Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • ABŞ səfiri ilə müxalifətin qapalı görüşü oldu

    ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mayın 23-də səfirlikdə bir müxalifət təşkilatlarının rəhbərliyinə daxil olan şəxslərlə görüşüb. Görüşdə VHP sədri Sabir Rüstəmxanlı,  AXCP sədri Əli Kərimli, “El” Hərəkatının sədri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə,  Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, REAL Hərəkatının sədr müavini Erkin Qədirli iştirak edib.

    Görüşdə hansı məsələlərin müzakirə edildiyi barədə məlumat almaq üçün Gülağa Aslanlı ilə əlaqə saxladıq. Gülağa Aslanlı bildirdi ki, səfirlikdə müzakirə olunan məsələlər barədə mediaya məlumat verməmək barədə razılaşma olub. Ona görə də ətraflı heç bir informasiya verməyəcək: “Orada razılaşma oldu ki, keçirilən görüşdə müzakirə olunan məlumatların yayılması xoş əhval yaratmır. Ümumi bir cümlə deyə bilərəm ki, ölkədəki ictimai-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıldı”.

    Bu gün ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla müxalifət liderlərinin qapalı görüşü keçirilib. Modern.az-ın məlumatına görə, görüşdə müzakirə olunan məsələlərlə bağlı səfir siyasətçilərə mətbuata açıqlama verməməyi tapşırıb.

    Görüşdə iştirak edən deputat, Vənətdaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, ümumi razılaşmaya əsasən səfirlik özü mətbuata məlumat yayacaq.

    Ehtimallara görə qapalı görüşdə Milli Şura məsələsinin müzakirə olunduğu bildirilir.

  • Azərbaycanın rus ordusu tərəfindən işğalından 93 il ötür

    Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 93-cü ildönümüdür. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi.

    Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi.  Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı.  Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər.

    Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 

    11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi.  Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.  Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

    Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.

    71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır. Məhz 93 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil. Əksər ekspertlər hesab edir ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.

    Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır. İlk növbədə tarixçilər formal da olsa, Azərbaycanın bir dövlət kimi dövlətçilik atributlarının formalaşmasını göstərirlər. Sonra bu atributlar və hökumət strukturları müstəqil Azərbaycan Respublikasının formalaşması üçün baza rolunu oynadı. Eləcə də İslam aləmində ən yüksək savadlılığın yaranmasında Sovet hakimiyyəti az rol oynamayıb.

    Ekspertlərinə sözlərinə əsasən, Azərbaycan Sovet Respublikası Sovet dövründə ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş regionlarından biri idi. Amma müsbət cəhətlərinə baxmayaraq Sovet Rusiyası aprel işğalı ilə tarixdə Azərbaycanın demokratik cümhuriyyətinin qatili kimi qalacaq.

  • “Azad Gənclik” Təşkilatının üzvü həbs olundu

    Mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadəyə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

    Vəkil Nemət Kərimli “Media forum” saytına bildirib ki, həmin gün İlkin Rüstəmzadə Nəsimi Rayon Məhkəməsinə aparılıb və məhkəmə istintaqın təqdimatı əsasında gənc fəal barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

    Cinayət Məcəlləsinin 221-ci maddəsinin sözügedən bəndlərində göstərilir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • Məhrum jurnalist Elmar Hüseynov anıldı.

    Martın 2-də hər il olduğu kimi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümü qeyd olundu. Mərhum jurnalistin qətlə yetirilməsinin 8-ci il dönümündə ictimaiyyət nümayəndələri, gənclər, siyasi partiyaların təmsilçiləri onun məzarını ziyarət etdilər. Onun məzarı önündə əklillər qoyuldu, ruhuna dualar oxundu.

    Ziyarətə gələnlər arasında Müsavat başqanı İsa Qəmbər, İK KŞ üzvü Ədalət Yusifov, Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı, AXP sədri Pənah Hüseyn, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, VHP Siyasi Şurasının üzvü Samir Əsədli də var idi. Eyni zamanda gənc fəallar da mərhum jurnalisti yad etməyə gəlmişdilər. 
    E.Hüseynovun məzarı başında çıxış edənlər qətlə görə mövcud hakimiyyəti ittiham etdilər və iqtidarın bu işi açmaqda maraqlı görünmədiyini vurğuladılar. Əvvəlcə atası Sabir Hüseynov söylədi ki, bundan sonra istintaqdan artıq heç bir şey gözləmir. O, oğlunun həqiqətlərdən yazdığını deyərək həmkarlarının onu hər il yad etməsinə görə təşəkkürünü bildirdi.

