Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Elçibəy haqqında bu cür tərbiyəsiz sözlər yazmaq heç bir əndazəyə sığmır

    Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Xəzər” televiziyasının aparıcısı, “Tolik” kimi tanınan prodüser Tarix Əliyev Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi təhqir etməsinə sərt şəkildə cavab verib.

    S.Rüstəmxanlı “Ölkə.Az”a açıqlamasında deyib ki, “Tolik”in Əbülfəz Elçibəy haqqında söylədiyi fikirlər ilk növbədə onun böyüklərinə aiddir:

    “O kimdir ki, Əbülfəz Elçibəyi təhqir edir? O zibili “Tolik”in özünə və böyüklərinə yedirtmək lazımdır. Azərbaycan prezidenti olmuş bir şəxs barəsində bu cür tərbiyəsiz fikirləri danışan adamın telekanallar vasitəsilə ictimaiyyət qarşısına çıxmağa heç bir mənəvi haqqı yoxdur. “Tolik” mütləq cəzalandırılmalıdır. O, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəməlidir. İctimaiyyətə açıq şəkildə deməlidir ki, daha bir daha belə hərəkət etmərəm”.

    Xalq şairi “Tolik” kimi adamların efirlərə buraxılmasına görə telekanalları da qınayıb:

    “Bu cür adamların ekranlara çıxması və efirdən kiməsə dərs, ağıl verməsi, ümumiyyətlə “Tolik”in ictimaiyyət qarşısına çıxması Azərbayxan xalqı üçün təhqirdir. Ona görə də ilk növbədə onu efirlərdən təcili uzaqlaşdırmaq lazımdır. Ona məcbur etmək lazımdır ki, Əbülfəz Elçibəyin ailəsindən və Azərbaycan xalqından üzr istəsin. Belə tərbiyyəsizlik olmaz! Elçibəy haqqında bu cür tərbiyəsiz sözlər yazmaq heç bir əndazəyə sığmır. Görünür ki, bu adamlar o qədər qudurublar və özlərini arxayın hiss edirlər ki, Azərbaycanda tanınan görkəmli insanları və tarixi şəxsiyyətləri haqqında bu cür aşağılyaıcı fikirlər söyləməyə artıq vərdiş ediblər. Əbülfəz Elçibəy heç prezident olmayıb, axı sənin nə ixtiyarın var ki, Azərbaycanın tanınmış bir insanını təhqir edirsən? Sən kimsən axı? Hesab edirəm ki, “Tolik” təcili cəzalandırılmalıdır”.

  • Cavab əvəzinə ağrılı xatırlatmalar

    Sabir RÜSTƏMXANLI

    Birinci bölüm

    Gənclik illərindən tanıdığım, Azərbaycandan kənarda ədəbiyyatımızı layiqincə təmsil etməsinə sevindiyim və təəssüf ki, indi vətəndə ehtiyac içində boğulan istedadlı şairimiz Saday Şəkərlinin bir qeydini oxuyandan sonra öncə ona təşəkkürümü yazmaq istədim, sonra baxdım ki, burada təşəkkürlə iş bitmir, qoyulan suala da cavab verməliyəm.
    Saday yazır:” Sabir Rüstəmxanlının “Şair və Şər” romanının nəsrimizin ən mükəmməl və poetik, bənzəri olmayan təlatümlərlə dolu bir əsəri olduğundan xəbəriniz varmı? Vaxtilə “Ömür kitabı”nı yazmış bir adamın indi silsilə yazılarıyla həmin şöhrəti özünə qaytara biləcəyinə mən inanıram, cəsarəti çatacaq, siz necə, inanırsınızmı?”
    Yorum yapanların çoxu bu suala olumlu, yəni müsbət cavab verirlər. Buna görə onların hamısına təşəkkürümü bildirirəm. Öncədən deyim ki, şübhəsiz bu mesajlarda şöhrətin qaytarılması və cəsarət deyəndə daha çox ictimai haqsızlıqlara qarşı mübarizəyə işarə edilir.
    Əzizim Saday, sən iki il yarım həbsxanada yatdın, indi azadlıqdasan, şükür, lakin azadsanmı? Ehtiyac azadlığın dadını-duzunu hiss etməyinə imkan verirmi? Mən iyirmi beş il millət vəkili oldum, müstəqil dövlətdə xalqın seçilmişi olmaq xoşbəxtlikdir. MM-in rahat kreslosunda oturub ölkənin problemlərini həll edə, torpağını işğaldan qurtarıb köçkünləri., qaçqınları yurduna qayıtara bilməmək, dünya birliklərinin sənin ölkənə ədalətsiz münasibətlərinin şahidi olmaq, beynəlxalq qurumların və öz Məclisinin qəbul etdiyi sənədlərin gücsüzlüyüni, işləmədiyini görmək, milli mənafe baxımından gərəkli saydığın məsələlərə, tariximizə, kimliyimizə, ölkəmizdən kənarda yaşayan soydaşlarımıza, korrupsiya və rüşvətlə mübarizəyə, vətəndaş haqlarına, milli birlik zərurətinə dair çıxışlarının necə süngü ilə qarşıladığını görmək, bildiyin həqiqətləri sübut edə biməmək özü də bir əzabdır. Elə orda da bəzən özünü zindandakı kimi hiss edirsən, sözünü desən də rahatlıq tapa bilmirsən.
    Məni yaxından tanımayan, işimdən, yazımdan, mövqeyimdən, keçdiyim yollardan xəbəri olmayan, baş verən hadisələrin əsl mahiyyətini bilməyən bir dəstə adam və ya müəyyən şər şəbəkələri var ki, məsuliyyətlərini düşünmədən, vicdanlarının və haqqın qarşısında hesabat vermədən, sadəcə öz “böyüklərinin”, liderciklərinin, tayfa və partiyalarının sifarişini yerinə yetirərək illərdir mənə çirkab ata-ata gedirlər. Aydındır ki, böhtan kompaniyları ara verilmirsə, hər dəfə qaralamaq üçün bir bəhanə axtarıb tapırlarsa , deməli bu, sadəcə hansısa bir çıxışımdan, mövqeyimdən narazılıq deyil, planlı işdir. Hətta ortada bir yanlışlıq, narazılıq olsa belə, bu, müzakirə olunar, bitər. Ancaq bunlar uzun illər ərzində mənim bir dənə yaxşı işimi, zəhmətimi, heç bir əsərimi dəyərləndirmədən kişiyə yaraşmayan bir şəkildə, çayxana qeybətləri səviyyəsində danışmaqda davam edirlər. Çoxu da mənim adımı belə ağızlarına almağa mənəvi haqqı olmayan, dərisi beş qəpiyə dəyməyən adamlardır. Zatən ağıllı, ləyaqıtli şəxs belə kompaniyalara qoşulub havadan danışmaz.
    Bütün bunlar elə sənin adını çəkdiyin “Ömür kitabı”ndan və bir milyon, milyon yarım insanın Azadlıq meydanında məni dinlədiyi və mənə inandığı günlərdən, onsəkkiz gün o meydanı gənc fəhlə Nemət Pənahli ilə birgə idarə etdiyimiz vaxtdan başlandı. Şair- fəhlə birliyi nə hakimiyyətin xoşuna gəlirdi, nə hakimiyyətə gəlmək istəyənlərin. O meydana məni öz əqidəm və kitablarımdakı ruh gətirmişdi, Neməti də əvvəldən tanıyırdım, saf, cəsarətli bir gənc idi, əsl qəhrəman idi. Biz kürsüdən aşağı atılabda kütlə yerə düşməyimizə imkan vermədən bizi havada qapdı, hərəmizi çiyinlərində bir tərəfə apardılar. Bu sözləri mən köhnə xidmətlərimi xatırlatmaq niyyətiylə yazmıram. Məqsədim ayrıdır. Meydanda mənə bir təşəkkür məktubu gəlmişdi: “biz bura bakılı,gəncəli, şəkili,şirvanlı , naxçıvanlı,qarabağlı, qazaxlı,lənkəranlı kimi gəlmişdik, burdan azərbaycanlı kimi gedirik.” Bu, meydanın ən böyük qələbəsi id. Elə həmin vaxtdan milli birlikdən qorxuya düşənlər, ona qarşı mübarizəyə başladılar və bu gün də həmin mübarizə donunu dəyişdirərək, bəzən də dəbdəbəli xarici və rəsmi layihələr şəklində davam edir. O birlikdən qorxuya düşənlər Nemətlə mənim aramı vurmaq üçün təcili planları qurdular, güya onu meydana Heydər Əliyev, məni o vaxtkı hökumət göndərib. Düşünmədilər ki, o vaxt hakimiyyət bizdən asılı idi, biz hakimiyyətdən yox, onlar bizim nə dediyimizi dinləyir, bizə qulaq asırdılar. Meydanın gur vaxtında məni o vaxtkı KQB sədri Vaqif Hüseynov Hökumət evində bir otağa çağırtdırdı. Hər gün həbs olunacağımı gözlədiyimdən çəkinə-çəkinə getdim. Ancaq məni xoş ovqatla qarşıladı, yanında Moskvadan gəlmiş qonaqlar vardı. “Tanış olun, meydanın lideri və qəhrəmanı gəldi” deyərək məni təqdim etdi, sonra da azərbaycanca mənə dedi ki, Moskvanın ermənipərəstliyi, mərkəzi hökumətin yaramaz fəaliyyət haqqında meydanda nə demisənsə beş qat artığını bunlara döşə! Qonaqların arxasında oturub mənə işarələr verirdi; yəni bu şəkildə davam elə, yaxşıdır.. Mən ilk dəfə onda anladım ki, əslində Azərbaycan KQB – si də bizə, metdana möhtacdır.
    Gizlı şəbəkə öz şaiyələrini yaymaqdaydı: “ həbs olunmadısa , deməli, hökumətin adamıdır, tapşırıqla gəlib” və s. Çünki bunu deyənlər, mənim ilk gənclik illərindən sözümü hansı çəsarətlə dediyimi bilmirdilər, bizim yüksək yardıcı ruhumuzdan, şair müstəqilliyindən, xalq yolunda uf demədən ölümə getmək cəsarətimizdən xəbərsiz, kölə ruhlu adamlar idi, bizi başa düşməzdilər. Bundan sonrakı ömrüm üzünə gülüb arxada badalaq vuran adamlar arasında keçdi. Bizi kənara itələyib doğrudan-doğruya tapşırıqla gələn lidercikləri xalqa sırımağa başladılar.
    Mən indi bu oyunların nəyə hədəfləndiyini detallarına qədər açmaq istəmirəm. Təəssüf ki, xalqa bağlı olan, halal zəhməti ilə yüksələn, camaat arrasında sözü keçən ziyalılara, hörmətli adamlara, ağsaqqallara münasibətdə “demokratik qüvvələr”, bizim qurduğumuz Xalq cəbhəsi hakimiyyətdən az fərqlənirdi.
    Mən dörd ildən artıq nazir işlədim, indi bunu mənə irad tutanlar var, güya Elçibəy gedəndə mən də vəzifəmi dondurmalıydım, halbuki bu vəzifədondurmalar səhv addım idi, bilirdim ki, istefa versəm latın qrafikalı dərsliklər buraxılmayacaq və əlifba islahatı baş tutmayacaq; mənim qalmağım bu planı pozdu, bu arzumu başa çatdırıb sonra istea verdim.
    Ədəbi mühitdə “siyasətçi”, siyasi mühitdə “şair” olduğuma görə vuruldum; adımı hətta illik ədəbi icmallarda belə xatırlamadılar. Sonra etnik goreşənliklr başladı. Doğulduğum cənub bölgəsində separatizmə meyllənən bəzi avantüristlər “sən talış deyilsən” deyərək üzümə qabaranda, qardaşımın Lənkəranda dövlət məmuru kimi, əmr yerinə yetirdiyini, dövlətin mənafeyini qoruduğunu nəzərə almadan, Bakıda onu “TMT-nin naziri” kimi qələmə vetib, bizim milli duruşumuza şübhə yaratmağa çalışdılar. Həm də bunu daha çox özü türk olmayan, yad əsilli adamlar edirdilər… Təəssüf ki, belə böhtanlar bu günədək davam edir, yalanı atırlar ortaya, ürək bulandırmağa, sənin dediyin o şöhrət və hörmətə kölgə salmağa. Məni tanıyanlar həqiqəti bilir, yalana inanmır. lakin bizim keçdiyimiz yolu bilməyən yeni nəsil gəlir və bu yolla onlarda səhv təsəvvür yaratmağa çalışırlar.

     

    İkinci bölüm

     

