“Erməni mətbuatında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.
Bunu Milli Məclis Sədrinin müavini, VHP Siyasi Şurasının üzvü Fəzil İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının iclası keçirilib
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının xüsusi karantin qaydaları şərtlərinə uyğun olaraq iclası keçirilmişdir. İclasın gündəliyinə iki məsələ daxil edilib. Gündəliyin birinci məsələsi olaraq ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı geniş çıxış etdi. Bundan sonra çıxış ətrafında müzakirələr aparıldı. VHP-nin parlament seçkilərindəki uğuru yüksək qiymətləndirildi, eyni zamanda partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin vacibliyi qeyd olundu. Çıxışlarda VHP Ali Məclisinin sədri Rafiq Manaflının Milli Şuranın toplantısındakı fikirləri ilə bağlı müzakirələrə münasibət bildirildi və qeyd edildi ki, bu fikirlər Rafiq bəyin şəxsi fikirləridir, VHP hər zaman insan haqları və demokratik dəyərlərə önəm verib, insanlar arasında irqi, dini, cinsi fərqlər qoymur. VHP insani dəyərləri, bəşəri prinsipləri fəaliyyətinin əsas prioriteti sayır.
Gündəliyin ikinci məsələsində təşkilati məsələlər müzakirə olundu. Rayon təşkilatlarının vəziyyəti müzakirə edildi və Abşeron, Binəqədi, Nəsimi rayon təşkilatlarının bütün seçkili orqanları buraxıldı. Bu rayon təşkilatlarının yenidən formalaşması üçün təşkilat komitələri yaradıldı.
Samir Əsədli: “Faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.
Ermənistanın blogger baş naziri Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirib. O, Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib.
Samir Əsədli
Blogger baş nazirin bu sərsəm iddialarına Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli kəskin etiraz edib və Paşinyanı saxtakarlıqda ittiham edib: “Ermənistanın blogger baş naziri Nikol Paşinyan yenidən xəstə təfəkkürünü ortaya qoyaraq bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadəyə dil uzadıb. Faşizm prinsiplərini XXI əsrdə davam etdirən bir dövlətin rəhbəri “İnsanlara hürriyyət, millətlərə İstiqlal” şüarını həyat amalı seçən lideri Hitler Almaniyası ilə əlaqədə suçlandırıb. Əlbəttə ki, bu heç bir əsası olmayan və tarixi faktların əksini sübut etdiyi bir yalandır. Gerçək olan isə, Paşinyanın babasının və Qaregin Njdenin faşistlərlə birgə döyüşməsidir. Paşinyanın bu iddiaları gülünclə qarşılanır. Həm də tək Azərbaycanda yox. Çünki Rəsulzadənin mühacir həyatında istiqlal mücadiləsi Avropa tarixşünaslığında da bəllidir. Amma təəssüf və kədər doğuran başqa faktdir: faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.
Rafiq Manaflının LGBT ilə bağlı ifadələrindən məlumatsızam. Nə onlara hücumlardan, nə də hücum edənlərin mövqelərindən məlumatım yoxdur. Sosial şəbəkələrdə bununla bağlı açılan müzakirələr barədə də indi eşidirəm.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirib.
Qeyd edək ki, VHP-nin funksioneri və müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı Eldəniz Quliyevin jurnalist İsmayıl Cəlilov haqqında səsləndirdiyi etikadankənar bəyanatın onlayın müzakirəsi zamanı deyib ki, 1941-1945-ci illərdə Adolf Hitler “gey”ləri qırıb bitirməli idi. Bununla da Eldəniz Quliyevin bəyanatı bir kənara qalıb və gündəmi siyasətçi Manaflının LGBT ilə bağlı aqressiv fikirləri tutub. Hazırda Milli Şura bu mövqeyinə görə, sosial şəbəkələrdə ciddi tənqid edilir.
VHP sədri Sabir Rüstəmxanlı hesab edir ki, insanın öz iradəsindən asılı olmayan və həm də müalicəsi mümkün olmayan xəstəliklərə dözümlü və sakit yanaşmaq lazımdır.
