Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • ABŞ səfiri müxalifətlə görüşdü

    Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bir sıra müxalifət liderləri ilə görüşüb. Görüşdə iştirak edən siyasətçilərdən birinin verdiyi məlumata görə, səfirlə görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Əli Kərimli, Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisnin sədri Rafiq Manaflı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli və Azərbaycan Ziyalılar Forumunun üzvü Mehriban Vəzir iştirak ediblər.

    Görüş zamanı  Azərbaycanda ictimai-siyasi vəziyyət, 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyət, müxalifətin seçkiyə hazırlığı, demokratik seçki mühiti ilə bağlı müzakirələr olub.

    Qeyd edək ki, bu, ABŞ-ın yeni səfirinin müxalifətlə dördüncü görüşüdür. Bundan əvvəl noyabr ayında keçirilən görüş barədə də nə səfirlik, nə də görüşdə iştirak edən müxalifətçilər mediaya heç bir açıqlama verməmişdilər. Bu dəfə də onlar susmağa üstünlük verdilər. Arqumentləri də bu oldu ki, görüş barədə açıqlama verilməməsi barədə razılıq əldə olunub.

    musavat.com

    Bütöv yazını göstər
  • VHP-nin Türkiyə Cümhuriyyətinin 89-cu il dönmü münasibəti ilə təbriki

    Türkiyə Cümhuriyyətinin Azərbaycandakı böyükelçisi

    cənab İsmayıl Alpər Coşquna

     

     

    Hörmətli cənab səfir!

    Qardaş türk xalqının taleyində böyük rol oynamış və Şərq xalqlarının azadlıq və milli dövlətçilik yolunu nişan vermiş Qurtuluş Gününün 89-cu ildönümü münasibəti ilə Sizi və Anadoluda yaşayan 80 milyonluq bacı-qardaşımızı ürəkdən qutlayıram.

    20-ci yüzilin ən parlaq şəxsiyyətlərindən olan Mustafa Kamal Paşanın olağan üstü qeyrəti və hərbi-siyasi dühası sonucunda əski Osmanlı İmperatorluğunun dağıntıları üzərində qurulan Türkiyə Cümhuriyyəti aradan ötən bu illər ərzində böyük inkişaf yolu keçərək dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Birinci Cahan Savaşı və ondan sonrakı illərdə birləşərək Türkiyənin üstünə gələn böyük imperialist güclərin arzusu gözündə qalmışdır. Türk xalqı bir daha öz qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmiş və dünyada heç bir gücün onun azadlıq yolundan döndərə bilməyəcəyini sübut etmişdir.

    Lakin beynəlxalq irtica bu gün də türk düşmənçiliyi siyasətini davam etdirir və insanlığın üz qarası olan terror təhlükəsi ilə Türkiyə iqtisadiyyatını sarsıtmağa, Türkiyəni parçalamağa çalışır.

    İnanırıq ki, bu məkrli siyasətin də qarşısı alınacaq, Türkiyə öz gəlişməsini davam etdirəcək, Azərbaycan və digər türk cümhuriyyətləri ilə Türk Birliyinə doğru gedən yolda daha inamlı addımlar atmaqla Böyük Atatürkün ideallarını bundan sonra da şərəflə yaşadacaqdır.

    Bir daha Sizi və qardaş Türkiyəni Qurtuluş Günü münasibəti ilə təbrik edir, Sizə, ailənizə və bütün türk xalqına səadət arzulayıram.

     

    Sevgilərlə,

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Millət vəkili, Azərbaycanın Milli şairi

     

     

  • “Bu, indiki dövlət başçılarına bir örnəkdi – sürətlə qaçmayın”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, şair Sabir Rüstəmxanlı ilə söhbət

    – Sabir bəy, Van Qoqun bir rəsmi var, ağaclar o qədər hündürdü ki, ulduzları da keçir.

    Əslində, Van Qoq o rəsmi çəkəndə, onun üçün yer üzündə bu ağacların mövcud olub-olmamasının heç bir fərqi yox idi, o, sadəcə, torpağın səmayla qovuşmaq arzusunu çəkmişdi.

    Bəzi adamlarsa o zaman bunu cəfəngiyyat adlandırırdılar. Sizin təsəvvürünüzdə də belə qeyri-adi ağaclar varmı? 

    – Mənim təsəvvürümdə elə ağaclar var ki, bəlkə də bütün dünyanı tutur. Məsələn, uşaq vaxtı tez-tez qarşılaşdığım bir məqamı xatırlayıram. Ot, taxıl biçən adamların yorulanda kölgəsində dincəldiyi çinar ağacları vardi ki, sanki dünyanın bütün küləklərini çəkib gətirirdi.

    Və uşaq vaxtı elə bilirdim o çinar dünyanın ən böyük ağacıdı.

    Bakıda da bir neçə belə ağac var və hərdən yolla gedərkən maşından düşüb onların kölgəsində oturmaq keçir ürəyimdən.

    Hər millətin öz həyat ağacı var. Mənim millətimin həyat ağacının beş-altı min il yaşı var ki, bütün Avrasiya deyilən məkanı tutub: bir ucu Şumer, bir ucu Altay dağları, monqol səhraları, bəlkə Sakit okeana qədər.

    Səttar Bəhlulzadənin çoxlu sayda qağayı təsvir olunan bir rəsmi var. Bizim unudulan yazarlarımızdan biri olan Gündüz Abbasov – o həm də aktyor idi – Səttar Bəhlulzadə haqqında bir hekayə yazmışdı.

    Hekayədə deyilirdi ki, Səttar həmin qağayılardan bəhs edən əsəri onunla görüşməyə gələn üç dostuna göstərir. Dostları dəniz və dənizin üzərində uçuşan, daşlara qonmuş qağayıların mənzərəsini əks etdirən əsəri çox bəyənirlər.

    Amma sonra Səttara deyirlər ki, deyəsən, qağayılar çoxdu. Səttar tərəddüd etmədən firçanı götürüb qağayının üçünü silir və deyir ki onlar qağayı deyil, mənim dostlarımdı. Bir halda ki onları çox görürsünüz, sizi sildim.

    – Hindistanın bəzi bölgələrində torpağın altında deyil, üstündə kök atan ağaclar var, yerli əhali ondan körpü kimi istifadə edir. Səhv etmirəmsə, kauçuk ağac adlanır. Çayların, dərələrin üstü ilə sarmaşıq-dolaşıq şəkildə yayılan köklərin körpü halına gəlməsi onilliklər çəksə də, belə körpülər xeyli uzun ömürlü olurlar. Sizcə, bu gün Azərbaycanda körpülərin təməli nə dərəcədə etibarlı, uzunömürlüdü?

    – Mən o ağaca Hindistanda da, Misirdə də rast gəlmişəm. Ağacın budaqlarından rişələr uzanır yerə. Torpağa çatanda rişələr kök atır. Sonra bir necə əsrdən sonra ağacın qocalmış, hətta sıradan çıxmış rişələrinin üstündən yeniləri adlayır və beləlikllə də ağac ölmür, rişədən rişəyə adlayaraq böyüyür.
    Azərbaycan heç vaxt qısır olmayıb. Həmişə bir yerdə tükənəndə, “millət öldü, bundan  

    ​​sonra yaşaya bilməyəcəyik, hər şey bura qədərmiş” təfəkkürünün, düşüncəsinin içərisindən yeni bir ağac köhnə rişələrin üstündə qol budaq atır.
    Bu gün salınan körpülərin təməli bəlkə Sovetlər dönəmində qoyulmalıydı, gecikmiş də olsa hesab edirəm ki, Azərbaycan üçün, Bakı üçün çox gərəklidir. Mən bunu ironiyasız deyirəm və bunları Azərbaycanda quruculuq işlərinin bir hissəsi hesab edirəm. Bunlar da olmasa, Bakıda hərəkət etmək mümkün olmazdı. Amma təəssüf ki biz Azərbaycanda bu körpüləri tikə-tikə Xudafərin körpüsünü itirmişik. Xudafərin Azərbaycanın quzeyi ilə güneyini birləşdirən çox az körpülərdən biri idi ki…

    Deyəsən, müsahibimin əvvəllər Facebook-da hesabını görmüşdüm. Sonra gözümə dəymədi. Sosial şəbəkələrin üstün cəhətlərindən biri də odur ki, dostun olan və olmayan insanların hansı düşüncənin daşıyıcısı və ən əsası ovqatının nə yerdə olduğunu bilmək olur. Sabir bəy xeyli yorğun görünürdü və nədənsə elə bilirdim, “divar yazısına” məmnuniyyətlə duyğusal bir “status” yazardı. Amma…

    – Facebookda var idim. Bunu bizim partiyanın gəncləri mənim üçün açmışdılar. Mən Dünya Azərbaycanlılar Konqresinin həmsədri kimi İran tərəfindən daimi hədəfdəyəm. xəbərimiz olmadan ərəb əlifbası ilə mənim adımdan ayrı facebook səhifəsi açmışdılar. Səhifədə paylaşılan yazıları tərcümə elətdirmək çətin olmasa da, həmçinin farsca oxumaq imkanlarım olsa da buna vaxt ayırmağa, sadəcə, zaman olmadığından öz səhifəmi bağladım və bu haqda mətbuatda açıqlama verdim.