    İllər ötdü, zaman dəyişildi, çox pərdələr qaldırıldı, çox maskalar yırtıldı, cox yalançı qəhrəmanlar səhnədən getdi, ya iqtidar, ya müxalifət cəbhəsində dayanıb öz böyüklərinin sifarişi ilə ölkənin müstəqil düşünən adamlarını, ziyalılarını çürüdən çox zəhər dağarcığı partlayıb çirkə çıxdı, bizi yumuşaq danışmaqda ittiham edən çox “radikallar“ çörəyə çatan kimi əl quzusuna döndü, iqtidardan müxalifətə, müxalifətdən iqtidara axınlar dayanmadı, arxivlərin üstündən yasaqlar qaldırıldı, kimin KQB agenti olduğu, kimin meydanlara tapşırıqla gəldiyi, Qarabağın uduzulmasında kimin nə qədər günahkar olduğu ortaya çıxdı. Bizə bir şey yapışmadı.Bu illər ərzində mən öz mövqeyimi dəyişmədim. Çünki vicdanımdan, millətimə sevgimdən başqa böyüyüm və idealım yoxdur; zəhmətimdən başqa heç kimə borclu deyiləm. Onda bu böhtanların arası niyə kəsilmir? Bəlkə sovet rejiminə və sonrakı hakimiyyətlərə mədhiyyələr yazmışam; bəlkə ermənilərin torpaq iddəalarına qarşı yüksələn xalq hərəkatı zamanı evimdə gizlənmiş və ya Azərbaycanı tərk edib getmişəm, bəlkə hakimiyyət ehtirasıyla millətimizin qırılmasında, torpaqlarımızın verilməsində iştirak etmişəm, bəlkə vəzifədən beşəlli yapışaraq başqaları kimi milyonlar yığmışam, bəlkə xarici kəşfiyyatın sifarişi ilə oturub dururam… Bunu yazmaq ağırdır. Lakin hansı xalq kitabları əl-əl gəzən bir ziyalısına, ilk kütləvi mitinqlərin başında dayanan, bütün ömrü boyu sözun və mətbuatın azadlığı uğrunda mübarizəyə həsr etmiş, ölkədə birinci demoratik, azad qəzeti buraxmış jurnalistinə, Müstəqillik aktını qəbul etdirmiş deputat fraksiyasının həmsədrinə, daim milli birlik, vətəndaş həmrəyliyi deyib çalışan siyasətçisinə, dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması üçün ölkədən-ölkəyə yortan “səyyahına”, xaricdə qırxdan artıq kitabı nəşr olunmuş yazarına bu qədər böhtan ata bilər? Görəsən bütün bunlar nəzərə alınmırsa onda insalıq, ziyalılıq başqa hansı meyarlarla ölçülür. Görəsən bizim kişiliyimiz, mərdliyimiz harda qaldı?
    Güclənən-səngiyən belə kompaniyalarla məni sındıra bilmədilər! Lakin kitablarımla qazandığım halal şıhrətimin zədələnmədiyini demək də çətindir.
    Bir dəfə həsdə olan yoldaşlarımızı buraxdırmaq xahişi ilə prezident Heydər Əliyevin yanına getmişdim. Sakiitcə məni dinlədi. Sonra gözləmədiyim bir cavab verdi. Dedi: “Səni gəncliyindən tanıyıram. Təmiz və cəsarətli adamcan. Ancaq ətrfındakı adamları yaxşı tanımırsan.Sən narahat olma! Məndən elə adamların xahişini edirsən ki, özləri bir yana, dədələri də mənə xidmət ediblər.” İçimdə nə isə qırıldı. Deməyə sözüm qalmamışdı. “Daha sözüm yoxdur…” deyib çıxdım.
    Başqa bir radikal liderin mühafizəçisi yanıma gəlmişdi. Ürəyi açıldı. Az qala ağlamsına-ağlamsına : “Bəy, mənə bir iş tap! Daha gündüz müxalifətin, gecə iqtidarın yanında olmaqdan yorulmuşam” Bunu deyəndə qoruduğu adamı nəzərdə tuturdu…
    Ancaq bunlar kürsülərdən iqtidarın ən qatı düşməni kimi danışırdılar. Mən belə saxtakarlıqlardan uzaq olmuşam. Hakimiyyəti tənqid edəndə boş hay-küylə yox, dəlil-sübutla danışmışam.Çünki Vətənimiz, Xalqımız ağır dönəmlərdən keçir və bizə düşmənçilik yox, ağılla, əl-ələ verib itirdiklərimizi geri qaytarmaq lazımdır.
    Son günlərdə Gəncə qiyamı və onun nəticələri barədə çox danışılır. Gərginliyi götürmək üçün Gəncəyə göndərilən dəstənin tərkibində mən də var idim.. Ordakı vəziyyətin gərginliyini, yanlış bir addım atıldığını zəng vurub Elçibəyə dedim. Gəncədə məni də həbslə hədələmələrinə əhəmiyyət vermədən xalqı hakimiyyətə qarşı itaətsizliyə çağıran müraciətə qol çəkmədim. Aranı sakitləşdirmək üçün rəhmətlik İmam Mustafayevin yazdığı arayışı redaktə edib yumşaltsam da Bakıya döndükdən sonra Elçibəyə “bu arayış Məclidə oxunmasın!” dedim. Bundan sonra elə Prezident Aparatında xalqa ayrı bir müraciət yazıb, bunu radio ilə oxuyandan sonra məclisə getdim. İki saat keçmiş Elçibəy İmam Mustafayevlə MM- ə gəldi. Düşündüm ki, yəqin Elçibəy mənim təklifimi nəzərə alıb və məclisə başqa bir sənəd gətiriblər. İmam Mustafayev pis gördüyünə görə kürsüdən yarımçıq düşüb arayışın ardını oxumağa məndən xahiş etdi və yalnız kürsüyə qalxandan sonra arayışda hər şeyin əvvəlki kimi qaldığını gördüm. Axşam bəzi cəbhəçilər (indi iqtidarın yanındadırlar) mənim maşınımın qabağını kəsdilər. Xeyir olsun, niyə bunlar Elçibəyin, İmam Mustafayevin, və ya bu hadisələrin törədilməsində iştirakı olanların yox, mənim qarşımı kəsirdilər? Gecə bir tanış zəng vurub mənə telefon nömrəsi verərək xahiş etdi ki, ertəsi gün tezdən həmin nömrəyə zəng vurum. Tezdən zəng yurdum. Heydər Əliyevin yuxusuzluqdan kallaşmış səsini tanıdım: “ Sabir, mən dünən sənin dostlarının dəvəti ilə gəlmişəm. Dalımca üç dəfə təyyarə göndərdilər. Bir yandan dəvət edirlər, bir yandan sabaha kimi məclisin qabağında məni söydürürlər. Bunlar necə adamlardır?” Ona ürə-dirək verib, “vəziyyət gərgindir, hamımız söyülürük”,- dedim. “ Hə, eşitdim, sənin də maşınının qabağını kəsiblər. Bu işi görənlərdə vicdan var? Sənin zəhmətlərini nə tez unutdular? Sənin kimi adama da kobudluq eləmək olar?” Doğrudan da, hərəkatda olanların bir hissəsi sona qədər haqqı-nahaqdan ayıra bilmədilər. Sonralar da bəziləri özünü elə aparırdı ki, sanki hakimiyyət Gəncə olaylarına görə yox, mənim arayış oxuduğuma görə itirilib… Həyatımız belə paradokslarla doludur..
    Mən illər uzunu gənc fəalların, jurnalistlərin, xaricdə oxuyub qayıdan və demokratiya uğrunda mübarizə aparan istedadlı siyasilərin hüquqlarını müdafiə etmiş, sözünə, fikrinə, siyasi mövqeyinə görə insanların həbsinə qarşı olmuşam. Bu barədə çıxışlarım, yazılarım, müraciətlərim ortadadır. Bəzən bunları da görməzdən gəlirlər..
    Belə münasibətlərə görə mübarizədən əl çəkmədim, ancaq ürəyimdə çapıqlar qalır…

     

     

    Üçüncü, sonuncu bölüm

     

    Mən dəyişilməmişəm, sayğılı dostum, həmin cəsarət də yerindədir, “Xətayi yurdu”, “Bu sənin xalqındır”, “Dərdə əyilmə”, “Milli taleyimiz və biz” adlı publisist kitablarım da, şeir və romanlarım da ruhuna, ictimai və milli pafosuna, bu günün həqiqətlərini göstərmək yetənəyinə görə “Ömür kitabı”nın davamıdır. Lakin “Ömür kitabı” 250 min tirajla nəşr olunmuşdu, adları çəkilən kitablarımın ümumi tirajı isə cəmi beş- altı mindən artıq olmaz. O vaxt “Ömür kitabı”nı qızlara cehiz verirdilər… İndi nə dəyişilib? Daha qızlarımızın milli ləyaqət duyğusuna, vətəndaşlıq ruhuna ehtiyacı qalmadımı, dünyada haqqımızda yazılan böhtanlara cavab verib məsələləri çözdükmü, sovet dövründə içimizdəki ermənilər tərəfindən Ermənistana peşkəş edilmiş torpaqlarımızı geri aldıqmı, Qarabağı işğaldan qurtardıqmı, Güney Azərbaycanla milli-mənəvi əlaqələri gücləndirmək üçün gərəkli addımları ata bildikmi?

    Erməni təbliğatını qismən də olsa susdura bilən kitablarımızı xarici dillərə çevirtdirib nəşr etdirməkdənsə, son dəb geyim və ətirləri reklam edən, harınlıq saçan rəngli jurnallar buraxılır, erməni müğənnilərinə yollar açılır, televiziyaların şit şou və bayram havasında fərqli mənəviyyat və əxlaq formalaşdırılır. Ermənistan hökuməti türkü söyənləri və Dağlıq Qarabağ münaqişəsinin başında dayananları əl üstə saxlayır, bizdə isə istiqlal üçün mübarizə aparanların durumu göz qabağındadır… Əsərlərinin nəşri hər qələm sahibinin istəyi və haqqıdır. Bu barədə müraciətimə cavabda maliyyə çatışmazlığını bəhanə gətirdilər. Ölkənin indiki imkanları nəzərə alınanda çıx gülməli cavabdır.

    Minlərlə adam oxuyur kitablarımızı, amma illər uzunu birindən, nə burda, nə xaricdə eşitmədim ki, gəl sənin bir kitabını nəşr etdirək bu ölkədə, əksinə hamı sənin əlinə göz dikər, səndən umar. Rusiyada, Qərbdə zənginlərimiz, milyarderlərimiz var. Görmüsənmi biri milli iş üçün bir manatından keçsin, biri xaricdə Azərbaycan ədəbiyyatını tərcümə və nəşr etdirsin, biri Azərbaycan mədəniyyət mərkəzi, məktəbi, radiosu, televiziyası, nəşriyyatı açsın. Görə bilməzsən! Bütün diasporumuzun gözü Azərbaycan dövlətinin əlindədir. Mən DAK-ın rəhbəri kimi bütün dünyanı gəzmişəm hər yerdə eyni mənzərəni görmüşəm. Danışan çox, iş görən az! Əksinə, kimsə bir yol başlasa qarşısına neçə kötük itələnər. Bunlar hamısı bizim ailələriməzdəki, məktəblərimizdəki tərbiyə sistemi, milli taleyə münasibətlə, xalqın ümumi immunitet duyğusu ilə bağlı məsələlərdir… Otuz il əvvələ kimi bunun səbəbini bilirdik, bəs indi nə baş verir? Harda millətçilik duyğusu gücsüzdürsə, orda millət gücsüzdür!..

    Başıma nırx qoydular, ölüm fitvası verdilər, hansı qələm dostumun, ziyalının, oxucumun səsi çıxdı?

    Yaxın tariximizə həsr olunmuş kitablara baxıram, yalan və saxtakarlıqdan heyrətə gəlirəm…

    Lakin, dayanmaq, ruhdan düşmək olmaz…

    Erməni diasporunun öz rus, fars, fransız, ingilis, amerikan himayədarlarının köməyi ilə apardığı antitürk, antimüsəlman təbliğat öz zirvəsindədir və ermənilərin xeyrinə bəhrəsini verməkdədir.

    Türk-İslam dünyasına qlobal hücumların Şərqdəki sonucları göz qabağındadır. Bunun qarşısını yalnız beynəlxalq təşkilatlara güvənməklə, “erməni düz demir”, “Rusiya ermənipərəstdir”, “Qərb qələt eləyir” şüarları və lovğalıq ritorikası ilə almaq olmaz. Neft, rüşvət, harın həyat, gözəlləşən Bakının reklamları, “zaman bizim xeyrimizə işləyir” aldanışları da bu işdə gücsüzdür; bu yolla torpaqlarımızı işğaldan xilas edə bilmərik. Ölkə sərvətinin düzgün bölünməməsi, əsl milli burjuaziyanın yoxluğu, sahibkarlığın qarşılaşdığı maneələr, əmlak haqqının etibarsızlığı, işsizlik, bacarıqlı gənclərimizin miqrasiyası, bir ovuc adamın ölkənin bütün sərvətlərinə sahiblənmək ehtirası, milli dəyərlərimizə hücum və ruhumuzun işğalı cəmiyyətdə ziddiyyəti, xalqın müxtəlif zümrələri arasında düşmənçiliyi gücləndirir, doğma cəmiyyətə sevginin yerini qəzəb tutur. Bunlar dövlət üçün müharibə səviyyəsində bir təhlükədir və heç bir repressiv yolla, zorakılıqla qarşısı alına bilməz. Ömrümüz boyu həsrətində olduğumuz müstəqil dövlətimizin güclənməsinin, dünyada nüfuz sahibi olmasının və bütün problemlərini həll etməsinin yeganə yolu Dövlət-Millət birliyindən keçir. Qorxuyla, məcburiyyətlə yaradılan birlikdən yox, qarşılıqlı etimad və inamdan doğan birlikdən! Bunun yolu sadədir: ölkə məmur iradəsi və istəyi ilə yox, qanunla idarə olunmalıdır; yəni qanunlar işləməlidir, vətəndaşların hüquqları, söz və mətbuat azadlığı, hakimiyyət bölgüsü qorunmalı, idarəçilikdə klan və tayfa maraqlarının qarşısı alınmalı, ədalət bərqərar olmalı, milli dəyərlər və cümhuriyyətin təməl prinsipləri əsas götürülməlidir. Hər gün mətbuatda təkrarlanan başqa neqativ halları söyləməyə ehtiyac duymuram. Belə olsa ölkədə qarşılıqlı etimad mühiti yaranar, hər bir vətəndaş özünü arxayın hiss edər, dövlətini sevər və onun arxasında dayanar. Belə olsa dünya dövlətləri və uluslararsı qurumlar da ölkəmizə daha sayğıyla yanaşarlar. Bu yolla hətta ermənipərəst qüvvələrin də münasibətini dəyişmək, onları reallıqla hesablaşmağa məcbur etmək olar…

    Mənim milli birlik, vətəndaş həmrəyliyi uğrunda mübarizəmin əsas hədəfi budur. Belə bir siyasi əxlaq və dövlətçilik ənənəsi formalaşmasa hətta ən güclü bir iqtidar da qısa müddətdə gücünü və nüfuzunu itirər, çəkişmələrin və ittihamların sonu olmaz… Təəssüf ki, məmurlar sərvət ehtirasında oturduqları budaqları kəsməkdə davam edirlər. Ancaq mənim fikrimcə, ölkənin bu duruma gəlməsində iqtidarla yanaşı biz müxalif qüvvələr də məsuliyyət daşıyırıq. Meydanda çiyin-çiyinə dayananda hər şeyə qadir görünən köhnə dostlarıma, tanışlarıma baxıram, hərəsi bir tərədə, Azərbaycanı güclü görmək istəməyən və ya bizə də diktator rejimlərinin taleyini yaşatmaq istəyən qüvvələrin torunda, hərə bir oyuncaq qurumla baş aldadır.

    Biz bütün iddiaları kənara atıb, səmimi şəkildə birləşsək ölkədə siyasi durum qısa müddətdə dəyişilər!

    1999-cu ildə müxalifət liderlərinə açıq məktub yazmışdım: “Gəlin birləşək”. Yox, mümkün deyil. Yumurtadan çıxan qara durnalar biri qalanadək savaşırlar. Əvvəl otuz, sonra on beş, sonra on, sonra səkkiz, sonra dörd, sonra iki… Siyasi partiyalar bu savaşlarını nəticəni düşünmədən davam etdirdilər. Bu işdə demokrat düşərgənin mətbuatı cinayətə bərabər səhvlər etdi, qaralamaqda sanki iqtidar mətbuatıyla yarışa girdi.

