Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • “Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir”

    “Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”.

    Sonxeber.az xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib.

    Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir:

    “Burada insanlıqdan nəsə gözləmək sadəlövlük olar. Fransanın içi yanır, sürünür. Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, özü həll etdi. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var”.

    Sonxeber.az

  • Sabir Rüstəmxanlı: “Koronavirus bütün milləti narahat edir”

    Milli Məclisin plenar iclasında söz alan Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının lideri  Sabir Rüstəmxanlı koronavirusla bağlı getdikcə ağırlaşan vəziyyətdən bəhs etdi: “Koronavirus bütün milləti narahat edir. Müharibə ilə bağlı insanların küçələrə çıxması vəziyyəti daha da gərginləşdirmişdi.

    Digər tərəfdən, camaat koronavirusla əlaqədar müayinə olunmur. İnsanlar çox zaman həkimə müraciət etmirlər. Bir dəfə müraciət edəndə 100-120 manat pul ödəyirlər. Bunun kasıbı, imkansızı var. Adamların imkanı olmur, yoxlanmır, özfəaliyyət nəticəsində isə xəstəlik sağalmaqdansa, dərinləşir”.

    S.Rüstəmxanlı nəqliyyat probleminə də diqqət çəkdi: “Axşamlar biz baxırıq, avtobuslara yaxın düşmək mümkün deyil. Metro dayanıb, dayanacaqlarda adamlar elə bil mitinqə çıxıb. Digər tərəfdən, metronun fəaliyyəti dayanıb. Avtobuslara minmək mümkün deyil. Hesab edirəm ki, metro işləsə, işi asanlaşdırar. Ona görə də xahiş edirəm, əlaqədar təşkilatlar bu iki məsələyə diqqət yetirsinlər”.

     

  • “Bu qədər qan töküldükdən sonra Azərbaycan…” – Sabir Rüstəmxanlı

    Son günlər Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyacağı ilə bağlı fikirlər səslənir. Hətta ölkə prezidenti Erkin Tatarın Azərbaycana səfərinin gözlənildiyi barədə də məlumatlar yayılıb. Siyasi şərhçilər iddia edirlər ki, bu məsələ Fransa və Niderlandın Avropa İttifaqını qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağa məcbur etməsi ilə bağlıdır.

    Sözügedən məsələ ətrafında Yenisabah.az-a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı vurğulayıb ki, Fransanın hansı addım atmasından asılı olmayaraq Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər:

    “Şimali Kipr neçə ildir ki, müstəqil bir dövlətdir. Amma Dağlıq Qarabağ heç vaxt bu şəkildə mövcud olmayıb. Sadəcə Azərbaycan Respublikası öz daxilində 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verdi. Amma 1988-ci ildə onun Ermənistana birləşmə iddiası ortaya atıldıqdan sonra muxtariyyət hüququ tamamilə itirildi. Hazırda elə bir vilayət yoxdur”.

    Deputat qeyd edib ki, bu qədər qan töküldükdən sonra Azərbaycan təzədən ona hər hansı status verə bilməz:

    “Bir ovuc adam özləri üçün nəsə düşünüb belə bir qondarma dövlət yaratmaq istəyirdi. Amma onu da son müharibə ləğv etdi. Hazırda heç belə bir söhbət də yoxdur. Ona görə də Dağlıq Qarabağ məsələsini Kipr və ya başqa bu kimi məsələlərlə bir tərəziyə qoymağın mənası yoxdur”.

    pia.az

  • Sabir Rüstəmxanlı: “Putin o siyasətçilərdən deyil ki, yolun yarısında…”

    “Əslində Rusiyanın mövqeyi Vladimir Solovyov və ya digər tok-şoularda səslənən fikir deyil. Rusiyanın mövqeyi cənab Vladimir Putinin mövqeyidir. Putin də son dərəcədə realist və vəziyyəti düzgün qiymətləndirən, habelə Azərbaycanın haqlı olduğunu görən mövqe ifadə edib. O mənadakı savaş Azərbaycan ərazisində gedir, nə vaxtsa müharibə Ermənistan ərazisinə keçərsə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu barədə düşünər”.

    Bunu Reyting.az-a VHP sədri, deputat Sabir Rüstəmxanlı Rusiyanın Qarabağ münaqişəsi və hazırda davam edən müharibəyə münasibət bildirərkən deyib.

