Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Gənclərin Fəvvarələr Meydanında Xocalı Aksiyası

    Bu gün Xocalı qətliamının anım yürüşündən sonra Gənclərin Hüquqlarını Müdafiə Komitəsi paytaxtın Nizami küçəsində ingilis və Azərbaycan dillərində yazılmış “Xocalı – bəşərin faciəsi”, “Xocalı qatilləri cəzalandırılsın”, “Xocalı! faciədən birlik doğur” və başqa şüarlarla yürüş keçirib.
    Təşkilatçılar öncədən qərara almışdılar ki, şüar səsləndirilməyəcək. Məqsəd Xocalı faciəsinin 20 illiyini və bunun bəşəri faciə olduğunu hər kəsin nəzərinə çatdırmaq olub. Nəsimi heykəlinin yanında toplaşan gənclər yürüşə başlamaq istəyirdi ki, polisin müdaxiləsi ilə üzləşib. Təşkilatçılar polislə danışıb onlara yürüşə mane olmamağa və bu tədbirin Azərbaycan dövlətinin maraqlarına uyğun olduğunu bildirdilər. Ərazidəki polis əməkdaşları gənclərlə öncə razılaşsa da, sonradan polisə “yuxarıdan” gələn zəng onların fikirni dəyişib. Polis əməkdaşları bildirdi ki, dövlət səviyyəsində anım tədbiri keçirilib və başqa tədbirə ehtiyac yoxdur. Bu zaman gənclər yolu keçərək yürüşə başladılar və polisin kobudluğu üzündən qarşıdurma yaranıb. Yürüş iştirakçıları Bəşir Səfəroğlu küçəsi ilə Şaurma kafesinə doğru hərəkət ediblər. Gənclər Şaurma kafesinin yanından Nizami küçəsinə çıxmaq istəyərkən yenidən polis kardonu ilə üzləşiblər. Polis gəncləri söyərək dağılmağını tələb edəndə və aksiyada iştirak edən xanımlara əl qaldıranda sərt qarşıdurma yaranıb. Sonra gənclər yerdə oturaraq, şüarları qaldıraraq dövlət himnini oxumağa başlayıblar. Ətrafdakı vətəndaşlar gənclərin ətrafında yığışaraq onlarla birlidə himni oxumağa və alqışlamağa başlayıblar. Polis bir neçə gənci saxlamaq istəyib, lakin bu mümkün olmayıb. Yürüş bununla da yekunlaşıb.

    Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ötən ilin may ayında yaranıb və qurumda VHP Gənclər Təşkilatı,
    AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı,  ADP Gənclər Təşkilatı və Müsbət Dəyişiklik Gənclər Təşkilatı, Nida Vətəndaş Hərəkatı, Azad Gənclik təşkilatı, Dalğa Gənclər Hərəkatı və İnsan Haqları Klubu təmsil olunur.Azadlıq qəzeti

  • Gənclər kütləvi aksiyalara başlayırlar (fotolar)

    Fevralın 23-də Gənclərin Hüquqlarının Müdafiə Komitəsi martın 4-də vicdan məhbuslarının azad olunması tələbi ilə planlaşdırılan mitinqlə bağlı mətbuat konfransı keçirdi. Konfransda çıxış edən gənclər təşkilatlarının rəhbərləri aksiya ilə bağlı fevral 13-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirdilər. GHMK-nin idarə heyətinin və VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli bildirdi ki, müraciətə cavab verilməməsinə baxmayaraq hazırlıq işləri sürətlə gedir: “Ümid edirik ki, mitinqlə bağlı müraciətimizə müsbət cavab veriləcək. Cavabın gecikməsinə baxmayaraq, biz işlərimizi davam etdiririk. GHMK-si fevralın 25-də VHP-nin akt zalında 4 mart mitinqinə hazırlıq, mitinqin tələbləri və sərbəst toplaşmaq azadlığının durumu ilə bağlı forum keçirəcək. Forumda gənclərlə yanaşı hüquq müdafiəçiləri, yazarlar iştirak edəcək.”

    Daha sonra çıxış edən Nida vətəndaş hərəkatı idarə heyəti üzvü Turqut Qəmbər bildirdi ki, hakimiyyətə aksiya ilə balı üç yer təklif ediblər: “Bütün fəaliyyətimizi qanunvericiliyə uyğun şəkildə həyata keçiririk. Biz üç yeri təklif etmişik. Bakı meriyası ilə danşıqlara getmək istəyirik. Bizə haranı təklif etsələr, oranı nəzərdən keçirib cavab verəcəyik”.

