Türkiyə Cumhuriyyətinin (TC) qurucusu Mustafa Kamal Atatürkün vəfatından 75 il ötür.
Category: Arxiv
-
Atatürkün vəfatından 75 il ötür
Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Anası Zübeydə xanım, atası Əli Rıza əfəndidir. Orta təhsilini məhəllə məktəbində alan Mustafa 1893-cü ildə Selanik hərbi məktəbinə daxil olub. Burda təhsil alarkən məktəbin riyaziyyat müəllimi Yüzbaşı (Kapitan) Mustafa Səbri bəy ona mükəmməl mənasına gələn “Kamal” adını verir. Fransız dili müəllimi Yüzbaşı Nakiyüddin bəyin fikirlərinin təsirində qalan Mustafa Kamalda müstqillik düşüncəsi o vaxtlar formalaşır.1896-cı ildə Monastr Hərbi məktəbinə daxil olaraq 1899-cu ildə burdan məzun oldu. 1897-ci ildə başlayan Osmanlı-Yunan müharibəsində iştirak etmək istəsə də həm yaşının azlığı, həm də tələbə olması səbəbilə buna izn verilməyib.1899-cu ildə İstanbul “Mekteb-i Harbiye-i Şahane”yə (Hərbi Akademiya) daxil oldu və 549 akademik arasında birinci ili 27, ikinci ili 11, üçüncü ili isə 8-ci yerdə Mülazim (Leytnant) rütbəsilə başa vurdu. 1905-ci ildə isə həmin akademiyadan Kurmay Yüzbaşı (Qərargah Kapitanı) rütbəsi ilə məzun oldu.Mustafa Kamal o zamankı Osmanlı ordusunun tərkibində ölkənin müxtəlif yerlərində vəzifələrdə olmub, getdiyi yerlərdə isə hərbi vəzifəsi ilə yanaşı müstəqillik fikirlərini də təbliğ edib.1910-cu ildə Fransada keçirilən hərbi təlimlərdə iştirak edən Mustafa Kamal komandirinin xəbərdarlığı ilə təlim təyyarəsinə minmir. Məlumata görə, həmin təyyarə qəzaya uğrayıb və pilotlar hamısı həlak olub. Bəzi yazıçılar ömrü boyu təyyarəyə minməyən Mustafa Kamalın bu hərəkətini təlimdə baş vermiş qəza ilə izah edirlər.Daha sonra müxtəlif vəzifələrdə olan və bir çox müharibədə iştirak edən Mustafa Kamalı Osmanlı padşahı IV Vahiduddin Anadoluya göndərir. 1919-cu il mayın 19-da Samsun şəhərinə çatan Mustafa Kamal iyunun 22-də hazırladığı bəyanatla millətin gələcəyinin yenə də millətin əzmkarlığı və qərarlılığı ilə ilə xilas ola biləcəyini elan edir.1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılmasını təmin edərək özü də Ərzurumdan millət vəkili olur. Məclisin spikeri və hökumətin başçısı kimi Anadoluda Milli İstiqlal (Qurtuluş) mübarizəsini başladacaq hökumətin bazasını yaradır.1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cumhuryyətini elan edən Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da uzun sürən xəstəlikdən sonra vəfat edib. Qəbri (Anıtkabir) Türkiyənin paytaxtı Ankara şəhərindədir. -
Alim ömrünün unudulmaz anlari
İbrahim QuliyevAMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi
Böyük ictimai – siyasi, elmi – tarixi, bədii – etetik əhəmiyyətə malik olan memuar bu gün dünya ədəbiyyatında ən geniş yayılmış və ən çox oxunan ədəbi janrlardan biridir. O, bir ədəbi növ kimi ilk növbədə müəllifin yaşadığı dövrün real faktoloji mənzərəsini, onun ictimai-siyasi və tarixi proseslərdə yerini, hadisələrə individual münasibətini əks etdirməklə keçmişi bərpa etməyə çalışır. Memuarlar adi halda tərcümeyi – hal, hadisələrin xronikasına, bəzən isə oçerk anlayışlarına sinonim kimi işlədilsə də, onları eyniləşdirmək olmaz. Memuarların əsas xüsusiyyəti yenidən bərpa olunan keçmişin etibarlılığına iddia edən mətnin “sənədli” xarakterdə qurulmasıdır. Memuar müəllifi öz şəxsi həyatının tarixi kontekstini dərk etməyə, öz fəaliyyətini ümumi tarixi prosesin bir hissəsi kimi təsvir etməyə çalışdığı halda, tərcümeyi-halda müəllifin daxili həyatı və onun şəxsyyətinin inkişafı əsas götürülür. Müasir hadisələrin xronikasından isə memuarlar subyektivliyi, yəni təsvir edilən hadisələrin müəllifin hiss, duyğu süzgəcindən keçirilməsi, onun şüur prizmasında sındırılması ilə fərqlənir. Salnamələrdə müəllif proseslərdən kənarda dayanır, o, vəzifəsinin tarixi hadisələrin səthi təsvirini gələcək nəslə ötürmək olduğunu dərk etdiyindən, əsas qəhrəman rolunda çıxış etmək iddiasında olmur, seyrçi mövqe tutaraq kölgədə qalmağa çalışır. Memuarda isə müəllif keçmişin etibarlılığına birbaşa zəmanət daşıyan əsas qəhrəman rolunda çıxış edir. Bu mənada memuarları tarixin güzgüsü adlandıranlar hər şeydən öncə onun konkret zaman üçün tarixi əhəmiyyətindən çıxış edirlər.
Azərbaycanda nəşr olunan ədəbiyyatşünaslığa dair bir çox kitablarda isə memuarları məzmununa, bədii təsvir vasitələrinə, dil xüsusiyyətlərinə görə oçerklə müqayisə etmişlər. Hətta “vikipediya elektron ensiklopediya”da da memuarın daha çox oçerklə müqayisəsinə yer verilir. “Xatirə, yaxud memuar oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur… Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər… Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər”.
Amma memuar ilk növbədə ədəbi janr olaraq obrazlılığa üstünlük verməklə bədii real tarixi faktı, yaxud prosesi bədii mənzərə fonunda yenidən təzahür etdirir. Memurların oxunaqlı olması da bir tərəfdən tarixi keçmişə maraqdan doğursa, digər tərəfdən də onun məhz bədii xüsusiyyətləri ilə bağlı olur.
Bu janr Azərbaycanda XIX yüzilliyin sonlarında formalaşmağa başlasa da, onun kökləri daha qədim dövrlərə gedib çıxır. Məsələn, XV- XVI əsrlər Avropa renessansı qədim yunan-Roma mədəniyyəti üzərində yenidən dirçəlişə nail olmağa cəhd edərkən daha çox antik dövrün ayrı-ayrı şəxslərinə məxsus memuarlara bənzər tarixi mənbələrdən bəhrələnirdi. Bu mənada tədqiqatçı Kamran Əliyevin “Memuar renessans təfəkkürünün məhsuludur” fikri ilə razıəlaşmaq da olar, amma onu da unuda bilmərik ki, renessansdan əvvəlki dövrlərə aid Azərbaycan müəlliflərinin memuar janrının bir çox önəmli xüsusiyyətlərini özündə ehtiva edən əsərləri olmuşdur. Təbii ki, həmin əsərlərdə memuar janrına məxsus mükəmməl xüsusiyyətlərdən danışmaq olmaz, bununla belə onun vacib elementlərini həmin əsərlərdə müşahidə etmək olar.
… Bir sıra tədqiqatçılarımız bu janrın tarixi kökləri barədə kifayət qədər ciddi araşdırmalar apararaq onun izlərinin XI yüzilliyə gedib çıxdığını iddia etməkdədirlər. Ümumiyyətlə isə, bu sahədə araşdırma aparan tədqiqatçı alim Nailə Səmədovanın “Azərbaycan memuar ədəbiyyatı tarixi”, “İnsan, zaman və həyat həqiqəti”, Eyvaz Eminalıyevin “Azərbaycan milli memuar ədəbiyatı” və s. əsərlərini həm ədəbiyyat tarixi, həm də ədəbiyyat nəzəriyyəsi baxımdan uğurlu işlər hesab etmək olar. N. Səmədova öz tədqiqatlarında ilk ortaçağlardan dövrümüzə qədər yaşayıb-yaratmış Azərbaycan şair, yazıçı, sənət adamlarının əsərlərində, tərcümeyi-hal və xatirələrində tarixi proseslərin və sosial mədəni mühitin əksi, həyat həqiqətinin təsviri məsələləri ətrafında fikirlər yürüdərək, onları ilk memuar nümunələri kimi təhlil etmişdir. Azərbaycan ədəbiyyatında bu janrın bütün tələblərinə cavab verən kifayət qədər mükəmməl nümunələr isə əsasən ötən əsrdə meydana gəlmişdir. C. MəmmədquIuzadənin “Xatiratım”, A.Şaiqin”Keçmiş günlər”, Ö.F.Nemanzadənin “Xatirələrim”, Yusif Vəzir Çəmənzəminlinin “Bir cavanın dəftəri”, S.Rüstəmin “Unudulmaz müəllim”, M.Hüseynin “Bir ay, bir gün”, Anarın “Sizsiz”, Sabir Rüstəmxanlının “Xətai yurdu”, Nizami Cəfərovun “Bir dilçinin xatirələri” və s. əsərləri bu janrda işlənmiş ən mükəmməl nümunələrdən hesab oluna bilər. Doğrudur, Azərbaycanın müasir dövrdə tanınmış dövlət və siyasi xadimləri qələmlərini bu sahədə sınamağa bir o qədər də meyilli olmasalar da, göründüyü kimi, yazıçı və şairlər, ədəbiyyat və incəsənət araşdırıcıları bu janra kifayət qədər müraciət edib və etməkdədirlər. Son illərdə bu sahədə yazılmış ən uğurlu əsərlərdən biri də tanınmış alim, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylunun “Ömürdən anlar- yadda qalanlar” kitabıdır.
