Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Sabir Rüstəmxanlının qaldırdığı problemə reaksiya verildi

    Məlum olduğu kimi, Neftçala rayonunda içməli su problemi yaranmışdı. Belə ki, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə axırdı. Ekoloji hadisə Neftçala rayonunda Kürün Xəzərə töküldüyü yerdə yəni, çayın mənsəbində baş vermişdi.

    İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışmışdı. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndləri və rayon mərkəzi içməli su qıtlığı ilə üzləşib. 61 saylı Neftçala seçki dairəsinin deputatı Sabir Rüstəmxanlı Musavat.com-a duruma operativ müdaxilə edildiyini bildirdi: “ Neftçala Rayon İcra Hakimiyyətində qərargah yaradıldı və⁣ “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Rayon sakinləri də həmin vaxt razılıqla bildirirdi ki, insanların içməli su ilə təmin olunması üçün işlər görüldü”.

    Yaranmış vəziyyətlə bağlı mətbuatda həyacan təbili çalan deputat Sabir Rüstəmxanlı hazırda problemin aradan qaldırıldığını bildirib: “Hazırda dəniz suyunun Kürə qarışması demək olar ki dayanıb, vəziyyət stabilləşib. Problemin həlli üçün operativ fəaliyyətə keçən əlaqədar təşkilatların işi təqdir olunmalıdır”.

    Emil Salamoğlu,

    Musavat.com

  • “Siyasətdə olan şəxslərlə bağlı arxivlər açıla bilər”

    Sülhəddin Əkbərin agent ittihamlarına Sabir Rüstəmxanlıdan reaksiya; “O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”

    1992-93-cü illərdə mərhum prezident Əbülfəz Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin birinci müavini postunu tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin son müsahibəsi müxalif camiyədə, sosial şəbəkələrdə hələ də müzakirə olunur.

    AXC hökumətində rəhbərliyə Rusiyanın xüsusi xidmət orqanlarının agentlər yerləşdirdiyini deyən S.Əkbərin fikirlərinə ən müxtəlif reaksiyalar verilir.

    1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışan VHP sədri, deputat Sabir Rüstəmxanlı agent ittihamlarının çox mürəkkəb bir məsələ olduğunu qeyd etdi: “Onu bilirəm ki, sovetlər dönəmində ölkədən xaricə gedən, şərqşünaslıq fakültəsində oxuyan adamların qarşısına müəyyən öhdəliklər qoyurdular. Bu, getdikləri ölkədən xəbər vermək öhdəliyi idi. Amma bu o demək deyil ki, xaricə gedənlərin hamısı SSRİ-nin xüsusi xidmət orqanlarının agenti olurdular. O zaman Azərbaycan sovet sisteminin bir parçası idi. Söz yox ki, ölkə içərisindən Moskvaya xidmət edən, onların qarşısında müəyyən öhdəlikləri olan, ora məlumat ötürən, Rusiyadan qopmağın əleyhinə çıxış edən, SSRİ-nin dağılmasını istəməyən kifayət qədər adamlar var idi. Onları ayırd etmək çox çətindir. Elçibəy Sülhəddin Əkbəri Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edəndə istəyirdi ki, bu strukturla bağlı müəyyən məlumatlar əldə etsin, sənədlər aşkarlansın. Bütövlükdə Xalq Cəbhəsi komandasına kölgə düşməsini istəməzdim. Orada xalqını, dövlətini sevən kifayət qədər insanlar var idi”.

