Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • Sabir Rüstəmxanlı: “Əlvida, əziz qardaş”

    “Təskinliyimiz Musa Yaqubun ölməz sözü və daim canlı olacaq xatirəsidir. Əlvida, əziz qardaş!”

    Musa Yaqubun ölümündən sarsılan xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı kədərini belə ifadə edib.

    O, Musa Yaqubun ölümünü ədəbiyyatımızın ağır itkisi kimi dəyərləndirib:

    “Ədəbiyyatımıza ağır itki üz verib. Azərbaycanın xalq şairi, keçmiş millət vəkili, görkəmıi ictimai xadim, sözü və əməli ilə dİm haq yolunda olan, əziz dostumumuz Musa Yaqub bu fani dünyanı tərk edərək əbədiyyətə qovuşub. Bir neçə gün sonra ad ğününü qeyd edəcəkdik. Yarım əsrlik bir yolda yanaşı yürüdüyüm əqidədaş, böyük söz ustası, qeyrətli vətəndaş, gözəl insanın itkisi çox ağırdır. Təskinliyimiz Musa Yaqubun ölməz sözü və daim canlı olacaq xatirəsidir. Əlvida, əziz qardaş!”

  • Sabir Rüstəmxanlı: “Əsas problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır”

    Sabir Rüstəmxanlı: “Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var”
    Ölkə gündəmi kifayət qədər zəngindir. Bir tərəfdə korrupsionerlərə qarşı mübarizə, bir tərəfdə cəmiyyətdə ikrah yaradan davranışlar, bir tərəfdə isə Qarabağın dirçəldilməsi ilə bağlı atılan addımlar… İslahatlar davam edir. Lakin neqativ hallar da az deyil. Odur ki, “Şərq” olaraq ölkə gündəmi barədə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətləşdik:
    – Bu günlərdə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov da vəzifəsindən azad edildi. Deməli, vəzifəsindən sui-istifadə edən məmurlara qarşı mübarizə davam edir. Bu barədə nə düşünürsünüz?
    – Aparılan islahatlar göz qabağındadır. Özü də bu islahatlar bütün sahələri əhatə edir. Gəncləşmə gedir, bürokratik mexanizmlər sadələşdirilir. Atılan addımların nəticəsi də olur. Onu da deyim ki, icra başçıları köhnə raykom katiblərindən az seçilir. Adları dəyişsə də, onlar əvvəlki iddiaları ilə yaşayırlar. Lakin iddia olsa da, imkan yoxdur. İcra başçılarının əvvəlki təsir mexanizmi qalmayıb. Onların bəziləri nüfuzlarını qorumağa çalışırlar. Bu isə nəticə etibarı ilə cinayətə gətirib çıxarır. Ona görə sistem dəyişməlidir, icra hakimiyyətləri başqa qurumlarla əvəz edilməlidirlər. Biz bunun üçün fərqli ölkələrin təcrübələrindən yararlana bilərik.
    – İslahatlar səhiyyə sistemi üçün də istisna deyil. Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi bu sahə ilə bağlı yeni ümidlər yaradır…
    – Mən sahiyyə sisteminə o qədər də bələd deyiləm. Amma bilirəm ki, əsas problemlərdən biri icbari tibbi sığorta ilə bağlıdır. İkincisi isə dövlət xəstəxanalarında bu və ya digər xidmətdən istifadə üçün pul tələb olunur, dərmanlar çox bahadır.
    – Bəs çıxış yolu nədir?
    – Cəmiyyətin mənəvi kamilliyi düşünülməlidir. Kamil olmayan insan həmişə oğurluğa meyilli olur.
    – Mənəvi kamillikdən danışmışkən, keçmiş deputat Hüseynbala Mirələmovun əxlaqsız videosuna dair sizin münasibətiniz necədir?
    – Bu, ziyalıya, yazıçıya yaraşmayan hərəkətdir. Eyni zamanda Cəmil Həsənlinin qızı ilə bağlı hadisə barədə də demişdim ki, belə məsələlər birmənalı qınanılmalıdır. Oxşar davranışlara yol verənlərə haqq qazandırmaq olmaz. Belələri səhvlərinə uyğun cəzalanmalıdırlar. Çünki şəxsi əxlaqsız nümunəsi ortaya qoyulur. Lakin cəmiyyətə daha çox ziyan vuran siyasi, iqtisadi əxlaqsızlar da var. Həmin məqamları da unutmaq, yalnız bir məsələyə köklənmək olmaz.
    – Narahatedici məqamlardan biri də qazilərə lazımi qayğının göstərilməməsi ilə bağlıdır. Belə hallar dövlətin siyasətinə nə qədər uyğundur?
    – Dövlətin şəhid ailələri və qazilərlə bağlı siyasəti məlumdur. Səlahiyyətli qurumlara ciddi tapşırıqlar verilib. Lakin bəzən də məmurlar səviyyəsində həmin göstərişlər yerinə yetirilmir. Bu isə haqlı narazılıqla nəticələnir. Biz sözügedən məsələni dəfələrlə Milli Məclisdə müzakirəyə çıxarmışıq. Qazilərimiz cəmiyyət həyatından kənarda qalmamalı, işlə təmin olunmalıdırlar.
  • Sabir Rüstəmxanlı: “Baydenin seçilməsi ilə bağlı legitimlik hələ də sual altındadır”

    “Azərbaycan 1918-20-ci illərdə demokratik seçki ənənələrini yaratdı. Müstəqiliyi bərpa edəndən sonra da yeni seçki ənənələrini formalaşdırır”.

    Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı deyib.

    Onun sözlərinə görə, Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var:

    “Baydenin seçilməsi ilə bağlı legitimlik hələ də sual altındadır. Bu gün dünyaya demokratiyadan dəm vuran Avropa ölkələrinə Türkiyə dərs verib. Hesab edirəm ki, Azərbaycan demokratik seçki ənənələrini davam etdirməlidir, güclü şəkildə demokratiya ənənələrini inkişaf etdirməlidir. MSK-nın bundan sonrakı prosesləri rayonlarda davam edəcək. Rayonlarda siyasi partiyaların istəkləri ilə yerli icra orqanlarının istəkləri üst-üstə düşmür. Yeni tərkibdən xahiş edirəm ki, gələcəkdə MSK-nın siyasi partiyalarla işi elə qurulsun ki, yerli icra hakimiyyətləri ilə siyasi partiyalar haqqında problem yaranmasın”.

     

  • Millət vəkili Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə növbəti qəbul keçirib – FOTO

    Millət Vəkili, VHP sədri Sabir Rüstəmxanlı 12 aprel 2021-ci ildə Neftçala rayon sakinləri ilə növbəti qəbulunu keçirib . Deputat Qərəargahında 13-30-dan 17-00 kimi davam edən qəbul zamanı mövcud pandemiya qaydalarına tam əməl edilməklə qəbula gələn vətəndaşlar bir-bir qəbul edilib, dinlənilib. Qəbulda deputatla birgə deputat köməkçisi Fərman Hüseynov və Neftçala rayon İcra aparatının şöbə müdüri Vasif Əliyev də iştirak edirdi. Qəbulda Neftçala şəhərindən,o cümlədən əksər qəsəbə və kəndlərdən gələn şikayətçılər öz problemlərini yazılı və şifahi şəkildə bildiriblər. Bəzi məsələlər yerindəcə həll edilib, bəzi problemlərlə bağlı isə müvafiq strukurlara müraciət olunacağı deyilib.

     

  • “Qoca da rüşvət alır, cavan da…“ – Sabir Rüstəmxanlı

    Son illər ölkəmizdə vəzifə təyinatında gənc kadrlara üstünlük verilir. Hazırda hökumətdə təmsil olunan nazirlər arasında onların sayı çoxluq təşkil edir. Bu proses davamlı xarakter alıb. Belə ki, ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların fəaliyyətinə nəzarət etmək üçün yaradılan müşahidə şuralarının idarə olunması da gənclərə həvalə edilib.

    Hakimiyyət komandasında baş verən bu dəyişikliklər idarəçilikdə keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Gənclərin hakimiyyət iyerarxiyasında önə çəkilməsi hansı üstünlüklər vəd edir?

    Mövzuyla bağlı fikirlərini Yenisabah.az-la bölüşən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, gənc kadrların böyük əksəriyyəti vəzifəsinin öhdəsindən gəlir, amma özünü doğrultmayanlar da var:

    “Yaşlı nəsil yaşa dolur, gənc nəsil isə təcrübə toplayır, böyüyür və vəzifə tutur. İstər-istəməz yerdəyişmə getməlidir. Prezident də bu işi sürətləndirir, diqqətini cəlb edən gəncləri vəzifəyə gətirir. Bir sıra gənclər var ki, kifayət qədər hazırlıqlıdır. Amma dünya haqda məlumatlı olduğu halda, məhz öz işlədiyi sahəni bilməyənlər də var, onların perspektivi necə ola bilər? Ona görə də bu seçim bir az təbii və obyektiv olsa, yəni yalnız siyasi dünyagörüş, yaxud müəyyən universitetləri bitirmək prinsipi əsas götürülməsə, həyatın seçdiyi gənclər lazımi sahələrə rəhbərlik etsə, daha yaxşı olar. Bu, mənim arzumdur. Amma Prezidentin gəncləşdirmə siyasətini və apardığı islahatları bəyənirəm, həmişə də onu müdafiə etmişəm”.

