Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Bakı və Ankaranın dünyaya mesajı- Sabir Rüstəmxanlı

    Ermənistan sadəcə Azərbaycanı deyil, Türkiyəni də təhdid edir.

    Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı “Anadolu” agentliyinə açıqlamasında deyib.

    O bildirib ki, ermənilər bütün dünyada Türkiyə əleyhinə təbliğatlar aparırlar:

    “Türkiyənin ərazi bütövlüyünü tanımırlar və ölkənin şərq hissəsinin onlara aid olduğunu iddia edirlər. Bütün bunları nəzərə alsaq, Türkiyə ilə Azərbaycanın birlikdə hərəkət etməkdən başqa yolu yoxdur”.

    Deputat Türkiyə ordusunun Azərbaycandakı təlimlərini 1918-ci ildə Qafqaz İslam Ordusunun ölkəmizə gəlişi ilə müqayisə etdiyini vurğulayıb:

    “Türkiyə və Azərbaycan arasındakı təlimlər həm hərbi cəhətdən, həm də qardaşlığımızın bir nişanəsi kimi mənəvi əhəmiyyət daşıyır. Eyni zamanda böyük siyasi mənası var. Bu, dünyaya bir mesajdır”.

  • “İnsan beyni doğma dildə çalışmalıdır”

    Avqust ayının 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

    Vətəndaş Həmrəyliyi Partiyasının lideri, millət vəkili Sabir Rüstəmxanlı bu günlə bağlı açıqlamasında bildirib ki, uşaqlara dil öyrədilərkən valideyn öz milli vicdanı qarşısında cavab verməlidir: “3-4 yaşında hansı dildə təhsil almalı olduğunu bilə bilməz. Bunların hamısına valideyn məsuliyyət daşıyır. Niyə öz övladlarını ana dilindən məhrum edirlər? Ana dilindən məhrum olmaq ömrü boyu insanın özünü komfortsuz şəraitdə hiss etməsinə səbəb olur. Çünki düşüncəsi travma alır və yarımçıq qalır. Dünyada çoxdan sübut olunub ki, insan beynində ana dilinin yeri bir ayrıdır. Ona görə də beyin doğma dillə çalışmalıdır. Rus dilinə meyl bir xəstəlikdir. Azərbaycana düşmənçilik iddiasında olanlar dilimizə hörmətsizlik edərək daha çox rus dilinə meyl edilər. Həmçinin rus, erməni qohumu olanlar da bu dövlətdə yaşasalar da, başqa dildə təhsilə üstünlük verirlər”.
    İş yerlərində rus dilinin xüsusi tələb olunmasına gəldikdə isə millət vəkili vurğulayıb ki, elə bir tələb yoxdur və ola da bilməz: “Hər hansı bir şəxs iş üçün müraciət edərkən ondan rus dili tələb olunarsa, o, rus dili tələb edən şəxsi məhkəməyə verə bilər. Çünki dövlət dili Azərbaycan dilidir. Bildirim ki, burada Azərbaycan şirkətlərini nəzərdə tuturam. Beynəlxalq qurumlarda dil tələbi normaldır. Amma Azərbaycan şirkətinin ixtiyarı yoxdur ki, vətəndaşdan belə bir şey tələb eləsin. Şəxs öz dilini mükəmməl, əlavə bir dili isə orta səviyyədə bilirsə, bu, kifayətdir. Niyə məhz rus dili tələb kimi qoyulmalıdır?”.

  • VHP-dən çağırış: Qorumasaq təbiətin cavabı sərt olacaq

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda ətraf mühitlə bağlı yaranmış problemləri diqqətə gətirəcək bəyanat yayıb.

    Bəyanatda deyilir:  “Dünyanı bürüyən pandemiya təbiətin mühafizəsini bir daha ön plana çəkdi. Bu gün Azərbaycanda su problemi ilə bağlı yaşananlar bir daha ətraf mühit problemini yenidən gündəmə gətirdi. Təəssüf ki, Azərbaycanda təbii ehtiyyatlar, təbiətin qorunması ilə bağlı bir xeyli problem həll edilməmiş qalmaqdadır vəbu sahədə durumun fəlakət həddinə çatmasını gözləmədən təcili tədbirlər görülməlidir. Narahatlıq doğuran ən ciddi problemlərdən biri ölkənin dəniz, meşə və torpaq ehtiyyatları qeyri-qanuni şəkildə istismar edilməsidir. Azərbaycan Xəzər dənizinin sahilində yerləşməklə insanlarımıza və ölkəmizə təbiət böyük bir töhvə verib. Amma Xəzərin çirkləndirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərin dəniz boyunu hasara alması, təbiəti işğalı bu sərvətdən istifadəni məhdudlaşdırır. Eyni proses Milli Parklar və qoruqlarda da baş verir. Milli Parklar və qoruqlar sayı azalmaqda olan bitki və heyvan növlərini mühafizə üçün nəzərdə tutulub. Qoruqlar həm də elmi əhəmiyyət daşıyır. Amma son illər xarici ölkələrdən gələn ov tursitlərinin ölkəmizə ayaq açaraq milli parklarda müxtəlif heyvanların ovuna çıxması ilə bağlı dövri mətbuatda məlumatlar yayılırdı. Pandemiya ilə bağlı sərhədlərin bağlanması bu prosesi dayandırıb. Lakin qanunsuz ov etmə Azərbaycan təbiətinə ziyanı vurub.

