Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Biz UŞAQ idik…

    Əlövsət Əliyev: “Uşaq vaxtı oyuncağım olmayıb”

    Rubrikamızın ilk qonağı Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Bu gün o, 53 yaşını qeyd edir. Gəlin, birlikdə qonağımızın uşaqlıq illərinə baş çəkək. O günləri birgə yaşayaq.

    – Bunu tez-tez xatırlayıram. Xalam qızı mənə bir kukla almışdı. Bu, mənim kuklam deyildi ki… Şirin-şəkər, nazlı-duzlu qızım idi. Kuklam qəfil itdi. Onu bir gün bağçada oynayarkən tapdım. Qardaşım kuklanın ayağını sındırıb torpağa basdırmışdı. Bu. mənim ilk itkim idi. Siz də oyuncaq itirmisiniz?

    – Mənim heç vaxt oyuncağım olmayıb. Biz dağ kəndində yaşadığımız üçün velosiped sürən də olmayıb. Ən yaxşı oyuncaqlarımız qışda qarın üzərində sürüşmək üçün taxtadan hazırladığımız xizəklər, yayda isə məftildən düzəltdiyimiz iki və ya dörd təkərli maşınlar olub. Yadımda qalan itki o olub ki, qışın soyuğunda odun olmadığı üçün mənim taxtadan düzəltdiyim xizəyi qardaşımın söküb ocaqda yandırıb.

    – Biz uşaq olanda orta məktəb müəllimləri and -aman edirdilər ki, Mirzə Ələkbər Sabir acından sabun bişirib satırmış. O zaman ürəyimiz çox göynəyirdi. Amma böyüyəndən sonra anladıq ki, sabun bişirib satmağa biznes deyirlər. Bunun isə kasıblıqla əlaqəsi yoxdur. Sizin uşaqlığnız və Mirzə Ələkbər Sabir yadınızda necə qalıb? Uşaqlıqda kimə daha çox acıyırdınız?

    – Mənim də o vaxtkı düşüncəmə görə Mirzə Ələkbər Sabir dövrünün ən kasıb adamı olub. Həyatını xilas etmək üçün sabun bişirib satmaq məcburiyyətində imiş. Hər birimizin uşaqlıq həyatının müəyyən çətinlikləri olur. Mən orta məktəbi bitirdikdən sonra iki il iş stajım olmadığı üçün hüquq fakültəsinə sənədlərimi qəbul etmədilər. Hərbi xidmətə getməyimə isə hələ 1 ilim var idi. Kəndimizdə sovxozun fermalarından başqa iş yeri yox idi. Mən sovxozda naxırçı adı ilə işə düzəldim və qısa müddətdən sonra sovxozda ən çox əməkhaqqı alan işçiyə çevrildim. 3-cü sinifdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşam və orta məktəbi bitirənə qədər hər ilin üç ayını pambıq becərilməsi işinə həsr etmişəm. Bəzən hər gün 120-130 kq pambıq toplayaraq ən çox pambıq toplayan qızlara da qalib gəlirdim.

    – Bizim uşaqlığımız sovet dönəminə təsadüf edir (amma deyirlər, təsadüflər olmur, hər şey zərurətdən doğur). Bizim uşaqlığımız kənddə keçib. Uşaqlığımın bir yay səhərini heç xatırlamaq da istəmirəm. Pambıq briqadiri səhərin gözü açılmamış evimizin yaxınlığındakı körpüdə dayanıb səsləyirdi. Anam səhər pambığa gedib, axşam evə gəlirdi. Gün ərzində 120-150 kilo pambıq və evdə onu gözləyən beş uşaq… Bəzən belə olur, ananı qucaqlayıb sığallanmaq, əzizlənmək istəyirsən, amma o, işə getmək məcburiyyətindədir… Sizin belə yay səhəriniz oldumu heç?

    -Biz uşaq olduğumuz zaman evdə böyük bacılarımız olduğu üçün bizə heç vaxt yalnızlıq hiss etdirməyiblər.

    – İkinci sinfin ilk günü çox qəribə gün idi. Mən “Ana dili” dərsliyinin ilk səhifəsində olan “Salam, doğma məktəb!” şeirini əzbərləmişdim qardaşımın kitabından. Vəssalam. Oldum Əntiqə müəlliməmin sevimlisi. Bu sevgi məni əlaçı etdi. Şagird Əlövsətin əlaçılığı necə başladı…

    – Bizim sinifdə şagirdlər arasında əlaçı olmaq üçün sanki xüsusi bir yarışma var idi. Ona görə də əslində bizim sinifdə əlaçı olmayan yox idi. Eləcə də mən. Mənim başqalarından fərqim bir də o idi ki, atam gözləmədiyim halda gəlib dərsdə otururdu. Atamın gəlişindən çox müəllimlər narahat olurdular ki, dərsi daha keyfiyyətli keçsinlər. Ancaq ən pisi o idi ki, bizim məktəbdə ancaq oğlanlardan dərs soruşurdular deyə oğlanlar birmənalı şəkildə dərsə hazır olurdular.

    – Evimizin qabağındakı nar bağında bir ərik ağacı var idi. Ağacın altında qızılgül kolu zərif çiçəklər açmışdı. Əriyin budağında yuva quran bülbül gecə səhərə qədər qızılgülün eşqindən fəryad edirdi. Bu səs məni tez-tez uşaqlığıma səsləyir. Qızılgül ətirli səs… Uşaqlığınıza sizi səsləyən səsin ətri daha çox hansı gülü xatırladır?

    – Bizim evin kənarında evlər olmadığı üçün demək olar ki, ətrafı yonca ilə dolu idi. Səhər yuxudan oyananda pəncərəni açan zaman yoncanın ətri evə dolurdu. Bizi yuxudan oyadan isə bir qayda olaraq torağayların səsi idi.

    – Alyanaqlı almaları çox sevirdim. Dədəmin bir qızı idim və istəyimə uyğun olaraq evdən alyanaqlı almalar əskik olmurdu. Balaca Əlövsətin sevimli meyvələrinin, yeməklərinin dadı indi də damağındadırmı?

    – Hər fəslin öz meyvəsi, hər meyvənin öz dadı var. Bizim çöllərdə yeməyə ilk yetişən çiyələk ən dadlı meyvə olub, daha sonra isə qızıl payızın əzgili, qaragiləsi olub. Bizim dağların Azərbaycanın başqa bölgələrindən fərqi ondan ibarətdir ki, alçanı bir qayda olaraq payızda yeyirlər.

    – Dörd qardaşım, dörd əmimoğlu, əmimin bir qızı və mən. Bizim uşaqlıq komandamız belə idi: səkkiz oğlan və iki qız. Balaca Əlövsətin böyüdüyü komandanın tərkibində kimlər vardı?

    – Əslində mən uşaq vaxtı komandalardan qaçan olmuşam və ən çox dostluq etdiyim şəxslər isə sinif yoldaşlarım Nəbi, Araz və qardaşım Faiq olub. Onlarla birlikdə uşaq xarakterinə uyğun olaraq ən ağır əməlləri törətməkdən çəkinməmişik.

    Söhbətləşdi Arzu Abdulla

    Əlövsət Əliyevə İnterpress.az-ın ad günü hədiyyəsi

    Əlövsət Əliyev

    Yellənən başlar
    Hekayə
    Bir həftəlik səfərdən yaxınları ücün darıxmış halda Bakıya qayıtdı. Hava limanının dayanacağında saxladığı maşını işə saldı. Mühafizəçi ona yaxınlaşdı və “Əmi, maşını 6-7 gündür burda saxlamısan, 60- 70 manat ödəməlisən. Sonra istəyirsən 20 manatla yola verək” dedi. Mühafizəçiyə özünəməxsus şəkildə “Narahat olma, tələb olunan qədər ödəniş etmək imkanım var” deməklə etirazını bildirdi. Mühafizəçi “Ay əmi, vallah burada maşın saxlayan ağıllı adamlar özləri bunu xahiş edirlər, siz isə…” Sözünün arxasını gətirmədi və başını bulayıb onun yanından uzaqlaşdı.
    Evə gəldi. Qızı üçün çox darıxmışdı. Çox keçmədi ki, qızı yenidən boynuna dolandı və “Ay ata, bütün ağıllı atalar bayramda uşaqlarını gəzməyə apardılar. Sən isə çıxıb getdin” dedi. Bu sözdən sonra qızını gəzdirmək üçün xanımı ilə birlikdə şəhərə yollandı. Fəxri Xiyaban və Şəhidlər Xiyabanından sonra Milli parka getdilər. Maşını “Azneft” meydanında saxlamaq istəyirdi. Taksi sürücüsündən maşını orda saxlamağın mümkün olub-olmadığını öyrənmək istədi. Aldığı cavab “Vallah, ağıllı adamlar burada maşın saxlamırlar” oldu.
    Maşından yenicə aralanmışdı ki, zəng gəldi. Qardaşı idi, yeməyə dəvət edirdi. Xanımı ilə razılaşdı ki, onlar gəzdikləri müddətdə qardaşı ilə görüşsün. Maşına yaxınlaşanda daha bir zəng gəldi və bu dəfə böyük qardaşının ismarışını çatdırdılar:
    – O da gəlməyini xahiş edir. Deyir ki, gələndə ağlını götürməyi unutma.
    Təkrar zəng əslində onu bir az “tərpətdi”. Nə baş verir? Hər dəfəsində ona “ağlı” xatırladanlar nə demək istəyir? Yaxınlarının olduğu məkana çatanda yemək artıq başlamışdı. Ona görə sadəcə salamlaşdı və onun üçün saxlanılan yerdə əyləşdi. Böyük qardaş ağır-ağır sözə başladı:
    -Adam bütün işlərini ağılla görər.
    Bütün qohumlar- dayısı və əmisi oğlu, bacısı oğlu, qardaşları söhbəti diqqətlə dinləyir və başlarını tərpətməklə onun dediklərini təsdiq edirdilər. Bir neçə dəfə söhbəti dəyişmək istəsə də hər dəfə “başın xarab olub”, “başın işləmir” sözləriylə başlayan cümlələrlə susdurulurdu. Söhbətin yönünü, ümumilikdə mövzunu dəyişməyə çalışdı. İslam ölkələrində baş verənlərin islamla əlaqəsi olmadığından, xristian sivilizasiyasının islam ölkələrində tətbiqinin ağır nəticələrindən danışmağa başladı. Amma söhbəti başqa məcraya yönəltmək cəhdi bu dəfə də nəticə vermədi. Böyük qardaş əvvəllər dediyinin əksinə olaraq islam sivilizasiyasının xristian sivilizasiyasından dəfələrlə üstün olduğuna dair fikrini “Bunu təhlil etmək üçün ağıllı baş tələb olunur” cümləsi ilə bitirdi. Bu dəfə jurnalist gənc qohumu üzünü ona tərəf tutdu:
    – Hərəkətlər adekvat deyil, sən özün də nə etdiyinin fərqində deyilsən, ağıllı adamlar belə…
    Cümlənin sonunu eşitmirdi. Masada oturanlar razılıq əlaməti olaraq başlarını yelləyir, deyilənləri təsdiq edirdilər. Ona elə gəlirdi ki, yellənən başlar adamların dizlərinə kimi əyilir və yenidən geriyə qayıdır. Qulaqlarında bu dəfə başqa qardaşının sözləri cingildədi: -Məndə də kifayət qədər ciddi faktlar var, səndə nəsə baş verir… Biz bunu dəqiqləşdirməliyik, ağıllı adam belə hərəkət etməz.
    Başlar yenə yellənir, dizlərə qədər əyilir və geri qayıdırdı. Hamısı eyni qaydada, hamısı eyni zamanda, eyni, eyni, eyni… Oturanların üzünə diqqətlə, bir-bir baxdı. Heç olmasa bircə nəfərin sifətində etiraz sezmək istədi. Olmadı, əksinə ona elə gəldi ki, dizlərə qədər əyilən başların tərpənməyən dodaqları da xorla “sən dəlisən” deyə qışqırmaga başladılar. Bu səsi eşitmək istəmirdi. Qulaqlarını tıxamaq istədi, amma gözləri… Təkcə dodaqlardan yox, gözlərdən də “sən dəlisən” sözləri oxunurdu. Qədəhi masanın üstünə tulladı, qulaqlarını tutdu, uğultu kəsilmədi. Var gücü ilə qışqırdı…
    …Maşına necə oturduğunu xatırlamadan ordan uzaqlaşdı. Biz qədər uzaqlaşmışdı ki, maşını saxladı, düşdü. Arxası üstdə badam agaclarının arasında uzandı. Ona elə gəlirdi ki, sərin torpaq onu sakitləşdirə bilər. Özünü torpağa həvalə etdi. “Doğrudanmı mənimlə nəsə baş verir?” deyə fikirləşməyə başladı. Düşünə bildiyinə sevindı və sanki bir az da sakitləşdi. Telefonun zənginə düşüncədən ayrıldı. Xanımı idi, evə getmək istədiklərini bildirirdi. Maşına əyləşib hara gedəcəyini dəqiqliyi ilə xatırlamadan getməyə başladı. Təkrar telefon zəngi və “Sənin başın xarab olub, deyəsən. Dedim axı, içmisənsə maşın sürmə” – xanımı idi. Telefonu yan oturacağa tulladı. Ona elə gəldi ki, xanımından eşitdiyi bu sözləri ətrafdakıların hamısı təkrar edir. Bütün sürücülər ona baxır, gülüşürdülər. Soldan gələn maşına yol vermək üçün dayandı. Sifəti seçilməyən qara kölgələr maşını dövrəyə alaraq xorla “dəlisən, dəlisən, dəlisən” deyə qışqırırdılar. Sağ ciyninə toxunan əlin təmasından diksindi. Yol polisi əməkdaşı idi. Onu tanımışdı. Polisin üzünə diqqətlə baxdı. Bir anlıq düşündü ki, o da masa başında oturub hami kimi dən polisdir . Amma yanındakı polisin səsi onu bu düçüncədən ayırdı. Sevindi.
    -Müəllim, necəsiz? Nə baş verir? Niyə burda saxlamısız? Məni tanıdınız? Məni siz işə qəbul etmişdiz. Yadınızdayam?
    Bir-birinin ardınca gələn suallara cavab verəcək vəziyyətdə deyildi. Buna rəğmən özünü topladı. Yalan danışdı:
    -Əlbəttə, tanıdım.
    Sadəcə özünü bir qədər yaxşı hiss etmədiyini dedi. Yalnız bu zaman polis əməkdaşının onun yan tərəfində oturduğunun fərqinə vardı. Polis əməkdaşı maşından düşdü, ona yoluna davam etmək üçün şərait yaratdı. Qızını və xanımını götürüb evə qayıtdı…
    Təxminən iki saatdan sonra psixoloq dostu ilə üzbəüz oturmuşdu. Dostu onu sona qədər dinlədi. Qonşu otaqdan iki qədəh və viski ilə geri qayıtdı. İkisi də ayağa qalxdı və xilaskar, yaxşı polis əməkdaşlarının şərəfinə icdilər…
    Bir gün sonra onlar yenə bir yerdə idilər. O, böyük qardaşın gətirdiyi quzu ətindən kabab cəkirdi… Böyük danışır, digərləri başlarını tərpətməklə onun sözlərini təsdiqləyirdilər. Başlar ayaqlara qədər əyilir, yenidən düzəlirdı… Gurultulu alqışlardan daha təhlükəli yellənən başlar…