    Köhnə nəslin sovet ənənələrini yaşadaraq rüşvətə meyil etməsi fikrinə də münasibət bildirən deputat rüşvət alıb-almamağın, əsasən, insani keyfiyyətlərdən asılı olduğunu diqqətə çatdırıb:

    “Sovet dövrü artıq 30 ildir ki, arxada qalıb. Sovet dövründə də sistem məcbur etməsə, adamlar rüşvət almazdı. O vaxt rüşvət geniş yayılmış olsa da, rüşvət almayan insanlar da vardı. İndinin özündə də bu belədir. Rüşvət alıb-almamaq insanın mənəvi keyfiyyətlərindən, dövlətin taleyinə münasibətindən, əxlaq və təhsil səviyyəsindən asılıdır.

    Gənc kadrların təyin olunmasının rüşvətin kökünü kəsib-kəsməyəcəyini deyə bilmərəm. Onu deyə bilərəm ki, yaşlı adamlar var ki, rüşvət almır, gənc adamlar da var, rüşvət alır”.

    Həmsöhbətimiz hesab edir ki, rüşvətin qarşısı sistemdə müəyyən dəyişikliklər etmək şərtilə alınmalıdır:

    “Təəssüf ki, kadrların seçilməsinin hansı səviyyədə getdiyini, Prezidentə təyinatla bağlı təkliflərin haradan gəldiyini bilmirəm. Onu bilsəm, bu suala ətraflı cavab verərdim. İndiki halda əlbəttə, yüksək təhsilli, yüksək mədəni səviyyəsi olan, dünya təcrübəsini bilən, özünə hörmət edən, gələcəyini düşünən gənclər rüşvətdən uzaq olacaqlar. Amma şübhəsiz, içərisindən əks istiqamətə meyillilər də çıxacaq. Təəssüf ki, həyat belədir”.

  • Qarabağa qayıtmaq özümüzə qayıtmaqdır

    “Azad olunmuş yurdlarımıza qayıdırıq”… Bu sözü tez-tez eşidirik, oxuyuruq və hərdən, doğrudan da, bizə elə gəlir ki, otuz il bundan öncə gördüyümüz çinarlı-kəhrizli Cəbrayıla, qovaqları göyə dəyən Füzuliyə, hasarları qızılgüllü Ağdama qayıdacağıq. Yenə gur meydanlar, adam əlindən tərpənmək mümkün olmayan bazarlar, yazın bu çağında yaşıllığı göz alan zəmilər, hər yerdə qarışqa kimi çalışan insanlar, doğma simalar görəcəyik… Çünki Qarabağı o cür görmüşük, gözümüzə, ürəyimizə o cür hopub və onu başqa cür təsəvvür edə bilmirik. Düzdür, müharibə bitəndən sonra dağılmış şəhərlərin və kəndlərin dəhşətli mənzərələrini televiziya ekranlarında və sosial mediada ara-sıra görmüşük. Amma ürəyimizdə yenə bir ümid olub ki, o boyda vilayətin bütün gözəllikləri, o cür abad və inkişaf etmiş şəhərlərin, kəndlərin bütün tikililəri, yolları, bağları, bağçaları, qəbiristanları, abidələri dağıdıla bilməz. Hardasa, hansı bir guşədəsə gözdən yayınıb salamat qala bilər, yaxud evlər dağıdılsa da, küçələr, yollar dağıdılmaz. O yollar bələdçilik edər, axtardığın ünvanı tapa bilərsən, hansısa nişanələr sənə öz doğma ocağını, dağılmış evinin xarabalıqlarını tapmağa kömək edər. Buna görə də müharibədən sonra hər kəsin ürəyində bir istək var: tez qayıdım, görüm ata-babamın izlərini qoruyan yurdlarımız nə vəziyyətdədir? Bağımızdan-bağçamızdan salamat qalan bir şey varmı?
    Erməni vəhşiliklərinin bütün murdar üzlərini görmüşük, haqqında çox oxumuşuq, çox bilirik. Ancaq mart ayının 17-də siyasi partiya liderləri ilə birlikdə Ağdama səfərdən sonra mən artıq erməni vəhşiliyi terminini lüğətdən silmək istəyirəm. Vəhşilik sözünün yerinə nə isə onların bütün murdarlıqlarını, insanlıqdan çox-çox uzaq olan iyrənc xislətlərini, insan əli ilə yaradılan hər şeyi viran qoymaq xasiyyətlərini ifadə edə bilən başqa bir söz tapmaq istəyirəm. Bunların özlərini sata-sata dünyada fahişəliyin təməlini qoyduqlarını, yəni qanlarının murdarlığını bilirik, ancaq Ağdamda gördüklərimdən sonra onların bütün bunlardan daha mənfur və alçaq bir yolla dünyaya rəzalət səpməyə gəlmiş bir şeytan törəməsi olduqlarına bir daha əmin oldum.
    … Təmas xəttindən başlayaraq yollar boyu hər tərəf qazılmış torpaq təpələri, kanallar, yeraltı sığınacaqlar, lağımlar, ucu-bucağı olmayan səngərlər… Bir sözlə, torpağın altını üstünə çeviriblər. Sanki iki milyonluq Ermənistanın hamısı Ağdam çöllərinə tökülüb otuz ildə ancaq köstəbək yuvaları qurmaqla məşğul olub. Azərbaycanın ən bərəkətli torpaqlarıdır buralar. Yazın bu vaxtında bu düzlərin üstündə cənnət havası dolaşardı. Erməni ayağı dəyəndən torpağın rəngi qaçıb, sular quruyub, ağacların damarında qan donub, yol itib. Yerli adamlar olmasa, hansı istiqamətə gedəcəyini bilməzsən. Vaxtilə gözəl evləri, bərəkətli bağ-bağçaları ilə insanı valeh edən kəndlərdən ancaq orada-burada sınıq dişə bənzər divar qalıqları qalır. Elə bilirdim ki, nə qədər dağıdırlar, dağıtsınlar, Ağdam şəhərinin içinə girən kimi hansı yolun Əsgərana, hansı yolun Xocəvəndə, hansının Ağdərəyə apardığını asanca müəyyənləşdirərəm. Ancaq Ağdam məscidini və onun qoşa minarəsi, Ağdam teatrının sütunları qalmasa, burada köhnə şəhərin heç bir istiqamətini müəyyənləşdirmək olmaz. Bircə İmarət abidələrinin hamısını uçura bilməyiblər. Çünki biz bu torpaqlara qayıda bilməsək, o möhtəşəm məqbərələri, yəqin ki, guya eradan əvvəl yaşamış “tiqranların, aramların” adına çıxacaqdılar. Qoşa minarəyə isə ona görə toxunmayıblar ki, minarələrin ucalığından ətrafa nəzarət edə bilsinlər. Amma hər halda, şükür ki, bu minarələr qalır. “Qarabağ Azərbaycandır” harayının sonuna qoyulan nida işarəsi kimi! Bu şəhərin əhalisinin Allaha ucalan əlləri kimi, azan kimi… Ağdam möhtəşəm bir şəhər idi. Bunu viran qalmış evlərdən nişanə qalan möhkəm daş divarlar da göstərir. Bu evlər şəhərin skeletidir, şəhərin dünyanın haqsızlığına və biganəliyinə gülən dişləridir. Dağıdılmış Ağdamın bənzəri yer üzünün heç yerində tapılmaz. Buranı dünya müharibələrinin viran qoyduğu şəhərlərlə də, hətta Vezuvi vulkanının külü altında qalmış Pompeylə də, atomun ilk qurbanı Xirosima ilə də tutuşdurmaq olmaz. Ağdam şəhərinin qalıqları insanlıq tarixinin görmədiyi ən ağlasığmaz bir düşmənçilik, barbarlıq və qancıqlıqdır.. Ətrafımdakı adamlqr olmasa, elə bilərəm, mən doğma planetimizin üstündə deyiləm; Ayda və ya başqa bir planetdəyəm, gördüyüm bu divar qalıqları arasında heç vaxt canlı həyat olmayıb, min illərdir, burda yalnız xəyalatlar dolaşır. Yalnız martın ortaları üçün gözlənilməz istidə saçları yaşıllaşan söyüdlərə baxanda bilirsən ki, bir azdan bu viran yurdlar yaşıllığa bürünəcək və təbiət də bizim qayıdışımızı hiss edərək bu yaraları büküb gizləməyə çalışacaq!
    Minalardan təmizlənərək gəlib-gedənlər və əsgərlər üçün açılmış yollarla hərəkət edirik. Ağdamın rəmzlərindən olan çay evi, meydanın ətrafındakı ikimərtəbəli binaların qalıqları, Ağdam teatrının əzəmətli portalı, ön sütunları köhnə xatirələri sızıldadır. 1990-cı ilin yanvar ayının 18-də bu teatrda mənim “Uzaq əsrlərin həqiqəti” adlı pyesim oynanılmışdı. Bakıda 20 Yanvar faciəsinin soyuq yelləri əsirdi, şəhərdən çıxıb Ağdama, intizarla gözlədiyim tamaşaya baxmağa gələ bilməmişdim. Bu, ilk və son tamaşa, mənim pyesim də Ağdamda şəhid olmuşdu…
    Yalnız ön divarlarının uçuqları üstündəki fresko qalıqları xatırladır ki, bura Ağdamın çörək muzeyidir. Bura dünyada analoqu, bənzəri olmayan bir muzey idi. O vaxt Ağdamda raykom katibi işləyən rəhmətlik Sadıq Murtuzayevlə bu muzeyi gəzmiş və rayon haqqında yazdığım oçerkdə bu muzeyə ayrıca yer vermişdim.
    İmarətdə Qarabağa və bütün Azərbaycana şöhrət olan insanların bəzisi uçurdulmuş, bəzisi toxunulmamış məqbərələrinə, qəbirlərinə baş çəkdik. Sonra Əsgərana, ordan da Şuşaya uzanan yolla düşmən əlində qaldığından eyni açılmamış, ilğımlı dağlara doğru üz tutduq. Erməni vəhşiliyinin zirvəsi buradadır. Neçə min şəhidin məzarını dağıtmaqla kifayətlənməyiblər, qəbirlərdən şəhidlərin bizim üçün müqəddəs olan qalıqlarını, sümüklərini də çıxarıb aparıblar, yuxarı tərəfdəki qəbiristanı şumlayıb taxıl əkiblər! Və bu vəhşiliklər törədiləndə… Bakıda 30 min erməni rahat yaşayıb, qohum-qardaşları burada arın-arxayın kef çəkiblər və imkanlıları Bakıda da başımızda turp əkiblər. Gəl baş aç bizdən! Əsgəranla sərhəddən Şahbulağa döndük. Dağ ətəyində erməni kəndlərinin ağ dəmir damları gün işığında parıldayır, hamısı dağıdılmış Ağdamın hesabınadır, amma biz hələ onlarla hesabımızı çəkməmişik!
    Bu da Pənah xanın ilk qalası! Sonra paytaxtını Şuşaya daşımışdı! Qalaya toxunmayıblar. Restorana çeviriblər, gələnlərə öz abidələri kimi təqdim ediblər, bütün bu torpaqları öz torpaqları olaraq tanıtmağa çalışdıqları kimi! Yüzlərlə qonaq, Minsk qrupu… Biri də soruşmayıb ki, buralar sənindirsə, niyə viran qoymusan? Ancaq, bəlkə, elə bu dağıntıları da bizim ayağımıza yazıblar…
    Şahbulaq yenə əvvəlki gurluğu ilə axır. Bir vaxt bu bulaqdan ilhamlanıb görkəmli yazıçımız, dostum Fərman Kərimzadə ilə “Ağdamın çörəyi, Şahbulağın suyu” adlı bir oçerk yazmışdıq. Minadan ehtiyat edib Boyəhmədli kəndinin yaxınındakı qəbiristana gedə bilmədim. Oradakı Daş balbalların taleyini düşünürdüm. Bütün Avroasiyanı bürüyən, “Türk qarıları”, “Daş babalar” kimi müxtəlif adlar daşıyan, türkün pozulmaz damğası olan o daşları da, yəqin, aparıb “erməniləşdiriblər”.
    Şahbulağın suyu sanki bütün sıxıntılarımı yuyub apardı. Suyun axıb getdiyi sızra boyu uzanan bağ tala-tala çiçəkləyir. Hər tərəf dağıdılıb, düzdür, ancaq əsas budur ki, Biz Qayıtmışıq! Biz düşməni əzmişik. Şəhidlərimizin qisasını ‒ öcünü almışıq. Şükür, işləyən əlimiz, həvəsimiz, ilhamımız, gücümüz də yerindədir.
    Ölkənin müəyyən istisnalarla, bütün siyasi partiyalarının bir yerdə işğaldan azad edilmiş torpaqlarımıza bu səfəri son dərəcə əhəmiyyətli, tarixi bir hadisədir. Bizi düşündürür. Bu birliyimiz olsaydı, yəqin, o vaxt bu torpaqları itirməzdik… Bu birliyimiz olmasa, Vətən müharibəsində qələbə qazana bilməzdik! Bu birliklə bütün şəhər və kəndlərimizi yenidən quracağıq. Qədim şəhərlərimizin yerinə gələcəyimizin şəhərlərini ucaldacağıq… Ancaq dağıdılmış Ağdamın bir parçasını da erməni vəhşiliyinin örnəyi, muzey kimi elə indiki kimi saxlamaq lazımdır.
    Azad edilmiş səkkiz rayonumuzdan yalnız birini görməyimiz çalınan qələbənin əhəmiyyətini və böyüklüyünü daha yaxşı dərk etməyə imkan verir. Adama elə gəlir ki, o torpaqlar bu baharı da bizsiz qarşılasa, bizdən həmişəlik üz döndərərdi.
    Bir də qarşıda bizi nə boyda işlərin gözlədiyini düşünürsən. Bütün torpaqların minalanması tələskənliyə imkan vermir. İlk növbədə, bu gizli xəyanət cəbhəsini də zərərsizləşdirməliyik. Bu işə daha çox qüvvə və texniki vasitə cəlb olunmalıdır.
    Ağdamın bu durumunu görəndən sonra bütün ayrılıqlar unudulur , fikir fərqləri, siyasət meydanları mənasını itirir. Üç avtobus müxtəlif adlar altında yadlaşan, uzaqlaşan adamlar bir səmimi ailəyə dönür Elə bilirəm, yaz havası və bizim söhbətlərimiz dağıdılmış şəhəri silkələyir. Hər tərəfdən yorğun səslər gəlir: “Hanı mənim övladlarım?”