    Bunları dilə gətirmək ağırdır. Özümüz heç, amma Vətənimizi və millətimizi pərişan görəndə insan üzülür…

    Mənim ictimai sifarişim içimdən gəlir, vicdanımın səsi və ömrümün məntiqi kimi! Heç bir savaşçı (və ya qələm sahibi) ömrünü xalqını aşağılayan duruma və münasibətlərə göz yumaraq başa vurmaq istəməz… Şöhrət gənclik illərində adamı idarə edən güclərdən biridir. Ancaq nə 1988-ci ildə, nə sonralar heç bir işimi şöhrət xətrinə görmədim, indi isə ümumiyyətlə şöhrət haqqında düşünmürəm. Cəsarət isə hər zaman mənim xarakterim olub, onu itirsəm, özümü itirərəm…

     

    15.08.2018

     

  • Cinayət və ehtimallar

    Sabir RÜSTƏMXANLI

    Gəncədə baş verənlərə və sonucda iki polis zabitimizin qətlinə, qan tökülməsinə, bir xeyli günahsız insanın həbsinə çox üzüldüm, təəssüfləndim. Heç bir kürsü, heç bir mənsəb, var- dövlət ınsan həyatını əvəz edə bilməz. Son günlərin olayları hamını çətin suallar qarşısında qoymuşdur. Şəxsən mənə iki günlük lşıq böhranının, Gəncə hadisələrinin Ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi rəsmi- keçiddən sonra baş verməsi təsadüfi görünmür,. Bu şübhələrim nə qədər əsaslıdır, demək çətindir. Kaş əsassız olsun…
    Bu gün Gəncədəki toqquşma və iki polis zabitimizin itirilməsi ilə bağlı sosial mediada xeyli yazı oxudum. İstisnasız olaraq hamı təəssüflənir. Başqa cür ola da bilməzdi. Mən də yüksək rütbəli polis zabitlərimizin həlak olmasından dərindən kədərləndiyini bildirir, onların ailə üzvlərinə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə baş sağlığı verirəm.
    Eyni zamanda, televiziya proqramlarından zəng vurub müsahibə götürmək istəyənlərin demək olar hamısı gileyləndilər ki bu məsələ ilə bağlı ziyalılarımız, tanınmış adamlar fikir bildirmək istəmirlər. Mən bunun səbəblərini yaxşı bilirəm. Ziyalı bir bilmədiyi məsələ haqqında danışmaz, bir də hər kəsə aydın olan məsələ barədə. İcra başçılarının qudurğanlığının hakimiyyətin özü üçün sürprizlər hazırladığını millət deməkdən yorulub. Aylardır, illərdir deyilir, eşldən və ciddiyə alan yoxdur.
    Mən illər uzunu mitinqlərdə, yürüşlərdə polislə dəfələrlə üz-üzə gəlmiş bir adam olaraq bu məsələnin təxribat olmadığına inana bilmirəm.. Və məncə bu təxribat daha çox bu işlərə aidiyyəti olmayan vətəndaşları suçlu çıxarmaq üçün düşünülüb.. Yüz minlərlə insanın üstünə minlərlə polis gəlirdi, birinin burnu qanamırdı, indi verilən rəsmi məlumata görə cəmi 200 nəfərlik (?) bir mitinq keçirilisə orada polis zabitlərinin irəli yeridilməsinə nə ehtiyac vardı? Bu bir təsadüfdürmü? Bu qarşıdurmanı sakitliklə, danışıq yolu ilə, ağsaqqalları işə qatmaqla həll etmək olmazdımı? Mən Gəncə icra başçısına qarşı qəsd haqqında heç nə demək istəmirəm. Həmin məsələ hüquq- mühafizə orqanları tərəfindən diqqətlə araşdırılacaqdır. Elmar Vəliyevin qohumlarının, yaxınlarının hisslərini, hətta qəzəbini də başa düşürəm…lakin bu qəzəb nə qədər sərt olsa da onları bir sakitləşdirən də tapılmalı idi. Heç bir cinayət qanundan kənar söz söhbətə, hüquqa sığmayan hərəkətlərə yol açmamalıdı idi.. Yəni biri öd olanda, biri su olmalıdır. Təəssüf ki, Elmar Vəliyevə qarşı qəsddən sonra sanki bilərəkdən ara qarışdırmağa, iqtidarla xalq arasında münasibətləri gərginləşdirməyə xidmət edən dedi- qodular ölkəni bürüdü. Xüsusən icra başçısının ailə üzvlərinin dilindən yayılan sözlər açıq-aşkar millətin əsəbləri ilə oynamaq idi, qızışdırıcıq xarakterı daşıyırdı.. Bu sözlər doğrudur- yalandır, fərqi yoxdur, xalq arasında hansı reaksiya doğuracağı nəzərə alınmalı və müəyyən adamların xalqa meydan oxumasının yaxşı nəticə verməyəcəyi bilinməli və həqiqət vaxt itirmədən ortaya çıxarılmalı idi..
    Bundan sonrakı addımlar da ehtiyatla atılmalıdır. Baş verən cinayəti əsas götürüb günahsız insanlarının incidilməsinə, həbsinə, təhqir edilməsinə yol vermək olmaz.
    Məncə hakimiyyət dairələri baş verən faciədən ciddi nəticə çıxarmalıdırlar. Xalqı yox saymaq, onun dözümünün sonsuz olduğunu düşünmək, onu alçaltmaq və təhqir etmək bir başa hakimiyyətin özünün öz oturduğu budağı kəsməsidir, özünə qarşı təxribatdır və müharibə şəraitində olan ölkəni münaqişələr bataqlığına sürükləməkdir…
    Cinayət yolverilməzdir: hansı səviyyədə, hansı üsullarla, sözlə və ya silahla törədilməsindən asılı olmayaraq… lakin ayrı-ayrı cinayətkarların əməllərini və ya konkret adamlardan narazılığı şişirdib ona yüz cür ağlasığmaz adlar qoymaq və bütövlükdə dövlət üçün təhlükə kimi qələmə vermək də doğru olmaz. Məmur məmurdur, dövlət deyil. Məmurların özbaşınılıqların qarşısı vaxtında alınsa, tənqidlərə ciddi yanaşılsa, hər kəs səlahiyyəti çərçivəsində “hökmranlıq eləsə” sonda bu faciələr də ortaya çıxmaz! Dövləti sevən milləti və qanunları sevsin…

  • Sabir Rüstəmxanlı icra başçısı ilə qalmaqaldan danışdı

    “Şeirləri dərsliklərdə olan xalq şairinin şagirdlərlə görüşü necə yasaqlana bilər?!”

    Xalq şairi, VHP sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Yardımlı rayonunda təhsil aldığı orta məktəbdə şagirdlərlə görüş keçirmək istəyərkən rayonun icra başçısı Ayaz Əsgərovun qadağası ilə üzləşib. Öncədən görüş müvafiq qurumlarla, eləcə də icra başçısı ilə razılaşdırılsa da, son anda başçının əmri ilə ona məktəbə  daxil olmasına icazə verilməyib. Yalnız Prezident Aparatının və Təhsil Nazirliyinin müdaxiləsindən sonra görüş baş tutub.

    Xalq şairi özünə qarşı edilən bu hərəkəti  hörmətsizlik kimi qiymətləndirərək, sosial şəbəkədə bu haqda etirazını bildirib.

    Xalq şairi qəzetimizə açıqlamasında ona qarşı edilən haqsızlığa bir daha etirazını bildirdi: “Mən öz oxuduğum məktəbə şagirdlərlə görüşə getmişdim, öncədən icra başçısına zəng edib məlumat da vermişdim. Ayaz Əsgərov mənə telefonda dedi ki, gəlin, burada danışarıq, heç bir problem yoxdur. Daha sonra bildirdi ki, gərək Təhsil Şöbəsinin müdiri bununla bağlı Təhsil Nazirliyindən icazə alsın. Təbii, Təhsil Nazirliyinin yerli şöbələrdən belə bir tələbi ola bilər ki, məktəbə kimlərsə gələndə onlarla razılaşdırılsın. Bunu ona görə edirlər ki, müəyyən jurnalistlər, tanınmamış şairlər, yazıçılar, dini qurumların nümayəndələri gedir və aydın məsələdir ki, hər kəsi şagirdlərlə görüşə buraxmaq olmaz. Ancaq mən bu məktəbi bitirmişəm, 25 illik deputat fəaliyyəti dövrümün 15 ilini Yardımlının millət vəkili olmuşam. Mənim adım o şagirdlərin dərsliklərində var. İcra başçısı bütün bunlara rəğmən, mənə Bakıda ikən etirazını bildirmir, ”gəl” deyir. Daha sonra Yardımlıya gedib öncədən onunla görüşmüşəm… Bəhanə gətirdi ki, gərək Təhsil Şöbəsi Təhsil Nazirliyi ilə bu görüşü razılaşdırsın. Sonra bəlli oldu ki, Təhsil Şöbəsinin müdiri Lənkərana müşavirəyə gedib, məktəbin direktoru da yerində yoxdur, başçı da mənimlə danışdıqdan sonra telefonu söndürüb. Bütün bunlar mənim görüşümə mane olmaq üçün idi”.

    S.Rüstəmxanlının sözlərinə görə, ötən illər ərzində təkcə məktəbin deyil, ümumilikdə rayonun təhsil uğurlarında geriləmə baş verib: “Məktəbdə gördüklərim ürəyimi ağrıtdı. Artıq nə məktəb, nə də müəllimlər əvvəlki kimi deyil. Müəllimlərə tapşırıq vermişdilər ki, görüş keçirmək olmaz, onlar da nə edəcəklərini bilmədən mənim üzümə baxırdılar. Müəllimlər görüşü təşkil etməyə cəhd etsələr də, ardıcıl zənglər gəlirdi ki, olmaz… Sanki təxribatçı bir insan məktəbə gəlib. Halbuki bu görüşün uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Nəhayət, icra başçısı ilə əlaqə yaratmağa nail oldum və ona sözümü dedim, bildirdim ki, sənin bunu etməyə haqqın yoxdur. Bundan sonra Prezident Aparatına zəng edib məlumat verdim, onlar bir neçə dəqiqə ərzində Təhsil Nazirliyinin də iştirakı ilə bu məsələni həll etdilər. Yalnız bundan sonra icra başçısının müavini gəldi ki, görüş yüksək səviyyədə keçməlidir və s. Bu nə demək idi? Necə oldu ki, 5 dəqiqəyə hər şey dəyişdi? Əgər Prezident Aparatı mənim xahişimi bir neçə dəqiqəyə həll etdisə, o zaman bu qadağanı qoyan kimdir? Ölkənin müstəqillik aktında imzası olan, xalq şairi adını daşıyan bir insan nə üçün məktəblərə gedə bilməz?”

    Sabiq millət vəkili bu cür münasibəti özünə qarşı təhqir kimi qiymətləndirdi: “İcra başçısının nə haqqı var ki, məni təhqir etsin?! Bu insanın rayondan xəbəri yoxdur, heç bir  ciddi iş görmür, oturduğu kabinetdən çıxmır… Rayonda təhsilin səviyyəsi də aşağı düşüb. Çox güman ki, icra başçısı mənim məktəblərdəki vəziyyətdən xəbər tutacağımı nəzərə alaraq belə bir görüşə mane olmaq istəyirmiş. Mən ona da təklif etdim ki, özü, ya müavini, ya da təhlüləsizlik orqanlarından hansısa nümayəndə gəlsin görüşdə otursun və görsün ki, biz şagirdlərlə nədən danışırıq. Görüşümüz müstəqilliyə həsr olunmuşdu, Azərbaycanın müstəqillik tarixindən, təhsildən danışırdıq”.

    Xalq şairi hesab edir ki, icra başçısının görüşə mane  olmaq istəməsinin əsas səbəbi baş verən neqativ halları gizlətmək olub: “Biz bilirik ki, müəlliflərin, şair və yazıçıların orta məktəblərə gedib görüş keçirməsi o şagirdlərin zehnində silinməz izlər buraxır, onların kitaba, ədəbiyyata marağını artırır. Əksinə, məktəb özü xahiş etməlidir ki, biz şagirdlərin görüşünə gedək. Mən 300 kilometr yol getmişəm, bunu dəyərləndirmək əvəzinə, tərbiyəsiz şəkildə mənim önümü kəsirlər. Bu, şagirdlərə də, müəllimlərə də çox  pis təsir etdi. İcra başçısı kimi kimdən qoruyur, mənim məktəbimi, mənim rayonumu məndən qoruyur? Bu dövləti quranlardan biri də mənəm, sən bu dövləti məndənmi qoruyursan?”

    Nərgiz LİFTİYEVA,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlı: Yol qeydlərimdən

    Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu günlərdə Qazax rayonuna səfər edib. Səfər çərçivəsində o, rayon ziyalıları və icra başçısıyla görüşüb.
    S.Rüstəmxanlının Bakıya qayıtdıqdan sonra səfəri barədə qələmə aldığı yazını və səfərdə çəkilmiş fotoları təqdim edirik:
    Yetirdiyi böyük şəxsiyyətlərin ruhu və xatirəsi Qazaxın tükənməz mənəvi enerjisinin qaynağıdır və bəlkə elə buna görə vətənimizin bu gözəl guşəsi öz torpağı, havası, suyu, sazı və sözüylə həmişə bərəkət saçır. İlin, ayın hansı vaxtı olur-olsun, ayağın bu torpağa dəyən kimi, bu gücü və enerjini hiss edəcəksən;  Göyəzənin, Aveyin hələ sonadək öyrənilməmiş və dərk olunmamış tarix havası səni vuracaq…
    May ayının ortalarında həmin sehrli enerjiyə həm də  yaz daşqını kimi dağı-daşı bürüyən təzə-tər yaşıllıq və gözəllik qarışır; qısa müddətə olsa da sanki bütün qayğılardan ayrılır, gündəmi dolduran dedi-qodulardan, ürəyini sıxan dərdlərdən  uzaqlaşır, adı və yaradıcılığı ilə, qoşa addımladığın illərin unudulmaz xatirələri ilə sənə əziz olan böyük sənətkarların, dünyasını dəyişmiş dostlarının  ruhu  bir çox suallara cavab verməklə, əbədi olanla keçici olanların sərhədini daha aydın göstərməklə sənə yardımçı olur… Nə qədər xəlvət, kimsəyə xəbər vermədən gəlsən də küçədə adamlar çoxdan yolunu gözləyən dost-tanış kimi “xoşgəldin” deyəcək, hal-əhval tutacaq, ərklə və səmimiyyətlə süfrələrinə dəvət edəcəklər…
    Ancaq, təbii ki, Qazaxda əsas ev sahibi böyük Səməd Vurğundur  və  öncə onunla salamlaşmadan, ona baş əymədən keçib getmək olmaz. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin  başqanı  ilk şeri, ilk kitabı çıxan illərdən bəri tanıdığım və bütün inkişaf yolunu izlədiyim istedadlı şairimiz Barat Vüsalla da Səməd Vurğunun Qazaxın mərkəzində ucalan heykəlinin önündə görüşdük və Bakıdan, öz əllərimlə əkdiyim qızılgüllərdən bağladığım dəstəni heykəlin ayaqları altına qoydum…
    Qazaxın və bütövlüklə Azərbaycanın fəxri olan böyük şəxsiyyətlərin büstlərinin arasından keçib Şəhidlər xiyabanına getdik. Belə şəhidliklər bütün rayonlarımızda var. Ancaq Qazaxdakı xiyabana sakit baxmaq mümkün deyil. Nəhəng bir ayparadan aralarında jurnalist dostumuz Alı Mustafayev də olan milli qəhrəmanlardan tutmuş, bir yaşı tamam olmamış körpələrə qədər- Qazax şəhidlərinin yüzlərlə portreti sənə baxır və sanki uğrunda canlarını qurban verdikləri torpaqların taleyini, savaşın nə zaman bitəcəyini, insanların düşməndən təmizlənən yurd-yuvalarına nə vaxt qayıdacaqlarını soruşurlar…
    Sonra  Qazaxın zəngin ekspozisiyası ilə diqqəti çəkən və  bu bölgənin dünya sivilizasiyasının beşiklərindən olduğunu nümayiş etdirən Tarix – Diyarşünaslıq muzeyini gəzdik.

