Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Qarabağa dönüş – Sabir Rüstəmxanlı

    1

    Yaramızdan axan qan

    qan deyil, qorxumuzdur,

    Ağrılarla qovulan ətalət yuxumuzdur.

    Dünən ağladığıma bu gün qəlbən gülürəm,

    Ölüydüm yaşadıqca, dirilməyə ölürəm.

    Nə bu ölüm yenidir, nə yarımcan dirilik,

    Üzdə bütöv olsam da ürəyim çilik-çilik.

    Yad əllər parçaladı, bölündükcə bölündük,

    Küləklərdə sovrulduq, ələklərdə ələndik.

    Çökdü bir qara zülmət yurdumun üzərinə,

    İşıqlı günlər dedik qara demək yerinə…

    Doğrandı sərhədlərim, qayçılandı yollarım,

    Başım kötük üstündə, kələfçədə qollarım…

    Allahsız, dinsiz olan unutdurdu Allahı,

    Allah sevgisi kimi yağmalandı silahım…

    Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.

    Haqq-ədalət yolunda sonadək savaşmaqdır,

    Sağalmaz yara olar boyun əymək düşmənə.

    Ömrüm sığışa bilməz parçalanmış Vətənə.

    Gözümüzdə bir əsrin axan nahaq qanları,

    Kükrəyib dağ çayıtək doldurduq meydanları.

    Meydan ana qucağı, bir ürəkdi, bir candı,

    Həsrəti qırıb tökmüş bütöv Azərbaycandı.

    Yan-yana dayanmışdı Bakı, Təbriz, Ərdəbil,

    Araz da xəcalətdən qurtarmışdı elə bil!

    Meydan yumruğa dönüb, hər yumruq bir qoşundu.

    Harayımız ildırım, sözlərimiz qurşundu.

    Gəldi Sovet ordusu, dişinə vursun bizi,

    Tanklar, toplar, mərmilər bükmədi dizimizi.

    Xalqın iradəsindən çaşıb qorxuya düşən,

    Kürsüsünə sarılıb tülkü kimi büzüşən

    Millətin haqq sözünü gətirmədən dilinə

    Daş qoydu Baş Katiblə xəyanət təməlinə.

    Yatıranda milləti yastığa dönən yalan

    Soyuq yanvar günündə Bakıda axıtdı qan.

    Ordu öz şəhərinə soxulur yağı kimi,

    Cırır bayraqlarımı düşmən bayrağı kimi.

    Gözündə vəhşi qəzəb çıxır neçə pusqudan,

    Uçaqlar göyü tutur, gəmilər qalxır sudan.

    Tanklar, raketlər gəlir dinc şəhərin üstünə,

    Tuşlanır top lüləsi körpələrin üzünə.

    Son silahla qırırlar silahsız insanları,

    “Əl çək yurdumdan!” – deyən günahsız insanları.

    İşğal ordusu durdu işğalçının yanında

    Boğdu öz şərəfini Xocalının qanında.

    Dünyanın fitvasıyla coşur Hayın harayı,

    Arxadan tankla gəlir – sovetin son alayı.

    Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.

    Qatilə dur deməyən özü də günahkardı.

    Dərin siyasətlərin quruyacaq kökləri

    Kəsib atmaq olmasa əl gəzən ətəkləri,

    Axırda anladım ki, keçən ömür deyilmiş,

    Göydə səsim boğulub, yerdə yolum əyilmiş.

    Nəğməm ağıya dönüb, laylamız göz yaşına,

    Matəm havası hopub yurdun hər qarışına.

    Nə şeytan kimi şeytan, nə xilaskar mələyik

    Eləcə boşluqlarda üzən cansız lələyik.

    Dünya özü də bilmir istəyi nədir bizdən,

    Otuz il qara duman donubdur üstümüzdə.

    Sanki görmür kor gözü – Vətənimdir burası.

    O millətlər birliyi, bu dövlətlər şurası…

    Hamısının ağzında eyni çürük saqqızdı,

    Hamı siyasət qurdu, quzu-yurdum yalqızdır…

     

    2

    Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,

    Həqiqət min yalanı yandırıb yaxıb keçdi.

    Savaş deyən sərkərdə milləti oyandırdı,

    Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı.

    Yol gözləyən yurdların harayı hər gün təzə,

    On milyonun tək səsi yol açdı üzümüzə.

    Qalxdı igid oğullar, oğul düşmən çəpəri,

    Qalxdı əmrə müntəzir Azərbaycan əsgəri!

    Nəfəsi yaz nəfəsi, səsi ildırım səsi,

    Yurdun coşan ilhamı, qisas almaq həvəsi.

     

    3

    Vur, qəhrəman əsgərim, “Xocalı” bağırıb vur,

    Yad əllərdə inləyən torpağın xətrinə, vur.

    Min-min evim dağılmış, kəndlər qalmış virana

    Daşları buz bağlamış ocağın yerinə vur.

    Köstəbək yuvasında gizlənməkdir əlacı,

    Dağıt bu son deşiyi, mərmini dərinə vur!

    Ziyarətgah zirvələr gözləyir gözü yolda,

    Bu işğalı bitirib, zülmün məhvərinə vur!

     

    Nəbinin yolu bağlı, Həcərin əli bağlı,

    Xatırla bu torpaqda at oynadan kəsləri.

    Düşmən top-tüfəngliydi, onun silahı qeyrət,

    Hələ itib getməmiş Soltan bəyin izləri.

    Düşmənə su vermədən çəkilsə də içinə,

    Hər qayanın altından fışqırar kəhrizləri.

    Sən aranda, o dağda, sanır ələkeçməzdir,

    Qayada yuva açsın poladlaşan dizlərin!..

     

    Havalan zirvələrdə, mən də gəlim dalınca,

    Daha kəsməz yolumu çovğunlu qar, nəmli sis.

    Düşmən başı alovlu tərk edir cənnətimi.

    Bilir çoxdan çatıbdır geri dönmək vədəmiz.

    Tərtər yenə oxuyur Kəlbəcər nəğməsini,

    Nə qədər qan yusa da bizə baxır tər-təmiz.

    Gedənlərə qoşulub zirvəsindən enmədi

    Murovdan, Dəlidağdan uca Şəmşir dədəmiz…

     

    Yazılı daşlarıma mən də bir tarix yazım,

    Daşlar da dil açacaq diri sözlə yazılsa,

    Getdi şair dostlarım, bu yurdlardan nigaran,

    Həsrətləri soyumaz hər qaya bir saz olsa.

    Bəhmənlə Məmməd Aslan ilhamları tükənməz,

    Bir ağız da mən deyim dedikləri az olsa.

    Gözümdə bu dağların hər qayası altındı,

    Qızıl nəyimə gərək insanları qızılsa.

     

    Hələ də xatırlayır tənha Ceyran bulağı

    Üstünə Şəmşirlə bir Vurğun gələn çağları.

    Sücaət Dəlidağa bir də uçmaq istəyir,

    “Quş yerinə olaydım!” – titrəyir dodaqları.

    İmtahan bitməsini gözləyir Ənvər Rza,

    Tez qayıtsın kəndinə, başında uşaqları!

    Gəzsin xalq arasında – sazından sözünəcən,

    Qürbət olmuş Göyçənin Ələsgər soraqları.

     

    Laçın düşmən əlində hələ dirənib durur,

    İşıqlı dağlarım var qalxır qəm dumanından.

    Şair Ağa Laçınlı – Bakıdadır məzarı,

    Ruhu ayrıla bilmir anasının yanından.

    Mıxtökəndən atüstə aşsın Hüsey Kürdoğlu

    Görsün nişan qalıbmı burda ilk ünvanından.

    Yenə Turşsu üstündə qurulsun məclisimiz

    Görək hansı sözümüz çıxır saz tufanından!

    Tələs, igid əsgərim, havalar soyuqlaşır.

    Təpələr çallaşmada, bir azdan qış gələcək.

    Süleyman Rəhimlidən hər il bir yeni roman,

    Adına neçə eldən neçə alqış gələcək…

    Qaraoğlu Əlinin qələmində “Qəhrəman”

    Zəngəzurdan nə yazsa millətə xoş gələcək…

    Endirib Balayana tərsşapalaq şerini

    Dilində lətifəsi Eldar Baxış gələcək.

     

    Azıx tarixə giriş – ağız açıb çağırır,

    Hər kurqan sirrə pərdə, demə, adi təpədi.

    Bu gücüm, bu ilhamım Füzuli yadigarı,

    Diri dağlar ucalsın, diriliyi əbədi!

    Bir Vətənim bu yanda, bir Vətənim o yanda

    Arada Xudafərin bütövlüyün məbədi

    Günahımız çox olub savaşla təmizlənər

    Haq-ədalət yolunda ölmək də bir tövbədi…

     

    Yüz min əl uzadacaq bizə çinar meşəsi

    Nə Oxçu quruyacaq, nə xatirə bitəndir!

    Qayıdım Araz boyu Qarabağ düzlərinə

    Yüzillərin həsrəti ürəyimi didəndir…

    Əl edir Qarabağa qaradağlı qardaşlar,

    Qırx milyon insanıyla ora da bir Vətəndir.