    Sabir Rüstəmxanlı
    17.03.2021

  • Xalq şairi: “Gözlərimin tutulacağından qorxmadan…” – Müsahibə/Kitabxana

    Teleqraf.com-un “Kitabxana” rubrikasının ilk qonağı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlıdır. Onunla evində görüşdük.

    Müsahibəni təqdim edirik.

    – Sabir müəllim, ilk sualımız belədir: kitab sizin üçün hansı mənanı kəsb edir?

    – Çox mürəkkəb sualdır… Mənim kimi ucqar dağ kəndində doğulmuş biri üçün kitab böyük dünyaya açılan qapıdır. Kitab bir yoldur, səni dünyanın bütün guşələri ilə birləşdirir. Kitab həyatdır. Məsələn, kənddən başlayıb, dünyanın sonsuzluğuna bağlayan sehrli bağdır. Həyat eşqidir, insanı gələcəyə səsləyən, həyatının əsas cizgilərini müəyyən edən güzgüdür.

    Yaşa dolduqca başa düşürsən ki, kitab sənin həyatındır. Təkcə öz yazdığım yox, həm də oxuduğum kitablar mənim həyatımdır. Mən kitabla yaşayıram, onunla nəfəs alıram. Bütün sirlərim, duyğularım kitabdadır. Ən yaxın dosta, qohuma etibar etmədiklərini bəziləri açıq, bəziləri örtülü şəkildə kitaba deyir. O mənada kitab insanlığın böyük kəşflərindəndir. Düşüncəmə görə, yazı və kitab bəşəriyyətin ən böyük icadıdır. Bundan sonra nə icad olunur-olunsun, kitab və yazı ən birincisi və ən böyüyü olaraq qalacaq.

    – Kitabxananızın neçə illik tarixi var?

    – Mənim çox kitabxanam olub. Hazırkı kitabxanamın yaşı 60 ildən çoxdur. Yardımlı 11 illik politexnik məktəbində oxumuşam. 8-ci sinifdə oxuyanda bizə həm də peşələr öyrədirdilər. Mən dülgərlik sənətini seçmişdim. Dülgər kimi cəmi iki əl işim oldu. Biri kənddə öz evimiz üçün ilk kitab şkafı hazırladım. Mənim kitab şkafım həm də kəndin müəllimləri, ziyalılarının kiçik kitabxanası idi.

    Gəlib kitab aparırdılar, bəziləri qaytarır, bəziləri qaytarmırdılar. Kitablarda adımı yazardım, sonra görürdüm ki, mənim olduğu bilinməməsi üçün ad yazılan hissə cırılıb. Mənim kiçik kitab rəfim bir cazibə mərkəzinə çevrilmişdi. İndi fabriklərdə düzəldilmiş kitab rəfləri var, amma heç biri öz hazırladığım kitab rəfi qədər doğma deyil.

    Ondan sonra universitetdə oxuduğum illərdə “Azərkitab”ın bazasında fəhlə işləyirdim. Günortaya qədər işləyib, həm də oxuyurdum. Tələbə vaxtı bir çox kitablar əlimdən keçirdi. Bəzilərini yığırdım. Amma kirayə yaşadığım üçün daşındıqca kitablar itirdi. Nəhayət, ev aldıqdan sonra kitabxanamı hazırlamağa başladım. Burada görünən mənim kitabxanamın yarısıdır. Bir bu qədəri də iş yerimdədir.

    – Gəncliyinizdə Bakıda ən çox getdiyiniz kitabxana hansı olub?

    – Ən çox Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasına gedirdim. Onun yanında Lenin adına kitabxana var idi. Kitabxanalar universitetə yaxın olsa da, mən yaxınlığına görə onlara üz tutmurdum. Bazar günü Sabir adına kitabxanada şairlərin toplaşdığı şeir dərnəkləri keçirilirdi. Getməyə vərdiş etmişdim. Bəlkə, indi də o kitabxanaya borcluyam.

    O zaman Belinski adına kitabxana var idi. Birinci kursda oxuyanda bir il orada işləmişəm. O vaxt universitetə qəbul olan uşaqların bir il stajı olmalı idi. Mən də filologiya fakültəsindən oraya düşmüşdüm. Kitab oxumağı sevirdim, kitabxananın çox mehriban kollektivi var idi. Onlar mənim şəhər mühitinə alışmağıma xeyli kömək etdilər.