    S. Rüstəmxanlının sözlərinə görə, Putin açıq deyir ki, Azərbaycan torpaqlarının işğalı 30 ildən artıq sürə bilməz, bu rayonlar azad edilməlidir.

    Deputat əlavə edib ki, Minsk qrupu da Qarabağ problemini 28 il müddətində həll edə bilməyib və başqa ölkələr də bunu bacarmayıb: “İndi bunu Azərbaycan Ordusu edir. Özü də dünyanın gözü qarşısında!”

    VHP sədri Rusiyadan Ermənistana ötürülən silahlar məsələsinə də toxunub: “Vladimir Putinin çevrəsi ermənilərlə doludur. Kremldə, Rusiya prokurorluğunda, hüquq-mühafizə orqanlarında kifayət qədər erməni var və onların da əlləri hər yerə çatır. Dövlətin mövqeyi olmasa da, onlar Ermənistana silah göndərə bilərlər.

    İkincisi, Ermənistanın xeyli iş adamı, Rusiyada milyarder ermənilər var ki, onların da öz vəsaitləri ilə silah alıb Ermənistana göndərməsi mümkündür. Mən məsələyə bu cür baxıram.

    O da mümkündür ki, Rusiya üzdə Ermənistana dəstək vermir, amma Ermənistanda Rusiyanın hərbi bazası var və ilboyu ora silahlar gətirilir. Bura Rusiyanın hərbi bazası olsa da, işçilərin çoxu ermənidir. Onların əli ilə silahlar çıxarılaraq Qarabağa göndərilə bilər. İntəhası bu silahlar Qarabağa gətirilsə də, Azərbaycan Ordusu tərəfindən məhv edilir”.

    S. Rüstəmxanlı əmindir ki, Rusiya rəhbərliyi sona qədər bu məsələdə bitərəfliyini qoruyacaq: “Rusiyanın prosesə müdaxilə mərhələsi keçib. Vladimir Putin də o siyasətçilərdən deyil ki, yolun yarısında mövqeyini dəyişsin”.

    Reyting.az

  • VHP-çi gənclər özlərinə yeni sədr seçdilər

    Dünən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının növbədənkənar onlayn konfransı keçirilib. Konfransda təşkilati məsələlərə baxıb. Təşkilatın sədr əvəzi Xantural Şərəfxanlının ötən müddət ərzində fəaliyyət barədə hesabatı dinlənilib.

    NTK sədrinin də hesabatı dinlənildikdən sonra təşkilati məsələlərin müzakirəsi keçirilib. Təşkilatın 9 nəfərdən ibarət məclisi və 3 nəfərlik təftiş qrupu seçilib.
    Sonda açıq səsvermə nəticəsində Yusif Xantemir Gənclər Təşkilatının sədri seçilib.

  • Sabir Rüstəmxanlı ABŞ diplomatı ilə görüşdü

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün VHP qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müşaviri Piter Kaufman ilə görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, cəbhədəki vəziyyət və regiondakı geopolitik durum müzakirə olunub. P. Kavfman ATƏT-in Minsk qrupunun üzvü olan rəsmi Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirmişdir. S.Rüstəmxanlı ABŞ-lı diplomata Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və 30 il müddətində sülh danışıqlarının səmərəsizliyi haqda məlumat verərək Azərbaycan xalqının belə bir durumla barışmadığını bildirmişdir. Cənab Piter Kaufman görüşdən məmmunluğunu bildirərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə etmişdir.

  • Sabir Rüstəmxanlıdan dünyaya çağırış: “Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarına, türk Dünyasına və sülhpərvər dünya ictimaiyyətinə müraciət qəbul edib. Həmin müraciəti diqqətinizə çatdırırıq:

    Bu gün dünyanın gözü Azərbaycandadır. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini diqqətlə izləyir. Dostlar cəbhədən gələn hər uğurlu xəbərə sevinir, düşmən həyacan və təşviş içində. 30 ildir Azərbaycan torpaqlarının işğal altında olmasını yada salmayan, yüzlərlə insanımızın əsirlikdə işgəncə altında qalmasını görməzdən gələnlər indi dilə gəliblər. Azərbaycan əsgərinin azadlıq savaşında atdığı ilk güllədən dərhal sonra Roma Papasından ABŞ prezidentinə, Rusiya Dumasından Almaniya kanslerinə qədər “narahatlıq”, atəşi dayandırmaq bəyanatı verilir. İllərdi Xocalı soyqırımına, erməni faşizminə, işğal faktına susan bu yalançı sülhpərvərlər indi Azərbaycanın haqq savaşından narahat olublar. Azərbaycamn beynəlxalq qanunlara və konstitusiyasına uyğun olaraq öz dövlət ərazisini qeyri-qanuni silahlı birləşmələrdən azad etmək və Ermənistanın işğalçılığına son qoymaq istəyir. Bu hərbi əməliyyatlara heç bir hüquq və haqq məhdudiyyət qoya bilməz! Azərbaycan xalqının səbrinin son həddidir və başlanan savaş torpaqların azad olunması ilə başa çatacaq!
    Azərbaycan xalqı və dövləti açıq düşmələ savaşdan geri durmayacaq və bu düşmənin havadarlarının sözü bizi haqq yolumuzdan qaytara bilməyəcəkdir. Amma dostla düşmənin tanındığı bu günlərdə bir xalq olaraq dostlarımızdan, canbir, qanbir qardaşlarımızdan umacaqlarımız da var. Hər zaman olduğu kimi, indi də Qardaş Türkiyə bütün varlığı ilə “Can Azərbaycan” deyərək yanımızdadır. Türkiyə dövləti diplomatik cəbhədə Azərbaycanı müdafiə edir, bütün Türk xalqı da öz dəstəyini göstərməkdədir. Eyni dəstək və mövqeni digər türk cumhuriyyətlərindən də gözləyirik. Erməni faşizmi bütövlükdə Türk millətini özünə düşmən elan edib. Bu gün savaş meydanında Azərbaycan əsgəri dayansa da, dünya siyasətində Ermənistan və havadarları antitürk siyasəti yürütməkdədi. Bu siyasətə qarşı Türk Dünyasının birlik və həmrəyliyi mütləqdir. Dünya imperalizminin yürütdüyü şər siyasətinə qarşı bu gün Qarabağda başlanan savaşla bütün Türk Dünyası “dur” mesajı verməlidir!
    Bu gün Qarabağda aparılan savaş 50 milyonluq Azərbaycan xalqının savaşıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlı bu savaşın əsgəridir. Avropada, Amerikada, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın haqq mübarizəsinin təbliğatçısına, erməni faşizminin açıq və gizli dəstəkçilərini susduran qüvvəyə çevrilməlidir. Savaşın ilk günlərindən Ermənistana hərbi və siyasi dəstək verən İran adlı fars-molla rejimiinin zülmü altında yaşayan milyonlarla soydaşımızın bu gün öz sözünü deməyə və düşmənin İran üzərindən gedən xilas yolunu bağlamağa ehtiyac var. Güney Azərbaycanda yaşayan soydaşlarımızın vətən sevgisinə güvənərək bu etiraz dalğasının nəticə verəcəyinə inanırıq.
    Azərbaycan Vətən Müharibəsində uğurlarını davam etdirir, Azərbaycan əsgəri zəfərə doğru savaşır. Tarix yazılan bu günlərdə Arazın güneyində yaşayan soydaşlarımıza, Dünya Azərbaycanlılarına və bütün Türk Dünyasına müraciət edirik: Böyük Qələbəyə gedən yolda Azərbaycanla birgə yürüyün!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili, Xalq Şairi Sabir Rüstəmxanlı

  • Vətəndaş Həmrəyliyi Partiyası: “ Dövlətimizin və ordumuzun yanındayıq”

    Vətəndaş Həmrəyliyi Partiyası olaraq dövlətimizin, ordumuzun və əsgərlərin yanındayıq. Vətəndaş Həmrəyliyi Partiyası Torpaqlarımızın işğaldan azad olunması üçün tam səfərbərliyə hazır olduğumuzu  bildirir, ordumuza güvənirik.
    Xalqımızı, vətəndaşları səbrli, təmkinli olmağa, heç bir təxribatlara inanmamağa çağırırıq. Bu gün Azərbaycan xalqının birlik və həmrəyliyinə həmişəkindən daha çox ehtiyac var.
    Ordumuz işğaldakı torpaqları azad etmək qüdrətinə malikdir. VHP olaraq bir daha xalqımızı birliyə çağırır, ordumuza və dövlətimizə dəstək olduğumuzu bildiririk.
  • Azərbaycanda həmrəylik və uğur möhürünü vuran partiya

    Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda, 1992-ci il sentyabrın 26-da yaradılıb. Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında olduğu bir vaxtda yaradılan partiya çoxları üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlasa da zaman əksini sübut etdi. Gələcək siyasi uğurun, ölkənin siyasi sistemində dayanıqlı mövqe qazanılmasının səbəbi partiyanın təsis qurultayında Meydan hərəkatının lideri, şair və hərakatçı kimi xalq arasında böyük nüfuz qazanmış Sabir Rüstəmxanlı tərəfindən ifadə olunmuşdu: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

    Bu çıxışdan və partiyanın yaranmaslnda 28 il keçib və bu gün ölkənin siysi durumu VHP liderinin irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu təsdiqləyir. VHP 28 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib. İdeologiyasına, siyasi kursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də bu illərdə Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. VHP hakim partiyadan sonra müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib nəticə əldə edən yeganə partiyadır. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. VHP bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü var.
    Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır. Bu gün Azərbaycan siysi – ideoliji sistemində VHP prinsipləri qalın xətlə keçir: Biz yox- millətimiz, bizim sözümüz yox- xalqın sözü, böhtan yox-həqiqət, kin-küdurət yox- sevgi, siyasi oyunbazlıq yox-siyası əxlaq… Millətin gələcəyi həmrəylikdən, dirəniş və dayanışmadan, birlik və bərabərlikdən asılıdır.
    Partiyanın 28 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!”
    Vətəndaş Həmrəyliyi Partiyasının 28 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

    VHP-nin Mərkəzi İcra Aparatı

     

     

  • Sabir Rüstəmxanlı: “Tariximizə laqeyidlik Vətənə xəyanətə bərabərdir”

    Milli mədəniyyətimizin, milli irsimizin qorunması sahəsində rəsmi qrumların və vətəndaşlarımızın biganəliyi, mövcud problemlər dəfələrlə tənqid olunub. Ziyalılar, ictimai xadımlər bu istiqamətdə çatışmazlıqlardan dəfələrlə söz açıblar, həyəcan siqnalı çalıblar.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı deyib ki, mədəniyyətin təbliği və mədəni abidələrinin qorunmasının indiki səviyyəsindən razı deyil: “Mədəniyyət sahəsinin acınacaqlı duruma düşdüyünü etiraf etmək lazımdır. Dediyimin quru söz olmadığını sübut etmək üçün Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyət çərçivəsinə daxil olan bəzi mühüm sahələrə diqqət yetirək. Bunlardan birincisi və mənim düşüncəmə görə ən əsası tarixi abidələrin qorunmasıdır. Azərbaycanın coğrafi yerləşməsi və bu torpaqlar üzərindəki qanlı çarpışmalar bir çox dəyərli mədəniyyət abidəmizin bu günə qədər gəlib çatmasına imkan verməmişdir. Üstəlik zəlzələlər, qədim Şamaxının, Gəncənin, Təbrizin tarixi görkəmini dəfələrlə məhv etmişdir. Amma nə qalırsa ona da şükr etməli və bu qalanları göz bəbəyi kimi qorumalıyıq. Ermənilərin əlində olan İravan, Zəngəzur, Göyçə mahallarında və Qarabağda olan abidələrin dağılmasını haqlı olaraq dünyaya car çəkirik. Bu narahatçılığımızın və düşmənin vəhşiliyini göstərən aydın mövqeyimizin müqabilində gərək öz əlimizdə olan tarixi abidələrimizə münasibət köklü şəkildə dəyişilsin, milli mənəvi və tarixi dəyəri olan hər daşa, kərpicə iriliyindən kiçikliyindən asılı olmayaraq hər tarix yadıgarına qat-qat artıq diqqətlə yanaşılsın. Təəssüf ki belə deyil. Rayonlarımızı gəzib tarixi abidələrimizin nə gündə olduğunu görəndə, Mədəniyyət Nazirliyimizin bu sahədəki işi ancaq qəzəb doğurur. O da bəllidir ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır və təəssüf ki, bu vəsait abidələrə çatmamış buxarlanıb, gedir. Mədəniyyətimizin bəzi sahələrinə və bəzi tarixi abidələrə Heydər Əliyev fondunun qayğısı istisna təşkil edir. Təəssüf ki, abidələrin bərpa işi də bir sıra hallarda qeyri peşəkarlara və hətta bu abidələrin dağılmasına maraqlı olan adamlara tapşırılıb. Qusardakı Şeyx Cuneyd məqbərəsinin və Nəvaidəki Pirsaat kompleksini bərpasının vaxtilə erməlilərə tapşırıldığı kimi.