Rafiq Manaflının çağırışından xəbəri olmadığını, çağırışın ola bilsin ki, Milli Şurada səsləndirildiyini bildirən Rüstəmxanlı bu fikirlərin VHP ilə əlaqəsi olmadığını bəyan edib:
“Biz partiyada bunun müzakirəsini açmayacağıq. Rafiq Manaflının dedikləri onun şəxsi fikridir. Nə dediyini bilmirəm, amma bu fikirlər Rafiq Manaflıya aiddir. Onun dediklərinin partiyaya aidiyyəti yoxdur. Rafiq bəy son dönəmlər partiyadan daha çox Milli Şurada olur. O fikirlərin partiyanın mövqeyinə aidiyyəti yoxdur. Biz partiya olaraq belə işlərə qarışmırıq. Hər kəsin azadlıq hüququ var və istədiyi kimi yaşayır. Belə məsələləri siyasi mühitə gətirmək və müzakirə mövzusuna çevirmək olmaz”.
Azərbaycanda koronavirusla əlaqədar ay yarımdır ki, karantin rejimi hökm sürür. Bu müddət ərzində müxalifətin iclaslarını necə keçirdiyi, partiyalara üzvlük üçün müraciətlərin olub-olmadığı, olubsa, bunun nə cür həyata keçirildiyi ilə maraqlandıq.
VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “Karantin dövründə partiyanın idarəetmə sistemi onlayn qaydada fəaliyyət göstərib. Bu müddət ərzində bir neçə dəfə Mərkəzi İcra Aparatının iclasları keçirilib. Eyni zamanda rayon təşkilatları ilə onlayn qaydada əlaqələr qurulub, müvafiq tapşırıqlar verilib. Həmçinin bu müddət ərzində partiya fəallarından ibarət onlayn qruplar yaradılıb ki, burda ölkədə və dünyada baş verən hadisələr müzakirə olunur”.
AĞ Partiya başqanı Tural Abbaslı karantin rejimindən sonraya üzvlük üçün qəbulları saxladıqlarını söylədi: “Koronavirus pandemiyası və bunun nəticəsində demək olar ki, bütün dünyada tətbiq edilən karantin şərtləri bir çox sahələrdə adət olunmuş davranışların dəyişməsinə, yeni çıxış yollarının tapılmasına səbəb oldu. Bu dönəmlərdə əsasən disdant onlayn ünsiyyət və davranışlar önə çıxdı. Bir çox sahələrdə olduğu kimi, siyasi səhnədə də onlayn çıxış yolları tapıldı və istifadə edildi. Sosial şəbəkələrin və xüsusi ünsiyyət proqramları vasitəsiylə partiyalar işlərini davam etdirməyə çalışdılar.
Eyniylə də AĞ Partiya olaraq, biz də bu vasitələrin yaratdıqları imkanlardan istifadə edərək fəaliyyətimizi davam etditməyə çalışdıq. Demək olar ki, hər həftə AĞ Partiya İdarə Heyətinin toplantıları onlayn qaydada keçirildi. Onlayn iclaslar ənənəvi toplantıların yerini tam doldurmasa da, yenə də işin tam dayanmamasında faydalı oldu. Ancaq, təbii ki, bu vasitələr siyasi partiyanın işini normal qurmaq üçün kifayət deyil. Ümid edirəm ki, dünya və ölkəmiz tezliklə bu bəladan xilas olar və normal həyata dönərik. Ancaq, karantin günlərində partiyaya yeni qəbullar etməmişik. Bununla bağlı sosial şəbəkələr vasitəsiylə bəzi müraciətlər olub. Ancaq, biz qəbul məsələsini normal fəaliyyət şəraiti yarandıqdan sonra həyata keçirmək qərarı vermişik. Odur ki, bütün qəbullar karantindən sonra olacaq. Ancaq, karantin müddətində iqtidarın siyasi partiyalara minumal fəaliyyət şəraiti yaratmaması da qəbuledilməz və qanunsuzdur. Bu məsələnin də gündəmə gələrək müsbət həllini tapması labüddür. Əks təqdirdə belə bir yanaşma birmənalı qarşılanmaya və yaranmış vəziyyətdən iqtidarın sui-istifadə etdiyi anlamına gələr. Odur ki, tez bir zamanda bu problem həll edilməlidir deyə düşünürəm. Partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, çünki, çoxpartiyalılıq demokratik dövlətin ən başlıca atributudur”.