    Axundov adına kitabxanaya isə xeyli sonra getdim. Aspiranturada oxuyanda daha çox işim orada idi. Kitabxananın qədim əlyazmalar bölməsinə gedirdim. Orada ərəb əlifbası ilə Cəlil Məmmədquluzadənin əlyazmalarını oxuyurdum. Qədim Qafqaz arxeoloji komissiyasının 19-cu əsr araşdırmaları vardı ki, mənə “Ölüm zirvəsi”, “Difai fədailəri” kimi əsərlərimi hazırlamağa kömək oldu.

    Hazırda da Mirzə Fətəli Axundov adına kitabxanasya davamlı gedirəm.

    – Ümumi neçə kitabxananız və kitabınız var?

    – İşdə, bağda, evdə… Ümumi təxminən 20 minə yaxın kitabım var.

    – Kitabxananızın ayrılmaz parçası hesab etdiyiniz kitab hansıdır?

    – Mənim üçün kitabxanada hər kitabın öz yeri var. İndi fikirləşirəm ki, Türkiyəyə ilk getdiyim vaxtlardakı dostlarım bəlkə də kasıb idi. Ola bilsin, kitabların son nüsxəsini götürüb mənə verirdilər. O kitablar mənə çox əzizdir. İndi mən kitabxanamdan kitab verməyə çox çətinlik çəkirəm. Halbuki onlar mənə öz kitablarını hədiyyə edirdilər.

    Dostlarımın avtoqraflaə verilən kitabları mənə xüsusilə doğmadır. Bir rəf dostlarımın kitablarıdır… Şübhəsiz, kitabxanada ən unikal rəflər öz kitablarımın qoyulduğu rəflərdir. Doğrudur, qarışıqdır, bir neçə rəfi doldurub.

    Kitabxanamda ensiklopedik ədəbiyyatlar da yer alır. Dini, tarixi kitablar var. Hansı vaxt sənə hansı kitab lazım olursa, o kitab doğma olur.

    – İndiyə qədər neçə kitabınız çap olunub?

    – Azərbaycanda 25-dən çox, dünyanın müxtəlif ölkələrində 70-ə yaxın kitabım çap olunub.

    – Oxuduğunuz ilk ən böyük əsər hansı olub?

    – İlk ən böyük əsər nə qədər qəribə olsa da, Mirzə İbrahimovun “Gələcək gün” romanı olub. Təxminən 2-3-cü siniflərdə oxuyurdum. O vaxt qohumlarım birlikdə kitab oxuyanda, mən də qulaq asırdım. Onlar oxumayanda özüm oxuyurdum. Kitab məni sehrləmişdi. Çünki kəndimiz sərhədə yaxındır, kitabda Cənubi Azərbaycandan bəhs olunduğuna görə heyrətlə oxuyurdum. Paralel olaraq nağıllar da oxuyurdum.

    Amma düşünürəm ki, ən böyük, ağır kitab 5-ci sinifdə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsəri idi. O vaxta qədər çapına icazə verilmirdi, yeni çap olunmuşdu. Mən onu bibimoğlundan üç günlük almışdım. Üç günə o romanı bitirməli idim. Daha sonra Viktor Hüqonun “Səfillər” romanı, İsmayıl Şıxlının “Ayrılan yollar” kimi əsələrini oxudum.

    5-ci sinifdə qazaxlı müəllimim vardı, o mənə Səməd Vurğunu sevdirmişdi. Həmin illərdə Rəsul Rzanın şeirləri quruluşuna görə məni cəlb edirdi. Kitab mənim üçün hər zaman sevgi olub.

    – Dərsliklərlə aranız necə olub?

    – Dərsliklərimiz kəndə yox, rayon mərkəzinə gəlirdi. İldə bir dəfə yayda gedib dərsliklərimizi alırdıq. 7 kilometr yol idi. Mən o yolu gedəndə bütün dərslikləri oxuyub bitirirdim. Sonra ilboyu bir daha o dərslikləri əlimə almırdım, yaddaşım çox möhkəm idi. Dərsdə müəllimə qulaq asırdım. Buna görə də əlavə ədəbiyyatlar oxuyurdum.

    – Kitablarınızı yazmağa davam edirsiniz yəqin ki…

    – Bəli, ötən gün son romanıma nöqtə qoydum. “Dağların qisası” adlı romanımı çapa hazırlayıram.

    – Kitab yazanda əlyazmaya üstünlük verirsiniz, yoxsa klaviaturaya?..

    – Qarışıqdır… Hərdən kompüter gözümü yorur, keçirəm əlyazmaya. Bəzən əlyazmada qeydlər hazırlayıb, sonra diqtə edirəm, yazırlar. Son vaxtlar daha çox kompüterdə yazıram, daha rahatdır mənə. Çünki sonra redaktəyə ehtiyac olmur. Əl yazısında sürətlə yazdığım üçün sonra xeyli düzəliş lazım olur.

    – Ədəbiyyatçılar daim mütaliə edirlər. Mütaliədə necə, elektron kitaba üstünlük verirsiniz, yoxsa çapa?

    – Elektron kitabları az oxuyuram. Bir ara rus ədəbiyyatına audio şəkildə qulaq asırdım. Elektron kitablar məni yorur. Kitabın qoxusunu hiss etməyi sevirəm. Nəşriyyat işçisi olmuşam, 10 il “Ədəbiyyat qəzeti”ndə çalışmışam. Qəzetin rəngləri əlimizə keçməyəndə onun ləzzətini hiss etmirik. Bütün işimiz ancaq köhnə qaydadır.

    Elə gün olmur ki, kitabı oxumayım. Hazırda oxu stolumun üzərində həm tarixi əsərlər var, həm jurnallar… Oxu sistemim qarışıqdır. Daimi olaraq tarix, fəlsəfə kitabları oxuyuram, elmi-kütləvi ədəbiyyat oxuyuram. Hesab edirəm ki, kitabın əvəzi yoxdur. Axşamlar yatmazdan əvvəl hökmən əlimdə kitab olmalıdır. Deyirlər, gözə ziyandır. Mən gözümün nə zamansa tutulacağından çəkinə-çəkinə kitab oxuyuram.

    – Hazırda hansı kitabı oxuyursunuz?

    – Səlcuqların tarixi ilə bağlı mətnləri oxuyuram. Son zamanlar o dövrə baxıram. Oxuduqca kitabları stol üzərinə düzürəm.

    – Bu gün kitab satışları sizi qane edirmi? Kitab bazarında qiymətlər necədir?

    – Hər şeyə ümumi kontekstdə baxmaq lazımdır. Son illər Azərbaycan oxucusu zərbə alıb, ağır yol keçib. İlk olaraq idealogiya dəyişib. İkincisi, əlifba dəyişilib, gənc nəslin yaddaşına böyük boşluq yaranıb. Üçüncüsü, latın əlifbasına keçdikdən sonra bir müddət kitab tapılmırdı. Hazırda bütün dünya ədəbiyyatı sürətlə Azərbaycan dilində çap olunur. Dördüncüsü, əhalinin yaşayış səviyyəsi aşağı, kitablar isə çox bahadır.

    Bütün bunlara baxdıqda, narazılıq edə bilmərəm. Mütaliəyə maraq getdikcə artır, kitab mağazalarına gedənlərin sayında artım var. Bir vaxtlar kitabxanalar boş idisə, indi Axundov kitabxanasına gedəndə yerlərin dolu olduğunu görürəm. Kitaba maraq heç vaxt azala bilməz.

    Sadəcə, biz ənənəvi olaraq az oxuyan xalqıq. Yaponlar il ərzində 200-dən artıq kitab oxuyurlarsa, bizdə il ərzində hər adam bəlkə 5-6 kitab oxuyur. Bunun üçün də müəyyən ənənələr yaratmaq lazımdır. Məsələn, sovet dövründə kəndlərə kitab göndərir, əməkhaqqının 0,5 hissəsindən rüsum tutulurdu. İlk vaxtlar insanlar narazılıq etsələr də, sonra hər kəs kitab gecikəndə narazılıq etməyə başlayırdı.

    Kitab bu gün Bakıda yayılır, rayonlara getmir. Rayonlarda kitab dükanları yoxdur. Bir çoxunda heç kitabxana yoxdur. Ona görə Azərbaycanda kitabın tirajı azdır, 300-500 arasında dəyişir. 3-4 min kitabxana var. Hər kitabxanaya azı 2 nüsxə verilməlidir.

    Vaxtilə rəhbərlik etdiyim Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra bu sahədə boşluq yaranıb. Mədəniyyət nazirliyi bunun öhdəsindən gələ bilməz. Kitab işini sistemə salmaq lazımdır. Yalnız bundan sonra gileylənmək olar. Əslində kitaba kifayət qədər oxucu marağı var.

    – Üç ilə yaxındır Bakı Kitab Mərkəzi açılıb. Digər kitabxanalardan dizayn və üslubu ilə də xeyli fərqlənir…

    – Buna vərdiş edəcəyik. Dünyanın bir çox yerində kitabxanalar həm də klub kimidir. Kitab oxuyan zaman bir fincan qəhvə götürürsən. Bu, kitab mədəniyyəti ilə ümumi mədəniyyətin birləşdiyi yerdir. Mən elə kitab evinin açılmasına sevinirəm.