Möhsün Nağısoylunu Azərbaycan elmi-ədəbi ictimaiyyətinə və ümumiyyətlə, cəmiyyətə geniş təqdim etməyə ehtiyac yoxdur. Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitunda qırx ildən bəri səmərəli elmi fəaliyyətlə məşğul olan professor M.Nağısoylu orta əsrlərə aid bir çox ədəbi-bədii nümunələri ilk dəfə üzə çıxararaq, onları ədəbiyyatşünaslıq, tekstologiya və lingvistik aspektindən tədqiqata cəlb edən nüfuzlu tədqiqatçı alim, müasir ədəbi proseslərlə bağlı ciddi mülahizələr irəli sürən müasir dövr ədəbiyyatımızın təhlilçisi, fəal ictimai xadim və əvəzsiz pedaqoqdur. Alimin ən böyük xidmətləri sırasında onun Şirazinin “Gülşəni –raz”, Həzininin “Hədisi-ərbəin” tərcümələrini xüsusi qeyd etməliyik. O, ədəbi dil tariximizin dəyərli nümunələrindən olan “Şeyx Səfi təzkirəsi”nin ilk dəfə çapa hazırlanmasına, nəşrinə rəhbərlik etmişdir. (4.5) Ümumiyyətlə, M.Nağısoylunun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti”, “Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsəri”, “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” , “Əhmədinin “Əsrarnamə tərcüməsi”, “A. Bakıxanovun “Riyazül-qüds” əsəri klassik tərcümə nümunəsi kimi”, “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” monoqrafiyaları, eləcə də Möhsün Nəsirinin “Lisanüt-teyr”, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” və başqa kitabları Azərbaycan ədəbiyyatşünaslığında hadisə effekti yaratmışdır. (4.8) Akademik Vasim Məmmədəliyev onun filoloji –tekstoloji araşdırmalarını yüksək qiymətləndirərək yazır: “Möhsün müəllimin elmi araşdırmaları yeniliyi, sistemliliyi və ardıcıllığı ilə seçilir. Tədqiqat obyekti olaraq seçdiyi əlyazmaların çoxu orta əsrlərdə fars dilindən tərcümə edilmiş və ilk dəfə məhz onun tərəfindən elmi dövriyyəyə buraxılaraq sistemli şəkildə araşdırılmışdır”. (4.11) Xalq yazıçısı Elçin isə alimin “Gülşəni – razı” vasitəsilə Şərq ədəbiyyatının çox maraqlı bir nümunəsini özü üçün kəşf etdiyini bildirir. (4.15) Bir sözlə, elmi fəaliyyəti yüksək qiymətləndirilən, ədəbiyyatşünaslıq, dilçilik və mətnşünaslıq sayəsində bir çox nailiyyətlərə imza atan professor M.Nağısoylu bu dəfə qarşımıza tarixi həqiqətləri bədii lövhələrdə əbədişələşdirən yazıçı, keçmişi bərpa edən tarixçi, öz tərcümey-hal nümnəsində yeni nəslə düzlük, hallalıq, səmimiyyət dərs keçən həqiqi pedaqoq kimi çıxır. Onun “Ömürdən anlar- yadda qalanlar” kitabı 2011-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür.
Ağrılı, əzab-əziyyətli uşaqlıq, keşməkeşli və təlatümlü gənclik, zəhmət və alın təri ilə bəzənmiş bir müdriklik çağı yaşayan müəllif kitaba yazdığı ön sözdə bu janra üz tutmasının səbəbini çox yığcam və lakonik şəkildə oxucuya çatdırır. O, “… ömür kitabının ayrı-ayrı səhifələri, xatirələri özündən bir yadigar olaraq övladlarına və nəvələrinə, qohumlara və dostlara, tanış – bilişlərə, tələbə və şagirdlərə, dəyərli oxuculara ərməğan olsun…” deyə bu əsəri qələmə aldığını bildirir. Amma fikrimizcə, əsər daha böyük missiyaya – insan və zaman, insan və sosial mühit, insan və onun idealı kimi ciddi problemlərə həsr olunmuşdur. İki, daha doğrusu, üç (Əfqanıstandakı on illik fəaliyyəti də buraya daxil edə bilərik) fərqli ictima-siyasi sistemdə “bərkiyən” müəllifin əsərində təkcə problemlərin qoyuluşu deyil, həm də onların uğurlu həlli maraq doğurur. Bütöv bir nəslə nümunə ola biləcək zəhmət və təmənnasız xeyirxahlıqla dolu ləyaqətli bir ömrün dolğun mənzərəsini əks etdirən bu xatirələrdə Möhsün Nağısoylu əvvəldən-axıradək yorucu didaktikadan, uzun-uzadı nəsihətamiz ibarələrdən qaçaraq, yalnız xüsusi epizodları, detalları önə çəkməklə oxucularına insanın öz ləyaqətli əməyi və əməklə cilalanmış istedadı hesabına böyük nailiyyətlərə imza ata biləcəyini sübut edib. Necə deyərlər, kitabın tərbiyəvi əhəmiyyəti müəllif “moizə”lərindən deyil, əsərin mahiyyətindən, “kiçik hekayələrdəki böyük həqiqətlərdən” doğur.
Memuar tarixi-xronoloji ardıcıllığa uyğun olaraq çoxsaylı hissələrə bölünsə də və hər bir hissəyə müstəqil başlıq qoyulsa da, fikir, ideya bütöv, süjet xətti sonadək qırılmayıb. Müəllif hər bir hekayədə “desant” cümlələrlə irəlidəki hadisələrin məzmunu barədə “anons” verir ki, bu da kitabın oxunaqlı olmasına kömək edir.
“Kəndimiz – kiçik vətən” başlıqlı birinci xatirədə kövrək nostalji duyğular içindən boylanan müəllifin doğulduğu dağlar qoynundakı balaca “Xok” kəndi bizə Məhəmmədhüsen Şəhriyarın “Heydərbabaya salam”ından tanış olan Xoşginabın bədii obrazını xatırladır. “Bir çoxları kimi mən də belə hesab edirəm ki, hər bir şüurlu, düşüncəli insanın iki vətəni var: biri böyük Vətən, vətəndaşı olduğun, yaşadığın ölkə, məmləkət; biri də “kiçik Vətən” – doğulduğun, böyüyüb başa çatdığın şəhər, qəsəbə və ya kənd. İndi ömrümün ixtiyar çağında bunu tam aydınlığı ilə daha dərindən və daha yaxşı dərk edir və birmənalı şəkildə təsdiqləyirəm. Bu hiss və duyğuları ilk dəfə doğulduğum Naxçıvan Respublikasının indiki Kəngərli rayonunun Xok kəndindən ayrı düşəndə – Bakıda ali məktəbdə (indiki Bakı Dövlət Universitetində) oxuduğum illərdə ürəkdən duydum və “kiçik Vətən”in necə də şirin bir nemət olduğunu yaxşıca hiss etdim. Müxtəlif illərdə, həm də uzun müddət ərzində (üst-üstə düz on il) qürbətdə- Əfqanıstanda fars dili tərcüməçisi işləyəndə isə mənim üçün doğma Azərbaycanın hər bir qarışı, o cümlədən doğulduğum Xok kəndi dünyanın ən şirin nemətinə çevrildi… Uşaqlıqda quzu otardığım üçün, bir növ çobanlıq etdiyim üçün çox da böyük olmayan kəndimizin, demək olar ki, hər bir yerini, xüsusilə də örüş və kövşənlərini qarış-qarış gəzib dolaşmışam”. Müəllif ömrün hansı vədəsindən baxırsa-baxsın, o mikrodünyanın yaratdığı assosiativlik həmin aləmin gövrək duyğularını bir anda bərpa edir. Yaddaşımızda Şəhriyarın “Heydərbaba” poemasının aşağıdakı misraları əks-səda verir.
Heydərbaba, dağın – daşın sərəsi,
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.
Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü qüssə de. (5.14)
Vaxtilə bu poemaya ön söz yazmış tanımış alim, doktor Mehdi Rövşənzəmir deyirdi: «Əsərin sadəliyini görən bir çоxları buna оxşar əsərlər yazmaq istədilər. Ancaq gözlənilən nəticəni əldə edə bilmədilər… Indiyə qədər elə bir şair tapa bilməzsən ki, öz kəndinə bu qədər gözəl şeir demiş оlsun… Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzündən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın da şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq» (6.22).
Möhsün Nağısoylu üçün də Xok kəndi Xoşginabın ekvivalenti, yaddaşında qalmış dünyanın ən duyğusal təcəssümüdür. Amma müəyyən fərqlə. Şəhriyar 46-47 yaşlarında təzədən Heydərbaba dağını ziyarətə gələndə dağ, daş, ildırım, sel, xırman, ocaq, ay-bir sözlə, onun bir zamanlar gördüyü və uzun illər həsrəti ilə yaşadığı mikrodünyanın bütün atributları yerində idi, bununla bərabər şair ruhi atoniya yaşayır, çünki onun doğulduğu həqiqi Xoşginab Atlantida kimi yer üzündən silinmiş, əvəzində hüzn, qəriblik və tənhalıq qalmışdı. Bu, şairin faciəsi idi, onun ruhunun didərginliyi, öz əbədi dinclik məkanını itirməsi idi. Çünki Şəhriyar özündən çox uzaqlaşmış və vətənə sintez olunmaq, təzədən qayıdıb onun bir parçası olmaq üçün təməllər qırılmışdı, o, təzədən dönüb həmin kəndi tapsa da, orada özünü tapa bilmir, kökdən, torpaqdan qopmuş, havadan asılı qalmış duyğular onu ağladır, sentimental aləmdən yox olan dünyasına baxıb təklik və tənhalıq görən şair öz faciəsinə “Heydərbabaya salam” elegiyasını yazır. Əslində, Şəhriyar sonrakı bütün dövrlərdə yalnız bu duyğuların bədəlini ödəməklə ədəbiyyat, özü də çox böyük ədəbiyyat yarada bildi. Amma Rövşənzəmirin dediyi kimi bir çox şairlər də həmin üslubda, həmin ritmdə yazsalar da, Şəhriyar səviyyəsinə yüksələ bilmədilər. Çünki həmin dünyanı onlar yox, Şəhriyar itirmişdi. Bir zaman F.Volter yazırdı ki, Vətən sənin qəlbinin əsir düşdüyü diyardır, bu əsarətdən xilas olmaq isə faciədir. Bax, vətən və vətənsizlik budur!
Yəni vətən deyilən anlayışın arxasından boylanan insanın özü, öz yaşantıları, öz ruhu, öz hiss və duyğularıdır, laməkanlıq, kosmopolitizm heçlik olmasa da, yalnız indinin mövcudluğudur. Çünki L. Qirşfeldin dediyi kimi, Vətəndə sənin dünənin və sabahın var, qürbətdə isə yalnız bu günün. M.Nağısoylunun kitabı boyunca insan və vətən anlayışlarına müxtəlif rakurslardan yanaşılır, məsafə artır – azalır, amma fokusdakı ana nöqtə dəyişmir, bu nöqtənin kökündə isə Xok kəndi dayanır. Müəllif əlavə izahata yol vermədən öz tərcümeyi – halına məxsus xüsusi ştrixlərlə, həyatından xırda-para epizodlarla vətən hissini, duyğusunu yeni nəslin qəlbinə köçürməyə çalışır və buna müvəffəq olur. Kitabın “Kəndimiz- “kiçik vətən””, “Ailəmiz haqqında”, “Qonşularımız”, “Uşaqlıq və məktəb illəri” adlı hissələri insanda vətəndaşlıq duyğusunun formalaşması və bunda ətraf aləmin ayrı-ayrı predmetinin, sosial mühitin rolunun izahı baxımından son dərəcə mükəmməl və ideya baxımından mükəmməl olduğu qədər də bədii cəhətdən yetkin və dolğundur. Necə deyərlər, bu mətnlərdə ideya və obrazlılıq baş-başa, nəfəs-nəfəsədir. Avtobioqrafik şərhlərdə belə müəllif çox şeyi birbaşa demir, predmet və hətta abstraksiya bədii ünsiyyətdə vasitəçilik edir: “Qəribədir ki, yuxuda atamdan, anamdan daha çox Qaranı (müəllif böyük qardaşını nəzərdə tutur) görürəm. Özü də daha çox dağda (Keçəldağda, Batabatda). Axı ağlım kəsəndən Qara ilə ən çox yay aylarında, o dağda çobanlıq edərkən yaxın təmasda olmuşam. Lap elə bu yaxında – bu sətirləri yazıya alan zamanlarda yuxuda gördüm ki, Qara ilə dağa- Batabata gedirik”.
