Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Samir Əsədli: “Xankəndiyə, Xocalıya doğru tələsməliyik”

    Qarabağda ermənilər təxribatların sayını artırıb
     
    Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir
     
      Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Ötən gün erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədiblər. Müdafiə Nazirliyi xəbər verib ki, təxribatların ikisi Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Erməni hərbçiləri Laçın rayonunda yerləşən bölmələrimizi atəşə tutublar. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilib. Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə məruz qalıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. 
     
      Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, ermənilər sayı-hesabı dəqiq bilinməyən itkilərə rəğmən, dinc oturmaq istəmirlər. Partiya rəsmisinin sözlərinə görə, Nikol Paşinyanı acizlikdə və xəyanətdə ittiham edən erməni ictimaiyyəti bir tərəfdən Qarabağa əsgər göndərilməsinə qarşı çıxır. Digər tərəfdən isə Azərbaycan torpaqlarına iddiadan əl çəkmirlər: 
    “Qəribəsi budur ki, hətta sarsıdıcı zərbələrdən sonra belə, nə sadə əhali, nə müxalifət, nə də iqtidar köhnə “bayatı”lardan imtina etmək istəyir. Əlbəttə, prosesdə Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Rusiya bölgədə gərginliyi saxlamaq üçün əlindən gələni edib və edəcək. Bu mənada ermənilərin Rusiya sülhməramlılarına arxayın olaraq özbaşınalıqlar etməsi təəccüblü görünmür. Digər tərəfdən, sülhməramlıların Qarabağda anti-terror əməliyyatı üçün təlimlərə başlaması da suallar doğurur. Əgər sülhməramlılar Qarabağdakı terrorçuların zərərsizləşdirilməsində, yaxud bölgədən çıxarılmasında maraqlıdırsa, o halda niyə Laçın dəhlizinə nəzarət ciddi şəkildə aparılmır, yaxud Qarabağa yerləşdirilən ermənilər yoxlanılmır?!”.
     
      S.Əsədli vurğulayıb ki, bütün bunlar 44 günlük müharibədən sonra revanşa cəhd edən erməniləri şirnikləndirən əsas amillərdəndir: 
    “Ümumilikdə görünən budur ki, ermənilər fəallaşıblar. Qarabağda yeni fitnə-fəsad yaymağa başlayıblar. Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir. Yaxşı olar ki, azərbaycanlıların Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması prosesi başlansın. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq”.

  • VHP sədrindən Xamneyiyə etiraz: İran reallığl qəbul edə bilmir

    Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib.
    “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb.
    İran rəsmilərinin bu açıqlaması rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünün bərpasından narahatlığını bir daha təsdiq edir. Bununla bağlı fikirlərini bildirən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirən İran rəsmilərinin bölgədə yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiklərini bildirib:” Azərbaycanın Ermənistanla İran arasını bloklamaq niyyəti yoxdur, sadəcə koridor açıb, yol açıb Naxçıvana gedib-gəlmək işini asanlaşdırmaq istəyir, yəni İran yeni siyasi reallığı və baş verən prosesləri gərək başa düşsün. Biz Ermənistanla iranın sərhədini bağlamaq niyyəti güdmürük”.
    S.Rüstəmxanlı Xamneyinin daha bir fikrinə etiraz edərək bildirib ki, min illər ifadəsi də doğru deyil.” Min illər Ermənistan olub ? Bəlkə orda Ermənistan dövləti olub ? Bu məsələdə çox böyük yalnışlığa yol verir. Ermənistan 1918-ci ildən bəri mövcud olan süni qondarma dövlətdir. İranın uzun illər Ermənistanı zorla süni yolla nəfəs verib saxladığı da hər kəsə məlumdur. Açılan koridor əslində İranın da xeyrinədir, çünki Naxçıvan üzərindən həm də, dəmir yolu Təbrizə və İranın digər güşələrinə gedəcək. İranın özünün də şimal əraziləri ilə əlaqələri möhkəmlənəcək. Bu cür yanaşma doğru deyil. Bəlkə İranın niyyəti odur ki, Arazdan adlayıb İran üzərindən keçən yükləri nəzarətində saxlasın. Bu 30 ildə İran bunu edə bilərdi Azərbaycana böyük qardaşlıq yardımı etmiş olardı, təəssüf ki, indi onu eləmirlər. İndi Zəngəzur dəhlizinin açılması reallaşanda İran belə bir təkliflə çıxış elədi amma o da nə dərəcədə realdır onu bilmirik. Ümumiyyətlə, İran İslam Cumhuriyyətinin xristian ölkəsi olan Ermənistana himayədarlıq etməsi və onu qan qardaşı, qan qohumu sayması anlaşılan bir şey deyil. İran İslam Cumhuriyyətinin əslində siyasiləşdiyini və bütün islam aləminə ancaq öz fars marağı ilə yanaşdığını bir daha nümayiş etdirir. Çox təəsüf ki , hətta Türkiyə Cumhuriyyətinin çox hörmətli Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşündə də bu münasibət hiss olundu”.

