Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • “Türk xalqlarının bir-birini gələcəkdə daha yaxşı anlaması üçün bir ortaq ünsiyyət dili qəbul oluna bilər”

    “Müxalifət öz problemlərini özü yaradıb”

    “Yeni Müsavatın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırki fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

    – Sabir bəy, əvvəlcə sizin fəaliyyətinizdən başlayaq… Necəsiniz, işləriniz, səhhətiniz necədir?

    – Hər şey qaydasındadır. Şairin, yazıçının əsas işi yazı-pozudur. Bu işimiz davam edir, yeni yazılar yazılır, kitablarım çap olunur. Növbəsini gözləyən başqa yeni kitablar da var. O cəhətdən rahatam. Bu gün çap olundu-olunmadı fərq etməz, ürəyim istəyəni yazmağa çalışıram. Əhvalımız da cəmiyyətin əhvalına, xalqın  əhvalına uyğundur. Dünyada baş verən hər şey bizim içimizdən keçir. Mənim bir şeirim də var –  “Zaman məndən keçir”…

    Ürəyim bir qaçqın düşərgəsidir,
    Keçir körpələrin göz yaşı məndən…

    Bir vaxtlar belə yazmışdım. Bütün qələm adamlarının ürəyi əslində bir ötürücüdür. Cəmiyyətin və dünyanın bütün ağrıları oradan keçib gedir.

     – Sabir bəy, indi cəmiyyətimizə baxanda daha çox sevinc hiss edirsiniz, yoxsa ağrı?

    – Narahatlıq… Gələcəyimizlə bağlı, milli taleyimizlə bağlı, dövlətçiliyimizlə bağlı daha çox narahatlıq hiss edirəm. Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır.

     – Bildiyiniz kimi, bu ilin 11 aprel tarixində prezident seçkiləri keçiriləcək. Ölkənin siyasi həyatında  qaynar bir dövr başlayır. VHP sədri olaraq siz bu prosesdə necə iştirak edəcəksiniz, partiyanız seçkilərə hansı formada qatılacaq?

    – Bu elə gözlənilməz bir qərar oldu ki, onun ardınca bizim qərar qəbul etməyə hələ vaxtımız olmayıb. Cəmiyyət üçün də gözlənilməz oldu. Bununla bağlı müəyyən öngörülər də var idi ki, seçki vaxtı dəyişdirilə bilər. Çünki Rusiyada, Ermənistanda seçkilər yazda keçirilir, bizdə isə payızda keçiriləcəkdi. Bu arada bir boşluq yaranır. O boşluq faktiki diplomatik əlaqələr üçün qapalı olur. Ona görə də, bu məsələlərin uyğunlaşdırılmasının özü də bir məntiq idi. Bilmirəm, təkcə ona görəmi seçki aprel ayına təyin olundu? Səbəbləri bizə bəlli deyil. Hansı mülahizələrlə seçkinin vaxtı payızdan yaza  doğru dəyişdirilib, bilmirəm.  2025-ci ildə parlament  və prezident seçkilərinin eyni vaxta düşməsindən, qonşularla münasibətlərə qədər çoxlu səbəblər gətirilir. Bunların hansı hakimiyyətin bu qərarı qəbul etməsi üçün daha əsas olub – onu da deyə bilmərəm. Əlbəttə, bu həm də  müxalifəti qəfildən yaxalamaq, qanunda nəzərdə tutulan 3 ay müddətini növbədənkənar seçkilər üçün 2 ay ilə əvəz etmək idi. Hamımız üçün qəfil oldu. Qərar qəbul etmək çətindir. Təkcə “mən seçkilərə qatılıram, iştirak edəcəyəm”-  deməklə  iş bitmir. Seçkilərdə iştirak partiya fəaliyyəti üçün çox vacibdir. Ancaq öncədən sonu görərək və sürpriz kimi ortaya çıxan, vaxtdan uğurlu istifadə edə bilməyəcəyini anlayaraq seçkilərə qatılmaq da asan bir iş deyil. Ən azından bunun imza toplamaq prosesi var, texniki tərəfləri var. Bütün bunlar şərtdir və bu şərt mütləq nəzərə alınmalıdır. Ona görə də, biz hələ ki, qərar qəbul etməmişik. Seçkinin yazda, yoxsa payızda olacağı cəmiyyəti o qədər də maraqlandırmır. Bizim kimi siyasi dairələri narahat edir, ancaq cəmiyyət bilir ki, seçki nə ilə nəticələnə bilər.

     

    – Deputat Qüdrət Həsənquliyev müxalifətin seçkilərə vahid namizədlə qatılması ideyasını irəli sürüb. Sizcə, müxalifət seçkiyə necə getməlidir? Vahid namizəd modulu bu dəfə uğurlu ola bilərmi?

    – Biz illədir ki, müxalifəti, öz çevrəmizi birləşə bilməməkdə günahlandırırıq. Bu faktdır ki, Azərbaycan müxalifəti öz problemlərini özü yaradıb. Üstəgəl, bu problemlər indi yaranmayıb, təxminən 25 il ərzində yaranıb. Burada şübhəsiz hakimiyyət dairələrinin apardığı açıq və gizli siyasətin də rolu var. Beynəlxalq təşkilatların da təsiri var. Milli xarakterimizin və psixologiyamızın da rolu var. Bəzi başqa maraqlar da rol oynayır. Ancaq fakt odur ki, müxalifət bu gün param-parça bir vəziyyətdədir. Son seçkilərdə dəfələrlə vahid namizəd, birlik çağırışları olsa da, birlik yarana bilmir. Hakimiyyət də bundan çox böyük ustalıqla istifadə edir. Ona görə də bu gün biz hər hansı bir buna bənzər şüarla ortaya düşsək ki, gəlin birləşək və iki ay ərzində bu birliyə nail olaq, vahid namizədlə ortaya çıxaq – bu çox çətindir, hətta mümkün deyil.

     

    – Vaxt məsələsini kənara qoysaq, sizcə hazırda müxalifətin birləşmək iradəsi varmı?

    – Ötən il bir neçə dəfə ölkənin çox ciddi problemləri ilə bağlı biz partiyamızın  qərargahında konfranslar keçirdik. Müxalifət liderlərinin əksəriyyəti   də tədbirlərimizə  gəldilər. Bu görüşlərdən birinin məqsədi o idi ki, biz tədricən  aradakı buzları əridib bir-birimizə yaxınlaşa bilək. Ancaq gördüm ki, çox  çətindir. Heç kim öz iddiasından əl çəkmək istəmir, heç kim  yaranmış təhlükənin nə dərəcədə böyük olduğunu dərk etmək istəmir.  Hər kəs uçurumun dərinliyini görür, hər kəs bilir ki, Qarabağ məsələsi var, bu ölkənin problemləri var. Ölkənin beynəlxalq imici məsələsi var, bu imici dəyişmək lazımdır. Azərbaycanın 1988-ci ildən sonra formalaşmış  bir xarakteri var idi – mübariz, demokratik dəyərlərə sadiq bir xalq obrazı var idi. Şərqdə ilk respublikanı yaratmış bir xalq obrazı var. O obrazı bərpa etmək üçün müəyyən bir addımlar atılmalıdır. Bu addımı ancaq bir  yerdə atmaq olar, aydın bir taktika ilə. Hər kəs öz iddiasından keçməlidir, incikliyi bir kənara qoymalıdır, milli maraqları əsas götürərək yaxınlaşmağa can atmalıdır. Çox təəssüf ki, bunların heç biri  müxalifətə təsir göstərmir. O zaman insanın ürəyində inanmaq istəmədiyin  bir çox şübhələr baş  qaldırır, həmkarlarının, bir yerdə oturduğun adamların nəyə  xidmət etdiyi səni təəccübləndirir. Biz kimin qarşısında borcluyuq, kimin qarşısında öhdəliyimiz var ki, aradakı bu uçurumları dəyinləşdiririk? Bu təkcə siyasi partiyalar arasında deyil. İqtidarla müxalifət arasında yaranmış düşmənçilik özü də  Azərbaycanın gələcəyi baxımından son dərəcədə yanlış bir yoldur. Bunun qarşısı alınmalıdır. Hətta dəyişiklik istəyən qüvvələrin özü də, müxalifətin özü də bilməlidir ki, Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyyətlə əməkdaşlıqdan keçir. Birbaşa ölkə başçısı ilə olmasa da, o partiya  ilə  milli problemlərə həsr olunmuş dəyirmi masa arxasında müzakirələr aparılmalıdır. Bu müzakirələr iki yerə bölünmüş bir millətin övladları olaraq aparıla bilməz. Burada hakimiyyət  və müxalifət partiyaları bir araya gəlməlidir. Bir vaxtlar dialoq keçirilirdi, həmin ənənələr bərpa olunmalıdır. Gələcək hakimiyyətin təməli hökmən indiki hakimiyyətin içində atılmalıdır. Ondan kənarda olsa, hətta hakimiyyət dəyişikliyi olsa belə gələcəkdə yeni münaqişələr üçün zəmin hazırlanacaq.

    – Sabir bəy, yəqin ki, siz də hiss etmisiniz, müxalifət düşərgəsində sanki həm rəqib partiyalara, həm iqtidara, həm mətbuata, həm də cəmiyyətin özünə qarşı bir aqressiya var. İqtidarı anti-demokratik olmaqda ittiham edən müxalifət özü belə mətbuatın kiçik bir tənqidinə dözmür, hücuma keçir. Bu aqressiyanın səbəbi nədir? İllərin uğursuzluğudur, yoxsa?..

    – Şübhəsiz ki, bir səbəb illərin uğursuzluğudur. İkinci səbəbi Qarabağda torpaqlarımızı itirməyimizdir. Bu təkcə müxalifəti yox, bütövlükdə cəmiyyəti aqressivləşdirir,  insanların içini qəzəblə doldurur. Haqsız məğlubiyyət qəzəb yaradıb. Biz üzbəüz döyüşdə uduzmamışıq, böyük  qüvvələrin, Ermənistana yardım edən SSRİ rəhbərliyinin , Rusiyanın təzyiqi ilə torpaqlarımızı uduzmuşuq. Bir vaxtlar Cənubi Qafqazda Azərbaycan torpaqlarında  Ermənistan vilayətini quran şimal qonşumuz, ardınca da  Qarabağı alıb Ermənistana bağışlamaq xəttini tutub. Bəlkə də Rusiya özü birbaşa qatılmayıb, ancaq dövlətin içindəki erməni hərbçiləri, və ya Rusiyanın siyasətində ciddi rol oynayan erməni əsillilər kömək edib və biz torpaqlarımızı itirmişik. Bütün bunlar, haqsızlıqla üzləşmək, dünyanın ikili siyasəti cəmiyyətdə aqressiya yaradır.  Ancaq bunun bir sonu da olmalıdır. Mən illər uzunu iqtidar mətbuatında bir o qədər söyülməmişəm, nəinki müxalifət mətbuatında. Bir-birimizə qarşı bu münasibət nədir? Ona görə insanlar bir araya gəlməkdən qorxurlar. Bir ara bizim partiyanın qərarı da var idi ki, heç bir birliyə qoşulmayacağıq. Çünki birliklər süni şəkildə yaranır, yalançı bir birlik üçün hamı bir araya gəlir, görüntü yaradılır, ancaq arxada yenə hər  kəs öz düşmənçilik siyasətini güdür. Sosial mediada   milli maraqlarımızla bağlı bir yazı ortaya qoyanda da, daha çox savadsız və cahil şəxslərin  təhqirləri ilə üzləşirsən. Bu təhqirlər də daha çox bizim  müxalifət düşərgəsindən gəlir.

    – Bunun səbəbi nədir?

    – Bunların bir hissəsi cahillikdən gəlir. Ancaq bir hissəsi də bilərəkdən, bəzən liderlərinin təhriki ilə, başqası kiçilsin, mən böyüyüm psixologiyası ilə edilir. Bunun da nəticəsi olmaz. Mən bir millətin içində aqressiyanı qəbul etmirəm. Bu bizim gələcəyimiz üçün böyük təhlükədir. Bu il Azərbaycanın Şərqdə ilk olaraq qurduğu Demokratik Cümhuriyyətin 100 illiyidir. Bu cümhuriyyəti quranların tərcümeyi-halı gözümüzün qabağındadır ki, onlar hansı çətinliklərdən keçiblər, necə ağır şərtlərlə dövlət qurublar. Bu gün Azərbaycanın gələcəyini düşünən adamlar öz şəxsi iddialarını bir kənara qoyub gələcəyi düşünməlidirlər.

    Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir. Millət bir-birinə sevgisini itirib, bir-birinə salam vermək , halını soruşmaq istəmir. Cəmiyyət  sanki gözləyir ki, birinin ayağı büdrəsin və ac qurd kimi onun üstünə tökülsünlər. Rəhmdillik, xeyirxahlıq, mərhəmət hissi zəifləyib. Bütün bunlar siyasətdən uzaq söhbətlər olsa da, siyasi mühitimizin də ab-havasını müəyyənləşdirən məsələlərdir.

     – Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır… Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

    (Davamı növbəti sayımızda…)

    “Türkiyənin sərhədləri ətrafındakı terrorçulara Amerika niyə o qədər silah göndərir, nə marağı var?”

    “Yeni Müsavat”ın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, Xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırkı fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

    (Əvvəli ötən sayımızda)

     – Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır. Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

    – Cəmiyyətin bu reaksiyası onu göstərdi ki, insanlar dilimizin taleyi ilə bağlı narahatdır. Dillə bağlı hər hansı məsələ gündəmə gələndə, aidiyyəti oldu-olmadı, dilin bütün problemlərini ortaya qoyurlar. Əslində Orfoqrafiya qaydalarının müzakirəsi dilin problemi deyil, dilçilik elminin problemi idi. Bu alimlər arasında müzakirə olunmalı idi. Görünür, dillə bağlı cəmiyyətdəki narahatlıq və onu müzakirə edən alimlərin, o mühitin öz içindəki qarşılıqlı münasibətlər müzakirəni konfliktə çevirdi.  Ortaya lazımlı-lazımsız yazılar çıxdı. Ancaq bu tendensiya səngidi. Biz də bəyanat verdik və bildirdik ki, Orfoqrafiya qaydalarının müzakirəyə çıxarılması müsbət bir haldır. Bundan əvvəl də orforqafiya lüğətləri müzakirə olunub, hazırlanıb. Təxminən ötən əsrin 20-ci illərindən bəri ötən 90 il ərzində bu barədə çox danışılıb. Yazı qaydaları hətta Mirzə Fətəli Axundzadədən bəri gedən bir prosesdir. Heç birində bu ictimai müzakirəyə verilməyib. Bu ilk dəfə idi baş verirdi, Akademiyanın bu addımına sevinmək lazımdır. O cümlədən AMEA da sevinməlidir ki, dil məsələlərinə cəmiyyət bu qədər həssasdır. Verilən təklifləri də nəzərə alıb ciddi müzakirə etməlidirlər. Bizim dilimizin çox mükəmməl qrammatikası var. Amma bunların hamısının yazıda əksini tapması və ya müəyyən sözlüklərdə nəzəriyyəyə çevrilməsi prosesi hələ davam edir. Dildə gedən dəyişikliklərdən qorxmaq lazım deyil.

    – Sabir bəy, insanlar yeni sözlərin yaranmasına, alınma sözlərin Azərbaycan türkcəsində ifadə olunması prosesinə də birmənalı yanaşmırlar. Bu prosesə müqavimət göstərirlər…

    – Mənim bir yazım var: “1937-ci il repressiya havası və ya faşizm”. Azərbaycanda bir qəribə ab-hava var. Ərəb kökənli bir sözü götürüb, demirəm ki, Türkiyə türkcəsinə, öz dilimizin hər hansı bir qədim sözü ilə əvəz ediriksə, o  dəqiqə mətbuatda hay-küy başlayır ki, amandır, qoymayın, bizim ana dilimizi korlayırlar, onu türk sözləri ilə əvəz edirlər. İndiyə kimi ərəb-fars sözləri, rus sözləri, Avropa sözləri gəlib, heç kim deməyib ki, dilimiz əlimizdən gedir. Ancaq bir sözün türk dilində qarşılığını tapanda narahat olurlar ki, dilimizi türk dilinə çevirmək istəyirlər. Əvvəla, elə bu dilin özü türk dilidir, türk dillərinin bir qoludur. İndi ərəb sözləri insanlara o qədər doğmalaşıb ki, onu dəyişmək istəmirlər. Dilə xidmət edən söz qalsın, buna etiraz etmirik. Ancaq o söz ki dilə yatmır, insanlar “müvəffəqiyyət”, “nöqteyi-nəzər” deyə bilmir. Bunun yerinə “uğur” deyir, “baxım” deyir. Bu “baxım” sözünün Türkiyə türkcəsinə nə aidiyyəti var, bu bizim öz sözümüzdür. Hətta Türkiyə türkcəsində də buna uyğun hər hansı yaxşı söz varsa, biz ilk növbədə bizə qohum olan, doğma olan dildən yeni sözləri götürməliyik. Gedib yeni sözləri Avropada axtarmalı deyilik. Mənim bununla bağlı təkliflərim var, 1992-ci ildə çap olunub. Bizim Terminologiya Komitəsi yeni söz yaradıcılığında, dilimizə yeni sözlərin qəbul olunmasında ilk növbədə Türk dilləri arealına baxmalıdır. Orada uyğun söz varsa, götürməliyik, uyğunlaşdırmalıyıq. Buna kimi ayrılıqlar çox olub. Bundan sonrakı dövrdə Türkiyə türkcəsi, Özbəkistan, Türkmənistan türkcəsi – bunlarla termin məsələlərini, yeni texnologiyanın gətirdiyi terminləri imkan daxilində uyğunlaşdırmaq lazımdır. Bu uyğunlaşdırma  getdikcə sözügedən dilləri bir-birinə yaxınlaşdıracaq. Mən bu prosesə ortaq dil yaratmaq kimi baxmıram. Süni surətdə ortaq dil yaratmaq mümkün deyil. Türk xalqları arasında ortaq dildən yox, ünsiyyət dilindən söhbət gedə bilər. Bu ünsiyyət dili ilə bağlı artıq siyasi qərar olmalıdır. Türk dünyasında 7 türk dövləti var, başqa muxtar respublikalar da var. Bunların bir-birini gələcəkdə daha yaxşı anlaması üçün hökmən bir ortaq ünsiyyət dili qəbul oluna bilər. Mənim düşüncəmə görə, bu dil Türkiyə türkcəsi ola bilər, çünki bütün dünya ədəbiyyatı o dilə tərcümə olunur. Böyük ənənələri var. Türkiyə türkcəsini biz Azərbaycanda və bütün türk respublikalarında xarici dil kimi öyrənə bilərik. Necə ki, ərəb, fransız, alman dillərini  öyrənirik, qoy 2-3 il də Türkiyə türkcəsini öyrətsinlər. O zaman 5-10 ildən sonra yeni nəsil bir-biri ilə üz-üzə gələndə,  qazaxla, özbəklə, türkmənlə Azərbaycan türkü üz-üzə gələndə artıq rus dilində danışmayacaqlar, bildikləri dildə danışacaqlar. Bu çox vacibdir.

    – Acınacaqlı məqamdır ki, Türk dünyası ölkələrinin qurultaylarında belə tədbirlər rus dilində keçirilir, dünya türkləri bir-birini anlamaq üçün rus dilində danışır…

    – Bu, böyük bir bəladır və qeyd etdiyim yolla aradan qaldırıla bilər. Ancaq bəzi adamlar, indi də Moskva xiffəti ilə yaşayanlar bu prosesin qarşısını almağa çalışırlar. Buna ayrı bir don geyindirmək istəyirlər. Bu nə pantürkizmdir, nə özünü başqa xalqlara qarşı qoymaqdır. Ərəblərin xoşbəxtliyindən 14 əsr bundan öncə Quran yaranıb və onların vahid ümumi ədəbi dili kimi qəbul olunub, ədəbi dili formalaşdırıb. Bizim üçün o missiyanı “Kitabi-Dədə-Qorqud” oynaya bilərdi, başqa tarixi abidələr oynaya bilərdi. Ancaq təəssüf ki, olmadı. Lakin yenə də türklərin ümumi ünsiyyət dili yarana bilər və bu şans daha çox Türkiyə türkcəsindədir. Bu qaçılmaz bir prosesdir. Biz Türk Birliyindən, Türk Konseyindən, Türk akademiyasından, TÜRKSOY-dan danışırıqsa – bunlar türk dövlətlərinin başçılarının gələcəyə yönəlmiş layihələridir. Türk birliyinin həm iqtisadi, həm mənəvi-mədəni birliyi  gələcəkdə siyasi birliyə çevrilə bilər. Bu, bir Turan yaratmaq deyil, ilk növbədə bölgənin kənar müdaxilələrdən qorunmasıdır. Bu bölgəyə Çin də, Rusiya da, İran da, Amerika da göz dikib. Halbuki buranın sahibi var və o bizik. Dünyanın ən böyük enerji ehtiyatı olan, ən gözəl bölgəsi olan bu yerləri qorumaq üçün, xalqımızı, varlığımızı qorumaq üçün biz yaxınlaşmağa, birləşməyə can atmalıyıq, buna ehtiyacımız var. Bu – bir strategiyadır. Bunu görməyən kordur, ya da öz millətinin düşmənidir. Bu yolla  bizi xırda-xırda parçalayıb, hərəmizi bir tərəfdə assimilyasiya edib yoxa çıxartmaq istəyirlər. Necə ki, Sibir xalqları assimilyasiyaya uğrayıb getdi, o cümlədən biz də birləşməsək, əriyib onun-bunun mədəsində gedəcəyik. Gələcəkdə bizdən heç nə qalmayacaq. Dünya kürəsəlləşir, böyük güclər yavaş-yavaş kiçik gücləri udurlar. Ona görə də, Türk varlığı dünya mədəniyyətinin kökündə dayanan xalqlardan biri olaraq gələcəyə getməlidir, yaşamalıdır. Onun da yolu ancaq bu birlikdən keçir.

    – Türkiyədən söz düşmüşkən, qardaş ölkə sanki böyük bir oyunun ortasındadır. Afrin əməliyyatının Türkiyənin ən böyük uğuru olacağını deyənlər də var, ölkəni çətin vəziyyətə salacağını deyənlər də. Siz bu prosesi necə dəyərləndirirsiniz?

    – Mənə görə Türkiyənin ayrı yolu yox idi. Təhlükəli yoldur, oyundur, adını nə qoyursunuzsa qoyun. Yol gedirsən, qabağına uzun, dərin bir arx çıxıb. Davam edə bilmək üçün sən bu arxı tullanmalısan. O arxa ayağın büdrəyib düşsən də çalışıb çıxacaqsan. Hazırda Türkiyəni mühasirəyə almaq siyasəti gedir. Əgər Orta Doğu xəritəsini göz önünə gətirsəniz, “Böyük Kürdüstan” qurulur, bu Kürdüstan Güney Azərbaycandakı Urmiya gölünü də içinə almaqla Naxçıvandan, İraqın şimalından, Suriyanın şimalından keçib Ağ dənizə kimi gedir. Bununla da Türkiyənin Qafqaza və İslam aləminə gedən bütün yolları bağlanır, Türkiyə öz tarixindən təcrid olunur. Dünyanın belə bir siyasəti var. Bunun adını Orta Doğu projesi qoy, bu bölgənin dövlətlərini parçalamaq qoy, guya burada yaşayan bəzi xalqların müstəqillik arzularına yardım etmək qoy – nə istəyirsən de. Fakt odur ki, bunun sonunda Türkiyəni parçalamaq, dağıtmaq siyasəti dayanır. Vaxtilə üç qitəyə hökm edən Osmanlı dövlətini həmin böyük güclər bölüb-parçalayıb Anadoluya sıxışdırdılar. İndi Anadoludan da sıxışdırmaq istəyirlər. Bəziləri açıq deyir ki, türklər buradan çıxıb Mərkəzi Asiyaya getsinlər, gəldikləri yerlərə qayıtsınlar. Guya türklər oradan gəlib, oraya da qayıtmalıdırlar. Halbuki İstanbulun özündə neçə min il əvvələ aid türk izləri tapılıb. Yəni kimin haradan gəlib haraya getməli olduğu mübahisəli bir məsələdir. Belə bir vəziyyətdə Türkiyə nə etməlidir? Böyük dövlətlər- Amerika və Avropa dövlətləri guya dünyada demokratiya üçün təhlükə yaradır adı ilə, guya onların dövlət maraqlarına ziddir adı ilə bütün qitələrdə müharibə aparıblar, ancaq heç kim onları ittiham etməyib.

     

    Amerika Vyetnama girib, Əfqanıstana girib, İraqa girib, indi də Suriyadadır. Rusiya bu gün Suriyadadır, Fransa da oradadır. Dünyanın güclü ölkələri hara istəyirlərsə, asanca bəhanələr tapıb ora girirlər, müharibə də aparırlar. Heç nəzərə də almırlar ki, İraqda 2 milyon mülki insan niyə qırıldı, bunun günahkarı kimdir? Ancaq Türkiyə bir vətəndaşın burnunun qanamasına icazə vermədən terrorçularla mübarizə aparır. Niyə Amerika özü Vyetnam, İraq, Əfqanıstan savaşının cavabını vermir, Türkiyəyə deyir ki, sən sərhədindəki terrorçunu təmizləmə. O terrorçu Türkiyə sərhədindən 100 metr kənarda dayanıb və raketləri birbaşa Türkiyə ərazisinə atır. Türkiyənin dinc vətəndaşları, qadınları , uşaqları ölür. Türkiyə nə etməlidir? Mən demirəm ki, indi Türkiyə torpaq iddiasında olacaq, yox. Ancaq bu torpaqların çoxu tarixi Türkiyə ərazisidir. Ərbil və Mosul da Türkiyə ərazisi idi,  ingilislərin xəyanəti ilə İraqda qaldı, halbuki Türkiyə ərazisi idi. Şimali Suriya deyilən yerlərdə yaşayanların böyük bir hissəsi türkmənlərdir.

