Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram”

    Sabir Rüstəmxanlı0000“Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”

    Xalq şairi Sabir Rüstəmxanlı 70 il bayram kimi qeyd etdiyimiz işğal günü, 28 aprel tarixi ilə bağlı fikirlərini bölüşüb.

    S.Rüstəmxanlı ilk olaraq bildirib ki, 28 May Azərbaycan tarixində nə qədər şərəfli bir gündürsə, 28 aprel də o qədər acı, millətə faciə gətirmiş bir tarixdir:

    “Bir çox mühacir həyatı yaşayan qələm əhli, mühacir ziyalılarımız 28 mayla, 28 aprellə bağlı çox ciddi yazılar qələmə alıblar. O yazıların hamısında 28 may millətin şərəf tarixi kimi qeyd olnursa, 28 aprel də millətin faciə günü kimi qeyd olunur. “Hər gələn Mayıs üçün Nisan ağlar, mən ağlaram” deyirlər.

    Millət sovetlər birliyinin qorxusu altında olsa da hər gələn Mayıs üçün nə az, nə çox, düz 70 il həsrət çəkib. Çünki 28 May Azərbaycanın müstəqillik günü, Azərbaycan Cumhuriyyətinin qurulduğu, Şərqdə ilk demokratik respublikanın yarandığı, üç rəngli bayrağın qaldırıldığı gün, Cənubi Qafqazda Azərbaycan adlı müstəqil bir dövlətin qurulma günü idi. Amma 28 apreldə mayda qazandığımız nə var idisə əlimizdən çıxdı. 28 May tarixi bizi millət olaraq dünyaya tanıtdı, dünya dövlətlərinə tanıtdı, millətin əxlaqının bərpa olunması istiqamətində addımlar atıldı. 1918-ci ilin mart ayında bolşevik erməni birləşmələrinin Azərbaycanın müxtəlif guşələrində törətdikləri faciələrin hamısını sənədləşdirdi, tarixin itməsinə imkan vermədi. Yeni bir dövr başladı və Azərbaycan başını dikəldib dünyaya “Mən də varam”, “Çar Rusiyasının 100-ildən artıq işğalında qalmağıma baxmayaraq mən ruhumu, dilimi, varlığımı, dövlət qurmaq qabiliyyətimi itirməmişəm” dedi. 28 May bu demək idi. 28 aprel tarixi isə iki ildə qurulanların üzərindən xəttə çəkdi və millətin qara günləri başladı”.

    Xalq şairi 1920-ci il tarixindən Stalinin ölümünə qədər Sovet Rusiyasının millətimizin başına gətirdiyi faciələri də sadalayıb:

    “Bayaq radioda bir verilişi dinləyirdim. Verilişdə səsləndirdilər ki, 1920-ci ildə Azərbaycanda nə qədər qırğınlar oldu, Azərbaycan türkləri məhv edildi. Hətta bu tarixlə bağlı rəqəmlər də səsləndirdilər, ancaq həmin rəqəmlərdə səhvə yol verdilər. Qeyd etdilər ki, 1950-ci illərə qədər 400 min insanın qətlə yetirildiyi, represiya qurbanı oldu. Təəssüf ki, bu rəqəmi deyənlər sürgünləri yaddan çıxarırlar, təkcə öldürülənləri deyirlər. Halbuki öldürülən insanların sayı 400 mindən qat-qat artıqdır.

    Təkcə 1920-ci ilin aprel ayından başlayaraq bir il ərzində 48 min Azərbaycan aydını məhv edilmişdi. Baxmayaraq ki, XI qızıl ordu müxtəlif vədlərlə gəlmişdi ki, güya Azərbaycandan keçib Türkiyəyə gedəcəklər, yardım edəcəklər. Milli hökumətlə anlaşmışdılar ki, burada qırğın olmayacaq, hər şey sakitliklə həll olunacaq, sərhədlər daxilində Azərbaycan dövləti öz varlığını sürdürəcək. Ancaq gələndən üç il sonra Kirovun başçılığı ilə komissiya yaratdılar və bu gün də ürəyimizdə yara olan Dağlıq Qarabağa, ermənilərə muxtariyyət verdilər. Halbuki o vaxt bütün mənbələr yazırdı ki, Dağlıq Qarabağda ermənilər olsa da, Zəngəzur şübhəsiz bütövlükdə Azərbaycan torpağıdır. Baxmayaraq ki, orda olan azərbaycanlıları 1905-18 illərdə qırıblar.

    Zəngəzur tərtəmiz Azərbaycan torpağıdır, Qarabağdakı ermənilər mübahisələr etsələr də, bura da Azərbaycanın torpağıdır. Təssüf ki, o vaxt səpilən şər toxumu hələ də göyərməkdədir, Qarabağ faciəsi indi də davam edir.

    28 apreldən sonra rus ordusu şimaldan Azərbaycan sərhədlərini aşıb Samux çayını keçən kimi girdikləri hər kənddə dinc əhalini güllələməyə başladılar. Heç bir günahı olmayan adamları gülləyə düzərək Bakıya kimi gəldilər. Bakıya gələndən sonra da bir ildə 48 min yüksək intellekt sahibi ziyalımızı, Milli hökuməti quran, dayağı olan insanları, generalları, alimləri öldürdülər. Nifrətlərinin həddi o qədər idi ki, Şuşada Qacar nəslindən olan üç generalı tikə-tikə doğramışdılar. Ümumiyyətlə onların niyyəti bu milləti tikə-tikə doğramaq idi və onu da bacardılar. Hər il də bu davam etdi, əgər statistikaya baxsaq hər il 40-45-50 min adam qırıldığının şahidi olarıq. Hər on beş dəqiqədən bir bir ziyalını, aydını məhkəməsiz, filansız güllələyirdilər. Bu millətin nə günahı var idi axı?! Sosializm, bolşevizm adına, yeni bir cəmiyyət adına gəlib bir milləti bu qədər məhv etmək bolşeviklərin Azərbaycanda apardığı soyqırım siyasəti idi. Ruslar erməni soyqırımını ortaya atmaqla öz soyqırımlarını unutdurmağa çalışırlar”.

    S.Rüstəmxanlı daha sonra qeyd edib ki, bu hələ bolşevizmin fiziki məhv etmək siyasəti idi və bunun bir mənəvi repressiya tərəfi də vardı: “Mənəvi repressiya da ondan ibarətdir ki, milləti türk dünyasından qopartdılar, millətin adını, əlifbasını dəyişdirdilər, tarixini saxtalaşdırdılar. Sanki biz iyirminci yüzillikdə yaranmış millətik, azərbaycanlı deyərək millətin keçmişini, soyadını əlindən aldılar. Milləti millət, xalqı xalq edən nə qədər dəyərlər vardısa məhv etdilər. Milləti həm fiziki, həm də mənəvi cəhətdən məhv etmək üçün nə qədər imkanları vardısa, hamısından istifadə elədilər.

    Bütün bunların da bünövrəsi 28 aprel tarixindən başlayır.

    Bu gün radioda dinlədiyim verilişdə 28 aprellə bağlı faktların ardınca böyük şairimiz Süleyman Rüstəmin sözlərinə yazılmış “Cənnət görmək istəyən Azərbaycana gəlsin” mahnısı səsləndirildi. Burada böyük paradoks yaranır. Bir yandan deyirlər ki, o rejim azı 400 min adam öldürdü və onun da ardınca da o dövrdə yazılmış bir mahnını səsləndirirlər. Represiyaların qoynunda öz qanında boğulan Azərbaycana cənnət demək olardımı? O vaxtın mənəvi terrorlarından biri də o idi ki, o vaxtkı böyük şairlərimiz Kremlin çaldığına oynamağa məcbur edilmişdi. Onlar “Ey qızıl Moskva yazırdılar”, əslində qızıl yox, qanlı Moskva yazaydılar. Millətimizin başına gətirlən o qədər faciələri millətin səadəti, xoşbəxtliyi kimi qələmə verirdilər. Millətə əzab da verilər, zülm də olar, tarix boyu sınaqlardan da keçər, amma yaşadıqlarımızın ən iyrənc tərəfi o idi ki, balanı, atanı, əmini, dayını gözünün qabağında öldürürdülər, sonra da sən bunu bayram kimi qəbul etməlisən deyirdilər. Budur 28 aprelin mahiyyəti.

    Şükrlər olsun ki, tarix təzədən öz sözünü dedi, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan elədi. 28 aprel tarixinin üzərindən birdəfəlik xətt çəkildi, 28 aprel küçəsinin adı dəyişdirilib 28 may küçəsi oldu. Bu, tarixin ədalətidir və onu göstərir ki, heç bir xalqa əbədi olaraq zülm etmək mümkün deyil. Xalq varsa, iradəsi varsa, təzədən öz varlığını, bütövlüyünü, böyüklüyünü dünyaya göstərəcək”.(moderator.az)

  • Sabir Rüstəmxanlı: “Mən tərəflərin barışmasına çalışıram”

    “Mən onların barışmasına çalışacağam və hər hansısa bəyanatdan xəbərim yoxdur”. Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Qulu Məhərrəmlini dəstəkləyən bəyanatla bağlı bildirib.

    Yenicag.az-a açıqlama verən S.Rüstəmxanlı qeyd edib ki, “Ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini hər zaman yolverilməz hesab etmişəm. Mənə Qulunun müdafiəsi üçün ziyalıların bir araya gəldiyi bildirildi və məni də orada görmək istədiklərini bildirdilər. Telefonla da köhnə dostum Qulu Məhərrəmlini dəstək üçün yaradılan heyətdə adımın yazılmasına etiraz etmədim. Mən bu heyətdə olmağa onun üçün razılıq verdim ki, onların arasında barışdırıcı missiyanı daşıyım, onları barışdırım. Hər iki köhnə dostu bir araya gətirib, problemləri məhkəməsiz həll edək. Bunu da mənə zəng edənlərə demişəm. Hər ikisini illərlə tanıdığım üçün hesab edirəm ki, biz ziyalılar olaraq, bu məsələdə tərəf olacağıqsa, barışıqdan tərəf olmalıyıq. Düşünürəm ki, mətbuat üzərindən söz savaşını dayandırıb tərəflər arasında dialoqu bərpa edərsək, bundan tərəflər də, cəmiyyət də qazanar. Ancaq Arif Alışanov əleyhinə verilən bəyanatdan da xəbərim yoxdur və imza da atmamışam. Mən dediyim kimi, problemi qarşılıqlı bəyanatlarla deyil, öz aramızda dialoq yolu ilə çözmək tərəfdarıyam”.