  • VHP qazi intiharlarına etiraz edir: günahkarlar cəzalandırılsın

    Son günlər İkinci Qarabağ savaşının qəhrəmanları olan qazilərin intihat xəbərləri artmaqdadır. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən II Qarabağ müharibəsindən 2 il ötsə də, bir çox qazinin  problemləri həllini tapmayıb. Müharibədən qayıtdıqdan sonra sağlamlıq vəziyyətinə görə işsiz qalan, əlillik dərəcəsi ala bilməyən, psixoloji dəstək görməyən qazilər arasında narazılıqları artırır. Qeyri-rəsmi məlumatlara görə, indiyədək 36 nəfər qazi müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu üzləşdiyi haqsızlıqlara, məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər. Bəzi qəhrəmanlarımız isə öncədən hər hansı narazılıq bildirmədən – ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bütün hallarda – səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi son dərəcə ağır hadisədir. Azərbaycan Vətən Savaşını qələbə ilə başa vurub və bütün xalqımızın bir yumruğa çevrildiyi bu zamanda qazilərimizin rolu müstəsnadır. Onların problemlərinin həlli üçün çalışmaq hər bir vətəndaşın borcudur. Səlahiyyət sahibi olan məmurlar isə birbaşa bu işə məsuldurlar və  məsuliyyətlərini  dərk etməlidirlər.

    Vətəndaş Həmrəyliyi Partiyası olaraq qazi intiharlarının yaradan səbəblərin dərhal dayandırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini və bu vaxtadək baş verən intiharların hərtərəfli araşdırılaraq səbəbkarların cəzalandırılması verilməsini tələb edirik.

  • Samir Əsədli: “Gürcüstan “Evə, Avropaya” doğru israrlıdır”

    Yaxın dönəmdə Saakaşvilinin həbsi ilə bağlı dəyişiklikləri də görəcəyik
     
      Gürcüstanın paytaxtı Tbilisidə “Evə, Avropaya” şüarı altında etiraz aksiyaları başlayıb. Aksiya təşkilatçıları deyiblər ki, iyunun 24-də Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdükləri ultimatumun vaxtı başa çatıb. Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyiblər. 
     
      Məlumat üçün bildirək ki, qonşu ölkədə kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.
    Qonşu ölkədə baş verən olayları “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Gürcüstanda Avropaya inteqrasiya ilə bağlı müxalifətlə hökumət arasında fikir ayrılığı Avropa Birliyinin qərarından sonra kəskin hal alıb. Partiya rəsmisi bildirib ki, müxalifət Baş nazir İrakli Qaribaşvilinin istefasını, Avropa Birliyinin 12 şərtini yerinə yetirmək üçün xalqın etimadına malik “texniki hökumət”in yaradılmasını tələb edir: 
    “Ancaq bu tələblər yerinə yetirilmədiyi üçün küçə etirazları başlayır. Əslində Gürcüstan özünü çoxdan “Avropa dövləti” hesab edir. Baxmayaraq ki, onun coğrafi məsafəsi və Cənubi Qafqaz regionunda Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşməsi kontinental mənsubiyyətlə bağlı suallar yaradır. Qonşu ölkənin qarışması sözsüz ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rəsmi Tbilisi ilk gündən bu müharibədə neytral mövqe tutub ki, bu da Qərbi qane etmir.   Rusiyaya qarşı tətbiq edilən sanksiyalar faktiki olaraq təsirsizdir. Bu da Avropanı narazı salır. Neft və qaz satışından daxil olan vəsaitlər günbəgün artır. Rusiya da Ukraynada geri çəkilənə oxşamır. Gürcüstan hakimiyyəti bunları nəzərə alaraq, Rusiya ilə münasibətləri gərginləşdirməyə getmir. Bu durum Qərbə xoş gəlmədiyindən Gürcüstana qarşı ögey münasibət sərgiləyir. Vəziyyətdən yararlanmağa çalışan gürcü müxalifəti isə xalqı küçələrə çıxarır”.
     
