Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Sabir Rüstəmxanlı MHP-çilərin toy məclisinə qatılıb

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı hazırda İstanbuldadır.

    Sentyabrın 1-də S.Rüstəmxanlı Türkiyənin tanınmış ictima-siyasi xadimlərindən olan keçmiş Daxili İşlər naziri, Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, Türkiyə Böyük Millət Məclisinin genel başqan yardımçısı Meral Akşenerin oğlunun toy məclisində iştirak edib.

    İstambulun tarixi Bəyoğlu sarayında keçirilən toyda Türkiyə Cümhuriyyətinin başbakanı Rəcəb Tayyib Ərdoğan, TBMM-nin genel başqanı Cəmil Çiçək, MHP başqanı Dövlət Baxçalı da daxil olmaqla qardaş ölkənin bir çox rəsmisi, nazirlər, hökumət nümayəndələri, millət vəkilləri, İstanbulun siyasət və mədəniyyət elitası toplanıb. Meral xanımın xüsusi dəvətlisi olan Sabir Rüstəmxanlı və xanımı toyda Türkiyənin bir sıra hökumət nümayəndələri, AKP və MHP yönəticiləri, millət vəkilləri ilə görüşmüşlər.

     VHP Mətbuat Xidməti

  • Məşhur “Difai fədailəri”ndən bəhs edən romanı oxumusunuzmu? – TƏHLİL

    Sabir Rüstəmxanlı: millət fədailiyi

    Tehran Əlişanoğlu

    Sabir Rüstəmxanlı həmişəki sərvaxtlıqla millət tarixinin parlaq səhifələrindən daha birini çevirib, “Difai fədailəri” yazmış (Bakı, “Qanun”, 2010). Bu çox gərəkli, ələlxüsus da ideoloji gəncliyimizə tövsiyyə olunası mühüm bir romandır.

    – Belə ki: roman fikir və milli istiqlal hərəkatımızın çox ünlü bir siması – Əhməd Ağaoğludan danışır; gəncliyi, böyük millət xadimi kimi yetişməsi, fəaliyyətinin Bakı dövrünü çevrələyir. Ə.Ağaoğlu ilə yanaşı, digər ictimai-siyasi fikir nəhəngləri Əlibəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun da obrazları keçir romandan. Millət atası, xeyriyyəçi-milyonçu H.Z.Tağıyevin isti nəfəsini duyuruq bir çox səhifələrdə. Məhəmməd Əmin Rəsulzadənin gənclik portretinin siluetini görürük müəyyən epizodlarda….  Bütün bu – məhz o adlardır ki, 70 illik qadağadan sonra haqlarında yalnız 1980-ci illərin sonları, 1990-cı illərdə geninə-boluna danışa bilmişdik; danışdıq, danışdıq, amma elə bil qəfil də unutduq…

    – Həə, adından da göründüyü tək: “Difai fədailəri” millət tariximizin bir zamanlar unutdurulmuş, arxivlərdə toz basmış səhifələrini qaldırmaq, xatırlatmaq və kütləviləşdirmək niyyətlərini güdür. Müəllif əsərin janrını “sənədli-bəlgəsəl roman” olaraq qeyd edir. Nəzərə alsaq ki, ümumən bizdə sənədli bədii əsərlər az yazılır, bu zəhmət tələb edən yüksək məramlı işə hər qələm sahibi qatlaşmır, romanın onəmi birə-ikiqat artır.

