Vətəndaş Həmrəyliyi Partiyası

Category: Gündəm

  • Samir Əsədli: “Erməni xalqı tədricən də olsa Qarabağ həqiqətini dərk etməkdədir”

    Belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir
    Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Qarabağda müharibənin yenidən başlaya biləcəyini iddia edib. Koçaryan bildirib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə səbəb olacaq. Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “İndi Minsk qrupuna ehtiyac var. Bu, Rusiyaya da sərfəlidir. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.
    Ancaq dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun sürə bilməz”. Koçaryan İkinci Dünya müharibəsinin ədalətsiz “Versal sülh müqaviləsi” üzündən baş verdiyinə diqqət çəkib: “Tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, yeni müharibə gözləyin. Bu, əlverişli geosiyasi şərtlər olduqda baş verəcək. Siyasi həll yolu tapmaq lazımdır. Əgər Azərbaycan Qarabağ problemini həll etdiyinə inanırsa, hətta bu gün ən yaxşı mövqelərinə baxmayaraq demək olar ki, hər şey əksinədir”.
    Sabiq prezidentin sərsəm bəyanatını “Şərq”ə dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, Koçaryanın son bəyanatı uzun illər Ermənistana rəhbərlik etmiş bir rejimin əsl mahiyyətini üzə çıxarır:
    “Sivil dünyanın qəbul etdiyi ərazi bütövlüyünün bərpası niyə ədalətsizlik sayılmalıdır ki? İkinci Dünya müharibəsinin başlamasına haqq qazandırmaq bu şəxsin içindəki faşizmin açıq ifadə olunmasıdır. Dünya bunun fərqində olmalı və Azərbaycanın Xocalı soyqırımı ilə birgə anlatmaq istədiyi həqiqətləri dərk etməlidir.
    Qafqazda sülh və sabitlik istəyənlər birdəfəlik başa düşməlidir ki, belə bir zehniyyətin hakimiyyətə sahib olması bütün region üçün təhlükəlidir. O ki qaldı Koçaryanın müharibə təhdidlərinə, bu şəxs hələ özünə qarşı ittihamlara cavab versin, bəraət alsın, sonra öz xalqı adından danışar”.
    S.Əsədlinin sözlərinə görə, 44 günlük müharibə həm xalqların döyüş əzmi, həm də orduların hərbi potensialı arasındakı fərqi ortaya qoydu:
    “Erməni xalqı bunun fərqindədir və yeni müharibənin ermənilər üçün daha böyük fəlakətlərə yol açacağını gözəl bilirlər. Eyni zamanda son proseslər onu göstərir ki, Ermənistanda şovinist təbliğat fiaskoya uğramaqdadır. Erməni xalqı tədricən də olsa Qarabağ həqiqətini dərk etməkdədir. Düşmən ölkənin rəhbəri olsa da, Paşinyanın bir cəhətini etiraf edək ki, o, ölkəsini Rusiyanın forpostu olmaqdan qurtarmaq və mənasız ərazi iddiaları xülyasından qurtarmaq üçün ciddi islahatlara start verib.
    Koçaryan və onun komandası Kremldəki sahiblərinin sifarişini yerinə yetirir. Bundan başqa baş verənlərin heç bir izahı yoxdur”.
  • VHP Xocalı soyqırımını anıb-FOTOLAR

    Xocalı soyqırımının 29-cu il dönümünü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının Xocalı, Gəncə, Neftçala, Lerik, Sabirabad, Ağsu, Goranboy, Tovuz, Naftalan, Qusar bölgə təşkilatlarında anım tədbirləri keçirilib. Bu təşkilatlar rayon mərkəzlərində olan Şəhidlər xiyabanı və Xocalı faciəsinə ucalan abidə ziyarət olunub. Eyni zamanda VHP üzvləri fərdi qaydada Bakıda “Ana Harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı çıxışlarda dünyanın Xocalı soyqırımını tanımasının və bəşəri cinayətə imza atanların cəzalanmasının vacibliyini, Xocalı şəhidlərinin ruhunun bu şəhərən azad olunması ilə şad olacağını bildirib.

