Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Milli intibah nədən başlanır?

    Sabir Rüstəmxanlı

    Xalqın gələcəyinə, toplumlar savaşınd özünü qoruya biləcəyinə təminat verən hərəkətverici qüvvə, mənəvi qida, güc nədir və ya nədədir?

    Tarixi inkişafın hər hansı bir məntiqi, qanunu varmı; bu inkişaf hansı fəlsəfi yanaşma və ya sistemlə izah oluna bilər?

    Bəşəriyyətin gəlişmə qanunauyğunluqları adına onlarla ideya və “nəzəriyyə” irəli sürülüb… Bəziləri iddəa edir ki, cəmiyyət, fizika kimi, dəqiq qanunlara yaşayır; ardınca başqaları deyir ki, tarixi inkişaf heç bir bəlli qanuna və ya məntiqə sıgmır, belə bir qanun yoxdur, varsa da onu aşkarlamaq mümkün olmamışdır.
    Bütün bunlar, tarixin özü kimi, tarixciliyi də çətin duruma salır; cünki öyrənilən sahənin qanunauyğunluqlari müəyyən deyildirsə, onu araşdıma metodlarında da sistem yarana bilmir və bu sahəylə bağlı əsərlər də həmişə mübahisəli olur…

    Tarixi təbiətin bir parçası kimi öyrənmək istəyənlərin sayı-hesabı yoxdur. Yəni insan cəmiyyəti və onun tarixi də bioloji orqanizm kimi doğulur, yaşayır, ölür. Bu xəttə yaxın olan tarixçilər yer üzündə yaranmış sivilizasiyaları təbiətin konkret çağırışına cavab hesab edirlər…

    Böyük köçlər, kəşflər, sənayedə inqilab, iqtisadi inkişaflar və böhranlar, dialektik materializm, modernləşmə, qiymətlərin qalxması və enməsi, demoqrafık dəyişikliklər, passionarlıq, coğrafi şərait, təbii sərvətlər, savaş, elm və təhsil, əlaqələr sistemi və s. Bunların hansı biri əsasdır? Gücə, böyüməyə, inkişafa qida verən bunlardan hansıdır?

    Hər tarixçi cəmiyyətin inkişafına səbəb olan gizli çıxış nöqtəsini bu sayilanlardan birində axtarmışdır… Ancaq sonucda bu modellərin heç biri sivilizasiyaların və cəmiyyətlərin inkişaf və süqutunun səbəblərini, qalxma-enmə dövriliyini aça bilmir… Buna görə də son dönəmlərdə keçmışın riyazi müstəvidə öyrənilməsinə, xronologiyaların dəqiqləşdirilməsinə meyl artır. Ancaq bu xronologiyalar da sonda sistemsiz rəqəm zincirləməsindən başqa bir şey deyildir. Yəqin bütün bunlara görə də postmodernistlər tarixçiliyin obyektiv ola biləcəyinə ümumiyyətlə inanmırlar…

    Görünür bu axtarış qısırlığının əsas nədəni tarix qapısına salınan açarlardadır. Tarixə başqa elmlərin ənənəvi açarları düşməz! Tarixi elmlərin dar çərçivələri əhatə edən,emprik qanunlarıyla dərk emək olmaz!.. Bəlkə unudulan başqa amıllər də var: Allahın iradəsi, ruh, yer tarixiylə kosmik mövcudluğun əlaqəsi! Və xüsusən də mənəviyyat!

    Bir həqiqət də var ki, deyilən sualın cavabını aramaq təkcə tarixçilərin işi deyildir; bu həm də ədəbiyyatın mövzusudur və əslinə qalanda böyük söz ustaları da zamaanlar içində öz istedadlarını elə bu işə sərf etmişlər: insan, onun cəmiyyətdəki yeri, kamilləşmə yolları, insan və təbiət, insan və Tanrı, insan və ölüm… Bunlar ədəbiyyatın da əsas araşdırma mövzularıdır.Tarix insanın hərəkətidir, ədəbiyyat düşüncəsi.`

    Azərbaycanın bu günü və gələcəyi, türklüyün tarixi və taleyi, Azərbaycan insanının mənəvi durumu, yaşadığı faciələr, ümid və arzular son iki yüz ildə ədəbiyyatımızın başlıca mövzusu olmuşdur.

    Bu müstəvidə həm də dünyanı görmək olur!

    Azərbaycan xalqının son ikiyüzillik tarixi – faciələr tarixidir. Sovet dövrü yazıçılarına bu zəhəri bal adına təriflətdiriblərsə də – yenə də söz adamları cəmiyyətin barometri olaraq bu faciəni hamıdan artıq duyur və bu faciələrdən qurtulmaq yolunu tapmaq üçün hamıdan çox enerji sərf edirlər.

    Kimlərəsə mübahisəli görünə bilər, ancaq mənim gəldiyim nəticə budur: xalqın gücü onun milli əxlaqındadır. Əxlaq ümumbəşəri dəyərdir. Lakin hər xalq onu bir cür dərk edir. Bir cəmiyyət üçün əxalqsızlıq sayılan münasibət başqa cəmiyyətdə normal qəbul edilə bilər. Buna görə də söhbət məhz milli əxlaqdan gedir.
    Azərbaycan türklərinin faciələri məhz milli dəyələrin unudulmasından, yıpranmasından, ayaqlar altına atılmasından, mənəvi iflasdan başlanmışdı.

    Milli maraq imperiya, hakimiyyət və din-məzhəb maraqlarına qurban verilmişdi. Dövlət var idi, hökmü başqa xalqın xeyrinəydi, hakimiyyət çayları başqasının dəyirmanını işlədirdi, saray və idarələr farslaşdırılır, türklüyə düşmən gözüylə baxılır; bununla yanaşı türkü türk edən düzlük, mərdlik, kişilik, sədaqət, cəngavərlik ənənləri də unutdurulurdu . Buna görə də mərkəzdənqaçma yaranmış, Azərbaycan paran-parça olaraq 20 xanlığa ayrılmışdı.

    Yeni dövr miilli dövlətçilik zərurətinin, demokratik idarəetmədən başqa yolun olmadığının Quzey Azərbaycanda dərkindən başlandı…

    İki ildə böyük bir yol keçildi, milli ideologiyanın təməli qoyuldu: türklük, islami dəyərlər, çağdaş yaşam tərzi…

    Əslində bu, bütün müsəlman, türk dünyası üçün ideal bir model idi…

    İndi gəlirik əsas mətləbimin üstünə…

    Haşiyə: İstanbulun fəthiylə bağlı çox gözəl və ibrətamiz bir əhvalat var. Türklər İstanbula yerləşib, onun bütün qan damarlarını öz varlıqlarıyla doldurmuşlar. Bir coban ailəsi də İstanbulun ətrafında yerləşib. Ailənin balaca oğlu çöldə qoyun otarır. Axşam sürüsünü evə gətirəndə örüşdə azıb yazıq-yazıq mələyən bir quzu görür, onu da sürüsünə qatır və evlərinə gətirir. Quzunun mələrtisi kəsilmək bilmir və bu, ananın diqqətini cəlb edir. Oğlu quzunu çöldə tapdığını deyir. Ananın əhvalı pozulur. “Görürsən necə mələyir? Anasından ayrı düşüb! Sən məni itirsən necə olar? Sabah olunca quzunu alıb get, anasını bulub onları qovuşdurmayınca geri gəlmə!” (İndikilər olsa, tez bıçağı quzunun boğzaına çəkərdilər ki, səsi kəsilin, izi itsin). Ertəsi gün oğlan anasının dediyi kimi də edir. Bütün gün qan-tər içində sürüdən-sürüyə qoşur. Ancaq heç yerdə quzunu yaxın buraxan qoyun tapılmır. Axşam əlacsız evə dönəndə görür bir rumlunun (bizanslının) həyətində qoyun mələyir. Qapını açıb quzunu qucağından yerə qoyur. Quzu qoyunun altına cumur, sevincək onu əmməyə başlayır. Ana da balasını iyləyib rahatlaşır və mələrti kəsilir. Oğlan harda olduğunu unudub, anayla balanı qovuşdurmasının və öz anasının tapşırığını yerinə yetirməsinin sevinci içində bu mənzərəyə tamaşa edir. Bu vaxt evin sahibi işdən qayıdır. Türk uşağını həytində görən kimi onu oğru sanıb, qolundan tutub sıxma-boğmaya salır ki, nə işin var burda. Uşaq da əhvalatı olduğu kim danışır. Ev sahibi sürüsünə qayıtmış quzunu görüncə onu buraxır və xanımına deyir: “Biz məğlubiyyətə məhkumuq. Bizans yıxılmalıymış, övladlarımı belə halallıqla böyüdən xalqın qarşısında duruş gətirmək olmaz!”

    Mənim nəzərimdə bu əhvalatda da xalqların yüksəlişinə, çöküşünə, imperatorluqların doğuluşu və süqutuna, bəlkə də insanlığın tarixinə işıq salan çox sadə bir həqiqət var. Kökdə halallıq dayanmalıdır! Düzlükdən böyük güc yoxdur!

    Düzlük və bətəndaşa şərait yaratmaq. Hər kəsin sərbəst çalışmasına ,işləməsinə, qazanmasına ,sahibkar olmasına imkan vermək!

    Cilovun bazarın və bazarkomların əlinə verildiyi XXI yüzildə, kürəsəl sərmayənin və böyük axınların hər şeyi ayaqlayıb keçdiyi bir zamanda halallıq, düzlük, yüksək mənəviyyat anlayışlarının nə qədər arxaik və bəsit göründüyünün fərqindəyəm; ancaq tarixin ibrət dərsləri də var: nə bazar yenidir, nə böyük güclərin hegemonluğu, onların da hökmü bəlli bir yerə qədərdir. Amma mənəvi tarazlıq, nəfsə uymamaq, insanlıq ləyaqətini qorumaq, başqalarının haqqını yeməmək sadə göründükləri qədər də əbədi kateqoriyalardır. Və məhz bu kateqoriyalarda bütün xalqların təcrübəsi, fəlsəfəsi, inanc və dinləri biləşir…

    İslam dünyaya yüksək mənəvi dəyərlərin carçısı, insanlığın yüksəlişi kimi yayılırdı, çox vaxt ordunun gücünə ehtiyac qalmırdı. İbn Haldunun dediyinə görə o boyda İspaniya cəmi 40 min nəfərlik orduya təslim olmuşdu. Ancaq bəlkə də orduya yox, İslam əxlaqqı və fəlsəfəsinin yüksəliyinə boyun əymişdi. Lakin bu sonradan ərəb hegemonluğu iddiasına çevriləndə geri püskürdüldü.

    Bizlərə də elə gəlmişdilər, dinə boyun əydik, ancaq mədəniyyətcə bizdən aşağıda olan ərəblərə və ərəb dövlətlərinə boyun əymədik.

    Osmanlı üç qitəni yuxarıda dediyim böyük əxlaqla fəth etmişdi. Lakin sonradan türklüyünü qeyb etmiş gəvşək hakimlərin əqidəsizlikləri, milli- mənəvi dəyərlərdən uzaq düşmələri, qudurğanlıqları xarici düşmənlərin ölkənin taleyi ilə oynamalarina şərait yaradanda altıyüzillik imperatorluğ çökdü və Türkün milli dövlət və milli əxlaq sərhədlərinə çəkildi…

    Onnlarla belə misal çəkmək olar.

    Şübhəsiz, bizim Qarabağ savaşında müvəqqəti də olsa yenilməyimizin səbəbi ordumuzun, silahımızın yoxluğu, eks-sovet ordusunun ermənilərə açıq yardım etməsidir. Bununla belə, məncə, bu məğlubiyyətdə bir çox mənəvi dəyərlərimizi itirməyimiz, millət kimi öz kökümüzdən, ruhumuzdan ayrı düşməyimiz, vətən, yurd, ocaq sevgisinin yerini sərvət, hakimiyyət düşkünlüyünün tutması, milli birliyimizi tayfa, yerlibazlıq təəssübkeşliyinin əvəz etməsi, mərkəzin hiyləgər siyasəti qarşısında ağıl, əzm, dirəniş və müqavimət göstərə bilməməyimiz də az da olsa rol oynamışdır.

    Dəbdəbəli sarayları soyuq səngərlərə dəyişmədən, vətəni özün üçün yox, özünü vətən üçün sevmədən, yurdun azadlığı yolunda şəhid olmağı, qurban getməyi – xöşbəxtlik kimi qəbul etmədən, elinin hər ağacı, hər daşı üçün əsmədən onu qorumaq olmaz.

    Vətənə işğalçı gözüylə baxanın, onun hər nemətini ata malı kimi qamarlayann, meşəsinə, çayına, dənizinə rəhm etməyənin, üstümüzə gələn işğalçıdan fərqi azdır.
    Birincilər əl-qolumuzu boşaldanda ikincilərin yolu açılır.

    Türklər, o cümlədən biz Azərbaycan türkləri tarix boyu öz mərdlikləri, sadəlövhlük dərəcəsinə çatan düzlükləri, başqasının malına-mülkünə əyri gözlə baxmamaları, cəfakeşlikləri, könül dünyalarının zənginliyi, haqq işindən geri durmamaları ilə seçiliblər. Bunu tarximizin hər səhifəsi göstərir; özümüz də yazmışıq, başqaları da!.. Öyünmüşük ki, baxın, yabançı alımlər, səyyahlar bizim haqqımızda nə yazıblar, bizi necə yüksəkdə, qonşularımızı necə aşağıda görüblər. Düşünməmişik ki, bu təəssüratı yaradan bizim babalarımız idi, biz yox! Aradan çox sular axmış, nəsillər dəyişilmiş, Yad məktəblərin tərbiyəsi təsirsiz qalmamışdır.

    Və biz bu gün mənəvi fəlakətin ortasındayıq! Bunu görmədən, bilmədən, yazmadan, demədən, haray qaldırmadan, bu durumu dəyişmək üçün özümüzdə güc tapmadan beləcə yola davam etsək sonumuz yoxdur, ölümə məhkumuq!

    Yəqin bu torpağın üstündə yenə adamlar yaşayacaq, yəqin onlar yenə artıb törəyəcəklər… Ancaq bu, daha bizim idealımız olan xalq, Azərbaycan-türk xalqı olmayacaq!

    Heç kim inciməsin! Kaş dediklərim yanlış olsun! Bütövlükdə cəmiyyətin xəstəliyindən danışmaq çətindir. Adamlar xəstələnər! Ancaq yoluxucu vərdişlər getdikcə cəmiyyətin qanına işləyirsə bu da fəlakətdir və kimsənin ağlına gəlmir ki, bu durdurulmalıdır.

    Doğum evindən – qəbr evinə kimi! 40 il əvvəl də bunu yazmışdım, inidi də yazıram: “ Doğuşdan ölümədək bir arasıkəsilməyən ələbaxanlıq, rüşvət, əyrilik silsiləsi… Doğulanın sevincini duymadan onu xəstəxanadan çıxarmanin qayğısı kəsdirir üstünü; ölənin acısı bir yanadır, ona məzar yeri bulmanın, yasını vermənin yükü bir yana! Yasxanadan toyxanaya millət onu soymaq növbəsinə düzülənlərin əlində əsir! Hər yanın öz mafiyası. Saysız soyğunçu təşkilat!. Kim durduracaq bunları?”
    Bu günün məktəblisi– sabahın əsgəri və idarəçisidir. Həyat yoluna necə başlayırsa o cür davam edir! Uşaq psixologiyasna hopan və müqəddəs məktəb adına kölgə salan pul hakimiyyəti sevgi hakimiyyətinin böyüməsinə imkan verərmi?

    Məmur üzü – vətəndaş qarşısında daşlaşırsa, keçilməz səddə, divara dönürsə vətəndaş birliyindən və sevgisindən danışmaq çətinləşir!

    Belə toplum cır olar, qısır olar, bəhrə verə bilməz!

    Ailə, uşaq bağçası, orta məktəb, ali məktəb, məktəb proqramları, dərsliklər, müəllimlər… bütün problemləri ilə gözümüzün önündədir. Dövlətin məktəblərin yenidən qurulması sahəsində gördüyü böyük işlərə baxmayaraq təhsilin səviyyəsi hələ də acınacaqlıdır.

    Bunu, yaxud gənclərimizin iş problemlərini düşünək! Tədris ocaqlarındakı, cəmiyyətdəki bu mühitdə böyüyənlərin əlbəttə yüzdə əllisi orta məktəb imtahandan kəsilər; Şuşanın nə vaxt işğal edildiyini, Təbrizin harda olduğunu bilməz. Hələ bayrağımızı Rusiya bayrağı ilə qarışıq salmırsa ona şükür deyin!