Bu yuxu zamanın iki aspekti arasında (real və irreal) körpüdür, həyat həqiqətilə mənəvi həqiqət burada qovuşaraq müqəddəs anlayışların kökünün, əslinin izinə düşür. Müəllifin birbaşa dialoqdan yayınaraq məqsədini dolayısı ilə çatdırmağa çalışması da səbəbsiz deyil, çünki “indiki uşaqlara, gənclərə o dövrün çəttinliklərindən, ağır yaşayışından, kasıblıq və yoxsulluğundan danışanda onlar belə söhbətləri həvəssiz dinləyərək deyirlər ki, eh, sizin dövrünüz belə idi də…”. Bəlkə də, uşaqlar haqlıdır! Etiraf etməliyik ki, müstəqillik dönəmində yaranan ədəbiyyatımız və əsasən bu ədəbiyyata söykənən dərsliklərimiz içində dünənimiz və sabahımız yaşayan bu Vətən anlayışının məzmun və mahiyyətini yeni nəslə çatdırmaq istiqamətində bir o qədər də ardıcıl və rəngarəng deyil. Quru və bədii cəhətdən zəif nümunələr yaddaşda simvolikaya çevrilmir, yeni nəslin doğulduğu, yaşadığı torpağa milli-tarixi qəhrəmanlıq ocağı və böyük idellar beşiyi kimi baxmağa imkan vermir. Amma ədəbiyyatın əsil məqsədi budur! Yadıma bu gün də eşidərkən içimizdə patriotizm duyğuları oyadan, hər birimizin daxili aləmimizin ətraf mühitlə – Vətənlə harmoniyasını yaradan “Nədən başlanır Vətən?” adlı mahnının sözləri düşür. Şair Mixail Matusovski və Veniamin Basnerin 1968-ci ildə bəstələdikləri bu mahnının əsil müəllifləri, nə qədər qəribə də olsa, rus uşaqları olmuşdular. Belə ki, rus dövlətinin 1150 illiyi münasibətilə “Nədən başlanır Vətən?” mövzusunda onlara yaradıcılıq tapşırığı verilmiş və onların düşüncələri əsasında ötən əsrin 60-cı illərinin nadir musiqi xiti yaranmışdı…
Möhsün Nağısoylunun müasir Azərbaycan gəncləri ilə bağlı memuarda qoyduğu problem bu mənada “sos” xarakteri daşıyır, yəni tarixə – keçmişə qarşı biganəlik zaman və daha geniş məkan müstəvisində inamla addımlamağa, bütöv şəxsiyyət kimi formalaşmağa imkan verə bilməz. İ.Q.Belinski deyirdi ki, yalnız vətənlə qan qohumluğunu dərindən dərk edən insan ləyaqətli şəxsiyyət ola bilər. Əks halda natamamlıq yaranır, L.Bernenin dediyi kimi, Vətən yarımçıq məhəbbəti qəbul etmir, kim onun üçün hər şeyi etmir, demək heç nə etmir, kim onun uğrunda hər şeyini vermir, demək ondan imtina edir. Müəllifin diqqətə çatdırmaq istədiyi bu fikirlər günümüzün aktullıq kəsb edən ən ciddi problemlərindəndir.
… M. Nağısoylu kəndin – “kiçik vətən”in bütöv panoramasını yaratmaq üçün hər bir xırda detalı göstərməyə, kölgədə qalanları gün üzərinə çıxarmağa çalışır və buna görə tez-tez real zaman səddini aşaraq yaddaşındakı zamana – irreal aləmə üz tutur, müxtəlif vaxt müstəvilərində dolaşır. Ümumiyyətlə, “Ömürdən anlar-yadda qalanlar” kitabının formalaşmasında zamanın özünəməxsusluğu həlledici rol oynayır – burada keçmiş, indiki, gələcək zaman ardıcıl yox, paralel şəkildə cərəyan edir. Cümlədaxili və mətndaxili zamanlarda ayrı-ayrı epizodik qəhrəmanların, əşya və predmetlərin müəllifin həyatındakı rolu və taleyi özlərinin tam ifadəsini tapır. Belə kontekst cümlələr müəllifin həyatının müəyyən dövrünü əks etdirsələr də, oxucu təsəvvüründə tərəf-müqabilin bütöv obrazının yaranmasına kifayət edir: “Məktəbə getdiyim ilk illərdə köhnə məktəb binasında (elə indiki məktəbdə) oxumuşam. İlk müəllimim qonşu Şahtaxtı kəndindən olan Rəşid müəllim olub (Xatırladım ki, Hüseyn Cavid də bu kəndəndir). Mənə yazmağı, şeir deməyi o öyrədib (Qəbri nurla dolsun)”. Detal bolluğu informasiya bolluğuna, informasiya bolluğu isə peyzajın, obrazın, onu yaradan bədii mətnin bütövlüyünə, əhatəliliyinə gətirib çıxarır. Zaman dinamizmini təmin edən xüsusiyyətlərdən biri kimi çıxış eləyən haşiyələr isə bəzən izahedici, bəzən tamamlayıcı mətn, bəzən isə hekayə içində hekayə kimi kitabın süjet xəttinə əlavə olunur. Müəllif oxucunu ağır təəssüratlarla yormamaq üçün bədii “antraktı” duzlu-məzəli əhvalatlarla zənginləşdirməyə çalışır. Amma onlar ilk baxışdan məzəli görünsələr də, böyük həqiqətin ifadəçisi olmuş qədim yunan tragikomediyalarında olduğu kimi “ideya məzhəkəyə yox, məzhəkə ideyaya xidmət edir” prinsipindən çıxış edirlər. Məsələn, Xok kəndinin camaatının dindar olmasını göstərmək üçün müəllifin qələmə aldığı iki iranlı əhvalatı bu mənada xüsusi maraq doğurur. Onlar biləndə ki, Xokda araq içmirlər, maşını yarıyolda saxlatdırıb düşüb gedirlər. Əslində, müəllif bu bu kiçik epizodik hadisə ilə “gülüş içərisində faciəvi vəziyyəti” əks etdirir; sadəlövh qəhrəmanların bu “arzusu”nu qabartmaqla bir millətin ikiyə bölünməsinin, parçalanmasının, vaxtilə bu “proje”ni cızanların milli genetek yaddaşda yaratdığı iltihabı, “korroziyanı” üzə çıxarır. 1990-cı illərin əvvəlləri… Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalı… dünyanın ikili standartları üzündən Rusiya imperiyasının təzyiqləri qarşısında Azərbaycanın tək-tənha qalması… İnsanların yurd –yuvalarını itirdiyi günlər… Günahsız şəhidlərin sayının həndəsi silsilə ilə artması … Siyasi qərarların heç bir əhəmiyyət daşımaması… bir sözlə, şair Qabilin dediyi kimi, Azərbaycan bir Kərbala meydanına döndüyü çağlar… Belə bir vaxtda çayın o biri sahilində yaşayan qardaşlar bu taya yeyib-içməyə, əyyaşlıq eləməyə gəlirlər. Həmin “məzəli əhvalatın” ortaya qoyduğu, insanın üzünə şillə kimi çırpılan sərt həyat həqiqəti budur! Amma müəllif bunda məzhəkə qəhrəmanlarını deyil, o dövrün siyasi sisteminin bu tayda yaratdığı real mənzərəni – gecəli-gündüzlü ağır qul əməyi ilə məşğul olan, lakin Bakıya gəlmək üçün 30 manat pul tapa bilmədiyinə görə başqasının qapısını döyməyə məcbur olan bir insan obrazını (avtobioqrafik obrazı) yaratmaqla imperiyaların o taylı- bu taylı mahiyyətini ittiham edir. Məşhur türkoloq, Harvard Universitetinin professoru xanım Brenda Şafferin “Azərbaycanda milli kimilik şüurunun mərhələri” adlı kitabında tarixi-siyasi proseslərin azərbaycanlı etnosuna vurduğu zərbənin nəticələrinin hələ uzun müddət aradan qalxmayacağı qeyd edilir. Fakta söykənən müəllif bunun qaynaqlandığı mənbələrin sırasında ilk növbədə dünya güclərinin geosiyasi maraqlarının dayandığını göstərir. Əlbəttə, kənardan reallıq daha aydın, daha parlaq görünür.
… Məzəli əhvalat və onunla bağlı bu “traktovka” mövzudan bir qədər uzaqlaşmaq kimi görünsə də, əslində həmin epizod müəllifin fikir və ideya permanentliyinin özülünü təşkil etdiyindən əsərin mahiyyətinin tam dərk edilməsi üçün bu yöndə xüsusi gəzişmələrin vacibliyini qeyd edirik. “İrəvanda fəhləlik-kənddə suçuluq” bölməsində ali məktəbə qəbul ola bilməyən kasıb, yoxsul və yalnız ideologiya ilə doydurulmuş əyalət gəncinin bir parça çörək üçün yad qapılarında çəkdiyi məşəqqətlər, zülmlər, Bayronun irland kəndli qəhrəmanları kimi “qul əməyindən qat-qat ağır” bir əməklə məşğul olmalarının təsviri də zaman müstəvisində müqayisəli şəkildə verilir. “O vaxtlar (SSRİ dövründə) Naxçıvanın, xüsusilə Şərurun ayrı-ayrı kəndlərindən, ən çox da Qarabağlar və Xokdan cavanlar pul qazanmaq, dolanmaq üçün İrəvana gedərdilər. İndi isə bizim yerin cavanları birtəhər dolanmaq üçün Türkiyəyə üz tuturlar. Əvvəlkilər kimi, indi də onlar ağır işlərdə işləyirlər…”
Təbii ki, həqiqət müqayisədə üzə çıxır, amma burada bir məqamı da vurğulayaq ki, zaman müstəvisində ardıcıl gəzişmələr, real və irreal vaxt sərhəddində davamlı sıçrayışlar əsərin məzmununu tamamlasa da, bəzən süjet konstruksiyasında quraq kimi görünür, bədiiliyə, təhkiyənin məntiqinə, bunun doğurduğu hissi-psixoloji ovqatın yaşarılığına, dil əlvanlığına mane olur. Zamandan – zamana sıçrayış bir üslub olsa da, nəqletmənin axarını, hadisələrin inkişaf məcrasını pozduğu üçün əsərdə konqlemeratlıq yaradır. Müəllif kitabın gələcək nəşrlərində bunları nəzərə alsa, fikrimizcə yaxşı olar.