    Amma indi nəsə yazmaq imkanım olsaydı oktyabr ayı olduğu üçün yeqın ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqilliyinin qəbul aktı ilə bağlı fikirlərimi paylaşardım və tövsiyə edərdim ki müstəqilliyin qədrini bilsinlər.

    Mən hər yerdə eyni şeyi müşahidə eləyirəm – əsgərlərlə görüşdə, televiziyalarda, hətta yazarlarımızda da – gənclərin bir çoxu öz ömürlərindən kənara çıxa bilmirlər. Yəni öz ömürlərindən irəlidə nə baş veridiyindən xəbərsizdirlər.

    Sovet dövründə Azərbaycanın ən böyük problemi Stalin rejiminin tətbiq elədiyi ideologiyanın yürütdüyü bir siyasət idi – tarixi hafizənin məhv edilməsi, Azərbaycanın Sovet hakimiyyəti dövründə formalaşmış bir millət kimi təqdim edilməsi. Sankı bunun türk tarixi olmayıb, qədim Orxon Yenisey heç xatırlanmır, ərəb əlifbasının buna heç bir aidiyyatı yoxdur…

    Bizə kiril əlifbasını 30-cu ilərdə verdilər. Guya başqa xalqlara türk dilinin öyrədilməsi ilə bir toplum yaranıb və bu, Azərbaycan xalqına çevrilib. O zamanlar bu ideologiya yürüdülürdü. Indi isə cavanların çoxu 90-cı illərin əvvəlləri doğulub və ondan əvvəl baş verənlərdən xəbərsizdirlər. Ədəbiyyat oxunmur, kitab oxunmur. Asudə vaxtlarını bəzən  

    ​​çox səviyyəsiz televiziya debatlarına sərf edirlər. Bəzən də söyüş səviyyəsində dialoqlar gedir.
    Amma eyni zamanda çox ciddi mövzular ətrafında müzakirələrin şahidi oluram. Məsələn, sosial şəbəkələrdə ermənilərlə dialoqlarda gənclərimizin tutduqları mövqe həddindən artıq xoş gəlir mənə.

    Amma təəssüf ki bu nəslin içində xeyli adam hətta müstəqilliyin nə olduğunu bilmir. Başa düşmürlər ki, Sovetlər dönəmi xalqımız üçün necə ağrılı dövr olub, hətta həmin dövrlərlə bağlı nostalji duyğularını təbliğ edən adamlar var.

    90-ci ildə bu millətin qanını tökən rus ordusunu unudub, hətta şəhidlərin məzarının üstündə rusca danışanlar var.

    Mənə elə gəlirdi ki, o faciədən sonra bu ölkədə kimsə rus dilində danışmaz. Unutqan bir nəsil formalaşıb. Mənəvi deqradasiya, aşınma gedir.

    Dəyərlər unudulur və bu dəyərlərin unudulmasında Azərbaycan televiziyalarının və bəzi mətbuat orqanlarının rolu var. Qara Qarayev deyirdi ki sənətdə vakuum, boşluq olmaz, olsa bunun yerini anti-sənət tutacaq. Milli düşüncədə də boşluq olmaz. Gənclər öz tarixlərinə talelərinə sahib durmasalar, o yeri ayrı sistemin yaratdığı təbliğat tutacaq.

    Tarixi mövzulu filmlərdə həmişə döyüş səhnələrində piyadalarin öndə getdiyini görmüşük. Məncə, bu bir rejissor fantaziyası deyil, tarixi faktlardan qaynaqlanan çox önəmli faktordu.

    Piyadaların – döyüşdə sərkərdələrin ölüm riskini azaldan, sanki önəmli hesab edilməyən bu insanların ölümə növbəsiz girməsinin həyacanı, qorxusu bəlkə heç bir filmdə dolğun təsvir edilməyib. 

    Hər halda sərkərdələr filmlərdə onları qoruyan ucsuz-bucaqsız ordudan daha cəsarətli, iddialı və qorxmaz görünür.

    Sabir bəyə “Piyada şahı ən azı neçə gedişə mat qoyar”- sualını verməkdə tərəddüd eləsəm də, sonda sual  ünvanlandı və müsahibim gülərək:

    – Əgər qarşısını kəsən olmasa, yeddi gedişə. Şahmatın ən gözəl fəlsəfəsi piyadanın şaha çevrilməsidir, yaxud vəzirin sağ-sol bilmədən bütün istiqamətlərdə hərəkət edə bilməsidir. Eyni zamanda şahın son dərəcədə ciddi, ehtiyatla addım-addım gediş etməsidir. Bu indiki dövlət başçılarına bir örnəkdi – sürətlə qaçmayın. O mənada ki, sərvət toplamaqda, hadisələri dəyişdirməkdə, tarixin istiqamətini yönləndirməkdə onların bu boyda yetənəyi ola bilməz. İlk növbədə şahın vəziri və ətrafında olan adamlar etibarlı olmalıdır. Amma hamısından daha etibarlı piyadadır. Şah millətə söykənməlidir. Vəzir  ​​itsə, bir daha meydana qayıda bilməz, amma piyada öz rəşadəti ilə gedib vəzir ola bilər.

    Sabir bəy siyasətçi, partiya sədri olmaqdan öncə şairdir. Fikrini bitirər-bitirməz ondan yazmadığı iki misra istəyəcəkdim. Sükut…

    – Körpüdən, ağacdan kökdən danışdıq,
    Günəşdən ulduzdan göydən danışdıq,
    Ancaq söz dünyamız düşmədi yada,
    Bizim öz dünyamız düşmədi yada.

    – Hamı nədənsə gileylidir. Alimlər təsdiq ediblər ki, insanın uğur qazanmasının, arzularına çatmasının bir yolu da – minnətdarlıq etməsidir, həyata, dostlarına, yaşadığı evə, sivilizasiyaya, içində yaşasa da, xəbərsiz olduğu sistemə və s. Məsələn, dinlərdəki şükranlıq məqamı da buna misaldır- tanrıya dua və şükr etmək.

    Yadıma hardansa eşitdiyim bir hekayət düşdü. Bir nəfər cibində adi daş gəzdirirmiş, hər səhər ona şükr edib, minnətdarlığını bildirirmiş. Uzaq ölkədən qonaq gəlmiş dostu ondan bu daşı daim özüylə gəzdirməsinin səbəbini soruşanda, “bu mənim şükran daşımdır” demişdi. Bir xeyli keçmiş uzaqlarda yaşayan dostundan ona məktub gəlir. Məktubda dostu qızının ağır xəstə olduğunu və o şükran daşından birini ona göndərməyini xahış etmişdi. Dostu məktubu oxuyub gülümsəmişdi…

    Biz dualarımızdamı yanlış etdik, şükranlıqlarımızımı kəsdik? Niyə kökaltından elə hey giley çıxır, niyə biz “toplananların yeri dəyişsə də cəm dəyişmir” deyirik, amma bərabərlik işarəsinin sağında və solundakı rəqəmlər bunu demir?

