Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP sədri Milli Mətbuat Günü ilə bağlı KİV-i təbrik etdi

    Hörmətli media nümayəndələri!

     Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

     136 il əvvəl Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə təməlini qoyduğu Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Keçilən bu yolun cəfası səfasından qat-qat çoxdur; dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq sözünü deməyə çalışıb. Gah Ezop dilindən, gah bənzətmələrdən, Azərbaycan dilinin zəngin və çoxmənalı qatından istifdə edən jurnalistlər hər zaman bu və ya digər formada xalqa həqiqəti çatdırmağı özlərinə borc biliblər. Təsadüfü deyil ki, Azərbaycanda Milli Azadlıq Hərəkatı başlananda da onun önündə gedənlər qələm əhli, yaradıcı insanlar oldular.

     Azərbaycan mətbuatı ilk fürsətdəcə, 1989-cu ildə müstəqil mətbuatı yaratdı. 1989-cu il oktyabrın 3-də işıq üzü görən «Azərbaycan» qəzeti müstəqilliyimizin qaranquşu oldu və qısa müddətdən sonra yeni, azad, müstəqil mətbuatın bünövrəsi qoyuldu.

     Müstəqil mətbuatın təşəkkül tapdığı bu 22 ildə mətbuat çox böyük nailiyyətlər qazandı: Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.

     Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivill dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, bu güzgü hələlik, o qədər də gözəl mənzərə əks etdirmir. Ancaq mən heç bir zaman ümidsiz olmadım: hamı xoş bir xəyal sananda belə Azərbaycanın müstəqilliyinə inandım, indi də Güneyli-Quzeyli Bütöv, güclü və demokratik bir dövlətimizə qovuşacağımıza əminəm.

     Hörmətli mətbuat nümayəndələri!

     Bir qələm adamı və jurnalist olaraq bir daha Sizləri, həmkarlarımı təbrik edir və media əhli başda olmaqla, arzularımıza gedən yolda yürüyən hər bir kəsə uğurlar arzulayıram.

    Hörmətlə,

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı

     

  • “Nazirlərin oliqarxa çevrilməsi iyrənc bir anormallıqdır” – Müsahibə

    “Müxalifət prezident seçkilərinə vahid namizədlə, vahid komanda kimi gedə bilməsə, ciddi rəqabət olmayacaq”

    Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflının “Qafqazinfo”ya müsahibəsi:

    – Azərbaycanın mövcud ictimai-siyasi mənzərəsini necə xarakterizə edərdiniz?

    – Bu gün Azərbaycanda nisbi sabitlik görüntüsü olsa da, əslində ictimai-siyasi vəziyyəti bir cümlə ilə ifadə etmək olar – kritik nöqtəyə çatmaqda olan böhran. Bu böhran əsasən cəmiyyətdə sabitliyin bel sütunu olan iqtidar-cəmiyyət münasibətlərində özünü əks etdirir. Bu iqtidarın dövlətçilik baxımından anlaşılmaz fəaliyyəti özü ilə xalq arasında dərin uçurum yaranmasına, legitimliyinin tam itirilməsinə gətirib çıxarmışdır.

    Bilirsiniz, legitimliyin problemi təkcə qanunçuluqla bağlı deyil. Qanunilik legitimliyin ikinci dərəcəli elementlərindən sadəcə biridir, çünki hakimiyyəti mənimsəmiş qrupların əlində kifayət qədər vasitə var ki, öz hakimiyyətlərinə qanuni don geyindirsinlər. Legitimliyin problemi cəmiyyətin münasibətindədir və bu münasibətlər yazılmamış qanunlarla, stereotiplərlə tənzimlənir. Bu stereotiplər cəmiyyətdəki qeyri-bərabərliyi, oyun qaydalarına riayət edilməsini və sairi özündə əks etdirir.

    Daha bir qrup – mənəvi stereotiplər ümumbəşəri dəyərləri ehtiva edir – oğurlama, aldatma, öldürmə. Oğurluq, yalan və cinayət bu günkü hakimiyyətin adi həyat tərzidir. Artıq xalq onu kinin, hara və necə aparmasının fərqindədir. Cəmiyyət tam acıqlı, narazı, diskomfort bir vəziyyətdədir. Mən Azərbaycandakı bu günkü ictimai-siyasi vəziyyətin gərginliyini 1988-ci illə müqayisə edərdim; fərq yalnız subyektlərdədir və 1988-ci ilin subyektləri daha qəbuledilən idilər.
    Görünən sabitlik sadəcə müqavimətin olmamasında, bu müqaviməti təşkil edəcək qüvvələrin pərakəndəliyindədir. Amma bir kritik qaynama nöqtəsi var ki, ondan sonrasını proqnozlaşdırmaq qeyri-mümkündür.

    – Ölkənin gələcəyi ilə bağlı siyasi proqnozunuz nə qədər optimistdir?

    – İnsan ümidlərlə yaşayır, optimizm daha çox gənclər üçün xarakterikdir. Mən də özümü bir elə qoca saymıram, amma bu gün hakimiyyət mənsubları optimizm üçün yer qoymayıblar. İqtidar sosial ədaləti, cəmiyyətdə barışı bərpa etməyi, ölkədə düzgün həyata keçirilməyən idarəçiliyin yaratdığı köklü problemləri çözmək üçün dialoqu təsəvvürünə belə gətirə bilmir.

    Dövlət qulluqçuları olaraq maaşa işləməli olan nazirlərin Azərbaycan oliqarxlarına çevrilməsi artıq hamının qəbul etdiyi həqiqətdir ki, bu, əslində idarəçilikdə iyrənc bir anormallıqdır. Hakimiyyət kürsüsündən istifadə edərək, imkanı olanlar Azərbaycanın sərvətlərini, olmayanlar isə xalqı talamaqla məşğuldur. Bunlar artıq o yerə çatıblar ki, taladıqlarını başqa-başqa adamların deyil, çox anlaşılmaz bir biganəliklə özlərinin – prezident ailəsinin, nazir oğul-qardaşlarının adına sənədləşdirirlər. Bütün bunlar sosial partlayışa gətirib çıxara biləcək problemlərdir, bunun isə heç kimə xeyri yoxdur, hətta Azərbaycanın dövlətçiliyinə belə təhlükə törədə biləcək qaçılmazlıqdır.

    – Bir anlıq təsəvvür edək ki, 2013-cü il prezident seçkiləri ərəfəsindəyik: nə dəyişib və ümumiyyətlə, nəsə dəyişibmi?

