Vətəndaş Həmrəyliyi Partiyası

Category: Başqan

  • “Vətəndaş Həmrəyliyi bu günün, gələcəyin ideologiyasıdır”

    Sabir Rüstəmxanlı

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

    Vətəndaş Həmrəyliyi Partiyasının 30-cu ildönümündə VHP-nin yarandığı gündən bu günə qədər başçılıq edən bir adam kimi sizlərə üz tutmaq qürurlu bir işdir. Bu təkcə siyasi tale deyil, həm də ömrün hədiyyəsidir. Arxada qalan 30 ili yada salanda ilk növbədə 1992-ci il sentyabr ayının 26-da Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayında iştirak edən dostlarımızı böyük minnətdarlıqla yada salıram. O insanların bir hissəsi bu gün aramızda deyil, bəziləri dünyasını dəyişib, bəziləri VHP ilə yollarını ayırıb. Dünyasını dəyişən bütün VHP-çilərə, xalq hərəkatından gələn əqidədaşlarımıza Allahdan rəhmət diləyirəm. Mənim düşüncəmdə insanın dünya həyatı elə YOLdan ibarətdir və bu baxımdan ötən 30 il ərzində dözüm və səbrlə, bütün əziyyətlərə, maddi və mənəvi sıxıntılara tablaşaraq öz əqidəsindən dönməmiş, VHP-nin ölkənin güclü siyasi partiyalarından birinə çevrilməsində fədakarlıq göstərmiş hər bir üzvümüzə xüsusi minnətdarlığımı bildirirəm.

    Gənc Tamaşaçılar Teatrında keçirilən təsis qurultayı hamıda belə bir təsəvvür yaradırdı ki, VHP tezliklə ölkənin ən güclü siyasi partiyalarından biri olaraq hakimiyyətə gələcək. Bu partiyanın ideologiyası və yaradıcıların siyasi potensialı ilə birbaşa bağlı idi. Təsis qurultayında respublikanın bütün bölgələri təmsil olunurdu. Mükəmməl məramnamə və nizamnamə hazırlanmışdı. Partiyanın ideyası Azərbaycanın milli-mənəvi, siyasi, sosial mənafeyinə uyğun idi. Xalqımızın dövlətçilik tarixi, mənəvi-psixoloji dəyərləri, ruhu və yaşadığımız günlərin şərtləri nəzərə alınmışdı. Müharibə və çətin siyasi-iqtisadi böhran şəraitində xalqı birləşdirmək məqsədi güdürdük. Bölücülük, dağıdıcılıq, gözübağlı radikallıqdan uzaq idi ki, Azərbaycanın bütün vətəndaşlarının mənafeyi nəzərə alınmışdı. Bir sözlə, partiya son dərəcə güclü bir siyasi-mənəvi özül üzərində qurulmuşdu.

    Digər tərəfdən, partiyanın liderlər qrupu meydanlarda və parlamentdə yetkinləşmiş, siyasi həyatın bütün üzlərini görmüşdülər. Onların nüfuzu, Azərbaycanın milli-azadlıq hərəkatına bağlılıqları, nəhayət 1988-ci ildən sonra daim xalqın qabağında, səmərəli, ayıq, düzgün mövqe tutmaları təşkilata böyük inam oyadırdı.

    VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyəti dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı. Ümidli günlər idi, amma, vəziyyət qarışıq idi. Siyasi hakimiyyət AXC-nin əlində olsa da, o, vəziyyətin ağası deyildi. 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizələrimizdən, qurbanlarımızdan sonra da davam edirdi. Vəziyyətin mürəkkəbliyini nəzərə alıb ilk qurultayımızdakı çıxışımda bildirmişdim: “İlk növbədə siyasi xəttlər dəyişməli, dövlətçilik, idarəçilik yamsımaları sürətlə aradan qaldırılmalı və bu sahədə tam müstəqil quruculuq işləri aparılmalıdır. Təəssüf ki, bu iş ləng gedir. Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? 21-ci əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında qurulacaq? Bu məsələlərdə aydınlıq yoxdur. Ciddi axtarış da hiss olunmur. Sükanın arxasında biz demokratlar oturmuşuq. Lakin köhnə araba yenə də cırıldaya-cırıldaya köhnə yoluyla getməyindədir. Nə kəndin, nə şəhərin, nə də respublikanın idarəçiliyi üçün köhnə stereotipləri cəsarətlə qırıb tökən yeni mexanizm tapılmayıb.

    … Nə qədər ki, şirkət prezidenti ilə köhnə nazirliyin fərqi yalnız dövlət malını daha sərbəst mənimsəməkdən, icra hakimiyyəti başçısının köhnə raykom katibindən fərqi daha cəzasız bir şəkildə tək hakimiyyətlikdən ibarət olacaqsa siyasi quruluşda ciddi dönüş yaratmaq çətin ki, baş tutsun”.

    Zaman bu qorxumuzda nə qədər haqlı olduğumuzu təsdiqlədi və Azərbaycanda demokratiya, milli dövlətçilik ideyalarına ağır zərbə vuruldu. Bir il sonra hakimiyyət təhvil verildi. Köhnə arabanı idarə edə bilməyən, yenisini qurmağa vaxtı çatmayan demokratik qüvvələr həmin arabanın baş konstruktorlarından birini hakimiyyətə dəvət etdi. Bunları deməkdə məqsədimiz – 1988-ci ildə siyasi liderlik həvəsi ilə meydana can atanların çoxu ilə başlanan dialoqlarımızı xatırlamaqdır. Nəticə göz qabağındadır. Kimin haqlı, kimin haqsız olduğunu zaman göstərib. Amma yəqin siyasət də elə ona görə siyasətdir ki, heç kim kürəyini yerə vurmaq istəmir. Xalqın unutqanlığından, rəhmdilliliyindən istifadə edən açıq-aşkar xəyanətkarlar da yenidən mələk cildində meydana qayıdır. Hər şeyi öz adı ilə çağırmaq təəssüf ki, yenə də mümkün deyil. Çünki hələ də düşmənlə üz-üzəyik və bu daxildəki bütün pərdələri götürmək imkanını heçə endiririk. Bu cür odla suyun arasında qalmaq bizim siyasi həyatımızın və fəaliyyətimizin başlıca əlamətidir. Bəla burasındadır ki, son illərdə Azərbaycanın həyatında müəyyən şəkildə rol oynamış heç bir lider və siyasi partiya öz əməllərinə qiymət verərək səhvlərini etiraf etməmişdir.

    Siyasi oyunların nəticələrini gördük və Qarabağ adı altında yatan saysız faciələrimizin bütün məsuliyyəti o vaxtlar hakimiyyətdə olanlarla hakimiyyətə can atanlar üzərindədir. Faciəmizi dərinləşdirən bir də bu oldu ki, həmin çəkişmələrdə əsl milli dövlət qurmaq imkanını əldən verdik, müstəqillik, azadlıq sözləri qiymətini itirdi, millətin böyük ideyaları ayaqlar altına atıldı. VHP-nin yaranmasına səbəb bu cür hakimiyyət oyunları nəticəsində meydana çıxan vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.

    Son illərdə istər iqtidar, istər müxalifət cəbhəsində Birinci Qarabağ savaşındakı məğlubiyyətin və dövlət quruluşundakı səhvlərin, günahların cəmi bir il hakimiyyətdə olan demokratik qüvvələrin və xalq hərəkatının boynuna yıxmaq ənənəsi formalaşıb. Mən bu münasibəti yanlış hesab edirəm. Dağlıq Qarabağı Ermənistana vermək və bu məqsədlə Ermənistanı silahlandırıb Azərbaycanı tərkisilah etmək sovet hakimiyyəti illərində əvvəldən qurulmuş bir plan idi. Sovet dövründə Azərbaycana başçılıq etmiş insanlar, o cümlədən Azərbaycanda ov tüfənglərini belə xalqın əlindən alanlar bunu görməli və bu xəyanətin iştirakçısı olmamalı idilər.

    Azərbaycanın demokratik qüvvələri, Xalq hərəkatı ümumdünya əhəmiyyətli bir prosesə təkan verdi: SSRİ-nin dağılmasını sürətləndirdilər, Azərbaycanın dövlət müstəqilliyinin əyri bir müstəvidə bərpasının qarşısını aldılar, Vətəni boş əllə də müdafiə etmək nümunəsi göstərdilər və nəhayət daxili qarşıdurmaya yol verməmək üçün hakimiyyətdən çəkilmək mədəniyyəti göstərdilər. İndi bu hadisələri kim istəyir ağ, kim istəyir qara bəzəyə bilər, lakin ortada Xalq hərəkatının əsəri olan və gündən-günə möhkəmlənən bir Azərbaycan Respublikası var. Bu respublikanın qurucularının xidmətlərinə tənqidi yanaşarkən görülən işlərin tarixi əhəmiyyətini də unutmaq olmaz.

    VHP ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi. Birinci qurultayda böyük liderimiz M.Ə.Rəsulzadədən gətirdiyimiz misalı bir daha xatırladıram: “Madam ki, biz milli dövlət istiqlalını müdafiə edirik, bizim üçün nə kosmopolit liberalizmə və nə də internasional sosializmə və ya kommunizmə təhammül caiz ola bilməz. Müdafiə etdiyimiz və ya edəcəyimiz yeganə sosial sistem milli təsanüd (yəni milli həmrəylik) sistemidir.”

    Milli birlik, vətəndaş həmrəyliyi – bir sistem kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Bu proses demokratiyanın yüksək təzahürüdür, hər bir vətəndaşın milli və insani heysiyyətinə ən böyük sayğıdır, ən mükəmməl ictimai-siyasi ədalətdir. Bir sözlə, Vətəndaş Həmrəyliyi – insan haqlarını yüksək tutan xalq ideallarına bağlı, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün siyasi-ideoloji dəyərləri səmərəli dəyərləndirən bir xəttdir.