ALDP sədri Fuad Əliyev: “Karantin günlərində iclasları onlayn rejimdə keçiririk. Sədr Aparatının iclasları həftədə iki dəfə, Rəyasət Heyətinin isə, iclasları iki həftədən bir təşkil olunur. Bizim whatsapp və skupedə qrupumuz var. Partiyaya üzvlüyə gəldikdə isə, biz onlayn qəbulu beş ilə yaxındır keçiririk. Partiyanın mətbuat xidmətinin bloqunda və Facebook səhifəmdə üzvlük anketi var. Bloqda və səhifəmdə məramnamə, nizamnamə ilə tanış olanlar, onu qəbul edənlər üzvlük anketi doldurub göndərirlər. Bu beş il ərzində qəbulla bağlı onlarla müraciət daxil olub. Müraciətləri təşkilat şöbəsi qəbul edəndən sonra onlarla əlaqə saxlayıb, tanış olurlar”.
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə üzvlük üçün müraciətlərin olduğunu qeyd etdi: ““Covid-19” pandemiyası və bununla əlaqədar tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq canlı təmasları minimuma endirərək, partiya fəaliyyətimizi daha çox onlayn rejimdə davam etdirməyə üstünlük vermişik. Geniş anlamda onlayn iclaslar keçirməsək də, partiyanın rəhbər seçkili qurumlarında təmsil olunan şəxslərlə, eləcə də rayon təşkilat sədrlərimizlə müxtəlif məsələlərlə bağlı müzakirə və məsləhətləşmələrimizi də daimi olaraq bu qaydada həyata keçirməkdəyik. Təəssüf ki, partiyaların rəhbərliyində təmsil olunan şəxslərə karantin rejimi ərzində icazəli sərbəst hərəkət imkanı verilməsi ilə bağlı təkliflər səslənsə də, bu məsələ öz həllini tapmadı. Buna baxmayaraq deyim ki, AMİP-in müvəqqəti Mərkəzi Qərargahı daima fəaliyyətdə olub, növbəlilik əsasında da olsa mütəmadi fəaliyyət göstərilib və qərargahın qapıları bir saat belə bağlı qalmayıb. Təbii ki, bütün təmaslar da hər zamankı kimi mərkəzi qərargahdan koordinasiya olunub. Bu dövr ərzində partiyaya qəbulla bağlı az olsa da müraciətlər olub. Nizamnaməyə əsasən partiyaya qəbul rayon təşkilatları tərəfindən həyata keçirilir. Bununla bağlı yerlərdən məlumatlar almışıq və üzvlüyə yeni qəbul olunmuş şəxslərin sənədləri karantin rejimi bitdikdən sonra Mərkəzi Aparata təqdim olunacaq”.
KXCP idarə heyətinin üzvü Xəzər Teyyublu üzvlük məsələsinin hələ olmadığını bildirdi : “Partiya rəhbərliyi hazırda onlayn iclas keçirir. Bu və ya digər hallarla partiyanın yerlərlə əlaqəsi qurulur. Amma onlayn üzvlüklə bağlı məsələ hələ baş verməyib”.
Şəhərin işğalı Azərbaycanın Qarabağ müharibəsində məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu
Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 28 il keçir. 1992-ci il mayın 8-də Qarabağ cəbhəsindəki erməni quldur dəstələrinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib.
Şuşanın müdafiəsində iştirak edən hərbçilərin dediyinə görə, əslində ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.
Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir.
Şuşanın işğalı Azərbaycanın Qarabağ müharibəsində ard-arda məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu. Şuşa bir simvol idi və onun kimin əlində olması müharibənin sonrakı taleyində xüsusi rolunu oynayacaqdı və rolunu oynadı.
Tarix təkcə elm deyil, həm də müəllimdir. Gerçəkləri dərs olaraq anladan bir müəllim. Biz də bu yazımıza tarixin bəzi dərsləri ilə başlamaq istədik. Tarix öz dərsini onsuz da keçir. Kimiləri bunu dərs olaraq kimiləri tərs olaraq qavrayır… Yaxın çağımız tarix dərsini tərs anlayan tarixçilərlə o qədər zəngindir ki, biri az ya biri çox nə dəyişəcək?..Hələliksə ən yaxın günümüzün dərsindən başlayaq.