      S.Əsədliyə görə, Gürcüstan müxalifəti əmindir ki, ölkənin Avropa yolunda irəliləməsində ən böyük maneə “Gürcü Arzusu” Partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir:
     “Fikrimcə, proseslər hökumətin güzəştə getməsi ilə yekunlaşacaq. Yaxın dönəmdə eks prezident Mixail Saakaşvilinin həbsdə saxlanmasından tutmuş, Ukrayna müharibəsinə münasibətə qədər bir çox məsələlərdə dəyişikliyin şahidi olacağıq”.

  • ABŞ sülh sazişinin imzalanmasına inanır

    Vaşinqton güclü Azərbaycanla bütün istiqamətlərdə əlaqələrini gücləndirəcək
     
    “ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədədir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib. Diplomat qeyd edib ki, ölkələr arasında təmaslar yüksək səviyyədə davam edir. ABŞ səfiri vurğulayıb ki, bu təmasları davam etdiriləcək, gücləndiriləcək: “Həm davamlı sülhün əldə olunması, həm də yerdə qalan digər məsələlərin həlli üçün tərəflər əməkdaşlıq etməyə davam edəcək”.
    Səfir 907-ci düzəlişdən də danışıb:
     “Konqresin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”. Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı – hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük – şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”. O, Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdüyünü xatırladıb. Diplomatın sözlərinə görə, Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər:
    “Biz düşünürük ki, ABŞ normallaşma prosesində önəmli rol oynaya bilər. Biz hazırda Avropa İttifaqının tərəflərlə təmasda uğurlu olduğunu görürük və bunu çox dəstəkləyirik. Onlar tərəflər arasında birbaşa təmasların və görüşlərin baş tutmasında vasitəçilik edir. Liderlər, XİN rəhbərləri və digər səviyyələrdə təmaslar davam edir, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilir”.
    ABŞ-Azərbaycan əlaqələri ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib: 
    “Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb. Davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb. Ukraynada baş verənlər də bölgədə böyük güclərin siyasətinə əhəmiyyətli təsir göstərib. ABŞ və Avropa Birliyinin son mövqelərində bunun şahidi ola bilərik. İndiki situasiyada  Vaşinqtona Cənubi Qafqaz siyasətində Azərbaycanla daha da yaxınlaşmaq sərfəlidir. Rusiyanın regionda təsirlərinin azaldılması üçün Amerika konfrantasiya yolundan imtina etməlidir, yəni Ermənistan hakimiyyətinə açıq dəstəklə yanaşı rəsmi Bakı üzərində Rusiya təsirlərinin güclənməsinə imkan verməməlidir. Rusiya məsələsi ötən bu müddət ərzində beynəlxalq normalara cavab verə biləcək səviyyədə deyil. ABŞ onu artıq başlıca təhlükə mənbəyi olaraq görür. Odur ki, Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq enerji təhlükəsizliyi sahəsində oynadığı rola əhəmiyyət verir. Avropa İttifaqı kimi qurumların, ABŞ kimi söz sahibi olan dövlətlərin son illərdə ölkəmizə etimadı daha da artıb və onlar əməkdaşlığa hazır olduqlarını bildirirlər. Bu əməkdaşlıqlar arasında mühüm amillərdən biri də hazırda dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda enerji təhlükəsizliyinə Azərbaycanın verə biləcəyi töhfədir”.
     