  • Narahatlığa əsas var…

    Rusiyanın 366-cı motoalayının köməyi ilə erməni terror dəstələrinin Xocalı şəhərinə işğal edərək qadına, qocaya, uşağa belə aman verməyib vəhşicəsinə qətlə yetirməsindən, Bakıda isə tam fərqli bir havanın olub “narahatçılığa heç bir səbəb yoxdur sadəcə bir neçə insan ölüb”-deyə rəsmi açıqlama verilməsindən tam olaraq 29 il ötür. Və indi də narahatçılığa heç bir səbəb yoxdur deyirlər. Biz indi narahat olaq və narahat olanları dəyənəklə susdurmayaq ki, gələcəkdə Türk cocuqları sırf Türk olduğuna görə öldürülməsin…

    “İndi narahat olub susmayaq susmayanları da susdurmayaq” deməmin tarixi siyasi bir səbəbi var. Gəlin tarixə baxaq . İl 1828 çar rusiyası yeni tutduğu torpaqda qalmaq üçün bura yeni xristian millət erməniləri köçürdür. Sonra bizə alın bu sizin yeni “kiçik qardaşınız” ona nə istəsə verin deyir. Biz də deyirik yaxşı onlar da “insandırlar” birlikdə yaşayarıq. Tarix keçir zaman dönür il olur 1905. Bu bizim rus “hədiyyəsi kiçik qardaşımız” başlayır bizə qarşı terror etməyə.Və bunları başımıza salan rus görürük ki durub qıraqdan izləyir onları Türkü öldür deyə dəstəkləyir. İl olur 1918 yenə qırğınlar başlayır. Təkcə Bakıda 12 mindən çox Türk həlak olur. Hər nəysə sonra Cumhuriyyət qurulur və bizdən bizim olan torpağı qanuni müqavilə ilə onlara verməyimizi istəyirlər. Onu da edirik heç nə olmaz əsas insanlar qırılmasın deyirik. Sonra 23 aylıq çiçəyimiz də solur. Rus yeni adla bu dəfə kəndli ölkəsiyik kommunistik deyərək yenə bizi əsarətə alır.

    Elə bundan həmən sonra da bir bir torpaqlarımızı verir ” kiçik qardaşımıza” sonra siz bu dövlətdə sivil şəkildə yaşayacaqsınız hamımız insanıq hamımız “qardaşıq” deyib bizi qandırır. Və sonra il olur 1988-1994 və yenə də bu vandallar insanımızı Türkdür deyə öldürürlər. 6 il xalqımız bəla içində yaşayır.Bu da gəlib keçir il olur 2021 müharibədən qalib çıxmış ölkəmizin 30 il əvvəl qətliam törədilmiş tarixi torpaqlarında yenə də erməni rus hərbi birləşmələri var.

    Hələ sözlər də gəzir ki bəs biz onlarla orda sivil şəkildə yaşayacayıq heç nədən narahat olmayın. 200 ildir dediyiniz sivillik indi saydığım tarixi faktlardısa onda bizə o sivillik lazım deyil ya onlar o torpaqlardan çıxacaqlar ya da biz…

    Biz onlara çox inandıq artıq yalanlara toxuq…

    Ərturqut Şərəfxanlı

    VHP Gənclər Təşkilatının üzvü

  • VHP-nin Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatı

    Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının il dönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliamdan 29 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.

    Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və s. genosid aktlarına bərabərdir. Çox təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yumdu. İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Ərazi bütövlüyümüzün təminatı və işğalçının cəzalanması Azərbaycan xalqının milli birliyinə güvənən qəjhrəman ordumuz sayəsində həyata keçirildi.

    Bu gün biz Xocalı faciəsinin ağrısını düşmənə layiqli cavabını vermək və torpaqlarımızın azad olunması təskinliyi ilə qeyd edirik. Vətəndaş Həmrəyliyi Partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı bildirir ki, dünya birliyi erməni faşizminə gərəkən qiyməti verməlidir. Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca erməni faşizminin Qafqazda sülhə qarşı təhdidi bitməyəcək.