    “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu 8 ildə çox şey unudulduğunu dedi: “Bu illər ərzində istintaqda yanlışlıqlara yol verilib. Biz qətlin ilk dövrlərində İctimai Təhqiqat Qrupu yaratmışdıq. Bir sıra nəticələr də əldə etdik. Gürcüstan Prokurorluğuna müraciət edib müəyyən nəticələrə gəlmişdik. Ancaq sonra qrup üzvlərinə qarşı təqiblər başlandı, onların yaxınları iş yerlərindən çıxarıldı. Ona görə fəaliyyəti dayandırmalı olduq. İndi milli təhlükəsizlik naziri müsahibəsində elə danışır ki, guya hər gün istintaq gedir. Biz onun qatillərinin cəzalandırılmasını istəyirik. Elmar Hüseynov bəşəri dəyərlər uğrunda mübarizəsinə görə qətlə yetirilib. Biz onu hər il yad edirik və bu ənənə bundan sonra da davam edəcək”.

    Müsavat başqanı İsa Qəmbər isə qeyd etdi ki, bu qətlin üstün açılanda və qatillər cəzalandırılanda E.Hüseynovun ruhu şad olacaq: “Onun itkisi böyük şok yaratdı. Elmarın qatili bu hakimiyyətdir və buna görə onun qatilləri qanun qarşısında cavab verməlidirlər. Bu günə kimi qətlin açılmasında təşəbbüs göstərənlər də cəzalandırılıb. Hakimiyyətin mahiyyəti budur. Neft Akademiyasındakı hadisələrdən sonra Tofiq Yaqublu araşdırma apardı və qətlin sifarişçisi kimi göstərilən ermənini Gürcüstanda tapdı. Məlum oldu ki, bu adam sadə bir kəndlidir. Tofiq Yaqublunu indi həbs etdilər. Eləcə də Elmarın qatilləri kimi göstərilən şəxslər də tapıldı. Kim qətlin üstünü açmaqda təşəbbüs göstərib onu cəzalandırıblar. Ancaq biz hər il ənənəni davam etdirib Elmarın məzarı başında yad etməliyik. Onun qatilləri bir gün qanun qarşısında cavab verəcək. Bu gün gənclərimiz çox fəaldır və onlar da mərhum jurnalistimizi yad etməy gəliblər. Bu belə də davam etməlidir”.

    “Turan” İA direktoru Mehman Əliyev isə dedi ki, Elmarın qətli ilə bir neçə il jurnalistlərin gözünü qorxutmağa, daxili senzura yaratmağa çalışdılar: “Ancaq son illər bu əks effekt verir və həqiqətlər yazılır”.
    VHP sədrinin gənclər müşaviri Samir Əsədli dedi ki, qatillər cəzalandırılmalıdır: “Elmarın qətli azad mətbuatın susdurulması cəhdi idi. Mətbuat bir aynadır və Elmarı öldürməklə bu aynanı sındıra bilmədilər. Bu gün jurnalist olmağa başlayan hər bir gənc gəlib Elmarın məzarını yad etməli, onu tanımalıdır”.

    Ziyarətə gələnlərdən NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı və Avropa Hərəkatının üzvü Pərviz Əzimov və “Azadlıq” radiosunun əməkdaşı Çingiz Sultansoy da çıxış etdilər. Sonra jurnalistlərdən Çingiz Sultansoy, Elmin Hüseynov da onun barəsində danışdılar.

    Axşam 20:00-da isə E.Hüseynovun qətlə yetirildiyi yer-yaşadığı evin qarşısında ənənəvi olaraq anım tədbiri keçirilib.

    Qeyd edək ki, istintaq orqanları isə jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər. 2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb. Xatırladaq ki, Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 dəfə atəş açılıb.