    Bu dəfə Qazaxa gəlmək fikri ürəyimdə Türkiyədə, Amasiya şəhərində azəri yadigarı olan abidələri ziyarət edərkən doğmuşdu. Amasya azərilərinin bir hissəsi Qazaxdan, Borçalıdan gedənlərdir; Qazaxla  Amasyanı bağlayan tarixi körpüləri unutmaq olmaz. Bu körpüləri quranlardan biri Qazaxın İncə dərəsində uyuyan Mahmud Əfəndidir. Amasyada məşhur şairimiz Seyid Nigarinin məqbərəsini, Şirvanlılar məscidini ziyarət edərkən oralarda zəhməti keçən, əməyinin izi qalan Mahmud Əfəndini ziyarət etməməyin günah olduğunu düşünmüşdüm. Bütün övliya məqbərələrində eyni  bir qutsallıq duyulur. Hansı təriqətə bağlı olurlar-olsunlar onlar İslam aləmini bütöv və güclü görmək istəyiblər, sünni-şiə ayrılığının aradan qaldırılmasını arzulayıblar. Mahmud Əfəndinin məqbərəsi də bunun parlaq bir örnəyidir. Anzaq məqbərəni ziyarət edərkən məni təsirləndirən iki epizodu  ayrıca qeyd etmək istəyirəm. Üz-üzə gəldiyimiz bir ailənin başçısı xanımına məni təqdim etmək istəyəndə qadın sakitcə “Sabir bəyi mənə tanıdırsan?” deyə yoldaşının sözünü ağzında qoydu və bir neçə cümlədə mənim həyatım və kitablarımla bağlı elə dəqiq fikirlər dedi ki, bunu heç peşəkar ədəbiyyatçılar da bacarmaz. Barat Vüsal sonra bunu tez-tez xatırladıb “Qazaxın əsil ziyalı tərəfi budur bax!” deyir.  Mən belə təsadüfi görüşlərə və xalq arasındakı  böyük sevgiyə  alışqanam. Təvazökarlıqdan uzaq səslənsə də həqiqət belədir və bu mənim həyatda ən böyük qazancımdir. Lakin Qazaxda bir kənd qadınının bir ani görüşdə fikrini o cür dəqiq və parlaq ifadələrlə çatdırması mənə əvəzsiz bir hədiyyə oldu.
    Məni heyrətə salan əsas bənzəyişi məqbərədən ayrılarkən gördüm. Qurumuş gövdənin üstündə yam-yaşıl, canlı, meyvəsi üstündə cavan tut pöhrələri… Ağac özü bir möcüzədir, lakin daha qəribə olan bu ağacın bənzərinin, eynisinin Türkiyədə, Kırşəhirdə Hacı Bəktaşi Vəli dərgahında olmasıdır. Həmin ağac haqqında bir neçə il öncə yazmışdım. İnsanlar dərgahla bərabər bu ölümə qalib gələrək, meyvəsini tutiya kimi  ziyarətçilərə paylayan ağacı da ziyarət edirlər…
    İncə dərəsinə gəlib köhnə şair dostlarımızı ziyarət etməmək günah olar. Burda Akif Səmədlə Ağamalı Sadiq Əfəndi bir yolun üstündə dayanırlar. Əslində elə sağlıqlarında da daim haqq yolunun, millətin azadlıq yolunun üstündəydilər və hər ikisiynən çox səmimi dostluq duyğuları ilə bağlı idik.  Sağ olsun kənd qəbristanları, axırda bizə sahib çıxan yenə onlardır…  Maraqlı həmsöhbətlərin arasındayam, lakin uzaq illər arxasında sevimli müəllimlərim olmuş ədəbiyyatçı Cavad Məmmədovun, riyaziyyatçı Şahvələd Mustafayevin, gənclik dostum, lirika ustası Nüsrət Kəsəmənlinin, ədəbi və siyasi mübarizələrdə çiyin-çiyinə dayandığım İsmayil Şıxlının, Yusif və Vaqif Səmədoğluların, ustad İsa Muğannanın, şeirləri dillərdə dolaşan Hüseyn Arifin canlı xatirələri də bizimlə gəzir.
    Qazax  indiki xəritələrdə vətənimizin uc nöqtələrindən biridir. Qonşu dövlətlərin qapısında yerləşir. Bunu unutmaq olmaz. Bu baxımdan son illərdə Qazaxda görülən işlər məni sevindirdi. Tikilən gözəl binalardan biri də Səməd Vurğun heykəliylə üz-üzə dayanan Ədəbiyyat muzeyidir. Mən bilən, respublikada Nizamı adına Ədəbiyyat muzeyindən başqa ikinci belə bir  muzey yoxdur. Əslində, Qazaxda ayrıca Vaqif, Vidadi, İsmayıl Şıxlı, İsa Muğanna və s. muzeyləri də olmalıdır. Bu muzey hamısını əvəz edəcək və Mədəniyyət Nazirliyi bu işə yardım etməlidir.
    Həyatın elə adi normaları var ki, bizim üçün əlçatmaz arzuya dönüb. Məsələn, Qazaxda söhbət zamanı adamlar tez-tez vurğulayırdılar: “Bilirsiniz, Qazax bir nümunə göstərib, yeni başçı gələndən sonra burada rüşvətin kökü kəsilib. Sağ olsun!”  Düzgünlüyün, xalqa sayğının, hər bir vətəndaşın qapısını döymək, hər bir ehtiyacı olana dayaq durmaq  qayğıkeşliyinin nə qədər ciddi bir iqtisadi, mənəvi, psixoloji  dəyişiklik yaratdığını müşahidə etmək baxımından bugünkü Qazax doğrudan da bir nümunədir. Bunu yazmaq mənə xoşdur və pisə pis dediyimiz kimi yaxşıya yaxşı demək də borcumuzdur.  Qazax rayon icra başçısı ilə söhbətimiz zamanı  mən camaatın razılığının səbəblərini anladım. Rəcəb müəllim iki qonşu dövlətin sərhədində yerləşən  rayonda ilhamla, xalqa hörmətlə, yaradıcılıq eşqi ilə çalışır… Görülən işlər, rayonun inkişafı ilə bağlı planlar, doğrudan da, yerlərə kadrların düzgün seçilməsinin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, Qazaxın nümunəsi başqa rayonlarımıza da yayılar…
    Qazaxda ayrılmazdan əvvəl ziyalılarla, yerli şairlərlə sazlı-sözlü, unudulmaz bir görüşümüz oldu.

  • “AZƏRBAYCANDA FİKİR MÜSTƏVİSİNDƏ XAOTİK MÜNAQİŞƏ VAR”

    Azərbaycan publisistikasının ağsaqqalı, xalq şairi Sabir  Rüstəmxanlıya yönəlik sosial sifariş nəhayət ki, cavablandırıldı. Ancaq cavablandırılması mümkün olmayan bir çox suallar,  yəqin ki, dövlətçiliyimizin və millətimizin, Sabir bəyin öz partiya maraqlarının  naminə açıq olaraq qaldı. Onun söylədiyi BU GÜNÜN MANİFESTİNdə dost biganəliyinin nə zaman  ifşa olunacağı, qəlbimdə saldığım Ölülər şəhərinin sakinləri olan seçilmişlərimizin dirilmələri üçün Həzrəti İsanın kəramətinə, yoxsa “ümid olmayanda yenə ümid var” amacıyla onların özlərinin xortdayacaqlarına bel bağlamağın mahiyyəti,  “Xocalı soyqırımı olmayıb!” deyən qurumsaq qroslara büt yapan siyasi funksionerlərin koordinatorluqları,  bizdən iki dəfə və ikili əzan tələb edən KARLARIMIZın, bizdən hər yan işıqlıykən şam yandırmağı tələb edən KORLARIMIZın, Dərvişi meyxanədə, sərxoşu təkyədə axtaran milli şüursuzlarımızın cəmiyyəti çıxılmaz labirintə sürükləmə cəhdləri, sözün zərifliyinə deyil, avropoid irqlilərin şişirtdikləri selikon dodaqların qalınlığına baxanların vəhşi qəzəbə söykənən kor ehtirasları, it xislətli Poliqrafların şapşapı oğurluğu, bütün bunların fonunda rəhmətlik Elçibəyin elə Sabir Rüstəmxanlının timsalında seçilmişlərimizi hədəf götürərək BU ADAMLARı təhqir edənlərə sərt təpkiylə “sən nə zamandan əxlaqını yedin ki, Rüstəmxanlıya münasibətdə belə düşüncə sərgiləyirsən!?” fikrindən doğan sorularıma cavab ala bilməsəm də, yenə də AĞSAQQAL SÖZÜNÜN ÇƏKİSİ baxımından Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi SABİR RÜSTƏMXANLININ DEDİKLƏRİni oxucuların diqqətinə çatdırıram: 
    – Sabir bəy, Səni Tanımaq istəyən, Gəncə qapısından Xəbər gözləyənlər var. Zamanı içimizdən keçirib Qan yaddaşımızı silkələyəndə Ana Dilimizə “sağ ol” deməyimiz hansı sevgidən, hansı qorxudan doğub? Didərgin düşmüşük, BÜTÖVLÜYÜMÜZ xar olub! Göy Tanrı, Atamın Ruhu Haqqı Xətai yurdu talanıb! Difai Fədailərimiz, Cavad Xanlarımız yoxa çıxıb, məmləkətə sahib çıxacaq Orxanlarla görüşmək istəyimiz əngəllənir. Biz bir Ölüm Zirvəsindəyik, məmləkəti Sunami təhlükəsi gözləyir! Və bütün bu qeyd olunanlar Sənin Xalqının Ömür kitabıdır. Buyur, günümüzün Manifestini söylə…
    – Əslində, bu sual bütövlükdə mənim keçib gəldiyim yola və yaradıcılığıma işıq salır və bu suala görə sənə öz təşəkkürümü bildirirəm. Zaman-zaman mənə belə sosial sifarişlər gəlib ki, biz Səndən yeni bir “Ömür kitabı” istəyirik. O kitab bitməyib, bu gün də davam edir. Davam edən bu kitabda dəyərli oxucularım “Dağların intiqamı”nı görəcəklər… Bu gün yaranmış bəzi sorunların  çözülməsində adını qeyd etdiyim roman açar rolu oynaya bilər. Yəni, məsələyə bədii yöndən yanaşası olsaq, romandakı dağlar öz intiqamını almalıdır…
     
    –  “Dağların intiqamı”nın  açar rolu oynayacağına siyasi yöndən yanaşma nələri deyir?
    – Məsələnin siyasi yöndən həlli kompleks yanaşma tələb edir. Bu, təkcə məndən, Vətəndaş Həmrəyliyi Partiyasının tutduğu ideoloji-siyasi kursdan asılı deyil. Müstəqilliyimizi qazanandan sonra Azərbaycanda separatist meyllərin güclənməsini, yeni yaranan siyasi partiyaların bir-birinə düşmən münasibətini gördükdə Vətəndaş Həmrəyliyi Partiyasının yaradılmasını günün zərurəti hesab etdim və dostlarla birgə bu addımı atdıq. Bütün dünyada olduğu kimi Azərbaycanda da fərqli düşüncəyə, fərqli dünyagörüşünə malik olan ideoloji-siyasi kurslar mövcuddur. Bu kurslar üzrə öz siyasi fəaliyyətini yönləndirməkdə qorxulu bir şey yoxdur və bu, özlüyündə demokratik yanaşmadır. Neyləyək ki, deyildiyi kimi, demokratiyanın çoxlu qüsurları var, ancaq ondan yaxşısı da tapılmayıb. Cavabdehlik və məsuliyyət hissini əsas şərtlərdən hesab edən demokratiyada seçki başlıca rol oynayır. Azərbaycanda 50-dən yuxarı siyasi partiya olsa da, ancaq bir çoxunun nə niyyətlə yaradıldığı bilinmir.. Vətəndaş Həmrəyliyi isə aydın bir ideyadır və mənim düşüncəmə görə, Azərbaycan dövlətçiliyinin qorunması baxımından daha zəruri səciyyə daşıyır. Vətəndaş həmrəyliyi ideyası birbaşa Məmməd Əmin Rəsulzadənin təsanüd nəzəriyyəsinə bağlıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda prezidentliyə namizədlərin çoxu vətəndaş həmrəylindən danışırlar. Bundan vaz keçmək mümkün deyil. Azərbaycanın gələcəyi, bütün problemlərinin həlli, nicatımız vətəndaş həmrəyliyi və milli birliyimizdən keçir.
    “MİLLİ PROBLEMLƏRİMİZİN HƏLLİ ORTAQ MƏXRƏCƏ GƏLMƏYİMİZİ ZƏRURƏTƏ ÇEVİRİR”
     
    – Amma aparılan müşahidələr göstərir ki, həmrəyliyin özünə münasibətdə də fikir ayrılığı var.
    – Cəmiyyət içərisində həmrəyliyə soyuq yanaşmanı bir növ stumullaşdıran səbəblər var…
     