    Bu gün isə Milli Parkların və qoruqların vəzifəli və imkanlı şəxslərin təsərrüfatlarına istifadəyə verilməsi haqda da məlumatlar var. Bütün bunlar təbiətə qarşı yanlış davranışlardır və zaman göstərir ki, təbiət ona edilən pisliyi unutmur, cavabı isə çox sərt olur.

    Vətəndaş Həmrəyliyi Partiyası əlaqədar dövlət qurumlarından təbiətə qarşı törədilən qanunsuzluqlarla bağlı qəti tədbirlər görülməsini, bu işdə vəzifəsindən və sosial durumundan asılı olmayaraq heç kəsə güzəşt edilməməsini tələb edir”.

  • Neftçalanın ilk şəhidinin məzarı abadlaşdırıldı

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
    Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının dəstəyi ilə bu günlərdə Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərində baş daşı qoyulub, məzarın ətrafında abadlıq işləri görülüb. Iyulun 24-də millət vəkili Sabir Rüstəmxanlı və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid Əfsər Gözəlovun məzarını ziyarət ediblər. Qəsəbə sakinlərinin və rayon fəallarının iştirak etdiyi tədbirdə Sabir Rüstəmxanlı çıxış edərək Neftçala rayonunun Milli Azadlıq Hərəkatında və Birinci Qarabağ savaşında fəal olmasından, bu gün şəhidlərə göstərilən sayğıdan danışıb.

    IMG_4785

     

  • Sabir Rüstəmxanlıdan Dünya Azərbaycanlılarına çağıış: erməniləri diplomatiya və hərb meydanında məğlub edək

    Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti nəticəsində cəbhədə yaşanan gərginlik artıq bölgə sərhədlərini aşmaqdadır. Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdi, Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, ölkəmizin dövlət sərhədlərinə açıq-açığına təcavüz erməni siyasətinin iç üzünü aşkarlamaqla yanaşı, böyük enerji layihələrinin gerçəkləşdiyi bölgədə mümkün hərbi gərginliklə bağlı dünya ölkələrində də narahatlıq yaratdı. Beynəlxalq təşkilatların və böyük dövlətlərin son olaylarla bağlı mövqeyində də ilk dəfədir ki, zəif şəkildə də olsa Azərbaycanın mövqeyi dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Eyni zamanda,Tovuz döyüşləri Azərbaycan ordusunun düşmənə layiqli cavabı fonunda Azərbaycan xalqının düşmənə qəzəb, torpaqlarımızın azad olunması uğrunda mübarizə qətiyyəti ilə müşayət olundu və bütün dünya torpaq məsələsində xalqımızın güzəştə getməyəcəyinin şahidi oldu.
    Uğursuz hərbi-siyası addımlar həm Ermənistan hakimiyyətini, həm də erməni diasporunu çıxılmaz duruma salıb. İflasdan başını itirən işğalçı hər cür təxribata və hiyləyə əl atır. Son günlər dünyanın bir çox ölkələrində ermənilərin azərbaycanlılara hücumları, insanlara xəsarət yetirilməsi də bu hiylə və təxribatın tərkib hissəsidir. ABŞ və Avropa ölkələrində vandal erməni diasporasının üzvləri tərəfindən soydaşlarımızın döyülməsi heç şübhəsiz hər bir azərbaycanlıda qəzəb və qisas hissi yaratdı. Baş verənlərə cavab olaraq bir neçə şəhərdə Azərbaycanlı icması ilə təxribatçı ermənilər arasında qarşıdurma yaşanmış, onlara adekvat cavab verilnişdir
    Əziz soydaşlarımız! Bacılar və qardaşlar!
    Yaşanan olaylar ermənilərin “Azərbaycanlılarla birgə yaşamaq mümkün deyil”, “Azərbaycanlılar ermənilərə qarşı Qafqazdan kənarda da nifrət hissi ilə yaşayı”, “Bu xalq vəhşıdir” təbliğatını aparmağa, öz adını bizə qoymağa hesablanmış təxribatdır. Hadisələrin ermənilərin vəhşiliyi və pozuculuq fəaliyyətindən qaynaqlanmasına baxmayaraq, bu kimi yanlış ictimai rəy yaradılmasına imkan verməməliyik!
    Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının Vətən, Qarabağ yanğısı qürurvericidir. Amma Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı hərb və diplomastiya meydanında həll olunaqcaq! Minlərlə vətəndaşımızın qısa müddətdə könüllü olaraq döyüşməyə hazır olduğunu bildirməsi bunun bariz nümunəsidir!
    Əziz soydaşlarımız!
    Sizlərin vətən sevginizi və mübarizə əzminizi bir daha alqışlayaraq Sizi hər hansı erməni təxribatına uymamağa, yaşadığınız ölkədə Qarabağ savaşına hüquqi və diplomatik yolla dəstək verməyə çağırıram. 50 milyonluq Azərbaycan xalqının bütöv yumruq halında birləşməsi böyük qələbəmiz deməkdir!
    Yaşasın Azərbaycan!