    Nə sərhəd çəkilməklə millətim ayrılacaq,

    Nə birləşmək arzusu, nə də sevgi bitəndir.

     

    Qoy torpağı titrətsin üfüqdən üfüqəcən

    İlxı-ilxı şığıyan Qarabağın atları.

    Ağdamı xəritədən silmək istədi düşmən,

    Bilmədi açılacaq poladdan qanadlarım.

    Yenə Xudu müəllim Mərzilidən yol başlar,

    Dirilər naxış-naxış tariximin qatları.

    Qarabağ ağrısını yenə Muğam diliylə

    Yayar qitələr boyu Şuşanın övladları…

     

    Cəbrayıldan keçirəm – fəxri vətəndaşıyam.

    Dünyanı arşınlayan Sabirin yurdudur bu,

    Molla Pənah Vaqifdən Bayatlı Vaqifəcən

    Sözüylə, nəğməsiylə basılmaz ordudur bu.

    Sona bülbül oxuyur yenə Qədir səsiylə,

    Sanki fələkdən axan bir mübarək sudur bu

    İlahi, Qarabağım yenə öz yerindədir

    Nə müqəddəs ziyarət, nə böyük arzudur bu!

     

    Pənah xanın qalası Şahbulağın üstündə

    Düşmənin qanlı əli o suya dəyəndə, vur,

    Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla,

    Erməni dil uzadıb “Qarabağ” deyəndə, vur,

    Dəmir quşlar uçuşsun qartallarla yanaşı,

    İlanı yuvasında, bayquşu göyündə vur!

    Boğazı əlindəykən rəhm edib buraxdığın

    Barış deyib yalvaran sözünü əyəndə, vur!

     

    4

    …Mən sizə bu savaşda ölməyi əmr edirəm,

    Siz ölümə gedəndə ölüm sizdən qaçacaq.

    Bu şəhərin yolunu üzümüzə açsanız

    Allah da dərgahında sizə qucaq açacaq.

     

    Mən sizə bu savaşda ölməyi əmr edirəm

    Ancaq ölüm gəlmədən düşməni öldürməyi.

    Başqasının yurduna göz dikəni ağladıb

    30 il yas tutanın üzünü güldürməyi!

     

    Mən sizə bu savaşda ölməyi əmr edirəm,

    Ölümün qucağına dirilik sinməlidir.

    Əmrim ölüm olsa da ancaq bu son savaşdan

    Əsgərim qələbəylə, sapsağlam dönməldir!

    Qarşıda sıldırımlar, dik qayalar baş-başa,

    Gərək qartal olasan, gərək qanadın ola.

    Ya da bu qayalardan səni alıb qaldıran

    Bir uçuş ehtirasın, dəli inadın ola.

     

    Daşlar soyuq, sürüşkən, altda dibsiz uçurum,

    Qayaların başında düşmən əsgəri min-min.

    Yağış ol, dumana dön, düşmən duyuq düşməsin

    Gözündəki şimşəyi görənə kimi sənin.

     

    Ölüm-dirim anında haqdan gələn bir nida

    Kəlmeyi-şəhadəttək ürəklərdə bəslənir.

    Bu əmrin ilk vətəni Çanaqqala olmuşdu,

    Yüz ili adlayaraq Şuşada da səslənir.

     

    Əsgərin silahı yox, əmrin özü silahdır,

    Bu əmr özü qanaddır, qaldırır uçurumdan.

    Düşmən gözünü açıb görür bir körpə ruhu

    30 yaşa dolaraq gəlibdir Xocalıdan.

     

    Qarnı yarılan ana, döşü kəsilən ana,

    Cənnətdən süd verərək igid ərlər böyütdü.

    O zorlanan qızların bakirə gözəlliyi

    Qisasa könül verib min-min əsgər böyütdü…

     

    5

    Adına qurban olum, ey adsız qəhrəmanım!

    Ruhundakı tilsimə heyran olub durmuşam.

    Siz Vətən fədaisi! Qəlbimdə hərənizə

    Neçə ləqəb düşünüb, neçə ad uydurmuşam.

     

    Yürü, yürü, Mete xan, burda da sərkədəsən,

    Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.

    Gürşad saraylar yıxır qırx igidi başında,

    Özgürlük deyə-deyə Xürrəmi Babək gəlir!

    Gəlir Oğuz, Bayandur, Alparslan, Qızıl Arslan,

    Çağrı bəyin yoluna düzülüb neçə oğul,

    Siz bu günün Çingizi, siz bu günün Timuru,

    Sizlərin simasında dirilibdir Ərtoğrul!

    Sizin adınız namus, qeyrət, şəhid, intiqam,

    Milyon-milyon adlı var tüpürürlər adına.

    Ata-ana ad verib böyütdülər sevgiylə,

    Sonra da alışdılar pis övladın oduna.

    Get, adsız qəhrəmanım, Qacar ala bilmədi,

    Bu qalanı seyr etdi dediyi o şüşədən.

    Qala – təxəllüsündür, Qaya – sənin ayaman

    Öz əsil adınısa alacaqsan Şuşadan…

     

    Ya da ki, Dədəm Qorqud dilləndirib qopuzu

    Türkün ölməz ruhundan verər sözə yeni can.

    Deyər ki, ayırmıram sizi bir-birinizdən,

    Şuşa fatehlərinin bir adı var: Qəhrəman!

     

    6

    Əsgər boşəllə gedir Qalanı fəth etməyə,

    Tək bircə bıçağı var, gizli tutur ovcunda.

    Bıçağın tiyəsində gözlərinin işığı,

    Neçə düşmən taleyi bir bıçağın ucunda.

     

    Tankın yarsın sinəni, topun yuvana dəysin,

    Namussuzun nə işi bu namus savaşında?

    Bir ağzın var, bir qarnın, sanki yemək güc verir,

    Dünyanın ərzağını əndərdilər başından.

     

    Şuşada şırmandıqca sanırdın yenilməzsən.

    Hələ Yallı da getdin qutsal Cıdır düzündə.

    Ayaq qoyduğun torpaq bilmədin sənin deyil

    O şənliklər, o rəqslər gələcəkdir gözündən.

     

    Vaqifin gözəlləri bu düzdə gəzən zaman

    Sənin xalqın hardaydı. Sən özün harda idin?

    Bu qala qayalarda bir qala da ucaldan

    Pənah xanın dövründə sən hansı gorda idin.

     

    Qalanın divarları – qayaların davamı,

    Burda quş quşluğuyla qanad salıb qayıtmış.

    Sərkərdələr, fatehlər ölkələr basa-basa

    Əli çatmadığından qalaya dil uzatmış…

     

    Bircə Qacar almışdı ikinci hücumunda,

    Baxmaqdan yorulanda aylarla hayıl-mayıl.

    Bəndəsi o dünyaya həsrət getməsin deyə,

    Ona gizli yolları göstərmişdi Əzrayil.

     

    Şuşada ömür sürüb, Şuşada gün keçirmək,

    Gözəllərin qisməti, igidlərin bəxtiydi.

    Neçə saray tiksə də Pənah xan Qarabağda

    Şuşa qızıl sarayı, Şuşa büllur taxtıydı.

    Şuşa Bülbülün səsi, Şuşa səsin bülbülü,

    Sözün İsa bulağı, “Çahargah” zənguləsi.

    Bəstəkar yetirməsə bundan sonra min il də

    Min il diri qalacaq Üzeyirin bəy səsi.

     

    Havası bal, suyu bal, ağzının sözü də bal,

    Onu arı əzmiylə qayalarda hörmüşük.

    Hər qarış torpaq üçün ölmək necə olurmuş,

    Ölüm sevinci nədir? Bu qalada görmüşük…

     

    İki dostla yazmışdım qayasında adımı.

    Qayadan silinsə də qalacaq yaddaşlarda.

    Şair adını yazdı, əsgərim zəfərini

    Tarixim yaşadıqca silinməz bu daşlardan.

     

    7

    Qala zülmət içində, sabah günəş doğacaq,

    Əsgər qurd gözü ilə gecə də görməlidir…

    Diş ilə, dırnaq ilə yapışıb qayalardan

    Düşmənin başı üstən qalaya girməlidir…

     

    Qalaya girməlidir hava kimi, ruh kimi,

    Tankın, topun üstünə boş əllə getməlidir.

    Qonşusunun yurduna soxulmağın sonunu

    Otuz il qanmayana bu gün öyrətməlidir…

     

    Laçın, Xankəndi yolu – tanklar burun-buruna.

    Canlı çəpər çəkibdi canilər hər köşədə.

    Düşmən hardan bilsin ki, əsgərim qanadlıdır,

    Bulud kölgəsi kimi sürüşür bu şüşədən.

     

    Ona gülməli gəlir bizim son niyyətimiz,

    Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.

    Ölkələrə əl açan erməni ümidiylə

    Erməni ordusunu bir əllə boğa bilmək!

     

    Azuqə aşıb-daşır, silahları tükənməz,

    Yeyib-içir, əylənir, nə qorxu var, nə də qəm.

    Lap dünyanın ən güclü qoşunuyam, nə olsun,

    Üstünə hansı yolla, ha yandan gedəcəyəm.