    – Növbəti prezident seçkilərinə hələ 2 ildən çox vaxt var və hadisələr çox sürətlə inkişaf edə bilər. Lakin belə olmasa da çox ciddi dəyişiklik ondan ibarətdir ki, iki dəfəlik prezidentlik limiti ləğv edilib və bununla da İlham Əliyev bugünkü hakimiyyət komandasını dağılmaqdan müvəqqəti də olsa xilas edə bilib. Amma bu, vahid komanda deyil, bir-biri arasındakı ziddiyyətlərin getdikcə antoqonist xarakter aldığı qruplar toplumudur. İlham Əliyev bu ziddiyyətlərdən yararlanaraq hakimiyyət toplumunu idarə etmək ümidindədir, fəqət bu çox mürəkkəb bir mövqeyə gətirib çıxarmış şahmat oyununa bənzəyir. Düzgün hesablanmamış hər bir gediş gələcəkdə taxta üzərindəki mövqeyin darmadağın olmasına gətirib çıxara bilər. Bununla belə, hesab edirəm ki, hadisələrin inkişafını sürətləndirəcək katalizator olmasa, İlham Əliyev bu iqtidar toplumunu növbəti prezident seçkilərinə qədər qoruya biləcək. Müxalifət prezident seçkilərinə vahid namizədlə, vahid komanda kimi gedə bilməsə, ciddi rəqabət aparacağı mənə müşkül görünür.

    – Altı müxalifət partiyasının görüşünə VHP niyə dəvət olunmamışdı?

    – O görüşü təşkil edən Qurban Məmmədovdur. Dəvət edəcəyi partiyaları seçəndə hansı meyarları əsas götürüb, onu yalnız özü bilir. Ona görə hesab edirəm ki, sual Qurban bəyə ünvanlanmalıdır.

    – Həmin 6 partiyanın görüşünü, yaydıqları birgə bəyanatı necə qiymətləndirirsiniz?

    – Mən bilən həmin görüşə 8 partiya dəvət almışdı. Amma Müsavat və AXCP-nin dəvəti rədd etməsinin nəticəsində bu tədbir altıların görüşü kimi alınıb və bunun özü elə görüşün nəzərdə tutulan səviyyədə alınmaması deməkdir. O ki qaldı Qurban bəyin müxalifətin birliyini yaratmaq cəhdinə, çox qəribədir ki, Azərbaycanda bir çoxları bu gün müxalifəti birləşdirmək imkanında olduğu iddiasındadır. Heç kimin yox, məhz onun özünün bacaracağı iddiadadır və başqalarının bu istiqamətdə fəaliyyətlərinə məhəl qoymamaqla, ona müxtəlif vasitələrlə mane olmaqla özü həmin cəhddə bulunur. Qurban Məmmədov öz qardaşı ilə bir partiyada duruş gətirə bilmədi, indi müxalifəti birləşdirir.

    Parlament seçkilərindən sonra müxalifəti birləşdirməyə çalışan İctimai Palata adlı bir qurum yaradıldı və kifayət qədər ciddi şəkildə fəaliyyətə başladı. Niyə bunlar İctimai Palatanin işinə kömək etməyə, onu gücləndirməyə çalışmırlar, əksinə diqqəti bu qurumdan yayındırmağa, onu parçalamağa səy göstərirlər, bax, bu, çox maraqlıdır.

    – Son günlərdə İctimai Palata müxalifət partiyalarının bir çoxunun, hətta öz üzvlərinin tənqidinə məruz qalır. Siz İP-nın fəaliyyətini necə qiymətləndirirsiniz?

    – Mən də İctimai Palatanın üzvüyəm və mən də İP-in hazırkı fəaliyyətindən razı deyiləm. Bilirsiniz, İP ictimai birlik kimi yaradılmayıb, bu qurum Azərbaycanda nəyisə dəyişmək məqsədi ilə siyasi qurum olaraq yaradılıb. Üfüqi idarəçiliklə buna nail olmaq mümkün deyil və belə idarəçiliyin nəticəsidir ki, xalq arasında böyük ümidlərlə qarşılanan İP-in fəaliyyəti getdikcə sönükür. İctimai Palata strukturlaşdırılmasa, şaquli idarəçilik sisteminə keçməsə, qurumda partiyadaxili intizama uyğun olan münasibətlər qurulmasa, nəyəsə nail olmaq qeyri mümkündür.

    – Sabir Rüstəmxanlının partiya sədrliyindən gedəcəyi ilə bağlı bəyanatına münasibətiniz necədir?

    – Belə bir bəyanat eşitməmişəm. Bu, Sabir bəyin çoxdankı bir müsahibəsindəki fikrin kontekstdən çıxarılaraq çox uğursuz yozulmasıdır. Əlbəttə, vaxtı gələndə hamı gedəcək, amma bu, hələ yaxın vaxtların söhbəti deyil.

    – VHP niyə ayrı-ayrı üzvlər şəklində yox, partiya şəklində müxalifət birliklərinə qoşulmur?

    – VHP vaxtı ilə müxalifətin yaratdığı Demblokdan tutmuş SİDSUH və sairə kimi bütün bloklara çox fəal şəkildə qoşulub. Bizim hətta Müsavat partiyası ilə, sonradan AXCP ilə strateji müttəfiqliyimiz də olub. Amma 2000-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat Partiyası öz partiya mənafelərini əsas tutaraq həmin dönəmdə Azərbaycan Xalq Cəbhəsinin bu gün KXCP kimi fəaliyyət göstərən hissəsini tanımaqla həm AXCP-nin parçalanmasını rəsmiləşdirdi, həm də siyasi mübarizəni ideoloji müstəvidən mənafe müstəvisinə keçirdi. Bu gün də müxtəlif birliklər yaratmağa cəhd göstərən partiyaların öz partiya mənafelərini öndə tutması bütün səyləri puça çıxarır. VHP-nin üzvlərinin əksəriyyəti ideya daşıyıcıları olaraq mənafe mübarizəsinə hazır deyildi və ona görə də öz dostlarımızdan aldığımız zərbələrə adekvat cavab verə bilmirdik, heç indi də vermirik. Partiya mənafeləri bir kənara qoyulub ümummüxalifət, ümumazərbaycan mənafeləri ortalığa qoyulan anda VHP orada olacaq.

    – Alternativ Parlamentin yaradılmasına münasibətiniz necədir?

    – Mənasız zəhmətdir. Təyin olunmuşlardan ibarət rəsmi parlament nə iş görür, hansı səlahiyyətlərə malikdir, qəbul etdiyi qanunlar necə işləyir ki, alternativ parlament nəyə nail olsun?! Alternativ hökumət yaradılmalıdır, birinci şəxsindən tutmuş sonuncuya kimi. Hakimiyyətin hansı prinsiplərlə idarə olunacağı açıqlanmalıdır. İqtidarın Azərbaycanda ictimai-siyasi həyatın bütün sahələrində millətə, dövlətə düşmənçiliklə yaratdığı katastrofik problemlərin həlli yolları bəyan edilməlidir. Vəhşicəsinə varlanmaq həvəsi ilə oliqarx-nazirlərin yaratdığı sosial ədalətsizliyin necə bərpa olunacağı xalqa çatdırılmalıdır. Xalq əmin olmalıdır ki, müxalifət problemləri görür, onların həlli yolunu bilir və həll etmək iqtidarındadır.