    Sabir Rüstəmxanlı
    Dünya Azərbaycanlıları Konqresinin həmsədri,
    Azərbaycanın Xalq şairi,
    Millət Vəkili.

  • Ağdamın işğalından 27 il ötür

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür. Rayonun işğalından 27 il ötür.

    Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

    Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

    Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

    Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

  • Sabir Rüstəmxanlı cəbhə bölgəsində olub- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Tovuz rayonunda sərhəd bölgəsində olub. Sabir bəy Ağdam kənd sakinləri ilə görüşüb, əhalinin əhval ruhiyyəsi ilə tanış olub . Millət vəkili Şəhid əsgərimiz Elşad Məmmədovun və şəhid gizir İlqar Zeynallının yas məclisində iştirak edib. Şəhidlətin yaxınlarına başsağlığı verib.

     

  • Azərbaycan xalqı dünyaya mesaj verdi ki…

    Sabir Rüstəmxanlı: “Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənləri bunu gələcək üçün nəzərə almalıdır”.

    “Erməni xalqı bunun hesabını Paşinyandan soracaq”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı ölkə gündəminin mövzuları iıə bağlı cumhuriyyet.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:

    – Sabir bəy, şair dili ilə desək dünyamız uzun bir müddətdir ki, xəstəhaldır. Məlum virus epidemiyası sonu görünmədən davam edir. Necə görürsüz bu gedişatın axırını?
    – Əvvəla deməzdim ki, dünyamız xəstə durumdadır. Dünya yenə öz əvvəlki məhvərində, ayı, günəşi yerində, təbiət öz işində… Dərd, ələm içində olan insanlardır. Həm də bu virus, epidemiya, xəstəlik dərdi deyil sadəcə, insanlıq üçün bir sınaq dönəmidir. Epidemiya nə dövlətlərə, nə də insanlara gücünə, mövqeyinə görə fərq qoymamaqla bir dərs keçdi və keçməkdədir. Dövlətlərin imperalist maraqları, insanların dünya malı hərisliyi mənasızlığı və gərəksizliyi ilə ortada. Yerə göyə hakimlik iddiasında olan, müharibələrlə fırtına qoparan, sayagəlməz sərvət toplayan insan övladı kiçik bir virusun qarşısında aciz durumdadır. Əlbəttə, bir gün bu epidemiya bitəcək, virus problemi ortadan qalxacaq, amma ən önəmlisi insanın indiki durumun nəticələrindən dərs çıxarıb gələcək dünyanı yeni və barış düşüncəli əsaslar üzərində qurmasıdır. Mən gedişatı belə görmək istərdim. Özünü yer üzünün əşrəfi adlandıran insana yaraşan budur.
    – Etiraf edək ki, nə böyük dövlətlərin, nə də beynəlxalq təşkilatların bu yöndə açıq və qətiyyətli niyyətinin və əməlinin şahidi olmadıq. Əksinə yenə də böyük dövlətlər fürsətdən istifadə edib iqtisadi siyasi maraqlarını təmin etmək üçün çalışdılar.
    – Təəssüf ki bu bir gerçəklikdir. Yaxın Şərqdə və ya dünyanın digər bir nöqtəsində hansısa supergücün geopolitik marağına toxunulan kimi beynəlxalq təşkilatlar bir araya gəlir, bəyanatların ardı arası kəsilmir, böyük bir hərəkətlənmə yaşanır. Amma baxın 21-ci əsrin 20-ci ilinin yarısını dünya epidemiya şəraitində başa vurur, yarım milyon insan dünyasını dəyişib və bunun nə qədər davam edəcəyi bəlli deyil və dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT hələ də bununla bağlı toplanmayıb. Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri niyə yaddan çıxır. Bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzüzədir və BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Bu qədər zaman keçəndən sonra BMT Baş Assambleyasının Xüsusi Sessiyası Azərbaycanın təşəbbüsü ilə işə başlayır. Bu təklif birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb və BMT-yə üzv olan 130 dövlət tərəfindən dəstəklənib. Bu Azərbaycan tərəfindən pandemiya ilə mübarizədə bütün səylərin birləşdirilməsi baxımdan mühüm təşəbbüs olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzu baxımdan da mühüm bir hadisədir. Azərbaycanın bu təşəbbüsü bütün dünyaya bizim barış niyyətimizi bir daha göstərmiş oldu.