Kitabın “Bakıya ilk gəlişim”, “Sızlər yada düşəndə” adlı bölmələri, əvvəldə qeyd etdiyimiz kimi, insan və sosial mühit probleminin işıqlı ideal və antisosial hadisələr, romantika və antiromantika fonunda, daha doğrusu, əks qütblərin kəsişmə xəttində ortaya qoyulması qəhrəmanı – gənc tələbə obrazını bütün səmimiyyəti, mənəvi –psixoloji dayanıqlığı ilə görməyə imkan verir. Əgər bu gənc tələbə təxəyyül qəhrəmanı, bədii fantaziya məhsulu olsaydı, onu sovet ədəbiyyatının “çətinliklər qarşısında özünü, səmimiyyətini itirməyən” ideal tipajları sırasına daxil etmək olardı. Ancaq məsələ burasındadır ki, müəllifin tələbəlik dövrü hətta sovet ədəbiyyatının mütləq müsbət obrazlarının tükəndiyi, mənəvi deqredasiyanın həyatın bir çox spektrinə yayıldığı bir zamana təsadüf edir, belə bir şəraitdə “bahalı uşaqlar “ arasında qış günü “əynində paltosu olmayan”, müəllimlərinin “kasıb uşaqdır, qiymətini kəsməyin” deyə mərhəmətlə yanaşdığı gəncin içində bu qədər işıqlı ideallar yaşatması bütövlükdə ədəbiyyatın reallıqda özünüifadəsi kimi səciyyələndirilə bilər. İnsanı sosial mühitin tərkib hissəsi kimi götürən naturalistlər zaman-zaman ayrı-ayrı fərdi, individual keyfiyyətlərin sonrakı nəsillər üçün başlanğıc, təkan olduğunu unudurdular. XX yüzilin görkəmli ispan mütəfəkkiri Xose Orteqa-i Qasset yazırdı: “Dünyada kardinal dəyişikliklər baş versin deyə, bir insan tipinin yerinə başqa insan tipi gəlməlidir ki, başqa tipdən fərqlənən oxşar həyati duyğuları özündə birləşdirən çoxlu insanlar meydana çıxsınlar. Bax, nəsil – bu sözün dəqiq mənasında insan “növü” budur. Fərdlər onların yalnız özünəməxsus xüsusiyyətlərilə – psixologiya, zövq və adətlərlə dünyaya gəlirlər ki, bütün bunlar nəslin simasını təyin edir, onu əvvəlkilərdən fərqləndirir”. (7.48)
Çox halda bir fərdin əxlaqi – estetik baxışları və rəftarı bütövlükdə sosial mühitdə yeni münasibətlərə, yeni mənəvi normaların formalaşmasına, başqalarında kreativ xüsusiyyətlərin inkişafına səbəb olur. Bunun üçün sadəcə insan həyatın mənasını, yaradıcılıq potensialının nəyə yönəldiyini tapmalıdır. Həyatın ümumləşdirilmiş mənalarını həyati dəyərlər kimi qiymətləndirən avstriyalı alim, “İnsan məna axtarışında” adlı məşhur memuarın müəllifi Viktor Frankla görə birinci dəyər əmək vasitəsilə reallaşan yaradıcılıq dəyəridir: “Özünürealizasiya məqsəd deyil, yaradıcılıq fəaliyyətinin nəticələrindən biridir. Yalnız bu fəaliyyət olduqda sən ətrafına, cəmiyyətə nəsə verə bilirsən”. Alim romantikanı ümumi dəyərlərin realizasiyasının başlıca stimulyatoru adlandırırdı: “Əgər romantika inandırmırsa, həyatın mənasına çevrilə bilmirsə, ən böyük potensial belə istənilən effekti vermir”. “Ömürdən anlar…” kitabının müəllifi lap erkən yaşlarından öz romantikasına inanmışdı: “Məktəb illərində həm də bir qədər xəyalpərvər olmuşam. Atamın dayısı oğlanlarının- Həbib müəllimin, rəssam Əyyubun Bakıda yaşamalarını, adlı-sanlı insan olmalarını (təbii ki, kənd adamlarının gözündə) bilirdim. Hətta uşaq vaxtı elə düşünürdüm ki, onların qanadları da var və uçurlar…” Elə bu romantika M.Nağısoylunun “mürəkkəb sosial mühitdə” özünü “tapmasına”, realizasiyasına, həyatının məna istiqamətini müəyyənləşdirməyə və öz mühiti üçün gərəkli insan olmasına yardımçı olur. Onu tələbəlik illərindən, daha doğrusu, orta məktəb illərindən özünə çəkən ədəbiyyatı həyatının mənasına çevirən də məhz bu romantika olur. Bu gün onlarla ciddi tədqiqat əsərinin müəllifi, Azərbaycan mətnşünaslıq elmində sözünün xüsusi sanbal və çəkisi olan M.Nağısoylunun qaranlıq əsrlərdə yatıb qalan mənbələrə uzanan yoluna işıq salan da məhz romantikasına inam və zəhmətsevərliyi olub.
Kitabın böyük hissəsi alimin Əfqanıstan səfərlərinə, üst-üstə buradakı 10 illik həyatına həsr olunub. İlk səfərində Şibirqanda Neft Departamentində çalışan müəllif zaman-zaman dünya güclərinin döyüş poliqonuna çevirdiyi bu ölkənin milli-etnik xüsusiyyətlərini çox ustalıqla verir: “İlk günlər Şibirqanda mənə hər şey qəribə gəlirdi. “Sehrli xalat” filmində olduğu kimi sanki orta əsrlərə düşmüşdük. Əfqanların əksəriyyəti milli paltar geyirdilər: başlarına uzunluğu 7 metr olan ağ çalma bağlayırdılar. Deyilənə görə, ağ çalmadan qəfil ölüm zamanı kəfən kimi istifadə edilə bilərdi, ona görə belə uzun olurdu. Yerli camaatın əyin-başları isə, əsasən, ağ rəngli enli tuman və uzun köynəkdən ibarət idi. Əfqan uşaqlarının və yeniyetmələrinin yük maşınlarının arxasından asılı vəziyyətdə ayaq üstə duraraq yol getmələri, avtomoblin baqajında oturmaları da bizə qəribə gəlirdi.” Göründüyü kimi, müəllif bir neçə detalla ümumdünya tarixindən bir neçə əsr geridə qalan bu qədim Şərq ölkəsinin spesfik xarakteriskasını, etno-kultroloji özünəməxsusluqları verə bilir. Ümumiyyətlə, Əfqanıstanın tarixi, etnoqrafiyası, mədəniyyəti müharibə parametrləri çərçivəsində cızılıb: “Əfqanıstanın tarixi – bu çoxsaylı müharibələr, döyüşlər, öz iradəsini yeritmək istəyən beynəlxaq güclərin əli ilə törənən etnik qrupların müqavimət… tarixidir…,”- kimi siyasi tarixçilərin uzun-uzadı ibarələrini M.Nağısoylu kitabında “7 metrlik çalma” ifadəsi ilə çox lakonik və effektiv şəkildə ümumləşdirir. Müəllif hadisələrə qiymət verməyə çalışmır, müharibə səhnələri təsvir etmir, bununla bərabər insan və müharibə problemini yazıların mərkəzinə gətirə bilir. Həm də problem birbaşa müəllifin öz iştirakı ilə deyil, dinc ruslar və dinc əfqanlar arasındakı qarışılıqlı münasibətlərdə, daxili nifrətin epizodik hadisələrdə üzə çıxmasında təzahür edir. Yolda, düzün ortasında qalmış əfqanları “çirkli, bitli” hesab etdikləri üçün öz maşınlarına götürmək istəməyən rusların simasında müəllif oxucularına tarixən bütün dünyada imperiya siyasətinin mahiyyətinə varmağa şərait yaradır. 10 illik Əfqanıstan tarixçəsi təkcə siyasi keçmişə çevrilmir, həm də müəllifin özünü də yetkinləşdirir – sadəlövh gənc tələbə birdən-birə müdrik, formalaşmış dünyabaxışa malik insana çevrilir. İnsan şəxsiyyətində baş verən belə bir sürətli dəyişiklik mərhum İsa İsmayılzadənin müharibə dövrü uşaqları haqqında yazdığı “onlar birdən-birə qocaldılar” ifadəsini yada salır.
Kitabda sərt həyat həqiqətləri ilə paralel olaraq ikinci bir süjet xətti də var: bu əbədi məhəbbət mövzusudur. Müəllifin bu barədə xatirələri daha həzin, daha gövrəkdir. Həmin xatirələrdəki sevgi duyğuları, həmin duyğuların bütövlüyü və təmizliyi yadımıza tanınmış Polşa yazıçısı Karol İjikovskinin bütün humanizm tarixi üçün ümumləşdirdiyi “Məhəbbət qarışılıqlı müqəddəslikdir” tezisini salır. Kitabın bu duyğulara həsr olunan hissələri qəhrəmanın xarakterindəki xeyirxahlığın, insansevərliyin, düzlüyün, təmizliyin, dostcanlılığın haradan gəldiyini açmaqda oxucuya kömək edir. Qədim Çin filosofu Lao Tszı deyirdi ki, məhəbbətsiz borc insanı kədərləndirir, məhəbbətsiz həqiqət insanı inamsız edir, məhəbbətsiz tərbiyə ziddiyyət doğurur, məhəbbətsiz intizam insanı xırdaçı edir, məhəbbətsiz var-dövlət xəsislik yaradır, məhəbbətsiz iman fanatikliyə gətirib çıxarır. Xöşbəxt o, insandır ki, məhəbbəti hər yerdə hiss edir. “Ömürdən anlar-yadda qalanlar” əsərinin məhəbbət süjeti böyük filosofun tezislərinin real həyati ifadəsi kimi görünür desək səhv etmərik.
Kitabın Əfqanıstan səfərindən sonrakı illərə həsr oluna hissəsi daha çox elmi axtarışlara, pedaqoji fəaliyyətə, müxtəlif elmi konfranslardakı çıxış və məruzələrə, Türkiyə və İrana elmi ezamiyyətlərə, ölkə daxilində yay istirahəti zamanı müəllifin başına gələn əhvalatlara həsr olunub. Müəllif ölkə daxilində baş verən heç bir əhəmiyyətli hadisəni, ictimai-siyasi önəmi olan məqamı nəzərdən qaçırmır, ən azı xırda detallarla, “təsadüfi qarşılaşmalarla” həmin hadisələrə öz münasibətini bildirir. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər ədəbiyyatda inikasın əsa xətti olan “gerçəkliyi optimist anlamaq və təlqin etmək” prinsipindən kənara çıxmır.
Onu da qeyd edək ki, “Ömürdən anlar-yadda qalanlar” kitabı təkcə bir ömrün salnaməsi, yaddaş kartı deyil, əsərdə etno-kulturoloji, milli- etimoloji və geneloji məsələlərə kifayət qədər geniş yer verilmiş və Möhsün Nağsoylunun uzun illərin peşəkar alim- tədqiqatçı keyfiyyəti tarixi faktların izahında, milli – mənəvi dəyərlərin köklərinin araşdırılmasında, yer-məkan adlarının şərhində özünü tam dəqiqliyi ilə göstərir. Möhsün Nağısoylu bir alim kimi bütün əsərlərində öz tezis və mülahizələrini, prinsip və qənaətlərini yalnız obyektivlik, tarixi mənbələrin və faktların müqayisəli təhlil metodu əsasında elmi ictimaiyyətə təqdim edir. “Ömürdən anlar-yadda qalanlar” kitabında onun olduğu yerlərin adlarının, milli adət- ənənələrinin, qarşılaşdığı insanların xarakterlərinin təsvirində bu dəqiqliyi, obyektivliyi görürük. Məsələn, doğulduğu kəndin adını daşıyan “xok” sözünün etimoloji izahı ilə bağlı neçə-neçə mənbəyə müraciət edir, sonda alim məntiqinə əsasən nəticə çıxarırır: “… Dilçi alimlər bu sözün “çəmən”, “otlaq”, eləcə də “daşlaq”, “daş yığını” mənalarını qeyd edirlər. Həqiqətən də, bizim kəndimizdə çəmənlər və otlaqlar da, daşlıq yerlər də vardır. Buna görə də hesab edirəm ki, kəndimizin adı qədim türk sözü olan “xok”// “xak” sözü (“çəmən”, “otlaq”) ilə bağlı ola bilər”. Amma müəllif özü bu fikirlə razılaşsa da, digər versiyaları da oxucuların mühakiməsinə buraxmağı unutmur: “… kəndimizin adının İran əsilli olması və “vəhşi donuz” (“xuk”) anlamında işlənməsi barədə də fikir, mülahizə vardır, ancaq bu, əsla inandırıcı görünmür.” Sonda M.Nağısoylu doğulduğu kəndin Arazın o tayındakı Xök kəndi, eləcə də Xoy şəhəri ilə bağlılığının daha inandırıcı və ağlabatan olduğunu qəbul edir. Göründüyü kimi, sadəcə bir ada yanaşmada müəllifin dəqiqliyi və obyektivliyi tam mənada özünü büruzə verir.
