idi. Bu reklam nə üçün idi? Yəni Azərbaycan cəmiyyəti ayağa qalxıb, rusdilli məktəblərin sayının artırılmasını istəyir? Bu reklam kimin tərəfindən edilir? Onun arxasında kim dayanır? Mən həmin kadrlara baxdım, deyim ki, etirazçıların sayının çox olmasını göstərmək üçün onların arasında heç valideyn olmayan da var idi. Ora niyə yığışmışdılar və cəmiyyətə bunu niyə göstərirlər? Mənim öz vətənimdə niyə xarici dil bu qədər təbliğ olunur,  işəgötürmə zamanı az qala tələb olunan əsas kriteriyalardan birinə çevrilir?

    Bizim Rusiya ilə müqaviləmiz var ki, Azərbaycanda rus dilində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən, Rusiya hökuməti də Azərbaycan dilində təhsil almaq istəyənlərə şərait yaradır. Deyim ki, Moskvada yalnız bir Azərbaycan məktəbi var idi, o da bağlanıb. Həmçinin Dağıstanda 100 mindən çox Azərbaycan türkü yaşayır, lakin orada da  Azərbaycan məktəbləri fəaliyyətlərini dayandırıb. Çünki Rusiya latın qrafikasında olan təhsilə icazə vermir, gərək onu kiril əlifbasına keçirib, Azərbaycan dili yaradılsın. Yaxşı, bəs bu nə münasibətdir?

    Nəhayət, biz dövlətik, bu dövlətin rəsmi konstitusiyasına görə, ana dili Azərbaycan türkcəsidir. Buna görə də bütün təhsil bu dildə aparılmalıdır. Təhsil qanununa görə, belə bir qayda da var ki, əgər əhalinin  müəyyən bir hissəsi kənar dildə oxumaq istəyərsə, onlar üçün də şərait yaratmaq olar. Lakin belə bir qayda da var ki, onlar dövlət büdcəsindən daha çox həmin dildə təhsil almaq istəyənlərin şəxsi vəsaiti ilə xarici dildə məktəb açıla bilər. Ölkəmizdə ingilis və yaxud fransız dilində olan məktəblərə vətəndaş pul ödəyib, övladına təhsil verir. Amma rus məktəbləri Azərbaycan məktəblərindən daha artıq dövlət büdcəsi hesabına maliyyələşir. Məmurların əksəriyyəti övladlarını rus məktəblərində oxutdurduqlarına görə o məktəblər daha gözəl binalarda yerləşir, yaxşı təmir olunur, daha çox vəsait ayrılır. Süni surətdə guya rus məktəblərinin Azərbaycan məktəblərindən daha üstün olması təsəvvürü yaradılır. Halbuki yanlışdır və biz rus məktəblərinin səviyyəsini yaxşı bilirik. Mənim Rusiyada yaşayan dostlarım arasında da var ki, qızları həddi-buluğa çatanda onları Azərbaycana gətirirlər ki, burada öz ana dillərində təhsil alsınlar. Bəs onda bizdə rus dilinə bu nə heyranlıqdır?

    Fikrimcə, bunun arxasında iki səbəb ola bilər. Birinci səbəb, sadəcə, ailələrin vətəndaşlıq məsuliyyətinin azlığıdır. Vətəndaş məsuliyyət hissi keçirməlidir ki,  bu ölkədə yaşayır, övladı bu ölkənin ana dilində təhsil almalıdır. Lakin məsuliyyət hissi yoxdur. Xeyli sayda adam tanıyıram ki, özü rus dilində danışa bilmir, övladını rus məktəbinə qoymaq istəyir. Bu nə tərbiyədir, bəs uşağın təhsili ilə necə məşğul olacaq?

    İkinci məsələ, Azərbaycan təhsil sistemində bizim  bilmədiyimiz, “5-ci kolon”un idarə etdiyi və Azərbaycanın Rusiyaya meylliliyini  gücləndirmək üçün gizli bir kanal var ki, bu məsələləri idarə edir, rus məktəblərinin sayını artırır. Bir dəfə köhnə təhsil nazirlərindən biri mənə demişdi ki, “siz bilmirsiniz, arxada mənə təzyiqlər var ki, rusdilli məktəblərin sayını artıraq”. Yəni belə qüvvələr var.

