Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Şanlıurfada tarixin on iki min illik yolu – Sabir Rüstəmxanlının REPORTAJI

    Güney-Doğu Anadoluya səfər qeydləri
     Hələ sovetlər dönəmində Türkiyəni dörd dənizi boyu gəzmiş, o zamanın şərtləri içində bunun son səfər ola biləcəyi qorxusuyla getdiyim yerləri kənd-kənd, köy-köy, xəritəsini çəkirmişcəsinə, yazıb “Bu, sənin xalqındır” kitabında çap etdirmişdim. Sonra zaman dəyişildi, aradakı qadağalar qalxdı, müstəqillik yoluna qədəm qoyan Azərbaycanın səsinə ilk səs verən Qardaş Türkiyə oldu; biz də səsimizi dünyaya çatdırmaq üçün ən uyğun, ən doğma yer deyib, hər fürsətdə Türkiyəyə getdik, ordakı dostlarımızın yardımıyla Avropa və İslam ölkələrində, ABŞ-da yapılan konfranslara qatıldıq; bəzən Türkiyə öz söz növbəsi və haqqını bizə verdi və ya bizim adımızdan danışdı, “Azəriyə hürriyyət! – hayqırdı; “Azərbaycanı duyun, onun üzləşdiyi işğalın qarşısını alın!” – dedi.
    Bu otuz ildə Türkiyə cümhuriyyətini, Anadolu torpaqlarını, bizlərdə deyilən kimi, əriş-arğac dolaşsam da, doymadım; hər getdiyim bölgədə onun indiyədək görüb dəyərləndirə bilmədiyim yeni zənginlikləri, yeni-yeni gözəl insanları çıxdı qarşıma və məni yenidən heyrətləndirdi.
    Şəhərlər hər yerdə bir-birinə bənzəyir, buna görə də daha çox ekzotik yerlər, təbiət, bir də qədimlik çəkir məni. Anadolunun Güney-Doğusunun, Naxçıvanla, Güney Azərbaycanla sərhəd olan bölgələrinin də bir ayrı gözəlliyi var. Həm də buralar uzun yüzillər Ağqoyunlu, Qaraqoyunlu kimi Azərbaycan dövlətlərinin tərkibində olmuşdur, oralarda silinməz izlərimiz var, qaynayıb qarışmışıq, danışığımızda, geyimimizdə, musiqimizdə, adət-ənənələrimizdə ortaq cəhətlər çoxdur…
    Səfərlərimin birində İqdırdan qalxıb Ağrıdağın yüksək gədiyindən aşıb Ağrı ilinə, Doğu Bayazitə getmiş, məşhur İshak Paşa sarayına, Koroğlu qalasına baxmışdıq. Sonra Van Universitetinin qonağı oldum. Bir dəfə də mərhum dostum İbrahim Bozyellə Doğu Bayazit yoluyla Güney Azərbaycan üzərindən, Təbrizdən, Ərdəbildən, Astaradan keçib, Yardımlıya – bizim evə, toya gəlmişdik…
    Yenə İbrahimlə ailəvi Van, Muş, Bitlis, Bingöl, Malatya yoluyla Kaysəriyə bir maraqlı səfərimiz olmuşdu, o zaman bu bölgəni daha yaxşı tanımaq imkanı qazanmışdım. Bütün qarışıqlıqlar, terror, silahlı çatışma insan münasibətlərinin, dost, qardaş sevgisinin yanında mənasını itirir. Son illər əlaqələr genişlənir, bir neçə dəfə yenə Vana, Diyarbəkirə dəvət alsam da, getmək imkanım olmayıb. Çoxdan Bakıya, Azərbaycana bağlanmış köhnə dostumuz Hüseyn Böyükfırata Şanlıurfaya getmək, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Harranı, imkan olsa, Adıyamanda, Nəmrud dağını görmək istəyimi bildirmişdim.
    Uyğun bir məqam gözləyirdik. Bu yay iyul ayında, tərslikdən də Urfa tərəflərin ən isti vaxtında Hüseynlə danışıb, “sənin başın qarışıqdır, mən həftə sonu gedirəm sizin tərəflərə!” dedim. “Gələ bilməsəm də, qardaşım səni qarşılayacaq”- dedi. Sağ olsun, dediyi kimi də oldu. Hüseynlə bir yerdə Şanlıurfanın aydınları ilə görüşməyi, tarixi abidələrinə baxmağı planlaşdırsaq da, qardaşı Rəşid bəylə gəzəsi olduq və bu yeni tanışlığa ürəkdən sevindim.
    Rəşid həkimdir və Şanlıurfadan cənubda yerləşən və Suriya olaylarında adı hafizələrə yazılmış Akçakalada işləyir və hər gün bu yolu gedib-gəlir. Bir dəfə də biz bərabər getdik…
    ***
    Şanlıurfa üzərinə nə yazsam, urfalılara və türk qardaşlarımıza qəribə gələcək. Bunları Türkiyədə hər kəs bilir. Ancaq mən Azərbaycan oxucusunu nəzərdə tutub yazıram.
    Təyyarə meydanı İstanbuldan sonra çox sakilikdir. GAP hava alanına enəndə diqqətimi ən çox çəkən sakitlik və çöllərin, o qədər də yüksək olmayan təpələrin samansarısı boyası oldu. Şanlıurfanın çevrəsinə batan günəşin, saralan üfüqlərin rəngi çəkilmişdi və bu rəng onsuz da isti olan havanın hərarətini bir az da artırırdı… Bizim tərəflərdəki zəmi yerləri də biçindən sonra bu boyaya bürünərdi… Rəşid bəylə görüşəndən sonra “dincəlmək, yoxsa gəzmək?” sualına “dincəlməyə ehtiyacım yoxdur!” dedim. Çünki cəmi üç günlüyə gəlmişdim, xəyalımdakı proqram bu üç günə zorla sığar. Hava limanından şəhərə gedən yol əkin-biçin yerlərinin arasından keçir, sonra sağımızda-solumuzda yüksək binalar, müasir şəhər peykləri görünür. Şanlıurfa ilk baxışa Ankaranı xatırladır, təpələr üstündə, rahat, ürəyə dinclik gətirən bir yapısı var.
    Əlimdəki yol çantasını Əyyubiyə bələdiyyəsinin və məşhur Balıqlı gölün yaxınlığında, zamana meydan oxuyan Urfa qalası ilə üzbəüzdə yerləşən, dünyanın ən seçkin otellərindən geri qalmayan Əl-Ruha otelində ayrılmış geniş nömrədə qoyub, yenidən Rəşidin maşınına mindim. Allah razı olsun Rəşiddən, brend, ad dalınca qaçmamışdı. Ona qalsa, Şanlıurfada məşhur adlar daşıyan daha böyük otellər var. Lakin Əl-Ruha gələnəksəl Urfa memarlığına uyğun tikilib, geniş terrasları, alt qatda mağara-restoranı, dadlı yeməkləri məşhurdur.
    Yolumuz üzü cənuba, Suriya sınırına, Hələbə doğruydu. Harran şəhəri bu yolun üstündə, Akçakalanın yaxınlığındadır… Göz önündə ucu-bucağı görünməyən, yalnız günbatanda o qədər də yüksək olmayan tək-tək dağlarına dirənib dayanan yam-yaşıl Harran ovalığı açılır. Ovalıq başdan-başa pambıq tarlalarıdır. Baxanda ürəyin açılır. 45 dərəcə istidə bu tarlaların üstünə toz qonmamış yaşıllığı gözümü sevindirir, ürəyimi sərinlədir. Qardaş torpağıdır, təki hər tərəfində belə bolluq olsun. Pambıq ideal bir səliqəylə əkilib, ha baxdım bir kolun yerini boş görmədim. Bizdə bu yaxınlarda bəzi rayonların pambıq əkinlərini görmüşdüm, alatala, keçəl başa bənzəyir. Taxıl zəmilərinin də bir qismi beləcə seyrək olur. Anlamaq mümkün deyil, niyyət nədir, torpaqları məşğul etmək, statistika üçün “bu qədər sahə əkmişəm” demək, yoxsa məhsul götürmək. O cür pambıq əkənlərə bir dəfə Harran ovasını göstərmək olsa nəticəsiz qalmazdı… Bu geniş tarlalar Fırat üzərindəki böyük Atatürk su anbarından- barajından çəkilmiş kanallarla suvarılır.
     
    Getdiyim yerlər haqqında bilgi almaq, yolunu bəlirləmək üçün xəritələri incələmək köhnə adətimdir, telefonlar bu işi qolaylaşdırıb. Xəritədə Şanlıurfa, Harran və civarına baxanda gözümə bir köy adı sataşdı: Yardımlı… Harran ovasında, tarlalar arasında balaca köylər çoxdur, lakin nədənsə xəritədə bu köyün adı yazılıb. Rəşidə “Gəlmişkən gedib o kəndə də baxaq!” – deyirəm, – “Bir şərtlə, yollar yaxşı olsa”. Rəşid yolun yaxşısına-pisinə baxan deyil, ancaq bəxtimizdən bu ovalıqda balacalı-böyüklü bütün köylərin səliqəli, baxımlı asfalt yolları var. Harranın yanından keçib sağa, günbatana dönüb təxminən on köy keçəndən sonra qəfildən qarşımıza “Yardımlı” yazılmış lövhə çıxdı. Kəndin girəcəyində, gur sulu kanalın üstündə qoyulub. Bu boyda türk dünyasını gəzmişəm, ilk dəfəydi qarşıma mənim balaca rayonumun adaşı çıxmışdı. Maşını muxtarın evinə sürdük. Ancaq qarşımıza onun əmisi oğlu çıxdı, “Muxtar evdə yoxdur, elə bu da onun evidir” deyib bizi dəvət etdi, müharibədən sonra kəndlərimizdə tikilən, eyvanı, otaqlarının yeri palçıqla suvanmış balaca evə girmədik, həyətdə nar ağacının altında oturduq.
    Bu kənddə ərəblər yaşayır, qonağı olduğumuz Ömər Elçi də ərəbdir. 5 oğlu, 5 qızı, 3 nəvəsi var. Hamısı bu balaca üçotaqlı evdə yaşayırlar. Xanımı, qızları sandalya gətirib bizimlə yanaşı oturur, hardan, nə məqsədlə gəldiyimlə maraqlanılar. Rəşid məni təqdim edir, Azərbaycandan danışır, Ömər bəy öz xoş münasibətini tez-tez təkrarladığı iki kəlmə ilə bildirir: “Baş tacımsınız!”
    Səmimi adamlardır. Lakin qadınlar “bizim şəklimizi internetə qoymayın, əşirətdə pis baxarlar!..” dedilər. Kişi ərəblərin ənənəvi uzun köynəyini geyinib, qadınların donları, yüngül baş örtüləri bizim kəndlərdən az fərqlənir. Ev sahibinin dərdi açıldı: “Bu torpaqlar ağanındır – Haşmanoğlu Kurmanl ağanın; onun üçün işləyir, onun əlinə baxırıq” – deyir.
    Bu gün Avropayla kəllə-kəlləyə gələn Türkiyənin bəzi yerlərində hələ də ağalıq sisteminin qalması və torpaq islahatının aparılmaması adama qəribə gəlir. Portsiqarını açıb sarı tütünü kağızın arasına qoyub eşməyə başlayır. “Tənbəkidir?” deyə soruşuram. “Yox, tənbəki deyil, Adıyaman tütünüdür, iyidir, istəyirsən birini də sənə büküm!” deyir. Təşəkkürümü bildirirəm. Ancaq xanımı cibindən balaca kəsilmiş kağız çıxarıb ərinin tütünündən bir çimdik alıb eşməyə başlayır.
    Ömər bəyin babası Osmanlı məmuru olub, İordaniyadan işləməyə Harrana gətirilib, sonra da ailəvi bu düzdə məskunlaşıblar, kənd hamısı qohum-əqrəbadır.
    Rəşid bəy burda da həkim qayğısını əsirgəmir, evin xanımının şəkər xəstəsi olduğunu eşidincə ilaclarını gətirtdirib baxır, “ağır xəstə deyilsən, – deyir, – özünə yaxşı bax, ağırlaşmasın”. Arxadakı nar ağacını göstərib, “çoxlu nar ye!” deyir. Ömər evə baxdığımı görüb, “dağda ev tikmişik, amma hələ işığını, suyunu vermirlər, əlin çatsa, bizim böyüklərimizə de, qoy o köyün işığını, suyunu versinlər, köçüb gedək ora…”
    Çaylarımızı içib vidalaşırıq…
    Harrana gün əyiləndə çatdıq, yoxsa istidə gəzə bilməzdik…
     
