Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Qanunun dili haqqında qanun

    Sabir Rüstəmxanlı

    Millət vəkili

     

    Ana dilimizin qorunması qayğısına qalan bir vətəndaş və Azərbaycan Dil Qurumunun başqanı olaraq hər yerdə dil məsələlərinə həssaslıqla yanaşmağa vərdiş etmişəm. Dil yanlışlıqları və ya dilimizə sayğısızlıq uzaqdan məni çağırır, rahatlığımı əlimdən alır . Sosial medianın dilinə də ciddi yanaşmalıyıq. Xarici firmaların internet üzərindən aparılan reklamları və onların guya, azərbaycanlılar adından təbliğat yazıları, dərman bazarının izahları dilimizə sayğısızlıqla doludur.
    Şükür, ana dilimizin riyazi dəqiqliyə bənzər möhkəm qanunları var. Məsələn, sözün kökü və “da”, “də” şəkilçiləri ayrı vurğularla deyiləndə ayrı, bir vurğu ilə deyiləndə bitişik yazılır. Örnəyi: “Sən də (ayrı) Təbrizə getmək istəyirsən?”; Səndə (bitişik) bu günün qəzeti varmı?..”; “Bakı da (ayrı) qəhrəman şəhərdir”; “Bakıda (bitişik) qar yağmadı”. Təəssüf ki, hətta filoloqlarımızın, alimlərimizin də yazılarında bu qayda tez-tez pozulur. Nəticədə ismin adlıq halı yerlik, təsirlik hallarına çevrilir və cümlənin mənası dəyişilir.
    Alış-veriş mərkəzlətinin bəzilərində (məs.”Kontinental”) mallar haqqında bilgilər yalnız xarici dillərdə verilir.
    Olan tərcümələrin də bir hissəsi gülməlidir.
    Öz məhsullarımızın adlarında da yanlışlıqlar çoxdur. Məsələn, şərab şüşəsinin üstündə “Qırmızı quru” sözünü oxuyanda çaşırsan. Sonra anlayırsan ki, sən demə, bunlar “turş” mənasında olan “suxoy” sözünü “quru” kimi tərcümə ediblər və “Quru şərab” kimi komik bir şey alınıb.
    Bir sıra rəsmi sənədlərimizin və qanunlarımızın dili də bərbaddır. Məncə, MM-də qanunlarımızın dili haqqında da ayrıca bir Qanun qəbul edilməlidir. Milli Məclisdə ilk təşəbbüslərimdən biri bu olacaq.

  • “Koronavirus hamıya dərs verdi, hegemonlar əsirə çevrildi” – Sabir Rüstəmxanlı

    “Söhbət Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan insanının taleyindən gedirsə, bütün siyasi maraqlar, ideoloji görüşlər arxa plana keçir”
    “Mən bu millətin bir zaman Meydanda necə bir olduğunu görmüşəm və bu gün də dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələcəyimizə inanıram”

  • Bu dəfə də əslində dediyimi təsdiq etdim, sübut etdim ki, istənilən rayondan seçilə bilərəm.

    “AzPolitika.info” Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı ilə seçkilər, həbs olunan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının onun seçilməsinə mane olmaq cəhdi, gələcək fəaliyyəti və parlamentdə olmayan müxalifətlə münasibətləri mövzusunda söhbətləşib.

    Müsahibəni təqdim edirik:

  • Seçkinin ədəbiyyat havası – Sabir Rüstəmxanlı yazır

    1

    Neftçalanın tanınmış ziyalılarından söz düşəndə ilk növbədə şəxsən tanıdığım adamları, görkəmli qələm sahiblərini, indi artıq haqq dünyasında olan İmamverdi Əbilovu, Əjdər Ağayevi, Tofiq Abdini xatırlayıram. Çünki onların hər biri haqqında unudulmaz xatirələrim var. Köhnə iş yoldaşım, yazıçı, pedaqoq Allahverdi Eminov, aktyor Nadir Hüseynov, bu gün də doğma ocaqlarından ayrılmamış qələm dostlarım Soltan Abbas, Zabil Pərviz də respublikanın ədəbi, mədəni mühitində Neftçalanı həmişə ləyaqətlə təmsil etmişlər.

    Milli Məclisə seçkilər mənə Neftçalanı bir daha gəzib-görmək, rayon camaatı ilə yaxından tanış olmaq imkanı verdi. Xatirələr təzələndi, köhnə mübarizə yoldaşlarımı, xalq hərəkatının fəallarını aradım, yaşlı Neftçala ziyalılarını ziyarət etdim, Azərbaycan Yazıçılar Birliyinin yerli üzvləri ilə, eləcə də həvəskar şair və nasirlərlə görüşdüm, “Kür-Xəzər” ədəbi məclisinin bir toplantısında iştirak etdim.

    Rayona elə ilk gəldiyim gün görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi İmamverdi Əbilovun evini, onun işığını qoruyan, yolunu davam etdirən oğlu Etibar müəllimi ziyarət etdim. Təsadüfən evin başqa bir övladı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, araşdırmaçı-alim, gözəl qələm sahibi Azər Turan da Bakıdan gəlmişdi. İmamverdi Əbilov əfsanəvi bir şəxsiyyət idi, evi də Azərbaycanın fikir mərkəzlərindən biri idi. Səməd Vurğundan başlayaraq bir çox böyük söz və sənət adamı, üstəlik respublikamıza gələn tanınmış şəxslər bu evin qonağı olublar… İmamverdi müəllim onların xatirəsini, avtoqraflarını, bağışladıqları kitabları səliqə ilə qoruyub saxlayıb. Mənim də bu evə ilk gəlişimdən qırx beş ildən artıq vaxt keçir. İmamverdi müəllimin kitabxanası bir xəzinədir və söhbət zamanı Etibar mənim də illər öncə bu kitabxanaya düşmüş avtoqraflı kitablarımı tapıb gətirdi. Bu kitablar o uzaq illəri yadıma saldı, onda İmamverdi müəllimlə məktublaşmaqla yanaşı, bir neçə dəfə məktəbli Azərdən də məktub almışdım və onun düşüncə genişliyi, mənəvi yetkinliyi ürəyimi qürurla doldurmuşdu…

    Övladları heç nəyə toxunmayıblar, bütün otaqları, dəhlizi dolduran kitabxana sahibinin sağlığında olduğu kimi qalır. Məncə, bu azdır, Mədəniyyət Nazirliyi bu evi bir muzeyə çevirməlidir. Muzeyin yanında bir oxu zalı tikilsə, bu kitab xəzinəsi həm də neftçalalıların üzünə açılar…

    Unudulmaz görüşlərimizdən biri də Xıllı kəndində oldu. Rayonun çox hörmətli, qocaman müəllimlərindən Xanoğlan Məmmədova baş çəkməyə getmişdik. Onun həyət-bacasının səliqə-sahmanı, bağ-bağatın, sanki rəssam əli ilə çəkilmiş kimi mükəmməl düzəni diqqətimi cəlb elədi. Xanoğlan müəllimin yaşı səksəni keçsə də, iti hafizəsi, mükəmməl nitqi, ölkədə baş verən hadisələri diqqətlə izləməsi, dəqiq mülahizələri gənclərdə qibtə doğuran bir səviyyədədir. Məni çoxdan yazdığım bir şeirimlə qarşıladı:

    Qılıncam, ovxarım sözlə, inamla,

    Min ilin başında yurdun səsiyəm.

    Özüm bu günlərə kül ola-ola

    Gələcək günlərin pərvanəsiyəm…

    Kimsə bu misraları onun qədər həm gözəl deyə, həm də yüksək peşəkarlıq və sayğı ilə təhlil edə bilməzdi. Bu söhbətlə Xanoğlan müəllim, əslində, Neftçalada başlanan görüşlərimə xeyir-dua verdi.

    Sonrakı günlərdə Soltan Abbasa da baş çəkdim, seçilmiş əsərlərinin 5 cildliyini vərəqlədim; Zabil Pərvizin, Ənvər Əliyevin şeirlərini dinlədim.

    Yenicə bələdiyyə sədri seçilmiş Gülqədəm Mirzəzadənin “Səmavi” şeirlər kitabının və bəstələdiyi mahnıların lirik ovqatı onu gündəlik işindən, kənd həyatından qoparmır, əksinə, camaat üçün məşğuliyyət yerləri açmaq səylərini artırır, qadın inkişaf mərkəzi və anaların hüquqlarının qorunması ilə bağlı plan və arzuları genişlənir.

    Görüşlərimizin ən fəal təşkilatçılarından olan şair Fərhad Əzizbəyli ilə indiyədək yaxından tanış olmaq imkanı tapmadığıma təəssüfləndim. Çünki o, Neftçalada yaşasa da, yaradıcılığı, kitabları əyalət səviyyəsindən çoxdan çıxmışdır və çağdaş poeziyamızın seçilən nümunələri ilə səsləşir. Bunu təsdiq etmək üçün 2019-cu ildə nəşr edilmiş və sayca ikinci olan “Zəmanət” şeirlər toplusunu gözdən keçirmək yetərlidir.

    Həyatdan 23 yaşında, nakam getmiş ilahiyyatçı-şərqşünas Əbil Əbilovun fəlsəfi düşüncələrinin və gündəliyindən parçaların toplandığı və ölümündən sonra nəşr edilmiş “Sevda türküsü” kitabından günlərlə ayrıla bilmədim. Gənc yaşından Şərqin, Qərbin poetik və fəlsəfi cərəyanlarını mükəmməl şəkildə öyrənən, Nəsiminin aşiqi olan, vəhdət-i vücud və hürufizm haqqında yazılarının mükəmməlliyi ilə heyrət doğuran Əbil Tanrıdangəlmə, fitri bir istedad sahibi olmuşdur. Atası Etibar müəllimə “kaş o kitabı mənə verməyəydin” deməkdən başqa söz tapmadım. Çünki kitabı oxuyandan sonra belə bir təfəkkür və qələm sahibinin vaxtsız vəfatı adamı daha çox yandırır. Yalnız o kitabı oxuyandan sonra böyük dostumuz İmamverdi Əbilovun ailəsinin və bütövlükdə Azərbaycan şərqşünaslıq elminin Əbilin şəxsində nə boyda bir alimi itirdiyini təsəvvür etmək olur.