    – Hansı səbəblərdi bu?
    – Vurğulanır ki, ölkə daxilində olan oliqarxlarla acından ölənlər necə həmrəy olsunlar? Dialoqu bir yana qoyulub, tərəflər barışmaz mövqələrdən çıxış edirsə iqtidarla müxalifət necə həmrəy olsun?..
     –  Amma söhbət burada müxtəlif qütblərin həmrəyliyindən getmir. Söhbət bizim milli problemlərimizi həll etmək naminə ortaq məxrəcə gəlməyimizin vacibliyindən gedir. 
    – Heç şübhəsiz, bunsuz ölkəmizin xoşbəxt gələcəyi mümkün deyil. Bu mənada indiki durum məni çox narahat edir. Bu gün Azərbaycanda normal iqtidar-müxalifət müstəvisindən kənara çıxmış xaotik münaqişə, xaotik fikir dartışması var. Həm iqtidardaxili, həm müxalifətdaxili fikir müxtəlifliyi isə daha eybəcər şəkil alır.  Siyasətə söyüşün gətirilməsi adamda təəssüf doğurur. Dünənə kimi bir yerdə olan adamlar uzun illər təmsil olunduğu qurumdan bircə addım aralanan kimi tam fərqli, tam əks mövqedən çıxış etməyə başlayırlar. İnternet resurslarından gen-boluna istifadə etməklə şəbəkə halında formalaşan inkarçı qruplar yaranıb. Həm eyni, həm də ayrı düşərgənin nümayəndələri olan adamların bir-birini təhqir etməsi siyasi mədəniyyətin aşağı olmasından xəbər verir.
    Bir jurnalist hansısa bir status paylaşan kimi ağına bozuna baxmadan bildirilən münasibətlərdə adam əsaslı-əsassız , təhqir olunur, məqsədli şəkildə həmin kəsə qarşı sevgi və ya nifrət formalaşdırılır. Bu, cəmiyyətdə insanları təklənməyə aparıb çıxarır. Belə dağıdıcı kurs bizim düşmənə qarşı gücümüzün zəiflədilməsinə yönəlib
    “BİZ XIRDA DİDİŞMƏLƏRİN QURBANI OLMAQ İSTƏMİRİK”
    – Həm müxalif opponentlərinizin təqdimatlarında, həm də şəbəkə mətbuatının “sayəsində” çaşdırılan ictimai fikrə “Sabir Rüstəmxanlı nə o yanlıq, nə də bu yanlıqdır” dezosu hakim kəsilib. Siz haradasınız?
    – Biz millətin yanındayıq!  O yan və bu yan kimdir? Mən öz yanımdayam, mən öz yerimdəyəm. Bunu deyənlər məni kimin yanında görmək istəyirlər? Hakimiyyətin, yaxud hansısa özlərinə yaxın bir adamın? Bu onların görmək istədikləridir, mənim yerim deyil. Mənim kitablarımda olan ideyalarla boy atan kəsləri mənə “mübarizə adamı” kimi təqdim edənlər mübarizənin necə aparılmasını başa düşməyənlərdir. Mənim öz partiyam və öz mövqeyim var. Mən VHP-nin sədriyəm və öz ideyalarımın, uğrunda ömrümü sərf etdiyim amalların və bütövlükdə millətimin yanındayam və hər zaman bu mövqedə olacam. Tutduğumuz yolun üstündəyik, izlədiyimiz vətəndaş həmrəyliyi ideyasının arxasındayıq və onun ardınca gedirik. Bütün narazılıqları da öz mövqeyimizlə yumşaltmağa çalışırıq.
    – O hansı narazılıq və hansı yumşaldıcı mövqedir?
    – Mövqeyumşaldıcı marağımı nəzərə alsaq, narazılıqlar haqqında danışmağa dəyməz. Mövqeyimsə xalqın, əzilən insanların, acıların, yalavacların, işsizlərin mövqeyidir.  Söyülən, təhqir edilən bütün adamların günahı hakimiyyətin boynundadır. Cəmiyyətdə elə bir narazılıq mühiti yaradıblar ki, yaxşı işlərini də dilə gətirəndə də, məsələyə obyektiv yanaşanda da buna başqa rəng verilir. Amma bizim borcumuz həqiqəti söyləməkdir. Hakimiyyət uğrunda mübarizədə ədalət qurban verilməməlidir.
      Verdiyin sual kontekstində çıxış edənlər özlərini harada hiss edirlər – söyüşün zirvəsində, yoxsa münaqişələrin mərkəzində? Hanı müxalif düşərgədə formalaşan saysız-hesabsız birliklər? O birliklər və o birliklərin yarandığı anda, fəaliyyətləri dövründə siyasi liderlərin verdikləri açıqlamalar saf-çürük edilsə, nələrin şahidi olarıq? Elə həmin münaqişələr düşərgəni param-parça etmədimi? Mən həmin münaqişələrə qoşulmaq istəmirəm….
    – Amma çox vaxt belə qoşulmamağınızı mövqesizlik kimi qiymətləndirirlər…
    – Bu, mövqesizlik yox, mövqeyi düzgün qiymətləndirməkdir. Öz dostlarını, çiyin yoldaşlarını anlaya və dəyərləndirə bilməyənlər  boş-boş iddialarının qurbanına çevirdikləri partiyalarının, onlardan ayrılanların açıqlamalarının mətninə diqqət etsinlər. Biz xırda didişmələrin qurbanı olmaq istəmirik.
    – Amma haqqınızda söylənən yanlış yanaşmalar, şantajlar da səngimir. Heç bezdirmədimi bu yanaşmalar, bu yanlışlıqlar?
    – Əlbəttə bir yazıçı, Söz Adamı üçün özü haqqında yalan, böhtan eşitmək çox ağırdır. Arada istədim ki, səslənən bütün yanlışlıqlara cavab verəm. Gördüm ki, onda gərək, işlərimi bir yana qoyub, bütün vaxtımı buna sərf edəm. Yaradıcılıq işlərimin artdığı bir dönəmdə az qala məişət səviyyəsinə qədər enən məsələlərə münasibət bildirməyimə vaxtım yoxdur. Sosial şəbəkələrlə bağlılığım da işimin gərgin vaxtlarında demək olar ki, yox dərəcəsinə enir. Partiyadakı funksionerlərin çoxu da guya məni qorumaq xətrinə məni baş verənlərdən, yanlış yaparaq,  xəbərdar etmirlər. Amma xəbər tutduğum məqamlara iş rejimimin gərginliyinə baxmayaraq, münasibət bildirməyə çalışıram. Mənə münasibətdə siyasi müstəvidə bir səhv tapa bilməyənlər  VHP-nin, DAK-ın fəaliyyətilə bağlı və müxtəlif spektrdə qərəzli yanaşmalarla çıxış edirlər.  Nə etmək? Həyatdır! Hər cür düşünən və ya yönləndirilən adamlar var.
    – Müstəqillik Aktını imzaladığın zaman xəyalında canlandırdığın Azərbaycanla indiki Azərbaycan arasında paralellər aparanda harada yanlış yapdığımızı deyə bilərsənmi?
    – Əlbəttə, indiki Azərbaycanı 37 il öncənin Azərbaycanı ilə müqayisə etmək çətindir. İnkişaf danılmazdır. Ancaq çox böyük itkilərimiz də olub. Asanlıqla həll edilə bilən məsələləri qırx arşın quyuya salmışıq. Mərhələ-mərhələ, yanlış  dalınca yanlış olub. Mənim düşüncəmə görə, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində tələskənlik oldu. Ondan da böyük yanlışlıq həmin hakimiyyəti qorumamağımız, asanlıqla geri çəkilməyimiz idi. Sanki gizli bir ssenari ilə SSRİ-dən qopan bütün respublikalar eyni səhvləri və oxşar çətinlikləri yaşadılar.
    “HEYDƏR ƏLİYEVİN HAKİMİYƏTƏ GƏLMƏSİNDƏ XALQ CƏBHƏSİNİN ROLU NƏ QƏDƏR İDİ?”
    – Deyirsiz ki, Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsdi, bəs kim gəlməli idi?
    – Cəbhənin o zamankı gerçək potensialı, xalq arasındakı nüfuzu bütün seçkiləri udmağa imkan verəcəkdi. Lakin kadr potensialı baxımından Cəbhə zəif idi. Müdafiə sistemindən, siyasi və diplomatik fəaliyyətdən  başlamış, iqtisadiyyatın idarəçiliyinə qədər, bir çox təcrübəsiz adam irəli çıxdı. Onların səhvləri ölkənin sonrakı taleyinə güclü təsir göstərirdi…
    – Amma “təcrübəsiz adamlar”ın cəmləşdiyi hakimiyyət iyerarxiyasında o zaman rəhmətlik Heydər Əliyev də təmsil olunurdu,  SSRİ boyda bir imperiyanın əsas söz sahiblərindən biri olmuş böyük siyasət adamı…
    – Düzdür Məclisdə, xüsusən Müstəqilliyə münasibətdə mövqeyimiz eyni idi, lakin Heydər Əliyev o zaman, belə demək mümkünsə, kənara itələnmişdi. Çoxları da belə zənn edirdi ki, o, elə kənarda müşahidəçi kimi qalacaq və hakimiyyətə iddialı olmayacaq. O isə Naxçıvanda hakimiyyətini möhkəmləndirməklə həm də Cəbhə hakimiyyətini zəiflədən səhvləri müşahidə edirdi. Xalqın münasibəti də ortalıqda idi. Xalq onun rəhbərlik etdiyi dövrü xatırlayırdı və tərəfdarlarının sayı da durmadan artırdı.  Məncə, hakimiyyətə öncə Heydər Əliyev, sonra Xalq Cəbhəsi gəlməliydi. Və ya onlar hakimiyyətə bir yerdə gəlməli idilər.
    – Heydər Əliyevin hakimiyyətə gəlməsində Xalq Cəbhəsinin rolu nə qədər idi?
    – Buna bənzər suallara dəfələrlə cavab verilib. Xalq Cəbhəsi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daxili  və xarici xəyanət və təzyiqlərlə dalana dirənəndə,  başqa yol tapa biməyəndə.
    – Bir yandan Heydər Əliyevi hakimiyyətə dəvət edirlər, başqa bir yandan da onun siyasi kursunu bəyənmirlər?
    –  Mən şahidəm, o zaman Heydər Əliyevin hakimiyyətə gəlməsinə rəhbərlikdəki dostlarımız sevinirdilər. Bir neçə dəfə məndən də məndən soruşmuşdular ki, necə bilirsən, gələr, gəlməz?..
    – Maraqlıdır, niyə məhz Sizdən?
    – Yəqin Heydər Əliyevlə tanışlığımız, Naxçıvanda və Məclisdə onunla görüşməyim bizim yaxınlığımız fikrini  formalaşdırmışdı…
    “İSTEFA  VƏ İMTİNA MƏDƏNİYYƏTİNİ ŞƏRTLƏNDİRƏN SƏBƏB NƏ OLUB?”
    – O zamankı siyasi mühitdə Heydər Əliyevin rolunu yüksək qiymətləndirən, Cəbhə hakimiyyətinin söz sahiblərindən olan Sabir Rüstəmxanlı sonradan Heydər Əliyev hakimiyyətində nazir vəzifəsindən istefa verdi. Belə paradoksallıq baxış fərqindən qidalanırdı, yoxsa zamanın diktəsindən? 
    – Yəqin hər ikisindən. Heydər Əliyev hakimiyyətə 1993-cü ildə gəldi. Mən isə 1995-ci ildə  istefa verdim. Bu zaman fərqini diqqətdən qaçırmayın. Zaman keçdikcə vəziyyət, yanaşmalar, siyasi mühitə baxışlar sistemi də dəyişir. Mən hesab edirdim ki, Azərbaycan çox qısa müddətdə SSRİ-nin ağır miraslarını, çəkdiyimiz zülmləri, zillətləri adlayacaq. Millət  tezliklə ayağa qalxıb, bütövləşib torpaqlarını azad edəcək, demokratik, normal seçkilərlə xalqı təmsil edən bir hakimiyyət qurulacaq.
    – Amma güclü ordunun yaranması, siyasi müstəvidə fəndlərin işlənməsi, potensialın cəmləndirilməsi baxımından vacib olan atəşkəs əldə olundu. Bəs “xalqı təmsil edən bir hakimiyyət” quruldumu? 
    – Əvvəla onu deyim ki, mənim atəşkəs məsələsinə yanaşmam fərqlidir. Atəşkəsin bir əvvəli, sonu olmazmı? O ki qaldı xalq hakimiyyətinə, təəssüf ki, bu məsələ dünyada getdikcə şirin bir ümid və arzuya çevrilib uzaqlaşmaqda və ya tarixə qovuşmaqdadır. Bu gün dünyanı kapital sahiblərinin, mason təşkilatlarının, oliqarx qruplaşmalarının gizli və açıq şəbəkələri idarə edir. Müxtəlif  “bahar”ların, “xalq üsyanları”nın, demokratiya çağırışlarının, partiya və cəbhə çarpışmalarının arxasında əsasən həmin antimilli qüvvələrin maraqları dayanır…
    Bütün bunlar da bizim kimi kiçik, lakin zəngin ölkələrə yaxşı heç nə də vəd eləmir.
     İstefa ilə bağlı onu da deyim ki, qanunvericiliyə görə müəyyən limiti nəzərə almazsaq, Milli Məclisdə təmsil olununanlar nazir ola bilməzdilər. O zaman Heydər Əliyev mənə dedi ki, səni çıxaran yoxdur, niyə istefa verirsən? Cavab verdim ki, mən bir ayağı orada, bir ayağı burada ola bilmərəm. Qanunlarımıza sayğı ilə yanaşıram.
    – Nazir postundan istefa verməyinizin səbəbləri bəlli oldu. Sabir Rüstəmxanlı həm də “Şöhrət” ordenindən imtina edib, bu siyasi mədəniyyəti də cəmiyyətimizə nümunə olaraq göstərib. Bu gün o vəzifə, o orden uğrunda fəhləsindən tutmuş ziyalısına qədər gör nələrdən keçməyə hazır olanlarımız var. Bütün bunlar hansı təəssürat və nostalji hisləri oyadır?
    -O addımlar mənim həyatımın məntiqindən doğub. Umduğumuz yoldan kənar addımların atılması, Qarabağ məsələsində irəli gedə bilməmək, əksinə bir az da geriləmələr, ölkəni bürüyən qaçqın və köçkün problemi, əsirlikdə qalan soydaşlarımız, ermənilər tərəfindən talan edilən və edilməkdə olan, yağmalanan torpaqlarımız, bir loxma çörək ümidiylə qul bazarlarında beli bükülən xalqın halı və bunu qəbul edə bilməməyim məni bu mövqedən çıxış etməyə sövq etdi. O vaxt elə belə də yazmışdım ki, “bir milyon qaçqın və köçkünü olan bir ölkənin şairi döşündə “Şöhrət” ordeni gəzdirə bilməz”…
    “BİZ NİYƏ BU QƏDƏR ASSİMİLYASİYA, ƏYİLMƏYƏ MEYİLLİ XALQIQ”
    – O zaman bu addımın, ictimai-siyasi çəkisinə qısqanclıqla baxanlar bunu “VHP sədrinin öz reytinqini artırmaq istəyi” kimi dəyərləndirdilər…
    – Bu gülünc və sadəlövh  yanaşmdır. Onda rəhmətlik Heydər Əliyev məni axtarmışdı. Aradan xeyli vaxt keçəndən sonra bir məclisdə onunla görüşəndə maraqlı bir söhbətimiz oldu.  Mənə dedi ki, bu, dövlətin ordeni idi, niyə imtina elədin, səndən incimişəm. İllər öncə onun təəssüflə dediyi bir söz yadıma düşdü və bunu Heydər Əliyevə xatırlatdım; o narahatlığını bildirib demişdi ki, biz assimilyasiyasiyaya, əyilməyə niyə bu qədər meyilliyik. Bunu yada salıb dedim ki, bu məsələ hamımızı narahat edir. Bilirəm ki, bu hərəkətim mənə problemlər yaradacaq, lakin bu orden üçün sıraya düzülənləri görəndə başqa çarəm qalmadı. Bu addımımla mən bir nümunə göstərmək istədim. Görsünlər ki, millətin şairi orden və medaldan, nazir vəzifəsindən ötrü sino getməli deyil. Məncə bu cavabım ona incikliyini unutdurdu.
    – Dostunuz Məmməd İsmayıl bir zaman vurğulayırdı ki, mənəviyyatımız para hesabına zorlanır. Haqlıdırmı və indiki durumda bu proses davam edirmi?
    – Məmməd İsmayıl bu məsələdə haqlıdır və bu proses indi də və əslində bütün dünyada, davam edir. Maddiyyat mənəviyyatı üstələyir, adamların dəyəri  elm, mədəniyyət, xidmət ilə deyil, para ilə ölçülür, Oğurluq,  xalqı soymaq namuslu yaşamaqdan üstün tutulur. Bu bütün insanlığın faciəsidir.  Çox təəssüf ki, KİV vasitəsilə millətə eybəcər cəmiyyət nümunəsi sırınır. Siyasi həyatda  yetkinliyin olmaması, dialoq  mədəniyyətin aşağılığı deyilənlərlə bağlıdır. Görünür, milli dəyərlərin dərk edilməsində və qorunmasında  çatışmayan məqamlar var. 5-10 ildən sonra Azərbaycanda kadr çatışmazlığı olacaq. Heç kimin xətrinə dəyməsin, bu gün yuxarı vəzifələrdə, millət vəkillərinin və nazirlərin arasında xeyli səviyyəsiz, lakin  varlı, pullu, imkanlı adamlar var.  Bununla paralel millətə şöhrət gətirən alim, sənətkar, ziyalı sıxıntı içindədir. Ürəyimizdən keçənlərin, millət üçün lazım olan istəklərimizin, layihələrimizin heç birini  gerçəkləşdirə bilmirik. İmkanı olanların isə belə bir niyyəti, düşüncəsi yoxdur…
    ”XALQDAN DANIŞANDA İQTİDAR, MÜXALİFƏT BÖLGÜSÜ ƏSAS DEYİL”
    –  Harınlamış təbəqə Xətai yurdunu çapıb talamaqdadır. Amma elə çapıb talayanlar səviyyəsində ömür sürən müxalifət liderləri də var. Bəs onların yaşamını beləcə gözəlləşdirən nədir?
    – Mən mütərəqqi millətçiliyin tərəfdarı olan, xalqı başqa düşüncələrin nostalgiyasından çıxarıb öz ruhuna, öz kökünə qaytarmaq istəyən bir ideyanın adamıyam. Millətçilik cəmiyyəti bölmək deyil, ümumi birliyə xidmət edən yanaşmadır. Buna görə də cəmiyyətdən və xalqdan danışanda iqtidar, müxalifət bölgüsünə  nisbi yanaşıram. Bunların heç biri əbədi deyil.  Tərəflərin hamısı bir xalqın, bir cəmiyyətin subyektləridilər.  Qohum olanı, eyni tərbiyəni görəni var. Müxalifəti də ideallaşdırmıram. Ancaq onlar arasında sənin dediyin səviyyəyə yaşayan adamların olduğuna inanmıram. İnsanların halal yolla öz zəhməti və ağlı ilə zənginləşməsi isə normal işdir. Lakin xalqın taleyini, gələcəyini, mənafeyini riskə atıb qazanılan sərvət heç kimə şərəf gətirməz. İstər İqtidar olsun, istər müxalifət. Bunun hökmən bir sorğu-sualı olmalıdır. Heç nə izsiz itib getmir.
    “MİLLƏTİNİN ABRI ƏLDƏN GEDİRSƏ, SƏN NƏYİ GÖZLƏYƏ BİLƏRSƏN!?”
     