    Üstəlik, romanda bir sıra tarixi adlar, personajlar da vardır ki, əksəri ümumən ilk dəfədir ədəbiyyata gəlir: Axund Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli, Ədil xan Ziyadxanlı, Nəsib bəy Usubbəyli, Hacı Məmmədhüseyn Əlioğlu, Hacı Mirqasım Həmzəyev, Mirzə Məhəmməd Axundlu, Muxtar və Cavad Qazıbəylilər, Məşhədi Əlihacı Məmmədhüseyn oğlu Rəfibəyli, Ələkbər Xasməmmədli, Həmid bəy Usubbəyli, Bilal Qarabağlı, Əsəd bəy, Hüseynəli bəy, Xosrov bəy, Abbas Vəzirov, Kərim bəy Mehmandarov, İsa bəy Aşurbəyli, Behbud Cavanşirli, Qarabəy Qarabəyli, Niftalı bəy Behbudlu, Məhəmməd Hacınski, Səttar Axundlu, Mirzə Ələkbər Axundlu, Gövhər xanım Qacar, Minə xanım Talışinskaya, Həmidə xanım Cavanşir, Mirəli Sırxavəndli, Xuduş Qulubəyli, Qazi Məhəmməd, Əmniyyətdən tərcüməçi Sədrəddin, Hacı Əhməd Hacıbayramoğlu, Baxış bəy Kazımbəyli, Məşədi Şamil Hacı oğlu, Hacı Hüseyn Münşizadə, Əfrasiyab Əzimli, Hacı Məcid Seyid Bağır oğlu, Zülfüqar bəy Haqverdili, Vahid bəy Kazımbəyli, Mirzə Davud ağa Əfəndizadə, Əsgər Eyvazlı, Allahverdi Hacı Pənah oğlu, Həsənqulu oğlu Cavad, Məşədi Əli Sadıq oğlu, Məşədi Arif İsmayıllı, Məşədi Dadaş Muradxanlı, Məşədi Muxtar Kərbəlayi İbad oğlu, Musa Qulubəyli, Məşədi Mehdiqulu Hacı Şərif oğlu, Molla Həbib Kərbəlayi Mehdi oğlu, Məşədi Zeynalabdin Əhməd oğlu, Axund Mirzəli Axundzadə, Hacı Muxtar Sadıqlı, Məşədi Qara Şəfili, Məşədi Cəmil Vəzirli, Sadıq bəy Məşədi Aslanlı, Məşədi Mustafabəy Zöhrabbəyli, Məşədi Hüseynbəy Mirzəcamallı, Hüseynəli bəy Əsgərxanlı, Hacı Qənbər Zeynallı, Səfər Əmiraslan oğlu, Mahmud Qaryağdılı, Adışirin Əlibəyli, Məşədi İbiş İsmayıllı, Təhməz Həsənli, Ağabəy Qiyasbəyli, polkovnik Vəkilov, Hacı Kərim Sanılı, Əlibəy Xəlilbəyli, Abbasqulu bəy Axundlu, Böyükağa Dilbazi və b. Əsərdən adı-izi keçən kimsəni belə  unutmamağa çalışdım; bu ki: fərdi çizgilər saxlanılmaqla yazıçı həm də difai fədailərinin kollektiv obrazını yaratmaq yolunu tutur…

    – Daha bir aktuallıq. “Difai fədailəri”, həmçinin az qala gündüz əliçıraqlı axtardığımız Qarabağ mövzusundadır. Ötən əsrin əvvəllərinin qanlı olaylarını, erməni-müsəlman münaqişəsinin geniş mənzərələrini qaldırmaqla indi içində olduğumuz Qarabağ müharibəsinin tarixi kontekstini, problemin əhatə və miqyasını görükdürür, anlatır. Difainin başqa bir adı da elə Qarabağı Müdafiə Komitəsidir. Ermənilərin son iki yüz ildə bizə qarşı aqressiyası o qədər düşünülmüş, ardıcıl və intensivdir ki, çox vaxt bilmirik hansını qoyub, hansından danışaq: sonra törədilənlər elə bil əvvəlkiləri unutdurmaq üçünmüş. Necə ki, bugün 20 faiz torpaqlarımızın işğalı, Qarabağın tarixi qəsbini, “Qarabağ” deyilən qondarma problem Qərbi Azərbaycan torpaqlarının əlimizdən alınmasını, sovet Ermənistanının yaradılması 1918-1920-ci illər və daha əvvəlki soyqırımları yaddaşlarımızdan silmək üçün, yaddaşımızı azdırmaq-korşaltmaq üçün olmuş və s. və i.

    Odur ki, roman deyir: çağdaş oxucum, ey gənc, diqqətli ol! Bütün bunlar axı olmuşdur, çox olmuşdur, dəfələrlə olmuşdur…

    Romanda elə vəhşətli səhnələr vardır ki, sanki heç yüz ilin uzaqlığında yox, eynən bugünün Xocalı qətlamıdır, təkrar-təkrar şəhid qəbristanlıqlarına, Quba məzarlığına gömdüyümüz “mart qırğınları”dır… Baxın bir: daşnaksütyun təqibindən qaçıb-qurtarmağa çalışan bütöv bir kənd (Umudlu) qonşu erməni kəndinə (Heyvalı) pənah aparırkən, hiyləyə aldanıb, bir qalaq külə döndərilir. Halbuki az öncə həmin bu erməni kəndini (Heyvalı) məhz azərbaycanlı-türk kəndliləri – Umudlular təqibdən qurtarmış… Diqqət edin: söhbət heç də 1987-1988-cu illərdən getmir və oxuduğumuz da Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanı deyil; bu –1905-1906-cı illərdir, qarşımızda isə S.Rüstəmxanlının “Difai fədailəri”dir… Erməni xisləti, erməni qurnazlığı mahiyyətini dəyişmir!