    Əvvəllər Hökumət evinin arxasında yerləşən binanın iki mərtəbəsi kitab evi idi. Nazir olduğum illərdə o kitab evinin bir balaca hissəsini Misir səfirliyi məndən istəyirdi. Mən bildirdim ki, bu bizim kitab məbədimizdir. Sonradan o kitab evi də dağıldı. Amma böyründə rus kitab evi var. Bunun günahkarı kimdir? Necə olur ki, Heydər Əliyevin zamanında hazırlanan kitab evi ləğv olunur? Azərbaycan kitab evi yoxdur, amma rus kitab evi var… İnsan öz kitabına belə hörmətsizlik edə bilməz. Doğrudur, kiçik kitab evləri var. Amma geniş, mədəniyyət zalları olan, iclasların keçirildiyi kitab evimiz yoxdur.

    – Tövsiyə etdiyiniz kitab varmı ki, fikrinizcə, insan ölmədən onu mütləq oxumalıdır?

    – Sabir Rüstəmxanlının “Ömür kitabı”. O vaxt o kitabı qızlara cehiz kimi verirdilər.

    Mənim düşüncəmə görə, Azərbaycanda hər bir gəncin oxumalı olduğu kitablar var. Hökmən oxunulmalı kitablardan biri “Dədə Qorqud”dur. Bizim dil, ruh və mənəviyyat baxımından son dərəcə əhəmiyyətlidir. Nəsimi poeziyası, Füzuli poeziyası, Vaqif, Mirzə Cəlil, Güney Azərbaycan ədəbiyyatı da mütləq oxunulmalıdır.

    – Azərbaycan ədəbiyyatının dünəni və bu gününü xarakterizə etmənizi istərdik. Ədəbiyyatımızın bu günü kitabların az tirajla çıxmasına səbəb ola bilərmi?

    – Qətiyyən… Əgər sovet dövründə nəsr kitabı 15 min tirajla çap olunurdusa, nəzm kitabı 7 min nəşr olunurdu. Məsələn, mənim “Ömür kitabı”m 250 min çap olunmuşdu. Bunlar satılırdısa, bu gün 1000-2000 tirajla satılmırsa, bu, təkcə oxucu məsələsi deyil. Bəlkə oxuculara olan münasibətdir. Çıxan hər kitabın bir nüsxəsi Mədəniyyət Nazirliyi tərəfindən sifariş verilirdi, hər kitabxanaya göndərilirdi. Ona görə də əvvəlcədən bildirilirdi ki, kitabın 3-4 min nüsxəsi sifariş verilib, kitabxanalara göndəriləcək. İndi çıxan kitablar ancaq oxucu ümidinədir ki, kimsə alacaq. Bu cəhətdən, təkcə kitabın keyfiyyəti rol oynamır.

    Azərbaycan kitabının tarixi öyrənilməyib. Mən Mətbuat və İnformasiya naziri olanda kitab tariximizlə bağlı bir neçə tədbir keçirmişdim. Məsələn, Azərbaycanda adamların çoxu bilmir ki, mətbəə üsulu ilə ilk kitabımız təxminən 1500-cü illərdə, Romada çap olunub, Nəsrəddin Tusinin əsəridir. Azərbaycanda mətbəə üsulu ilə Füzulinin “Leyli və Məcnun” əsəri çap olunub. Bu tarixləri nəzərə alıb hökmən Azərbaycan kitabının keçmişini öyrənməliyik.

    Çox sevinirəm ki, bu il Nizami ili elan olunub. Çox istərdim ki, Nizaminin əsərləri ilə yanaşı digər klassik ədəbiyyatımızın nümayəndələri də ardıcıl təbliğ olunsun.

    – Azərbaycan ədəbiyyatında hansı yazar sizin yaradıcılığına daha yaxındır?

    – Buna cavab vermək çətindir. Ədəbiyyatda bəzi əsərlər var ki, mənə doğmadır. Məsələn, nəsrdə İsa Muğanna, İsmayıl Şıxlı, Sabir Əhmədli, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Anar, Elçinin kitablarını həvəslə oxuyuram.

    Poeziyada Bəxtiyar Vahabzadədən bu günə qədər olan şairlərimiz dostlarım olub. Şübhəsiz, poeziyamızda davamlı müraciət etdiyim üç şəxsiyyət var – Mirzə Ələkbər Sabir, Nəsimi, Məhəmməd Hadi.

    – Bu gün kitablara filmlər çəkilir. Bəzi insanlar film izləyib, kitabı oxumaqdan üstün tuturlar…

    – Ayrı-ayrı şeylərdir. Məsələn, mənim “Ölüm zirvəsi” romanıma “Cavadxan” filmi çəkilib. Film fərqlidir, neçə insanın zəhməti qatılır, əlavələr edilir, ixtisarlar olur. Amma kitab söz sənətidir. Kitab göstərmir, sözün dadını, duzunu kitabda hiss etməlisən. O dövrün vurğusunu kitab daha yaxşı bilir.

    – Kitab bağışlamağı sevirsinizmi? Belə bir adətiniz varmı?

    – Belə adətim var. Bəzi kitablarımı heç satışa verməmişəm. Çünki tiraj azdır. Elə kitablarım var ki, bu gün özümdə yoxdur. Gələn dostlarıma hədiyyə etmişəm.

    Müəllif: Aysel Azad

    Foto: Ceyhun Rəhimov

  • Ermənilər burada da soyqırım törədiblər – Rüstəmxanlı

    Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının Publika.az-a müsahibəsini təqdim edirik:

    – Sabir bəy, Xocalı soyqırımını tanıtmaq kimin işidir – siyasətçilərin, dövlətin, mütəxəssislərin, yoxsa hər kəsin?

    – Azərbaycanda kim bu hadisələri bilirsə, həmin hadisələrin şahididirsə, soyqırımın, faciənin, qırğının nə olduğunu bilirsə, bunları bir-birindən ayıra bilirsə, hər kəs tanıtmalıdır. Bunun elə bir əhəmiyyəti yoxdur, istəyirsən adını soyqırımı qoy, faciə, qırğın qoy, mahiyyət eynidir. Bir millətə qarşı etnik təmizləmə aparılıb. Yalnız Azərbaycan türkü, müsəlman olduğuna, hardansa başlayıb gələn bir düşmənçiliyə və ya bir erməni xislətinə görə, bir millətin kökünü kəsmək, izini itirmək, tarixini, mədəniyyətini, hər şeyini yox saymaq, türklərlə bağlı qabaqlarına nə çıxırsa, hamısını saxtalaşdırmaq, məhv etmək məhz ermənilərin apardığı xəttdir, siyasətdir. Bu faciənin qurbanı, zərərçəkəni olan, onun şahidi olmuş hər kəs, eləcə də tarixçilər, jurnalistlər… kimin əlində imkan varsa, Xocalı soyqırımı və digər soyqırımılar haqqında yazmalıdırlar. Bütün dünyaya çatdırmalıdırlar. Həmin tarixi unutdurmağa imkan verməməlidirlər.

    – Bu gün Xocalı soyqırımını dünyada kifayət qədər tanıda bilmişikmi? Yoxsa qarşıda bizi gözləyən çoxlu işlər var?

    – Xocalı soyqırımı ilə bağlı çox çətin şəraitdə böyük işlər görülüb. Təbii ki, bu işlər davam etdirilməlidir. Xocalı faciəsinin ilk illərində beynəlxalq qurumlarda, keçirilən görüşlərdə, dünya parlamentində, İslam Əməkdaşlıq Təşkilatının parlament ittifaqında bizə qarşı törədilən bu soyqırımıdan bəhs edəndə çox çətinliklə qarşılanırdı. Anlaşılmırdı, qəbul etmirdilər. Amma zaman keçdikcə bu məsələnin mahiyyətini dərk etməyə başladılar. Amerikada, Avropada bir sıra ölkələr, eləcə də ABŞ-ın müxtəlif ştatları artıq Xocalı soyqırımını qəbul ediblər. Meksika kimi bir sıra ölkələrdə Xocalı ilə bağlı abidə də qoyulub. Xocalı soyqırımından çox az müddət keçəndən sonra Türkiyənin müxtəlif universitetlərində bununla bağlı görüşlər keçirmişik. Videogörüntülər, fotosərgilər təqdim etmişik. Eyni zamanda, rəssamlıq sərgiləri açılıb. Dünya Azərbaycanlıları Konqresinin xətti ilə qurultay, görüşlər keçirdiyimiz bütün ölkələrdə illər uzunu Xocalı soyqırımından bəhs etmişik. Müxtəlif görüntülərlə görüşdüyümüz adamlara – diplomatlara, millət vəkillərinə bu soyqırımı haqqında bilgilər çatdırmağa çalışmışıq. Nəticə etibarı ilə bu gün Xocalı soyqırımının mahiyyətini daha yaxşı başa düşürlər. Xocalıda bir soyqırımı aktının olduğunu dərk edirlər. Yəni, bu proses gedir və getməlidir də. Dayanmaq olmaz.