    Ancaq türkmənlər terrorçuların təzyiqi altında qalıblar. Məncə, Türkiyə bu əməliyyatı ilə təkcə özü üçün yox, bütövlükdə Avropa üçün yetişən böyük bir təhlükənin qarşısını almış oldu. Türkiyənin bu addımı dünyaya xidmətdir, dünyadakı sülhə xidmətdir. Terrorun qarşısını almaq hər bir dövlətin borcudur. NATO soyuq savaşdan sonra əsas hədəflərdən biri olaraq terrora qarşı  mübarizəni seçib. NATO ölkələrindən biri olan Türkiyə terrora qarşı vuruşur.  Bəs yerdə qalanlar niyə terroru müdafiə edirlər? Deməli, burada ədalət prinsipi, haqq prinsipi, dünyanın təhlükəsizliyi prinsipi yoxdur. Burada Avropa ölkələrinin hikkələri var ki, biz nə istəyiriksə Türkiyə onu qəbul etməlidir. Türkiyə isə qəbul etməməmlidir. Əgər normal bir dövlət kimi yaşamaq istəyirsə, öz iradəsini ortaya qoyub onu davam etdirməlidir. Türkiyənin sərhədləri ətrafındakı terrorçulara Amerika niyə o qədər silah göndərir, nə marağı var? Mən Türkiyənin indiki hakimiyyətinin bir çox addımlarını qəbul etməsəm də, bu gün atılan addımı dəstəkləyirəm. Çünki Afrindəki o istehkamları, o hərbi qurğuları, texnikanı görürük. Bu Türkiyənin iki addımlığıdır. Digər ucu da gedib Ağ dənizə çıxır. Türkiyə ərazisinin üstündən, Xatay bölgəsinin üstündən keçir. Bu məsələyə Türkiyə səssiz qala bilməzdi…

    Nərgiz LİFTİYEVA,
    Foto, VİDEO: Məğrur MƏRD

    Yeni Müsavat qəzeti

     

  • Sabir Rüstəmxanlı yazır:”Düymə basılıb, gizli mexanizm işə düşüb, ölkədə münaqişə ocaqları yaratmaq istəyirlər”

    Sabir RÜSTƏMXANLI,

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri

    İctimai Televiziyada Anar Yusifoğlunun apardığı verilişə yarımçıq baxdım. Tanışlardan biri zəng vurdu, televizoru açdım. Bir dəstə tanınan, təcrübəli adam, millət vəkili dəvət olunmuşdu. Ölkə normal həyatını yaşayır, seçki də yoxdur, nə fövqəladə hadisə baş verib ki, bu adamlar belə təntənəylə bir araya gəliblər?

    Baxdım ki, hamı təlaş içində azərbaycançılıqdan danışır. Çox gözəl! Azərbaycançılıq ölkənin əsas ideoloji xəttidir, ona sayğı hər bir vətəndaşın borcudur və bu gün bu ideologiyanı təhlükə altına alan heç bir olay, hərəkət yoxdur. Onda bəs bu adamları çilədən çıxaran nədir?

    Əsas mətləb budur! Son vaxtlar bəzi siyasi xadimlər durub-durduqları yerdə tez-tez qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Biri deyir, “biz türk deyilik, hind-avropa irqiyik” (sanki ondan kimliyini soruşan var və ya hamı intizarla onun kimin törəməsi olduğu ilə maraqlanır); biri deyir, “dilimiz türk dili deyil”; biri deyir, “türk mahnıları bizim “bülbül cəh-cəhlərimizi” yarımçıq qoydu”; biri deyir, “türklər bizim düşmənimizdir”; biri deyir, “türk deyənlərin anasını ağladıb hamısını məhv etmək lazımdır”; biri deyir, “Xətainin qanı xristian qanıdır” və s. Yəni ölkədə faşizm səviyyəsində bir türk düşmənçiliyi və açıq-gizli rus heyranlığı baş alıb gedir. Birisi dönüb bunlara cavab verəndə ki, ay balam, mənim atam-babam türk olub, pasportunda milliyyəti türk yazılıb, mən də türkəm, o dəqiqə şivən qopur ki, sizin nə haqqınız var türk sözünü dilinizə alırsınız. Hətta bəzilərinin qudurğanlıqları və nadanlıqları o yerə çatır ki, 1937-ci ilin havasına girir, “bəsdir, türk sözü qadağan edilməlidir, özünü türk sayanlar məhv edilməlidir” və s.

    Görəsən, bunlar kimdir? Xocalı soyqırımı kimi etnik təmizləmə aparıb, Azərbaycan Respublikasının 9 milyon türk kökənli əhalisini – Azərbaycan vətəndaşını bütövlüklə yer üzündən siləcəklər? Onlar bu məhkəməlik cəsarəti hardan alırlar? Yaxşı, deyək ki, bizi qırıb qurtardılar, burda türk sözünü qadağan elədilər, bəs 35 milyonluq Güney Azərbaycan türkləri necə olacaq? Axı etnik və mənəvi qohumları olan farsların məhvetmə siyasəti heç bir nəticə verməyib və verməyəcək. Deməli, Azərbaycan türkünün taleyi tək burdakı avantürist və azərbaycanlı adı altında gizlənməyə çalışan etnik separatçılardan asılı deyil və şükür ki, belədir…

    Kim nə deyir-desin, məncə, bunlar öz ağıllarıyla danışmırlar. Bunların çoxunun köhnə partiya namenklaturasından qopduqlarını, hələ də köhnə SSRİ xiffətiylə yaşadıqlarını nəzərə alsaq, xoruzun quyruğu görünəcək. Bəli, Azərbaycanda son dövrlərdə rus məktəblərinin artması, rusiyapərəstliyin açıq təbliğ edilməsi, milli dövlətçiliyimizə inamı azaldan yazıların, dedi-qoduların çoxalması və sair bir çox dilə gətirmədiyim əlamətlər hardansa düymənin basıldığını, gizli bir mexanizmin işə düşdüyünü və xəyanətkar bir dəstənin sürətlə aranı qarışdırmaq, “beşinci kolon”un ölkədə münaqişə ocaqları yaratmaq istədiyini göstərir. Yoxsa kiminsə özünə türk deməsi nə böyük hadisədir ki, bunların canına vic-vicə sala! Azərbaycanın çeşidli guşələrində hər gün minlərlə adam “rusam”, “ləzgiyəm”, “avaram”, “talışam”, “kürdəm” deyir. Çox gözəl. Ölkənin multikulturalizm siyasəti bu şəraiti yaradıb. Bunun nəyi pisdir ki? Müxtəlif köklərdən gəlib bir gül dəstəsinə, bir göy qurşağına, sarsılmaz birliyə çevrilmişik…

    Dünyanın hər yerində belədir. Etnik kimliyin bilinməsi normal cəmiyyətdə problem yaratmaz, əksinə, bunu gizlədib özünü səndən birisi kimi göstərib, ölkənin maraqlarını satanlar təhlükəlidir. Mən bu müxtəlifliyi Azərbaycanın sərvəti sayıram, bununla qürur duyuram və Vətəndaş Həmrəyliyi Partiyasını da bu birliyi daha da möhkəmləndirmək üçün yaratmışam. Bu xalqların hər birinin onlarla nümayəndəsi var dostlarım arasında. Bütün bunlar bəsit, hər kəsin bilməli olduğu həqiqətikən, mənim özümü öz əsl kimliyimlə türk saymağımda nə qəbahət var ki, ağzımı açan kimi qarğa-quzğun dəstəsi qırıldaşmağa başlayır? Siz kimsiniz ki, müasir bir dövlətdə mənə milli mənsubiyyətini dilə gətirməyi yasaqlayasınz? Bunu Stalin bacarmadı, beriyalar, mikoyanlar bacarmadı, siz bacaracaqsınız? Və ümumiyyətlə, bu yeni stalinçilik səlahiyyətini kim verib sizə? Bəyəm sizin əslinizi-nəslinizi tanımırıq?

    Heç olmasa, böyüklərimizi yada salın! Səməd Vurğun Moskvada Stalinə “Rəhbərə salam” şerini oxumuşdu: “Salam gətirmişəm hüzuruna mən, …çadrasız, boyasız TÜRK qızlarından”; Heydər Əliyev Türkiyəyə xitabən “biz bir millət, iki dövlətik” demişdi; ədəbiyyatımızın və tarıxımızın bütün keçmiş böyükləri özünü türk adlandırırdı… Bunu yaddaşlardan necə silmək istəyirsiniz?

    Bəli, “azərbaycanlı” sözündə bir birləşdiricilik var və biz bu sözü sevə-sevə deyirik. “Azərbaycan” sözünün yer və dövlət anlamında neçə minillik yaşı var və istədilər-istəmədilər, əsrlər boyu buranın əsas əhalisi Azərbaycan türkləri olub və adlarını çəkdiyim xalqlarla tarixi bir qardaşlıq ailəsi qurub.

    Ensiklopediya Azərbaycan dövlətinin rəsmi mövqeyini ifadə edir. Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildində oxuyuruq: “Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir… Ölkənin əsas əhalisini (90 faizindən çox) azərbaycanlılar təşkil edir”. Sonra digər xalqların adı və sayı göstərilir, həmin xalqlar haqqında məlumat verilir: talışlar, tatlar, kürdlər, yəhudilər, ləzgilər, avarlar, udinlər, Axıska türkləri, ruslar, ermənilər və b.

    Milli Ensiklopediyanın 2-ci cildində isə qısaca, lakin yenə eyni məlumat təkrar edilir: “Əhalinin 90 faizini azərbaycanlılar, 2,2 faizini ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 1 faizini talışlar və s. təşkil edir”.

    Çox bəsit bir sual çıxır ortaya: əgər azərbaycanlı birləşdirici bir kəlmədirsə, onda bəs bu xalqlar niyə özlərini azərbaycanlı yazdırmayıblar? Əgər onlar Azərbaycan vətəndaşı ola-ola öz etnik kimliklərini gizlətmirlərsə və bundan dünya dağılmırsa, onda yerdə qalan 9 milyonun öz milli və ya etnik kimliyini söyləməsində nə qəbahət var? Azərbaycanlı, yəni Azərbaycanda yaşayan! Biz Azərbaycanda yaşamaqla yanaşı, həm də öz adımız var: Türk! Türk kimliyimiz və Azərbaycan vətəndaşlığımız cahillərin müzakirə mövzusuna çevrilməməlidir!

    Bu, o qədər aydın olan bir məsələdir ki, müharibə şəraitində, bu qədər ayrı problemimiz ola-ola bu mübahisələri ortaya atmaq özümüzü gülüş hədəfinə çevirməkdir. Kim özünü türk saymır, saymasın, gözümüz üstə yeri var, amma bütöv bir milləti də yox saya bilməz…

    Əslində bu mübahisələr adamların savadsızlığını göstərir, bəlli olur ki, bunlar elə bilirlər, yeni nə isə icad ediblər. Halbuki, böyüklərimiz, o cümlədən M.Ə.Rəsulzadə ötən əsrin otuzuncu illərində azərbaycançılığın əhəmiyyətini geniş təhlil eləmişdi, lakin onlar azərbaycançılığı türkçülüyə qarşı qoymur, bunu vəhdətdə götürürdülər.

    Düzü, bu boyda yazı-pozu içində məni ən çox heyrətləndirən akademik Çingiz Qacarın qeydləri oldu. Və millət vəkili Fazil Mustafa onun layiqli cavabını verib, lakin məsələ təkcə bir akademikin savadsız müsahibəsində deyil. Əsas məsələ bu yaşda adamın öz xalqına belə vəhşi nifrətində, məsuliyyətsizliyi və belə açıq böhtan atmaq cəsarətindədir. Hörmətli alimimiz məni bağışlasın, onun sözləri yuxu sayıqlamarına bənzəyir, heç bir ciddi adam belə sərsəm söz söyləməz. Başa düşmürəm, bunların qəsdi nədir? Siz nə haqla Azərbaycanı dünyadakı yeganə etibarlı və sadiq dostundan, qardaşından məhrum etmək, araya düşmənçilik salmaq istəyirsiniz? Axı siz uşaq deyilsiniz və məncə, tarixi də pis bilmirsiniz. Bu barədə xeyli əsəriniz var. Lakin bu sizə haqq vermir ki, erməni mövqeyindən fərqli olmayan bir mövqedən, belə türk düşmənçiliyi üfunəti yayasınız!

