Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Bahçeli millətçi cildinə girən siyasilərimizdən danışdı

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı keçirdiyi son görüşlər və hadisələrlə bağlı mətbuat xidmətinə qısa müsahibə verib.

     Müsahibəni təqdim edirik: 

     – Sabir bəy, may ayında bir neçə səfəriniz və görüşləriniz oldu. Bunların hamısının bu aya planlaşdırılması təsadüf idimi?

     – Hələ may ayı bitməyib və növbəti səfərimiz də var. Bilirsiz, may ayı həmişə olduğu kimi siyasi və iç hadisələrin sıxlığı ilə seçilir. Bunun bir səbəbi milli tariximizin bir sıra hadisələrinin bu aya bağlı olmasıdır. Digər səbəbi də dərs ilinin tamamlanması, yay istirahətindən öncə hamının öz işlərinə yekun vurmaq istəyidir. Bu ayın əvvəlində Azəri-Türk Qadınlar Birliyi ilə bərabər ənənəsini qoyduğumuz Türkçülük Bayramını yüksək səviyyədə keçirdik. Bu dəfə bayrama nisbətən az tanıdığımız, əlaqələrimizin zəif olduğu türk yurdlarından – saka, Dağlıq Şor, Dağlıq Altay və sairdən qonaqlar dəvət edilmişdi. Qırğızıstan, Türkiyə və Azərbaycanın tanınmış sənətçilərini də bura əlavə etsək, bayramın qeyri-adi dərəcədə əlvan mənzərəsini təsəvvür etmək olar. Bayrama olan marağı göstərən bir fakt da Türkiyənin “Bengütürk” TV-də bir həftədə onun 3 dəfə göstərilməsidir. Bu günlərdə Ankarada MHP-nin genəl başqanı Devlət Bahçeli ilə görüşümüzdə həmin proqrama iki dəfə baxdığını və çox məmnun qaldığını, Bakıda belə bir türklük şöləninin düzənlənməsindən duyduğu sevinci dilə gətirdi. 

     Bu ay həm də mərhum prezident Heydər Əliyevin doğum günü, II Dünya Savaşındakı qələbənin ildönümü, mayın 25-də Qafqaz Ordusunun Azərbaycana gəlişi ayın mühüm hadisələrindəndir və hər biri ilə bağlı müxtəlif tədbirlərə qatıldıq. Üstəlik, bu ay VHP-nin Ali Məclisini də keçirdik. Rayon təşkilatları ilə birgə ölkədəki siyasi vəziyyəti və VHP-nin durumunu müzakirə etdik. 

     

    Həyatımın unudulmaz hadisəsi oldu

    Ən unudulmaz günlərdən biri qızım Aydanın ad günümlə bağlı sürprizi idi. Oxuduğu Xəzər Universitetinin tədbiri adı ilə məni dilə tutub Beynəlxalq Mətbuat Mərkəzinə aparmışdı. Amma mən orda bir çox sənət dostlarım və ədəbiyyat adamları ilə rastlaşanda təəccübləndim və sonra məlum oldu ki, ad günümlə bağlı tədbirdir. Çox səmimi çıxışlar öz yerində, həm də mənim şeir və mahnılarımdan ibarət disk təqdim olundu. Onları da Aydan məndən xəbərsiz hazırlatdırmışdı. 

    Sonrakı günləri Türkiyədə, Özbəkistanda və Qazaxıstanda keçirdim. Türkiyədə Ankara Hacəttəpə Universitetində 3 gün ərzində “Oğuz dilləri, mədəniyyətləri və tarixləri” mövzusunda son dərəcə maraqlı türk araşdırmaları simpoziumu keçirildi. Simpoziumun məruzəçilərindən biri də mən idim və “Tarixə yazıçı baxışı; bizə tarixşünaslıq lazımdırmı” mövzusunda çıxış etdim. 

     

    “Xarici qüvvələrin əlində sir olan…”

    Türkiyədə uzun illərdən bəri çox səmimi dostluq münasibəti ilə bağlı olduğum MHP başqanı D.Bahçeli ilə görüşərək seçimdən sonrakı Türkiyədə vəziyyət, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı müzakirə apardıq. Maraqlı məqamlardan biri də D.Bahçelinin Türkiyə ilə münasibətdə qeyri-səmimi olan, gah bu, gah da digər partiyaya mədhiyyə deyən, xarici qüvvələrin əsiri olan və milliyyətçi təfəkkürdən uzaq ola-ola milliyyətçi cildində danışanlar barədə fikirləri oldu. Bu fikirlər onun Azərbaycanda gedən prosesləri və siyasi iddialarla ortaya atılan adamları ciddi izlədiyini göstərirdi. 

    Ankara görüşlərinin mühümlərindən biri də Türkiyənin ən böyük həmkarlar təşkilatı olan Türk Kamusen yönətiçiləri və başqan İsmayıl Koncukla görüş oldu. İ.Koncuk azsaylı adamlardandır ki, Ankaraya hər səfərimdə onunla görüşməyi özümə borc sayıram və sendikanın bütün tədbirlərinə qatılıram.