  • Sözün 71-ci səxavəti

    sabir11Sabir RÜSTƏMXANLI

    Çağdaş ədəbiyyatımızın görkəmli yaradıcılarından biri, gənclik dostum Seyran Səxavət Novruz bayramından üç gün sonra ömrünün 71-ci ilinə qədəm qoydu. Bu, bir az da zarafat kimi, inanılmaz görünür mənə. Biz bir-birimizlə rastalaşanda elə 50 il öncənin ovqatı ilə əhvallaşır, o vaxtın zarafatlarını davam etdiririk. Ancaq qaçmaq da olmaz, yeddinci onilliklə vidalaşırıq; Seyran, ardınca mən, sonra yenə o illərdən başlanan dostluq, qardaşlıq duyğusu ilə bağlı olduğumuz Ramiz Rövşən… və bizim nəsildən başqaları…  

    Ancaq bu uzun və dünya tarixinin bir sıra son dərəcə önəmli hadisələrilə dolu olan yolu keçəndən sonra, ömrün zirvəsindən baxanda nə yolun uzaqlığı görünür, nə apardığımız mübarizələrdəki sarsıntılarımız, nə çəkilən əziyyətlər… Acı xatirələr də şirinləşir; gördüyümüz işlərlə və hələ ki, sağlam olmağımızla, gücümüzün tükənmədiyi ilə təskinlik tapırıq.

    Seyran Səxavət də aralarında olmaqla, ən yaxın dostlarım haqqında 30 il əvvəl yazmışdım: “Dostların ata yurduna, doğulub boy atdıqları guşələrə uzanan yollar mənim gözümdə dünyanın ən gözəl yollarıdır. Yaşadığım günlərin ən şirinini axtarası olsam, həmin yollarda, Azərbaycan səmasına təkəmseyrək səpələnmiş doğma işıqlara doğru aparan xatirələrdə tapa bilərəm. Xəyalımızda bəzən bütöv bir mahal, bir rayon bir çırağın işığına sığınıb yaşayır. Yazdıqları əsərlərdə müəlliflərin özləri ilə yanaşı, onların ocaqlarının da obrazı var və mən bu sətirləri yazanda həmin obrazlar tək-tək gözümün önündə canlanır… Fizulidə Seyran Səxavətin, Əmircanda Ramiz Rövşənin… (Bu siyahı uzundur) nə vaxtsa kandarından keçib, çörəyini kəsdiyim ata ocaqları hərəsi bir dünyadır və yurdun okean genişliyində öz bayraqları altında asta-asta ləngərlənən gəmilər kimi hər birinin öz adı, öz yolu, öz qayğısı var; … başımızın üstündə o evlərin xeyir-duası gəzir”.

    Hələ torpaqlarımız işğal olunmamışdı, yollarımız bağlanmamışdı. İndi o yazıda adlarını çəkdiyim dostlarımızdan, Sabir Əhmədli başda olmaqla, bir çoxunun yurdu düşmən əlindədir, ocaqları dağıdılıb.

    Seyran Səxavətin düz 40 il öncə ilk dəfə qonaq olduğum ata ocağı da düşmən tərəfindən yandırılıb. Küçələrində şuxluqla addımladığımız, adamlarının üzündən rahatlıq yağan gözəl bir şəhərimiz xarabalığa çevrilib, həyat sevgisi ilə dolu yumoru, zarafatı, çalıb-oxumağı sevən bütöv bir el öz yurdundan aralı düşüb. Dost məclislərimiz, zarafatlarımız acı xatirəyə, nəğmələrimiz ağıya dönüb.

    Füzuli bölgəsinə məhz Seyranın, onun ata-anasının, qardaşlarının gözüylə baxmışdım; Qarabağın bu gözəl güşəsi onların vurduğu boyalarla, onların qatdığı dad-tamla köçmüşdü ürəyimə. Güney Azərbaycan haqqında “Azərbaycan irticası” adlı kiçik poemamı, başqa bir gənclik dostum Çingiz Əlioğlunun Seyrangillə qonşu olan evlərinin qərib görkəmindən doğan “Dost əlinin yadigarı” şeirini də orda yazmışdım. Ancaq ən əsası Seyranı orda daha yaxından tanıyıb, duymağım olmuşdu. Xarakterindəki cömərdliyin, eyni zamanda ərköyünlüyün, səmimiyyətin köklərini orda görmüşdüm.

    İnsanları sevmək, onların qayğısına qalmaq, dostluq xüsusi bir istedaddır və onun Füzulidə öz çevrəsi ilə münasibəti bu istedadının göstəricisi idi.

    Seyran Səxavət 25 ildir Qarabağsızlıq ağrısının içindədir. Amma qələmi bircə gün də bu ağrıya təslim olmadı. Bir dəfə axtara-axtara gedib onu Mərdəkanda, vaxtilə məşhur olmuş, ancaq indi əvvəlki abadlığı itmiş bağlardan birinin balaca otağında, yazı masasının arxasında tapmışdım. “İş yox, ev-eşik yox, bağ yox, gedəsi yer yox… Bura sığınmaqdan başqa çarəm qalmayıb. Sağ olsunlar, 20-25 günlüyə bir otaq verdilər ki, əlimdəki yazını tamamlaya bilim”.

    Mənə elə gəlmişdi ki, bu sıxıntılar içində olan dostum təkcə yazı yazmaq həvəsi ilə sığınmamışdı ora, Qarabağı hər yönü ilə, bütünlüklə sığışdırmağa çalışdığı yeni əsərini yazmaqla yanaşı, həm də dərddən qaçmışdı; o balaca otaqda uşaqlıq dünyasının bu gün üçün yoxluğunu, əlçatmazlığını, ata-anasının məzarlarını ziyarət edə bilməmək faciəsini yüngülləşdirməyə, ürəyini ovutmağa çalışırdı. Adamlardan gizlənmirdi təkcə, həm də özündən, öz xatirələrindən, itirdiyi doğma insanların sual dolu baxışlarından, ədəbiyyat üçün bu qədər zəhmət çəkə-çəkə hələ də ögey münasibət görməsindən, qayğılarından gizlənmək istəyirdi. Ancaq bu, mümkün olan bir iş deyil, o, ruhən bircə gün də Qarabağdan, onun tarixindən, mədəniyyətindən, xatirələrindən, sevgisindən, söz-söhbətndən ayrı olmadı, ayrı ola bilməz.

    Seyran Səxavət o adamlardandır ki, onlara baxanda Qarabağ həyatının canlı şəkildə, bütün gurluğu, yaradıcılıq eşqi və ümidləriylə davam etdiyinə inanırsan; Fizulidən uzaqlıq yaddan çıxır, bu işğalın, savaşın tariximiz üçün keçici bir şey olduğuna əminliklə gələcək yollarımız, alacağımız dərslər barədə düşünürsən. Çünki bu dərslərin bir hissəsi də elə Seyranın əsərlərindədir.

    O, təbiətən istiqanlı, dil tapmağı, körpü salamağı, özünü təqdim etməyi və ya tanıtmağı bacaran adamdır. Bütün bunlar onun aldığı tərbiyədən, ailə ənənələrindən, keçdiyi həyat yolundan gəlir. O, Qarabağ mayası ilə yoğrulmuş, yumoru, şuxluğu yerində olan əsərləri ilə işğala, zamanın və dünyanın ədalətsizliklərinə, onu ata ocağından uzaq salan düşmənin alçaqlığına meydan oxuyur, “siz məni və mənim millətimi sındıra bilməzsiniz” deyir, Qarabağ ruhunun ucalığını, Qarabağ insanının iti zəkasını və hazırcavablığını göstərməklə öz vətəndaşlıq missiyasını yerinə yetirir, söz cəbhəsindəki savaşını davam etdirir.

    Seyran Səxavət ədəbi həyatına şeirlə başlamışdı. Universitet illərində  məclislərdə, dərnəklərdə oxuduğu şeirlərinin orijinallığı, səmimiyyəti, obrazlılığı ona gənc nəsil arasında xüsusi bir yer qazandırmışdı və şair taleyinin uğurlu olacağından xəbər verirdi. Sonralar mətbuatda nəsr əsərlərini görəndə də mən onun poeziyadan tam qopduğuna inanmadım. Çünki o şeirləri yazan adam şeirlə həmişəlik vidalaşa bilməzdi.

    Bütün bunlar yolun başlanğıcında olmuşdu. Tələbəlik illəri, şeir dərnəkləri, bir həyətdə kirayənişin qalmağımız, sonra “Ədəbiyyat və İncəsənət” qəzetində birgə çalışmağımız, ümumi dərdlər, qayğılar ədəbi taleyimidə də silinməz izlər buraxdı. Sonra İrana işləməyə getdi. Bakıya fərqi bir həyat məktəbi keçəndən sonra, yeni güclə, yeni həvəslə və təbii ki, yeni əsərlər və yaradıcılıq planları ilə gəldi. Bir müddət soyadına yaraşan şəkildə yaşadı, ancaq məncə, onun səxavəti həmişə əliaçıqlıqdan daha çox mənəvi bir anlam daşıyıb, sözündəki, ruhundakı genişlıyi, zənginliyi əks etdirib…

    Seyranın “Nekroloq”, “Daş evlər”, “ Qaçaqaç”, “ Bəhanə”, “ Yəhudi əlifbası” və başqa romanları, hekayələri, ölkə teatırlarında oynanılmış pyesləri, çox sayda publisistik yazıları ona çağdaş ədəbiyyatımızda  bənzərsiz yer qazandırıb, onu Azərbaycan nəsrinin ən parlaq simalarından biri kimi şöhrətləndirib.  Əsərləri bir çox dünya dillərinə tərcümə edilib.

    İlk şeirlərini bir-birlərinə utana-utana oxuyan dostlarımın bu gün ədəbiyyatmızda inkaredilməz ədəbi şəxsiyyətlərə, milli mədəniyyətimizin canlı abidələrinə çevrilmələri illərimizin havayı keçmədiyini göstərir, yetmiş rəqəminin zəhmini unutdurur və bir daha inanırsan ki, əsil istedad üçün yaş sıxıntısı yoxdur.

    Mənə görə, Seyran nəsr əsərlərində, hətta publisistikasında da şair olaraq qalır. Hər nə qədər janr qarışıqlığını ədəbiyyat üçün qüsur saymaq meyilləri olsa da, böyük qələm sahiblərinin heç vaxt belə bir ayırıb seçmək, keçilməz sədd çəkmək qayğısı olmayıb. Həyatın nağılı, xatirəsi, faciəsi ilə laylası, nəğməsi, romantikası, qanadlı ovqatı iç-içə yaşadığı, ruh və bədən ayrılmaz olduğu kimi, böyük nəsr əsərləri də saysız poetik naxışlarla süslənir.