    – Siz çıxışlarınızın birində demişdiniz ki, ermənilər Qarabağda təkcə Xocalı soyqırımını törətməyib. Əsrin əvvəllərində Umudlu soyqırımı da olub…

    – Bəli, bu hadisə 1905-ci il dekabr ayının 25-də olub. “Difai fədailəri” adlı romanımda bu haqda bəhs etmişəm. Həmin romanda bu soyqırımı haqqında təfərrüatı ilə yazılıb. Tərtər çayının sağ sahilində ermənilər yaşayan bir kənd və üzbəüzdə, sol sahilində Azərbaycan türklərinin yaşadığı Umudlu kəndi… 1905-1906-cı illərdə Azərbaycan əsgərlərinin güclü olduğu bir vaxtda, ermənilər özlərini “təhlükədə” hiss edəndə Tərtər çayını keçirlər və Umudluya gəlirlər. Umudlu kəndinin camaatı erməniləri qarşılayır. Güllə ilə qarşılamırlar, öldürməklə hədələmirlər. Umudlu camaatı erməniləri qonşu kəndin sakinləri kimi evlərində yerləşdirirlər. Onları gələn əsgərlərdən gizlədirlər. Ölümdən qoruyurlar. Üstündən bir xeyli vaxt keçir. Şuşada hadisələr gərginləşir. Azərbaycanı müdafiə edən qüvvələrin fikri daha çox oraya yönəlir. Həmin vaxt Umudlu təhlükəyə düşür. Ermənilər kəndi yandırmaq, məhv etmək istəyirlər. Bu vaxt kənd camaatı yüklərini yığıb Tərtəri keçərək Papravənd istiqamətindən Ağdama getmək istəyir. Bu niyyətlə yol başlayırlar. Qış günü… Camaat gəlib Heyvalının – erməni kəndinin yanından keçəndə erməni əhali bizim camaatın qabağına çıxır. Ermənilər türklərə deyirlər ki, siz hara gedirsiniz, daha əvvəl bizi qorumusunuz, xilas etmisiniz, getməyin, axşamdır, soyuqdur. Min bir dillə müsəlman türk əhalini öz kəndlərinə geri göndərirlər. Bizimkilər də düşünür ki, bir-iki həftə əvvəl biz erməni əhalisini qorumuşuq. Əlbəttə ki, ermənilərə inanan adamlar səhv edirlər. Umudlu camaatı yükləri ilə kəndlərinə çatan kimi ətraf meşələrdə hadisəni, ssenarini qurmuş erməni silahlıları çıxır və 160-dan artıq ailəni bir yerə yığırlar. 160 ailənin hamısını oda verib yandırırlar. Qaçmaq istəyənləri də güllələyirlər. Tək-tük adam oradan qaça bilir. Umudlu məhv olsa da, sonradan Bakıda, Şuşada yaşayanlar qayıdıb gəlmişdi. Amma bir kəndin insanlarını, əhalisini külə döndəriblər. Diri-diri yandırıblar. Azərbaycan tarixində, heç yerdə bu soyqırımı yazılmayıb. Mən də bunu demişəm ki, Umudlu soyqırımı niyə unudulmalıdır?!

    – Ermənilər təkcə Azərbaycan türklərinə yox, eləcə də Anadoludakı, Özbəkistandakı, Cənubi Azərbaycandakı türklərə qarşı da soyqırımı törədiblər. Bəs bu gün Xocalı və digər soyqırımıların ildönümlərində türk dünyası ermənilərə qarşı birləşə bilirmi?

    – Türk birliyi ifadəsi, ümumiyyətlə türkün varlığı, türkün mövcud olması az qala yüz illər boyu bizim qonşularımızı qıcıqlandırıb. Cənubda İranın, şimalda Rusiyanın hakimiyyət dairələrini qıcıqlandırıb. Şərqdə Çinin, Qərb ölkələrinin qıcıqlanmasına səbəb olub. Ona görə də bu coğrafiyada yüz illər boyu anti-türk siyasəti aparılıb. Türkü yox saymaq, məhv etmək, parçalamaq, bunların arasında konfliktlər yaratmaq, birinin torpağını o birinə, birinin abidəsini digərinə vermək, bunları mənən qarşı-qarşıya qoymaq kimi iyrənc siyasət aparılıb. Ona görə də Mərkəzi Asiyada həm etnik, həm də mədəni vahid olan Türküstan bir neçə respublikaya bölünüb. Orada başqırdlarla tatarlar arasında müəyyən konfliktlər yaradılıb. 1937-ci ilə qədər adımız türk olub. Amma sonradan adımızı dəyişərək Türkiyə ilə anlaşılmaz bir vəziyyət yaratmağa çalışıblar. Bütün bunlar nəzərə alınanda bu gün türk dünyasında gedən proseslərə sevinmək lazımdır. Çünki 7 türk dövləti var, türk zirvəsi – Türk Şurası yaradılıb. İldən-ilə bu dövlətlər arasında mədəni, mənəvi, iqtisadi, siyasi əlaqələr güclənir. Mərkəzi Almatıda yerləşən Türk Akademiyası var. Mədəniyyət Birliyi kimi TÜRKSOY mövcuddur. Mərkəzi Ankaradadır. Azərbaycanda Türk Parlamenti var, mərkəzi Bakıdadır. Buna bənzər çeşidli birliklər yaradılır. Bütün bunlar nəzərə alınanda türk respublikalarının birinin ağrısı o birində daha yaxşı dərk olunur. Əvvəlki illərdə biz Özbəkistanda Xocalı soyqırımından danışarkən deyirdik ki, ermənilər həm də sizin düşməninizdir. Ermənilərin savaşını kənardan səssiz izləməyin – deyirdik. Ermənilər 1918-ci ildə Bakıdakı soyqırımın eynisini Özbəkistanda da törədiblər. Biz bunları deyəndə onlar bizə qəribə baxırdılar. İstehza ilə yanaşırdılar. Deyirdilər ki, Özbəkistan hara, Ermənistan hara… Sonra da ermənilərin Özbəkistandakı soyqırımı ilə bağlı kitablar yazıldı. Əvvəllər həmin kitabı yazanı təqib elədilər. Bunun başı xarabdır – deyirdilər. Nə bilim, həmin müəllifə hansı gözlə baxırdılar?! Tədricən onlar bunu hiss etməyə başladılar. Bundan sonra daha yaxşı dərk edəcəklər. Njdelərin, andraniklərin fitnəkarlığı, düşmənçiliyi üzündən Güney Azərbaycanda 130 mindən çox soydaşımız soyqırıma məruz qalıb. Bu, bir tarixdir. Elə Türkiyənin özü illər uzunu Anadoluda baş verənlərə ciddi yanaşmayıb. Ermənilər qondarma “soyqırımı”dan danışarkən 30-cu illərdə bu rəqəmi 300 min yazırdılar. Sonra bir milyona qaldırdılar, ardınca milyon yarım oldu. Getdikcə ermənilər bu rəqəmi artırırlar. Vaxtilə Türkiyədə və başqa ölkələrdə çıxışlarımda da demişdim ki, ermənilərin “ölüləri” də sanki çoxalır. “Ömür kitabı”mda da bu haqda yazmışdım. Zamanında Türkiyə qondarma soyqırımı məsələsinə sərt reaksiya verib həqiqəti ortaya qoya bilməmişdi. Hətta indi Avropa və Amerika tarixçiləri də tək-tək yazırlar ki, burada bir savaş idi. Birinci dünya savaşı gedirdi, ermənilər də rus ordusunun arxasında gizlənib türkləri qırıblar. Əslində Anadoluda 1,2 milyondan artıq erməni yox idi. Necə oldu ki, milyon yarım erməni öldürüldü?! Bu gün dünyada yaşayan ermənilər həmin ölkələrə haradan gediblər?! Bəzi Avropa və Amerika alimləri yazırlar ki, orada erməni soyqırımı olmayıb. Əslində 2 milyona yaxın türk öldürülüb. Ermənilər isə ölkənin bir tərəfindən digər tərəfinə köçürülüb. Həmin vaxt ölənlər olub. Amma bu soyqırımı deyil. Əsil soyqırımı bu gün Azərbaycanda, hamının gözü qabağında Xocalıda törədilib. Bunu hər kəs, dünya da bilir. Getdikcə daha yaxşı dərk edəcək.

    – Xocalıda baş verənlər dünyanın gözü qarşısında yaşandı. Bəs həqiqətin üzə çıxması, olduğu kimi göstərilməsi niyə bu qədər çətinləşib?

    – Biz illərdir bu barədə danışırıq. Amma bu barədə kitabların yazılması və onun dünyaya çatdırılması ayrı bir işdir. Bununla ciddi şəkildə və dövlətlərin imkanları səviyyəsində məşğul olmaq lazımdır. Burada siyasət də var. Dünya maraqlıdır ki, türkü günahkar, islam aləmini terrorçu kimi göstərsin. Qərb ölkələri hər şeyə öz maraqlarından yanaşırlar. Həqiqət bir kənarda qalır. Ona görə də nəticə etibarı ilə həqiqətin üzə çıxarılması çətinləşir.

  • Sabir Rüstəmxanlı: “Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı”

    Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfər milli-vətənpərvərlik ruhuna, qələbə əzmi ilə yazılan şeirlərə, musiqilərə də can verdi. İsbat olundu ki, millətin sənəti, mədəniyyətinin ahəngliyi, siyasəti, birliyi mübarizliyindən ruh alaraq daha çox sevilir.

    Tarixin müəyyən dönəmlərində bu millətə qarşı qurulan xarici pusqular, rus hərbinin, zindan maşınlarının törətdiyi qırğınlar, repressiyalar onun azadlıq səsini boğa bilmədi. Fiziki olaraq qolları zəncirlənsə də, millətin illərlə nüvələşən, bərkiyən mənəvi gücünü sarsıda bilmədilər. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Düşmən üzərində qələbənin bu sirrini  də öyrəndik…

    Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bəzi məqanlara diqqət çəkib.

    – Sabir müəllim, Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbənin fəlsəfəsində və bu zəfərin ədəbiyyatının rüşeyimində dayanan nədir?