     

    – Bu ay həm də türk dünyası üçün əlamətdar olan bir hadisə – Turan şəhərinin salınması ideyasına doğru son addım da atıldı. O tədbirlə bağlı düşüncələriniz necədir?

     

    – Mayın 23-də keçirildi o tədbir. Elə Türkiyədən birbaşa Daşkəndə uçduq. Qazaxıstanda Çimkənd yaxınlığında salınması düşünülən Turan şəhərində keçirilən Türkçülük Qurultayına qatıldıq. Azərbaycandan başqa dostlar da gəlmişdi. Qurultayda Turançı təşkilatların Koordinasiya Şurası yarandı və orda məlum oldu ki, məni bu tədbirə dəvət etməkdə məqsəd KŞ-na sədrlik etmək məsuliyyətini üzərimə qoymaqdır. Ancaq işlərim çox olduğu üçün təəssüf ki, imtina etmək məcburiyyətində qaldım. 

     

    Orda həyatımın unudulmaz günlərindən birini yaşadım. Birinci gecə Ankara-İstanbul-Daşkənd-Çimkənd yolunu keçsək də, qurultayın coşğun türk ruhu və hər tərəfdə üzümüzə vuran tariximizin havası yorğunluğumu unutdurdu. Ən önəmlisi qurultayda hətta muxtariyyəti olmayan türk xalqlarının böyük fəallığı, birliyi, çağdaş türk tarixinin ən uzaq səhifələrini böyük millətlərə xatırlatmaları idi. Geyimlər, ləhcə, musiqi türk coğrafiyasının və mədəniyyətinin sonsuzluğundan xəbər verirdi… 

     

    May ayının bu qədər yüklü olması sanki ona görədir ki, ömrümüzdən bir ilin də getdiyini bilməyək.

  • Ömər Məmmədovun məhkəməsi başladı

    Aprelin 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyi ilə qanunsuz narkotik ticarətində ittiham olunan 19 yaşlı facebook fəalı Ömər Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib.

    İclasda vəkil Xalid Bağırov Məmmədovun həbs müddətinin aprelin 24-də bitdiyinə, həbs haqqında yeni məhkəmə qərarının isə olmadığına diqqət çəkib. O, Azərbaycan Cinayət Məcəlləsinin iş məhkəməyə daxil olduqdan sonra həbs müddətinin artırılmasına ehtiyac olmaması barədə normalarının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmadığını bildirib. Vəkil Məmmədovun həbsdən azad edilməsi haqqında vəsatət qaldırıb.

    Daha sonra vəkil dəlillər siyahısından Məmmədovun şəxsən yoxlanılması və ondan narkotik götürülməsi haqqında protokolun çıxarılması haqqında vəsatət qaldırıb.

    O qeyd edib ki, tədbir məhkəmə qərarı olmadan keçirilib. Digər tərəfdən, əməliyyatçıların şəxsi yoxlama həyata keçirmək səlahiyyəti yoxdur. Bunu yalnız müstəntiqlər edə bilər.

    Bağırov həmçinin guya Məmmədova məxsus olan 6 qr heroinin kimyəvi ekspertizası protokolunun dəlillər siyahısından çıxarılması haqqında vəsatət qaldırıb. Vəkil bunu ekspertiza haqqında bu qərarın Məmmədova təqdim edilməməsi və ona alternativ ekspertiza üçün qanuni hüququnun verilməməsi ilə əsaslandırıb.

    Bağırov Məmmədovun atasının şahid qismində cəlb edilməsi haqqında daha bir vəsatət irəli sürüb. O, bunu təqsirləndirilən şəxsin atasına Məmmədovun vətəndaş fəallığı ilə əlaqədar təzyiq göstərildiyini bildirməsi ilə əsaslandırıb.

    Bundan başqa, Bağırov yanvarın 24-də Məmmədovun saxlanıldığı 11.00-dan 13.00-a qədər Təbriz küçəsində videomüşahidə kameralarından məlumatlar istənilməsi haqqında vəsatət qaldırıb.

    Bağırov həmçinin narkotik paketinin üzərindəki barmaq izlərinin müəyyən edilməsi üçün daktiloskopik ekspertiza keçirilməsi haqqında vəsatət verib.

    Digər vəkil Əlaif Həsənov jurnalistlərin prosesin videoçəkilişini aparması haqqında vəsatət qaldırıb. O, həmçinin Məmmədovun həbsdən azad edilməsini və ya qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

    Prokuror Erkin Qafarov bütün vəsatətlərə etiraz edib.

    Hakimlər müşavirədən sonra bütün vəsatətləri rədd etmək haqqında qərar qəbul ediblər, videomüşahidə kameralarından məlumat alınması haqqında vəsatət isə baxılmamış saxlanılıb.

    İşə mahiyyəti üzrə baxılması mayın 13-nə təyin edilib.

    Qeyd edək ki, Məmmədovun işi üzrə proses böyük ictimai maraq doğurub.

    Yerlərin sayı məhdud olduğu üçün 100-ə yaxın insan isə küçədə qalıb.

    Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA hərəkatına qayıdıb.

    Məmmədov İnternetdə sosial şəbəkələrin fəal iştirakçısı idi. Xüsusən, o, facebook-da hakimiyyətin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yer aldığı “AzTV-dən seçmələr” səhifəsinin administratorlarından biri idi.

  • “Vətəndaş Həmrəyliyi” qəzeti ilk dəfə məhkəməyə düşdüyünü bildirir

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov “Vətəndaş Həmrəyliyi” qəzetini məhkəməyə verib.

    Əflatun Şərifov Yasamal Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “Vətəndaş Həmrəyliyi” qəzetinin onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən yazılar dərc etdiyini bildirib, təkzib verilməsini, dəymiş mənəvi ziyanın əvəzi kimi ümumilikdə 125 min manat (qəzetdən 50 min, baş redaktordan 50 min, informasiyanı mətbuata ötürən şəxsdən 25 min manat) təzminat ödənilməsini istəyib.

    “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyev “Media forum” saytına deyib ki, iddia ərizəsində Əflatun Şərifov daha çox qəzeti və baş redaktoru ittiham edir: “Əflatun Şərifov bizi onun haqqında düzgün olmayan informasiya yaymaqda, ona böhtan atmaqda günahlandırır və ilk olaraq onun 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisini boykot etməsi ilə bağlı yazıya istinad edir.

    Əflatun Şərifov onun barəsində informasiyanı “Vətəndaş Həmrəyliyi”nə ötürən Teymur Məmmədzadədən 25 min manat tələb edir. Teymur Məmmədzadə prezident seçkisi dövründə Teleradio İstehsalat Birliyinin işçisi olub. Seçki vaxtı o, Vətəndaş Həmrəyliyi Partiyasını 23 saylı Dairə Seçki Komissiyasının 4 saylı məntəqəsinin üzvü kimi təmsil edib.

    Əflatun Şərifovun iddiasına səbəb olan materiallar qəzetdə getməzdən öncə şəxsən ona zəng edərək faktlarla bağlı rəsmi mövqeyini bildirməsini xahiş etmişəm. Amma Əflatun Şərifov faktlara münasibət bildirməyib. Qəzetdə dərc olunan həmin materialları 2013-cü ilin avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, oktyabr ayında Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərmişəm, yazıda göstərilən faktların yoxlanılaraq nəticəsi barədə redaksiyaya məlumat verilməsini xahiş etmişəm.
    Lakin bu dövlət strukturlarının heç biri bizim rəsmi məktuba cavab verməyib və münasibət bildirməyib”.

    İbrahim Quliyev xatırladıb ki, “Vətəndaş Həmrəyliyi” qəzeti 20 ildir nəşr olunur: “Qəzet öz fəaliyyətində ölkə konstitusiyasını, KİV haqqında qanunu və jurnalist etikasını əsas götürdüyündən indiyədək məhkəmələrə düşməyib, Mətbuat Şurasından hər hansı xəbərdarlıq, yaxud töhmət almayıb. Əksinə, qəzetin fəaliyyəti çox halda nümunə göstərilib”.

  • Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə deyilir: “Əziz bacı və qardaşlar!

    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoşbəxtlik arzulayıram.

    Novruz – yeni günün qeyd olunması ənənəsini Azərbaycan xalqı min illərdən bəri müxtəlif dini, siyasi təzyiqlərdən qoruyub günümüzə qədər yaşadıb. Çoxsaylı ehtimallar yazılıb-deyilsə, müxtəlif yozumlar səsləndirilsə də, fakt ondan ibarətdir ki, bu bayramı heç bir dinə bağlamaq mümkün olmur. Xalqımızın təfəkkür tarixində mifoloji dünyagörüşü əks etdirən və zaman-zaman müxtəlif yeni baxışlarla zənginləşən Novruz təkcə Yeni Gün deyil, həm də tarixi yaddaşımız, yaşantılarımızdır.

    Novruz bayramı insanın təbiətin bir parçası olduğunu təqdiqləyən ənənəmizdir. Bu bayramda təbiətin oyanması insanın da yeni günə başlaması isə assosiasiyadır: arzular qurulur, yeni günü daha yaxşı yaşamaq üçün gələcəyi öyrənmək istəyi yaranır, təbiətdən götürülən rənglər ömürə qatılır…

    Əziz həmvətənlər!

    Sizləri bu əziz bayram münasibəti ilə bir daha təbrik edir, hər birinizə xoşbəxtlik və ömrünüzə bayar təravəti arzulayıram.

  • O, bizim gəncliyimizin idealı idi

    Sabir Rüstəmxanlı  

    Böyük yazıçımız İsa Muğannanın ölüm xəbərini gecə yarısı aldım. Elə bildim, göydəki ulduzlardan biri axıb getdi. Azərbaycanın yüzilliklər ərzində yandırdığı ən böyük zəka işıqlarından biri söndü və gecənin qaranlığı bir az da qatılaşdı.
     