    Və nəhayət, gecikmədən prezidentliyə vahid namizəd müəyyənləşdirilməli, onun prezidentliyə namizəd kimi qəbul edilməsi, namizəd olaraq legitimliyinin təmin edilməsi istiqamətində işlər başlanılmalıdır. Bütün bunlar İctimai Palata çərçivəsində həyata keçirilə bilər, əgər yuxarıda dediyim mənafelər bir kənara qoyulsa.

    – Partiya sədrliyinə namizəd olmaq ehtimalınız varmı?

    – Bu istefa söhbətləri partiyanın siyasi şurasının üzvü Arif İsmayılbəylinin yaxın günlərdə verdiyi bir müsahibə ilə bağlıdır. Hesab edirəm ki, belə məsələlər daha çox partiyadaxili müzakirələr mövzusudur, amma bir halda ki, bu məsələ ictimailəşib, fikrimi bildirmək zorundayam. Yadınıza salım ki, öz müsahibəsində Arif bəy “istefa” sözündən sonra “istefalar” ifadəsini də işlədib. Yəni VHP sədri, ali məclisin sədri, siyasi şura üzvləri partiyanı idarə edən komandadır. İstefaya səbəb olacaq uğursuzluq varsa, bu təkcə sədrin yox, bütün komandanın uğursuzluğudur. Bu baxımdan istefa olacaqsa, istefalar da olacaq və bu mənə də aiddir.

    – Söhbətimiz AXC-nin ildönümü gününə təsadüf edir. Deyəcəyiniz bir söz varmı keçmiş əqidədaşlarınıza?

    – Əqidəmiz dəyişməyib ki, “keçmişi”, “indisi” də olsun. Əqidə birdir: müstəqil, güclü, demokratik, sivil Azərbaycan! Mən ilk cəbhəçilərdənəm, AXC Məclisinin üzvü və ilk rayon təşkilatlarından olan Qaradağ rayon təşkilatının sədri olmuşam. Bu gün təkcə hazırkı AXCP-çilər yox, bütün cəbhəçilər üçün əzizdir. AXC qarşısına qoyduğu məqsədə nail olan və Azərbaycan tarixində müstəsna rol oynayan qurumdur, iftixar yerimizdir. Hamını – Milli Azadlıq Hərəkatında canı və qanıyla, səmimi olaraq iştirak edən hər bir kəsi AXC-nin ildönümü münasibətilə təbrik edirəm. Hesab edirəm ki, AXC-nin varisləri də bu günü firqə daxilində qeyd etməməlidirlər və bizim təbrikimizi gözləməməlidirlər; əksinə, biz onlardan gözləyirik və buna da haqqımız var deyə düşünürəm.

    Fatimə Kərimli

  • İstiqlaliyyət müsabiqəsi elan olundu

    İstiqlalçı deputatlar Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş yazı müsabiqəsi elan edir.

    “Qafqazinfo”nun məlumatına görə, müsabiqə avqustun 15-dən oktyabrın 1-dək davam edəcək. Yazılar İstiqlalçı deputatların müəyyən etdiyi peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək və mətbuata açıqlanacaq.

    Müsabiqənin şərtləri:

    1. Yazılar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktının qəbulu dövrünü əhatə etməlidir;

    2. Hər jurnalist müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;

    3. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya populyar informasiya saytında çap edilməlidir;

    4. Yazıda «Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı İstiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir» qeydi göstərilməlidir.

    Yazılar dərc edildiyi qəzetin bir nüsxəsi (informasiya saytında çap olunubsa, linki kifayətdir) ilə bərabər elektron variantda Vətəndaş Həmrəyliyi Partiyasının (X.Rüstəmov – 1210, «Xətai» metrostansiyası, «Azəri-Türk Bank»ın yaxınlığı) mətbuat xidmətinə şəxsən təqdim edilir.

    Qaliblərə diplom və pul mükafatı veriləcək.

    Ən yaxşı yazılar üçün 3 yer nəzərdə tutulur.

    1. I yer – 500 manat

    2. II yer – 300 manat

    3. III – 200 manat.

    Qaliblərin adları İstiqlalçı deputatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyinə həsr olunan yekun tədbirində açıqlanacaq.

    Əlavə məlumat üçün 496-86-57 (58) və 050 (055) 374-94-92 saylı telefonlarla əlaqə saxlamaq olar.

    Fatimə Kərimli

  • “Aktiv siyasi partiyalara daha çox dəstək göstərmək lazımdır”

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadinform”un suallarını cavablandırıb.

    – Sabir müəllim, bu gün cəmiyyətdə belə bir fikir formalaşır ki, Azərbaycanda müxalif partiyalar passiv fəaliyyət göstərir. Nədir bunun səbəbi?

    – Hər şeydən əvvəl onu bilmək lazımdır ki, bu, parlamentə düşməklə bağlı deyil. Bilirsiniz, Azərbaycanın müstəqillik yaşı artdıqca məlum müharibə, torpaqlarımızın işğalı faktoru qalır və bu, cəmiyyətdə bütün təbəqələrin işinə müəyyən məsuliyyət qoyur. Yəni bu müharibə faktoru Azərbaycanda iqtidar-müxalifət mübarizəsinin açıq müstəviyə keçməsinin qarşısını alır. 1990-cı illərdə Azərbaycanda hakimiyyət ehtirası çox gərgin ziddiyyətlər yaratmışdı, amma sonralar həm iqtidar, həm də müxalifət bu işğal prosesinin və onun nəticəsinin aradan qaldırılmasının bir problem olması ilə razılaşmalı olub. Bu, Azərbaycanda iqtidar-müxalifət münasibətlərinə bir dialoq havası gətirib və bu, davam edir. Amma bəzi qüvvələr xüsusən də parlamentdə olan müxalifətin zəifləməsi kimi fikir yaymağa çalışır. Bu, belə deyil. Azərbaycan parlamentində təmsil olunan müxalif partiyaların cəmiyyətdə kifayət qədər gücü var. Sadəcə olaraq, onlar həmişə Azərbaycanın ümummilli problemlərini nəzərə alıb hadisələrə daha təmkinlə yanaşırlar. Bu gün ortada iki mübarizə meydanı var – Milli Məclis və mətbuat. Qalan bir qrup müxalifət partiyaları var ki, 100-200 nəfərlə küçələrə düşüb haray- həşir qoparmağa çalışır ki, buna da mübarizə demək olmaz. Ona görə də hesab edirəm ki, müxalifət cəbhəsində həmişə elə parlamentdə təmsil olunan müxalifət nümayəndələri öz sözlərini lazımı formada deyiblər. O ayrı məsələdir ki, bu gün parlamentdə iqtidarı təmsil edən nümayəndələr daha çoxdur və hansısa məsələdə onlar müəyyən üstünlüyə malikdirlər. Lakin ümumilikdə demək olmaz ki, parlamentdə təmsil olunan müxalif partiyalar zəifləyib. Düzdür, açıq danışmaq lazımdır ki, bu gün parlamentdə kütləyə, mətbuata  görünmək üçün özünü işlək göstərən partiya nümayəndələri də var. Eyni zamanda səssizcə demokratiyanın inkişafı yönündə işləyən, çalışan partiyalar da mövcuddur. Biz də özümüzü məhz bu kateqoriyada görürük.