Ümumiyyətlə, “Ömürdən anlar-yadda qalanlar” kitabı əvvəldən – sonacan müəllifin oxucu ilə səmimi dialoqu, dərin etirafları üzərində qurulduğundan və hətta bəzən bu səmimiyyət ən xırda detal və təfərrüatlara qədər gedib çıxdığından, bir sıra məqamlarda bədii üslub adi məişət üslubu səviyyəsinə enir, dilin obrazlılığı, janrın bədii xüsussiyyətləri səmimiyyətə qurban verilir. Əslində, M.Nağısoylu özü də kitabın girişində bədii memuar yazmaq niyyətində olmadığını, sadəcə ömrünün səhifələrini vərəqləmək niyyətində olduğunu bəyan etdiyindən, arada bədii ifadə vasitələri olmadan onun oxucu ilə birbaşa və canlı ünsiyyətə çalışması başadüşüləndir. Amma bununla bərabər “uşaqlıqdan ədəbiyyat vurğunu olan” müəllifin bədii tablolarındakı, hiss və duyğularını ifadə etdiyi essevari ricətlərindəki sənətkarlıq xüsusiyyətləri əsər boyu qorunsaydı, fikrimizcə, kitabın xeyrinə olardı.
Amma bütün bu xırda qeydlərimizə baxmayaraq, “Ömürdən anlar-yadda qalanlar” memuarı yaşadığımız tarixin obyektiv canlı mənzərəsini yaratdığından, geniş bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini özündə əks etdirdiyindən, elmin hamar olmayan yollarında şam kimi əriyən tədqiqatçı bir alimin nəsillərə nümunə ola biləcək fədakar ömrünü təcəssüm etdirdiyindən, onlarla, bəlkə də yüzlərlə əsrdaşımız haqqında dolğun informasiya verdiyindən, onun bir ensiklopedik mənbə kimi uzun illər bir çox tarixçilərin, ədəbiyyatşünasların, pedaqoqların stolüstü kitabı olacağına və böyük alimin tutarlı elmi əsərləri ilə yanaşı yaşayacağına inanırıq. Müəllif kitabın epiloqunda haqlı olaraq yazır: “Düşünürəm ki… orta əsrlər Azərbaycan tərcümə əsərləri haqqında yazdığım monoqrafiyalar, nəşr etdiyim kitablar hələ uzun illər boyu bir çoxları üçün gərəkli olacaq…
… Elə indinin özündə, sağlığımda məni tanıyan bir çox insanların, xüsusilə də gənc nəslin qəlbinə artıq daxil olmuş, orada özüm üçün kiçik bir yuva qurmuşam”.
Təbii ki, müəllif təvazökarlıq edir, fikrimizcə, Möhsün müəllim heç böyük tədqiqatçı alim olmasaydı belə, tamam başqa sahədə çalışaraq çoxsaylı monoqrafiyalar, məqalələr yazmasaydı, kitablar nəşr etdirməsəydi belə, onun adı gəncliyə, ətrafındakı insanlara bir səmimiyyət, halallıq, düzlük, təmizlik nümunəsi olaraq yenə zaman ölçüsü tanımayacaqdı…
- Səmədova Nailə. “Azərbaycan memuar ədəbiyyatı tarixi”, AMEA M.Füzuli ad. Əlyazmalar İn-tu. – Bakı : Nurlan, 2006. – 331 s.
- Səmədova Nailə. “ İnsan,zaman və həyat həqiqəti”, AMEA M.Füzuli ad. Əlyazmalar İn-tu. – Bakı : Nurlan, 2011. – 264 s.
- Eyvaz Eminalıyev. “Azərbaycan milli memuar ədəbiyatı”, Bakı, Yurd, 1999
- Möhsün Nağısoylu. Biblioqrafiya. Bakı, “Elm və təhsil”, 2012, s.5
- M.Şəhriyar, “Heydərbabaya salam”, Təbriz, Çapxaneyi- “Ziba”, 1332, s.22
- “Heydərbabaya salam”. Bakı: Azərnəşr, 1998, s. 14, 80 səh. (Tərtibçi: Pənah Xəlilov)
- Xose Orteqa-i Qasset. “Dequmanizasiya iskustva”, Moskva, Raduqa, 1991.
-
Rafiq Manaflı: “İctimai Palata buraxılmalıdır”
“Milli Şura fəaliyyətini davam etdirirsə, İctimai Palatanın fəaliyyətinə ehtiyac qalmır”.Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı deyib.
Onun sözlərinə görə, Milli Şura seçkilərlə bağlı yaradılmış qurum olsa da, qarşısında dayanan məqsədlərə çatmadığı üçün fəaliyyətini davam etdirməlidir: “Mən ümumiyyətlə Milli Şura yarandıqdan sonra İctimai Palatanın fəaliyyətinin dayandırılmasının tərəfdarı olmuşam. Çünki İctimai Palatada olanların böyük əksəriyyəti Milli Şurada təmsil olunur. Bu baxımdan hazırkı şəraitdə İctimai Palatanın fəaliyyətinə ehtiyac yoxdur”.
İP KŞ üzvü əlavə edib ki, bu məsələ sabah Koordinasiya Şurasının iclasında və oktyabrın 24-də isə Milli Şuranın sessiyasında müzakirəyə çıxarılacaq.
-
Mənə küçüklər hürür
Sabir RÜSTƏMXANLI(Türk dilində “küçük” – kiçik mənasında işlədilir)
Son vaxtlarda Prezident Administrasiyasına hansı deşiklərdən keçib gəldiyini hamının bildiyi, amma hansı keyfiyyətinə görə gətirildiyini heç kimin bilmədiyi və bilməyəcəyi bəzi məmurların başçılıq etdiyi saytlarda mənim haqqımda bir neçə təhqiramiz yazı yerləşdirilmişdir.
Bu yazıların üslubu məni təəccübləndirmir. Hərə öz mühitinin, öz ailəsinin tərbiyəsi ilə, öz alışdığı dillə danışır. Nə görürlər, onu da götürürlər. Ağla qaranın sərhəddinin itdiyi, yaxşıyla pisin fərqinin bilinmədiyi, millətə üzqaralığı gətirməyin – millətə xidmətdən yüksək tutulduğu, oğurluğun, soyğunçuluğun, mənəviyyatsızğılığın, vətəndaşa saymazyana münasibətin adi hal aldığı bir mühitdən çıxanlardan başqa yazı tərzi, normal dialoq əxlaqı gözləmək sadəlövhlük olardı. Cins öz yerində durur. Nə qədər təlim keç, ağzını açan kimi “a… a” deyə anqıracaq.
Bu yazıların müəllifi də məni təəccübləndirmir. Çünki belələrini kim “saxlayırsa”, ona qulluq edir; kimin üstünə qısqırdırlarsa, onun üstünə cumurlar.
Məni hədəf seçmələri də başadüşüləndir. Bu, xüsusi bir layihədir: Gərək ölkədə abırlı adam qalmasın, hamını öz günlərinə salsınlar ki, rahat nəfəs alsınlar.
Məni təəccübləndirən bu yazıların sifarişçiləridir. Daha doğrusu, həmin sifarişçilərin bu qədər ağılsız və cahil olmaları və belə tərbiyəsizliklə, qeyri-adekvat və dayaz təfəkkürlə, nəhayət, millətin onlara nifrətini bilə-bilə vəzifə kürsüsündə sakit oturmalarıdır.
Sözü gedən saytlar ortaya heç bir dəlil-sübut qoymadan məni “xain, satqın, agent, yunan allahı kimi çoxüzlü” adlandırırlar. Yəni qanlarına işləmiş rus dilində onların mahiyyətinə aid, əsillərinə-nəsillərinə yaraşan nə qədər murdar söz varsa, əndərirlər mənim başıma.
Yadıma Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimlinin ona böhtan atanlara cavabından bir cümlə düşür: “Üstümə dünyanın bütün çaylarını axıtsalar da, mən lil altda qalmaram”. Mən də belələrinin cavabını çoxdan vermişəm: “Taleyim Bakı küləyidir, mənə doğru tüpürmək istəyənlərin tüpürcəyini öz üzünə yaxır”.
Bunlar inkubator cücəsi kimi bir-birinə bənzəyirlər; milli dövlətin məmuru, amma milli kimliyi və ruhu qısırlaşmış, dövlətin çörəyini yeyən, ancaq dövlət dilində danışa bilməyən, Azərbaycan varlığının böyüklüyündən qorxuya düşən, yarırus, yarıerməni, yarınurçu, yarısaqvalçı, yarı PKK-çı, amma üzə çıxmaqdan qorxan yariadamlar, zirzəmi siçovulları…
Onlardan başqa mövqe də gözləmirəm. Böyükləri separatçılara dəstək verəndə mən milli birlik davasındaydım. Biz Azərbaycan türklüyünün böyüklüyündən danışanda, bunlar “nə türkbazlıqdır” deyə milləti təhqir edirlər. Gizli və açıq tapşırıqlar verirlər ki, mətbuatdan, kitablardan türk kəlmələri yığışdırılsın. Mən ömrümün ən gözəl illərini dövlət müstəqilliyi uğrunda mübarizəyə verəndə, onların böyükləri rusun ayaqqabısını yalaya-yalaya Moskvadan ayrılamaq istəmirdilər. İndi mənim adımı qəsdən Zori Balayanın adı ilə yanaşı çəkirlər. Çünki vaxtikən bunların mənəvi bənzəri olan Zori Balayanın sayıqlamalarını alt-üst edən kitab yazmışdım. Görünür, xalqın milli ruhunu oyatmaq istəyimizi hələ də həzm edə bilmirlər. Mən tarixin ən ağır faciəsini yaşayan millətimin bölünməsindən, departasiya olunmasından, soyqırıma məruz qalmasından danışanda, bunlar Azərbaycanı həmin bəlalara düçar eləyənlərə mədhiyyələr deyir, Güney Azərbaycan söhbətlərini unutdurmağa çalışırdılar. Mən milli mədəniyyətimizi, ana dilimizi təbliğ edəndə, bunlar Bakıda yenidən rus məktəblərinin sayını artırmağa çalışır, yetimləri ilə rusca qırıldaşır, mətbuatı, televiziyaları mənəvi dəyərlərimizə qarşı yönəldirlər.
Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, İngiltərə, Özbəkistan, Çin – mənim kitablarımın ildən-ilə genişlənir və hər yerdə böyük Azərbaycan ruhunu təmsil edir. Çıxışlarımın, görüşlərimin beş qitəni əhatə edən coğrafiyasını da bura əlavə etsəm, görünər ki, bunlar kimi özgə üçün yazmağa və ya özgə soyadı altında gizlənməyə ehtiyacım yoxdur.