    Günəş batmağa doğru gedir və günün bu çağlarında dünyanı bürüyən və içimizə dolan hüznə bir də Harranın uçub dağılmış durumda da möhtəşəmliyini qoruyan qədim İç qalasının görkəmindəki kədər əlavə olunur. Bu, bir ehtimala görə, Babil kralı Nəmrud tərəfindən tikilmiş bir qaladır və Harrandan keçib gedən neçə hökmdar, neçə peyğəmbər onun qonağı olub. 
    Sanki, insanların çoxdan tərk edib getdikləri ayrı bir planetə atılmısan. “Yer üzünə əbədi bir savaş meydanı söyləsək, daha doğru olar”, – deyə düşünürəm. Dövlətlərin, millətlərin savaşı bir yana, bir də insanla təbiət, insanla zaman arasında bitməyən bir savaş var. Bu möhtəşəm saray da bir məhəbbət abidəsidir. İnsan öz əlinin zəhmətinə heyranlıqla ucaldıb onu. İnsanın öz qurub-yaratdığına sevgisi övlad sevgisinə bənzəyir və dünyanın ən qutsal və sonsuz sevgisidir. Neçə-neçə nəsil insan onu qurub, donatıb, içində ömrünün ən mutlu çağlarını yaşayıb. İndisə böyür başındakı uçuq – sökük evlərin miskin kölgəsində oturanlar, sanki, bu qalaya yapılan haqsızlıqda onların da suçu varmış kimi və ya nədən belə bir saray ucalda bilməmələrinin utancı içində, küskünlüklə, başıaşağı söhbətləşirlər. Adama elə gəlir ki, Harranda zaman tərsinə dönüb: burda hər şey böyükdən kiçiyə doğru gedir. Əski dünyanın başkəndlərindən biri indi yarımdağılmış bir köydür. Böyük saraylardan kiçik daxmalara, dünyanın ilk universitetindən ibtidai məktəbə, dağın təpəsindən ətəyinə doğru… Yan-yana qoyulmuş şuppu çoban papaqlarına bənzər və dünyada eşi olmayan əski Harran evləri də bu saray skletinin yanında xırda oyuncaqlara bənzəyir.
    Mənim Harran haqqındakı ilk bilgim qızmar çölün ortasında baş-başa verib yaşayan bu Harran evlərinin rəsmlərindən başlanmışdı. İndi bu evlərdən bir neçəsi etnoqrafiya muzeyinə çevrilib. Bizi qapıda qarşılayan dilli-dilavər qız muzeyim bələdçisidir. “Tarixçiyəm, -deyir,- Babam oxumağımı istəmirdi. Amma mən oxudum, mübarizə aparıb Harranda ilk okul açdırdım, indi başqa qızlar da oxuyur”. Sonra bu papaq evlərin iç-içə olan otaqlarını gəzdirir. Bura onun bir əşirət başçısı olan babasının evidir. Dörd arvadı olub, hamısı burda, bir evdə yaşarırmış. Ağanın öz otağı indi qəlyanxanadır. Girişdə başqa otaqlardan fərqli, yerə iki daş basdırılıb. “Bu, nə üçündür?” – deyə soruşuram. “Ağanın yanına icazəsiz girmək olmazdı. Bunlar xəbərdarlıq daşlarıdır”. Eləcə torpağa sərilmiş kilimlərin üstündə otururlar. Yataqlarını da bu kilimlərin üstündə açırlar. İndi otaqlardan bir-ikisi suvenir satılan yerə dönüşdürülüb. Yayın bu istisində Harran evləri sərindir.
    İnsan hər şeyi öz həyat şərtlərinə uyğunlaşdırır. Həyətdəki oturacaqlar dəvə ürkücü kimidir. Tünd qəhvə gətirirlər. Bələdçi qız məlumat verir. “Bunlar buğda üyütmək üçün daşlardır, böyüyü dəyirmanda, kiçikləri evlərdə qullanılırdı. Bu daş çölməklərdə heyvanlara yal verilirdi”.Bizdə yalnız itlərə verilənə yal deyilir. “O yuxarıda gördükləriniz taxtdır. Üstündə bir ailə sığışır. Yazda ayaqlarını maviyə boyayardılar, – deyir bələdçı, – ilan maviyə yaxın düşmür. Üstünə çibinlik çəkilir. Turistlər də yatır orda. Beş ulduzlu oteldə yatmaqdansa milyonlarla yıldızın altında yatırsan”.
    Bu sözlər xırmanda tayalar üstündə yatıb sübhə kimi ulduzları seyr etmədiyimiz uşaqlıq illərini yadıma salır. Bələdçi qızın da ürəyi giley-güzarla doludur. Üzünü mənə tutub “abi,- dedi,- siz də bakan olmusunuz. Bizim kültür bakanı işə yaramaz. Əskidən birisi var idi. Bura gələrkən dedik yollarımıza daş döşəndi, yoxsa buralar çamurluq idi. Neçə ildir Harrana turistlər gəlir, para yığıyorlar, ama bir dənə normal kahvəxanamız, otelimiz, gələnlərin dinlənmə yeri yoxdur”.
    Mən təsəlli verirəm: “Əvvəla, Türkiyənin hər tərəfi turistik yerdir. Əski abidələr çokdur. Hökumət yetirə bilmir. Çox işlər görülmüş, inşaallah, sizə də sıra çatar. İkincisi də Şanlıurfa lap yaxındadır, orda gözəl otellər çoxdur”.
    Xanımla vidalaşıb maşının üzünü günbatan tərəfdəki təpəyə doğru döndəririk. Təpənin yamacından aşıb bir vaxt İraqda gördüyüm Mədain xarabalarını xatırladan divar qalıqlarına doğru gedirik. Tanışlıq lövhəsində oxuyram. “Harran tarixi sürəc içərisində bir çox mədəniyyətə beşıklik etmiş önəmli bir şəhər… Dünyanın ilk universitesinin Harranda kurulduğu yönündə araşdırmalaar vardır. Harran ünlü Tİbb və Matimatik bilgini Sabit bin Kurranın, dünyadan aya olan uzaklığı ilk olarak doğru hesablayan ünlü astronomi bilgini Əl-Battaninin; cəbr elminin atası sayılan Cabir bin Hayyanın, ünlü din bilgini Şeyhülislam ibn-i Teymiye gibi bir çox bilim adamının yetişdiyi və dərs verdiyi okul, özü etibarilə mədəniyyətlərin doğulduğu və buluşduğu kənddir. Harran dünyadakı ən böyük fəlsəfə ekollərindən “Harran ekolü”nün mərkəzidir.” 
    Şərqin, Türkiyənin və İslam aləminin qürur duymalı olduğu məlumatdır. Təəssüf ki, yalnız məlumatdır. Biz, yəni Doğu ölkələri çox şeyin əsasını qoymuşuq, çox şeydə birinci olmuşuq, amma indi axırıncıyıq. Bu universitetin dəyəri onun bu gün də yaşaya bilməsi olardı, indisə bomboz bir təpənin ətəyində ucuq divarlardan və portallardan başqa bir şey deyil. Harran evlərinin çoxu bu universitetin uçuqlarından daşınmış daşla tikilib, halbuki burda o evlər üçün bilgili gənclər yetişdirilməliydi. Bu universitetin daşları daşınandan, başlar aşağı dikilib…
    Harranda ziyarət etdiyimiz sonuncu tarixi abidə Ulu came oldu. 
    Geri dönərkən Rəşid maşını yol kənarında saxlayıb Hayat-i Harran camesinə namaz qılmağa girdi. Gün batmışdı, sərinlik başlanırdı. Yolun kənarında meh dolaşan bir yerdə qövsvarı oturacaqda əyləşdim. Məndən başqa bir nəfər də oturmuşdu. Məni söhbətə tutdu, sonra kimə işarə etdisə qarşımızdakı “Yörəsəl, yəni yerli dadlılar” yazılmış yerdən Harran şirniyyatı gətirdilər. Mənə ikramlarıydı. Şanlıurfada olduğum günlərdə Azərbaycan adına hər yerdə sayğı və qardaşlıq sevgisi gördüm…
    *** 
    Harrandan döndükdən sonra Şanlıurfanın axşam gəzintisinə çıxdıq. Balıqlı göl şəhərin döyünən qəlbi, mərkəzi və bütün qonqların hökmən görməli olduğu yerdir. Şanlıurfa qutsal yerdir, peyğəmbərlər şəhəridir; Ancaq məni ən çox heyrətləndirən quru çöllərin ortasında Allahın lütfü kimi qaynayıb çaya dönən bu sulardır. Yəqin, şəhər də burda o suyun üstündə salınıb, bütün müqəddəslər və səyyahlar, hökmdarlar da buraya o suya görə can atıblar. Yadıma Doğu Türküstanda Kaşqarlı Mahmudun türbəsindən başlanan kəhriz düşdü. Burda müqəddəs yerlər çoxdur, lakin ən böyük ziyarətgah bu Balıqlı gölün özüdür. Balıqlı gölü dolanıb İbrahim peyğəmbərin doğulduğu mağarya getdik. Həzrəti İbrahimin atəşə atıldığı məqam da burdadır. Miladdan öncə 2000-ci illərdə yaşayan Həzrəti İbrahim bütlərlə mücadilə edərək onları qırıb-parçalamağa başlayanda dönəmin Babil kralı Nəmrud Bin Kənan tərəfindən atəşə atdırılmışdır. Bu zaman Tanrıdan atəşə əmr gəlir: “Ey atəş, İbrahim üzərinə sərin və səlamət ol!” Rəvayətə görə atəş suya, tonqalın odunları da balıqlara çevrilir. Balıqlı göl ordan yaranıb.
    İbrahim peyğəmbərin doğulduğu mağaranın girişi səliqəli bir şəkildə tikilib, ancaq mağara ilkin ölçülərini saxlayıb. Əyilib içəri girdim. Qızmar gündən sonra sərinlik adamın canına işləyir. Mağaranın arxa divarının dərinliyində, döşəmədən aşağıda balaca gölməçə var, şüşəylə ayrılıb. Küncdə müqəddəs sayılan bulağın suyu çağlayır, fincanı doldurub başıma çəkirəm.
    Həzrəti İbrahimin burada doğulduğuna inanıldığından mağara ziyarətgah sayılır. Kahinlər dinə qarşı çıxacaq və onun taxtını yıxacaq bir çocuğun doğulacağı xəbərini verdikdə, Nəmrud o il doğulacaq bütün körpələrin öldürülməsini əmr etmişdir. Bunu eşidən Nuna Xatun (Həzrəti İbrahimin anası) bir müddət hamiləliyini gizlədir, lakin doğum günü yaxınlaşanda gizlicə bu mağaraya sığınır və Həzrəti İbrahimi bu mağarada dünyaya gətirir. Doğum sonrası hər gün gizlicə gələrək onu əmizdirir. Yenə bəzi rəvayətlərə görə, bir ceyran hər gün gizlicə bu mağaraya gəlib Həzrəti İbrahimi əmizdirir, o da 15 ay qaldığı mağaradan 15 yaşlı bir gənc kimi çıxır.
    Balıqlı gölün ətrafındakı yaşıllıqların içində sərin çay bağçaları var. Yayın 45 dərəcə istisini yalnız burada unutmaq olar.
    Urfa məscidlər şəhəridir. Demək olar ki, hər məhəllənin, hər çarşının öz camesi var. Bundan əlavə, bağın ətrafında bir neçə tarixi mədrəsəyə baxdıq. Balıqlı gölün suyu aşağı tərəfdəki arxdan axıb gedir və şəhərin bir çox məhəlləsindən keçir.
    Axşam Urfanın ən böyük bələdiyyəsi olan Əyyubiyə bələdiyyəsinin başkan yardımcısı İlhami bəyin şam yeməyinə qatıldıq.
    Əslində Şanlıurfanı gəzmək üçün ən münasib vaxt elə bu şam yeməyidən sonradır. İlhami bəy bizi köhnə mağaralara baxmağa dəvət edir. Qaldığım oteldən yuxarıda yamacdakı köhnə gecəqondular sökülüb və evlərin altında əsil bir mağara şəhəri aşkarlanıb. Ən alt qatda daşda bütöv saray oyulub. Axtarış və qazıntı işləri davam edir və bu işlər davam etdikcə Urfa tarixinin qədim səhifələri üzə çıxır. Məncə, Urfanın bir özəlliyi də mağaralar şəhəri olmasıdır.
    İslam dünyasının qutsal yerləri sırasında Şanlıurfanı Məkkədən, Mədinədən, Qüdsdən sonra dördüncü yerə qoyurlar. Bu, təsadüfi deyil, çünki Yəhudiliyin, Xristianlığın və İslamın bir çox mifik və real obrazlarının izləri var burada. İbrahim peyğəmbər, Əyyub peyğəmbərdən başqa, Həzrəti Musa, Həzrəti İsa, Həzrəti Yusif də ömürlərinin müəyyən dövründə Şanlıurfaya bağlı olmuşlar. Camelərin birində Həzrəti İsanın Urfa kralına yazdığı məktub qorunur. Şəhərin ən böyük və tarixi abidələrinin yüzdə doxsanının yerləşdiyi mərkəzi bələdiyyə Əyyub Peyğəmbərin adı ilə adlandırılmıdır. Balıqlı gölün ətrafındakı bağçada Əyyub peyğəmbərin yaşadığı və inzivaya çəkildiyi mağara, eləcə də suyunu içib sağaldığı quyu qorunur.
    Allaha hər gün tövbə etdiyi üçün belə bir isim verilən Həzrəti Əyyub miladdan 8 əsr öncə yaşamışdır. Anası Həzrəti İbrahimin nəslindən olan Həzrəti Lütün qızı, xanımı isə Həzrəti Yaqubun oğlu Həzrəti Yusifin qızıdır. Cənab Haqq Əyyubu zənginlik, mal və övlad çoxluğu ilə imtahan edir, onu xəstəliyə düçar edir. Xəstəliklər onun ibadətinə mane olanda Həzrəti Eyyub Allaha dua edir.
    Duasına belə cavab gəlir: “Ayağını yerə vur, yuyunacaq və içiləcək soyuq bir su çıxacaq”.Bu sudan içincə Həzrəti Əyyub öncəki sağlığına və köhnə gəncliyinə və gücünə qayıdır. Sağaldıqdan sona 160 il ömür sürür və Şanlıurfa qalasının ətəyindəki mağarada inzivaya çəkilərək burda daha yeddi il yaşadıqdan sonra ölür.
    Bir sözlə, Şanlıufanın hər köşəsində canlı bir tarix yatır. Qaladakı qoşa sütun. Ayni zeliha və Halil-ül Rahman gölləri, Halepli bahçe, Ridvaniyə camesi. Qaraqoyunlu deresi, Mağaralar bölgəsi, Duzəkən və Səlahəddin Əyyubi cameləri. Xorasanlı Şeyx Məhəmməd məqamı. Qanunu Sultan Süleymanın tikdirdiyi Gümrükhanə, Bakırçılar çarşısı və s. yerlərin hər biri haqqında bir dastan danışmaq olar. Bütün bu özəlliklərinə görədir ki, şəhər hər zaman türk sinemaları üçün də seçkin yer olmuşdur, burda bizlərin də gördüyümüz onlarla dəyərli film çəkilmişdir.
    Ertəsi gün Əyyubiyə bələdiyyəsinin sədri Mehmet bəy Əkinçinin qəbulunda olduq. O, şəhərin tarixindən, gəlişməsindən, perspektivlərindən danışdı, bizi bələdiyyə fəalları ilə tanış etdi, Şanlıurfa haqqında kitablar hədiyyə etdi, Azərbaycandakı və cəbhə bölgələrindəki durumla maraqlandı, mədəniyyətlərimiz arasındakı oxşar nöqtələrdən sız açdı. Sonra Şanlıurfa gəzintilərimizi davam etdirdik. Şanlıurfanın məşhur sənətkarlarının – bakırçılarıın, zərgərlərin, sakitcə öz halal əməyi ilə dolanan səmimi insanların çalışdığı məhəllələri gəzdik; əski Urfa həyətlərindən birinə baxdıq.
    Həmin gün gördüyüm ən maraqlı və məni həyəcanlandıran yerlərdən birisi şəhərin tam ortasında yerləşən Həsən Paşa Camesi oldu. Bu came məşhur Azərbaycan-Ağqoyunlu dövlətinin sultanı Uzun Həsən tərəfindən 1460-ci ildə yaptırılmışdır. Övliyya Çələbinin “Səyahətnamə”sində Sultan Həsən camesi olaraq qeyd edilmişdir.
    Rəşid, sağ olsun, işini-gücünü buraxıb, çox sevdiyi şəhərini mənə göstərir və hər şeyi çox böyük sevgiylə təqdim edir. İkinci gün oğlu Muhəmməd Səidi də yanına alıb. Səid hələ orta məktəbdə oxuyan bir yeniyetmə olsa da, maraqlı müsahibdir, olduğu ölkələr, o cümlədən bir müddət yaşadığı və hətta məktəbə getdiyi Bakı haqqında maraqlı söhbətlər edir. Bakıda əmisi Hüseyngildə qalıb, orda oxumaq istəyirmiş, sonra atası darıxıb, yenidən Şanlıurfaya qaytarıb onu.
    Rəşid həkim imanlı, ibadətini yubatmayan bir adamdır; azan səslənən kimi yaxınlıqdaki camelərdən birinə girir. Səid də bu mühitdə böyüyən imanlı və saf bir gəncdir. Həmin gün Cümə namazı vaxtı Uzun Həsənin yadigarı olan camedə idik. Kənardan çox dəbdəbəli görünməsə də, camenin uzunsov salonları genişdir. Buna baxmayaraq, namaz vaxtı içəridə yer tapmaq mümkün deyil. İbadətə gələnlər həyəti, kəhrizin ətrafını da doldururlar. Mən də ibadət edənlərə qoşulub Uzun Həsənin bu peyğəmbərlər şəhərinin hakimi kimi, böyük İlahi eşqlə tikdirdiyi Allah evində Cümə Xütbəsini – İsrailin müsəlmanları Qüdsdə Əl-Əksa məscidinə buraxmamalarına etiraz xütbəsini dinlədim. Mükəmməl bir müraciət idi. İslamı terrorla bağlayanlara, müsəlmanları aşağılamaq və parçalamaq istəyənlərə, bölgəmizdəki xalqları, o cümlədən türklərlə kürdləri üz-üzə qoymaq istəyənlərə, sanki, ilahi vəhydən doğulmuş bir dərs idi. İslamın gücü və bölgəmizi bir çox qanlı olaylardan qorumaq imkanı belə ağıllı söhbətləri dinləyəndə və o cümə namazından insanların, türklüyündən, kürdlüyündən, ərəb və ya türkmanlığından asılı olmayaraq necə bir qardaşlıq, dayanışma duyğusu ilə ayrıldığını müşahidə edərkən bir daha parlaq şəkildə görünür. Əslində, Şanlıurfa öz ruhu və xoşgörüsü ilə, qədim kültürü və yaradıcılıq eşqiylə, tarixi abidələri və çağdaş gəlişməsiylə, uzun havaları və yakıcı türküləriylə bir qardaşılıq, birlik-bərabərlik şəhəridir, Türkiyənin gələcəyini qoruyan mənəvi başkəndlərdən biridir.
    Xütbə susdu, namazlar qırıldı, birlik havasını davam etdirən dualar oxundu, camedən çıxdıq, lakin müsəlmanlara qarşı haqsızlıqlara etiraz dalğası yatmadı. Meydanlarda fələstinliləri müdafiə mitinqləri keçirilirdi.
     