    – Bir qrup müxalif partiya arasında yaradılan İctimai Palata özünü doğrultmadıqdan sonra həmin partiyalardan bəziləri “Kölgə parlament” deyilən əlavə bir qurum yaradırlar. Yeni yaradılan bu qurumda həmin partiyalar nəyəsə nail ola biləcəklər?

    – Buna geniş çərçivədə baxdıqda normal demək olar, çünki ən azı o partiyalar cəmiyyət arasında axtarış aparır. Birləşmələr, ayrılmalar, qruplaşmalar əslində normal bir şeydir, amma nəticə etibarı ilə gərək hansısa xoş bir niyyətə xidmət etsin. Cəmiyyətin heç olmasa nəzərəçarpacaq qədər bir hissəsini ən azı əhatə edə bilsin. Bu, tək müxalif cəbhədə birləşən birliklərə aid deyil, iqtidaryönümlü cəbhəyə də aiddir, məqsəd xalqın maraqlarını əhatə eləmək olmalıdır. Əks halda getdikcə insanların müxalifətə qarşı olan-qalan etibarı da itir.
    Bu gün açıq demək lazımdır ki, müxalifət arasında kifayət qədər soyuqluq yaranıb, qarşılıqlı ittihamlar çoxalıb. Xalq Cəbhəsinin yarandığı dövrdə olan birlik indi müxalifətdə yoxdur. İndi az qala hər partiyanın öz marağı var. Amma nəzərə alaq ki, bu gün ölkəmizin ümummilli maraqları var və bu maraqlar ətrafında partiyalararası inteqrasiya getməlidir.

    – Payızda “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik ediləcək. İndidən həmin dəyişikliklərlə əlaqədar seçkilərdə uğur qazanmayan partiyalar barədə o qədər də müsbət fikirlər səslənmir…

    – Məncə, burada bir proses gedir və o proses özü hər şeyi müəyyənləşdirəcək. Sadəcə olaraq, aktiv siyasi partiyalara daha çox dəstək göstərmək lazımdır. Seçkilərə qatılan, müəyyən tələblərə cavab verən partiyalar maliyyələşdirilməlidir. Bu, dünyada mövcud olan təcrübədir. Əgər o partiya, hansı ki, aktiv fəaliyyəti var, 20 il müxalifətdə yaşayırsa, bu, o demək deyil ki, o, acından ölməlidir. Əksinə, şans vermək lazımdır. Çünki cəmiyyət dəyişdikcə onların da arasında daha sağlam düşüncələr ortaya çıxacaq. Bu gün Azərbaycan cəmiyyəti günü-gündən dəyişir və inkişaf edir. Dəyişən cəmiyyətdə təbii ki, siyasi partiyaların sıraları da dəyişəcək. Ona görə də bütün bunlar həmin qanunda mütləq nəzərə alınmalıdır.

    – Sabir müəllim, siz eyni zamanda Dünya Azərbaycanlıları Konqresinə (DAK) həmsədrlik edirsiniz. Son vaxtlar DAK-da qalmaqal, xüsusilə də sizə qarşı ittihamlar səngimək bilmir. Təşkilatda nə baş verir?

    – Dəqiqini bilmək istəyirsinizsə, bu gün DAK öz fəaliyyətini genişləndirir. Artıq təşkilat beynəlxalq miqyasda belə öz əlaqələrini qurur. Dünyanın əksər ölkəsində parlament səviyyəsində, digər dövlət qurumları səviyyəsində DAK görüşlər keçirir. Dünyanın bir çox insan haqları təşkilatları ilə bizim müntəzəm əlaqələrimiz var. Bu gün bütün dünya artıq Azərbaycan xalqının bölünmüş xalq olmasını, 35 milyon azərbaycanlının bu gün İranda haqsızlıqlar içərisində yaşamasını çox gözəl bilir. Bunda əlbəttə ki, DAK-ın da fəaliyyəti böyük olub. Bütün bunlar daha çox da son illərin bəhrəsidir. Təəssüf ki, bu son ildə də bizim küçədən tutub gətirdiyimiz layiq olmayan adamlar indi durub deyirlər ki, “DAK böyük işlər görüb, amma Sabir Rüstəmxanlının vaxtında təşkilat çöküb”. Mənim haqqımda həqiqəti görməyib bunları danışanların da dəqiq psixoloji problemləri var. Onlarda yarımçıqlıq kompleksləri var. Onlar bir şəxsiyyət kimi, siyasətçi kimi və sair şəkildə özlərini tanıtdıra bilməyiblər və indi belə bir yola əl atırlar. Vaxtında biz onları küçədən gətirib şans vermişik ki, işləsinlər. Nə qədər şans versək də işləyə bilmədilər və biz də onları çıxarıb kənarlaşdırdıq. İndi ona görə hay-küy qoparıb, yalan püskürməklə məşğuldurlar. Gah məni Rusiyaya, gah da İrana bağlayırlar. İran mənə ölüm fətvası verib, mən necə İranın adamı ola bilərəm? Bu qədər də səviyyəsiz yalan olmaz. Elə buna görə də onlara cavab vermək, özümü onların səviyyəsinə endirmək istəmirəm. Biz sadəcə, öz yolumuzu gedirik.