    Seyranın nəsri hadisə, təhkiyə nəsri yox, dialoq nəsridir. Mövzu orijinallığından daha çox, dil gözəlliyinin qayğısına qalır. Onu tikdiyi binanın böyük-kiçikliyindən, memarlıq şəklindən daha çox (hərçənd ki, əsərlərinin çoxu bu cəhətdən də mükəmməldir), bu binaları hansı kərpiclə, hansı materialdan tikəcəyi maraqlandırır. Oxucunu hadisədən çox koloritli, canlı, xalq həyatının bütün gözəlliklərini içinə sinirmiş dadlı-düzlü dil çəkib aparır. Bu baxımdan onun roman və hekayələri arasında da fərq qoymaq çətindir. Məsələn, “Rəmiş” adlı çox da böyük olmayan hekayəsini hansı ovqatda yazıbsa, tanınmış muğam ustası, xanəndə Suleyman Abdullayev haqqındakı “Bəhanə” sənədli romanını da o ovqatla və o dildə qələmə alıb. Bəlkə də oxuyub desək, daha doğru olar. Çünkü bu əsərlər dilin musiqisi, muğamı-rəngi, təsnifi, zənguləsi, impravizəsidir. Biri hekayə, biri roman olsa da, ikisini də eyni zövqlə oxuyur və heç birindən doymursan. Tardan və gitaradan doymadığın kimi!

    Seyranın nəsr əsərlərində dil amilinin nə dərəcədə mühüm olduğunu göstərmək baxımından “Rəmiş” hekayəsini nümunə gətirmək olar. Virtouz gitara ifaçısı müəllifə zəng vurub Yasamala bir həyətə yeyib-içməyə dəvət edir. Müəllif də iki gənc dostuyla gedir və görüşürlər. Vəssalam. Nə mürkkəb sujet var, nə dramatik ziddiyətlər. Amma burda mükəmməl xarakterlər var. Sənətin gücü də, işğal olunmuş Qarabağın ağrısı, dərdi də, bu dərdin insanları sındıra bilməyəcəyinə inam da. Yenə ilk növbədə  bütün yük dialoqların və Qarabağ ağzının dadı-duzundan yoğrulmuş bədii dilin üzərindədir və hekayədə Rəmişin musiqisilə Seyran dili eyni səviyyədə səslənir.

    Etiraf eləməliyik ki, Azərbaycan bədii və ədəbi dili yurdumzun bütün bölgələrinin danışıq dilindəki potensialı eyni dərəcədə cəmləşdirməyib. Tarixi şərait üzündən ədəbi dilimiz daha çox Şirvan və Gəncəbasar dialektləri əsasında formalaşıb. Bəzi böyük qələm sahiblərinin sayəsində Qarabağ və Naxçıvan dialektləri də bu prosesdən kənarda qalmayıb. Lakin bütünlükdə həm Qarabağ ağzını, həm Borçalı, Dərbənd, Güney Azərbaycan, Doğu Anadolu, Kərkük dialektlərinin ədəbi və bədii dilimizə qazandıra biləcəyi bir çox rənglər və çalarlar var ki, ədəbi dilimizə gəlməlidir və bu prosesdə başlıca rolu o bölgələrdən yetişmiş yeni qələm sahibləri oynayacaqlar. Bu baxımdan yanaşanda, Seyran Səxavətin əsərləri də, Qarabağdan olan başqa bir böyük dostmuz Sabir Əhmədlinin əsərləri kimi, bədii dilimizə yeni çalarlar qatması ilə də dəyərlidir.

    Müstəqil Azərbaycanın ədəbi siyasəti müstəqillik dövrünün yeni şüurunun və ideologiyasının daşıyıcısı olan güclü qələm sahiblərinin əsərləri nəzərə alınmadan formalaşa bilməz. Bu baxımdan adlarını çəkdiyim və çəkmədiyim yaşıdlarımın, ədəbiyyat tariximizin silinməz fəsillərinə çevrilmiş qələm sahiblərinin hər biri daha artıq qayğıya və diqqətə layiqdir. Məncə, əlaqədər təşkilatlar bunu nəzərə almalıdır.

    Seyran Səxavətin, Ramiz Rövşənin builki yubileylərində ata-baba ocaqlarına gedə bilməmələrinin acısını yalnız qələbəni sürətləndirməklə unutmaq olar. Keçdiyimiz yolların xatirələrini Qarabağ dağlarının qulağına pıçıldaya bilsək, xoşbəxt olardıq! Dağlar qədirbiləndir…

  • “Onlar insanlığı, şərəf və ləyaqət hissini çoxdan unutmuş vəhşilərdir”

    “Ankara baş verən elə bir faciədir ki, insan deməyə söz tapmır. Bu, nə insanlığa, nə də müsəlmanlığa yaraşan hadisədir. Ankarada terror baş verən yeri yaxşı tanıyıram. Kızılay meydanı Ankaranın mərkəzidir, ürəyidir, işdən çıxan, evinə tələsən dinc əhalinin ən çox toplaşdığı yerdir. Belə bir yerdə terror törədənlər insanlığı, şərəf və ləyaqət hissini çoxdan unutmuş vəhşi yaratıqlardır. Siyasi terrorun belə müəyyən siyasi hədəfləri olur və həmin hədəflərə qarşı törədilir, dinc əhaliyə, günahsız insanlara toxunmaq tarixdə çox az görünən məsələlərdir”.
    Bunu Moderator.az-a açıqlamasında VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Ankarada dünən baş vermiş terror  olayına münasibət bildirərkən deyib.
    S.Rüstəmxanlı daha sonra qeyd edib ki, Ankarada baş verən növbəti terrordan sonra artıq Türkiyə dövləti ciddi addımlar atmalıdır: “Son vaxtlar təəssüf ki, terrorçular birbaşa Türkiyənin ürəyini, Ankaranı nişan alırlar. Orada əslində PKK çox zəifidir, çox ciddi müdaxilə edə bilmir. Türkiyənin İraqla sərhəd bölgələrində PKK-nın yuva qurduğu yerlərdə son vaxtlar həyata keçirdiyi uğurlu əməliyyatlar müəyyən qurupların vəhşiləşməsinə səbəb olub. Ankarada baş verən terror hadisələri  Türkiyənin son vaxtlar terrorun kökünü kəsəcəyi ilə bağlı açıq şəkildə verdiyi bəyənatlara cavabdır. Bildirmək istəyirlər ki, terror davam edəcək. Çox ciddi narahatçılıq doğuran məsələlərdən biri də odur ki, Türkiyə kürd xalqının tələblərini, istəklərini nəzərə alaraq müəyyən addımlar atdı. Kürdlərin özlərinin ayrıca siyasi partiyaları məclisdə təmsil olunur, onların istəkləri məclisdə dilə gətirilir. Artıq bu proseslərin bir hissəsi siyasi müstəviyə keçib. Gözləmək olardı ki, bundan sonra terror dayanacaq, normal, sivil qaydada kürdlər öz istəklərini dilə gətirəcəklər, dövlətlə dialoqlarını davam etdirəcəklər. Amma təəssüf ki, burada ikibaşlı oyun gedir, məclisdə oturanların əslində bir əlləri də terrorçuların cibindədir. İndiki terrorun ən qorxulu tərəfi ondan ibarətdir ki, terrora dəstək verənlərin bir hissəsi Türkiyənin  həm də rəsmi orqanlarında, məcisində, baş bakanlığında, nazirlərinin arasında əyləşib. Görünür ki, müxtəlif məqamlarda oturan bir sıra kürdəsilli şəxslərin PKK ilə gizli sövdələşmələri, əlaqələri var ki, PKK belə cəsarətlə gəlib Ankaranın ürəyinə çıxa bilir. Başqa tərəfdən görünür ki, beynəlxalq qüvvələrin Türkiyəni zəiflətməyə çalışmaq, bölgədə, İraqda, Suriyada, İslam dünyasında baş verənləri tədricən Türkiyəyənin içərisinə soxmaq meylləri də var. Bu terror təkcə PKK olayı deyil, həm də PKK-ya dəstək verən bir sıra beynəlxalq güclərin də burada rolu var və bunu inkar etmək olmaz. Çünki PKK üzvlərinin, terrorçuların əlində elə silahlar tutulur ki, həmin silahlar ancaq bəlli dövlətlərdə istehsal olunur, yalnız onların razılığı ilə bu bölgəyə ötürülə bilir. Beləliklə, Türkiyə bu gün həm daxilindəki separatizmin, bölücülük hərəkatının, həm vaxtikən sovetlər birliyinin dəstəyi ilə yaradılmış siyasi partiya olan, sonradan terroçu qrupa qurşanmış bir qurumun, həm siyasət adıyla türk düşmənçiliyi ilə məşğul olan müəyyən dəstələrin, illərdir dünyada beynəlxalq türk düşmənçiliyi aparan güclərin, qucaq açdığı insanların hədəfindədir. Təəssüf ki, Türkiyə qucaq açıb Suriyadan mliyonlarla insanı öz ərazisinə buraxır, humanitar yardımlar göstərir. Ancaq sabah onların necə hərəkət edəcəyi bəlli deyil. Türkiyənin şəhərlərinin küçələrində dilənçiliklə məşğul olan, iş görən insanların sabah Türkiyəyə arxadan hansı zərbə vuracağı bu gün bəlli deyil. Ona görə də Türkiyə dövlətinin ciddi tədbirlər görməsi lazımdır”.
    Xalq şairi sonda Türkiyə dövlətinə, Türk xalqına başsağlığı verib: “Bu böyük faciədir, həm də bizim faciəmizdir, qətliamdır, dinc əhali yaralanıb, məhv olub. Mən Türkiyə cümhuriyyəti dövlətinə, türk xalqına başsağlığı verirəm, keçmiş olsun deyirəm, Tanrı Türkü  qorusun. Həm də Türk özünü qorusun, öz dəyərini, qədrini bilsin, siyasətini düzgün müəyyənləşdirsin, atdığı addımlar millətin xeyrinə olsun. Dövlət yetkililəri müvəqqəti siyasətlərin əsiri olmadan, xalqın böyük gələcəyinə yönəlmiş uzunömürlü siyasətə xidmət etsinlər”.
    Rumiyyə
  • Sandıq boş deyilmiş

    Sabir RÜSTƏMXANLI

    Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar, rəssam övladının rəssam olmasına təəccüblənmir, olası bir iş kimi baxırıq; gözünü açıb evində kağız-qələm, kitab görüb, yaxud uşaqlıqdan qulaqları musiqi səsiylə dolub, rəsm əsərlərinin arasında böyüyüb və s.