Bunların “yaradıcılığı” isə iylənmiş saytlarıdır və orda millətin ləyaqətli adamlarına böhtan atmaqdan başqa işləri yoxdur. Bunlar öz böyüklərinə yazdıqları yaltaqlıq serialları ilə, bir şairin dediyi kimi, “yaltaqlığı da hörmətdən salıblar”.
Bunlara qalsa, Azərbaycanda türk sözünü, millət, ləyaqət, ədalət, haqq sözünü dilinə alan adam qalmamalıdır, hamı qoyun sürüsünə dönüb bunların ardınca getməlidir. Anlamırlar ki, bu millətin özü müəyyən şərtləri nəzərə alıb susar, amma onu zorla susdurmaq olmaz. Bu millətin gəncliyi tərbiyəsinə qısılıb gözləyər, ancaq tərbiyəsiz gənc məmurun antimilli sifəti üzə çıxanda, dünyanı ayağının altına alar.
Bu tipli yazıları sifariş verənlər o qədər harınlaşıb və cəzasız qalacaqlarına o qədər arxayındırlar ki, dediklərinin əvəzində nə eşidə biləcəklərini düşünmür, ayıblarına qısılıb oturmaqdansa, qaşınmayan yerdən qan çıxarmağa çalışırlar. Hətta bu istiqamətdə öz əxlaq tərzlərinə uyğun bir “yol” da göstərirlər: Yazdıqları kimi, “Əkrəm Əylisli yolu”. Yəni kim millət vəkili seçilməyəcəksə, millətin düşməni olacaq və ya bunlar qova-qova bütün mərdləri namərd edəcəklər.
Başa düşmürlər ki, bizlər əlimizə qələm alandan bu millətin vəkili olmuşuq və milli təəssübkeşliyi, dövlət marağını vəzifəyə, Məclisdə olub-olmamağımıza dəyişən adamlardan deyilik. Bunların təsəvvüründə mənim son iyirmi beş ildə üzdə olmağım, millət vəkili seçilməyim, kitablarımı yazaraq, cəmiyyətdə mövqeyimi saxlayaraq, ən müxtəlif mühitlərdə sözümü deməyim çoxüzlülükdür. Niyə gəlib-gedən dəstələrin arasında, hakimiyyət uğrunda savaşlarda məhv olmamış, sıradan çıxmamışam. Onları əsəbləşdirən göz önündə olan və hər gün yeni səhifəsi açılan cinayətlərinə bizim şərik olmamağımızdır. Bu adamlar cəmiyyəti davamlı olaraq gah o qütbə, gah bu qütbə dartmaqdan başqa, xalqı iki yerə bölüb üz-üzə qoymaqdan başqa yol bilmirlər. Müxalifətdəsənsə, iqtidarla “salam-əleyk”i kəsməlisən və ya tərsinə. Ölkədəki gedişatı dünya siyasəti fonunda səbrlə təhlil edib, yeni problemlər yarada bilən artıq münaqişələrədən yayınaraq, iqtidar-müxalifət münasibətlərini düşmənçiliyə çevirmədən yaşamaq istəyimiz onlara sərf etmir. Bizi də özlərinə qoşmaq istəyirlər ki, xalqın qarşısına çıxmağa üzümüz olmasın.
Bir müddət bundan əvvəl bəzi hərbi hissələrdə ideoloji işin zəifliyini, komandirlərin yerində olmamasını, texnikanın köhnəliyini tənqid edəndə bir YAP-çı deputat, “Sənin kimə işlədiyini bilirik”, – deyə bu sayt yazarları kimi mənə az qala vətən xaini damğasını vurmuşdu. İndi ordunun içi açılır və xalq malının qorxusuz bir şəkildə talan edilməsi ortaya çıxır. Bu dəfə mən soruşuram: kimdi erməniyə işləyən? Bu cinayətləri eləyənlər, yoxsa vaxtında qulağınıza qışqırıb sizi ayıltmaq, bu rəzalətin durdurulmasını istəyənlər? Bu ağılla siz Ali Baş Komandana və ya Prezidentə hansı sədaqətinizdən danışa bilərsiniz?
Sayt sifarişçilərindən də eyni şeyi soruşmaq istəyirəm. İyirmi beş ildir mənim bir mövqeyim var, o xalqın mənafeyinin qorunmasıdır, haqqdır, ədalətdir, vətəndaş həmrəyliyidir.
Əgər son illər hadislərə daha səbrlə, daha sakit yanaşıramsa, bu, mənim müxalifətçi mövqeyimin dəyişməsi və ya sarsılması demək deyil; daxili inamımla bağlı bir məsələdir. Məncə, İlham Əliyevin prezident seçilməsi on il öncə ölkəni növbəti bir riskə atmağın qarşısını aldı. Reallıq, taleyimiz, müharibə, bizə olan xarici təzyiqlər hadisələrə dözümlü, anlaşıqlı münasibət tələb edirdi. Biz də bu yolu tutduq. Kəmfürsətlik, hər səhvi böyüdüb ancaq birinci şəxsin üstünə yıxmaq düz olmaz. İqtidarlı-müxalifətli hamımız bir xalqın övladıyıq və tarixin çətin bir dövrünü yaşayırıq, vətəndaş olaraq hamımızın müəyyən məsuliyyətimiz var. Bundan əlavə, mən Milli Məclisdə İlham Əliyevin bir çox müsbət keyfiyyətlərini də görmüşəm və insan kimi ona hörmətim var. Bunu kim hara yozursa, yozsun. Həmin o sayt yazarı məcbur etməsə, bu barədə heç nə yazmazdım. Mənim hakimiyyətə münasibətimin mahiyyətində məhz belə bir insani yanaşma və konstuktiv müxalifətçilik dayanır. Başqa onlarla heç bir sazişim və öhdəliyim yoxdur ki, ində də partiyanın bir gənc üzvünün çıxışına görə məni xəyanətdə ittiham etsinlər.
Vətədanş Həmrəyliyi Partiyasının bir neçə üzvünün İctimai Palata ilə birgə Milli Şuraya gəlməsini sayt sifarişçisi oyunbazlıq hesab edir. Məgər hakim partiya bu qədər imkanlı ola-ola, bütün üzvlərini xoşbəxtliyə qovuşdurub və ya bütün YAP-çılar partiyanın fəaliyyətindən razıdır? Ac qarınla birlik, həmrəylik olmur! VHP-nin minlərlə işsiz, imkansız, həyatda yerini tapa bilməyən üzvü var. Onların səsini boğmaq yox, həyatlarını qurmağa yardım etmək lazımdır. Partiya çoxlu insanın bir araya gəlməsidir və orda fərqli fikirlərin olması təbiidir. Bizim seçkilərə münasibətimiz məntəqə, dairə və MSK-dakı nümayəndələrimiz tərəfindən rəsmiləşdirilib. Lakin məhz bu sayt sifarişçilərinin prezidentə “ayı xidməti” seçkilərlə bağlı beynəlxalq təşkilatlarda çoxlu suallar yaratdı və ölkəni bəzi problemlərlə üz-üzə qoydu. Biz ümumi vəziyyəti nəzərə alıb güzəştə getdiyimiz halda, qazanc ehtirasları, qeyri-peşəkarlıqları, vətəndaşa hörmətsizlikləri, özlərini qanunlarımızdan yuxarı tutmaları, dünyada gedən proseslərdən bixəbərlikləri ilə bir çox məmurlar ölkə üçün yeni-yeni problemlər yaratmaqla məşğuldurlar… Xəyanət və agentlik budur!
Sayt sifarişçiləri öz aləmlərində mənim gələcək yerimi də müəyyənləşdiriblər: “tarixin zibilxanası…” Hesab edirlər ki, tarix də onların monopoliyasındadır. Nəzərə almırlar ki, məhz onların sayəsində xalqın bir hissəsi Azərbaycanda və Rusiyada zibilxanalarda eşələnməyə məcburdur. İmkan olsa, Azərbaycanın böyük türk ruhunu, iradəsini, mübarizə gücünü, ziyalılarımızı, az-çox haqq söz deyən millət vəkillərini də o günə qoyarlar. Qoy, hamı getsin, “ev qalsın əyriyə: həm yeyə, həm səyriyə”.
Mən gələcəyimdən narahat deyiləm. Millət beş dəfə məni öz vəkili seçib. Bu, Azərbaycan tarixinin parlaq səhifəsində yaşayacaq hadisədir, həyatım başa çatanda da yerimi yenə millət müəyynləşdirəcək, hansısa saytın hansısa yazarı və sifarişçisi yox! Amma vay dövlət idarlərində işləyə-işləyə canlı zibilə çevrilənlərin hayına, çünki onları tarixin zibilxanası da qəbul etməyəcək.
***
Adətən mən belə hədyanlara cavab vermirəm, vaxtıma və sözümə heyfim gəlir. Ancaq cavab verilmədikcə, bunların dişlərində şirə qalır. Bir müddət öncə həmin saytda, yenə eyni imzayla mənim və qardaşlarım haqqında başqa bir yazı da verilmişdi. Tənqid yox, şərəfsiz bir böhtan üçün bütünlükdə bizim ailəni hədəf seçən birisi antik miflərə müraciətlə, əslində, böyüklüyümüzü etiraf edir, keçmişdən və gələcəkdən xəbər verən və dünyanın gəlişini-gedişini bilən qədim Roma allahları ilə məni yanaşı qoyur. Mifləri nə qədər təhrif eləsə, öz aləmində nə qədər təhqiramiz söz axtarsa da, qüdrətli Yanusla qarşılaşdırmanın məntiqi belədir.
Partiya sədrliyi, deputatlıq, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və Azərbaycan Dil Qurumunun başqanı olmaq da “vəzifə kreslosu” tutmaq deyil, seçimdir. Nazir vəzifəsi deyil ki, istefa verib getdim.
Müəllifin tənqid arqumentlərinin gülünclüyünü göstərən cəhətlərdən biri də Azərbaycan milli futbol komandasının bir oyunu haqqında nə vaxtsa dediyim sözdür. Mən milli komandanı heç vaxt “qoyun sürüsü” adlandırmamışam. Yalnız bir oyun haqqında “qoyun kimi yata-yata oynayırdılar” demişəm. Sayt sahibləri bu ifadələrin fərqini öyrənə bilərlər. Necə ki, məsələn, “bu müəllif məsələlərə kütbeyin və ya uzunqulaq kimi baxır” – demək, “o, kütbeyin və uzunqulaqdır” ifadəsi ilə eyniləşdirilə bilməz. İkincini demək təhqir olardı, birinci isə yalnız bənzətmədir.
Yazılanları oxuyanda bəlli olur ki, bu yazıqların ümumiyyətlə dünyadan xəbərləri yoxdur və ya özlərini dünyadan xəbərsiz kimi göstərib, kimlərisə aldatmağa çalışırlarlar. “Qanun” nəşriyyatı 20 ildən artıqdır ki, bu ölkənin qanunlarını təbliğ edir. Kitab nəşri isə zülümdür, zillətdir və “bolşoy daxod” gətirmir. Özəl bir mətbənin işinə burun soxub, onun gəlirlərini ölçməkdənsə, dövlətin cibinə girib qazandıqları mal-mülkün hesabını versələr, daha yaxşı olar.