    – Mətbu hücumları zamanı dost sandıqların yanında olmadılar. Nə ilə bağlıdır bu?
    – VHP-yə çox adamlar gəlib gedib. Hamısına da mən dost kimi baxıram.
     – Mən bunu VHP çərçivəsində deyil, ədəbi mühit çərçivəsində söylədim, birinə atılan daşa o birisinin biganə qalmasıyla “qara durna taleyi”ni yaşayan ədəbi mühit…
    – Bu ağrını çoxdan yaşayıram. Mənə ölüm fitvası çıxarılanda nə bir yazıçının, nə bir dostun, nə bir yaradıcı təşkilatın səsi çıxdı,  amma mən onlarla ziyalını müdafiə etmişəm. Qəribədir ki, dilimizə, milli kimliyimizə, tariximizə, klassiklərimizə münasibətdə də atılan daşların qarşılığında eyni susqunluğun şahidi oluruq. Səfəvilərlə bağlı çoxlu yazılar yazan Güntay Gəncalpı tanıyırsan, güneyli soydaşımızdır. Onun yazılarına nədənsə heç kim cavab vermir və təəssüf ki, getdikcə daha ziyanlı, milli mənafeyə zidd yazılar yazır. Mən cavab verdim, indi bu tipli cavablardan, dialoqlardan ibarət bir kitab hazırlamışam. “Milli mənafeyimiz və biz” adında. Ziyalılar böhtanlara, tariximizlə bağlı yalanları cavabsız qoymamalıdır.  Di gəl, hər kəs öz abrını gözləyir. Lakin indi elə bir durum yaranıb ki, birini müdafiə eləyəndə müdafiə olunan qalır bir yanda, sən hədəfə çevrilirsən… Millətinin abrı əldən gedəndə, sən nəyi gözləyə bilərsən!?
    – Ortalıqda bir paradoks var: son dövr müstəqil mətbuatımızın hamisi və yaradıcısı olan bir ağsaqqal elə həmin mətbuatın qəlsəmələri arasında özünə yer alan mətbu infuzorların əliylə ikili standartın daşıyıcısı kimi təqdim olunub gözdən salınır. Reallıqda nə baş verir? Ölən balıqların Xəzər dili bizə qənim kəsilibmi?
    – Maraqlı sualdır. Yanıma  kitablarımdan bircə sətir belə oxumayan jurnalist gəlir, müsahibə götürmək istəyir. Beləsi  üçün jurnalistika məsuliyyəti  deyilən bir şey yoxdur. Onlar tanımadığı adamları sorğulamağa qalxırlar, bilmirlər ki, yanına gəldiyi adamın Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti, müstəqillik tarixi qarşısında nə xidmətləri var. Hətta keçən əsrin 80-cı illərində Azərbaycanın ilk müstəqil qəzetini mənim buraxdığımı da bilmirlər. Belə olanda əlbəttə yalan və iftira da baş alıb gedir.  Biz hamılıqla mətbuatımızı bu korkoranə yazılan səthi cızmaqaralardan qorumalıyıq. Amma dəyər verildi-verilmədi içimdə bir rahatlıq var ki, mən bu işi görmüşəm. Yaradıcı insanlar təkcə bu gün üçün yaşamırlar, hər birinin bəlli bir hədəfi var.
     
    – Nədir o hədəflər? 
    – O hədəflər mənim sizləri maraqlandıran Manifestimdir. Kitablarımı oxuyanlar bu sualı verməzlər. Bizim birinci “manifestimiz” ölkəmizin SSRİ-nin tərkibindən qopması və müstəqilliyini bərpa etməsi idi. Bu yolda fəaliyyətimi xalq meydanlarda,  mətbuatda və kitablarımda gördü.  İndiki “manifestim” həmin yolun davam etdirilməsi, torpaqlarımızın düşmən işğalından azad edilməsi və ölkədə qanunun aliliyini əsas götürən və seçki yolu ilə formalaşan normal, demokratik, çevik bir hakimiyyətin formalaşdırılmasıdır. Hədəfim Azərbaycanın gələcəyidir, bütövlüyüdür, Güneyin İstiqlalıdır, Türk dövlətlərinin yaxınlaşmasıdır, bölgəmizdə sabit bir durumun yaradılması, Avropa birliyinə bənzər bir birliyin qurulmasıdır, Turandır… Heç bir yardım olmadan,  öz məhdud imkanımla  bu hədəfə doğru uzanan yollarda çox əziyyətə qatlaşmışam. Uzun illərdir Azərbaycan Dil Qurumuna başçılıq edirəm. “Bakı-Təbriz” jurnalı buraxmışam. Bütün Türk Dünyasını gəzib ortaq tariximizin, ortaq ədəbiyyatımızın araşdırılması, ortaq dəyərlərimizin təbliği istiqmətində əlimdən gələni etmişəm. Və bütün bunları mən həm də Sözümlə,  yaradıcılığımla deməkdəyəm. Bu  xoşbəxtliyimi  xırda və ötəri  qəzetçilik maraqlarına, mənə olan biganəliyə  qurban verə bilmərəm… Bu, Allahın verdiyi bir taledir və manifest kimi gurultulu adları ömrümün mahiyyətini oluşduran bu ideallara yaraşdırmıram..
    Hər zaman söyləmişəm, indi də deyirəm. Bu gün elə bil hansısa şəbəkə Azərbaycan gəncliyini, bütövlükdə cəmiyyəti narazı salmaq xətti götürüb. Gəncliyi sosial problemlərlə üz-üzə qoymaqla onları sarsıntı halına gətirmək adiləşib. Gənclərə şərait yardılmayanda, Vətən sahib çıxmayanda onlar da başqa ölkələrə sığınmağa məcbur olurlar. Bir hissəsi normal fəaliyyətlə məşğul olsalar da, digər hissəsi mübarizə adı altında dövlətimiz üçün yeni problemlər yaradır. Əslində bu xoşagəlməz ənənənin yaranmasında iqtidardakı bəzi məsuliyyətsiz məmurlar günahkardır. Diasporla və müxalifətlə münasibətlər düşmənçilik müstəvisində aparıla bilməz. Bu iş özəl yanaşma və bacarıq tələb edir. İndiki qarşıdurmanı iqtidar özü yaradıb. Əlindəki media resursları, səviyyəsiz teleproqlamları ilə, əslində özlərini  gözdən salan “kuklaların” və “siyasətçilərin” xalqda gülüş və istehza doğuran verilişləri və yazıları ilə.  Buna iqtidarın özünüqoruması və öz təbliğatını aparması kimi baxılır. Lakin bu, peşəkarlıqla və layiqli adamların dili ilə aparılmayanda lətifəyə çevrilir və bumeranq kimi hakimiyyətin öz üstünə qayıdır. Bu barədə narazı gənclərlə danışanda sual yaranır ki, qanunlar pozulanda, xalqın maraqları unudulanda, iqtidar bizi adam yerinə qoymayanda başqa hansı yolumuz qalır. Məncə, siyasi mübarizədə, dialoqda üstünlük bir-birini daha bərk təhqir etməklə yox, əksinə qanunsuzluğa – qanun daxilində, ədalətsizliyə-ədalətlə, vəhşiliyə-insanlıqla cavab verməklə qazanılır. Xalq özü hər şeyi seçir və haqq olanı qəbul edir.
     “CƏMİYYƏTİN PROBLEMLƏRİ SUALLARA CAVABLA DEYİL, İŞLƏ HƏLL OLUNUR”
    – Qərbin Azərbaycan İnsanını “laboratoriya sakini”nə çevirmək cəhdi nə ilə nəticələnə bilər?
    – Yaxın xarici götürəndə istər İran olsun, istərsə də Rusiya Azərbaycanın təcrübə poliqonuna çevrilməsi istiqmətində ciddi işləyir. Adıçəkilən dövlətlər Azərbaycan daxilində həm öz tərəfkeşlərinin sayını artırırlar, həm də missionerlər yetişdirməyə çalışırlar. Hakimiyyət uğrunda gedən gizli savaş çox ciddi problemlər yaradır.  Qonşu ölkələrin və Qərbin kəşfiyyat orqanları müxtəlif adlar altında müxtəlif təşkilatlar formalaşdırıb onların Azərbaycanda fəaliyyətinin inkişaf etdirilməsi üçün nə qədər çabalar göstərsələr də, Azərbaycan layiq dövlət olaraq qalmaqdadır. İnancı siyasətin qulu etmək yanlışdır.
    – Göy Tanrıya and içirsiniz, yoxsa Allaha?
    – And içməyi sevmirəm. Yaradana Tanrı deyirəm. Bir şerim var – “Tanrıçıyam, bilirsən!”  Onu deyim ki, sənin suallarının  bəzisinə cavab vermirəm. Çünki cəmiyyətin elə problemləri var ki, cavabla həll olunmur, işlə həll olunur. Bunun yolu verilən təhsildən, məktəblərdən, televiziyalardan, hər bir evə, hər bir ailəyə nüfuz etməkdən keçir. Hərdən itib gedən, boşuna sərf olunan gücümüzdən, potensialımızdan ötrü heyfsilənirəm. Təsəvvür elə, 5 ilə yaxın mətbuat naziri, 10 il “Ədəbiyyat” qəzetinin şöbə müdiri, 10 il “Yazıçı” nəşriyyatının baş redaktoru, 2 il də “Azərbaycan” qəzetinin baş redaktoru olmuşam, bütün ömrüm mətbuata həsr edilib. Özünü mətbuatın yuxarı ranqlı məmuru kimi aparanlar sanki bunlardan xəbərsizdirlər, peşəkar, mütəxəssis mövqeyi ilə maraqlanmırlar.   Mənim imkanlarım çərçivəsində xeyir verə biləcəyim yerlər var ki, qapıları üzümüzə qapanıb. Auditoriyalarda öz duyğularımı, milli düşüncələrimi, topladığım təcrübəni Azərbaycan gəncləri ilə paylaşmaq istəyirəm. Hərəkat dövründə mənim milli çevrəm var idi – bir milyon, iki milyon. Amma bu gün biz sanki vakkumda yaşayırıq. Kitablarımız da öz hesabımıza, az tirajla çıxır, rayonlarımızda kitab dükanları olmadığına görə kənd oxucusuna gedib çatmır. Bu yazıçının və ədəbiyyatın böyük faciəsidir və rəsmi dairələri də düşündürməlidir.
    “BİLİB DEMƏDİKLƏRİM DEYƏ BİLMƏDİKLƏRİMDƏN ÇOXDUR”
    – Həm VHP, həm də həmsədr olduğun DAK hədəflərə çatma və rəqiblərin zərərsizləşdirilməsində real potensialını yönləndirə bilməyib, real güc konsalidə olunmayıb… Problem nədədir?
    – Bu məsələdə tələb və imkan prinsipi nəzərdən qaçırılmamalıdır. Elə bu kontekstdə qəzetimizin, jurnalımızın bağlanması da bir sübutdur. Neçə müddətdir ki, qurultayımızı keçirə bilmirik. Dövlət tərəfindən ayrılan maliyyə dəstəyilə aparatda oturan işçilərin əmək haqqını ancaq vermək olur. Həmin pulla hansısa qəzet çıxarmaq, hansısa hədəfə çatmaq mümkün deyil. Burada maddiyyatla yanaşı başqa bir məsələ də mövcuddur. Partiyaya gələn adamlar həm də öz fərdi problemlərinin həllində maraqlı olurlar… Ancaq bu məsələnin həllində nəinki müxalifət partiyası, hətta iqtidar partiyasının özü də acizdir. Partiyalardan, digər qurumlardan qopmaların sırasında bu amil də var.
    – Mənim müraciətimdəki sosial sifarişlə “siyasətçi həqiqəti deməyiylə dəyərlidir” söyləyən Aydın Canıyev Qarabağ probleminə münasibətdə “Rüstəmxanlının bildiyi ayrı bir yol varmı?” sosial sifarişi üst-üstə düşdü. Mən Aydın bəyə bunun cavabında təkcə kitablarınızın adlarını sadalamaqla kifayətlənmişdim. Buyurun, Sabir bəy, sosial sifarişi cavablandırmanın zamanıdır.
    – Nəinki siyasətçi, ümumiyyətlə fərd olaraq hər bir kəs həqiqəti söyləməsiyilə dəyərlidir. Bu, jurnalistlərə də aiddir. Amma mən yenə də deyirəm, vaxtı çatmayan həqiqətlərin səsləndirilməsi də ziyan vura bilir.  Zamanın belə “qəddarlığı”na həm də təəssüf edirəm. Yazıçı olaraq mənim idealım həqiqəti yazmaqdır. Yaradıcı insan hətta bir çox hallarda zamanı qabaqlayaraq sözünü Sözün Sehriylə deməlidir,  ən azından içindəki “mən”in və bu “mən” uğrunda çarpışdığı idealların rahatlıq tapması naminə….
     
    – Bu konuda Sabir Rüstəmxanlının deyə bilmədikləri çoxdur, yoxsa bilib demədikləri?
    – Şübhəsiz bilib demədiklərim çoxdur…
    – Qarabağ məsələsinin həlliylə bağlı necə?
    – Həmin məsələ ayrıca bir söhbətin mövzusudur. İlham Əliyev və Azərbaycan rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı nümayiş etdirdikləri mövqe və ortaya qoyduqları format   bütövlükdə mübahisə doğurmur, bəzi məqamlarda yetərincə cəsarətlidir. Azərbaycanın torpaq bütövlüyü və Qarabağ məsələsində fikir ayrılığı ola bilməz. Lakin  illər öncə turist təşkilatı adlandırdığım Minsk qrupu çoxdan öz limitini bitirmişdir. Azərbaycan öz haqlı mövqeyini müdafiə etmək üçün təzyiqi artırmalı, danışıqların yeni formaları tapılmalı, bu işdə Qarabağ köçgünləri fəallaşdırılmalıdır. Aprel döyüşləri danışıqlar yolunu hərbi təzyiqlərlə dəstəklənməsinin zəruri olduğunu göstərdi. Bu xətt davam etdirilməlidir. Bununla belə,  Qarabağda uğur qazanmaq üçün əsas şərtlərdən biri ölkədə insan haqlarının, qanunun aliliyinin, ədalət prinsipinin qorunması, vətəndaş cəmiyyətinin inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, vətəndaş həmrəyliyinin güclənməsidir.
  • Sabir Rüstəmxanlı: “İqtidar ona qarşı olan qüvvələrlə zor dilində danışmamalıdır” – MÜSAHİBƏ

    “Azərbaycanda seçkilərin boykot mexanizmi yoxdur, bu, nəticə etibarı ilə heç nəyə təsir göstərmir”

    “Əgər ciddi səmimiyyət olsa, onda müxalifət deməlidir ki, siz vermirsinizsə gəlin yığışıb bir yerdə Sərdar Cəlaloğlunu müdafiə edək”

    Sabir Rüstməxanlı: “Əgər ailədən bir nəfər ölkəni tərk edibsə, onun bütün ailə üzvləri, yaxınları əziyyət çəkməməlidir”

    “Ölkədən gedənlər əgər Azərbaycan iqtidarı ilə mübarizə apardıqlarını düşünürlərsə, bu, söyüş, təhqir çərçivəsində deyil, siyasi mədəniyyət çərçivəsində olmalıdır”

    “Bəzən burda səsini eşitmədiyimiz, heç vaxt mübarizə meydanlarında və müxalifət düşərgəsində olmayanlar xaricə çıxan kimi özünü qatı müxalifətçi kimi təqdim edir”

    Növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Mərkəzi Seçki Komissiyası 8 nəfərin namizədliyini qeydə alıb və həmin şəxslər 11 aprel tarixində Azərbaycan Respublikasının prezidenti olmaq uğrunda mübarizə aparacaq. 1995-ci, 2000, 2005, 2010 və 2015-ci illərdə parlament, 2003-cü ildə isə prezident seçkilərinə qatılan, hazırda deputatlarının sayına görə Milli Məclisdə ana müxalifət statusunda olan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) isə hələ ötən ilin sonlarında 2018-ci ilə prezident seçkilərinə qatılmayacağını bəyan edib. Odur ki, həm bunun səbəblərini, həm də siyasi arenada, eləcə də ədəbi mühitdə baş verən olaylarla bağlı fikirlərini öyrənmək məqsədilə Xalq şairi, VHP sədri, eks-millət vəkili Sabir Rüstəmxanlı ilə söhbətləşdik.