    – Tarix boyu bu milləti kök altında saxlamaq istəyiblər. Rəqəmlər kökaltından çıxmadıqca, mötərizələr açılmadıqca heç bir nəticə əldə etmək mümkün deyil. Buna görə də xalqın taleyindəki sıxıntılara son qoymaq lazımdı. Istər müharibə sıxıntısı olsun, istər iqtisadi, istər mənəvi sıxıntı. Orta məktəbdə riyaziyyatı yaxşı bilirdim. Bir riyaziyyat müəllimim vardı, mənə çox çətin misallar verirdi. Bir dəfə özüm bir misal hazırladım. Bu çox çətin həlli olan misal idi, iki səhifəni tutmuşdu. Müəllim iki səhifədən sonra yazıların qarışdığını görüb məni yanına çağırdı. Mən ona diqqətlə misalın sonuna diqqətlə baxmasını xahiş etdim. Və qarışan hərflərdən ibarət sonluqda misalın nəticəsini yazdığımı dedim. Belə bir misal hazırlayası olsam indi, eləsini hazırlayardım ki onların atından millət, xalq çıxardı.

    Feyziyyə Hacıyeva
    “Azadlıq” radiosu

  • Azərbaycanı da həmin ölkə kimi gözəlləşdirmək mümkündür.

    “Səyahət” rubrikasının növbəti qonağı VHP Siyasi Şurasının üzvü,  “Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevdir. Çox diqqətli səyyah olan müsahibimizlə dünyanın məşhur şəhərlərinə səyahətimiz maraqlı oldu. O, ilk səfərini belə xatırladı: 
    –  Keçmiş postsovet ölkələri nəzərə alınmazsa, 2000-ci ilə kimi Daxili İşlər Orqanlarında xidmət etdiyimə görə Azərbaycanı cəmi bir dəfə tərk etmişəm. Onda da  sərhədlər açılanda qaçaq yolla İranın Germi şəhərinə getmişəm. Tam fərqli mədəniyyət, fərqli düşüncə sahibi olan insanlarla təmasda olmuşam. O vaxt Germi mənə Bakının köhnə məhəllələrindəki köhnə üsulla tikilmiş tatı (bani olmayan üstü qırlı) evlərini xatırlatmışdı… O vaxt İrana içimdə mənimlə yaşıd olan bir həsrətə son qoymağa getmişdim. 
    Növbəti xarici səfərim ABŞ-a oldu. 2000-ci ildə Daxili İşlər Orqanlarından öz istəyimlə işdən çıxdım və Beynəlxalq Miqrasiya Təşkilatında işə düzəldim. Bir neçə aydan sonra Amerikaya göndərdilər. Vaşinqton, Nyu-York, Mayami, San-Dieqo şəhərlərində oldum. Çoxlarının sevdiyi Nyu-Yorkdan heç xoşum gəlmədi. O şəhərdə hamı qaçır, hamı harasa tələsir. Vaşinqtondan isə çox xoşum gəldi… 2000-ci ildən başlayaraq hər il müxtəlif ölkələrə 10-a yaxın səfərlərim olur. Bəzən bir ölkənin eyni şəhərinə ildə 4-5 dəfə gedirəm. 
    – İndiyə qədər dünyanın neçə ölkəsində olmuşunuz? 
    – Dəqiq saymasam da, hər halda dünyanın 50-dən çox ölkəsinə 100 dəfəyə yaxın səfər eləmişəm. Səyahətlərim həmişə indiki  işimlə bağlı olub. Cəmi üç dəfə turist kimi ailəvi səyahətə çıxmışam. 
     – Ən çox sevdiyiniz ölkə hansıdır?
    – Ən çox sevdiyim ölkə  Almaniya, ən çox sevdiyim şəhərlər isə İstanbul, Sarayevo və   Praqadır. Praqanı turistlərin sayına və müxtəlifliyinə, eləcə də, tarixi abidələrinin sayına, Sarayevo və İstanbulu isə həmin şəhərlərdə müşahidə etdiyim mədəniyyətlərin vəhdətinə görə sevirəm. Istanbulda və Sarayevoda 5-6 din paralel yaşayır. Eyni zamanda, müxtəlif dini ayinlər icra olunur. Hamı həm məscidə, həm kilsəyə, həm də sinaqoqlara  hörmət qoyur. Bu prosesləri müşahidə etmək və  müxtəlifliyin hər birinin gözəlliyini və müqəddəsliyini eyni anda seyr etməkdən alınan duyğunu şərh etmək çətindir. Sarayevonı və İstanbulu sevməyim bəlkə də, azan səslərindən aldığım duyğu ilə bağlıdır. Mənim ən çox sevdiyim səs azan səsidir. Bu şəhərlərdə insanın mənəvi qidası hesab edilən  bütün dinlər, o cümlədən islam dini yaşayır və çox aydın mənzərə ilə  müşahidə olunur. Az qala müxtəliflik hər evdə, hər həyətdə, hər tikilidə çox aydın görünür.  
    Bu müxtəliflik və bərabər inkişaf məni İstanbulda daha çox heyrətləndirmişdi. Sarayevoda isə mənə çox rahatlıq verdi. Şəhər balaca olsa da, gözəl mənzərəsi var. Müsəlman qəbiristanlığı ilə xristian qəbiristanlıqları yanaşıdır. Şəhərin yüksəklikdən baxanda insanı heyran edən  gecə mənzərəsi, restoranlarda kişilərin xorla müxtəlif dillərdə, hətta azərbaycanca Azərbaycan mahnılarını oxuması məni Sarayevonı sevməyə məcbur edib.  
    – Bəs bir daha üz tutmayacağınızı düşündüyünüz ölkə olubmu? 
    – Yox. Allah dünyanı elə yaradıb ki, hər yeri, hər ölkəni cənnətə çevirmək mümkündür. Bəzən düşünürəm ki, bu dünyada yaşadığı ölkəni və məmləkəti cənnətə çevirmək gücündə olmayanlar heç vaxt o dünyada cənnətə gedə bilməzlər. Bəlkə də, bizdən cənnətə gedənimiz olmadı. Çünki Azərbaycanın 50 faizdən çox hissəsini şorlaşmış bomboz ərazilər təşkil edir. 
    2001-ci ildə ilk dəfə Dubaya gedəndə bir taksi sürücüsü ilə danışdım ki, bizi Abu-Dabiyə aparıb gətirsin. Sürücü Azərbaycandan olduğumu biləndə “sənin vətənin də fahişələr vətənidir” – söylədi. Amma bu sərt fikir də məndə Ərəb Əmirliklərinə  üz tutmamaq fikri yaratmadı. 
    Baxmayaraq ki, oranın istisinə heç dözə bilmirdim. Bəzən Azərbaycan haqqında bir daha bu məmləkətə qayıtmamaq kimi fikirlər üzərində düşünmüşəm və  dərhal da yayınmışam… Azərbaycan uzaqlardan daha aydın görünür. Məsələn, Almaniyanın əkin sahələrinin də yolları əla keyfiyyətlə asfaltlanıb. Xaricdə bütün gözəlliklər küçələrdə yerləşdirilir ki, insanlar baxsın, əylənsin, gözəllikdən zövq alsınlar. Bizdə isə küçələrdə və ictimai yerlərdə olan gözəl nə varsa məmurlar evlərinə və ya həyətlərinə daşıyırlar ki, yalnız özləri zövq alsınlar. Bu düşüncə tərzi insanı bu məmləkətə dönməmək kimi fikirlərə vadar edir. Bəzən eyni vaxtda  5-6 ölkəni gəzirsən, amma ölkələrin heç birində kimsə sənin hüququnu pozmur. Bakıya çatan kimi məmurlar: “Çamadandakılar nədir, nə qədər pulun var, niyə iki kompüter gətirirsən” sualları ilə səni uzun sürən növbələrdə yubandıranda düşünürsən, sanki onlar hər şeyi edirlər ki, sən ölkəyə nifrət edəsən və bir daha geri dönməyəsən. İnsanlar çox incidilirlər, bizimkilər isə az qala bunu adi həyat norması kimi qəbul edirlər.
    – Hansı ölkənin mətbəxindən sevgi ilə ayrıldız? 