     

    Ailə mühiti, ata-ananın sənəti, maraqları, evdə gedən söhbətlər uşaq ürəyində silinməz izlər qoyur və çox vaxt sonrakı həyat yolunu bəlirləyir. Xoşbəxtlikdən, bizdə sənət adamlarının övladlarının və ya varislərin çoxunun inkaredilməz istedadı göz önündə olduğundan, heç kimin ürəyində “atan filan sahənin tanınmış adamıydı, vacib deyildi ki, sən də onun yolunu davam etdirib adını batırasan!” etirazı, əsasən, baş qaldırmır. Digər sənətlərlə işim yox, ədəbiyyat sahəsində nə yaxşı ki, belədir. Övladların əksəriyyəti atalarına hörmət qazandırmışlar. Kamal Talıbzadəni, Məsud Əlioğlu və Afaq Məsudu, Şamo Arifi, Çingiz Ələkbərzadəni, Araz Dadaşzadəni, Yusif və Vaqif Səmədoğlu qardaşlarını, Anarı və Günel Anarqızını, Elçin və Timuçin Əfəndiyevi, Elçin Şıxlını, Orxan Fikrətoğlunu xatırlatmaq sözümüzü təsdiq üçün yetərlidir. Ancaq bir məsələ var ki, bu uğurlu ədəbi varislik yaradıcılıqda ilhamın əsas şərt olmasını, Allah vergisi sayılmasını bir balaca şübhə altına alır. Çünki Allah da bəzi Şərq padşahlarına bənzəmir ki, şahlıq taxtına hökmən özününkünü oturtmaq istəsin və ya ögey-doğmalıq edib ilham pərisini davamlı olaraq eyni qapılara, eyni soyadlara göndərsin…

     

    Xalq şairi Qabilin oğlu Mahir uzun müddət atasının yolunu davam etdirmək istəyindən uzaq görünürdü, yaşı qırxı keçmişdi, ədəbi mühitin cazibəsini yerli-dibli qırmaq üzrəydi ki, qəfildən ilham pərisi onun da qapısını döydü. Düzdür, Mahir də yazı-pozudan tam uzaq deyildi, Dədə Qorqud ensiklopediyasında, AzTV və “Speys” televiziya şirkətlərində, “Xalq qəzeti”ndə işləmişdi və zarafatla yazdığı kimi, çalışdığı bir neçə müəssisəni “ağ günə” çıxarmışdı. İş yoldaşları, dostları onun publisist qələminə, iti ağlına və yumoruna yaxşı bələd idilər. Ancaq televiziya jurnalistikası ayrıdır, bədii nəsr ayrı…

     

    Və nəhayət, günlərin birində Mahirin də səbri tükəndi, “ənənə” çərçivəsindən kənarda qala bilmədi və bəlkə də bu yolla atasının “nigarançılığına” son qoymaq istədi; Qabilin ruhunu “niyə Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin ədəbi davamçıları var, mənim yox?” sualına cavab axtarmaq əziyyətindən qurtardı. Öncə Qabilin “qəribə əhvalatları”, sonra öz roman və hekayələri bir-birinin ardınca dörd kitaba çevrildi. Bundan sonra şeir tərcüməçiliyinə başladı…

     

    Bu kitablar, eləcə də, Qabilin “o dünyadan məktubları” göstərdi ki, Mahir yazıçı övladlarının yaradıcılıq cəbhəsini zəiflətmək niyyətində deyildir… Allah yolunu açıq eləsin! Mənə elə gəlir, Mahirin qələmə sarılandan sonra öz böyük “mənəvi qohum-əqrəbalarını”, tanıdığı digər yazıçı övladlarını ərklə hədəf seçməsi də elə bu yola gecikməsinin hirsindən doğulmuşdur. Yoxsa, Mahir, atasının həmin adamlara sayğıyla yanaşdığını, bəziləriylə yaxın dost olduğunu hamıdan yaxşı bilir… Mahirin oxumaq imkanı tapdığım bu türlü yazılarında ərk də var, mühitimizin nöqsanlarını söyləmək cəsarəti də, inciklik də, subyektiv yanaşmalarından doğan tələskənlik də… Amma bütün bunlarla yanaşı, həmin yazıların istedadlı və iddialı bir qələmin məhsulu olduğunu, təzə nəfəsini, ciddi ictimai-siyasi və mənəvi problemlərə toxunduğunu, maraqla oxunduğunu da ayrıca qeyd etməliyəm. Mahir Qabiloglunun yazılarına və kitablarına marağımın, onun inkişafını izləməyimin ilkin səbəbi, şübhəsiz, atasına olan sayğım, onunla uzun illər davam edən dostluğumuz olmuşdur. Qabil gördüyüm ilk yaşayan, canlı şair olmuşdu. Onda on üç yaşım vardı, bizi məktəblilərin respublika bədii olimpiadasına gətirmişdilər. Qabilin qaynı, gözəl qarmonçalan, sonradan sinif yoldaşım və yaxın dostlarımdan biri olmuş Tofiq də bizimləydi. O, Qabilin bir çox şerini əzbər bilirdi və qiyabən yeznələrini bizə sevdirmişdi. Şairi və onun Hüsü Hacıyev küçəsindəki iki otaqlı balaca mənzilini o vaxt görmüşdüm.

     

    Tale elə gətirdi ki, bundan səkkiz il sonra, yəni iyirmi bir yaşımda “Ədəbiyyat və İncəsənət” qəzetində işə qəbul edildim. Qabil qəzetdə şeir şöbəsinin müdiri idi. Qısa müddətdə dostlaşdıq və bu dostluq heç vaxt pozulmadı.

     

    Bu günlərdə Mahirin “Sandıq” kitabını oxuyanda, nədənsə, ilk dəfə bir şair evinə gedən o uşaqların həyəcanı, orda utana-utana nahar yeməyimiz və bir də balaca balkonda qoyulmuş sandıq yadıma düşdü. Qabil müəllimin anası sağ idi, sandığın üstündə oturmuşdu və bizi dilə tuturdu ki, utanmayın, iştahla yeyin. Mahir dünyaya gələndə o sandıq qalırdımı, o sandığı görmüşdümü, deyə bilmərəm və bunun elə bir əhəmiyyəti də yoxdur. Sandıqlar köhnəlir, yeni mebellərlə bir araya sığmır, atılır. Ancaq azərbaycanlıların düşüncə sistemində heç vaxt köhnəlməyən, atılmayan bir sandıq da var – yaddaş və bilgi sandığı, rəmzi sandıq, xatirə dağarcıqlarının qorunduğu sandıq.

     

    Mahir açıb sandığı, töküb pambığı. El arasında söz var: bağlı süfrənin bir eybi var, açıq süfrənin yüz eybi… Bunu sandıq haqqında da demək olar. Bağlıdırsa, ancaq açılmamasından narazılıq edə bilərsən. Açılandan sonra çox yöndən baxıb çox cür dəyərləndirəcəklər. Əsas kimin hansı gözlə baxmasıdır.

     

    Mənə xoş gələn Mahirin öz “Sandığını” açmaqdan qorxmaması, xatirələrini sərbəst şəkildə paylaşmasıdır. Belə bir cəsarətin əsas səbəbi, məncə, onun adamlara və olaylara münasibətdə atasına çox bənzəməsidir; yəni səmimiyyəti, sözü açıq və şax demək bacarığı, özü kinsiz-küdurətsiz olduğundan kiminsə onun sözündən inciyəcəyini düşünməməsi, “düz sözü zarafatla deyərlər” prinsipini əsas götürərək, bir çox həqiqəti çəkinmədən dilə gətirməsidir. Sandıqdan çıxanları Mahir “Sandıq ədəbiyyatı” adlandırır: “Bütün bunlar Azərbaycan yazıçılarının sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü, heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür, “sandıq ədəbiyyatı” başqa mənada işlənir. Amma siz bunu memuar kimi (?) adlandıra bilərsiniz. Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar, Elçin Əfəndiyev, Vaqif Səmədoğlu (Allah rəhmət eləsin -S.R.), Elçin Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı görməyibmi, bilmirmi? Görüblər. Düzünü bilsəniz, məndən on qat, bəlkə yüz qat artıq bilirlər. Amma ki, yazmırlar. …Onların yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə bilmirik”.

     

    Göründüyü kimi, Mahir “sandıq ədəbiyyatı” ilə memuarın fərqini nəzərə alır və istəyir ki, bu ədəbi növlərə aid kitablarımızın sayı artsın, böyük yazıçılarımızın öz dövrləri, tanıdıqları insanlar haqqında düşüncələri və o dövrdə yaşamış tanışların da həmin yazıçılarla bağlı xatirələri itib-batmasın və haqlı olaraq qeyd edir ki, bu işdə, ilk növbədə, övladlar fəallıq göstərməlidir.

     

    Memuar ədəbiyyatımızın zənginləşməsinə olan ehtiyacla bağlı Mahirin qayğılarını paylaşmamaq mümkün deyil. Doğrudan da, bizdə memuar, yol qeydləri az və yazılanda da çox vaxt bəsit yazılır. Halbuki, Manaf Süleymanovun, Qılman İlkinin, Qəzənfər Paşayevin, Məmməd Aslanın adını çəkməyə ehtiyac olmayan məşhur kitablarının, Anarın “Sizsiz”inin, yaxud Nazim Hikmət haqqında xatirələrinin timsalında belə ədəbiyyatın uğurlu nümunələrinin necə maraq doğurduğunu görmüşük. Sandıq ədəbiyyatı isə tamam ayrı bir mövzudur; bizdə hətta sovet dövründə də sandıq üçün yazan, demək olar ki, olmamışdı və sandıqlr açılanda ordan gizli və ya gizlədilməyə layiq olan bir şey çıxmır. Xalq şairi Qabil də sandıq ədəbiyyatı yazmırdı. Yaşıl mürəkkəblə, iri hərflərlə yazdığı şeirləri boyata qoymadan, mürəkkəbi qurumamış bizə, əlinə keçən dostlarına oxuyar və çap etdirərdi. Sonra da zəng vurub həmin şeirlərin dərc olunduğu qəzet və ya dərgini görüb-görməməyimizlə maraqlanardı. Xalq arasında da yaxşı tanınırdı, hələ sağlığında başına gələn və bəzisinin şahidi olduğumuz məzəli əhvalatları dildən-dilə gəzirdi. Bununla belə, Mahirin sandığı açılandan sonra böyük dostumuzun “qəribəlikləri”, əslində isə yüksək insani keyfiyyəti, səmimiyyəti,, ailəsinə və övladına diqqəti, milli məsələlərdə barışmaz mövqeyi barədə daha çox şey öyrənirik. Təkcə Qabili yox, onun yaxınlarını, qohumlarını, qonşularını, siyasi mühitdəki və ədəbiyyatdakı yaxın dostlarını daha yaxşı tanıyırıq.