    Üstəlik Bakının İçəri şəhəri, Şəkinin tarixi abidələri, Yanar dağ, Atəşgah və sairə məşhur və nisbətən bərpa olunmuş yerlər də bizə məlum olmayan mülahizələrlə turizm agentliyinə verilmişdir. Turizmin təbliğatının əhəmiyyətini başa düşürük, lakin bərpa və qorumaq sahəsində nə iş görə bilərlər, bizə bəlli deyil. Qorxuruq ki, Mədəniyyət Nazirliyindən daha laqeyid yanaşsınlar. Tarixi abidələr də dədə və babalarımızın bizə əmanət qoyduğu yadigarlardır. Ona və onun təmirinə ayrılan pulu necə yemək olar? Bu ürək ağrıdan bir haldır. Aparılan bərpa işləri də çox bərbad vəziyyətdədir. son vaxtlar payaxtda tarixi abidələrin bərpa işləri gedir. Bu “bərpa”dan sonra abidədən heç nə qalmır. Onu memarlıq incisi edən elementlər yoxa çıxır. Elə Bakının özündə yerləşən tarixi binalarda bərpa-yenidəqurma işləri aparıldıqdan sonra o binlarda tarixdən əsər-əlamət belə qalmadı. “Bərpa” adıyla abidələrin xarici görünüşü təhrif olunur. Tarixə biganəlik var. Bu açıq-aşkar görünür”. S.Rüstəmxanlı tarixi abidələrlə bağlı daha bir problemin arxeloji qazıntılar sahəsində olduğunu bildirib: “Azərbaycan torpağının altı da üstü də tarixdir. Torpağın altında min illər öncəki tariximizi aydınladan yüzlərlə abidələr var. Bu abidələr üzə çıxarılmalı, araşdırılmalı və keçmişizə işıq salan abidə kimi gələcək nəsillərə çatdırılmalıdır. Bu işdə Mədəniyyət Nazirliyi, Tarix İnistitutu xüsusilə məsuliyyət daşıyır.”

    Millət vəkili həmçinin bildirib ki, mədəniyyətimizin başqa bir son dərəcə mühüm və milli taleyimiz üçün əhəmiyyətli sahəsi rayonlarımızdakı, kəndlərimizdə mədəniyyət evləri, klublar və kitabxanalardır: “Təəssüf ki, adları çəkilən mədəniyyət ocaqları son illərdə sanki düşünülmüş şəkildə yarıbayarı azaldılıb. Yerdə qalanları da illər uzunu təmir edilmir. Nazirliyin əməkdaşları bu mədəniyyət ocaqlarına “Qətliam” ehtirasını güya kitabxanalara gedənlərin azlığı və yeni kitabların kitabxanalara gedib çatmaması, binaların köhnəliyi ilə izah edirlər. Üzürü günahından betər. Nazirlik ildə cəmi 50-60 kitab buraxır və onun da tirajı da 500-1000 nüsxədən artıq olmursa, burada kitabxanaların nə günahı?! Niyə ənənəvi bir korrektor sistemi bərpa edilməsin. Mədəniyyət nazirliyinin əsas işlərindən biri hər il nəşriyyatlarda buraxılması nəzərdə tutulan kitablara sıfariş verib, hər kitablara heç olmasa bir nüsxə mövcud kitabxanaların hər birinə göndərməkdir. Vaxtilə dövlət bu işə müəyyən miqdarda vəsait ayırırdı. İndi o vəsait tamamilə dayandırılıb, niyə? Əslində bu Azərbaycan büdcəsinə heç bir ağırlıq etməyəcək, xırda bir vəsaitdir, amma Azərbaycan kitabının nəşriyyatlarının kitabları və nəhayət müəlliflərin, oxucuların taleyində az qala inqilabi bir dəyişiklik olar. Həm kitablar gedib ən ucqar kəndlərimizə çatar, həm kitabların tirajı artar, həm nəşriyyatların sabiq durumu yaxşılaşar və bu yolla müəlliflər də müəyyən miqdarda qanarar ala bilər. Yəni bu boyda əhəmiyyətli bir işi necə qulaq ardına vurmaq olar?! Mədəniyyət Nazirliyinin vəzifəsi müxtəlif bəhanələrlə mədəniyyət evlərinin qapısından qıfıl asmaq yox, adamların bu ocaqlara cəlb edilməsidir. Ümumi mədəniyyət səviyyəsinin yüksəldilməsinə çalışmaqdır”.