    – İtalyan mətbəxini çox sevirəm. Yüksək zövqlə bəzədilmiş,  dümağ və ilk dəfə istifadə olunan stol örtükləri, qiymətli mətbəx dəstləri, yüksək mədəniyyətli və klassik üsluba malik xidmət, istədiyin həddə qədər bişirilmiş ət parçaları, balıq yeməkləri və ya digər dəniz məhsulları, sevdiyin dada malik içkilər İtaliyadadır. Xüsusilə Romada, Milanda, Turində və Florensiyanın ətrafında olan meşələrdə olan restoranlarda. Gürcülərin də mətbəxini çox sevirəm. Azərbaycan mətbəxi də zəngindir, amma  israfçılıq yüksək həddədir.
    – Bəs mətbəxindən iyrənib ac qaldığınız ölkə olubmu?  
    – Mən dəbdəbəli restoranları və pivəxanaları xoşlayıram. Oralarda isə belə hallara rast gəlməmişəm. Bakıda da ən çox getdiyim italyan restoranlarıdır. Dəniz məhsullarını çox sevirəm. Okean qurbağalarının əvəzsiz dadı olur. Bakıda da, səfərdə də məmnuniyyətlə yeyirəm. Ona görə də hansısa mətbəxdən iyrənmirəm. Amma restorana dəvət etdiyim və mənim yediklərimdən iyrənən dostlarım olub. 
    – Dünyanın hansı ölkəsində olarkən “Kaş bu ölkədə doğulaydım” arzusunu ürəyinizdən keçirmisiniz?  
    – Birinci dəfə  Amerikada olanda belə düşünmüşəm. Hava limanında təyyarəyə minəndə əllərimi qaldırıb  “Mən səni sevdim Amerika” deyərək qışqırmağım da oldu.  Abu Dabidə və  Dubayda olan zaman isə düşündüm ki, Azərbaycanı da həmin ölkə kimi gözəlləşdirmək mümkündür.
    – Bu səfərlər zamanı başınıza gələn qeyri-adi, gülməli hadisələr olubmu? 
    – Yadda qalan hadisələr çoxdur. Bir dəfə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən tədbirdə sərhədlərin qorunması məsələləri müzakirə olunurdu. Mehriban Zeynalova ilə Tiflisə həmin tədbirə gedirdim. Gəncədən keçəndə məlum oldu ki, onun pasportu evdə qalıb. Gəncədən tam başqa əlamətlərə malik, çox böyük yaş fərqi olan bir xanımın pasportunu götürdüm. Mehribanı sərhəd buraxılış məntəqəsindən həmin pasportla keçirdim və Tiflisdə konfransa qatıldıq. 
    Tədbirdə Azərbaycan və Gürcüstan sərhədçiləri əla çıxış etdilər, bildirdilər ki, sərhədlərin mühafizəsi sahəsində heç bir problemləri yoxdur. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri orada iştirak edirdi və qiymətləndirmə aparırdılar. Onların çıxışlarından sonra mən öncə onlardan Mehribanın təhlükəsiz qayıtmasına zəmanət aldım, sonra isə baş verənləri onlara danışdım. Bu vəziyyətin qiymətləndirilməsi üçün əla sübut idi. Amma həqiqətən, sərhədçilər elə həmin pasportla heç bir problem yaratmadan bizi həm Gürcüstan, həm də Azərbaycan sərhədindən keçirdilər.
    Bir dəfə Varşavada idim. Mehriban Zeynalova ilə birlikdə  Novotel mehmanxanasında qalırdım. Yenicə otağa girmişdim, vanna otağında olarkən qapı döyüldü, qapını azca araladım. Qapıdan ərəb şeyxlərinin paltarını mənə verdilər. Paltarları alıb asdım. Duş qəbul etdim və həmin paltarı geyinib aşağıya düşdüm. Bilirdim ki, Mehriban məni gözləyirdi. Ərəb geyimində o qədər də pis görünmürdüm. Mehribanla salamlaşandan sonra bildirdim ki, BƏƏ-nin  nümayəndə heyəti bu axşam ziyafət verir, hamıya milli paltar verirlər, administratora yaxınlaş və özünə paltar al. Mehriban da gedib administratorla dalaşmağa başladı ki, mənim paltarımı niyə vermirsiniz… Onlara yaxınlaşdım, administrator rus dilində çox pis danışırdı, onunla bir az tamam başqa məsələ haqqında ingilis dilində danışandan sonra Mehribana dedim ki, tədbirə dəvət haqqında sənədləri təqdim etmək lazımdır. O da gedib sənədləri gətirdi. Bu zaman zarafat etdiyimi bildirdim. Otağa qalxdım. Həm də düşündüm ki, paltarın sahibi axtara bilər. 
    – Ömrünüzün qalan hissəsini yaşamağı arzuladığınız ölkə varmı? 
    – Məncə, insanın harada yaşaması yox, əsas insanın kiminlə və ya kimlərlə yaşamasıdır. Mən mövcud dünyagörüşüm və aldığım təhsilin səviyyəsinə görə özümü az-çox Azərbaycanda ifadə edə bilirəm. Əgər başqa dil bilsəydim yəqin ki, yaşamaq üçün Almaniyanı və ya Hollandiyanı seçərdim. Hollandiya məncə Avropanın ən sakit ölkəsidir. Məsələn, iş vaxtından sonra Roterdama elə bir sakitlik və sükut çökür ki…
    – Ayaq qoyduğunuz xarici ölkədə ilk maraqlandığınız nə olur həmişə?  
    – Hamı kimi  mənim də ilk növbədə baş çəkdiyim yer tualetlərdir. Daha sonra məscidlər və ya kilsələrə baş çəkirəm. 
    – İndiyə qədər can atdığınız, amma gedə bilmədiyiniz ölkə hansıdır?
    – Elə bir ölkə yoxdur. Arzuladığım Orxan-Yenisey abidələrini ziyarət etmək, Türkiyəni daha yaxşı gəzmək, Ömər Xəyyamın həyatı ilə bağlı yerlərdə olmaq,  Xarəzmi, Buxaranı, Luvr muzeyini, Romanı bir daha 7 yaşlı qızımla və xanımımla gəzmək imkanını  arzulayıram.
    – Ən çox hansı ölkənin qadınlarını bəyəndiniz? Hansı ölkəni gözəllər məkanı adlandırdınız?    
    – Varşavada İntiqam Əliyev, Ənnağı Hacıbəyli və digər hüquqşünaslarla səfərdə idim. Oradan Bosniya və Herseqovinanın insan alverinə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrənmək məqsədi ilə Belqrada getməli idim. Sürət qatarı ilə oraya getdim,  bir gecə də yolüstü Vyanada qaldım. Belqradda Knyaz küçəsindəki otellərin birinə getməli idim. Taksi məni həmin küçəyə kimi gətirdi və bildirdi ki, mehmanxanaya kimi təxminən 150 metr piyada getməlisən. 
    Taksidən düşüb Knyaz küçəsinə çıxmaq istəyəndə gördüm ki, bu küçədə hamı əyləşib, yeyib-içir və bütün qadınlar yarıçılpaqdır. Əvvəl elə düşündüm ki, gözəllik müsabiqəsi keçirilir. Mehmanxanaya çatana kimi hamı küçədə həmin vəziyyətdə oturmuşdu. Çox gözəl səhnə idi. 
    Belqradda 45-50 yaşına kimi qadınlar kosmetik vasitələrdən istifadə etmirlər. Qadınların əksəriyyətinin bədənləri parıldayır. Yeməkxanada hamısı çimərlik paltarına uyğun paltarda oturmuşdular. Belqrad xanımları çox gözəldir. 
    Arzu Abdulla
    “Gündəlik Teleqraf” qəzeti 
  • ““Administrasiya” ahəng qanununu pozur” – Dilin bəlası