    Deputat S.Əkbərin çox şeylərdən xəbərdar olduğunu düşünür: “Yəqin Sülhəddin bəy nazir müavini işləyəndə özü üçün çox şeyi aydınlaşdırıb. Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı. Üstündən bu qədər vaxt keçməsi fərq etmir, bildiyi bir şey olubsa, indi də aça bilər. Ümumiyyətlə, dünyada bir müddət keçəndən sonra arxivlər açılır. Bizdə də belə olacaq. O vaxt bu məsələ Milli Məclisdə müzakirə olunmuşdu. Çox təklif olunurdu ki, arxivlər açılsın. Maraqlıdır ki, təkid edənlərin çoxu və ya onların ailə üzvləri uzun illər dövlət təhlükəsizliyinə bağlı olublar. Onlar ucuz xal qazanmaq, özlərini cəsarətli göstərmək istəyən adamlar idilər. Millətin taleyini düşünən adamlar bu məsələdə bir qədər ehtiyatlı davranmalıdırlar. Ölkədə çoxsaylı problemlər var idi, müharibə şəraitində yaşayırdıq. Ən müxtəlif qruplar fəaliyyət göstərirdi. Hakimiyyət çevrilişinə cəhdlər olmuşdu. Çox çətin bir dövr idi. Düşünün ki, arxivlər də açılsa ölkədə qarşılıqlı ittihamlar, düşmən axtarışı daha da artacaqdı. Nəticədə dövlətin müstəqilliyi təhlükə altına düşərdi. Bütün bunları düşünüb, arxivlərin açılmasının əleyhinə idim. Əgər arxivlərin açılması millətə, dövlətə zərər vuracaqsa, nə əhəmiyyəti var? Nəticələri düşünmədən qəhrəmanlıq çağırışları etməyin heç bir xeyri yoxdur. Amma indi vəziyyət bir qədər dəyişib. Siyasətdə olan, ölkənin ictimai-siyasi həyatında yer tutan şəxslərlə bağlı arxivlər açıla bilər”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • “Azərbaycan polisinə belə davranışı yaraşdırmıram”

    Sabir Rüstəmxanlı: “Ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, zorakılıqla vətəndaşı aparmaq düzgün deyil”

     

    Ölkəmizin gündəmində əsas müzakirə mövzusu polis-vətəndaş münasibətləridir. İyunun 7-də Yasamal rayonunda baş verən hadisələr ictimaiyyətdə ikitirəliyin yaranması ilə nəticələndi. Belə ki, ötən həftənin son iki günü üçün elan edilən sərt karantin rejimini pozduğuna görə, Yasamal ərazisində polis vətəndaşı saxlayır, bölməyə aparmaq istəyir. Bu zaman yaxınlıqdakı binadan bir vətəndaş polisə zibil atır, müxtəlif söyüşlər söyərək təhqir edir.

    Dünən isə səhər saatlarında polislər zibil atan şəxsi bölməyə apararaq inzibati şəkildə cəzalandırmaq üçün onun evinə gəlirlər. Əməliyyatın videosu mətbuatda yayıldıqdan sonra ictimaiyyətdə polisə qarşı aqressiya yarandı. Videodan görünür ki, polislər vətəndaşın mənzilinin qapısını qışqıraraq döyəcləyir, içəri keçdiyində ailənin qadınlarını, uşaqlarını nəzərə almadan kobudluq edir, kişini isə çılpaq şəkildə zorakılıqla aparırlar. Bu zaman polislər evin xanımını “dovşansan” deyə təhqir etməyi də unutmurlar.

    Məsələ ilə bağlı ictimaiyyətdə, xüsusən də sosial şəbəkələrdə müzakirələr şiddətlənib. Bir qrup hesab edir ki, polis bu əməliyyatı düzgün aparıb, çünki vətəndaş qanunu pozub, polisə zibil ataraq təhqir edib. Digər bir tərəf isə hesab edir ki, polisin bu cür zorakılıq etməsi qanundan kənardır. Yəni, vətəndaş nə qədər qanunu pozsa da, cəzalandırılması da qanuni şəkildə olmalıdır. Vətəndaşların əksəriyyəti düşünürlər ki, polisin əməliyyat zamanı davranışı həmin şəxsin etdiklərinə adekvat deyil.