  • Hilal Əliyev -70

    QEYRİ-RƏSMİ DEPUTAT və ya HİLAL MÜƏLLİMİN KARIMIZA GƏLƏN ÖMRÜ

    …və bir az da MÖVZUDA GƏZİŞMƏ

     

    ONUN hamımızın üstündə haqqı var…O isə ÖZÜNÜ hamıya borclu bilir. Biz ONUN gözü qabağında QOCALDIQ… O isə bizim gözümüzün qabağında hər gün UCALDI: təmkiniylə,xoş rəftarı ilə və SAF QƏLBİ İLƏ…

    Şərait dəyişəndə çoxları damarını tapdıqları ZAMANları əllərindən çıxanda özlərini yerə sürtdülər. O isə ONA verilən şanslardan İMTİNA ETDİ. ONUN nə bu dünyadan, nə də dünyanın bizim boyumuza kəfən biçdiyi bu ZAMANDAN UMACAĞI YOXDU…O, gözlərin odunu alan  müharibənin qara kağızlarının qapıları sırtıq üzü ilə döydüyü  ZAMANIN UŞAĞI OLUB. Atası müharibədən yaralanıb qayıtmışdı, gətirdiyi yaralarla canı əlbəyaxda idi… və canı tab gətirmədi…Müharibənin qara kağızlarından nəfəsini dərən kənd evlərinin taxta qapılarını aclıq və səfalət döyüb… O,o günlərin yoxduçuluğunu, kəndin kasıb sifətini, evlərin qonaqdan üzüqara günlərini, yamamağa yeri qalmayan paltarları, çarıq ayaqqabıları GÖRÜB… Sərfəsi sakitdi… GÖRDÜKLƏRİ GÖZÜNÜ ÇOX QORXUDUB…

     

    … və ANKETSAYAĞI TANIŞLIQ

    ADI və SOYADI – ƏLİYEV HİLAL RZA OĞLU

     

    DOĞULDUĞU YER və TARIX – Yardımlı rayonunun Çanaxbulaq kəndi, 20 mart 1943-cü il

    (O gün müharibənin 637-ci günü olub. O gün gülüşə dodaqların gücü çatmayıb, sevinməyi özlərinə ar biliblər… Qonşu çəpəri doğan analar doğduqlarına Allahdan çəpər İSTƏYİBIƏR … )

    YADDAŞININ QARA SIYAHISI – aclıqdan zülüm-zülüm ağlayan kənd uşaqları, uşaqlarını acından ölməyə qoymayan kənd arvadlarının nəmli, yuxusuz gözləri,tərə – türədən ötrü örüşlərə düşən qız-gəlinlər…

    HƏYATININ SINAQLARI – 16 yaşında Sumqayıta qardaşı Hacı Təvəkgülün yanına gəlir. Gecələr oxuyur, GÜNDÜZLƏR FƏHLƏ IŞLƏYIR… Fəhləçiliyin qara günlərinin yükü  bərkiməyən sümüklərini sızıldadır, gözlərini yuxuya tamarzı qoyur. Yaşıllaşdırmada da fəhlə işləyir, çörək zavodunda da, Sintetik kauçuk zavodunda da… 21 yaşında Pedaqoji institutun riyaziyyat fakultasinin axşam şöbəsinə qəbul olur. Bir il SSRI-nin edam və sürgün yerləri Sibrin sözü ağızlarda donduran şaxtasında, iki il isə Qazaxstanın ilanların da mələyə bilmədiyi çöllərində hərbi xidmət keçir… 27 yasinda institutu bitirir… Sumqayıt şəhər təhsil şöbəsində 2 il filmateka şöbəsinin müdiri, 5 il direktor müavini, 14 il direktor işləyir…

    VƏ DIREKTORLUQDAN İMTİNA EDIR…İrad da tuturlar, inad da edirlər… Ərizəsinin üstünü uzun zaman yazmırlar. O,sözündən dönmür. Özü öz yerinə adam da tapır…Bəhanəsi də o olur ki, mənim zamanım deyil…VƏ ƏSLİNDƏ ONUN ZAMANI HEÇ ZAMAN OLMADI… O, bu ZAMANIN BAZARINDA maya batıran İDİ… və ən çox da əli kasad idi, alımda da, verimdə də…