    Ay hörmətli Qacar nəslinin nümayəndəsi, Türkiyə bizə heç bir yardım eləməsə də, yanaşı olmağımız yetərlidir. Mən hələ 1918-ci ildə Türk-İslam Ordusunun Azərbaycanın yardımına gəlməsə, Bakının taleyinin necə olacağını demirəm. Bunu siz də çox gözəl bilirsiniz! Türklər gəldi, bizi xilas elədi, ardınca Qızıl Ordu gələndə nə oldu? Şuşada təkcə sizin nəsildən üç general öldürüldü. Yox, güllələrinə qənaət məqsədilə onları güllələmədilər, tikə-tikə doğradılar. Nə yaxşı yenə onların ayağından öpməyə hazırsınız?

    Bu gün Azərbaycanda 1920-ci ilin 28 aprelinin, 1990-cı ilin Qanlı Yanvarının təkrarlanmasını istəyənlərin sayı artır. Buyursunlar. Biz türk olaraq hədəfinizdəyik. Ancaq şükür ki, tarix və millət öz hökmünü verib. Bu gün bütün sizin kimi seperatizm yavrularının, azərbaycançılıq adı altında etnik türkü yox sayanların, Rusiya və İran gizli agenturasının tula payı ilə yaşayanların avantürist yazılarına, xalqı aşagılamaq cəhdlərinə baxmayaraq, xalq öz dövlətinin arxasındadır! Müstəqil dövlət onlara istədikləri şəkildə gün ağlaya bilməsə də, onlar bəzi akademiklər və millət vəkilləri kimi gözlərini yumub ağızlarını açmırlar, dövlət üçün hansı sözün və mövqeyin təhlükə yarada biləcəyini sizdən daha yaxşı bilir və bu məsələlərə daha məsuliyyətlə yanaşırlar…

  • ŞƏHİDLƏRİ ZİYARƏT ETMƏK AZDIR

    İlahi, bir daha 28 il öncə öz doğma şəhərində, öz evində, öz torpağının üstündə gördüyü o vəhşilikləri, mərkəzin o alçaqlığını, o əlacsızlığı, o müqayisəsi olmayan zülmü və yerə-göyə sığmayan dərdləri bu millətə göstərmə!
    Bu gün, aradan 28 il keçəndən sonra dilimə gələn ilk sözüm,ilk duam, ilk harayım budur!
    Sovet ordusu sanki dünya müharibəsi başlayıbmış və ya atomla silahlanmış bir düşməninin üstünə gedirmiş kimi bütün gücünü işə salmış, hərbi hissələrini ayağa qaldırmış. bütün arsenalını hərəkətə gətirmış və qurudan, havadan, sudan, nəhayət Bakının içindəki kazarmalarından “mənim torpağımı qonşuya verə bilməzsən!” deməkdən başqa bir tələbi olmayan məzlum, əliyalın millətə-öz vətəndaşına hücuma keçmiş, onu nifrətlə əzmiş, alçaltmış, asfalta suvamış. nizələrə keçirmiş, tankların tırtıllarına dolamış, uçaq, qadın. qoca demədən qarşısına keçən hər kəsi gülləyə düzmüş, yaralıları yük maşınlarına doldurub dənizə tökmüşdü… O dəhşəti bu gün təsəvvür və təsvir etmək mümkün deyildir. Vaxtilə yaranın isti vaxtında yazdıqlarım qalır; onlardan daha dəqiq yaza bilmərəm. Moskvanın bütün güc nazirləri öz cinayətlərini gizləmək və yerindəcə ört-basdır etmək, səsimizin kənara çıxmasına yol verməmək üçün rəhbərlərimizin kabinetlərində şərəfsizcəsinə yeyib-içirdilər.
    Bu qırgın və onun nəticəsində Moskvanın əlimizi-qolumuzu bağlayıb Qarabağı ermənilərə bağışlaması dönə-dönə, hər bir xırda detalıyla yazılmalı ara vermədən dünyaya yayılmalıdır.
    Ancaq indi mənim məqsədim ayrıdır.İlk növbətə 20 Yanvar şəhidlərinin ruhu qarşısında bir daha baş əyir , onlara Allahdan rəhmət diləyir və yaşayan bütün yaxınlarına baş sağlığı və şükranlarımı çatdırıram..
    İkincisi, həmin faciəli gündə xalqımızın bütün mərdanəliyi, gözəlliyi, əyilməzliyi, səbri, mətanəti, müdrikliyi ilə ortaya çıxan paplaq xarakterini xatırlayıram. Qanlı, yaralı köksünü qərənfillərlə sarıyıb sarsıntısını düşmənə göstərmək istəməyən böyük Bakını xatırlayıram…
    … Və bir də bu günkü harın, bir-biriylə didişən, etinasız, “ubeyte etix turkov!” deyib tankları üstümüzə sürənlərin dilində qırıldamaqdan ötrü ürəyi gedən, yenidən Moskva xiffətiylə alışıb yanan huşsuz, müqavimətsiz, varlığını özgələrə qapdıran kütləyə baxıram…
    Şəhidləri ziyarət etmək və məzarlarının üstünə gül dəstələri qoymaq azdır, şəhidlərin uğrunda qurban getdikləri dəyərləri qorumaq və bu yolla onların ruhuna sayqı göstərmək lazımdır…


    Sabir Rüstəmxanlı
    18.01.2019

  • Sabir Rüstəmxanlı: “21 Azər” tariximizin ən şərəfli və faciəvi səhifəsidir” AUDIO

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyir ki, hələ o zamanlar Mircəfər Bağırov Cənubi Azərbaycanın Şimala birləşməsi məsələsində Moskva ilə razılığa gəlmişdi

    “12 dekabr Azərbaycan tarixinin ən şərəfli və faciəvi günlərindən biridir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Azərbaycan Milli Höküməti 21 Azər Hərəkatının ildönümünə həsr olunmuş tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib.

    “Bu tarixi hadisə haqqında nə qədər yazılsa da, onu bütün parlaqlığı ilə çatdırmaq mümkün deyil. O zamanlar Güney Azərbaycanın bizimlə birləşməsi üçün hazırlıqlar gedirdi. II Dünya müharibəsində SSRİ-nin çətin vəziyyətə düşməsi Güney Azərbaycan məsələsini yaddan çıxartdı” — deyə o bildirib.

    Read more: https://sputnik.az/radio/20171213/413153423/21-azer-tariximizin-facieli-sherefli.html

  • “Elçibəyi qarnından vururdular, qan başımdan tökülürdü”

    Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 1991-ci ilin avqust ayında Azərbaycan Xalq Cəbhəsinin qərargahına təşkil edilmiş basqından yazıb. Həmin yazını təqdim edirik:

    “…QKÇP haqqında Yardımlıda eşitdim. Yenicə getmişdim… Yarım saat sonra artıq maşını Yardımlı-Masallı arasındakı dolama yollarda uçurdurdum. Radionun ziddiyyətli məlumatlarından bir şey anlamaq çətindi.

    Amma hər nə isə ittihamlar ağırdı, Qorbaçovdan zəhləm getsə də, ona qarşı çıxışlarda, açıq-aşkar, köhnə rejimin bərpasından başqa bir niyyətin olmadığı göz qabağındaydı.

    Özümü cəbhənin İdarə Heyətinin iclasına çatdırdım və sabahkı gün nə ola biləcəyini nəzərə almadan QKÇP-ni pisləyən bəyanatı qəbul edib yaydıq. Ayaz Mütəllibovun İrandan QKÇP-ni dəstəkləməsi sonrakı hadisələri sürətləndirdi…

    Qarışıqlığı eşidən İbrahim Bozyel də Türkiyədən özünü yetirmişdi: “Vəziyyət dəyişilər, yollar bağlanar, bir də görüşə bilmərik, deyə qorxdum! Nələr baş verir?”

    Sabaha kimi yuxumuz qaçmış, ola biləcək bütün variantları götür-qoy eləmişdik.

    Ayın 23-də o vaxt Təbriz prospektindən Sovetskiyə, indiki Nərimanov prospektinə, Məktəbəqədər Texnikumun binasına köçürülmüş Xalq Cəbhəsində İdarə Heyətinin yığıncağı keçirilməliydi. QKÇP-dən sonra hakimiyyət öz səhvlərindən daha da qəzəblənmişdi və bizim düzgün mövqelərimizi ardıcıl dünyaya bəyan eləməyimiz bəzilərini quduzlaşdırırdı.

    Köhnə Sovetski hamamının yanından irəli keçmək mümkün deyildi… Cəbhənin ətrafı adamla doluydu. Amma binanın qapı-pəncərələri bağlıydı, heç kim ora yaxın düşmürdü.

    İrəli keçəndə kimsə qolumdan yapışdı:

    – Sabir bəy, getməyin, polis xəbərdarlıq edib, indicə qaz buraxacaqlar içəri…

    İbrahim Bozyeli ətrafdakılara tapşırdım.

    – Siz İbrahim bəydən muğayat olun. Mən getməliyəm.

    Qapını döydüm. Səs gəlmədi, sonra pəncərədən kimsə gördü.

    – Polis deyil, Sabir bəydi, açın!

    Qapını çətinliklə açdılar. Köhnə məktəbin nə qədər idman döşəyi, ayaqaltı xalçaları vardısa, qapının arxasına yığmışdılar. İkinci qatda İdarə Heyətinin üzvləri binadan çıxmamaq qərarını verib, səngərdə düşmən hücumunu gözləyən adamlar kimi oturmuşdular.

    Biri “gərək gəlməyəydin, onsuz da indi boşaldacaqlar buranı”, başqası, “yaxşı ki gəlib, tanıyırlar, deputatdır, bəlkə ona görə bizə də dəymədilər”, – dedi.

    Bir azdan “əməliyyat” başlandı. Sanki düşmən istehkamına cumurdular. Qışqırıq, hay-küy… Müxtəlif istiqamətlərdən buraxılan qaz birinci mərtəbəni duman kimi doldurub ikinci mərtəbəyə qalxırdı.

    Qapını təpikləyib içəri cumdular.

    – Durun, rədd olun burdan!

    Mən çımxırdım.

    – Tərbiyəli danışın!

    Ən çətin anlarda və ən sərt tapşırıq alanda da məni görən kimi əli boşalan milisin üzü buz kimi soyuqdu bu gün.

    – Siz də çıxın!

    Uşaqları döyə-döyə, sürüyə-sürüyə qaz-dumanın içindən dartıb aparırdılar. Əbülfəz bəy, İsa, mən axıra qalmışdıq. Bizə toxunacaqlarına inanmırdım.

    Qaz iyindən nəfəs almaq olmayan qaranlıq dəhlizdə milislər və mülki geyimli adamlar sıralanıb bizə yol açmışdılar. Pillələrlə enib, onların arasına girəndə gözüm Əbülfəz bəyə sataşdı, qarnından vururdular, ağrıdan bükülmüşdü və qollarından tutub irəli dartırdılar. Sonra bizim uşaqlardan bir dəstə ora cumdu və onu arxa qapıdan həyətə çıxartdılar.

    Elə həmin an başıma ağır bir zərbə dəydi, qan gözümə töküldü, boynumdan süzülüb sinəmi, kürəyimi yandırdı. Arxadan vurmuşdular. Qaranlıqda irəlini seçə bilmədim. Geri çevrilmək imkanım da yoxdu. Gözüm qaraldı, dünya başıma fırlandı… Huşumu itirirdim… Birdən-birə içimdən bir səs pıçıldadı: “Amandı, yıxılma, bunların qabağında yıxılma!” İradəmi, son gücümü toplayıb dikəldim.

    Qapıdan düşən işıq zolağını tutub, birtəhər irəlilədim, qapıya çataçatda Firudin Ağasıoğlu çöldən cumub girdi qoluma, üzümüz qaz dumanından seçiləndə milislərdən kimsə məni tanıdı: – Ay namərd uşağı! Bu ki Sabir bəydir! Kimin əli qalxdı buna? Hansı alçağın?

    Biri vururdu, biri belə deyirdi milisin! Küçəyə enən pilləkənin ayağında kimsə qabağımı kəsib, “Sən hələ ölməmisən?” – deyə, qanlı üzümə bir yumruq da ilişdirdi. Mənim dalımca onu da itələdilər avtobusa. Əvvəlcə qışqır-bağırla başladı ki, “Siz rayonluların əlindən boğaza yığılmışıq”. Milis işçilərinin biri amana bəndmiş, boğazladı onu: “Alçaq, hansı haqla rayonlu-şəhərli söhbəti salırsan? Millət vəkilinə əl qaldırmısan, cavab verəcəksən”. Yenə valı dəyişdi, cibindən vəsiqə çıxartdı, “mən də deputatam”, – dedi. Bəlli oldu ki, Zığ qəsəbə sovetinin deputatı Mustafadır. Bu, hələ avtobusda olanlardır. Sonra milisin arasına nə qədər öyrədilmiş mülki geyimli adamlar qatıldığını öyrənəcəkdim. “Əbülfəzlə Sabiri ölümlərinə vurun” tapşırığını alıbmışlar.