    O gün daha iki muzeyə baxmağı qərarlaşdırmışdıq. Bunlardan biri Şanlıurfada və çevrəsində bulunmuş mozaikaların toplandığı unikal Amazonlar muzesidir.
    Amazonları əks etdirən mozaikalar muzeyin yerində tamam ayrı niyyətlə qazıntı aparılarkən aşkara çıxıb. Amazonkaların – ellin mifologiyada atəş və savaş tanrısı Harmoniyanın qızları olduqları söylənilir. Onlar anaxaqanlıq (anaerkli) cəmiyyətində yaşayıblar. Deyilənə görə, kökən etibarilə Anadolunun Sinop ətrafında və bir də Qara dənizlə Xəzər arasında Quzey Qafqazidə yaşamışlar. Bu baxımdan izlərinin Qobustanda da axtarılması təsadüfi sayılmaz. Antik yazılı qaynaqlarda Amazonların at minmədə, savaşda, ovçuluqda yüksək məharətləri göstərilir. Onlar haqqında çox yazıldığı kimi, həm də sənətçilərin ilham qaynağı olmuşdular. Amazonlar əsasən bəbir və qurd ovlayırdılar. Və bu muzeydə də onların möhtəşəm ov səhnələrini əks etdirən və nadir sənət inciləri olan mozaiklər sərgilənir. Mən “nadir sənət incisi” sözünü gəlişigözəl işlətmirəm. Mozaikanın dəyərini göstərən cəhətlərdən biri istifadə olunan daşların kiçikliyidir. Deyilənə görə, miladdan sonra V-VI yüzillərə aid dilən Amazon mozaikləri dünyada ən xırda daşlardan düzülüb. Mozaikləri qorumaq üçün üstlərində möhtəşəm bir qübbə qurulub. Belə bir qübbə Kəmərlitəpə tapınağının üstündə ucaldılır.
    Şanlıurfanın qürur yerlərindən biri də Tarix-arxeologiya muzeyidir. Gözəl, müasir binada salondan-salona keçdikcə sanki zamandan zamana, bir minillikdən başqa minilliyə yüksəlir, bu bölgədə izləri qalan Şumer, Assur, Akkad, Bizans, İslam, Səlcuq mədəniyyətləri haqqında zəngin bilgi əldə edirsən.
    Şanlıurfaya səfərimin ən maraqlı, unudulmaz məqamlarından biri axşamların birində dəvət olunduğum “Sira gecəsi”ydi. Şəhərin qədim gələnəklərindən olan bu maraqlı kültür olayı hər axşam sırayla bir dostun evində keçirilirmiş – adı ordan gəlir. Böyük restoranda Urfanın bizdə də çox sevilən gözəl mahnılarını dinləyə-dinləyə yemək yedik, çiy köftə hazırlanması mərasimini seyr etdik, sonra yeni tanış olduğum dostlarla açıq havada uzun-uzadı söhbət etdik. Eyyubiyə bələdiyyəsi başqan yardımçısı İlhami bəy, Harran Universitesinin tarixçi professoru Abdullah Əkinçi, Şair Mahmud Kaya, başqa aydınlar, bələdiyyə iççiləri və b. Söz yox, başlıca söz konusu yaşadığımız bölgənin sorunları və gələcəyidir. Açıq və səmimi söhbət idi. Arada zarafatla “Buralara hamıdan çox, bizim azəri türklərinin haqqı çatır” deyirəm: “Buralar Səlcuqlu, Ağqoyunlu, Qaraqoyunlu dövlətlərinin iç bölgələri olmuş, mənim babalarım burda at oynatmışlar, bizlər Səfəvilər dönəmində burdan köç etdiriləndən sonra sizlər artıb çoxalmısınız”.
    Bəlli tarixi həqiqətə söykənən zarafatla razılaşır və eyni yumorla, ziyalı mədəniyyəti ilə cavab verirlər. Mənə ən çox xoş gələn Urfa aydınlarının PKK terror örgütünə, bölücülük çağırışlarına münasibətləri və ən əsası, bütün bunlar barədə sakit və üzgörənlik eləmədən danışa bilməyimiz idi. Türk-kürd xalqlarının birlik və bərabərliyinin həm Türkiyənin, həm bölgənin gələcəyi açısından son dərəcə önəmli olduğunu hər kəs etiraf edir. “Ulusal varlığını qorumaq istəyənlər PKK-nı dəstəkləməz” deyirlər və bu gün sorğu keçirilsə, kürdlərin böyük əksəriyyəti ayrılmağa yox, Türkiyənin bötünlüyünə səs verər…
    Mahmud Kaya şairdir. Bir neçə şerini oxuyub bəyəndim. Sonra məndən şeir oxumağımı istədilər. Şeir – ayrılıqlara, dünyanın nizamını pozanlara, qardaşlığımıza qısqanan ruhsuzlara və mənəviyyatsızlara meydan oxuyur və gecənin ümumi havasının davamı kimi səslənir…
    Bir gün sonra Doğu Anadolunu yenidən kəşf edərək, yeni dostlarımın söhbət və sevgiləriylə zənginləşərək İstanbula qayıtdım.
    Sabir Rüstəmxanlı
    İyul-Avqust, 2017
  • İslamdan imtina edək, başqa dinə keçək…

    Sabir RÜSTƏMXANLI

    Saleh Məmmədova ikinci açıq məktub

    Əziz Saleh bəy! Sənin “ölkəmizdə ingilis və rus dillərinə də Azərbaycan türkçəsi ilə yanaşı dövlət dili statusunun verilməsi” təklifinə mənim etirazıma ikinci cavabını da maraqla oxudum.

    Birinci yazımda dediyim kimi, mən bu təklifi Azərbaycanın milli-mənəvi maraqlarına, dövlətçilik siyasətinə zidd olan, ziyanlı və yolverilməz hesab edirəm; bütün tarixi, siyasi, praktiki bilgilər və dünya alimlərinin bir çox araşdırmaları mənim mövqeyimi təsdiq edir. Bu, əslinsə, sübuta ehtiyacı olmayan bir məsələdir. Ana dilimiz dövlət dilidir. Bunun yanında bir sıra dünya dilləri də mükəmməl şəkildə öyrədilməlidir.

    Bu məsələdən başqa, yerdə qalan bütün fikirlərimiz üst-üstə düşür; strateji hədəflərimiz eynidir.

    Sənin yüksək mədəniyyət və dərin biliklə yazdıqların son dərəcə önəmlidir və hər bir vətəndaşın bilməli olduğu məsələlərdir. Buna görə də fikirlərinə sayğıyla yanaşıram və bir çox təkliflərinin arxasında xalqımızın gələcəyi ilə bağlı rahatlıqsızlıgının dayandıqlarını bilirəm.

    Lakin gündəlik görüşlərimizdə və sosial mediada müşahidə olunan budur ki, xarici dilin dövlət dili elan edilməsini daha çox ana dilində oxumayanlar, ana dilini pis bilənlər və ya qarışıq ailələrin uşaqları müdafiə edirlər. Məni ağrıdan odur ki, biz – ana dilimizi qanunlarımıza uyğun, qoruyib inkişaf etdirmək barədə söz açan və “xarici dilləri öyrənmək üçün onların dövlət dili olması şərt deyil” deyən kimi, həmin adamlar “bizim dilimizlə kənara çıxmaq olmur, ingiliscə və ruscanı öyrənməliyik” məntiqiylə (əslində, tamamilə əsassız iddiadır!) ortaya düşürlər. Sanki mən ingiliscə və rusca öyrənməyin əleyhinəyəm; yaxud ingilis dilini boğazımıza rəsmi xalta edən kimi dilimiz qanad taxacaq və Biləcəridən Londona kimi yayılacaq… Sonra bunun böyrünə bir “millətçi” damğası da vururlar; guya millətçi olmaq – millətsiz, kosmopolit olmaqdan, millətini sevmək – millətinə, dilinə, mədəniyyətinə ikrahla baxmaqdan və ya “biz millət deyilik!” deyib milyonlarla insana həqarət etməkdən, böyüklərimizin ruhunu incitməkdən daha pis bir iş imiş. Burda deyirlər: kösöv oturub ocağın halına ağlayır…

    Dəyərli qardaşlar! Mənim çoxsaylı kitab və məqalələrimdə bircə cümləmi göstərin ki, orda mən rus dilinə, rus dilinin və digər xarici dillərin öyrənilməsi və öyrədilməsi məsələsinə etiraz edim. Əksinə, mən kəndlərimizdə ingilis və rus dili müəllimlərinin çatışmadığına və bunun gələcəktə törədə biləcəyi fəsadlara sərt münasibətimi Milli Məclisdə dəfələrlə bildirmiş, bu işin tezliklə yoluna qoyulması üçün yollar da göstərmişəm. İngilis və rus dillərini, imkan daxilində çin, alman, ərəb və hətta düşmənimizin dilini də öyrənməliyik. Gənclərimizin əsas əcnəbi dillərini dərindən bilməsi vacibdir və bunun səbəblərini yazılarında sən də ətraflı izah etmisən. Lakin xarici dilin dərindən öyrədilməsi bir təhsil problemidir; bundan ötrü o dilin hökmən dövlət dilinə çevrilməsinə ehtiyac yoxdur və bu şərt deyil!