  • VHP sədri Sabir Rüstəmxanlının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriki

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili Sabir Rüstəmxanlının təbriki.

    “Əziz soydaşlarım!

    Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram.

    24 il bundan əvvəl, 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi və tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza göndərilməsi böyük bir ruhun, idealına doğru yürüyən xalqın utopik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruq kimi birləşməyimizin bəhrəsidir.

    Məhz bu birlikdən narahat olanların apardığı təbliğat, şayiələr, səpdikləri şübhə toxumları sonrakı illərdə həmrəyliyimizin pozulmasına və itkilərimizə gətirib çıxardı. Daxili siyasi mübarizələr, qardaş qarşıdurmaları, cəbhələşmələr nəticə etibarilə əsl düşmənin əl-qolunu açdı, torpaqlarımızın işğalına imkan yaratdı.

    Hələ o zaman – 1992-ci ildə nicatımızın vətəndaş həmrəyliyindən, milli birlikdən keçdiyini mənəvi və siyasi ideologiya olaraq irəli sürdük. Zaman göstərdi ki, milli birlik, həmrəylik olmadan, qarşılıqlı anlaşma olmadan heç nəyə nail olmaq mümkün deyil.

    Bu gün də Azərbaycanın gələcəyi, torpağımızın azadlığı, dünyada səsimizin, sözümüzün, həqiqətimizin tanınması həmrəyliyimizdən keçir. Bizi xalq olaraq qarşıda hələ çox böyük hədəflər gözləyir. İstəsək də, istəməsək də – bu hədəflərə doğru getmək xalqımızın taleyinə, qismətinə yazılıb. Bu hədəflərə çatmağın yeganə yolu isə əlbəttə ki, həmrəyimizdən asılıdır.

    Əziz soydaşlarım!

    31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü seçilməsi təsadüf deyil. Bu gün – mənəvi sərhədlərinin bərpası yolunda yalın əllə bütün dünyaya meydan oxuyan xalqın həmrəylik təntənəsi kimi yaddaşlara həkk olunub. Bu yaddaşı qorumaq, gücləndirmək hər birimizin borcudur.

    Hər birinizi bir daha təbrik edirəm və inanıram ki, milli hədəflərimizdə göstərəcəyiniz həmrəylik Azərbaycan adınadır və bu yolda hər birinizə uğurlar arzulayıram.

  • “Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar” – MÜSAHİBƏ

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı  Modern.az saytında  “Pəncərə” layihəsinin qonağı olub.

    “Ömrümüzü baltalaya-baltalaya gedirik”

    – Sabir müəllim, son vaxtlar cəmiyyətdə dəyişkən proseslər gedir.
    Bunlar sizin ümumi əhvalınıza necə təsir edir? İçinizdə yorğunluq hissi varmı?

    – Yaradıcılıqdan və işdən yorulmuram. Ara-sıra mənasız söz-söhbətlərdən və həyatımızdakı bir çox gərəksiz münaqişələrdən yoruluram. Cəmiyyət bir neçə təbəqəyə bölünür. Görünür, tarixən belə olub. Onun bir növü cəmiyyətin mühərriki, onu hərəkətə gətirən, onu irəli aparan, millətin beyninə qida verən, taleyi üçün məsuliyyət daşıyan, ikinci növü isə məsuliyyətsizcəsinə ancaq danışanda bir dəstədə qeybətlə cəmiyyətdə ikitirəlik, üçtirəlik salan, illər uzunu yaradılan mənəvi dəyərləri gözdən salmaqla gələcəyə ümidsizlik aşılamaqla məşğul olan təbəqə. İstər-istəməz buna bənzər hadisələrlə adam rastlaşanda onun psixoloji təsiri altında olur. Təbii ki, biz indi buna öyrəşmişik. Görünür, bu şəraitdə yaşadığımızdan davamlı olaraq bir tərəf od qalayandı, bir tərəf də odu söndürəndi. Bir növ bədənimizdə, psixoloji durumuzmuzda zəhərə, zəhərləyənlərə qarşı imunitet yaranıb. Bizim mühitə bioloji alışqanlığımız var. Bir çox məsələlərə sakit, normal gözlə baxanda, onlar dözülməzdir. İnsan gərginliklərin içindən keçib uzun müddət yaşaya bilməz. O insanın ömrünü çürütməkdi. Sonra görürsən ki, biz buna vərdiş etmişik. Doğulandan ölənə kimi ömrümüzü baltalaya-baltalaya gedirik. Baltalanan, kəsilib doğulan ömrümüzü davam etdiririk. Amma təbiətin də öz qanunauyğunluqları var. Ağac nə qədər çox baltalanırsa, bir o qədər sıx pöhrə verir. Ona görə də elə bir yorğunluq hiss etmirəm. Bütün günü gərgin iş şəraitində oluram. Çox vaxt gecələr yaradıcılıqla məşğul oluram. Təbii ki, yazmaq məni heç vaxt yormur.

    “Haqqımda elə böhtanlar yazırlar ki…”

    – Konket olaraq, bu gün Sabir Rüstəmxanlını nə narahat edir?

    – Bir də görürsünüz ki, qəzetin bir köşəsində, bir küncündə nəsə yazırlar. Heç özüm haqqında demirəm. Özüm haqqında ciddi nə yazacaqlar?! Mənim haqqımda nəsə yazanda cavablarını da alırlar. Mənim haqqımda elə böhtanlar yazırlar ki, oxuyan oxucu görür ki, hamısı böhtandı. Bir də görürsən ki, kiminsə haqqında inandırıcı görünən nəsə yazanda, ya iki ziyalımızı mətbuat səhifəsində bir-birini söyən görəndə, ya gənclərlə yaşlı nəsil arasında mənasız atışamalar görəndə və yaxud da ölkənin ümumi taleyi ilə bağlı ağlasığmaz uydurmalar eşidəndə, narahat oluram. Bu gün qəzet səhifələrində təhlillər yer alır. Onların çoxu ciddi elmi əsaslara, beynəlxalq aləmdə baş verən ciddi reallıqlara  söykənmir. Belə yazıları oxuyanda adam üzülür. Düşünürəm, niyə bu səviyyədəyik?! Bu həm mətbuat, həm televiziyalarımıza aiddir. Axşam evinə yorğun gedirsən. Oturursan,  rahat çay içə-içə Azərbaycan televiziyalarına baxmaq istəyirsən. Televiziya açan kimi bir serial çıxır qarşına. Serialda personajlar yarırus, yarıazərbaycan dilində danışır. Axı sənin nə ixtiyarın var millətin evinə girəsən, milləti bu cür təhqir edəsən? Sən küçədə, bazarda, öz xarabanda danışırsan, danış. Amma sənin o boyda televiziyada, camaatın gözü qabağında bu cür danışmağa nə ixtiyarın var? Təkcə bu problem seriallarda deyil. Aparıcılarımız da bu cür danışırlar. 22 ildir Azərbaycan müstəqildir. Müstəqilliyin nə demək olduğunu başa düşürlər?! Nə diriyə hörmət edirlər, nə ölüyə. Baxırsan, ekranlara çıxanların sifətinə, geyiminə: qadınlı-kişili nə vəziyyətdədirlər, İlahi?! Mənim hörmət etidiyim ANS TV-ni və başqa TV-ləri açırsan, iki gündən bir meyxana gedir. Bütün Azərbaycana meyxana oxutduracaqlar sanki!  Bunun şeiri şer, musiqisi musiqi deyil; orada oturanların danışığı normal danışıq deyil… Amma içində istedadlı adamlar da var, təbii ki, buna heç kim heç deyə bilməz. Digər bir məsələ. Səhər tezdən TV-ləri açanda 4 kanalda birdən muğam oxuyurlar. Sağ olsun Mehrian xanım,  Azərbaycanın unudulmaqda olan, ögey münasiət bəslənilən musiqisinə həyat verdi. Muğam Mərkəzi yaratdı. Mehriban xanımın diqqəti bu sahəyə yönəlib deyə, səsi olan da, olmayan da muğam oxuyur. TV-lər yeri oldu, olmadı, muğama yer verir. Televiziyalarda koordinasiya olmalıdır, heç olmasa, bir-birinin kanalına baxsınlar və təkrar eyni şeyləri verməsinlər. Bu günlərdə xaricdən gələn qonağın biri mənə dedi ki, sizin televiziyalarda sanki xəbər çatışmır. Deyəsən sizdə  ancaq konsertə üstünlük verirlər. Fikir verin: millətimiz müharibə şəritində olan problemli millətdir. Son vaxtlar Dərbənd haqqında maraqlı verilişə baxmamışıq. Ciddi xəbər proqramlarının olması son dərəcə vacibdir. Bəzən insanlar ciddi obyektiv səbəb olmadan yorulur. Baxırsan çörəyi də, suyu da var. Amma mühitə baxıb belə şeyləri görəndə yorulur. Bir tikə çörək də onun üçün zəhərə dönür. Millətin dəyərlərinin dəyişdiriliyini, adətin-ənələrinin unudulduğunu, televiziyada, mətbutda milli strategiyadan uzaqlaşdırıldığını görəndə, insanlarda milli dəyər duyğusu yox olur. Məktəblərimizin, təhsilimizin milli strategiyası olmalıdır. O olmayanda, əlbəttə ki, çətin olacaq. Bu gün gənc nəsil işğal altında olan rayonlarımızın işğal tarixini bilmirsə, onda düşmənə qarşı nə cür mübarizə aparacağıq? Bəlkə, burada bizə qarşı qəsd var?Bir nəsil olaraq, içimizdə narahatçılıq yaradan bu şeylərdir. Yoxsa, şəxsi məsələlərə qalsa, Allaha şükür, bir qələmimiz var, hələ ki, öz qaydasında işləyir.