    Oktyabr (indiki Yasamal) Milis İdarəsində Mustafa yeni bir cildə girdi, bu dəfə mənə yalvarmağa başladı ki, qələt eləmişəm, səhv eləmişəm, sən şikayətçi olmasan, məni saxlamazlar.

    Onu onsuz da saxlamadılar, lakin mən də uzun müddət bağışlamadım. Cəbhə hakimiyyətə gələndən sonra Bakı Prokurorluğunda haqqında iş açıldı. Bu dəfə Zirə ağsaqqalları işə qoşuldu, gedib Pirallahıda yaşayan, arvadı Zirədən olan qohumum Əliağa kişini tapdılar, o da ağsaqqal, hörmətli kişiydi, dəfələrlə yanıma gəlib getdilər. Axırda Quran gətirdilər, keçə bilmədim, Mustafanı qurban elədim Qurana və ağsaqqallara…

    Məndən başqa bir neçə deputat da gətirilmişdi milisə. Başımın bərk yarıldığını görüb təcili apardılar “Semaşko” xəstəxanasına, yaraya altı tikiş qoyan həkim, Mütəllibovdan tutmuş milislərə qədər, hamısını söyə-söyə “bəxtiniz çəkib, – dedi, – zopa sümüyün ən bərk yerinə dəyib, bir az aşağı-yuxarı olsa, ya sağ qalmazdınız, ya da şikəst olardınız”. Başımda o zərbənin nəticəsi olan qansızma, qan ləkəsi uzun müddət çəkilmədi.

    Milisin ilk məqsədi deputatlardan “xilas” olmaqdı. Nə böyük səhv elədiklərini indi başa düşürdülər, amma bizim hər şeyi dəqiq sənədləşdirmədən getmək fikrimiz yox idi.

    Əllidən çox cəbhəçi qan içində, paltarı cırıq, döyülüb əldən düşmüş, amma bu vəziyyətlərində də nikbin, deyib gülən vəziyyətdə salona doldurulmuşdu. Vəziyətimin ağırlığını görür, dilə tutub evə göndərmək istəyirdilər. Polis rəisinə dediyimi onlara da təkrarladım: “Bütün uşaqlar buraxılmayana qədər burdan gedən deyiləm”.

    Sonra rəisin otağında İsayla mənə çay verib dilə tutmaq istəyəndə İsa da eyni sözü dedi və ifadəni də bu cür, tələbkar, sərt, hadisənin araşdırılmasını tələb edən deputat mövqeyindən yazdıq.

    Milisin ətrafı adamla doluydu. İbrahim Bozyel də hardansa Elxanı tapıb bərabər gəlmişdilər. Evdən uşaqlarım köynək gətirmişdi. “Heç olmazsa köynəyini dəyiş”. Bu qanlı əşyayi-dəlili bütün tutulanlar buraxılmayana qədər əynimdən çıxarmadım.

    Bir neçə gəncin, yaddaşım aldatmırsa, Qabilin, Oqtayın əynində köynək də yoxdu. Kürəklərindəki çalın-çarpaz zopa yerləri yanıq yeri kimi qızarırdı. Bu həngamənin içində gözəlim ilham pərisi də əl çəkmirdi: “Uc-uca calansa zopa yerləri, tən gələr azadlıq yollarımıza…”

    Gecə saat dördlə beşin arası bütün tutulanlar buraxılandan sonra milisdən çıxdıq.

    O gecə Əbülfəz bəyi də başından yaralamışdılar. Onun da yarasını təcili yardımda eyni həkim tikmişdi, evdə yatırdı. Əziyyət verirdi, bəlkə də böyrəkləri, içi əzilmişdi. Arada vaxt tapıb baş çəkdim, sarıqlı başlarımızla yarım saat baş-başa dərdləşdik.

    Ayın iyirmi beşində yanına gedənlərə demişdi: “Gedin Sabir bəylə danışın, İsayla razılaşıb girsinlər Azadlıq meydanına!”

    Onsuz da vəhşicəsinə dağıdılmış Cəbhənin ətrafında mitinqlərin arası kəsilmirdi.

    Avqustun 26-da toplaşan camaata Azadlıq meydanına girəcəyimizi bəyan etdik və günorta saat 3-də meydana çəpər çəkmiş maşınların, avtobusların üstündən aşıb “Azadlığ”ı doldurduq. Bir il səkkiz aylıq fövqəladə vəziyyətə son qoyuldu. Komendant saatı mənasını itirdi. Bir il səkkiz aylıq sükutdan, süqutdan, döyülmək və alçaldılmadan sonra hərəkatın yeni mərhələsi başlandı. Ali Sovetdəki Demblok birdən-birə yüzlərlə deputatın həsədlə və ehtiyatla baxdığı gücə çevrildi…

    Meydana o qayıdışda yad əldə əsir olan bir yurd qalasının geri qaytarılmasına bənzər bir sevinc vardı. Tribunaya ilk çıxan İsayla məndim və camaatın gözünün qabağında uşaq kimi atılıb düşə-düşə qışqırırdıq: “Qayıtdıq! Qayıtdıq!”

    QKÇP-yə münasibətdə aldandığını biləndən sonra Mütəllibovun Moskvadan uzaqlaşmaqdan başqa yolu qalmamışdı. Onsuz da başqa yolla xalqın təzyiqinin qarşısını ala bilməzdi.

    Avqustun 30-da Ali Sovet Müstəqillik bəyannaməsini qəbul etdi. Amma bu addım məhz siyasi oyunlarla bağlı olduğuna görə tarixə çevrilə bilmədi… (axar.az)

  • Milyonların ürəyinə uzanan yol və yüz addım

    …Öncədən onu deyim ki, yüksək səviyyəli yubiley mərasimləri gələnəyinin unudulduğunu düşünürdüm, daha doğrusu, pulun, şəxsi çıxarların, hakimiyyət ehtiraslarının hökm sürdüyü cəmiyyətlərdə öz böyük sənətkarlarını layiqincə anmaq az adamı maraqlandırır, əksinə, millətin milli varlığının qoruyucuları olan aydınları gözdən salmaq gizli bir siyasətə çevrilir və xırda adamların hamını öz səviyyələrinə endirmək xəstəliyi yayılır. Nə yaxşı ki, Kabarda–Balkar respublikasından dəvət aldım, balkar xalqının öz böyük şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyini hansı səviyyədə qutladığını gördüm və bütün dəyərləri itirməyin mümkünsüzlüyünə sevindim.
    ***
    Gecələr gedib yerləşdiyim yeni otellərdə yuxudan oyanarkən ilk işim pəncərəni açıb ətrafa baxmaq olur.
    Nalçikin “Sindika” otelində 8-ci mərtəbədəki otağımın pərdəsini çəkib, ətrafa boylananda göz önündə açılan mənzərəyə heyrətləndim. Bir şəhər görüntüsü əvəzinə payız meşələrinə bürünmüş dağ yamacı ilə üz-üzəydim. Sarısı qırmızısına qarışan meşənin içindən kiçik adalar kimi seyrək kənd evlərinin damları görünür. Evlərin tüstüsü meşədə daraqlanıb keçən seyrək dumana qarışır.
    …Təyyarə meydanında dünən axşam məni balkarların başqa bir görkəmli şairi, köhnə dostum Saleh Qurtiyev (balkarlar “Qurtulanu” deyirlər) qarşılamışdı. Yəqin diqqətlə baxmasaq nə o məni, nə mən onu tanıyardım. Zarafat deyil, görüşmədiyimiz otuz ilə yaxındır; amma o vaxta kimi az qala hər il müxtəlif ədəbiyyat tədbirlərində və ya yaradıcılıq evlərində görüşürdük. Saleh bəy Kabarda-Balkar respublikasının mətbuat komitəsinin sədri idi, arada Bakıya da gəlib-gedirdi. Amma sonra əlaqələr qırıldı.
    Qaysın Quliyevin yubileyinə məni Moskvadan, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, köhnə dostum Diman Belekov dəvət etmişdi. Sonra Kabarda-Balkar Yazıçılar Birliyinin sədri Beppeylanı Mütəllib gedib-getməyəcəyimi dəqiqləşdirmək üçün zəng vuranda onu da bildirmişdi ki, Bakıdan yol yoldaşınız da olacaq, tək olmayacaqsız. Sonra bəlli olmuşdu ki, yubileyə “Azərbaycan dünyası” dərgisinin naşiri və baş redaktoru, “Dədə Qorqud” milli fondunun prezidenti Eldar İsmayılov da dəvət olunub. Ancaq Eldarla yalnız təyyarədən enəndən sonra Salehin yanında görüşdük və Nalçikə bir maşında gəldik. Söhbət zamanı öyrəndim ki, onun atası müharibədə Qaysın Quliyevlə eyni cəbhədə olub.
    Eldarı kənardan tanıyırdım, yubiley günlərində yaxınlaşdıq, gördüyü işlər, jurnalist fəaliyyəti, diasporumuzla əlaqələri barədə söhbətləri arada səmimiyyət yaratdı.
    Saleh Qurtuyev bir müddət Qafqaz Yazarlar Birliyinə başçılıq edib. İndi “Munqu-tay“ (Elbrusun balqarca adıdır) jurnalını buraxır. Gələn ilin may ayında 80 yaşı olacaq, lakin şux və gümrahdır. Yubileyi ərəfəsində beş cildlik əsərləri dövlət vəsaiti ilə nəşr edilir. Təəssüf ki, bizdə bu ənənə çoxdan unudulub. Bundan əlavə, dünya ədəbiyyatından təxminən əlli min misralıq tərcüməsi var və zarafatla deyir ki, tərcümə cildində Puşkindən sonra sən gəlirsən. Gülə-gülə: “Aydındır, – deyirəm, – Azərbaycan əlifba sırasında birincidir”.​
    Nalçikdə olduğumuz ilk gün tunelləri, sərt qayaları, payız meşələrinin rəngləri ilə ürəyi yerindən oynadan vadini gəzdik, “Balqar Goy-gölünə” getdik. Yağış yağdığından gölün qırağındakı restoranda seyrəklikdir. Bizi qarşılayan xanım gülə-gülə “yerlilərim xoş gəlib” deyir. Bu mehribanlığının səbəbini Saleh söyləyir: “Həyat yoldaşı azərbaycanlı olub”.
    Axşam Salehin dəvəti ilə, Nalçıkdəki Azərbaycan dərnəyinin bir dəstə üzvü, başda yerli univrsitetin kafedra müdiri, prof. Əli Dadaşov olmaqla, otelə, bizim görüşümüzə gəldilər. Quzey Qafqazdakı yerlilərimizin durumu və Vətənlə əlaqələri barədə söhbət etdik.
    Qaysın Quliyevlə bağlı tədbirlər ertəsi gün – noyabr ayının 1-də başlandı. Ara verməyən yağışa baxmayaraq, böyük şairin heykəlinin qoyulduğu meydan qonaqlarla və onu sevənlərlə doluydu. Respublikanın bütün rəsmiləri də meydanda idilər. Söhbətlər uzanır, heykəlin qarşısında şəkil çəkdirmək istəyənlərin sırası seyrəlmirdi.
    Günortadan sonra respublika milli kitabxanasında Qaysın Quliyevin həyat və yaradıcılığına həsr edilmiş dəyirmi masada iştirak etdik. Burda mən çıxışımı Səməd Vurğunun sözü ilə başladım: “Kiçik xalqın böyük şairi olmaqdansa, böyük xalqın kiçik şairi olmaq yaxşıdır”. Qaysın Quliyev də kiçik xalqın şairidir, amma parlaq istedadı onu bütün türk ellərinin və dünyanın şairinə çevirib…”
    Axşam Respublika Musiqili Teatrında Qaysın Quliyevin yubileyinə həsr olunmuş təntənəli gecə keçirildi. Gecədə Azərbaycana sayqı əlaməti olaraq mənə də söz verdilər.
    Mən yubileyə Azərbaycan Yazarlar Birliyinin təbrik məktubunu təqdim etdim. Çıxışımda daha çox Qaysın Quliyevin və xalqının faciəsi və üzləşdikləri ədalətsizlik üzərində dayandım:
    “…Əgər Stalin repressiyası və deportasıyasından, onun faşizmdən fərqli olmayan türk düşməynçiliyindən bircə balkar da xilas ola bilməsəydi, bu xalqdan yalnız bir Qaysın Quliyev sağ qalsaydı, dünya yalnız onun şəxsiyyətini tanısaydı, yenə balkar xalqının böyük istedadına şübhə yeri qalmazdı. Balkar dilində yalnız onun şeir və poemaları yaşasaydı, yenə də bu əsərlər balkarların gözəl ruh dünyasını dərk etməyə, ölməz balkar türkcəsini sevməyə bəs edərdi. Çünki Qaysın Quliyev balkar ruhunun ensiklopediyası, balkar dilinin canı və qanıdır. Onun taleyi balkar xalqının taleyidir.
    Qaysın ağa, eyni zamanda, Quzey Qafqaz türklərinin, Krım tatarlarınin, Axıska türklərinin, Azərbaycanın repressiya qurbanı olmuş və vətənindən sürülmüş on minlərlə ziyalısının şairidir: bütün əzabkeş xalqların şairidir. O, Balkar xalqının dünyaya ən böyük hədiyyəsidir.
    Mən Qaysın Quliyevi sonuncu dəfə Bakıda, ədəbiyyat günlərində, Azərbaycan şairlərinin, onu sevənlərin əhatəsində görmüşdüm. Qəzetə müsahibə verir, özünəməxsus enerji dolu bir səslə xalqının acı taleyindən, Qırğızıstandakı həyatından, orada azərbaycanlı sürgünlərlə qonşuluğundan göz yaşı ilə yoğrulmuş söhbətlər edirdi. Dahi Azərbaycan şairləri Nizamini və Füzulini bizə yenidən tanıtdırırdı. Onları necə sevdiyini deməsi azmış kimi, əsərlərindən parçaları əzbər söyləyirdi.
    Azərbaycanda dostları çox idi. Xüsusən, Səməd Vurğun haqqında, onun milli ədəbiyyatların inkişafında rolu haqqında böyük hörmətlə danışır, ona “mənim əziz karındaşım” deyirdi.
    Sonra 1980-ci ildə nəşriyyatın baş redaktoru kimi mənə Qaysın Quliyevin «Yer kitabı”​ adlı şeirlər toplusunu Azərbaycan türkcəsində nəşr etmək qismət oldu. Bu kitabı onun dostları və Azərbaycanın ən tanınmış şairləri çevirmişdilər.
    Allah Böyük Qafqazın ən uca zirvələrindən də yüksəkdə dayanan Qaysın Quliyev sözünü və Balkar xalqını qorusun!”
    Sonra böyük şair haqqında elə o günlərdə yazdığım şerimdən bir parça oxudum:
    Sürdülər qürbətə türk ellərini
    Ruhu uçub getdi Qafqazın bir gün
    Bu dünya faşistlər əlində əsir,
    Oğul cəbhədədir, anası sürgün