    Romandan təkrar-təkrar bu səhifələr keçir: “Difaiyə gətirən yollar”. Necə Qarabağda ermənilər çar hökumətinə söykənib, Bilalın ata-baba yurdunu kilsə tikmək adı ilə mənimsəyir, müqavimət göstərən Bilal sürgünə göndərilir… Necə Bakıda bağ torpaqlarının mənimsənilməsinə dözməyən üç qardaş erməni neft milyonçu-qəsbkarları ilə qeyri-bərabər savaşda intiqama qalxıb, şəhid olur…

    Necə İrəvanda neçə-neçə soydaşının ermənilərdən haqqını qoruyub təqib olunan vəkil Məmmədqulubəy Kəngərli Parisə tələsərkən Batumda qətlə yetirilir, onunla birgə mühacirət edən Heydər Kəngərliyə Gəncəyə gedib Difaiyə qoşulmağı vəsiyyət edir…  Romanda geniş faktlar və canlı lövhələrin diliylə xatırlandığı kimi: Difai beləcə tarixi zərurətdən, stixiyalı Müdafiə hərəkatı kimi ortaya çıxır, ötən əsrin əvvəllərində Qafqazda müsəlman-türk əhalisinə qarşı erməni-rus fitnəkarlığına cavab olaraq az bir zamanda alınmaz qalaya çevrilir: “Qısa bir müddətdə üzvlərinin sayı iyirmi mini keçmişdi və nəticədə Bakıdan Batuma bütün münaqişə ocaqlarında ermənilər qarşılarındakı gücü görüb silahı, müvəqqəti də olsa yerə qoymağa məcbur olmuşdu. Tam məxfi fəaliyyəti sayəsində Difai düşməni çaş-baş salan sehrli bir qüvvə şöhrəti qazanmış, Azərbaycan xalqının ümid yerinə çevrilmişdi…”

    Amma onu da unutmayaq: Difainin firqələşməsinin, müntəzəm Müdafiə və hücum (Müdafiədə hücum) təşkilatına çevrilməsinin konkret ideya-müəllifi vardır! Hər zaman yuxarıdan düşünən millət başları olmalıdır ki: yüzlər-minlər- on minlərlə əzilən millət aşağılarını ətrafına yığa, təşkilatlandıra bilən mexanizmi icad etsin…

    Konkret halda bu – Əhməd Ağaoğludur və qeyd elədiyimiz kimi: romanın əsas qəhrəmanı da elə o özüdür… Əslində, roman başlıca olaraq məhz Əhməd Ağaoğlunu bir türk, bir insan, vətəndaş kimi, çar əsarətində çapalayan xalqının, millətinin düşünən başı olaraq Difaiyə gətirən səbəblər-yollar-düşüncə və əməllər üzərində qurulmuşdur. Necə hələ uşaqkən Şuşa realnı məktəbində erməni müəllim və şagirdlərin min bir hiylə və təzyiqinə qarşı iradə göstərir; necə Peterburq Universitetinə qəbul zamanı ən yaxşı bildiyi fəndən qəsdən kəsildikdən sonra Parisə gedib məşhur Sorbonna Universitetinə daxil olaraq Avropanı fəth edir; necə həmincə Avropanın işıqlı ideyalarına yiyələnib vətənində Firəng Əhməd kimi tanınır (analoji olaraq, “Dəli Kür”dəki Rus Əhmədi yada salaq); və Qərb və Şərqi qovuşduran dəyərlərin mücəssəminə-tərcümanına çevrilir. Necə baş qaldıran millət hərəkatı fonunda həmfikirləri ilə birgə topluma yol göstərən “İrşad” yapır, gecəli-gündüzlü, usanmadan, qələmə güc verib qəzetəçilik edir; cəmiyyət içərisindən üzv seçilərək Dövlət Dumasında Qafqaz müsəlmanlarının haqlarını qoruyur; çoxbaşlı erməni-rus fitnəsinin məğzinə varıb, dostları ilə birgə Petereburqa rəsmi səfərdə müsəlmanların Bakıdan köçürülməsi planını ifşa edir… Ən nəhayət, bu xamırın hələ çox su aparacağını görüb, zamanı üçün ən uyğun formada bir təşkilat – Difaini yaradır, qurumun gizli havadarı və ruporu olur; ta ki, qəfil mühacir həyatına təhrik olunanacan fəaliyyət proqramına nəzarət edir…