     

    Kitabda Qabilin xarakteri bütün maraqlı tərəfləri ilə göz önündə canlanır. Onunla ölkənin müxtəlif səviyyəli adamları, elm, mədəniyyət xadimləri, siyasi liderləri arasındakı münasibətlər haqqında maraqlı cizgilərdən, xatirələrdən xəbərdar oluruq; haqqında bildiklərimizə yeniləri əlavə olunur. Bütün bunlar atasını sevən, ona bağlı olan, bununla yanaşı, Azərbaycan ədəbi, siyasi, ictimai mühitindən məlumatlı, bilgili bir övladın diliylə deyilir, təsvir edilir. Burda bəzi dəqiq olmayan və ya birtərəfli, subyektiv məqamlar da ola bilər və olmalıdır. Ona görə ki, Mahir öz dünyasını, öz görüb bildiklərini və ya eşitdiklərini yazır; öz mövqeyini göstərir. Düşüncələrini heç kimə düstur və ya bəhs edilən mövzunun tam şəkli kimi qəbul etdirmək niyyəti yoxdur.

     

    Əslində memuarın, xatirənin özəlliyi də elə bundadır. Hər kəs öz baxış bucağından gördüyünü yazır, öz mühakimələriylə çıxır ortaya və bu da fikir demokratizmini genişləndirməyin bir yoludur… Əsas odur ki, kitabdakı yazıların çoxu içdən gələn, oxucunu inandıran bir səmimiyyətlə yazılıb.

     

    Kitabdaki bir sıra əhvalatın, xatirələrin qəhrəmanları həyatdadır, tanınan adamlardır. Bu, müəllifdən xüsusi məsuliyyət tələb edir. Mahir də atası kimi, adamlar haqqında daha çox sevgiylə, onların cəmiyyətdəki yerini, gördüyü işlərin dəyərini göstərə-göstərə danışır. ”Sandıq”dakı yazıları fərqləndirən mühüm cəhətlərdən biri budur. Mahir şair oğlu olsa da, ədəbiyyatın şinelindən çıxmayıb, öz dediyi kimi, AzTV-nin şinelindən çıxıb; bu isə hər gün insanlarla canlı ünsiyyət, həyatı müxtəlif yönlərdən görüb məlumat toplamaq, daim hadisələrin qaynar nöqtələrində olmaq deməkdir. Buna görə də “Sandıq” həm də televiziya jurnalistikasına həsr edilmiş, jurnalistlərin başına gələn, onların dostluğu, çətin həyatı, müşahidələri, ölkədə gedən proseslərə verdikləri qiymət haqqında zəngin bir kitabdır. Mahirin müşahidələri bizə bir çox televiziya əməkdaşını daha yaxşı tanımaq imkanı verir. Bu baxımdan kitabda şair Qabilin yaxın dostları İsmayıl Şıxlıdan, Hüseyn Abbaszadədən, Xəlil Rza Ulutürkdən başlamış, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırova, jurnalist dostu Eldəniz Elgünə qədər bir çox insanların xırda epizodlardan, xəsis cizgilərdən yaranmış, amma maraqlı portretləri var. Kitabın üslubu da televiziyanın xəbər tərzinə, canlı danışığa yaxındır: qısa süjet, az söz, geniş məlumat…

     

    O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına yaraşmayan bir uşaq sadəlövhlüyü duyulsa da, bu, onun məsələlərə sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə yaxınlaşdırmaq istəyidir; müəllifin üslubudur. Mahir də atası kimi, kəndə bağlıdır, daha doğrusu, Qabil müəllimin arzusuna uyğun və öz istəyilə onu kəndə bağlamışıq… Qayınatası Yardımlının çox hörmətli ziyalılarından, qocaman maarıf xadimlərindən biriydi və mənim də müəllimim olmuşdu. Böyük yazıçımız İsmayıl Şıxlı ilə birgə Mahirin elçılıyini eləmiş və hətta gəlin gətirməyə də getmişdik. İndi Mahir babadır. Yazılarında da baba müdrikliyinə çatmasını və Sandığının daim dolu olmasını arzulayıram.

  • “Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir”

    “Yer üzündə Eynulla Fətullayev kimi murdar, satqın, riyakar, alçaq adam görməmişəm”

    “Eynulla Fətullayevin dedikləri onun əxlaqsızlıq ölçüləridir. Gücü çatmayan daşdan yapışmasın başına düşər”.
    Bunu Moderator.az-a Xalq şairi Sabir Rüstəmxanlı jurnalist Eynulla Fətullayevin sosial şəbəkədə onun haqqında yazdığı statusa münasibət bildirərkən deyib.
    Xalq şairi qeyd edib ki, E.Fətullayev illərdir ona böhtan atmaqla məşğuldur:
    “Yer üzündə Eynulla Fətullayev kimi, murdar, satqın, riyakar, alçaq adam görməmişəm. Neçə illərdir onun işi-peşəsi elə mənə böhtan atmaqdan ibarətdir. Ondan fərqli olaraq mən heç vaxt sifətimi dəyişməmişəm. İndi dediyim sözləri Milli Məclisdə də demişəm, Milli Məclisə getməyəndə də deyirəm. Bəlkə də onlar elə bilirlər mən birinci dəfədir bu sözləri deyirəm? Onlar fil qulağında yatıblar və heç nədən xəbərləri yoxdur, elə bilirlər ki, mən birinci dəfədir belə danışıram. Milli Məclisdə 25 il daima öz mövqeyi olan bir adam olmuşam və daima da öz mövqeyimdən çıxış etmişəm, həmişə millətin dərdin demişəm. İndi də eyni fikri deyirəm, amma bu gün vəziyyət daha ağırdır və ona görə məcburam ki, bəzi məsələləri daha kəskin deyim. Milli Məclisdə olsaydım da yenə eyni sözü deyəcəkdim”.
    Sabir Rüstəmxanlı jurnalistlə bağlı nəinki hansısa tədbir görməyi, hətta onun haqqında danışmağı belə özünə rəva bilmədiyini vurğulayıb: “Eynulla bir həşaratdır və onun həşarat olduğunu, hara girib hardan çıxdığını, neçə dəfə hansı deşikləri dəyişdiyini bütün Azərbaycan çox yaxşı bilir. Mən heç onu bu millətdən saymıram, hansı millətdəndir bilmirəm. O, öz diliylə danışmayıb, çünki onun öz dili yoxdur. Onun arxasında dayanan, onu ortaya atanların da kimlər olduğunu çox yaxşı bilirəm. Ona görə də o, mənim obyektim deyil onun haqqında danışmağı özümə sığışdırmıram”.
    Qeyd edək ki, Eynulla Fətullayev sosial şəbəkədə şəxsi səhifəsində yazdığı statusla Sabir Rüstəmxanlını təhqir edib: “Azərbaycanda bir siyasətçi var. Adı Sabir Rüstəmxanlıdır. Tarixdə belə simasız adam olmayıb. Mandatı alınan kimi keçdi təzədən müxalifətə. İndi iqtidarı söyməyə başlayıb. Hökumət buna bir günlük mandat verə, təriflədə, sonra təzədən ala əlindən. Yenə verə sonra ala əlindən… Bax bu məxluq hələ də özünə ziyalı deyir”.

  • “Moskvadakı əksər kinoteatrlar, kino studiyalar ermənilərin əlindədir”

    sabirbeySabir Rüstəmxanlı: “Biz bazara qaçmışıq, onlar isə…”
    Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvezda” Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. Bu barədə telekanalın saytında yanvarın 28-də yerləşdirilən reportajda bəhs olunub.

    Maraqlıdır, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi telekanalında yer alan bu informasiyanı Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olarmı? Azərbaycan XİN-i bununla bağlı Rusiyaya öz etirazını bildirməlidirmi?

    Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq millət vəkili Sabir Rüstəmxanlı bunu Rusiyanın rəsmi mövqeyi kimi dəyərləndirməyin yanlış olduğunu vurğulayıb:

    “Buna Azərbaycan XİN və ya Prezident Administrasiyası səviyyəsində öz etirazını bildirə bilər. Amma bunu Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək olmaz. Çünki Rusiya Azərbaycanın torpaq bütünlüyünü tanıyıb, Dağlıq Qarabağı Azərbaycanın bir parçası kimi qəbul edir. 30 ildir ki, bütün dünya bunu qəbul edib. Bu baxımdan heç nə dəyişilməyib. BMT-nin məlum qətnamələri var ki, bu qətnamələrdə də Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi qeyd olunub. Erməni işğalçılarının bu torpaqlardan çıxması tələb olunub. Zaman ermənilərin işğalçı statusunu təmizləmir, buna bəraət vermir. Onlar bu torpaqlardan çıxmalıdır.

    Rusiyanın həm rəsmi, həm də sahə televiziyalarıdna çoxlu sayda erməni işləyir. Moskvadakı əksər kinoteatrlar, kino studiyaları ermənilərin əlindədir. Onlar hər vasitə ilə Azərbaycana ləkə yaxmağa çalışır. Təəssüflər olsun ki, bizlər bazara qaçmışıq. Onlar isə təbliğat mexanizmlərini ələ almaq haqqında fikirləşiblər. Onlar Rusiyanın, rus ziyalılarının xəbəri olmadan Azərbaycanı əleyhinə işləyirlər. Biz isə bunu Rusiyanın mövqeyi kimi qəbul edirik. Bu, Rusiyanın deyil, ayrı-ayrı şəxlərin mövqeyidir”.