    Sabir Rüstəmxanlı
    Azərbaycan Dil Qurumunun Başqanı

    Dilə sayğı milli əxlaq göstəricisidir

    Kanada ingilisdilli ölkədir. Yalnız Kvebekdə, fransızların sayca üstünlük təşkil etdikləri bölgədə əsas, yəni rəsmi dil fransızcadır. Ölkənin ən böyük şəhəri Monrealda və bütün Şərqi Kanadada fransız dilinin işlənmə dairəsi, nüfuzu ingiliscədən artıqdır.

    Heç bir yerdə ingilis dili fransızcadan üstün duruma gətirilə, ünsiyyətdə, yazı-pozuda fransızcadan qabağa keçə bilməz. Lakin, görünür, bu o qədər də asan başa gəlmir: ona görə də Kvebek əyalətinin qanunu ilə burada dil polisi yaradılmışdır; fransızcanın rəsmi statusunun pozulduğu hər yerdə dil polisi işə qarışır və hüququ bərpa edir; qanuna qarşı çıxanlar, reklamlardan başlamış məişətin bütün sahələrinədək, fransızcaya sayğısızlıq göstərənlər layiqli cəzasını alır. 

    Bu misalı oxuyan hər kəs məni qınayacaq: “Az idi havayıyeyənlərimiz, indi də dil polisi gələcək!” Mən bu barədə Milli Məclisdə də danışmışam. Lakin orda deputatların bu tipli, milli taleyimizlə bağlı təkilifləri o qədər də maraqla qarşılanmır. Nəzərə alınmır ki, deputatlar, iqtidarlar, hətta hakimiyyətlər də keçib gedəcəklər, amma ana dili qalacaq, qalmalıdır.

    Prinsipcə mən də dil kimi xalqın varlıq şəklinin ən mühüm əlamətinin inzibatı nəzarət altında qorunmasının əleyhinəyəm; bu bir vicdan işi, milli borcdur, insanın şəxsi qabiliyyətini göstərən həssas olaydır; bura polisin müdaxiləsi arzulanan deyil.

    Hər kəsin öz milli məsuliyyətini dərk etdiyi toplumda dil polisinə bəlkə də ehtiyac yoxdur; amma yad heyranlığının, özgə aşiqliyinin az qala kütləvi şəkil aldığı, ana dilinə biganəliyin xəstəlik səviyyəsinə çatdığı cəmiyyətdə bu vacibdir. Dilimiz də Konstitutsiyamızın qoruması altındadır; ictimai asayiş kimi! İctimai asayişin pozulmasına polis nəzarət edir, bəs dil sahəsinə kim nəzarət etməlidir?

    Hansi dildə və necə danışmaq fərdin, insanın istəyinə bağlı olmaqla, həm də ölkənin, millətin taleyini, gələcəyini müəyyənləşdirən ictimai, tarixi vəzifədir; vətəndaşlıq məsələsidir.

    Bununla günü sabahdan, “Azərbaycanda da dil polisi yaradılsın!” – demək istəmirəm. Sadəcə, bu işin bütün dünyada, hətta dili təhlükə altında olmayan və müqavimət duyğusu güclü olan xalqlarda da ciddi rəsmi nəzarətdə saxlandığına diqqət yönəltmək istəyirəm.

    Təəssüf ki, bizdə assimilyasiyaya, başqasının təsiri altına düşməyə, məişətdən tutmuş mədəniyyətə qədər, başqalarını yamsılamağa meyil güclüdür. Qorumaq hissiyatımız zəifləyib: torpağı da, insanı da, dilimizi də! Bu immunitet çatışmazlığı çox ağır xəstəlikdir və hökmən müalicə olunmalıdır.

    Təhlükə yalnız kiminsə küçədə-bazarda əcnəbi dildə danışması, yaxud öz körpəsinə ana dilini öyrətməməsi ilə bağlı deyil. Dil payız şumu kimidir; ora bu gün atılan dən müəyyən zamandan sonra göyərir; taxıl kimi, gül kimi, bəzən də alaq kimi…
    Buna görə də dillə bağlı işlərin heç birinə laqeyd yanaşmaq olmaz…
    Dilimizin mənzərəsini bəlirləyən sahələrdən biri də qanun yaradıcılığıdır.
    Bu gün qanunda yer alan bir kəlmə sabah sənədlərdə ölkənin hər yerinə yayılır və işlək dilə yol tapır.

    Onlarla cətin, ahəng qanunu pozan xarici termin və ifadə var ki, məhz qanunların, rəsmi sənədlərin vasitəsilə dilimizə yol tapmışdır. Məsələn, kollekvium, insident, ipoteka, kampaniya, kvorum, kvota, koalisiya, kompleks, konvertor, konkurs, konsensus, kontekst, konstruktiv, konsultasiya, konflikt, kredit, leqal, makro, mikro, mentalitet, manitor, market, prezentasiya, patifikasiya, rezerv, region, reytinq, rekonstruksiya, rekvizit, referendum, servis, tendensiya, teoriya, tekst, faza, penitensiar, administrasiya, aktiv, debat, deqeredasiya, investor, investisiya, kadastr, feldyeger, funksiya və s.

    Bu sözlərin dilə gətirilməsinə qarşı çıxan kimi on yerdən səs ucalır ki, bunlar beynəlxalq sözlərdir, hamı işlədir, biz də işlədək. Öncə onu deyim ki, beynəlxalq söz yoxdur. Bu kəlmələr ayrı-ayrı əcnəbi dillərdən gəlir və bütün dillərdə dəyişilmədən işlədilməsi heç də zəruri deyil; onları olduğu kimi saxlamaq tənbəl xalqların tənbəl dilçilərinin işidir. Yapon da, çinli də, ərəb də, fars da bu terminlərin böyük əksəriyyətinin öz dillərində qarşılığını tapmışlar. Hətta Türkiyə türklərinin bizimlə eyni olan dilində Azərbaycan türkcəsindən fərqin böyük hissəsi məhz bu kəlmələrin türkcəsini tapmaq sayəsində yaranmışdır; biz onların bu təcrübəsindən istifadə etməkdənsə, israrla yabançı kəlmələr dalınca sürünürük.

    Bu “toxunulmaz” görünən “beynəlxalq” terminlərin ana dilimizdə gözəl qarşılıqları var; yer tutmasın deyə, onları sadalamaq istəmirəm. Təklifimin qəbul edilib rəsmiləşəcəyini bilsəm, bunların və bunlardan qat-qat artıq digər işğalçı əcnəbi kəlmələrin təmiz türk qarşılığını təklif edərdim. Təəssüf ki, buna maraq göstərən yoxdur; əksinə “dil siyasəti” ilə məşğul olanların bəziləri bu terminləri dilimizə doldurmaqla Anadolu və Azərbaycan türkcələrini uzaqlaşdırmaq və bu yolla guya bir-birimizi anlamadığımızı, bir-birimizi tərcümə etmək zərurəti faktını möhkəmləndirməyə çalışırlar. Bu, milli xəyanətdir!

    Qanunlarımızı hazırlayanların bir qismi dilimizi yaxşı bilmir və ya onun imkanlarını yetərincə dəyərləndirmir; mətnləri xarici dillərdən necə gəldi, tərcümə edirlər.

    Məsələn, neft müqavilələri müzakirəyə gələn ilk illərdə “çiy neft” sözünə təəccüblənmədim. O dəqiqə görünürdü ki, bu iri həcmli sənədləri dilimizi pis bilən adamlar çevirib. “Sıroy” – yəni “xam” sözünü “çiy” kimi anlayırlar. O dəqiqə sənəd öz ciddiliyini itirdi. Rus və başqa dillərdən tərcümə zamanı onlarla belə yanlışlığa yol verilir. Öz dilimizi pis bildiklərinə, uğurlu qarşılıq tapa bilmədiklərinə görə yabançı söz mexaniki şəkildə dilimizə keçir və bir azdan sadaladığım sözlər kimi “qanuniləşir”. Müstəqillikdən sonra Avropa kökənli sözlərlə yanaşı, ərəb və fars kəlmələrinin rəsmi dilimizdə çoxalması da aydın görünür. Türkiyə ilə ilişkilərin artması xalq dilində duyulsa da, dəftərxana və yazı-pozu dilinə az təsir göstərir.

    Məncə, qarşılıqlı zənginləşmə yolu ilə bir sıra çətin ərəb, fars sözlərindən imtina etməyin vaxtı çoxdan çatmışdır.

    Bu yolla Türkiyədə Akop Dilaçarla başlanan süni və ifrat dilyaratma yanlışlığını biz də təkrar etməli deyilik, amma nəzarət etməsək, bir azdan rəsmi ədəbi dilimizdə yenə orta əsrlərdə olduğu kimi, yalnız feillər əsl türk sözü olaraq qalacaq; bütün mətn ərəb və fars kəlmələrindən, xarici sözlərdən hörüləcəkdir.

    Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun layihəsi haqqında”… Bu, Milli Məclisə təqdim edilən bir qanunun adıdır. Dilimizə girmiş sözlərdir, lakin hamısı yad mənşəlidir və onları qismən də olsa təmizləmək mümkündür. İnformasiya – bilgidir, mühafizə – qorumaqdır, bir cümlədə iki “haqqında” sözünə ehtiyac yoxdur və s. Qəribə bir “ənənə” yaranmışdır: “Vergi haqqında qanun”, “Dil haqqında qanun”, “Mədəniyyət haqqında qanun”… Təmiz azərbaycanca yazmaq istəsək, “Vergi qanunu”, “Dil qanunu”, “Mədəniyyət qanunu”… olmalıdır.