    – Millətin qələbə zəfəri, ilk növbədə, sözdən, ədəbiyyatdan başlayır. O, bütövlükdə mədəniyyətin bütün sahələrini əhatə edir. Burada musiqi də var, rəssamlıq da… Azərbaycanın 1988-1990-cı illərdə ermənilərin torpaq iddiasına cavab olaraq ayağa qalxması, həmin milli azadlıq, müstəqillik hərəkatı 60-70-80-ci illərin ədəbiyyatından can alaraq başlamışdı.  Xalqın taleyində ciddi rol oynayan hadisələr həmişə ədəbiyyatdan, müəyyən sənət adamlarının yaradıcılığı ilə kütlənin içərisinə daxil olur, yayılır. Bu, birmənalı olaraq bütün dünyada qəbul olunmuş bir teoremdir. İndiki qələbəyə gələn yolun başlanğıcında da, təbii ki, Azərbaycan dövlətinin apardığı ardıcıl siyasət, diplomatiya ilə yanaşı, böyük mənəvi baza dayanır. Hansı ki, o mənəvi ruh xalqın qələbəyə olan ümidini qırılmaqdan qorudu, Qarabağın ağrıları-acıları, Xocalı unudulmadı və addım-addım bütün dünyaya yayıldı. Beləcə, öz varlığını, fəaliyyətini yalan üzərində quran erməni vandallarının iç üzü açıldı. Bütün erməni eybəcərliyi, cinayətləri, eməni yalanları kitabların, yazıların, jurnalistikanın, ədəbiyyatın xətti ilə dünyaya təqdim olundu. Bu mənada, Qarabağ zəfərində ordu ilə yanaşı, həm də orduya mənəvi güc verən,  xalqın ruhunu yüksəklərdə tutan sənət və ədəbiyyatın rolu böyükdür…

    – Erməni vandallığını ifşa edən böyük tarixi, bədii, ədəbi əsərlərin yaradılması üçün nə edilməlidir?

    – Bu işin uğurla aparılması dövlətdən asılıdır. Kino əsərlərinin yaranması, ermənilərin bu 30 il ərzində Azərbaycan ərazilərində törətdikləri işğal faktları, bütün vəhşilikləri, terror və cinayətləri, insanlığa yaraşmayan o dağıdıcılıq əməllərinin qeydə alınıb dünyaya çatdırılması, beynəlxal məhkəmələrə verilməsi, təzminatın tələb olunması kimi məsələlər ciddi və ardıcıl yanaşma tələb edir. Eləcə də dağıdılmış mədəniyyət və tarixi abidələrimizin qeydə alınması, əvvəlki görüntüsü ilə indiki vəziyyətinin müqayisəli şəkildə araşdırılması dövlətin öhdəsinə düşən mühüm işlərdəndir və düşünürəm ki, dövlət bu işləri görür. Təbii ki, bu prosesdə həm də mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, kino xadimlərinin əməyindən də istifadə edilməlidir.  Bu işin sırf ədəbi tərəfidir…  Hər yazıçı buna öz təxəyyülü, xatirəsi, 30 ildə içində yaşadığı hadisələr fonunda yanaşacaq. Bu onun öz ruhi durumuna bağlıdır. O, öz düşüncələrində hadisələrə yenidən nəzər salıb baxır, qiymət verir və onu ədəbi əsərə çevirir. Məsələn, müğənni Elçin Cəfərov Vətən Müharibəsi ərəfəsində hələ mənim müharibə başlayan vaxt -1992-1993-cü illərdə  yazdığım bir şeirə mahnı bəstələdi.   Bu mahnı cəbhədə əsgərlər arasında ən məhşur mahnılardan biri idi.  Mən o vaxt o şeiri yazanda təsəvvür eləmirdim ki,  bu, mahnıya çevriləcək və əsgərlərimizə mənəvi dayaq olacaq. Yaxud, müharibə qurtardı və “Qarabağa dönüş” haqqında bir poema yazdım. O da geniş yayıldı.  Zəfərdən sonra ilk yazılan əsər oldu və tənqidçilər ona “Zəfər dastanı” dedilər. Bir il əvvəl hələ savaş bitməmişdi, yazmışdım ki, ümidimiz üzülməyib, hələ savaş davam edir. Şükür ki, o savaşın qələbə ilə bitdiyini də gördüm.

    İnanıram ki, bu gün, xüsusən uşaqlığı Qarabağda keçmiş, qaçqın həyatı görmüş bir ədəbi nəsl, şairlər, yazıçılar nəsli var. Onlar mütləq azadlıq ruhu ilə yeni əsərlər yazacaqlar.  Bizim millət məğlubiyyət duğusuna çətin alışır, onu qəbul etmək istəmir.

    Zəfər duyğusu həmişə ədəbiyyatımızı qanadlandırır.

    – Sabir müəllim, tariximizin Milli Azadlıq Hərəkatı səhifəsində ön sırada dayanan şair, siyasətçi, turançı ideyası ilə formalaşan bir ziyalı olaraq, bugünün geosiyasi, ictimai gərginliyi fonunda ortaq nöqtəni necə tapa bilirsiniz? Necə hesab edirsiniz, milli kimliyimizi tam olaraq bərpa etmək üçün hansı kəsrlərimiz aradan qaldırılmalıdır?

    – Sovet dövrü və ondan sonrakı dönəmlərdə xalqın arasında ziyalıya olan inamı həmişə sarsıtmağa çalışıblar. O gün televiziya verilişlərinin birinə baxıram, deyirlər ki, filankəslər, adlarını da çəkirlər, “KQB”nin sifarişi ilə meydana gəliblər. Halbuki bu insanların “KQB” ilə heç bir əlaqəsi yoxdur. Birinci gündən demişdim ki, kəfənimi boğazıma doladım, gedirəm meydana… Yəni bu ideya ilə, bu inamla gedirsən. Nə “KQB”, nə dövlət?! O vaxt dövlət var idi ki?.. Dövlət meydandan asılı idi.  Meydanın hakimi biz idik, ölkənin də hakimi meydan idi.  Ona görə də ziyalının rolunu kiçiltmək, xalqın rolunu kiçiltmək olmaz. Xalqa hörmət və inam bəsləmək lazımdır.

    Biz o meydan hərəkatına ədəbiyyatdan, sözdən gəlmişdik. Dərnəklərdən, keçdiyimiz yollardan, Bakının zavod və fabriklərdə apardığımız görüşlərdən gəlmişdik. Bu 30 ildə millətə bir inamsızlıq toxumu səpməyə çalışdılar. Bu millətə “Unudun, Qarabağı yaddan çıxarın, Qarabağı dilə gətirmək lazım deyil” fikrini təlqin elədilər. Xalq göstərdi ki, heç nəyi unutmayıb, onun mənəvi gücü yerindədir. Stalin və ondansonrakılar milli kimliyimizi dəyişdirmək üçün çox adlar fikirləşdilər. Həyat göstərdi ki, Azərbaycanda türk kimliyi həlledicidir. O, bir türkdür və onun yanında dayanan qardaş Türkiyə var. Türk kimliyinin, Türk-İslam Birliyinin bir qanadı da Pakistandır. O da türk sevgisi ilə bu proseslərə qatılmışdı. Bunu heç nə ilə millətə unutdurmaq olmaz.  Eyni zamanda, bunu sandığa qoyub saxlamaq da mümkün deyil. Türk kimliyi daim bizim həyatımızda zənginləşməlidir. Onun tarixi, qol-qanadı öyrədilməlidir, təbliğ olunmaldır.  Cavan nəsil öz tarixini, keçmişini bilməlidir. Erməni özünün uydurma tarixi ilə yeni nəsil böyüdür. Biz isə  heç nə uydurmadan bizim olanı övladlarımıza öyrətsək, bu, uşaqlarımızın qəhrəmanlıq ruhu ilə böyüməsinə bəs edər.

    – Bizim zəngin tariximiz var. Zaman-zaman işğala məruz qalmışıq və bu gün 4 tərəfdən öz torpaqlarımızla sərhəddəyik, bunun özü çox şeyi deyir. Görünur, şairlərimiz, ziyalılarımız, ədəbiyyatımız siyasətin o çirkin gərdişinə təsir etmək gücünü əldə edə bilməyib…

    – Mən şəxsən elə düşünmürəm. Məsələn, neçə ildir partiya sədriyəm. Bizim nəsil,  hətta sovet dövründə yaranmış o ədəbiyyatın özünün  alt qatındakı  milli ruhu duyurduq, hiss edirdik. Ondan əvvəl məsələn, Mirzə Fətəli Axundzadədən başlanan yeni Azərbaycan ədəbiyyatı var idi. Mirzə Cəlil, Sabir, sonra sovet dövrü ədəbiyyatında yer alan Ordubadinin romanları, Cənubi Azərbaycanla bağlı Mirzə İbrahimovun “Gələcək gün” romanı var idi. Nədənsə, “Gələcək gün”ü dərsliklərdən çıxartdılar, halbuki o, Azərbaycanın bütövlük duyğusunu korşalmağa  qoymayan bir əsər idi. O dövrlərdə Səməd Vurğunun, baxmayaraq ki, Stalinlə, Moskva ilə bağlı çox yazıları olub, onun həm də “Yandırılan kitablar” şeiri, “Aslan Qayası” poeması var idi. Eləcə də Süleyman Rüstəmin “Cənub həsrəti” şeirlər kitabı, Balaş Azəroğlunun, Zöhrab Tahirin, Bəxtiyar Vahabzadənin və başqa ədiblərin şeirləri var idi ki, Azərbaycanın milli siyasəti bunların içindən keçib.  Bu milli siyasət Moskvadan, Avropadan gələn kommunist ideologiyasını üstələdi. Onu Azərbaycan zehnindən silib atdı. Ədəbiyyatçılar bundan artıq neyləməlidirlər?..