    Paralel olaraq: roman qəhrəmanının həyat dolanbacları, hər bir fəaliyyət aktı bu zaman Qafqazı taun kimi bürümüş erməni millətçiliyi və ona qahmar duran rus şovinizminin iç üzünün açılması ilə müşaiyət olunur. Şuşa realnı məktəbində Əhmədə göz verib işıq verməyən, sonradan erməni döyüş dəstələrinə başçılıq edən Nikol Terovanesyan; erməni terrorçularına meydan verib sonra da qəsdən gedib müsəlman məhləsində gecələməklə guya onlara sığınan Şuşa qarnizonunun rəisi general Kalaşapov; Hacının barışıq təklifinə “Böyüyümüzsən” deyib guya baş əyən, arxada erməni silahlılarının başçısı Vardan Amazaspa “Siz işinizdə olun!” deyə fitva verən milyonçu Lalayan; olayları öz xeyirlərinə yozub Peterburq, Bakı, Tiflis mətbuatında utanmadan yalan püskürən “qəzet kəndirbazları” Alibekov, Doluxanov, Taqianosov kimilər, Bakı-Tiflis qatarında müsəlman heyətinin qətlini planlaşdırıb, Tiflisə guya sülh danışıqlarına tələsən Bakıdan “Mşak” qəzetinin redaktoru Kalantar Xatisov, Tiflisdən İspandaryan; Gəncədə, Tiflisdə, Qazaxda, Gədəbəydə, Zəngəzurda daim ermənilərin yanında olan rus kazakları… – bir sözlə: “Hakimiyyətin tərəf tutması və müsəlman düşmənçiliyi o qədər aydın və göz qabağındaydı ki, əlavə dəlil-sübuta ehtiyac qalmırdı. Rus məmurları bunu yazmaqdan, söyləməkdən də çəkinmirdilər…”
    Sözsüz ki, romanı ilk növbədə sənədli faktlar idarə edir. Romançı qəhrəmanın fərdi bioqrafisini izləməklə, onun çulğaşdığı çox mürəkkəb tarixi mühitin obrazını üzə çıxarmağa müvəffəq olur. Bu isə cərəyan edən ictimai-tarixi proseslərin, milli mübarizənin elə bir mərhələsidir ki, hadisələrə yaxın olmadan, onu içdən bilmədən yazmaq çətindir. Böyük kataklizmlərdən xəbərsiz, sakit-dinc, dünyəvi həyatını yaşayan toplum qəfil aldığı nahaq zərbədən həm özünə gəlməli, durumunu anlayıb müdafiəsinə qalxışmalı, həm də əks-həmlə, hücum barəsində düşünməliydi. Bu ki: mübarizənin mexanizmi bir yandan aşağılardan xalqın, millətin oyanışını, onun təşkilini zəruri edirdisə, digər tərəfdən bir əlini də hələ hakimiyyətin ətəyindən üzməməyi, millətin nəfinə imperiya ilə diplomatik davranmağı tələb edirdi. Belə bir tarixi analogiyanı biz 1980-ci illərdə, SSRİ-nin çökməsi zamanı da yaşadıq….

    Sovet dumanının başlardan hələ getmədiyi, ermənilərinsə artıq hücuma başladığı  həmin zamanlarda məhz Sabir Rüstəmxanlının qələmə aldığı “Ömür kitabı” (1988) birdən-birə cəmiyyətdə bomba effekti yaratmış, bütöv bir nəsil gənclərinin milli düşüncəsinin silkinib oyanmasında əvəzsiz rol oynamışdı. (Yadımdadır, sanki bu fürsəti əlimizdən alacaqmışlar kimi həmin kitabdan paylaşmaq niyyətilə daha neçə nüsxə almışdım). Az keçməmiş Qarabağ hadisələri, ermənilərin həyasızcasına torpaq iddiaları və yüz il əvvəl kağız üzərində cızdıqları planın sürətli icrasının şahidi olduq; yenə eyni durumdaydıq: müdafiə və hücum. Bu zaman biz S.Rüstəmxanlını milli istiqlal hərəkatının önlərində, tribunadan on minlərlə kütlələr qarşısında çıxış edirkən gördük. Rəsmən, yuxarıdan Qarabağı Müdafiə Komitəsi yaradılarkən, S.Rüstəmxanlı qurumun orqanı olan “Azərbaycan” qəzetinin başında durdu. Və qəzet az bir zamanda əsl İrşad kimi toplumun sovet düşüncəsindən qopub bilmərrə milli düşüncəyə köklənməsi yolunda çox böyük işlər gördü…

    Yadımda, hələ o vaxt, imzamın mətbuatda təzəcə göründüyü radələrdə müəllimim Yaşar Qarayev mənə Sabir Rüstəmxanlıdan da yazmağı tövsiyyə etmişdi. Açığı, istəmişdimsə də, bacarmamışdım. O zaman gözümüzün qarşısındaca aşağıdan cərəyan edən tarixi hadisələr, kütləvi mübarizə mənimçün daha aydın idi, nəinki yuxarıdan, kabinetlərdə gedən millət davası. Az sonra S.Rüstəmxanlı nazir oldu, millət vəkili oldu… Elə o vaxtlar da, və bəlkə elə bugünəcən də, Millət ideyasının yuxarıdan və aşağıdan tənasübünə bu qədər həssas, tələbkar olan yeganə millət vəkilimizdir ki, qalır. Demə, millətin haqqını yuxarıdan qorumaq, aşkar mübarizələrdən heç də asan deyilmiş, bəlkə daha çətinmiş. Bu ki, “Difai fədailəri”ni məhz Sabir Rüstəmxanlının yazması, millət fədaisi Əhməd Ağaoğlunun yüz il öncəki çətin, mürəkkəb, böyük sınaqlardan çıxan tarixi mübarizəsini beləcə bələdliklə əks etdirməsi əbəs sayılmamalıdır; demək caizsə: onun özü də difai fədailərindəndir…