    İngilis və rus dilini yeni müstəqillik qazanmış Azərbaycana dövlət dili olaraq gətirsək, ola bilsin, yeni nəslin dünyaya çıxışında müəyyən dəyişikliklər olacaq və ola bilsin xürafatçı “islam mollalarının” sayı nisbətən azalacaq, lakin eyni sürətlə vətəndən uzaqlaşan bir nəslin “ingilis və rus mollalarına” çevrilmə dövrü başlanacaq.

    Bu gün ingilis dili ”dünya dili” olduğu kimi, dünən yunan, latın, ərəb dilləri də təxminən bu səviyyədə bölgənin və ya dünyanın rəsmi dilləri sayılırdı. Ərəb və fars dillərinin imkanları Azərbaycan türkçəsindən artıq idi; onların oturuşmuş yazı dili ənənəsi vardı. Ərəb dili dünyanın ən zəngin dillərindən biri sayılırdı (indi də sayılır) və hər ikisi, elan olunmasa da, Azərbaycanda din, rəsmi yazışma və təhsil dilinə çevrilmişdi. Sənin məntiqinlə yanaşsaq, gərək o dillərin ölkəmizdəki yüksək statusu ana dilimizin inkişafına ciddi təsir göstərəydi. Nəticəsi nə oldu? Onların təsiri ilə Azərbaycan türkçəsi zənginləşdi? “Bəli, zənginləşdi” deyərək dilimizdəki ərəb, fars sözlərini misal gətirənlər olar. Lakin bu zənginləşmə yox, dilin işğalı idi. Hakim səviyyədə olmaları nəticəsində bu dillərin sözləri türkcənin yüzlərcə doğma kəlməsinii vurub sıradan çıxartdı. Yüz illər boyunca dilimizin təbii inkişaf və sözyaratma mexanizmləri donduruldu, digər türk ləhcələriylə doğma sözlərin qarşılıqlı alış-verişi unutduruldu, millətin ruhundan qopan doğma kəlmələr arxaikləşdirildi, əcnəbi sözləri işlətmək “oxumuşluq” əlaməti sayıldıqca öz söz bulaqlarımız qurumağa başladı. Adətən dillərin ölümü belə başlanır…

    Eyni proses bu gün də Avropa sözlərinin basqısı və süzgəcdən keçirilmədən, maneəsiz şəkildə rəsmi ədəbi dilimizə, qanunların dilinə doldurulması ilə davam edir. Üstəlik bu dillər dövlət dilinə çevrilsə, ana dilimiz yenidən orta əsrlərə bənzər bir şəkildə ingilis və rus sözləri ilə dolacaq və məncə bu, inkişaf deyil. Belə inkişaf, böyük mənada, millətə heç nə verməz… Əgər yabançı dili öz evində yuxarı başa keçirmək yerli dilin inkişafına təkan versəydi, onda gərək dörd yüz ilə yaxın rus dili mühitində yaşayan yakut-sak, altay, şor, xakas, başqırd, çuvaş dilləri təxminən rus dili qədər inkişaf etmiş olaydılar. Təəssüf ki, belə deyil və rus dilinin yayılması Sibir türklərinin dilinə sarsıdıcı zərbə vurmuşdur.

    Hər hansı dilin geniş yayılması və zəngin informasiya daşıyıcısı olması bu dilin balaca ölkələrin dövlət dilinə çevrilməsinə əsas verirsə, onda əcəba, bizdən də balaca olan Gürcüstan, Ermənistan, Litva, Latviya, Estoniya niyə bu “fürsətdən” istifadə etmirlər? Yaxud nisbətən balaca slavyan dövlətləri “böyük resursları olan Rusiya”nın dilini niyə öz ölkələrində ikinci dövlət dilinə çevirmirlər? Qazaxıstanda isə rus dilinin ikinci dövlət dili olması qazaxların inkişafı qayğısından irəli gəlmir, orada başqa yol yoxdur, çünki əhalinin yarısı ruslardır. Bizdə də əhalinin yüzdə qırxı və ya əllisini təşkil edən başqa bir millət olsa, onun dilinə dövlət dili statutu verməyə məcbur idik…

    Onsuz da ana dilimizin zənginləşmə qaynaqlarından biri Avropa dilləridir; lakin ikinci, daha mühüm bir mənbə var ki, bu da digər türk ləhcələridir. Bu ləhcələrun genəl lügət fondunda təxminən bir milyon kəlmə var, o kəlmələrin bir qismi bizim yazılı dilimizə və nitqimizə qaytarılmalıdır. Təəssüf ki, bu qarşılıqlı zənginləşmə də bir sıra “azərbaycançı”, lakin Azərbaycanı bilməyənlərin gülünc etirazı ilə qarşılanır: “vay, türk sözləri bizim dilimizi korladı!” Anlamırlar ki, “türk sözləri” dedikləri tərtəmiz öz sözlərimizdir. Dilimizi rus sözləriylə dolduranlar niyə öz sözlərimizdən qorxurlar?

    Əziz Saleh bəy, ikinci məktubunda qoyduğun məsələlər, əslində, dövlət dili prableminin sərhədlərini aşır. Çox ciddi din, toplumsal, siyasət, idarəetmə sorunlarına toxunursan. İslam dininin bu gün müsəlman aləmini üzləşdirdiyi müşküllər barədə yazdıqlarınla mən də razıyam, lakin bu, sizi belə narahat edirsə, o zaman millətimizin islamdan qopub başqa bir din qəbul etməsini və ya tanrıçılığa qayıtmasını təbliğ etməliyik. Din vicdan məsələsidir, dil məsələsi deyil! İslam modernləşməlidir, buna söz yox. Bu cəhətdən Azərbaycan, dövlət və millət marağını əsas tutaraq cəsarətli addımlar ata və bu modernləşməni çoxdan gözləyən islam aləminə nümunə ola bilər. Hər hansı bir din millətin inkişaf yolunda əngələ dönürsə, onun ayağında qandala çevrilirsə, onu qırıb atmaqdan başqa çarə yoxdur. Tarix boyu həmişə belə olub.

    Bir dəfə İranın Azərbaycandakı səfirindən soruşdum: “Cənab səfir, siz niyə İrandakı 150-200 minlik ermənilərə hər cür şərait yaradırsınız, lakin 35 milyonluq Azərbaycan türkünə heç bir haqq tanımırsınız?” O, bir az düşünüb cavab verdi: “Ağa, ermənilər dini azlıqdır. Biz dini azlıqlara haqq tanıyırıq. Amma türklər, yəni siz bizim şiə qardaşlarımızsınız…” Dedim: “Sizin məntiqinizdən belə çıxır ki, biz İran deyilən ölkədə milli haqlarımızı almaq üçün şiəlikdən, lazım gəlsə, hətta islamdan əl çəkməliyik. Siz belə düşünürsünüzsə, mən sabahdan təbliğata başlamalıyam ki, ay millət, biz müsəlman qaldıqca, bizim bu müsəlman-fars qardaşlarımız milli-mədəni inkişafımıza imkan verməyəcək, yəni bizi adam yerinə qoymayacaqlar…” Böyükelçinin sifəti dəyişildi: “Ağa, siz həqiqi müsəlmansınız, elə iş görməzsiniz!” Dedim: “Görərəm! Çünki siz həqiqi müsəlman deyilsiniz!”

    İllər keçir və mən bir daha əmin oluram ki, islamin ehkama və siyasi alətə çevrilməsi Azərbaycan türkləri üçün “ölüm, olum“ sualına çevrilməkdədir. Lakin indilikdə bu, bizim həll edəcəyimiz məsələ deyil və bunun dövlət dili məsələsinə də heç bir aidiyyəti yoxdur!

    Düzü, Qazaxıstanla bağlı yazdıqların məni ürəkdən sevindirdi. Lakin qardaş Qazaxıstanda dil, dərslik, lüğət, bilgisayar texnologiyası və ana dilinin inkişafına təkan verən digər ciddi işlər görülürsə, bunun səbəbi rus dilinin ikinci dövlət dili olması deyil, bunun səbəbi düzgün, ağıllı, qeyrətli, uzaqgörən idarəçilikdir; Qazaxıstan hökumətinin qazax xalqına sevgisidir, dövlətçilik və vətəndaşlıq məsuliyyətidir, düzgün kadr siyasətidir, hər bir vətəndaşı qorumaq istəyi və bunun sonucunda qazaxlar arasında yüksələn passionarlıqdır…

    Son olaraq və ən əsası. Bizdə hər hancı bir məsələyə münasibətdə əks cəbhədə dayansalar da strateji hədəfləri bir olan Azərbaycan ziyalılarının yeni bir fikirbölüşmə, razılaşma, milli mənafe naminə xırda siyasi oyunbazlıqlardan imtina ənənəsi yaradılmalıdır. Xalqın fikir yönünü xeyirli istiqamətə yönəldə bilən yüksək intellektli, dürüst və ciddi mənəvi əsaslara söykənən söhbətlərə çox ehtiyac var. Təəssüf ki, bu gün bir araya gəlmək çətinləşib və bəzən dərdlərini bölüşməyə adam tapmırsan. Bu baxımdan bizim dialoq onu göstərir ki, mübahisələrdən, fikir ayrılıqlarından qorxmadam, insanlar, qruplar, siyasi partiyalar arasındakı əlaqələr düşmənçilik və inkar müstəvisindən – bir millətin övladı olduqlarını və bugünkü prablemlərimizin çətinliyini dərk edənlərin məsuliyyət müstəvisinə keçirilməlidirlər.

  • Güntay, bunları yazanda əlin heçmi əsmədi?

    Sabir RÜSTƏMXANI

    Əzizim Güntay! Kitablarının və məqalələrinin hamısını oxuduğumu söyləyə bilmərəm; əlimə düşənləri gözdən keçirmişəm. Bakıda olduğun illərdə də çox görüşmüşdük, o zamankı düşüncələrin də yadımdadır.

    Ötən illər ərzində ciddi bir yol keçdiyinə, Avropa dəyərlərinə yiyələndiyinə, bununla belə, Vətəndən qopmadığına, sosial mediada fəallığına və tariximizə, mədəniyyətimizə fərqli yanaşmalarla bəzi mübahisəli məsələlərə aydınlıq gətirmək istədiyinə sevinənlərdən biriyəm. Bəyənmədiyim yazın olanda da bu, sənə olan xoş münasibətimi dəyişmir. Çünki mən təbiətən söz azadlığına və düşüncə müxtəlifliyinə saygı göstərən adamam. Di gəl, müəyyən adamların, aralarında sən də olmaqla, tariximizi yalnız qaranlıq görməsini qəbul edə bilmərəm. Babəkdən, Atabəylərdən, Səfəvilərdən tutmuş 29 il öncənin Milli Azadlıq Hərəkatınadək uzun bir tarixə yalnız tarixi gerçəkliklər kontekstində və o dövrlərin şərtlərini nəzərə almaqla qiymət vermək olar. Bu günün ölçüləriylə dəyərləndirilsə, tarixdə tarixlik qalmaz; keçmişi də indinin siyasət dartışmaları meydanına çevirərik… Ancaq bunlar ayrı və geniş söhbətin mövzusudur.

    Mən yazdığım qısa müraciətdə bunların heç birinə toxunmamışam, sadəcə istəmişəm, ürəyindəki Səfəvi nifrətini bir az yumşaldasan… Bir də yazmışam ki, 1988-ci il Meydan hərəkatının liderlərini cahil və savadsız saymağa haqqın yoxdur, bu, quru böhtandır. Təəssüf ki, sən bunları kənara qoyub məni də “qaranlıq tariximizi aydınlıq olaraq göstərən kişilərdən biri olduğunu iddia edənlərlə” bir cərgədə görürsən və sonra da heç bir aidiyyəti olmadan Xiyabani, Səttar xan, Səfəvilər və ümümiyyətlə, tarix və tarixə münasibət məsələləri ilə bağlı mənə xeyli sual ünvanlayırsan. Səbəb də bu imiş ki, mən hansısa əsərimdə Xiyabaninin adını çəkmişəm. Məntiqin belədir ki, sizlər mənim, deyək ki, Səfəvilərə və ya Meydan liderlərinə münasibətimi yumşaltmağa çalışırsınız, onda alın gəldi, mən hətta Səttar xanı, Xiyabanini də Səfəvilərə qoşub, millətə qarşı üsyan qaldırıram ki, niyə onları sevir; niyə tarixin qoxumuş qaranlığına qapılaraq modern insan və millət haqlarından ”yararlanmır?”

    Sənin suallarına bənzər soruları ömrüm uzunu mən də cəmiyyətə ünvanlamışam və sənin də bəzi suallarının altından tərəddüd etmədən imza ataram. Bildiyimiz bəzi məsələləri yenidən gündəmə gətirib bizim söhbət mövzumuza çevirmək isə ciddiyyətdən uzaq olan yanaşmadır. Çünki tarixşünaslıqla bağlı sovet dövrünün və indinin metodoloji prinsiplərini mən hazırlamamışam, cild-cild tarix kitablarını da mən yazmamışam. Stalinin təlimatı ilə Azərbaycanı türk dünyasından qoparıb onun üçün yeni əlifba, saxta tarix, ədəbiyyat, mədəniyyət konsepsiyaları hazırlatdıran da mən olmamışam. Əksinə, mən özüm o konsepsiyaları sorğulayan, millətimin haqları uğrunda mübarizə aparan adamam və bu işə səndən çox-çox öncə başlamışam. Buna görə də sən, ilk növbədə, soru sormalı olduğun ünvanları düzgün müəyyənləşdirməlisən…

    Məşrutə inqilabı hansı şəraitdə baş vermişdi; Səttarxanın məqsədi nə idi və nəyə nail oldu; Şeyx Məhəmməd Xiyabani bir Azərbaycan mütəffəkkiri idi, yoxsa erməni casusu; niyə ölkəsinin adını Azərbaycan yox, Azadistan qoymuşdu? Bunlar çoxdan cavabını tapmış məsələlərdir. Heç kim nə Səttar xanı, nə də Xiyabanini ideallaşdırmır və onların səhvlərini görməzdən gəlmir. Bununla belə, heç kim bu insanların təkcə Güney Azərbaycan türklərinin deyil, bölgədəki digər məzlum millətlərin oyanışında oynadığı rolu da inkar edə bilməz. İran-şah rejiminin hətta ölkənin bölünməsini nəzərdə tutmayan, yalnız milli hüquqlar və insan haqları tələbləri ilə aparılan mübarizələrə dözümsüzlüyünü və bu mübarizələri yatırtmaq üçün rus-bolşevik, ingilis, erməni silahlı qüvvələrini cəlb etdiyini nəzərə alanda, o insanların qəhrəmanlığı qarşısında baş əyməkdən qeyri yol qalmır və onların səhvlərini də anlayırsan.