    Bir qəzəb fışqırır hər yarasından
    Niyə parçalanıb dağılmır bu yer?
    Qalıb arasında iki cəlladın –
    Arxada Stalin, önündə Hitler

    Şair vətən deyir… Vətən dağılmış,
    Nəğməsi yuvasız neyləyəcəkdir.
    O daha ilhamı hardan alacaq
    Sözünü kimlərə söyləyəcəkdir?

    Beləcə bir ömür yaşadı Qaysın,
    Dünya ədalətsiz – yandırır, yaxır.
    Xalqını ölümə göndərən kəslər
    Onun sinəsinə medallar taxır.

    Yenə də ucalır qartal harayı,
    Savaşda ölmədim, ancaq gordayam…
    Dəysin başınıza cənnət vədiniz,
    Millətim hardasa, mən də ordayam!

    Yubileydə Türkiyədən, Moskvadan, Tatarıstandan, Çuvaşiyadan, Şimali Qafqaz respublikalarından, Qazaxıstandan, Qırğızıstandan gəlmiş bir sıra köhnə dostlarla yenidən görüşmək qismət oldu.
    Bir neçə gün Respublika Qaysının xatirəsini paylaşdı, onun şeirlərini söylədi, onun mahnılarını oxudu, onun yüksək insanı keyfiyyətləri haqqında əfsanəyə çevrilmiş söhbətlər etdi. Qəzetlərin birinin başlığı Qaysına olan məhəbbəti dəqiq ifadə edir: “Çegemdə doğulmuş peyğəmbər”.
    Qaysın Quliyev mürəkkəb və faciəli bir həyat yolu keçmişdir. Böyük Vətən müharibəsi illərində ön cəbhədə silahı, arxa cəbhədə sözü ilə vuruşurdu. Onun cəbhə yoldaşları gənc Qaysının sərrast sözünün, yüksək vətən sevgisiylə yoğrulmuş şerinin cəbhədə əsgərləri necə ruhlandırdığını və qələbəyə apardığını dəfələrlə qeyd ediblər.
    Qaysın Quliyev Qafqaz cəbhəsindən başlayaraq bir çox ağır döyüşlərdən keçmiş, yaralanmış, sağalıb yenidən cəbhəyə qayıtmışdı. Qırğızıstana sürgün edilmiş xalqının faciəsi onun yaralı köksünə daha ağır bir yara vurmuşdu. Stalinin öz yurdunda və ya Moskvada yaşamasına icazə verən xüsusi göstərişini qəbul etməyərək, Qırğızıstana getmiş və orada 12 il sürgün həyatı yaşamış və xalqının öz doğma yurduna qayıtması uğrunda mübarizə aparmışdı. Bütün bunlar onun mərd, qürurlu, vətən və insan sevgisi ilə dolu poeziyasında da əksini tapmışdır.
    Qaysının məğrur səsi erkən yaşlarından ona ədəbi mühitdə şöhrət və sevgi qazandırmışdır; Mustay Kərim, David Kuqultinov, Alim Keşokov, Rəsul Həmzətov, Çingiz Aytmatov kimi milli ədəbiyyatların görkəmli nümayəndələriylə çiyin-çiyinə və dostcasına köhnə SSRİ-nin ədəbi tablosunu yeni rənglərlə, yeni dillər və yeni ənənələrlə zənginləşdirmişdilər. Bu baxımdan onlar böyük Səməd Vurğunun davamçılarıydılar.
    Qaysın Quliyevin Azərbaycanla bağlılığını balkar yazıçıları yaxşı bilirlər. Saleh bəy dramatık məqamlarda Səməd Vurğunla Qaysın Quliyevin bir-birlərini necə müdafiə etdikləri barədə mənim bilmədiyim maraqlı epizodlar danışirdı.
    O, Azərbaycan ədəbiyyatının tərcüməsi və nəşri ilə həmişə maraqlanır və bizim yazılarımızı çap edən redaksiyalara zəng vurub minnətdarlığını bildirirmiş.
    Qaysın Quliyev poeziyası onun balaca xalqının böyük ruhunun happy wheels demo ifadəsi idi. Dünyanın bir çox qələm sahibləri onun yaradıcılığı haqqında heyranlıqla söz açıblar. Öz həmkarlarının ona olan münasibətini Çingiz Aytmatov dəqiq ifadə edib: “Qaysın Quliyev öz canı və qanıyla, ayrılmaz şəkildə doğma torpaqla, doğma xalqla bağlı olan böyük poeziyanın örnək şəxsiyyətidir. O, böyük ədəbiyyatda bizim bayraqdarımız idi”.
    Aşağıdakı rəylər də bu fikrin təsdiqidir:
    “Şair Qaysın Quliyev doğru demişdir: “Müharibədə atılan hər güllə birbaşa anaların ürəyinə dəyir” (İndira Qandi).

    “Qaysın Quliyev və onun poeziyası böyük həyat yanğısı və alovlu temperamentdir. Orada Şərq və Qərb saatlarının əqrəbləri qovuşur” (Boris Posternak).

    “Yüksəkliyə doğru can atan insanlar qarlı dağları necə sevirlərsə, biz də şeirin Qaysın Quliyev adlanan ucalığını həmişə sevəcəyik” (Nikolay Tixonov).

    “Mən bu dünyanın ən gözəl insanlarından biri olan Qaysın Quliyevin mərdliyi və dəyanətinə, onun böyük, möhtəşəm istedadına çox dərin hörmət və məhəbbətlə yanaşıram” (Konstantin Simonov).
    “Qaysın Quliyev – dağların qüdrətli oğlu, zəmanəmizin insan duyğuları və müdrikliyi ilə dolu olan böyük poeziyasının nəhəng yaradıcısı, əziz dostum və qardaşımdır” (Mirzə İbrahimov).
    ***
    İki günlük yubiley tədbirinin ən maraqlı hissəsi noyabrın 2-də şairin doğulduğu Çegem rayonuna səyahətimiz oldu. Öncə Nalçik ətrafında ömrünün son illərini yaşadığı evini ziyarət etdik. Birmərtəbəli sadə ev Qaysının xoşbəxt günlərinin şahidi olub. Həyətdə talvarın altında uzun masalar var. Burda oxucuları və kəndliləri ilə görüşürmüş. Üç iri ceviz ağacı yarpaqlarını tökəndən sonra çılpaq görkəmiylə sahibi gedən evin qüssəsini artırır. Vəsiyyəti üzrə şair öz həyətində dəfn edilmişdir. Məzarın yuxarı tərəfində qranit heykəl ucalır. Balaca iş otağının divarlarını şairin ilhamlı anlarının şəkilləri və aldığı mükafatlar bəzəyir. Yazı masası otuz iki ildir sözün və ilhamın həsrətini çəkir…
    Sonra maşın karvanı Yuxarı Çegemə – şairin doğulduğu yurda doğru yol aldı.
    Çegem yolu, Çegem şəlaləsi təbiət möcüzələridir. Çegem çayı ilə yanaşı uzanan yol, altından keçib getdiyimiz qayalar mənə Tərtər boyu uzanan Kəlbəcər yolunu, Qaya baş-başa dəyən yeri xatırladır. Tunelə bənzər bu yol sonra sıxıntıdan qurtarır və payız günəşində bərq vuran qarlı dağların arasında ayrı bir dünyaya düşürük… Bu, mənə doğma olan bir dünyadır. Meyvəsi yığılmamış çaytikanı kollarınin budaqları sap-sarı, yoğun kəhrəba boyunbağılara çevrilib. Ağacların baş ucunda yellənən sonuncu yarpaqlar gün işığında qızıl sırğalara bənzəyir.
    Qaysın Quliyevin ata ocağı ucalığı ilə adamı heyrətə salan və bu baxımdan yəqin ki, dünyada tayı-bərabəri olmayan quşqonmaz qayaların arasında, köpüklənə-köpüklənə axıb Çegemə qarışan balaca dağ çayının üstündədir: kənddən yüzəlli-ikiyüz metr yuxarıda.
    Böyük eloğullarına sevgi əlaməti olaraq kənd camaatı və bir dəstə təşəbbüskar bu evə qalxan yolu genişləndirib və üst tərəfindən iri daşlardan evə kimi uzanan divar hörüblər. Divardakı taxçalara hər 2-3 metrdən bir yazılı mərmər lövhələr yerləşdirilib. Bu lövhələrdə şairin öz şeirləri və onun haqqında dünya şöhrətli müəlliflərin fikirləri həkk olunub. Lövhələri saymadım. Yüzdən çox olar. Bəlkə elə buna görə də bu yola “Qaysım Quliyevə doğru yüz addım” adı verilib.
    Dəyərli işdir, yazılar yola özəl bir anlam gətirib. Söz yolu qutsallaşdırıb, ziyarətgaha çevirib.
    Yubileyə gələnlərin sırası kənd arasından evə kimi uzanır. Yolun başlanğıcında divarda iri hərflərlə yazılmış yazıların altına gül dəstələri qoyuruq. Dayanıb şəkil çəkdirmək istəyəndə şairin oğlu Əhməd Quliyev mənə yaxınlaşır, “bir yerdə şəkil çəkdirək” deyir və “axşam sizin çıxışınız çox xoşumuza gəldi” söyləyərək, ailəsinin adından təşəkkürünü bildirir: ”Siz atamın ruhunu dəqiq ifadə etdiniz. Kimsənin toxunmadığı məsələlərə toxundunuz. Daha doğrusu, başqalarının duymadıqları və ya cəsarət edib demədiklırini dediniz. Bizim ağrımızı hər adam bilməz. Salon da sizi anladı və gördünüz necə qarşıladı”. Gülə-gülə “hələ bəzi şeyləri ixtisar elədim, vaxtı nəzərə aldım, həm də problem yaratmaq istəmədim” dedim.
    Söhbət zamanı o, atasının Azərbaycana xüsusi münasibəti olduğunu bildirdi: “Mirzə İbrahimovla yaxın dost idilər. Bakıya gedəndə hökmən onun qonağı olurduq. Rəşid Behbudov sənətinin aşiqi idi. Bir yerdə SSRİ Alı Sovetinin deputatı olmuşdular. Polad Bülbüloğlunun ifasını da sevirdi. İki sözü də heç yadımdan çıxmır. Bir deyirdi ki, Bakıdakı qədər gözəl qızlar dünyanın heç yerində yoxdur. Bir də deyirdi ki, heç yerdə Azərbaycan ailələrində olduğu kimi zəngin və dadlı süfrə aça bilməzlər”…
    Saleh Qurtiyevlə söhbət edə-edə gecə yağmış narın qar təbəqəsinin üstü ilə böyük şairin evinə doğru dikəlirik. Tez-tez xəbərdarlıq edir: “Ehtiyatlı ol, sürüşərsən, aşağı uçurumdur”.
    Qaysının mülkü uşaq vaxtı bizim dağ kəndlərində gördüyüm üstü çimlə örtülü bir neçə yarıqazma evdən ibarətdir. Yuxarı tərəfdə eyvanı olan və nisbətən böyük – üç otaqlı binada onun muzeyi yerləşir. Şəkillər, ov tüfəngi, köhnə sandıq, mis qazanlar, məişət əşyaları uzaq zamanların ruhunu qoruyur. Girişdəki otağın bir küncündə, döşəmədə oyulmuş ocaqda odun yanır, soyuqdan qaçan qonaqlar əllərini qızdırırlar. Ocağın qırağındakı balaca kresloda otururam. Tanışlar yaxınlaşıb kreslonun ətrafında şəkil çəkdirirlər.