    Şair və gözəl publisist kimi tanıdığımız Sabir Rüstəmxanlı, son illər göstərdi ki, həm də romançıdır; bir qayda olaraq kəskin ideyalı romanlar yazır. Geniş auditoriyaları hədəf götürən, kütləvi oxucuya köklənən yazıçı, amma ucuz populizmdən də uzaqdır. Əksinə, axına qarşı gedib toplumun diqqətini ağrıyan mövzulara cəlb etməyi, oxucunu ardınca aparmağı özünə borc bilir. Yadımızdasa, 1980-cilərin sonu – 1990-cı illərdə böyük türkçülük ideyaları bizdə görünməmiş dərəcədə populyarlaşmışdı, Əlibəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” əsərinin ortaya çıxmasından bəri cəmiyyətdə türkün tarixi-ruhu-missiyası məsələlərinə bu qədər maraq heç olmamışdı. Sonra nə oldu; onca il keçməmiş, sanki bu tarixi dalğa heç olmayıbmış; bax, S.Rüstəmxanlı həmincə məsələləri özündə ehtiva edən “Göy tanrı” romanını (2005) məhz bu zaman yazdı. Bugün də türkün əski əşirət dövründən bəhs açmaq lazım gəlirkən, tələbələrimə “Göy tanrı” əsərini oxumağı tövsiyyə edirəm. Bir az sonra, cəmiyyətdə sanki yeni Rus yaxınlaşması, ruspərəstlik meylləri baş qaldıranda isə S.Rüstəmxanlı Cavad xan haqqındakı romanını yazdı – “Ölüm zirvəsi”; axı tarixə biganə-kor olmağımız yaramaz!, nə yaxşı ki, roman əsasında film də çəkildi… Və budur, “Difai fədailəri”; bir yandan düşmən tənəsi, dünya qınağı, o yandan da ifrat qərbçilik marağı və marığı içimizi yeyib-tökürkən daha geniş düşünməyinə dəyməzmidir? Yəni Əhməd Ağaoğludan daha böyük Qərbçimi olasıyıq?!

    Sənədli olsa da, “Difai fədailəri” quru sənədlər romanı deyil. Romanın oxunaqlığında xeyli qədər də belletristikanın payı vardır (Cəmillə Ayçiçək, Bilalın sevgisi, o sıradan Əhməd bəy və Sitarə süjetlərini yada salaq). Əsərdə sırf informasiya daşıyan maarifçi səhifələr də əbəs deyildir (Əhməd Ağaoğlunun Nəcəf bəy Vəzirovla söhbətlərini anaq)… Sanki yazıçı milli hərəkat tarixinin Əhməd Ağaoğlu dönəmi barəsində məlum və naməlum nə varsa, bir araya gətirməyi, bu qəbildən bir qiraət kitabı yaratmağı düşünmüş: bilənlər üçün təkrar biliyin anasıdır, bilməyənlərin bilməsi daha vacib.

    Dedik: roman Əhməd Ağaoğlunun məcburən Türkiyəyə mühacirəti ilə başa çatır; hərçənd əlavə olaraq yığcam bir bölmədə Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin Cümhuriyyət dövründə Nuru Paşanın qoşunları ilə birgə Vətənə son dönüşü də anılır. Amma bu artıq milli istiqlal hərəkatının daha başqa – Məhəmməd Əmin Rəsulzadə mərhələsidir; hələ də gərəyincə dərk olunmamış və yazılmamış mərhələsi. Romanını və təbii ki, öz fədaisini gözləyir.

    İyul, avqust 2012

    ANN.Az

  • Milli hədəfə çatmaq məqamında hamının bir yerdə ola biləcəyinə ümidliyəm

    Mart ayında rəsmi məlumat verildi ki, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, hazırda ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlı arasında danışıqlar aparılıb. Danışıqların əsas mövzusu bölgədəki, xüsusən İrandakı son durum, güney azərbaycanlıların taleyi ilə bağlı məsələlər olub. Müzakirələrdən sonra DAK və GAMOH-un əlaqələrinin yüksək səviyyədə qurulması barədə razılıq əldə olunub və fəaliyyətlərin koordinasiya edilməsinin xırdalıqları razılaşdırılıb.

    Bu razılaşma nə yerdədir? “Media forum” saytı bu sualı Sabir Rüstəmxanlıya ünvanlayıb. DAK həmsədri deyib: “Mahmudəli Çöhrəqanlı Güneydə kifayət qədər nüfuzu və ardıcılları olan bir şəxsdir, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideridir. Eyni zamanda o, DAK-ın Məşvərət Məclisinin sədridir. Yəni bizim fəaliyyətimiz bu baxımdan birdir, biz bir yerdə fəaliyyət göstəririk. Tez-tez zəngləşirik, əlaqə saxlayırıq. Şübhəsiz ki, bizim iş planımız var, fəaliyyətimizi onun əsasında qururuq. Hazırda planlarımızın bütün xırdalıqlarını deməyə ehtiyac görmürəm. Həmin işlər reallaşdırıldıqca mətbuat bundan xəbər tutacaq”. 