Haqqında söhbət gedən qardaşlarım hüquqşünasdırlar, mətbuatda çoxdan çıxış edirlər. Ziddiyyətli, bəlkə bir-birini inkar edən yazıları da ola bilər və var. Lakin hər hansı bir yazıya görə bütöv bir ailəni hədəf seçənlər gərək öz ailə şəbəkələrinin halını düşünsünlər və müqayisə aparsınlar.
Son olaraq bir daha miflər haqqında… Qədim Maya mifologiyasında pəncərə əfsanəsı var. Allahlar cəzalandırdıqları insanları bu pəncərənin qarşısında dayanmağa və dünyaya bu pəncərədən baxmağa məhkum edirdilər. Pəncərənin xasiyyəti də bundan ibarətdir ki, ordan hətta cənnətə də baxsalar, yalnız pislik görürlər və tədricən o pısliyə çevrilirlər. Bu pəncərə bütün gözəlliklərin şəklini dəyişir.
İndi də Allah bəzi adamları dünyaya belə bir pəncərədən baxmaqla cəzalandırır. İstəyir dövlət idarələrinin pəncərəsindən baxsınlar, istəyir onların karyerasında rolu olan başqa yerlərdən…
-
İstanbulda Güney Azərbaycan Forumu təşkil ediləcək
Oktyabrın 27 də İstanbulda Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə “Güney Azərbaycanın Türk Dünyasındakı Yeri və önəmi” adlı konfrans keçriləcək. Kültür Evinin başqanı Hikmet Elp bildirib ki, onlar bu konfranın təşkili ilə heç bir ölkəni, heç bir qurumu hədəf seçməyiblər. “Tək məqsədimiz bəzi suallara aydınlıq gətirməkdir: O bölgədəki bəzi güclərin, kimliyindən aslı olmayaraq, yürütdükləri siyasətin qarşısında bizlər nə edə bilərik? Öz varlığımızı qorumaq üçün nə etməmiz lazımmdır?” deyə Hikmət bəy əlavə edib. Konfransda VHP sədri, Azərbaycan Millət Vəkili Sabir Rüstəmxanlının, prof. Dr. Nəsib Nəsiblinin, Arif Kəskinin, yazar Yasəmən Qaraqoyunlunun çıxış edəcəyi gözlənilir.
-
VHP-çi elmlər doktoru oldu
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ağsaqqallar Şurasının sədri, istedalı alim, zəhmətkeş araşdırmaçı Sabir Həsənov uzun müddətdən bəri üzərində çalışdığı elmi işi yekunlaşdırmış və bu günlərdə doktorluq dərəcəsini uğurla müdafiə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, S.Həsənovun bu gündək 20-dən çox elmi məqaləsi və bir neçə kitabı işıq üzü görmüşdür. Onun elmi axtarışları, səmərəli təklifləri praktikada öz yerini tapmış və istehsalatda uğurla tətbiq edilmiuşdir.
Sabir Həsənov həm də gənc alimlər nəslinin yetişdirilməsində fəal iştirak edir. Onun rəhbərliyi altında çalışan gənclərin əksəriyyəti elmdə uğurlu addımlar atmaqdadır. Bütün partiyadaşlarımız adından sevimli həmkarımızı, zəhmətkeş alimimizi təbrik edir, elmi işində, siyasi fəaliyyətində və şəxsi həyatında ona daha böyük uğurlar arzulayırıq.
Qeyd edək ki, Sabir Tehranxan oğlu Həsənov VHP-nin qurucularından biridir. 1992-ci ildə VHP-nin Binəqədr rayon təşkilatının sədri olub. Hazırda isə VHP Ağsaqqallar Şurasının sədri və partiya Ali Məclisinin üzvü kimi fəaliyyət göstərir.
-
Türkiyə konsulu VHP-nin Naxçıvan təşkilatı ilə görüşdü
Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Cenk Unal Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Fərid Əsgərli ilə görüşüb.
VHP-nin Naxçıvan MR Təşkilatının məlumatına görə, görüş qarşı tərəfin istəyi ilə baş tutub. Görüşdə vətəndaş həmrəyliyi ideologiyası, partiyanın strukturları, siyasi mövqeyi barədə müzakirə aparılıb.
Cenk Unal VHP-nin yerli təşkilatı ilə əməkdaşlıq qurmaq və tədbirlərdə iştirak arzusunu da dilə gətirib.
Fərid Əsgərli VHP-nin fəaliyyəti və Türkiyə Cümhuriyyətinin siyasi partiyaları və qeyri-hökumət təşkilatları ilə geniş əlaqələri barədə konsula məlumat verib.
VHP Mətbuat Xidməti
-
Bakının işğaldan azad olunmasından 95 il ötür
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib.Bununla da, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Belə ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi – Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyi təsəvvür oluna bilməzdi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi.Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qarşısına qoyulan missiyanı uğurla başa çatdırmaqla Bakını işğalçılardan təmizlədi və Azərbaycan dövlətçiliyinə qardaş töhfəsini verdi.Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Bununla da, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyuldu. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirildi.Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldu.1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdi. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir. Aradan uzun illər keçməsinə baxmayaraq, Qafqaz İslam Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq. -
Azərbaycan ciddi siyasi dəyişiklik ərəfəsində
Ibrahim Quliyev
VHP-nin İdeologiya Şöbəsinin müdiriMilli Şuranın vahid namizədi ümidsizlik sindromunu dağıtdı
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ölkə ictimaiyyətində yaranan siyasi durğunluq yavaş –yavaş öz yerini aktiv ictimai-siyasi münasibətlərə verməkdədir. Açıq etiraf edək ki, həmin səfərdən sonra hətta peşəkar siyasi dairələrdə də bir inamsızlıq və etimadsızlıq müşahidə olunurdu. Xüsusən, Milli Şuranın sabiq namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından xilas ola bilməməsi, əvəzində Rusiya XİN-in nümayəndəsinin məşhur kinossenaristin ikili vətəndaşlığına son qoyulması prosesinin 2014-cü ilə qədər uzanacağını bildirməsi, “Milyarderlər İttifaqı”nın gurultusunun əvvəlki tempdə eşidilməməsi cəmiyyətdəki pessimist əhvali-ruhiyyəni gücləndirməklə bərabər, ölkə insanlarını talelərilə barışmağa sövq edirdi. Hətta müxalifət haqqında “problemli adamın qəsdən ortaya atılması”, “düşünülmüş qaydada seçkiləri poizmağa xidmət edən addımlar atılması”, “hakimiyyətlə gizli sövdələşmələrə gedilməsi” və s. tipli ittihamların irəli srülməsinə rəvac yaranmışdı. Lakin Milli Şuranın son anda düzgün və qətiyyətli qərar verməsi – Azərbaycanın tanınmış ziyalısı, cümhuriyyət dövrü tariximizin ən istedadlı araşdırıcısı, cəsarətli alim və siyasətçi Cəmil Həsənlini vahid namizəd kimi irəli sürməsi cəmiyyətdəki bütün çaşqınlığa son qoydu.
Təbii ki, Azərbaycan müxalifətinin bir araya gəlməsində,Milli Şuranın formalaşmasında və belə bir düzgün qərar qəbul etməsində ağsaqqal azərbaycanlının, dünyaca məşhur rejissor Rüstəm İbrahimbəyovun böyük zəhmətini danmaq olmaz. Biz seçkidə hansı nəticəni əldə etməyimizdən asılı olmayaraq, Azərbaycanın geniş müxalif cəbhəsində birlik və monolitliyin formalaşmasına görə əbədi olaraq Rüstəm müəllimə minnətdar olmalıyıq. Amma bir həqiqət də var ki, Rüstəm müəllimin beynəlxalq əlaqələrinin nə qədər geniş və hərtərəfli olmasından asılı olmayaraq, bu böyük ziyalı beynəlxalq aləmin diqqətini seçki öncəsində Milli Şuraya və bütövlükdə müxalifətə cəlb edə bilməmişdi. Bunun səbəblərini isə uzaqlarda deyil, böyük kinorejissorun Rusiya ilə ilişkilərində axtarmaq lazım idi. Açığını desək, Rusiyada vətəndaşlıq hüququ qazanmış Rüstəm müəllimə Qərb etibar etmədiyi və bir qədər ehtiyatla yanaşdığı üçün seçkilərin nəticələri də ona bir o qədər maraqlı görünmürdü. Onların təsəvvüründə ikinci Rusiyaya bağlı adamın hakimiyyətə gətirilməsi üçün çalışmaq bihudə yerə zəhmət çəkmək idi. Ancaq Putinin Bakı səfəri və bu səfərin bir sıra kartların açılmasına şərait yaratması, üstəlik, bu səfərdən sonra İlham Əliyevə problem yaratmamaq məqsədi ilə Rüstəm müəllimin ikili vətəndaşlığı ilə bağlı problem Rusiyanın heç özü də istəmədiyi bir halda Azərbaycandakı siyasi proseslərə yeni impuls verdi. Əgər Azərbaycan hakimiyyətinin ideoloqları Rusiyanın dövlət başçısının Azərbaycan səfərinin belə bir əks-reaksiya verəcəyini əvvəlcədən hesablasaydılar, buna öncədən razılıq verməzdilər. Bunu hakimiyyət indi-indi başa düşməyə başlayıb. Cəmil Həsənlinin sənədlərinin MSK-ya təqdim olunmasından dərhal sonra İlham Əliyevin hərbi qulluqçuların maaşlarının, müharibə əlillərinin və şəhid ailələrinin təqaüdlərinin artırılmasına göstəriş verməsi vəbütövlükdə dövlət sektorunda çalışanların maaşlarının 10 faiz yüksəldilməsi barədə sərəncam imzalaması məhz hakimiyyətin şok keçirməsi ilə bağlıdır. Biz bu yerdə qətiyyətlə deyə bilərik ki, bu maaş artımına sərəncam verilməsi Milli Şuranın xidmətləri sırasında sayılmalıdır. Vəziyyət gərginləşdikcə hakimiyyətdən daha çox belə addımlar gələcək. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, İlham Əliyev dövlət büdcəsindən maaş və təqaüdlərin artırılması üçün vəsait ayrılmasını öz adı ilə bağlayır, əslində, dünyanın heç bir yerində bu tipli addımlar prezidentə bağlanmır. Dövlət onun üçündür ki, yol çəksin, körpü salsın, əhalinin maddi durumunun yaxşılaşdırılmasının qayğısıa qalsın. Azərbaycanda isə belə bir situasiya yaranıb ki, sanki bu işlərin hamısını prezident təkbaşına yerinəyetirir. Eləysə, bu boyda məmurlar ordusuna nə ehtiyac.Bu gün hakimiyyət təşviş içindədir və bu hakimiyyətin maliyyə oliqarxları təbii ki, dünənində və bu günündə ləkə tapıb “Lider” kanalında məzhəkə obyektinə çevirə bilməyəcəkləri Cəmil Həsənlini fiziki cəzaya məruz qoymağa çalışacaqlar. Artıq belə bir addim atılıb da. Professor evinə gələrkən yuxarı mərtəbədən üstünə tərkibi məlum olmayan maddə atılıb. Amma bir həqiqət də var ki, bundan sonra hakimiyyətin istənilən addımı müxalifətin xeyrinə olacaq. Çünki qəzəb daha böyük səhvlərə yol açır.