    Dünyanın hər yerində, ən inkişaf etmiş ölkələrdə də problemlər, qanunsuzluqlar, cəmiyyəti narahat edən müşküllər var. Bunlar gələr-gedər. Ancaq elə təməl dəyərlər, elə özül daşları var ki, onlar yerindən oynasa dayaqlar sarsılar və cəmiyyət tar-mar olar. Ədalət, mülkiyyət hüququ, varislik, haqqı nahaqqa verməmək, kimsəsizlərə sahib çıxmaq, agıla, istedada yol açmaq, eli oğrudan-əyridən qorumaq, hökumət məmurlarının xalqı dövlətindən incik salmasına imkan verməmək… Bunlar minilləri aşıb gələn yazılmış və ya yazılmamış qanunlar, torələrdir. Hətta orta əsrlərin cəhalət dünyasında da insanlar malı-mülkü sarıdan daha güvənikli sayırdilar özlərini. Məmur öz nırxını qoyub istənilən mülkü dağıda, zəbt edə, xalqın aranına-yaylağına, gölünə-dənizinə sahib çıxa bilməzdi. Şuşaya, Kəlbəcərə gedə bilmirik, məlumdur. Bəs Göygölə niyə gedə bilmirik? Bəs Xəzər sahilləri kimlər tərəfindən işğal edilir? Vaxtilə erməni-bolşevik çətəsi Çəmbərəkənd qəbristanının yerində park salıb, şəhidlərimizin ruhunu təhqir etmək üçün oranı çal-çağır yerinə çevirmiş, məzarların üstündə restoranlar tikmişdilər. Biz dönə-dönə orda Soyqırım muzeyinin tikilməsinı təklif etdik, amma yenə cayxana-kafe tikildi, musiqisi də var yəqin. Bunu edənlərin şəhidlərin izini itirən erməni bolşeviklərindən fərqi nədədir görəsən?

    Adamları öz dövlətindən incik salmaq, gələcəyə olan ümidlərini qırmaq, qəddarlıq, mərhəmətsizlik mühiti yaratmaq, cəmiyyəti sevgisiz, yalançı, maddiyyatdan başqa bir şey düşünməyən, lovga, bir-birini bəyənməyən kütləyə çevirmək… Bunlar kapitalizmin, bazarın gətirdiyi bəlalardır, yoxsa tədricən millə xarakterimizə hopan bəlalar?

    Hər insan kimi hər millətin də öz taleyi, öz yolu, öz Allahı var. Bizə qurulan tələlərdən keçə-keçə bu günə gəlib çatmışıq. Vətənimizin bir parçasında da olsa müstəqil dövlətimizin mövcudluğu gələcəyimizin təminatıdır. Ölkə başdan-başa qurulur. Bunu inkar etmək omaz! Ancaq bir az da içimizin quruculuğunu düşünməliyik!.. İçdən çökdürüləni çölün bər-bəzəyi qorumaz!

    Azərbaycanın böyük gələcəyi xalqımızın milli əxlaqa və dəyərlərə söykənən yeni intibahından başlanacaq…

  • Yazıçının qalibiyyətlə nəticələnən savaşı

    aslanquliyevAslan Quliyevin yaradıcılığı qələm əhli üçün ölkənin baş kəndində, yəni ədəbi mühitin, ünsiyyət və mətbuatın gur yerində yaşamağın əsas və həlledici şərt olması barədə mövcud şablonu dağıdan, bu yanaşmanın ehkama çevrilməsinə imkan verməyən nümunələrdən biridir. O, Azərbaycanin bölünmüşlüyünün əziyyətini hər yerdən artıq çəkən, həyat şərtləri çox ağır olan ucqar bölgələrindən birində- Yardımlıda anadan olmuşdur və indiyə qədər də orda yaşayır. Buna baxmayaraq, çətinliklə də olsa, əsərlərini çap elətdirə bilmişdir; ədəbi mühitdə yetərincə tanınır, on dörd romanın, çoxlu kiçik həcmli nəsr əsərinin müəllifidir, sosial şəbəkədə fəaldır; yaradıcılığı ilə bu balaca rayonu çoxdan bəri ölkəmizin ədəbi coğrafiyasının mərkəzlərindən birinə çevirmişdir.

    Aslan bizim qonşuluğumuzda, evləri Qaraçaydan dikələn yamacların qaşına, təpələrin üstünə səpələnmiş Bilnə kəndində anadan olmuşdur. Günəş o təpələrin ardından, Xəzər tərəfdən qalxıb, bizim başımızın üstündən adlayaraq Savalan səmtində batarkən sonuncu şəfəqləri Bilnənin onlarla pəncərsində bərq vurur. Axşamların o kiçik günəş parçaları uşaqlıqdan yaddaşıma həkk olunub. Aslan dünyaya ilk dəfə o pəncərələrin birindən, o günbatan şəfəqlərinin arxasından boylanıb və elə bilirəm o parıldayan pəncərələrin biri balaca Aslanın geniş açılmış və ətrafa heyrətlə baxan gözüdür. O yüksəklikdən gördüyü silsilə dağlar, yaylalar, meşələr, balaca çayların keçdiyi vadilər gözəlliyi, boyaları, ətri və səsləriylə Aslanın demək olar ki, bütün əsərlərindən keçir.

    Aslan payızın ən gözəl çağında, təbiətin barlı-bəhrəli, “müdrik və ağıllı” çağında dünyaya gəlmişdir. İndi orda göylər ilin başqa heç vaxtında olmadığı qədər təmizdir, mavidən çox yaşıla çalır, payızın ilk yağışlarından sonra dağlar yenidən saf bir yaşıllığa bürünüb, meşələr yuyunub təmizlənib və ağaclar saralmağa tələsmədən var gücüylə boy atır, yaylaqlar boşalır və yeni-yeni cücərən zəmilərdən ağzıyuxarı çevrilmiş zınqırovlara və ya qədəhlərə bənzəyən minlərlə payız çiçəyi baş qaldırır, kəndlərə insanı əbədiyyət havasına kökləyən və sanki heç vaxt pozulmayacaq bir sakitlik çökür. Ancaq bu gözəllik və dinclik həm də bir kədər, qəriblik, dərd qaynağıdır, uşaqlıqdan ruhuna hopur və ömrünün sonunadək səni tərk etmir. Bu qəm havası o yerlərdə boy atanların hərəsinin düşüncəsinə, taleyinə bir cür təsir göstərir. Aslan bəy da ondan öz payını götürüb.

    Aslan Quliyev həm mövzuları, həm də yazı tərzi etibarilə yeni ədəbiyyatın nümayəndəsidir. Bəzən deyirlər müharibədən, konfliktlərdən yazmaq üçün zamana ehtiyac var; vaxt keçməli, sular durulmalı qiymətlər müəyyənləşməlidir. Aslanın istedadı və aydın yaradıcı mövqeyi məhz bu məsələdə bütün parlaqlığı ilə ortaya çıxır. Onun demək olar ki, bütün əsərlərində günümüzün davam edən, çoxlarinin mahiyyətini anlamaqda və təbii ki, qiymətləndirməkdə çətinlik çəkdikləri mürəkkəb və ziddiyyətli proseslərinin bədii mənzərəsi, maraqlı süjetləri, aydın vətəndaş mövqeyindən qiymətləndirilməsi, fəlsəfi ümumiləşdirməsi və nəhayət, topluma düşdüyü mənəvi bataqlıqlardan xilas yolu göstərmək cəhdi var. Onun qəhrəmanları yanaşı yaşadığı, tanıdığı, bildiyi insanlardır. İstedadlı yazar ətrafında baş verən olayların dramatizmini, ziddiyətlərini, əsas istiqamət və axınlarını asanlıqla müəyyənləşdirir və koloritli bədii dillə, özünəməxsus yazı tərziylə, canlı və yaddaqalan obrazlarla oxuciulara təqdim edir.

    Aslan ədəbiyyatın diqqətindən kənarda qalmış, amma hamıya tanış və yaxın olan mühiti yazır. Yaşadığı həyat, keçdiyi yol, üzləşdiyi ədalətsizliklər onun əsərlərinə bir üsyankarlıq ruhu aşılamışdır. Bunun ilk örnəklərindən biri “Yazıçının savaşı” romanı idi. Burada yazıçının və bir rayonun ziyalılarının taleyindənn söhbət gedir, ancaq roman təkcə onların taleyinə yox, bütövlükdə vətəndaş məsuliyyətini və insanlıq ləyaqətini itirmək faciəsinə, cəmiyyətin fəlakətinə çevrilən saxtakarlıqlara, biganəliyə və bu savaşda haqqın məğlubiyyətinə işıq salır; məglubların mübarizə ruhunu diriltməyə çalışır. Şübhəsiz bu əsərdə müəllifin öz həyatından müəyyən cizgilər də görünməkdədir. Savaşın nəticəsizliyi müəllifi üzmür. Bu, bir milli mücadilədir, vətəndaş etirazıdır və ana xətt olaraq “Haray”, “Beşyarpaq yonca”, Serjant mülki geyimdə”, “Televiziya müsabiqəsi”, “Rusiyadan gələn qardaş”, “ Payiz” və sair, bəzilərini oxumağa vaxt tapmadığım povest və romanlarından keçərək yaradıcılığının əsas mahiyətinə çevrilir.

    Aslan Quliyevin sonrakı romanlarında ictimai pafos, cəmiyyəti və insanlığı qorumaq ideyası daha da dərinləşir; günümüzün son dərəcə ciddi və ağrılı problemləri incəllənir, göstərilir, müstəqillikdən sonra həll olunmaqdansa dərinləşən sorunların kökləri axtarılır. O, bir həkim kimi, yayılmış, kök atmış xəstəliklərin diaqnozunu müəyyənləşdirməyi və onun müalicə yollarını axtarmağı öz borcu sayır.

    Qarabağ müharibəsi və cəmiyyət… yəqin ki, müvəqqəti məğlubiyyətimiz üzündən, ədəbiyyatımızın o qədər də ciddi həvəs göstərmədiyi, ancaq Aslanın tez-tez müraciət etdiyi mövzudur. Bu baxımdan onun əsərləri xüsusi araşdırılmalı və təbliğ edilməlidir. Şəxsən mən müharibədən qayıtmış Azərbaycan əskərinin taleyinə həsr olunmuş “Keçmiş döyüşçü və oğlan” romanını təkcə bu mövzuda yazılmış əsərlərin yox, bütövlükdə Azərbaycan nəsrinin ən ugurlu nümunələrindən biri hesab edirəm… Bu romanın qəhrəmanı, yəni altı il savaşandan sonra, torpaqlarımız azad olunmasa da, könüllü dəstələrin ləğvi nəticəsində evə qayıdan Səhənd, “Yazıçının savaşı”ndakı qəhrəmanlardan fərqli olaraq, arxa cəbhədə də öz taleyinə boyun əymək istəmir. Əsərdə Səhəndin simasında Vətən üçün vuruşmuş, göstərdikləri qəhrəmanlıqlara baxmayaraq məğlubiyyətə düçar edilmiş gənc döyüşçülərimizin geri döndükdən sonra üzləşdikləri haqsızlıqlar, ədalətsizliklər, eşitdikləri həqarətlər həyatın özündən gələn real cizgilərlə, inandırıcılıqla, yüksək bədiiliklə göstərilmişdir. Bu, son iyirmibeş ildə cəmiyyyətimizi yıpradan ən böyük ictimai bəlalardan biridir. Müharibədən qaçıb gizlənənlərin, meydanı boş sayaraq, əyri yollarla, vəzifə sahibi olanların vətən üçün qan axıdanlara meydan oxumaları, cəbhəçilərin, müharibə əlillərinin, qaçqınların taleyinə biganəlikləri, bunun nəticəsində yaranmış sosial və mənəvi bəlalar ölkəni düşmənlə savaşdan, daha qorxulu, daha ağır fəlakətlərlə üz-üzə qoyur. Çünki düşmənin kimliyini bilirsən, silahından-sürsatından, döyüş üsullarından, hardan hücum edə biləcəyindən xəbərin var, bunlarsa düşmənçiliklərini yavaş-yavaş, dost-qardaş cildinə bürünərək, güllə atmadan, ölkənin mənəvi dayaqlarını sarsıtmaq, insanların ürəyində öz dövlətinə, millətinin gücünə və ədalətinə inam hissini öldürmək yolu ilə edirlər. Düz xalqın ürəyini nişan alırlar. Bütün bunlar “Keçmiş döyüşçü və oğlan” romanında müəllifin özünə məxsus üsul və boyalarla, konkret adamların taleyində açılıb göstərilir.

    Əsərin bir dəyəri də əsas qəhrəmanı Səhəndin bu ədalətsizlik və rəzalətlərlə barışmamasındadır. O, Kefli İskəndərlik dövrünü çoxdan keçib, başqa yazıçılarımızın əsərlərində haqsızlıqlara dözməyib müqavimət göstərən qəhrəmanlardan da irəlidədir. Səhənd savaşçıdır, öz dediyi kimi, “Müqəddəs Azərbaycan Ordusunun zabiti”dir və istər ön cəbhədə olsun, istər arxa cəbhədə, haqsızığa dözmür, ədalət və düzlük axtarır, ləyaqətsiz adamların onları məğlubiyyətdə ittiham etməsinə qarşı dirənir, nahaq qanların intiqamını alır, məhkəmələrin ədalətsiz hökmünü öz vətəndaş hökmüylə dəyişdirməyə çalışır. Amansız taleyə boyun əyən adam deyil. Bunu Azərbaycan Ordusunun zabitinə yaraşdırmır. Bu, artıq Vyetnam savaşının, Qarabağ müharibəsinin “Remboçuluq” dövrüdür.

    Qüvvələrin bərabər olmadığı bu daxili savaşı Səhənd uduzur, ancaq bir ümid toxumu səpib uduzur, tələbə yoldaşı olan, ancaq vəzifəyə keçəndən sonra xalqa qarşı qudurğanlıq edən icra başçısına, onu cinayətkarlığa çəkmək istəyən gizli qrupu, dağlarda narkotika yetiıdirməklə məşğul olan və yuxarıdan müdafiə olunan silahlıları və b. aradan götürür. Son dəfə üstünə Azərbaycan Ordusunun əskərlərinin gəldiyini görəndə atəşi kəsir, bir zabit olaraq öz əskərlərimizə güllə atmır. Qısa müddət onun yanında olmuş “oğlan”- bir cinayətkar ailənin övladı, ata-anasının yanına yeni sifətdə, yeni xarakterlə, döyüşçü ruhu ilə qayıdır; vətənin qəhrəman əskəri məğlub olub, ancaq yenə də döyüşlərə, torpaqlarımızı azad etməyə gedəcək, deyir. Təbii ki, o ,artıq özünü də həmin döyüşün bir əskəri sayır…

    Aslanın bəzi romanları ən azı əlavə oxu vəsaiti kimi orta məktəb proqrmlarına salınmağa layiqdir. Klassik ədəbiyyatımızı, sovet dövrünün görkəmli nasirlərini sevirik, onları inkar etmək fikrimiz yoxdur, ancaq bu günün uşaqlar və gəncləri bu günün problemlərinə işıq salan, bu günün diliylə yazılmış və təbii ki, yeni nəslə daha yaxın olan ədəbiyyatla tərbiyələnməlidir. İndki halda dərsliklərimizdə müasirlik adına təbliğ olunan əsərlərin bir hissəsi mövzusuna, ruhuna, dilinə görə şagirdlərin dünyasından çox uzaqdır, buna görə də onları ilgiləndirmir, tədricən milli ədəbiyyata maraqları sönür.

    Aslan Quliyevin kitabları haqqında bəzi tənqidçilərimizin bir neçə məqaləsi var, lakin küll halında onun yaradıcılığı çağdaş ədəbiyyatımızın ümumi kontekstində təhlil olunub dəyərləndirilməmiş, qiymətini almamışdır və buna görə də onu hələ də ədəbiyyatın əyalətində saxlamaq və ya orda, gözdən-könüldən qıraqda görmək istəyənlər var. Halbuki əsərləri çağdaş nəsrimizin ən dəyərli və parlaq nümunələrindəndir və bu əsərlərin müəllifinin adının da, yəqin ki, haqlı olaraq, tənqidin dilindən düşməyən adlarla bir sırada çəkilməsi Aslanın qəhrəmanlarının uğrunda vuruşduqları ictimai ədalətin bərpasına bir örnək olardı.