    Bəzən Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların bir araya yığılması kimi məsələlər və bunun lazımınca alınmaması problemləri gündəmə gəlir. DAK həmsədri qeyd edib ki, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların bir qurumda cəmlənməsi bu gün real deyil və hətta ola bilsin, buna ehtiyac da yoxdur, çünki burada fəaliyyət istiqamətləri müxtəlifdir: “Bir qayda olaraq hansısa xarici ölkədə, eyni ölkədə yaşayan soydaşlarımız, diaspor təmsilçilərimiz bir dərnəkdə yığışmaqdansa müxtəlif dərnəklərdə toplanırlar. Bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəbləri daha çoxdur. Bir araya gəlməmək, yaxud bir-birini həzm edə bilməmək, görünür, bizim canımızdadır. Təəssüf ki, bu az qala milli mentalitetimizin, varlığımızın əlamətinə çevrilməkdədir. Bununla belə, düşünürəm ki, ən böyük hədəfə, milli hədəfə çatmaq məqamında, ən prinsipial məqamda hamı bir yerdə ola bilər. Gündəlik məsələrlə bağlı işlərdə isə bu alınmır. Amma milli hədəfə çatmaq məqamında hamının bir yerdə ola biləcəyinə ümidliyəm”.

  • Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur

    Sabir Rüstəmxanlı: “Mahmudəli Çöhrəqanlının həbs olunması haqda məlumat həqiqətə uyğun deyil”

    Bu açıqlamanı APA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, DAK həmsədri Sabir Rüstəmxanlı verib.
    S. Rüstəmxanlı deyib ki, M. Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur: “Əgər belə bir fakt olsaydı, yəni Mahmudəli bəy həbs olunsaydı, bizim məlumatımız olardı. Bizə isə belə bir məlumat daxil olmayıb”. 

    Qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, DAK Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlının həbsi ilə bağlı məlumatlar sosial şəbəkələrdə və bəzi xəbər portallarında yayılıb. 

  • Niderlandlı qonaqlar VHP-də oldu

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun (NÇDİ) proqram meneceri Kati Piri və NÇDİ-nin Gürcüstandakı yerli nümayəndəsi Levan Tsutskridze Sabir Rüstəmxanlı ilə görüşmüşlər.

    Görüşdə partiyaların təşkilatlanması, gənclərin maarifləndirilməsində siyasi institutların rolu və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. NÇDİ-nun nümayəndələri layihələr çərçivəsində təşkilatlanma, siyasi qurumların regional strukturları və gənclərin təşkilatlanmasında Avropa təcrübəsini bölüşməyə hazır olduqlarını bildiriblər.

    Xatırladaq ki, NÇDİ-nin mandatı gənc demokratiyaların siyasi sistemini gücləndirməkdir. Qurum hazırda 21 ölkədə 150 siyasi partiya ilə əməkdaşlıq edir və onlara strateji proqramlarını hazırlamaqda yardım göstərir.

  • ADNA faciəsinin anım mərasimində qarşıdurma oldu (Fotolar)

    Aprelin 30-da Bakıda gənclər Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar anım yürüşü keçiriblər. Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyib. Gənclər terrorda ölən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edibrlər. Buna baxmayar polis yürüşün qarşısını kəsib və gənclərə qarşı zorakılıq edib.
    Saat 15:00-da Nizami kinoteatrının qarşısından başlayan yürüşə polis və mülki geyimlilər ADNA-nın binasına az qalmış müdaxilə ediblər. Onlar yürüş iştirakçılarına terror qurbanlarını onların məzarları üstündə yad etməyi təklif ediblər. Lakin gənclər bununla razılaşmayıb, terrorun baş verdiyi binanın qarşısına qərənfillər düzüb dağılışacaqlarını deyiblər. Polsi isə buna imkan verməyib, gənclərdən bir neçəsini döyüb, yürüşü dağıdıb.
    Aksiya keçirə bilməyəcəklərini görən gənclər yaxınlıqdakı küçələrdən birini bağlayıb və əllərindəki qərənfilləri yol kənarına düzüblər.

    N
    EFT AKADEMİYASI ƏTRAFINDA TIXAC 

    ADNA ətrafında tıxac yaranıb. Polis yolu açmağa çalışır, anım mərasiminə gəlməyən, sadəcə yoldan ötən vətəndaşları da ərazisən uzaqlaşdırır.