    Bu arada qeyd edək ki, polis tərəfindən əməliyyat aparılan evin xanımının təhqir edilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumatda qeyd olunur ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Xəbərdə daha sonra bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

    Baş verən olay və ətrafında gedən müzakirələrlə bağlı AYNA-ya danışan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məsələyə iki qütbdən yanaşır. O, hər şeydən əvvəl Azərbaycanın həm vətəndaşının, həm də polisinin güclü, qanunlara bağlı, sayğılı olmasını istəyir: “Həm vətəndaşlarımızı, həm polisi güclü görmək arzusundayam. Hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Birinin rütbəsi ola bilər, birinin olmaz, amma hər kəs Azərbaycan vətəndaşıdır. Vətəndaşlar bir-birini sevməlidir, bir-birinə hörmət eləməlidirlər. Hamı bilməlidir ki, bu torpağın övladıdır, torpağa, ölkəyə, adət-ənənəmizə hörmətlə yanaşılmalıdır. Bu, məsələnin mənəvi tərəfidir. Yəni bir vətəndaş general ola bilər, başqa bir vətəndaş sıravi ola bilər. Hər kəs öz səlahiyyəti çərçivəsində, qarşılıqlı hörmət çərçivəsində hərəkət etməlidir”.

    Konkret əməliyyatla bağlı isə S.Rüstəmxanlı bildirib ki, istənilən vəziyyətdə, nə qədər əsəbi, gərgin, çılğın olsa da, vətəndaşın polisin başına zibil atmasını qəbul etmir: “Polisin xüsusi statusu və vəzifəsi var. Onlar gecə-gündüz ölkə ərazisində ictimai asayişi qoruyurlar, qorumalıdırlar. Necə qoruya bilir, vəzifəsini necə yerinə yetirir – o, ayrı məsələdir. Bu, məsələnin birinci tərəfidir ki, mən karantin günü vətəndaşın hərəkətini birmənalı şəkildə qəbul etmirəm”.

    “Yasamaldakı hadisənin videokadrlarına baxdım. Hesab edirəm ki, hansısa xırda hadisəyə görə o qədər polis əməkdaşının, böyük polis dəstəsinin bir evin həyətinə gəlməsi, bir mənzildə elə əməliyyat keçirilməsi doğru deyildi. Polis əməliyyat keçirsin, bu olmalıdır. Amma qatı cinayətkar olarsa, elə əməliyyat keçirilməlidir. Hardasa terrorçu var, ölkənin taleyi üçün təhlükəli hal və ya şəxs varsa, əməliyyat dünənkindən də sərt keçirilməlidir. Amma məsuliyyətsizlik edən bir vətəndaşın qapısını döymək, ailənin, qadın-uşağın yanında belə əməliyyat keçirmək, ailədəkiləri təhqir etmək, belə zorakılıqla vətəndaşı aparmaq düzgün deyil. Mən bunu qəbul etmirəm, Azərbaycan polisinə də belə davranışı yaraşdırmıram”, – deputat vurğulayıb.

    Xalq şairi onu da qeyd edib ki, Azərbaycan polisi son illərdə əməliyyatları, asayişi təmin etməsi, nizam-intizamı ilə seçilir: “Elə koronavirus pandemiyasına görə tətbiq edilən karantin zamanı mən müşahidə etdim, polis küçədə, məhəllələrdə çox gözəl xidmət apardı. İnsanlarla mehribanlıqlarının, mədəniyyətinin şahidi olmuşam, bununla qürur duyuram. Həkimlərlə bərabər polisimiz də gecə-gündüz çalışdı, hazırda da çalışırlar. Amma yenə də deyirəm, kankret olaraq Yasamaldakı əməliyyat epizodu polisimizə yaraşmadı”.

    Hokm.az

  • “Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdı”

    Azərbaycanın qədim şəhəri Şuşanın əsasının qoyulmasının 270 illiyinin yüksək səviyyədə keçirilməsi məsələsi gündəmə gəlib. Qondarma rejimin qanunsuz liderinin tarixi Azərbaycan şəhərində andiçmə məsələsindən sonra bu məqama ictimaiyyətdə xüsusi diqqət göstərildi.