    Aslanın bir romanını adı “Yazıçının savaşı” olsa da o, təbiəti etibarilə sakit, təvazökar, mənasız münaqişə sevməyən, bütün səviyyələrdə barış, həmrəylik istəyən, milli maraqlarımızı hər şeydən yüksək tutan, dövlətimizin möhkəmlənməsi yolunda hər cür cəfakeşliyə hazır olan, aza qane, gözü tox, ürəyi insan sevgisiylə dolu olan bir adamdır. İşsiz-gücsüz olsa da Yardımlı şəhərindəki sakit və yenə də Günəş batanda pəncərələrinin şüşələri şəfəqlənən evində gecə-gündüz, yorulmadan yazmaqda, ədəbi fəaliyyətini davam etdirməkdədir. Yazıçı savaşının gec-tez qəlləbəylə nəticələnəcəyinə inanır. Çünki sözün üstündə silah yoxdur. Qəhrəmanlarıyla birgə, bir heykəltəraş səbri ilə, yavaş-yavaş öz obrazını da yaradır. Bu obrazın Azərbaycan ədəbiyyatında daim var olacağına inanır və qələm dostumu ömrünün 59-cu payızı dolayısıyla ürəkdən qutlayır, ona can sağlığı və yeni gözəl əsərlər arzulayıram…

  • ƏDƏBİYYATDA QORXU VƏ YA NOBEL ÖDÜLÜ SÖHBƏTLƏRİNƏ BİR AYDINLATMA.

    İndiki savaşların taleyini gücdən və ağıldan çox, silah həll edir, əskərin və millətin daşımalı olduğu məsuliyyətin bir hissəsini silah bəhanəsi qapadır. Müharibə və inqilab faciələri başlanır və bitir, ancaq cəmiyyətin elə bir zümrəsi var ki, onun üçün uzaq keçmiş və ya indiki çağlarda baş verən olayların heç biri heç zaman bitmir, o, daim bu olayların içindədir; tarixə dönmüş hadisələr də onun təxəyyülündə canlıdır, hərəkətdədir; daim araşdırılır, incələnir və xalqın gələcəyi baxımından dəyərləndirilir. Yazıçı, məhz bu baxımdan, cəmiyyətin barometridir və üzdə tez-tez görünüb-görünməməsindən asılı olmayaraq, onun iş otağı, yazı masası həm hakimdir, həm milli məczlisdir, həm döyüş cəbhəsidir, həm də xalqın səsinin gur eşidildiyi meydanlardır… Əslində yazıçının siyasi qruplara qoşulması vacıb deyil, çünki o, bütövlüklə xalqın səsi olmalı və ya millətin taleyinə, maraqları və gələcəyinə optimal şəkildə xidmət edə biləcək demokratik, çağdaş, dünyəvi, milli qüvvələrin tərəfində dayanmalıdır. Ədəbiyyatımızın tarixində bu sadə həqiqəti onaylayan örnəklər var. Ötəri, günlük siyasətə uymaq, haqqın yox, zorun tərəfində dayanmaq yazıçını bütün gələcəyindən məhrum edə bilər. Təkcə onun özü yox, övladlar və davamçıları da heç vaxt bu səbatsızlığın lənətindən xilas ola bilməzlər.

    Milli ideallara zidd, yanlış yol tutulanda qazanılan var-dövlət, şöhrət, fəxri adlar, deputatlıq, orden-medal yağışı günlərin birində xalqın qınağına çevrilib yazarın üstünə qayıdır. 1937- ci ildə Stalin rejimini əbədi və sarsılmaz sayaraq, şərə xidmət edənlərin, antimilli yol tutanların, işğala və assimilyasiyaya haqq qazandıranların, qələm dostlarının ölümünə imza atanların sonrakı taleyi göz qabağındadır. Haqqı dərk edənlərin zəhməti və zamanın ədaləti Hüseyn Cavidi Sibir cəhənnəmindən Naxçıvana qaytardı, üstündə Mömünə Xatun məqbərəsiylə bir sırada dayanan məqbərə ucaltdı, ancaq Stalini mərmər movzeleydən çıxarıb atdı. Öz canlarını qorumaq üçün mədhiyyəbazlıq etmiş yazar və şairlərin qara imzaları ortaya çıxandan sonra onların bütün ehtişamlı həyatı, cilid-cilid nəşr edilib kitabxanalara doldurulmuş əsərləri xalqın gözündən düşür, heç nə, hətta övladlarının, atalarının günahını yumaq üçün etdikləri səmimi və ya məcburi tövbələr, haqqa və xalqa dönüş cəhdləri də köməyə çatmır.

    Bəs indi durum necədir? Yazıçı sözünü hansı səviyyədə deyir? Deyə bilirmi? Deyilən söz xalq arasında və rəsmi dairələrdə necə qəbul edilir? Deyə bilərlər ki, bu məsələyə rəsmi dairələri niyə qatırsan? Axı onlar bir ovuc insandır. Oxuyur, oxusun, oxumur, oxumasın! Bu belədir! Ancaq onları xalqdan qoparmaq düz olmaz və təəssüf ki, ədəbiyyata, sözə, kitaba və onun müəllifinə münasibətin bir sıra mühüm cəhətlərini ümumi oxucu kütləsi yox, bəlli adamlar yönəldir və rəsmiləşdirir… Yurd sevgisi çox vaxt gözümü tutub, pisi də yaxşı saymışam, ümidim sarsılmayıb;“düzələr, müvəqqəti çətinlikdir, keçib gedər, millətimiz müdrikdir bu əyriliyin qarşısını alar, köhnəliyin qalığıdır, vaxt keçdikcə düzlük, haqq, ədalət yerini tutar.” – deymişəm Bu bir inamdır, Vətəndaş mövqeyidir. Kökü sevgimə dayanır. Sevgi adamın gözünü tutur, amma kor eləmir. Bununla yanaşı, bir yazıçı, şair, ziyalı mövqeyi də var. Orda güzəşt yoxdur; orda həqiqətdən qaçmaq olmur; qaçsan özünü də, sözünü də, yolunu da, şəxsiyyətini də itirərsən. Dünya balacadır. Yüz cür qorunma üsullarına baxmayaraq, qrip və ya başqa yoluxucu xəstəliklərin ölkədən ölkəyə ildırım sürətilə keçib yayıldığı kimi, cəmiyyətlərdəki mənəvi xəstəliklər və dərdlər də yayılır, nə faciəni, nə yenilikləri, nə sevinci, nə kədəri bir ölkə çərçivəsində həbs edib saxlamaq olmur. Əslində söz və cəmiyyət, ədəbiyyat və hakimiyyət problemləri bu gün ümumdünya problemidir. Düz söz demək, həqiqəti yazmaq imkanları bizdən qat-qat artıq olan Qərb dünyasının yazarları da “düz danışmaq qorxusu” içində yaşadıqlarından gileylənirlər.

    Böyük Amerika ədibi Uilyam Folkner yazırdı: “Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içində yaşamağımızdadır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. İnsan ruhunun bundan başqa heç bir problemi yoxdur. Onun üçün yalnız bir sual qalır: məni haçan məhv edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin özü ilə münaqişədə olması ilə bağlı sorunları unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız onlar barədə yazılanlar dəyərli ola bilər… Yazıçı… qorxu deyilən şeyi həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanasından sevgi, çərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi, universal, həqiqətlərdən savayı- çünki bunlarsız istənilən əsər ölüdür, unudulmağğa məhkumdur- qalan hər şeyi kənara atmalıdır. Yazıçı bunu etmədikcə lənət təhlükəsi ilə üz-üzə qalacaq.” Bu, “azad” Amerikanın Nobel mükafatına layiq görülmüş böyük qələm sahibinin etirafıdır. Məqsəd yazıçıları qorxudan xilas etməkdir. Dünyanın hər yerində, o cümlədən, bizdə ədalətli, düz sözün üstündə bir qara qorxu dolaşmaqdadır. Mənəvi və cismani terrordan başlamış, səsini oxucuya çatdıra bilməməyə, mətbuat qadağalarına, bir tikə çörəyə möhtac olmaq faciəsinə qədər…

    Bütün bunların hamısı qorxu mənbəyidir. Azərbaycanda bunlardan əlavə cəhalətin, dini xürafatın da öz qorxutma üsulları var və bu üsullar bir-birinə çox bənzəyir. Məsələn, baçqa bəhanə tapılmayanda “polisə müqavimət” dən tutmuş, “dövləti və dövlət başçısını təhqir etmə”yə qədər gülünc bəhanələr çıxır ortaya, əsil həqiqət qalır bir kənarda. Xırda məmurlar öz intiqamlarını dövlət başçılarının və bütövlükdə dövlətin vahiməli kölgəsi altında alırlar. Deyən olmur ki. “bala, sən kimsən və niyə haqqında deyilən düzgün iradları o dəqidə yuvaqlaqlaşdırıb yuxarıların ünvanına yönəldirsən? Sən nə vaxtdan hökumət olmusan?” Bunun kimi, bəzi cahil, savadsız din xadimləri də onların hər hansı mənasız sözünü qəbul etməyənləri Allahsız və ya dinsiz elan edirlər. Hətta xoş məramla deyilən alternativ söz də ciddi mətləblərə toxunursa və cavabı çətin olursa o dəqiqə siyasi iqtidarın və dinin adından sui–istifadə edənlərin bütün arsenalı işə salınır… Yazıçısı qorxuya öyrəşən, daha doğrusu qorxuyla barışan cəmiyyət- ruhunu itirmiş, enerşisi tükənmiş, imuniteti zəifləmiş cəmiyyətdir. Mətbuatımızda tez-tez mübahisələr gedir: bizim yazıçılar niyə Nobel mükafatı ala bilmirlər və ya Nobel mükafatına layiq əsərlər yazmırlar. Nobel mükafatının getdikcə siyasiləşməsi əsas və tez-tez təkrarlanan cavablardan biridir. Çoxlu başqa səbəb də var: dilimizin uluslararası ünsiyyət dili olduğu çağların arxada qalması, əsərlərimizin Avropaya çıxması üçün bir neçə maneələr adlaması, kitablarımızı geniş yayılmış dünya dillərinə çevirə bilən yüksək səviyyəli tərcüməçilərin olmaması, maliyyə qaynaqlarının zəifliyi və s.

    Məncə, bu sıraya əlavə olunmalı ciddi bir səbəb də var : Qorxu! Bəli, Azərbycan yazıçısının böyük bir hissəsi də, Folknerin dediyi kimi, ömrü boyu qorxu içində yaşayır. Həm də bu, dünəndən, srağagündən başlanan bir faciə deyil. Ən azı iki yüzildir davam edir. Çarızm dövründə ana dilində təhsilin olmaması üzündən, həm mədrəsələri, həm rus məktəblərini bitirənlərin içində dilimizi zəif bilmə qorxusu vardı. Hətta XİX-XX yüzil ədəbiyyatımızın bir sıra böyükləri də bu qorxunun işərisindən keçmişlər, ədəbi dil normaları dəqiqləşməmiş bir dildə yazmaq onlar üçün ömürlük bir sorun olaraq qalmışdır. Sovet dövrünün problemləri də hər kəsə bəllidir. Yazıçılarımız daim ikiqat qorxu altında olmuşlar: Sovet rejiminin siyasi-ideoloji basqısı, vulqar sosioloji cərəyanların, ateizm təbliğatının, konfliksizlik, sosializm realizmi metodlaına uyma məcburiyyətinin irəli sürdüyü şərtlər və bu şərtlərdən kənara çıxmanın repressiya qorxusu; digər tərəfdən, müttəfiq respublikalara ikinci sinif müamiləsinin doğurduğu və yerli hakimiyyət orqanlarının ədəbiyyat üçün cızdıqları məhdud dairədən çıxmağın qorxusu. Nəşrə təqdim olunan hər əsərin başının üstündə bir sezor qorxusu da vardı. Çap olunmaq arzusu tədricən yazıçıların özlərini senzora çevirirdi. Yenilikdən və ədəbi cəsarətdən qaçma vərdişləri belə yaranmışdı. Bu, respublikaların hakimiyyətlərinə sərf edirdi. Hətta belə bir ənənə formalaşdırılmışdı: başqa xalqların kitablarında, mətbuat orqanlarında Azərbaycanın əleyhinə yazılan, tariximizi, mədəniyyətmizi təhrif edən yazılara da cavab vermək yasaqlanırdı: “münasibətləri pozar, yəqin Moskva və ya özlərinin arasından obyektiv düşünənlər tapılıb cavab verərlər” Nəzərə alınmırdı ki, bizə bu cür yanaşmanın arxasında elə mərkəzi hakimiyyətin özü dayanır. Bütün bunlara baxmayaraq, həm ədəbi dilimiz, həm ədəbiyyatımız son 150-200 il ərzində böyük bir inkişaf yolu keçmişdir. Məhdudiyyətlər və qorxu ədəbiyyatımızın humanist mahiyyətini, azadlıq ruhunu və milli ideallara bağlılığ gücünü sarsıda bilməmişdir… Az sayda olsa da dünya ədəbiyyatı səviyyəsində dayanan əsərlər də yaranmışdır…

    Məncə, milli dövlətçiliyimizin bərpası, müstəqilliyin qazanılması bu qorxu sindromunu aradan qaldırmalıdır. Çünki ədəbiyyatsız xalq lal adam kimidir, onu heç kim eşitməz. Hər millətin ümumi mədəniyyətinə, yaşam tərzi, potensialı və milli –mənəvi dəyərlərinə onun ədəbiyyatı əsasında qiymət verirlər. Siyasi rejimlər, iqtidar və müxalifətlər keçib gedir, ancaq ədəbiyyat, kitab qalır. Öz kitabına və ədəbiyyatına münasibət hər bir cəmiyyətin ümumi mədəni və intellektual səviyyəsini göstərir. Təsadüfi deyil ki, qonşumuz Rusiyada 185 ildən artıqdır ki, siyası sistemlər dəyişilsə də dövlətin himayəsi altinda çıxan “Literaturnaya qazeta”nın nəşri dayanmamışdır. Çünki bu qəzet əksər hallarda. rejimlərin yox, rus milli ideyasının tribunası olmuşdur… Rusiya hökuməti son illəri Ədəbiyyat və Mədəniyyət illəri elan etmişlər. Lap bu yaxınlarda Qızıl Meydan bir neçə gün bütüblüklə Kitab Meydanına çıvrilmişdi… Ədəbiyyata qısqanclıq, yazıçı sözünü, ziyalının cəmiyyətdəki neqativ hallara münasibətini süngüylə qarşılamaq məmurun öz millətinin və dövlətinin gələcəyini düşünməməsinin əlamətidir. Ətrafda nə baş verir, cəmiyyətin ömumi psixoloji durumu necədir, insanlar öz dövlətlərindən nə gözləyirlər? Bu sualların ən dəqiq cavabını yalnız bədii ədəbiyyatda tapmaq olar. Buna görə də istənilən milli dövlət ədəbiyyatın tənqid ruhundan qorxmamalı, əksinə yazıçıların qorxu sindrmundan xilas olub daha sərbəst düşünüb yazmaları, daha rahat nəşr olunmaları üçün şərait yaratmalıdır.

    Bu baxımdan, son illərdə ölkə prezidentinin Azərbaycan və Dünya ədəbiyyatının latın qrafikası ilə nəşrinə ayrıca diqqət yetirməsi, maliyyə vəsaiti ayırması, yüz cildlərlə kitabın nəşri ciddi hadisədir və inanırıq ki, bu qayğı tədricən çağdaş ədəbiyyatımızı da əhatə edəcəkdir. Yuxarıda Folknerdən gətirdiyim misal yazıçı taleyinin dünyanın bütün böyük söz ustalarını rahatsız etdiyini göstərir. Yazışınin öz yüksək vətəndaş mövqeyi ugrunda ardıcıl və cəsarətli mübarizəsi baxmından başqa bir Nobel mükafatı laureatı, inglis yazıçısı Harold Pinterin həyatı və əsərləri də nümunə göstərilə bilər. Ədəbiyyatın xalqın həyatındakı rolu barədə Pinterin dediklərini tərəddüd eləmədən bizə də aid etmək olar. O yazır: “Siyasətçilərin istifadə etdiyi siyasi dil belə mövzulara toxunmamağa üstünlük verir, çünki onların çoxu həqiqətin söylənməsində deyil, hakimiyyətdə və onu əldə saxlamaqda maraqlıdır. Hakimiyyəti əldə saxlamaq üçünsə gərək insanlar həqiqətdən-hətta həyatları barədəki həqiqətlərdən – bixəbər olsunlar. Odur ki, bizə istifadə üçün təklif edilən, bizi əhatə edən xalı yalnız yalanlardan toxunub”.