    2

    Neftçalanın yetişdirdiyi qələm sahibləri arasında rayonun ictimai, mədəni, pedaqoji həyatında xüsusi xidmətləri və yeri olan nasir, publisist Ruhəngiz Əşrəfqızının (Nəcəfova) yaradıcılığı haqqında ayrıca danışılmalıdır. Heyif ki, onun nəşr olunan roman, povest və hekayələri, publisistikası ədəbi-tənqidimizin diqqətindən kənarda qalmış, yetərincə dəyərləndirilməmişdir…

    Ruhəngiz xanım müəllimdir, indi Xolqaraqaşlı kənd orta məktəbində direktor vəzifəsini daşıyır; rayonun lider qadınlarından biridir. Kitabları, təşkilatçılıq qabiliyyəti, mükəmməl natiqlik məharəti ona xüsusi hörmət qazandırıb. Bir müddət Neftçala şəhərində Heydər Əliyev adına Mərkəzin direktoru olub.

    Ruhəngiz xanım Neftçalanın Qırmızıkənd kəndində həkim ailəsində doğulub. Ata tərəfi muğanlı, anası Qazaxın Şıxlı kəndindən Eminovlar nəslindəndir. Kür coşqunluğu, Araz saflığı birləşib onun xarakterində.

    Seçki görüşlərindən vaxt tapanda Ruhəngiz xanımın bir neçə kitabını oxudum və elə ilk əl atdığım “Bir kəndin tarixi” əsərində (Bakı, “Araz” nəşriyyatı, 1999) onun bir publisistdən, jurnalistdən daha çox nəsr ustası olduğunu gördüm. Kitab xoş bir niyyətlə yazılıb: müəllif doğulub boya-başa çatdığı kəndin tarixini qələmə alıb. Bu, arxeologiyaya və qədim kitablara, arxiv materiallarına söykənən tarix deyil, adamların şahid olduğu, insanların yaddaşına yazılmış, canlı və real tarixdir. Bir kəndin tarixi bizə həm də Muğanın keçmişini, yaşadığı çətinlikləri, üzləşdiyi faciələri, eləcə də çaylarını, göllərini, gəmilərin yan aldığı sahilləri, daim təbiətlə çarpışmada olan, selə qoşulub axan, yurdlarını tərk edən, lakin sonradan yenə qayıdıb gələn cəsur insanlarını, bu yerlərin adət-ənənələrini, yetişdirdiyi məşhur şəxsiyyətləri, repressiya qurbanlarını, böyüklərini tanıtdırır. Təkcə tanıtdırmır, həm də sevdirir.

    Kitab belə başlanır: “Su kəndi ağzına götürüb aparırdı. Qamış, taxta parçaları, müxtəlif ev əşyaları suyun lal, lakin güclü axınına tabe olaraq sürətlə üzürdü. Haradansa suyun güc verib çıxardığı bir qurumuş ağac gövdəsi kəhrəba rəngli nehrə ilə yanaşı üzürdü. Onlar bir-birinə sürtünə-sürtünə, dəyə-dəyə irəliləyirdi. Birdən kötük güclü bir təkanla nehrəyə dəyib onu parça-parça etdi.

    …Günəş göyün qərb bucağında buludların ətəyindən sürüşüb ətrafa son, sönükləşmiş şüalarını saçırdı”.

    Bu, müəllifin doğma kəndinin Kür-Araz daşqınlarında tez-tez yaşadığı bir təbii fəlakətin rəsmidir. Rəssam fırçasından çıxmışa bənzəyən canlı bir mənzərədir. Bu rəsmi yalnız sel fəlakətini görüb yaşamış adam belə ustalıqla çəkə bilərdi. Sel oxucunu da alıb aparır, sanki… Cavad bəyin ailəsini, selə qarışıb axan heyvanlarını xilas etmək üçün vurnuxduğunu əks etdirən bu başlanğıc böyük yazıçımız İsmayıl Şıxlının “Dəli Kür” romanının təsvirlərini xatırlatdı mənə.

    Ruhəngiz xanımın bir-birindən maraqlı hekayə və povestlərinin çoxunun mövzusu kənd həyatından alınmışdır. Buna görə də “Kəndimizin dəmir atları” (Bakı, “Müəllim” nəşriyyatı, 2003) və “İtmiş povestlər” (Bakı, “Araz” nəşriyyatı, 2007) adlı kitabları da elə “Bir kəndin tarixi”nin davamı kimi oxunur. Erməni-bolşevik qırğınlarında, repressiya və İkinci Dünya müharibəsi illərində, 1990-cı ilin Qara yanvarında, Qarabağ savaşında nə qədər qurbanlar versə, dəyərli insanlarını itirsə də, bu kənd yaşayır, öz adət-ənənələrini, toyunu-şənliyini, əkinini-biçinini davam etdirir; nəsillər dəyişilir, sistemlər çökür və yenisi qurulur, böhranlar adamları imtahana çəkir, lakin həyat dayanmır; cavanlar cəbhədə, vətənlə qürbət arasında, ailələr kəndlə şəhər arasında, Muğan sellə quraqlıq arasında, insan ləyaqəti ehtiyacla harınlıq, məhəbbətlə xəyanət arasında, yer üzü işıqla qaranlıq arasında… Ruhəngiz xanımın həyatın bu təzadlı, lakin canlı və qırılmaz axarını böyük təravət və koloritli lövhələrlə əks etdirir. Etnoqrafik zənginlik, iti müşahidə. İnsanlara və təbiətə böyük sevgi onun nəsrinin başlıca əlamətlərindəndir. Hekayə hekayə dalınca, esse esse dalınca və hər birində kəndin ocaqlarını sönməyə qoymayan halal adamları, yuxarıda təsvir olunan nehrə kimi ehtiyacın amansız kötüklərinə çırpılıb dağılan ailələr, montyor, sürücü, inşaatçı, müəllim, həkim, balıqçı, tələbə, şagird… Muğanın səhərləri və axşamları, Aylı gecələri, quşları və cırcıramaları, kəndarası yolların gizlinləri, doğulan və ölən sevgilər, Rusiya sevdasının qırdığı sevgilər, qaçırılan qızlar, taleyə boyun əyməkdən başqa yolu qalmayan ata-analar… Ruhəngiz Əşrəfqızı bu həyatı dadlı-şirəli bir dillə öz əsərlərinə köçürür.  Muğanın qızaran və qaralan üfüqləri, ümid dolu səhərləri, qərib axşamları, yağışı, qarı, torpağının ətri, bir sözlə, başqalarına solğun görünə bilən təbiəti Ruhəngiz xanımın nəsrində ardıcıl təsvir obyektidir və bəlkə də heç bir başqa mətndə onun əsərlərində olduğu qədər canlı, real-romantik boyalarla əks etdirilməmişdir.

    Ruhəngiz Əşrəfqızının yazı tərzi və üslubu da maraqlıdır: “Bir kəndin tarixi” – bədii publisistika nümunəsi olaraq sözçülükdən uzaq bir tərzdə, daha çox sənədlərə. adamların xatirələrinə söykənərək, dəlilli-sübutlu yazılıb, şəxslərin portreti bəzən onların öz qeydləri ilə tamamlanır. “Kəndimizin dəmir atları”ndakı hekayələr realist boyalarla çəkilib, burda da hər hekayə bir həyat hadisəsindən qidalanır, bəziləri novella kimi gözlənilməz sonluqla bitir. Esselərin bir çoxu dastan didaktikası tərzində qələmə alınıb; keçmiş olaylar bu gün üçün həyat dərsi kimi təqdim edilir.

    “İtmiş povestlər”də isə sevgi mövzusunun gətirdiyi qanadlı-romantik üslubla öz həyat yolunun, ailə tarixinin, xiffət dolu xatirələrin gətirdiyi zərif psixoloji üslub iç-içədir.

    Müəllimlik Ruhəngiz xanıma yeniyetmələrin, məktəbli gənclərin öz yaşları üçün təbii olan yaşantılarını, ilk məhəbbətin gətirdiyi psixoloji burulğanları, ilk görüşlərin xoşbəxtliyini, ayrılıq acılarını, həyat yolunun başlanğıcında keçilən tərəddüdləri yaxından müşahidə etmək imkanı vermişdir və bütün bunlar onun əsərlərində pedaqoji sərhədlər qorunmaqla gözəl təsvir edilir.

    Müəllifin “Qayıdış” romanı bu gün üçün aktual olan bir mövzuya yeni dövrün gətirdiyi problemlərlə üzləşən adamların taleyinə, həmişə olduğu kimi yenə də gündəmdən düşməyən şəhər-kənd münasibətlərinə həsr edilmişdir. Çətinliklər, işsizlik adamları şəhərə üz tutmağa məcbur edir. Şəhər bir cazibə mərkəzinə dönüb. Torpaqdan ayrı düşən insanlar şəhərin evsizliyinə, ağır şəraitinə baxmayaraq, geri dönmək istəmirlər. Bu ikili həyat sevgiləri yarıda qoyur, ailələri dağıdır, yüz illərlə formalaşmış milli əxlaq və adət-ənənələri sınağa çəkir. Ruhəngiz Əşrəfqızı bu iki ailəni, kəndi və şəhəri eyni dərəcədə maraqlı detallarla təsvir edir. Qüdrət və onun ailəsi, yoldaşı Zəminə oğlu Aqşin əsərin əvvəlində hansı həvəslə şəhərə can atırlarsa, burda işləyib ev-eşik sahibi olurlarsa, əsərin sonunda Aqşin eyni həvəslə öz şəhərli həyat yoldaşı Günellə birlikdə kəndə qayıdır. Ata ocağının sönmüş işıqlarını yandırır.

    Ruhəngiz xanımın yaradıcılığına bu kəndlərin qorunmasına, ata ocaqlarının daim gur yanmasına yardım edən güclü bir yurd-torpaq sevgisi hakimdir. Çağdaş qadın nəsrimizdə onun xüsusi və bənzərsiz yeri var.

    Haraya və nə məqsədlə getməyimizdən asılı olmayaraq Ədəbiyyat havası həmişə nəfəsimizi genişləndirir.

    17.02.2020

  • “Sabir bəy bizi seçdi, biz də onu seçəcəyik” – Neftçalalılar çağırış etdi – VİDEO

    61 saylı Neftçala seçki dairəsindən namizədliyini irəli sürən VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı Tatarməhəllə kəndinin sakinləri ilə görüş keçirib.