    Şuşa şəhərinin 270 illiyinin keçirilməsinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlıdan da dəstək gəlib. O bildirib ki,, Şuşanın əsasının qoyulmasının 270 illiyinin keçirilməsi istiqamətində tədbirlərin gerçəkləşdirilməsi yaxşı olardı: “Vaxti ilə biz Bakıda Şuşanın əsasının qoyulmasının 250 illiyinin qeyd olunması məsələsinin gündəmə gətirmişdik və tədbir də təşkil eləmişdik. Düzdür, dövlət səviyyəsində olmamışdı, amma siyasi patiyaların, bir sıra təkilatların, ziyalılan iştirakı ilə belə bir tədbir keçirilmişdi. Hesab edirəm ki, Şuşanın 270 illiyi yüksək səviyyədə qeyd olunmalıdır. Bu tədbir ermənilərin Şuşa ilə bağlı iddialarına cavab olar. Bu barədə bizim Ümid Partiyası ilə də söhbətlərimiz olub, onların belə bir təşəbbüsü var. İqbal Ağazadənin müraciəti var. Sonra millət vəkili Aqil Abbas da bu məsələni Milli Məclisdə gündəmə gətirdi. Biz bütövlüklə bu məsələyə dəstək veririk. Hesab edirəm ki, bu tədbir dövlət səviyyəsində yüksək formada təşkil olunmalıdır”.

  • Sabir Rüstəmxanlı Neftçalanın su problemini gündəmə gətirdi

    Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb.

    Bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib: “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

    Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib: ” Neftçalanın Kür sahilı kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlər artıq evlərə su şor şəkildə gəldiyi üçün su içməkdən imtina etməyə məcburdular. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır”.

  • “İnsanlarımız yoluxmanı azaltmaq üçün qadağalara əməl etməlidir”.

    Karantin rejiminin yumşaldılması fonunda yeni qadağalar, həftə sonunda gözlənən küçəyə çıxma yasağının tətbiqi cəmiyyətdə geniş müzakirə olunur.

    Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli fikirlərini açıqlayıb: “Epidemiyanın idarə olunan hala gəlmədiyi və gözlənilmədən yoluxma hallarının sürətlə artması göz qabağındadır. Bu sıradan bir xəstəlik deyil. Qarşılaşdığımız problem insanların canın alır, dövlətlərin iqtisadiyyatını çökdürür. Nə qədər ki, tibb elmi bu xəstəliyə qarşı tam təsirli peyvənd hazırlamayıb, karantin və sosial izolə şərtlərini yeganə çıxış yolu kimi qəbul etməliyik. Son qərarlar bir qədər sərt görünə bilər. Amma insanlarımızın sağlamlığını qorumaq, yoluxma sayını azaltmaq və epidemiyanı mümkün qədər nəzarətdə saxlamaq üçün bu qadağalar vacibdir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bununla bağlı üzvlərimizə və bütövlükdə ölkə ictimaiyyətinə xüsusi müraciətimiz olub.  İnsanlarımız bu reallıqları başa düşməli və ümumi sağlamlıq qorunması, yoluxmanı azaltmaq üçün qadağalara əməl etməlidir”.

    vhp.az

  • “Qarabağ problemi insanların narazılığına səbəb olur”

    “Pandemiya ilə əlaqədar olaraq sözsüz ki, onlayn dərslər keçirir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.
    Bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

    O, problemin həll edilməsi üçün müvafiq addımlar atılmasını vacib sayıb:
    “Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsələyə diqqət ayırsın”.
    Xalq şairi çıxışında Qarabağ məsələsinə də toxunub:
    “Bu, heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Bu da əhalidə narazılıq yaradır Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu, millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzuda ətrafında təşkil edilən müzakirələrə qatılsın”.
  • Bayrağımızın rəngləri Qətərin məşhur binasında – FOTO

    Qətərin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan “Şeraton” otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.
    BakuPost.az xəbər verir ki, sözügedən görüntü 28 May – Respublika günü münasibəti ilə yaradılıb.