     

    Qayaların dibiylə nəğməsiylə axır çay,

    Nə qədər coşub-daşa qalaya yetmir səsi.

    Burda kəsib yolumu, Şuşanın sinəsinə

    Sağalmaz yara vuran Daşaltı faciəsi.

     

    Yurdunun harayına qalxan igid dostlarım

    Bu dərənin dibində xəyanətə yem oldu.

    Görən, niyə soran yox, bu kimin oyunuydu

    O şeytan tələsini orda quran kim oldu?

     

    Hər yerindən duranın çiynində zər paqonu,

    Millət ayıra bilmir fərarini qaziylə.

    Onca nəfər əsgərin onbaşısı olmayan

    Papağını yan qoyub sərkərdə ədasıyla.

     

    Keçmiş olsun, Daşaltı, yenə gəlir əsgərim,

    Bu ağlar dərələrə unutdursun yasını.

    Şuşadan gedənlərin övladları gəlib ki,

    Burda axan qanların alsınlar qisasını!

     

    8

    Əsgər qalxır qalaya,

    çıxılmazdır daş-divar.

    Ancaq əsgərimin də poladdan pəncəsi var.

    Qartal dırnaqlarını daşlara çala bilir,

    Uçurumun üstündən asılıb qala bilir.

    Gecənin havasını doldurub cigərinə

    Bilir ki, vuruşacaq yüz dostunun yerinə.

    Bu qoyun sürüsünə qurd kimi saldırmalı,

    Qoynundakı bayrağı Şuşada qaldırmalı!

    Bayrağı qaldırmalı ala buludlarla tən,

    Qoy onu hər tərəfdən görsün yaralı Vətən,

    Şuşam uca olsa da, bayraq ondan da uca,

    Altında keşik çəkib mən də baxım doyunca.

    Sonra düşmən gülləsi sinəmdə yanır, yansın,

    Təki Vətən göyündə bayrağım dalğalansın!

    Qala divara möhtac, divar qalaya möhtac,

    Komandir əmr eləyir:

    – Şuşanın yolunu aç.

    Gecə sisli, dumanlı, gecə – hücum fürsəti.

    Əsgərin öz gücünü göstərmək qətiyyəti…

    Qaya üzünə durur,

    Qaya qəsdində durub.

    Qaya deyil nizədir,

    Yaraları təzədir.

    Daşaltıdan dikələn

    Qaya deyil, bəladır,

    Qayaların başında

    Yol gözləyən qaladır.

    Gecə zülmət pərdəsi

    Gözlərindən tük çəkir.

    Üstdə qulaq-qulağa

    Çaqqallar keşik çəkir.

    Keşikçi projektor

    Qaranlığı darayır.

    Yayınmaz gözdən quş da,

    Sübhə kimi arayır.

    Ancaq əsgər dayanmır,

    Yolu sözündən keçir.

    Dumanın qanadından,

    İynə gözündən keçir…

    Nə ordu vecinədir,

    Nə Qacar deyən “şüşə”.

    Bir həsrətli tələsir

    aşiqiylə görüşə.

    Gecə nəmli, divar yaş,

    Oğlum, ehtiyatlı ol, ayağından qaçar daş,

    Əsgər hərdən yan-yana, hərdən nəfəs-nəfəsə,

    Hərdən qulaq kəsilir qaladan gələn səsə.

    O haqqın sorğuçusu, son hökmü verən Allah

    Görünməz bir tor hörüb, kim bacarar, ya pənah!

    Əsgər asılıb tordan qalxır hörümçək kimi

    Sarmaşıb qayalara yazağzı çiçək kimi.

    Hər daşda bir kəpənək,

    Buz daşları isidən, qəzəbdən yanan ürək…

    Damarında dolaşır Xocalıda axan qan.

    Ay doğa onbeşgünlük, yapışa işığından.

    Göydən bir ulduz baxa, qollarına güc gələ,

    Süd yoluna sarılıb bircə anlıq dincələ.

    Qatılaşır qaranlıq,

    Əsgər durmur bir anlıq.

    Ona qalxmaq əmri var,

    Düşmənin mövqeyini yaxıb-yıxmaq əmri var.

    Maska üzünü örtür, gözlərini gizləməz.

    Torpaqdan göyərəcək! Düşmən bunu gözləməz!..

    İstehkam, səngərləri dağılacaq bu gecə,

    Allahın köməyiylə, ədalətin hökmüncə.

    Ölüm mələyi kimi qonsun düşmən bağrına,

    Bir əsgər qələm çəksin yüzünün varlığına.

    Qayalar da xəbərsiz, qarşısında dikəlib,

    Ancaq doğma nəfəsdən onlara da can gəlib!

    Dırmaşırlar divarla – silahı bıçaqları,

    Savaşda ad çıxarmış Yaşmanın uşaqları.

    Beynində neçə arzu, neçə görüş həsrəti…

    Hamısını unutmuş,

    Bir əli qaranlıqdan, biri buluddan tutmuş…

    Düşməndən alacağı qisas qaldırır onu,

    Ürəyinə güc verən yol gözləyən ellərdir.

    Çatır qulaqlarına anaların ağısı,

    Fələyə üsyanları davam edir illərdir.

     

    Gözündə Xocalının, Gəncənin körpələri,

    Tərtəmiz gözlərindən yaş yerinə qan axır.

    Çox sevinmə bu yasa, dayan, uşaq qatili,

    Barmağım gözlərini deşmək üçün darıxır.

     

    Uzaq maviliklərdən baxır Polad Həşimli

    Mehriban bir səs ilə “Qalx!” deyir əsgərinə.

    Silkələ qayaları, yol aç qaya döşünlə

    Yürü, xeyir-duamla mən də köməyəm sənə.

     

    Şəhidlərin ruhları qaya üstə çıraqdı,

    Mübariz də dumandan sıyrılıb gəlir birdən.

    Fikrində son döyüşü özü gedir qabaqda

    Qoruyur divar kimi əsgəri güllələrdən.

     

    Nə qədər sərt olsa da, bu qayalar, bu daşlar

    Övladını tanımış, yol verib qaldıracaq.

    Duman görünməz edib, bu gecə əsgərlərim

    Bir qoyun sürüsünə Qurd kimi saldıracaq.

     

    Birdən sükut pozulur,

    düşmən şübhəyə düşmüş,

    Elə bilir canlıdır dumandan sıyrılan daş.

    Qayaya baxa-baxa səngərində büzüşmüş,

    Dərələrdən dumanla kim qalxır yaşaş-yavaş?

     

    Projektor işığı gözünü qamaşdırır

    Növbə çatsa sevinclə gedib bir az yatardı,

    Bu dibsiz uçurumlar xəyalını çaşdırır.

    Günəş çıxsa canından bu qorxunu atardı…

     

    İşıqla bir gecəyə yağır güllə yağışı,

    Əsgərim yaralandı, gücü yox dırmaşmağa.

    Şuşanı öz gözüylə görmək arzusu vardı,

    Öndə son maneədi, qanadı yox aşmağa!

     

    Tez yaralı əsgəri dostu alır çiyninə,

    Yox, burda dayanılmaz,

    silahdaş buraxılmaz,

    Daşlara sinə-sinə yuxarı qalxır yenə,

    Bir əsgər yolda qalsa bu qalaya çıxılmaz…

     

    Qollarını boynuma bərk-bərk dola, buraxma,

    Səni qaldıracağam – bu daşlar buz olsa da!

    Yaran da sağalacaq Şuşanın havasından,

    Bir yerdə gedəcəyik bu yol sonsuz olsa da!

     

    Boynunu qucaqlayan dostu deyil, qanaddır,

    Soyuq payız gecəsi əsgərim yanıb gedir.

    Nə sınmaz bir dəyanət,

    nə sarsılmaz inaddır

    Yaralı dost yük deyil, yenə dırmanıb gedir!..

     

    “Qardaş, sən burax məni,

    ağıram, üzülmə, get!

    Bax Şuşaya doyunca, mənim də gözümlə, get!”

     

    “Şuşaya öz gözünlə, sap-sağlam baxacaqsan!”

    Belə deyir əsgərim yaralı qardaşına.

    Allah ona güc verir, coşur damarında qan,

    Hamıdan tez dırmanır qayaların başına!

     

    Düşmənin əcəlidir qayadan qalxıb gələn,

    Haraya qalxır-qalxsın, tapacaq endirəcək.

    Neçə projektoru sübhün əsintisiylə,

    Ya da öz nəfəsiylə şam kimi söndürəcək!

     

    Üzeyirin “Cəngi”si birdən gəlmişdi dilə,

    Xanın, Seyidin ruhu bir muğam çaldırırdı.

    Şəhid qəhrəmanlarım öz ruh əlləri ilə

    Adsız qəhrəmanları Qalaya qaldırırdı!

     

    9

    Arxada qaldı divar, öndə düşmən səngəri,

    Səngərin o üzündə ruhumuzun şəhəri.

    Pənah xanın, Vaqifin, Natəvanın şəhəri,

    Zirvələrə köklənən tar-kamanın şəhəri.