  • Samir Əsədli: “Bizim ideyamız vətəndaş həmrəyliyidir”

    Azərbaycan həmişə “ideologiyalar qəbiristanlığı” olub. Ölkədə heç vaxt partiyalar ideoloji təmayüllərinə görə fəaliyyət göstərməyiblər. Onları ya fiqurlar, ya da opponentinə qarşı mübarizə birləşdirib. O nöqteyi-nəzərdən, Azərbaycanda solçu, yaxud sağçı və liberal yönümlü siyasi təşkilatlar deyil, sədrlərinə büt kimi baxan, nicatı Qərbdə və ya Amerikada görən partiyalar olub. Türkiyədən fərqli olaraq, bizdə sosial-demokratlar, millətçilər, mühafizəkarlar, liberallar, islamçılar ideoloji baxışlarına bölünməyiblər.

    “Yeni Müsavat” xəbər verir ki, REAL-ın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də bu məsələni gündəmə gətirib. O, iddia edir ki, ölkədə ideoloji partiyalar yaranmayıb, şəxslərə bağlı, ölkələrə “azarkeşlik” edən qruplar formalaşıb. “Bu gün ərazimizdə rus əsgərinin olması o ”azarkeş” kütləsinin bir hissəsini hərəkətə keçirir, Moskvaya bağlı qüvvəyə güc verir. Sabah cənub qonşumuz da siyasi səhnəyə öz “aktyorlarını” çıxara bilər, buna cəhdlər edəcək. Bizdə dəyərləri deyil, bayraq rənglərini dəstəkləyən təşkilatlar var. İllərdir dediyimiz bir məsələnin zamanı yetişib: ölkədə yeni reallığa uyğun siyasi oyun qaydalarına keçilməli, proporsional seçki sistemi bərqərar olmalıdır ki, ideoloji rəqabət sayəsində ümumbəşəri dəyərlərə bağlı güclü siyasi partiyalar da formalaşsın”, – deyə REAL-çı bildirib.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirdi ki, N.Cəfərli maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, həqiqətən siyasi partiyalar ideoloji əsaslarla formalaşmayıblar: “Sovet vaxtı bir partiya olub, hamı ona üzv idi. Müstəqillik vaxtı partiyalaşma başladı, Xalq Cəbhəsi parçalandı, təşkilatlar yarandı. İnsanlar bir-birinə yaxınlığı əsasında siyasi təşkilatlar təsis edirdilər. Amma hər bir partiyanın öz xətti olmalıdır. Məsələn, bizim ideyamız vətəndaş həmrəyliyidir. Bu istiqaməti gözləməyə çalışırıq. Amma tam ideoloji baza üzərində qurulmayıb”.
    S.Əsədli qeyd etdi ki, partiyada solçusu, liberalı, millətçisi var: “Bu da partiyaların formalaşmaması ilə bağlıdır. Partiya var ki, sədri millətçidir, yönü tamamilə başqadır. Bunlar zamanla həllini tapmalıdır. Biz çalışırıq ki, bu ölkənin vətəndaşıdırsa, millətinə, etnik mənsubiyyətinə, dini baxışına fərq qoymadan üzv edirik, irəli çəkirik. Bizim gürcü, talış, tat, kürd təşkilat sədrlərimiz var, bir rus Məclisə seçilib, yəni partiyanın adına uyğun olaraq Azərbaycan vətəndaşı olan insanları təşkilata cəlb edirik. Əslində VHP sağ-mərkəzçi partiya kimi görünür, lideri Sabir Rüstəmxanlı özü millətçidir, bununla belə, Sabir bəy heç vaxt milli kimliyə fərq qoymur, ayrı-seçkilik yoxdur”.

    KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərdə partiyalar sədrə simpatiya üzərinə qurulmur: “Azərbaycanda bunun üçün bir dəfə azad seçki keçirilməlidir, seçki sistemi düzəlməlidir. Ondan sonra partiyalarda bu məsələ inkişafını tapacaq. Ölkədə proprosional seçki sistemi tətbiq olunsa, partiyalarda ideoloji və demokratik açılım olacaq”. X.Teyyublunun fikrincə, proporsional seçki sistemi olmadığı üçün sədr uzun müddət partiyaya rəhbərlik və nüfuz edə bilir, öz avtoritarlığını ortaya qoyur. KXCP funksioneri düşünür ki, partiyaların ideoloji bağlılığı var, amma ölkədə ideoloji mübarizə, fikir toqquşması yoxdur.