    BakuPost xəbər verir ki, kənd sakinləri S.Rüstəmxanlının gördüyü işlərdən danışıb, onun zaman-zaman mətbuatda xalqın problemləri ilə bağlı qaldırdığı məsələlərdən söz açıblar. Onlar S.Rüstəmxanlının yaradıcılığını, eləcə də ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd ediblər.
    Seçicilər S.Rüstəmxanlıya səs verəcəklərini və bundan qürur hissi keçirdiklərini bildiriblər:
    “Bu dairədən xeyli adam namizəd olsa da, biz Sabir Rüstəmxanlını seçirik. Çünki səsimizi aidiyyəti qurumlara çatdıra bilən bir şəxsiyyətin millət vəkilimiz olmasını istəyirik. Burdan namizədliyini irəli sürən digər biri seçilsə də, qapılar arxasında gözləyəcək. Amma Sabir bəy həmin qapıları asanlıqla aça bilən şəxsiyyətdir. Buna görə də neftçalalılar, eləcə də kəndimizin sakinləri yekdil olaraq, Sabir Rüstəmxanlını dəstəkləyirik”.
    Tədbirdə çıxış edən Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev ölkənin tanınmış şəxsiyyətlərinin Sabir Rüstəmxanlı haqqında dedikləri fikirləri səsləndirib, sonra isə sakinlərin yekdil olaraq ona səs verəcəyini deyib:
    “Sabir bəy Neftçalanı seçdi, biz də onu seçəcəyik. Bu, bizim vətəndaşlıq missiyamızdır. Mən başqa namizədlərin plakatlarına baxanda, onların verdikləri vədlərlə tanış olanda, açığı, təəssüf hissi keçirirəm. Qardaşlar, axı sadaladığınız problemləri həll etmək sizin gücünüz daxilində deyil! Namizədlər arasında həmin məsələləri həll edə biləcək bir insan var, o da Sabir bəydir. O, Xalq şairidir, o, ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Ona görə də, sizin qapınıza gələn namizədlərə deyin ki, bağışlayın, bizim namizədimiz var, o, Sabir Rüstəmxanlıdır”.
    Çıxışçı bu dairədən deputatlıq iddiasına düşən şəxslərə də səslənib:
    “Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm. Eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atdı. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.
    Daha sonra çıxış edənlər bildiriblər ki, kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən mühüm addımlar atılıb; kəndə həm yol, həm qaz xətti çəkilib. Amma onlar qonşu kəndlərdə həm yol, həm də qaz xəttinin çəkilməsi ilə bağlı problemlərin olduğunu bildiriblər. Sabir Rüstəmxanlıdan xahiş ediblər ki, seçiləcəyi təqdirdə həmin problemlərin həlli istiqamətində müəyyən işlər görsün.
    Sonda kənd sakinləri ayrı-ayrılıqda çıxış edərək şəxsi problemləri barədə danışıblar. Bəziləri təhsil, iş, bəziləri sosial müavinətlərlə bağlı problemlərini dilə gətirərək, S.Rüstəmxanlıdan kömək istəyiblər.
  • Sabir Rüstəmxanlı Hötenin divanını tərcümə etdi – “Şərq-Qərb Divanı”- FOTO

    Xalq şairi Sabir Rüstəmxanlının tərcüməsində İohan Volfqanq Hötenin “Şərq-Qərb Divanı” işıq üzü görüb.
     
    BakuPost xəbər verir ki, dahi alman şairi Hötenin “Şərq-Qərb Divanı” dünya ədəbiyyatı tarixində bənzəri olmayan bir əsərdir.
    “Divan”da Şərqin və Qərbin düşüncə və həyat tərzləri, fəlsəfələri, din və inanc sistemləri, dünya görüşləri, sözə və gözəlliyə münasibətləri qarşılaşdıraraq, qovuşaraq gur bir axına, insanın təbiətə və tanrıya bağlılığının orijinal bir təzahürünə çevrilib.
    Qanun Nəşriyyatında çapdan çıxan kitab artıq oxucuların ixtiyarına verilib.
  • Azərbaycan boyda qəzet: “Azərbaycan” qəzeti-30 – VİDEO

    Məlum olduğu kimi, bu gün “Park İn Otel”də “Azərbaycan” qəzetinin 30 illik yubileyi təmtəraqlı şəkildə qeyd edilib.

    Tədbirdə millət vəkilləri, partiya sədrləri, ziyalılar, vətəndaş cəmiyyəti üzvləri, media rəhbərləri, eləcə də Türkiyədən bir sıra aydınlar qatılıb.

     
    1989-cu ildə bərpa edilən və birinci sayı oktyabrın 6-da işıq üzü görən “Azərbaycan” qəzetinin ilk baş redaktoru, xalq şairi, Sabir Rüstəmxanlının tədbirdəki çıxışını təqdim edirik:
    Əziz dostlar, çox hörmətli xanımlar və bəylər!
    Bu gün biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinin son dərəcə önəmli və unudulmaz bir olayını yada salmağa, azad və demokratik mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzetinin 30 illik yubileyini qeyd etməyə yığışmışıq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm.
    Gələn il Azərbaycan mətbuatının 145 yaşı olacaq. Bu 145 ildə Azərbaycan mətbuatı çox böyük bir inkişaf yolu keçmişdir. Lakin bu 145 ilin bir neçə elə mühüm mərhələsi vardır ki, ayrıca qeyd olunmalıdır.
    Onlardan birincisi “Əkinçi” qəzetidir. Bu qəzet parlaq bir demokratik mətbuat gələnəyi yaratmış, milli mətbuatın ruhunu, istiqamətini, dilini və üslubunu, humanist mahiyyətini, milli azadlıq və insan haqları uğrunda mübarizədə yerini müəyyənləşdirmişdir.
    İkinci mərhələ “Molla Nəsrəddin” jurnalıdır ki, 25 il ərzində xalqımızın keçdiyi yolun, yaşadığı faciələrin, cəhalət və istibdadın, çarizmin müstəmləkə siyasətinin və o dövr Şərq tarixinin satirik ensiklopediyasına çevrilmişdir. “Molla Nəsrəddin”lə yanaşı “Füyüzat” dərgisini unutmaq olmaz. “Füyüzat” dünyada gedən prosesləri və türklərinin taleyini daha romantik və nikbin bir ovqatla təsvir edir; mövzu dairəsi və dili ilə müsəlmanlar və türklər arasında mənəvi körpü qurmağa çalışır, bugünkü Azərbaycanın və Türkiyə cümhuriyyətinin varlığının əsası olan milli ideyanı car çəkirdi.
    Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetidir. Qəzet Gəncədə fəaliyyətə başlamış milli hökumətlə birlikdə Bakıya köçmüş və cümhuriyyətin süqutu ilə birgə qapanmışdır.
    Bu mərhələlərin hər birinin başında millətimizin ədəbiyyat, mədəniyyət və ictimai fikir tarixində mühüm rol oynayan dahi şəxsiyyətlər dayanırdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli.
    Sovet dövründə mətbuat orqanlarının havası da dəyişmiş, onlar sovetləşməni alqışlamış, repressiya və deportasiyalara haqq qazandırmış, bir gündə latın əlifbasından kiril qrafikasına keçirilməsini tarixi hadisə adlandırmış, illərlə Stalinə yazılan mədhiyyələrin tribunalarına çevrilmiş , bir sözlə Kommunist partiyası nə çalıbsa ona oynamışdır.
    Buna baxmayaraq, həqiqətin səsini tamamilə boğmaq mümkün olmamışdır mətbuat dil və üslub baxımından çox böyük bir inkişaf yolu keçmiş, özəlliklə tarix, ədəbiyyat və mədəniyyət yazılarında milli ruhun fədakar ocaqları asta-asta közərmişdir. 70-80-ci illər mətbuatı o dövrə xas olan qısa intibah ruhunu izləmək baxımından çox maraqlıdır. Bu baxımdan “Ədəbiyyat və incəsənət”, “Molodyoj Azərbaycana”, “Odlar yurdu”, “Elm”, “Səhər”qəzetində”, “Gənclik” jurnalında millətin taleyi ilə bağlı bəzi cəsarətli yazıları xatırlamamaq ədalətsiz olar. Lakin bu epizodik yazılar mətbuatın ümumi ruhunu dəyişə bilmədi. Həmin ruhu yerli-dibli dəyişən bizim buraxdığımız “Azərbaycan” qəzetidir. Bu, Mətbuat tariximizin 4-cü mərhələsidir.
    Qəzet 1988-ci ilin noyabr-dekabr mitinqlərindən sonra bir söz inqilabı, milli düşüncə qasırğası idi. Və bir partlayış effekti yaradaraq bir gündə bütün respublikaya yayıldı. Növbəti nömrədən tiraj 100.000-ə, 1990-cı ilin əvvəlində 200.000-ə, həmin ilin ortalarında yarım milyona çatdı. İnsanlar qəzetinin hər bir nömrəsini intizarla, köşklərin qarşısında sıraya düzülərək gözləyirdilər.
    Baş redaktoru olduğum qəzetin təsisçisi Qarabağ Xalq Yardımı komitəsi idi. Əslində, bu komitə də elə mənim təşəbbüsümlə yardılmışdı.

    Qarabağda Erməni iddiaları baş qaldırdığı vaxtdan sonra birdən – birə bəlli oldu ki, Ermənilər vilayətdə Azərbaycanlılardan qat-qat yaxşı yaşayırlar. Vilayətin yerli Azərbaycan əhalisinin bir qismi qəsdən qeydə alınmır. Erməni kəndlərindən fərqli olaraq Azərbaycan kəndlərinin yolları bərbaddır. Bəzilərində məktəb, qaz, işıq yoxdur. Bu kəndlərin müqavimətin artırmaq üçün təcili işlər görülməli idi. Buna görə Azərbaycan ziyalılarının bir qismi aktyor evində keçirilən toplantıda belə bir komitənin yaranmasını rəy birliyi ilə qəbul etdilər. Bu işin əsas təşəbbüskarı kimi komitənin sədri olmağı mənə təklif olundu. Lakin mən, bundan imtina edib qəzet buraxacağımı bildirdim. Müstəqil bir qəzet buraxmaq çoxdankı arzum idi. Mərhum İsmayıl Şıxlının, Tofiq Bağırovun, İmam Mustafayevin, Qabilin təklifi ilə o vaxt Ağdamda olan Bayram Bayramova zəng vurub komitənin sədri olmasına razılığınıaldıq. İndi Qarabağ əldən çıxandan sonra bu barədə danışmaq ağırdı. Amma qısa müddətdə komitənin köməyi və təşəbbüsü ilə Vilayətin azərbaycanlılar yaşayan 52 kəndində siyahıyaalma aparıldı. Bu kəndlərin inkişafı ilə bağlı proqram hazırladıq. Xocalının yenidən qurulması başladı. Bir neçə kənddə məktəblər tikildi, yollar çəkildi. Təəssüf ki, komitənin topladığı bütün materiallar yox edildi, dağıdıldı.