    S.Əsədli xatırladıb ki, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına son məktubunda təkcə Azərbaycana məxsus qaz yataqlarının vacibliyindən deyil, həm də ölkəmizin bu sahədə böyük, regional tranzit oyunçuya çevrilməsindən danışılması diqqətçəkən məqamlardandır:
     “ABŞ prezidentinin bu məktubu onu deməyə əsas verir ki, dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti kimi qəbul edir.
    Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir.
     Burada bir məsələni də xüsusilə qeyd etməliyik ki, ABŞ fərqindədir ki, regionun inkişafı Azərbaycanın və onun liderinin qlobal miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır.
      Bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır”.

  • “Şuşa əhalisi quruculuq işlərinə cəlb edilməlidir”- Sabir Rüstəmxanlı

    Sabir Rüstəmxanlı: “Prosesi daha da sürətləndirmək üçün əhaliyə müraciət etmək olar”

    Şuşa işğaldan azad edildikdən sonra bu şəhərdə bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılır, bir çox əhəmiyyətli layihələr gerçəkləşdirilir. Bununla belə, “Şuşa əhalisi Qalaya necə qayıdacaq?” deyə suallar da verilir. Bununla bağlı plan-layihə varmı? Bəs fərdi yaşayış evlərinin taleyi necə olacaq, onları da dövlət bərpa edəcək?

    Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Şuşaya tez-tez səfər edirəm. Həm poeziya günlərində, həm Milli Məclisin siyasi partiyaları ilə bir yerdə, həm Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə yığıncağının keçirilməsi ilə bağlı səfərlərimiz olub. Şuşaya hər dəfə gedəndə dəyişiklikləri görürəm. Şuşada quruculuq işləri başlayıb. 30 ildə orada ermənilər hay-küylərinə baxmayaraq heç bir iş görməyiblər. Əksinə, nə var idisə, onları dağıtmaqla məşğul olublar. Şuşada yolun çəkilişi, orada minaların təmizlənməsi, o yolların təhlükəsizliyinin qorunması, əlbəttə, böyük vaxt tələb edən bir işdir. Şuşaya gedən Zəfər yolu çox çətin  yerdə yerləşir, meşələr, dərələr, sərt yoxuşlar oradan keçir. Amma nəticədə son dərəcə gözəl yol çəkildi.

    Bunlar hamısı görülən işlərdir. Bunlar olmadan Şuşada məskunlaşmaqdan danışmağa dəyməzdi. İndi Şuşada bir neçə muzey açılıb, hotellər fəaliyyət göstərir, hər gün adamlar gəlib-gedir. Şuşa Şəhər İcra Hakimiyyətinin binası tikilir. Orada bir neçə böyük müəssisənin təməli qoyulub. Bülbülün ev muzeyi bərpa olunub. Bir sözlə, abadlıq işləri sürətlənir. Bu prosesi daha da sürətləndirmək üçün Şuşa əhalisinə müraciət etmək olar. Onların öz mülklərinə baxması, hansının imkanı varsa, bərpa işində iştirak etməsi, evini bərpa etməsi lazımdır. Onlar yenidən qurmaq işində iştirak edərlərsə, bu, dövlətə ciddi yardım olar. Bu iş sürətlənər. Hesab edirəm ki, müəyyən müddətdən sonra Şuşa əhalisi quruculuq işinə cəlb edilməlidir”.

    Afaq MİRAYİQ,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlının 28 may təbriki

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının 28 may Cümhiriyyət günü ilə bağlı təbriki.