    Bəzi idarə və nazirliklərin adları da mexaniki şəkildə tərcümə edilir. “Vergilər Nazirliyi” doğru deyil, “Vergi Nazirliyi” deyilməlidir; necə ki, gül dükanının qarşısında “güllər” yazmaq səhvdir: sadəcə “gül”, uzaqbaşı “gül-çiçək” yazılmalıdır. 

    “Su” sözü də cəm şəkildə işlədilməməlidir. Bunlar hamısı rus dilindən tərcümənin sonucudur.
    Rus tarixində çar I Nikolaya aid “tövsiyyə” var: “Qanunları elə yazın ki, sadə vətəndaş anlamasın və dövlət məmurundan məsləhət almaq zorunda qalsın”.

    Bizdə də bəzi qanunları dil baxımından anlamaq çətindir. Bəlkə bu qanunvericilərin köhnə vərdişidir, davam edir…

    Dəfələrlə MM-də qanunların dilini sonda gözdən keçirən ayrıca dil qrupunun yaradılması ilə bağlı məsələ qaldırmışıq. Təəssüf ki, qulaqardına vurulub. Dilimizə tələbkar yanaşsaq, “əlaqədar”, “haqqında”, “barəsində”, “barədə” kimi sözlər qanunlarımızı başına alıb getməzdi, çox asanca öz doğma “bağlı”, “üzərinə”, “ilişki”, “dolayısıyla” və s. sözlərimizlə əvəzlənə bilərdi.

    Kim bunlara xırda iş kimi baxırsa, yanılır. Ana dilinin qorunmasında kiçik, önəmsiz iş yoxdur.

    Daxili işlər – İç işlər, digər – başqa, xüsusi – özəl, müvafiq – uyğun, proses – gedişat, nəticə – sonuc, problem – sorun, zəminində – özülündə, müəyyənləşdirməsi – bəlirlənməsi, habelə – eləcə də və s. istənilən sahəyə aid qanunlarda onlarla söz var ki, çox asanlıqla təmiz türk kəlmələri ilə dəyişdirilə bilər. Ola bilsin, mənim dediklərimdən də uğurlu qarşılıq tapılsın.

    Bu qısa qeydlərimdə mübahisəli görünən fikirlər olmamış deyil. Elə indidən bəzi hörmətli professorlarımızın qızara-qızara səslərini yüksəltdiyini görürəm: “Bu nədir? Bizi Türkiyənin ardınca aparmaq, dilimizi türk sözləri ilə zibilləmək istəyirsən?” 

    Zarafat eləmirəm, bəziləri məhz belə deyir: “dilimizi türk sözləri ilə zibilləyirlər”. Yəni, nar şirəsinə nə qədər istəyirsən rəng qat – içəcək, yeni, təmiz nar şirəsi əlavə olunanda dözə bilmirlər. Dilimiz türk dili olduğu halda yeni türk kəlmələri onu necə zibilləyə bilər? Mənim Dədə Qorquddan, Kaşğarlı Mahmuddan gələn təmiz sözlərimə dözə bilməyənlər on illər uzunu ərəbin, farsın, rusun, Qərb dünyasının başımızdan tökülən işğalçı kəlmələrini ləzzətlə həzm edirlər.

    Göründüyü kimi, dilin qorunması sadə iş deyil. Çəkdiyimiz misalların arxasında ölkənin qanun yaradacılığı siyasətindən (qanunları hansı ölkələrin nümunələri əsasında yaradırıq?), dilimizi zorla Türkiyə türkcəsindən uzaqlaşdırmaq kimi gizli niyyətdən tutmuş, tərcümə səriştəsizliyi, peşəkar olmamaq, vətəndaş məsuliyyətsizliyi, tənbəllik və nəhayət, milli qeyrətin, milli dirənişin zəifliyi kimi çoxlu yan etkilər rol oynayır. Bu işə toplumun qarışması və dövlət qayğısının artması deyilənlər baxımından son dərəcə önəmlidir.

  • Sabir Rüstəmxanlı MHP-nin qurultayına qatılacaq

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin aparıcı siyasi partiyalarından olan Millətçi Hərəkat Partiyasının qurultayında iştirak edəcək.

    VHP Təşkilat Şöbəsindən verilən məlumata görə, MHP-nin baş qərargahından partiyanın noyabrın 4-də keçiriləcək 10-cu qurultayında qonaq qismində iştirak etməsi üçün millət vəkili S.Rüstəmxanlıya dəvətnamə göndərilib. S.Rüstəmxanlı artıq dəvəti qəbul edib və qurultayda iştirak üçün bütün texniki məsələlər həll edilib.

     

  • Cənubi Koreyanın Azərbaycandakı səfirliyinə

    Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli

    səfiri cənab Çoi Suk İnə

     

    Hörmətli cənab səfir!

    Sizi Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

    Cənubi Koreya ilə Azərbaycan arasında diplomatik münasibətlərin tarixi o qədər də qədim deyil, ancaq son illər yaranan əlaqələr sürətlə inkişaf etməkdədir. Uzaq Şərqin ən inkişaf etmiş ölkələrindən olan Cənubi Koreya ilə Azərbaycanın iqtisadi və siyasi əməkdaşlığı hər iki dövlətin maraqlarına cavab verməklə, xalqlarımız arasında mədəni-iqtisadi əlaqələri daha da gücləndirir.

    İnanıram ki, fəaliyyətiniz müddətində dövlətlərimiz arasındakı siyasi, ictimai, mədəni əlaqələr daha da inkişaf edəcək.

    Bir daha Sizi yeni görəviniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.

    Yaxın günlərdə Sizinlə şəxsən tanış olmaq istəyi ilə,

     

    Sabir RÜSTƏMXANLI

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri,

    Milli Məclisin deputatı

  • “Bu vəziyyət ölkəni fəlakətə aparir”

    Bugünlər Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasının 20 illiyidir. Bu münasibətlə VHP sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat” qəzetinin suallarına cavab verib.

     

    – Sabir bəy, VHP yarananda düşündüyünüz hansı hədəflərə çata bilmisiniz?

    – 1988-ci ildən hansı sahədə millət üçün bir iş görmək imkanı var, çiynimizi ora vermişik. Əslində mən partiya yaratmaq haqqında düşünmürdüm. Qarabağ savaşı qurtarana qədər Azərbaycanın bütün siyasi qüvvələrinin vahid güc olaraq qalmasını istəyirdim. Mən Xalq Cəbhəsini yaradanlardan biri idim. Ancaq təəssüf ki, o zaman Xalq Cəbhəsinin içərisində gedən parçalanma meyllərinin qarşısını almaq mümkün olmadı, nəticədə də bir neçə partiya yarandı. Dostların, mənə bağlı olan bir sıra şəxslərin təkidi ilə mən VHP-ni yaratdım. O zaman xalq hərəkatından gələn milli-demokratik qüvvələrin hakimiyyətdə olduğu dövr idi. Amma eyni zamanda Azərbaycanın müstəqilliyini istəməyən müəyyən daxili və xarici güclərin qüvvətləndiyi bir dönəm yaşayırdıq. Bu qüvvələr Qarabağ kartından məharətlə istifadə etməkdə idilər, ölkənin güneyində, quzeyində müxtəlif separatizm meylləri hiss edilməkdəydi. Mən o zaman vətəndaş həmrəyliyi ideyasını ortaya atdım. Təbii, o zaman sadəlövhcəsinə düşünmürdüm ki, bu ideyanı gündəmə gətirməklə cəmiyyətdə köklü problemlərin çözümü qısa zamanda mümkün olacaq. İlk günlərdən mən bu ideyanın nə qədər zəruri olduğunu hiss elədim. O zaman bir sıra rayonlarda separatçılar ciddi təbliğat aparırdılar. Biz o vaxtlar bölgələrdə vətəndaşlarla görüşürdük, bizi çox böyük sayğı ilə qarşılayırdılar. Çünki biz hər zaman vətəndaşlara Azərbaycanın bütövlüyünün, müstəqilliyinin nə qədər önəmli olduğunu başa salırdıq. Azərbaycan bölünsə, qonşuluqdakı iri dövlətlərin tapdağı altında qalacaqdı. İlk Azərbaycan dövləti cəmi 23 ay yaşaya bildi. Ancaq bu gün Azərbaycan öz müstəqilliyini 20 ildən artıqdıq qoruyur. Bu, bizim hədəflərimizdən ən əsası idi. Çox şükür ki, kəm-kəsirlərə baxmayaraq müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Çoxpartiyalı bir sistem yaradılması da müstəqilliyin uğurudur.