    “Azərbaycan” qəzetinin ilk nömrəsi oktyabr ayının 5-də çap olundu.
    Birinci nömrədə oxuculara müraciətlə məqsəd və məramımızı aydın ifadə etmişdim:
    “İlk nömrəsini əlinizə aldığınız bu qəzet, müqəddəs Azərbaycan adını daşıyır. Bu o deməkdir ki, Qarabağa Xalq Yardımı komitəsinin qəzeti olsa da, “Azərbaycan” qarşısında bir vilayətin, bir dərdin çərçivəsinə sığmayan daha geniş məqsədlər qoyub. Onun simasını öz adı müəyyənləşdirir. Bizim təcrübəli və böyük adaşlarımız olub. Və biri indidə var – “Azərbaycan” jurnalı.
    Qəzetimiz çalışacaq ki, böyük həmkarlarının gözəl, dəyərli ənənələrini davam və inkişaf etdirsin.
    … İnqilab dövrünün mətbuatı, yeni, cəsarətli aşkar sözün, inqilabı sözün carçısı olmalıdır.
    “Azərbaycan” qeyrət və cəsarət kürsüsünə çevrilməlidir. Başlanan böyük ümumxalq hərəkatına güzgü tutmaqla qəzet demokratik fikrin , milli şüurun inkişafına təkan verməlidir”.
    Baş redaktor olduğum iki ildən artıq müddət ərzində bu vədimə sadiq qaldım.
    Qəzetə çox mötəbər bir redaksiya heyəti toplamışdıq: Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Əlyar Səfərli, Ziya Bünyadov, İsmayıl Şıxlı, Yaşar Əliyev, Nadir Cabbarov, Rüstəm Behrudi, Cümşüd Nuriyev, Fəridə Məmmədova, Firudin Cəlilov, Firudin Abbaslı, Elmira Axundova.
    Əhməd Elbrus baş redaktor müavini ,Şərif Kərimli qəzetin məsul katibi idi.
    Redaksiya heyətinin 6 üzvü sonralar müstəqillik aktına imza atan istiqlalçı deputatlar sırasında idilər.
    1-ci nömrəmizdə İsmayıl Şıxlının, Bayram Bayramovun azərbaycanca, Bəxtiyar Bahabzadənin rusca iri həcmli parlaq yazıları verilmişdi. Sovet ordusunun Qarabağda Azərbaycanlılara qarşı törədilən vəhşiliklərə reakar və biganə münasibətini əks etdirən şəkillər və məqalə bütün rəsmi dairələri silkələmişdi. Rüstəm Behrudinin sonralar geniş yayılmış “Salam, dar ağacı” şerini də birinci nömrəmizdə çap etmişdik.
    2-ci nömrəmizdə xalq yazıçısı İlyas Əfəndiyevin, şair Məmməd Aslanın , tarixçi Mahmud İsmayılovun, hüquqşünas Yaşar Əliyevin kəsərli yazıları verilmişdi. Növbəti nömrələrin birində Nəriman Nərimanovun Stalinə o vaxta kimi üzə çıxarılmayan məktubu dərc olunmuşdu.
    Qəzetin fəal müxbirləri arasında Anarın, Asif Əfəndiyevin, Elmira Axundovanın, Vilayət Quliyevin, Cəmil Əlibəylinin, Haci Hacıyevin, Əhmədağa Muğanlının, Firudin Şuşalının, Nasiman Yaqublunun, Yaqub Mahmudlunun, Rəhim Əliyevin, Süleyman Əlyarlının, Eldəniz İbrahimovun, Mir Şahinin, Elman Gədiklinin, Asif Rüstəmlinin, Məşədixanım Nemətovanın, Yusif Seyidovun, Emin Mahmudovun, Emin Ağayevin, Fərhad Ağamalıyevin, Qulu Xəlillinin, Qabilin, Murtuz Sadıqlının, Yəhya Məmmədovun, Vaqif Sultanlının, Vahid Axundovun adları xüsusi minnətdarlıqla qeyd olunmalıdır. Məncə bunlar titil və elmi adlarının sadalanmasına ehtiyac olmayan böyük ziyalılarımızdır.
    Bu məclisdə qəzetin məsul katibi Şərif Kərimli və rəssamı Fikrət İbrahimov , şöbə müdirləri və əməkdaşlarından Rüstəm Behrudi, Mirşahin, Əlinasir İmanlı və başqaları iştirak edirlər. Onlara bir daha təşəkkür edir və bütün dünyasını dəyişmiş əməkdaş və müəlliflərimizə Allahdan rəhmət diləyirəm. Qəzetin çapına nə qədər əngəllər yaradıldığı və mənim nə qədər zülm çəkdiyim barədə çox danışmışıq. Qısaca onu bir daha vurğulamaq istəyirəm ki, ilk nömrə çıxan kimi məni Əbdürrəhman Vəzirovun yanına çağırdılar, qəzəbindən otağa sığmırdı, şikarını parçalamaq istəyən canavar kimi böyür-başımda fırlanır, rəngli qələmlərlə başdan ayağa işarələnmiş səhifələri cıraraq yumalayıb üstümə atırdı. Mən də onları havada tutub qucağıma yığırdım. Onu qəzəbləndirən bu idi ki, qəzet artıq gedib Mixail Qorbaçova çatmışdı, Moskvanın töhmətini almışdı. Mən də inadla deyirdim ki, buna əsəbiləşmək yox, sevinmək lazımdır, qoy bizim səsimizi də eşitsin.
    Baş redaktor olduğum iki ildə bir dəfə yandan çıxan yük maşını mənim maşınımı vurub Azərbaycan otelinin divarına yapışdırdı, ikinci dəfə oğurlayıb qəbiristana apardılar və yazıb silgəcin altına qoydular ki, bu gün maşının gəldi, sabah özün gələcəksən bura, üçüncü dəfə həyətdəcə şüşələrini sındırıb içində axtarış apardılar, nəhayət, “onları ölümlərinə vurun!” tapşırığı ilə AXC-nin qərargahında başımızı yardılar. Ancaq mən elə başıyaralı məclisimizdə iştirak edən hörmətli İsa bəylə cəbhəçilərin qabağında Azadlıq meydanını dövrələmiş hərbi maşınların üstündən aşıb “Qayıtdıq” qışqıra-qaşqıra Azadlıq meydanının tribunasına çıxmışdıq. Moskvada SSRİ-nin varlığına xitam verən sonuncu Ali sovetin sesiyasında da elə başı sarıqlı iştirak etmişdim. Təkcə o tarixi sesiyada iştirakçı olmaq, Şər imperiyasının sonunu görmək bəs edirdi ki, bütün çəkdiyimiz əzablar bir zövqə, ömrün hədiyyəsinə çevrilsin.
    1992-ci ilin sentyabrında, Azərbaycan qəzetinin tarixi statusunun bərpası niyyətilə o vaxtkı Milli Şuranın sədri İsa Qəmbərə müraciət etdim və “Həyat” qəzeti, “Azərbaycan” qəzeti ilə əvəz edildi. Qəzetin bundan sonrakı taleyini özünüz bilirsiniz.
    İndiki “Azərbaycan” qəzetinin rəsmi saytında yazılır: “Qarabağ Xalq Yardımı komitəsinin nəşri Azərbaycan adlansa da, onun rəsmi dövlət qəzetinə heç bir aidiyyəti olmayıb”.
     