    Ötən əsrin 70-ci illərinin əvvəlləri idi, Azərbaycan Konstitusiyası qəbul olunanda xüsusi göstəriş verilmişdi ki, Azərbaycan dili dövlət dili olsun. Həmin vaxt Heydər Əliyevin gizli tapşırığı ilə bu məsələ ilə bağlı Şamama Həsənovadan, digər əmək  qəhrəmanlarından çoxlu məktublar gəldi. Mənim bu tapşırıqdan xəbərim olmasa da, məktub yazdım ki, Azərbaycan Konstitusiyasında ikinci dövlət dili Azərbaycan dili olsun. Yəni sovet dövründə ana dilinin dövlət dili olması üçün, həmçinin Azərbaycanın müstəqil olması üçün bu qədər əziyyətlər, zəhmətlər çəkilib, qanlar tökülüb, nəhayət, dilimiz rəsmi olaraq Azərbaycan dili olub, indi bir toplum bütün bu zəhmətlərin üstündən xətt çəkib, Azərbaycanı Rusiyanın ağuşuna atmaq istəyir?

    Daha bir məsələ, qanuna əsasən, rusdilli məktəblərdə Azərbaycan dili, Azərbaycan coğrafiyası, tarixi, ədəbiyyatı öyrədilməlidir. Amma baxaq görək, rus məktəblərinin yuxarı siniflərində Azərbaycan tarixini neçə faiz uşaq bilir? Onlar rusdilli deyil, rus məktəbidir, orada Rusiya tarixi, coğrafiyası keçirilir və Rusiya məktəblərindən heç də fərqlənmir. Azərbaycan dili isə çox zəif, yamaq kimi öyrədilir. Beləliklə, bu son dərəcə ciddi məsələdir və Azərbaycan ictimaiyyəti, yazıçılar, ziyalılar, yaradıcı təşkilatlarımız öz etirazını  bildirməli, ümumxalq müzakirəsinə çıxarılmalıdır. Sual verilməlidir ki, bizə bu qədər rus məktəbi lazımdır, ya yox? Uşaqlarımızın yarısı rus dilində oxumalıdır, ya yox? Bəlkə heç bizə Azərbaycan dili lazım deyil, elə hamımız rusca oxumalıyıq? Bir çox məmurlarımız var ki, öz ana dilində lazımi səviyyədə danışa bilmir, bununla da öz Azərbaycan dilinə, tarixinə hörmət etmir. Mən bir xalq şairi, millət vəkili olaraq bu məsələyə etiraz edirəm.

    – Azərbaycanda türkdilli məktəblər də var. Bəs niyə cəmiyyətimizdə bu dildə olan məktəblər populyarlaşa bilmir? Dövlət səviyyəsində pulsuz türk dilli məktəblər açmaq mümkündürmü?

    – Bu, çox yaralı məsələdir. Biz 30 ildir ki, Türkiyəyə inteqrasiya barəsində danışırıq. Ölkəmizdə 2-3 köşkdən başqa türk mətbuatının yayımı varmı? Amma istənilən köşkə gedib, Moskvanın qəzetlərini tapmaq olur, hansı ki, onların bəzilərində bizim əleyhimizə yazılar yazılır. O ki qaldı məktəblərə, Bakıda bildiyim qədər cəmi 3 türk məktəbi var – Atatürk liseyi, Anadolu liseyi və Türk Dəyanət Vəqfi məktəbi. Atatürk liseyinin qalması üçün şəxsən mən və ailə olaraq nə qədər  əziyyət  çəkmişik. Təsəvvür edin, onlara yer verilmirdi, sadəcə, bir yer verilmişdi, bəzi valideynləri də qəsdən qaldırmışdılar ki, həmin lisey bağlansın. Təsəvvür edin, valideynlər deyirdilər ki, bizə türk məktəbi lazım deyil. Türk həmişə sənin yanında, sənin üçün 1130 şəhid verib,  amma səni şəhid edənin dilində təhsil istəyirsən, sənin üçün şəhid olana dirsək göstərirsən. Bizim dövlət olaraq Türkiyə ilə aramızda çox sayda anlaşmalar var, hansı ki, bu anlaşmalar Rusiyadan dəfələrlə çoxdur. Yəni getdikcə dövlətlərimiz arasında yaxınlaşma daha da artır. Lakin bu yaxınlaşma təksə sözdə ola bilməz, gərək təhsildə də olsun. Nə qədər tələbələrimiz Türkiyədə təhsil alıb, ölkəyə geri dönür. Niyə türkdilli məktəblərimiz olmasın? Əgər dilimiz eynidirsə, niyə türk dilində olan filmlər televiziyalarımızda tərcümə ilə verilsin? Mən şəxsən həmin filmlərə baxa bilmirəm, tərcümə çox eybəcər alınır. Bəli, türk dili ilə Azərbaycan dili arasında müəyyən fərqliliklər var, amma o şeyə ki, rahat baxıb, anlaya bilirsən, onu niyə tərcümə etməliyik?