    GƏNCLƏRDƏN BİRİ SAXLANIB

    Polis anıma gələnlərdən- ADP gənclər təşkilatındanCəmil Hacıyevi saxlayıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

    «Cəmil Hacıyevi tutub taksiyə əyləşdirdilər ki, polis bölməsinə aparsınlar. Amma sürücü maşını sürməkdən imtina etdi. Bundan sonra gənci polis maşınına mindirdilər, maşının taksi kimi fəaliyyət göstərdiyi bildirilən nişanı əlindən alındı».

    Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar gənclər anım yürüşü keçirirlər.

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyəcək, aksiya keçirilməyəcəyi açıqlanıb. Gənclər qətliam vaxtı öldürülən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edirlər.

    Polis və mülki geyimli şəxslər anıma gələn gəncləri akademiyanın qarşısından uzaqlaşdırır.

    Emil Bağırov, VHP Gənclər Təşkilatının üzvü:

    «Biz öldürülmüş tələbə yoldaşlarımızı sakit bir şəkildə anmaq istəyirdik. Çiçəkləri akademiyanın qarşısına qoyub dağılışacaqdıq. Məqsəd bu idi. Amma ora çatmamış itələdilər bizi, zor tətbiq elədilər. Bir nəfər də saxlanılıb. Biz də məcburən gülləri yolun ortasına qoyduq. Bizi qovmağa başladılar. Arxadan gəlib bizi qovmağa başladılar».

    «Nida» Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı:

    «Gördüyünüz kimi bizə imkan vermədilər. Hər şəkildə bizim toplaşmağımıza mane olurlar».

    QƏTLİAMIN 3-CÜ İLDÖNÜMÜ

    ​​Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın üçüncü ildönümüdür.

    Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

    Fərda Qədirovla əlbir olmaqda ittiham olunan Nadir ƏliyevCavidan Əmirov,Nəcəf Süleymanov isə ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də deyiblər.

    Bu işlə bağlı ittiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşıMardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

    Azadlıq radiosu

    P.S

    Polis ADNA terrorunun 3-cü ildönümünü yad etmək istəyərkən həbs etdiyi ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyevi sərbəst buraxıb.

     

    Bu barədə məlumatı “musavat.com”a C. Hacıyev özü bildirib. O, deyib ki, polis bölməsində müxtəlif təzyiqlərə məruz qalıb: “Hakimiyyət “Eurovision” musiqi yarışmasına görə bizim anım mərasiminə mane oldu. Bundan əlavə isə, hər il hakimiyyət 30 Apreli qeyd etmək istəyənlərə qarşı daha da qəddarlaşır, terror qurbanlarını yad etmək istəyənlərə divan tutur”

    Qeyd edək ki, Gənclərin Hüquqlarının Müdafiə Komitəsinə (GHMK) VHP, Müsavat, AXCP, ADP Gənclər Təşkilatları, N!DA Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı, “Dalğa” Gənclər Hərəkatı, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı və “İnsan Hüquqları” Klubu daxildir. 

     
     

  • VHP 8 aprel mitinqinə qoşulacaq

    Vətəndaş Həmrəyliyi Partiyasının Bakı, Sumqayıt, Abşeron və işğal edilmiş rayon təşkilatlarının iştirakı ilə genişləndirilmiş müşavirə keçirilib. 
    VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, VHP Ali Məclisin sədri və Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflının sədrliyi ilə keçirilən müşavirədə partiyanın yubileyinin rayon təşkilatları və respublika səviyyəsində qeyd olunması, o cümlədən qurumun təşkilati məsələlərinə dair müvafiq qərarlar verilib. 
    Ictimai Palatanın aprelin 8-ə təyin olunan mitinqin müzakirəsi zamanı isə müşavirə iştirakçıları müxalifətdaxili inteqrasiya və həmrəyliyin diqqətə alınmasını əhəmiyyətli hesab ediblər.
    Müzakirələrdən sonra müşavirədə VHP rayon təşkilatlarının icazəli mitinqdə iştirakı məqbul sayılıb.

  • İctimai Palata narahatdır


    İctimai Palata Bakı İnformasiya Agentliyinin (bia.az) təsisçisi Sudef Məcidlinin həbsindən narahatdır və istintaq prosesini nəzarətdə saxlayır.

    Bu barədə İP Koordinasiya Şurasının üzvü Rafiq Manaflı məlumat verib: “Sudef Məcidlinin son günlər saytda yer alan yazılara görə həbs olunması ehtimalı ilə bağlı fikirlər var. Etiraf edək ki, Azərbaycanda media qurumu rəhbərlərinin təzyiqlərlə üzləşməsə “ənənə” halını alıb və bu həbsin də siyasi sifarişlə icra olunduğu istisna edilə bilməz. Buna görə də istintaq işini ciddi şəkildə izləyəcək və prosesi nəzarətdə saxlayacağıq”.

    Xatırladırıq ki, bia.az saytının təsisçisi Sudef Məcidli aprelin 12-də Nəsimi rayon Polis İdarəsinin əməkdasları tərəfindən həbs olunub. Həbslə bağlı hələlik heç bir rəsmi açıqlama verilməsə də, bia.az saytının əməkdaşları bu həbsin Sudef Məcidlinin təsisçisi olduğu saytda gedən yazılara görə olduğu ehtimalını bildiriblər.  