    İsa Muğanna nadir istedad sahibi idi. O, bunu ilk əsərlərində göstərmişdi. Cavan yaşlarından Azərbaycan ədəbiyyatının klassiklərindən birinə çevrilmiş, adı nəslimizin böyük yaradıçıları olan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.Çəmənzəminli, M.S.Ordubadi, S.Rəhimli, M.İbrahimov, Mir Cəlal, Ə.Vəliyev, Ə.Məmmədxanlı, İ.Əfəndiyev, İ.Şıxlı və bu kimi yazarlarımızın adları ilə birgə yer alıb. Ancaq eyni zamanda İsa Muğanna ədəbiyyat tariximizdə yeni, təkrarsız bir hadisə idi. Nəslimizə yeni üslub, yeni baxış, yeni düşüncə tərzi, ən başlıcası, unudulmaz insan xarakterləri gətirmişdi. İsa Muğanna yaradıcılığı nəsrimizdə yeni bir ədəbi məktəbdir. Özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir göstərib, nəsrimizi bəsit sosialist realizmi şablonundan qurtarıb, 20-ci əsrin dünya nəsrinin ən gözəl örnəkləri səviyyəsinə qaldırıb.
     
    Gənclik illərimizdə onun hər bir əsərini böyük intizarla gözləyirdik. “Doğma və yad adamlar”, “Teleqram”, “Kollu koxa”, “Tütək səsi”, “Yanar ürək”, “Məhşər”, “İdeal”… İsa Muğannanın bu bir-birindən gözəl əsərləri ötən yüzilin son dərəcə mürəkkəb tarixini, ictimai-siyası hadisələrini əks etdirməklə yanaşı, qədim psixoloji təhlilləri ilə milli xarakterin qeyri-adi dərəcədə mürəkkəb və bənzərsiz mənzərələrini yaradıb. 
     
    Onun ən çox müzakirə olunan “İdeal” romanını “Yazıçı” nəşriyyatının baş redaktoru olanda mən nəşr etmişdim. Bunu ürəklə yazıram. Çünki o vaxt Mərkəzi Komitənin İdeologiya şöbəsi əsərin nəşrinə icazə vermirdi. Özəlliklə “Qapalı dünya” bölümünə heç cür icazə vermək istəmirdilər. Mən uzun müzakirədən sonra başa sala bildim ki, bu bölmə əsərin bir qəhrəmanına aiddir. Müəllifin öz fikri deyil. Buna görə müəllifi ittiham etmək olmaz. Əslində dünyaya belə qeyri-adi yanaşmağı bədii əsərə gətirmək yazıçının böyüklüyüdür.
     
    Yalnız bundan sonra Mərkəzi Komitədən bildirdilər ki, bu əsərin məsuliyyətini özün boynuna götür. Bununla razılaşdım və əsərin məsuliyyətini boynuma götürdüm: “İsa Muğanna özü kifayət qədər ağıllı adamdır. Nə yazdığını bilir. Yazdığının məsuliyyətini elə özü müəllif kimi daşıyır. Ancaq eyni zamanda, mən də bir naşir kimi məsuliyyəti boynuma götürürəm.
     
    Bu əsərin böyük bir hissəsi “Yanar ürək” adı altında çap olunub. Bu genişləndirilmiş və təkmilləşdirilmiş nəşrdir. Həmin bölmə də əsər qəhrəmanının düşüncələridir və bu düşüncələr elə ciddi məsuliyyət doğurmur”.
     
    Əsər çox böyük tirajla çap olundu. Sonra da dəfələrlə çap edildi. Həmin illərdə İsa Muğanna tez-tez nəşriyyata gəlirdi. Bizim onunla əvvəldən, heç şübhəsiz, çox yaxın münasibətimiz var idi, bundan sonra dostluğumuz daha da möhkəmlənmişdi.
     
    İsa Muğanna son dərəcə maraqlı, gözəl insan, dost, həmsöhbət idi. Onun həyat yoldaşı Firuzə xanım da İsa Muğanna qədər dəyərli insandır. Çox gözəl xanım və əziz bacımızdır. O, İsa müəllimə yaraşan bir xanımdır. Firuzə xanım ömrünün axırına kimi İsa müəllimə xidmət etdi. O, İsa Muğannanın böyüklüyünü dərk edirdi. 
     
    İsa Muğanna ilə mən Yazıçılar İttifaqının Moskvada keçirilən qurultayına birlikdə getmişdik. Firuzə xanım da bizimlə idi. Təyyarədə Firuzə xanım İsa müəllimə yemək vermək istəyəndə o dedi ki, “İsmayıl Şıxlı şəkərdi, əvvəl İsmayıla ver, sonra mənə verərsən”.
     
    Firuzə xanım yolda yemək üçün pendir və çörək götürmüşdü; az qala hamıya o pendir-çörəkdən verdi. İsa Muğanna bir tikəsini də hər kəslə bölməyi bacaran insan idi.
     
    Onun əsərlərinə çoxlu filmlər çəkilib. Hər biri bizim film sənətində böyük hadisədir. İsa Muğanna bizim gənclik illərimizdə idealımız olan insan kimi də, yazıçı kimi də böyük söz sahibi idi.
     