    Bu, yalanın, yaltaqlığın tədricən ədəbiyyata yansımasının dəqiq ifadəsidir. Qərb dövlətlərinin, o cümlədən ABŞ və Böyük Britaniyanın dünyanın müxtəlif ölkələrinin iç işlərinə müdaxiləsini, işğal və müharibələri ifşa edən yazıçı deyirdi: “İraq xalqına biz işgəncələri, kasetli bombalar, kasadlaşdırılmış uran, təsadüfi insanların çoxsaylı qətllərini,, bədbəxtlikləri, tənəzzül və ölümü gətirərək, bunu “Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi” adlandırdıq. Nə qədər İnsan öldürmək lazımdır ki, sizin hərəkətlərinizi “kütləvi qətllər” kimi tövsif etmək, özünüzü isə hərbi cani saymaq mümkün olsun? Yüz min?” Nobel mükafatını alarkən sıylədiyi nitqində Pinterin sualları əslində dünyanın bütün yazıçılarının insan qatillərinə, ədalət və həqiqəti tapdalayanlara üsyanı kimi səslənir: “Bizim əxlaq hissimizə nə olub? Bizim ümumiyyətlə əxlaqımız olubmu? Bu anlayışların mənası nədir? Görəsən onların bizim zamanlarda çox nadir hallarda işlədilən “vicdan” sözüylə bağlılığı varmı?”

    Bu çıxış əsil yazıçı cəzarəti örnəyidir.. İki böyük söz ustası yazıçıların müdafiə olunmadığından və ömürləri boyu yalan yazmağa təhrik edildiyindən şikayətlənir. Müdafiə olunmaq, təhlükəsiz yaşamaq istəyirsinizsə yalan yazmalısınız! Az qala, aksiom kimi təqdim olunan bu sözlər çağımızda olaylara obyektiv qiymət verən bir yazıçı olmağın nə qədər çətin iş olduğunu göstərir. Millətini, insanlıq dəyərlərini qorumaq əvəzinə, özünü qorumaq duyğusu ilə yazılmış, həqiqəti ifadə etməyən, yalançı, məddah, hər iqtidarın vaxtında bir rəngə boyanan əsərlərlə dünya ədəbiyyatı üfüqlərinə necə yol açmaq olar?

    Ədəbiyyatımızın böyüməsini və tanınmasını istəyiriksə ilk növbədə bu suallar aradan qalxmalı, yəni yazıçılar təzyiq və qorxu mühitindən azad olmalıdırlar…

    Sabir Rüstəmxanlı

    23 O3. 2016

  • Sabir Rüstəmxanlı: “Dostoyevskinin alçaldıcı münasibəti onu gözümdə kiçildir”

    Ədəbiyyat qəzetinin “Mən necə yazıçı oldum” layihəsində Sabir Rüstəmxanlı ilə söhbəti təqdim edirik.

    – Necə yazıçı oldunuz?

    – Bunu çox soruşublar məndən. Ənənəvi sualdı və yəqin bütün üzdə olan yazarlara verilir.

    Məncə, sağlam böyümüş, normal tərbiyə almış uşaqların qan yaddaşında və genetik kodlarında yan-yana bir sıra potensial bacarıq və vergi var. Onların hansını seçmək, ömrünü nə işə sərf etmək çox vaxt təsadüflərlə bağlı olur. Bu təsadüflərin çox arxa planda bəlli bir qanuna-uyğunluğu varmı? İstedad ana bətnindən, yoxsa, uşaqlıq mühitinin hər hansı anından başlanır?-ayırd etmək mümkün deyil.

    İnsanın sənət yolu seçiminə yüngül atletlər üçün çəkilmiş paralel yollar kimi də baxmaq olar. Eyni sıralanmadan başlanan maraqların hansı üstələyəcək, yolda hansı irəli çıxacaq? Bu, əsasən, şəraitdən asılıdır və şərait deyilən bəla da çox vaxt milyonlarla insanı təbii imkanlarını aşkarlamaq üçün gərəkən yoldan məhrum edir, arzuladıqları qalır, mümkün olan yöndə irəliləyirlər, seçim imkanı qalmır.

    Buna görə də, Azərbaycan kəndlərində vaxtı ilə daha çox üç sənət dalınca gedirdilər-müəllimlik, həkimlik, aqronomluq. Şəhərlərdə buna mühəndislik də əlavə olunur. Təbii ki, ölülərə yasin oxumağa mollanın olması da şərtdir. Başqa sənət, peşə növləri yada düşmürdü. Çünki həmin peşələri nişan verən, tanıdan olmayıb.

     

    Mənim uşaqlıq arzularımın onlarla şaxəsindən sona ikisi qalmışdı: ədəbiyyat və riyaziyyat. Riyaziyyata daha çox maraq göstərdiyim halda, axırda seçimimi bir təsadüf müəyyənləşdirdi.

    Ədəbiyyat həvəsim daha erkən yaşlarımdan-ibtidai məktəbdən başlanır: anamın cavan ölmüş qardaşı üçün axıtdığı göz yaşlarından və ağılarından. Şeirə bənzər bir neçə ağrılı misra ilə onları davam etdirməyə çalışmışdım.

    Yetkin yaşlarımda baxdım ki, mənim bütün yazılarım ya taleyimin verdiyi acılara və millətimin taleyinə ağılardan, ya da xalqımızın gələcəyi üçün mübarizəyə, etiraza, müqavimətə çağıran üsyan səsindən ibarətdir.

    Beşinci sinifdə ədəbiyyat müəllimimiz əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan Cavad Məmmədov idi. O ilk cızma-qaralarımı oxuyandan sonra məni həvəsləndirdi. Məktəb və kənd kitabxanasında olmayan kitablar verdi, sərbəst mövzuda yazılar yazdırmağa başladı (Ölümünə az qalmış o yazılarımın və ilk şeirlərimin toplandığı qovluğu mənə gətirdi). İndi baxıram, o sərbəst yazılar mənim ilk publisistik “ əsərlərim” olub. Diqqətimi çəkən o yazıların mükəmməl bir səliqəylə, heç bir orfoqrafik səhvə yol verilmədən, səlis cümlələrlə və o yaş üçün qeyri-adi bir vətən sevgisiylə yazılmasıdır. Cavad müəllimin Səməd Vurğun yaradıcılığı haqqındakı söhbətlərindən sonra içimdə bir təəssüüf hissi oyandı ki, niyə bizim dağlar, meşələr, insanlar haqqında da şeirlər yazılmasın. Görünür bu qısqanclıq, özünü və doğulduğu yeri tanıtmaq arzusu da ədəbiyyata gəlişin ilkin səbəblərindən biridir. Cavad müəllim mənim içimdəki cəsarət, özünə inam, doğulduğu yerin qədrini bilmək, kasıblıqdan sıxılmamaq duyğularını oyatdı və gücləndirdi. 11 yaşımdan yazmağa başladım, ancaq bu, uzun müddət qeyri-ciddi bir həvəs olaraq qaldı, yalnız 20 yaşımdan sonra söz mənim əsas işimə çevrildi.

     

    – Sizin üçün yazmaq nədir? Niyə yazırsınız?

    – Yazmaq həvəsi, səni qələm götürməyə vadar edən duyğular da zaman içində dəyişilir. Gənclik illərində yazmaq mənim üçün mahnı oxumaq kimi bir şey idi. İstər qəmli olsun, istər şən. Ürəyim atlananda, içimdə duyğular kükrəyəndə yazırdım. Duyğular isə çox həssas idi: sübh mehindən, çiçək mehrindən, ağacdan vaxtsız saralıb qopan yarpaqdan, qar altından süzülən zərif su şırnağından, zəmilərin xışıltısından, havadan asılmış torağayın nəğməsindən və ya ata, ana üzündən keçən zərif təbəssümdən təsirlənirdim. Sonralar daha çox yaşadığımız mühitin ictimai bəlalarına və milli problemlərə kökləndim. Yazmaq-paylaşmaqdır. Hisslərini, dərdini, sevincini, arzularını, sevgini paylaşmaq! İlk şeirlərim daha çox məktuba bənzəyirdi. Çox vaxt konkret ünvanlara yazılırdı. Sonralar bu ünvan kütləviləşdi.

     

    Sözünü bütün millətə demək istəyi və cürəti yavaş-yavaş gəlir. Bu işin ən vahiməli cəhəti odur ki, ədəbi görüşlər nəzərə alınmasa, sən sözünü həmişə üzünü görmədiyin, varlığını yalnız xəyalən dərk etdiyin saysız insana göndərirsən. Dialoq bir tərəfli olur: sən danışırsan, cavabı illər keçəndən sonra eşidirsən.

     

    Niyə yazmağımın bir səbəbi də bəsit bir həqiqəti təsdiqləmək arzusu olmuşdur. Yəni uşaq iddiamla sübut etməyə çalışmışam ki, bizim tanınmaz-bilinməz ucqar kəndlərimizin də şairi ola bilər.

     

    – İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa, yazmaq içinizdə ağrını boşaltmaqmı?

     

    – Əslində, mən bu suala qismən cavab verdim. Bilmirəm, yolun başlanğıcında hansı hiss daha güclü idi: özümü tanıtmaq, yoxsa, bizim dünyadan aralıdakı, dağlar arxasındakı elimizi-obamızı tanıtmaq. Yəqin ikisi də bir yerdə idi. Kim deyirsə heç vaxt işimdə şöhrət qazanmaq hissi olmayıb, yalan deyir. Özünütəsdiq, gücünü, qabiliyyətini, ağlını sübut edə bilmək istəyi də-özü-özlüyündə şöhrət duyğusunun bir parçasıdır. Mənim ilk arzum kəndimizi dörd tərəfdən əhatəyə almış dağları aşıb böyük dünyaya çıxmaq olub. Bunun özü mənə qəhrəmanlıq kimi görünürdü; sonralar bizə qonaq gələn bəzi şəhərli qələm dostlarım da bu yerlərdən qopub gəlməyimi zarafatla igidlik sayırdılar. Təbii ki, içində deyiləcək sözün, çatdırılacaq hissin yoxdursa, yalnız şöhrətli olmaq iddiası ilə heç nə qazana bilməzsən. Deməyə sözün yoxdursa, kürsüyə niyə dırmaşmalısan ki… Sonralar “özünü tanıtmaq,” şöhrət hissi tamamilə çəkilib getdi. Yerinə millətimizin dərdlərini dünyaya çatdırmaq istəyi qaldı.

     

    – Markes deyir “Külək olmasaydı dünyada çox şey dəyişilərdi, amma ədəbiyyat olmasaydı heç nə”. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa, Markeslə şəriksiniz?

     

    – Şərik deyiləm! Ədəbiyyat da beyinlərdən əsib keçən rüzgardır. Söz və mənəviyyat küləkləri tozlu yer küləklərindən az əhəmiyyətli deyil. Məncə, Markesin o sözü hansı kontekstdə deməsini dəqiqləşdirmək lazımdır. İnsanlığın sonunu- ağrılı reallıq ütopyası adlandıran Markes ədəbiyyata qeyri-adi dərəcədə böyük dəyər verir, onu yeni və möhtəşəm həyat utopiyası adlandırır. (“İnsanlığın hansı yolla gələcəyinin başqaları tərəfində müəyyən edilmədiyi, sevginin həqiqət, xoşbəxtliyin mümkün olduğu, yüzillik tənhalığa məhkum olunanların, nəhayət, ikinci dəfə və həmişəlik şans qazandığı yeni və möhtəşəm həyat ütopyası”) Möhtəşəm həyat utopiyasının dünyada heç nəyi dəyişmədiyini düşünmək özü də bir utopiyadır.

     

    Mən tam fərqli düşünürəm. Tarix yazıdan başlandığı kimi, insanlığın böyük mədəniyyəti də bədii sözdən, ədəbiyyatdan başlanır. Dünya sivilizasiyalarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Ədəbiyyatsız dünya lal olardı. Millətləri millət edən onların bədii sözü, poeziyasıdır. Bir anlığa fransız, rus, ingilis, ərəb, türk xalqlarının əlindən onların yüz illər boyunca yaratdıqları ədəbiyyatı alın, görün yerində nə qalacaq…

     

    Mənim siyasi xəttimə yaxın olduğuna görə Markesin başqa bir sözünü də vurğulamaq istəyirəm. O deyir ki, “Həmrəylik mənim gözümdə katoliklərin müqəddəs ayini ilə eynidir”. Bununla o, milli birliyə xidmət edən ədəbiyyatın həm də siyasi önəmini müəyyənləşdirir: “Həyatımda elə bir hadisə olmayıb ki, siyasi akta çevrilməsin.”

     

    – Yazmaq üçün nə lazımdır. Müşahidə, mütaliə, yoxsa ancaq yazmaq?

     

    – Yəqin ki, bunların hamısı. Üstəgəl iradə, cəsarət, uğursuzluqlardan qorxmamaq. Yuxarıda dedim, şeir nəğmə kimi doğulur. Yolla gedə-gedə, öz-özünə pıçıldaya bilərsən onu. Günlərlə kağıza köçürmədən yaddaşında cilalayarsan. Ancaq nəsr oturmaq istəyir, həm də özünə güzəşt etmədən, ardıcıl çalışmalısan. Hər halda, kim deyirsə ki, əsas iş yazı masasının arxasına keçib qələmi əlinə götürmək, ağ kağızda ilk kəlməni yazmaqdır, öz dediyinə özü də inanmır. Bu yalnız o zaman uğur gətirir ki, yazı masasının arxasına keçən istedadlıdır və ürəyi doludur. Belədirsə, ilhamı gözləmək, yaxud vaxt aramaq boş şeydir. Deyiləsi sözün olandan sonra onu günün istənilən vaxtında və istənilən şəraitdə yazmaq olar.

     

    – Yazıçı vərdişiniz, ritualınız varmı ki, onu eləməmiş yaza bilmirsiz?

     

    – Biz ərköyün böyüməmişik. Evsiz-eşiksiz gənclik illərimizdə şeirlərimin çoxunu Bakıdan kənarda yazırdım. İl boyu yığılan qeydlərimi götürüb harasa uzaq bir yerə qaçıb təklənir və işləyirdim. Həyatımın böyük hissini jurnalistikaya vermişəm. Publisistika özümü yetərincə güclü və iddialı hiss elədiyim sahələrdən biridir. Dolanmaq, kirayə haqqını vermək üçün çox yazmalıydım. Qəzetlərə, radioya, televiziyaya… Eyni zamanda yaşamaq eşqi də güclü idi. Qəzetdəki və ya nəşriyyatdakı vəzifə borcumdan sonra dostlarla görüşlər, əyləncələr, xeyir-şər məclisləri, böyük ailəmizin qayğıları bütün vaxtımı aldığından axşamlar yazı işinə həvəs qalmırdı. Məcbur olub yuxularımı qısaldırdım. Mənim iş rejimimi əslində kənd həyatı və atam müəyyənləşdirib. Hər gün sübh tezdən saat 4-də, 5 də zorla oyadıb məni “ örüyə”- atımızı otarmağa göndərirdi. Bunu “At haqqında iki əfsanə“ adlı şeirlərimdə yazmışam. O vaxtdan tez durmağa öyrəşmişəm, indi də gərgin iş gününün axırında daha çox ailəmlə, ömrümüzün başdan aşan qayğıları ilə məşğul oluram. Yazı-pozu işinin əsas vaxtı səhər tezdəndir. Gözüm yumulana və ya barmağım bilgisayardakı işarələri səhv salana qədər. Sonra yarım saat gözümün acısını alıb evdən çıxıram. Ancaq başqa bir vərdişim də var. O da bundan ibarətdir ki, yazı stolunun arxasına gözümü ovalaşdıra-ovalaşdıra keçmirəm. Öncə yuyunur, üzümü qırxır və işimə ciddi bir ovqatla başlayıram. Bütün yazıçıların etiraf etdiyi kimi, istər hekayə olsun, istər roman, istər publisist yazı, ən çətini ilk cümləni yazmaqdır. Bu da musiqi alətini kökləməyə bənzəyir. Buna görə də qələmlə yazıramsa, adətən, birinci səhifə hökmən cırılıb atılmalıdır. İstər birinci xətdən olsun, istər sonuncu sətirdən. Tez olsa, daha yaxşı.