    – Partiyanız hələ ötən ilin sonlarında prezident seçkilərində iştirak etməyəcəyini bildirib. İlk öncə bunun səbəblərini öyrənmək istərdik. Nədən seçkilərə qatılmadınız?

    – Mən bir dəfə prezident seçkilərində iştirak etmişəm. Həmin vaxt o qədər ədalətsizlik, seçkilərin kobud şəkildə saxtalaşdırıldığını gördüyümdən qərara aldım ki, bu cür mühitdə seçkidə iştirak etmək olmaz. Konkret səbəbi budur. Bu dəfə isə seçki ümumiyyətlə, gözlənilməz oldu. Ola bilsin ki, seçkilər payızda keçirilsəydi, o vaxta kimi seçki haqqında başqa qərar qəbul etmək olardı. Amma indi gözlənilmədən seçkinin irəli çəkilməsi əlimizi, qolumuzu bağlayan hadisə idi. Belə tələsiklikdə bizim seçkiyə getmək imkanımız mümkün olmazdı.

    – Seçkini boykot edənlər prosesə qatılanları nəinki tənqid, hətta təhqir edirlər. Halbuki hər bir siyasi təşkilatın hakimiyyətə gəlməsinin yeganə sivil yolu seçkilərdə iştirakdan keçir. Bununla bağlı nə düşünürsünüz?

    – Seçkiyə getməsək də partiyanın üzvləri səs verməkdə sərbəstdirlər. Bizim seçkini boykot etmək imkanımız da yoxdur. Çünki məntəqə və dairələrdə, o cümlədən Mərkəzi Seçki Komissiyasında nümayəndələrimiz var. Biz Azərbaycanın seçki prosesinin iştirakçısıyıq. Bundan kənara çəkilmək mümkün deyil. Ona görə də desək ki, boykot edirik, bu mənasız bir söz olar. Ümumiyyətlə, Azərbaycanda seçkilərin boykot mexanizmi yoxdur. Əslində, boykot nəticə etibarı ilə heç nəyə təsir göstərmir. Müxalifət düşərgəsinin bir hissəsi və ya tamamilə hamısı seçkidən imtina edir, prosesi boykot edir, amma başqa bir qüvvə tapılıb müxalifət adına seçkilərdə iştirak edir. Bu şəkildə boykot bəzi siyasi addımların özünü aldatmasından başqa bir şey deyil. Biz bu məsələlərdə sözlərin arxasında gizlənmək yolunu tutmuruq. Açıq danışmağı xoşlayırıq və açıq danışırıq.

    O ki qaldı bir qanadın digərini tənqid, təhqir etməsinə, təəssüf ki, Azərbaycan cəmiyyətində təhqir, adamları alçaltmaq, qanunları nəzərə almadan insanları söymək, onların ailəsini, uşağını təhqir etmək az qala siyasi mübarizə adı altında həyatımıza daxil olub. Bunun da adını mübarizə qoyurlar. Halbuki bu, mübarizə deyil. Məsələn, sosial mediaya baxdıqda heyrətlənirəm ki, biz hansı mühitdə yaşayırıq. Millət anlayışının təməlində bir sevgi dayanmalıdır, millətin nəfərləri bir-birini sevməlidir. Ortada bu olmadıqda hərə bir yalquzağa dönüb öz yuvasına çəkilir. Sosial medianı izlədikdə adamların sevgi, mərhəmət hisslərinin yoxa çıxdığını görürsən. Sanki biri digərinin ürəyini partlatması, axırına çıxması üçün amansız döyüş gedir. Heç düşmənlə bu cür vuruşmurlar. Sosial mediada gedən bu savaşın böyük əksəriyyəti ədalətsizdir. Siyasi cəbhələrin bir-biri ilə bu cür mübarizə aparmasını az-çox başa düşürəm. Təəssüf ki, bunun təməlini vaxtilə hakimiyyət mətbuatı qoyub. Belə ki, “Müxalifət yoxdur, onun axırına çıxdıq, bitirdik” kimi bəyanatlarla və ya təhqirlərlə mətbuatda söyüş ənənəsi yaratdılar. İndi bu, həm də facebook səhifələrinə də keçib. Tanıdı-tanımadı, sənin şeirini, kitabını oxumayan, keçdiyin yollardan, apardığın mübarizələrdən xəbərsiz olanlar kiminsə fitvası ilə ortaya düşüb təhqirə başlayırlar. Bunun adı nadanlıq, cahillikdir. Heç kim heç kimi söyüşlə bitirə bilməz. Milçək bir şey deyil, sadəcə, ürək bulandırır. Belə şeylər əslində, zəif adamları öz millətindən, toplumundan küsdürür. Məsələn, bu günlərdə bir yerdə yazmışdılar ki, guya Sabir Rüstəmxanlı Azərbaycanda talışlara, kürdlərə, ləzgilərə nifrət edir. Mənim Azərbaycan dilində 25, xarici ölkələrdə isə 45 kitabım çıxıb. Sayı-hesabı bilinməyən məqalələrim, çıxışlarım, yüzlərlə şeirlərim nəşr olunub. Əgər o adam 70 illik həyatım boyu talışa, kürdə, ləzgiyə qarşı sayğısız 1 misra, ya 1 cümləmi tapsa deyərəm ki, sən haqlısan. Əgər bu yoxdursa, bunu yazan dünyanın ən şərəfsiz, alçaq adamıdır. Deməli, bu, həmin xalqın nümayəndələrinə məni təhqir etdirmək üçün bir kampaniyadır. Mən Vətəndaş Həmrəyliyi Partiyasının sədriyəm. Ölkənin bütün vətəndaşlarına bir gözlər baxıram, hamısı mənim üçün eynidir. Bu ayrı məsələdir ki, biri deyir ləzgiyəm, biri deyir tatam, biri deyir avaram, mən də deyirəm türkəm. Bunu demək onları alçaltmaq deyil. Əksinə, mən hamısına qardaş gözü ilə baxıram. Amma kökünü danan haramzadadır. Gərək heç kim kökünü danmasın. Mətbuatı bu cür təbliğatlarla doldurmaq, ətrafa kin püskürmək bizim cəmiyyətə yaraşmaz. Bu, həm də Azərbaycanın diqqətini əsas hədəflərdən yayındırır. Bu gün az qala bütün ziyalıları, yazıçı və şairlərimizi, hətta tarixi qəhrəmanları belə, düşmən elan ediblər. Dədəsindən, böyüyündən, keçmişindən, tarixindən xəbərsiz bir dəstə gənc ortaya düşüb hər kəsə böhtan atır. Belə olmaz, bunun gələcəyi yoxdur.

    – Milli Şura sədri Cəmil Həsənli seçkiyə qatılan müxalifət partiyalarına düşmən mövqedə dayanaraq onları xəyanətdə ittiham edir. Siz necə düşünürsünüz seçkiyə getməyi xəyanət kimi qiymətləndirmək doğrudurmu?

    – 90-cı illərin əvvəllərində 2 xətt vardı – Xalq Cəbhəsinin müdafiə etdiyi və iqtidarın deputatları. Onda hər şey aydın idi. Sonra siyasi partiyalar – Müsavat, Azərbaycan Milli İstiqlal Partiyası yarandı, Xalq Cəbhəsi isə parçalanmışdı. O zaman ölkədəki qarşıdurmanı, separatizmi görəndə Azərbaycanı parçalanmadan qorumaq məqsədiylə biz Vətəndaş Həmrəyliyi Partiyasını yaratdıq. Həmin vaxtdan sonra nə qədər seçki olubsa prosesə qatılmayanlar qatılanları həmişə ittiham edib. Gələn dəfə isə yerlər dəyişib. Yəni ötən seçkiyə gedənlər bu dəfə kənarda qalıb, onları ittiham edənlər isə seçkiyə qatılıb. Buna görə də bu cür məsələlərdə sayğılı davranmağın tərəfdarıyam. Cəmil bəy mənim dostumdur, böyük alimimizdir, ona sayğım var. Amma hesab edirəm ki, real fikirləşmək lazımdır. Getməyənlər çəkilsə yenə kimlərsə tapılıb seçkiyə qatılacaq. Ona görə də kimin haqlı, kimin haqsız olduğunu bu şəkildə ayırd etmək çox çətindir. Çünki biz seçkini ancaq prosesə 3-4 ay qalmış fikirləşirik. Halbuki bu seçki qurtardığı gündən növbəti seçki ilə bağlı düşünməli idik. Biz bir komandaya çevrilmək, alternativ tərkibin, namizədin formalaşdırılması istiqamətində birlikdə 5 il ərzində çalışmalıydıq. Əgər bu gün bu, yoxdursa, indiki hakimiyyət alternativsiz olduğuna dair təsəvvür yaradırsa, bunun gühanı təkcə iqtidarda deyil, həm də bizim özümüzdədir.

    – Müxalifət düşərgəsində təmsil olunan liderlərin vahid namizəd müəyyənləşdirə bilməməsinin səbəbi nədir?

    – Gərək, müxtəlif iddialar, uzun illərdir davam edən bölücülük, “Mən müxalifətəm, məndən başqa müxalifət yoxdur”, “Əsas müxalifət mənəm, yerdə qalanlar müxalifətçi deyil” kimi söhbətlərin heç biri olmayaydı. Vaxtilə müxalifət düşərgəsində Demkonqres, SİDSUH, DUH kimi birliklər olub. Hər halda o birliklər indi mümkün olmasa da, ən azından bir-birini ittihama da ehtiyac yoxdur. Təbii şəkildə lider seçilib ortaya gəlmirsə onu süni surətdə yaratmaq da mümkün deyil. Əgər bu, mümkün deyilsə, onda öz iddiasını ortaya qoyan adamları da ittiham etmək olmaz. Bu gün namizədliyini verən Sərdar Cəlaloğlunu necə ittiham etmək olar? O da bu düşərgənin bir nümayəndəsidir, illər uzunu meydanlarda olub. Keçən dəfə bir başqası namizədliyini verib, bu dəfə isə o, verir. Əgər ciddi səmimiyyət olsa, onda müxalifət deməlidir ki, siz vermirsinizsə gəlin yığışıb bir yerdə Sərdar Cəlaloğlunu müdafiə edək. Yox, onu müdafiə etmirsinizsə, o zaman heç olmasa tənqid, təhqir etməyin. Çünki vaxtikən bu addımları siz də atmısız, indi isə o, atır. Nə fərqi var, dünən Müsavatın və ya AXCP-nin bir namizədi vardısa, bu gün isə ADP-nin bir namizədi var. Odur ki, boş-boşuna, havadan bir nəticə çıxarmaq olmaz.

    – Sabir bəy, namizədliyini irəli sürmüş müxalifət düşərgəsində təmsil olunan şəxslərdən kimi şanslı, qələbəyə daha yaxın hesab edirsiniz?

    – Bu barədə bir şey deyə bilmərəm. Bu, yəqin ki, seçki kampaniyasında və televiziya debatlarında aydın görünəcək. Odur ki, bəri başdan nəsə demək olmaz.

    – VHP seçkilərdə hansısa namizədi dəstəkləyəcəkmi?

    – Düşünürəm ki, hələ bu barədə danışmaq tezdir. Yalnız debatlardan, aparılan müzakirələrdən sonra nəsə demək olar. İndi bu barədə bir söz deməyə çətinlik çəkirəm.

    – Bildiyiniz kimi, prezident seçkiləri 5-6 ay qabağa çəkildi. Sizcə eyni hal parlament seçkilərində də təkrarlana bilərmi? Ümumiyyətlə, parlament seçkilərinə qatılmağı planlaşdırırsınız?

    – Bu barədə də danışılır ki, guya parlament seçkiləri də irəli çəkiləcək. Lakin bununla bağlı məlimatım yoxdur. Amma hər halda parlament seçkilərində meydan daha genişdir, 1 yox, 125 namizəd müzakirə olunur. Biz Azərbaycanda müstəqillik dövründə keçirilən bütün seçkilərə qatılmışıq. Ona görə də kənarda qalmağımız üçün heç bir səbəb görmürəm. Təbbi ki, seçkilərə qatılacağıq və mən də namizədliyimi verəcəm. Hesab edirəm ki, parlamentə daha təcrübəli adamlar seçilməlidir. Odur ki, yenidən parlament seçkilərində namizədliyimi vermək haqda düşünürəm. Sözsüz ki, bu, bir az da Allahın verdiyi ömürlə, sağlamlıqla bağlıdır.

    – Necə düşünürsünüz, bu gün seçkiləri boykot edənlər parlament seçkilərinə qatılacaqlarmı?

    – Qeyd etdiyim kimi, parlament seçkilərində meydan genişdir, əgər obyektiv yanaşılsa seçilmək imkanları da var. Əhalinin narazı təbəqəsi getdikcə çoxalır. Bunun isə obyektiv və subyetkiv səbəbləri var. Milli Şura bu narazılıqdan istifadə edib mitinqlər keçirir. Əhalinin müəyyən bir qismi də bunu müsbət qarşılayır. Yəni bu gün həmişə olduğu kimi, real müxalifət deyiləndə etiraz edən, müqavimət göstərən, mitinq keçirən qüvvəni nəzərdə tuturlar. Burada mübahisə açmaq istəmirəm. Lakin hesab edirəm ki, mitinqdən başqa da mübarizə yolları var. İntellektual, oxuyan cəmiyyət üçün hər bir yazının, hər bir kitabın çox böyük əhəmiyyəti var. Bir mitinqdə 5-10 min adam iştirak edirsə, bir kitabı 20-30 min adam oxuya bilər. Vaxtikən “Ömür” kitabımı 88-ci ilin meydan mitinqlərində iştirak edənlərin çoxu bayraq kimi əlində gətirirdi. Bu kitab o mitinqlərin təşkilatlanmasında böyük kömək göstərmişdi. Bu mənada mən yazı-pozu adamı kimi özümü mübarizədən kənarda hesab etmirəm. Mənim həyatımın amalı var. İstəmişəm ki, Azərbaycanda normal, gözəl dövlət qurulsun, ədalət bərqərar olsun, normal seçkilər keçirilsin, hakimiyyət bölgüsü düzgün aparılsın, 100 il bundan əvvəl qurulmuş dövlətin prinsipləri qorunsun, o tarixə sayğı ilə yanaşılsın, insanlar rahat yaşaya bilsin. Bunlar mənim arzularımdır və bu yolda yazılarımla, kitablarımla, çıxışlarımla, görüşlərimlə mübarizəmi davam etdirirəm. Mən 88-ci ilin mitinqlərinə çıxanda 40 yaşım vardı və hər gün meydanda çıxış etmək çox normal idi. O vaxt bu, bizim nəslin boynuna düşən vəzifə idi. Bu gün başqa bir nəsil gəlir və o işi başqaları görməlidir. Yəni kim meydana çıxmırsa onu düşmən hesab etmək, başqa gözlə baxmaq doğru yanaşma deyil.