    Vətəndaş Həmrəyliyi:

    – Müstəqil yeni, amma əbədi bir ideyadır;

     – Millətin və dövlətin gələcəyidir;

    – Azərbaycanın qələbəsidir;

     – Hamımızın öz yurdumuzda insan kimi rahat, açıq alınla, başı uca yaşamağımızdır;

     – Xalqın və bütün insanların mənəvi dəyərlərinə hörmət aşılayır;

     – Cəmiyyəti formalaşdıran və dərk edən gücdür.

    Biz müxalifət, iqtidar münasibətlərinin normal qurulmasını və qarşılıqlı böhtanlara və iftiralara, düşmənçiliyə, qisasçılıq hissinə son qoyulmasını istəyirik. Müxalifətdə kifayət qədər gənc, sağlam, iradəli, milli düşüncəli adamlar var. Siyasi əqidəmizdən, partiya mənsubiyyətimizdən, iqtidar-müxalifət cəbhələşməsindən asılı olmayaraq biz bir millətin övladlarıyıq. Millətin yüz illər boyu verdiyi qurbanların, axıtdığı qanların bahasına qazanılmış müstəqilliyi – daxili çəkişmələrə, hakimiyyət davalarına qurban verməyə haqqımız yoxdur. Yetkin, mədəni bir xalq kimi müstəqil dövlətimizi qoruyub saxlamağa gücümüz çatar. VHP özünü bu gücün daşıyıcılarından, millətin ləyaqətinin, intellektinin, ağlının və iradəsinin qoruyucularından biri sayır. Bunu respublikanın ictimai-siyasi həyatında tutduğumuz mövqe, beynəlxalq əlaqələrimiz də aydın göstərir.

    Bütün fəaliyyətimiz dövründə ölkəmizin həm siyasi, həm də mənəvi həyatına həsr olunmuş demək olar ki, bütün dəyirmi masa və görüşlərdə, siyasi birliklərdə iştirak etmişik. Müxalif düşərgədə yaranmış bütün bloklara VHP qatılmış, müttəfiqlərimizin iştirakı ilə keçirilən elə bir mühüm tədbir, aksiya olmamışdır ki, orda iştirak etməyək, elə bir ciddi siyasi hadisə olmayıb ki, ona münasibətimizi bildirməyək. VHP hakim partiyadan sonra ölkədə yeganə siyasi qüvvədir ki, bütün parlament və bələdiyyə seçkilərində iştirak etmiş və bütün seçkilərdə nəticə əldə etmişdir. Bu gün parlamentdə ikinci ən çox sayda təmsil olunan partiya olaraq ana müxalifət kimi vitse-spiker postunda VHP sədr müavini əyləşib. Bu uğurlu yolumuz tutduğumuz düzgün ideoloji kursla birbaşa bağlıdır. 30 il əvvəl dediyimiz sözlər bu gün də qüvvədədir: “ … Vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana torpaq…”. Seçkilərə qatılmağımız, parlamentdə iştirakımız və hadisələrə səbrli yanaşmağımıza görə ittiham edildiyimiz vaxtlar da olub. Lakin biz bütün gizli sövdələşmələrdən uzaq olduğumuza görə rahatca yolumuzu davam etdiririk!

    Bu gün VHP aydın məqsədi olan bir partiya kimi tanınır və onun daha da güclənmək imkanları böyükdür. Biz milli mənafedən çıxış edən partiya kimi sağa da, sola da sayğı ilə yanaşırıq. Amma bu o demək deyil VHP ortada qalıb seyrçi mövqe tutur. Seyrçi mövqe – susmaq mövqeyidir. Biz kiçikli-böyüklü bütün məsələlərə öz kəskin, güzəştsiz münasibətimizi bildiririk. Partiyaların çoxundan fərqli olaraq bizim arxamızda heç bir siyasi, iqtisadi mafiya dayanmır. Kimdənsə sövdələşdirilmiş yardım istəmirik. Partiyanın ideyası kifayət qədər geniş yayılıb. Bu gün respublikanın başçılarından tutmuş sıravi vətəndaşlarına qədər – hamı Vətəndaş Həmrəyliyi zəruriliyini etiraf edir və bizim xəttimizə, ideyamıza doğrudan da, qurtuluş yolu kimi baxırlar. Özümüz hakimiyyətdə olmasaq da, ideyamız ölkənin hakim ideyasına çevrilib.

    Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri olan 44 günlük Zəfər Savaşı “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarımızın bütün ölkə boyunca qəbul edildiyini göstərdi. Siyasi partiyalar hələ 44 günlük Vətən müharibəsi dönəmində həmrəyliklərini nümayiş etdiriblər. Müharibə dövründə hakimiyyətlə siyasi partiyalar arasında dialoqun başlaması və 50 partiya rəhbərinin bir araya gəlməsi önəmli hadisədir. İqtidara yaxın və müxalifət düşərgəsindən olan partiyaların bir araya gəlməsi ölkədə sağlam siyasi mühitin formalaşmasının təzahürüdür. Ermənistanın təcavüzü və Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq təşkilatlara birgə müraciət olundu. Birgə bəyanatlarımızda ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən ölkələrə, qurumlara və təşkilatlara iradımızı bildirdik.

    Biz milli ideologiyamızın varlığını, iradəli siyasi mövqeyimizi ortaya qoyduq. Bu, həm də ölkədə daxili siyasi birliyin göstəricisidir. Amma Azərbaycanın hədəfləri Qarabağın Azadlığı ilə yekunlaşmır. Azərbaycan Respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimizdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspıralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımıza tamamilə dəyişik bir müstəvidə baxacaqdır.

    Bu gün Türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir. Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə, onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir. Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir. İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalanmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan Respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarının düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.

    Vətəndaş həmrəyliyi, milli birliyi olmayan xalqın taleyi hər zaman sual altında olub. Əlbəttə, bütün çətinliklərə, bölünmələrə, parçalanmalara, ədalətsizliklərə, soyqırıma məruz qalmağımıza baxmayaraq, hazırda müstəqil Azərbaycan xalqımızın sərvətidir. Dünyada heç də bütün xalqlara dövlət qurmaq nəsib olmayıb və bu baxımdan, öz dövləti, bayrağı olan şanslı millətlər sırasında olmağımızla qürur duymağı bacarmalıyıq. Eyni zamanda, milli hədəflərimizdən də geri durmamalı, ona doğru hər zaman can atmalı, övladlarımızın və xalqımızın gələcəyi naminə yorulmadan çalışmağı bacarmalıyıq.

    Bu baxımdan vətəndaş həmrəyliyi hamının, bütün xalqımızın indiki və gələcək ideologiyasıdır. Bu ideologiyaya sadiq qalacağımız, ən çətin anlarda milli birlik nümayiş etdirəcəyimiz halda dövlətimizin müstəqilliyi də, xalqımızın firavanlığı da daimi olacaqdır. Bütün bu illər ərzində ədəbi yaradıcılığımda, siyasi mübarizəmdə, daşıdığım vəzifələrdə bir amala xidmət etmişəm. O da Azərbaycanın müstəqilliyi, bütövlüyü və azadlığıdır!

    Elə bilirəm bütün həyatımla bu gün bu kürsüdən Azərbaycanın həm iqtidarına, həm müxalifətinə üz tutub – daşıdığımız məsuliyyəti xatırlamaq səlahiyyətini qazanmışam. Xalqın sevgisi və inamı boynumuza bir mənəvi haqq qoyub. Ona görə də siyasi proseslərdən kənarda dayanmağımız imkansızdır. Azərbaycanın xoşbəxtliyi, bütövlüyü və azadlığı uğrunda hər birinizə uğurlar arzulayıram!

    TANRI VƏTƏNİMİZİ VƏ MİLLƏTİMİZİ QORUSUN! NİCATIMIZ VƏTƏNDAŞ HƏMRƏYLİYİNDƏDİR!

     

     

  • Rus dili Bakını necə işğal etdi… – SSRİ-yə qarşı milli hərəkata rəhbərlik edən ziyalı dərdimizdən danışır – Videomüsahibə

    “Rus məktəblərinin qabağında boynunu büküb, ”mənim uşağımı hökmən bu məktəbə götürün” deyən valideynlərin yerinə xəcalət  çəkirəm”

    Paytaxt Bakı analoqu olmayan bir hadisə yaşayıb. Uşaqlarına rus dilində təhsil vermək istəyən çoxsaylı valideynlər  etirazlara qalxıblar. Buna səbəb onların uşaqlarının rus dili məktəblərinə götürülməməsidir. Formal izahatlara görə tələbin çox olması səbəbindən paytaxtdakı rusdilli məktəblərdə yer yoxdur. Bu da məyus olan valideynlərin etirazına səbəb olub.

    Çoxları bu vəziyyəti ‘’utancverici’’ kimi qiymətləndirir. Bizi 200 il işğalda saxlamış və son 30 ildə isə milli fəlakətlərimizə, soyqırım və ərazi itkilərimizə səbəb olmuş, hələ də pisliyini davam etdirən bir dövlətin dili ilə təhsil almaq bir çox vətəndaşlarımız üçün sanki həyat məsələsidir.

    Biz niyə bu günlərə qaldıq? Niyə rus dilində təhsil üçün bir çox valideynlər bunca fəallıq edirlər? Bu vəziyyət nəyin göstəricisidir?

    Bu və digər suallarla xalq şairi, VHP sədri Sabir Rüstəmxanlıya üz tutduq. O adama ki, Azərbaycan dilinin və Azərbaycanın suverenliyinin bərqərar olması uğrunda bütün həyatını həsr edib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatına rəhbərlik edib. Rus dilinin və Rusiyanın Azərbaycandan getməsi üçün ölümü göz önünə alaraq, illərlə mücadilə verib. İndi belə çıxır ki, onun və silahdaşlarının apardıqları mübarizə xalq tərəfindən o qədər də ciddi dəstəklənməyib? Ən azından, dil sahəsində əziyyətləri boşuna gedib?

    Sabir Rüstəmxanlı rus dilinin paytaxtımızda bu cür populyar olmasını Rusiyanın Azərbaycanı yenidən işğal etməsi kimi qiymətləndirirmi?