    Təbrikdə deyilir:
    “Əziz bacılar və qardaşlar!
    Dəyərli soydaşlarımız!
    Sizin hər birinizi 28 May Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə Türk-İslam dünyasında, Şərqdə ilk dəfə olaraq demokratik respublika – Xalq Cümhuriyyəti elan edilib! Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyuk nəaliyyətlər və qalibiyyətlər əldə etdi. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində başda M.Ə.Rəsulzadə olmaqla Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoylunun, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Təsadüfi deyil ki, XX əsrin sonlarında Azərbaycan xalqı öz istiqlal mücadiləsinə başlayanda da məhz Xalq Cumhuriyyətinin ideyaları ilə silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı. Əsrin sonlarında Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı öz təsdiqini tapdı və xalqımız yenidən müstəqilliyə qovuşdu. 1991-ci ilin oktyabrında Dövləq Müstəqilliyinin bərpa olunması ilə Xalq Cümhuriyyətinin yarımçıq qalmış idealları da gerçəkləşdirməyə başladı. Dövlət Müstəqilliyimizi qazansaq da ərazimiz işğal olundu, yüz minlərlə soydaşımız didərgin düşdü, on minlərlə övladımız şəhid oldu. 30 ildən sonra Qələbə, Zəfər işığına bürünən Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi Respublika Gününü qeyd edir. Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli müqəddəs bayrağımız bu gün daha əzəmətlə dalğalanır.
    Bayramın mübarək, Azərbaycan! Tanrı
    Zəfərimizi əbədi, Qələbəmiz bol etsin!”.

  • Samir Əsədli: “Ukraynanın savaşı haqq uğrunda mübarizədir”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin “Bayraktar” və “Akıncı” PUA-larına birmənalı olmayan münasibətini tənqid edib. Ərdoğan bildirib ki, Ukraynada uğurlarına görə adına mahnılar bəstələnən Türkiyə istehsalı PUA-lar Qarabağ müharibəsində “günahsız insanları” qətlə yetirən “ölüm maşınları” kimi təqdim edilib.
    Türkiyə lideri vurğulayıb ki, hazırda Türkiyənin NATO-nun təhlükəsizliyinə töhfələr verdiyini hayqıranlar vaxtı ilə Liviyada, Suriyada atılan addımlara görə ölkəmizi sərt şəkildə tənqid edirdilər. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da bir müddət əvvəl bu məsələyə toxunmuşdu. Prezident İlham Əliyevin sözlərini xatırladan xarici işlər naziri “Qərb ölkələrinin münasibətinə baxsaq, Türkiyə PUA-ları Qarabağda qatil idi, Ukraynada isə sanki mələyə döndü” demişdi. Xatırladaq ki, Almaniyanın aparıcı KİV-i olan “Bild” nəşrində yayımlanan “Ümid silahı” başlıqlı məqalə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Məqalədə vurğulanmışdı ki, Ukrayna ordusu Rusiya ilə müharibədə Türkiyə texnologiyasına  – “Bayraktar” pilotsuz uçuş aparatlarına ümid edir. Nəşr Türkiyə istehsalı olan dronların texniki göstəricilərindən bəhs açmış, ukraynalıların ona hətta mahnı belə qoşduğuna diqqət çəkmişdi. Maraqlı isə odur ki, aylar öncə Almaniyanın həmin media qurumu “Bayraktar PUA”ları barədə məqalə dərc edərkən onu “Ərdoğanın qatil dronu” adlandırmışdı.
     
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı, yəni Azərbaycan Ordusu işğal altında olan torpaqlarını azad edərkən, bir çox Qərb ölkəsi Türkiyə istehsalı PUA-ları ciddi tənqid hədəfinə çevirmişdi. Partiya təmsilçisinin sözlərinə görə, pilotsuz uçuş aparatlarının dinc əhalinin yaşadığı yerləri hədəf aldığı iddia olunurdu:
     “Lakin müharibədən sonra bəlli oldu ki, ümumiyyətlə, Azərbaycan Ordusu mülki insanların olduqları bölgələrdə heç bir yerə silah tətbiq etməyib. Erməni silahlılarının, quldur dəstələrinin, separatçıların mövqeləri dəqiq hesablamalarla məhv edilib. Fransa və Kanada bu məsələdə daha irəli getmişdi.
    Kanada həmin PUA-larda istifadə olunan bəzi texniki detalları Türkiyəyə satmaqdan imtina etmişdi. Ancaq Ukrayna savaşında belə qadağaların heç birinə rast gəlinmir. Təbii ki, bütün hallarda Ukraynanın savaşı haqq uğrunda mübarizədir. Biz də Kiyevin yanındayıq və Rusiyanın hərbi təcavüzünü qəti şəkildə pisləyirik.
     
    Ancaq dünyanın bir sıra ölkələri də ciddi məsələlərə ikili standartlarla yanaşmamalı, haqsız olanları müdafiə etməkdən çəkinməlidir”.
  • Sabir Rüstəmxanlı -76

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurası partiyanın sədri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli Sabir bəy!