    – Bir dönəm ölkənin ən populyar siyasətçilərindən idiniz. Ancaq indi siyasi fəaliyyətiniz haqqında danışanda bəzən deyirlər ki, siz populyarlıq qazandığınız fəaliyyətinizdən uzaqlaşmısınız. Bu fikirləri nə qədər ədalətli sayırsınız?

    – Bu iradları əsaslı saymıram. Ona görə ki, bir zamanlar hərəkatda olduğumuz insanların yaratdığı bütün müxalifət birliklərində – SİDSUH-da, DUH-da, Koordinasiya Mərkəzinə və başqa qurumlarda müxalifət partiyaları ilə bərabər olmuşuq. Yazılarıma baxanda görürəm ki, ölkədə elə bir ciddi ictimai-siyasi məsələ yoxdur ki, VHP-nin ona münasibət bildirməsin. VHP-nin parlament fəaliyyəti də göz qabağındadır. Təkcə mənim MM-dəki çıxışlarımın stenoqramı 2 min səhifədən artıqdır. Bir məsələyə sevinirəm ki, Azərbaycanda son 20 ildə müxtəlif dəyişikliklər olub, ancaq mən hər zaman sözümü demişəm. Bəlkə də oxucularımız, ya müttəfiqlərin dediyi şəkildə sərt deməmişəm, ancaq mövqeyimdən geri çəkilməmişəm, haqqı nahaqqa verməmişəm.

    – Azərbaycanda iqtidarla müxalifətin münasibətləri uzun illər gərgin olub. Bu gün durumun bir qədər dəyişdiyini, yaxınlaşma meyllərinin hiss edildiyini deyənlər var. Siz bu yaxınlaşma meyllərini hiss edirsinizmi?

    – Mən bu haqda çox düşünürəm. Dialoq olmadan cəmiyyətin inkişafı mümkün deyil. Bu gün xalq, cəmiyyət öz iradəsini ortaya qoya bilməsə, korrupsiya, rüşvət baş alıb gedəcək. Bu, ölkəni fəlakətə aparır. Adi məntiq var – bunu xüsusən hakimiyyətdəkilər bilməlidirlər – güclə əyriliyi uzun müddət qoruyub saxlamaq mümkün deyil. Əgər hakimiyyətini uzunömürlü etmək istəyirsənsə, ədaləti bərqərar etməlisən. Hakimiyyət bölüşdürülməlidir, müxalif fikir eşidilməlidir, bundan başqa, müxalifətin yaşaması üçün şərait yaradılmalıdır. Bu sözləri eşitməmək hakimiyyətin öz taleyinə göz yummasıdır. Gözümüzün qarşısında dünyada görün hansı proseslər gedir, xalqı narazı saxlayıb uzun illər hakimiyyəti qorumağı xəyal etmək üçün kar, kor olmalısan.

    – 2013-cü ildəki prezident seçkisi ilə bağlı hədəfləriniz nədir?

    – VHP hələlik qurultay keçirməyib. Bundan başqa, müxalifət düşərgəsində də aydın bir fikir yoxdur. 2003-cü il seçkilərində namizədliyimi vermişdim. Azərbaycandakı real durumu, qüvvələr nisbətini, o qüvvələrin nə cür idarə olunduğunu, eləcə də ölkədə yerlibazlığın, tayfabazlığın hansı səviyyədə olduğunu bilən bir adam kimi mən o xəyalda deyildim ki, prezident seçiləcəm. Ancaq bu, vətəndaşlarla görüş üçün şans idi. Necə deyərlər, kəşfiyyat xarakterli bir addım idi. Ancaq sonra gördüm ki, duruma o qədər ciddi müdaxilələr var ki, hətta mənim qohumlarım qədər mənə səs saxlamayıblar. Ondan sonra düşündüm ki, ədəbiyyatda, eləcə də xalq hərəkatının çətin dövrlərində gördüyüm işlərlə qazandığım hörməti bu gün seçki qutularındakı oyunbazlıqlara qurban vermək olmaz. O riski hər seçkidə etmək doğru deyil. Təbii, müxalifətin vahid namizədi ilə bağlı toplu bir qüvvənin, ümumi müxalifətin iradəsi olsa, o ayrı məsələ. Ancaq indiki halda bizim seçkiyə getməyimizdə ikiqat təhlükə var. Biz həm siyasi mübarizəni qeyri-bərabər şəraitdə aparan hakimiyyətlə, həm də rəqibi olacağımız müxalifət düşərgəsi ilə üz-üzə gələcəyik. Bu, bir neçə cəbhədən eyni zamanda zərbə almaq deməkdir. Ona görə də bütün bu məqamları nəzərə alıb qərarımızı verəcəyik.

    – Siz bir ara demişdiniz ki, partiyanın rəhbərliyini gənclərə verəcəksiniz. 20 illik ərəfsində belə bir qərar gözləniləndirmi?

    – Heç olmasa partiyalar dövlətdən maliyyələşsəydi, bu qərar bir qədər asan olardı. Allah eləsin, bu reallaşsın. Arxayın olaq ki, yaratdığımız bu qurum yaşayacaq. Bundan sonra çox asandır. Bilirsiz, insan yaşını hiss eləmir. Hərdən insan düşünür ki, bunu mən yaratmışam, bu elə mənimdir. İnsan psixologiyası çox qəribədir. Ancaq ömür irəliləyir, yaş keçir. Mənim də partiya sədrliyi postunda sona qədər qalmaq fikrim yoxdur. Millət vəkilliyim davam edir. Ciddi yaradıcılıq planlarım var. Bu yaxınlarda bir neçə kitabım çap olunub. Mənim taleyim belədir ki, mən kabinetə qapanıb qalan yazıçılardan deyiləm. 21 yaşımdan qəzetdə işləmişəm, sonralar xalq hərəkatı, yəni mən indiyə qədər öz həyatımı ictimai proseslərdən kənarda təsəvvür eləmirəm. Ona görə də, təbii, bu məsələ mənim üçün bir qədər çətin prosesdir. Ancaq güman edirəm ki, gənclər gəlməlidir.
    Mən partiya içində gənclərin fəallaşmasına həddən artıq sevinirəm. Bizim qərargah gənclərin fikir mərkəzinə çevrilməkdədir. Gənclər təşkilatları öz toplantılarını burada keçirir, hətta gənc yazarlar təqdimatlarını burada təşkil edir. VHP-nin gənclər təşkilatı bu gün Azərbaycan siyasi partiyaları içərisində ən güclü gənclər təşkilatlarından biridir. Zamanı gəlincə, bu məsələ yerini alacaq.

    – VHP hələlik qurultay keçirməyib. Bundan başqa, müxalifət düşərgəsində də aydın bir fikir yoxdur. 2003-cü il seçkilərində namizədliyimi vermişdim. Azərbaycandakı real durumu, qüvvələr nisbətini, o qüvvələrin nə cür idarə olunduğunu, eləcə də ölkədə yerlibazlığın, tayfabazlığın hansı səviyyədə olduğunu bilən bir adam kimi mən o xəyalda deyildim ki, prezident seçiləcəm. Ancaq bu, vətəndaşlarla görüş üçün şans idi. Necə deyərlər, kəşfiyyat xarakterli bir addım idi. Ancaq sonra gördüm ki, duruma o qədər ciddi müdaxilələr var ki, hətta mənim qohumlarım qədər mənə səs saxlamayıblar. Ondan sonra düşündüm ki, ədəbiyyatda, eləcə də xalq hərəkatının çətin dövrlərində gördüyüm işlərlə qazandığım hörməti bu gün seçki qutularındakı oyunbazlıqlara qurban vermək olmaz. O riski hər seçkidə etmək doğru deyil. Təbii, müxalifətin vahid namizədi ilə bağlı toplu bir qüvvənin, ümumi müxalifətin iradəsi olsa, o ayrı məsələ. Ancaq indiki halda bizim seçkiyə getməyimizdə ikiqat təhlükə var. Biz həm siyasi mübarizəni qeyri-bərabər şəraitdə aparan hakimiyyətlə, həm də rəqibi olacağımız müxalifət düşərgəsi ilə üz-üzə gələcəyik. Bu, bir neçə cəbhədən eyni zamanda zərbə almaq deməkdir. Ona görə də bütün bu məqamları nəzərə alıb qərarımızı verəcəyik.