    Beləliklə, danışır Sabir Rüstəmxanlı – rusdilli SSRİ-yə qarşı milli azadlıq hərəkatının ən önəmli liderlərindən biri, 1980-ci illərdə gəclərə və proseslərə yön verən ‘’Ömür kitabı’’nın müəllifi…

    “Bu, son dərəcə ciddi məsələdir. Azərbaycan ziyalılarının, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, bizim mədəniyyət, dilimizlə bağlı maraqlanan qurumlarımızın bu məsələyə laqeyd,  biganə münasibəti məni həqiqətən çox təəccübləndirdi. Halbuki  son günlərdə  Azərbaycan cəmiyyətinin ictimai yerlərdə ən ciddi müzakirə etdiyi məsələlərdən biridir. Yəni xalq deyir ki, müstəqil bir dövlətdə niyə bu qədər rusdilli  məktəb olmalıdır? Niyə bütün universitetlərin, ali məktəblərin rus bölmələri olmalıdır? Halbuki Rusiya universitetlərinin bir neçəsinin ölkəmizdə filialı var. Yəni mümkün vasitələrlə burada rus dili Azərbaycanda təbliğ olunur, yayılır. Buna etiraz etməkdənsə, əksinə, bəziləri etiraz edir ki, mənim uşağımı rusdilli məktəbə niyə qəbul etmirlər? Bu, camaatı heyrətləndirir.

    Xatırlayıram ki, vaxtilə 20 Yanvar şəhidlərinin ziyarətinə gedəndə ziyarətçilərin arasında bir neçə adam var idi ki, onlar bir-biriləri  ilə rus dilində danışırdılar. Həmin vaxt onlara qarşı çox böyük etiraz oldu, camaat ətrafdan  dedi ki, “ayıb deyil, Rusiya bizim gənclərimizi şəhid edib, siz isə yenə də rus dilində danışırsınız…” Azərbaycanın bir çox faciələrini məhz bu dildə danışa-danışa törədiblər.

    Tolstoyun  “Hərb və sülh” romanını oxuyarkən bir həqiqəti  anladım ki, vaxtilə fransız dilində danışan rus cəmiyyəti Napoleonun ordusunu gördükdən sonra bütövlükdə cəmiyyət olaraq həmin dildən imtina etdi və Rusiyada fransız dili erası bitdi.  Amma bizdə nədənsə rus dili erası bitmir.

    Əlbəttə ki, biz rus dilinin əleyhinə deyilik, bu dil əlavə xarici dil kimi öyrədilə bilər. Lakin birdən-birə müstəqil bir dövlətdə- sayı gah 85 min, bəzən də 130 min olduğu deyilir- bu qədər körpəmizin, uşağımızın bu dildə oxuması nə deməkdir?

    Bir dəfə bir masada 4-5 azərbaycanlı uşaqla bir yerdə əyləşmişdik. Çox savadlı və ağıllı  uşaqlar idi, lakin onlar bir-biriləri ilə rus dilində danışırdılar. Onlara sual verdim ki, niyə rus dilində danışırsınız, siz azərbaycanlı deyilsiniz? Cavab verdilər ki, “Sabir bəy, əslində bu sualı biz sizə verməliyik. Bakıda bu qədər rus məktəbi var. Niyə hələ ağlımız kəsməyən vaxtdan bizi rus dili məktəbində oxudublar? İndi də  bizim öz içimizdə bir diskomfort var ki, biz öz vətənimizdə öz doğma dilimizi rus dili qədər bilmirik, çünki o dildə təhsil almışıq və bunun xəcalətini biz də yaşayırıq”. Yəni başa düşən gənclər, uşaqlar belə deyir.

    Hesab edirəm ki, o etiraz aksiyası bir reklam idi. Bu reklam nə üçün idi? Yəni Azərbaycan cəmiyyəti ayağa qalxıb, rusdilli məktəblərin sayının artırılmasını istəyir? Bu reklam kimin tərəfindən edilir? Onun arxasında kim dayanır? Mən həmin kadrlara baxdım, deyim ki, etirazçıların sayının çox olmasını göstərmək üçün onların arasında heç valideyn olmayan da var idi. Ora niyə yığışmışdılar və cəmiyyətə bunu niyə göstərirlər? Mənim öz vətənimdə niyə xarici dil bu qədər təbliğ olunur,  işəgötürmə zamanı az qala tələb olunan əsas kriteriyalardan birinə çevrilir?

    Bizim Rusiya ilə müqaviləmiz var ki, Azərbaycanda rus dilində təhsil almaq istəyənlərə dövlətimiz tərəfindən, Rusiya hökuməti də Azərbaycan dilində təhsil almaq istəyənlərə şərait yaradır. Deyim ki, Moskvada yalnız bir Azərbaycan məktəbi var idi, o da bağlanıb. Həmçinin Dağıstanda 100 mindən çox Azərbaycan türkü yaşayır, lakin orada da  Azərbaycan məktəbləri fəaliyyətlərini dayandırıb. Çünki Rusiya latın qrafikasında olan təhsilə icazə vermir, gərək onu kiril əlifbasına keçirib, Azərbaycan dili yaradılsın. Yaxşı, bəs bu nə münasibətdir?

    Nəhayət, biz dövlətik, bu dövlətin rəsmi konstitusiyasına görə, ana dili Azərbaycan türkcəsidir. Buna görə də bütün təhsil bu dildə aparılmalıdır. Təhsil qanununa görə, belə bir qayda da var ki, əgər əhalinin  müəyyən bir hissəsi kənar dildə oxumaq istəyərsə, onlar üçün də şərait yaratmaq olar. Lakin belə bir qayda da var ki, onlar dövlət büdcəsindən daha çox həmin dildə təhsil almaq istəyənlərin şəxsi vəsaiti ilə xarici dildə məktəb açıla bilər. Ölkəmizdə ingilis və yaxud fransız dilində olan məktəblərə vətəndaş pul ödəyib, övladına təhsil verir. Amma rus məktəbləri Azərbaycan məktəblərindən daha artıq dövlət büdcəsi hesabına maliyyələşir. Məmurların əksəriyyəti övladlarını rus məktəblərində oxutdurduqlarına görə o məktəblər daha gözəl binalarda yerləşir, yaxşı təmir olunur, daha çox vəsait ayrılır. Süni surətdə guya rus məktəblərinin Azərbaycan məktəblərindən daha üstün olması təsəvvürü yaradılır. Halbuki yanlışdır və biz rus məktəblərinin səviyyəsini yaxşı bilirik. Mənim Rusiyada yaşayan dostlarım arasında da var ki, qızları həddi-buluğa çatanda onları Azərbaycana gətirirlər ki, burada öz ana dillərində təhsil alsınlar. Bəs onda bizdə rus dilinə bu nə heyranlıqdır?

    Fikrimcə, bunun arxasında iki səbəb ola bilər. Birinci səbəb, sadəcə, ailələrin vətəndaşlıq məsuliyyətinin azlığıdır. Vətəndaş məsuliyyət hissi keçirməlidir ki,  bu ölkədə yaşayır, övladı bu ölkənin ana dilində təhsil almalıdır. Lakin məsuliyyət hissi yoxdur. Xeyli sayda adam tanıyıram ki, özü rus dilində danışa bilmir, övladını rus məktəbinə qoymaq istəyir. Bu nə tərbiyədir, bəs uşağın təhsili ilə necə məşğul olacaq?

    İkinci məsələ, Azərbaycan təhsil sistemində bizim  bilmədiyimiz, “5-ci kolon”un idarə etdiyi və Azərbaycanın Rusiyaya meylliliyini  gücləndirmək üçün gizli bir kanal var ki, bu məsələləri idarə edir, rus məktəblərinin sayını artırır. Bir dəfə köhnə təhsil nazirlərindən biri mənə demişdi ki, “siz bilmirsiniz, arxada mənə təzyiqlər var ki, rusdilli məktəblərin sayını artıraq”. Yəni belə qüvvələr var.

    Ötən əsrin 70-ci illərinin əvvəlləri idi, Azərbaycan Konstitusiyası qəbul olunanda xüsusi göstəriş verilmişdi ki, Azərbaycan dili dövlət dili olsun. Həmin vaxt Heydər Əliyevin gizli tapşırığı ilə bu məsələ ilə bağlı Şamama Həsənovadan, digər əmək  qəhrəmanlarından çoxlu məktublar gəldi. Mənim bu tapşırıqdan xəbərim olmasa da, məktub yazdım ki, Azərbaycan Konstitusiyasında ikinci dövlət dili Azərbaycan dili olsun. Yəni sovet dövründə ana dilinin dövlət dili olması üçün, həmçinin Azərbaycanın müstəqil olması üçün bu qədər əziyyətlər, zəhmətlər çəkilib, qanlar tökülüb, nəhayət, dilimiz rəsmi olaraq Azərbaycan dili olub, indi bir toplum bütün bu zəhmətlərin üstündən xətt çəkib, Azərbaycanı Rusiyanın ağuşuna atmaq istəyir?

    Daha bir məsələ, qanuna əsasən, rusdilli məktəblərdə Azərbaycan dili, Azərbaycan coğrafiyası, tarixi, ədəbiyyatı öyrədilməlidir. Amma baxaq görək, rus məktəblərinin yuxarı siniflərində Azərbaycan tarixini neçə faiz uşaq bilir? Onlar rusdilli deyil, rus məktəbidir, orada Rusiya tarixi, coğrafiyası keçirilir və Rusiya məktəblərindən heç də fərqlənmir. Azərbaycan dili isə çox zəif, yamaq kimi öyrədilir. Beləliklə, bu son dərəcə ciddi məsələdir və Azərbaycan ictimaiyyəti, yazıçılar, ziyalılar, yaradıcı təşkilatlarımız öz etirazını  bildirməli, ümumxalq müzakirəsinə çıxarılmalıdır. Sual verilməlidir ki, bizə bu qədər rus məktəbi lazımdır, ya yox? Uşaqlarımızın yarısı rus dilində oxumalıdır, ya yox? Bəlkə heç bizə Azərbaycan dili lazım deyil, elə hamımız rusca oxumalıyıq? Bir çox məmurlarımız var ki, öz ana dilində lazımi səviyyədə danışa bilmir, bununla da öz Azərbaycan dilinə, tarixinə hörmət etmir. Mən bir xalq şairi, millət vəkili olaraq bu məsələyə etiraz edirəm.