    “Hansı məqamda qabağa düşüb sözümüzü deməmişik?”

    – Yeri gəlmişkən, Azərbaycanda ziyalı sözünün kəsəri itib. Bu haqda nə düşünürsünüz? Doğurdanmı, ziyalı sözünə olan münasibət ögeyləşib?

    – Tamamilə düz deyirsiniz. Ziyalı məsələsi çox ciddi problemdir. Son vaxtlar baxıram ki, Türkiyə    televiziyalarında Atatürkə qarşı açıq-aşkar bəzi verilişlər var. Hətta biri deyirdi ki, Atatürk olmayacaqdı, bir başqası ortaya çıxıb vəziyyəti dəyişəcəkdi. Tamamilə yanlış yanaşmadır. Şəxsiyyətin rolu tarixi proseslərdə danılmazdır. Böyük sərkərdələrin yetişməsi nadir prosesdir… Ziyalı da hər günyetişmir. Bu gün biz müstəqilliyimizi əldə etmişik. 1918-ci ildə bu müstəqilliyi quran Avropada təhsil almış bir dəstə var idi. Onların sayı 100-ə çatmırdı. Onlar olmasaydılar – Dumada, Qafqaz Seymində -Azərbaycanın müstəqiliyi olmazdı. O zaman Azərbaycan adlı bir dövlət qurmaq istəmirdilər. Bu torpaqları parçalayıb xristian xalqlarına vermək  istəyirdilər. Həmin ziyalıların iradəsi bu dövləti qurdu. Təəssüf ki, bugün də həmin ziyalıların qiymətini bilməmişik. Sonrakı proseslərdə  də, Azərbaycanın son tarixi dövrlərində də, ziyalıların böyük rolu olub. Bütün tarix boyu ağıllı dövlət başçıları ziyalıları həmişə qoruyublar, sarayın ətrafına yığıblar. Bəziləri deyirdilər ki, ziyalıları sarayın ətrafına yığırdılar ki, mədhiyyə desinlər. Qətiyyən elə deyil. Ağıllı padşahlar ziyalıları ətrafına yığırdılar ki, onlara himayədar olsunlar. Dövlətin möhkəmlənməsi ilə bağlı məsələlərdə hakimlərə yardım etsinlər. O dövrün tarixi ədəbiyyatını yazınlar. Sovet dövründə də ziyalılara xüsusi münasibət olub. Amma müstəqillik dövründə nə baş verdisə, qınanan ziyalı təbəqə oldu.Yazıçı kitab yazır, millətin müəyyən hissəsinin fikrinin aydınlaşmasına, beyninin işıqlanmasına yardım edir. Müəyyən həqiqətləri göstərir. Sonra yazıçı ən çətin məqamda xalqın qarşısına çıxıb, xalqın yanında olur. Bu gün cəmiyyət ziyalıdan çox şey umur. Mənə elə gəlir ki, əsl ziyalıların əksəriyyəti buna hazırdır. Həm yazmağa, həm də silah götürməyə. Bunun müqabilində təhdidlə üzləşəndə, bütün baş vermiş günahlar onların çiyninə yüklənəndə, artıq dözülməz olur. Son 25 ildə millətin taleyi ilə bağlı hansı məsələlər ortaya çıxıb ki, biz onlardan qaçmışıq? Hansı məqamda qabağa düşməmişik? Sözümüzü deməmişik? Mən özümü fikirləşirəm ki, hər halda düşmənlərimizə cavab verən ilk kitabı mən yazmışdım. Onu qızlarımıza cehiz kimi verirdilər. Xalqı meydana çağıran, hərəkatın yaranması üçün xalqa müraciət edən, meydanda günlərlə çıxış edən və ardınca ilk müstəqil “Azərbaycan” qəzetini yaradan, ondan sonra azad mətbuatın yaradılması, bütün bunlar harada nə lazım olubsa, etmişəm. İlk müstəqil Azərbaycan deputat bloku yaratmışdıq. Onun sədrlərindən biri idim. Elə onun da təsiri ilə Müstəqillik Aktını qəbul etdik. Belə düşünürəm ki, təvazökarlıqdan uzaq olsa da, bir adam öz həyatında vətəninin taleyi ilə bağlı boynuna nə düşürsə, onu ancaq bu cür edə bilər. Bizim mühitdə, bizim şəraitimizdə nəyə bacarmışamsa, onu da etmişəm. Bunun müqabilində bir də görürsən ki, dünən yumurtadan çıxanlar bu millətin taleyindən, o hərəkatdan xəbərsiz, heç bir məsuliyyət duyğusu olmayan, ancaq gəlib o bəhərdən barınan, gen-bol hər şeyi olan, bizim sıxıntılarımızın mində birini yaşamayan adamlar ziyalılara dil uzadırlar, o cümlədən də mənə.

    “Mənə qarşı olan kampaniyanın səbəbi odur ki…”

    – Bu yaxınlarda sizə qarşı “qara piar” kampaniyası təşkil olunmuşdu. Hazırda kampaniyaya son qoyulubmu?

    – Düşünmürəm ki, son qoyulub… Bəzən mənim uzaq qohumunun dilindən bir kəlmə söz çıxanda, onu mənə qarşı hədəf kimi istifadə etmək üstəyirlər.Mənim sözüm isə bir kənarda qalır.Mənə qarşı olan kampaniyanın səbəbi odur ki, milli ideyalara, milli dəyərlərə xidmət edən adamlardan biriyəm.Mənim kimi adamaların olması, görünür, cəmiyyətdə bəzi dairələrə sərf etmir.Onlar mənim dediyim məhz o nöqtələri hədəf seçiblər ki, bu, millətin gələcəyi ilə bağlı ən çox məsuliyyət daşıyan yerlərdir.Mən özümü o yerlərdən birində təsəvvür edirəm.

    Sona qədər mübarizə aparmaq fikriniz varmı?

    – Xüsusi mübarizə aparmaq fikrim yoxdur. Şərə qarşı nə mübarizə aparacaqsan ki? Mən öz yolumu gedirəm.Vicdanı olan zaman keçdikcə görür ki, yalnış deyib, yalnış yazıb.Daxilində etiraf edir ki, düz yolda deyil.Digər tərəfdən də bu işə qəsdli şəkildə qoşulanlar sonra səhvini başa düşüb yanlış yoldan ayrılır. O adamlar ki, xüsusi olaraq bu işlə məşğul olmağa yönəldilib, sabah əyninə qızıldan don geyin, peyğəmbər övladı ol, o yoldan dönməyəcək. Onun niyyəti bəllidir. Təbii ki, onlara qarşı mübariz aparmaq əsəbləri korlamaq deməkdir. Mənə qarşı kimsə, nəsə desə, ayda, ildə bir kərə sözümü deməklə cavab verirəm. Hər gün mənə bir daş atacaqlar deyə, bununla məşğul ola bilmərəmki! Elə yalanlar var ki, heç ona cavab vermək lazım deyil. Mənim həyatımın 40 ili bu millətin gözü önündədir. Əgər millət məni görməyəcəksə, o yazılan şər-böhtana inanacaqsa, qoy inansın. Onda biz elə buna layiqik.

    “Bəzən iqtidar partiyasının təmsilçisi dialoqda elə şeylər deyir ki…”

    – İqtidar-müxalifət dioloqu baş tutmur. Sizcə bunun səbəbi nədir?

    – Bizim cəmiyyətdə son vaxtlar ittiham mövzularından biri də budur ki, niyə sən tam iqtidarın və ya radikal müxalifətin yanında deyilsən? Mən 21 ildir vətəndaş həmrəyliyi yolunu seçmişəm. Bu yol sizin dediyiniz dialoq yoludur. Cəmiyyətin müxtəlif qütblərinin yaxınlaşması yoludur. Bu yaxınlarda prezident jurnalistlərlə görüş keçirib. Görürəm ki, mətbuatda normal yazılar gedir.Müəyyən ümidlər yaranıb ki, mətbuatın problemləri həll oluna bilər. Hər şeyi dialoqla həll etmək olar. Bizim cəmiyyətin düşməni olduğu halda, öz içimizdə düşmən axtarmaq olduqca gülüncdür. Ona görə də mənim mövqeyim dialoqdur, milli birlikdir.

    – Bəs hansı tərəf addım atmalıdır?

    – Təmsil olunan tərəflərin dediyi söz real söz olmalıdır. Mən gedib ölkədən kənarda Azərbaycan hakimiyyəti haqqında nəsə söz deyib, həll edə bilmərəm.Millət vəkili kimi öz boynuma düşən və imkan daxilimdə olan məsələlərdən danışa bilərəm. Bəzən iqtidar partiyası dialoqda oturub qərar verir, amma bilmir ki, partiya onu o şəkildə qəbul edəcək, ya yox. Yəni görüş naminə görüş yox, hazırlanmış, əsaslanmış dialoqlar olmalıdır.

    – ATƏT bir neçə dəfə iqtidar-müxalifət nümayəndələrini bir araya gətirib. Olmazmı ki, bunu içimizdən bir ziyalı təşkil etsin?

    – Onun məsuliyyəti ağırdır. O dialoq bizim cəmiyyətdə daimi gedir. Heç kim içində nəyisə gizləmir. İqtidar mətbuatında, müxalifət mətbuatında bir-birlərinə olmayan dərəcədə qarşılıqlı ittihamlar var. Bu əslində nəticəsiz dialoqdur. Mən nəticəsi olan bir dialoq istəyirəm. Bir sıra milli məsələlərdə müxalifətlə iqtidar arasında elə də ciddi fikir ayrılığı yoxdur. Ən çətin məqamlar hakimiyyət bölgüsü zamanı olur.Buna da normal baxmaq olar.

    “Namizədliyimi verməyəcəyəm”

    – 2015-ci ildə növbəti parlament seçkiləri olacaq. Sizin həmin vaxt konkret hədəfləriniz olacaqmı?

    – Mən bu barədə hələ düşünmürəm. Çox güman ki, namizədliyimi verməyəcəyəm.

    – Bəs niyə namizədliyinizi verməyəcəksiniz? Bunu nə ilə əlaqələndirirsiniz? Bəlkə siyasi proseslərdən yorulmusunuz?

    – Mən siyasi proseslərdən yorulmamışam. Əksinə, onların daha vacib olan sahəsi ilə məşğul olmaq istəyirəm.Yaşımın elə bir vaxtıdır ki, özümü o proseslərdən daha yuxarıda görürəm. Dünyada yaşayan azərbaycanlıların inteqrasiyasının güclənməsi, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın təhsildən tutmuş o ölkələrdəki siyasi problemlərinə qədər, yardım etmək istəyirəm.

    – Artıq seçkilər bitib. Bilmək olarmı ki, kimə səs verdiniz?

    – Elə şeylər var ki, onu paylaşmağa ehtiyac yoxdu.

    – Bayaq televiziyalarda olan dil məsələsinə toxundunuz. Siz bir dəfə qeyd etmişdiniz ki, bəzi məmur övladlarının bir çoxu Azərbaycan dilində danışa bilmirlər.Yenə sözünüzün üstündə durursunuz?

    – Dil məsələsi millətin ölüm-dirim məsələsidir. Dil varsa, millət var. Azərbaycanda başqa dillərin öyrədilməsi yaxşı prosesdir. Mən istəyirəm ki, insanlar bir çox dili bilisinlər. Amma bütün bunlar öz dilimizin unudulnası ilə ola bilməz. Uşaq balacalıqdan öz dilində oxumalıdır. Ana dilində oxumaq onun beyninin düzgün inkişafına gətirib çıxarır. Yaponlar bunu araşdırıb ki, ana dili insanların beyninin bir yarımkürəsində, digər dillər o biri yarımkürədədir. Nədənsə dil məsələsi ortaya atılanda çox vaxt insan haqları yada düşür. Öz dilində pəltək danışan nazir olmamalıdır. Bu millətə həqarətdir. Onda heç onlara ehtiyac olmaz, başqa ölkələrdən gətirib nazir qoyaq. Niyə səfirlər gəlib 1-2 dildə bu dili öyrənirlər, bizim insanlar öyrənə bilmirlər. İllər uzunu bir çoxları millətdən danışır. Ancaq Azərbaycan dilində elə danışırlar ki, elə bil erməni dilində danışırlar. Çox uşaqlar  rus dilində oxuyur, onların qəhrəmanı Babək, Şah İsmayıl deyil. Ölkənin içində müxtəlif psixoloji xəttlər yaranır. O zümrədə olan insanlarda bizə yuxarıdan aşağı baxmaq meyli yaranır. Əlimdə imkan olsa, uşaqların öz dilini öyrənmələrinə çalışaram.