    – Yeri gəlmişkən, Azərbaycanın təklifinə qarşı çıxan yeganə dövlət Ermənistan olmuşdu…
    – Daha doğrusu, Ermənistan növbəti dəfə özünü beynəlxalq ictimaiyyət qarşısında rüsvayçı vəziyyətə saldı. Bu dövlətin xarici siyasəti məntiq üzərində deyil, Azərbaycanı inkar üzərində qurulub. Biz dünyanın fırlandığını desək onlar bunun əksini iddia edəcəklər. İndi də Paşinyan hökuməti və erməni diplomatiyası eyni prinsiplə hərəkət etdi və iç üzünü göstərdi…Hazırki Ermənistan hakimiyyəti ciddi problemlər yaşayır, ölkədə siyası və iqtisadi böhran mövcuddur. Paşinyan və onun komandası ümidləri doğrultmadı. Korrupsiya və diktaturaya qarşı xalq etirazları üzərində hakimiyyətə gələn komanda özü hazırda bu yaramazlıqlara qurşanıb. Erməni cəmiyyəti bunu görür və açıq etirazını bildirir. Bacarıqsızlıqdan irəli gələn siyasi problemləri Ermənistanın iqtisadi durumunu bir qədər də ağırlaşdırıb. Yaranmış problemdən çıxış yolu kimi isə Paşinyan hökuməti erməni ictimaiyyətinin diqqətini başqa istiqamətə yönəltməkdə görür. Şuşada andiçmə mərasimi, Qarabağa intensiv səfərlər, Azərbaycan əleyhinə pafoslu bəyanatlar da bu məqsədə xıdmət edir.
    – Elə isə dünəndən başlayaraq cəbhə xəttində yaşanan gərginlik də eyni ssenarinin tərkib hissəsidir?
    – Bəli və təəssüf ki, bir qrupun siyasi ambisiyaları insan həyatı hesabına başa gəlir. Şəhidlərimiz var. Allah rəhmət eləsin. Ancaq növbəti dəfə düşmənə layiqli cavab verilib. Qarşı tərəf daha böyük itkilərə məruz qalıb və yəqin ki, erməni xalqı bunun hesabını Paşinyandan soracaq. Pandemiyanın ağır şərtləri altında, sosial-iqtisadi böhran içində ölan bir ölkənin belə bir hərbi təxribatını özünə hörmət edən xalq hakimiyyətinə bağışlamaz. Dünən cəbhədə baş verənlər bir neçə həqiqəti ortaya qoydu. Əvvəla dünya pandemiya ilə birgə mübarizə üçün çağırış edən Azərbaycanla cılız işğalçılıq hisslərinə qapılan Ermənistan arasında fərqi gördü. İkincisi Azərbaycan öz hərbi üstünlüyünü bir daha təsdiqlədi və normal ağla malik erməni başbilənlərinə bu, bir dərs olmalıdır… Nəhayət, ən ən vacib və qürurverici məqam Azərbaycan xalqının cəbhədən ilk xəbər gələn andan səfərbər olmasıdır. Həm cəbhə bölgələrimizdə, həm də paytaxtda insanlar heç bir təşkilatlanma, əvvəlcədən razılaşdırma olmadan “Qarabağ” deyə ayağa qalxdılar və ordumuza dəstək göstərdilər. Bu çox mühüm bir məsələ idi. Azərbaycan xalqı dünyaya “Qarabağ bizimdir, bizim olacaq!” mesajı verdi. Azərbaycan torpaqları üzərində manipulyasiya edən diplomatlar da bir daha gördülər ki, bu xalq torpaq məsələsində güzəşt tanımır.

    Söhbətləşdi: Nəsimi

    cumhuriyyet.az

  • Sabir Rüstəmxanlı: “Bir-iki nəfərin işdən çıxarılması ilə vəziyyəti dəyişmək mümkün deyil”

    Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey qaydasına düşəcək. Halbuki sözügedən kadr dəyişikliklərindən yarım ildən çox vaxt keçsə də, hələlik alternativ siyasətin konturları görünmür, inersiya ilə əvvəlki siyasət davam etdirilir.

    Milli Məclisin deputatı, keçmiş mətbuat və informasiya naziri (1991-1995) Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Press klub”un suallarını cavablandırıb.