    O TALEYİNDƏN ÇOX RAZIDI. O, özündən böyüklərə ehtiramlı, özündən kiçiklərə səmimi olub.Həmişə istəyib ki, dostları,tanışları yaxşı yaşasın. Ömrü boyu var-dövlət yığmağa həvəsi olmayıb. Həyatına və yaşadıqlarına naşükür deyil. Onu hayatı va yaşadıqları qane edib. Onun üçün həyat hamar yollardan ibarət deyil. “Insanlara bədbəxtlik, cətinlik,yoxsulluq, ya da dərd-qəm lazımdı.Yoxsa insanlar özlərini tez unudarlar”, -Şekspirdən sevdiyi bu kəlamı dostlarına da xatırladır. Dostlarını özündən çox istəyir.Aristotelin: “Düşmən qazanmaq istəyirsənsə özünü dostlarından yüksək,dost qazanmaq istəyirsənsə dostlarını özündən yüksək tut”, – deyiminə çox inanır…

     

    HAŞİYƏ ƏVƏZİ va ya DOSTU BƏŞİR MÜƏLLİMİN DEDIKLƏRİNDƏN:

     

    – Onunla yol yoldaşı olanda adam heyrətlənməyə bilmir. Yol boyu yanımızdan ötüb keçən adamların çoxu ayaq saxlayır, salamlaşıb Hilal müəllimdən hal-əhval tuturlar. Bəzən adama elə gəlir ki, onu hamı tanıyır. Bir dəfə soruşdum ki, sən bu şəhərdə hamını tanıyırrsan? Cavab verdi ki, kimi istəyirsən soruş. Hilal müəllim tanımaqdan əlavə çoxu ilə əlaqə saxlayır. Onun nəinki Sumqayıtda, hatta Azərbaycanda va xaricdə yaşayan soydaşlarımızın çoxu haqqında dəqiq məlumatı var. Zarafat deyil, 54 ildir ki, Sumqayıtda yaşayır. Bu yaxınlarda öyrəndim ki, yaddaş kitabçası yazıb, orada şəhərimizin ziyalılarının,iş adamlarının, məktəb va bağçalarda işləyən həmkarlarının doğum günləri, ünvanları, telefon nömrələri var…Ondan bir iş xahiş edəndə öz vacib işini yarımçıq qoyub, çalışıb sənin işini həll edəcək. Ömrünün ixtiyar çağlarını yaşasa da nəinki el-obanın, tanıdığı sumqayıtlıların da xeyir-şərindən qalmır. Zəng edib xəbər eləyir, dünyasını dəyişmiş dost-tanışın yas yerini, vaxtını bildirir. Deyir ki, adam gərək el-obanın xeyir-şərindən dala qalmasın, bu gündən hamımız üçün var… Çox məlumatlı insandı Hilal müəllim. Bildiklərini həmsöhbətinə çatdırmaq üçün elə mükəmməl, sadə dillə izah edir ki, məmunluğu həmsöhbətin gözlərindən hiss edirsən. Hilal müəllim alicənablığı, insanpərvərliyi və dostcanlığı ilə hörmət qazandığından biz hamımız onun xatirini çox istəyirik

     

    O, İNSANIN HAQQINA  XƏYANƏT ETMİR…

     

    O, ölüm-itimdən qorxur. Qorxur ki, kimlərinsə haqqı üstündə qalar. Allahın bəyanıdı ki, mən iki şəxsi-yalançıları və nankorları hidayət etmərəm. O, yalançı deyil, heç yalan danışmağın çəmini də bilmir. O,üstündə olan haqları da danmır. Onun hayatında üç şəxsin haqqı böyük olub. Hacı Dilavər Agababa oğlunun, Araz Camal oğlunun və Nərçə Bəhmən oğlunun. Onların üçü də HAQQ dünyasındadı, HAQQLARI isə bu dünyada qalıb… Hilal müəllim ONLARIN bizim yanımızda qalan HAQLARINDAN üzüqara qalmamaq üçün HAMIYA DEYIR…Dediklərində isə BÖYÜK SEVGİ VAR haqqı ustündə qalanlara…

     