    “Övladlarımdan razıyam”

    – Övladlarınızı düşündüyünüz kimi tərbiyə edə bilmisiniz?

    – Bunu iddia etmək çətindir. Son 25 ildə o qədər çətin dövr yaşadıq ki, özümüzə vaxt sərf edə bilmədik. Özümüzü unutduq. Hətta qələmdən ayrı düşdük. 1991-1995-ci illərdə nazir oldum. 4 il kitab yada düşmədi. Ancaq son illərdə sevinirəm ki, kitablarım çap olunur.

    – 4 il nazir də olmusunuz. Siyasi proseslərin içində ola-ola övladlarınıza yetərincə qayğı göstərə bilmisiniz?

    – Övladlarım böyüyüb. İndi hərəsinin öz ailəsi var. Onlardan razıyam. Başqa şərait olsaydı, daha çox diqqət ayırardım.Son 5 ildir ki, Aydan yanımdadır. O biri övladlarıma göstərə bilmədiyim qayğını da çalışıram ki, ona göstərim. Deyə bilmərəm ki, buna vaxt qalır.

    “Mən o havanı dünyanın heç bir yerində görməmişəm”

    – Hobbiniz nədir?

    – Hobbim üzməkdir. Ən azından bunu 2 gündən bir edirəm. İmkanım olsa, boş vaxtımı təbiətdə keçirərəm, yaz vaxtı ağac əkərdim.

    – Geriyə baxanda hansı illəri qaytarmaq istərdiniz?

    – Mən hər şeyə realist baxıram. Mümkün olmayan şeyi arzulamaram.Ancaq təbii ki, yaşadığımız uşaqlıq illəri və böyüdüyümüz torpaq nə qədər kasıb, sadə görünsə də, insana şirindir. Mənim Yardımlıda dağın döşündə balaca bir evim var. Dünyanın harasına gedirəmsə, elə o yamacdaki tək evi görürəm. Oraların xüsusi havası var. Mən o havanı dünyanın heç bir yerində görməmişəm. Birdən-birə Dədə Qorqud dövrünə qayıdıram. Bu yaxında prezidentin Yardımlıya səfərindən sonra xahiş etdim ki, o yollar düzəldilsin. 7-8 kəndi birləşdirən yol asvaltlanır. İnsanlar əziyyət çəkirdi. İnsan yaşa dolduqca içindəki xiffət artır, insan həyatın mənası, bəlkə də mənasızlığı haqqında daha çox düşünür. Düşünürəm ki, nə yaxşı ki, həyatımı sözə bağlamışam. Nə yaxşı ki, yazaram. Hər halda düşündüyümü ifadə edirəm. Kifayət qədər sevgi qazanmış in sanam. Ömrümüzün xəcalət gətirən bir nöqtəsi yoxdur.Ona görə rahatlıq tapırsanki, o uşaqlığı yaza bilmisən. Bütün bunlar insana təskinlik verir. Düşünürsən ki, papağı boşuna yandırmamısan.

    – Sabir müəllim, bəs içinizdə peşmançılıq hissi varmı?

    – Ömür o qədər qısadır ki, səhvləri düzəltməyə vaxt çatmır. Hər kəsin ömrründə müəyyən səhvlər olub,  olur və bundan sonra da olacaq. Amma ona ilişib qalmağa imkan olmur. Təzə fikirlər gəlir beynimə. Rəhmətlik Elçibəy deyirdi ki, “sən o qədər ideyalar verirsən ki, amma o ideyaların ardınca getmirsən”. Mən də deyirdim ki, “mən ideya mühərrikiyəm. Onların hamısnın arxasınca gedə bilmıərəm və ona vaxtım da çatmaz”.
    Elə şeylər var ki, içimdə doğulan arzular olub ki, onu gerçəkləşdirmişəm. Bu bir rahatçılıq gətirir. Peşmançılıq heç nəyi geri qaytarmır. Onun əvəzini məsuliyyətlə doldurmaq lazımdır. Bu psixolji tərbiyə üsuludur. Ekstrimal vəziyyət mənim baharımdır. Görünür mən o gərginlikdə yaşamağa öyrəşmişəm.İçimdə yettişməmiş nəyisə demirəm. Zamanın axarında daxili tempim var.

    “Deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur”

    – Bir çox insanlar yaşları artdıqca, qorxurlar. Siz yaşlanmaqdan qorxmursunuz?

    – Ancaq deyirlər ki, yaşlılıq dövrü daha gözəl olur. Ona söz yoxdur. İsanın bütün yaş mərhələlərini yaşaması gözəldir. Doğrusu, mən qocalıq ffikrini özümə yaxın buraxmıram. Qocalmış odur ki, bütün işlərini kənara atıb sahildə nərd oynayır. Mən hələ Milli Məclisin siyasi meydanındayam, beynəlxalq aləmdəyəm. Hər 2 aydan bir xarici ölkələrə gedirəm. Gecə-gündüz də qələmim işləyir. Amma reallıq var. Cavan vaxtlarımda 35 səhifə yazırdım, indi isə bir az azalıb. Hər axşam 7-8 səhifə yazanda çox sevinirəm. Bu yaşın gətirdiyi nöqsan, zəiflikdir. 35 və 60 yaş arasında elə ciddi bir fərq yoxdur. Bunu ona görə deyirəm ki, qoy yaşlılar narahat olmasınlar. Mənim yaşıma gəlib çatanda, heç nə itirməyəcəklər. Əvvəlki bir çox əyləncələrdən silkələnməlisən. Bir limit var əlində onu daha qənətlə işlədirsən.

    – Daxilinizdə qorxu hissi yer alıbmı?

    – Mənim içimdə heç vaxt qorxu olmayıb. İndi qorxuya bənzər başqa bir şey var. Bəzən uşaqlarım narahatçılıq çəkəndə mənim nüfuzum yardımçı olur. Amma cəmiyyətimiz getdikcə dəyərləri itirməkdədir. İndi təzə bir nəsil gəlir. Rüstəmxanlı soyadını eşidəndə daha quduzluqla yanaşırlar. 20 il bundan əvvəl bizə bir çınqıl atanı daş-qalaq edərdilər. İndi bir-birimizi müdafiə edə bilmirik. Fikirləşirəm ki, uşaqlarımız necə cəmiyyətdə yaşayacaqlar? Bunun qorxusu var  içimdə.

    Namidə BİNGÖL

    Modern.az

  • Bu gün prof. Abuzər Bağırovun doğum günüdür.

    DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı DAK-ın Rusiya nümayəndəliyinin rəhbəri Abuzər Bağırovu doğum günü ilə bağlı təbrik edib.  Təbrikdə deyilir:

    “Abuzər bəy!

    Sizi, doğum gününüz münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi arzulayıram. Uzun müddətdir ki, vətəndən kənarda yaşasanız da, hər zaman ruhən Azərbaycanla bir olmusunuz, qəlbiniz bu məmləkətlə döyünüb, soydaşlarımızın problemləri sizi daima narahat edib. Elə bu narahatlıq, millətin gələcəyi naminə fəaliyyət arzusu da sizi DAK-a gətirib.

    Siz filologiya elmləri doktoru və professor kimi də elm və biliyinizlə millətin xidmətindəsiniz. Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətini təbliğ edirsiniz və ədəbiyyatımızın Rusiyadakı sözlərindən birisiniz.

    Sizi bir daha təbrik edir, müqəddəs ideallar uğrunda apardığınız mübarizədə başarılar diləyirəm”.

  • Avropada yaşayan dostlarımıza!

    Bu il xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının “Ömür kitabı” adlı əsəri Böyük Britaniyada ingiliscə – Sabir Rustamkhanlı. “My road of life”; “Göy Tanrı” romanının birinci hissəsi Almaniyada almanca – Sabir Rustemkhanlı. “Der Himmels Gott” Band 1 nəşr edilmişdir.

    Kitabların satış ünvanlarını internet vasitəsilə elektron kataloqlarda tapmaq mümkündür.

    Xaricdə yaşayan soydaşlarımızdan xahişimiz: bu kitabları əldə edin, ingilis və alman dilli dostlarınıza bağışlayın. Bu, Azərbaycan ədəbiyyatının təbliğinə yardımçı olar!..

     


  • VHP sədri Milli Dirçəliş günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi

    17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.  Təbrikdə deyilir:

    «Əziz soydaşlarım!

    Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 25 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və müstəqilliyə haqqımızın çatdığını bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet dövlətinin süqutunu qaçılmaz etdi və Azərbaycan xalqı öz istiqlalına qovuşdu. 17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımlarının daha da şiddətləndiyini bir daha ortaya qoydu. 60-cı illər müstəqillik, birlik hisslərinin növbəti mərhələsi kimi yadda qaldı. Bu dövrdə milli şüurun formalaşması və istiqamətlənməsi yönündə ziyalılarımızın mücadiləsi yaxın tariximizin canlı şahidlərinin hələ də yaddaşındadır. Sənətin müxtəlif sahələrində – poeziya, nəsr, kino, rəssamlıq, musiqi və s. – milli şüura təsir edən əsərlərin yaranması və geniş yayılması nəticə etibarilə 80-ci illər ədəbi birliklər kimi fəaliyyət göstərən, əslində isə xalqın azadlığını düşünən beyinlərin təşkilatlanma cəhdinə gətirib çıxardı. Meydan hərəkatı – təsadüfən yaranmadı. Erməni işğalı bu mübarizənin açıq müstəviyə çıxmasında son damla idi və ona görə də milyonları əhatələyən Meydan Hərəkatı qısa müddətdə bütün SSRİ-ni silkələdi.

    Əziz soydaşlarım!

    17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi! 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş günü münasibətilə hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi və vətəndaş cəmiyyəti quruculuğunda sizlərə uğurlar arzulayıram”.

  • Sabir Rüstəmxanlı: ““Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə çox əhəmiyyətlidir”

    21 noyabr 2013-cü il tarixində Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçirildi. Kitabın elmi redaktoru, doktor Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.

    VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, F. Ağasıoğlu uzun illərdir Azərbaycan tarixinin indiyədək məlum olmayan və az öyrənilmiş sahələrinin öyrənilməsi ilə məşğuldur: “Onun hələ çap etdirmədiyi çoxlu kitabı var. Bununla belə, F. Ağasıoğlu işıq üzü görən kitabları ilə Azərbaycan tarixşünaslığında yeni bir yol açıb. “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə çox əhəmiyyətlidir. Avrasiyada saysız-hesabsız daş abidələr var. Azərbaycanda da az sayda belə daşbablar var və kənardan onlara sahiblənməyə çalışanlar çıxır, müxtəlif muzeylərə daşıyırlar. Hətta Ağdam rayonunun Boyəhmədli kəndində əlində cam tutmuş bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Ancaq F. Ağasıoğlu ilk dəfə bunun böyük türk mədəniyyətinin parçası olduğunu və türklər yaşayan coğrafiyada yayıldığını göstərir. Bundan əlavə, Azərbaycanın bütün qəbiristanlıqlarında daşqoçlar, daşatlar vardı. Ancaq İranla sərhədlər açılandan sonra guya daşbabaların içərisində qızıl gizlədildiyi ilə bağlı necə təbliğat apardılarsa, kütləvi surətdə onların başlarını qırdılar, əksəriyyətini məhv etdilər. Yalnız muzeylərə aparılanlar kütləvi qırğından xilas oldu. Ona görə də belə bir mövzunun araşdırılması onların izinin itməsinə imkan vermir”.

    S. Rüstəmxanlı dedi ki, daş abidələrin üzərindəki yazıların oxunması hələ də problem olaraq qalır: “Bu da tarixşünaslığımızın hələ də çox böyük problemlərlə qarşı-qarşıya qaldığını göstərir. Çünki yüz illər boyu türkün izini silmək üçün işlər görülüb. Ərəb. fars və müxtəlif işğallardan sonra türkün qədim abidələri məhv edilib, yalnız bir dənə “Kitabi Dədə Qorqud” abidəsi qalıb. Mahmud Kaşğari də “Kitabi lüğətit türk” əsərini ərsəyə gətirib. Abidələrimiz Drezden, Vatikan və dünyanın digər kitabxanalarında saxlanılır. Bizə qalan yalnız bu daşlardır, çünki onları apara bilməyiblər. Əgər imkanları olsaydı, həmin daşları da aparardılar. İndi F. Ağasıoğlu belə bir çətin vəziyyətdə bu sahənin araşdırılması kimi çətin vəzifəni öz üzrinə götürüb və ilk dəfə olaraq həmin daş abidələrin elmi şəkildə incələnməsi, təhlili, bütün mədəniyyətimizin kontekstində öyrənilməsi üçün addım atıb. Tarixşünaslığımızda yazılı mənbələri əsas götürürlər, həmin mənbələr də ərəb, fars, yunan, gürcü və erməni dilindədir və bizim  xeyrimizə deyil. Alternativ yolları isə tarixə aid etməyərək romantika adlandırırlar. Öz tariximizi araşdırmağa başlayan kimi yüzlərlə maneələr ortaya çıxır. Çünki bu gün də dünyanın hər yerində həm yazılı, həm də torpağın üzərində qalan mənbələrimizin məhvi prosesi davam etdirilir. İndi az sayda onların təbirincə romantik düşüncəli, ancaq millətin kökünü araşdıran alimlər var və onlardan biri də F. Ağasıoğludur”.