    – Siz bir ara demişdiniz ki, partiyanın rəhbərliyini gənclərə verəcəksiniz. 20 illik ərəfsində belə bir qərar gözləniləndirmi?

    – Heç olmasa partiyalar dövlətdən maliyyələşsəydi, bu qərar bir qədər asan olardı. Allah eləsin, bu reallaşsın. Arxayın olaq ki, yaratdığımız bu qurum yaşayacaq. Bundan sonra çox asandır. Bilirsiz, insan yaşını hiss eləmir. Hərdən insan düşünür ki, bunu mən yaratmışam, bu elə mənimdir. İnsan psixologiyası çox qəribədir. Ancaq ömür irəliləyir, yaş keçir. Mənim də partiya sədrliyi postunda sona qədər qalmaq fikrim yoxdur. Millət vəkilliyim davam edir. Ciddi yaradıcılıq planlarım var. Bu yaxınlarda bir neçə kitabım çap olunub. Mənim taleyim belədir ki, mən kabinetə qapanıb qalan yazıçılardan deyiləm. 21 yaşımdan qəzetdə işləmişəm, sonralar xalq hərəkatı, yəni mən indiyə qədər öz həyatımı ictimai proseslərdən kənarda təsəvvür eləmirəm. Ona görə də, təbii, bu məsələ mənim üçün bir qədər çətin prosesdir. Ancaq güman edirəm ki, gənclər gəlməlidir.
    Mən partiya içində gənclərin fəallaşmasına həddən artıq sevinirəm. Bizim qərargah gənclərin fikir mərkəzinə çevrilməkdədir. Gənclər təşkilatları öz toplantılarını burada keçirir, hətta gənc yazarlar təqdimatlarını burada təşkil edir. VHP-nin gənclər təşkilatı bu gün Azərbaycan siyasi partiyaları içərisində ən güclü gənclər təşkilatlarından biridir. Zamanı gəlincə, bu məsələ yerini alacaq.

    – İlk öncə sərhədlər götürülə bilər. Vətəndaşların sərbəst gedib-gəlməsi üçün Avropa Birliyindəki kimi düzən yaratmaq olar. Çünki çox zaman dövlət sərhədləri millətlərin sərhədləri ilə üst-üstə düşmür. Əsrlərlə millətlər bundan əziyyət çəkir, dövlət iddiaları insanların taleyini faciəyə çevirir. Biz hər zaman BMT-də, ABŞ Dövlət Departamentində, Konqresində bu məsələləri qaldıranda həmin qurumlara bu xalqın bölünməsi haqqında sənədlər təqdim etmişik. Ona görə də düşünürəm və gözləyirəm ki Azərbaycanın siyasi dairələri də, ictimai birlikləri də bu tarixi şansı dəyərləndirə bilsinlər. Yüzlərlə məktublar getməlidir, dünya görməlidir ki, biz bu məsələdə maraqlıyıq.

    – Bugünlər Azərbaycan mediasında bir məsələ də müzakirəyə çıxarıldı – türk seriallarında Azərbaycan türkünün aşağılanması məsələsi. Sonuncu dəfə “Möhtəşəm yüzil” filmində Səfəvi hökmdarı aşağılandı. Türkiyədə türk dünyasının nüfuzlu aydınlarından sayılırsınız. Bu məsələni hər hansı formada müzakirəyə çıxarmaq, etirazınızı bildirmək fikriniz varmı?

    – Bu, tarixdir, əgər bir sarayda qarşı tərəfə aşağılayıcı söz deyilibsə, demək, digər sarayda da bunun qarşılığı səsləndirilib. Osmanlı ilə Səfəvi təfəkküründə birləşmək ideyası olmayıb. Belə olsaydı, daha çox işlər görə bilərdilər. Ancaq başqa bir məsələ də var. Bu gün Azərbaycan da müstəqil dövlətdir, Türkiyə də. Niyə bir araya gələ bilmirik? Onları ittiham edən bizlər niyə bir konfederasiya yarada bilmirik? Təbii, aşağılayıcı ton iki xalqın münasibətlərinə xələl gətirirsə, biz ziyalı olaraq səssiz qala bilmərik. O ssenaristləri də, o filmlər çəkilən şirkətlərin rəhbərlərini də tapmaq, danışdırmaq olar. Ancaq biz bir məsələni də unutmamalıyıq ki, Türkiyədə bu sektor solçuların, etniklərin, türk düşmənlərinin, kommunistlərin əlindədir. Ona görə də onu o dəqiqə dövlətin ayağına yazmaq olmaz.

    – Ölkə gündəmini ciddi şəkildə məşğul edən daha bir məsələ YAP Siyasi Şurasının üzvü Gülər Əhmədovanın ABU-nin keçmiş rektoru Elşad Abdullayevlə qalmaqallı “mandat alveri” videosudur. Rəhbərlik etdiyiniz partiyada belə bir məsələ yaşansaydı, qərarınız necə olardı?

    – Hər partiyanın minlərlə üzvü var, onların hamısının həyatının bütün tərəflərini nəzarətdə saxlamaq mümkünsüzdü. Düşdüyü şərait, ehtiyac insanları nəyə vadar edir, bunu demək, proqnozlaşdırmaq çətindir. Heç bir partiya bundan sığortalanmayıb. Ancaq hər halda Azərbaycanda bir millət vəkilinin, keçmiş universitet rektorunun adının bu şəkildə hallanması heç xoş deyil. O özəl universitetlər necə yaranıb, onların təməlində nə dayanıb – bunu bilirik. Onların Azərbaycan təhsilinə vurduğu zərbə də bəllidir. İşin mahiyyətini bilmədiyimə görə, qiymət verməkdə çətinlik çəkirəm. Bu gün texniki imkanlar elədir ki, çox şeylər düzüb-qoşmaq, internetdə yerləşdirmək olar. Ancaq bütün hallarda bu, olduqca arzuolunmazdır. Heç kim özünü o videogörüntülərdəki insanların yerində görmək istəməz. Şükür ki, bizim ətrafımızda olanlar həyatın dibindən çıxmış, çox zaman gündəlik ehtiyac və qayğılarla yaşayan insanlardır. Ölkədə çox çətin sosial şərait hökm sürür. Ancaq çalışırıq ki, partiya öz adını, ləyaqətini qorusun.

    Aygün MURADXANLI

    Yeni Mwsavat

  • Azərbaycanın müstəqilliyinin bərpasından 21 il ötür

    Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın 21 yaşı tamam olur.

    XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

    Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

    Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

    Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

    1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

    1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

  • VHP-nin payız planı

    Adətən yay fəsli bitdikdən sonra siyasi partiyalarda bir canlanma başlayır. Bəs görəsən, bu il necə olacaq, partiyalar qarşılarına hansı məqsədləri qoyublar? Təşkilatların “payız planları”nda nələr var? Partiyalar indidən 2013-cü il prezident seçkilərinə hazırlaşırlarmı? 

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Təşkilat Şöbəsinin müdiri Samir Əsədli isə hazırda partiyanın 20 illik yubileyinə hazırlıqların getdiyini deyir. Sentyabrın 26-da VHP-nin yaranma günü olduğunu xatırladan həmsöhbətimiz, bu ay partiyanın Ali Məclisinin sessiyasının çağırılacağını da bildirib: “Bu ay iş qrafikimiz çox gərgindir. Keçiriləcək yubileyə partiyanın fəalları, ictimai-siyasi təşkilatların təmsilçiləri, partiya sədrləri dəvət olunacaq. Tədbir Bakıdakı salonların birində nəzərdə tutulur. Ali Məclisin sessiyasından sonra isə partiyanın növbəti qurultayının işlərinə start veriləcək”. 

       VHP-nin prezident seçkilərinə hazırlaşmadığını deyən S.Əsədli hesab edir ki, bu barədə danışmaq hələ tezdir: “Çünki prezident seçkilərinə xeyli müddət qalıb. Bununla belə, seçkilər bizim üçün də aktual məsələdir. VHP-nin İctimai Palatada nümayəndəsi var. Biz də müxalifət partiyası olaraq hesab edirik ki, müxalifət seçkiyə vahid namizədlə getməlidir. Ona görə də VHP olaraq ayrı bir namizəd düşünmürük, müxalifətin seçkiyə vahid namizədlə getməyinin tərəfdarıyıq. Partiyanın sədri də bununla bağlı dəfələrlə fikrini bildirib”.