     …VƏ BİR AZ DA HİLAL MÜƏLLİMİN ÖZ ANLATDIQLARINDAN:

     

    – 1981-ci ilin sentyabrın 1-də təhsil aldığım 4 saylı növbəli orta məktəbə məni direktor təyin etdilər.Birinci iş günündən bir saat keçməmiş katibə dedi ki, Hilal müəllim qəbul otağında buxara papaqlı, nurani bir kişi sizinlə görüşmək istəyir. Dərhal kabinetdən çıxıb onu qarşıladım. Dilavər dayı idi gələn. O,məni qucaqlayıb bağrına basdı. Məni təbrik etdi, uğurlar dilədi. Onu kabinetə dəvət etdim.Onun gəlişini bir işlə bağlı olduğunu düşündüm. Soruşdum ki, bir hadisə baş verməyib ki? Rəhmətlik hazırcavab idi. Dedi ki,olub, həm də çox böyük hadisə olub.Yenə onu anlaya bilmədim. Dilavər dayı mənə dedi ki, rayonumuzdan uçüncü adamsan ki,vəzifəyə təyin olubsan, birinci Nərçə Ağayev, ikinci Vəkil Ismayılov, üçüncü də sənsən. Soruşdum ki, haradan bildin ki,məni direktor təyin ediblər? O güldü. Onda anladım ki,Dilavər dayi məlumatlı va təcrübəli adamdı. Çay içib bir xeyli söhbət etdik,məsləhətlərini verdi. Həm də hayatım boyu mənə köməyi dəydiyi məsləhətlər verdi. Ən çox da ona təkid etdi ki, kiminlə işləyəcəyəmsə yoxlayıb etibar edim. Hətta anamın cəddinə and verdi. Elə bil içində mənim üçün qorxu var idi.Istəmirdi ki,dişlə-dırnaqla qazandığım bu yeri itirim. Onda başa düşdüm ki,hayat təcrübəsi böyük məktəb imiş. Sonralar biz tez-tez görüşürdük. Məktəb növbəli olduğundan iş vaxtı gec qurtarırdı. Dilavər dayı vaxtı olan kimi gəlirdi. Dostluğumuz uzun müddət davam etdi. Mən ondan həyat dərsi aldım.Heyfsilənirəm ki,Hacı Dilavər vaxtından əvvəl dünyasını dəyişdi.Onun məsləhətlərinə hələ çox ehtiyacımız var idi. Çox şükür ki,onun yolunu ciyərparası Hacı Gülaga davam etdirir.

    ONUN QIZIL TEŞTİ OLMADI, QIZIL AILƏSİ VAR.Peygəmbərimizin sözüdü ki, ən böyük var-dövlət dürüst uşaqlar tərbiyə etməkdi. Tərbiyə ONUNÇÜN bir peşə vərdişi deyil. Və bir az da GENETİKdi.Anası Gülsaba nənə BƏY QIZI İDİ. Görüb-götürmüş seyid ocağında böyümüşdü. Həm də çox mərhəmətli qadın olub, tikəsini bölüb. Gəlini Raisa xanım da ocağa çəkdi. O da qayınanası kimi evinə gəlib-gedənin yol-yolağını saxlayır, bilməyənə bildiyini öyrədir, əli dara düşənə, sıxışıb ona sığınana təsəlli olur…Və hər zaman icindəki IMANA INANDI. Raisa xanım da peşəkar tərbiyəçidi, 35 il şəhərin 15 saylı məktəbində müəllimə işləyib. Oğlanları Faiq, qızları Rəna və Mehriban, nəvələri Əfsanə, Aytacın ADAMLIQLARI, SU KİMİ PAKLIQLARI, HALALLIQLARI O EVİN RUZİ-BƏRAKƏTİDİ. O uşaqlardan ağzı yanan olmayıb. O evdə qeybət,dedi-qodu,yalan-palan da olmayıb…VƏ O EVIN QAZANCI ÇOXDU…

    VƏ BU DA SON…Hilal müəllim mənim doğmaca əmim oğludu. Çoxlari kimi ONUN mənim üstümdə də HAQQI ÇOXDU. Onun evi gedəcək yerim olub, tikəsi savaba çatıb…Mən O EVDƏN XOŞ ÜZ GÖRDÜM…VƏ BU YAZI DA O HAQQI ÖDƏYƏ BİLMƏZ…