     

    – Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi…

     

    – Mən Folknerin heç bir əsərində və əlimə keçən heç bir müsahibəsində məğlubiyyət duyğusu görməmişəm. Sadəcə olaraq, bütün böyük yazıçılara xas olan bir duyğu var. Əsər bitəndən sonra elə düşünür ki, onu yenidən başlasa daha yaxşı yaza bilərdi. Hər mövzuya bir azca borclu qalırsan. Mən məğlubiyyəti ancaq bu anlamda başa düşürəm. Folknerin başqa bir sözü də var: “ Axı insanlığı yazıçıdan, şairdən, sənətkardan başqa kim xilas edə bilər”. Məğlublar xilaskar ola bilməz. Folkner bunu deyərkən bəlkə də müasirləri olan yazıçıların “ən yüksək mükəmməllik idealı”na çata bilməməsini nəzərdə tutur və “ mən yazıçıları qeyri-mümkün olanı əldə etmək cəhdlərindəki məğlubiyyətlərinə görə dəyərləndiririrəm”-deyir. Bunlar fərqli fikirlərdir. Əgər arzuladığını tam şəkildə əldə etmək mümkün olsaydı yazıçı qələmi yerə qoyar və sonrakı əsərlərini yazmaqdan əl çəkərdi.

     

    Folknerin başqa bir fikri ilə də razı deyiləm. O deyir ki, “Ümimiyyətlə, Şekspir, Balzak, Homer eyni şeylər yazıblar və əgər onlar min və ya iki min il yaşasaydılar, naşirlərin yeni müəllifləri axtarmasına gərək qalmayacaqdı.”

     

    İnsanlığın böyük ideallarının, müxtəlif estetik dəyərlərin əsrdən-əsrə uzandığını və ya təkrarlandığını nəzərə alsaq, onu başa düşmək olar. Şərqdə də bir sıra böyük sənətkarlar eyni mövzuları qələmə almışlar. Ancaq o mövzunu hərə öz dövrünün rəngləri ilə bəzəyib. Bu gün ədəbiyyat yaşayırsa və yeni dühalar yetirirsə, deməli onlar eyni şeyi yazmırlar.

     

    – Mario Varqas Lyosa özünün Nobel nitqində ədəbi ustadlarının adlarını (Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann) çəkir, onlardan öyrəndiklərini sadalayır. Bəs sizin üçün belə ustadlar varmı və kimlərdir?

     

    – Bu Perulu romançı-dramaturq Folkneri, Hemunqueyi, Malronu, Dos Rassosu, Kamyu və Sartrı öz qibləgahı sayırdı. Adları çəkilən yazarların məşhur əsərləri ilə mən də tanışam, lakin mənim qibləgahım onlar deyil. Və əslinə qalsa mənim ədəbi qibləgahım yoxdur. Mənim üçün dünyada əbədi qibləgah sözünə az-çox uyğun gələn bir ünvan varsa, o da türk dilində ilk bədii mətnlərin yazıldığı Tonyuquq və Gültəkin abidələridir. Adları çəkilənlər böyük ustadlardır. Ədəbiyyat daha çox dil hadisəsi olduğuna görə və bu adları çəkilən insanların əsərlərini ancaq tərcümədə oxuduğuma görə mən onların sözünün sehrini, deyək ki, Nəsiminin, Fizulinin, Xətainin, Vaqifin sözünün sehri kimi hiss edə bilmirəm.

     

    Hər yazıçı bir şah əsəriylə yadımızda qalır. Ürəyimdə iz buraxmış əsərlər çoxdur. Bunlar ilk növbədə öz ədəbiyyatımızın nümunələridir. “Kitabi Dədə Qorqud”, “Divan-i lüğətül türk” (içindəki bədii parçalar), Nizaminin bütün dünya sirlərini içinə almış “Xəmsə”si, Cəlil Məmmədquluzadənin nəsri və dramaturgiyası, böyük Sabirin “Hophopnamə”si, Məhəmməd Hadinin istiqlal nəğmələri, Ordubadinin “Qılınc və Qələm”i, Mirzə İbrahimovun “Gələcək gün”ü, İsmayıl Şıxlının “Dəli Kür”ü.

     

    İndi bizdə öz ədəbiyyatımızı ədəbiyyat yerinə qoymamaq xəstəliyi yaranıb. Hansı gənc yazıçı ağzını açsa deyəcək mənim laylamı Kafka, Dostoyevski, Sartr, yaxud Murakami oxuyub. Öz ədəbiyyatımızdan misal çəkməyi gerilikçilik sayırlar. Adları çəkilən yazıçılara şöhrət qazandıran əsərləri oxumuşam. Ancaq mənim mayam öz ədəbiyyatımızdan tutulub. Sonra Puşkin, Tolstoy başda olmaqla, bütövlüklə zəngin rus ədəbiyyatının və dünya şöhrətli Şərq klassiklərinin məktəbini keçmişik.

     

    Musiqidə də belədir. Hər müğənnidən müəyyən mahnılar qalır yadımızda. Bu baxımdan dünya ədəbiyyatının durna çıraqları çoxdur: həmişə yanan və yol göstərən. Sofoklun və Şeksprin dramları, Servantesin “Don Kixot”u, Getenin “Faust” və “Gənc Verterin iztirabları”, Hüqonun “Səfillər”i, Floberin “Madam Bovari”si, Taqorun “Bağban”ı, Kuperin “Ləpirçi”si, Balzakın “Qorio ata”sı, Heminqueyin “Qoca və dəniz”i, Cek Londonun “Martin İden”, Voyniçin “Ovod” u, Romen Rollanın “Jan Kristof”u, Prustun “Faraon”u, Sartırın “Sözlər”i, Remarkın “Zəfər tağı”, Kavabatanın “Dağın səsi”, Kutzeenin “Maykl K-nın həyatı və zəmanəsi”, Saramaqonun “Təxirə salınmış ölüm”ü, Çingiz Aytmatovun “Ağ gəmi”si və bundan əlavə daha neçə-neçə dünya şöhrətli nəsr əsəri mənim də sevə-sevə oxuduğum və təsirləndiyim incilərdir. Burada böyük şairlər haqqında danışmıram, çünki onlar gündəlik həmsöhbətlərimizdir.

     

    – Siz özünüzü hansı cəbhədə hiss edirsiniz, Dostoyevskiçi, yoxsa Tolstoyçu.

     

    – Mən Dostoyevski və Tolstoyu iki cəbhə yox, 19-cu yüzil rus ədəbiyyatının bir kökə bağlı olan iki nəhəng budağı sayıram. Onlar sağlıqlarında görüşməsələr, üz-üzə gəlməsələr də bir-birlərini yaxşı tanıyır və izləyirdilər. Dostoyevski “Anna Karenina”nı oxuduqdan sonra Tolstoyu cəmiyyətin müəllimi, özünü isə onun öyrəncisi adlandırmışdı. Tolstoy isə “Ölü evindən qeydlər” kitabını oxuduqdan sonra Dostoyevskini hər kəsdən üstün tutaraq, “Rus ədəbiyyatında, Puşkinin əsərləri də daxil, belə gözəl bir kitab” oxumadığını söyləmişdi. Bu iki nəhəng yazıçının hansının daha böyük olması haqqında mübahisə yüz ildən artıqdır davam edir. Tolstoyda ağılın, Dostoyevskidə duyğunun güclü olması, birinin materiyadan ruha doğru, digərinin ruhdan reallıqlara doğru hərəkət etdiyini yazaraq, müxtəlif müstəvilərdə müqayisələr aparmışlar. Dünya yazıçılarının fikirləri də fərqlidir. Məsələn 20-ci yüzilin ən böyük söz üstalarından biri olan Markes yazır: “Mənə bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi təklif etsəydilər mən, heç şübhəsiz, rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və Sülh” insan tarixinin şah əsəridir.”

     

    Mən də Tolstoyu daha çox, daha həvəslə oxumuşam, deməli, onu daha çox sevirəm, o, məni işığa və gözəlliyə səsləyir. Burda mənim bir qafqazlı, azərbaycanlı olmağım da rol oynayır. Tolstoy Qafqazı çox sevirdi, Qafqaz xalqlarının mübarizəsinin, adət-ənənələrinin, azadlıq eşqinin yer aldığı “Kazaklar”, “Hacı Murad” kimi gözəl əsərlər yazmışdır. Bəzi Azərbaycan ailələri ilə məktublaşmaları, islam dininə münasibəti hamıya məlumdur.

     

    Dostoyevski isə daha çox bir rus –slavyan və xristianlıq tərəfkeşi idi. Tolstoy Rusiyanın Qafqaz müharibəsinə təbiət qanunlarının pozulması kimi baxır. Dostoyevski isə Rusiyanın işğalçılıq siyasətini alqışlayır. Onun rus millətçisi olmasını mən bir türk millətçisi olaraq anlayıram, əslində buna görə ona sayqıyla yanaşmalıyam. Lakin bizim millətçiliyimiz başqa xalqların aşağılanması və təhqiri deyildir. Bizim millətçiliyimiz millətimizin ləyaqət duyğusunun güclənməsinə, milli kimliyini dərkinə, müdafiə qüdrətinin güclənməsinə xidmət edir, barışdan yanadır. Dostoyevski türk xalqını vəhşi adlandırır, ancaq biz Rusiyadan gördüyümüz zülmlərə görə heç vaxt bütünlüklə rus xalqına vəhşi deməmişik, dövlət siyasəti ilə milləti qarışdırmamışıq.

     

    İki dövlət üz-üzə dayananda, Osmanlı İmperatorluğunun Balkanlarda öz ərazilərini qorumasını türklərin vəhşiliyi saydığı halda, Rusiyanın yardımı ilə türklərə qarşı törədilmiş vəhşiliklərə sevinir və haqq qazandırır. Bu ikili standart və Rusiyanın başqa xalqların torpaqları hesabına böyüməsi və güclənməsini, yəni işğalçılığı-rus ruhunun qələbəsi saymaq ənənəsi bu gün də davam edir. Bu, Dostoyevskinin dünyaya yaydığı ideyalardan biridir və Qarabağ olaylarına rus ziyalılarının münasibətinədək uzanıb gəlir. Rus öldürəndə haqlı, Türk müdafiə olunanda vəhşidir. Dostoyevskinin “Yazıçının gündəlikləri” əsərindəki türk nifrəti onun böyük əsərlərindəki humanist prinsiplərlə daban-dabana ziddir. Damarlarında polyak qanı ilə yanaşı, tatar qanı axan Dostoyevskinin türk varlığını yox etmək üçün yol göstərərək, onlara Kazandakı kimi xalat geydirib, başlarını alverlə qatın kimi alçaldıcı münasibəti onu gözümdə kiçildir, əsərlərini oxumağıma və sevməyimə mane olur.

     

    – Hansı bədii əsərdə yaşamaq istərdiniz?

     

    – Öz əsərlərimdə yaşayıram.

     

    – Əsərlərinizi hansı “İzm”ə aid edirsiniz?

     

    – İzmlərlə oynamaq intellektual görünmək xəstəliyindən başqa bir şey deyildir. Böyük yazarlardan biri bu prosesi gözəl ifadə edir: ”Mənim anlamımda intellektual-real gerçəkliyi qabaqcadan düşünülmüş qərəzli nəzəriyyə ilə tutuşduran və bu gerçəkliyi nəyin bahasına olur-olsun, o nəzəriyyəyə dürtmək istəyən qəribə məxluqdur.”

     

    Öz yazılarımı hansısa izmin çətiri altına itələyə bilmərəm. Mənim işim öz hisslərimi və xalqımın dərdlərini yazmaqdır. Elə bir şəkildə yazmaq ki, o həmin dərdin sahibinə, yəni topluma, xalqa çatsın, müəyyən yanğı oyada bilsin, buna görə də yazı tərzimi izmlərə yox, millətin ədəbi, bədii ənənələrinə, milli antenaların tuta biləcəyi dalğalara uyğunlaşdırmağa çalışıram. Bu dalğa mifdən başlamış real tarixə, tənqidi realizmdən sürrealist təcrübələrə , içində olduğumuz mübarizələrin sərt realizmindən sevgi romantizminə qədər, hər şeyi qəbul edir. Yazılarım bu çərçivə daxilindədir.

     

    – Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

     

    – Bunu gəclərin uğuru və yetkinliyi hesab edirəm. Zaman dəyişilir. İndiki nəslin önündə dünyanın bütün ədəbi qapıları və kitabxanaları açıqdır. Bizim illər ötəndən sonra zorla tapıb oxuduqlarımızı uşaqkən oxuya bilirlər. Ədəbiyyatda “hardan başlayıb, hara getmək” adlı bir yol xəritəsi yoxdur. Kim özünü roman yazmağa hazır hesab edirsə, içində bu cəsarət varsa, ona halal olsun.

     

    – İndi hamı kiçik həcmli romanlar yazır.

     

    – Məncə indi də kifayət qədər iri həcmli romanlar yazılır. Xronikalar, fantastik və ya detektiv əsərlər, çox cildli həyat tarixçələri yenə də dəbdən düşməyib. Hər şey mövzuya bağlıdır. Kiçik həcmli romanlar daha çox oxunusa, ona tələbat varsa, bu cür əsərlərin yazılmasına da təbii baxmalıyıq. Burda bir psixoloji məqam da var. Gənclərin çoxu yaradıcılığa romanla başlayırlarsa bu romanlarda epik vüsət və səbirli araşdırmalar axtarmaq düzgün deyil. Bu zamanla gələcək. Həcm həlledici deyil.

     

    – Sizcə yazıçının köşə yazarlığı , tərcüməçiliklə bağlı kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

     

    – Mən şəxsən jurnalistliyi şairlikdən və nasirlikdən ayrı tutmamışam. Mənimçün jurnalistika həmişə cəmiyyəti və dünyanı daha yaxşı öyrənmək yolu olub və köşə yazılarımı, publisistik yazılarımı romanlarımdan və şeirlərimdən daha vacib sayıram. Ancaq təbii ki, imkanım olsaydı yazmaq enerjisinin aşıb-daşan illərindən bəri jurnalistikaya, siyasətə, məclis və görüşlərə sərf etdiyim vaxtın hamısını, tərəddüd etmədən, bədii yaradıcılığa verərdim. İndi beynimdə onlarla mövzu var, amma yazmaq imkanı azalır.

     

    Sözümü böyük yazıçımız Mirzə İbrahimovun mənə verdiyi bir nəsihəti indiki gənc yazarlara ünvanlayaraq bitirmək istəyirəm: Sabah yazmağı planlaşdırdığınız əsas kitabınızı və ya şah əsərinizi bu gün yazın…

    Mirmehdi Ağaoğlu

    “Ədəbiyyat qəzeti”

  • Azərbaycanda xainlər məzarlığının yaradılmasına ehtiyac varmı?

    Sabir Rüstəmxanlı: “Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur”

    “Bu, Türkiyənin özündə də tələsik atılan bir addımdır”.

     

    Məlum olduğu kimi, Türkiyədə son hərbi çevriliş cəhdində öldürülən qiyamçıların dəfni üçün “Xainlər məzarlığı” yaradılıb. Belə ki, həlak olan qiyamçıların məhz bu qəbiristanlıqda basdırılması təşkil ediləcək ki, bu da rəsmi Ankara tərəfindən qiyamçılara verilən xüsusi növ cəza hesab edilir.

    Azərbaycanda necə, vətən xainlərinin dəfni üçün belə bir məzarlığın yaradılmasına ehtiyac varmı?

    Sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu kimi məsələlərdə tələsik addım atmağın yolverilməz olduğunu bildirib:
    “Mən bu yanaşmanı düzgün hesab etmirəm. Şübhəsiz, çevriliş cəhdinin doğru bir şey olmadığı bəllidir. Lakin bütün proseslər sona qədər təhlil edilmədən, araşdırılmadan, hər kəsin fərdi məsuliyyəti müəyyənləşdirmədən onların hamısına xain damğası vurmaq olmaz. Əsgərin borcu əmri yerinə yetirməkdir. Əgər əsgər aldığı əmri yerinə yetirən zaman həlak olubsa, ona xain damğasını necə vurmaq olar?