    Hər həyətdən yollara aşan qızıl gülləri,

    Canlı güllər eşqinə oxuyan Bülbülləri.

    Nəcəf bəyin ocağı, Əhməd bəyin yuvası,

    Hacıbəyli nəslinin bitməz vətən qovğası.

    Gah tarixə əl atdı, gah bu günü dindirdi

    Gah da Koroğlu yazıb milləti sevindirdi.

    Həm bulaq zümzüməsi, həm okean səsiydi

    Üzeyir musiqisi – ruhun möcüzəsiydi…

    Söz-söhbəti dillərdə, kefi daim çağ olan,

    İşi – sənət, musiqi, yazıb-yaratmaq olan

    Dağı, daşı, torpağı tarixdən bu yana sirr,

    Bir qaraçı nəslinə qala bilərmi əsir…

    Səsim, sözüm, musiqim bu qayanın üstündə,

    Məni kim endirəcək bu qayanın üstündən?

    Bu səngərdə yenilsən divardan enmək olmaz.

    Şuşanı fəth etmədən geriyə dönmək olmaz…

     

    Əsgər fürsət bilincə qaranlıq gecələri

    Dumanla qatılaşıb bu bələdçi qaranlıq.

    Səsindən işıqlanıb şəhərin küçələri,

    Addımından oyanıb yatan ruhlar bir anlıq.

     

    Mürgülü keşikçilər göz açıb-qırpanacan

    İçirlər nuşi-canla ölümün şərbətini.

    Nə anlaya biliblər hara uçub getdi can,

    Nə sözə növbə çatıb anlada heyrətini.

     

    Göyün dumanı kimi qondu düşmən başına

    Yerdən, göydən gəldiyi bilinməyən bir əsgər.

    Mərmi, güllə başına dolu kimi yağsa da

    Yürüşü pozulmayan, ələnməyən bir əsgər.

     

    Səsi çıxmazdan qabaq ağzından çıxır canı,

    On ölkədən gələnin əcəli burda çatır…

    Düşmən bir də ayılır, yollarında Şuşanın

    Məscidə doldurduğu donuz sürüsü yatır.

     

    Döşünə döyən ordu qanqal kimi biçilib,

    Leş leşin üstündədir, oyanmaz bu yuxudan.

    Düşmən siçana dönüb, düşmən elə kiçilib

    Silahla bir-birinə saldırır qorxusundan.

     

    Günahsız körpələrin qanı tutub gözünü.

    Hesabat verməlidir bu qiyamət günündə.

    Qorxudan ağlı çaşıb biçir özü-özünü.

    Bir ordu qaçıb gedir yüz əsgərin önündən.

     

    İntiqam səhnəsini qəsdən uzadır gecə,

    Yalvarışlar qaçırır dağların yuxusunu.

    Dumana çevrilərək yerə üz sürtüb keçən

    Əsgər aslana dönüb qovur it ilxısını.

     

    Dabanına tüpürüb generalı, zabiti,

    Tankın, topun üstündən tullanaraq qaçırlar.

    Arvad-uşaq qatili dözmür ər döyüşünə

    Tülkü texnikasını qullanaraq qaçırlar.

     

    Şuşanın dolayları dönüb şahmar ilana,

    Sağ çıxanlar bu yolda ərisinlər, itsinlər

    Heç kim cəsarət edib boylanmasın dalına.

    Açılıb Laçın yolu, qoy rədd olub getsinlər!

     

    Şuşanın gecəsindən yad nəfəsi hayların

    Sökülüb atılınca astaca sökülür dan.

    İşığı qayıdıbdır Günəşlərin, Ayların

    Müqəddəs bayrağımdır gecəni aydınladan!..

    ***

    Bu gün türkün bayramı, işğalçının yasıydı,

    Allahın hökmü ilə yazılmışdı bu yazı,

    Onun “bəla” dediyi Allahın balasıydı.

    Xocalı qırğınının alınmışdı qisası.

     

    Ordum Cəbrayıldadır, Arazdan bir az bəri,

    Arada sıx meşələr, neçə cəbhə xətti var.

    Düşmən hələ bilmir ki, savaşın dahiləri

    Adsız qəhrəmanlarım, Yaşma igidləri var.

     

    Allahın hökmü ilə yazılmışdı bu yazı,

    Millətimin zilləti axır çatmışdı sona.

    30 illik həsrətin alınmışdı qisası,

    Bir milyon göz baxırdı öz viranə yurduna!

     

    10

    Murovun, Dəlidağın üstündən çəkilir çən,

    Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən.

    İntizarı dağılır yad olmuş sahillərin

    Süsləndikcə üçrəngli bayraqla Xudafərin.

    Otuz il ümid verib bizi susduran susur,

    Ümidini qırdıqca Azərbaycan ordusu.

    Bayram havası gəzir şəhərləri, kəndləri

    Paylandıqca hər axşam qələbə tvitləri.

     

    Ax dünya, qəddar dünya, əsiridir yalanın,

    Başını əzib keçmir bu zəhərli ilanın,

    Köhnə Səlib havası dolaşdıqca başında

    Neçə ölkə səf tutur yenə din savaşında.

    Tanrı da əsir düşüb siyasətə, sirr deyil,

    O özü bir olsa da elçiləri bir deyil.

    Şükür, yıxıb dağıdır bu çürüyən bütləri

    Qanımdan qanad taxan qələbə tvitləri.

     

    Şeytan üskük oynadır erməni kilsəsində,

    Nə Allah sevgisi var, nə inanc hiyləsində.

    Hər keçənə əl açır, hər tərəfdən pay umur,

    Dosta xəyanət edib kənardan haray umur.

    İnsanlıqdan danışır, ancaq xəyalında qan,

    Nə keşişdən əl çəkir, nə ayrılır molladan.

    Pozur bu oyunları yurdumun igidləri

    Yayıldıqca dünyaya qələbə tvitləri.

     

    Qartal kimi açılır Şuşanın qanadları,

    Yorur Cıdır düzünü Qarabağın atları.

    Haqq tutur öz yerini, kökü kəsilir şərin,

    Dağıdır matəmini səsimiz Kəlbəcərin.

    Açır öz qollarını Kirs yolu, Laçın yolu,

    Düzlənir ayağımda dağların qırçın yolu.

    Aşıb keçir əsgərim divarları, sədləri

    Dilində nəğmə kimi qələbə tvitləri!

     

    Bu bizim haqq işimiz, ədalət savaşımız,

    İntiqam ala-ala dikələcək başımız.

    Vur, əsgərim, vur! – deyə əmr eləyir Komandan

    Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.

    Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,

    Başımızın üstündə üçrəngli bayrağımız!..

    Qovur öz yuvasına quduzlaşan itləri

    Ali Baş Komandanın qələbə tvitləri!

     

    11

    Minadan təmizlənsə gedərdik Qarabağa,

    Bəlkə tövbə etməyə, bəlkə üzr istəməyə.

    Cığırları oyadıb, kəmənd atıb hər dağa,

    Sizi çox gözlətmişik, bağışlayın, deməyə.

     

    Düşünmə daş cansızdır, öz ömrü var daşın da,

    Soruşsan doğma dillə güzgü tutar min ilə.

    Ancaq ölçü ayrıdır onun daş yaddaşında.

    Onun vaxt sayğacının adı bilinmir hələ…

     

    Hər qaya milyon ilin harkdiskidir elə bil,

    Göyün bütün səsləri yazılıbdır o başdan.

    Ulduzların dili də bəlkə ona yad deyil,

    Bəlkə də qopub qalır bir uzaylı uçuşdan.

     

    Kağızlar yandırılır, papiruslar çürüyür,

    Ancaq torpaq kitabın pozulmur yazıları.

    Ağac kimi, ot kimi bu dağları bürüyür

    Nəslimizin minillər yaşayan arzuları.

     

    İndi otlar saralıb, evimiz külə dönüb,

    Ölüm nəfəsi əsib hər cığırdan, hər izdən.

    Biz də dirilik kimi dizin-dizin sürünüb,

    Ayrılaq evimizdə qaçqın keçmişimizdən.

     

    Yaz gələ, ağac kimi çiçəklənə həvəsim,

    Çatılan köçlərlə bir qayıdım Dəlidağa,

    Bu şəhər tünlüyündə sıxılanda nəfəsim

    Loğman dağlar yenidən yol açar yaşamağa.

     

    İstisuyun başında susmaz sazın kafesi –

    Yanıq divarlarda da bir ilham rüzgarı var.

    Ala göllər üstündə coşar cıdır həvəsim,

    At uçar, daşlardan da göylər məni çağırar.

     

    Bu daş kitabələrdə dünya fərqli, vaxt ayrı,

    Daşların güzgüsündə bir də boylan elinə,

    Gör hansı gözəlliklə insan açar axtarır

    Buludların şəklinə, ulduzların dilinə.

     

    Görək adsız bulaqlar kimi qonaq gətirib

    Şamil qardaşımızın Kürd ovşarı səslənsin.

    Bu dağlar əzəl gündən mərd oğullar qucağı,

    Qoy yenə hər obada aşıqları bəslənsin.