    Sanki bizim belə bir iddiamız var və sanki 30 il bundan əvvəl millətin dərdini car çəkən milli qəzetimizi rəsmi dövlət orqanı saymaq istəyirik. Bu həqiqətdən çox-çox uzaq iddiadır. Amma “Azərbaycan” adını parlamentə verməyimizlə bağlı müraciət məktubumuzu necə inkar etmək olar? Əvvəla o vaxt Azərbaycanın rəsmi qəzetləri “Kommunist”, “Bakinskiy raboçıy”, “Sovet kəndi” idi və biz bunlarla yan-yana dayanmaq niyyətində deyildik. Heç indi də yenidən qəzetçilik eşqinə düşsəm, rəsmi dövlət qəzeti buraxmaram. Mən millət qəzeti buraxmışam!.. Xalqın taleyinə güzgü tutan, onu mübarizəyə səsləyən, müstəqilliyin qaçırılmaz olduğunu göstərən, hakimiyyəti eninə-uzununa tənqid edən sözümüz rəsmi orqan ifadəsinin çərçivəsinə sığmazdı. Biz 1918-1920-ci illərdə çıxan Azərbaycan qəzetini öz sələfimiz sayırıq. Məzmununa, milli iddialarına və dövlətçiliyə xidmətinə görə. lakin indi çıxan “Azərbaycan” Üzeyir Hacıbəylinin başladığı və bizim də davam etdirdiyimiz yoldan uzaqlaşdığına görə bizim sələfimiz sayıla bilməz! Mətbuat üçün rəsmi və ya qeyri-rəsmi olmaq önəmli deyil. Millətin sözün demək və onun yoluna işıq tutmaq önəmlidir. Üzeyir bəy öz “Azərbaycan” qəzeti haqqında yazırdı: “Qəzetimiz firqə qəzeti deyildir. Azərbaycan qəzetinin məsləki vətən istiqlalı uğrunda çalışmaqdan ibarətdir.”
    Onun redaktəsində “Azərbaycan” azərbaycançılığın və istiqlal idealının qəzeti idi. Bu sözləri eynilə bizim qəzetimizə də aid etmək olar. Bu gün dövlət qəzeti kimi təqdim olunan qəzetlərin çoxu, təəssüf ki, həyatımızın yalnız bir üzünü, iqtidar üzünü, nikbin, toy-bayramlı, şişirtmə mədhiyyələrlə dolu, Qarabağı həftələrlə yada salmayan üzünü görür. Xalqın böyük hissəsini, müxalifət düşərgəsini, milli birliyimizə aparan yolları və bu birliyin zərurətini görmürlər. Bunu görməyən insanların şəstlə dövlət adından danışma haqları yoxdur. Bu mənada eyni adı daşıya biləcək qəzetləri bir-biri ilə qətiyyən müqayisə etmək olmaz. Bizim qəzetimiz iki dildə çıxan və millətin bütün təbəqələrinin həyatını əks etdirməyə çalışan, tarixən tutmuş Qarabağ savaşınadək, son dərəcə geniş mövzuları əhatə edən əsil millət qəzeti idi. Bugünku “Azərbaycan” yalnız parlamentin və yalnız Yeni Azərbaycan partiyasının qəzetidir, rəsmi məlumatlar toplusudur. Bu işin də öz əhəmiyyəti var, ancaq bunun Üzeyir bəy Hacıbəyli yoluna aidiyyəti yoxdur. Yəni Üzeyir bəyin göstərdiyi istiqamətin əksinə, bir firqə qəzetinə dönüşmüşdür.
    Həsən Bəy Zərdabinin “Əkinçi”si də dövlət qəzeti deyildi. “Həyat” qəzeti də, “Molla Nəsrəddin” və “Füyzat” jurnalları da. İndiki “Azərbaycan” qəzetinin iddiaları əsas götürülsə onda gərək, bu nəşrlər rəsmi jurnalistika tariximizdə heç yada salınmasın. Çünki, məhz bu iddiaları əsas götürülərək Azərbaycan qəzeti 100 illik yubileyini qeyd edərkən heç bir yerdə bizim buraxdığımız “Azərbaycan” qəzetinin adı çəkilmədi. Qəzetin yubileyi ilə bağlı kitab buraxıldı. Milli Məclisdəki bir çıxışımda həmin kitabı indiki baş redaktorun ailə albomu adlandırmışdım. Uzaq tarixlər saxtalaşdırılanda bəhanə tapılır, amma yaxın tarixi görməzdən gəlməyin bir adı var – “Saxtakarlıq və nankorluq!”
    Maarifçiliyin yüksəliş dövründə sözə və mətbuata azadlıq yolunun bələdçisi , xalqın nicatı kimi baxır, millətin formalaşmasında mətbuatı əsas güc sayırdılar. Bu gün mətbuatın əhəmiyyəti daha da artmışdır. Lakin sosial medianın həm də dağıdıcılıq gücü ortadadır. İnsanlar təklənir, mənəvi dəyərlər ayaq altına atılır, məsuliyyət hissi itir, söyüş və yalan ritorikası baş alıb gedir, azadlıqla, cəsarətlə əxlaqsızlıq arasında fərq itir. Mənə görə Azərbaycan üçün maarifçilik erası hələ bitməmişdir. 145 illik mətbuat tariximiz və üst-üstə cəmi 20 il sürən müstəqil dövlətçiliyimiz mətbuatın və maarifçiliyin millətin önündə aça biləcəyi böyük perspektivləri və vahid böyük ideologiyanı milli şüurun əsasına çevirə bilməmişdir. Buna görə də milli mətbuat hələ də bizim humanitar fəaliyyətimizin ən mühüm və zəruri sahələrindən biri olaraq qalmaqdadır.
    Son olaraq bir daha milli azadlıq hərəkatının o qızğın və ümidlərlə dolu illərinə qayıtmaq istəyirəm.1991-ci ilin oktyabrında Ayaz Mütəllimov məni çağırıb, mətbuat komitəsinin sədri vəzifəsini təklif edəndə ona “Əgər bu yolla “Azərbaycan” qəzetinin səsini batırmaq istəyirsizə, bu mümkün olmayacaq” demişdim. O, “qətiyyən belə bir fikrim yoxdur, əksinə, Xalq hərəkatının ziyalı liderlərindən bir neçəsini , onların peşəsinə uyğun vəzifələrə cəlb etməklə arada körpü salmaq , qüvvələrimiz birləşdirmək istəyirəm” demişdi. Bu təklifi Xalq cəbhəsinin idarə heyəti və rəhmətlik Elçibəylə müzakirə etmişdik. Hamının fikri bu idi ki, təklifi qəbul etmək lazımdır. Çünki, komitədən mətbuat orqanları üçün lisenziya almaq mümkün deyildi. Mən bu təklifi qəbul etdim. Komitəni nazirliyə çevirdik. Qısa müddətdə “Azərbaycan” davamçıları yarandı. 20-dən çox televiziya, 25-dən çox informasiya agentlərinə lisenziya verdik. Qəzetlərin sayı 525-i keçdi.
    Azərbaycan qəzetində qaldırılan bir çox problemlər elə müstəqilliyimizin ilk illərindəcə öz həllini tapdı: Bütün bunları biz o vaxt çiyin-çiyinə yol getdiyimiz dostlarımızla birgə etdik. Sevinirəm ki, bu gün onların bəziləri bu salondadır.
    Söz azadlığı, milli dövlətin möhkəmləndirilməsi arası kəsilməyən uzun bir prosesdir. Və bu yolda hələ görüləsi işlərimiz çoxdur.
    Sözümü 30 il öncə “Azərbaycan” qəzetinin ilk sayı çıxandan sonra yaşadığım həyəcanın ifadəsi olan bir şeirlə yekunlaşdırmaq istəyirəm.
     
    AZƏRBAYCAN QƏZETİNƏ GÖZAYDINLIĞI
     
    Gözün aydın, ay düz sözüm,
    təmiz sözüm, –
    Yolun açıq…
    Qorxulardan, hədələrdən
    qop azacıq!
    Gey əyninə qandallardan
    qançır olmuş qanadını.
    Yığ gözünə zirvələri
    aşa bilmək inadını!
    Yüz əsrlik çeşmələrin
    gözünü aç!
    Üfür külü!
    Bu ocağın közünü aç!
    Sən Xətai harayında
    döyüş idin,
    Sən Nəsimi dodağında
    İlahiylə görüş idin.
    Sən Fizüli zirvəsində
    möcüzəydin,
    Sən Sabirin səngərində
    Cəmi şərlə üz-üzəydin!
    Dədə Qorqud hikmətinə
    çata bilsən
    Ətalətdən silkələnib,
    Yorğunluğu ata bilsən,
    Yenə elə aşıb-daşan
    okeansan!
    Köləliyin başı üstə
    bir tufansan!
    İldırımsan, yaxacaqsan!
    Sən bu zülmün sarayını
    yıxacaqsan!
    Qatıq ağmış,
    kömür qara! –
    Sən bir azca düzgünlük səp
    dodaqlara.
    Qoy xəcalət çəksin bir az
    mədhiyyəçi xəbərçilər!!
    Sən qardaşlar ürəyinə
    rəhm çilə!
    Qılınca dön, qurşuna dön,
    Bu padşah ordu sevmir,
    Sən silahlan, qoşuna dön!
    Boğazına kəfən dola,
    Əzabları al gözünə.
    Ürəyini qalxan elə
    Hər gün böhtan süngüsünə!
    Şər minüzlü,
    şər ayrılmaz.
    Al qanını üzünə tut,
    Ümidini yarana bas!
    Bir vaxt düşmən
    səni boğdu,
    Bu gün tarix səni doğdu.
    Bu gəlişin əbədilik,
    bu gəlişin biryolluqdu!
    Sən yetmiş il
    Ürəyimi deşən sözüm,
    İki yüz il məqam gəzən
    ac həqiqət –
    sısqa bir şam,
    Mən bir ömrü yol gözləyib
    öz haqqımın
    zərrəsini qazanmışam!…
    İlk sayında bomba gücü,
    zəlzələlər tərpənişi.
    Sanki tilsim qırılıbdı
    əjdahanın sınıb dişi.
    Kabinetlər silkələnir,
    telefonlar zingildəyir.
    Yer titrəsə tərpənməyən
    bir sözümdən dingildəyir.
    Səhifələr qan-qırmızı,
    Hər baxanın yüz əmması
    Qan içəndə qorxmayanın
    Sözdən qorxan müəmması!..
    Yumaladı Əbdürrəhman
    səni üzümə tuşladı
    Polyaniçko qəzəbindən
    qarnın tutub naxoşladı.
    Qatıb bizi qabağına
    hərə bir yandan xışladı.
    Hədələrdə cəllad hökmü;
    Moskvanın əmri qəti:
    “Öz ömrünü qapadarsan
    Qapatmasan bu qəzeti!”
    Dedim: Sizin bu dünyadan
    Xəbəriniz yoxdur deyən.
    Millətinə haqq istəyir
    Millətimi qul eləyən.
    “Əzilirəm!” deyir mənə
    məni əzən.
    Kim biləcək sən haqlısan
    öz haqqını söyləməsən.
    … Yenə dişlər şaqqıldadı, –
    Ağıl verir
    başı ağla həsrət çəkən
    fikri sönmüş kösöy olan
    Kürsülərin kölgəsində
    Hər böyüyə kürsəy olan!…
    Atıldım çölə balıqtək
    son əlacım bir damla su…
    Gördüm sinəmi böyüdür
    Böyüyün hədə-qorxusu!
    İndi daha yalvarışdı
    uzaqlarda qalan səsi!
    Bir dəfəlik dağılmışdı
    Bu ağ evin vahiməsi.
    Gördüm adın dillərdədir,
    məlhəm gəzir qanlı yara.
    Bayraq kimi taxılmısan
    hər tin başı divarlara!
    Dedim, sözüm, gözün aydın,
    millətimin güvəncisən!
    Çox olacaq zirvə aşan,
    Bu zirvədə birincisən!..
    Gözün aydın, “Azərbaycan”,
    Döyüş himnim, alın yazım
    Mən dözərəm hər əzaba,
    Təki səsim alınmasın!
  • Sabir Rüstəmxanlı imza günü keçiriləcək- FOTO

    Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının imza günü keçiriləcək.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlının yeni çap olunmuş “Astar” kitabının imza günü keçiriləcək. İmza günü 24 noyabr 2018-ci il, saat 18:00-da “Qanun” Nəşrlər Evinin “Park Bulvar”da keçirilən kitab yarmarkasında təşkil olunacaq.

    Xalq Şairi Sabir Rüstəmxanlı özünün “facebook” səhifəsində yazıb ki, kitablarımla maraqlananları, dostlarımı, VHP- çiləri və DAK- çıları imza şöləninə dəvət edirəm. Onlar “Şair və şər”, ” Difai fədailəri”, “Akademikin son əsəri”, ” Astar”, ” Əbədi sevda” ,” Milli taleyimiz və biz” kitablarımı əldə edə bilərlər.

    Qeyd edək ki, “Astar”ın imza günündə Xalq şairinin digər kitablarını da əldə etmək mümkün olacaq.

  • Sabir Rüstəmxanlının yeni kitabı çıxdı – “ASTAR”

     

    Azərbaycanın Xalq şairi, VVP sədri Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub.
    BakuPost xəbər verir ki, “Astar” adlanan kitabda müəllifin iki kiçik həcmli romanı (“Uşaqlığa dəyən güllə”, “Astar”) və hekayələri toplanıb. Bu əsərlərin əksəriyyəti çoxdan yazılsa da, oxuculara ilk dəfə təqdim edilir.
    “Astar” adı kitabın ümumi ruhunu dəqiq ifadə edir; həm romanda, həm hekayələrdə müəllifi öz ədəbi qəhrəmanlarının gizli yaşantıları, həyatın görünməyən, astar tərəfi aha çox maraqlandırır.
    “Qanun”da çap olunan kitabı nəşriyyatın özündən və Bakının kitab mağazalarından əldə etmək olar.