    – Son olaraq valideynlərə xitabən nə demək istərdiniz?

    – Səmimi sözlərimi eşitmək istəyirsinizsə deyim, rus məktəblərinin qabağında boynunu büküb, “mənim uşağımı hökmən bu məktəbə götürün, niyə orada yer yoxdur” deyən valideynlərin yerinə utanır, xəcalət  çəkirəm. Çünki bu ifadələri ilə onlar öz məktəbini alçaldır, öz ana dilinə hörmət etmədiklərini göstərirlər.

    Xalidə GƏRAY,
    Elçin ƏKBƏROV,
    “Yeni Müsavat”

  • Laçın azadlığına qovuşur!

    Samir Əsədli: “Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq”
     
      Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları köçməyə hazırlaşır. Artıq Qubadlı rayonu istiqamətindən Laçın dəhlizinin girişində və yol boyu qoyulmuş postların, nəzarət-buraxılış köşklərinin, rusiyalı hərbçilərin yaşadığı tikililərin sökülməsinə başlanılıb. Ərazini boşaltmağa hazırlaşan Rusiya sülhməramlıları müvəqqəti olaraq yeni dəhlizə köçəcəklər. Qeyd edək ki, Azərbaycan Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yolu qısa müddətdə istifadəyə verib. Bu səbəbdən dəhlizin üzərinə düşən Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin ərazini tərk etməsi üçün avqustun sonuna kimi vaxt verilib. Ermənilərin 30 il ərzində qeyri-qanuni yaşadıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltması prosesi yekunlaşmaq üzrədir. Müddət bitəndən sonra sözügedən yaşayış məntəqələri Azərbaycanın tam nəzarətinə keçəcək. Rusiya sülhməramlıları isə xidmətlərini müvəqqəti olaraq yeni yolda davam etdirəcəklər.
      Zabux və Sus kəndləri ətrafında gedən prosesləri “Sherg.az”a təhlil edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib ki, Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 noyabr razılaşmasına əsasən həyata keçirilir. Partiya təmsilçisinin sözlərinə görə, yolun marşrutu və nəzarəti üçtərəfli bəyanata uyğun olaraq Rusiya tərəfinin vasitəçiliyi ilə müəyyən edilib və razılaşdırılıb: “Burada mübahisə doğuracaq heç bir məqam yoxdur. Azərbaycan yeni yolun bizim ərazimizdəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra etdi. Amma Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzadır. Bu da İrəvanın öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir. Azərbaycan tərəfi yenə də konstruktivlik nümayiş etdirərək, ermənilərin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər, 4.7 km-lik müvəqqəti yoldan istifadə olunmasına razılıq verib. Zabux kəndindən yayılan reportajdan görünür ki, ermənilər Laçından, eləcə də Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələrindən çıxmağa başlayıblar”.
    S.Əsədli deyib ki, məsələnin məğzi, hüquqi tərəfi ondan ibarətdir ki, işğala qədər Laçında erməni yaşamayıb: “Ermənilər Laçına işğal dövründə qeyri-qanuni köçürülüblər. Onların bir çoxu isə xaricdən – Livandan, Suriyadan və s. ölkələrdən köç ediblər. İndi həmin ermənilər Qarabağdakı qondarma rejimə qarşı üsyana çıxıblar. Yubanmalar bu etirazları azaltmaq üçün edilən mənasız cəhdlərdir. Laçın dəhlizinin nəzarətimiz altında olması və alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq. Bu da gələcəkdə ola biləcək təxribat və terror cəhdlərinin qarşısının alınması deməkdir”.
  • “Laçında ermənilər murdar xislətlərini yenə göstərir” — ŞƏRH