    – Azərbaycanda türkdilli məktəblər də var. Bəs niyə cəmiyyətimizdə bu dildə olan məktəblər populyarlaşa bilmir? Dövlət səviyyəsində pulsuz türk dilli məktəblər açmaq mümkündürmü?

    – Bu, çox yaralı məsələdir. Biz 30 ildir ki, Türkiyəyə inteqrasiya barəsində danışırıq. Ölkəmizdə 2-3 köşkdən başqa türk mətbuatının yayımı varmı? Amma istənilən köşkə gedib, Moskvanın qəzetlərini tapmaq olur, hansı ki, onların bəzilərində bizim əleyhimizə yazılar yazılır. O ki qaldı məktəblərə, Bakıda bildiyim qədər cəmi 3 türk məktəbi var – Atatürk liseyi, Anadolu liseyi və Türk Dəyanət Vəqfi məktəbi. Atatürk liseyinin qalması üçün şəxsən mən və ailə olaraq nə qədər  əziyyət  çəkmişik. Təsəvvür edin, onlara yer verilmirdi, sadəcə, bir yer verilmişdi, bəzi valideynləri də qəsdən qaldırmışdılar ki, həmin lisey bağlansın. Təsəvvür edin, valideynlər deyirdilər ki, bizə türk məktəbi lazım deyil. Türk həmişə sənin yanında, sənin üçün 1130 şəhid verib,  amma səni şəhid edənin dilində təhsil istəyirsən, sənin üçün şəhid olana dirsək göstərirsən. Bizim dövlət olaraq Türkiyə ilə aramızda çox sayda anlaşmalar var, hansı ki, bu anlaşmalar Rusiyadan dəfələrlə çoxdur. Yəni getdikcə dövlətlərimiz arasında yaxınlaşma daha da artır. Lakin bu yaxınlaşma təksə sözdə ola bilməz, gərək təhsildə də olsun. Nə qədər tələbələrimiz Türkiyədə təhsil alıb, ölkəyə geri dönür. Niyə türkdilli məktəblərimiz olmasın? Əgər dilimiz eynidirsə, niyə türk dilində olan filmlər televiziyalarımızda tərcümə ilə verilsin? Mən şəxsən həmin filmlərə baxa bilmirəm, tərcümə çox eybəcər alınır. Bəli, türk dili ilə Azərbaycan dili arasında müəyyən fərqliliklər var, amma o şeyə ki, rahat baxıb, anlaya bilirsən, onu niyə tərcümə etməliyik?

    – Son olaraq valideynlərə xitabən nə demək istərdiniz?

    – Səmimi sözlərimi eşitmək istəyirsinizsə deyim, rus məktəblərinin qabağında boynunu büküb, “mənim uşağımı hökmən bu məktəbə götürün, niyə orada yer yoxdur” deyən valideynlərin yerinə utanır, xəcalət  çəkirəm. Çünki bu ifadələri ilə onlar öz məktəbini alçaldır, öz ana dilinə hörmət etmədiklərini göstərirlər.

    Xalidə GƏRAY,
    Elçin ƏKBƏROV,
    “Yeni Müsavat”

  • Milli Məclisdəki bir mühahisə haqqında – Sabir Rüstəmxanlı

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    Millət vəkili, Azərbaycan Dil Qurumunun sədri Sabir Rüstəmxanlı ötın gün parlamentdə qanun layihəsi ilə bağlı çıxışına hüquqşünaslar təəfindən tutulan irada cavab verib. Millət vəkilinin öz facebook səhifəsində açıqladığı fikirləri Vhp.az olaraq diqqətinizə çatdırırıq:

    “Milli Məclisin may ayının 31-ində keçirilən yığıncağında Azərbaycan Respublikasının İnzibatı Presessual Məcəlləsində dəyişikliklərin müzakirəsində mən “mübahisələndirilməsi” sözünə və qanunlarımızda bu tipli yapma (süni) sözlərin çoxluğuna etiraz etmişdim. (Qanunda həmin sözün işlədildiyi cümlə də qüsurludur. Lakin bu məsələyə toxunmamışdım)).
    Çıxışımda onu da bildirmişdim ki, Azərbaycan Respublikasının Prezidentinin “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” yaratması çox ciddi, dəyərli bir addımdır və yaxşı olardı ki, həmin komissiyanın tərkibində təcrübəli filoloq da olsun.
    “Mübahisələndirmə” sözü hüquqşünasların süni sürətlə yaratdıqları və dilimizin söz- yaratma qanunlarına uyğun olmayan bir kəlmədir. Ola bilsin mənim yanaşmamın özündə də mübahisəli məqam var. Həqiqət bu cür mübahisələrədə ortaya çıxır.
    Qanunların dilinin süni surətdə akademikləşdirilməsinə və aydın olmayan terminlərlə doldurulmasına ehtiyac yoxdur.
    Mənim sözümə etiraz edən Milli Məclis sədrinin birinci müavini, hörmətli Əli Hüseynli bildirdi ki, “mübahisələndirilmə” hüquqi termindir; digər həmkarım Ziyafət Əsagərov isə qətiyyətlə dedi ki, bu termin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş orfoqrafiya lüğətimizdə vardır. Düşündüm ki, sahələr üzrə terminləri izləmək imkanımız yoxdur, bir halda ki, hörmətli hüquqşünas həmkarlarım bu sözün orfoqrafiya lüğətində olduğunu deyirlər və bu məsələdə təkid edirlər, bəyənmədiyim söz olsa da söhbəti uzatmağa dəyməz. Doğrudan da, hüquq araşdırmalarında, nadir hallarda olsa da, bu sözə rast gəlmək mümkündür (məsələn “əqdin mübahisələndirilməsi”), lakin söz uğursuz olduğuna və mahiyyəti ifadə etmədiyinə görə dalınca açıqlama verilir, “mübahisə edilmə” və s.
    “Mübahisələndirilməsi”- “qəsdən mübahisə yaratmaq” anlamı verir; halbuki qanunda söhbət “məsələnin müzakirəyə açılması”ndan, vətəndaşın Mərkəzi Seçki Komissiyasının qərarından şikayət etmək hüququndan gedir.
    Kiməsə bunlar xırda şey kimi görünə bilər. Amma dildə xırda şey yoxdur. Sözün necə deyilməsi bəzən mahiyyəti dəyişdirir. Qanunların qrammatikasının nə qədər mühüm olduğunu hüquqşünaslar yaxşı bilirlər.
    Orfoqrafiya lüğətimizdə müxtəlif sahə lüğətlərindən gələn və bəzi dilçilərimizin xəyal məhsulu olan yüzlərlə qondarma söz var və bu barədə mətbuatda gedən mübahisələri də unutmamışıq. Düşündüm ki, yəqin həmkarlarım düz deyir, ola bilsin bu söz də orfoqrafiyamızda özünə yer tapıb.
    Maraq üçün Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik insititutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2021-ci ildə buraxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi 7-ci nəşrini açdım və həmin sözü axtardım, sonra Orfoqrafiyanın 2004- cü il nəşrinə də baxdım
    Həmkarlarıma bildirməliyəm ki, orfoqrafiya lüğətində “mübahisələndirmə” sözü yoxdur.
    Bəlkə hüquq terminləri lüğətində var, bilmirəm. Lakin Milli Məclisdə məhz Nazirlər Kabinetinin təsdiqləyi lüğət vurğulanmışdı və bu rəsmi lüğətə istinad edilmişdi.
    Yanılıblar…
    Yeri gəlmişkən bir daha deyim ki, bəzi qanunlarımızda ana dilinə yanaşma tərzini qətiyyən qəbul etmirəm. Qanunlarımız sadə insanların anlamadığı, tərcümədən gələn və özümüzküləşdirilməsi mümkün olan yabançı sözlərlə doludur.
    Dəfələrlə demişəm, yazmışam ki, qanun yaradıcılığı ilə məşğul olan insanların bir qismi ana dilini yaxşı bilmədiklərinə görə istifadə etdikləri yabançı mənbələrin dilimizə yad olan terminlərini qanunlarımıza axıdırlar. Bəhanə də budur ki, “bunlar beynəlxalq sözlərdir, dünya belə işlədir, biz də belə işlədək”. Dünyada “beynəlxalq söz” deyilən bir anlayış yoxdur. Dilinin saflığını qorumaq istəyən xalqlar bu “beynəlxalq kəlmə”lərin qarşılığını tapırlar. Bu barədə 2015-ci ildə yazdığım məqalədən bir parçanı bura köçürüb xatırlatmağı və qanun yaradıcılarından dilimizə sayqı ilə yanaşmağı tələb etməyi özümə borc bilriəm.
    “Yaradıcı yanaşmanın olmadığına görə, həm arxaikləşmiş ərəb-fars sözləri, həm də Avropa sözləri öncə qanunlarımıza, sonra da işlək dilə yol tapır. Bu baxımdan iki qanunun dilini gözdən keçirmək yetərlidir. Təhsil Qanunu dilimizə – adyunktura, akkreditasiya, distant təhsil, informal təhsil, innovasiya, kampus, nostrifikasiya, rezidentura, eksternat təhsil, kurikulum, təhsil françayzinqi, tyotor… Qiymətli Kağızlar bazarı qanunu isə – anderaytinq, benefisiar, emitent, listinq, institusional investor, marketmeyker, nettinq, repo müqaviləsi – kimi sözləri zorla pərçimləmişdir. Son illərdə qanunlarımız vasitəsi ilə dilimizə keçmiş çoxlu belə söz var. Əslində, bu sözlərin çoxunun ana dilində hamının başa düşəcəyi qarşılığını tapmaq olar. Deyək ki, distant təhsil əvəzinə – uzaqdan və ya məsafəli təhsil, informal təhsil yerinə – özeyitim və ya özünütəhsil, kampus əvəzinə – tələbə yurdu, hind quşlarının qurultsuna bənzəyən kurikulum yerinə– təhsil proqramı, eksternet təhsil yerinə – qabaqlayıcı təhsil yazsaq dünya dağılmazdı. Təbii ki, mənim atüstü dediklərimdən daha uğurlu variantlar da tapmaq olar. “İnvestisiya”, “unifikasiya”, “identifikasiya”, “regional”, “kollekvium”, “miqrasiya”, “kvorium”, “resurs”, “ombusdman”, “prosedur”, “monitor”, “klerinq”, “market”, “kvota”, “koalisiya”, “aksiya”, “arqument”, “bakalavr”, “vakansiya”, “vizual”, “deqradasiya”, “diskussiya”, “instruksiya”, “kontrast”, “fraza” və s. kimi dilimizə nəzarətsizlikdən və dəb xətrinə gətirilən onlarla sözün ana dilində qarşılığı var və ya yaradıla bilər. Bu şəkildə qapıları açıb bütün sözləri içəri buraxsaq, dilimizin taleyi necə olacaq?”
    Qanunların dilinə tələbkarlıqla yanaşmağımın arxasında bu narahatçılığım dayanır…
    P.S: Yeri gəlmişkən, bu gün Uşaqların Müdafiə günüdür. Bütün uşaqları və ata-anaları ürəkdən təbrik edirəm. Yazıçının bir övladı da sözdür…