    …Hilal müəllim əsgərilikdə xidmət etdiyi hissənin böyüklərinə qulaq assaydı İNDİ KAZAXISTANDA GENERAL İDİ…Hilal müəllim harama bulaşsaydı İNDİ BÖYÜK MƏNSƏB SAHİBİ İDİ…Və olmadı.Əli Nəcəfxanlı demişkən Hilal müəllim Sumqayıtın qeyri-rəsmi deputatı oldu. Bizim va hamımızın KARINA GƏLDİ…

    Allahın mənə və bizə verdiyi ağılla deyirəm ki, nə yaxşı Hilal müəllim general olmadı,nə yaxşı harama bulaşıb böyük mənsəb sahibi olmadı.ÖZÜ OLDU… ALLAH VƏ BƏNDƏ QARŞISINDA ÜZÜQARA DEYİL…

                                                                                           

    ŞÜKÜR SƏLİMXANLI
  • Xocavəndin işğalından 21 il ötdü

    Təkcə Qaradağlı kəndindən girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub

    Erməni və rus silahlı birləşmələri Xocalıda soyqırımı həyata keçirmək üçün öncə Xocavənddən başladılar.

    Yəni 1992-ci il fevralın 17-də Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, eləcə də Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə
    Xocavənd rayonu işğal olundu. Şahidlərin dediyinə görə, ermənilər Xocavəndin işğalı zamanı da soyqırım törədiblər. Sadəcə bu faktları zamanında bütün bünyaya çatdıra bilməmişik.
    Hə yazıqlar ki, bu və digər faciələrimizi yalnız ildönümlərdə xatırlayırıq, bundan artığını hələlik bacarmırıq. Uzaqbaşı ildönümlər yaxınlaşanda bir neçə kitablar nəşr etdirməklə, dəyirmi masalar düzənləməklə işimizi yekunlaşdırırıq. Yəni ermənilərin bu günə kimi başımıza gətirdikləri müsibətləri olduğu kimi dünya ictimaiyyətinə çatdıra, bu yöndə əməli iş görə bilmirik. (Başımıza gətirilən müsibətlərin müqabilində gördüyümüz işlər isə dəryadan bir damcıdır-red.). Biz yalnız Azərbaycanda özümüz deyib, özümüz də eşitməklə məşğuluq, bundan o yana gedə bilmirik. Ermənilər isə baş verməyən qondarma soyqırımlarını hər gün, hər saat yalan və şişirdilmiş informasiyalarla dünya ictimaiyyətinin beyninə yeridirlər. Çünki onlar qondarma soyqırımlarını təkcə uydurduqları tarixi gündə yad etmirlər, eyni zamanda, hər gün olmayan tarixlərini bu və digər formada yada salırlar. Məsələn, Ermənistana gələn rəsmi və qeyri-rəsmi qonaqları İrəvanın mərkəzində ucaltdıqları qondarma soyqırım abidəsini ziyarət etmək üçün aparırlar. Qonaqları özlərinin guya ki, faciəylə üzləşdiklərini həm «soyqırım» abidəsi, həm də uydurduqları tarixdən hazırladıqları kitablar vasitəsilə inandırırlar. Məhz elə bunun nəticəsidir ki, beş il öncə Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner hansı ölkənin-Azərbaycanın, yoxsa Ermənistanın işğalçı ölkə olduğunu hələ də bilmədiyini söyləyirdi. Bu faktla birinci dəfə deyil ki, qarşılaşırıq. Vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri belə, Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını bildirmirlər. Və hər dəfə Dağlıq Qarabağ probleminin həlliylə bağlı keçirilən danışıqlar zamanı işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı eyniləşdirirlər. Və hər ikisinin güzəştə getməsini məqbul sayırlar.
    İstər Xocalı, istər Xocavənd, istərsə də digər faciələrimiz tarixi və bədii kitablarda, rəsm əsərlərində öz əksini layiqincə tapmayıb. Düzdür bəzi istisnaları çıxmaq şərtilə, hələ də bu istiqamətdə nə tutarlı tarixi və bədii kitablara, nə də incəsənət nümunələrinə rast gəlməmişik.