    Sizin Xalq şairi, millət vəkili, partiya rəhbəri, publisist, ictimai və dövlət xadimi kimi çoxşaxəli və çoxyönlü fəaliyyətiniz Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin bərpası və inkişafına, demokratik dəyərlərin respublikamızda bərqərar olmasına yönəlmişdir. Siz böyük tarixi yol keçmiş Azərbaycan ədəbiyyatının humanist-bəşəri prinsiplərini ruhunuzdan, canınızdan keçirməklə, onu yeni zamanın arzu və idealları ilə sintez etməklə totalitar rejimin içində azadlıq idealı poeziyanın formalaşmasında mühüm rol oynayan şəxsiyyətlərdənsiniz. Sizin poeziyanızda azadlıq dağ obrazı ilə simvollaşdırılmış, yəni insan haqqının insanın qürur və ləyaqətindən keçməsi, ucalığın təməlində yalnız mənəviyyatın dayanması öz bədii təsdiqini tapmışdır. At, qurd, yol, göy tanrı sizin milli olduğu qədər bəşəri olan poeziyanızda məzmun keçidlərinin milli vahidləridir; siz hansı janrda, hansı mövzuda yazsanız da, hətta Azərbaycandan min kilometrlərlə uzaqlarda yerləşən məmləkətlərin taleyinndən bəhs etsəniz də, Azərbaycan xalqının sevimli şairi, Vətən sevdalı sufisi olaraq qalmaqdasınız. Sizin poeziyanız bütövlükdə Azərbaycan nəsrinin və publisistikasının poetik lad üstə köklənməsində də mühüm rol oynamışdır.

    Hörmətli Sabir bəy, sizin fəaliyyətiniz təkcə ədəbiyyatımızda deyil, həm də siyasi mühitimizdə, cəmiyyətimizdə harmoniyanın, etibar və etimadın formalaşmasına ciddi təsir göstərmişdir. Bu günkü leksikonumuzda “inteqrasiya”, “multikulturalizm”, “tolerantlıq”, “dialoq”, “həmrəylik” və s. kimi terminlər gündəlik ifadələrə çevrilmişdir. Bu terminlər ilk növbədə cəmiyyətin sabit siyasi-iqtisadi inkişafının təmin edilməsi məqsədilə bütün ictimai qüvvələrin bir araya gəlməsinə, qloballaşan dünyada fərqli dünyagörüşlərin, təfəkkürlərin iç-içə, nəfəs-nəfəsə yaşamasına xidmət edir. Doğrudur, vaxtilə Azərbaycan siyasi mühitində vətəndaş həmrəyliyi ideyası irəli sürüləndə onu yabançı bir dünyagörüş, xırda burjua ideologiyası, hakimiyyətin yanında olmaq təşəbbüsü kimi dəyərləndirib süngü ilə qarşılayanlar da vardı, lakin sonradan bu ideyanın zəruriliyi hamı tərəfindən etiraf olundu. Və 44 günlük müharibədə bütün ictimai-siyasi qüvvələrin milli maraqlar çərçivəsində inteqrasiya olunmaları, milli birlik nümayiş etdirmələri zəfərimizi təmin edən əsas faktorlardan biri oldu. Bütün bunlar bir siyasətçi kimi də sizin uzaqgörənliyinizi, başında dayandığınız partiyanın sülh və barış partiyası olduğunu təsdiq etdi.
    Hörmətli Sabir bəy, sizi-xalqımızın sevimli oğlunu, türk dünyasının vətəndaşını, bəşəri dəyərlərin yorulmaz təbliğatçısını-doğum gününüz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzu edirik”.

  • VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin diplomatları ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün partiyanın mətkəzi qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi işlər üzrə müşaviri xanım Kristin Herman Sinq və səfirin müşaviri Fil Tişyunu qəbul etmişdir.

    Görüşdə Azərbaycanda və bölgədə baş verən proseslər, parlament müxalifətinin fəaliyyəti, Azərbaycan-ABŞ əlaqələri, ölkədəki ictimai-siyasi vəziyyət, regional münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.