    AXCP gənlər komitəsinin sədri Əbülfəz Qurbanlı isə mətbuat konfransı keçirməkdə məqsədlərinin vicdan məhbusları ilə bağlı martın 4-ə planlaşdırdıqları mitinqlə bağlı yerli və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olduqlarını qeyd etdi: “Biz bu aksiyanı keçirməkdə israrlıyıq. Ölkədə bir sıra problemlər var ki, onlar müraciətdə əksini tapıb. Siyasi məhbusların azadlığa çıxması, Qarabağ problemi və  rüşvətsiz təhsil məsələsinin gənclər arasında geniş müzakirəsinə növbəti toplantımız zamanı toxunacağıq. Biz istəyirik ki, 2005-ci ilin noyabrından sonra məhdudlaşdırılmış sərbəst toplaşma azadlığı bərpa olunsun. Düşünürük ki, “Eurovision” ərəfəsində  bu problemin həlli hökumətin də maraqlarına uyğundur”.

    Müsavat gənlər  təşkilatının sədr müavini Səxavət Soltanlı isə çıxışı zamanı müraciətə cavab verilməməsinin hakimiyyətin ziyanına işləməsini qeyd etdi: “Biz üç  tələb irəli sürmüşük ki, bunlar aktual problemlərdir.  Bizim əsas məqsədimiz razılaşdırılmış aksiya keçirməkdir.  Siyasi məhbuslarla yanaşı, dini əqidələrinə görə həbs olunanların da sayı  günü-gündən artır və biz onların da azadlığa buraxılmasını tələb edirik. Biz yazılı şəkildə Bakı meriyasına müraciət etmişik amma, bu vaxta  kimi bizə cavab verməyiblər. Onlar gec cavab verməklə bizim hazırlıq işimizi yubadmaq istəyirlər. Amma, biz buna baxmayaraq hazırlığı tam şəkildə aparırıq. Hamını da aksiyada fəal iştiraka dəvət edirik”

    İnsan haqları klubunun rəhbəri Rəsul Cəfərov çıxışı zamanı qeyd etdi ki, “Eurovision” ərəfəsində keçiriləcək olan bu aksiyaların effektiv olacağı barədə danışdı: “Çünki ölkənin baş naziri Avropa Yayım Mərkəzi bununla bağlı öhdəlik götürüb. Avropa Yayım Mərkəzi  martda Bakıya gəlir. İcazə verilmədiyi təqdirdə onların səfərindən istifadə edib müraciət edəcəyik. Əsas mesaj ondan ibarət di ki, bu məsələdə razılaşma olsun”.

    Müsbət Dəyişiklik gənclər hərəkatnın sədri Rəşad Həsənov isə çıxışı zamanı mitinqin formatı barədə danışdı: “Mitinq razılaşdırılmış olduğu üçün qarşıdurma  olmayacaq və gənclər həvəslə iştirak edəcək. Müraciətdə göstərilən tələblərdən kənara çıxılmayacaq. Onu da qeyd edim ki, mitinqdə rəsmi çıxışlardan sonra “flashmob” tipli kiçik konsertimiz də olacaq. Sonda hakimiyyətdən tələb edirəm ki, hətta ölkədə futbola oyununda azakeşlərin toplanmasına imkan yaradılırsa bizə də yaradılmalıdır.”

    Fərahim İLQAROĞLU
    Fotolar müəllifindir

    “Yeni Müsavat” qəzeti

     

  • Gənclər forum keçirdi

    Bu gün Gənclərin Hüquqlarını Müdafiə Komitəsi Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahının akt zalında Gənclərin  “Gələcək naminə” adlı forumunu keçirib. Forumda Siyasi partiyaların gənclər təşkilatları, digər gənclər təşkilatları, hüquq müdafiəçiləri və müstəqil gənclər iştirak edib. Forumun məqsədi GHMK-nın martın 4-nə təyin etdiyi mitinqə hazırlıq və mitinqin məqsədlərinin müzkirə olunmasından ibarətdir.  Qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Komitəsi ölkənin ərazi bütövlüyünün təmin olunması, rüşvətsiz təhsil və siyasi məhbusların azad olunması tələbi ilə mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib.