    Keçirdiyiniz son mətbuat konfransında sizə qarşı ittiham sürənlər barədə əlinizdə hansısa faktların olmasından danışmışdınız…

    – Mən istəmirəm o barədə indi danışım. Amma onlara son sözüm budur ki, əgər istəyirlərsə, ayrıca bir təşkilat yaratsınlar. Onlar bizdən qovulanlardır və məsləhət görərdim yeni bir təşkilat yaratsınlar, adını da “DAK-dan qovulmuşlar” qoysunlar. Onlara bir daha DAK-ın adını hallandırmamağı tövsiyə edirəm, çünki niyyətləri xoş deyil. Məlumdur ki, onlar sifariş yerinə yetirirlər. Moskvanın, Tehranın “qucağında oturub” onların əleyhinə söz deməyəcəklər ki…Yenə deyirəm, yeni təşkilat yaratmağa, nəsə qurmağa istəkləri varsa, onun yolu məni ləkələməkdən keçmir. Bizi sıradan çıxarıb yeni DAK yaratmağa nail olmaq fikrindədirlərsə, bu, yalnız xülyadır. Çünki burada mənim qırx illik mübarizəm və onun nəticəsi var. Bilirsiniz, əslində, mənim heç onlara ciddi fikir vermək fikrimdə yoxdur, onlar mənim üçün əhəmiyyətsizdirlər. Onlara qoşulub məni ləkələməyə çalışan bir neçə mətbuat orqanı da var ki, mən artıq onlarla hüquq dilində danışmağa məcburam. Bu, artıq məhkəməlikdir.
    Qaldı o faktlara, mən hələ o barədə heç nə demək istəmirəm. Əslində, hər şey göz qabağındadır. Çünki onların bu söz-söhbətindən sonra İranın irticaçı rejiminə işləyən saytlar bayram edirdilər.

  • Ağdamın işğalından 18 il ötür

    Bu gün Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür.

    APA-nın məlumatına görə, 1993-cü il iyulun 23-də erməni hərbi birləşmələrinin işğalçı fəaliyyəti nəticəsində Ağdam rayonunun 1094 kvadrat kilometrlik ərazisinin 882 kvadrat kilometri zəbt edilib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb.

    İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb və tamamilə məhv edilib. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törədiblər. Qeyd edək ki, Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. İşğal nəticəsində rayona 13 mlrd. 135 mln. ABŞ dolları həcmində ziyan dəyib.

  • Yıxın millətin evini, dağıdın bu ölkəni…

    Qayğıkeş və vətəndaşın problemləri ilə gecə-gündüz yorulmadan çalışan YAP hakimiyyəti qiymət artımına gedəndə mütləq xalqın razılığını alır. Haqqüçünə, bu hakimiyyət həmişə belə eləyib – iqtidara gələndə də xalqin rəyini alir, seçki də keçirir. Yəni xalqsız heç nə etmirlər. Hara gedirlər, xalqı da ora sürükləyirlər, nə etmək istəyirlər, xalqın səsini – çığır-bağırını eşitmədən bir addım atmırlar.

    İndi də nəqliyyat gedişlərinin qiymətini qaldırmaq üçün xalqa gənəşməyə başlayıblar. Hörmətli Ziya Məmmədovun idarəsi, yəni Nəqliyyat Nazirliyinın rəsmisi maraqlı açıqlama verib: “ Terror aktlarının qarşısının alınması üçün sistemdə bəzi yeni funksiyalar nəzərdə tutulur. Əgər əvvəlcə dayanacaqlarda quraşdırılacaq informasiya terminallarının sayı 300 nəzərdə tutulurdusa, indi bunların sayı 664 olacaq. Digər əlavə tədbirlər də nəzərdə tutulur və nəticədə layihə 21 milyon dollar bahalaşıb”.

    Ay başınıza dönüm, bütün küçə, meydan, yol və digər yerlərə kamera qoyub vətəndaşı güdürsünüz. Və öz təhlükəsizliyiniz üçün qoyduğunuz bu kameraları coxaldaraq pulunu vətəndaşın cibindən cıxarırsınız? Acından ölən, iş tapa bilməyən, borc içində sürünən vətəndaşın nəyinə lazım o kameralar? Lap qoydunuz, vətəndaşın yaşam tərzində nə dəyişəcək? Nə olacaq? Biri mən, aldığım maaşın 30%-ni yol haqqına verirəm. İndi məmurların gözü doysun deye, mən maaşımı təkcə Nəqliyyat nazirliyinə verməliyəm?

    Bəs, o biri nazirliklər? Onlar adam deyilmi? Onlar pul almaq istəmirmi? İmkan verin, azca pulum qalsın ki, onu da digər məmurlara paylaşdırım da!

    Tikilən körpü 3 gündən sonra təmirə dayanırsa, çəkilən asfalt 2 günə dağılırsa, şəhər içinə döşənən pilitələr sökülüb yenidən döşənirsə, bunun qiymətə nə dəxli var? 21 milyon bahalaşdırmısız – cəhənnəmə bahalaşsın, qara gora bahalaşsın – odey, neft fondu, götürün də ordan? İldə 36 milyardlıq neft pulunu basıb yeyirsiz, 21 milyon “artımı” mənim cibimdən çıxarırsınız?

    Məni yandıran odur ki, camaatda heç bir reaksiya yoxdur. Benzin qalxada əhalinin “müqaviməti” o oldu ki, vedrə, qazan, qaşıq götürüb yanacaqdoldurma məntəqələrinə qaçdılar – guya, bununla qabağa düşəcəkdilər. İndi də yəqin gedişhaqqı qaldırılanda vətəndaşlar 1 gündə 1 aylıq işə gedib gələcək ki, pulu az cıxsın.

    Sonda deyəcəyim: Yıxın millətin evini, dağıdın bu ölkəni…

    Görək axırı(nız) necə olcaq.

    Samir Əsədli
    20/06/2011

  • VHP təhsil haqqlarının artırılmasına etiraz etdi

    Vasif Həsənli: “Minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda ən yuxarı təhsil haqqı 2500 manatdırsa, orta aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır”.

     

    Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin katibi Vasif Həsənli unversiterlərdə təhsil haqqlarının qaldırılması ilə bağlı açıqlama yayıb:  “Reytinqinə görə Afrikanın geridə qalmış ölkələri ilə qoşa addımlayan Azərbaycan universitetlərində təhsil haqları növbəti dəfə artırılıb. Təhsil Nazirliyinin hansı keyfiyyətə əsaslanıb, hansı göstəricini əlində “bayraq” edib bu addımı atması təəccüb doğurur. Çünki Azərbaycanda əhalinin gəlirlərinə nisbətdə təhsil haqları kifayət qədər yüksəkdir.

    Amma Təhsil Nazirliyi 2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağına qərar verib. Nazirlik hesab edir ki, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Halbuki dünyanın 100 reytinqli universitetlərinin hamısında dövlət sifarişli ixtisaslarda təhsil pulsuzdur. Görünür, nazirlik ali məktəblərdə təhsil haqlarının aşağı olduğunu düşünür. O zaman təhsilin yüksək inkişaf etdiyi ölkələrdə təhsilə görə ödənişləri və əhalinin gəlirlərini müqayisə edək”.