    F.Ağasıoğlu vurğuladı ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub: “Bildiyiniz kimi, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır. Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.

    Onun sözlərinə görə, Türkiyədə daşbabanı balbal adlandırırlar: “Ancaq 30 ildir onlar bunların ikisinin də fərqli bir şey olduğunu başa sala bilmirəm. Balbal düşmənə deyirlər. Yəni balbal heykəli olan adamların sağlığında öldürdüyü və o dünya həmin şəxsə xidmət edəcək düşmənlərə qoyulmuş simvolik daşdır. Əslində daşbabaya balbal demək onu təhqir etmək deməkdir”.

    Professor bildirdi ki, hər bir xalqın yaddaşı olur: “Bu yaddaş onun mətbəx, geyim, təsərrüfat, mifoloji, kulturunda, mədəniyyətində, dilində, yas adətlərində, toy gələnəklərində olur. Ancaq bizdə sistemli şəkildə təbliğat aparılmadığı üçün xalqımızın tarixi bozbaş kimi bir-birinə qarışıb. Ümumiliyyətlə türkologiya elmi 50 ildir tıxaca girib və çıxa bilmir. Çünki nəzəriyyəni səhv qoyublar. Türkologiya elminin tarixi, dili, ədəbiyyatı, coğrafiyası türklərlə monqolların bir xalq olduğu anlayışı üzərində qurulub. Guya tüklərin iki min əvvəl monqollardan ayrılaraq köç etməyə başladığı bildirilir. Bu da Monqolustandan, Altaydan başqa harada türk varsa, onların gəlmə olduğunu göstərir. Yəni türklər atlarla digər ərazilərə getdilər, türklər yağmaçılardır, köçərilərdir və onların qədim mədəniyyəti ola bilməz. Bütün türk xalqlarının tarixində də onların həmin əraziyə gəlmə olduğu yazılıb. Bu nəzəriyyə Altay nəzəriyyəsidir və tariximiz, dilimiz də 200 ildir bu konsepsiya ilə işlənilir. Ancaq Altay nəzəriyyəsi daşbaba məsələsinə cavab verə bilmir. Çünki Daşbabanın burada tarixi 6 mindir, ancaq Altayda 1500 ildir. Yəni məntiqlə cavab verə bilmədiyi üçün Altay nəzəriyyəsi tamamilə səhvdir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Bu kitab da həmin konsepsiyanın əsasında yazılıb”.

    F. Ağasıoğlu dedi ki, alimlər yüzillərdir daşbaba məsələsini araşdırırlar: “Bu məsələ ilə əsasən rus alimləri məşğul olurlar. Onlar da yalnız lokal şəkildə öyrəniblər və həmin daşbabaları biri-birilərinə bağlamayıblar. Məsələn, daşat gələnəyi 1000-1500 il əvvəl formalaşıbsa, ancaq daşqoç Şumer çağındandır, yəni 5000 il yaşı var. Daşbabaların üç cür duruşu var. Onlardən bəziləri əlləri yuxarıda dua edərcəsinə tutub. Bu cür daşbabalar Təbriz, Krım və Ukraynada tapılıb, sonuncunu üzərində yazı olduğundan artıq bütün dünya daşbabaların türk etnosuna məxsus gələnək olduğunu qəbul edib. Bəzilərində sağ əlində su qabı olan duruş forması var. Qabın içərisindəki həyat suyudur. Nəhayət üçüncüsü, ən klassik və geniş yayılmış duruş forması sağ əlində qədəh, sol əli xəncərinin üzərində olanıdır. Son dövrədək də bi ikeonoqrafik duruş forması dəyişməyib, sağa və sola, yəni Altay, Monqolustan, Ukrayna, Rusiya və Şimali Qafqaza da gedib. Hətta skiflər, saklar Avropanın ortalarınadək də aparıblar. Ancaq nadir duruş forması da var ki, əlində quş tutub. Bildiyiniz kimi, keçmişdə türklər ölənə uçdu deyirdilər. Yəni həmin quş onun ruhunun uçmasının simvoludur. Elə türk dilində cənnət uçmaq deməkdir. Ancaq bu duruş forması çox az yayılıb və cəmi 6-7 ədəd belə daşbaba şəkli tapmışam. Daşbabalardan ən qədimi Qobustanda, 3 nömrəli kurqanda tapılıb. Bundan başqa, Abşeronda (Dübəndi), Astarada (5 min il yaşı var, ancaq tarixçilərimizin xəbəri yoxdur, onu alman mütəxəssislər tədqiq etdiklərindən onların qaynaqlarından əldə etmişəm), Xiyovda, Təbrizdə, Hakkaridə və İrəvan yaxınlığında ən qədim daşbabalar tapılıb. Bu da həmin ərazilərin türk yurdu olduğunu göstərir. Ona görə də daş bəlgələrin çox böyük qiyməti var. Bu gələnək 1960-ci ilədək belə yaşayıb və Tuncelidə tapılıb. Qırğızıstanda, Toxmaq kəndində isə bu gələnək hələ də yaşayır və hörmətli adamların daşbabalarını qoyurlar. Yəni bu gələnək 5-6 min ildir davam edir. Bunu öyrənmədən türk etnosunun miqrasiyasını öyrənə bilməzsən”.

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Nurəddin Məmmədli vurğuladı ki, kitab bütün türk arealında bu səpkidə olan məsələlərin işıqlandırılması nəticəsində meydana gələn bir əsərdir: “Bu çox böyük əzab-əziyyət tələb edən bir işdir. Xalqın mədəniyyəti, onun kimliyi, soyu, yaşadığı areal və s. bilavasitə bu cür mədəniyyət nümunələri ilə müəyyən edilir. Bu gün dünyada türkün mənşəyi və yayılma arealı ilə bağlı çox ciddi mübahisəli mövzularından biri olduğunu nəzərə alsaq, bu mənada böyük iş görülüb”.

    Onun sözlərinə görə, Azərbaycanda, eləcə də Türk Dünyasında qoç heykəlləri Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində daha geniş yayılıb: “Mənim uşaqlığım demək olar qədim qəbiristanlıqdakı qoç heykəllərinin üzərində keçib. Həmin qəbiristanlıqda 40-dan çox qoç heykəli olub. 1950-ci illərin sonu 1960-cı illərin əvəllərində ermənilər həmin daşqoçların apara bildiklərini daşıdılar, qalanlarını da məhv etdilər.  Simens qardaşları “Qalakənd” adında fundamental bir kitab yazıblar. Həmin kitab Azərbaycan dilində çap edilib və orada 71 yerdə Kiçik Qaramurad kəndinin adı keçib, həmçinin daşqoçların hamısının şəkilləri var. Daşqoçların 50-yə yaxını Gəncədə tarixşünaslıq və diyarşünaslıq muzeyinə götürülüb və son 15-20-dək nümayiş edilirdi”.

    DAK İdarə Heyətinin üzvü, professor Vaqif Arzumanlı kitabı Türk Dünyasının, türkçülüyün türkologiyanın, Azərbaycan türklərinin tarixinin yenidən öyrənilməsinə bir dəvət kimi qəbul etdiyini bildirdi: “Təəssüflər olsun ki, bəzi istisnalar olmaqla bu işə diqqət yetirən yoxdur. Bəlkə də bunu bilərəkdən edirlər. Çünki biz həmişə fikirləşmişik ki, bizim tariximizi yazanlar yəhudilər, ruslar, ermənilər, yəni qeyri-türklər olub. Onlar da nəinki yuxarıdan gələn göstərişi nəzərə alıblar, hətta tariximizi öz istəklərinə uyğun yazıblar. Nəticə etibarilə bizim üçün saxta tarix yaaradıblar. Hətta son vaxtlaradək Osmanlı türklərinin Anadoluya gəlmə olduğunu iddia edənlər var. Ancaq 1960-cı illərin sonu 1970-ci illərin Oljas Süleymenov kimi kişilər bu mifi sındırdılar, hətta rus alimləri belə ona üstün gələ bilmədi. Artıq Altay nəzəriyyəsi çoxdan öz qüvvəsini itirib. Ona görə də türk dünyasının tarixini öyrənmək lazımdırsa, onda bu daş abidələrdən başlamaq lazımdır. Çünki daş abidələr türkün ən qədim tarixi, maddi-mədəniyyət abidəsidir”.

    Tədbirdə həmçinin Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, tanınmış publisist, tarixçi-alim Bəxtiyar Tuncay, fəlsəfə elmləri doktoru Yadigar Türkel, hüquqşünas Adil Minbaşı və başqaları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.

     