    Emil SALAMOĞLU
    “Yeni Müsavat”

  • “Torpaq necə qorunursa, ana dili də elə qorunmalıdır” – Sabir Rüstəmxanlı

    Sabah – 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Artıq bir neçə gündür ki, bu mühüm günlə bağlı tədbirlər keçirməkdə, müzakirələr təşkil etməkdədir.
    “BakuPost” moderator.az-a istinadən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə ana dili, onun tarixi və bu günü ilə bağlı mövzuda hazırlanan müsahibəni təqdim edir:
     
    -Sabir bəy, sabah Beynəlxalq Ana Dili Günüdür. Ana dilimizin dünəndən bu günə qədər keçib gəldiyi yol nədən ibarətdir?
    -Ana dili uğrunda Azərbaycan xalqı böyük mübarizələr aparıb. Bu mübarizədə böyük qurbanlar verilib, fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü mühüm hadisədir. Hər bir xalq öz ana dilini qorumalıdır. Dünya dilləri yer üzünün sərvətidir. Dünyada 5 minə yaxın dil var, amma 200 xalq var ki, onların dili həm də dövlət dilidir. Azərbaycan dili də bu sıradadır. Azərbaycan türkcəsi Çindən başlamış Avropaya qədər böyük bir ərazidə müxtəlif adlar daşıyan, amma kökü bir olan türk dili ailəsinə məxsusdur.
    Dilimiz də tarixən böyük məhrumiyyətlər görüb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalıb. Dilimiz hərtərəfli təzyiqlər altında əzilib, sıxılıb. Bu gün 7 türk dövləti var və bu türk dövlətlərinin hesabına türk dilinin qolları inkişaf etməkdədir.
    -Ana dilini fərd və xalq üçün bunca önəmli edən nədir?
     
    -Ana dili insanın varlığıdır. Dil varsa millət var, dil varsa şəxsiyyət var. Ona görə də ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Hətta tibbi mülahizəyə görə uşaq ana bətnində olanda belə çevrəsində baş verənləri hiss edir. Ona görə də bəzən hamilə qadınlar bərkdən kitab oxuyur. Ana bətnində də uşaq ana dilini, ana laylasını eşitməlidir. Bağçadan başlayaraq uşaq ana dilində tərbiyə almalıdır. Sonra isə təbii ki, başqa dilləri örənə bilər. İlk təhsil isə ana dilində olmalıdır. Çoxlu araşdırmalar var ki, bu, dilin həm də genetik bir amil olduğunu göstərir. Uşağın geninə hopan dildə danışmayanda, şübhəsiz onun şəxsiyyət kimi inkişafı ləngiyir. Ona görə də daha çox öz ana dilində oxuyanlar içərisindən böyük yazarlar, mütəfəkkirlər çıxır. Bunlar elmlə sübut olunan məsələlərdəndir.
    -Sabir bəy, 18 fevral 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dil hər bir xalqın sərvətidir” adlı onlayn dəyirmi masa keçirildi. Sizcə ana dili ilə bağlı bu cür tədbirlər dilin təbliği, ana dilinin uşaq və yeniyetmələrə sevdirilməsi baxımından nə dərəcədə önəmlidir?
    -Ana dili ilə bağlı maarifləndirici tədbirlərin önəmi olduqca böyükdür. Əgər hər hansı bir tədbir ana dilinə, onun önəminə, təmizliyinə, təbliğinə xidmət edirsə, deməli o, cəmiyyət üçün faydalıdır. Hər bir insan ana dilinin incəliyinə bələd olmalı, onun böyüklüyünü, qüdrətini dərk etməlidir. Belə tədbirlər dilin imkanlarının uşaqlara, yeniyetmələrə izah edilməsi baxımından da önəmlidir. Odur ki, bu cür tədbirləri alqışlayır, dilimizin bu günü və gələcəyi baxımından əhəmiyyətli hesab edirəm.
    -Ana dilimizin mövcud durumu ilə bağlı düşüncəniz nədən ibarətdir? Bu gün dilimizin qorunması üçün gərəkli addımlar atılırmı?
    -Şükürlər olsun ki, Azərbaycan türkcəsi bu sıxıntılardan keçib. Dilimiz dünyada tanınan, qəbul edilən bir dövlətin dilidir. Artıq bu dil rəsmi dövlət səviyyəsində qorunur. Ölkəmizdə Dövlət Dil Komissiyası mövcuddur. Mən də o komissiyanın üzvüyəm. Ölkə başçısı bu komissiyaya başçılıq edir. Ölkə başçısı səviyyəsində, prezident səviyyəsində dilimizin qorunması siyasəti aparılır. Bu, dövlətimizin ana dilinə olan diqqət və qayğısının göstəricisidir. Dilin qorunması torpağın qorunması qədər mühüm bir işdir və bu məsələdə son dərəcə diqqətli olmaq lazımdır.
  • Sabir Rüstəmxanlı alternativsiz seçildi