    Həsənli deyib ki, minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda ən yuxarı təhsil haqqı 2500 manatdırsa, orta aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır. Özəl universitetlərdə belə yüksək təhsil haqlarını bəlkə də başa düşmək olar, amma dövlətə məxsus tədris müəssisələrində ödənişlərin fantastik qiymətdə olması anlaşılan deyil”. 

    VHP rəsmisi əlavə edərək bildirib: “Ən acınacaqlısı odur ki, Azərbaycanda ixtisasların qiymətinin kim tərəfindən və necə hesablanması qeyri-müəyyəndir. Bu gün dövlət müəssisələrində təhsil haqlarının formalaşmasında xaos hökm sürür. Halbuki “Tənzimlənən qiymətlər haqqında”  Qanuna əsasən, Nazirlər Kabinetinin qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısının 15-ci sırasında bu məsələ əks olunub. Qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma 2004-cü ildən 2010-cu ilədək ödənişlərin 5 dəfə qalxmasına baxmayaraq, şuranın qəbul etdiyi qərarlar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Qiymətlərin qalxdığı yalnız Təhsil nazirinin bəyanatı ilə baş verir. Son baş verənlər isə əhalinin aşağı təbəqəsinə aid abituriyentlərin konkret olaraq ödənişli təhsildən məhrum edilməsidir. Bu isə gələcəyə yönəlik çox böyük təhlükə deməkdir”.

    Vasif Həsənli sonda deyib ki, Vətəndaş Həmrəyliyi Partiyası olaraq təhsil haqlarının qanunun tələblərinə və sosial reallıqların ziddinə olaraq yüksəldilməsinə qəti şəkildə etirazımızı bildirir və ən yüksək səviyyədə bu məsələyə müdaxilə olunaraq prosesin qarşısının alınmasını tələb edirik.

  • «Qurultaya gələnləri geri qaytarmışdılar»

    Sabir Rüstəmxanldı: «Güneyin, İraq türkmanlarının, Borçalının, Dərbədin, səsini eşitmədik, Ukraynadan gələnlərə isə söz verilmədi»

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin rəhbəri, deputat Sabir Rüstəmxanlı «Bizim Yol»a müsahibəsində Dünya Azərbaycanlılarının qurutlayı ilə bağlı fikirlərini açıqlayıb. DAK sədri təşkilatçıları kəskin təqdid edərək ali tədbiri bərbad vəziyyətdə keçirməkdə ittiham edib. Müsahibəni təqdim edirik.

    – Sabir bəy, günün siyasi-ictimai müzakirələri sırasında Dünya Azərbaycanlılarının III qurultayı özünəməxsus yer tutur. Qurultay iştirakçısı kimi tədbiri necə qiymətləndirirsiniz?

    – Tədbirdən sonra ParkİNN Hotelində nümayəndələrin bir hissəsinin və hökumətin bir neçə nazirinin iştirakı ilə keçirilən toplantıda mən öz mövqeyimi bildirdim. Küll halında, hətta heç bir qərar qəbul olunmasa, yekun sənəd ortalıqda olmasa belə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Bakıda bir araya gəlməsi, ünsiyyət mühitinin yaranması özlüyündə bir bayramdır. Bu danılmazdır və yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olub. Bunları bir kənara qoysaq, qurultayda ən yaxşı çıxış ölkə başçısının idi və o, bir sıra məsələlərə səmimi münasibətini də bildirdi.

    – İradlarınız nədən ibarətdir?

    – Əvvəla, qurultay üçün 1 gün azdır. Azərbaycanın dostları çoxdur, müxtəlif ölkələrdən gələn, o cümlədən xarici ölkələrdə yaşayan millət vəkilləri, Milli Məclisimizdəki komitələrlə dostluq qruplarının başçıları və iş adamları var. Deyək ki, birinci gün bayram ovqatı üstündə qonaqların çıxışları oldu, amma azərbaycanlıların ağrılarını yaşayan, millətin 200 ildən bəri çəkdiyi acıları öz üstündə hiss edən adamlara yer qalmadı. Təsəvvür edin ki, qurultayda 35 milyonluq güney azərbaycanlılarının səsini eşitmədik. Bir güneyliyə söz verilmədi. Əgər tədbir Dünya Azərbaycanlılarının qurultayı adlanırsa, biz niyə onların səsini eşitməyək?

    – Belə izah olunur ki, güneylilər dəvət olunsayda Bakı-Tehran münasibətləri gərginləşə bilərdi. Siz bu fikirlə razısınızmı?

    – Onsuz da nə qədər yumşaq olsan da, İran daha kəskin bəyanat verir. İran rejimi həmin adamlara zülm edibsə və onlar Güneydə yox, Avropa və Amerikada yaşayırlarsa, bu adamlar niyə qurultayda öz dərdini söyləməsin? Onsuz İranda yaşayanlara qurultaya gəlmək üçün imkan vermirlər. Təsəvvür edin ki, İranın içində söz deməyə imkan yoxdur, o cümlədən xaricdə də. Belə olanda Dünya Azərbaycanlılarının ali tədbiri olan qurultaydadamı söz vermək olmaz, yaxud dəvət edilməməlidirlər? Onda gözləməliyik ki, bunlar bütün millətimizi əridib yox etsinlər, bununla da hər şey bitsin?! İndi biz nəyin Tehranın xoşuna gəlib-gəlmədiyini bilməliyik? Axı İranın əyaləti deyilik ki, müstəqil dövlətik. Yaxud İraqda olan azərbaycanlıların səsini eşitmədik, İraq türkmanlarından da heç kim dəvət edilməmişdi. O cümlədən, Borçalının, Dərbəndin səsini eşitmədik. Bundan başqa 500 min azərbaycanlının yaşadığı Ukrayna diaspor təşkilatlarından kiməsə çıxış üçün imkan vermədilər. Elə ölkə var, 5-6 azərbaycanlı yaşayır, onların adından kimsə danışır, amma yarım milyon azərbaycanlının yaşadığı Ukraynadan bir nəfər də çıxış edə bilmədi. Biz bir neçə dəfə Dünya Azərbaycanlıları Konqresi adından Diaspora Komitəsinə müraciət edib çıxış istədik. Amma heç bir reaksiya olmadı. Necə izah edilə bilər ki, İdarə Heyətinin üzvlərinə dəvətnamə verilməyib. Baxmayaraq ki, siyahını təqdim etmişdik. Amma mən qurultayda elə adamlar gördüm ki, onların bu tədbirə heç bir aidiyyatı yoxdur. Məsələn, bütün millət vəkilləri dəvət olunmuşdu, çox yaxşı, təsəvvür edin ki, prezidentin çıxışından sonra 90 faizi çıxıb getdi. Əgər tədbir bunların maraq dairəsində deyilsə, niyə çağırılır?! Bir sıra diaspora ilə məşğul olan adamlar var ki, illərdir bu işlə məşğul olsalar da, kənarda qalırlar. Bunun əvəzinə dost-tanış, məmur… Nə bilim, elə bil ki, növbəti yığıncaq keçirilir, o adamlar da gəlib oturur, sonra iclasın yarısından çıxıb gedirlər, zalın yarısı boş qalır. Görünür, çıxışlar da əvvəlcədən hazırlanmışdı, çünki prezident yox idi, ancaq salona “hörmətli prezident” deyə müraciətlə başlanılırdı. Bir sözlə, səliqəsizlik vardı və iclas pərdə arxasından idarə olunurdu, qurultayın gedişində bir adamın söz demək imkanı yox idi. Mənim ürəyimdən söz demək keçirdi, kimə müraciət etməliydim? Sanki qeybdən bir səs gəlirdi ki, söz verilir filankəsə, bir sözlə canlı ünsiyyət yox idi. Hesab edirəm ki, növbəti dəfə belə qurultay keçirilsə, dəvət olunanların çoxunun da gəlmək həvəsi qalmayacaq.