    Seymur Əliyev

    http://www.moderator.az/

  • Ziya Bünyadovun hərbçi oğlu bəzi sirləri açdı: “Ondan böyük avtoritet olmayıb”

    sabirbeyZbunyadovunogluXalq şairi, VHP-nin sədri Sabir Rüstəmxanlı öz evində amansızlıqla qətlə yetirilmiş tarixçi alim, akademik Ziya Bünyadovun oğlu, Bakının 1990-1991- ci illər komendantı olmuş Valeri Bunyatovla görüşüb.  Xalq şairinin onunla hazırladığı yazı- müsahibəni təqdim edir:

    “Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…”

    Nahar fasiləsində, onun iş yerində görüşməyi razılaşdırmışdıq. Saat 1-ə beş dəqiqə qalmış mən maşından enəndə o artıq binanın qarşısında gəzişib gözləyirdi. Əlini qaldırıb uzaqdan salamlaması ilə məni çaşdırdı. Eynilə atasının hərəkətiydi. Sonra bu çaşqınlıq dəfələrlə təkrar olunacaqdı. Dəfələrlə elə biləcəkdim ki, üz-üzə oturduğum adam böyük alimimiz, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun oğlu yox, özüdür. Evində, Milli Məclisdə, akademiyada, “Azərbaycan” qəzetində, yollarda beləcə dərdləşmdiyimiz günlər düşəcəkdi yadıma…

    -Valeri, yaşıd olduğumuza görə, rəsmiyyətə ehtiyac görmürəm – deyə söhbətə körpü salıram.

    “Əlbəttə”- deyir- nə rəsmiyyət, mən hərbiçiyəm, kəsə danışmağı xoşlayıram.”

    -Məni çaşdırırsan, adam da atasına bu qədər oxşaya bilər?

    Üzünə bir razılıq ifadəsi qonur. Bu da yenə Ziya müəllimin bir az istehza qarışıq təbəssümünü xatırladır. Yəni, “başqa cür necə ola bilər ki!” Sonra söhbət zamanı dönə-dönə təkrarlayacaq ki, mən elə bir kişinin oğlu olmağımla ömrüm boyu qürur duymuşam!

    Gecə yağan qar yolları ağardıb. Asta-asta irəliləyirik. “Qar bir yandan, bir yandan da bir neçə gün öncə ayağım bərk burxulub…”- deyir. Ancaq maşına minmək təklifini qəbul etmir: “Gedərik yavaş-yavaş…”

    -Görürsən, təsadüfən yanvarın 20-də görüşmüşük! Bilirsən bu gün hansı gündür?

    “Əlbəttə! Heç unutmaq olar? Həm də Azərbaycan mətbuatını izləyirəm. Hər şeydən xəbərim var!”-deyə sualımı tamamlamağıma imkan vermir.
    -İndi Bakı ayaq üstədir. Bütün şəhər Şəhidlər Xiyabanına axır.

    – Allah, sənin atan da daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin! İstefada olan polkovnik, Sovet Ordusunun köhnə zabiti və ən əsası Fövqəladə Vəziyyət vaxtında bir müddət Bakının komendantı olmuş bir adam kimi, üstündən 26 il keçəndən sonra həmin hadisələrə necə baxırsan?

    – O hadisə Sovet İttifaqı rəhbərliyinin çox böyük səhvi və ağılsızlığı idi. Başqa necə baxmaq olar? Cinayət törədildi… Mən ordunun Bakıya necə girdiyini, dinc əhali ilə necə vəhşicəsinə rəftar edildiyini şahidi olamamışdım. Ancaq sonra da gəlsəm, Bakını, mənə doğma olan şəhəri, atamın şəhərini o vəziyyətdə görmək çox ağır idi. Mən konfliktlərin sakitcə, səbrlə, danışıq yolu ilə həllinə inanıram. Bakıda da bu imkan olub. Ancaq zorakılıq və düşmənçilik yolunu seçmişdilər. Bu, ordunu da, ölkəni də sarsıtdı, sistemin dağılmasına yol açdı.

    Fikrimdə ona veriləsi bir xeyli sual var. İlk baxışda qapalı, öz dediyi kimi kəsə danışmağı xoşlayan, təfərrüatı sevməyən adama bənzəyir. Ancaq nəylə maraqlanıramsa həvəslə və detallarla aydınlıq gətirir. Ən ilginci budur ki, hansı mövzuya toxunuruqsa, axırda sözü yenə atasının üstünə gətirir və mən sərt bir hərbiçi ömrü yaşamış bu adamın ürəyindəki ata sevgisinin böyüklüyünə heyrət edirəm.

    “Anam Raisa Akimovna Xasavyurdludur. Böyük Vətən müharibəsində ordu qərargahında tərcüməçi olub. Alman dilini mükəmməl bildiyindən birbaşa məktəbdən aparmışdilar onu. Həmin orduda atamın komandirlik etdiyi 123-ci batalyon haqqında eşitmisən yəqin…”

    -Özü danışıb, kitabda da oxumuşam…

    -Hə orda tanış olublar və 1945-ci ildə, Berlin ətrafında evləniblər. 1946-cı ildə mən andan olmuşam. Sonrakı həyat yoldaşı Tahirə xanımla əllinci illərdə Moskvada oxuyarkən tanış olub. Düzdür, anam bir ara məni atamdan uzaq tutmaq istəyib, görüşdürməyib, ancaq buna baxmayaraq, əlaqələrimiz həmişə davam edib. 18 yaşıma kimi anama aliment verib. O vaxtın ölçüləriylə ciddi bir məbləğ idi. Yadıma gəlir, atamın göndərdiyi pulun üç ayını yığıb sevdiyim qıza qızıl saat almışdim. 19 yaşımda evlənmişəm. Atamı da dəvət etmişdim. Gəlmişdi. Bir həftə bizdə qaldı… Ailə həyatım uğurlu olub. 51 ildir xoşbəxt yaşayırıq. İki qızım var. Biri mənə qonşudur. 25 yaşlı nəvəm var. Onun da adı Valeridir.

    -Ananız sağdır?

    -Yox. Üç il yarım əvvəl ölüb.

    -Ata-ananın ayrılması, sonra hər birinin ikinci dəfə ailə qurması övladı yaralayan bir işdir. Bu, atanla arada soyuqluq yaratmışdımı?

    – Qətiyyən! Atam mənim üçün həmişə müqəddəs adam olub. Ömrüm boyu onunla, onun qəhrəmanlığı, şəxsiyyəti, böyük alimliyi və mübarizliyi ilə fəxr etmişəm. Mənim üçün həyatda ondan böyük avtoritet olmayıb. Nə iş görsəm ilk növbədə onunla məsləhətləşirdim və həmişə ən ağıllı məsləhətləri də ondan eşitmişəm. O təkrarolunmaz adam idi. Amma tez unuduldu. İndi daha heç kimin yadına düşmür.
    (Bundan sonra hər dəfə atası haqqında danışanda doluxsunur, gözünün yaşını silir.)

    -Elə deyil. Ziya Bünyadov Vətənində çox sevilir; o, bir əfsanədir və həmişə yaşayacaq. Mən onunla dost idim, cavanlıq illərimizdən, hələ qəzetdə işləyəndə onun haqqında yazmışam …

    -Kitabda rast gəlmişəm o məqaləyə…

    -Sonra xatirələrimi yazmışam, şeir həsr eləmişəm ona, imkanım olsa, haqqında bir kitab da yazaram. Bilirsən, yoldaşı Tahirə xanım son illərdə Milli Məclisin kitabxanasında işləyirdi. Tez-tez görüşürdük. Mənə deyirdi ki, Ziya hər adamı qəbul edən deyildi, amma səni çox istəyirdi. Dəfələrlə bizim evdə söhbətin olmuşdu. İndi işləmir Tahirə xanım, xəstədir, bu yaxınlarda gedib baş çəkmişdim ona… Ziya müəllimlə bağlı bir əhvalat da yadıma düşdü. Bir dəfə mənə dedi ki, Bəxtiyara, Nəbiyə şer yazmışam. (Bəxtiyar Vahabzadə ilə Nəbi Xəzrini nəzərdə tuyurdu), sən qalmısan, gərək sənə də yazım. Ziya müəllimin satirası kəskin idi. Əslində, onun tənqidinə tuş gəlmək istəmirdim, ancaq nə yazacağı da maraqlı idi. “Mənə yaza bilməzsən!- dedim. – Mən həcvə gəlmirəm. Sonra məsələni yumşaltmaq üçün “həm də bilirəm ki, məni çox istəyirsən!- deyə zarafat elədim,- “Heç nəyin dəxli yoxdur, gözlə!-dedi. Doğrudan da, yazmışdı; növbəti məclisə gələndə yazdığı şeri mənə verib “oxu!” dedi. Oxudum. Dediyim düz çıxmışdı. Gülə-gülə “bu ki, tərifnamədir!-dedim. Etiraf elədi ki, sənin haqqında başqa cür yaza bilmədim. Onu sevənlər çoxdur. İşlədiyi institut onun adınadır. Oturduğu otağı olduğu kimi, muzeyə çevirib saxlayırlar…

    – Hamısından xəbərim var… Ancaq qəbri üstündə qoyulan heykəl məni əsəbiləşdirdi. Ona yaraşan abidə deyil. Heç olmasa boy-buxununa uy-un olaydı. O nə ilandır ayağının altında? Kimi nəzərdə tutublar? Erməni alimlərini? Atam üçün ilan başı əzmək xırda iş idi. O böyük alim idi və mübarızə obyekti, hədəfləri də ayağına dolaşan bir ilanla ifadə edilə bilməz!

    -Bakıda səni də unutmayıblar…

    -Komendant olduğuma görə hamı pis xatırlayır, eləmi?