    xxx

    Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai, Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ obası, Tuğ kəndi və s.
    Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə-tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib.
    Yuxarıda qeyd etdiyimiz kimi Dağlıq Qarabağda yerləşən Ermənistan hərbi birləşmələri, Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevral ayının 15-dən başlayaraq, rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma keçirlər. İki gün çəkən döyüşdən sonra mühasirəni qıran ermənilər fevralın 17-də kəndi işğal edirlər. İşğal zamanı Qaradağlı kəndi tamamilə dağıdılır, dinc, əliyalın, günahsız əhaliyə, uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulur. Qaradağlıdan girov götürülən 117 nəfər kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub. Şahidlərin sözlərinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onların bəzilərinin başları kəsilib.

  • VHP müxalifətçilərin həbsini pislədi

    VHP “REAL” sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsi ilə bağlı bəyanat verib.


    Bəyanatda deyilir:
    “Vətəndaş Həmrəyliyi Partiyası “REAL” Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsindən narahat olduğunu bildirir və bunu hakimiyyətin siyasi təzyiq vasitəsi kimi qiymətləndirir.

    İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya getməsi ordakı hadisələrin baş verdiyi gündən bir gün sonraya təsadüf edir. Onların narazı kəsimi təxribata çəkməsi, prinsipcə, inandırıcı görünmür, çünki İ.Məmmədov və T.Yaqublu özlərindən əvvəl başlamış hadisələrin iştirakçısı ola bilməzdilər.

    Digər tərəfdən, İ.Məmmədov və T.Yaqublu hər ikisi ölkənin tanınmış siyasət adamlarıdır, istintaqdan yayınmayıblar, ona görə də istintaq müddətində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə heç bir ehtiyac yox idi. Həbs qətimkan tədbirinin seçilməsi və onların cəmiyyətdən təcrid olunması bu siyasətçilərə qarşı irəli sürülən ittihamların siyasi xarakterli olması şübhələrini daha da gücləndirir və siyasi fəallara qarşı hakimiyyətin dözümsüz yanaşdığını ortaya qoyur.

    Bu həbslərin Azərbaycanın imicinə necə zərbə vuracağını nəzərə alaraq, hesab edirik ki, hakimiyyət bu kimi üsullardan birdəfəlik əl çəkməli, ölkə rəhbərliyi siyasi iradə ortaya qoymalı və İ.Məmmədov və T.Yaqublunun istintaq müddətində azadlığa çıxmalarını təmin etməlidir”.

  • Xankəndi (statistik məlumatlar, fotolar)

    Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci ilin dekabrında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

    Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
    Xankəndi şəhəri şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunmuşdur.
    Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər
    XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınmışdır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır. Qısa bir müddətdən sonra isə Xankəndi adını alır. Qarabağ xanlığı dönəmində şəhər çox inkişaf etmişdir. Əsas səbəb isə şəhərin mərkəzdə və paytaxta yaxın olması, ticarət yollarının buradan keçməsi, xanların iqamətgahı olması, əlverişli mövqedə yerləşməsi, zəngin təbiətinin olması göstərilir.
    Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə gedir. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. 
    Xankəndində tikilmiş müəssisələr vilayətin sənaye məhsulunun yarısından çoxunu istehsal edirdi. Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları isə Azərbaycanın daxili bazarında özünə layiqli yer tutmuşdur.
    Qeyd: Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Sovetlərinin 07.07.1923-cü il tarixli Dekretinə əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılarkən, həmin Vilayətin mərkəzi Xankəndi şəhəri olmuşdur. 18.09.1923-cü ildə isə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi şəhərinin adı dəyişdirilərək Stapanakert şəhəri adlandırılmışdır. 
    Azərbaycan SSR Baş Soveti Prezidiumunun İclasının 01.02.1939-cu il tarixli Protokoluna əsasən Stepanakert şəhəri rayon tabeli şəhərlər kateqoriyasından Muxtar Vilayət tabeli şəhərlər kateqoriyasına aid edilmişdir.
    Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 15.05.1978-ci il tarixli, 837-IX nömrəli Fərmanı ilə Stepanakert rayonunun mərkəzi Stepanakert şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilmiş və Stepanakert rayonu Əsgəran rayonu adlandırılmışdır. 
    Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin 21.04.1990-cı il tarixli, 1783-XI nömrəli Fərmanına əsasən Stepanakert şəhərinin Kərkicahan yaşayış massivi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Stepanakert Şəhər Sovetinin tərkibində Kərkicahan Qəsəbə Soveti yaradılmışdır. 
    “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən isə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır. Əsgəran və Hadrut rayonları ləğv edilmişdir. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun ərazisinə verilmişdir. Xankəndi və Şuşa şəhərləri respublikla tabeli şəhərlərin, Ağdərə, Xocavənd Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.