    Hələ ki, proses tam aydınlaşmayıb, məhkəmə keçirilməyib. Ilk gündən bu qədər insana belə bir möhür vurmaq məncə ağır bir məsuliyyətdir. Onu da nəzərə almalıyıq ki, bu insanların övladları var, onların gələcəyi var. Onlar illərlə bu damğa ilə yaşaya bilməzlər. 1937-ci ildə SSRİ-də vətən xain damğası vurulanlar 50-ci illərdə bəraət aldılar və onların övladları da bəraət aldılar. Həmin vaxta qədər onlar bu ağır ittihamın altında yaşadılar. Bir nəfərin xainliyinə görə onun övladlarının, nəslinin bu damğa altında yaşaması doğru deyil. Türkiyədəki bu addımı tələsik atılmış addım hesab edirəm.

    Azərbaycanda belə bir yeniliyə ehtiyac yoxdur və yaxşı ki, yoxdur. 30-cı illərdə xainlər qəbiristanlığı yaradılsaydı, orda o dövrün ziyalıları dəfn ediləcəydi. Hansı ki, 50-ci, 60-cı illərdə bəlli oldu ki, bunlar millətin qəhrəmanlarıdır. Ümumiyyətlə, vətən xaini damğasını yalnız elə adamlara vurmaq olar ki, onun əməlləri bütöv bir xalqa, neçə-neçə nəsillərə fəlakət gətirib. Bunu isə adətən zaman müəyyənləşdirir”.

     

    Moderator.az

     

     

     

  • Sabir Rüstəmxanlı: ‘Qanun’dakı ‘bomba’ millətin ictimai fikrini işıqlandıran əsərlərdir’

    Xalq yazıçısı qardaşının nəşriyyatındakı axtarışdan danışdı: “Bu olay İlqar Məmmədova, yaxud Əövsət Əliyevə görədirsə…”

    Xəbər verdiyimiz kimi, iyunun 11-də Bakı şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatının binasına girib. Polislər binada bomba olması ilə bağlı məlumat aldıqlarını bildirərək, nəşriyyatın binasını axtarıblar. Təhqiqat aparmaq adı ilə bəzi çap məhsullarını, qəlibləri götürüblər, bəzi çap məhsulları müsadirə olunub. İyunun 12-də də axtarış davam etdirilib. Polis “Qanun”un binasını nəzarətə götürüb. Axşam saatlarında isə axtarış başa çatıb. Axtarış nəticəsində hər hansı şübhəli əşya aşkarlanmayıb.

    Lakin hadisə mediada birmənalı qiymətləndirilməyib. Əksəriyyət, “bomba”nın bir bəhanə olduğuna və bu axtarışın “Qanun” nəşriyyatına qarşı təzyiqin ifadəsi olduğuna inanır.

    “Yeni Müsavat” qəzeti olaraq, hadisə zamanı nəşriyyatın binasına gəlib qardaşına dəstəyini nümayiş etdirən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlının məsələyə münasibətini öyrənməyə çalışdıq.

    “Kitab arasında bomba olmaz…”

    Sabir Rüstəmxanlı kitab vərəqləri arasında bomba axtarışının, həm də bunun sıravi polis əməkdaşları tərəfindən həyata keçirilməsinin absurd olduğunu, əsl məqsədin fərqli olduğunu bildirdi: “Mən dünən də mətbuata açıqlama verərkən demişdim ki, yəqin ortada böyük bir anlaşılmazlıq var. Çünki orada niyyət nə meyit axtarmaq idi, nə də bomba. Amma hər halda gərək polis əməkdaşları bu məsələdə qanunlar çərçivəsində hərəkət eləsinlər. İndiki halda bu hadisənin izahı bir qədər çətindir. Öncə zəng vurub məlumat veriblər ki, guya sizin mətbəədə meyit var. Bu nə deməkdir? Kim məlumat verib, haradan zəng vurublar? Ümumiyyətlə zəng vurublarmı, yoxsa hu bir bəhanədir – bu sualların cavabı yoxdur. Sonra axtarış səbəbi dəyişdirilir ki, guya mətbəədə bomba olması barədə məlumat daxil olub. Bu da iş qurtarandan sonra elan edilir. İş vaxtı hər kəs iş yerində olanda gəlib yoxlamalı idilər ki, orada bomba varmı, yoxmu. Əgər bomba qoyulubsa, oraya bombanı zərərsizləşdirən insanlar gətirilməli idi, onlar axtarmalı idilər. Sıravi polis əməkdaşları qapını açıb içəri girirlərsə, həqiqətən bomba var idisə, o bomba partlaya bilərdi, onların hamısı ölə bilərdi. Bunu da eləmirlər. Sonra binanı bir sutka mühasirədə saxlayırlar, işçiləri içəri buraxmırlar, açarı əllərindən alırlar. Daha sonra mən də işə qarışdım, oradakı yoldaşlara müraciət elədim ki, əgər yoxlamaq istəyirsinizsə, yoxlayın, işçiləri niyə binaya daxil olmağa qoymursunuz. Sonra içəri girib yoxlama apardılar. Yoxlama prosesi də maraqlı idi ki, kitabları vərəqləyirdilər, kağızları, əl yazmalarını o üz-bu üz çevirib baxırdılar. Masaların altındakı kiçik siyirmələri çəkib baxırdılar. Bunların heç birində bomba ola bilməzdi. Kitab arasında bomba olmaz”.

    “Qanun”a təşəkkür etmək əvəzinə…”

    S.Rüstəmxanlı Azərbaycan hökumətinin “Qanun”a təşəkkür borcu olduğunu vurğulayaraq, vaxtaşırı təkrarlanan bu cür axtarış tədbirlərinin nəşriyyatın işinə ziyan vurduğunu bildirdi: “Qanun” nəşriyyatı 14 ildir Azərbaycanda ən böyük hüquq jurnalı olan “Qanun” jurnalını buraxır. Azərbaycanda hüquq mədəniyyətini yüksəltmək üçün, qanunlarımızı təbliğ etmək üçün çalışır. “Qanun”un bu sahədə misilsiz xidməti var. Lakin heç kim – nə qanunverici orqanımız olan Milli Məclis, nə də rəsmi dairələr buna görə “Qanun” jurnalına bir təşəkkür belə etməyiblər. Elə bir mətbuat orqanı yoxdur ki, həm jurnal buraxır, həm də qanunlar həmin jurnalda çap olunur. Bütün rəsmilərin kitabxanalarında “Qanun” jurnalı yer alır. Əslində dövlət buna vəsait ayırmalıdır. Vəsait isə müəyyən adamlar üçün ayrılıb ki, “Qanun”un gördüyü işi görsünlər, jurnal çıxarsınlar, lakin heç biri o işi görə bilməyib. Ancaq bu çap evi dövlətdən heç nə almadan bu işi görüb. Buna təşəkkür etməkdənsə, əksinə, hər iki-üç ildən bir bəhanə tapıb, ya vergi müfəttişləri, ya polis əməkdaşları vasitəsilə bu nəşriyyatın işçini pozmağa çalışırlar. İndi nəşriyyat yerli ədəbiyyatdan az çap edir. Əsasən xarici ədəbiyyat nümunələrinə buraxır. Klassik ədəbiyyatın ən nadir inciləri, indiyə kimi Azərbaycan dilində olmayan əsərlər, dünya filosoflarının, ictimai-siyasi xadimlərinin əsərləri “Qanun”da dilimizə çevrilir, çap olunur. Bu bir QHT və ya dövlət təşkilatı deyil, bu bir özəl qurumdur. Ancaq millətə, milli işə bu qədər xidmət göstərir. Buna görə onlara təşəkkür düşür. Dünyanın ən böyük kitab sərgilərində “Qanun” ölkənin ən tanınan və fəal nəşriyyatlarından biri kimi iştirak edir. Lakin bu heç kimi maraqlandırmır”.

    “O bomba klassiklərin əsərləridir”

    Xalq şairi qeyd etdi ki, sözü gedən çap evində heç bir qadağan olunmuş kitabın çapından söhbət gedə bilməz: “Nəşriyyat müəyyən sayda insanların iş yeridir. Onlar orada işləyirlər, gənc adamlardır, çörəkpulu qazanırlar. Bu da ümumi işə xeyirdir. Lakin bunların heç biri nəzərə alınmır. Gəlib deyirlər ki, nəşriyyatda bomba var. Nəşriyyatda bomba nə gəzir? Polis bomba axtarmaqdansa, kitabları vərəqləyir. Görünür axtarışın səbəbi bomba deyil. Mən dünən getdim və dedim ki, sizi maraqlandıran bir kitab və ya vərəqə varsa, onu deyin. Hər halda bu nəşriyyatın başı daşdan-daşa dəyib, ona görə də, prezidentin sərəncamı ilə çapı qadağan olunmuş bir vərəq də burada çap oluna bilməz. Qadağan olunmamış ədəbiyyat çap olunursa bu artıq hansısa məmurun istəyindən asılı deyil. Bu dövlətin apardığı ümumi siyasət çərçivəsində həyata keçirilir və ona heç kim mane ola bilməz.
    Mən bu barədə fikirlərimi mətbuata da dedim ki, əgər kitabların içində bomba axtarırlarsa, o bomba klassiklərin əsərləridir, o bomba Azərbaycan ədəbiyyatının ən nəhəng simalarının kitablarıdır, o bomba millətin ictimai fikrini işıqlandıran bədii nəşrlərdir. Bunu bomba sayırlarsa, gəlib axtarsınlar”.

    Axtarışda İlqar Məmmədov faktoru…

    Axtarışın “Qanun” nəşriyyatında İlqar Məmmədovla bağlı vərəqələrin çap olunması ilə bağlı olmasına gəlincə, S.Rüstəmxanlı bunu əsassız səbəb adlandırdı: “Mən axtarışın nə ilə bağlı olduğunu dəqiq bilmirəm. Ancaq nəzərə alsaq ki, hər gün “Azadlıq” qəzeti və başqa qəzetlər İlqar Məmmədovun şəklini çap edir. Bu qəzetlər isə Prezident Aparatına məxsus “Azərbaycan” nəşriyyatından çap olunur. O zaman nəyə görə, həmin bombanı “Azadlıq” qəzetində və ya “Azərbaycan” nəşriyyatında axtarmırlar.

    Səbəb Əlövsət Əliyevdirmi?

    Əlövsət Əliyev faktoruna gəlincə müsahibim etiraf etdi ki, qardaşına görə, bütün ailəyə dolayı yolla narahatlıq yaradılır: “Əlövsətin işinə yanaşmanın özü də anormal bir yanaşmadır. Əlövsət hüquq müdafiəçisidir, miqrasiya işi ilə məşğuldur. Ona kimsə müraciət edib ki, mənim ölkədən getməyimə necə yardım edə bilərsiniz, mənə hansı sənədlər lazımdır. Əlövsət də deyib ki, hüquqi baxımdan filan işlər görülməlidir. Əlbəttə, bu tanınmış bir ailə olduğuna görə, kömək etməyə bilərdi. Lakin o, zəng vurub, bu adamı axtarıb, desin ki, həyat yoldaşınla bağlı belə bir vəziyyət var. Calaşdırmayıblar, danışa bilməyib. Bu telefon qeydləri indi də qalır. Ondan sonra məcbur olub, deyib ki, bu sənədlər lazımdır.

    Ondan başqa, Əlövsət heç bir kömək etməyib. O da gördüyü işin mahiyyəti ilə bağlı olan məsələdir. indi o adamı xaricə getməyə məcbur edənlər qalıb, ailənin öz problemləri qalıb, gedən qalıb, sənədləri düzəldənlər qalıb, Əlövsət hədəfə çıxarılıb. Əlövsət bir kənara, dolayı yolla bu məsələnin hamımıza təsiri var. Bunu da mən anormal hesab edirəm. Düzdür, heç kim toxunulmaz deyil və bizim də günahımız varsa, cəzamızı çəkməyə hazırıq. Amma eyni zamanda biz bir ailə olaraq, bütün ömrümüzü bu dövlətin inkişafına, bu millətin azadlığa çıxmasına sərf eləmiş adamlarıq. Heç bir vəzifə daşımadan qara fəhləliyini eləmiş adamlarıq. Mən təkcə özümü demirəm, ailə böyükdür, ailə təkcə məndən ibarət deyil. Bunun müqabilində hər hansı səhv olubsa belə, onu bu qədər şişirtməyə, ölkə səviyyəsinə qaldırıb bu cür münasibət göstərməyə dəyməz. Əlövsət Ukraynaya gəlmişdi, Ukraynadan müəyyən sənədlər tələb etmişdilər. Bir gündə Azərbaycandan 60-70 səhifəlik sənəd tərcümə edib göndərmişdilər, buradan Ukraynaya adamlar gedib, bütün qüvvələr sərf olunub ki, bu adam Azərbaycana ötürülsün. Ancaq hər halda orada ədalətli məhkəmə var, bir neçə dəfə məhkəmə oldu. Ukrayna məhkəməsi qərar çıxartdı ki, bu adam Azərbaycana qaytarıla bilməz. Çünki irəli sürülən dəlillər onun Azərbaycana qaytarılması üçün əsassızdır. Ukraynadan Azərbaycana qurultaya gələn adamlardan da soruşurdular ki, siz kömək etmisiniz. Sorğu-sual aparırlar ki, Əlövsətə orada kim kömək edib. Ancaq Əlövsətə Ukrayna qanunları kömək edib. Nə yaxşı ki, o qanunları sorğu-suala çəkmək mümkün deyil”.

    Nərgiz LİFTİYEVA
    Musavat.com

  • Sevginizə və diqqətinizə görə var olun!

    Sabir Rüstəmxanlı

    May ayı xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyəti olan bir bayramla- Müstəqilliyimizin əldə edildiyi, şərqdə ilk demokratik Cümhuriyyətin quruiduğu, Azərbaycanın istiqlaliyyətinin elan olundugu günlə yekunlaşdı. Bir daha yazıram, qutlu olsun!

    Yeri gəlmişkən deyim ki, bu may ayında nəfəs dərməyə vaxtım olmadı. Mənə qalsa yetmiş yaşın üstündən səssizcə keçib gedərdim. Az yaş deyil ki! Nəyinə sevinəsən! Ancaq mümkün olmadı.

    Ay boyu bu münasibətlə Azərbaycan ve Türkiyədə görüşlərə dəvət etdilər, dünyanın çeşidli yerlərindən çoxlu təbrik məktubu, teleqramlar aldım; mətbuat orqanlarında onlarla biri -birindən dəyərli məqalə derc olundu. May ayının 14- də Türkiyə cümhuriyyətində İstanbul Böyükşəhər Bələdiyyəsinin Kültür Dairəsi təntənəli bir yubiley tədbiri kecirdi, bu görüşə Azərbaycandan ədəbiyyatşünas alimlərdən və musiqiçilərdən ibarət on nəfərlik bir heyət dəvət edildi. Türkiyənin tanınmış elm xadimlərinin də qatıldıgı və üç saatdan artıq davam edən bu mərasim qardaş ölkənin Bengütürk televiziyası ilə bütövlüklə göstərildi. Hürriyyət, Yeni Çağ, Vətən qəzetlərində məqalə və müsahibələr verildi, İstanbul bələdiyyəsi iri həcmli şeir kitabımı nəşr etdi, “Koroglu” dərgisinin bir nömrəsi bütövlüklə mənə hesr olundu…

    İstanbul görüşündə ədəbiyyatşünas alimlərdən, akademik Rəfael Hüseynov və professor Firudin Agasıoğlunun (Azerbaycan), professor Ali Yavuz Akpınar ve prof. Gülşen Alışıkın (Türkiye), elece də Böyükşəhər bələdiyyəsinin məsul işçisi, şair- yazar Özcan Ünlünün parlaq çıxışiarı ayrıca qeyd olunmalıdır.

    May ayının 25-də isə Azərbaycan Mədəniyyət Nazirliyi Azərbaycan Akademik Milli Dram Teatrında çox coşqun bir tədbir keçirdi. Coçqun sözünü xüsusi vurgulayıram. Bunu həmin axşam teatrın qarşısındakı mənzərəni, qalabalıgı görən hər kəs təsdiqləyə bilər. Teatra bir axın vardı. Salonda yer olmadığından yüzlərlə ınsan teatrın qarşısından geri qayıdası oldu. Yeri gelmişkən bu əziyyəti çəkmiş qədirbilən insanlardan, əziz dostlarımdan, oxucularımdan üzur istəyir, əziyyətlərinə görə məni bagışlamalarını rica edirəm…

    Gecədə sevdiyim, dəvət etdiyim insanlardan kimin gəldiyini, kıimin salona girə bilmədiyini müəyyənləşdirə bilmədim. Ancaq hamısı mənə əziz olan insanlardı…
    Qonaqlar arasında Baş nazirin müavini, görkəmli yazıçımız Elçin, Medeniyyet Nazirimiz Əbülfez Qarayev, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadixov, millət vəkilləri və başqa rəsmilər də vardı.