    – Əli Həsənov və Vüqar Səfərlinin işdən azad olunmasını hökumətin mətbuatla iş sahəsində islahatlara başlaması kimi dəyərləndirmək olarmı?

    – İslahat daha geniş spektri əhatə edən anlayışdır və hansısa strukturda bir-iki nəfərin işdən çıxarılması ilə həmin strukturda vəziyyəti dəyişmək mümkün deyil. Əslində, Azərbaycanda mətbuatla bağlı islahatlar hələ bir neçə il öncədən başlanıb. Mətbuatın inkişafına yönəlik addımların atılması, jurnalistlərə dövlət qayğısı, media rəhbərləri və jurnalist təşkilatları ilə mütəmadi olaraq görüşlərin keçirilməsi, ardınca jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və uzun müddət mətbuatda çalışan insanlar üçün ayrıça şəhərciyin salınması, məncə, mətbuatın inkişafına dəstəyin bir nümunəsidir. Sadaladıqlarım yaxın tariximizdə dövlətin mətbuata münasibətdə atdığı önəmli addımlardır. Nəzərə almaq lazımdır ki, nə sovet dövründə, nə də başqa vaxtlarda mətbuata belə imkanlar yaradılmayıb. Məncə, hökumət mətbuatın dövlətçiliyin qorunmasında, dövlət quruculuğunda oynadığı rolu nəzərə alaraq belə addımlar atıb. Bu, həm də onu göstərir ki, müxtəlif siyasi qrupların fikirlərini cəmiyyətə çatdıra bilən jurnalistikanın dövlət quruculuğunda xidmətləri daha yaxşı dərk olunur. Mən Əli Həsənovun, yaxud hansısa vəzifəli şəxslərin işdən azad edilməsini, onların başqa şəxslərlə əvəz olunmasını nə jurnalistika, nə də dövlətin mətbuat siyasətində hansısa isahatlara başlaması ilə əlaqələndirmirəm, bunlar tamamilə ayrı məsələlərdir. Adını çəkdiyiniz şəxslərin də hərəsinin öz sahəsi vardı və onların cavabdehlik daşıdıqları sahə təkcə jurnalistika və mətbuat deyildi. Bu yaxınlarda Prezident Milli Mətbuatımızın 145 illiyi ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda da mətbuatın inkişafında xidməti olan jurnalistlərin mükafatlandırılması nəzərdə tutulur. Bu, mətbuata dövlət dəstəyinin bir təzahürü olmaqla yanaşı, həm də jurnalist fəaliyyətinin stimullaşdırılması, onların zəhmətinin dəyərləndirilməsi baxımından vacib məsələdir. Bütün bunlar jurnalistikaya qayğıdır və bu cür qayğı davam etdikcə, genişləndikcə, mətbuat sahəsində islahatlar olacaq. İslahatı qaçılmaz edən və bunun şərtlərini göstərən başqa məsələlər var. Bunlar mətbuatın üzləşdiyi maddi sıxıntılar, elektron medianın inkişafı, çap mətbuatına ehtiyacın azalması, hakimiyyətlə mətbuat arasındakı münasibətlərin daha sivil qaydaya düşməsi və digər məsələlərdir. Mətbuat sahəsində islahatlara məhz bu kontekstdən yanaşmaq lazımdır.

     -Sizcə, indiki şəraitdə dövlət və mətbuat münasibətlərinin tənzimlənməsi sahəsində ən vacib dəyişikliklər nədən ibarət olmalıdır? Mətbuatın peşə prinsiplərinə uyğun fəaliyyət göstərə bilməsi üçün hansı dəyişikliklər daha zəruridir?

    – Bunun iki şərti var. Birincisi, dövlət mətbuatın tənqid və iradlarına da, təqdirinə də səbrlə və dözümlü baxmalıdır, mətbuatın sərbəst fəaliyyətinə, onun azadlığına, tənqidi fikrə normal yanaşmalıdır. Eyni zamanda, mətbuatın da ruhu məsuliyyətdən, dövlətə sevgidən yoğrulmalıdır; öz fəaliyyətində dövlətlə hakimiyyəti bir-birindən fərqləndirməyi bacarmalıdır; müstəqil dövlətin nə qədər tarixi əhəmiyyət daşıdığını, bunun cəmiyyətimiz və xalqımız üçün dəyərini nəzərə almalıdır. Mətbuat əsassız tənqiddən çəkinməlidir, şər-böhtandan, söyüşdən uzaq olmalı, tənqidlər faktlara söykənməlidir. Belə olanda dövlətin də mətbuata münasibəti dəyişəcək. Yəni, hər iki tərəfdə münasibətlər qarşılıqlı, sivil qaydada olmalıdır və belə olarsa, mətbuat özünün normal inkişaf yolu ilə gedəcək. Yoxsa, dövlətin jurnalistlərə mənzil verməsini jurnalistlərin susdurulması kimi başa düşmək mətbuatı öz yolundan, prinsiplərindən yayındırar. Yaxud “hansısa jurnalist susduğuna görə qayğı görəcək, açıq tənqidi fikir söyləyənlər kənarda qalacaq” düşüncəsi hakim olacaqsa, heç vaxt dövlət-mətbuat münasibətləri normallaşmayacaq.