    Həyət çegemlilərlə və Qaysın Quliyev şeirinin həvəskarları ilə doludur. Məktəblilər həyəcanla şairin şeirlərini söyləyirlər. Sonra aşağı həyətdə yenə ocağı gur yanan bir yarıqazma otaqda uzun masanın ətrafında sıxlaşıb oturur və Qaysın Quliyev yurdunun bərəkətindən dadırıq.
    Kabarda-Balkar respublikasının mədəniyyət nazirinin, Çegem icra başçısının, TÜRKSOY-un Baş katibi Düsen Kusainovun da qatıldığı bu hay-küylü məclisdə deyirəm ki, bu yol gözəl işdir. Onun tikintisi haqqında filmə də baxmışam. Lakin Qaysına doğru yüz addım atmaqla nə onun kəndliləri, nə də rəsmilər çox öyünməsinlər. Onların çəkdiyi yol Qaysın Quliyev yolu ilə müqayisəyə gəlməz. Şair bu ocaqdan milyonlarla insanın ürəyinə yol çəkib. Onun çəkdiyi yolun uzunluğunu kimsə hesablaya bilməz. Bu yol əbədidir. Daim yaşayacaq və zaman keçdikcə uzanacaq, genişlənəcək.
    Sol tərəfimdə Rusiya Yazarlar Birliyinin birinci katibi, şair Gennadi İvanov və Çeçenstan Respublikasının Yazarlar Birliyinin katibi Kanta İbrahimov oturublar. Çeçen dostumuzla sözümüz tutur, danışır, zarafatlaşırıq. Sol tərəfimdə Kalmık Respublikasının Yazarlar Birliyinin sədri Erdni Eldışev kəlmə kəsmədən susur. Onu dilləndirmək üçün söz atıram: “Dağlar danışır, çöllər susur”. Gennadi misranı havada tutur: “Bu gözəl bir şeir mövzusudur…” . “Sənə bağışlayıram, yaz!” – deyirəm.
    Qaysın ocağında şənlik davam edir. Bu ocaq tək sözüylə yox, həm də duzu, çörəyi ilə bərəkətlidir. Amma biz geri qayıtmalıyıq. Sal qayalarla dünyadan ayrılmış balaca yurdun dünyaya yayılan səsi yol boyu bizi izləyir.
    Sabah ayrılıb gedəcək qonaqlarla – TÜRKSOY-un Baş katibi Düsen Kusainov, Moskvadan Dövlət Dumasının deputatı, Dağlıq Altay şairi Diman Belekov, Gennadi İvanov, Anatoli Parpara, çuvaş şairləri Raisa Sarbi və Valeri Turqay, Başqırdıstandan Zəki Alibayov və başqaları ilə söhbətimiz oteldə gecədən xeyli keçənədək davam edir.
    Sonrakı gün Nalçikdəki azərbaycanlılarla daha bir görüşümüz oldu. Onların danışığından Kabarda-Balkar respublikasının parlament sədri, əslən Bakıdan olan Tatyana Yeqorovanın bizimkilərə həmişə həssaslıqla yanaşdığını öyrəndik. Buna görə də “Azərbaycan dünyası“ dərgisinin “Mehriban ana” mükafatını parlament sədrinə, “Dədə Qorqud” mükafatını isə ədəbiyyatımızın təbliğçisi Saleh Qurtuyevə vermək qərarına gəldik. Buna görə də Azərbaycan cəmiyyətinin başçısı Əli Dadaşov, Saleh Qurtuyev və biz parlament sədri ilə ayrıca görüşdük. Tatyana xanım bu görüşdən, ona verilən mükafatdan məmnunluğunu bildirərək, Bakı ilə bağlı xatirələrini bölüşdü, azərbaycanlıların problemlərinə həmişə diqqətlə yanaşdığını qeyd etdi. “Azərbaycan dünyası” dərgisinin bir sayının Qaysın Quliyevin yubileyinə və Kabarda-Balkar respublikasına həsr edilməsi razılaşdırıldı.
    Saleh bəy bizi Kabarda-Balkarda yaşayan xalqların diaspor nümayəndələrinin iştirakı ilə keçirilən bir bayram məclisinə dəvət etdi. Orada çıxış edib Azərbaycanın milli azlıqlara, müxtəlif dinlərə münasibətdə nümunəvi bir dövlət olduğunu ayrıca vurğuladım, sonra azərbaycanlılarla, Axısxa türkləri ilə söhbət etdik. Onlar Dünya Azərbaycanlıları Konqresinin işində yaxından iştirak etmək istədiklərini bildirdilər.
    Yol qeydlərimi Qaysın Quliyevin poeziyaya hansı yüksək ədəbi- estetik və vətəndaşlıq meyarları ilə yanaşdığını göstərən sözləri ilə bitirmək istəyirəm:
    “Poeziya bəsər mədəniyyətinin ən gözəl hissəsidir və musiqi kimi, insanın ən böyük nəaliyyəti, ən dəyərli xəzinəsidir. Şairlər dünyanın bütün dillərində, həyat haqqında, torpaq haqqında, qadınların gözəlliyi, kişilərin mərdliyi, ana sevgisi, insan xeyirxahlığı, göyün əlçatmaz ulduzları, torpağın bərəkəti, buğda sünbülü, ağac və daş, ot və çiçək, qar və yağış, üzüm salxımı haqqında nəğmə oxuyublar. Mən xöşbəxtəm ki, nə qədər az olsa da, hər halda, bu böyük poeziyada mənim də payım var, mən də onun yaradıcıları arasındayam“.

    Sabir Rustemxanli
    9.11.2009

  • Dilin təmizliyini qorumaq bəhanəsi

    Sabir Rüstəmxanlı

    Müstəqil dövlətdə Ana dilimizin taleyi ilə bağlı sovetlər dönəmindəkinə bənzər ciddi bir təhlükə olmasa da dil məsələsi gündəmdən düşmür və ən müftəlif səviyyələrdə müzakirə olunur. Ana dilimizin dövlət dili kimi istifadəsi və inkişafı ilə bağlı bir neçə rəsmi sənəd və proqram da qəbul edilmişdir. Buna baxmayaraq, Milli Məclisin qanunlarından, Nazirlər Kabinetinin sərəncamlarından başlamış, dərsliklərimizin, mətbuatın, radio və televiziyanın, reklamların dilinədək, hara əl atsaq, narahatlıq doğuran, müzakirə olunmalı dil sorunları var. Bunların bəziləri təbiidir, dil inkişaf edir, zənginləşir, termin seçimi ardıcıl gedir, yeni sözlər gəlir və s. Amma məsuliyyətsizlikdən və ya qəsdən davam edən dil təxribatları və ya dövlət dilinə sayqıızlıq da var. Bu barədə çox danışmış və çox yazmışam. İndi diqqəti başqa bir məsələyə yönəltmək istəyirəm.
    Son dövrlərdə Ana dilinin və ya dövlət dilinin təmizliyinin qorunması məsələsinə həsr olunan yazıların, toplantıların bir qismində açıq-aşkar bir təxribat və ya araqarışdırmaq meyli var: “amandır, qoymayın türk dilindən gəlmə sözlər bizim gözəl Azərbaycan dilimizi korladı!” . Yəni Türkiyə türkcəsindən gələn sözlər Azərbaycan türkcəsini “zibilləyir”. Rus dilidən, Avropadan axıb gələn kəlmələr bunları narahat eləmir, məhz türk dilindən gələn və tərtəmiz türk kökənli kəlmələri eşidəndə çılğınlaşırlar. Otuz ildə soyadlarımızdakı rus sonlugunu-şəkilçisini ata bilməmələri, milli dövlətdə özgə dövlətin yamaqları ilə yaşamaları, uşaqlarımızın bir qisminin ilk təhsili yabançı dillərdə almaları və ana dilini bilməmələri bunların heysiyyətinə toxunmur, bilgisayarlardakı sağlamlıq reklamlarının biabırçı azərbaycancasından, Bakının reklam mənzərəsinin millətə hörmətsizliyindən kəlmə kəsmirlər , ancaq köhnə və dilə yatmayan beş-altı ərəb və ya fars kəlməsinin Türkiyə türkcəsindən alınma sözlərimizlə əvəzlənməsini təhlükə hesab edirlər.
    Burada atalarımızın kəlamlarından yan keçmək olmur: “Heyvanına şükür, ilahi!”
    Bu ovqatı yayanlar arasında bəzi təşkilatlar da var. Türkiyə türkcəsinin Azərbaycanda hər bir insanın, hətta uşaqların da başa düşdüyü sözlərini zorla “azərbaycanlaşdırmaq” xəstəlikdir. Məsələn, bir toplantıda türkcə “türk xalqları və topumlarının” yığıncağı yazılırsa bizimkilər “toplum” sözünü təcili “cəmiyyət” ə çevirir və bununla sanki Azərbaycan dilini qoruyurlar. Gülünc və utandırıcıdır.
    Azərbaycan türkcəsi və Türkiyə türkcəsi eyni dildir; bir millətin dilidir. Zaman və şərait bəlli fərqlər yaratsa da, bir-birimizi rahatca anlayırıq. Dil islahatı nəticəsində Türkiyə türkcəsi– ərəb və fars kəlmələrindən təmizlənərək, yerinə bütün türk dillərindən seçmə sözlər gətirilərək öz kökünün üstündə dayanan, 610 mindən artıq kəlmə xəzinəsi olan mükəmməl və dünyanın ən gözəl səslənən dillərindən birinə çevrilmişdir. Bizim dilimiz də zənginləşərkən, yeni sözlər axtararkən təbii ki, ilk növbədə qardaş dilə müraciət etməli, onun imkanlarından istifadə etməlidir. Rəsmi siyasətimiz türk dövlətlərinin yaxınlaşması, ortaq əlifba, ortaq ünsiyyət dili istiqamətindədirsə dillərin qarşılıqlı söz alış-verişinə də sayqıyla yanaşmalı, ümumtürk terminyaratma sisteminin qurulmasına da səy göstərməliyik. Yoxsa üzdə Türkiyə ilə qardaşlıqdan danışaraq arxada onun tək-tək sözlərinə qarşı bu qədər qısqanclıq göstərmək saxtakarlıqdır və bizə başucalığı gətirməz. Dilimizin qayğısını çəkmək qəsdli şəkildə, xüsusi tapşırıqla evlərində ÖZ dillərində , Bakı küçələrində isə rusca danışaraq, bizim dövlətdən yararlanıb bizim dövlətə sayqısızlıq göstərənlərə qalmayıb… Getsinlər öz işləri ilə məşğul olsunlar!..
    Türkiyə türkcəsi Azərbaycan dilini, yəni Azərbaycan türkcəsini necə “zibilləyə” bilər? Deyək ki, əhəmiyyətli yerinə- önəmli, nöqteyi-nəzər yerinə- baxım, müvəffəqiyyət yerinə-ugur, problem yerinə-sorun, kompüter yerinə- bilgisayar, əlaqə yerinə-ilişki, təyyarə və ya samalyot yerinə- uçaq, vəziyyət yerinə- durum və s. deyiriksə bununla “bizim dilimiz” zibillənirmi? Lap yüz-ikiyüz belə söz gəlsin, nə olacaq? Dünya yerindən oynayacaq və ya kimlərsə kəlləmayallaq olacaqlar? Dilin inkişafının qarşısını almaq olmaz və “türkcədən” alınan kəlmələrin çoxu elə bizim öz sözlərimizdir, unutduğumuz, arxaikləşmiş və ya dəbə uyub Avropa zınqırov-mınqırovlarına qurban verdiyimiz sözlərdir.
    Bu məsələ bəzən eybəcər müzakirələrə çevrilir və Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti güdür.
    Yeri gəlmişkən bir məsələyə də toxunmaq istəyirəm. Belə təxribatçılar Türkiyədə də var, Azərbaycanda da. Bəzən bir cahilin sözünü şişirdib mənasız müzakirələr açırlar. Şübhəsiz burda fars, rus, erməni şəbəkələriin də ciddi təsiri var. Rusiya, Ermənistan, İran mətbuatını bürüyən antiazərbaycan hədyanlar günlərlə, aylarla cavabsız qaldığı halda, Türkiyədə deyilən ehtiyatsız bir söz böyük hay-küyə səbəb olur. Anlaşılandır. Uman yerdən küsərlər… Ancaq nəzərə alaq ki, Türkiyədə də türk adı altında gizlənmiş çoxlu türk düşməni var.
    Türkiyə əleyhinə yazanlar arasında azsaylı xalqlardan olan vətəndaşlarımız fəallıqları ilə seçilirlər. Biz Azərbaycanın bütün vətəndaşlarına eyni gözlə baxırıq. Və xatırlatmaq istəyirəm, ermənilər İrəvanda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Lənkəranda, Qubada, Bakıda hamımızı türk-müsəlman deyib qırıblar; kimin türk, kimin kürd, kimin talış, kimin ləzgi olduğuna baxmayıblar. Nuri Paşa Türk-İslam ordusuyla Azərbaycana gələndə hamımızı xilas edib, Azərbaycandakı bütün xalqların namusunu qoruyub. Buna görə də Türkiyəyə Azərbaycanın, Bakının türk əhalisi nə qədər borcludursa digər xalqları da o qədər borcludurlar…
    Bir həqiqət də göz önündədir: Azərbaycanda “türk düşmənçılıyi” edənlərin əsas hədəfi Türkiyə deyil, Azərbaycandır. Eynən, Türkiyədə Azərbaycanı sevməyənlərin Türkiyə düşməni olduqları kimi…