    Bu hadisə Qətərdəki soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və şəhərin yerli, əcnəbi sakinlərinin marağına səbəb olub.
    Qeyd edək ki, bu binada indiyə qədər 2 dövlətin bayrağı işıqlandırılıb.
  • “Məhz Sizi seçməyimiz bizim uğurumuzdur…”

    Bir qrup neftçalalılı deputat, xalq şairi Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb…

    Bir qrup neftçalalı xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Neftçalanı Milli Məclisdə təmsil edən Sabir Rüstəmxanlıya təşəkkür məktubu ünvanlayıb. PİA.az-ın elektron poçtuna daxil olan təşəkkür məktubunda deyilir:

    “Çox hörmətli Sabir bəy!

    Müqəddəs Ramazan bayramı günündə biz neftçalalılar adından bir deputat kimi sizə təşəkkür eləməyi özümüzə borc bilirik. Neftçaladan depuatat seçilməyinizdən çox qısa müddət keçməsinə baxmayaraq, Siz Neftçala üçün çox böyük işlər görmüsünüz. Xüsusən bütün ölkəmizin ağır sınaq dövrü yaşadığı bu pandemiya dönəmində Neftçalaya göstərdiyiniz yardım və köməklik bütün deputatlar üçün nümunə olmalıdır. Bu ağır günlərdə Neftçalaya gətirdiyiniz yardımlar çoxlu sayda imkansız ailəyə doğrudan kömək olub. Göstərdiyiniz bu yardımlara və diqqətə görə Sizə bütün neftçalalılar adından çox təşəkkür edirik. Açığı bildirək ki, uzun illərdın sonra Neftçala sakinləri ilk dəfədir ki, bir deputatın qayğı və diqqətini görür. Bu da sizin doğrudan bir xalq şairi olaraq nə qədər yüksək insani dəyərlərə sahib olduğunuzu göstərməkdədir.

    Biz Sizin seçiciləriniz olaraq deputat kimi fəaliyyətinizdən çox razıyıq və qeyd etmək istəyirik ki, məhz sizi seçməyimizi Neftçalanın son illərdə əldə etdiyi uğur kimi dəyərləndiririk. Fürsətdən istifadə edərək, tanınmış Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq mayın 20-də qeyd etdiyiniz ad gününzü də təbrik edirik. Sizə can sağlığı arzulayırıq. Sizin Azərbaycan xalqına göstərdiyiniz xidmətlərin davam etməsi üçün bu müqəddəs Ramazan günündə Allaha dua edirik”.

    pia.az

  • Bir adam yol gedir bizdən qabaqda…

    “Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır”

    Sabir Rüstəmxanlı haqqında yazmaq bəlkə də çoxları üçün asan ola bilər. Amma onunla bu çoxluğa aid olanların çoxundan daha çox təmasda olsam da, mənim üçün çətindir. Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin aydın və sərkərdələr tarixinin bu günümüzə köçürülmüş simvoludur…

    İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən bu ruhu daşıyan cismanilikdir. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai, Məhəmməd Əmin Rəsulzadə yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.

    Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünü, “Türk”, “Yer”, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları – Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.

    Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır. Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır – hər əsərində, hər şeirində, hər çıxışında. Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.

    Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. O illər S.Rüstəmxanlının öz dilindən belə ifadə olunur: “Mən heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik…”

    Ömrün belə bir başlanğıcı və… Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir… Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur! Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi – “Titrəyib özünə dönən Türk”!

    Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.