    Bütöv yazını göstər
  • Tanıdığımız və tanımadığımız Dağıstan.

    Sabir Rüstəmxanlı

    “Yaxın qonşu uzaq qohumdan irəlidir”- deyirlər.

    Ölçülər dəyişilib, uzaqlıq, yaxınlıq anlayışları da əvvəlki mənasını itirib.
    Dağıstan yaxın qonşumuz olmaqla, əhalisinin böyük bir hissəsi həm də bizə “qohumdur”. Tarixin bir çox qanlı-qadalı yollarında bir yerdə yürümüşük. Arada çaydan, dağdan başqa ayrıc olmayıb. Siyasi xəritələr dəyişilsə, sərhədlər gah Dərbənddən, gah da onun o üz bu üzündən keçsə də mənəvi sərhədlər dəyişilməyib. Biz bir dövlətin tərkibində olanda da olmayanda da din, adət-ənənə , mənəvi dəyərlər, yaşam tərzi bizi eyni doğmalıq çərçivəsində saxlayıb, üstəlik Rusiyanın işqalına qədər yüzillər boyu Dağıstan ərazisinin böyük bir hissəsi və Azərbaycan bir dövlətin tərkibində olublar. Dağıstan xalqlarının əsas ünsiyyət dili qıpçaq və Azərbaycan türkcəsi olub.
    Bu bölgə xalqlarının dostluğu, eyni taleyi paylaşmaları, dar gündə bir-birinə arxa olmaları , daim bir-birlərinə doğru can atmaları, fitnəyə uymadan bir-birinin əlini buraxmamaları , qarışıq ailələlər haqqında saysız örnəklər gətirmək, cildlərlə kitab yazmaq olar. Şərqi Qafqaz bu baxımdan dünyanın çox nadir bir yeridir və bu qədər xalqın bütün iddəalara, fitnəkarlıqlara baxmayaraq bir arada yaşaya bilməsi ən yüksək sayqıya layiq, möcüzəli bir işdir. Lakin yeni nəsillərdə Avropa, Qərb heyranlığı gücləndikcə , uzaq olanlar daha cazibədar göründüyündən bəzən yaxından olanlara az maraq göstərildiyini də etiraf etməliyik; halbuki insanlığın, mənəvi ucalığın, mərdlik və kişiliyin elə ölçüləri var ki, onları öz aramızda, qonşuluğumuzda axtarmalıyıq və bu meyarlar nəzərə alınmadan dünyada nəyin yaxşı nəyin pis, nəyin gərəkli nəyin gərəksiz olduğunu anlamaq olmaz. Bu düşüncə ilə yanaşanda biz, yaxın qonşularımızı və qohumlarımızı nə dərəcədə tanıdığımızın hesabını aparmalıyiq. Bugünkü Güney Azərbaycanı nə qədər tanıyırıq? Yaxud tarix boyu dünyanın maraq dairəsindən çıxmamış Qafqazı, öz mənbələrimiz və tariximiz müstəvisində incələyən neçə kitabımız, bələdçi qeydlərimiz var?

    HAŞİYƏ. Dağıstanda bir dostumuz, eyni mənim kimi, yaxın qonşularımızla az maraqlandığımızı dilə gətirib çox həssas bir mövzuya toxundu . Ermənistanın tarix boyu Azərbaycan türkləri ilə iç-içə yaşamış ləzgilər və başqa azsaylı xalqlar arasında necə işlədiyi, hansı xəyanətkar planlar qurub, arada soyuqluq yaratmaq üçün hansı oyunlardan çıxdıqlarını, vaxtilə “Sadval”a necə yardım etdiklərini xatırladaraq bu prosesin Dağıstanda və Moskvada indi də davam etdiyini bildirdi. Yüzillər boyu ayrı seçkiliyimiz olmayan qardaş xalqlarla aramıza şeytanların girməsinə imkan vermək olmaz. Onlar PKK və Azərbaycandan kənarda Talış separatçıları ilə də eyni senari üzrə də çalışırlar. Bir-birimizi yaxından tanımaq, həm də bu təxribatların qarşısın almaq üçün vacibdir.

    YARIM ƏSR UNUDULMAYAN XATİRƏ. Universitetin 4-cü kursunda oxuyanda məni Ufaya , Başqırğızıstan universitetində keçirilən Ümumittifaq tələbə elmi konfransına göndərmişdilər. Azərbaycan poeziyası haqqında məruzə etmişdim. Geri dönərkən cibimdə xırda-para yol xərclərinə yetəcək pulum da vardı. Ancaq Moskvada biletimi qeyd elətdirəndə əlavə ödəniş məsələsi çıxdı ortaya. Elə bil cibimin sonucu qəpiyinə kimi hesablamışdılar. Qatara mindim, lakin qarşıda iki günlük yol var idi. Yataq dəstini, çayı, yeməyi unutmaqdan başqa yol qalmamışdı. Vaqon yeyir-içir, kupelerin açıq qapılarından sağlıqlaq yüksəlir… Vaqon bələdçisi təmiz yataq mələfəsi gətirir – imtina, çay gətirir- imtina, qonşularım süfrə açır – bir bəhanə ilə küpedən çıxıram. Ətrafda hamı bakılı, azərbaycanlı amma bir nəfər də tanıdığım yox. Küpe yoldaşlarım Dağıstandan gənc bir ailədir, Moskvada aspiranturada oxuyurlar, söhbətimiz tutur, dostlaşmışıq. Lakin aclığımı və pulsuzluğumu onlardan gizlədirəm. İkinci gecə yarıyuxulu onların pıçıltısını eşitdim. Xanım deyir oyadaq, yoldaşı deyir oyatmayaq, qoy yatsın. Mən bu hadisəni eşidirəm, ancaq oyanmaq halında deyiləm. Nə isə. Yenidən yuxuya getdim. Səhər oyananda qonşularımla xudafizləşə bilmədiyimə görə təəssüfləndim. Ancaq bu zaman gözüm masanın üstündəki kefir şüşəsinə sataşdı. Yanında tələsik, amma nəzakətlə yazılmış bir məktub: – “Sabir, biz Mahacqalada enirik. Tanışlığımıza çox şad olduq. Bu xırda yardımımızdan imtina edəcəyini düşünüb səni oyatmadıq. Bir daha görüşmək arzusuyla”…
    Bir şüşə kefir, bir bulka və məktubun altında 3 rubl pul. İki günlük aclıqdan sonra bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bir manat yatağa, qalan iki manat isə doyunca çay içməyə bəs edir.
    Bir daha görüşə bilmədik. Amma bir ömürdür bu xatirə mənimlə yol gəlir və həmişə xəyalımda Dağıstanın gənc və həssas siması kimi yaşayır. Bəzən bir insan və bir ailə öz yurdunu başqalarına bu şəkildə dost edə bilir.

    * * *

    Bir çox dəyərlər var ki, bizim ümumi sərvətimizdir. Bununla fəxr etməli və bir yerdə qorumalıyıq. Dərbənd bu gün Dağıstan şəhəridir. Lakin Azərbaycan tarixinin, ədəbiyyat və mədəniyyətinin, quruculuq qüdrətinin və yaddaşının ayrılmaz bir parçasıdır. Tarix boyu Quzeylə Güney sərhəddi Dərbənd divarları olub. Əfsanəyə görə bu divarlar Çin səddi kimi dağların başıyla Xəzərdən Qara dənizə kimi uzanırmış. Neçə minillik tariximiz yatır orda. Moskva höküməti araşdırmadan, dərindən öyrənmədən və ya qəsdən Dərbəndin 2000 illik yubileyini keçirdi. Guya Qara dəniz sahillərində təməlini yunanlar qoymuş şəhərlər Dərbənddən daha qədimdir. Onda günah yoxdur. Bildikləri bu qədərdir. Bilmirlər ki Dərbəndin yaşı 2000 il yox 5000 ildir. Ancaq daha öncəki 3000 il Moskvalıq deyil. 2000 il öncənin qədim tarixini biz bilirik və biz qutlamalıyıq. Sizin, bizim söhbətini bir kənara qoyub, başqa xalqlarla bir yerdə şəhərin mədəniyyət abidələrini qorumalıyıq. Dərbənddə Bakı günləri, Bakıda Dərbənd günləri keçirmək, məktəblilərin qarşılıqlı səfərlərini təşkil etmək, Dərbənddəki Azərbaycan türklərinin təhsil və mədəniyyət ocaqlarına qayğı göstərmək , tarixin yadigarlarını qorumaqda Dağıstan hökümətiylə anlaşıb birgə fəaliyyət göstərçmək lazımdır.
    Azərbaycanda bir parça Dağıstan, Dağıstanda bir parça Azərbaycan varsa bu, arada körpü rol oynamalıdır.