Musa Qasımlı
Ölkə ciddi dəyişikliklər yaşayır, pandemiya şərtləri belə ən yüksək səviyyədə harınlanmış məmurlara qarşı gstərilən sərt siyasi iradəni yumşaltmadı, əksinə. “Qara maskalılar” sadə vətəndaşlar üçün qurtuluş mələyinə, “balaca padşahlar”ın isə əzrayılına çevrilib. Prezident heç kimə güzəşt edilməyəcəyini bəyan edir və… Və ardınca müxalifətdən bu prosesə dəstək gəlir. Nəinki dəstək, hətta sırada kimlərin olacağına dair bəyanat verilir. Bu zamanadək fikir olaraq ifadə olunan VƏTƏNDAŞ HƏMRƏYLİYİ gerçəkliyə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”-deyə cəmiyyətə açıq mesaj verir. Özünü iqtidar düşərgəsində sayan bir çox məmurlar bunu ciddiyə almır, heç biri “dərisi boğazından çıxan tülkü qardaşı”ndan dərs götürmür. Müxalifət partiyasının lideri Sabir Rüstəmxanlı bu prosesi görür və dövlət düşmənlərinə qarşı mübarizədə prezidentin yanında oldğunu bəyan edir: “Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Ardınca millət vəkili, xalq şairi öz doğma yurdunun dərdini dilə gətirir: “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir.” Korrupsiya, dövlətə xəyanət və xalqa nankorluq çetesinə qarşı prezidentin başladığı savaşa müxalifət lideri, deputat, xalq şairi və ən nəhayət doğulduğu, doğmalarının yaşadığı diyarın təəssübünü çəkən bir vətəndaş kimi dəstək verir. İllərlə Azərbaycan cəmiyyətində belə bir həmrəyliyin olmasını arzulamışıq. Hətta torpaqların azad olunması üçün savaşın başlanacağı halda bunu görəcəyimizi arzulamışıq. Elə indi də ortada savaş gedir. Xalqın və rayonların harın məmurlardan azad olunması savaşı. Təsəvvür edin ki, Qarabağ müharibəsi aparılır və bu vaxt xalq yazıçısı Seyran Səxavət doğma rayonu Füzulinin, doğulduğu Yağlıvənd kəndinin tez azad olunmasını dilə gətirir. Bu vaxt isə həmin rayondan deputat seçilən Vüqar Bayramov (Vüqar bəyin şəxsinə, düşüncəsinə böyük sayğılarımız var və bu fikrin sadəcə bir bənzətmə olaraq işləndiyini anlayışla qəbul edəcəyi ümidindəyik – müəllif) sülhdən, atəşkəsdən danışır. Heç cür ağlabatan deyil. Bu ağlabatmazlığı isə Yardımlıdan deputat seçilən Musa Qasımlı etdi. Musa demişkən, tarixin bir dərsi də qədim oğuzların insanlara müəyyən yaşdan sonra əməllərinə görə ad qoyması adəti ilə bağlıdır. Heyf, bu addət pozulub. Qoruyub saxlasaydıq, indi bir çoxları sərkərdə, alim, peyğəmbər adı daşımazdılar… Peyğəmbər demişkən, İsa peyğəmbərin məşhur “xoruzun ilk banınadək məni üç dəfə satacaqsız” hədisi çox ibrətamizdir. Azərbaycanda İsa adlı siyasi lider var. İndi təsadüfə baxın həmin bu Musa Qasımlı 2003-cü ilin oktyabrında, İsa Qəmbərin prezidentliyə namizəd kimi müdafiıçisi olaraq “Qanun” mətbəəsində (daha bir təsadüf: Söhbət Sabir Rüstəmxanlının qardaşının sahib olduğu mətbəədən gedir-müəllif) ölkənin iki tanınmış jurnalitinə təcili olaraq Müsavat partiyasına üzv olmağı tövsiyyə edir: “Gedin indidən üzv olun ki, sabah İsa bəy prezident olanda sizin xahişinizi edə bilim”. O söhbətdə tarix dərsinin tərs tərəfində duran M.Qasımlının daha kimlər haqda hansı fikir bildirdiyinə toxunmuruq, amma üstündən bir neçə gün keçəndən, 15 oktyabrdan sonra bu tarixçi “Lider” kanalında İsa Qəmbər və tərəfdarlarını aşağılayaraq gözlənilən uğurlu seçki nəticəsindən bəhs edir. Bunun da ardınca adam müsahibələrinin birində “Heç vaxt da Müsavat