    -Yox, elə deyil. İmkan daxilində kömək edirdin. Birini yadına salım. Mən yanına gəlib “Azərbaycan” qəzetinin nəşrini davam etdirməyimizə icazə verməyini xahiş etmişdim və atanın bizim redaksiya heyətinin üzvü olduğunu da demişdim. Sən də tərəddüd etmədən icazə vermişdin…

    -Başqa necə ola bilərdi? O qəzetdə atamın da yazıları çıxmışdı… Onun adı gələn yerdə başqa cür hərəkət edə bilməzdim. Tez-tez görüşüb-görüşmədiyimizi soruşursan. 1965-ci ildə mənim toyuma gəlməsi əsil bayram idi.. Sonra mənim ilk qızım olanda getdik Bakıya. Anam da bizimləydi. Qulluq etdiyim səmtlərə yolu düşəndə ailəvi qarşılamışıq. Mən xasiyyətcə atama çox oxşayıram. Hərbiçi olsam da, ailəmi özümdən ayırmamışam. Hər yerə bərabər getmişik. Bakıya da birgə gedirdik və atam buna çox sevinirdi… Hərbi akademiyanı qurtaranda Bakıya öz maşınımla getmışdim. Atamgildə qaldıq. Bakıda da iki qardaşım vardı və onlarla mehriban olmağımızı istəyirdi. Xüsusən, Cəmillə çox yaxın idik. Heyf, o da tez getdi… Oğlu Musa da getdi. İndi Bibiheybət qəbirstanlığında uyuyan babamızın adını daşıyırdı. Bilirsən, mən atamı həm də niyə görə çox sevmişəm? Atam hər şeyə vicdanla yanaşırdı. Vicdan onun üçün insan olmanın əsas şərtiydi. Vicdanına zidd getməzdi, buna görə də güclü idi. Hər yerdə sözünü çəkinmədən, cəsarətlə, üzə deyərdi. Kitabları, elmi araşdırmaları da belədir. Mən atamın yüksək Azərbaycan sevgisini hiss edirdim, gördüm. Ona pərəstişimin bir səbəbi də bu idi. Ürəyi ilə dili arasında sərhəd yox idi. Sevgisi də, nifrəti də açıq idi. Buna görə sevməyənləri də az deyildi. Bütün ömrü boyu Vətəninə şöhrət və hörmət gətirdi. Mən Özbəkistanda qulluq edərkən onun Xarəzmşahlar haqqında kitabının necə qarşılandığının şahidi olmuşam. Onlar köhnə nəslin adamlarıydılar: əsil ziyalı, əsil vətəndaş, əsil alim, əsil qəhrəman… Mən də atam kimiyəm. Məni də əymək olmaz. Bunun çox əziyyətini çəkmişəm. Onda da atamın yardımını hiss etmişəm… Bununla bağlı belə bir əhvalat danışmışdı: Bakının ağır günlərində, 20 Yanvar ərəfəsində Polyaniçkonun yanında bir yığıncaq varmış. Yazovun, Bakatinin, Kravçukun, Şatalinin iştirak etdiyi bu məclisə köhnə hərbiçi, qəhrəman və xalq arasında hörməti olan ziyalı kimi atamı da dəvət edibmişlər. Atam, söz yox, ordunun şəhərə yeridilməsinin əleyhinə danışır. İçindəki ədalət hissi həmin gərgin məclisdə də mənim vəziyyətimi ona xatırladıbmış. Şatalindən soruşub ki, məni bir şey maraqlandırır, sizdə rütbə çox bahadır? Hamı çaşıb qalır. Onda atam “mənim oğlum on ildir podpolkovnik rütbəsində qalır, böyür- başında hamıya rütbə verirsiniz, ona nə olub? Familiyası xoşunuza gəlmir?”- deyə kükrəyir. Elə həmin gün mənim məsələm həll olunmuşdu.

    -Onda təyin olunmuşdun Bakı komendantı?

    -Yox, mən komendantlığa 1990-cı ilin mayında gəldim. Amma ola bilsin ki. o söhbətdən yaddaşlarında qalmışam. Əslində, mən gəlmək istəmirdim. Çünki komendantlıq haqqında heç bir təsəvvürüm yox idi. Atam da, rütbəmi böyütdürəndə ağlına gəlməyib ki, bir gün məni Bakıya göndərə bilərlər. Ancaq bir müddət sonra öyrəşdim. Komendantlığın maraqlı tərəfi xalqa kömək eləmək imkanı idi. Bakının ərzaq təminatından tutmuş, təmizliyinədək, hər şeyə qarışmalı olurdum. Xalq küçələrə çıxmağa qorxurdu, dəfələrlə elan etmişdim ki, qayda-qanun gözlənilir, qoy hər kəs əvvəlki həyatını yaşasın. Komendantlıq mənə ömrüm boyu arzuladığım başqa bir gözlənilməz imkan vermişdi; bu da atamla bir şəhərdə yaşamağım idi. O vaxtki Buynakski küçəsində, onların qonşuluğunda olurdum. Həftədə üç-dörd dəfə axşamlar ailəvi onlara gedirdik. Biz atamla balkonda oturur və gecə yarısınadək söhbətləşirdik…

    -Fikirlərinizin üst-üstə düşmədiyi vaxtlar çox olurdu?

    -Çox olmasa da, olurdu. Dediyim kimi, atam mənim Bakıda komendant olmağımla barışa bilmirdi. İzah etməyə çalışırdım ki, əksinə, başqalarındansa mənim olmağım yaxşıdır. Siyasi görüşlərimizdə də fərqlər vardı. Məsələn, mən SSRİ-nin dağılmağını istəmirdim, atam isə bunun qarşısıalınmaz bir proses olduğunu görürdü. Ancaq sonra bir konfederal və ya Avropa Birliyinə bənzər daha sərbəst və demokratik ittifaqın yaranmağını istəyirdi.

    – Komendant gəldiyin günü xatırlayırsan? O axtardı səni?

    -Bakıya gələn kimi birbaşa evə, onun yanına getdim. “Məni bura göndərdilər”,-dedim. “Onların məqsədini anlayıram!” söyləyərək, bir az əsəbiləşdi. Sonra sakitləşib, “lap yaxşı, bir yerdə yaşayacağıq!” – dedi.

    -Bakıdan nə vaxt getdin?

    -1991-ci il sentyabr ayının 9-da…

    -QKÇP-dən sonra. Artıq komendant saatına ehtiyac qalmamışdı…

    -Elədir. Moskvada çevriliş baş vermişdi. Ancaq Azərbaycan rəhbərliyi nə baş verdiyini anlamamışdi. Məni təbrik edirdilər.

    -Ancaq biz, Xalq Cəbhəsi olaraq, elə birinci gün çevrilişin əleyhinə bəyanat verdik. Sentyabrın 1-də Moskvada SSRİ Ali Sovetinin sonuncu sessiyası çağırılmışdı. Mən də orda iştirak edirdim. O sessiyada artıq İttifaqın ömrünə xitam verildi.

    -Yadımdadır. O boyda xalq hərəkatına baxmayaraq, Azərbaycanda hələ Kommunist Partiyası qalırdı. Rəhbərlikdə naşı adamlar çox idi. Vəziyyəti düzgün qiymətləndirə bilmirdilər. Ermənistandan çıxarılan azərbaycanlıların nə günahı vardı? Atam dəfələrlə demişdi ki, doğma yurdlarından çıxarılanları hökmən Dağlıq Qarabağa yerləşdirmək lazımdır. Məsələ sakitcə həll olunacaqdı. Ancaq Azərbaycan rəhbərliyi oturub yuxarıdan icazə gözləyirdilər. Guya Qorbaçovun ürəyi yanacaqdı azərbaycanlılar üçün… Onların qorxaqlığının nəticəsidir bu gün davam edən Qarabağ faciəsi…

    -Düzdür, bizimkilər hələ də Qorbaçovun ağzına baxırdılar.

    – O, bir təsadüfi adam idi.

    -Bakı haqqında düşünərkən təəssüfləndiyin bir şey varmı?

    -Şübhəsiz var! Əvvəla, mən Bakını o vəziyyətdə görmək istəməzdim. İkincisi, heyf ki, atamla ünsiyyətdən doymadım. Üçüncüsünü də deyim?

    -Hökmən!

    (Gülür) Hacı Allahşükür Paşazadə məni həccə göndərmək istəyirdi. Təəssüflənirəm ki, həmin təklifi qəbul etmək imkanım olmadı…

    -Nə olar, Hacıya deyim, bir də təklif eləsin.

    -Daha olmaz, çətindir.

    -Bakıdan sonra yenidən Rostova qayıtdın?

    -Ora qayitdım. Sonra Şimali Qafqaz ordusunda xidmət elədim. General olmaq imkanım var idi… Mənim səlahiyyətim çatsa Çeçen müharibələrinin heç biri olmazdı. Ordudan sonra da həmişə işləmişəm. Köhnə hərbiçi yoldaşlarım kimi içkiyə qurşanıb özümü məhv edərdim. Ancaq mən vaxtımı ailəmlə keçirməyi, tək qalmağı, dünyada baş verən hadisələri təhlil eləməyi xoşlayıram.

    -Təhlillərin nəticəsi çox bədbindir?

    -Sevindirici bir şey yoxdur. Ancaq Rusiyanı çökdürə bilməyəcəklər. Dirçəlcək. Ordu da dirçəlir. Hamısı Putinin xidmətidir.

    -Amma Putinin Türkiyə ilə münasibətləri pozmaqda bu qədər israrlı olması bizi narazı saldı.

    -Bu, məni də çox narahat edir. Türkiyə ilə Rusiyanın yaxınlığı bölgədə vəziyyəti dəyişdirər və sabitliyi uzun ömürlü edərdi. Qərbin müdaxilə elədiyi ölkələr nə gündədir? İraq, Liviya… İndi bu dövlətlərin ancaq adı qalır.

    -Suriya…

    -Yox. Rusiya Suriyadan çıxmaz və oranı qoruyacaq. Qərb də heç bir şey eləyə bilməyəcək. Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Azərbaycanın da xeyrinə idi.

    -Təhlillərin Azərbaycan haqqında nə deyir?

    -Azərbaycan çətin dönəmdən keçir və seçim eləmək vaxtıdır. Sonra gec ola bilər. Bu qədər imkanları olan bir ölkədə iqtisadiyyat düzgün idarə edilsə, böhran yaranmazdı. Şəxsən mənim fikrimcə Azərbaycan Rusiyadan uzaqlaşmalı deyil. Qərbə bel bağlamaq olmaz. Həm də Rusiya ilə münasibətlərin böyük ənənəsi var. İndiki Rusiya XİX əsrin işğalçı Rusiyası deyil. Ona da etibarlı qonşular lazımdır. Azərbaycan Rusiyadan çox şey umur. Guya Qarabağı ancaq Rusiya qaytara bilər. Rusiya necə qaytara bilər Qarabağı? Azərbaycan özü qaytarmalıdır Qarabağı!

    -Müharibəyə başlayaq?

    -Başqa yol tapılmayanda müharibə qaçılmaz olur! Ancaq müharibə yeganə yol deyildir. İlk növbədə siyasət düzgün qurulmalıdır. Ölkələr arasında, insanlar arasında etimad mühiti yaradılmalıdır. Cəmiyyət azad və demokratiya şəraitində yaşamlıdır, ölkə cazibə mərkəzinə çevrilməlidir. Mən indi də bu fikirdəyəm ki, sadə adamları siyasət adamlarının oyununa qurban vermək olmaz.

    -Tamamilə razıyam səninlə. Ancaq deyək ki, Azərbaycanı cənnətə çevirmişik, bu, adını çəkdiyin o Muradyanların tərbiyəsiylə beyni yalanla doldurulub zəhərlənmiş ermənilərin ürəyində nəyi dəyişə bilər?