    Sabir Rüstəmxanlı
    Azərbaycan Dil Qurumunun sədri
    01.06.2022”

  • Sabir Rüstəmxanlı Türkiyənin Ülke Tv-nin qonağı olub

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Türkiyənin ÜLKE TV-nin qonağı olub. Gündəmi dəyərləndirib, bölgədə və Ukrainada baş verən olaylardan danışıb.

  • Sabir Rüstəmxanlının biblioqrafiyası nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • Sabir Rüstəmxanlı haqda biblioqrafiya nəşr olunub

    Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib. Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

    Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan  mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

    Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulmuşdur.

  • Qazaxısanın rus qışı, Rusiyanın qazax xofu

    Sabir Rüstməmxanlı
    Sabir Rüstməmxanlı

    1990 cı ilin Qanlı Yanvarının anım günündə bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir və bu yaxınlarda qardaş Qazaxıstanda baş vermiş daha bir qanlı yanvarı da düşünməli oluruq. On beş gündən artıqdır dünya mətuatında qardaş ölkədə baş verənlər təhlil edilir, bu faciəli olayların təşkilatçıları və səbəbləri haqqında yazılar yazılır. Hər qəzetin də öz variantı, öz yanaşması… Nəhayət, internet açılıb, əlaqələr bərpa olunub. Narahatlıq və sual dolu yazılarımız qazax dostlarımıza çatıb və onlar da bəzisi ehtiyatla, bəzisi açıq şəkildə cavablar yazır, həmin günlərdə görüb- izlədikləri haqqında fikirlərini bölüşürlər. Otuz il əvvəl Sovet ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərdən sonra bizim göz yaşı ilə dolu yazılarımız, dünyanın eşitmək istəmədiyi harayımız yada düşür. O vaxt Sovet Ordusu Bakı işğalını bir müddət gizli saxlata bilmişdi, lakin Qazaxstan hadisələri gizli qalmadı.

    Bir qazax ziyalısının yazısında oxuyuram: “Tokayev ölkəyə ordu yeritdi və biz dünənki gündən Rusiyanın işğalı altındayıq.Tokayevin apardığı iyrənc təbliğata aldanmayın.. Yağmaçılar, vəhşilik törədib evləri yandıranlar hakimiyyətin öz adamlarıydı. Xalqın dinc mitinqini gözdən salıb boğmaq üçün.”

    Başqa bir akademik dostum qazax xalqına müraciət edir ki, adını dəyişmək istəyirəksə, Nursultan şəhərinə türklərin böyük sərkərdəsi Çingiz xan adını verək…

    Üstəlik, türk dünyasının və Qazaxıstanın ağsaqqalı N.Nazarbayev də bir çoxlarının sevincinə, marağına, narahatlığına son qoyub mətbuatda açıqlama ilə çixiş edib, baş verən olaylarda düşmən əli olduğunu bildirib, xalqı yekdilliyə çağrıb və Tokayevin qiyamı yatırmaq üçün attdığı addımları bəyəndiyini bəyan edib..

    Görünən budur ki, Kollektiv Təhlükəsizlik müqaviləsinə üzv ölkələrinin ordusunu Qazaxıstana soxmaqla qazax xalqının iradəsini qıracaqlarını, xalqın türklük sevdasını söndürəcəklərini düşünənlər yanıldılar…

    Bu baxımdan da Qazaxıstandakı durum bizdə 20 Yanvardan sonrakı vəziyyətə çox bənzərdir.

    Şübhəsiz, bu hadisələr haqqında əsl həqiqəti müəyyən vaxt keçəndən sonra öyrənəcəyik.

    Bu arada Rusiya mətbuatında on beş gündür “Qazax qiyamının texnologiyası”na həsr edilmiş məqalələr uc-uca calanıb. Məşhur qəzetlərdən birində oxuyuruq: “Artıq məlumdur-Qazaxıstandakı proqram klassik “rəngli inqilablara” bənzəmirdi. Qazax qiyamı bir şəhərdəki dinc etirazdan ildırım sürəti ilə bütün ölkəni bürüyən xaos alovlanmasına çevrildi.” Bu qiyamı “kim və necə təşkil edib?” sualına cavab gəzən icmalçılar və siyasətçillər təxminən eyni mövqeyi bölüşürlər. Onlar hesab edirlər ki, bir çox ölkələrdə olduğu kimi, Qazaxıstanda da hakimiyyət orqanları sosial tələblərlə küçəyə çıxan narazı insanlarla vaxtında dil tapa bilmədi və buna görə də vəziyyərdən kimliyi bəlli olmayan dağıdıcı qüvvələr, “düşmənlər, hakimiyyət hərisləri” bacarıqla istufadə etdirlər. Əhalinin bir bölgədə başlanan dinc mitinqlərinə hakimiyyətin cavabı gecikəndə, görünür, öncədən yüksək səviyyədə hazırlanmış qüvvələr təşəbüsü ələ aldılar. Ya Qazaxıstanı parçalamaq, ya da hakimiyyətə zəbt etmək məqsədilə…

    Dinc mitinqləri qanlı toqquşmalara çevirənlər arasında prezident Tokayevin də adı çəkilir, təqaüddə olan N. Nazarbayevin də, xarici qüvvələrin də…Hətta Moskvanın “Versiya” qəzeti “inqilabı küçələrdə yox, saraylarda edirlər” hökmü ilə öz ehtimalını aksiom kimi, qəzetin üz qabığını dolduran iri hərflərlə verməkdən də çəkinməmişdir: “Qazaxıstanda Maydanın rejissoru (tərtibçisi) prezident aparatında idi.” Demək olar ki bütün təhlilçilər küçələr axan insanların arasında qonşu ölkələrdən gəlmiş və xüsusi hazırlanmış silahlı dəstələrin olduğunu vurğulayırlar. Maraqlıdır ki, hələ bir il əvvəl Nazarbayevin nəvəsi, Aysultan (Londonda naməlum şəkildə dünyasını dəyişib) feysbukda məlumat yaymışdı ki, babasını aradan götürmək üçün Qazaxıstanda cələfilərdən ibarət 400 nəfərlik xüsusu gizli dəstə var.

    Rusiya mətbuatı xüsusi bir arxayınçılıqla köhnə illə bərabər Nazarbayevin də yola salındığını vurğulayaraq, onun və ailəsinin xaricdəki əmlaklarının suyahisini dərc edərkən, Qazaxıstana gələn “rus qışı”nın “ərəb baharı”na bənzəmədiyini də unutmur; çünki bu qışın Rusiyada “qazax sindromu”na cevrilmək qorxusu var.. ( Bu yaxınlarda məlumat yayılmışdı ki, dünyanın milyarder ölkə başçıları arasında V.Putin birinci yerdədir)

    Bəzi Moskva şərhçiləri Rusiyanın bu hadisədən dərs çıxarmalı olduğunu da dönə-dönə vurğulayır. Dimitri Papov adlı müəllif “Qazıxstanın rus qışı” adlı məqaləsində yazır: “ Qazaxıstan inqilabından bir neçə dərs almaq olar. Qazaxıstanda da, bizdəki kimi, … işlər plana uyğun gedir: əhali kasıblaşır, oliqarxlar zənginləşir, sənaye dağılıb. Qzaxıstan hakimiyyti Rusiyanın təcrübəsini nəzərə almamaqla ciddi səhv buraxıb. Vəhşi oliqarx kapitalizmində sabitliyi saxlamaq üçün əhalini tam dilənçiyə çevirmədən kasıblıq həddində saxlayiq, həm də böyüyüb orta təbəqəyə çevrilməsinə, dirçəlməsinə, özünü arxayın hiss edib siyasi tələblər irəli sürməsinə imkan vermirlər… (Bunlar hamısı bizim də keçdiyimiz yollardır). Başqa müəlliflər, deputatların, beynəlxalq əlaqələr üzrə mütəxəsislərin yazılarında xoruzun quyruğu daha aydın görünür; əllərinə bəhanə düşüb: Qazaxıstanda rus əhalisinin demoqrafik vəziyyəti üzrə statistikalar aşkarlanır, rusofobiyanın güclənməsi, rus dilinin dövlət dili olmaması və hətta 1986-cı ilin Kolbin hadisələri xatırlanır… Sanki unları demək üçün susub bu günü gözləyirmişlər.

    Qazaxıstanın gələcəyi ilə bağlı suallara verilən cavablarda isə belə bir arxayınçılıq var ki, bu qiyamdan sonra ölkədə Rusiyanın təsiri artacaq, Tokayev Putindən daha çox asılı olacaq; neft-qaz istehsalında İngiltərə-ABŞ- ın təsiri məhdudlaşacaq, “latınlaşma”(yəqin əlifbanı nəzərdə tuturlar) və “millətçilik” meyllərinin qarşısı alınacaq… Onu da açııq-aşkar, yazırlar ki, bu hadisələrin Rusiyaya sıçramaq qorxusu da var.