Partiyasına, seçdiyim yola xəyanət etməmişəm” – deyir. Bunu deyibsə, sabah Yardımlı rayonunun icra başçısının korrupsiya əməlləri faş olunanda “Mən hər zaman rayon rəhbərliyinin bu fəaliyyətinə qarşı olmuşam” deməsini gözləmək olar. Yeri gəlmişkən, Musa Qasımlının üzv olduğu parlamentdə, iştirak etdiy Milli Məclis iclasında Cümhuriyyət qurucusu Məhəmməd Əmin təhqir olunub onun səsi çıxmayıb. Tariximiz haqda onun deputat həmkarı Araz Əlizadə ağlına və ağzına gələni danışıb, adam yenə susub. Hakimiyyətin, hətta Milli Məclisin ünvanına müxtəlif siyasi qüvvələr tərəfindən ittihamlar səslənib, yenədə bu şəxsin səsini eşitməmişik. İndi Yardımlı rayon icra başçısı hansı özəlliklərə və gözəlliklərə sahibdir ki, Sabir Rüstəmxanlının “Növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır” çağırışı Musa Qasımlıya bu qədər yer edib? Məşhur “O olmasın, bu olsun” filmindəki məşhur ifadədə olduğu kimi “Bəs icra başçısının nəyi deputatın xoşuna gəlib?”. O icra başçısının ki, adam ərinməyib Yardımlı “ağsaqqalları” adından ölkə Prezidentinə məktublar təşkil etdirib. İmza atanların da əksəriyyəti İcra Hakimiyyətində işləyənlərin, o cümlədən Başçının müavinləri, rayonda öz “əməlləri” ilə ad çıxarmış Mahir Mirzəyevin, Azər Xamıyevin qohumları, Arus, Bozayran, Telavar kəndlərində onların işverənləridir. Bir rayonu idarə edənlərin bu kəslərin ümidinə qalması ayıbdır eee!!!… Görəsən, nə vaxtdan İcra Başcısının sürücüsünün qayınatası, Mahir Mirzəyevin əmisi nəvəsi, Arus kəndinin ərazi nümayəndəsi Yardımlının ağsaqqalı olublar?! Adları “ağsaqqallar” sırasına yazılmış adamların bəzisi məktubdan imtina edir, bu yazıdan xəbərsizik deyirlər. O zaman bu saxtakarlığın arxasında kimlər dayanır? İcra hakimiyyətinin işçiləri, yoxsa rayonda heç kimin hörmət eləmədiyi Musa Qasımlı? Sabir Rüstəmxanlı respublikanın ucqar bildiyi Yardımlını dünyanın hər qitəsində ucaldan şəxsdir. Bəs siz kimsiz??? Bir bank hesablarınızı qabağına qoyub düşünün… Professor titulu daşıyan bu tarixçi aldığı sifarişi yerinə yetirərkən Roma papasından (oxu – icra başçısından) artıq katolik (oxu – korrupsioner) olan deputat o qədər uzağa gedib ki, Sabir Rüstəmxanlının ünvanına “25 il deputatlıq müddətində 25 yetimin-yesirin qapısını açmayan adamın millət adından danışmağa haqqı yoxdur” deməyə də cəsarət edib. Tarix dərsi keçib bu dərsi tərs bilmək belə olur. İslam Peyğəmbəri buyurur: “Kim bir müsəlman qulu azad edərsə, Allah onun hər bir günahdan azad edər və bu bütün əməllərdən savabdır”. Sabir Rüstəmxanlı qapısını açdığı yetim-yesirin hesabatını dilə gətirməyəcək qədər mərddir. Amma sizlərdən vərqli olaraq bu xalq da dünənini unutmayacaq qədər yaddaşlıdır və bir qulun yox, bir millətin azadlığı üçün canı, ruhu qələmi ilə savaş aparan insanın XALQ və XALİQ qarşısında yeri bəllidir! Bu gün Azərbaycan yeni bir sistemə qədəm qoyur. Bu sistemdə süni yaltaqlıq, populist yarınma ilə heç nəyi pərdələmək mümkün olmayacaq. Məhz belələrinin yaratdığı xoşagəlməz mühiti dəyişmək üçün dövlət başçısının yanında müxalifətin sözü bəzən iqtidarçı kimi görünənlərin sözündən daha üstün mövqedədir. Yeni seçilmiş parlamentdə prezidentin çıxışındakı mesajlar və Milli Məclis rəhbərliyindəki təmsilçiik də bunun təsdiqi idi. İllər öncə də, bu günkü kimi musa qasımlılar