    Bir dəfə kamera, fotokamera götürüb onların qapılarını döymüşdüm. 4 saat oturub onunla ədəbiyyat haqqında maraqlı söhbətlər eləmişdik, bir albom şəkil çəkdirmişdik birlikdə. O söhbəti lentə də aldırmışdım. Həmin gün zarafatlaşa-zarafatlaşa  Firuzə xanımın da çox dadlı piroqundan yemişdik.
     
    Bunlar hamısı çox əziz xatirədir mənim üçün. İsa Muğanna Azərbaycanın qərb bölgəsinin İsmayıl Şıxlı ilə yanaşı, bütün böyük xarakterlərini, xüsusiyyətlərini ədəbiyyata gətirmişdi. Bununla yanaşı, keçən əsrdəki Azərbaycanın mürəkkəb psixologiyasını, insan və cəmiyyət arasındakı münasibətlərini ədəbiyyata gətirmişdi. Əgər onun uğurlu dil tərcüməçisi olsaydı, yaxud o ingilis, ispan dil mühitində yetişsəydi, heç şübhəsiz indi İsa Muğanna dünyanın ən çox tərcümə edilən, dünyada ən çox oxunan yazıçılarından biri olardı.
     
    İsa Muğanna ömrünün müdrik yaşında bizi, ədəbiyyatı tərk etdi. Onun özünəməxsus dünyası var idi. Onun düşüncəsində insan öləndən sonra hamının təsəvvür etdiyi yol ilə yox, tamam başqa yol ilə gedirdi. Onun kitablarında da buna işarə var.
     
    Bu gün o özünün təsvir etdiyi dünyadadır. Ancaq o elə bir dünyadır ki, bizdən elə də uzaqda deyil. O, bundan sonra da, əsrlər keçdikcə əsərlərini oxuyan oxucularını görəcək, onların səsini eşidəcək.
     
    Azərbaycan var olduqca İsa Muğanna da Azərbaycanla bərabər var olacaq.  

     

  • “Nurçuluq ciddi təhlükədir”

    “Seçicilərin cəmi 46 faiz səsini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz”. Bu sözləri “Axar.az”a millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun fikrincə, bu seçkilərə qiymət vermək çox çətindir: 

    “Seçki zamanı bir neçə məntəqədə işıqların sönməsinin və seçki bülletenləri ilə dolu çuvalların əllərdə gəzməsinin səbəblərini anlamadan bu seçkilərə qiymət vermək çox çətindir. Ancaq gözlənilən nəticələrdir. MHP və CHP-nin ümumilikdə səs faizləri AKP-nin səs faziləri ilə təxminən eyni idi. Bu onu göstərdi ki, ölkə üzrə tam nəzarətin ancaq bir partiyanın, yəni AKP-nin əlində olması artıq geridə qalıb. Seçicilərin cəmi 46 faizini qazanan bir partiya ölkəni tək idarə etmək iddiasında ola bilməz. Böyük ehtimalla növbəti parlament seçkilərində də AKP bu rəqəmlərə uyğun nəticə göstərəcək”.   

    Millət vəkilinin sözlərinə görə, bu seçkilərin nəticələrindən razı olmayan xalq növbəti seçkiyə kütləvi iğtişaşlarla hazırlaşacaq: “Türkiyədə növbəti iğtişaş dalğası gözləniləndir. Avqust ayında gözlənilən parlament seçkilərinə kimi iğtişaşlar daha da kütləviləşəcək”. 

    S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan hakimiyyətinin növbəti qələbəsi Türkiyədə nurçulara qarşı əməliyyatları daha da artıracaq: “Çoxdan başlayan bu əməliyyatlar daha da genişlənəcək. Azərbaycana da təsirsiz ötüşməyəcək. Demək olar ki, bu əməliyyatların dalğası Azərbaycana çoxdan gəlib. Nurçuluq ciddi təhlükədir”.   

    Deputat deyir ki, son dövrlər Türkiyədə baş verən olaylar, nurçulara qarşı təzyiqlər, qarşılıqlı ittihamlar seçki kampaniyası idi: “Bütün bunlar AKP-nin səs çoxluğuna hesablanmış addımlar idi. Seçkiöncəsi baş verən bu hadisələrin nəticələrə çox böyük təsiri oldu”.   

    Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir.

  • “Nurçular Suriya ilə Xocalını eyniləşdirir”””

    Millət vəkili Sabir Rüstəmxanlı Türkiyədəki son proseslər və onun Azərbaycanda doğurduğu əks-səda ilə bağlı Modern.az-a müsahibə verib.

    – Türkiyədə məhkəmələrin qərarı ilə “Ergenekon” əməliyyatları zamanı həbs olunan ordu generalları, o cümlədən çoxumuzun tanıdığı Vəli Küçük Paşa azadlığa buraxıldı. Sizcə, bu ordunun yenidən siyasi həyata dönüşünə hesablanmış bir addım ola bilərmi?

    – Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti ordunun hər 10-15 ildən bir ölkənin siyasi həyatına müdaxiləsini istəmir. Ordunun yenidən siyasətə qarışması ölkədə xoşagəlməz atmosfer yaradar. Bununla yanaşı, Türkiyənin beynəlxalq nüfuzuna zərər vurar, demokratiyanın inkişafına mane olar. Türkiyə ordusu NATO-nun tərkibində ikinci ən böyük ordu idi. Bu cür ordunun generallarının əsassız ittihamlarla həbs olunması Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna zərbə vururdu.

    Ordu generallarının məhkəmə qabağına çıxarılması Türkiyənin mənəvi həyatına, türk insanının ruhuna, psixologiyasına pis təsir edirdi. Keçmiş generalların azadlığa çıxması ordu həyatına və Türkiyə siyasətinə təsir göstərəcək. İlk növbədə isə Türkiyə milli təfəkkür sahiblərinin və millətçilərinin gücü artacaq və bu amil seçkilərə də təsirsiz ötüşməyəcək.

    -Türkiyədə martın 30-da bələdiyyə və onun ardından prezident seçkiləri keçiriləcək. “Ergenekon”çuların azadlığa çıxması fonunda seçkilərdə hansı partiyanın qalib gəlməsini söyləmək olar?

    – Generalların həbsdən azad olunmasına seçki qabağı atılan addım kimi baxmaq olar. Həbsdən çıxanların heç biri indiki iqtidara səs verməyəcək. Müxalifət partiyalarının səsi əvvəlki illərə nisbətən daha artıq olacaq.

    – Ordu generallarının həbsi dini lider Fəthullah Gülən və baş nazir Rəcəb Tayyib Ərdoğanın vaxtilə mövcud olan ittifaqının birgə anlaşmasının nəticəsi idi. Həmin birlik həqiqətənmi keçmiş hərbiçilərdən qorxurdu, yoxsa bu addım başqa maraqlı qüvvələrin diktəsi idi?

    – Hərbiçilər əslində Fəthullah Gülən camaatı və Ərdoğan savaşına qurban getmişdilər. “Ergenekon” əməliyyatları dolayı yolla böyük güclərin və dövlətlərin sifarişi ilə həyata keçirilmişdi. Məqsəd isə Türkiyə ordusunu zəiflətməklə bölgədə gələcək üçün hazırlanan böyük, gizli siyasi ssenarilərin başlanğıcını qoymaq idi.

    – Ərdoğan hökumətinin generalları azadlığa buraxması bir növ onlara jest idi. Bununla Ərdoğan hərbiçilərin həbsinə görə Fəthullah Gülənin məsuliyyət daşıdığını demək istədi və Gülənlə olan siyasi çəkişməsində sanki ordu generalları simasında özünə yeni siyasi dividentlər qazanmaq istədi. Bu haqda nə deyə bilərsiniz?

    – Dediyinizlə razıyam. Əlavə etmək istəyirəm ki, Türkiyədə məhkəmələr arasında nüfuz savaşı da var. Hərbiçilərin həbs olunmasında Türkiyə qanunlarındakı boşluqlar da rol oynamışdı. Beş il məhkəmənin davam etməsi nə deməkdir? Müstəntiqlərin, istintaqı aparanların böyük bir hissəsi nurçu camaatına yaxın adamlar idi. Mənim dostum Vəli Küçük Paşa həbsdən çıxanda əsl ordu generalına yaraşan bir söz işlətdi. O, həbsini nəzərdə tutaraq bildirdi ki, Türkiyə Silahlı Qüvvələri onu növbə çəkməyə göndərib. Generallar həbsə düşməklə sanki hərbi vəzifəsini yerinə yetirdilər. Azadlığa çıxan hərbiçilərin əksəriyyəti indiki hakimiyyətə müxalif olan adamlardır.

    – Bəs dostunuz Vəli Küçük Paşa həbsdən çıxandan sonra onunla əlaqə saxlamısınızmı?

    – Çox təəssüf ki, onunla danışa bilməmişəm. Amma imkan düşən kimi danışacağam.

    – Vəli Küçük Paşa mətbuata açıqlamasında dünyanın super gücü ABŞ-a boyun əymədiyi üçün həbsxanaya düşdüyünü bildirib. Bu Ərdoğan hökumətinin “Ergenekon” əməliyyatlarının həyata keçirilməsi zamanı ABŞ-ın maraqlarına xidmət etməsi anlamını ifadə etmirmi?

    – Vəli Küçük Paşa Azərbaycan türküdür. O, PKK terror təşkilatına qarşı mücadilə aparıb. Onun həbsinin motivləri indiyə qədər mənə bəlli deyil. Həbs olunanların böyük əksəriyyəti millətçilər idi. Onlar Türkiyənin bütövlüyünü, unitar dövlət olaraq güclənməsini istəyirdilər. Ola bilsin ki, onların vətənpərvər mövqeləri Türkiyə ilə bağlı müəyyən planlar hazırlayanlara və separatizm eşqinə düşənlərə mane olurdu. Bunların hamısı gəlib bir nöqtədə birləşdi və generallar həbs olundu.