    Azərbaycan rus imperiyasına qarşı mübarizəyə qalxanda Sabir bəyin yazdığı “Ömür kitabı” milli şüurun oyanmasında və millətin azadlığa gedən yolunun aydınlanmasında əvəzsiz rol oynamışdı. Millətin ömrünə gün kimi doğmuşdu “Ömür kitabı”. Onun yazdığı şeirlər, gənclərə millət, vətən və dil sevgisini aşılamışdı. “Sağ ol, ana dilim” şeiri o dönəmdə dillər əzbəri idi. Sabir Rüstəmxanlı sadəcə yazmamışdı, yazdıqlarının arxasınca getmişdi, millətin ağır günlərində onun yanında olmuş, meydanlarda Azərbaycan xalqının haqq davasını müdafiə etmişdi. Azərbaycanın Müstəqillik Aktında imzası olan bir səxsiyyət… O zaman çoxları Sovet İttifaqından qorxaraq gizlənəndə, müstəqilliyimizin əleyhinə səs verəndə Sabir Rüstəmxanlı tarixin verdiyi bu fürsəti millətimizin lehinə çevirmək üçün bütün təhlükələri gözə alaraq, mübarizənin ön sırasında olmuşdu. Hər şeyin alınıb-satıldığı bir dönəmdə, sözün qiymətdən düşdüyü bir ortamda Söz Sahibi olan kişilərdən biridir Sabir Rüstəmxanlı. Zaman gələcək onun haqqında da kitablar yazılacaq, necə ki yazılır. “Tanımaq istəsən”lə yola çıxdı, “Sevgim-sevincim” dedi, “Gəncə Qapısı”nda “Ölüm zirvəsi”ni gördü, “Xətai Yurdu”nda “Bu, sənin xalqındır”, “Sağ ol, ana ailim” dedi, “Difai Fədaisi” oldu, “Tanrının Elçisi” Oğuz xanla oğuzlandı, “Ömür kitabı”nda “Əbədi sevda”sına qovuşdu və dünyanın bir çox ölkəsində çap olunan 50-dən yuxarı kitabın yazarı oldu. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı və siyasətində, eləcə də bütün türk dünyasında yaxşı tanınan, ləyaqətli, nurlu şəxsiyyətlərdəndir. Ötən əsrin 80-cı illərinin sonunda meydana şair kimi daxil olan Sabir Rüstəmxanlı oradan siyasətçi kimi çıxdı. Cavanlığını meydanlarda millətimizin haqq işi uğrunda mübarizəyə həsr edən Sabir bəy bu gün artıq ömrün 70-ci ilindədir. Azərbaycanda siyasətlə məşğul olmağın çətinliyini hamı başa düşür. Vətəndaş Həmrəyliyi adlı bir partiyanı təsis edib, onu ayaq üstə saxlamaq, üstəlik, 20 ildən artıq bir müddətdə Milli Məclisin deputatı kimi millətin haqqını tribunadan dilə gətirmək qəhrəmanlıq, cəsarət tələb edir. Sabir bəy bu qəhrəmanlığa və cəsarətə çoxdan öz imzasını atıb. Amma o ruhən söz adamıdı və özünün dediyi kimi onu siyasətə həvəs gətirməyib.

    Sabir bəy “Ömür kitabı” ilə yetişdirdiyi bütöv bir nəsli Meydandan İstiqlala apardı. Bəli, indiyədək Sabir bəy milli maraqlar naminə çox şeylərdən imtina etməyi bacarıb, çoxlu güzəştlərə gedib. Ancaq başqalarının bu cür şansları olsaydı, heç vaxt əldən verməzdilər. Elə buna görədir ki, bu gün bütün Azərbaycan onu “Bizim Sabir” deyə çağırır. Sabir Rüstəmxanlı ilə M.Ə.Sabirin taleyini birləşdirən çox cəhətlər var. O da Sabir babası kimi millətin taleyinə acıyır, əzilir, təqib edilir. Amma zülmə dözmür, üsyan edir. O, bütün ömrünü belə yaşayıb. X.R.Ulutürk Rüstəmxanlının keçdiyi həyat yolunu “kişi ömrü” adlandırır. Onun yaradıcılığını izləyən hər bir kəs böyük şairimizin bu sözləri ilə razılaşar. Vaxtı ilə R.Rza da M.Ə.Sabiri “kişi şair“ adlandırmışd. Bu da hər iki Sabir arasında bir tale oxşarlığıdır. Abbas Səhhət vaxtı ilə yazırdı: “Sabir İran inqilabına bir ordu qədər xidmət göstərib”. Tam məsuliyyəti ilə demək olar ki, Sabir Rüstəmxanlı da milli birliyimizə bir ordu qədər xidmət göstərmişdir.

    Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var… Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.

    Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.

    Sabir Rüstəmxanlı şair olaraq yalnız ideoloji yol cızmayıb, həm də bu yolun önündə gedən liderdir. “Nicatımız vətəndaş həmrəyliyindədir” deyə partiya quran Sabir bəy siyasi mübarizəyə milli-azadlıq hərəkatının ilk günlərindən qoşulan biri olaraq, sona qədər yolundan dönməyən, görəv qazanan, fəaliyyətini siyasi dividendə çevirməyi bacaran  partiya sədridir. Fikir ayrılığını əsaslandırıb, fikrinə yetərincə tərəfdar toplayıb özünə elektorat formalaşdırmağı bacaran layiqli millət vəkilidir. O, 9 fevral parlament seçkilərində Neftçala rayonundan – 61 saylı  seçki dairəsindən millət vəkili seçildi. Buna qədər S.Rüstəmxanlı Azərbaycanın müxtəlif bölgələrindən xalq mandatı qazanaraq parlamentdə təmsil olunub. Əslində Sabir Rüstəmxanlı həm partiya sədri kimi, həm də özünün fərdi nüfuzu ilə Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hər birində qalib gəlmək gücünə malikdir. Bu gücün ən böyük keyfiyyəti isə onun şəxsiyyəti, ömür yolu, siyasi zəkası, toparlayıcı, yeniliklərə və müsbət dinamikaya meyilli siyasətçi xarakteridir.

    Liderlik bir qrup insanı müəyyən məqsədlər ətrafında toplaya bilmək və bu məqsədləri reallaşdırmaq üçün onları hərəkətetdirmə, ruhlandırma, uğurlu gələcək üçün birləşdirə bilmə kimi qabiliyyətlərin məcmusudur. Liderlik olduqca çətin və mürəkkəb vərdişdir. Sabir Rüstəmxanlı lider, partiya sədri  kimi həmişə ətrafdakıların diqqətini cəlb edə bilir, səbrlidir, əzmlidir, çətinlikdən qorxmur, maneələri aradan qaldırmağı bacarır. O, komanda yoldaşlarının fikirlərinə diqqətlə qulaq asır, geniş müzakirələr aparır, qərar verərkən ətrafındakıların mülahizələrini nəzərə alır. Elə bu səbəbdən Vətəndaş Həmrəyliyi Partiyası Sabir Rüstəmxanlının sədrliyi ilə, çox çətin lakin fərqli siyasi bir yol keçmişdir. Partiya daxilində yaradılan qarşılıqlı hörmət, partiya üzvlərinə özünəməxsus fərdi yanaşma xüsusiyyətləri Sabir Rüstəmxanlını tək partiya üzvləri tərəfindən deyil Bütöv Azərbaycan ideyası daşıyıcıları tərəfindən sevilməsinə səbəb olaraq, onu bir mübarizə liderinə çevirmişdir. Sabir Rüstəmxanlının insan kimi də, şair  kimi də, siyasətçi kimi də üstünlüyü elə yaxşı niyyətli olmasında, ilk gündən sözü ilə əməlinin vəhdət təşkil etməsində və ən əsası hansı məqamda olmasından asılı olmayaraq millətinin yanında olmasındadır. Onu öz yaş nəslinin qalan bütün müxalif siyasətçilərindən fərqli olaraq ayaqda saxlayan, önə çıxaran əsas faktor da məhz bu keyfiyyətləridir. Məhz bu keyfiyyətə malik olduğu üçün o insanlara, cəmiyyətə, siyasətə münasibətdə dağıdıcı yox, torarlayıcı, intriqant yox, barışdırıcı, istifadəçi yox, dəstəkçidir.

    Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yollar göydən düşməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu böyük yolu duya bilməz. Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır…

    Samir Əsədli

    525-ci qəzet