Sabir Rüstəmxanlını da hədəf alaraq milli azadlıq hərəkatına çamur atırdılar. O zaman mərhum prezident Azərbaycan yazıçıları ilə görüşündə məhz xalq şairi Sabir Rüstəmxanlının məruzəsinə münasibət bildirərkən demişdi: “…Sabir (Sabir Rüstəmxanlı nəzərdə tutulur – red.) burada bir məsələyə toxundu. Mən buna öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda xalqın 1988-ci ildən Ermənistanın Azərbaycana təcavüzü və Moskvanın, İttifaqın o vaxtkı dövlət başçılarının Azərbaycana ədalətsiz münasibətilə əlaqədar və o vaxt Azərbaycana başçılıq edənlərin, həmin o Kommunist Partiyası rəhbərlərinin öz vətəninin, ölkəsinin, xalqının problemlərinə lazımi qayğı göstərməməsilə əlaqədar, bəlkə də öz hərəkətlərilə xalqına xəyanət etməsilə əlaqədar ayağa qalxmış insanlar, o meydana toplaşmış, mitinqlər aparmış insanlar və o illər, dövrlər, hadisələr bizim xalqımızın tarixinin parlaq səhifələridir. Sabir, mən hesab edirəm ki, o vaxtlar həqiqətən xalqın oyanmasında, inkişaf etməsində fəaliyyət göstərmiş adamlara indi heç kəs mənfi münasibət göstərə bilməz və göstərməməlidir. Məsələn, şəxsən sənin özün haqqında danışsaq, mən o vaxtlar sənin fəaliyyətini heyranlıqla müşahidə edirdim. Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu, məni sevindirirdi”. Bu çıxış çoxları üçün tərs sillə oldu. İndi də prezidentin əli havada, sifəti gizlətməyə yer yoxdu…
“Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başçıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”.
Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib.
S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar:
“Mən hələ də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər! Onların ya başları donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər. Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram və görürəm ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparan şəxs İlham Əliyevdir. Prezident İlham Əliyev bütün nöqsanları deyir, onun aradan qaldırılmasına çalışır və işində nöqsana yol verənlərə xəbərdarlıq edir. Hətta, əyri yola üz tutan məmurları Allaha tapşırır. Amma yenə nəticə çıxarmırlar. Ona görə də rüşvətə və korrupsiyaya qarşı mübarizə davam edəcək”.
Deputat qeyd edib ki, Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevin təyin olunması çox uğurlu kadr islahatıdır:
“Kamran Əliyev hüquq mühafizə sistemində ən çox hörmət etdiyim və peşəkarlığına inandığım şəxslərdən biridir. Onunla bir neçə dəfə görüşlərim olub. Hesab edirəm ki, ölkə başçısı Kamran Əliyevi Baş prokuror təyin etməklə ən doğru addımı atıb. Kamran Əliyev doğrudan da layiqli peşəkar Baş prokuror olacaq. Prezident Kamran Əliyevi Baş prokuror təyin etməklə hüquq mühafizə orqanlarının əsas diqqətini korrupsiya ilə mübarizəyə yönəltdi. Hesab edirəm ki, Prezidentin Karman Əliyevlə görüşü və ona verdiyi tapşırıqlar göstərir ki, doğrudan da ölkədə rüşvətxorluq, quldurluq və korrupsiyaya qarşı ciddi iradə var. Bu iradə sonadək olmalıdır. İndi icra başçıları özlərini padişah kimi aparırlar. Hətta məndə məlumat var ki, Ağstafa və Neftçala məsələsindən sonra indi bir neçə icra başçısı otaqlarını dəyişir, təmir etdirir, “juçok” axtarır. Bununla elə düşünürlər ki, onlara nəzarət imkanları azalsın. Amma başa düşmürlər ki, nəzarətin o qədər geniş imkanları var”.
Deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib:
“Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”. (Demokrat.az)
Ölkədə xüsusi karantin rejimi bir çox sahələr kimi, siyasi partiyaların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyub. İki aya yaxındır partiya qərargahlarının qapıları faktiki olaraq bağlanıb. Müxalifət isə karantin rejiminin ləğvindən sonrakı post-pandemiya dövrünə hazırlaşır.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, əslində post-pandemiya dövrünə hazırlıq demək düzgün olmazdı: “Söhbət həyatın əvvəlki axarına qayıtmasından gedir. Partiya olaraq öncədən planlaşdırdığımız proqram üzrə fəaliyyət göstərəcəyik. Bu il Vətəndaş Həmrəyliyi Partiyası olaraq qurultay keçirməyi planlayırdıq. Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək. Həmçinin yay aylarında bölgələrdə zona müşavirələri keçiriləcək.
Pandemiya ilə bağlı karantinin bitməsindən asılı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Eyni zamanda partiyadan seçilən millət vəkillərinin seçicilərlə görüşləri planlaşdırılır”.
AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, post-koronavirus dövründə yaranacaq situasiyalara siyasi hazırlıqlar, proqramlaşdırma və planlaşdırma, siyasi davranış modelləri və ehtimal olunan qlobal geopolitik xaos şəraitində Azərbaycan xalqı və dövlətinin milli strategiyası məsələlərinin elmi-siyasi müzakirələrinə zəruri ehtiyac var: “Bir sıra siyasi partiyaların rəhbərləri və mütəxəssisləri ilə, ekspertlərlə belə müzakirələr başlanıb. Aydın görünür ki, Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinası yenidən işlənməlidir. Bundan əlavə, proqnozlaşdırılır ki, qeyri-formal siyasi təşkilatlanmaların Azərbaycanda da aktuallaşması labüddür”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, müxalifət ilk növbədə karantin rejiminin bitməsini gözləyir: “Mövcud şərtlər daxilində əksəriyyət kimi müxalifət də fəaliyyətini məhdudlaşdırmışdı. Xeyli məsələ karantin rejiminin götürülməsindən, yaxud yumşaldılmasından asılıdır. Ondan sonra müxalifət də adi iş rejiminə qayıdacaq. Amma o da nəzərə alınacaq ki, koronavirus problemi hələ qalmaqda davam edir və buna da uyğun davranışlar sərgilənməlidir. Yəqin ki, hər kəs bu təhlükəni nəzərə almaqla öz planına uyğun fəaliyyətini davam etdirəcəkdir”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, tək müxalifət partiyaları deyil, cəmiyyət və iqtidar post-pandemiya dönəminə daha çox hazırlaşmalıdır: “Ümumiyyətlə, bütün dünyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri də post-pandemiya dünyasının necə olacağı və yeni reallıqlardır. Bu gün hər kəsin üzərində razılaşdığı bir fikir var ki, dünya əvvəlki kimi olmayacaq. Bu fikir tək siyasi və idarəetməyə aid edilən məsələ deyil. Buraya iqtisadi, mədəni və sosial sahələr də daxildir. Təbii ki, dünyanın bunu müzakirə etdiyi və yeni dönəmə hazırlaşdığı bir vaxtda Azərbaycan özünü bu prosesdən kənarda saxlaya bilməz. Odur ki, Azərbaycan dövlət olaraq bu məsələyə ciddi yanaşmalı və yeni dönəmin yeni və öyrəşilməmiş reallıqlar və çağırışlarına hazır olmalıdır. Təbii ki, Azərbaycan müxalifəti də, dövlətçiliyin bir subyekti kimi, bu məsələlərdə aktiv olmalıdır. Odur ki, biz, AĞ Partiya olaraq, bu dönəmi və post-pandemiya məsələsini ciddi araşdırır və rəhbərlikdə müzakirə edirik. Yarana biləcək müxtəlif yeni situasiyalara hazırlıqlı olmaq üçün müxtəlif ssenarilər üzərində işləyirik. Eyni zamanda AĞ Partiya bütün bunlarla paralel digər müxalifət partiyaları ilə də bu məsələləri aktiv müzakirə edir və yeni dönəmdə birgə fəaliyyət formaları üzərində məsləhətləşmələr edirik. Hələlik onu deyə bilərəm ki, bur sıra partiyalarla ilkin müsbət nəticələr də mövcuddur. Bu sırada AXP, ADP, AMİP, Böyük Azərbaycan kimi partiyaları göstərə bilərik. Əsas məsələ müxalifətin və ya iqtidarın post-pandemiya dönəmində hazırlıqlı olması məsələsi deyil. Əsas xalq olaraq, millət olaraq və ən əsası bütöv bir dövlət olaraq bu dönəmə hazır olmaqdır”.