    S.Rüstəmxanlı mədəniyyət işinin ən mühüm sahələrindən biri kinomotaqrafiya sahəsaindəki problemlərə də diqqət çəkib: “Bu gün bütün dünyada kino işi həm dövlətlərin milli-mənəvi gücünün göstərilməsi, həm sənətkarlıq, həm də iqtisadi baxımdan son dərəcə əhəmiyyətli və cazibədar bir yaradıcılıq və qazanc sahəsinə çevrilmişdir. Filmlər bir sıra ölkələrin siyasətlə, diplomatiya və savaşla deyə bilmədiklərini deyir. Bu gün Azərbaycanın müharibə şəraitində olması, ölkımizə qarşı ciddi anti təbliğat prosesi getdiyi bir vaxtda filmlər azərbaycanın informasiya savaşının ən mühüm bir qanadı və gücü ola bilər. Bunu dərk etmək o qədər də çətin bir iş deyil. Təəssüf ki, bu gün Azərfilm kino studiyası dağılmış bir vəziyyətdədir. Halbuki, binanın təmiri və yeni texnika ilə təchizi barədə illərlə danışıq gedir, amma ortada bir iş yoxdur. Ayrı-ayrı praduserlərin çəkilişləri dövlət studiyasını əvəz edə bilməz. Milli mədəniyyətimizin təbliğatı sahəsindəki uğurları ilə də öyünə bilmərik. Teatrlarımızın, musiqi kollektivlərinin peşəkarlıq səviyyyəsi ildən ilə aşağı düşür. Belə bir təsəvvür yaranır ki, bizim nazirliyin işi Azərbaycan mədəniyyətinin xaricdə təbliq etməkdən daha çox başqa mədəniyyətləri Azərbaycanda təbliğ etməkdir. Multi kulturaizm adı altında bəzən azərbaycanı vahid bir gücə çevirən mədəniyyət birliyi unudulur”.

    S.Rüstəmxanlı deyib ki, son illərdə ölkənin rayonlarında klublar, kitabxanalar yarıbayarı azalıb, işçilər işdən çıxarılıblar, həmin binaların kimlərə verildiyi bilinmir. Onun qeyd etməsinə görə, Mədəniyyət Nazirliyinin xətti ilə ildə 500-1000 nüsxə olmaqla 50-60 kitab nəşr edilir, onlar da kitabxanalara belə çatmır: “Bu gün rayonlarda kitabxanalarımız yarı-yarıya ixtisara düşüb, mədəniyyət evləri təmir olmadığı üçün pis gündədir. Yeni çapdan çıxan kitablar rayon kitabxanalarına göndərilmir”. Millət vəkili hesab edir ki, əsas təbliğat vasitəsi filmdir, bütün ölkələr yeni filmlər yaradırlar, Azərbaycanda isə texniki təchizat və başqa səbəblər üzündən yeni filmlər çəkmək mümkün deyil. S.Rüstəmxanlının fikrincə, abidələrinin qorunması da yetərli deyil: “Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma normal bərpa edilən bir abidə yoxdur, bu işdə sistem görünmür. Milli mədəniyyətin təbliği çox aşağıdır, bununla da heç nə etmək olmaz”.

    Bir müddət öncə keçirilən əməliyyat mədəniyyət nazirliyindəki problemləri də üzə çıxardığını bildirən millət vəkili bildirb ki onsuz da tarixi abidələrimiz az qalıb, onların da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir: “Mən bütün detalları bilmirəm, ancaq tarixi abidələrə ayrılan pullar mənimsənilibsə, bu böyük cinayətdir. Keçmişə, tariximizə edilən xəyanət Vətənə xəyanətə bərabərdir. Ölkədə mövcud rüşvət, korrupsiya hallarının qarşısının alınması məqsədi ilə aparılan əməliyyatların nəticəsində mədəniyyət nazirliyində üzə çıxan mədəniyyət düşmənçiliyi halları, mədəniyyətə ayrılan pullara göz dikmək şərəfsizliyi utancverici bir haldır. Arzu edərdik ki, mədəniyyət nazirliyinin yeni rəhbəri bütün bu halları nəzərə alsın, mədəniyyət işinə can yandıran bütün ziyalıların fikir və təkliflərini nəzərə almaqla doğurdan da yeni bir strategiya hazırlasın və mədəniyyətimiz bu biganəlik zolağından çıxartsın”.