    VHP Mətbuat Xidməti

  • İkiyə bölünmə faciəsi

    İbrahim Quliyev

    Son illərdə Azərbaycanın bölgədə aparıcı dövlətə çevrilməsi, xüsusilə də, iqtisadi göstəricilərə görə region ölkələrini qabaqlaması beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə səbəb olmuşdur. Bu da nəticədə dünyanın tanınmış tədqiqatçılarının, şərqşünas alimlərinin ölkəmizə marağının artmasına, Azərbaycanın milli – mədəni irsinin dərindən araşdırılmasına, milli kimliyimizin öyrənilməsinə və regionda gedən proseslərdə azərbaycanlıların rolunun müəyyən edilməsi istiqamətində ciddi tədqiqatların meydana çıxmasına səbəb olmuşdur. Nüfuzlu Harvard Universitetində siyasi elmlər bölümünün böyük tədqiqatçısı, professor xanım Brenda Şafferin bu sahədəki fəaliyyətini xüsusi qeyd etməliyik. Doktor Brenda Şaffer uzun illərdir ki, Qafqazda və Mərkəzi Asiyada cərəyan edən ictimai-siyasi prosesləri, İranın xarici siyasətini, Qarabağ böhranını, bu bölgədə yaşayan xalqların, xüsusilə də azərbaycanlıların milli şüurunun formalaşması, tarixi proseslərdə onların yerinin və rolunun öyrənilməsi ilə məşğul olur. O, bu bölgədən bəhs edən “Sərhədlər və qardaşar: İran və azərbaycanlı kimliyinin formalaşması”, “İran və Rusiya strateji əlaqələri” kimi ciddi əsərlərin müəllifidir. Xanım Şafferin “İran İslam İnqilabından və sovetlərin süqutundan sonra azərbaycanlı ictimai kimliyinin formalaşması” əsəri son illərdə xaricdən Azərbaycana artan marağın göstəricisi olmaqla bərabər, milli şüurun formalaşma mərhələlərinin tarixi proseslər prizmasından obyektiv təhlili, islam müstəvisində milli faktorların təzahürünün spesfik cəhətlərinin analizi baxımından diqqəti cəlb edir. Əsərin əsas məziyyətlərindən biri də müstəqil Azərbaycanla Güney Azərbaycanın vəhdət halında götürülməsi, hadisələrin qarışılıqlı təsir imkanlarının miqyasının müəyyən edilməsinə cəhddir. Əsər 2000-ci ildə “Nationalities Papers” juranılını 3-cü sayında “The formation of Azerbaiyjani collective identity in İran” adı altında çap edilmiş, 2006-cı ildə Aydın Rəhimi tərəfindən fars dilinə çevirərək Tehranda nəşr edilmişdir. Belə əsərlərin zamanında dilimizə çevrilməməsi bəzən dünyanın nəzərində necə göründüyümüzü, beynəlxalq aləmdə milli kimiliyimizin necə tanınması məsələlərini müəyyn etməyimizə mane olur. Şafferin əsəri müqəddimə, “İslam inqilabı və azərbaycanlılar”, “İslam cümhuriyyəti”, “Azərbaycanlıların siyasi təşkilatları”, “Müstəqil Azərbaycan Respublikasının təsiri”, “Azərbaycan ostanlarının parçalanması”, “Siyasi fəaliyyətlər”, “İki Azərbaycan arasında mövcud birlik” və nəticədən ibarətdir. Göstərilən məsələlərin dərindən araşdırılması və əldə edilən nəticələrin obyektivliyini təmin etmək məqsədi ilə müəllif fərqli mövqeləri də təhlil obyektinə çəkmişdir.
    Onu da qeyd edək ki, İranda nəşr olunan kitaba naşir tərəfindən yazılan ön sözdə də Brenda Şafferin araşdırmaları yüksək qiymətləndirilir və beynəlxalq aləmdə bu mövzuya diqqətin getdikcə artması təqdir edilir. Naşir Güneydə yaşayan azərbaycanlıların milli kimlik məsələsi üzərində xüsusi dayanaraq vurğulayır ki, tədqiqatçılar uzun zaman İranın milli – etnik coğrafiyasını unutmuşlar. İran cəmiyyətinin etnik əlvanlığı, etniklərin yeri, xüsusilə də qeyri-farsların – türk, ərəb, kürd, bəluc, türkmənlərin varlığı beynəlxalq və yerli tədqiqatçıların diqqətindən kənarda qalmışdır. İran bu ölkəyə gələn xarici tədqiqatçıların nəzərində Persiya, yəni farslar ölkəsi olmuşdur. Halbuki ölkə əhalisinin yarıdan çoxunu qeyri-farslar təşkil edir. Naşir Brenda Şafferin bu sahədəki tədqiqatlarını problemin həllində ciddi dönüş kimi dəyərləndirir.
    Brenda Şaffer özü əsərin müqəddiməsindəcə bu sahədəki tədqiqatlara münasibət bidirirərək qeyd edir ki, İranın çoxmillətli ölkə olmasına və onun əhalisinin 50 faizini qeyri-farslar təşkil etməsinə baxmayaraq, əksər tədqiqatçılar “iranlı” sözünü “fars” kəlməsinə ekvivalent kimi işlətirlər. Bundan sonra o, konkret olaraq İranın demoqrafik coğrafiyasında azərbaycanlıların yeri və sayı məsələsinə toxunur. “İranın ümumi əhalisinin təxminən üçdə birini azərbaycanlılar təşkil edir”.  Amma Brenda Şaffer bunun ardınca İranda tarixi hakimiyyətlərin söz və demokratiyaya məhdudiyyət qoyması üzündən həmin statistikanı tam dəqiqləşdirməyin mümkünzülüyünü də nəzərə çatdırır:“ İrandakı ictimai-siyasi prosesləri tədqiq edənlər əksər halda milli faktorları bir qırağa qoymağa çalışırlar. Bu mənbələr İranın ən böyük milli tərkibini, yəni azərbaycanlıları ayrıca milli kökə malik olmayan, iranlı milli kimliyi içində ərimiş vahid çoxluğun bir parçası kimi götürürlər”. Məhz buna görə də müəllif digər mənbələrə də baş vurmağa və obyektiv nəticəyə nail olmağa çalışır. Məsələn, o, qeyd edir ki, doktor Cavad Heyətə görə İranda ümumi əhalinin üçdə ikisi azərbaycanlılardan ibarətdir. Başqa bir mənbə isə əhalinin tam yarısını azərbaycanlılar təşkil etdiyini qeyd edir. Sonda müəllif etiraf edir ki, belə bir pərakndəlik, xüsusilə də dövlət tərəfindən şəffaf siyahıyaalınmanın aparılmaması bu gün İİR-də azərbaycanlılarla bağlı statistikanın 25-35 milyon arasında dəyişməsinə səbəb olmuşdur.
    Bununla belə Cənubda azərbaycanlıların yaşadıqları ərazi məsələsində müəllif özü də qeyri-dəqiqliyə yol verir. O, yazır: “ Azərbaycanlıların əksəriyyəti İranın şimal-qərbini “Cənubi Azərbaycan” adlandırırlar. Azərbaycan Respublikasının sərhədi boyunca İranın üç ostanı- Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil yerləşir və bu ostanların əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir”. Buradaca qeyd edək ki, bu üç ostandan əlavə, Zəncan, Qəzvin, Gilan və s. –də də azərbaycanlılar kompakt yaşayırlar. Yeri gəlmişkən qeyd edək ki, tərcüməçi də bu qeyri-dəqiqliyi nəzərə çatdırmışdır.
    Şimali Azərbaycan məsələsinə gəldikdə isə, müəllif burada 7 milyon nəfər azərbaycanlının yaşadığını qeyd edir. Həqiqətən də kitabın dərc olunduğu 2000-ci ilin statistikasında Azərbaycan əhalisinin sayı 8 mln. 300 min nəfər olmuşdur ki, görünür, müəllif onların 1 mln.300 min nəfərini etniklərə aid etmişdir.
    Bundan sonra xanım-professor Güney və Qüeydə yaşayan azərbaycanlıların bəzi fərqli xüsusiyyətlərə malik olmalarının səbəblərinə aydınlıq gətirməyə çalışır: “İran, Rusiya və Türkiyə sərhədləri boyunca yaşayan, türkdilli və müsəlman olan azərbaycanlılar bu üç imperiyanın təsirinə məruz qalmaqla bərabər, həm də onlara təsir göstərmişlər. Buna görə onlar fərqli milli xüsusiyyətlərə, bəzən isə türklük, iranlılıq, müsəlmanlıqla üst-üstə düşməyən əlahiddə keyfiyyətlərə malik olurlar”.  Müəllif əsərinin sonunda isə milli kimlik məsələsində təkcə Günüeylə Quzey arasında deyil, həm də ümumi Azərbaycan ərazisində yaşayan azrbaycanlılar arasında kəskin fərqlər olması qənaətinə gəlir. Onun bu baxımdan apardığı bölgü xüsusi maraq doğurur: “… Kimlik məsələsində İran azərbaycanlıları arasında ixtilaf nəzərə çarpır. Azərbaycanlıların əksəriyyəti, o cümlədən hökumət və dövlət strukturunda xüsusi çəkisi olan azərbaycanlılar özlərini iranlı və müsəlman hesab edirlər. Əlbəttə, onların əksəriyyəti Azərbaycan milli mədəniyyəti ilə öz etnik bağlılığını da inkar etmir və özünü azərbaycanlı sayır. Digər azərbaycanlılar, o cümlədən islam inqilabı dövründə xüsusilə fəal olan ziyalılar əsasən azərbaycanlı milli mənsubiyyətini qəbul edir, amma “iranlı” termini altında dövləti mənsubiyyətlərini təsdiqləyərək, İranda çoxmillətliliyi qorumağa çalışırlar. Azərbaycanlıların daha çox hissəsi iranlı olmaqla azərbaycanlı olmaq arasında ziddiyyət görmürlər. Onlar əsil kimlikliərinin azərbaycanlı olmalarını bilsələr də, bu kimliyin siyasi baxımdan tanınması üçün ciddi bir addım atmırlar. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində azərbaycanlıların bir qismi öz milli mənsubiyyətini təsdiqləmək üçün siyasi tədbirlərə əl atdılar. Xüsusilə də, azərbaycanlı tələbələr bu bölgədə fəallıq göstərdilər”. Sonda müəllif öz mövqeyini belə açıqlayır: “Əgər vətəndaşların əksəriyyəti bir neçə ictimai kimliyə malik olarsa, öz əsl fərqli ictimai kimliyini bilməzsə, onda onun əsl ictimai kimliyi asanlıqla dəyişdirilər”.  Ancaq Brenda Şaffer hazırda Güneydə milli mənlik şüurunun yeni mərhələyə daxil olduğunu xüsusi qeyd edir. Müəllif bu məsələdə Şimali Azərbaycanda gedən proseslərin mühüm rol oynadığını, Azərbaycan Respublikasının yaranmasının cənubda ciddi əks-səda doğurduğunu və milli oyanışın sürətlə yüksələrək xalqın öz milli- mədəni hüquqları uğrunda mübarizəsinə təkan verdiyini xüsui vurğulayır. O qeyd edir ki, Azərbaycanın istiqlalının ardınca İran azərbaycanlıları milli-etnik kimliklərinin tanınması istiqamətində ciddi addımlar atmağa başladılar. “Azərbaycan Respublikasının qurulması sərhədin o tayandakı eyni etnik mənsubiyyət daşıyıcılarını böhranla üz-üzə qoydu. Bu məsələ İran azərbaycanlılarının əksəriyyətini özlərinin Azərbaycan millətinin bir parçası olduğunu hiss etməyə vadar etdi. Halbuki əvvəlki dövrlərdə belə oxaşar hisslər nəzərə çarpmırdı. 1990-cı illərin əvvəllərindən başlayaraq Cənubi Azərbaycanda milli mənsubiyyətlə bağlı bir sıra siyasi hadisələr baş verdi. Amma Cənubda azərbaycanlılar arasında artan bu milli kimlik axtarışı Azərbaycan ostanlarının İrandan ayrılaraq Aərbaycan Respublikasına birləşmək istiqamətində deyil, daha çox İran sərhədləri daxilində mədəni hüquqlara yiyələnmək uğrunda mübarizəyə yönəlmişdir”. Amma müəllif İran azrbaycanlılarının milli kimlik şüurunun çoxşaxəli olmasına baxmayaraq, bu faktorun İran İslam Respublikası ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətlərə, Tehranın Qafqaz strategiyasına ciddi təsir etməsini də nəzərdən qaçırmır və hazırda Qarabağ münaqişəsində İranın Ermənistanı himayə etməsinin səbəbini də məhz bunda görür.