    Əhalisi

  • İstiqlalçı Deputatlar Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib

    İstiqlalçı Deputatlar Məclisi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

    APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən tədbirdə İstiqlalçı Deputatlar Məclisinin üzvləri çıxış edərək bu tarixin əhəmiyyətindən, millətin formalaşması prosesindəki rolundan danışıblar. İbrahim İbrahimli, Hacıbaba Əzimov, Firudin Cəlilov, Sülhəddin Əkbər, Tahir Əliyev, İsa Qəmbər, Pənah Hüseyn, o cümlədən AXCP sədrinin müavini Nurəddin Məmmədli, VHP sədrinin müşaviri Arif İsmayılbəyli həmrəylik bayramının müstəqillikdən doğduğunu bildiriblər.

    Mərasimdə həmçinin, İrandakı türklərin milli haqları da müzakirə mövzusu olub. Bununla yanaşı çıxış edənlər, iqtidarı Müstəqillik Aktının müəlliflərinə və Azərbaycanın istiqlalı uğrunda əməyi olan ziyalılara göstərilən münasibətdən narazılıqlarını vurğulayıblar.

    Sonda İstiqlalçı Deputatlar Məclisi adından Azərbaycan xalqına müraciət də qəbul olunub.

  • “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr” mövzusunda konfrans keçirilib

    Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda konfrans keçirilib.

    APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı Azərbaycanın şimalı ilə cənubu arasındakı əlaqələrdən və aradan qaldırılması vacib olan nöqsanlardan danışıb. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycanın mədəni birliyinə nail olmaq üçün əlaqələrin istiqamətləri genişləndirilməlidir. Onun sözlərinə görə, əlaqələrin genişləndirilməsinin hələlik yeganə yolu gediş-gəlişlərin sayının çoxalmasıdır.

    DAK Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, Güney Azərbaycan məsələsinə diqqət artırılmalı, dövlətin bununla bağlı konsepsiyası formalaşdırılmalıdır. O, mətbuatın da bu istiqamətdə fəaliyyətinin yetərincə olmadığını bildirib.

    Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin rəhbəri Yasəmən Qaraqoyunlu bildirib ki, dünyanın super dövlətləri mərkəzi İsrail olmaq şərti ilə həyata keçirdikləri “Orta doğu” proyektində  Azərbaycan türklərinin bütövləşməsini nəzərdə tutmayıblar. Onun sözlərinə görə, Azərbaycan türkləri buna qarşı getməli və öz dövlətini bərpa etməlidir. Y.Qaraqoyunlu müxalifətin də Güney Azərbaycan məsələsindəki mövqeyini bəyənmədiyini söyləyib.

    Güney Azərbaycandan olan, yazar Sayman Aruz Cənubi Azərbaycandakı vəziyyət, İran hökumətinin türklərə olan münasibəti haqda danışıb. O, Bakıda Güney Azərbaycan Yazarlar Fondunun yaradılması istiqamətində qarşıya çıxan problemləri də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu məsələdə Şimali Azərbaycanın imkanlı şəxslərindən dəstək əldə edə bilməyiblər.

    Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev siyasi dairələrdə Güney Azərbaycan məsələsinə olan biganəliyin səbəbini siyasi xadimlərin Azərbaycan tarixini yetərincə bilməməyində və siyasi dövlətçilik mədəniyyətinin tam formalaşmamasında gördüyünü deyib.

    Tədbir mövzu ilə bağlı çıxışlarla davam edib.