    Yadımdadır, 1990 cı ildə sovet ordusunun Azəraycana yeridilməsinin bir bəhanəsi də burda güya millətçiliyin güclənməsi idi. Yəni rus, ingilis, fransız millətini sevə bilər. biz yox!

    Maraqlıdır ki, ilk mitinqlərə çıxanlar neftin,qazın qiymətinin artırılmasına etiraz edir, sosial tələblər irəli sürürdülərsə Rusiya mətbuatının maraq və istəkləri qazaxların bu tələblərini kölgədə qoyur və daha aqressivdir: rus dilinin rəsmi status alması, siyasi hakimiyyətə ruspərəst qüvvələrin gətiriləsinə yardım, rusların köçünün qarşısının alınması və hətta Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmuş ölkələrin SSRİ-dən qopmuş başqa ölkələrdə də belə hadisələrin ola biləcəyini nəzərə alması və hazır olması. Anlamaq olmur, bu təşkilat ölkələrin daxili işlərinə hansı haqla qarışa bilərlər…

    Bəli, Qazaxstan faciəsindən “dərs almaq” lazımdır. Ən birincisi milli birliyi, vətəndaş həmrəyliyini qorumaq dərsi; ikincisi milləti aclıqla, bahalıqla imtahana çəkməmək dərsi; üçüncüsü oliqarx vəhşiliyi və saymazlığına və ölkənin sərvətinin kənara axmasına yol verməmək dərsi, dördüncüsü, ölkədə qarşılıqlı sayqı, dialoq mühitinin qorunması, siyasi mübarizələrin yalnız Konstitutsiyaya və qanunlara uyğun şəkildə aparılması dərsi , nəhayət, Milli kimliyin təməli olan Ana dilinin qorunması, dilimizin naşıların əliylə elmi don geyindirilərək korlanmasının qarşısını almaq və ölkədə təhsilin birmənalı olaraq dövlət dilinə keçirilməsi dərsi və s.

    19.01.2022

  • “Spiker çıxışı ilə məni şantaj etdi” – Sabir Rüstəmxanlı

    “Spiker ya mənim fikirlərimi düzgün başa düşmədi, ya da çıxışı ilə məni şantaj etdi. Guya, Azərbaycanda gedən böyük quruculuq işlərini, qələbəmizi və s. bunların hamsını görmürəm, ancaq qara yaxmaqla məşğulam. Çıxışım hər yerdə var. Orada ancaq məşğulluq məsələsindən danışmışam”.

     

    Bunu “Unikal”a açıqlamasında deputat Sabir Rüstəmxanlı ötən gün Milli Məclisin plenar iclasında spikerlə aralarında yaranan mübahisəyə münasibət bildirərkən deyib.

     

    Deputat bildirib ki, bölgədəki məşğulluq idarələrində caamat bir rayondan o birinə gedir, guya onları növbəyə götürürlər, deyirlər ki, iş olanda sizə məlumat verəcəyik.

     

    “Vətəndaşlarımız aylarla gedib-gəlir, amma iş düzəlmir. Bunu bütün rayonlarda bilirlər. Məşğulluq idarəsinin də günahı yoxdur. Çünki kənd yeridir, iş ya yoxdur, ya da azdır. Çıxışımda məqsəd diqqəti bu məsələyə cəlb etmək idi ki, “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklik o problemi həll edə bilməz. Bu problem daha ciddi müzakirə olunmalıdır. Spiker buna cavab olaraq bildirdi ki, “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”. Ölkədə görülən işləri hamıdan yaxşı müşahidə edirəm. Bu barədə hamıdan çox yazmışam. Onda bu Milli Məclis nəyə lazımdır? Burada heç bir qanun haqqında fikir deməyəcəyiksə, onda biz nə üçün yığışırıq? Orada olan alqışlar və söhbətlər mənə qarayaxmaqdır. Guya, ölkədə gedən işləri görmürəm, bunlar o işləri görür, biz buna mane oluruq. Əslində belə deyil. Konkret bir məsələdən danışmışdım”.

     

    S.Rüstəmxanlı qeyd edib ki, Vətən müharibəsi zamanı hər gün Azərbaycan və xarici ölkə televiziyalarına müsahibə verib: “Vətən müharibəsinə aid marş və publisistik yazılar yazmışam, böyük poema həsr etmişəm. Həmin günlərdə partiya olaraq Prezidentin yanında olmuşuq”.

     