    İlk sözü Yazıçılar birliyinin katibi, yazıçı İlqar Fəhmi söylədi. Məruzə etməli olan prof, Rəhim Əliyev adamların arasından teatra girə bilməmişdi. Əvəzində Türkiyədən gəlmiş Özcan Ünlü geniş bir çıxış etdi. Adətən belə yubileylərdə Azərbaycan təşkilatlarından səslənən təbriklərin yerinə başqa ölkələrdən gəlmiş qonaqlar, köhnə dostlarım danışdılar.

    Moskvadan “Xудожественнвя литература” nəşriyyatının direktoru, tanınmış yazıçı Georgi Pryaxin və həmin nəşriyyatın elmi məsləhətçisi, ədəbiyyatşünas- alim, Dünya Azərbaycanlıları Konqresində illərlə bərabər çalışdığım əqidədaşım Abuzər Bağırov, Tatarstanın xalq şairi, mənimlə paralel 25 il ölkəsinin millət vəkili olmuş Robert Minnulin, Qazaxstandan Türk Xalqları Asanbleyasının prezidenti, akademik Yermentay Sultanmurad, Udmurtiyanın xalq yazıçısı Vyaçeslav Ar-Serqi və həyat yoldaşı Qalina Sergeyeva çıxış etdilər.

    Türkiyənin görkəmli yazarı və sənətçisi, köhnə dostum Əhməd Şəfəqin çıxışı ayrıca qeyd olunmalıdır. Bizim sənət dostlugumuz uzun illərdir davam edir, şeirlərimə biri- birindən dəyərli mahnılar yazıb, bu mahnıları özü gözəl səslə ifa edir və bu ifa sayəsində həmin mahnılar Türkiyədə populyarlıq qazanmışdır. Milli teatrın yaradıcı heyəti, rejissor Əskər Əskərov, xalq artisti, mənim “Cavad xanım” Nurəddin Mehdixanlı, əməkdar artist Füzuli Hüseynov, aktyorlar Mətləb Abdullayev, Elnar Qarayev, gənc sənətçilər Dəniz Tacəddin, Nadir Rzazadə gecədə öz yüksək istedad və peşəkarlıqlarını bir daha nümayiş etdirdilər. “Savalan” qrupunun çıxışı mənim üçün də sürpriz idi. Təsadüfi deyil ki, salondakılar onları səhnədən buraxmaq istəmirdilər.

    (Bütün bunları təfərrüatı ilə yazmağı özümə borc bildim. Təəssüf ki, gecə haqqında yazılan məlumat səthidir. Hətta mənə doğma olan, redaksiya heyətinin üzvü olduğum “Ədəbiyyat qəzeti”ndə çıxışçıların adı çəkilməyib, çəkilənlərin adları da yanlış yazılıb . Qonaqlar bu tədbirdə iştiraklarının qeyd olunduğu ədəbi orqanla maraqlananda onlara qəzet verə bilmədim.. Halbuki gələnlər təsadüfi adamlar deyildilər və “Ədəbiyyat qəzeti” bu fürsəti dəyərləndirib onların hər biriylə ədəbi əlaqələrimiz barədə söhbətlər edə bilərdi. Ancaq qəzet başqa informasiya agentliyinin alayarımçıq məlumatını dərc etməklə işini bitmiş saydı… Nə isə… Ədəbi orqanlarımızın ədəbi prosesə münasibəti ayrı bir söhbət mövzusudur.)

    Mən burda keçirilən tədbirlər barədə məlumatımı bitirib mənə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Mədəniyyət Nazirliyinə, başda türkcə kitabıma ön söz yazmış İstanbul Böyükşəhər Bələdiyyə başqanı Kadır Topbaş olmaqla bütün türkiyəli dostlarıma, başqa ölkələrdən gəlmiş qonaqlara, sənətçilərimizə, məni təbrik etmiş bütün insanlara öz dərin təşəkkürümü bildirmək istəyirəm… Sevginizə və diqqətinizə görə var olun!

  • Sabir Rüstəmxanlının 70 illik yubileyi keçiriləcək

    Sabir Rüstəmxanlının 70 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.
    Mayın 25-də xalq şairi,  VHP sədri  Sabir Rüstəmxanlının  70 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram teatrında təntənəli şəkildə keçiriləcək.
    Yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
    Tədbirdə dövlət rəsmilərinin, , mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların iştirakı gözlənilir. Yubiley tədbiri saat 19:00-da başlayacaq.
    79115be4-ac2a-47f5-bffe-59dac3b657b1
  • Türk dərgahı

    Sabir RÜSTƏMXANLI

    Qardaş Türkiyənin bütün gözəlliklərini, təbiət və mədəniyyət möcüzələrini, milli-mənəvi dəyərlərini görüb, öyrənməyə bir necə ömür bəs etməz.

    Anadolu torpaqları bütövlüklə insanlığın tarix aynasıdır. Bu aynaya baxandə türkün yaradıcılıq qüdrəti və türk ruhunun böyüklüyü qarşısında heyrətə düşürsən. Otuz ilə yaxın bir zaman içində Türkiyəyə dəfələrlə gəlsəm və bu torpaqları dörd dəniz boyunca, eninə-uzununa gəzsəm də, hər gəlişimdə onun yeni bir zənginliyinin şahidi oluram.

    Bu dəfə Kırşəhir Ahi Avran Unuiversitetinin dəvətlisiydim, Azərbaycan -Türkiyə ədəbi əlaqələri timsalında mili-mənəvi birliyimiz mövzusunda konfransım olacaqdı. Ankaradan Kırşəhirə gedən yol Orta Anadolunun baharın oğlan çağında gözalan bir yaşıllığa bürünmüş geniş yaylalarından keçir. Bu yaylalar, dağlar türklüyün yüksəliş çağlarını, zəfər və fəthlərini xatırladır.

    Yol yoldaşlarım – Türkiyənəni ünlü yazarlarından olan və Türk dünyası ədəbiyyatını Türkiyədə ardıcıl çevirib nəşr etdirən köhnə dostum İmdat Avşar və millət sevdalısı, iş adamı Mövlud Toprakla yol boyu bu duyğuları paylaşırıq. Mənim Kıpşəhirə ilk dəfə gəldiyimi bildiklərindən, Anadolunu vətən eləmiş, bura türklüyün silinməz imzasını atmış böyük insanların türbələrini, təkkələrini ziyarət edə-edə gedirik: Həsəndədə və onun övladlarının türbələri, Sofu Baba türbəsi, Hacı Bektaş dərgahı, Əxi Evran camesi… Kalehöyük muzeyi… Bunlarsız nə Kırşəhirin ruhunu duymaq olar, nə də Orta Anadolunun türk tarixindəki yerini dərk etmək…

    Bu yaylalarda insan özünü dünyanın damındaymış kimi hiss edir, elə bil, Yer üzünün qalan yerləri səndən xeyli aşağıdadır. Elə bir genişlikdən keçirsən ki, sanki yamac-yamac, səhifə-səhifə, üfüq-üfüq açılan bu əkin-biçin yerləri, tarlalar, bağlar, dağarası vadilər dünyanın sonunadək uzanıb gedir və bu gözəlliyə heç vaxt payız nəfəsi dəymir, bu genişliyi dolduran gün işığı heç vaxt çəkilib getmir. Ancaq İmdat bəy bu ilki yazın yağmursuz keçdiyindən və quraqlığdan narahatdır.

    Orta Anadoluda belə “Dədə”, “Baba” türbələri çoxdur. Şübhəsiz, Azərbaycandakı eyni adlı məzarlar və ziyarətgahlar da eyni yolun yolçusu olmuş insanlara məxsusdur. Ziyarət etdiyimiz türbələrin, camelərin hər biri Türk-Osmanlı tarixində mühüm rol oynamış adamların haqqa qovuşduqları – Haqqa yürüdükləri yerdə böyük sevgiylə ucaldılıb, bugünədək diqqətlə və minnətdarlıqla qorunub; hər birinin cildlər dolduracaq tarixi var; fərqli olan Kalehöyük muzeyidir. Bu muzey yaponların yayladakı bir kurqanda onillərlə apardıqları qazıntılar sonucu olaraq yaradılıb. Muzey də elə bir kurqandır. Kənardan baxanda yaşıl təpədir, ancaq yandan yolu var, içəridə zəngin və yüksək texnolojı özəllikləri olan bir muzey yerləşir. Arxeoloqların bu səliqəsi və sayqısını mən bizim Qəbələdə koreyalı mütəxəssislərin qazıntılarında da görmüşəm. Muzeydə 6-7 min illik bir tarixin yadigarları qorunur.

    Yol boyu diqqətimi çəkən ən mühüm cəhət adamların qeyri-adi dərəcədə xeyirxahlığı və yardım etmək duygusu oldu. Yaşlı adamların marağı, cavab vermək, izah etmək şövqü adamı həyəcanlandırır. Bunun özü də o ziyarətdə yatanların müqəddəs ruhlarının ölməzliyindən, nəsillərin ürəyində yaşadığından xəbər verir.

    Bu günün ən unudulmaz anlarını Hacı Bektaş Vəli dərgahında yaşadıq. Bu ziyarətə çoxdan can atırdım. Hacı Bektaş türk irqinin yetişdirdiyi ən böyük, ən müqəddəs şəxsiyyətlərdən biridir. Hacı Bektaş – Yəsəvidən başlanan türk milli fikir intibahının ən uca zirvələrindən olmaqla, “bektaşilik” adlanan və sonralar bütün Şərqə yayılan, sırasına bizim böyüklərimizdən Nəsimini, Şah İsmayıl Xətayini, Füzulini də qatan və Həzrəti Əliyə bağlı olan bir təriqətin yaradıcısıdır. Maraqlıdır ki, böyük Yəsəvinin fikir babası, müəllimi azərbaycanlı Yusif Həmədani olmuşdu.

    Burda bektaşilikdən geniş bəhs etmək niyyətim yoxdur. Qısaca onu deyə bilərəm ki, Türkiyədə Əxilər Hərəkatının və bektaşiliyin tarixindən danışılarkən, Azərbaycan kənarda saxlanıla bilməz. Çünki bektaşiliyin təməl qaynaqlarından olan əxilik-qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı.

    Kırşəhirdə (o zaman Gülşəhəri) əxiliyi yayan, əxilərin piri olan Əxi Evran da əslən azərbaycanlı idi. O, 1175-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Bu vaxt artıq Gəncədə dahi Nizami Gəncəvinin də daxil olduğu əxilik-qardaşlıq geniş yayılmışdı. Əxi Evran (Əvran) Anadoluda ilk sənətkar birliklərini qurmuşdu. Özü 32 sənətin ustadı və müəllimiydi. Onun qurduğu sosial-iqtisadi-siyasi sistem Osmanlı imperatorluğunun idarəçilik fəlsəfəsi oldu. Osmanlı sultanları özlərini əxi-qardaşlıq birliyinə bağlı sayırdılar. Əxilərin bir deyimi məşhurdur: “Əxi olanın əli-qapısı-süfrəsi açıq, sözü-beli-dili bağlı olar”.

    Əxi Evran 1264-cü ildə, 93 yaşında əlində qılınc monqollarla savaşarkən öldürülmüşdü. Məni dəvət edən universitet də onun adını daşıyır. Kırşəhirdə bu gün də qadınların, kişilərin bir-birinə “qardaş” deyə müraciət eləməsi əxilik ruhunun yaşadığını göstərir.

    Ələvi və bektaşi böyükləri, onların ağlasığmaz mərifət və kəramətləri haqqında çox yazılıb. Biz də birinin şahidi olduq. Yol boyu İmdat bəy quraqlıqdan şikayətlənirdi dedim. Sonuncu ziyarətimizdən, yəni Hacı Bektaş dərgahından çıxan kimi havanın tutulduğunu gördük. Seyrək, iri damlalar səpələnməyə başladı. Bir dəqiqə sonra, özümüzü maşına çatdırmağa inkan tapmamış elə bir leysan başladı ki, dükanların birində daldalanası olduq. Yazın bu çağında əsil bərəkət yağırdı və sonrakı iki gündə də davam elədi. Kim bilir, bəlkə də sidq-ürəkdən edilən ziyarət və verilən nəzirlərin bir sirli kəraməti də bu idi.

    ***

    Hacı Bektaş və onun yaratdığı təriqətin biçimlənməsində yuxarıda adlarını çəkdiyim Böyük Azərbaycan-türk şairlərinin yaradıcılığı kimi, təsəvvüf düşüncəsi – o dövrün əsas dini-fəlsəfi fikir axını kimi – mühün rol oynamışdı. Təsəvvüfə görə, insan və gördüyümüz bütün var olan hər şey Tanrı ilə birdir. Varlıq birliyi – vəhdəti-vücud –  anlayışı da burdan qaynaqlanır. İnsan Allahın ruhundan yaranıb, Mütləq Yaradan insanda təcəlla edib. Ay, ulduz Allahın zərrələridir. Şiəliyin bir qolu olan ələviliyin əsas fəlsəfəsi insana sevgidir. Yaradan və yaradılmışların ən alisi-mükəmməli olan insan bir-birindən ayrılmazdır. İnsanı sevmək – Yaradanı sevməkdir. Allahdan qorxmaq yox, onu sevmək lazımdır.

    Ələvi-bektaşi humanizm ənənələri – insanlığın əxlaq dəyərlərinin yox edildiyi, haqqın, ədalətin Zora və Qanunsuzluğa əsir düşdüyü indiki zamanda bəşəriyyətin Ana Yasası – Konstitusiyası olmaq səviyyəsində üstün bir normadır.

    Ələviliyə görə, insan dörd kamilləşmə qapısından keçəndən, özünü tanıyandan sonra günəş, ulduz kimi kainatın bir parçası olur, dünya onun ətrafında dövr edir. Ələvi alimlərinin yazdığına görə, ələviliyi islamın başqa təriqətlərindən ayıran əsas fərq Allaha və Qadına münasibətdədir. Başqa məzhəblərdə Allahdan qorxu olduğu halda, ələvilər Allaha “dost” deyir, dost gözüylə baxır. Ələvilər qadını erkəklə bərabər tutur, onun yaşınmasını mənasız və əsil islamla əlaqəsi olmayan bir şey sayırlar. Bu baxımdan onlar dünyanın inkişaf etmiş xalqlarını yüzillərlə qabaqlamışlar. Ələvi-bektaşiləri anlamaq baxımından Türkiyənin tanınmış alimlərindən İsmət Zəki Eyuboglunun sözləri yerinə düşür: “…Bektaşilik tarixinin Anadolu insanının tarixinin bəlli bir kəsimi olduğu anlaşılır. Bu düşüncə Anadolu insanıyla yaşıddır. Anadolu insanı, insan kavramından nə anlamışsa, bektaşiliyin anladığı da odur aşağı-yuxarı”.

    Maraqlı məsələlərdən biri də yüzillər boyu Osmanlının əsas güclərindən biri olan, onu ayaqda tutan happy wheels demo yeniçərilərin bektaşiliyə bağlı olmasıdır. Yeniçərilər öz ocaqlarını həm də Hacıbektaşi ocağı sayırdılar. Bəzi ələvi-bektaşi araşdırıcılarının yazdığına görə, Osmanlının çöküşü 1826-cı ildə Yeniçəri Ocağının ləğvindən başlanmışdı. Yeniçərilər “bizim başımızdakı geyim Hacı Bektaş börkü, qurşandığımız qılınc Həzrəti Əli qılıncıdır” deyirdilər… Bu bağlılığı göstərmək baxımından Yeniçəri gülbankı (duası) da maraqlıdır: Allah, Allah, illallah. Baş üryan, köküs qalxan, didə al qan, sinə püryan. Bu meydanda neçə başlar kəsilir, heç olmaz soran. Kahrımız, qılıncımız düşmənə ziyan. Qulluğumuz padşaha əyan. Sayılmarız barmaqla, tükənməriz kırmakla. Üçlər, Beşlər, Yeddilər, Qırxlar… Nuri Nəbi, kərəmi Əli, kəraməti Vəli, Gülbank-i Məhəmmədi, pirimiz, hünkarımız, ustadımız, Kutb-ul Arifin Hacı Bektaş-i Vəli. Dem-ü devranına hu deyəlim huuu..