     

    Dağların da ruhu var – o, bizim ruhumuzdur,

    O, insanın eşqidir, pirə, məbədə dönən.

    Altaydan Qarabağa nizami ordumuzdur,

    Qara dumanlarda da yenə uca görünən!

    “Yar-yarını istəsə!” – dağlardan bir qız səsi,

    Əbədi bir gəncliklə sevgisini oxuyar.

    Yenə hər gün Turşsuda bir Koroğlu nərəsi,

    Yenə qızlar xalçada Nigar eşqi toxuyar.

     

    Zirvələrə qalxınca gücümüz oyanacaq

    Bu güc tarixdən gələn ulu Turan gücüdür!

    Savalandan Tanrıya, Ağrıdan Altaylara

    Min illərlə var olan bir qəhrəman gücüdür.

     

    Süfrəmdən pay umanlar bir deyil, iki deyil,

    Elə ki, qarnı doyur unudur keçmişini.

    Bu dağlar öz suyundan yolçuya da pay verər,

    Harama əl uzatsa sındıracaq dişini.

     

    Yolu Təbrizdən keçir Qarabağın demişdi

    Bir ilkə qəhrəmanı çarəsizlik anında.

    Sən demə, Qarabağdan keçirmiş Təbriz yolu,

    Millət hökmünü verdi bu savaş meydanında.

     

    12

    Gözün aydın, Millətim, qurtardın sıxıntıdan,

    Daha hədyan maşını üstünə gələ bilmir.

    Ancaq erməni pulu dolaşdıqca ortada

    Dini, irqi pul olan yatıb dincələ bilmir…

     

    Dünya boynunu büküb böyük güclər önündə

    Çarəsiz, əli bağlı sonunu gözləyərkən.

    Ayılara güvənən tülkünü boğmağınla

    Məzlumların könlünə sən oldun ümid əkən.

     

    O əllər ki, uzandı sənə çətin günündə

    Qardaşların əlidir qızıla tutulmalı.

    Üzdə bəradər deyib, düşmənə dayaq olan

    Dinimə ləkə olan şeytandan qurtulmalı.

     

    13

    Ey qoca Azərbaycan! Haqq nazilir, qırılmır,

    Sənin Zəfər gününə yazıram yeni dastan.

    İki bitməz nəğməsi olmalı bu dastanın

    Birincisi Türkiyə, ikincisi Pakistan.

     

    Ədalətdir yolumuz, bunu Allah görürdü,

    Ədalətə söykənən verməz namərdlərə can!

    Bu namus savaşında səsinə səs verirdi

    Ankaradan Türkiyə, Kəraçidən Pakistan!

     

    Üç bayraq dalğalanır üç qardaşın şəninə.

    Silir göz yaşlarımı iki əl, çıxım yasdan.

    Bir dua da artacaq duamın üzərinə,

    Alqış sənə, Türkiyə, Alqış sənə, Pakistan!

     

    14

    Bir vaxt Nuru paşa da gəldi qardaş hayına,

    Dirək oldu yurdumda min könül sarayına,

    Ocağımız küllənib, ümidimiz sönəndə,

    Bakı, Şuşa, Zəngəzur qan gölünə dönəndə.

    Tiflisdən, Qarabağdan, Naxçıvandan keçmişdi.

    Neçə gizli tələdən, neçə qandan keçmişdi.

    Osmanlı zor durumda, qardaşın halı da pis,

    Bir yanda rus daşnakla, bir tərəfdə ingilis.

    Bütün oyunlar bitib, bütün yollar tutulmuş,

    Bakı bunların olub, millətim unudulmuş.

    Onda da öyünürdü düşmən silah-sursatla,

    Bakı dəmir zirehdə, paşam tələsir atla,

    Ancaq atı uçuran belindəki qeyrətdi,

    Düşməni diz çökdürən gənc paşaya heyrətdi…

    Aradan yüz il keçib, dünya köhnə dəyirman,

    Üyüdülmək növbəsi – sırada biz, müsəlman!

    Sırada biz – Ədalət! Haqq deyib, haqq istəyən,

    Öz halal torpağına sahib çıxmaq istəyən!

    Zaman deyir dağının, daşının qədrini bil,

    O köməyə tələsən Paşanın qədrini bil!

    Kökün, gövdən bir olub, budağın da bir olsun,

    Qaldır bu sərhədləri, torpağın da bir olsun!

    Mən bu yolun ağıyam,

    Ağıyam, çırağıyam,

    Sür gözünə nur gəlsin

    Türküstan torpağıyam!

    Torpağın bir olanda gözünə nur gələcək!

    Sənin ədalətində millətlər dincələcək!

    Turan deyib qorxurlar, sən də böyü Turan ol!

    Bu nifrət əkənlərin ümidini qıran ol!..

    15

    Yolüstü söhbət

    və ya

    Qələbədən 25 il öncə yazılmış nəticə

     

    …Görən, yenə Şuşanın bal dadırmı havası,

    Tərtərin nəğməsinə, görən, kim qulaq asır?

    El gedəndən Həkəri necə boğur hirsini,

    Yazılı daşlarımız kimə verir dərsini?

    Bizləri unutdumu, görən, Göyçə, Zəngəzur

    Təbriz niyə danışmır, Ərdəbil niyə susur?

    Bu ehkam dağlanda qatmazlar ki, aranı

    Nə qədər vaxt gərəkdir sağaldaq bu yaranı?

    …Hər sözün başı sual, hər sualın sonu qəm,

    Bu qəmlərin ardında qəmsiz səhər görürəm.

    Deyirsən bitəcəkmi bu ağrılar?

    Deyirəm, hə, bitəcək!

    Ömrümüz o illərə yetəcəkmi?

    – Yetəcək!

    Ovacağıq Şuşada düşmənlərin burnunu,

    Erməni kimdir türkün sındıra qürurunu?

    Bu da Qərbin fitvası, bu da bir sirdi olub,

    Yoxsa o bizi yensin?

    Hansı əsrdə olub?

    Bu köç geri dönəcək səfərdən dönən kimi,

    Dağlar da dikələcək ruhumuz dinən kimi!

    Qurulacaq Qarabağ əvvəlkindən daha şən

    Bərdədən Göyçəyəcən.

    Sağalacaq yaralar olsa nə qədər dərin,

    Belini dikəldəcək qocaman Xudafərin.

    Ağdamın ağ damları,

    Qızılgül hasarları,

    Kəlbəcər yaylaqları,

    Alagöllər üstündə sazın coşan çağları

    Hər bulağın üstündə uzanan məclisimiz,

    İşıqlı dağınacan işıq saçan izimiz.

    Türbələr, qurbangahlar,

    Didərgin ruhlarımız

    Sərvətimiz, varımız,

    On çadırlı obadan min evli kəndlərəcən,

    Kağız üstə yarımçıq çəkilmiş bəndlərəcən,

    İlxıların atından, sürünün itinəcən

    Həkəri balığından,

    Murovun südünəcən.

    Hər şey dönəcək geri,

    Tutacaq öz yerini!

    Elimiz unudacaq bu sınıq günlərini.

    Dağlara ruh gələcək Şikəstədən, Muğamdan

    Düşmənlərin əlini üzəcəyəm yaxamdan.

    Millətim dikələcək qırx milyon, əlli milyon.

    Bu birlik mahnısını qitələr eşidəcək,

    Gəncədən Naxçıvana, Naxçıvandan Qəzvinə

    Əngəlsiz, maneəsiz yollarım çəkiləcək!

    Sümüyə dirənibsə əsarət bıçaqları

    Qapımın ağzındadır, demək xoşbəxt çağlarım.

    Tarix qatarlarını saxlamaz öz yolundan

    Kiminsə hədələri, kiminsə öləcəyi.

    Azərbaycan içindən doğulur, diqqətlə bax,

    Xalqın ruhu bütövsə, bütövdür gələcəyi!

     

    ***

    Bu sözlər yazılanda hələ keçən əsrdi,

    Hələ Qarabağımız erməniyə əsirdi.

    Ölkə zəif, imkansız, halı pisdir millətin,

    Arxalı köpəkləri silahla yenmək çətin…

    İşğalçı göz yaşıyla əl atırdı hər yana,

    Dünya bizi eşitmir, dünya ona inanan.

    Ancaq türkün şərəfi taxtından enməmişdi.

    İçimdəki ümidlər sozalıb sönməmişdi…

     

    Noyabr, 2020

  • Türk Ədəbiyyatı Fondu tərəfindən “Yaşayan Dədə Qorqud” ödülü Sabir Rüstəmxanlıya təqdim olunub

    Türk Ədəbiyyat Fondunun “YAŞAYAN DƏDƏ QORQUD” mükafatına, Direktorlar Şurasının qərarına əsasən, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandıran, milli köklərə söykənən şeirləri ilə yeni nəsillərə türk kimliyini aşılayan, Azərbaycanı azadlığa aparan  Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb. SABİR RÜSTƏMXANLI Azərbaycanda , Türkiyədə , Rusiyada , İranda, Almaniyada, İngiltərədə, Özbəkistanda, Gürcüstanda nəşr edilmiş onlarla kitabın müəllifidir.