    2-ci hissə
    KİTAB FESTİVALI. Mahacqalada “Tarki-tau (dağ adıdıdr) – 2018 “ adı altında keçirilən VII Uluslararası Kitab festivalına məni festivalın əsəs təşkilatçıısı Marat Hacıyev dəvət etmişdi. Gedəcəyimi Mahacqaladakı Azərbaycan Milli-Mədəni Muxtariyyati də bilirdi. Cəmiyyətin sədri Rakif Əzizov demək olar ki, bütün yol boyu bizi nəzarətdə saxladı və qarşımıza çıxdı. Onun istəyi ilə “Yurmala”adlı balaca, lakin gözəl bir oteldə yerləşdik, bizi festival təşkilatçılarının öhdəsinə buraxmadı.
    Moskvada yaşayan köhnə həmkarım, əslən Dərbəndli olan tat yazarı Mixayıl Dadaşov da səfərimizdən xəbər tutub və onun adından Fərhad Seyidov yazır, bizi Dərbəndə dəvət edir.
    Festivalda kitabların sərgilənməsi və satışı ilə yanaşı 3 gün ərzində çeşidli müzakirələr keçirilir, yeni kitablar təqdim edilir və müəlliflərin çıxışları dinlənilir. Tərcümə işi və dillərin sözlük problemi ilə bağlı Moskva, Belorusiya, Quzey Qafqaz alimlərinin və ədəbiyyatçılarının iştirakı ilə keçirilən müzakirələr maraqlı idi. Amma mənim üçün ən dəyərlisı balkar xalq şairi Qurtulanı Salehin( Saleh Qurtiyev) 80 illik yubileyinin qutlanması və onun çevirməsində balkar dilində çıxmış “Kitabi- Dədə Qorqud”un təqdimatı idi. Saleh ömrünün mühüm bir hissəsini tərcümə işinə həsr edib. Puşkinin “Yevgeni Onegin”, Şota Rustavellinin “Pələng dərisi geyinmiş pəhləvan” əsərlərini ana dilinə tərcümə edib. Çıxışından bəlli oldu ki, Dədə Qorqud boylarını özəl bir sevgi ilə, heyranlıqla çevirib. Bircə gün də işdən ayrılmayıb. Tərcüməyə başlarkən xəstə olsa da Dədə Qorquddakı qədim türk ruhu onu sağaldıb. Dastan ona öz ana dilinin də bəzi sirlərini dərk etməkdə yardımçı olub.
    Qocaman şair festivala əsərlərinin beş cildliyini də gətirmişdi. Tərcüməyə ayrılmış üçüncü cilddə balkarca mənim də bir silsilə şerim verilib.
    Mən çıxışımda Azərbaycan-Dağıstan ədəbi- mədəni əlaqələrlə yanaşı Dədə Qorqud boylarının dünya ədəbiyyatındakı yerindən , onun Dağıstanla da bağlı olduğundan , Azərbaycan dilinin Dərbənd dialektinə yaxın bir dildə yazıldığından danışdım. Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətinə görə Saleh Qurtiyevə Dünya Azərbaycanlıları Konqresinin təşəkkür bəlgəsini təqdim etdim, şeir oxudum.
    Qafqaz Yazarlar klubu adından mənə klubun fəxrlik üzvülük bileti təqdim edildi: “Sizi Qafqaz yazarları arasında daha tez-tez görmək istəyirik” dedilər.
    Həmin gün Saleh Qurtiyevin narahatlığı gözümdən yayınmadı. Səbəbini gizlətmədi. “Nalçikə qayıtmalıyam. Aranı qarışdırıblar, Allah eləməsin qan düşsün.” Açıq deməsə də kabardinlərlə balkarların münasibətlərinin gərginləşdiyini anladım. Bu, Sovet rejiminin Quzey Qafqaz türklərini parçalamasının, balkarları yerindən-yurdundan qoparıb Qırğızıstana. Qazaxistana surgün etməsinin nəticəsidir.
    Yazıq şairlər. İnsanların bütün ağrıları və faciələri onların içindən keçir.
    AZƏRBAYCANLILARIN MİLLİ-MƏDƏNİ MUXTARİYYƏTİ
    Dağıstanda yerli türklərdən başqa iş dalınca Azərbaycandan gələnlər də çoxdur: bazar, restoran, tikinti… Təəssüf ki çoxu bu səviyyədə çalışır. Amma aralarında tanınmış ziyalılar da var. Məsələn, festivalın keçirildiyi Rəsul Həmzəyev adına Dağıstan Milli kitabxanasının direktor müavini və festivalın əsas təşkilatçılarından biri Ağdamlı Sara Cəbrayılovadır. Bütün günü diqqəti üstümüzdə idi.. Gözəl , ağıllı, təəssübkeş bir qadındır. Yoldaşı Ədliyyə Nazirliyində işləyir.
    Azərbaycanlıların milli muxtariyyətinin sədri Rakif Əzizovu çoxdan tanıyıram. DAK-ın fəalliyyəti ilə bağlı ara-sıra zəngləşirik. 30- ildən çoxdur Mahacqalada yaşayır. Bütün bu illər ərzində daim Azərbaycanla Dağıstanın mədəni, iqtisadi əlaqələrinin güclənməsinə çalışıb. Bütün tarixi günlərimizi yüksək səviyyədə qeyd etməklə Azərbaycanlıları bir araya gətirməyə çalışır. Cəmiyyətin fəaliyyəti Respublika təşkilatlarının 50-dən çox fəxri fərmanı ilə dəyərləndirilib. Bu yaxınlarda Rakif Əzizov Respublika başçısının fərmanı ilə Xalqlar dostluğu ordeninə laiq görülüb. Onu Mahacqalada ağsaqqal kimi tanıyır və sayqı göstərirlər; Dağstan höküməti yanımda Millətlərarası iş üzrə şuranın üzvüdür. Bununla belə, qayğıları da başdan aşır. Moskva uzaqdır, məncə Mahacqalada Azərbaycan konsulluğunun açılması vacibdir. Çünki Rusiyadan gələn bütün yollar burdan keçir. Çətinliklərin həlli üçün də son ümid yeri buradır. Azərbaycan cəmiyyətinə ən çox müraciət edən, vətənə qayıtmaq istəyən insanlardır. Sovet dövründə gedənlər, qaçqınlar, köçkünlər var. Sənədləri köhnəlib, yenisini ancaq Azərbaycanda ala bilərlər. Hər adamın da Moskvaya getmək, səfirliyə müraciət etmək imkanı yoxdur.
    Rakif Əzizov bu adamların bəzilərinin yaşadığı şəraiti və xahişlərini videoya çəkib. Bu videoları ikili duyğu ilə izləyirəm. Vətənə dönmək istəyi anlaşılandır. Hökmən bir yol tapılmalıdır. Yaşa dolmuş kişilərə baxanda başqa fikirlər də keçir ürəyimdən: Məgər bunların hamısı iş dalınca getmişdilər? Axı ailəsini , ev-eşiyini atıb yad qucaqlarda öz yuvasını undanlar da var. İndi qocalıb, əldən düşüb, heç kimə lazım olmayanda vətən deyib sızıldayırlar: “Qayıdıb vətəndə ölmək istəyirik.” Vətənə ölməyə yox, yaşamağa və yaşatmağa, Vətənin taleyi üçün mübarizə happy wheels demo aparmağa qayıdarlar. Öləndən sonra torpaq hər yerdə torpaqdır.

    ŞEYX ŞAMİLİ ZİYARƏT, Bu səfərimə dağları ziyarət də deyə bilərdim.Ancaq nə fərqi? Dağıstanın ən uca dağı elə Şeyx Şamildir. Bu ad 180 ildən artıqdır qəhrəmanlıq, əyilməzlik, cəsarət rəmzi kimi yaşayır və Qafqaz dağlarını şöhrəyləndirir.