    Anar Kəlbiyev

  • Milli ideya və ideologiya düşüncələri

    Milli kimlik, milli ideya, dövlət ideologiyası- Azərbaycanda yüz əlli ilə yaxındır Avropada və Rusiyada gedən prosesləri izləyən, bilən və xalqın bütövlüyünü və azadlığını düşünən ziyalıların əsas qayğılarından və müzakirə mövzularındandır… O başda bu məsələni ən dərindən araşdıran dahi Mirzə Fətəli Axundzadədir, bu başda akademik Yaşar Qarayev.
    Lakin milli kimlik və ulusal ideya, Azərbaycan dövlətinin ideologiyası ilk dəfə 1918-1920-ci illərdə, Xalq Cümhuriyyətin qurucuları tərəfindən rəsmiləşdirilmişdi: türk kimliyi, çağdaş yaşam tərzi və islam inancı… Bayrağımız da bu ideologiyanın rəmzidir. Cümhuriyyət qurucuları Cənubi Qafqazın türklər və müsəlmanlar yaşayan bu bölgəsinin qədim “Azərbaycan” adını da unutmamışdılar. Türk etnosunun hələ türk adını almamış çağlarından yol alıb gələn az, azər, Azərbaycan bu bölgədə öz sahiblik, liderlik haqqını, varlığını qorumaq üçün elə türk sözü qədər çətin bir mübarizə yolundan keçmişdir.
    Məhəmməd Əmin Rəsulzadə türk kimliyini önə çəkərkən, Azərbaycançılıqla türklük arasında heç bir fərq görmədiyini deyirdi.
    1991-ci ildə müstəqilliyimizin bərpası – Milli ideologiyamızın da bərpası oldu. Lakin Ermənistanın torpaq iddəası və müharibə ucbatından müstəqilliyin ilk illərində bir çox vəzifələrimiz yerinə yetirilməmiş qaldı. Ölkənin parlamentdə seçilən ilk prezidenti Ayaz Mütəllibov iqtisadçı idi və ölkənin gələcəyini daha çox iqtisadiyyatın liberallaşması, sahibkarlığın inlişafında görürdü. Hakimiyyətə xalqın-kütlənin işindən gəlmiş Əbülfəz Elçibəy milli dəyərlərə söykənməklə daha çox türk kimliyinin bərpasına çalışırdı. Sovetlər birliyinnin liderlərindən olmasına baxmayaraq, xalq arasında nüfuzunu saxlayan və kommunist erasının bitdiyini, milli dövlətçilik zamanının gəldiyini görən Heydər Əliyev əsas diqqətini ölkə daxilindəki birliyin qorunmasına, Azərbaycançılığa və iqtisadi inkişaf yollarının axtarışına yönəltdi.
    Bu arada müharibə şərtləri ilə uyuşmayan “zorən demokratikləşmə”, yəni çoxlu partiyanın və partiya adı daşıyan qurumların meydana çıxması bir hissəsi köhnəlmiş, bir hissəsi yeni olan bir sıra ideologiyaların yolunu açdı. Kommunist, sosial-demokratiya illuziyalarını qorumağa çalışanlarla – milli istiqlalçılar, müsavatçılar, xalqçılar, həmrəyçilər yan-yana dayandılar. Lakin 30 illik gözləmə dövrü bu ideyaların çoxunu solğunlşadırdı, qoclatdı.
    İkinci Qarabağ savaşındakı qələbə Azərbaycan tarixinin yeni bir başlanğıcıdır və savaş öncəsi – milli birlik zərurətinin ortaya atılması, iqtidarla müxalifətin vətəndaş həmrəyliyi ideyası ətrafında bir araya gəlməsi, qələbəmizi şərtləndirən amillərdən biri olmaqla, müharibədən sonrakı həyatımızın da əsas əlamət və uğurlarındandır.
    İndi milli ideya və dövlətimizin ideologiyası haqqında həm nəzəri aspektdə, həm də real qaynaqlar və hədəflər öyrənilməklə danışmaq imkanı genişlənib və zərurətə çevrilib.
    Siyasi partiya məfhumu, partiyalarin ideoloji özəllikləri əsasən, son əsrlərin məhsuludur. Ancaq milli ideya anlayışların əhatə etdiyi məna çeşidli adlar altında xalqların və dövlətlərin meydana çıxdığı uzaq çağlarda doğulmuşdur. Avropa filosofları ideya sözünün arxasında daha çox ictimai və mənəvi azadlığı nəzərdə tuturdular. (İdeya sözünü fəlsəfi termin kimi ortaya atan Kant olmuşdur). Şəxsin daxili azadlığını və ruhi rahatlığını düşünən fəlsəfə dinə yaxınlaşır və insanın qısa ömrünü stres və bədbinlikdə qurtarmaq üçün dinə bağlılığın gücləndirilməsini zəruri sayırdılar.
    İdealın nə demək olduğunu anlatmaq üçün çox vaxt “proobraz” sızünü qullanırlar , yəni xəyal etdiyimiz, arzuladığımız, hər zaman güzümüzün önündə olan, lakin yetə bilmədiyimiz bir “gözəllik ilahəsi”, yol göztərən işıq, durna çıraqğı, uzaqdan görünən və çağıran yüksəklik, dağlar….
    İnsan üçün ideal- özünün, ailəsinin, yaxınlarının sərbəst, azad. ehtiyacsız olması, təhlükəsiz bir mühitdə xoşbəxt yaşamasıdır.
    Xalq da belədir. Onun da idealı ayrı-ayrı fərdlərin arzularının cəmidir Xalqların yolu, sözü, həyat və hərəkət tərzi bu şəkildə biçimlənir, qurduqları dövlət də o xalqın ruhundan doğan müəyyən məqsədlərə xidmət edir, bəlli bir hədəfə çatmaq üçün çalışır.
    Milli ideyaların yaranması, inkişafı və sonda dövlət ideologiyasına çevrilməsində böyük şıxsiyyətlərin, liderlərin, ədəbiyyat və sitasət adamlarının, filosofların rolu danılmazdır. Tarixdə güclü sərkərdələrin və dövlət başçılarının öz inam və iddəalarını kütləviləşib xalqları və dövlətləri hərəkətə gətirən, qələbəyə, zirvəyə, bəzən də uçuruma aparan gücə çevirdiyinə aid çox misal var. Hitlerin simasında faşizmin aqibəti onlardan biridir. Pasionarliğın və çöküşün başlanmasında da şəxsiyyət amili danılmazdır. Təbii ki başqa amillərlə bir sırada.
    Zəngin şifahi ədəbiyyat, atalar sözləri və misallar, dastanlar—türklərin mənəviyyat və ruh xəritəsidir! Böyük millət olma yolları orda çox aydın izlənir. Törələr, ictimai əxlaq güzgüsü olan xalq deyimləri keçilən yollar və yaşam tərzi, onlara güc verən dəyərlər haqqında tarix kitablarından daha artıq material verir.
    Orxon-Yenisey yazılarında – “Üstə mavi göy çökmədikcə, altda yer yarılmadıqca sənin düzənini kim poza bilər” nidası və budunun (millətin) birliyə çağrılması, “dövlət dövlət oldu, xalq xalq oldu” deyə bu iki anlayışın biri-birindən asılılığının önə çəkilməsi- bu günkü düşüncə baxımından tərtəmiz bir ulusal ideyadır.
    “Mavi göy çadırımız, günəş bayrağımız!” deyimi də xalqın qüdrətini, yaşayış dairəsinin genişliyini, iradəsini və kürəsəl iddəasını göstərən bir ifadədir; səfərbəredici və birləşdirici gücdür, dini ayinlər səviyyəsində sehirləyici, insanı kosmik bütövlüyə qovuşduran səmavi sözdür. Millətin əbədi şüarıdır, bu günkü anlayışla həm milli, həm dövlət ideologiyasıdır;
    Şah İsmayıl Xətainin “Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?” sorusu da qurduğu dövlətin hədəfini və ideologiyasını göstərirdi. Savaşa girməzdən qabaq səsləndirilən saz havaları, türkcənin ordu dilinə, ümumişlək dilə çevrilməsi yazılmamış Ana Yasanın əsas maddəları idi və Şahın milli durum və niyyətini göstərirdi!
    Savaş öncəsi təkbirlər—Allaha bağlılıq əzmindən, böyük inancdan və sevgidən doğan ayinlər idi, müqəddəs sözdən güc almaq inamı idi. Bütün mövsüm və mərasim nəğmələri, milli birliyə xidmət edən adət-ənənlər də o yazılmamış Ana Yasanın qızıl sətirləri idi.
    Türklərə, o cümlədən Azərbaycan türklərinə xas bir çox özəlliklər – böyüklərimizin yaradıcılığından süzülərək yüz illəri aşan fikir axınlarına– millətin dini və dünyəvi aləmini biçimləndirən sistemə çevrilmişdir. İsmayıl Qaspiralının məşhur “fikirdə, sözdə, əməldə birlik” çağırışı, Əli bəy Hüseynzadənin türkçülük, çağdaşlıq və islamçılıq ideyası da əslində öz mənbəyini min illərin yaddaşından götürmüşdür. Vətəni, insanı, Allahını sevmək və qorumaq etiqadından, səlib müharibələrinə dirənişlərdən, Nizaminin evrənsəl və zamanı qabaqlayan humanist təfəkkürü, ədalətli dünya axtarışı, Əhməd Yəsəvinin Türküstanda və Anadoluda türklüyü və İslamı yayan müridlərinin yorulmaz təlimləri, Nəsminin insanı qutsallaşdıran və Allaha qovuşduran fəlsəfəsi, Füzulinin böyük sevgisi, M.F.Axundzadənin xalqı çağdaş mədəniyyətlər səviyyəsinə qaldırmaq yolunda qəhrəmancasına mübarizəsi, ürəyini məşələ çevirən ziyalı nəsillərinin fədakarlığı sonda vətəndaş dayanışmasından və milli birlikdən başqa yolun olmadığına hər kəsi inandırmışdır.
    Ən qədim çağlardan bəri türklər həmişə öz geniş dünyalarında quş kimi azad, təbiətin bütün sirrini və gözəlliyini düya-duya, daim gözlənilməz təhlükələrə hazır, havanın, suyun, torpağın bir parçası kimi, ölümlə nəfəs-nəfəsə yaşayıblar. Tanrıçılıq onları sonsuz göylərə bağlayıb; İslam ölümün son olmadığına, Haq dünyasına inandırıb. Yurd, ailə, soy, törə, qövm sevgisi onları təbii şəkildə birləşdirib, gərəkəndə vahid gücə çevirib. Eyni zamanda hər türk bir qəhrəmandır; dastanlardan, nağıllardan gördüyümüz kimi, yurda gələn fəlakəti təkbaşına önləmək istər, düşmən üstünə tək gedər, hiylədən uzaqdır, sözündən qaçmağı kişilikdən saymaz, sözünü əyməkdənsə cəzanlanmağı seçər, qılıncına, atına, qolunun gücünə güvənər, mərddir və kimsədən namərdlik gözləməz, Tanri ilə söhbət edirmişcəsinə təkbaşına-solo oxuyar, bütün yolların geriyə ata yurduna dönməsini arzular, ilahi ədalətə, balansa, bu dünyada itirdiklərinin əvəzini o dünyada alacağına inanması onun daxili azadlığının mənbəyidir. Halaldır, düzdür, mərhəmətlidir, el içində üzüağdır,.. Milli xarakter, milli ideya və yaşam tərzi burdan doğur. Tarix boyu düşüncəsinin düzlük, halalıq, saf sevgi, ədalətə inam və azadlıq üstündə qurulması bəzən sadəlövhlük dərəcəzinə çatib, bu saflığın, inanmaq xəstəliyinin əzabını da görüb. Lakin əqidəsi və yolundan dönməyib.
    Dünya Cəhalət qaranlığında ikən Babək azad cəmiyyət arzusu ilə yaşayırdı, Qərbin qanlı xaçlı yürüşləri uc-uca calananda Nizami Gəncəvi xalq iradəsi ilə idarə olunan utopik dövlət modelini vəsf edirdi, Əxilik-Qardaşlıq təşkilatları bütün Yaxın Şərqdə birliyin, qarşılıqlı yardımın inkişafın əsas şərtlərindən biri olduğunu təbliğ edirdi, ürfan ocaqlarının hikmətləri Birləşmiş Millətlər Təşkilatının bu günkü konsepsiyası səviyyəsində dayanan dünya düzəni təlimi idi.
    Amma sonra xarici düşmənlər və daxildəki çəkişmələr düzəni pozdu, çöküş başlandı, parçalandıq, bir-birimizə düşmən olduq, başqalarımnın yeminə çevrildik, kökümüzü, yolumuzu, dinimizi, törəmizi, dəyərlərimizi unutdurmağa çalışdılar və buna qismən də nail oldular…
    Azərbaycan cümhuriyyətinin öz dövlət rəmzlərini və idelogiyasını müəyyənləşdirərkən türklüklə yanaşı İslam inancımızı əsas seçməsi yuxarıda sadaladıqlarımızı tamamlayır. Milli ideyada dinin özəl bir yeri var. Katolik avtoritarizmi, protestant fərdiyyətçiliyi (Berdyayev) ilə müqayisədə insanların Allah qarışısında bərabərliyi haqqında İslam inancı müsəlman qardaşlığının əsasıdır və milli ideyamızın formalaşmasına ciddi təsir göstərmişdir..
    Milli ideya – Azərbaycan xalqının əxlaqını, inancını, niyyətini, təbiətə və insana münasibətini, tarixindəki yerini, simasını, yaşam tərzini, gələnəklərə bağlılığını və gələcək haqqında arzularını cəmləşdirir. Bunlar bir yerdə həm də azərbaycanlıların başqa toplumlar sırasında yerini göstərir, onu tanıdır.
    Dözümlülük, mərhəmət, təbiət sevgisi, ocağa, ata-anaya, övlada bağlılıq, tarixə dərin sayqı, Vətən yolunda şəhadət sevinci, dünya malından imtina edib özünü haq dünyasına hazırlamaq gözütoxluğu, tale hökmünə, qəzayü-qədərə boyun əymək və bundan doğan biganəlik… Bütün bunlar Azərbaycan ərazisində yaşayan bütün xalqları, özəlliklərini qorunmaqla, vahid gücə çevirmişdirr və onların ümumi ideya qaynağıdır.
    XX yüz il qanlı dünya müharibələri qədər zərər verən qansız ideoloji müharibələrə yol açdı. Marksizm, Leninizm, Stalinizm, Sosializm… Bunlar insanı göylərdən, inancdan, mifdən, Allahdan qoparıb yerə endirdi və yerdə əzdi; ideya olaraq nə qədər parlaq görünsələr də yaşaya bilmədilər. Kollektivin şəxsiyyətə qarşı qoyulması, fərdin cəmin içində əriyib itməsi, xalqların min illərlə formalaşmış düşüncə, əxlaq, inanc və yaşayış sistemlərinin dağıdılması, onları manqurt, idarə olunan bir sürüyə, böyük əmək və qazanc alətinə çevrilmək istəyi uzun müddət yaşaya bilməzdi.
    Bunun adınca dünya liberalizmə, pasivizmə qədər bir çox başqa tez yanıb tez sönən izmləri dişinə vurandan, onların gətirdiyi fəlakətlərin şahidi olandan sonra bir ideologiyasızlaşdırma, rəsmi dövlət ideologiyalarını inkar dövrü başlandı.
    Lakin tezliklə bəlli oldu ki, aydın ideoloji xətt olmayanda dövlətin fikir yönəticiliyi oliqarx ideologiyasının, pul və ya qazanc mafiyasının, mason qruplarının əlinə keçir və bunlar maneəsiz at oynatmaq üçün ilk növbədə millətlərin tarix boyi biçimlənmiş mənəviyyat və əxlaq dəyərlərini ucuzlaşdırmaq, ləyaqət hissini sarsıtmaq, beyinləri təmizləmək, milli yaddaşı ləğv etmək yolunu tutur. Bu baxımdan Sosializmlə Kapitalizm bir-birindən az fərqlənir və heç biri ideal deyil.
    Böyük güclərin və dünya ağalığı iddəasında olanların, oliqarx birliklərinin qullandıqları gizli və pərdələnmiş silahlar çoxdur: kürəsəlləşmə təbliğatı, qitələrarası kompaniyaların, şirkətlərin, terror təşkilatlarının dövlət içində dövlət yaratmaq niyyəti, demokratiya transferi, feminizm, cins və şəxsiyyət varlığının, ailə düzəninin uçurum kənarına gətirilməsi, siyasi pandemiya, ideya ixracı və s.
    Bütün bunlar, həmin güclərin dünyada maneəsiz hərəkətinə yol açmaq işinə ximət edir..
    Təbii ki, ideyasızlaşdırmaq istəyinin uğursuzluğu dünyada yeni ideologiyalar axtarışını genişləmdirmişdir. Məsələn, Rusiyada belə ideologiyalardan birinin müəllifi, yazıçı-siyasətçi Sergey Qorodnikov zahirən diqqəti daha çox iqtisadi tərəqqiyə yönəlmişdir və hesab edir ki, “orta təbəqənin inkişafı və yeni iqtisadi siyasət nəticəsində ölkədə velikoruslar, beloruslar, ukraynalılar və bizə (ruslara – S.R.) yaxın olan xalqlar birləşəcəklər”. Göründüyü kimi, Rusiyanın bu yeni ideoloqu da milli ayrıseçkilik xəstəliyindən xilas olmamışdır.
    Etnik birliyi göstərən ulusal sözü ilə inanc birliyini ifadə edən milli sözü arasında fərq var, lakin bu fərq getdikcə itir və hər ikisi xalq, millət çərçivələrini ifadə edir.
    Sovet ideologiyası Azərbaycanı ümumtürk tarixindən və kökündən qoparıb Rusiyanın sayəsində dövlətçilik qazanmış, hətta adını, əlifbasını, sərhədlərini də sovet dönəmində müəyyənləşdirmiş cavan bir xalq kimi, tariximizi isə fars-İran tarixinin bir parçası kimi təqdim edirdi. Sovet Azərbaycançılığı respublika ərazisindəki azsaylı xalqları, etnik qurupları birləşdirsə də, təəssüf ki, bizi böyük türk dünyasından ayırırdı. Özünə sayqı göstərən, özünün var olmasını istəyən xalq kiçikliyindən-böyüklüyündən asılı olmayaraq heç bir xalqın əriyib itməsini, tarix səhnəsindən çəkilməsini istəməz. Sən ondan böyüksən, ancaq səndən də böyüklər var. Böyüklük məhv etmək haqqı vermir. Azərbaycan ərazisindəki xalqlar neçə min ildir heç bir rəsmi ideologiya, təbliğat olmadan da bir yerdədirlər, böyük Vətən anlayışının, gözəl Azərbaycan adının çətiri altındadırlar və qaynayıb qarışıblar. Bu coğrafiyada bütün xalqların adı qala-qala türklüyün unutdurulması və yasaqlanması, əslində gizli ayrımçılıq toxumu səpməkdən başqa bir şey olmamışdır.
    Bütün xain cəhdlərə, bizi özümüzdən uzaqlaşdırmaq, yadlaşdırmaq, kökümüzdən qoparmaq, böyük dünyamızdan ayırmaq siyasətlərinə baxmayaraq Azərbaycan türklüyü yeni intibah dörünə qədəm qoymuşdur.
    1988–ci ilin meydan olayları bu intibahın başlanqıcı idi. Heç nəyi unutdura bilmədilər. Nə türk və Turan sözlərini, nə Güney Azərbaycanı, nə İran deyilən ölkənin qədim türk yurdu olduğunu, nə Hind-Avropa mədəniyyəti adına çıxmaq istədikləri Şumer, Hun, Sak-işquz sivilizasiyalarını, nə Türk birliyi arzularını… Çünki bunların heç biri uydurma deyil, çünki bunların heç biri aqressiyaya xidmət eləmir, başqa xalqlara nifrətdən, işğalçılıq niyyətindən doğulmayıb. Bunla bir tərəfdən həmin o Hind-Avropa ideoloqlarının, Avropa xaçpərəstlik düşüncəsindən indiyədək qopa bilməyənlərin, Avropa mərkəzçilərinin, digər tərəfdən ərəb-fars işğalçılıq niyyətinin bizə unutdurmağa çalışdıqları, hissə-hissə əlimizdən aldıqları, unutdurmağa çalışdıqları ancaq sonadək bacarmadıqları dəyərlərimizdir, kökümüz. yolumuz, varlığımızdır.
    Yeni Azərbaycan düşüncəsi və milli ideologiyamız bu həqiqətin dərkindən başlanır. Azərbaycan respublikasının quruculuğunda fəal şəkildə iştirak etdiyi Türk birliyi dünyamızın və gələcəyimizin yollarını, üfüqlərini göstərir. Dünənə kimi Türk-Turan sözlərini dilimisdə donduranların bu gün fəal şəkildə bu hərəkatın ön sıralarına dartınmaları bizi sevindirir. İsmayıl Qaspiralının, “fikirdə, sözdə, əməldə birlik” fəlsəfəsi yenidən bayrağa çevrilir. Yeni nəsil tarixə, ədəbiyyata, coğrafiyaya, mədəniyyət qaynaqlarımızla tamamilə dəyişik bir müstəvidə baxacaqdır.
    Bu gün türk-Turan birliyi dövlət ideologiyasının əsas xətlərindən birinə çevrilir.
    Türkçülük milli eqoizm, şovinizm deyildir, özünüdərkdir. Türkçülük Azərbaycançılığa, özbəkçiliyə, qazaxçılığa, türkmənçiliyə qarşı deyildir, əksinə onların hər birini ayrı-ayrılıqda böyüdür və birləşdirib bükülməz bir yumruğa çevirir.
    Bizim millət olaraq başqa bir idealımız və hədəfimiz də var, o da Azərbaycan türklərinin ümumi istiqlalı və birliyidir.
    İranla dinc qonşuluq siyasəti bizə bu haqqımızı unutdura bilməz. İran öz içindən dağılıb parçalnmaq istəmirsə Güneyli qardaşlarımızın öz ana dilində oxumaq haqqını, Azərbaycan respublikası ilə mədəni, iqtisadi əlaqə haqqını tanımalıdır. Dövlət sərhədləri milləti ayırmamalıdır. Milli idealımız Azərbaycanın öz torpaqlarını düşməndən təmizlənməsi və bütövləşməsidir. İdeologiyamız türkün humanizm, milli demokratiya və qardaşlıq ənənələrinə söykənən vətəndaş həmrəyliyidir.
    Tarixin qədim çağlarında Quzey Azərbaycana-Bakıdan Dərbəndə və daha şimala doğru uzanan torpaqlara Türküstan, Arazın Güneyindəki yerlərə Turan deyirdilər. Azərbaycan eyni vaxtda həm Turan, həm Türürküstan idi. Sonra bu anlayışların sərhədləri genişlənmişdir. Azərbaycan türklüyün beşiyidir və 2009 –cu ildə Türk şurasının Naxçıvanda elan edilməsi də tarixi ədalətin təntənəsi idi. Bu il Türkiyədə Türk Dövlətlər Təşkilatının yaradılması bu yüzildə türk xalqlarının ən böyük qələbələrindən biridir. Türkün məsləhət, gənəşmək ideyası yenidən birliyimizin və bərabərliyimizin əsas şərtinə çevrilir. Gücümüz, iqtisadi qüdrətimiz qarşılıqlı anlaşmada və birliyimizdədir!
    Bütöv Azərbaycan və Turan birliyi ideyası yeni nəslin tərbiyəsində təməl cizgi olmalıdır!