    –  Mübarizlik ruhlu, milli yaddaşımızı oyadan əsərlər nə zaman yaranır? Qələbədə, yoxsa ondan əvvəl?

    – Qeyd etdiyim kimi, bizim millətə məğlubiyyət duyğusundan yazmaq çətindir. Bütün bu məsələlər istedada bağldır, burada nə məğlubiyyət,  nə də zəfər əsas deyil. Yazı –pozu işində əsas, onu  yazanın istedadı milli ruhudur.

    Məsələn,1905-1907-ci illər erməni-müsəlman qırğınına dair Ordubadinin 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” kitabı o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazılıb. Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. Qılman İlkinin, Manaf Cüleymanovun o dövrlə bağlı kitablarında müəyyən faktlar göstərilib. Həmin faciələri göstərən böyük əsərlər yazılmayıb. İndi hesab edirəm ki, bütün bu məsələlər yazılmalıdır.

    – Sabir müəllim, təbii ki, ədiblərimiz, şairlərimiz öz sözlərini kifayət qədər deyiblər. Torpaqlarımızı əsarətə alan, repressiyaya məruz qoyulan millətin güclü diplomatiyasının yaranmasına təsir edə bilməyib. Əvvəlki sualımda ədəbiyyatımızın düşmən siyasətinin qarşısında hansı səbəbdən sədd yarada bilməməsi səbəblərinə toxunmaq istəmişdim. 

    – Təəssüf ki, indi də diplomatiyada, idarəçilik sistemində Azərbaycan milli ideologiyasının şinelindən çıxmayan və yaxud Azərbaycan məktəbini qurtarmayan, kənar təsirlərlə yetişən müəyyən təbəqə var.  O təbəqə  heç vaxt bizim dediyimiz, o əsl milli ruhu hiss eləmir. Əslində o adamların diplomatiyada, siyasətdə olmaları ziyan vurur. Bunlar daim xarici ölkələrlə təmasdadırlar, onlara anlatmalıdırlar, deməlidirlər.  Bu mənada gələcək nəsil bu iki mədəniyyətin ikisinə də vaqif olsun, ikisinə də yiyələsin. Bir yandan Azərbayacan mədəniyyəti, bir yandan dünya mədəniyyətini bilsin. Eyni zamanda öz kökümüzdən heç vaxt qopmasın.

    – Rusiya sülhməramlılarının Qarabağa gəlişini və regionda separatizmin tam təmizlənmədiyini nəzərə alsaq, hələ ki, suverenliyimiz tam bərpa olunmayıb. Bu fonda Milli Məclis əsas milli məqsəd və ideyalarımızla bağlı nə dərəcədə cəsarətli, cərəyan edən proseslərə adekvat çıxış edə bilir?

    – Milli Məclis ölçü-biçi daxilində həmişə öz sözünü deyib. Şəxsən Rusiya sülhməramlılarının əraziyə gəlməsinə böyük faciə kimi yanaşmıram. Əlbəttə, arzulamazdım gəlsinlər, amma bu proses baş verib. Şübhəsiz ki, ordumuza imkan verilsəydi, gedib Yerevana da çıxardı, amma sonrası necə olacaqdı? Hər halda dünya, ermənipərəst qüvvələr bu məsələni sakit buraxmayacaqdılar. Azərbaycanın hansı təzyiqlə üzləşəcəyi, Dağlıq Qarabağla bağlı yaranan Minsk Qrupu dövlətlərinin  hansı addımları atacağını hesablamaq lazım idi. Ona görə də regionda uğurlu gediş etmək üçün təkcə Rusiyanı, onun sülhməramlılarını söymək yetərli deyildir.

    Biz Azərbaycanın bu haqlı müharibəsində Avropa ölkələrindən və Rusiyadan fərqli münasibət gördük.  Bunu dəyərləndirib, götür-qoy eləmədən, elə “Niyə rus gəldi?”  demək də düzgün deyildir.  Otuz ildir ermənilər Azərbaycanda özlərindən min cür yalan uydurublar. İndi bunların yalan olduğunu dünyaya göstərə bilirik. İndiki mərhələdə bir barış olmalıdır.  Bu prosesdə də Rusiya ortaya girib və İnşallah, məsələnin həllinə nail olacağıq. Ona görə də Rusiya sühməramlılarına da təmkinlə, sakit yanaşmaq lazımdır.  Bütün sərhəd Azərbaycanın nəzarətinə keçəcək və hər şey yaxşı olacaq.

    – Sabir müəllim, sizin “Millətim” şeiriniz var, hansı ki, Vətən Müharibəsi ərəfəsində dəfələrlə dinlədik. Millətimiz düşmənlə  hesabını tam kəsə bildimi? Bütövlükdə qarşımızda hansı vəzifələr durur?

    – Biz düşmənlə hesabı kəsdik, sərhəd, torpaq bütövlüyümüzü də bərpa etdik.  Dağlıq Qarabağda qalan ermənilər, əslində,  bizim vətəndaşlardır.  Bu bizə imkan verir sabah deyək ki, bizim də Ermənistandan çıxarılan əhalimiz öz yerlərinə qaytarılsın.

    Monorespublika yaratmaq niyyətində də deyilik.  Ermənilərin orada qalmasından istifadə edərək, dünyaya milli xarakterimizi daha yaxşı göstərmək istəyirik.  Bəlkə də bu, bir qədər təskinlikdir, bəlkə də ərazilərimiz tam təmizlənsəydi, daha başqa cür danışa bilərdim.  Hər halda bu da bir faciə deyildir. Hesab edirəm,  tam maksimalist olub deyə bilərik ki, Ermənistan da bizimdir, İrəvan da bizimdir. Dünyadakı reallıqları isə nəzərə almaq lazımdır.  Əlimizdə olan və mövcud dünya şərtlərini  nəzərə alsaq, öz məqsədlərimizi  yerinə yetirmişik.   Müəyyən işlər qalır, onlar da görüləcək.  Boşalan torpaqlarımızı bərpa edənə qədər, Qarabağda qalan o müəyyən tör-töküntülər də oradan təmizlənəcək.

    Onu da deyim ki, qələbədən sonra “Millətəm” mahnısından heç də geri qalmayan ikinci bir mahnını yazmışıq, İnşallah, bu günlərdə ortaya çıxacaq.

     

  • “Vaqif poeziya günlərinin keçirilməsi, mədəniyyət mərkəzi kimi Şuşanın boyuna biçilən bir hadisədir”

    Sabir Rüstəmxanlı: “Bu şəhərdə vaxtiylə çox böyük ədəbi məclislər olub”

    Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Ölkə başçısı bu barədə Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən tapşırıq verib.

    Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ədəbiyyatımız, ədəbiyyat tariximiz və ənənələrimizə sadiqlik baxımından nə dərəcədə əhəmiyyətlidir?

    Moderator.aza açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı, bu qərarın mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

    “Prezidentin ilin yekununa həsr olunan müşavirədəki çıxışında Qarabağın bərpası, oradakı infrastrukturların yenidən qurulması və genişləndirilməsi, bütövlükdə Azərbaycanın qərb bölgəsinin inkişafı, bu bölgənin beynəlxalq miqyasda nəqliyyat, sənaye və s. sistemlərinə qoşulması baxımından son dərəcə əhəmiyyətli qərarlar səsləndirildi. Bunlardan biri də Şuşaya həm avtomobil, həm də dəmir yolunun çəkilməsi, onun müasir şəhər kimi yenidən qurulmasıdır.

    Bütün bu qərarlar Şuşanın mədəniyyət mərkəzi elan edilməsinə bağlı məsələlərdir.

    Vaqif poeziya günlərinin keçirilməsi son dərəcə əhəmiyyətlidir. Azərbaycanın çox böyük mədəniyyət hadisələri Qarabağ və Şuşa ilə bağlıdır. Bura böyük mədəniyyət xadimlərinin, yazıçıların, dramaturqların vətəni olub. Vaqif bizim çağdaş Azərbaycan poeziyasının, müasir Azərbaycan şeirinin banilərindən biridir. O, yeni Azərbaycan ədəbi məktəbinin əsasını qoyanlardan biri olub. Neçə əsrdir ki, Vaqifin ənənələri yaşayır. Erməni işğalından öncə də Şuşada Vaqif poeziya günləri keçirilirdi. Indi də Vaqif poeziya günlərinin keçirilməsi həm məntiqli, həm də Qarabağın bərpası, tərəqqisi baxımından son dərəcə vacibdir.

     

    Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Mədəniyyətin isə ən vacib qollarından biri ədəbiyyatdır. Vaqif poeziya günlərinin keçirilməsi, mədəniyyət mərkəzi kimi Şuşanın boyuna biçilən bir hadisədir.

     

    Şuşada vaxtiylə çox böyük ədəbi məclislər olub. Vaqif poeziya günləri sadəcə şeir, poeziya bayramı olmur, həm də bürtövlüklə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bayramı olur. Inşallah, bu böyük günlər bundan sonra da təntənə ilə keçiriləcək”.

     

    Seymur ƏLİYEV