     Mükafatı Bakıya qonağ olan vəqfin rəhbəri Serhat Kabaklı, eləcə də iki məsul əməkdaşı, yazarlar – Bahtiyar Aslan və İmdat Avşar təqdim etmişlər.

     Türk dünyasının bu nüfuzlu mükafatı ilə yanaşı, Xalq şairinə “Dağların Ruhu” (Sabir Rüstemhanlı ile söyleşi) adlı kitab da təqdim edilib. Kitabın müəllifi yazıçı Bahtiyar Aslandır. S.Rüstəmxanlı ilə müsahibələr əsasında yazılan kitabda xalq şairi və millət vəkilinin  Türk dünyası ilə bağlı düşüncələri, dünyada gedən ictimai-siyasi-mədəni proseslərlə bağlı baxışları yer alıb. Həmçinin Xalq şairinin həyat və yaradıcılığından ətraflı bəhs olunub. Kitabın sonunda S.Rüstəmxanlının fəaliyyətini əks etdirən foto albom təqdim edilib.

     

  • Azərbaycanı müstəqilliyə aparan Milli Dirçəliş Gününün tarixi əhəmiyyəti…

    Sabir Rüstəmxanlı: “1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə, dövlət müstəqilliyimizə qədər yol gəldik”

    17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür və o tarixi hadisələrdən 32 il ötür. 17 noyabr 1992-ci ildə elan olunan Milli Dirçəliş Gününün tarixi isə 1988-ci ilə bağlıdır. Belə ki, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ermənilərin xain iddialarına, Qarabağa sahiblənmək üçün başlatdıqları hərəkata, Topxana meşələrini qırmasına etiraz olaraq formalaşdı. SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasətinə, Ermənistanın və Dağlıq Qarabağda yaşayan ermənilərin xain təcavüzünə cavab olaraq xalq ölkənin hər yerindən meydanlara axın etdi.
    17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Azərbaycan xalqının milli-azadlıq hərəkatının qarşısını almaq mümkün olmadı və 1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Meydan hərəkatı 20 Yanvar qırğınından keçsə də, müstəqil dövlətçiliyimizə gedən yol oldu.

    18 günlük meydan hərəkatına rəhbərlik etmiş şəxslərdən biri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışarkən Meydan hərəkatının tarixi əhəmiyyətini belə izah edir: “17 noyabr Azərbaycan tarixinin ən parlaq günlərindən biridir və biz haqlı olaraq onu Milli Dirçəliş Günü adlandırırıq. Milli Dirçəliş sözünün anlamı çox böyükdür. Bu təkcə ermənilərin torpaq iddiası və ya Topxana meşəsində İrəvanın alminium zavodunun filialının tikilməsi avantürası ilə bağlı deyil. Milli Dirçəliş Gününə gələn yol, yəni 1988-ci ilin fevral ayından başlanan mitinqlər Ermənistanın torpaq iddiasına, yəni, Dağlıq Qarabağı Ermənistana birləşdirmək, Moskvanın Dağlıq Qarabağı Ermənistan üçün almaq əməliyyatına qarşı idi. Xalq erməni ziyalılarının həyasızlığına, Dağlıq Qarabağda baş verənlərə etiraz olaraq fevral ayından Azadlıq meydanına çıxdı və mitinqlər öz zirvəsinə çatdı. Həmin günə qədər keçirilən mitinqlərdə ermənilərə etiraz bildirilirdi, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” kimi bu gün səsləndirdiyimiz şüarlar o zaman da səsləndirilirdi. Ancaq 1988-ci ilin noyabrında başlanan mitinqlər tədricən çərçivəsini, tələblərini genişləndirdi. Bu Qarabağ problemindən Azərbaycan və SSRİ probleminə çevrildi”.

    S.Rüstəmxanlının sözlərinə görə, məhz Meydanda Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamaq məsələsi gündəmə gəldi: “Məlum oldu ki, ermənilərin Qarabağ iddiasının arxasında Moskva dayanır, Qorbaçov onlara söz verib. Moskvada Qorbaçovun ətrafında olan, Moskvanın mətbuatını, iqtisadiyyatını idarə edənlərin içində olan ermənilər Ermənistanı bu məsələdə Azərbaycanın üstünə qaldırırlar. İşin kökündə Moskva olduğu bilindəndə, meyadn hərəkatının da istiqaməti dəyişdi, bəlli oldu ki, ermənilər qədər Moskva da günahkardır. 1920-ci ildən Azərbaycanı işğal edən və bu illər ərzində xalqımızın başına müsibətlər, respresiyyalar edən SSRİ-nin əməlləri işıq üzünə çıxdı və meydanda bunlar deyildi, təhlil olundu. Xalqın unudulan yaddaşı yerinə gəldi, milli şüuru aydınlandı. Bütün tarixini gözdən keçirdi, coğrafi mövqeyini gözdən keçirdi. Tarixən bağlı olduğu türk dünyasından qoparıldığını anladı. Hamısını həmin meydan gözdən keçirdi. Ona görə biz ona Meydan epopeyası deyirdik. Meydan epopeyası xalqın içindəki ən dərin qatlardan üzü bəri bütün unudulmuş dəyərləri üzə çıxartdı. O cümlədən üçrəngli bayraq ilk dəfə Meydanda dalğalandı. O zaman dedik ki, ölkədə bir bayraq qalacaq və qalan bütün bayraqlar yığışdırılacaq, elə də oldu. Meydan xalqın birliyini göstərdi. Meydanı idarə edən biz idik – ziyalı Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı. İndi meydan rəhbərliyinə şərik çıxanlar çoxdur. Ancaq 18 gün ərzində meydanı biz idarə etdik, ziyalıları dəvət etdik. Onlara da söz verdik. Televiziyadan tələb etdik ki, Meydanı translyasiya etsin. Ondan sonra rayondan insanlar Meydana axın etdi, tribunaya yüzlərlə məktub gəlirdi, onlar da xalqın düşüncəsini əks etdirirdi. Nəhayət ki, Sovet ordusu meydanı dağıtmaq üçün gəldi, lakin meydandakı dincliyi gördü, şüarları dinlədi. Bakıda nə qədər erməni yaşasa da, bir nəfər erməninin burnu qanamamışdı. Xalq meydanda olduğuna görə, hətta Bakının oğruları belə bəyan etmişdilər ki, Meydan davam etdiyi müddətdə Bakıda bir oğurluq hadisəsi olmayacaq, həqiqətən elə də oldu”.

     

    Millət vəkili onu da vurğuladı ki, o günlərdə qeyri-adi bir milli birlik nümayiş etdirildi: “Meydanda milyonlarla insan olduğu günlərdə, minlərlə insan gecələr tonqal başında meydanda qaldığı günlərdə xalq meydanı yedirtdi, içirtdi, hər yerdən kömək gəldi. Belə bir qeyri-adi milli birlik nümayiş etdirildi. Ona görə həmin günlərin əhəmiyyəti çox böyükdür. O Meydan sonradan yatırıldı, ordu Meydana girdi. 1989-cu ilin ortalarında Azərbaycan Xalq Cəbhəsi yaradıldı , bu Meydan hərəkatından doğan bir təşkilat idi. Mən da onun yaradıcılarından biri idim. Sonradan partiyaların yaranması prosesində mən milli birliyin pozulmamasını istəyirdim, ancaq partiyalar yarandı. Bu gün Qarabağ savaşı, nəhayət, həmin partiyaları bir araya yığdı.

    1989-cu ildı yenə də ilin sonunda AXC-nin fəaliyyəti, müxtəlif şüarları, tələbləri Moskvanı yenə yerindən oynatdı, 20 Yanvarda qırmızı ordu Bakıya daxil oldu. 20 Yanvar qırğınından sonra SSRİ-nin dağılması qaçılmaz idi. Bundan sonra müstəqil Azərbaycan dövləti yarandı, 1918-ci ildəki Cümhuriyyəti bərpa etdik. 1988-ci ildəki Meydan hadisələrindən 1991-ci ilə qədər yol gəldik. Bu hərəkat SSRİ-nin dağılmasını sürətləndirdi və biz müstəqilliyimizi elan etdik. Bu səbəbdən Milli Dirçəliş Günü tarixi əhəmiyyəti olan bir gündür”.

     

    Xalq şairinin sözlərinə görə, Qarabağ uğrunda aparılan vətən savaşı növbəti dəfə bizə həmin milli birliyi və ruhu yaşatdı: “32 il sonra II Qarabağ savaşı zamanı yaranan milli birlik də göstərdi ki, həmin xalqdır, həmin milli ruh və iradədir, həmin gözəllikdir. Ötən 30 ildə hərbi məğlubiyyət millətimizin psixologiyasına zərbə vursa da, gənclərimizin içində bir ümidsizlik yaratsa da, hakimiyyət-müxalifət qarşıdurması dərinləşsə də bu savaş hər şeyi yerinə qaytardı. Çünki qeyd etdiklərimizin səbəbi də müharibədə torpaqlarımızı itirməyimiz, 1 milyon qaçqın və məcburi köçkünün taleyi idi. Vətən savaşında bütün siyasi partiyalar bir araya gəldi, xalq birləşdi, öz torpağını xilas etmək üçün qalxdı. Hətta yeni nəslin vətənpərvərlik ruhu əvvəl bir qədər şübhə doğursa da, bizi narahat etsə də, qalxan bu dalğa göstərdi ki, millətin ruhu və iradə öz yerindədir. Müharibəni müasir silahlarla yanaşı, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş ruhu, əzmi və iradəsi uddu. Ordumuz bizi qələbəyə və Azərbaycanın ərazi bütövlüyünə qovuşdurdu”.