    Sabir Rüstəmxanlı
    25.11.2021

  • Sabir Rüstəmxanlı: “Düşünürəm ki, bir zaman gələcək, fəxri adlar yığışdırılacaq”

    Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə mədəniyyət və incəsənət xadiminə fəxri adlar verildi. Həmişə olduğu kimi bu dəfə də sənət adamları arasında narazılıqlar başladı. Onlar fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyinə öz etirazlarını bildirdilər. Bəs görəsən, illərdir sənət adamlarının bölüşə bilmədiyi fəxri adlar hansı şərtlərə görə verilir? Ümumiyyətlə, fəxri adlar lazımdırmı?

    Mövzu ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Respublikasının xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sözlərinə görə, Sovet dönəmində insanların müəyyən fəaliyyətlərinə uyğun fəxri adlar verilirdi. Bu ənənə indi də davam edir. Onun fikrincə, fəxri adlar mövcuddursa, birinə verib, digərinə verməyəndə narazılıq baş verir: “Bir vaxtlar var idi ki, Sovet dönəmində bəzi fəxri adlar, mükafatlar var idi. Zamanla bunlar ləğv olundu. Düşünürəm ki, bir zaman gələcək, bu fəxri adlar da yığışdırılacaq. Necə ki, dünyanın inkişaf etmiş ölkələrində yoxdur. Düşünürəm ki, bu yığışdırılsa, narazılıqlara son qoyular. Onsuz da xalq tərəfindən sevilən sənətkarlar var ki, heç onların fəxri adları olmayıb. Amma onları xalq sevir və onlar xalqın sənətkarına çevriliblər. Məsələn, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin fəxri adları olmayıb, amma onlar öz sənətləri ilə tarixdə qalıblar. Əsl sənətkar odur ki, onu xalq sevir və o, əsl xalq artistidir”.