    Ümumiyyətlə, müəllif Güneydəki azərbaycanlıların milli şüurunun oyanmasını əsasən iki mərhələyə bölmüşdür: 1921- 1979-cu illəri əhatə edən Pəhləvi dövrü və 1979-cu il İran İslam İnqilabından sonrakı mərhələ. Brenda Şaffer bu inqilabda bütün milli azlıqların fəal iştirak etdiyini, inqilabın öz hədəflərinə çatmasında onların böyük rol oynadığını vurğulayır. O, Təbrizin inqilabın əsas beşiklərindən biri olaraq Pəhləvi rejiminin sürətli süqutunda daha önəmli yer tutduğunu önə çəkir. Qeyd edir ki, 1979-cu ilin dekabrında azərbaycanlılar bir aydan artıq Təbrizi nəzarətə götürərək onu idarə etmişlər. Bununla bərabər, inqilabda milli azlıqların rolu və onların hədəfləri barədə kifayət qədər təhlil və analiz edilsə də, azərbaycanlılara bu sırada demək olar ki, yer verilməmişdir. “İran inqilabında etnik azlıqların rolu barədə yazılan işlər əsasən kürdlərə, ərəblərə, türkmənlərə aid olmuşdur. Bu tədqiqatlarda Azərbaycana çox az yer verilmişdir”.  Onu da qeyd edək ki, Azərbaycan ostanlarında şah rejimi əleyhinə inqilabi fəaliyyət hələ 1977-ci ilin sonlarında start götürmüş və bu bölgənin insanları hakimiyyətə itaətsizlik nümayiş etdirirdilər. Həmin il dekabrın 21-də Təbriz Universitetinin tələbələri şah rejimi əleyhinə hərəkatı bərpa etmişdilər. Onlar bu tarixi təsadüfən seçməmişdilər. Məqsəd 1945-ci il 21 azər tarixində qurulan Azərbaycan Milli Hökumətini yaddaşlarda bərpa etmək idi. 
    Müəllif milli oyanışın, Güneydə özünə qayıdışın ən coşqun dövrü kimi inqilabdan sonrakı 1979-1980-ci illəri götürür. Bu illərdə hətta azərbaycanlıların muxtariyyət əldə etmək üçün çabalara başladıqlarını, dil, əlfba islahatlarına rəvac verdiklərini faktlarla təsdiqləyir. Qeyd edir ki, millətin önündə gedən ruhanilər xalqa üz tutaraq onlarla doğma dildə danışmağa başlamışdılar. Müəllif maraqlı bir faktı xatırladır: “1979-cu il martın 25-də milli təfəkkür etibarilə irançı olan və öz doğma Azərbaycan dilini bilməyən Mehdi Bazərgan Təbrizdə xalqın qarşısında çıxış edərkən ana dilini bilmədiyinə və farsca danışdığına görə bir neçə dəfə xalqdan üzr istəməli oldu”. 
    “Beləliklə, yeni hakimiyyəti təmsil edən ruhanilərin Azərbaycan dilində danışması milli kimilik məsələsinin həllində olduqca müsbət rol oynadı”, – deyə müəllif xüsusi vurğulayır. Məlum olduğu kimi həmin dövrdə bir-birinin ardınca Azərbaycan dilli jurnal və qəzetlər nəşr olunmağa başlamışdır. Şah ölkədən qaçandan bir gün sonra Azərbaycan dilində “Ulduz” qəzeti nəşr olunmağa başlayır ki, bu, şah dövründən bəri Azərbaycan dilində nəşr olunan ilk qəzet hesab olunur. Müəllif daha sonra “Varlığ”ın bu cərgəyə qoşulduğunu, ancaq onun iki dildə -Azərbaycan və fars dilində nəşr olunduğunu yazır. İkiyə parçalanmış xalqın bir-birinin yazdığını başa düşməsi üçün milli ziyalıların bu illərdə əlifba islahatı aparmaq qəranına gəlməsi ciddi addım kimi nəzərə çarpır. Ərəb əlifbası ilə yanaşı latın əlifbasının işlənməsini təklif edənlər də olur. 1980-ci ildə Azər Sina latın əlifbasını təklif edən məqalələr yazmağa başlayır. Ancaq çox keçmədən o, həbs olunur.
    Beləliklə, müəllif islam inqilabının ilk mərhələsində başlanan milli oyanışın çox keçmədən yeni rejim tərəfindən təhdid və həbsxanalarla qarşılandığını bildirir. Lakin bu da xalqın iradəsini qıra bilmir. Xüsusilə də, SSRİ-nin süqutundan və Şimali Azərbaycanda yeni müstəqil respublika yaranandan sonra bu proses yeni mərhələyə daxil olur. Azərbaycan Respublikasının qurulmasının isə Cənubdakı proseslərə spesfik təsirini Brenda Şaffer millətin özünü siyasi-mədəni müstəvidə konkret ad altında təqdim etməsində görür. “Azərbaycan Respublikasının yaranmasından sonra İranda azərbaycanlı kimliyinin bariz nümunələrindən biri onların özlərini daha çox “azərbaycanlı” və ya “azəri” kimi təqdim etmələri oldu. Əvəllər onlar özlərini “türk” kimi təqdim edirdilər. Pəhləvi rejimi “türk” sözündən sui-istifadə edərək onunla bağlı xeyli lətifələr quraşdırmış və ona daha çox mənfi çalar vermişdi. Azərbaycan Respublikasının yaranması Cənubda azərbaycanlıların özlərini bir millət olaraq daha çox azərbaycanlı kimi təqdim etmələrinə səbəb oldu.” Bununla bərabər, Brenda Şaffer Azərbaycan Respublikasının qurulmasının Güneydə gedən proseslərə ciddi təsirini aşağıdakı kimi qruplaşdırır: Dil problemi daha geniş şəkildə qabardı, ədəbiyyatda dirçəliş baş verdi, Şimal-Cənub arasında əldəbi əlaqələri gücləndirmək üçün İranda azərbaycanlıların istifadə etdikləri ərəb əlifbasında bəzi səslər islah edildi, “Keyhan”, “Ettelaat” kimi qəzetlərin Azərbaycandilli səhifələri yarandı, 1991-ci ildən başlayaraq “Yol” məcmuəsi çap olunmağa başladı. Müəllif qeyd edir ki, “Yol” məcmuəsinin ən yaxşı cəhətlərindən biri də onun hər nömrəsində sözlüyün çap olunması idi. Amerikalı türkoloq bu milli oyanışda Türkiyə televiziyalarının da mühüm rol oynadığını diqqətə çatdırır.
    Amma burada bir məsələni qeyd etmək yerinə düşərdi, xanım tədqiqatçı Cənubi Azərbaycanda milli oyanışı mərhələlərə böldüyü kimi, fikrimizcə, Azərbaycan Respublikasında gedən prosesləri də mərhələlər üzrə tədqiq etməli idi. Bu halda milli şüurun yüksəlişinin tam mənzərəsi oxucuya aydın ola bilərdi. Çünki kifayət qədər geniş auditoriya üçün nəzərdə tutulmuş kitabda Azərbaycan Respublikasının yaranmasının Cənubda gedən proseslərə təsiri göstərilsə də, onun tarixi əsasları pərakəndə verilmişdir. Əslində, tək müstəqil Azərbaycan Respublikası qurulandan sonra deyil, bütün zamanlarda (o cümlədən SSRİ dövründə də) Arazın bu tayında baş verən proseslər Cənubda ciddi əks-səda vermiş və orada milli ruhun yüksəlməsinə yüksəlməsinə səbəb olmuşdur. Bu təsiri müəllifin sadaladığı Şeyx Məhəmməd Xiyabanının və Seyid Cəfər Pişəvərinin başçılığı ilə Cənubda baş verən ciddi siyasi proseslərdə də bariz görmək olar. Doğrudur, müəllif “İki Aərbaycan arasında mövcud birlik” bölməsində bir daha qarışılıqlı təsir məsələnin üzərinə qayıtsa da, amma dəqiq bölgü olmadığından bu fəsil bir qədər qarmaqarışıq görünür və əsasən ədəbi-mədəni sahədəki əlaqələrlə məhdudlaşır. Bəzi hallarda isə müəllif azərbaycanlıların milli kimilik şüurunun yüksəlməsində imperiyaların rolunu şişirdir və belə çıxır ki, qonşu dövlətlər bir-birinə təzyiq vaitəsi kimi azərbaycanlıların milli oyanışına özləri şərait yaratmışlar. Doğrudur, o bu fikrində daha çox xarici tədqiqatçılara əsaslandığından öz mövqeyini açıqlamır. 
    Brenda Şaffer 1980-ci illər və 1990-cı illərin əvvəllərində Sovet Azərbaycanında yaşayan azərbaycanlıların İrandakı soydaşlarına qovuşmaq istəklərinin daha dərin olduğunu vurğulayır. Bu, onların bir millət kimi özlərini tapmaq hisslərinin əsas nöqtəsi və mədəni qürur yeri idi. Müəllifin qənaətincə, İrana təzyiq kimi ilk mərhələdə bu milli oyanışda Moskvanın əli olsa da, sonrakı dövrdə Şimali Azərbaycanda yaşayan insanların dərin milli birlik arzusu və əsil hisslərinin nümunəsi kimi meydana çıxdı. Brenda Şaffer bu məsələdə ən uğurlu dövrlər kimi 1989-1990-cı illəri götürür və bu ruhi coşqunluğun çox qısa müddət çəkdiyini bildirir. “Sonradan hər iki tərəf mədəni fərqlərinə görə bir-birindən soyudu”. B.Şaffer qeyd edir ki, bu gün şimali azərbaycanlılar cənublulara nisbətən daha dünyəvi, cənublular isə şimallılara nisbətən özlərini daha mədəni hesab edirlər. Bundan əlavə, hər iki Azərbaycanın vətəndaşları öz ölkələrini mərkəz hesab edirlər. Müəllif bir çox şimallıların cənubla birlik məsələsini açıq bəyan etdiyini bildirsə də, cənubda bu, öz yerini tapa bilmir. “Əlbəttə, cənubda belə bir fikir olsa, Tehran dərhal onu təzyiqlə qarşılayar”. 
    Bir sözlə, Brenda Şafferin bu kitabı Azərbaycan probleminin dünyaya tanıdılması, azərbaycnlıların parçalanmış xalq kimi hüquqlarının beynəlxalq aləmdə təsdiqlənməsi istiqamətində çox ciddi addım sayıla bilər. Alimin əsərinin ən başlıca dəyəri isə, iki Azərbaycanın ilk dəfə olaraq vahid subyekt kimi götürülməsi və onu vaxtilə parçalanmış Almaniya ilə müqayisə etməsidir. Müəllif əslində bununla problemə nikbin baxdığını biruzə vermişdir.

  • Fəzail İbrahimli: “Dərsdən sonra məscidə gedib namaz qılmağa başladım…”- FOTO

    …İlk telefon əlaqəsi zamanı müsahibə verməyə könlü yox kimi görünürdü. Elə oldu ki, bir az naxoşladığından üzbəüz görüşümüz alınmadı, telefonda söhbətləşəsi olduq. Suallarımızı eşitdikcə ürəyi açıldı, şirin söhbətə başladı və qarşımda Allaha, torpağa, ənənələrimizə bağlı yeri gələndə əlinə bel götürüb ağac dibi boşaldan, tərəvəz becərən dünya görmüş sadə bir ağsaqqal canlandı…
    “Antrakt”da növbəti müsahibəyə hazırlaşarkən parlament üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarixçi alim, professor Fəzail İbrahimlinin həyatının bir çox məqamları ilə maraqlanmışdım. Amma sovet repressiyası illərində yandırılmış ata-baba kəndinin bərpa edilməsinə nail olmasını ilk dəfə öz dilindən eşitdim…

    – Fəzail müəllim, maraqlıdır, Yardımlıdakı doğma kəndinizin adı niyə Çanaqbulaqdır?..
    – Hələ Güneyli-Quzeyli Azərbaycanın bütöv olduğu vaxtlarda o yerlər çox qalın meşələr imiş. Ərdəbil tərəflərdən bir dəstə adam ova gəlir və gözəl bulaqlardan birinin gözündə suyun dolması üçün ağacdan bir çanaq düzəldirlər. Elə həmin bulağın adına uyğun orada kənd yarananda adı Çanaqbulaq olur… Vaxtilə kəndin camaatı gün ərzində Ərdəbilə buradan piyada gedib qayıdırmışlar. Yəni Cənubi Azərbaycanla bu dərəcədə yaxınıq. Amma əslimiz yaxınlıqdakı Musakənddəndir. 20-ci illərdə sovetlərin apardığı siyasət nəticəsində həmin kənd yandırılıb…

    – Babalarınızın kəndini niyə yandırıblar ki?
    – O kəndin camaatı bolşevik hakimiyyətini qəbul etməyərək müqavimət hərəkatı yaradıbmış, Şura hökuməti də belə qərar veribmiş ki, hansı kəndlər tabe olmursa, yandırılsın… Babamgil də bəy olduğundan təqiblərdən canlarını qurtarmaq üçün Cəlilabada, Salyana köçüblər. Sonradan valideynlərim Çanaqbulaqda məskunlaşıblar. Musakənd 70 il xaraba qalıb. Yalnız qəbiristanlığı qalmışdı. Nəhayət, SSRİ dağıldıqdan sonra o kəndin bərpası istiqamətində çalışmağa başladım. Xeyli çalışmalardan sonra MM-in 6 may 1997-ci il tarixli qərarı ilə Musa kəndi bərpa edildi. Və hazırda məskunlaşma gedir. Evlər tikilir və yaşayış var…

    – Valideynləriniz hansı peşənin sahibi olublar? 
    – Atam 23 yaşında sovet hökumətinin bayaq bəhs etdiyim o yandırma siyasətinin qurbanı olub. Ev-eşiklərini, var–dövlətlərini itiriblər. Babamgil İranla ticarət əlaqələri saxladığından o dövr üçün kifayət qədər var-dövlətləri olub. Ancaq bolşeviklər kəndlərini yandırıb onları didərgin saldıqdan sonra bir rəiyyət həyatı yaşamağa məcbur olublar. Nəticədə 20-30-cu illərin çətin şəraitində bir çoxları kimi atam və anam da təhsil almağa nail ola bilməyiblər. Amma atam qabiliyyətli olduğundan bənnalıq sənətinə yiyələnib və böyük bir ailəni halal zəhməti ilə dolandırıb. 4 bacı, 5 qardaş olmuşuq. Hazırda bu qardaşlardan üçü elmlər doktoru, professordur, biri də mənəm…

    – Uşaqlıqda atanız sizi nə üstdəsə möhkəm vurub?
    – Uşaqlığım bir növ hərbi sistemdə keçib… Sovet vaxtı 7 yaşında məktəbə gedirdilər. Ancaq elə olub ki, mən 6 yaşında getmişəm. Lap evimizin yanında olan məktəbimizin direktoru anamın əmisi oğlu idi. Bir gün həyətdə oynayanda məni çağırıb ki, gəl, birincilərin yanında otur, kitablara bax. Görüb ki, bir az fərasətliyəm, oxuyub-yazmağı asanlıqla götürürəm, elə 6 yaşından məni məktəbə götürüb. Məktəbi yaxşı oxumuşam, həmişə atamın-anamın başını uca etmişəm. Ona görə də nə atam, nə müəllimlər tərəfindən ciddi bir tənbehə məruz qalmamışam…
    Həm də atam çox ağır təbiətli bir insan idi. Onun idarəçiliyində ən sərt cəza adi bir sərt baxış idi. İnanın ki, atamın qaşqabağı açılana qədər evdə hər kəs bir həyəcan yaşayırdı. O, kötəkləməkdən, şillələməkdən uzaq idi. Amma o kişinin bir ağır baxışı bizim üçün kötəkdən də, şillədən də ağır idi. Eyni idarəçilik üsulunu mən öz ailəmdə də tətbiq etməkdəyəm…