    VHP-də gender bərabərliyi gözlənilib
     
    Partiyanın 7 rayon təşkilatının sədri qadındır
    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn formada keçirilən VIII qurultayda partiyanın fəaliyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb. Daha sonra seçkilər keçirilib və millət vəkili Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.
    Qurultayla bağlı “Şərq”ə danışan VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, VII qurultayın səlahiyyət müddəti 2020-ci ilin noyabr ayında başa çatıb. Partiya təmsilçisinin sözlərinə görə, Siyasi Şuranın qərarına uyğun olaraq qurultayın və rayon təşkilatlarının konfranslarının onlayn qaydada keçirilməsi ilə bağlı qərar qəbul edilib:
    “VHP-nin 74 bölgə təşkilatının “Zoom” proqramı vasitəsi ilə konfranslarını keçirtdik. Qurultaya 425 nəfər nümayəndə seçilmişdi və 74 təşkilatdan 395 nəfər onlayn qaydada iclasa qoşuldu. Həmçinin, partiyanın Siyasi Şurasının üzvləri, eyni zamanda işçi heyəti – katiblik, mandat, say və redaksiya komissiyaları və digər texniki heyət üzvləri internet imkanlarından istifadə edərək qurultayda iştirak etdilər. Hər hansı texniki problem yaşamadıq. Sadəcə bir-iki rayonda qısamüddətli işıqlar sönsə də, tezliklə bərpa olundu.
    Qurultay açıq səsvermə ilə keçirildi. Çıxış edən nümayəndələr onları narahat edən problemlərdən danışdılar, müəyyən iradlarını səsləndirdilər, təkliflərini bildirdilər. Yəni hamı açıq formada öz düşüncəsini ifadə etdi. Qarşıdakı günlərdə bu məsələlərin müzakirəsi aparılacaq və fəaliyyət istiqamətlərimiz müəyyənləşəcək”.
    S.Əsədli bildirib ki, qurultayda sədrliyə yeganə namizəd Sabir Rüstəmxanlı idi:
    “Vətəndaş Həmrəylik Partiyasında təşkilatı idarə etmək üçün kifayət qədər peşəkar kadrlar var. Amma hamımızın ümumi rəyi belə oldu ki, partiyamızın sədri postuna alternativsiz olaraq Sabir Rüstəmxanlının namizədliyini sürək. Əlbəttə, kim istəsə sədrliyə namizədliyini verə bilərdi. Belə bir ifadə var, deyirlər – “General olmaq istəməyən əsgər yoxdur”.
    Ancaq indiki mərhələdə başqa namizəd çıxmadı. Sabir bəyin namizədliyi mənim tərəfimdən irəli sürüldü və 395 qurultay iştirakçısının yekdil rəyi ilə partiyaya sədr seçildi. Bundan əlavə 115 nəfər partiyanın Ali Məclisinə, 7 nəfər isə Mərkəzi Nəzarət Komissiyasına üzv seçildi”.
    Partiya funksioneri əlavə edib ki, VHP-də hər zaman gənclərin partiya strukturlarına və rəhbər heyətə çəkilməsi istiqamətində mühüm addımlar atılıb:
    “Partiyamızın Ali Məclis üzvlərinin yarıya qədəri gənclərdir. Rayon təşkilat sədrlərimizin əksəriyyətinin yaşı 25-30 arasıdır. Hətta 20 yaşlı təşkilat rəhbərimiz də var.
    Ən qocaman təşkilat sədrimizin yaşı isə 72-dir. VHP-nin təxminən 7 rayon təşkilatının sədri qadındır. Partiyamızın idarəetməsində 27 nəfər etnik xalqların nümayəndəsi də təmsil olunur.
    Qaxın təşkilat sədri Zaza Poladaşvili milliyətcə gürcüdür və xristian dininə mənsubdur. Ali Məclis üzvlərimiz arasında Azərbaycan vətəndaşı olan rus əsilli qadın var. Həmçinin, rayon təşkilatlarımızın sədrləri arasında bir neçə tat, talış və kürdlər də yer alır. 3 rayon təşkilatımızın sədri kürddür.
    Partiyanın fəaliyyətində Azərbaycanda yaşayan və təşkilat üzvü olan hər xalqın nümayəndəsinin iştirakı təmin olunub, gender bərabərliyi gözlənilib. Əsasən də gənclər önə çəkilib”.
  • Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi

    Məlum olduğu kimi fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının VIII Qurultayı keçirilib. Qurultayda növbəti dəfə partiyanın sədri seçilən millət vəkili Sabir Rüstəmxanlı yeni sədr aparatını formalaşdırıb. VHP sədrinin sərəncamı ilə Fəzail İbrahimli VHP sədrinin birinci (İdeoloji məsələlər üzrə) müavini, Samir Əsədli VHP Mərkəzi İcra Aparatının rəhbəri , VHP sədrinin Təşkilati məsələlər üzrə müavini, Elxan Mirzəyev VHP sədrinin Xarici əlaqələr üzrə müavini, Arif İsmayılbəyli VHP sədrinin Siyasi məsələlər üzrə müavini, Yusif  Salmansoy VHP sədrinin İctimai Təşkilatlar və Bələdiyyələrlə iş üzrə müavini və Nəsimi Şərəfxanlı VHP sədrinin Mətbuatla İş və İctimai Əlaqələr üzrə müavini təyin edilib.

  • VHP VIII Qurultayını Onlayn qaydada keçirəcək

    Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək. Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.

    Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə Qurultaya VHP-nin 76 bölgə təşkilatı və bir Muxtar Respublika təşkilatından 400 nümayəndə seçilib.

    VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

  • VHP rayon təşkilatları konfrans keçiriblər

    07.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının Qobustan, Neftçala və Sabirabad rayon təşkilatlarının Onlayn Konfransları keçirilib. Konfransda seçkili qurumların hesabatları dinlənlilb və təşkilati məsələlərə baxılıb. Rayon Təşkilatların Məclis, NTK üzvləri və partiyanın VIII Qurultayına nümayəndələr seçiliblər. Fərman Hüseynov Neftçala, Elman Əliyev Sabirabad və Eminağa Niftəliyev isə Qobustan rayon təşkilatına sədr seçiliblər.

    04.02.2021/ VHP dörd rayonda təşkilat sədrin dəyişdi

    Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Saatlı, Biləsuvar, Daşkəsən və Xətai rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Saatlı rayon təşkilatına Surxay Cahangirov, Biləsuvar rayon təşkilatına Məharət Ağayev, Xətai rayon təşkilatına Kəmalə Səfərli və Daşkəsən rayon təşkilatına Zemfira Qafarlı sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.

    01.02.2021/Vətəndaş Həmrəyliyi Partiyasının növbəti qurultayına hazırlıq çərçivəsində Ağdaş, Nəsimi və Binəqədi rayon təşkilatlarının onlayn konfransları keçirilib. Təşkilatların seçkili qurumlarının hesabatları dinlənilib. Yeni rəhbərlik formalaşdırılıb. Ağdaş rayon təşkilatına Yasin Şirinzadə, Nəsimi rayon təşkilatına Dəniz Həsənli, Binəqədi rayon təşkilatına Zakir Kərimov sədr seçiliblər. Həmçinin VHP-nın VIII Qurultayına nümayəndələr seçilib. Yeni sədrlərə uğurlar diləyirik.