    – Əli Həsənov vəzifədən uzaqlaşdırılandan sonra belə bir fikir formalaşdı ki, artıq mətbuata bir nəfəslik veriləcək, bu sahədə normal münasibətlər qurulacaq.

    – Mən Əli Həsənovun adının bu cür hallandırılmasının və jurnalistikamızın bütün problemlərini onun çiyninə yükləməyin tərəfdarı deyiləm. Eyni zamanda, onun vəzifədən uzaqlaşdırılması mənim üçün Azərbaycan jurnalistikasında hansısa mərhələ, yaxud da hansısa mərhələnin başlanması deyil. Ona görə də mən bu məsələlərin ayrı-ayrı şəxslərin üzərində qurulmasını düzgün hesab etmirəm.

    – Bir neçə gün əvvəl KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı növbəti müsabiqənin nəticələrini açıqladı. Müsabiqə yenə köhnə şərtlər və prinsiplər üzərində quruldu və əvvəlkilərdən ciddi şəkildə fərqlənmədi. Halbuki gözlənilirdi ki, dövlətin maliyyə dəstəyi təkcə qəzetləri yox, həm də elektron mətbuatı, araşdırmaçı jurnalistlərin fərdi layihələrini əhatə edəcək. Amma bu gözləntilərin heç biri baş vermədi. Üstəlik, mətbuata ayrılan yardımların necə xərclənməsi də şübhə doğurur, bu sahədə şəffaflıq yoxdur…

    – Bu məsələlərdə subyektiv amilləri aradan qaldırmaq üçün müəyyən prinsiplər olmalıdır. Qəzetlərə maliyyə dəstəyinin hansı prinsiplər əsasında verildiyindən məlumatsızam, bu barədə bir söz deyə bilmərəm. Mən keçmiş Mətbuat və İnformasiya Nazirliyinə rəhbərlik edəndə bu prinsipləri bilirdim. Amma indi bu məsələləri diqqətlə izləmirəm və kimə nə qədər vəsait ayrıldığından, bu vəsaitlərin hansı meyarla verildiyindən xəbərim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, mətbuata da, qeyri-hökumət təşkilatlarına da dövlət yardımı bu işə başçılıq edənlərin subyektiv mülahizələrindən, sevgilərindən, dost-tanışlıqdan asılı olmamalıdır. Əksinə, fəaliyyətlərində milli-mənəvi dəyərləri nəzərə alan, Azərbaycanın həm dövlətçiliyini, həm də milli maraqlarını qoruyan və ona xidmət edən, ölkəmizə nüfuz qazandıran, hörmət gətirən mətbuata dəstək verilməlidir. Yoxsa, “kim bizə yaxındırsa, ona daha çox vəsait ayıraq” prinsipi ilə heç bir normal iş qurmaq olmaz.

    -KİVDF elektron mediaya maliyyə dəstəyinin verilməməsini həm də mətbuatın bu sahəsini tənzimləyən qanunvericiliyin olmaması ilə izah edir. Sizcə, bu məsələlər necə həll edilməldir?

    –Bu, doğrudan da çətin məsələdir. Çünki indiki dövrdə əlində mobil telefon olan istənilən şəxs internet üzərindən özünə bir səhifə aça və özünü elektron media kimi təqdim edə bilər. Təəssüf ki, son vaxtlar Azərbaycanda belə hallar çoxalıb. Bəziləri hesab edir ki, belə adamlar da jurnalistika işi görür. Amma internetdə özünə səhifə açıb, guya mətbuat nümayəndəsi kimi fəaliyyət göstərən bir adamın həqiqətən jurnalistika ilə məşğul olub-olmadığını necə müəyyənləşdirmək olar?! Belə adamlar doğrudanmı mətbuata xidmət edir, yoxsa özünün şəxsi maraqlarına uyğun şəkildə kimisə tərifləmək, yaxud intiqam almaq üçün fəaliyyət göstərir? Bunları müəyyən etmək asan deyil. Bu baxımdan məsələ çox çətin və ciddidir. Güman edirəm ki, hazırda dövlət mətbuata dəstək verirsə, ilk növbədə bu dəstək Azərbaycan həqiqətlərini dünyaya çatdıran, hətta xarici dillərdə yayımlanan ciddi saytlara verilməlidir. O saytlar ki, Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilir və milli maraqlarımıza xidmət edir. Belə saytlara dövlət dəstəyi verilməlidir. Yoxsa, hər hansı işsiz adam özünə iş yeri tapmayanda “mən jurnalistəm” deyib, sayt yaradaraq guya jurnalistika ilə məşğul olanda dövlət ona niyə vəsait ayırmalıdır?