    – Deputat olanadək yalnız universitet müəllimi işləyirdiniz. Onda necə dolanırdınız? Həm də tələbələrinizdən də eşitdiyimə görə başqalarından fərqli olaraq rüşvət də almamısız…
    – Özüm tələbə ikən müəllimlərimdən çox şey öyrənmişəm; dərs demək üsulunu, tələbələrlə rəftar qaydasını. Məsələn, mənə hazırda Tarix İnstitutunun direktoru olan, deputat Yaqub Mahmudov dərs deyib. O, ilboyu mütəmadi dərslərə hazırlaşan, fəal tələbələrdən imtahan götürmürdü. Mən də ondan əxz edərək bu üsula əməl etdim. Əslində bu, çox gözəl bir metod idi. Təsəvvür edin ki, bir tələbə ilboyu yaxşı cavab verə, amma imtahanda üç sualdan ikisini təsadüfən bilməyə, ona “2”, yaxud “3” yazasan – həyatın məntiqi pozulur axı… 
    Eyni zamanda, halallığı öyrəndim müəllimlərimdən… 1982-ci il mayın 4-də müəllim işləməyə başlayarkən Tanrı ilə bir “müqavilə” bağladım ki, ya Rəbbim, məni tələbəmə möhtac edəcəksənsə, mən bu sənətdə işləməyim… Və qərara aldım ki, Tanrının qismət payını tələbələrin əli ilə yemək olmaz. Şükür Allaha ki, mənə elə şərait yaratdı ki, bu gün vicdanım qarşısında da, tələbələrim qarşısında da kifayət qədər rahatam…

    – Bəs indi necə, aylıq gəliriniz müasir tələbləri ödəyirmi?
    – Desəm ki, tam ödəyir, Tanrının və vicdanım qarşısında günah etmiş olaram. Deyir, qəlbində Tanrıdan narazı qalmaq hissi baş qaldırarsa, səndən öndə gedənlərə yox, arxadakılara bax, onda görərsən ki, çox irəlidəsən… Mənim həyat şüarım budur. İkincisi də, Tanrı nə verirsə, min şükür. Nə də vermirsə, deməli, səni hansısa təhlükədən qoruyur…
    Bu gün maaşdan-filandan şikayət etsəm, ən aşağısı, çox gülünc görünərəm. Min şükür, varlı olmasam da, yoxsul da deyiləm. Hər kəs aldığı məvacibə uyğun həyatını qurmalıdır ki, çətinlik çəkməsin… Sən bunu uzlaşdıra bilmirsənsə, ayda 10 min manat alsan da, elə ac-yalavac olacaqsan…
    Azərbaycanda islahata çox ehtiyacı olan məqamlar var. Təəssüf ki, Azərbaycan sakininin büdcəsinə ən böyük zərbə vuran amillərdən biri də toylardır. Bu sahədə, eləcə də ad günləri, yas mərasimləri sahəsində bir qayda yaradılsa, bəlkə də ailələrin büdcəsi də yerində olar. Ayda böyük bir ailəni 500 manatla yedirtmək mümkündür. Amma tutaq ki, professor 500-600 manat maaş alır, onu ayda üçcə dəfə toya çağırsalar, büdcəsi darmadağın olar…

    – Oğlunuz Tural hərbi xidmətini hansı bölgədə keçdi?
    – Oğlum daxili qoşunlarda keçib hərbi xidməti… Salyanın Xıdırlı kəndində cəzalı əsgərlər üzərində nəzarətçi kimi xidmət edib. Çox ağır xidmətdir. Amma Allah üzünü ağ eləsin, hər yerdə, o cümlədən, hərbi xidmətdə mənə başucalığı gətirib…

    – Yəqin komandirləri sizə görə ona hörmət edirmişlər?
    – O, hərbi komissarlıqların ləğv edildiyi dövrdə hərbi xidmətə yollandı və elə özü, təbii yolla dediyim hərbi hissəyə düşdü. Düzdü, komandiri ilə görüşdüm, o, məni bir deputat kimi tanıdı… Amma bircə dəfə də ondan nəyisə xahiş etmədim. Çünki oğlum özünü elə intizamlı, ağıllı apardı ki, belə bir şeyə ehtiyac olmadı. Hətta andiçmə günündə bir valideyn kimi hərbi hissədə olanda Tural xahiş etdi ki, ata, bir də yanıma gəlmə, çünki burada hamı səni xüsusi statusu olan bir adam kimi tanıyır, mən də sənin adınla xidmət etmək istəmirəm… 

    – Tural indi ailə qurub? Harada işləyir? 
    – Şükür Allaha, toyunu da etmişəm, ailə də qurub, işləyir də, ayrıca yaşayır – müstəqil kişidi… İstəmirəm, xüsusi hallandırım, dövlət strukturlarından birində işləyir. Və başını aşağı salıb aldığı məvaciblə ailəsini dolandırır…

    – Qızlarınız necə?
    – Bir qızım Dillər Universitetini bitirib, hazırda analıq məzuniyyətində olduğu üçün işləmir. Sonbeşik qızım isə ali məktəbi bu il bitirib və magistraturaya hazırlaşır…

    – Torpaqla, bağ-bağatla məşğul olmağa meyiliniz var?
    – O qədər meyilim var ki. Torpağa dəhşətli dərəcədə bağlıyam… Həmişə fikirləşirəm ki, özümün torpağım, bağım olsa idi, mənim bağımdan gözəl bağ olardımı? Təəssüf ki, nə torpağım var, nə də bağım… Üçotaqlı bina evində yaşayıram. Rayonda bərpa etdiyimiz dədə-baba kəndimizdə qardaşlar yığışıb bir ev tikmişik. Yayda bir aya yaxın orada qalıram və bütün günü axşamadək ağaclarla, güllərlə məşğul oluram… Amma bir yandan baxanda, yaxşı ki, Bakıda bağım yoxdur, yoxsa oradan məni çıxardıb nə dərsə, nə də parlamentə aparmaq olardı…

    – Parlamentdə kreslo qonşularınızla necə dolanırsız?
    – Sabir Rüstəmxanlı ilə kreslo yoldaşıyıq. Bizdən qarşıda isə Eldar Quliyev və Əsabil Qasımovdur. Həmişə öz aramızda deyirəm ki, Allah o dünyada iki şeyə çox diqqət edir; tərəzi haqqı, bir də qonşu haqqına. Biz qonşuluq haqqında çox düzük…

    – Bəs hansı həmkarlarınızla zarafatınız tutur?
    – Düzü, mən boş, mənasız danışığa meyilli adam deyiləm. Amma tənhalığı sevmirəm. Hələ bu günə qədər parlament bufetində, bir dəfə də olsun təkcə yemək yeməmişəm. Yumoru çox sevsəm də, lətifələr yadımda qalmır. Çünki beynimdə belə şeylərə yer yoxdur… Amma insanlarla ünsiyyətim gözəldir. Deputatlar arasında da nifrət etdiyim bir şəxs yoxdur. Nifrət etdiyin yoxdursa, deməli, sənə də nifrət etmirlər… Dostlarım da var, təbii ki. Qalanlar da sadəcə, həmkarlarımdır…

    – Fəzail müəllim, toylarda hansı havaya oynayırsız?
    – Vallah, cavanlığımda yaxşı oynayırdım… Həmişə deyirəm ki, oynamalı yer toydur. Amma indi bəziləri qonşunun əsəbləri ilə oynayırlar, pulla oynayırlar, siyasətlə oynayırlar, yalanla oynayırlar, toyda isə kraxmallanıb otururlar… Mən həmişə getdiyim toylarda çalışıram ki, toy sahibinin könlünü oxşayım, ehtiyac olarsa, çıxış edib bir xoş söz deyim… Oynamaq iki cür olur da; bir var, araqdan, rus demişkən, “polnı” vurub düşəsən ortalığa, köynəyin şalvardan çıxa, bir də var o Mehman kinosunda Kamilov kimi “mənim havamı çalın” – deyib ağayana, mərifətlə rəqs edəsən. Yəni sümüyünə düşən havaya oynamalısan. Mən toylarda insanların xarakterini oynamaqları ilə üzə çıxardıram… Hər kəs öz xarakterinə uyğun rəqs edir… Ciddi xarakterli adamlar ağır oynayır, bir az oynaq xasiyyətə malik adamlar isə yüngül… Mən də qədim ağır, sanballı el havalarımıza oynayıram…

    – Geyimlərinizi özünüz seçib alırsız, yoxsa xanımınızın, yaxud övladlarınızın zövqünü də nəzərə alırsız?
    – Yox, o məsələdə çox böyük müstəqilliyim var. Hər kəsin öz zövqü var. Mən də paltarların yaraşanını, səliqəlisini geyinirəm….

    – Sön dövrlərdə Azərbaycan qızlarının, qadınlarının “müasirlik” adıyla açıq-saçıq geyinməyinə necə yanaşırsız?
    – Öz ailəmdə, övladlarım arasında və mənim rəhbər, ağsaqqal sayıldığım dairədə bu məsələlər xüsusi diqqət mərkəzindədir və başqa cür də ola bilməz… Abır, ismət, şəxsiyyət, ləyaqət… Bunlar bir az şablon səslənir. Amma nə qədər nəfəsim gəlir, mənim əhatə dairəmdə o saxta müasirliyə yer yoxdur. Bu məsələlərdə mən köhnə kişilərdənəm…

    – Sovet dövründə yetişən tarixçilərin əksəriyyəti materialist düşüncəli, ateist ruhlu olur. Amma bayaqdan söz-söhbətinizə fikir verirəm, deyəsən, siz Axirətə, Cənnətə, Cəhənnəmə inanan adamsız?
    – Bilirsiz, hər kəsin böyüdüyü mühit var. Adam var ki, elə bir ailədə böyüyüb ömründə Alahın adı çəkilməyib. Yaxud gözünü açandan süfrələrində araq, çaxır görüb… Gözümü açandan atam-anam məni “Allahu Əkbər” sədası ilə yuxudan oyadıbsa, başqa əxlaq sahibi ola bilmərəm axı… Yadımdadı, 6-cı sinifdə oxuyanda orucluq vaxtı kəndimizə Bəhram adlı bir molla gəlmişdi. Böyük bir məscidimiz vardı. 
    Molla namazı öyrədəndə savadı olmayan yaşlı adamların çoxu ərəb sözlərini çətinliklə tələffüz edirdi. Namaz ifadələrini asanlıqla tələffüz etdiyimi görən molla məni öz yanında əyləşdirdi. O gündən dərsdən sonra məscidə gedib namaz qılmağa başladım. Bundan xəbər tutan direktorum məni, məktəbdən çıxarmaqla hədələdiyinə görə məcbur olub daha məscidə getmədim… Amma o mənəvi ab-havanı bu günədək qəlbimdə yaşadıram. Və əgər mən kənddən bir çanta ilə Bakıya gəlib yalnız valideynlərin cüzi köməyi ilə ali təhsil alıb bu səviyyəyə çatmışamsa, cəmiyyətdə az çox tanınıramsa, bunu Allahın bir qismət payı kimi qəbul edirəm…

    – Deyəsən, hazırda ibadətlə məşğul olmursuz?
    – Yox, bu gün mən namaz qılmıram, oruc tutmuram, dindar, müqəddəs bir insan olduğumu deyə bilmərəm. Amma belə məsələlərdə mən vicdan azadlığı prinsipinə uyğun davranıram.

    – Fəzail müəllim, ömür boyu çox suallara cavab vermisiz; şagird, tələbə kimi imtahanlarda, siyasətçi, deputat kimi müsahibələrdə… Bizim suallara da cavab verdiniz. Bəs Axirət günü veriləcək suallardan qorxmursuz ki?
    – Yox. Qətiyyən. Yəni nə günahım var, cəzasını çəkəcəm. Həm də bilmək olmaz ki, Tanrı orada hansı cəhətlərə üstünlük verəcək. Məsələn, deyirlər ki, kim ölüm anında “la ilahə illəllah” kəlməsini işlətsə, Allah günahlarının çoxunu bağışlayar…

    Sultan Laçın
    “Həftə İçi” qəzeti






     

  • “Daşbaba” kitabının təqdimatı keçirilib-VİDEO

    VHP-nin təşəbbüsü ilə professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba. Türkün daş yaddaşı” kitabının təqdimatı keçirildi.