    Düzünə qalsa, mən Səttar xan və Xiyabani dövrünün bütün tarixi bəlgələrinə baxmamışam, fars-İran arxivlərindən xəbərsizəm, lakin hətta bu bəlgələrin hamısını oxusam və orada Xiyabaniyə qarşı ittihamlar görsəm belə, yenə də tək bir “Azərbaycan” məqaləsinə görə onun bütün günahlarından keçərdim, çünki bu məqalə bir manifest, bir vətəndaşlıq harayı, Azərbaycanın ölməz ruhunun üsyanı idi.

    Tarixi şəxsiyyətlərə onların büdrəmələrinə, müəyyən yanlışlıqlarına görə yox, daşıdıqları böyük ideallara və millətin yaddaşında buraxdıqları izlərə görə qiymət verərlər; yoxsa səhv axtarmağa qalsa, dünyada ideal insan yoxdur və adlarını çəkdiyim böyüklərimizin həyatında da belə səhvlər olub. Şah İsmayıl Xətaini sevməsən belə, hətta sən də “Səfəvilər” əsərində onun xarakterini biçimləndirən, uşaq qəlbini intiqam duyğusu və qəzəblə dolduran mənbələri kifayət qədər obyektivliklə göstərmisən.

    Səttar xan və Şeyx Məhəmməd Xiyabani ilə bağlı demək istədiklərimə burada nöqtə qoya bilərdim. Lakin bir neçə ittihamın var ki, onları qulaq ardına vurub keçmək olmaz. Çünki bu ittihamlar yaxın tariximizə və o tarixin sahibi olan xalqa sayğısızlıqdır və cavabsız qalmamalıdır! Həm də nəzərə almalıyıq ki, burada söhbət məhz “millət və insan haqları” uğrunda mübarizə tariximizin iki ən parlaq nümayəndəsindən gedir.

    Aydınlıq gətirmək istədiyim birinci məsələ Səttar xanı qəhrəman saymamaq iddianla bağlıdır.

    Səttar xan hərəkatına V.İ.Leninin verdiyi qiymət bu hərəkatın guya antimilli olduğunu “sübuta yetirmək” üçün əsas sayıla bilməz. Xiyabaninin bolşevizmlə bağlılığı, yaxud Azərbaycanın haqlarını İranın bütövlüyü içərisində axtarişı tənqid edilir. Nəzərə almaq lazımdır ki, o illərdə Rusiyada, İranda, Türkiyədə gedən proseslər bir-birinə bənzəyirdi, Rusiyada və İranda inqilab milli yox, sinfi xarakter daşıyırdı. Buna görə də Səttar xanın bütün İran məzlumlarının haqlarını dilə gətirməsi onun kiçikliyi yox, böyüklüyü idi. Bununla belə, Səttar xan Qacar türkü olan şahla da üzbəüz oturub ondan İran məclisinin, Konstitusiyanın bərpasını tələb etmişdi. Buna görə də onu türk şahını yıxıb yerinə Pəhləviləri gətirməkdə, yəni onun ölümündən onbir il sonra baş verəcək olaylara görə qınamaq olmaz. Onun tələbləri demokratik islahatların aparılması idi. Səttar xan təpədən dırnağa bir türk idi, ”türk qəhrəmanı” idi, onun ordusu yalnız türklərdən təşkil olunmuşdu və o özünü siyasətçi yox, əsgər sayırdı. 48 illik ömrünün çoxunu at belində keçirmişdi və şöhrəti bütün dünyaya yayılmışdı.

    Səttar xan Təbrizdə buraxılmış satirik “Azərbaycan” dərgisinin ilk sayını əlinə alanda “Bu gün Azərbaycan xalqının milli bayramıdır” demiş və ağlamışdı. Bütün bunlar göstərir ki, onun əsas hədəfi Azərbaycanın xoşbəxtliyi olmuşdur, öncə on il qaçaqçılıq edərək, yerli hakimlərə qarşı vuruşmuş, sonra ortaya çıxıb böyük bir xalq ayaqlanmasına başçılıq etmiş və xalq arasında əsl bir Azərbaycan-türk qəhrəmanı kimi tanınmışdır.

    Məşrutə hərəkatını diqqətlə izləyən üç böyüyümüzü də xatırlayaq: Cəlil Məmmədquluzadə Səttar xanın apardıgı mübarizənin an ağır günlərində – 1909-cu ilin 11 yanvarında yazırdı: “Bu günlərdə İranda istibdad və ədalət bərk çarpışır, yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir… Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, onların qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”. Bu sözlərlə Mirzə Cəlil cahil həmvətənlərinin imam aşiqliyini milli aşiqliyə çevirməyə çalışır və onlara öz əsl “imamlarını” nişan verir.

    Böyük Sabir də Səttar xanın qəhrəmanlığını görmüş və yaradıcılığı üçün istisna olan ciddi bir tərzdə möhtəşəm şeirində

    Həq mədədkar oldu Azərbaycan ətrakına

    Ali Qacarın protest etdilər Zöhhakına

    Ol şəhidanın salam olsun rəvani pakına… –

    deyərək, Səttar xanı salamlamışdır:

    “Çox yaşa, dövlətli Səttar xan əfəndim, çox yaşa”.

    Məmməd Əmin Rəsulzadə Səttar xan inqilabını yaxından izləmiş və Səttar xanın ölüm xəbərini eşidəndə yazmışdı: Səttar xan əvvəlki şöhrətlə mütənasib, parlaq bir nəticə əldə edə bilmədisə, bunda… ”yetişdiyi mühit və mühitin giriftar olduğu siyasi və ictimai şərtləri müqəssirdir”. Bundan gözəl demək olmaz və mən də tarixə məhz bu cür yanaşılmasının tərəfdarıyam.

    Tariximizin bu inkarolunmaz böyüklərinin, o dövrün canlı şahidlərinin fikirlərindən sonra Səttar xan haqqında “bunun harası qəhrəman idi?” sorusuna cavab verməyi buraxıram sənin öz vicdanının öhdəsinə… Hər halda, etiraf edərsən ki, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Məmməd Əmin Rəsulzadə o hadisələri daha yaxından izləyir və Səttar xanı səndən, məndən daha yaxşı tanıyırdılar.

    Bildiyin bir şeyi də əlavə edim ki, Səttar xanı yaralayan və dörd il sonra qətlə yetirən də vaxtilə ona quyruq bulamış daşnak Yeprem Davityan olmuşdu.

    Xiyabaniyə münasibətin daha sərtdir: “Səfəvi mollası”, “erməni casusu”, “çirkin və qaranlıq düşüncəli”, “sovet yanlısı” və s. Bunları yazanda əlin heçmi əsmədi? Axı bu qədər olmaz! O necə erməni casusudur ki, erməni Yeprem tərəfindən həbs ediləcəyindən qorxub Qafqaza qaçmışdı.

    Bütün dindarlara, Allah adamlarına, din alimlərinə “Səfəvi mollası” damğası vurmağa da tələsmə. Bəzən əmmamələr altında parlaq zəkalar da gizlənib.

    “Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır” deyirdi Xiyabani. Mübarizənin başlangıcında İranın bölünməzliyinin şüar edilməsi bir strateji oyun idi. Əsas niyyət İran türklərinin azadlığı olmuşdur. Siyasətdə son məqsədin gizli saxlanılması ənənəsi də var. SSRİ-dən qopan respublikalar da mübarizələrinə ölkədə aşkarlıq, demokratiya şüarlarıyla başlamışdılar… Xiyabani öz mübarizəsini “cəsarət, ağıl və uzaqgörənliklə” aparırdı.

    Cəlil Məmmədquluzadə və Xiyabani münasibətləri ilginc konudur. “Molla Nəsrəddin” dərgisində, doğrudan da, Xiyabaninin Tiflis səfəri haqda bir karikatura cap edilmişdir. Həmidə xanımın xatirələrini mən də oxumuşam. Lakin aradan on bir il keçəndən sonra bu karikatura iki milli mücahidin münasibətlərində ciddi sorun yarada bilməzdi. Cəlil Məmmədquluzadənin qardaşı Məşrutə hərəkatının fəallarından və Səttar xanın, Xiyabaninin yaxın siahdaşlarından idi. Xiyabani Mirzə Cəlili onun təklifi, yaxud vasitəsiylə, “Molla Nəsrəddin“ jurnalının İranda türk kimliyinin dərkində oynadığı rola görə dəvət etmişdi. Xiyabani “Molla Nəsrəddin”in Təbrizdə çıxmasına necə əngəl ola bilərdi ki, Mirzə Cəlillə görüşündən cəmi iki gün sonra vəhşicəsinə qətlə yetirildi. Xiyabaninin “Molla Nəsrəddin”ə münasibəti pis olsaydı, onun dostlarından olan Əbülqasım öz “Hüseyni” mətbəəsində dərginin nəşrinə icazə verməzdi.

    Mənim oxuduğum ədəbiyyatlarda Xiyabaninin çox qısa ömürlü “cümhuriyyət”ində aparılan islahatlar arasında türk dilini rəsmi dil elan etməsi, ana dilində məktəblər açılması barədə ilk addımları da qeyd olunur ki, bunlar da sənin suçlamalarının tam əksidir. “Azadistan” adı da Xiyabaninin milli hökumətinin qurulmasından xeyli əvvəl—1920-ci ilin may ayında, “Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda qabaqcıl olub” məntiqi ilə, böyük Təbriz mitinqində qəbul edilmişdi. Bunun türk kimliyindən qaçmaq kimi yozulmasının nə dərəcədə əsaslı olduğu barədə bir söz deyə bilmərəm.

    Nəhayət, Xiyabaninin “sovet yanlısı” olması… Bu məsələdə də o dövrün şərtləri nəzərə alınmalıdır. Səttar xanın, Xiyabaninin, Pişəvərinin Arazın quzeyində baş verən olaylardan təsirlənmələri, ordan yardım gözləmələri anlaşılandır. Xiyabani Demokat firqəsinin başında dayanırdı və o vaxt hələ cazibədar görünən və Avropada indi də cazibəsini itirməmiş sosial-demokrat hərəkatı ilə əlaqə qurmaq və ya dəstək almaq istəyi onun dünyada gedən prosesləri yaxımdan izlədiyini göstərir. Lakin mübarizəsinin mahiyyətində milli ideya dayandığına görə elə həmin demokrat cildindəki daşnakların xəyanətinə tuş oldu. Xiyabani hərəkatının süqutunda bolşeviklərin satqın rolunu Nəriman Nərimanov da gizlətməmiş və istehzayla, bunun İngiltərənin baş nazirinin xətrini xoş etmək üçün yapıldığını bildirmişdi.

    Əzizim Güntay! Mən tarixin qaranlıqlarını ideallaşdıran adamlardan deyiləm. Lakin bütün tarixi zülmətxana kimi görüb, təsvir edənləri də qətiyyətlə rədd edirəm. Keçmişimizlə bağlı cavabını gözləyən suallar çoxdur. Bu sualların bəzilərinə mən də cavab verməyə çalışmışam və prinsipcə tarixin “qaranlıqlarının“ aydınlaşdırılmasını zərurət sayıram… Necə olub bu millətin özünə saygı hissi, öz dilini, varlığını, mədəniyyətini qorumaq instikti bu qədər yıpradılıb və zəifləyib. Bu, məni də çox düşündürür, ancaq bu suallar heç kimə milləti aşağılamaq haqqı vermir. Söyməklə, inkar etməklə iş bitməz. Arxeoloqların işinə bənzər bir ardıcıllıqla, inamla farsın, ərəbin ideoloji-dini basqı və hegemonluq külüylə örtülmüş ocaqlarımızı üfürüb hələ tamamilə sönüb getməmiş közləri közərtməliyik. Sən isə, bir çox hallarda, su töküb o közləri də söndürmək istəyirsən. Tam bir cahil, müqavimətsiz, fars düşüncəsinin əsiri, milli hissi və ləyaqəti olmayan, müstəqilliyini ancaq rusların hesabına qazanmış, şahları, sərkərdələri bu günün mollalarından seçilməyən bir xalq obrazı yaratmaq yanlışdır və Vətənə, millətə xidmət deyil! Buna görə də mən millətimin daha çox işıqlı tərəfləri, onun mənəvi enerji qaynaqları haqqında düşünürəm. Onun parçalanmış, sındırılmış taleyinin bizim kimi qələm adamlarının dilində daha da əzilərək, lağ və gülüş hədəfinə çevrilməsi Allaha və millətə xoş getməz!