    Mətbuata dövlət dəstəyi medianın özünü də iki qütbə ayırıb: bir qisim hesab edir ki, dövlət mətbuata birbaşa yardım ayırmamalı, sadəcə, iqtisadi azadlıqları təmin etməklə jurnalistlərin özlərini dolandıra bilməsi, maliyyə təminatlarını qurmaları üçün şərait yaratmalıdır. Belə olsa, hər bir mətbuat işçisi öz maaşı ilə ailəsini dolandıra, mənzil və başqa ehtiyaclarını ödəyə bilər. Başqa bir qisim isə hesab edir ki, indiki şəratdə dövlətin mətbuata dəstəyi həm birbaşa maliyyə yardımı formasında, həm də jurnalistlərin mənzillə təmin olunması şəklində olmalıdr. Sizin fikrinizcə, necə olmalıdır?

    – Əsl həqiqət bu iki qütbün ortasındadır, nə o tərəfi, nə də bu tərəfi tam şəkildə dəstəkləmək olar… Təəssüf ki, Azərbaycanda qəzetlərin real tirajla bazarda satılması və özünün maliyyə ehtiyaclarını qarşılaya bilməsi müşkül məsələdir. Biz 1989-1991-ci illər arasında “Azərbaycan” qəzetini yarım milyon tirajla çap edirdik, fəaliyyətimizi elə qurmuşduq ki, bütün nüsxələr satılırdı və bunun hesabına redaksiyanın maliyyə təminatını yaratmışdıq. Hətta Qarabağa Xalq Yardımı Komitəsinin maaşlarını o qəzetin satışından toplanan vəsaitlər hesabına ödəyirdik. Amma o dövr çox uzaqda qalıb, indi qəzetlərə o illərdəki qədər maraq yoxdur, qəzetlərin tirajı ilə kollektivi saxlamaq, çap və yayım xərcini ödəmək çətindir. Azərbaycanda ciddi reklam bazarı da yoxdur ki, qəzetlər reklamların hesabına özlərinə maliyyə təminatı qura bilsin. Halbuki, xarici ölkələrdə mətbuat orqanları daha çox reklam bazarından maliyyələşir. Lakin indiki şəraitdə Azərbaycanın reklam bazarında bu cür maliyyə təminatları tapmaq müşkül işdir. Dövlətdən yardım alan mətbuatın isə azadlığı və sərbəstliyi istər-istəməz məhdudlaşır. Hər halda, burada iki çətin yoldan biri seçilməlidir. Fikrimcə, mətbuatın dolanışıq xatirinə yad əllərə düşməsindənsə, mafioz qrupların, yaxud mətbuatdan başı çıxmayan oliqarxların çətiri altında fəaliyyət göstərməsindənsə, dövlətə yaxın olması daha normaldır. Mən bunu ideal variant saymıram, amma başqa yol da görmürəm.

    – Mətbuat Şurasının dövlət-mətbuat münasibətlərinin tənzimlənməsindəki rolunu necə dəyərləndirirsiniz?

    – Mətbuat və İnformasiya Nazirliyindən sonra Mətbuat Şurası və KİVDF kimi kiçik qurumlar yaranıb. Təəssüf ki, bunlar özlərini doğrultmur. Hər şey göz qabağındadır və mən bu kiçik qurumların fəaliyyətini normal hesab etmirəm. Fikrimcə, Mətbuat və İnformasiya Nazirliyi qorunub saxlanılmalı idi. Neçə ki, bir çox ölkələrdə belə strukturlar indi də fəaliyyət göstərir. Mətbuat və İnformasiya Nazirliyi nəşriyyat sisteminin, kitab nəşri işinin, kitab ticarətinin təşkili, satış şəbəkəsinin qurulması, kitab və jurnalların beynəlxalq sərgilərə göndərilməsi və xarici dillərə tərcümə olunaraq yayılması, mətbuatın lisenziyalaşdırılması, tirajların müəyyənləşdirilməsi, informasiya sisteminə nəzarət, informasiya işinin beynəlxalq müstəviyə çıxarılması, xaricdən gələn jurnalistlərin Azərbaycanda yönləndirilməsi, onların lazımi materiallarla təmin olunması kimi geniş spektrli fəaliyyətləri həyata keçirirdi. Bütün bunlar kimlərinsə gözünə kiçik görünə bilər, amma dövlətin maraq və mənafelərinin qorunması baxımından çox böyük və məsuliyyətli, həm də nəticəyə hesablanmış fəaliyyətlər idi. İndi Azərbaycanda ayrıca qurum kimi Beynəlxalq Mətbuat Mərkəzi yaradılıb, amma o vaxt bu qurum da Mətbuat və İnformasiya Nazirliyinin tərkibində idi. Bunlar hamısı təkcə mətbuat işinin yox, həm də bütövlükdə mədəniyyətin çox böyük bir sahəsidir və Azərbaycanın dövlət olaraq onlara ehtiyacı var. Təəssüf ki, bu sistem dağıdılıb, hər şey yeni yaradılan kiçik qurumlar arasında param-parça edilməklə bölüşdürülüb. Bu kiçik qurumların çoxu da naşı adamların əlindədir, onlar mətbuatın, qəzetin nə olduğunu bilmirlər. Ona görə də mətbuatla bağlı işləri kiçik qurumlara, bu sahədən uzaq adamlara tapşırmaqla bu işi səmərəli şəkildə idarə etmək imkanları məhdudlaşdırıldı.