  • 17 martda gənclər mitinq keçirəcəklər

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) martın 17-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Komitənin və VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli “Yeni Musavat” qəzetinə açıqlamasında bildirdi ki, martın 5-də bu məqsədlə meriyaya müraciət olunub: “Qanunvericiliyə görə martın 14-də bizə cavab verilməlidir. Biz komitə olaraq hazırlıqlarımızı davam etdiririk. Belə ki, mitinq öncəsi bir sıra təbliğat-təşviqat işləri görürük. Sosial şəbəkələrdə mitinqə hazırlıq üçün təbliğat aparılır, gəncləri mitinqə çağırırıq. Bundan əlavə, videoroliklər, müxtəlif formada şəkillər hazırlanıb, onlar sosial şəbəkələrdə yayımlanır və bu kimi digər vasitələrlə insanları mitinqə dəvət edirik. Hazırkı mərhələdə bunları həyata keçiririk”.

    S.Əsədli dedi ki, bu vasitələrdən istifadə olunmasının səbəbi gənclər arasında siyasi fəallığı artırmaqdır: “İstəyirik ki, onlarda nikbin əhval-ruhiyyə yaransın. Heç bir təşkilata qoşulmayan gənclər aksiyalara qoşulub haqlarını tələb etsinlər. Cəmiyyətdə olan passivliyi və ətaləti aradan qaldıraq. Həmçinin bu aksiyaları keçirməklə polis xofunu aradan qaldırmağı düşünürük. İcazəli aksiyalarla polislə qarşıdurma yaratmamaq, insanların beynində polis zorakılığı mifini dağıtmaq istəyirik. Sosial şəbəkələrdə aparılan təbliğatdan aydın olur ki, gənclər arasında əhval-ruhiyyə yüksəkdir və müstəqil gənclər də bizə dəstək olacaqlar”.
    S.Əsədli dedi ki, sosial şəbəkələrdə mitinq yeri göstərilməyib: “Biz müraciətdə Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunu və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı göstərmişik. Aksiyada ”Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları səsləndiriləcək. Və hesab edirik ki, şəhərə yaxın yerlərdən hansı meydan verilsə mitinq orda olacaq. Ona görə də mitinq keçiriləcək məkan konkretləşəndən sonra təbliğat daha konkret yerə görə intensiv formada davam etdiriləcək”.
    Sonda Əsədli dedi ki, 4 mart mitinqinə icazə vermədilər və onlar icazəsiz aksiyaya getmədilər: “Konkret olaraq meriyanı məhkəməyə verəcəyik, artıq məhkəməyə müraciət üçün sənədlər hazırdır. Bu dəfə mitinq keçirmək üçün yer ayrılmasa biz Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq martın 17-si şəhərin mərkəzində ”Sərbəst toplaşma azadlığı təmin edilsin!” şüarı ilə yürüş keçirəcək”.

  • Mitinqə icazə verilmədi

    Gənclər mitinqi təxirə saldı

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsi martın 4-nə nəzərdə tutduğu mitinqi təxirə salıb. Bunu “Media forum” saytına komitənin İdarə Heyətinin üzvü Samir Əsədli deyib.

    Gənclərin Hüquqların Müdafiə Komitəsi martın 4-də paytaxtda mitinq keçirmək üçün fevralın 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Gənclər aksiyanı 3 meydandan birində (Fizuli meydanı, “Nərimanov” və “Təbriz” kinoteatrlarının qarşısı) keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti martın 2-də bildirib ki, tələb olunan yerlərdən heç biri mitinq keçirməyə uyğun deyil.

    Meriya mitinq keçirmək üçün alternativ yer göstərməyi

    AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı “Azadlıq”a deyib ki, Müdafiə Komitəsi mitinqi təxirə salmaq və martın 5-də yenidən BŞİH-ə kütləvi aksiyaya yer ayırmaq üşün müraciət etmək qərarına gəlib. Bundan başqa gənclər, BŞİH-i onların hüquqlarını pozduğu üçün məhkəməyə vermək niyyətindədirlər.

    VHP Gənclər Təşkilatının sədr müavini Pünhan İmamlı isə bildirib ki, BŞİH-nin bu qanun puzuntusuna hüquqi müstəvidə cavab veriləcək: “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin bu qanunsuzluğuna hüquq müstəvisində iddialar qaldırılaraq, merya məhkəməyə veriləcək və kütləvi etiraz aksiyaları təşkil ediləcək, həmçinin 5 mart tarixdə  növbəti mitinq üçün yenidən müraciət ediləcək, bütün beynəlxalq qurumlara proses barəsində hesabatlarında əks olunması üçün  geniş məlumat veriləcə”.