    – Məncə, bu gün sadə erməninin düzgünlüyə, ədalətə, demokratiyaya, azad seçkiyə, klan-tayfa maraqlarına xidmət etməyən xalq hakimiyyətinə, azad iqtisadi münasibətlərə, ümidə, hər gün aldadılmadan, uçuruma aparılmadan inamla yaşamağa ehtiyacı var. Qarabağ Azərbaycanındır . Və bunu dünya davamlı duymalı, bir milyon insanın evinə dönmək tələbini hər gün eşitməlidir. Bunun alternativsiz bir yol olduğunu ermənilər də hər gün hiss etməlidirlər. Bu Minsk qrupunun oyunlarına bağlı iş deyil. Mən içəridəki vəziyyəti dəqiq bilmədiyimə görə, sözlərim ritorik səslənə bilər. Ancaq hakimiyyət hər şeydən öncə xalqı sevməli, ona bağlı olmalıdır, onunla məsləhətləşməkdən qorxmamalıdır, ona inam verməlidir. Xalq inanmalıdır ki, sabah onun övladları indikindən daha yaxşı yaşayacaq. Öz ölkəsi ilə, o cümlədən onun hakimiyyəti ilə fəxr eləməlidir ki, onu ürəklə qorusun, onun yolunda ürəklə savaşa bilsin. Vətəndaş başını qaldıran kimi onu başından vurmaq perspektivi olmayan bir yoldur. Tək-tək adamları qorxutmaq olar, ancaq bütöv xalqı qorxutmaq olmaz. Məmur xalqla dialoq şəraitində olmalı, onunla məsləhətləşməli, onu səbirlə dinləməli, onun tənqidinə dözümlü yanaşmalıır. Hakimiyyət heç kimin şəxsi mülkiyyət deyil və xalq da ərköyün məmurların nazıyla oynamağa məhkum olunmamışdır… İndi başqa dövrdür. Oğurluğu, əyriliyi gizlətmək olmaz və heç bir xalq onun sərvətinin bir ovuc talançının əlinə keçməsinə razı ola bilməz. Bunu dünyanın təcrübəsi aydın göstərir və gərək siz də Azərbaycanda nəzərə alasınız!

    Bərkdən gülürəm: Arxayın ol! Mən hökmən nəzərə alacağam!…

    – Mən daha çox sizin Ata-Oğul münasibətləriniz barədə danışmaq istəyirdim, ancaq siyasət yenə girdi araya…

    -Görünür, başqa cür mümkün deyil. Atamın da həyatının çox hissəsi siyasət burulğanlarında keçmişdi. Yadında olar, ermənilər Brejnev vaxtında da Qarabağ, Naxçıvan iddealarıyla Moskvanın qulağını yara eləmişdilər. Onda Azərbaycan tərəfdən atamın hazırladığı arayışlar həmişə ermənilərin arayışlarından daha güclü və daha arqumentli, tarixi həqiqətə daha yaxın olardı…

    -Naxçıvan, Qarabağ bir yana, atanız sübut eləmişdi ki, ümumiyyətlə, Zaqafqaziyada heç vaxt erməni dövləti olmayıb və onlar bura gəlmədir…

    -Buna görə də onu düşmən elan eləmişdilər. Bütün ömrü savaşda keçdi. Əvvəl müharibə, sonra elm meydanında…

    -Hər ikisində də qəhrəman idi…

    -Daha dünyaya belə adamlar gəlməyəcək! O, vəhşicəsinə öldürüldü. Müharibənin əvvəlindən axırina vuruşasan, həmişə ölümün üstünə gedəsən, ölüm sənə toxunmaya, sonra öz vətənində… Namərdcəsinə… Azərbaycan onu qoruya bilmədi. Atam öz vicdanına zidd getməməyin, həqiqəti gizlətməməyin və Azərbaycan sevgisinin, onu gələcək fəlakətlərdən qorumağın qurbanı oldu…

    Bilirsən nəyə yanıram? Son günlərində görüşə bilməməyimizə… O ömrünün axırında çox təklənibmiş. Gərək ,mən yanında olaydım…

    Aradan neçə saat keçmişdi, bilmirəm. Çox şeylərdən danışmışdıq. Görüşümüzdən fərqli olaraq, ayrılanda qucaqlaşdıq…


    Sabir Rüstəmxanlı
    20 Yanvar 2016

  • İndi daha Zəlimxan yoxdur

    sabirbeyzelimxanyaqubSabir Rüstəmxanlı

    Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada, arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtiyla uzanıb Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru addımlayirdıq. Yayın əvvəli olsa da burda bahar hələ yenicə başlanırdı, dəniz dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi, sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən ağ-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı. Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan çəmənliklərin arasıyla qoşa təkər izi iki saz sımı kimi ağarır və bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma olan bu El Yoluun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər sınədəftər olmasam də gənclik illərində bu yola sevgimin ifadəsi kimi yazdığım “Vəsiyyət” şerini deməkdən özümü saxlaya bilmirəm: “Məzarımı El yolunda qazdırarsınız, O yolda ki, indi onu sərhədlər kəsir, o yolda ki, yaz gələndə arandan dağa köç çatılır, ilxı qalxır, ellər tələsir”. Üçüncü yoldaşımız Məmmd Aslan gül-çiçək ümmanını görən kimi bizi unudub. Arı kimi güldən-gülə qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa yuvasına yönəldib səbrlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə düşüb getməyimiz də, gözündən yayına bilməzdi və yəqin ki, zəngin vidiogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geridönməyəkcəsinə sərhəddə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş zarafatları də əksini tapıb.
    Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə ” Yaxşı ki sazını götürmüsən!” dedim.
    Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu qayalara yığıblar və aşağıdan baxanda onların qayalara enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş qap-qara , vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin “qurutduğu” El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin çiynimizə yüklədiyi bütün ağriları “Yanıq Kərəmi”ylə dilə gətirəndə anladim ki, yaylaqlarımızın əsil görünüşü o güllü-çiçəkli çəmənlər deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti azalmayan Yanıq Palıd ağacıdır… Bu ağac həm də Kərəmin heykəlidir. Zəlimxanın çalğısında Borçalının, itiriyimiz İrəvan-Göyçə torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə yüklənmişdi…

    İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar ehtiraslariyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.

    Yanan da var, köhnə baytıları təkrarlayanlar da… Bunlar Zəlimxanın nə özünün, nə sözünü dəyərinə təsir göstərməz. Zatən başqalarına qiymət verməyə, özünü hakim yerinə qoymağa qalxan hər kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir. Millətimizin xroniki xəstəliklərindən biri də qeybətdir və bu xəstəliyə tutulanlar anlamadan öz ömürlərini baltalayırlar. Şairin sözü özünü qoruya bilməsə başqa kimsə onu qoruya bilməz. Və tərsinə, sözüylə özünə ölməzlik qazananları da heç bir dedi-qodu şəbəkəsiylə unutdurmaq olmaz. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Bir həqiqət inkarolunmazdır: İqtidarda da, müxalifətdə də istedadsız və xırda adamlar kimsəni maraqlandırmır, sevilən və ya inkar olunanlar da böyüklər və xalq arasında sözünün təsiri olanlar adamlardır… Xalq umduğundan küsür, vecsiz adamlardan yox!

    Mən Zəlimxanı gənclik vaxtından, Bakıda kitab ticarəti sahəsində işlədiyi illərdən tanıyırdim. Sonra “Yazıçı” nəşriyyatına gəldi, bir yerdə çalışdıq, yuxarıda yazdığım Yardımlı səfərinə bənzər səfərlərimiz, oxucu görüşlərində, kitab müzakirələrində çoxlu birgə çıxışlarımız oldu. O, Əli Kərim demiş “məhəbbətdən qaşığacan”, hər şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının qüdrətli səsiydi. O mühitdən çıxmış bir sıra tanınmış qələm sahibiylə birgə Borçalının mənəvi və ədəbi dünyasının Azərbaycandan ayrılmaz olduğunu sübut eləmişdi. Bəziləri onu aşağılamaq məqsədiylə “aşıqdır” deyirlər. Türk əxlaqı və ruhunun beşiyi və yanar kürəsi olmuş böyük irfan ədəbiyyatının,Yunis Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələskər, Aşıq Veysəl yolunun davamçısı olmaq zınqırovlu-mınqırovlu ərəb-fars ibarələriylə dolu və bizi başqalarının süfrəsinə çəkən yazılı şeirbazlıqdan min qat artıqdır. Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək klassik ədəbiyyatımızın bilicisiydi və ona bağlıydı.

    Saz Zəlimxanın gücsüzlüyü yox,gücüydü, böyüklüyüydü. Çağdaş ədəbiyyatımızda sazla sözün vəhdətini saxlamaq baxımından Zəlimxana bənzər qələm sahiblərimiz, təəssüf ki, yoxdur.

    Xəstə olsa da diqqətliydi. Zəng vurub mənim mətbuatdakı yazılarım və ya başqa dostlarımızın yazıları barədə fikirlərini bölüşərdi. Ancaq son vaxtlar zənglərimə cavab vermirdi. Yəqin nömrəsini dəyişib , deyirdim. Sonra öyrəndim ki, başqalarına da cavab vermir. Zəngim çatsa deyəcəkdim ki. darıxma, özün xəstə olsan da sözün Məmməd Arazın sözü kimi sapsağlamdır…
    Bu dünyanın dərdlərinə vida etdiyini, sevdiyi böyüklərin dünyasına qovuşduğunu Azərbaycandan kənarda eşıtdim… İldırım vurmuş palıd ağacını xatırladım və qulağımda Zəlimxanın Yanıq Kərəmisi səsləndi.

  • VHP sədri Türkiyəli qonaqlarla görüşdü-FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı partiya qərargahında Türkiyənin “Yeni Düşüncə” dərnəyinin başqanı, Mədəniyyət nazirinin keçmiş müavini Yıldırım Ak və dərnəyin başqan yardımçısı, eks millət vəkili Məhmət Atak ilə görüşüb.

    VHP mətbuat xidmətinin məlumatına görə, görüşdə Türkiyə-Azərbaycan əlaqələri, İraq və Suriya türkmanlarının durumu və DAK-la Türkiyə dərnəklərinin əlaqələri müzakirə edilib.

    Qonaqlar dərnək barədə ətraflı məlumat veriblər, daha sonra türk dünyasında baş verən son proseslər, narahatlıqlarla bağlı fikir mübadiləsi aparılıb.

    Görüşdə VHP sədrinin müavini Arif İsmayılbəyli və dərnəyin Azərbaycan təmsilçisi Barış Cavid də iştirak ediblər.

    ydm-1 YDM-2