    Nərgiz Liftiyeva,
    “Yeni Müsavat

  • Sabir Rüstəmxanlıya Türkiyədə “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI” verilib

    Türk Ədəbiyyat Fondu bu il üçüncü dəfə təqdim olunan “YAŞAYAN DƏDƏ QORQUD MÜKAFATI”-na, Direktorlar Şurasının qərarına əsasən, ömrü boyu Türk mədəniyyətinə xidmət edən, Sovetlər Birliyi dövründə rejimin bütün təzyiqlərinə baxmayaraq, əsərləri ilə milli ruhu canlandıran, milli köklərə söykənən şeirləri ilə Sovetləşməyə çalışan yeni nəsillərə türk kimliyini aşılayan, Azərbaycanın Azadlıq Meydanında xalqı müstəqilliyə aparan yürüş və Meydan hərəkatının liderlərindən biri, Azərbaycanlı şair – yazıçı SABİR RÜSTƏMXANLI layiq görülüb. SABİR RÜSTƏMXANLI “Azərbaycanın müstəqillik qərarını kim imzaladı” “Bilmək istəsən”, “Xəbərlərə baxıram”, “Gəncə qapısı”, “Təşəkkür edirəm, ana dilim”, “Qan varisi”, “Zaman məni keçir”, “Dürüstlük”, “Narahat”, “Cavad Xan”, “Orxonla görüş “, “Bu Sənin Xalqın”, “Atamın Ruhu”, “Hatayî Yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi”, “Difai Fedaileri”, “Mehemmed Hadi”, “Akademikin son əsəri” kimi şeir, esse və roman müəllifidir.

  • Sabir Rüstəmxanlı beynəlxalq ödülə layiq görüldü

    Türk Ədəbiyyatı Fondu tərəfindən təsis olunan 2020-ci ilin ödüllərinin təqdimat mərasimi keçirilib.


    Yenicag.az  xəbər verir ki, mükafatlandırılanlar sırasında xalq şairi Sabir Rüstəmxanlı da var.

    Mükafatlar sahiblərinə Fondun rəhbəri Serhat Kabaklı tərəfindən təqdim olunub. Sabir Rüstəmxanlı nüfuzlu beynəlxalq ödülə türk mədəniyyətinə göstərdiyi xidmətlərinə, milli ruh və düşüncəsinə, eləcə də Azərbaycan və türk dünyasında məşhur olan əsərlərinə görə layiq görülüb.

  • Rusiya xofu ! – “Bu “sindrom” beyinlərdən silinməlidir!”- Qırın, bu zənciri !

    “Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər”
    “Moskva heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi”
    Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunan humanitar atəşkəsin ilk anından etibarən bu dövlətin sülh tərəfdaşı olmadığı  əsaslı şəkildə təsdiqini tapdı. Dağlıq Qarabağ münaqişəsində guya  vasitəçi qismində çıxış edən Rusiya əksinə hər zaman proseslərin gedişinə mane olub. Aydın məsələdir ki, məqsəd bütün dünyaya hegemon dövlət olduğunu sübut etməkdir. Cəmiyyətimizdə də bu “hegemonluq”dan təsirlənib xoflananlar da az deyil. Müxtəlif illərdə Azərbaycan cəmiyyətində “Rusiya xofu” yaradılıb. Hazırda hərbi əməliyyatların qızğın getdiyi ərəfədə bəziləri müharibənin dayanmasını və atəşkəsin bərpasını istəyir. Səbəb isə aydındır – Rusiya xofu !
    Qeyd edək ki, Azərbaycan-Rusiya arasında diplomatik əlaqələr hələ 1992-ci il aprelin 4-də qurulub. İki ölkə arasında parlamentlərarası və mədəni əlaqələr mövcuddur. Çox güman ki, bu əlaqələr yenə də öz axarı ilə davam edəcək.
    Lakin millət olaraq torpaqlarımızın azadlığı uğrunda Ermənistanla gedən döyüşlər zamanı Rusiya vahiməsini yaratmaq başa düşülən deyil. Rusiyanı gözümüzdə böyüdüb, psixoloji təsirə düşməklə hara qədər gedə bilərik?
    Mövcud durumla əlaqədar “Sherg.az”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Rusiya heç bir halda Azərbaycanın işinə qarışa bilməz. Azərbaycan Ermənistan ərazisində hərbi əməliyyatlar keçirsəydi, Rusiya o zaman məsələyə müdaxilə edə bilərdi:
    “Parlament üzvü vurğulayıb ki, ortada konkret işğal faktı varsa, Rusiya niyə Ermənistanı müdafiə etməlidir? Azərbaycan bu işğalın nəticəsini aradan qaldırmaq üçün çalışır və öz torpaqlarını azad etmək istəyir.
    Cəmiyyətimizdə Rusiya xofu var deyə gəlib millətimizi məhv etməlidirlər? Rusiya vahiməsini yayanlar və Rusiyanın hərbi əməliyyatlara müdaxiləsindən qorxanlar çox yanlış düşünürlər. Məlumdur ki, Rusiyada vəzifə sahibi olan ermənilər çoxdur. Onlar Rusiyanın dövlət siyasətindən kənar, gizlin şəkildə Ermənistana silah ötürürlər.
    Bu gün dünyada bir tərəfdən NATO üzvü olan Türkiyə və digər tərəfdən Rusiya kimi dövlət var. NATO ilə Rusiya üz-üzə gələ bilər, lakin Türkiyə sona qədər Azərbaycanın yanında olacağını iddia edir”.
    S.Rüstəmxanlı qeyd edib ki, cəmiyyətimizdə “Rusiya xofu” hələ sovet dövründən mövcud olub:
    “Rusiya ilə Azərbaycanın son 30 ildə apardığı siyasətdə strateji əməkdaşlıq, sakit qonşuluq, dövlət başçılarının bir-birinə münasibəti, hətta enerji məsələsində yolların ayrılması belə münasibətlərə ziyan gətirməyib. Azərbaycanda rus dili və məktəblərinə qadağa yoxdur. Bu, onu göstərir ki, Rusiya xofuna, Rusiya vahiməsinə ehtiyac yoxdur. Rəsmi Moskva da qonşuları ilə daimi savaşda olmağa maraqlı deyil. Ona görə də Rusiya haqqında vahiməli düşüncə yaratmaq yersizdir.
    Çünki bu ölkə əvvəlki kimi çar, bolşevik və imperialist Rusiya deyil. Avropa dəyərlərinə yaxınlaşan normal bir dövlətdir və bu gün buraxdığı səhvləri aradan qaldırmağa çalışır. Belə bir vəziyyətdə millətimizdəki Rusiya xofu mənasızdır. Bu xofu beynimizdən silmək lazımdır”.

  • Sabir Rüstəmxanlı: “Danışıqlar masasının nə qədər saxta olduğunu bilirik. Ona görə də hesab edirəm Azərbaycan ordusu hücumlarını davam etdirməlidir”.

    Bunu KONKRET.az-a danışan VHP sədri, deputat Sabir Rüstəmxanlı bildirib.

    Deputat qeyd edib ki, ATƏT-in Minsk Qrupu son illər özünü çox ləyaqətsiz aparırdı: “Bu qurum Azərbaycanı iki münasibətlə aldatmağa çalışırdı. Bakı-İrəvan arasında kəndirbazlıq edərək məsələnin həllini uzatmağa çalşırdı. Onlar çalışırdılar ki, işğal olunmuş torpaqlarımız unudulsun. Bizim oradan gələn qaçqın və məcburi köçkünlərimiz ölüb qurtarsın. Onlar öləndən sonra oraya heç kim qayıtmayacağını düşünürlər. Ermənistan son günlər hətta bizi əlavə torpaqlarımızı işğal etməklə hədələyirdi. Bu istiqamətdə də müəyyən addımlar da atmışdı. Bizim kəndlərimiz mütəmadı olaraq atəşə tutulurdu.

    Ona görə də sentyabrın 27-də Ermənistanın sonuncu təxribatı nəticəsində bizim dinc əhali və yaşayış obyektləri atəşə tutulan zaman ordumuzun əks hücuma keçməkdən başqa yolu qalmadı. Elə ilk gündən bəlli oldu ki, ermənilərin “azərbaycanlıları dənizə tökəcəyik” kimi bəyanatları tamamilə əsasızdır. Murov istiqamətindən başlayaraq Araz sahillərinə qədər bütün cəbhəboyu Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdura-susdura irəliləyir, 7 kənd, Murov yüksəkliyi və Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən azad edilib. Ağdərədə də müəyyən yüksəkliklər ələ keçirilsə, Ağdərə-Kəlbəcər yolu və Ağdərə çevrəsi boşaldılır. İllərdir ki, Ermənistanın başını sığallayan qüvvələr hərbi əməliyyatları yenidən diplomatik yolla dayandırmağa çalışacaq, Rusiyadan və digər Avropa dövlətlərdən zənglər gələcək. Bizi danışıqlar masasına dəvət edəcəklər. Danışıqlar masasının nə qədər saxta olduğunu bilirik. Ona görə də hesab edirəm Azərbaycan ordusu hücumlarını davam etdirməlidir”.