    – Bu il Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayı keçiriləcək. Yəqin ki, DAK-ın rəhbərlərindən biri olan Vəli Küçük Paşa da tədbirdə iştirak edəcək…

    – Əlbəttə. Biz onu DAK-ın ən fəal üzvlərindən biri olaraq görürük və bundan sonra da elə olacaq.

    – Türkiyəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarından sonra Fəthullah Gülən-Ərdoğan mübarizəsinin gərginliyi Azərbaycana da sıçradı və ölkədə nurçu qalmaqalı gündəmə gəldi. Dövlət orqanlarında, deputatlar arasında nurçu təriqətinə mənsub şəxslərin olması ilə bağlı iddialara münasibətiniz necədir?

    – Şübhəsiz ki, Azərbaycanda nurçuların gizli mafiyaları mövcuddur. Mən bütövlükdə Gülən camaatını hədəf seçmək istəməzdim. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində məktəb qurması, həmin tədris ocaqlarında türk dilini öyrətmək, Türkiyəni sevdirmək çox böyük bir işdir. Azərbaycanda “Çağ Öyrətim” şirkəti və Qafqaz Universiteti kifayət qədər yaxşı təhsil verir. Onların bizim ölkədəki kursları da kifayət qədər keyfiyyətli şagird hazırlayır. Onlar Azərbaycan təhsili üçün çox iş görüblər. Amma bunlara baxmayaraq, proseslərin pərdə arxası tərəfləri də var. Bəlkə, hansı bir yerdəsə o məktəblərin dinə meylliliyi və təhlükə yardan tərəfləri var. Mən nurçuluq cərəyanına məxsus adamlarda fanatizmi müşahidə etmişəm.

    Onların sırasında mənim də tanıdığım şəxslər var. Nurçular Azərbaycanda kök atıblar. İki il əvvəl Xocalı soyqırımı ilə bağlı İstanbulda bir yürüş keçirilirdi. O yürüşün hazırlanmasına Bakıdan da müəyyən adamlar getmişdi. Mən bir az gec getdim və onların mətbuat konfransına çatdım. Həmin mətbuat konfransında asılan bir şüar diqqətimi cəlb etdi. Həmin şüarda Suriyadakı vətəndaş müharibəsi ilə Xocalı soyqırımı eyniləşdilirdi və belə halların təkrar olunmaması bildirilirdi. Heyrətə gəldim. Dedim ki, bu nə şüardır belə? Cavab verdilər ki, burda dindar kəsim belə məsləhət görüb və ona uyğun da bu şüarı yazıblar. Suriyadakı vətəndaş müharibəsinin Xocalı soyqırımına nə dəxli var? Suriyadakı iç savaşdır. Xocalı isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıdır. Gördüm ki, Azərbaycandan ora göndərilən adamlar dini təbəqənin, Gülənə yaxın olan şəxslərin təsiri ilə hətta Xocalı faciəsini o müstəvidə görürdülər…

    – Azərbaycandan kimlər var idi orada?

    – Mən heç kimin adını çəkmək istəmirəm. Milli Məclisdə və Prezident Administrasiyasındakı “Gülən komandası”na yaxın adamlar onsuz da bəllidir. Belə olmasaydı Prezident Administrasiyası səviyyəsində mətbuatda bu barədə müzakirələr aparılmazdı. Mən yenə deyirəm, nurçuluq cərəyanına mənsub adamların hamısına kölgə salmaq, Fəthullah Gülənin gördüyü bütün işləri gözdən salmaq niyyətində deyiləm. Bizim çox böyük imkanlı şirkətlərimizdən də Gülən biznesinə aid olanları var. Bəzən onlarla bir yerdə işləməyin ölkə üçün xoş olmayan nəticələrini görmüşəm.

  • Faiq Balabəyli-50

    Bu gün VHP Siyasi Şurasının üzvü Faiq Balabəylinin  50 yaşı tamam olur.

    Balabəyli Faiq Ağaş oğlu 23 fevral  1964-cü ildə Cəlilabad rayonun Sabirabad  kəndində anadan olub. 1971-81 –ci illərdə  Sabirabad kənd orta məktəbində təhsil alıb.  1981-84-ci illərdə 95 saylı  Bakı  Dənizçilik Məktəbində oxuyub.

    1982-84 -cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qyabi olaraq Qafur Məmmədov  adına Bakı Dəniz Yolları Məktəbində davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib.  1992-94 –cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib.

    1996-2006 – cı illərdə “Ədəbiyyt qəzeti”ndə işləyib.  Hal-hazırda “Millətin Səsi” qəzetinin baş redaktoru və Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində çalışır.

    1993-cü ildə “Eh ayrılıq nə yamansan”, 2003-cü ildə “Kəsilməyən həyacan fiti”, 2005-ci ildə “Sənə yazılan şeirlər”, 2008-ci ildə “Burda darıxmaq olmaz”, 2010-cü ildə “Yaşıl yuxulu dəniz”, 2011-ci ildə  “Yaxın uzaq Elazıx” kitablarının müəllifidir .  1996-cı ildən AzərbaycanYazıçılar Birliyinin üzvüdür. Türkiyənin və Azərbaycanın ədəbi ödüllərinə layiq görülüb.