    Mən Savalan civarında böyümüşəm, yaylaqlarımızdan diqqətlə baxsan Ərdəbilin içində Şeyx Səfi kompleksini də görərsən. Uşaqlıqdan xəyalımızda bir Xətai obrazı yaranıb. “Xətai deyimləri” bu gün də Türkiyə ələviləri arasında dillər əzbəridir. Zaman keçdikcə onun səhvlərini də görür, anlayır və təəssüflənirik. Lakin bizim başqa tariximiz yoxdur. Onlar bizim atalarımızdır. Səhvlərinə görə onlardan imtina edə bilmərik. Bir gürcü rejissoru bunu yaxşı ifadə edib. Vaxtilə bir qaçaq haqqında dəyərli film çəkibmiş. Stalin həmin iki hissəli filmə baxandan sonra ertəsi gün rejissoru yanına çağırtdırıb söhbət edir və ona hirslənir, “necə oldu ki, sən bir quldura bu boyda film həsr edib, onu qəhrəmana döndərmisən?” Rejissor tərəddüd etmədən, “İosif Vissarianoviç, xalqa qəhrəman lazımdır, o yoxdursa da bizim borcumuz onu yaratmaqdır!”- deyir. Maraqlı cavabdır! Biri olmayan yerdən özünə qəhrəman yaradır, başqası olanların da hamısını gözdən salıb, xainə, mollaya çevirir…

    Biz tariximizə yaşadığımız bölgənin mürəkkəb mənzərəsi fonunda baxmalıyıq. Türklər iki min beş yüz ildir İran-Turan savaşının, Çinlə, Bizansla, slavyanlarla mücadilələrin içindən keçib gəlirlər. Bugünkü dövlət coğrafiyaları daxilində nə Azərbaycanın, nə də digər türk dövlətlərinin normal tarixləri öyrənilə bilər. Güney, Quzey Azərbaycan da böyük türk dünyasının parçalarıdır. Bu dünyanı qaranlığa gömmək üçün yüz illər boyu müxtəlif siyasət və din mərkəzləri tərəfindən çeşidli layihələr hazırlanıb. Bütün bu xəyanətlərin və dini müdaxilələrin içində, qırğınlardan keçə-keçə gəlib bu günlərə çatmışıqsa, buna şükür eləməliyik. Hərdən mən də düşünürəm və bunu dəfələrlə demişəm ki, 1828-ci ildə ruslar Təbrizi də işğal etsəydilər, indi biz SSRİ-dən bütöv şəkildə ayrılardıq. Bununla belə, sənin “ruslar olmasa, bizim dövlətimiz olmazdı” iddian əsassızdır. Əvvəla, Azərbaycan ərazisində ruslardan öncə də çox dövlət yaranıb və biz onlardan imtina edə bilmərik. İkincisi, mərkəzdənqaçma nəticəsində yaranmış xanlıqlar və çoxu bir-biri ilə qohum olan xanlar, heç şübhəsiz, XIX əsrin siyasi havasına uyacaq və birləşəcəkdilər. Başqa yolları qalmayacaqdı. Alman əyalətləri kimi. Bu iş başlanmışdı. Təəssüf ki, o vaxt güclənməkdə olan Rusiyanın işğalı buna imkan vermədi. Və elə həmin gündən Azərbaycan türklərinin yeni faciələri başlandı: Qafqazda xristianlarla müsəlmanlara fərqli yanaşıldı, bir tərəfdə inkişafa yol açıldıqca digər tərəfdə o yollar qapadıldı və ya üstündə yüz cür əngəl yaradıldı. Rusların iki yüz ildə törətdikləri qətliamları xatırlasan, onları ideallaşdırmağa əsas qalmaz və yenicə müstəqil olmuş bir dövlətdə bunun törədə biləcəyi siyasi-psixoloji fəsadları görərsən…

    Yazımı Xiyabaninin ölməz çağırışı ilə bitirmək istəyirəm və inanıram ki, bu səsə sən də səsini qoşacaqsan…

    “Ey Azərbaycan, ey demokratik Azərbaycan! Başını qaldır!

    …Ey ölməz Azərbaycan, bu ümidləri doğrult, başını yuxarı tut, yaşa, həmişəlik yaşa!”

    Azərbaycan yaşayacaq! Nə qədər qaranlıq çağlardan keçsək və düşmənimiz nə qədər çox olsa da…

  • “Azərbaycanda hər kəs öz dilində danışır: türklər türkçə, ruslar rusca…” – SABİR RÜSTƏMXANLI SALEH MEHMETİN CAVABINI VERDİ

    Türk Dünyasının böyük şairi Sabir Rüstəmxanlı Saleh Mehmetin dövlət dili təklifinə rəy bildirib.

    Bu haqda VHP sədri Sabir Rüstəmxanlı facebook səhifəsində yazıb:

    “Dəyərli Saleh bəy! Mənə cavabını yolda- rayona gedərkən oxudum, lakin internet sıxıntılarına görə cavab yaza bilmədim. Biz bir-birimizi yaxşı tanıyırıq, hətta deyərdim, köhnə əqidə dostlarıyıq, millətimiz üçün çətin günlərdə yan-yana dayanmışıq; ölkədə bir çox yeniliklərin təməlini qoymuşuq. Buna görə də, ilk baxışda fikir ayrılıgımız olmamalıdır, lakin, əgər belə bir ayrılıq varsa, diqqətlə incələnməli, bu fərqli yanaşmanın kökləri araşdırılmalı və fərqli düşüncənin incikliyə çevrilməsinə yol verilməməlidir. Buna görə də, dövlət dili ilə bağlı apardığın təbliğat məni təəccübləndirdi; sənin belə bir təklif verəcəyin ağlıma gəlməzdi, amma indi görürəm ki, yabançı dillərin “sevgisi” sənin ürəyində özünə möhkəm yer eləyib və fikrinin zərərli olması, yolverilməzliyi barədə söylədiklərimi davam etdirməliyəm.

    Əsas mətləbə keçməzdən öncə, mənim milli-azadlıq hərəkətdəki xidmətlərim və “Ömür Kitabı”nın o illərdə gənclərin milli- mənəvi oyanışında oynadığı rol barədə söylədiklərinə görə sənə təşəkkürümü bildirirəm, çünki indi hər kəsin haqqını vermək ənənəsi unudulur və təəssüf ki, kütləvi məddahlıq dövrü başlanır.

    Öncə onu deyim ki, ərəb işğalı barədə dediklərinə yüzəyüz qatılıram. Bizim faciələrimizin çoxu İslam dini adına gələn ərəb və fars hegemonluq və assimilyasiya siyasəti ilə bağlıdır. Mən də ömrümün böyük bir hissəsini bu bəla ilə, son illərdə daha da güclənməkdə olan dini bölücülük və dinin siyasiləşdirilməsi ilə, 1400 il öncəki təfəkkürdən bəri gəlməyən cahil zehniyyətlə, Azərbaycanı yenidən orta əsrlər qaranlığına kömmək xəyanəti ilə mübarizəyə vermişəm və buna görə hətta xürafatçılığın “ölüm fitvası” ilə də mükafatlandırılmışam.
    Düşmənimiz olan ermənilərlə bizi müqayisə edənlər və müqavimətsizliyimizin və ümumi inkiışafdan kənarda qalmağımızın əsas səbəblərini axtaranlar, adətən, Qriqaryanlığın təskilatlandırma gücünü və əksinə, şiəliyin qardaşlıq pərdələri altında bizi öz dilimizdən və kökümüzdən qoparmaq siyasətini misal çəkmişlər. Düzünü deyim ki, əslində, mən bütün dinləri bəzi qədim güclərin və millətlərin hegemonluq, işğal və idarəçilik sisteminin bir hissəsi, müqəddəslik pərdəsinə bürünmüş, uzaq hədəfli mənəvi-psixoloi layihələr hesab edirəm. Bu mənada, Rusiyaya və Avropaya yaxınlaşmaq bizim taleyimizdə müəyyən müsbət rol oynamışdır. Tez-tez deyirəm ki, o vaxt Çar İmperiyası Təbrizi də işğal etsəydi biz SSRİ-dən bütöv şəkildə qopmuş olardıq. İngilislər də öz müstəmləkələrini müəyyən dövrdən sonra azad buraxmaq mədəniyyətinə sahibdirlər. Lakin bu sözləri Ərəb və Fars zehniyyəti və işğalçılık “ənənələri” haqqında demək olmaz. Bu qurtulması çətin olan bir bəladırlar. Buna görə də, millətçiliyi inkar etmək doğru deyil. Biz hələ tam azad bir millət deyilik; bir parşamız düşmən əlində, bir parçamız da işğal altındadır. Belə olan halda millətin korşalmış duyğularını hansı güclə səfərbər etmək olar? Tarixdə bütün millətlər öz müstəqillik yollarına, fərqi yoxdur, istəyir qısır olsun, istəyir bəhrəli, mürəkkəb bir millətçilik dövründən keçərək başlayıblar.
    Rəsmi bilgilərə görə hər hansı ölkədə əhalinin 68 faizi bir millətdəndirsə həmin ölkə o millətin dövləti sayılır. Bu mənada Azərbaycan respublikası əhalisinin yüzdə doxsanını təşkil edən Azərbaycan türklərinin milli dövlətidir. Bununla belə, mən etnik millətçiliyi şişirtməyin tərafdarı deyiləm. Mənim təsəvvürümdə Vətəndaş Həmrəyliyi həm də dövlət milliyətçiliyi təfəkkürü ilə möhkəmləndirilməlidir.

    Sənin “cahil kütlə” dediyin bizim millətimizin orta və aşağı təbəqəsidir. Məhərrəmlik ayında məscidlərin həyətlərindəki “tamaşalara” baxsan, XXI yüzildə müxtəlif məclislərdə ağızlarını açaraq, huşdan-guşdan getmiş şəkildə, cahil İran mollalarına qulaq asan “ oxumuşlarımızı” xatırlasan etiraz etməzsən . Lakin bu cahilliyə görə həmin kütləni bütövlüktə kəsib atmaq olmaz, bu kütlənin fikir intibahına və orta səviyənin yüksəlməsinə çalışmak lazimdir. Və mənim əqidəmə görə, bu da yalnız ana dili vasitəsi ilə olmalıdır. Mən hələ kəndləri demirəm Bakıda yüzlərlə ailə tanımışam ki, özləri narmal rusca bilməyə- bilməyə uşaqlarını rus məktəbinə qoyublar və uşaqları Əli aşından da ediblər Vəli aşından da. Güya rus dili öyrənmək adına rayonlarda açılmış rus məktəblətini qurataranlar ömürləri boyu yarımçıqlıq kompleksində yaşayırlar. Halbuki onun əvəzinə öz dillərini, ədəbiyyatlarını, tarixlərini mükəmməl öyrənə bilərdilər. Əgər bizim milli prablemlərimizin həlli təkcə rus və ingilis dilini bilməkdən keçsəydi onda sovet hakimiyyəti illərində -rəsmi dilin rus dili olduğu çağlarda biz bütün sorunlarımızı həll edib qurtarmalı idik.

    Əksinə, məhz, rusların hakimiyyəti illərində o sorunlar o qədər dərinləşdi ki, biz bəzi rusdilli ziyalılarımızı onun millətini 1990-cı ilin yanvarında “уbейте əтих турков ” deyərək qıranlara, bu qanlı cinayətdən sonra da köləlik səviyyəsində məftunluqdan, ayaqaltı olmaq dərəcəsində Moskva aşiqliyindən qurtara bilmirik. Əgər texnologiyanın və iqtisadiyyatın inkişafı ingilis və rus dillərindən asılı olsaydı onda bu gün dünyada Yapon, Çin, Malazya, Koreya fenemenlərinin heç biri ola bilməzdi. Məncə, bizim inkişafımızın təməlində dövlət dilinə çevrilən xarici dillər yox, öz dilimizin, sözdə yox əməldə, yüksək dövlətçilik statusu ilə qorunması və inkişafından, ana dilli məktəblərimizə diqqətin artırılmasından asılıdır. Dillər mədəni inkişafda müəyyən rol oynayır, lakin indiki texnoloji gəlişmə 10-15 il sonra dillər arasındakı bariyerləri uçulub dağıdacaq və biz ingilis dilindəki bütün infarmasiyaları elə öz dilimizdə də ala biləcəyik. Məncə, əsas məsələ dil deyil, qanundur, düzgün idarəçilik sistemidir, hər bir vətəndaşın qorunmasıdır. Bütün geriqalmışlıqların, cahilliklərin, əyriliyin, kütlə psixologiyasının, Ərəb və Fars zehniyyətinin qarşısını saat dəqiqliyi ilə icra olunan qanunlarla almaq olar. Avropanın bir sıra xalqları inkivizasiya dövründən intibah dövrünə məhz demokratik dəyərlərin, layiqliyin, milli ləyaqət və marağın qanunlarla qorunması, xalqı aşağılamaq yox, yüksəltmək sayəsində çata bildilər.

    Sənin bir iqtisadçı alim kimi, ziyalı kimi, dəyərini bilirəm və ona da əminəm ki yazdıqların Rusiyanın maraqlarına xidmət etmir. Sən də yol axtarırsan və təklifin millətimizin taleyi üçün keçirdiyin narahatlıqdan irəli gəlir. Lakin təəssüf ki, ziyanlı bir yol göstərirsən! Mənim yazdığımı qəribçiliyə salma və inan ki, bu gün rus dili Azərbaycanda rəsmi dövlət dili elan olunsa, sabah Bakının yarısı rusca danışmağa başlayacaq, sentyabrda Azərbaycandilli məktəblərin sayı yarıbayarıya azalacaq və məmurlarımız Azərbaycan dili tələbinə iknarla dodaq büzəcəklər. Çünki öz dillərini bilmirlər, çətinliklə öyrənirlər; bir amana bəndlilər ki sevinə-sevinə Rus dilinin ağuşuna qayıtsınlar. Buna yol vermək olmaz ən azı qonşularımızdan ibrət götürməliyik. Necə ola bilər ki, rus dili Azərbaycanda dövlət dili olsun amma, sənin dediyin kimi, bu, Rusiyanın maraqları ilə bağlı olmasın. Dil harda varsa orda o dilin sahibi olan xalqın maraqları da var. Bu inkarı olmayan həqiqətdir. “Rus dili Rusların özlərindən azərbaycanlılara və bütünlüklə türklərə daha çox lazımdır” fikrinə və bununla guya ruslarla “mənəvi bütövləşəcəyik” inamına da qətiyyən şərik ola bilmərəm.