London bütövlükdə Qərb deməkdir
Qərb bu günə qədər Azərbaycandakı seçki proseslərinə nə qədər laqeyd yanaşırdısa, Milli Şuranın Cəmil müəllimin simasında yeni vahid namizədinin müdafiəsində bir o qədər fəal görünür. Əslində, Qərbi Azərbaycan hakimiyyətininbu günəqədərki məntiqsiz manevrləri bezdirib. Bir gün İranla düşmən mövqeyində dayanıb, sabah İranın qoltuğuna girmək, yaxud əvvəl Rusiya prezidenti haqqında ağlagəlməz ifadələr işlədib, sonra onun Azərbayacana bir-iki günlük səfəri üçün 30-40 milyard xərcləmək ölkənin xarici siyasətinin əhvali-ruhiyyə üzərində qurulduğunu göstərir. Bütün dünyanın gözü qarşısında zor-güc Putini Azərbaycana dəvət etmək və ictimaiyyətə bəlli olan müqavilələrə qol çəkmək Qərbin Qafqazda strateji planlarının reallaşmasının qarşısına sədd çəkir. Buna görə də ABŞ və Norveç səfirlərinin Milli Şuranın vahid namizədi ilə təcili görüşməsi, üstündən Milli Şuranın bir sıra rəhbərliyi ilə birgə Cəmil Həsənlini təcili Londona çağırması yeni namizədin simasında Qərbin hədəfə düşdüyünü təsdiqləyir. Cəmil Həsənlinin 20 illik Azərbaycan başçılarından fərqli olaraq, Rusiya ilə hər hansı gizli əlaqələrinin ola bilməsi mümkünsüzdür. Qərb bunu çox yaxşı başa düşür və onu da bilir ki, C.Həsənli seçiləcəyi təqdirdə Rusiya Azərbaycana öz vassalı kimi baxa bilməyəcək. Amma buradaca onu da qeyd edək ki, Rusiyanın Azərbaycana təsir imkanları da azlmaqdadır. Çünki bu təsirlər indiyədək ancaq yuxarılardan olub, aşağıdan, yəni xalqın içərisində bu ilişkiləri formalaşdıra bilməyib. Demək hal-hazırda Rusiyanın Azərbaycandaki proseslərə təsir etmək imkanı da sıfıra bərabərdir. Üstəlik, Milli Şuranın vahid namizədlə bu seçkilərə qatılması Azərbaycanda xalq və xarici qüvvə tandemini üz-üzə gətirib. Təbii ki, Qərbin Yaxın Şərq projesində də bu faktor önəmli yer tutur. Bu mənada London görüşləri bir çox məsələləri tam açıqlığı ilə ortaya qoyacaq. Həm də bu görüşlərə bir ölkənin, yəni Ingəltərənin Azərbaycandakı seçkilərə münasibəti kimi yox, bütövlükdə Qərbin münasibəti kimi baxmalıyıq.
-
Əlövsət Əliyev: “Rusiyada baş verənləri dövlət siyasəti saymaq olmaz”
Son günlər Rusiyada miqrantlarla bağlı vəziyyət yenidən gərginləşib. Belə ki, şimal qonşumuzda miqrantlara qarşı keçirilən reydlərdə minlərlə saxlanılanlar arasında 200-ə qədər azərbaycanlının da olduğu deyilir. Hazırda Moskva ətrafında miqrantlar üçün çadır düşərgələri yaradılıb. Rusiya mətbuatının yaydığı məlumatlara görə, saxlanılan bir neçə azərbaycanlı deportasiya da olunub.Azərbaycanda müəyyən siyasi dairələrdə Rusiyada baş verənlərin Azərbaycanda keçiriləcək prezident seçkilərində də təsir edəcəyi, eyni zamanda bunun bir növ Kremlin təsir mexanizmi olduğu deyilir. Yəni bununla rəsmi Moskva Bakıya təsirini gücləndirir.Diaspordakı mənbələrdən publika.az-a daxil olan məlumata görə, düşərgələrdə 200-ə qədər azərbcanlının olması şişirdilmiş rəqəmdir: “Moskva ətrafı qurulan çadır düşərgələrində azərbaycanlılar var, bu, düzdür.Düşərgələrin qapıları önündə azərbaycanlıların öz qohumlarının gözləməsi də bunu təsdiqləyir. Onlar mətbuatdan, televiziyalardan gizlənməyə çalışırlar, lakin bu onu göstərir ki, saxlanılanlar arasında azərbaycanlılar var. Amma 200 rəqəmi şişirdilib”.Mənbə bildirib ki, çadır düşərgələrində saxlanılanların əksəriyyəti vyetnamlılardır. Onun sözlərinə görə, Moskvanın arxa rayonlarında çoxlu sayda sexlər fəaliyyət göstərir ki, orada çalışanlar, adətən, elə həmin sexlərdə də yaşayırlar: “Qeyri-leqal şəraitdə fəaliyyət göstərən həmin sexlərdən bəziləri hətta illərlə çıxmırlar. Azərbaycanlılar isə əsasən bazarlarda fəaliyyət göstərir və əksəriyyəti Rusiya vətəndaşıdır. Çünki artıq vətəndaşlığı olmayanların bazarlarda çalışması çətindir. Saxlanılanlar isə Orta Asiya, Vyetnam, Çindəndir. Suriyadan olanlar da var. Hətta Türkiyənin Şərq vilayətlərindən olan tikinti şirkətlərinin işçiləri də var”.Mənbənin məlumatına görə, azərbaycanlıların sayı 200-ə qədər olmasa da, hər düşərgədə 2, yaxud 3-ə qədər soydaşımız var. Onun sözlərinə görə, Azərbaycanda bəzi müxalif qüvvələr bunu birbaşa Azərbaycana qarşı təzyiq kimi qələmə verir, bunun seçki ərəfəsi sosial partlayışa səbəb olacağını deyir: “Lakin bu, bütün MDB-dən olan miqrantlara qarşı keçirilən reydlərdir. Düşərgələrdə isə azərbaycanlılar 7-ci, 8-ci siyahıda dayanırlar. Moskva federal miqrasiya xidmətinin reydlərinə azərbaycanlılar düşür. Demək olar ki, hər reyddə bir, yaxud iki azərbaycanlı saxlanılır. Lakin onlar birbaşa qanun pozuntusuna, yaxud ciddi qeyri-qanuni fəaliyyətə görə saxlanılmır. Bizim azərbaycanlıların rus dilini bilmə qabiliyyəti Orta Asiya, Vyetnam, yaxud digərlərindən olanlarla müqayisədə qat-qat yaxşıdır. Azərbaycanlıların 99 faizi da təhsillidir və onlar öz hüquqlarını çox yaxşı bilirlər. sadəcə olaraq, azərbaycanlıları digərləri ilə müqayisə etmək gülməlidir”.Mənbə qeyd edib ki, miqrantlarla bağlı son vaxtlar baş verənlər və deportasiyalar təkcə Azərbaycanı deyil, bütün MDB ölkələrini əhatə edir. Yəni. digər MDB ölkələrinin vətəndaşları da Rusiyadan deportasiyaya məruz qalırlar. O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin Federal Miqrasiya Xidmətinin qarşısına ölkə ərazisində qanundankənar yaşayan və işləyən şəxslər ölkədən çıxarılması ilə bağlı vəzifə qoyub: “Çünki Rusiyada seçkiqabağı orta statistik ruslarla miqrantlar fərqlənməlidir. Lakin Rusiyada miqrantlara “bu tacikdir”, “bu ermənidir”, “bu özbək, yaxud azərbaycanlıdır” deyə yanaşmırlar. Burada populyar kütlələr var. Bazarlarda əsasən azərbaycanlılar, yol-tikinti işlərində ermənilər, yerdə qalan qara işlərdə isə taciklər çalışırlar. Rusiya KİV-i bunu cəmiyyətin beynində bu cür kristallaşdırıb. Bu gün Moskva əhalisinin hamısı deyil, yalnız 50-60 faizi miqrantlara mənfi münasibət bəsləyirlər”.Mövzu ilə bağlı söhbətləşdiyimiz VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirib ki, bu, Rusiya dövlət başçısının göstərişi ilə həyata keçirilən tədbirlərdir.Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı göstəriş verib ki, kənd təsərrüfatı məhsullarının satıldığı bazarlarda göstərilən qanunsuz göstərilən fəaliyyətlərə son qoyulsun: “Amma təəssüf ki, bir qrup millətçi şəxslər bunu etnik mənşəyinə görə qeyri-rus olan şəsxlərə qarşı yönəldiblər və bütün bazarlarda qeyri-rusların sıxışdırılmasına, kütləvi surətdə təmizləməyə başlayıblar. Orta hesabla 200 nəfərədək azərbaycanlı da saxlanılıb və onların Rusiyadan deportasiya ediləcəkləri gözlənilir. Təəssüf ki, zərərçəkən qruplar içərisində daha çox zərər çəkənlər azərbaycanlılardır. Onlar üzərində yoxlamalar aparılıb, demək olar ki, hamısı milis idarələrinə aparılıb. Güman edirəm ki, bu, Rusiyadan azərbaycanlıların kütləvi qayıdışına, yəni azərbaycanlıların Rusiyanı tərk etməsi problemli hallara gətirib çıxarmayacaq. Yəni geri qayıtmaq halları diqqəti cəlb edəcək səviyyədə olmayacaq”.Müsahibimiz qeyd edib ki, Rusiya millətçiləri bununla daim qeyri-rusları, o cümlədən azərbaycanlıları daim təzyiq altında saxlamağa çalışırlar: “Çox təəssüf ki, millətçilərin qeyri-qanuni hərəkətlərinə Rusiyanın hüquq-mühafizə orqanları da göz yumur, yaxud da buna şərait yaradırlar. Yəni bu, Rusiyanın həyata keçirdiyi siyasətdir.Onlar istəyirlər ki, Rusiya milli azlıqlardan təmizlənmiş durumda olsun, Rusiyada yalnız ruslar yaşasın. Digər tərəfdən, ruslar bununla Rusiyada yaşayan milli azlıqları daim nəzarətdə saxlamağa cəhd göstərirlər. Ruslar bu cür hərəkətlər etməklə, hadisələr törətməklə və dövlət orqanları onların əməllərinə göz yummaqla öz şovinist mövqelərini qoruyub saxlayırlar. Hətta qanunverici və icraedici orqanlar səviyyəsində də Rusiyanın miqrasiya ilə bağlı həyata keçirdiyi siyasətdə də bu, özünü çox aydın göstərir”.Bununla belə Ə.Əliyev qeyd edib ki, miqrantlarla bağlı baş verənlər Azərbaycana qarşı yönələn dövlət siyasətinin nəticisi kimi qiymətləndirmək düzgün olmazdı: “Düzdür, bundan zərər çəkənlər həm də azərbaycanlılardır, amma daha çox Rusiya Federasiyasının ərazisində yaşayan qeyri-ruslara yönəlmiş addımdır. Çünki bu hadisə əvvəlcə bir dağıstanlının rus polis zabitinə xəsarət yetirməsi ilə başladı. Rusiya Federesiyasının ərazisində və Rusiyadan kənarda yaşayan keçmiş SSRİ vətəndaşlarına rusların, rus millətçilərinin gücünü göstərmək siyasəti Rusiyada həmişə mövcud olub. Bu, hakimiyyətin irəli sürdüyü, müəyyən etdiyi siyasətdir və bu siyasət daim davam edir. Konkret bu məsələdə azərbaycanlılara qarşı xüsusi münasibət və ayrı-seçkilik yoxdur və mən bunu hiss etmirəm”.Səxavət Həmid
Teleqraf.com