     -Yəni, siz hesab edirsiniz ki, bu sahə hansısa bir mərkəzdə birləşsə, təmərküzləşsə, daha effektiv nəticələrə nail olmaq mümkündür?

    – Bəli, tamamilə doğrudur. Mən şəxsən mətbuatla bağlı olan adam kimi bunu belə görürəm. Mən Mətbuat Şurası, KİVDF kimi qurumların, jurnalist təşkilatlarının nə işlə məşğul olduğunu aydın təsəvvür edə bilmirəm, onları bir-birindən ayırd etməkdə çətinlik çəkirəm. Çünki işlər elə qurulmayıb ki, mətbuatla əlaqəli olan bu təşkilatlarda bir aydınlıq olsun. Ona görə də mətbuatda islahatlardan danışarkən məhz bu kiçik qurumlardakı fəaliyyətlərin nizama salınmasına daha çox önəm verilməlidir.

    – Siz jurnalist birliklərini də bura daxil edirsiniz, yoxsa, bunlar ictimai təşkilat kimi ayrıca fəaliyyət göstərməkdə davam etməlidir?

    – Azərbaycanda yaradıcılıq birlikləri əvvəlki qaydada fəaliyyətini davam etdirir – Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı və sair. Onsuz da cəmiyyət param-parçadır, bu birliklər dağılanda adamlar da təklənirlər, onlar dayaqlarını itirmiş insanlara çevrilirlər. Qonorar sisteminin olmadığı, müəlliflik hüquqlarının qorunması işinin lazımi səviyyədə təşkil edilmədiyi indiki şəraitdə yaradıcılıq birliklərinin də dağılması çox pis vəziyyət yaradır. Ona görə də Azərbaycan Jurnalistlər Birliyi rəsmi qurum kimi fəaliyyət göstərməlidir. Kimsə bununla razılaşmayıb müstəqil şəkildə özü əlavə birlik yaradırsa, mən buna da pis baxmıram. Necə ki, Azərbaycan Yazıçılar Birliyində belə hallar oldu. Amma reallıq odur ki, onlar özlərini doğrulda bilmirlər. Ona görə də fikrimcə, qəzetlərə göstərilən qayğının bir hissəsi Azərbaycan Jurnalistlər Birliyinə göstərilməlidir.

    Elxan Salahov

    Home

  • Deputatın dəstəyi ilə Neftçalada şəhidlərin xatirəsi əbədiləşdirilir – FOTOLAR

    Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğurunda mübarizədə Neftçala rayonu fəal iştirak edib. Həmçinin 1990-cı ilin yanvarında sovet ordusunun yeridildiyi bölgələrimizdən biri də Neftçala rayonu olub. Ötən illər ərzində Neftçala rayonu 200 şəhid verib. Şəhidlərin ruhunu hər zaman əziz tutan Neftçala sakinləri həm pandemiya, həm su qıtlığından irəli gələn bu çətin günlərdə belə, şəhidlərinin xatirəsini unutmurlar.
    Dominant.az xəbər verir ki, Neftçala rayonunun millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının rayonda növbəti gördüyü iş də şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Artıq Neftçala rayonunun ilk şəhidi Gözəlov Əfsər Səttar oğlunun Bankə qəsəbə qəbiristanlığındakı məzarının abadlaşdırılması işinə başlanılıb. Dəfn olunduqdan sonra yenilənməyən şəhid məzarı üzərindəki işlər bu günlərdə başa çatacaq.
    Bundan başqa, S.Rüstəmxanlının təşəbbüsü və dəstəyi ilə Həsənabad qəsəbəsində şəhidlərin xatirəsinə park salınır. Parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman – Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaq. Həsənabad kəndində də işlərə balanılıb, yaxın vaxtlarda parkın istifadəyə veriləcəyi gözlənilir.