    – Siz bu barədə iradlarınızı komitə sədri Nazim İbrahimova bildirdinizmi?

    – Mən iradlarımı Nazim İbrahimova yox, ParkİNN hotelindəki çıxışımda dedim. Düzdür, həmin görüşdə təhsil, iqtisadi inkişaf, mədəniyyət və turizm, idman nazirliklərinin və Dini İşlər üzrə Komitənin rəsmiləri olsa da, XİN, Miqrasiya Komitəsindən heç kim yox idi. Çünki Azərbaycanın xarici ölkələrdəki konsul və səfirlikləri ilə bağlı deyiləsi sözlər var idi. Təsəvvür edin ki, Təbrizdən gəlmək istəyənlər var idi, günlərlə konsulluqda gözlətdiklərindən gələ bilməmişdilər. Əgər hava limanında gəlib viza ala bilirlərsə, niyə Tiflisdən gələnləri Qazax sərhədində geri qaytarmışdılar? Qurultaya gələnlər bu problemləri qaldırmaq istəyirdilər, amma adlarını çəkdiyim dövlət orqanlarından heç kim gəlmədiyindən dərdlərini bizə deyirdilər.

    – Əgər söylədikləriniz dəqiqdirsə, bu tədbiri necə qurultay adlandırmaq olar?

    – Qurultay bir araya gəlməyin sevincini ifadə etdi, amma problemləri dinləmək və onların həlli istiqamətində addımlar atılması unuduldu. Başqa bir inciklik, ParkİNN hotelinə gələnlər yer azlığından görüşə daxil ola bilmədilər. Tutaq ki, mənim çıxışımda kimsə gizli “barmaq işarəsi” ilə mətbuatı zaldan çıxartdırdı. Mən Azərbaycanın millət vəkili, xalq şairiyəm, nədən danışacaqdım ki, bunları narahat etdi?! Əgər mən də iradlarımı söyləməsəydim, Avropadan gələnlər çox narazı gedəcəkdi, amma onların dərdlərini dilə gətirəndən sonra onlarla adam yaxınlaşıb təşəkkür etdi. Onsuz da İran rejimi dözülməz şərait yaratdığından güneylillər Avropaya mühacir ediblər, amma gəlib öz dövlətində yurdunda çıxış edə bilmirsə, bizim Tehran rejimindən nə fərqimiz olur?

    – Komitə qurultayı niyə bu səviyyədə hazırlamışdı? Versiyanız varmı?

    – Mətbuatda yalan məlumatların yayıldığı məqamda bütün günahı Nazim İbrahimovun üzərinə atmaq istəmirəm. Onunla normal münasibətlərimiz var. Amma ümumiyyətlə, milli ideologiyanın konturlarının dəqiq müəyyənləşməsi, bu istiqamətdə ardıcıl və səmərəli iş Azərbaycan bir nömrəli problemdir. Bölgədə 15 il sonra hansı vəziyyət yaranacaq, ümumi strateji xəttimiz necə olacaq, İran azərbaycanlıları ilə bağlı elmi-araşdırma institutu yaratmaq vacib deyilmi? Dost-tanışı ətrafına yığıb diaspor yaratmaq olmaz, diaspor Azərbaycanın bütün təbəqələrini əhatə edib insanları bir araya toplayıb fikirlərini dinləməkdir. Hakimiyyətdən narazı olanlar da var, ancaq onlar dövlətin zəifləməsini istəməzlər. Buna görə diasporaya ehtiyatla yanaşmaq da doğru deyil. Təəssüf ki, Azərbaycan sevdası ilə yaşayanların bir hissəsini qurultayda görmədim.

    – Ümumiyyətlə, qurultaya bəzi müstəqil mətbuat orqanlarının və müxalifətin dəvət olunmaması necə qiymətləndirirsiniz?

    – Qurultaya hamı dəvət olunmalı idi. Əslində bu milli qurultaydır, belə olanda bütün qeydiyyatdan keçmiş partiyaların nümayəndələri və azad mətbuat da dəvət edilməliydi.

    Natiq CAVADLI

  • Qarabağ böyük siyasətin məngənəsində

    Fəzail İbrahimli
    VHP sədrinin müavini, millət vəkili

    Qarabağ böyük siyasətin məngənəsində

    80-cı illərin sonunda keçmiş SSRİ ərazisində dövrümüzün ən kəskin münaqişələrindən biri olan Dağlıq Qarabağ problemi meydana çıxdı. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə məkrli fəaliyyətə başladı. 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Bütün dünyanın gözü qabağında Ermənistan Azərbaycana açıq hərbi təcavüzə başladı. Rusiya hərbi qüvvələrinin və Qərb himayədarlarının havadarlığı ilə 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları sonuncu yaşayış məntəqələrini işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə XX əsrin ən böyük faciələrindən biri olan Xocalı faciəsi törədildi. 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etməklə ermənilər bütün Yuxarı Qarabağa yiyələndilər. 1992-ci il mayın 17-də Laçın şəhəri işğal edildi. Dağlıq Qarabağ bölgəsinin sərhədlərindən kənarda olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə Azərbaycan öz ərazisinin 20 faizini itirdi, 1 milyon insan öz vətənində qaçqına çevrildi. Bütün bunlar dünyanın gözü qabağında baş verdi, dünya susdu, Ermənistanı təcavüzkar dövlət adlandırmadı və bu gün də adlandırmır. Nədir səbəb?