    3-cü hissə
    ŞEYX ŞAMİLİ ZİYARƏT. Bu səfərimə “dağları ziyarət” də deyə bilərdim. Ancaq nə fərqi? Dağıstanın ən uca dağı elə Şeyx Şamildir. Bu ad 180 ildən artıqdır qəhrəmanlıq, cəsarət rəmzi kimi yaşayır və dağlarını şöhrətləndirir.
    Hara gedirəmsə məni ucalıqlar, dağların yüksək ruhu çəkir. Bu, qan yaddaşından gəlir.
    Mahaçqaladan Şeyx Şamilin son sığınacağı, son səngəri olan Qunibə ən kəsə yol 160 km-dir.
    Oteldən tezdən, saat 6.30 da çıxdıq. Abid, Ramazan (ikisi də Zaqatala yetirməsidir), balaca qardaşım Faiq və mən.
    Maşını sürən Abid yol boyu danışmaqdan yorulmur. Bəzən emosiyaya qapılıb, əllərini də sükandan çəkir. Ona Muğan yolları ilə getmədiyimizi xatirladıram. Uçurumları və sərt döngələri göstərib, “sən söhbətini saxla Qunibə, indi danışma!”-deyirəm. Bir xeyli susur, sonra yenə dözə bilmir: bəs bu yollar, çaylar, göllər, ərik bağları, tunellər, su elektrik stansiyası, onun yanındalı yaraşıqlı şəhərcik, süni dəryaçanın çox dadlı balığı , suyun altında qalmış kəndlər və itən abidələr, buranın igid adamları haqqında kim danışsın? İlk dolamalar və Dağıstanın köhnə paytaxtı Buynaksk arxada qalır. Az sonra qarşımızı divar kimi yeni dağ silsiləsi kəsir. Maşınla aşıb keçmək ağlasığmazdır. Ancaq 5 km.lik tunel dik yoxuşları, aşılmaz zirvələri unutdururr. Tuneldən çıxan kimi İmam Şamilin əfsanəvi yurduna – müridlərin və qəhrəmanların dünyasına düşürsən. Burada ilk ziyarətgahimiz–qayalara sığınmış bir məsçid, köhnə tikililər və parlaq bir tarixin uçuq yadigarlarıdır. Dağıstanın və Çeçenistanın ilk imamı Qazi Məhəmməd 1830-cu ilin oktyabrında dağlıların özgürlük hərəkatının başında Çar orduları ilə qeyri-bərabər savaş sonu burada həlak olmuşdur. Onu yaxınlıqda, Şeyx Şamilin kəndində dəfn etmişlər. Qayaların ətəyində həmin savaşın başqa bir xatirə lövhəsi də var. Gənc Şamil düşməndən yayınarkən qayadan bu löbhənin qoyulduğu yerə atılıb. Qayaya baxıram, heyrətlənirəm. Ən aşağı çıxıntısı belə dayandığımız yerdən çox hündürdədir. Ordan ancaq quş kimi, qartal kimi uçmaq olardı. Və Şamil də uçaraq bura enib…
    Yol imamın doğulduğu Qırmı kəndinin yanından keçir. Təəssüf ki, hərbiçilər kəndə gedən yolu kəsiblər. Orda vahabilər yuvarlanıb,- deyirlər. Ancaq mənə elə gəlir ki, burda dayananlar vahabilərdən yox, kənddə hələ də diri olan Şamilin ruhundan, bu ruhun yenidən qanadlanıb Dağıstanı tutacağından çəkinirlər. Qırmı kəndinin yanında yol haçalanır. Biri Gürcüstan və Çeçenistana, digəri süni dəryaça boyu Qunibə doğru uzanır. Dağlardakı gözəllik və əzəmət mənə Dağlıq Altay respublikasını xatırladır.
    “ERMƏNİ KONYAKI.”Yol boyu söhbətlərimizin içində xırda bir şeytan əsintisi də var. Bu erməni mövzusudur. Abid özünəməxsus bir temperamentlə : “Bəy, İkinci Dünya müharibəsinə qədər “erməni konyakı” deyilən bir şey olub? Yox, olmayıb! Almanlar Qafqaza yaxınlaşanda Moskvanın əmriylə Kızlar konyak zavodu Yerevana köçürülür. Öz nəhəng, çoxillik palıd çəlləkləriylə bir yerdə. Kızlar konyakı beləcə erməni konyakına dönüb.”
    Dağıstanda yüzə yaxın göl var. Ancaq onların ən böyüklırindən biri sahili boyu getdiyimiz süni dəryaçadır. Şaftalı , ərik bağları arasında, dağlar arasındakı kəndlərdə ilahi bir sakitlik var. Bir baxışla adamın ruhu dincəlir.
    Dağıstanla Azərbaycanın yaxınlığını Mahacqaladan uzaqda, dağların sədd çəkib qoruduğu bu sakit vadilırdə də hiss edirsən, çünki, kəndlərin, çayların, dağların, göllərin bir çoxunun adı Azərbaycan türkcəsindədir. Zaten XIX əsrin sonuna kimi Dağıstanın cənubi Azərbaycan türkcəsində, şimalı Qumıq türkcəsində danışırdı. Peterburqla yazışmalar Qumıq dilində aparılırdı. Qaragöysu çayını addayıb bizim Kəlbəcər yollarını, Xınalıq , Lahıc yollarını xatırladan sərt qayaların arasıyla Qunibə doğru irəliləyirik. Bu dağların arasında Şeyx Şamil tam 25 il Çar ordusunun bütün ümidlərini puça çıxardıb. Sonda millətinin aclıqdan əziyyət çəkdiyini görəndə dözə bilməyib dirənişi dayandırmış, daha doğrusu xəyanətə əsir düşmüşdür; Qunibə arxa tərəfdən gələn cığırı düşmənə nişan verən bir xain tapılmışdır.
    Sank-Peterburqa Şamilin daxil olduğu günü təsvir edən N. Çernışevski yazır ki, Peterburq hələ heç zaman belə təntənə, şadlıq görməyib. Onu ehtiramla ən dəbdəbəli saraylardan birində yerləşdirmişdilər. Peterburq bayram edirdi ki, hər il 15.000 rus əsgəri ölümdən xilas olub. Bunun nə demək olduğunu hesablamaq çətin deyil. Mirzə Kazım bəyin yazdığına görə Şeyx Şamil yürüşlərə cəmi 10-12 min əsgərlə gedirdi. Ən güclü vaxtinda çevrəsində 60.000-dən artıq döyüşçü olmayıb. Bu güclə 25 il Çar imperiyasına qarşı dayanmağının sirri onun imanında və azadlıq eşqində idi. Şeyx Şamil Qafqaz xalqlarının özgülük ruhunun rəmzidir, Dağıstanın simasıdır.
    Qunibi uzaqdan görürəm. Və ürəyim az qala ayağımın altına düşəcək. Ağ Şuşa! Gözəl Şuşa! Unudulmaz Şuşa!
    Qunib necə də sənə bənzəyir! lap əkiz qardaş kimi. Dağların ovcunda, quşqonmaz qayaların başında, dünyadan qopmuş, sanki kimsəsiz, amma bu təkliyində hər şeyi olan! Azad! Bol suyu, gözəl havası, sıx meşəsi, terraslardakı əkin-biçini , bostanları, meyvəsi…İkiniz də tarix boyu düşmənə və zamana meydan oxudunuz! İkiniz də xəyanətə qurban getdiniz. Bu gün Qunib dağ başında gözəl bir şəhərcikdir. Şuşanın da azad günlərini görəcəyik!
    Qunibin mərkəzi meydanı da elə Şuşanın mərkəzini xatırladır. Burdan baxanda çayın o üzündə dağların yamaclarında başqa kəndlər də görünür. Ən böyüyünün adı Çoxdur. Şeyx Şamil o kənddə dəfələrlə düşmənin burnunu ovmuşdur.
    Meydanda bizi görüb yaxınlaşan adamlarla, Abidin və Ramazanın tanışları ilə söhbət edirik.
    Yol bizi yuxarı məhəllələrə aparır. Bir yerdə uçurumun üstündən adlayırıq. Qayalara reyslər vurub üstündən asfalt çəkiblər. Elə bil asma körpü ilə gedirsən. Səfərimiz ŞAMİL KÖŞKÜNDƏ tamamlanmalıdır.
    Şəhərdən xeyli yuxarıda təpənin başında pöhrələnib qalxmış meşənin içində qədim məqbərələri xatırladan tağbəndli tikilinin içində masaya bənzəyən iri bir daş var. Şamil bu daçın üstündə oturub dincəlmiş, son döyüşlərinin planını bu ucalıqdan doğma dağlara baxa-baxa cızmış, göstərişlərini burdan vermişdir. Yəqin sal daşın üstündə oturanda o dünyanın gəlişini-gedişini, öz xalqının əliylə yaradılmış gözəllikləri və düşmənin xaraba yadigarlarını daha yaxşı görürmüş. Burdan yuxarıda heç bir yaşayış məskəni olmayıb. Ancaq indi şam meşəsinin içində astma xəstəliklərinin müalicəsi üçün sorağı Dağıstana yayılmış bir sanotoriya tikiblər. Maşını yolda saxlayıb, Şamil köşkünə piyada qalxırıq. Yan tərəfdəki lövhədə onun qələbə yürüşlərinin, uğurlu hərbi əməliyyatlarının xranalogiyası yazılıb: !832- ci ildən 1858-ci il avqust ayının 25-nə kimi… Bu xronologiyada biri məğlub olanda başqası gələn rus generallarının adlari və məglubiyyətlə nəticələnən savaşlar qeyd olunub. Ayrıca bir lövhədə Şamilin Qunibli naiblərinin adları yazılıb.
    Mən də onun oturduğu yerdə otururam. Bilmirəm Şamil üçün bu daşın üstünə xalıdan, xalçadan bir şey atırmışlar, yoxsa yox. Ancaq daş mənə yaddaşını pozmaq mümkün olmayan sehirli bir güzgü, dünyanın ən güclü bilgisayarı təsiri bağışlayır. Ağ qaya parçası mənə son döyüşdə iki tərəf arasında qaldırılan ağ bayrağı da xatırladır və mənə elə gəlir ki, o bayrağ Şeyx Şamil üçün bu daşdan daha ağır imiş… Heç bir söz soruşmadan sakitcə oturub bu daşa baxsan, onu dinləsən, sənə ondoqquzuncu yüzilin ortalarından bəri dünyanı dolaşan ecaskar mərdlik dastanından parçalar söyləyəcək… Deyəcək ki, vətəni Şamil kimi qoruyarlar! Ona dil uzadanlar gec-tez öz səhvini anlayacaq! Onun üstünə gələnlərin, onu əsir alıb Peterburqa aparanların izi-tozu qalmayacaq amma bu dağlar durduqca İmam Şamil də yaşayacaq.
    Haşiyə: Bir gün Bəxtiyyar Vahabzadə söhbətimizi yarımçıq kəsib “sən mənim səhvimi etmə “ dedi. “Sizin səhviniz nədir?” deyə soruşdum. “Vaxtında mısləhət verənim olsa mən də Rəsul Həmzətovun yoluyla gedərdim. Əvvəl günah işlətdi, Moskvanın gözünə girmək üçün Şeyx Şamilin əleyhinə yazdı, Kremlin bütün mükafatlarına yiyələndi, Moskvanın əli ilə kitabları bütün dünyaya yayıldı, bundan sonra arxayınlıqla Şamildən üzr istəyərək xalqın qarşısında da öz günahlarını yudu. Mən isə ortaya “Gülüstan” poemasıyla çıxdım. Qabaqcadan bütün yollarımı bağladım. Gərək mən də tərsinə edəydim.”
    Mən böyük dostumun sözünün arxasını dinləmədən : “ Onda siz Bəxtiyyar Vahabzadə olmazdınız!” dedm. Fikrə getdi və bir də o peşmançılığını dilə gətirmədi. Sonra məclislərdə o söhbəti misal çəkər və “tələbəm mənə bir dərs verdi “ – deyərdi.
    Köşkün alt tərəfindəki yamacda bizim dağlardakı kimi seyrək alma, armud ağacları və bir də saçları küləkdə tel-tel olan bir ağcaqayın ağacı var. Dərənin o üzündə, qarçı yamaclardakı terraslarda balaca evlərin ətrafında, bostanlarda tək-tək qadınlar işləyir. Bu dağlarda kişilərin alın yazısı savaş olduğundan, ev işləri bütünlüklə qadınların çiynindədir. Yanindan keçən bir avar qadına “yorulmusan? “ sualını verməsən səndən inciyər. Cır almanın, armudun dadına baxdıq. Mən “Şamilin dağlarını gördük, havasını uduq, suyunu içdik, yediyi bir Qunib yeməyini də dadmalıyıq!” dedim; doyunca dağ havası almaq üçün ağcaqayının kölgəsindəki məxmər çəmənlikdə uzandım. Sən demə uzağa getmək lazım deyilmiş. Yolun kənarında xəmir xörəklərin ustası olan bir xanım yaşayırmış. Bunu yanımızdan keçən yol polisi söyləmişdi. Yarım saatdan sonra yol yoldaşlarım deyə-gülə, əlidolu yaxınlaşıb çəmənlikdə süfrə açdılar. Bu dağlardan onların şərəfinə beş-on kəlmə söz demədən ayrılıb getmək olmazdı. Adamlar eşitməsə də torpaq, meşə , qayalar, başımızın üstündə qıy vuran qartal, göylər və nəhayət, Şamilin ruhu eşidir…
    Uzaqda Qunibdən cənub tərəfdə yüksələn dağların o üzündə eynilə Dağıstan avarlarının, yəni Şamilin qohumları yaşayır. Dağıstanlılar Zaqatala, Balakən avarlarının, zaxorlarının, ləzgilərinin tarixini yaxşı bilirlər. Sən demə Azərbaycanda yaşayan Dağıstan xalqlarının bir çoxunun ilk ocaqları bu dağların arasındadır. Neçə-neçə kənd var ki, öz adını Zaqatalaya, Balakənı də köçürüb. Bizimkilərin çoxu Dağıstanda qalmış ilk ocaqlarını yaxşı xatırlayırlar. Vaxtilə mal-qara saxlayan dağlılar qışda Alazan vadisinə enərdilər. Sonra bu yerlərdəki rahatlığı görüb, burda məskunlaşıb qalıblar. Amma nə yaxşı ki, onların çoxu öz gəldikləri yolları və Dağıstandakı ilk ocaqlarını da unutmurlar. Zaqatalada doğulan Abidlə Ramazanı bu dağlara bağlayan Şamilin ruhuyla yanaşı, həm də o ata yurdlarıdır. Günortadan sonra geri qayıtdiq. Dağların havasından, suyundan, möhtəşəm görüntülərindən, qəhrəmanlıq xatirələrindən, ümidlərindən doymadan. İnsan həyatdan da belə ayrılır…

    25.09 2018