    Nərgiz Mirzəyeva,

    KONKRET.az

  • Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü-FOTO

    Bu gün Millət Vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib. Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləmiş, problemləri ilə maraqlanmışdır. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyatı qurumlara ünvanlanmışdır. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerundə həll oluna biləcək məsələlərə münasibət bildirmişdir. Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağll çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılmışdır. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilmişdir. S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir. Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirmişdir.
    Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirmişdir.

  • Sabir Rüstəmxanlı: “İnternetdən məhrum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz”

    Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, onlayn dərslərin keyfiyyətinə o qədər də ümid bəsləmir: “Yeni formatda hansısa mövzunun tezliklə qavranılacağına əmin deyiləm. Çünki qavrama təkcə induksiya və deduksiya prosesi deyil, həm də psixoloji prosesdir. Psixoloji cəhətdən şagird yaşadığı mənzildə yeni psixoloji mühitə düşür. Bizdə isə bu sahədə təcrübə yoxdur. Təcrübə olmadığına görə düşünürəm ki, bu dərs formasının bilik qazanmaq baxımından səmərəsi hələ ki, yüksək olmayacaq. Hesab edirəm ki, Təhsil Nazirliyi bu məsələyə yenidən baxmalıdır”.

    VHP sədri deyib ki, bir çox kəndlərdə internet, hər evdə kompüter yoxdur. Onun fikrincə, yeni təhsil növü xeyli sayda şagirdi təhsildən kənarda saxlayacaq: “Ölkədəki 1.6 milyon şagirdin 1 milyonu virtual məktəbdən qeydiyyatdan keçib, 600 min şagird kənarda qalıb əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bu dərs növü isə həm baha, həm də günümüz üçün real deyil. Hələ onlayn sisteminə keçid həddinə gəlib çatmamışıq. Mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Dağ rayonlarında və ümumiyyətlə bölgələrdə internetləşmənin yaxşıp səviyyədə olmadığı hər kəsə bəllidir. İnternetdən mərhum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz “.

    S.Rüstəmxanlı bildirib ki, bütün dünyada tüğyan edən COVİD-19 yoluxmasının şərtləri altında cəmiyyətin mühüm sahələrinin fəaliyyətini tam bərpa edilməsinin yolları da mütləq tapılmalıdır: “Əksər ölkələr bu istiqamətdə ciddi nəticələr əldə ediblər və bu səbəbdən ənənəvi təhsilin davam etdirilməsinə başlanıb. Azərbaycanın bu prosesdən kənarda qalması təəssüf doğurur.

    Əslində Təhsil Nazirliyinin və Operativ Qərargahın təhsillə bağlı son qərarı subyektiv ümumiləşmə əsasında verilib. Bu il ibtidai siniflərdə təhsil alan 650 min uşaq dərsə gedir. Bu qrupun 257 min nəfəri epidemioloji vəziyyət gərgin olduğu Bakı, Sumqayıt və Abşeron ərazisinə düşür. Yəni ibtidai sinif şagirdlərinin yarıdan çoxu ümumiyyətlə karantin elan olunmayan bölgədə yaşayır. Hətta bəzi kənd məktəbləri var ki, şagird sayı 100-ü keçmir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil. Belə bir statistika qarşısında bütün ölkə boyunca təhsilin məhdudlaşdırılması yalnız bacarıqsızlığın göstəricisidir”.

    Millət vəkili həmçinin onlayn təhsilin keyfiyyətinə də toxunaraq alternativ olaraq distant təhsilin təklif edilməsini qeyri-peşəkarlıq adlandırıb: “Düzdür, distant təhsil çox məşhurlaşıb, faydalıdır, müasir təhsil sisteminə keçiddə böyük rol oynayır. Amma bu, ənənəvi təhsilin yerini vermir. Şagirdlərin məktəb və müəllimlərlə ünsiyyətdə olmamasının onların formalaşmasında mənfi iz buraxacağı şübhəsizdir. Digər bir tərəfdən şagird sayının az olduğu, karantin elan olunmayan bölgələrdə internet və televiziya imkanlarının məhdudluğu etiraf olunmalıdır. Bütün bunlar təhsil və məktəblərin açılması ilə bağlı qərara yenidən baxılmasını zəruri edir. Sonu görünməyən pandemiyanın qarşısında acizlik göstərib yeni şəraitdə əvvəlki həyat tərzinin qurulması üçün addımlar atılmasa bunun nəticələri ağır olacaq. Bir sıra dövlətlərdə universitet və orta məktəblər yenilənir, onların hamısı müəyyən hədlərlə fəaliyyət göstərir. Şagird və tələbələr bir-birindən şəffaf şüşələrlə ayrılırlar ki, təmasda olmasınlar. İndiki şəraitdə qısa müddətdə bu mühiti yaradaraq dərslərin bərpasına nail olmaq olar. Bütün bunları nəzxərə alaraq Təhsil Nazirliyi və Operativ Qərargah ənənəvi əyani təhsil sistemini bərpa etmək üçün gərəkən tədbirləri görməlidir.”

     

  • “Ölkəmizdə rusdilli məktəblərin sayının artırılması dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanətdir”

    “…Niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır?”
     “Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”
    Ölkəmizdə rus dilinə maraq hər zaman fikir ayrılığına səbəb olub. Cəmiyyətimizdə rus dili sevdasını bu dildə təhsil alanların fərqli və geniş dünyagörüşə sahiblənməsi ilə əlaqələndirirlər. Təsadüfi deyil ki, bəzi valideynlər özləri rus dilində bilməsələr də, övladlarını bu dildə təhsilə cəlb edirlər. Bir növ övladlarının daha savadlı və universal olacaqlarını düşünürlər.
    Rus bölməsinə olan maraq cəmiyyətimizi çox təhlükəli tendensiya ilə üz-üzə qoyur. Həmin təhlükə ilə müxtəlif zamanlarda qarşılaşmışıq. Bu dilin və mədəniyyətin ölkəmizdə şişirdilmiş dərəcədə təbliği “sağlam” deyil.
    Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündə bildirib ki, Azərbaycan rəhbərliyinin rus dilinə qayğıkeş münasibətini çox yüksək qiymətləndirir.  O, əlavə edib ki, Azərbaycanda rus dilinə münasibət və rusdilli məktəblərin çox olması yaxşı haldır.
    Təbii ki, xarici dili öyrənmək faydalıdır. Amma ölkəmizdə rus dili sadəcə xarici dil kimi öyrənilmir. Bəziləri az qala bu dili öz ana dili kimi istifadə  etməyə çalışır. Məsələ burasındadır ki, adətən bu dili bilməyənlərin iş tapması qeyri-mümkündür. Bəs rus dili və mədəniyyətinin ifrat dərəcədə təbliği bizə nə verir?  Rusiya mədəniyyəti və dili bu qədər lazımlıdırsa, tonlarla silah göndərdiyi Ermənistanda rusdilli məktəblər niyə azdır?
    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)sədri, millət vəkili Sabir Rüstəmxanlı “Sherg.az”a bildirib ki, Azərbaycanda rusdilli məktəblərin çox olması dilimizə qarşı böyük hörmətsizlikdir:
    “Lavrova sual vermək lazımdır ki, “Azərbaycanda rusdilli məktəblərin çox olması bu qədər yaxşı idisə, niyə daim simpatiya bəsləyib, yardım etdiyi Ermənistanda rus dilli siniflər çox azdır? Nə üçün Ermənistanla bu qədər yaxınsız və onların hər addımını müdafiə edirsiz?”. Deməli, onları rus dilinin taleyi, rus dili və mədəniyyəti maraqlandırmır.
    Ruslar Azərbaycanın başının altına yastıq qoyub və başını sığallayıb Ermənistana silah satır, onları gücləndirir və ciddi cəhdlərlə müdafiə edir. Ona görə də Lavrovun Azərbaycana saxta kompliment və xoşagələn sözlər deməyi ətimi ürpəşdirir. Belə şeyi qəbul edə bilmirəm!”.
    Azərbaycanın müstəqil dövlət olduğunu deyən millət vəkili bildirib ki, ölkəmizdə yaşayan ruslar istəsələr, rus dilində təhsil ala bilərlər. Heç kim onlara bunu qadağan etmir:
    “Lakin Azərbaycanın dövlət dili Azərbaycan türkçəsidir. Azərbaycan türkçəsinin hesabına ana dilində məktəblərimizin sayını azaldaraq, rusdilli məktəblərin sayını artırmağı dilimizə, müstəqilliyimizə və gələcəyimizə xəyanət hesab edirəm!”.
    Şərq qəzeti