    1998-ci ildən  Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, 1999-cu ildən VHP Xətai Rayon Təşkilatına sədri seçilib.  2003-cü ildən isə VHP Siyasi Şurasının üzvüdür.

    Ailəlidir, iki övladı var.

    VHP.AZ  saytı Faiq bəyi 50 illik yublieyi münasibəti ilə təbrik edir. Ona siyasi və ədəbi fəaliyyətində, şəxsi işlərində uğurlar diləyir.

  • Sumqayıtın söz sahiblərində biri

    Bu həftə VHP Sumqayıt şəhər təşkilatının üzvü Yusif Salmanovun doğum günü qeyd edildi. Ömrün müdriklik zirvəsinə doğru daha bir addım atması münadibətilə partiya rəhbərliyi, əqidədaşları ona təbrik ünvanlamışlar.

     Təbrikdə deyilir: “Hörmətli Yusif bəy!

    Sizin ömrünüzdən keçən hər il partiyamızın və ictimai həyatımızın yeni zəngin bir səhifəsinə çevrilir. Siz bir fəal ictimaiyyətçi, əqidəli siyasətçi kimi respublikamızın ikinci böyük şəhəri olan Sumqayıtda söz sahibinə çevrilmisiniz. Böyük təşkilatçılıq qabiliyyətiniz, təbliğatçılıq istedadınız sayəsində şəhərin müxtəlif təbəqələrini təmsil edən bir çox insanları vətəndaş həmrəyliyi ideologiyası ətrafında birləşdirə bilmisiniz. Bu gün Sumqayıt şəhərində Vətəndaş Həmrəyliyi Partiyası ciddi qüvvəyə çevrilməklə siyasi proseslərə yön verir. Təbii ki, bu məsələdə Sizin xüsusi rolunuz və əməyiniz vardır. Yusif bəy, son illərdə siz fəaliyyətinizi daha da genişləndirərək Dünya Azərbaycanlıları Konqresinin üzvü kimi beynəlxalq tədbirlərdə iştirak edir, Azərbayycanın mövqelərinin xaricdə möhkəmlənməsi üçün əlinizdən gələni edirsiniz. Bildiyimizə görə, dünyanın bir çox ölkələrində Azərbaycanın haqqını qoruyan alim və ziyalılarla əlaqələr qurur, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı fakt və materialların beynəlxalq ictimaiyyətə çatdırılmasına maddi və mənəvi dəstək verirsiniz. Ümumiyyətlə, Sizin xarakterinizdəki xeyirxahlıq yaşadığınız şəhərdə, ətrafınızda olan dost-tanışlara münasibətdə özünü tez-tez göstərir. Bildiyimizə görə, hətta öz əmək haqqınızdan bir çox ziyalı və alimlərin, şair və yazıçıların əsərlərinin nəşrinə kömək məqsədi ilə yardım göstərməyə söz vermisiniz. Təbii ki, Sizin bu xidmətləriniz siyasi meydanda olan bir çox insanlarımız üçün bir örnək olacaq. Hörmətli Yusif bəy, yaşın artması qocalmaq deyil, insanın daha da müdrikləşməsi, kamilləşməsi, vətəndaş məsuliyyətini daha dərindən duyması deməkdir. Yaşanızın üstünə gələn bu yeni ilin də əvvəlki illər kimi Sizi bir pillə də ucaldacağına inanırıq.

    Əziz dostumuz,

    Sizi bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı, ünsiyyətdə olduğunuz insanlara qarşı münasibətdə qarışılıqlı sevgiyə nail olmağınızı arzu edirik”.

     

    Vətəndaş Həmrəyliyi Partiyası və

    “Vətəndaş Həmrəyliyi” qəzeti

  • Sabir Rüstəmxanlının romanı Türkiyədə nəşr olunub

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Difai fədailəri” sənədli romanı Türkiyədə çap olunub.

    Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, İQ Kültür Sənət Yayıncılığında dərc olunan romanı Türkiyə türkcəsinə İmdat Avşar uyğunlaşdırıb.

    Xatırladaq ki, Sabir Rüstəmxanlının “Difai fədailəri” romanı ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım və bu soyqırımın dəhşətləri, fiziki terrordan xilas olmaq üçün Əhməd bəy Ağoğlunun yaratdığı və Qafqazda kifayət qədər güclü tərəfdarları olan “Difai” hərəkatı ilə bağlı tarixi faktlar üzərində qurulub. Sənədli romanın yazılmasında Sankt-Peterburq və Tiflis arxivində saxlanılan tarixi sənədlərdən istifadə olunub. Roman 1905-ci ildən başlayaraq, Azərbaycan ziyalılarının xalqın hüquqlarını qorumaq üçün göstərdikləri fədakarlığı əks etdirir.

    Romantik süjet ətrafında qurulan roman dövrün tarixi üçün mühüm əhəmiyyət kəsb edir.