    Mənəvi bütövləşmə və qloballaşma çağırışlarının xalqların taleyində necə dərin yaralar açdığını yaxşı bilirik.  Bütün bunları deməklə mən heç də rus və ingilis dillərinin əhəmiyyətini azaltmaq və onların əleyhinə çıxış etmək istəmirəm. Bu dillərdə, doğurdan da, böyük ədəbiyyat və infarmasiya bazaları var. Amma onlardan istifadə üçün həmin dillərin dövlət dili olmasına ehtiyac yoxdur. Uşagın ilkin, başlanqıc təhsili ana dilində alması zərurətdir. Bu bir tibbi və psifoloji tələbdir. Bununla belə, orta məktəblərimizdə indiyədək olduğu kimi, bəlkə bir az da ciddi şəkildə xarici dillər də öyrədilməlidir. Bilirsən Azərbaycandakı anadilli məktəblərlə rusdilli məktəblərin fərqi nədir? Azərbaycandilli məktəbləri qurtaranlar rus dilini və ədəbiyyatını mükəmməl şəkildə öyrənir və sevirlər, lakin rus məktəbləri nə dilimizi öyrədib sevdirə bilir, nə mədəniyyətimizi, nə də ümumiyyətlə xalqımızı. Bakıda rus məktəblərini bitirmiş minlərlə rus var ki, ömrü boyu bu torpaqda yaşasa da. sanki kənar planetdədir və millətimiz haqqında məişət səviyyəsindən yuxarı heç nə bilmir. Biz bu aşağılama xəstəliyinə son qoyulmasını istərkən sən yenidən Bakını simasız, kosmopolit bir şəhərə çevirə biləcək bir təkliflə çıxış edirsən… Onsuz da dövlətimiz Rusiyadan qopsa da təhsilimiz hələ də rus dilindən qopmamışdır. Bu gün Azərbaycanda onlarla rusdilli məktəb və bütün ali məktəblərin rus bölmələri var. Bu azmış kimi minlərlə ailə uşağına ana dilində oxuda-oxuda onlara ingilis və rus dillərini də öyrədir. Onu da deyim ki. poliqlotluq təbliğatı da anormal bir dəbə çevrilir. Çox dil bilmək xoşbəxtlikdir, lakin təəssüüf ki, çox vaxt ona da qiymət verilmir. Mənim köhnə dostum Yaqub Abbas 25-ə yaxın dil bilir, lakin bu ölkənin əlaqədar nazirliklərində hər cür dilbilməzə yer tapılsa da Yaqubun böyük istedadı və imkanı dəyərləndirilmədi…

    Rus dili vasitəsilə dünya ilə əlaqələrin möhkəmlənməsi, informasiya almaq imkanlarının genişlənməsi məsələsinə gəlincə, deməliyəm ki, indi bu baxımdan Türkiyə Rusiyadan qətiyyən geri qalmır, əksinə Dünya ədəbiyyatındakı bütün yeniliklər ruscadan daha tez türkcəyə çevrilib nəşr edilir. Moskva və İstanbul kitab dükanları ilə tanış olan hər kəs bunu təsdiqləyə bilər…

    Sizin dediyiniz çoxdilli ölkələr bizdən fərqlidir. Məsələn, Kanada doğurdan da ikidillidir, lakin orda Fransız dili yalnız fransızların yaşadığı Kvebek eyalətinin rəsmi dövlət dilidir. Və orda dil polisi fransız dilinin dövlət statusunu ciddi şəkildə qoruyur, lakin Kvebektən kənarda o dil dövlət dili sayılmır. İsveçrə , Belçika kimi ölkələrdə də rəsmi status qazanmiş hər dilin milyonlarla sahibi var. Azərbaycanda ingilis əyaləti yoxdur ki, biz onlar üçün dövlət dili yaradaq! Onsuz da Azərbaycanda hər kəs öz dilində danışır: türkləri türkçə, ruslar rusca…

    Türk dövlətləri ilə əlaqələrimizə gəlincə bu əlaqələr, istər- istəməz, genişlənəcək. Bu işi sürətləndirmək üçün ortaq əlifba və ortaq ünsiyyət doili məsələsini illər öncə ortaya atanlardan da biri mən olmuşam. Mənim fikrimcə, dünya türkləri arasında ünsiyyət dili rus dili yox , Türkiyə türkcəsi olmalıdır. Türkiyə türkcəsi Türk dövlətlərində xarici dillərdən biri kimi öyrədilsə on- onbes ildən sonra Qırğızıstandan Türkiyəyədək birbirimiz anlamaqda heç bir çətinliyimiz qalmaz. Kortəbii şəkildə gedən bu prosesi strateji hədəfə çevirmək lazımdır.Təəssüf ki, biz ömüzümü böyütməkdən daha çox başqalarını böyütmək haqda düşünürük.

    Nəhayət, Avropanın və Rusiyanın kosmik araşdırmaları haqqında… Təbii ki, burda da həlledici rolu texnologiya oynayır, dil yox! Biz çağtaş texnologiyanın dilini öyrənməliyik. Yeri gəlmişkən deyim ki, kosmosun və dünya sivilizasiyalarının və sirlərinin əsas infarmasiya bazası, sən demə, ingilis dilindən öncə türklərin qədim qohumlrından olan Şumer dilində imiş. Ona görə də Amerika əskərləri İraq muzeylərini yağmaladılar, dağıtdılar və indi Amerikan alimlərinin sizan məlumatlarına görə, sən demə, bəşəriyyəti min illər boyu cəhalətdə saxlayan amillərdən biri də Şumer lövhələrindəki yazıların üzə çıxması ilə bir çox dinlərin eski Şumerlərdən oğurluq olduğunun üzə çıxacağı qorxusu imiş. İndi iki yol qalır: Ya gərək qədim sirlərin açarı olan Şumer lövhələri məhv edildin, ya da həqiqətlər açılsın və bəşəriyyətin neçə min il davam edən aldanışlarına və bütün təkamül nəzəriyələrinə son qoyulsun.

    Dünyada xarici dillərin basqıları da imperatorluqların basqıları kimi bir gün sona varır. Biz qlobal güclərin keçici hegemonluğuna boyun əyməkdənsə öz dilimizi gəlişdirməli, millətimizin ləyaqətini hər çür dil, din, ideologiya basqısından qorumalıyıq….
    Sayqılarla Sabir Rüstəmxanlı”.

  • Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  Xalq şairi Sabir Rüstəmxanlının yeni kitabı işıq üzü görüb.

    VHP.az-ın xəbərinə görə, roman Azərbaycan türklərinin üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya-genetik savaşa həsr edilib. Müəllifin “Akademikin son əsəri”adını verdiyi kitab tezliklə oxucuların ixtiyarına veriləcək.

    Qeyd edək ki, roman indidən azərbaycanlı və türkiyəli oxucuların marağına səbəb olub. Sosial şəbəkədə S.Rüstəmxanlının türk oxucuları kitabın Türkiyə türkcəsinə çevrilməsi ilə bağlı müəllifə müraciətlər ünvanlayıblar.

     

  • Sabir Rüstəmxanlı Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi Sabir Rüstəmxanlı  Lənkəranda müəllimlərlə və məktəblilərlə görüşüb. Görüş Boladi kənd orta məktəbində baş tutub.  Tədbirdə məktəbin ədəbiyyat müəllimi və şagirdləri, eləcə də xalq şairinin qələm dostları Əyyub Qiyas, İltifat Saleh, Süleyman Hüseynov, Musa Xanbabazadə, Ağamir Cavad və İlham da  çıxış ediblər. Məktəblilərin ifasında səslənən  şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Bu barədə S.Rüstəmxanlı öz təəssüratlarını belə bölüşüb: ” Boladi kənd deyil, balaca,səliqəli və gözəl şəhərdir. Ədəbiyyat müəlliminin və məktəblilərin çıxışlarından çox razı qaldım. Çoxdan şagirdlərin belə ürəklə şeir söyləmələrini görməmişdim”.

  • Xalq şairi 71 yaşını Almaniyada qarşılayır

    Dünən gecədən çox insan zəng vurub, təbrik edib.

    Bu sözləri Teleqraf.com saytına açıqlamasında Sabir Rüstəmxanlı deyib.

    Xalq şairi bildirib ki, hazırda Almaniyadadır:

    “Almaniyada Güney Azərbaycan məsələlərinə həsr olunmuş konfransdayam. Almaniyanın müxtəlif şəhərlərindən, İsveçdən, Türkiyədən, Bakıdan gələn insanlarla bir aradayam. Elə indilərdə konfransımız başlayacaq. Ad günümü də bu şəraitdə keçirirəm. Almaniyada olan qohum-əqrəba ilə də görüşmüşəm. Mənim üçün ən gözəl ad günü millətimizin taleyi ilə bağlı olan bu cür toplantılarda olmaqdır”.

    Redaksiyamız adından biz də xalq şairinə “71 yaşın qutlu olsun” deyir, ona öz ürəyindən doğulan “Ad günü” şeirini hədiyyə edirik:

    Bəlkə min il yaşlı, on min il yaşlı

    Sirli bir mahnının ardınca bu gün.

    Dağlara gəlmişəm yalqız, kimsəsiz

    Öz doğum günümü qutlamaq üçün!

    Ürək oxuyanın işləri müşkül,

    Gözlərdə göz alan dərinlik qalmır.

    Onsuz da seyrəlir dost məclisləri,

    Sözlərdə əvvəlki şirinlik qalmır.

    Tənha zirvələrlə verim baş-başa,

    Məni onlar atdı burdan həyata.

    Görüm ucaların halı necədi,

    Dözə bilirlərmi bu gedişata!..

    Adımı köksünə həkk eləmişdim,

    Bilmirəm ağrısı dərindədirmi?

    Salam çinar qardaş, nəğməm darıxır,

    Sənin mahnıların yerindədirmi?

    Əgər yerindəsə bir ağız oxu

    Ya da sağlıq söylə köklər eşqinə,

    Sən də badəyə dön, ay əlçim bulud

    Qaldırım başıma göylər eşqinə!

    O göl qədəhini qaldır, qoca dağ,

    Nuş elə, lap nəfəs kəsəsi olsun.

    Mən ömrüm uzunu səni öymüşəm,

    Sən də bir ağız de, əvəzi olsun!

    Bu meşə, bu çəmən, bu bulaq, bu yol,

    Köhnə dostlərımdı məclisimdə cəm.

    Şəhərin səhəri ayıltdı məni

    Şəkər bulaqlardan keflənəcəyəm!

    Elə sehir var ki, bu ucalıqda

    Ürəyi dəyişir, vaxtı çaşdırır.

    Dağlar ad günümə hədiyyə kimi

    Ruhumu yenidən cavanlaşdırır.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan

  • 3 may Türkçülük Günüdür

    Sabir Rüstəmxanlı: “Türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmləşdirilməlidir”
    Bu gün – 3 may Türkçülük Günüdür. Dünya türklərinin qeyd etdikləri bu tarix Azərbaycanda da hər il xatırlanır, amma istər iqtidar, istərsə də müxalifət düşərgəsində bu gün yüksək səviyyədə qeyd olunmur. 3 mayın tarixi ilə bağlı hər ilin bu vaxtları geniş müzakirələr açılır. Bu il də eyni hal sosial şəbəkələrdə bir daha özünü büruzə verməkdədir. Bəzi mənbələrə görə, 3 may Türkçülük Gününün tarixi 1277-ci ildən başlayır.
    Hazırda Azərbaycan və Türkiyədəki milliyyətçilər arasında daha çox populyar olan ortaq versiya var. Həmin versiyaya və vikipediya məlumatlarına görə, bu bayramın keçirilməsinin səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın üzərində qurulan məhkəmə prosesi ilə bağlıdır. İrqçilik iddiası ilə Sabahattin Ali tərəfindən məhkəmələrə çəkilən şairin üzərindəki proseslərdən birində – 3 may 1944-cü ildə böyük etiraz nümayişi olub. Sonradan “Ankara nümayişi” adını alan həmin yürüşü anmaq məqsədilə bu gün qeyd olunmağa başlayıb. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar ve Reha Oğuz Türkkan başda olmaqla, 10 məhkum tərəfindən Tophane hərbi həbsxanasında qeyd edilib.
    1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılıb. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar vəkillərinin müraciətləri əsasında iki il sonra bəraət alıblar.
    1954-cü ildən etibarən bu gün Nihal Atsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş şəkildə keçirilir.
    3 may Türkçülük Gününün Azərbaycanda qeyd olunması daha çox sabiq prezident Əbülfəz Elçibəyin sayəsində özünə yer tapıb. 1992-ci ilin 3 mayında Bakıya səfərə gələn türk nümayəndə heyətinin tərkibində olan Alparslan Türkeş bir milyon insanın qarşısında Elçibəylə bərabər çıxış edərkən, toplantıya qatılanları “bozqurd” işarəti ilə salamlayıb…
    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bu günün önəmindən danışdı: “Əslində bayram olaraq, elə də qədim bir tarixi yoxdur. Türklərin bayram kimi qeyd etməli olduqları çox tarixi hadisələr var. Türklərin çox zəfərləri olub ki, bunların hər biri bayram kimi qeyd oluna bilər. Açığı deyim ki, Türkiyədə bu gün o qədər də geniş qeyd olunmur. Bu günü ən çox qeyd edən Azərbaycandır. Ölkəmizdə bir az təvazökarlıqdan kənar olsa da, xanımım Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi Azəri-Türk Qadınlar Birliyinin xətti ilə hər il bu günü önəmli yerlərdə yüksək səviyyədə qeyd edirik. Bu il ailəmizdə olan bəzi məsələlərə görə yaxşı hazırlaşa bilmədik. Bu günlə bağlı türk dünyasının hər yerindən sənət adamları çağırılır. İlin 365 gününü terror və başqa hadisələrlə dolu günlərlə keçiririk. İlin heç olmasa belə günlərini sevinclə qeyd etməli, başımızı dik tutmalıyıq, çünki biz tarixin qədimlərindən gələn böyük xalqlardan biriyik. Bu baxımdan, türkçülük bayramı yüksək səviyyədə keçirilməli, hətta rəsmləşdirilməlidir. Xalqın milli kəsimi bu bayramı qeyd edir. Millətçilik şüuru inkişaf etmiş şəxslər bunu əsasən qutlayırlar. Halbuki bu günü türk dünyasında hər kəs qeyd etməlidir. Fərqi yoxdur hansı tarixdən başlayıb, kimlərin adı ilə bağlıdır. Önəmli olan odur ki, belə bir bayramımız var. 3 may ilin ən gözəl günlərindən biridir. Baharın da ən gözəl vaxtlarına təsadüf edir. Böyük şəkildə edilməsə də, mətbuat və digər vasitələrlə bu günü daim xatırlatmaq lazımdır ki, bu gün türklərin bayramıdır”.
    S.Rüstəmxanlı türklərin bir olması baxımından da 3 mayın əhəmiyyətindən söz açdı: “Bir millət donuq su kimi yaşasa, gec-tez iylənəcək. Hər bir millət axar su kimi yaşamalı, daim hərəkətdə olmalıdır. Bu türk bayramı türklərin yaşadığı hər yerdən bir rüzgar kimi əsib keçməlidir. Bizim Bakıya dəvət etdiyimiz türk sənətçilərin buradakı çıxışları böyük maraqla qarşılandı, bundan sonra həmin sənətçilər Türkiyəyə də dəvət olundular. Belə proseslər davamlı olmalıdır. Türk dünyasının ən gözəl sənətçiləri belə bayramlarda bir araya gəlməlidirlər. Biz türklükdən danışırıq, amma kimsə barmaqla göstərə bilərik ki, qırğızların ən gözəl sənətkarı, yaxud şairi kimdir? Halbuki bir-birimizə çox yaxın olmalıyıq. Biz bu bayramdan türk dünyasının mədəniyyətinin sirlərinin açılması üçün istifadə etməliyik”.

    Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu bu günə hörmət və ehtiram bəslədiyini vurğulayıb:
    “Şübhəsiz ki, biz bu günə, onun önəminə hörmət bəsləməli, onu təqdir etməliyik. Bu, 1944-cü il hadisələri ilə bağlıdır. Nihal Atsızın ruhu şad olsun. Bu, onun başlatdığı hərəkatla bağlıdır.
    Biz bu günü 24 iyun tarixində – türklüyü bizə tanıtdıran, bizim türk kimliyimizi çağdaş dönmdə siyasi gündəmə gətirən Ə.Elçibəyin doğum günü münasibətilə keçirirk. 17 ildir ki, bu qərar qəbul edilib və 17 ildir ki, 24 iyun tarixini qeyd edirik.
    Yaxşı olardı ki, 3 may günü də türklük günü kimi bütün türk cümhuriyyətlərində qeyd olunardı. Lakin təəssüflər olsun ki, bu belə deyil. Bu və digər bayramların birgə keçirilməsi təqdirəlayiq olar”.
    Cavanşir ABBASLI

    Yeni Müsavat

  • Sabir Rüstəmxanlı: Bayramınız mübarək!

    Göz açıb- yumunca 2017-ci ilin bahar bayramı da gəlib çatdı. Düzünə qalsa ürəyimdə elə bir bayram ovqatı yoxdur. Amma hər halda ilin ən əziz bayramıdır. İndi də belədir, qadağan olunduğu illərdə də beləydi… Gözəlliyi nədədir bu bayramın? Bu sualın çoxlu cavabı var. Ancaq, görünür, əsas olan Novruzun təbiətdən doğulmasında, zamanla uzlaşmasındadır. Qışdan çıxmaq, dağın-daşın yenidən oyanmasını görmək, yenidən qolunu çirməyib toxumu torpağa, ümidlərini zəhmətinin bərəkətinə tapşırmaq, qanının yolların çağırışına qaynaması bunun göstəricisidir.. Bundan əlavə, qədim adət-ənənələrin xatırlanması, evlərin və ürəklərin təmizlənməsi, ölüləri ziyarət, dirilərə baş çəkmək, küsənlərin barışması, evlər arasında, azına-çoxuna baxmadan, bayram sovqatının dolaşması, uşaqların tonqal və papağatdı sevinci… Bütün bunlar Novruzun əsl ümumxalq bayranına çevrilməsinə, qutsallaşmasına və ən ağır qadağalar altında da yaşamasına səbəb olmuşdur.
    Novruz insanı ocağa, ailəyə, torpağa, Yurda bağlayan bayramdır. “Kim Novruz bayramını öz evində qarşılamasa yeddi il bayramı kənarda keçirər, evinə qayıda bilməz” inamı təsadüfən yaranmayıb…
    Torpağımızın od püskürməsi, Vətənimizin adının bir yozumu, qədim türklərin Yaranışla bağlı dastanları… hamısı Bahar bayramının Azərbaycan türklərinin və bütün türk dünyasının , eyni zamanda bizimlə iç-içə yaşamış qardaş xalqların halal bayramı olduğunu göstərir.
    Bayramınız mübarək olsun, əziz dostlar, qohumlar-qardaşlar, bu bayramı min illərin tufanlarından keçirmiş, cəfakeş, əzabkeş, bütün bəlalara baxmayaraq yaşayan və yaşayacaq Azərbaycan xalqı, bu bayramı keçirən bütün insanlar!..
    Bayramda niyyət tutarlar. Neçə illərdir mənim bütün gizli-açıq niyyətlərim, yazım, sözüm və mübarizəm milli taleyimizlə bağlıdır; faciələrimizə, bəlalarımıza son qoyacaq rahat, savaşsız, ədalətli, qayğısız bir həyat arzusuyla, torpağımızın və millətimizin bütövlüyü ilə bağlıdır..
    Kaş bu bayram bizi son illərdə qanımıza işləmiş bir sıra xəstəliklərdən xilas eləsin: ümidsizlik, özünü bəyənməmək və ya tam tərsinə, özünü tərifləməkdən yorulmamaq, giley-güzar, qeybət, bir-birimizə ögey baxmaq, əliəyrilik, nəfsin və yalanın azğınlaşması, milləti saymmaq, ədalətsizlik, qanunlarımıza sayqısızlıq, haqqını tələb etmək cəsarətinin azalması və s. Cəmiyyətdə qarşılıqlı sayqı və sevgi azalıb. Sosial mediyada öz vətəndaşına, yurddaşına nifrətlə dolu olan cahil, səviyyəsiz yazılar çoxalıb. “ Biz niyə bu yerə gəldik?” düşüncəsi yorucudur.
    Kaş bu bayram hamını xeyirə. xeyirxahlığa, haqqa, düzgünlüyə, Millət sevgisinə yönəltsin. Allah övladllarıımızı , gənclərimizi ehtiyacdan, şər-böhtandan, mühacirət yollarından qorusun! Bir-birimizlə yox, düşmənlə savaşaq! İtirdiyimiz bütün torpaqlarımızda tonqallarımız yansın, bayram süfrələrimiz açılsın!
    Hamıya can sağlığı və xoşbəxtlik arzulayıram!

  • Dost itkisi

    Sabir RÜSTƏMXANLI

    Yeniyetməlik, gənclik dostlarımdan birini də itirdim: İbad İbrahimov. 
    Altıncı sinifdə oxuyanda, rayon məktəblilərinin bədii olimpiadasında tanış olmuşduq… Xalq mahnılarını, muğamları və ya muğam təsniflərini yanğılı, yapışıqlı bir səslə oxuyurdu. Mənim də yeni-yeni şeir yazan vaxtımdı, öz şeirlərimi və məktəb proqramındakı şairlərimizin şeirlərini söyləyirdim… Sonra iki il ard-arda həmin olimpiadaların Bakıdakı yekun müsabiqəsində və Şamaxıda, Cəngi meşəsində məktəblilərin respublika turist toplantılarında iştirak etdik. Buna görə də kəndlərimizdəki yeddillik məktəblərdən sonra Yardımlı Qəsəbə onbirillik məktəbin 8-ci sinfində oxumağa gələndə aramızda yetərincə səmimi bir münasibət vardı. Bundan sonra onbirillik məktəbi bitirənədək keçən dörd il ömrümüzün ən xoşbəxt və ən unudulmaz illəri oldu. Həm təhsilin səviyyəsi, həm ictimai, milli şüuru biçimləndirməsi, həm də bir çox mənəvi keyfiyyətləri aşılamaq ənənəsi baxımından əsl bir universitet keçdik o dörd ildə. Hər gün dağ yollarıyla kəndlərimizə getmək çətin olduğuna görə internatın yataqxanasında qalırdıq. Bir növ müstəqilləşmiş və həyatı bütün acısı-şiriniylə, sevgisi- nifrətiylə dərk etməyə başlamışdıq. İlk sevgi, gələcəklə bağlı ilk planlar, oxumaq həvəsi və öz evinin altı- yeddi kilometrliyində yataqxanada yaşamaq sıxıntısı… Həyat öz sərt üzüylə qarşımızdaydı…
    İbad köhnə atəşpərəstlik mərkəzlərindən olduğuna görə Gavran adlanan kənddəndi. Yol yaxın olduğundan yataqxanada darıxanda ara-sıra ona qoşulub gedər və evlərinin ikinci mərtəbəsində, aynabənddə sabaha kimi söhbətləşər, arzularımızı bölüşməkdən yorulmazdıq. Burda onun el ağsaqqalı olan atası, ailəsi ilə tanış olmuşdum. Piyada yolu dağın yamacıyla dikəlirdi. Yuxarı qalxdıqca gözümüz önündə Peştəsər dağ silsiləsinin ruhu qanadlandıran görüntüsü açılırdı. Xüsusən aylı gecələrdə gümüş rənginə bürünən dağlar kosmik bir sehir saçırdı. Aşağıda yatağına sığmayan Viləş ərimiş qurğuşun kimi vadi boyu qıvrılıb gedirdi. Burdan baxanda qəsəbədən aralıda təklənmiş, yoxsul, lakin şən yataqxanamız da görünürdü. Aşırımdakı qayaların üstündə otururduq və İbad xahişsiz, minnətsiz oxumağa başlayırdı. Sanki hiss edirdi ki, bu qərib gecələrin təkrarsız mənzərəsinin tamamlanması üçün çatışmayan yeganə şey onun səsindəki kədərdir. Bu səsi dinləyəndə gözüm dolub- boşalırdı…
    Qum dənəsindən tutmuş gül ləçəyinə qədər hər şeyin bizə könül açdığı və ya bizim axşam mehinin, gündoğan şəfəqlərinin dilini anladığımız, duyğularımızın qanad açıb bizi dağlarımızın o üzündəki dünyaya, başımızın üstündə salxımlanan ulduzlara uçuran vaxtıydı. İçimiz ən təmiz və ən təmənnasız bir sevgiylə doluydu. İbad ürək dostum və sirdaşım idi. Bizə görə qohum əqrəbalarımıza da yaxınlaşmışdı.
    Sonra İbad müəllimlik kursunu qurtarıb kənddə müəllim işlədi, Bakı Pedaqoji İnstitutunda qiyabi oxudu. Mən Universitetə girib Bakıya bağlandım. Lakin müəllim işləsə də, rayonun mədəniyyət tədbirləri onsuz keçməzdi. Tədricən İbad ən gözəl muğam ustalarından biri, xalq mahnılarının bənzərsiz ifaçısı kimi bütün bölgədə məşhurlaşdı və hətta müəllimlikdən uzaqlaşmağa məcbur oldu. O zaman qolundan yapışan olsaydı, ölkənin ən usta və təkrarsız muğam ustası məqamına yüksələrdi. Ancaq o öz taleyi ilə barışdı. Yardımlı, Lerik, Masallı , Lənkəran və Astarada yüzlərlə gəncin toy- düyün məclisini öz səsiylə, iştirakıyla canlandırdı, ailələrin əziz qonağı oldu. Həyat yoldaşı olacaq qızla tanışlığı da belə toy məclislərindən birindən başlanmışdı. Lənkəran qızları hökmlüdür, onu Yardımlıdan qoparıb apardı. Lənkəranda özünə gözəl ev- eşik qurdu, şəhərin sevilən mədəniyyət xadimlərindən biri kimi sayğı qazandı, sevildi, üç qız, bir oğul atası oldu. Lakin sonra birdən bir qəfil tale rüzgarı onun nizamını pozdu və ömrünün yaşlı illərini Bakıda çox böyük çətinliklərlə keçirdi.
    Vətəndaş Həmrəyliyi Partiyasının fəallarındandı. Ömrünün sonuna bir gün qalmış partiyaya gəlibmiş, hamıyla görüşüb, zarafatlaşıb, mənə mane olmasın deyə görüşmədən gedib.
    Yay aylarını kənddə keçirməyi xoşlardı. Bu il də havaların qızmasını gözləyirdi ki, kəndə qayıtsın, çox sevdiyi dağlarının gözəlliyini bir daha görsün, havasını udub, suyunu içsin…
    Bu dəfə həmişəlik qayıtdı. Məzar yerini öncədən göstərmişdi, dağ döşündəki qəbiristanlıqda, cavan bir nil ağacının yanında…
    İbad son dərəcə saf, səmimi, xeyirxah, son tikəsini bölən, yaxşılıqdan başqa yol tanımayan, yüksək mədəniyyətli, kübar təbiətli bir insan, fədakar ailə başçısı, sədaqətli dost idi…
    Onu yola salmağa çox adam gəlmişdi. Onun sevdiyi adamlar… Bütün ömrü boyu oxuduğu mahnıların kədəri çökmüşdü üstümüzə…
    12.03.2017