    Tarixi keçmişimizə nəzər salaq: 1723-cü ilin sentyabrın 3-də I Pyotr Peterburqda Bakının alınmasını təntənə ilə qeyd etdi. 1724-cü il 10 noyabrda üç erməni katalikosunu qəbul edib, onların Xəzəryanı əyalətlərdə yerləşmək barədə xahişini dinlədi. Bu məsələ ilə bağlı Pyotrun verdiyi göstərişdə deyilirdi: “Ermənilərin Gilan, Mazandaran, Bakı, Dərbənd və başqa yerlərdə yerləşdirilməsinə çalışın, bu bölgədəki yerli əhalini isə imkan düşdükcə sıxışdırıb çıxarın. Tarixə “Pyotrun vəsiyyəti”adıyla daxil olan böyük siyasətin reallaşması Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra mümkün oldu. Türkmənçay müqaviləsinin (1828-ci il 10 fevral) 12, 14 və 15-ci maddələri “Təbəə alış-verişi”ilə bağlı idi. Bu maddələrə əsasən, İrandan köçürülən ermənilər Naxçıvanda və Qarabağda bəy-xan torpaqlarında yerləşdirildi.

    N.Şavrov yazırdı: “Biz müstəmləkəçilik fəaliyyətinə Güney Qafqazda rus əhalisinin deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq. 1828-ci ildən 1830-cu ilə kimi Güney Qafqaza İrandan 40 min, Türkiyədən isə 84 mindən çox erməni köçürülərək, onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirdik. Onlara 200 min desyatindən çox xəzinə torpağı ayrılmış və 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi (indiki Dağlıq Qarabağ – F. İ.) və Göyçə gölünün sahilində həmin ermənilər yurd saldı.”Məhz bu vaxtdan başlayaraq Dağlıq Qarabağ müxtəlif tarixi dövrlərdə böyük siyasətin məngənəsinə düşdü. Rusiyanın siyasi və hərbi dəstəyi nəticəsində XX əsrdə Azərbaycana qarşı dəfələrlə təcavüzkar mövqedən çıxış edən Ermənistan siyasi proseslərdə “girova”çevrildi. Bolşeviklərin hakimiyyətə gəldiyi dövrdə Zəngəzur torpaqlarını mənimsəyən, Dağlıq Qarabağa Muxtariyyət statusu verilməsi ilə kifayətlənən ermənilər bolşeviklərin hakimiyyətinin süqutu dövründə Dağlıq Qarabağı işğal etdilər. Bütün bunlar Azərbaycanın geosiyasi mövqeyi, dünya dövlətlərinin Azərbaycana marağı və bu maraqlar altında gizlənən məkrli niyyətlərin nəticəsində baş vermişdir.

    Lakin tarixi bir həqiqət hamıya məlumdur: Haqq əzilər, lakin üzülməz. Xalq tarixin bir anında ayağa qalxıb öz tarixi torpaqlarının sahibi olacaq, təcavüzkarlar öz layiqli cəzasını alacaq, Azərbaycan öz müstəqil dövlətinin əbədi və əzəli sahibi olacaqdır.

  • “Müxalifət liderləri bizdən nümunə götürsün”

    Bu gün Vətəndaş Həmrəyliyi Patiyasının Şəki rayon təşkilatının IV konfransı keçirilib.

    VHP Mətbuat Xidmətinin məlumatına görə, tədiri konfransın keçirilməsi üzrə təşkilat komitəsinin sədri Abil Yusubov açaraq konfransa hazırlıq öncəsi görülən işlər barədə geniş məlumat verdi və qeyd etdi ki, təşkilatıa bütün özəklərindən konfransa nümayəndələr seçilib. 
    Sonra rayon təşkilatının sədri Telman Paşaoğlu geniş hesabat məruzəsi ilə çıxış etdi, bildirdi ki, təşkilat qarşıya qoyulmuş məqsədləri həyata keçirmək üçün partiya Nizamnaməsinin və Məramnaməsinin prinsiplərinə əməl edib, o sonra çıxışında ümumi ictimai-siyasi vəziyyətlə bağlı da geniş danışıb.

    Sonar rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Fikrət Daşdəmirov da hesabat xarakterli çıxış edib və o bildirib ki, təşkilat partiya Nizamnaməsinə uyğun fəaliyyət göstərib.

    Konfransda qonaq qismində iştirak edən Ümid, Milli Demokrat Bozqurd və ADP-nin yerli təşkilat sədrləri çıxışlarında müxalifətdaxili məsələlər, siyasi proseslər və s.-lə bağlı münasibətlərini bildirdilər. Ümid Partiyasının rayon təşkilatının sədri Cavad İsmayıl müxalifət partiyalarının liderlərini yerli təşkilatlardan nümunə götürməyə dəvət etdi: “Biz Şəki müxalifəti bir yerdəyik və siyasi təzyiqlərə də birgə sinə gəririk. Arzulayardım ki, liderlərimiz də elə bizim kimi birlikdə olsunlar, birlikdə mübarizə aparsınlar”

    Vətəndaş Həmrəyliyi Partiyası təşkilat şöbəsinin müdiri Samir Əsədlidə çıxış edib: Siyasi azadlıqların, vətəndaş haqlarının insanların əlindən alındığını, ölkənin avtoritarizm uçurumuna yuvarlandığını bildirən S.Əsədli bunun bütövlükdə dövlətimiz üçün doğuracağı təhlükələr, geosiyasi fəlakətlərdən danışdı: “Siyasi azadlıqların pozulması Azərbaycanı nüfuzdan salmaqla yanaşı ölkənin xarici siyasətində də uğursuzluqlara səbəb olur, təzyiqlər artır, ölkə həqiqətlərinin tanınması, xüsuilə dağlıq Qarabağ münaqişəsində mövqelərimizi çox zəiflədir. Digər tərəfdən ölkənin sərvətləri bir qrup oliqarxın əlində talan vasitəsinə çevrilib, büdcə dağıdılır, icra edilən layihələr hamısı yarıtmazdır, təbii sərvətlər hesabına dövlətə gələn pullar kimlərinsə hesablarına yatırdılır və millət bir parça çörəyə möhtac olmaqda davam edir: yalan, riya, yaltaqlıq, saxtakarlıq, rüşvət – ölkənin idarəedilmə sisteminin tərkib hissələridir”.

    Türkiyənin Sakarya Universitetinin tələbəsi, VHP Şəki rayon təşkilatının üzvü Vüsal Namiqoğlu isə daha çox milli nöqteyi-nəzərdən baxışlarını konfrans iştirakçıları ilə bölüşdü.

    Sonda səsvermə keçirildi: Fikrət Əli oğlu Daşdəmirov VHP rayon təşkilatının yeni sədri seçildi, 9 nəfərdən ibarət Məclis, 3 nəfərlik Nəzarət Təftiş Komitəsi formalaşdı.

    Konfrans ölkədəki ictimai-siyasi vəziyyət, insan azadlıqları və iqtisadi-siyasi islahatlarla bağlı müraiət də qəbul etdi.
    VHP Mətbuat Xidməti