    22.10.2017

  • “Həmin gün göz yaşımızı saxlaya bilmirdik…” – Rüstəmxanlı 18 Oktyabr barədə

    Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Müstəqillik günü ilə bağlı özünün facebook hesabında fikirlərini bölüşüb.

    BakuPost.az həmin fikirləri təqdim edir:

    Yaxın tariximizin ən dəyərli günü

    Jurnalistlərin bir ənənvi sorusu var: Ən mutlu (xoşbəxt) gününüz hansıdır? İllər uzunu tərəddüd etmədən cavab vermişəm: 1991-ci ilin 18 oktyabrı, Dövlət müstəqilliyimizin bərpası günü!

    Hər kəsin həyatında sevgiylə, ailə qurmaqla, təhsillə, övladlarla bağlı unudulmaz günlər var. Lakin mən ilk baharda kütləvi surətdə müstəqilliyin əleyhinə səs vermiş xalqın və 360 deputatından yalnız 43-nün müstəqillik yolunu seçmiş Ali Sovetin bizlərin yorulmadan çalışmağımız və şəraitin diqtəsi ilə son baharda tam əks mövqedən çıxış etməsini böyük tarixi qələbə sayıram və Müstəqillik Aktını qəbul etdirdiyimiz günü ən xoşbəxt günüm hesab edirəm. Mən Məclisdə bu tarixi sənədi qəbul etdirən Müstəqil Azərbaycan deputat blokunun həmsədri idim…Neçə günlük mübahisədən sonra istəyimizə çatanda sevincimizdən gözümüzün yaşını saxlaya bilmirdik.

    O vaxt müstəqilliyin əleyhinə olanlardan bəziləri bu gün yüksək vəzifələri ələ keçirərək müstəqillikdən ötrü həyatını riskə atanlara həqarət edə-edə, şərəfsiz bir saxtakarlıqla dövlətçilikdən, dövlətə xidmətlərindən danışır, sinələrində bu dövlətin ordenlərini və ya millət vəkili nişanlarını daşıyırlar… Qoy olsun. Bu, məni az ilgiləndirir. Onlar da əziyyət çəkiblər. Cilddən-cildə düşmək də bir əziyyətdir. Onsuz da hər il 1991 ci ilin reallıqları xatırlananda onlar nə çəkirlər və ya köhnə rus-sovet xiffəti onları necə öldürür- təsəvvür etmək olar.

    Məni ağrıdan bu gün dolayı yollarla müstəqilliyimizin və onun uğrunda zəhmət çəkmiş insanların gözdən salınması cəhdləridir. Sanki meydan mübarizələrinin, milli-azadlıq hərəkatının heç bir əhəmiyyəti yoxmuş, onsuz da SSRİ dağılacaqmış və Hürriyyəti qızıl məcməidə bizə də ərməğan edəcəkmişlər. Nəzərə almırlar ki, xalq hərəkatı ilk növbədə Qarabağın Azərbaycandan qoparılmasına qarşı başlanmışdı və İttifaq da bu hərəkatların nəticəsində dağıldı. Belə olan halda Müstəqillik Aktına səs verənləri gözdən salmaqla onun əleyhinə olanları bəsləməyin adı nədir? Bəlkə Müstəqillikdən sonrakı bəzi uğursuzluqlar bəhanədir, bunları əsəbiləşdirən bizlərin erməni işğalına qarşı çıxmağımızdır. Elə deyilsə o referenduma “yox” deyən 43 nəfərdən hələ həyatda olanlarına bu etinasızlığa nə ad verək? Öz dilini bilməyən, tarixindən xəbərsiz, milli ruhdan uzaq yeni bir məmur kütləsi peyda olub və bu yaxın tarixləri unutdurmağla, saxtalaşdırmağla, 1918-ci ildə bu dövləti quranların xatirəsinə sayqısızlıqla anlaşılmaz mövqe nümayiş etdirirlər. Buna görə də xalq bəzən bürokrat əngəlləri idarəçilərin yox, müstəqilliyin suçu hesab edir.

    Müstəqillik xalqın var olmağının, şərəf və ləyaqətini qorumağın, inkişafının əvəzsiz yoludur. Bunu dəyərləndirmək və qorumaq hər bir vətəndaşın və ilk növbədə iqtidarın borcudur. Bu dövlətin məmurusansa, zəhmət çək bu dövləti quranlara və qoruyanlara, bu ölkənin vətəndaşına sayğı göstər!.. Başqa yolun yoxdur!..

    Bütün xalqımızı və Müstəqillik uğrunda mübarizədə xidməti olanları bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm!

  • Sabir Rüstəmxanlı Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib!

     

    “Yaxın tariximizin ən dəyərli günü

    Jurnalistlərin bir ənənəvi sorusu var: Ən mutlu (xoşbəxt) gününüz hansıdır? İllər uzunu tərəddüd etmədən cavab vermişəm: 1991- ci ilin 18 oktyabrı, dövlət müstəqilliyimizin bərpası günü!
    Hər kəsin həyatında sevgi ilə, ailə qurmaqla, təhsillə, övladlarla bağlı unudulmaz günləri var. Lakin mən ilk baharda kütləvi surətdə müstəqilliyin əleyhinə səs vermiş xalqın və 360 deputatından yalnız 43 – ünün müstəqillik yolunu seçmış Ali Sovetin bizlərin yorulmadan çalışmağımız və şəraitin diqtəsi ilə son baharda tam əks mövqedən çıxış etməsini böyük tarixi qələbə sayıram və Müstəqillik Aktını qəbul etdirdiyimiz günü ən xoşbəxt günüm hesab edirəm. Mən məclisdə bu tarixi sənədi qəbul etdirən Müstəqil Azərbaycan deputat blokunun həmsədri idim…Neçə günlük mübahisədən sonra istəyimizə çatanda sevincimizdən gözümüzün yaşını saxlaya bilmirdik.. O vaxt müstəqilliyin əleyhinə olanlardan bəziləri bu gün yüksək vəzifələri ələ keçirərək müstəqillikdən ötrü həyatını riskə atanlara həqarət edə- edə, şərəfsiz bir saxtakarlıqla dövlətçilikdən, dövlətə xidmətlərindən danışır, sinələrində bu dövlətin ordenlərini və ya millət vəkili nişanlarını daşıyırlar…

    Qoy olsun. Bu, məni az ilgiləndirir. Onlar da əziyyət çəkiblər. Cilddən cildə düşmək də bir əziyyətdir. Onsuz da hər il 1991- ci ilin reallıqları xatırlananda onlar nə çəkirlər və ya köhnə rus- Sovet xiffəti onları necə öldürür- təsəvvür etmək olar. Məni ağrıdan bu gün dolayı yollarla müstəqilliyimizin və onun uğrunda zəhmət çəkmiş insanların gözdən salınması cəhdləridir. Sanki meydan mübarizələrinin, milli- azadlıq hərəkatının heç bir əhəmiyyəti yoxmuş, onsuz da SSRİ dagılacaqmış və hürriyyəti qızıl məcməidə bizə də ərməgan edəcəkmişlər.

    Nəzərə almırlar ki, xalq hərəkatı ilk növbədə Qarabağın Azərbaycandan qoparılmasına qarşı başlanmışdı və ittifaq da bu hərəkatların nəticəsində dagıldı. Belə olan halda Müstəqillik Aktına səs verənləri gözdən salmaqla onun əleyhinə olanları bəsləməyin adı nədir? Bəlkə Müstəqillikdən sonrakı bəzi uğursuzluqlar bəhanədir, bunları əsəbiləşdirən bizlərin erməni işğalına qarşı çıxmağımızdır. Elə deyilsə o referenduma “yox” deyən 43 nəfərdən hələ həyatda olanlarına bu etinasızlığa nə ad verək?

    Öz dilini bilməyən, tarixindən xəbərsiz, milli ruhdan uzaq yeni bir məmur kütləsi peyda olub və bu yaxın tarixləri unutdurmaqla, saxtalaşdırmaqla, 1918- ci ildə bu dövləti quranların xatirəsinə sayqısızlıqla anlaşılmaz, hətta erməni mövqeyindən az seçilən mövqe nümayiş etdirirlər. Buna görə də xalq bəzən bürokrat əngəlləri idarəçilərin yox, müstəqilliyin suçu hesab edir.

    Müstəqillik xalqın var olmağının, şərəf və ləyaqətini qorumağın, inkişafının əvəzsiz yoludur. Bunu dəyərləndirmək və qorumaq hər bir vətəndaşın və ilk növbədə iqtidarın borcudur. Bu dövlətin məmurusansa, zəhmət cək bu dövləti quranlara və qoruyanlara, bu ölkənin vətəndaşına sayqı ğöstər!…Başqa yolun yoxdur!.. Bütün xalqımızı və Müstəqillik uğrunda mübarizədə xidməti olanları bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm!”.

    Sabir Rüstəmxanlı

  • Sabir Rüstəmxanlının imza günü keçirilib-FOTO

    Xalq şairi Sabir Rüstəmxanlının “Akademikin Son Əsəri” kitabının imza günü keçirilib.

    IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılan Sabir Rüstəmxanlı oxucuları üçün yeni kitabını imzalayıb. İmza günündə izdihamı yaşanıb və gənclərin iştirakı üstünlük təşkil edib.

    Xalq şairi açıqlamasında kitab sərgisinin yazıçı və oxucuların bayramına çevrildiyini qeyd edib: “Bakı kitab sərgisi sayca beşinci dəfə keçirilir. Mən neçə il əvvəl təşkil olunan 1-ci sərgini də xatırlayıram və görürəm ki, hər sərgidən sərgiyə həm iştirakçıların, həm də ziyarətçilərin sayı artıb.
    Sərgidə 40-dan çox ölkədə nəşr olunmuş kitabların sərgilənməsini çox müsbət hal kimi qiymətləndirirəm.
    Eyni zamanda, yerli nəşriyyatların da buradakı təmsilçiliyi yüksək səviyyədədir. Bu, əlbəttə, sevindirici haldır. Çünki kitab yazmayan, oxumayan toplumdan millət olmaz”.
    Sərgidə “Akademikin son əsəri” kitabının imza gününü də keçirən xalq şairi oxucuların bu əsərə olan münasibətindən məmnunluqla danışıb: “Mən burada müşahidə edirəm ki, kitab sərgisinin ziyarətçiləri arasında gənclər üstünlük təşkil edirlər. Onların kitaba marağı təqdir olunmalıdır. Gördüyünüz kimi, mənim bu əsərim də kifayət qədər maraqla qarşılanıb.
    Deməliyəm ki, indiki oxucu kontingenti 25-30 il əvvəlki oxuculardan fərqlənir. Mənim “Ömür kitabı” əsərim o zaman 250 min tirajla çap olunmuşdu.
    Kitabların 250 min tirajla nəşr olunduğu dövrlər geridə qaldı ancaq indiki gəncliyin böyük hissəsinin o əsər haqqında məlumatı yoxdur. Yəni dövr dəyişdikcə, tələbat da dəyişir. Bunu qəbul etmək lazımdır”.

    TO