    Yaxın Asiyada bu boyda nüfuz və təsirin arxasında Hacı Bektaşın böyük mərifət və insanlıq fəlsəfəsi dayanır. O deyirdi: Ara, bul. Kadınları oxudunuz. İncinsən də incitmə. Murada yetmək səbir ilədir. … Hər nə ararsan, özündə ara. Əlinə, dilinə, belinə sahib ol. Mərifət elminin ilk məqamı ədəbdir. İnsanın camalı sözünün gözəlliyidir. Heç bir milləti və insanı ayıblamayın. Elmlə gedilməyən yolun sonu qaranlıqdır. Düşüncə qaranlığına işıq tutanlara nə mutlu. Düşməninizin dəxi insan olduğunu untmayın və s.

    Bektaşi alimləri bu sözlərə dayanaraq BMT-nin İnsan Haqları Bəyannaməsinin kökündə bektaşi fəlsəfəsi və türkün insan sevgisinin dayandığı qənətindədirlər.

    ***

    Bakıdan çıxandan cəmi bir neçə saat sonra insanlığın fikir tarixinin ən parlaq səhifələrinin yarandığı, o səhifələri yaradan insanların adının, sözünün, xatirəsinin müqəddəs tutulduğu yerlərdəydim. Burdakı bilgilər bir çox sirlərin üstündən pərdəni götürür. Böyüklərimizin keçdikləri yollar, türkü altıyüz il üç qitənin Baş ağası (Paşası) etmiş böyük fiziki və mənəvi gücün qaynaqları burda daha canlıdır və daha aydın görünür. İdrak qapısı təkcə keçmışə yox, həm də gələcəyə açılır. Çünki zaman insan ağlının çox böyük imkanlarını göstərsə, bir çox sahələrdə ağlasığmaz intellekt sıçrayışları olsa da, insanlığın zəiflikləri də davam edir və bir sıra mənəvi məsələlərdə irəliləməkdənsə, geriləmələr müşahidə olunur. Türk ərənlərinin, pirlərin, dədələrin, babaların, abdalların, dərvişlərin, övliyaların əxlaq dərsləri bu meydanda öz parlaq gözəlliyi ilə yenidən ortaya çıxır, yeni savaşları dinc yola yönəldən ən təsirli, çağdaş vasitə, məktəb kimi dəyər qazanır.

    Hacı Bektaş dərgahının mətbəx bölümündə əfsanəyə görə eyni zamanda 12 inəyin ətinin bişirildiyi nəhəng qazanlar var. Bu dərgahda minlərlə, on minlərlə insan illər uzunu bu mətbəxin bərəkətini dadıb, aclıqdan xilas olub. Ancaq indi daha o qazanlar da, onlarin iki metrlik sapı olan yekə çömçələri də, ocaq qurdalamağa uzun maşaları da sadəcə muzey əşyalarıdır. Amma Hacı Bektaşın söz və hikmət qazanı odsuz-alovsuz hələ də qaynamaqda və fikir aclarını doyurmaqdadır.

    Kırşəhir həm də türk dünyasının ən böyük şairlərindən olan Yunus Əmrənin, Aşıq Paşanın vətənidir.

    İmdat bəy və dostlarının buraxdıqları “Koroğlu” dərgisinin mənə həsr olunmuş irihəcmli nömrəsini başqa vaxt görsəm, “buna ehtiyac varmı?” deyə narahat olardım. Ancaq indi böyük Yəsəvilərin, Hacı Bektaşların, Yunus Əmrələrin,, Aşıq Paşaların yolunda olmağın, onların dilində yazmağın, onların sözünü, ürfan və mənəviyyat ənənələrini davam etdirməyin nə qədər böyük bir xoşbəxtlik olduğunun rahatlığı dolmuşdu ürəyimə.

    Axşam Universitetdəki görüşün təşkilatçısı olan Ayfər xanım da bizə qoşuldu. Gördüm elə o da qardaşlıq ruhunu, türk birliyi ruhunu yaşadan qız qardaşlarımızdan, Türkiyənin əsil aydınlarından biridir.

    Ertəsi gün şəhərlə tanış olduq, Cacabəy Gökbilim (astronomiya) Mədrəsəsinə baxdıq, Aşıq Paşa türbəsini ziyarət etdik. Türkiyənin böyük xalq aşığı, ozan Neşet Ərtaşın muzeyindən aldığım təəssürat, dinlədiyim musiqilərin oyatdığı duyğular ayrıca qeyd olunmalıdır.

    Burda yenə Türkiyə ilə Azərbaycan bir yerdədir. Anadolu sazı ilə yanaşı Azərbaycan sazı… Kamança, tar, tulum da beləcə. Yunus Əmrə, Aşıq Paşa ilə yan-yana Nəsiminin, Füzulinin, Xətayinin, Aşıq Ələsgərin rəsmləri və şeirləri təqdim olunur. Ayrı-seçkilik qoyulmadan.

    Muzeyin ən gözlənilməz eksponatı Ərtaşın öz mum heykəlidir. Kənardan baxanda elə bilirsən canlıdır; geyim-kecimi yerində, saz sinəsində, “çalır, oxuyur”…

    Unudulmaz görüşlərimizdən biri Kırşəhir valiliyində oldu. Vali Necati Şəntürk məni çoxdankı tanışı kimi qarşıladı. Şair olduğunu dostlarımız öncədən demişdilər; aramızda əsil ruh qohumlugu varmış. Yeni çapdan çıxmış kitabını açıb “gəl sənə şeir oxuyum, görüm bəyənirsən?” deyərək oxumağa başladı:

    Yəsəvicə kükrəmiş, bizə Pir-i Türküstan,

    Anadolu türkündür, diyar-i Rum müslüman,

    Horasandan yürümüş, neçə alp, neçə aslan,

    Horasan, insanlığın irfan çağlayanısan,

    Tarixi istikbala hale bağlayanısan.

     

    …Tarixə toxum səpmiş bu kəntdən Əxi Evran,

    Bursada çinar olmuş Dövləti-ali Osman,

    Üç qitə, yeddi iqlim, nə möhtəşəm bir dövran,

    Kırşəhir, dövranların irfan çağlayanısan,

    Sən ki, Anadolunun qədim Xorasanısan…

     

    Şairləri bilirəm, birini oxudumu, ikincisini oxumaq istəyir. Amma Vali qardaşımızın şeirlərində Kırşəhirə yaraşan yüksək bir milli ləyaqət, tarixinə sahib çıxmaq, sevgi ruhu var.

    Söhbətimiz uzanır. Bu arada Bakının Qala kəndində hərbi xidmətdə olmuş bir zabit də gəlib məclisimizə qoşulur. Bu da birlik duyğusunu gücləndirən başqa bir reallıqdır. Öz-özümə düşünürəm ki, görəsən Türkiyədə neçə vali, Azərbaycanda neçə icra başçısı ürəyində belə yüksək Vətən sevdası daşıyır, neçəsinin tarix şüuru bu qədər itidir, neçəsi kitaba bu qədər bağlıdır?..

    ***

    Universitetin böyük salonu dolu idi. Türkiyənin demək olar ki, bütün universitetlərində Bakıdan getmiş müəllim və tələbələrlə rastlaşmaq olur. Bura da istisna deyildi. Adını çoxdan eşitdiyim riyaziyyat alimlərimizdən Vaqif Quliyev bu universitetdə çalışır. Onunla, azərbaycanlı tələbələrlə görüşdük. 1990-cı ildə Kaysəri Ərciyəz Universitetində keçirilmiş Birinci Böyük Azərbaycan Konfransında tanış olduğum ədəbiyyatşünas-folklorşünas alim Mahmud Sarıqaya, dekanlar Rafiq Balay, Nadir İlham, rektor yardımçısı Mustafa Kurt ilə görüşlərimizin xoş ovqatını, onların konfransda iştirak və çıxışlarını xüsusi qeyd etməliyəm.

    Konfransda Ayfər xanımdan başqa İmdat Avşar da Azərbaycan-Türkiyə əlaqələri barədə öyrəncilərə ətraflı məlumat verdilər. Qalan iş mənim boynumaydı.

    Ancaq konfransla iş bitmədi. Yorulmaz təşkilatçı olan Ayfər xanım həyat yoldaşı Əli bəy və gözəl qızları Münəvvər İlay Vüslat və Gülbəyaz Dilşadı da yanlarına alıb, axşam bizi qonaq çağırdılar. Təkcə bizi yox, həm də Kırşəhirin şairləri və musiqiçilərini. İkinci bir şeir axşamı burda başlandı və gecə yarısınadək davam etdi…

    ***

    Yazımı burda bitirərkən dostumuz İmdat Avşarın ədəbiyyatımızın Türkiyə türkcəsinə axtarılmasında göstərdiyi fədakarlığı, tərcümələrinin yüksək keyfiyyətini bir daha minnətdarlıqla yada salmaq istəyirəm. Əslində, bunun əsas səbəbi onun istedadla yazılmış gözəl şeir və hekayələr müəllifi olmasıdır.

    …İstanbula Kaysəridən uçacaqdım. Fürsətdən istifadə edib, yolüstü köhnə dostumuz, erməni dili və ədəbiyyatı üzrə sayı çox olmayan mütəxəssislədən biri, Ərciyəz Universitetinin müəllimi Qafar Çaxmaqlı ilə görüşüb onu professor adı alması münasibətiylə təbrik etdik… Özünü gözə soxmadan, sakitcə, amma vicdanla, elmi dəqiqliklə gördüyü işlər onu bizlərə və tələbələrinə sevdirən əsas keyfiyyətlərdəndir..

    Bu səfərdə gördüyüm, tanış olduğum adamların hamısının üzündə Hacı Bəktaş dərgahının, türk dərgahının işığını gördüm…

    8.05.2016. İstanbul. 

  • Canımız hesabına pul qazanırlar

    Sabir RÜSTƏMXANLI

     

    Bakıda, Füzuli küçəsində bir Dərman evi – aptek var. Almaniyadan gətirilən tibb ləvazimatının satıldığı yerdir. Sahibi kimdir? – bilmirəm. Hər kimdirsə, sağ olsun, zəhmət çəkib, saxta ilacların bazarı bağlansın deyə, Almaniyadan, keyfiyyəti şübhə doğurmayan dərmanlar gətirib satdırır. Amma…

    Məsələ elə bu əmmadadır! Bir gün həkimlərin məsləhət gördüyü üç-dörd dərman üçün (təzyiq və xolesterinə qarşı) müraciət elədim onlara. Qiyməti eşidəndə heyrətə gəldim. 250 manat civarında bir rəqəm dedilər. Təcrübəsiz olsam, almaqdan başqa çarəm qalmayacaqdı. Ancaq bu dərmanları Türkiyədən də almışdım. Nə az, nə çox, ən azi 10 dəfə ucuz… “Bu, nə qiymətdir, kim qoyub bu qiyməti?” – soruşanda, “axı bu alman malıdır, keyfiyyətlidir!” – dedilər.

    Ordan çıxıb, öz apteklərimizdən birinə getdim və eyni dərmanları 26 manata aldım.

    Bu yaxınlarda başqa bir təzyiq dərmanının bir qutusu üçün yenə o alman dərmanxanasında 103 manat ödəyəsi oldum. Alternativ olmayanda əlacsız qalırsan.

    Bu gün İstanbulda həmin təzyiq dərmanının bir qutusunu 12 türk lirəsinə aldım, yəni 3 manata!.. Yəni Bakıda satılandan 34 dəfə ucuz! Almaniyadan Bakıya gətiriləndən heç bir fərqi yoxdur. Eyni firma, eyni tərkib! İndi görün “Avropa keyfiyyəti” adı altında milləti soyan bu növ alverçilərdə zərrə qədər insaf, mürvət, şərəf və ləyaqət var, yoxsa yox?

    Keyfiyyət məsələsini buraxaq həkimlərin öhdəsinə. Əvvəla, mən Türkiyə iş adamlarının və əczaçılarının öz xalqlarına sevgisinin almanların öz millətlərinə sevgisindən az olduğunu düşünmürəm. Türkiyə texnologiyası da bu gün Avropa texnologiyasından az fərqlənir. Belə olan halda Almaniyadan gətirilib Bakıda satılan dərmanla Türkiyədəki dərman arasındakı bu fərqə nə ad vermək olar? İki-üç qat baha olsa, başa düşmək olar. Yol var, gömrük var, – deyərsən. Hərçənd ki, onların da xərci bu qədər fərq yarada bilməz. Fərqi yaradan doğmalarını xilas üçün ev-eşiyindən çıxmağa hazır olan bu milləti avam sayan, əslində isə özləri nəfs cəhalətində boğulan insanlardır. Bu qədər olmaz! İki qat, üç qat bahasına sat! Yoxsa on, iyirmi qat nə deməkdir!

    Xəstələrin canından qoparılan bu gəliri necə yemək və balalarına yedizdirmək olar? Təəssüf ki, bu fantastik qiymət “siyasəti” təkcə dərmana aid deyil. Özəl bölümdəki qiymət özbaşınalığı milləti boğaza yığıb. Xalqın əlindəki qəpik-quruşunu bu cür vicdansızcasına qoparıb almaq günahdır, insanlığa yaraşmaz, desəm az olar; bu, bir cinayətdir! Avropadan, ABŞ-dan dərman gətirmək yaxşı işdir, lakin gələn malların maya dəyərini və o ölkələrdəki ikin qiymətini bilməyən alıcının məlumatsızlığından istifadə edib onu soymaq olmaz!

    Yeri gəlmişkən deyim ki, millətin həssaslığı, qüruru, mərhəməti ilə oynamaq məsələsi təkcə apteklərə aid deyil. İkili standart hər yerə kök atıb. Şadlıq sarayına girirsən, verilən cavablar eynidir: Qonağını ləyaqətlə yola salmaq, keyfiyyətli yemək vermək istəyirsənsə, stolun biri 100 manat! Daha bahalıları da var…

    Adam qalır boğula-boğula. Əlbəttə, qonağını hər kəs ləyaqətlə qarşılamaq istəyir. Ancaq kim deyir ki, qiymətin 50 manata düşməsi ləyaqətlə bağlı bir məsələdir? Yaxud kim norma qoyub ki, qiymət 60-70 manat olanda yeməklər keyfiyyətsiz olmalıdır? Bu nə saymazyanalıq və vəhşilik bazarıdır? Bu toyxanaların başında kim dayanır?

    “Ay Allah bəndəsi, mənim qonağımın o qədər yemək imkanı yoxdur, qonaq dəyirman deyil ki, iki-üç saata 100 manatlıq yemək üyütsün, mənim masalarımı o qədər yükləmə!” “Yox! Olmaz! Bizə tapşırıq belədir!”

    Kim verib bu soyğunçuluq göstərişini, milləti hər məclisdə yemək torbasına döndərmək tapşırığını? Hər şeyin bir əndazəsi var. Yemək-içmək də bir ədəb, ölçü, öz sağlamlığını qorumaq işidir. Bəlkə elə bu toyxana israfçılığı da milləti növ-növ xəstəliklərə düçar edib “alman apteklərinə” möhtac etmək, toyxanalardan qoruya bildiklərini də orda əlindən almaq siyasətidir?!

    Hər nə isə, bu işlər düz getmir. Bütün bunların arxasında xalqa sayğısızlıq, onu adam yerinə qoymamaq, əlindəkini alıb, onu dövlətdən, cəmiyyətdən, öz taleyindən küsdürmək meyli dayanır. Xalqı dirigözlü bir ehtiyac tonqalında yandırıb bu oda əllərini qızdıranlar bir gün elə həmin odda yana biləcəklərini düşünmürlər!

    Adət-ənənə, vərdiş adına lazımsız bəhsəbəhs oyunlarında gözütox, ruhu yüksək bir milləti qarınotaran, maddiyyətçi, yeyib-içib bir-birinə tərif deməkdən başqa işi olmayan bir kütləyə çevirmək də düşmənçiliyin bir ayrı formasıdır. Bir xalqın toyunu, yasını da öz qazanc imkanına çevirənlər, çarəsizlikdən boğazı əllərinə keçən hər kəsin boğazını üzmək istəyənlər Allahdan qorxsunlar. Bu yolla qazanılan rahat yeyilə bilməz! İnsan oğlu bunu görə-görə gəlir…

    Keyfiyyət adı altında “keyfiyyətli” soyğunçuluq durdurulmalıdır!..

    10.05.2016. İstanbul