    “Ermənilərin işğal edərək məskunlaşdığı Laçın şəhəri və digər ətraf bölgələrdən çıxması prosesinə toxunmazdan öncə bəzi vacib məqamlara toxunmaq lazımdır. 10 noyabr sazişində nəzərdə tutulan müvafiq maddəyə uyğun olaraq ermənilər Laçın rayonunu da boşaltmalıdır. Laçın rayonunun şəhər mərkəzi və 5 km enində dəhlizdən başqa, kəndlərinin hamısı boşaldılıb, orada bir nəfər də olsun erməni yaşamır. Sadəcə şəhər mərkəzində, sülhməramlıların olduğu ərazidə az sayda erməni var ki, Laçın şəhərində qalır və sülhməramlılara xidmət göstərirlər”. 

    Bu sözləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, ordumuzun düşmən təxribatlarına layiqli cavabından sonra artıq ermənilər həmin əraziləri də tərk etməyə başlayıblar:  “Burada isə vacib bir məqam var. Xatırlayırsınızsa, 10 noyabr sazişinə əsasən, müvəqqəti olaraq Laçın rayonunun mərkəzindən ermənilərə dəhliz verilir, amma alternativ yol çəkildiyi təqdirdə, şəhər yenidən Azərbaycana qaytarılır və digər yolu sülhməramlılar qorumağa başlayır. Artıq o yolun çəkilişi tamamlanmaq üzrədir və ermənilərin şələ-şülələrini yığıb getmə səbəblərindən biri də budur. Çünki yeni yolun çəkilişindən sonra sülhməramlılar məhz həmin yolun mühafizəsi ilə məşğul olacaqlar.

    Belə olan təqdirdə ermənilər əvvəlki tək sülhməramlıların qoltuğu altında yaşaya bilməyəcəklər. İstər o yol Laçın şəhərinin mərkəzindən keçsin, istəyir başqa ərazidən fərqi yoxdur bu yollardan ermənilərin sui-istifadə etməsinin qarşısını almaq və qayda-qanunu tənzimləməyə birbaşa borclu olan sülhməramlılardan missiyasını lazımi qaydada yerinə yetirməyi tələb etməliyik. Məhz onların məsuliyyət zonasında baş verən hadisələrə görə də onlar – sülhməramlılar cavabdehdirlər”. “Biz nəinki alternativ yolla bağlı, digər məsələlərdə də ermənilərə heç vaxt inanmamalıyıq. Təbii ki, bunlar tarixən Azərbaycana qarşı məkrli, hiyləgər davranış sərgiləyiblər. Vətən müharibəsində biz qələbə qazanmışıq deyə, indi bunların gözləri qırılıb, məğlubiyyətə uğradıqlarına görə hələ toparlana bilmirlər. Amma düşmən həmişə düşməndir. Odur ki, biz bütün zamanlarda ayıq-sayıq olmalıyıq. İndi Laçında baş verənlər də düşmənin mahiyyətini açıb göstərir. Eyni prosesin Ağdam və Kəlbəcərdə də şahidi olmuşuq. Ermənilər murdar xislətlərini yenə göstərir. Əclaflıqlarından, alçaq hərəkətlərindən əl çəkmədiklərinə inandırırlar dünyanı. Bu tərketmə prosesində ermənilərin etdiklərinin qarşısını almaq praktiki olaraq mümkün deyil. Bunu nə böyük əraziyə səpələnmiş azsaylı sülhməramlılar fiziki cəhətdən edə bilər, nə də biz. On minlərlə ev var, obyekt var. Hələ dərə, dağ, meşələri demirəm”.

    “Evə od vurub çıxıb gedirsə, bu artıq erməni xislətinin açıq nümayişidir və biz bu faktları toplayıb həm dünya ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara və məhkəmələrə çıxarmalıyıq. İnternet videolarla doludur. Peyklərimiz də istənilən faktı qeydə alır. Bu faktlar əslində, bizim onillərdir dünyaya çatdırmaq istədiklərimizi çatdırdı, ermənilərin necə vəhşi olduğunu sübut etdi. Bizim işimiz bunları bütün sosial şəbəkələrdə yaymaqdır. Xarici mediada dərc etdirməkdir. Ermənilərin tərk etdikləri evləri, həm də zorla zəbt etdikləri, uzun illər içində yaşadıqları azərbaycanlı evlərini yandırmaları, ağacları kəsmələri, meşəyə od vurmaları onların vəhşi təbiətini büruzə verir. Təsəvvür etmək belə çətindir ki, insan içində yaşadığı evə necə od vura bilər? Bunu edən insanlıqdan, insani dəyərlərdən kənar iyrənc məxluqlar ola bilər”, – deyə sonda politoloq fikirlərini yekunlaşdırıb.