    – Bu və digər səbəblər üzündən Azərbaycanı tərk edib xaricdə məskunlaşan şəxslərin bir qismi bu gün iqtidarla mübarizə adı altında ölkənin milli maraqlarına, onun beynəlxalq nüfuzuna zidd addımlar atır, hətta təhqirə baş vururlar. Sizcə, bunun kökündə duran səbəb nədir?

    – Tək Azərbaycanda deyil, bir sıra xarici dövlətlərdə də iqtidardan narazı olan adamlar ölkələrini tərk edib gedirlər. Onların sayı az olanda diqqəti cəlb etmirdilər. Lakin say artdıqca şübhəsiz, onlar təşkilatlanır, müxtəlif media qrumları və təşkilatlar yaranır. Məsələn, İran müxalifətinin Paris ətrafında bir qrultayına qatılmışdım. Həmin vaxt orada on minlərlə adam iştirak edirdi. Bizim iqtidarın bəzi nümayəndələri elə fikirləşirlər ki, Azərbaycanın bu qədər bacarıqlı gəncini ölkədən kənarlaşdırmaqla özlərinə rahat şərait yaradırlar. Elə zənn edirlər ki, artıq onlara etiraz edən olmayacaq. Lakin nəzərə almırlar ki, burdan gedən qüvvə sözünü xaricdən də deyə bilər. Texniki imkanlar belədir. Xaricə getməklə onların potensialı itmir. Gəncləri uzaqlaşdırmaqdan və düşmən gözüylə görməkdənsə, onları Vətənə bağlamaq, işlə təmin etmək, onların inkişafı üçün şərait yaratmaq və bu prosesdə fikir müftəlifliyinə sayqı ilə yanaşmaq lazımdır.

    Bütün ölkələr, cəmiyyətlər bu yolu keçirlər. Biz də bu yolu keçirik və başqa cür mümkün deyil. Amma burda bir siyasi mədəniyyət söhbəti var ki, gərək iqtidar Azərbaycandan kənara gedənlərin ailəsinə, uşaqlarına, qohumlarına münasibətdə diqqətli olsun, onları bu qarşıdurmaya qarışdırmasın. Yəni əgər ailədən bir nəfər gedibsə, onun bütün ailə üzvləri, yaxınları əziyyət çəkməməlidir. Ölkədən gedənlər əgər Azərbaycan iqtidarı ilə mübarizə apardıqlarını düşünürlərsə, bu, söyüş, təhqir çərçivəsində deyil, siyasi mədəniyyət çərçivəsində olmalıdır. Mən öz xalqını, millətini sevən bir adam kimi, iqtidar-müxalifət, hakimiyyət-vətəndaş münasibətlərinin bu yerə gəlib çıxmasını istəmirəm. Sabah yerlər dəyişilə, biri gedib, yerinə digəri gələ bilər. Odur ki, biz mübarizənin daha pis məcralara yönəlməsinin qarşısını almalıyıq. Bizim xalqın tarixən formalaşmış müəyyən prinsipləri, ədəb-ərkan qaydaları var. Düşmənçiliyi də müəyyən çərçivələr daxilində etmək lazımdır. Gərək bunlar nəzərə alınsın. Avropa Azərbaycanlıları Konqresində də bu sözlərimi demişəm. Ola bilsin ki, ifadə etmək istədiklərimin hamısını demədim. Lakin “niyə tənqid edirsiniz və ya niyə mübarizə aparırsınız?” deyə bir ifadə səsləndirməmişəm. Sadəcə qeyd etdim ki, tənqid ölçü-biçi daxilində olmalıdır, heç kimin şəxsiyyətinə toxunmaq olmaz. Bir məsələ də var ki, burda səsi çıxmayan, heç vaxt mübarizə meydanlarında və müxalifət düşərgəsində olmayanlar da getdiyi ölkədə özünü qatı müxalifətçi kimi təqdim edirər. Bəziləri isə belə bir absurd iddəa ilə çıxış edirlər ki, guya Azərbaycanda milli ayrı-seçkilik mövcuddur və azsaylı xalqların nümayəndəsi olduqlarına görə burada onları incidirlər. Belə saxtakarlıqları qəbul etmək olmaz. Axı burda belə bir şey yoxdur. Bəli, burada məmurların onları tənqid edənlərə dözümsüzlük halları var. Bunu heç kim inkar edə bilməz. Amma bunu bütünlüklə dövlətə qarşı çevirmək, ölkənin milli təhlükəsizliyinə qarşı təhlükə yaradan addımlar atmaq, düşmən dəyirmanına su tökmək olmaz. Məncə, bu proeslərdən ciddi nəticələr çıxarılmalıdır..

    – Sabir bəy, necə düşünürsünüz Azərbaycanda milli kimlik problemi varmı?

    – Bizdə inkar olunan və təzyiqə məruz qalan milli çoxluqdur – türklərdir. Dilinin adını, xalqının adını deyə bilməzsən. Tarixindən danışanda “türk” sözünü dilinə gətirənlərə xor baxılır. Bu zaman neçə yerdən səni təhqir etməyə başlayırlar. Mən elə zonada böyümüşəm ki, bizim təsəvvürümüzdə heç vaxt türk-talış ayrı-seçkiliyi olmayıb. Qohumlarımız var, qız verib, qız almışıq. Amma hər halda hər kəsin bir etnik kimliyi var. Bunu inkar edə bilmərəm. Bu, dədəmin, babamın ruhuna hörmətsizlik olar. Mən nə deməliyəm özümə? Biz hamımız azərbaycanlıyıq. Ancaq birisi evində ailəsi, uşağı ilə öz etnik dilində danışır, öz xalqının adını deyir, başqası bunu deyəndə bu millətçilik və ya ayrı-seçkilik salmaq sayılır. Mənim də o hüququm var. “Azərbaycanlı” sözünü inkar etmək olmaz. Bu, Azərbaycan dövlətində yaşaya millətin adıdır. Bəli, Azərbaycanda bir azərbaycanlı milləti formalaşıb. Bu, həm də Azərbaycan vətəndaşlığı anlamındadır. Yəni burdakı türk, ləzgi, talış, kürd, tat və digərləri hamısı azərbaycanlıdır, bu dövlətin vətəndaşı, bu millətin parçalarıdır. Lakin bununla yanaşı, bir alt kimlik də var. Bizim də kimliyimiz türkdür. Bu, qətiyyən ayrı-seçkilik salmaq, bir-birinə sayğını itirmək deyil. “Azərbaycanlı” sözü ilə yanaşı, etnik kimlik də dilə gətirilirsə, buna normal baxılmalıdır.

    Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, guya “azəri” dedikdə hansısa azsaylı xalq nəzərdə tutulur. Halbuki, türklərin başqa adları – tatar, avar, acar, şumər, bolqar, kəngər olduğu kimi, “azər” adı da var. Əslində “Azərbaycan” sözünün kökündə “azər” dayanır. Ola bilsin ki, vaxtikən Azərbaycanda hansısa azsaylı xalqların birinin dilinə, Azərbaycan ərazisində olduğuna görə, azəri dili deyiblər. Lakin artıq dünya bunu unudub. Bu gün dünyada, əsasən də Avropada “azəri” deyiləndə Azərbaycanın bütün əhalisi nəzərdə tutulur. Vaxtikən sovet dövründə “azəri” sözünü işlətmək yasaq idi. Sonra bu yasaq aradan götürüldü, indi isə biz özümüz yasaqlamışıq. Qeyd etdiyim kimi, “azər” türklərin bir qanadıdır. Buna görə də mən bu sözdən çəkinmirəm. Hətta cavanlığımda yazılarımda “azəri xalqı” sözündən istifadə etmişəm, imkan düşəndə bu gün də yazıram. Düşünürəm ki, “azəri” sözünü “türk” sözü ilə yanaşı, yəni “azəri türkləri” kimi işlətmək daha yaxşıdır.

    – Bugünkü gənc yazarların yazıları, onların ədəbiyyata yanaşması sizi qane edirmi? Onların arasında elələri var ki, tez tanınmaq üçün hansısa dahi şair və ya yazıçının ünvanına tənqid, hətta təhqir belə, səsləndirirlər. Buna münasibətinizi öyrənmək istərdik.

    – Gəncliklə bağlı mənim bədbinliyim yoxdur. Həm siyasət, həm elm, həm də ədəbiyyat və mədəniyyət sahəsində yetişən Azərbaycan gəncliyinə inanıram. Lakin təəssüf ki, bizim təhsilimiz bu qədər böyük potensialı olan gəncliyimizi yarımçıq böyüdür. Bir hissəsi gedib xaricdə təhsil alır və mədəniyyətimizdən qismən uzaqlaşırlar. Böyük bir hissəsi burda rus məktəblərində oxuyurlar. Nəticədə sovet dövründəki kimi Azərbaycan mədəniyyətindən az məlumatlı olurlar. Öz məktəblərimizə qarşı bir inamsızlıq yaranıb. Halbuki bir qədər diqqət yetirilsə, Azərbaycan məktəbləri hər cəhətdən müasir tələblərə cavab verə bilən səviyyəyə qaldırıla bilər.

    İnkarın birinci səbəbi – bilməməkdir, savadsızlıqdır. Oxumayan, öz tarixindən xəbərsiz olan birisinin “mənim nə tarixim var, bizim böyük qəhrəmanlarımız, şair və yazıçılarımız yoxdur”- deməsi başa düşüləndir. Xəbərsiz olanda, inkar etmək asandır. Lakin oxuduqda heyrətə gəlirsən və görürsən ki, dahi şair və yazıçılarımızı inkar etmək mümkün deyil. Məsələn, Nəsimi mənim üçün bir möcüzədir. Onu, Nizamini, Füzulini, Vaqifi, Mirzə Fətəli Axundzadəni, Sabiri, Mirzə Cəlili nə cür inkar edə, kiçildə bilərsən? Vaqif hələ 18-ci əsrdə bu gün belə, dünya poeziyasının can atdığı bir səviyyədə, gözəl dillə insan gözəlliyini tərənnüm edib. Ədəbiyyatın ən böyük məqsədlərindən biri budur. Adlarını çəkdiyim şəxslərin hər biri bir dövrün başlanğıcıdır. Mənim düşüncəmə görə, Mirzə Fətəli Axundzadə, Zərdabi, Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Rəsulzadə olmasaydı bugünkü Azərbaycan ruhu olmazdı. Onlar olmasaydı bugünkü Azərbaycan təfəkkürünün konturları necə olardı? Bu xalq nələrlə nəfəs alardı, nə cür düşünərdi? Orta əsrlərin islam cəhalətindən bəri keçə bilərdimi? Xalqımızın gözəl bir sözü var: Yel qayadan nə aparar?! Cavandı, özünü kimlərdənsə böyük sayırsa, qoy saysın. Bəyənməsin, amma inkar da etməsin. Çünki dahi şair və yazıçıları inkar etmək mümkün deyil. Elə şeylər var ki, ona ümumiyyətlə, nə əl, nə də dil uzatmaq olar. Məncə, kimisə inkar etməkdənsə, hər kəs özünün əsərini yazmaqla məşğul olsa daha yaxşıdır.

    – Radio və telekanallardakı bəzi aparıcılar dilin normalarını kobud surətdə pozur, hətta veriliş zamanı vulqar ifadələr belə, işlədirlər. Bununla bağlı Milli Televiziya və Şurası (MTRŞ) bir neçə dəfə bəyanat səsləndirib, onlara xəbərdarlıq edib. Lakin nəticədə dəyişən bir şey yoxdur. 4 il ölkənin mətbuat və informasiya naziri vəzifəsində çalışmış bir insan kimi, sizcə, qeyd olunan problemi hansı yolla həll etmək olar?

    – Kadrlar düzgün seçilməlidir. İstər telekanallarda, istərsə də radiolarda dilini, danışığını bilən, nitq mədəniyyətinə yiyələnmiş peşəkar jurnalistlərin sayı artırılmalı, mediaya məhz bu kateqoriyadan olan adamlar cəlb olunmalıdır. Mənə elə gəlir ki, bəzi verilişlərdə bunu qəsdən edirlər. Ümumiyyətlə, televiziyalarda şou proqramlarının artmasına bir qəsd, düşüncə tərzimizi dəyişmək, tamaşaçıların diqqətini ciddi problemlərdən uzaqlaşdırmaq kimi baxıram. Yoxsa, ola bilməz ki, bu qədər tənqiddən, kütləvi iradlardan sonra televiziyalara təsir göstərmək mümkün olmasın. Bu barədə dərindən düşünmək lazımdır.

    Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU

    “Hürriyyət”

  • Sabir Rüstəmxanlı Devlet Bahçeli ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Milliyətçi Hərəkat Partiyasının Genəl başkanı Devlet Bahçeli ilə görüşüb. Görüşdə Türk dünyasında baş verən olaylar, Qarabağ problemi və Türk ordusunun Afrində apardıgı uğurlu əməliyyat, Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilmişdir.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı MHP-nin 12-ci qurultayında iştirak etmək üçün Ankarada səfərdə olmuşdur.

  • Sabir Rüstəmxanlı Ankaraya getdi – MHP-nin qurultayında iştirak edəcək

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.

    Bu barədə BakuPost-a partiyadan məlumat verilib. Bildirilib ki, VHP sədri qurultay ərəfəsində MHP sədri Devlet Bahçeli, millət vəkilləri və Azərbaycan diaspor rəhbərləri ilə görüşəcək.

  • Sabir Rüstəmxanlıdan 8 Mart təbriki: “Dünyanın heç bir qadını sizi əvəz edə bilməz”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi Sabir Rüstəmxanlının 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təbriki.
    Təbrikdə deyilir:

    Əziz xanımlar, analar və bacılar!
    Sizi Qadınlar bayramı münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti arzulayıram.
    Azərbaycan qadını- fədəkar ana, sadiq ömür-gün yoldaşı, milli-əxlaqi dəyərlərimizin qorunmasında, kimliyimizin və dilimizin yaşamasında müstəsna xidməti olan yüksək mənəviyyatlı vətəndaşdır. Dövlət Müstəqilliyinizin bərpasında kişilərimizlə yan-yana mübarizə aparmış qadınlarımız müharibənin acılarını da hamıdan çox çəkmişlər.
    Azərbaycan qadını – şəhid anasıdır, şəhid bacısıdır; min bir müsibət görmüşdür.
    Tariximizin dəhşətli ağrı-acılardan keçən Azərbaycan qadını bu gün də ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır.
    Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!
    Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!
    Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.
    Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz. İnanıram ki, torpaqlarımız azad olacaq, yüz minlərlə ana və bacımız öz yurduna dönəcək və haqq etdiyi xoşbəxtliyə qovuşacaqlar. Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!