    Aynurə Pənahqızı
    Demokrat.az

  • Samir Əsədli: “Son əməliyyatlar təsdiqlədi ki, Ermənistanın destruktiv mövqeyinə qarşı Azərbaycanın qəti tədbirləri qüvvədədir”

    Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycana yönəlik ittihamlar səsləndirib. Paşinyan İrəvanın 10 noyabr 2020-ci il bəyanatının şərtlərinə əməl etdiyini iddia edib. Baş nazirə görə, rəsmi Bakı sazişdən irəli gələn öhdəliklərdən boyun qaçırır: “Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik”. O iddia edib ki, Azərbaycan da guya, öhdəlik götürüb. Paşinyan Azərbaycanın “bu öhdəliklərə” əməl etməsini istəyib: – “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımaq, Qarabağda “təmas xəttinin” mövcudluğuna və Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmaq.
    Qeyd edək ki, 10 noyabr kapitulyasiyasından sonra bu, Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir. Azərbaycan bəyanatda heç bir öhdəlik götürməyib. Sazişin mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur. “Təmas xətti” ifadəsi isə Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib. Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi.
    Bununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orda məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər. “Dağlıq Qarabağ”ın mövcudluğunu tanımağı” dilə gətirmək Paşinyanın ciddi səhvi olmaqla bərabər, 10 noyabr bəyanatından imtina etməsi və müharibə səbəbidir. 10 noyabr bəyanatının tərəfi Ermənistandır, hər hansı separatçı-terrorçu ünsür deyil. Bəyanatın altında Ermənistan baş nazirinin imzası var. Lakin baş nazirin açıqlamaları onun öz imzasına hörmət etmədiyi, yenidən baş qaldırdığı, yenidən münaqişə yaratmaq istəməsini göstərir.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədir müavini Samir Əsədli “Şərq”ə deyib ki, Ermənistan hər yola əl atır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatsın. Partiya rəsmisinin sözlərinə görə, xüsusilə son aylar müşahidə olunanlar belə bir qənaətə gəlməyə əsas yaradır: 
    “Paşinyan əvvəl deyirdi ki, Qarabağın statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənməlidir, indi başqa hava çalır. Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə gəlincə, bunu rus sülhməramlılarından əvvəl Azərbaycan öz üzərinə götürüb. Bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etsinlər və ölkəmizin qanunlarına tabe olsunlar. Silahlı birləşmələrə gəldikdə isə onları zərərsizləşdirmək 10 noyabr bəyannaməsinə əsasən elə rus sülhməramlılarının birbaşa vəzifə borcudur. Son əməliyyatlarda da ordumuzun zərbə hədəfi məhz bu qanunsuz silahlı birlikər olub. Azərbaycan Ermənistanı blokadadan çıxarmaq üçün kommunikasiyaların açılmasını, sülh müqaviləsinin imzalanmasını təklif edir. Azərbaycan istənilən danışıqlara gedir. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın.
     Ermənistan bunu istəyirsə, ortaya siyasi iradə qoymalıdır. Paşinyanın ikiüzlü, riyakar mövqeyi ilə uzağa getmək olmaz. Ermənistanda hazırkı iqtidara real rəqib yoxdur. Odur ki, hər şey Paşinyanın iradəsindən asılıdır. Əgər o istəsə sənədləri imzalaya bilər.
    Bunu Avropada da bilirlər. Hər iki senari bizə sərf edir. Baş nazirin təqdim olunan sənədlərə qol çəkməsi, əlbəttə, maraqlarımıza uyğundur. Bunun əksi də bizim üçün üstünlükdür.
     
    Çünki Ermənistanın destruktiv mövqeyi bir daha ifşa olunacaq. Bu, şübhəsiz, bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Son əməliyyatlar təsdiqlədi ki, belə destruktiv mövqeyə qarşı Azərbaycanın qəti tədbirləri qüvvədədir”.