    Tədbir Xocalı faciəsi qurbanlarının ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olunub. GHMK-nın İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı: “Biz mübarizəmiz üçün çox mühüm bir mərhələdə toplaşmışıq. Biz zəruri bildik ki, hökumətin nə cavab verməsindən asılı olmayaraq mitinqə qədər öz hazırlıq işlərimizi yüksək səviyyədə davam etdirək və mitinqə qədər bu tipli ictimai müzakirələrin keçirilməsini təşkil edək. Bizim toplaşmaq azadlığımız 2005-ci ildən məhdudlaşdırılır. Hökumət ümumiyyətlə bu sahəni  monopoliyaya alıb və  imkan vermir ki biz öz fikirlərimizi ifadə  edək. Biz polisin qarşıdurması olmadan və Azərbaycan gəncliyinin fəallarının iştirakı ilə bir aksiya keçirmək istəyirik. Bizim üçün 4 mart mitinqi mənəvi dəyər məsələsidir. Bizim indiyə qədər öz dəyərlərimizə nə qədər hörmət tələb etmişiksə, toplaşmaq azadlığımıza da o qədər hörmət tələb edirik. Ümid edirik ki hökumət bunu başa düşəcək. Mitinqlə bağlı  konkret və açıq tələblərimiz var. Tələblərdən biri rüşvətsiz təhsil məsələsidir. Biz istəyirik ki, paytaxtımızın geniş meydanlarından birində gənclərin iştirakı ilə  rüşvətxor müəllimlərə, məmurlara səslənmək istəyirik. Həm də tələbə dostlarımıza səslənmək istəyirik ki, rüşvət verməkdən çəkinib, normal təhsil alın.

    Növbəti tələbimiz uzun illərdir həll olunmayan Qarabağ problemini gənclərin müzakirəsinə çıxarmaqdır. Açığı biz azərbaycan dilində tam danışa bilməyən nazirin, ölkə başçısının Qarabağla bağlı mesajlarına inanmırıq və o mesajlar Azərbaycan gəncliyinin istəklərini ifadə etmir. Ona görə də biz özümüz mesajları meydanlardan səsləndirmək istəyirik.

    Başqa bir tələbimiz isə siyasi məhbusların azadlığa buraxılması ilə bağlıdır. Hökumət bu məsələdən nə qədər qıcıqlansa da və xalqımız bir çox halda bu məsələyə biganə yanaşsa da biz bu məsələnin də müzakirə olunmasını tələb edirik. istəyirik ki, siyasi məhbusların nəyə görə həbs olunmasını meydanlardan xalqımıza çatdıraq. Qoy onlar həqiqətləri bilsin.”

    VHP Gənclər Təşkilatının üzvü Samir Əsədli çıxış edərək, GHMK-nın mitinqə hazırlığı  və  4 mart mitinqi barədə danışdı: “Biz mitinqin Bakı şəhərinin mərkəzi meydanlarından birində keçirilməsini istəyirik və bunun üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Onlar bizim müraciətimizə heç bir reaksiya vermədikləri üçün bir neçə dəfə görüşmək və telefonla əlaqə saxlamğa çalışmışıq. Xalqımız 1993-cü ildən bu vaxta qədər susub. Amma gənclik bundan sonra susa bilməz. Biz toplaşmaq hüququndan istifadə edərək, fikirlərimizi ifadə etmək fikrindəyik.

    Yazar Şahvələd Çobanoğlu gənclərin keçirdiyi mitinqi dəstəklədiyini bildirdi: “Mən sizə təşəkkür edirəm ki, hər hansı tədbirin keçirilməsinə çalışırsınız, boş dayanmırsınız. Bizim də eyni yaş dövrümüz təxminən belə keçib. Biz də sizin kimi problemləri həll etməyə çalışmışıq. Bizim də məqsədimiz ölkəyə sahib çıxmaq idi. Mən gənclərə mətbuat vasitəsilə müraciət etmişəm ki, çox sağ olun ki, Azərbaycana sahib çıxmaq istəyirsiniz.

    NIDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Üzeyir Məmmədli çıxışında 4 mart mitinqinə necə qərar verilməsindən danışdı: “Düşündük ki, mitinq dedikdə insanların ağlına ilk gələn  polisli, qarşıdurmalı mitinq anlayışını aradan qaldırmağa çalışaq. Bunun üçün də razılaşdırılmış mitinq olduqca vacib məsələdir.”

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İnstitutunun rəhbəri Anar Məmmədli gənclərin mitinqində iştirak edəcəyini bildirərək dedi: “Mən  GHMK-nın indiyə qədərki fəaliyətini izləmişəm. Düşünürəm ki, bir çox faydalı işlər görmüsünüz və bundan sonra da görəcəyiniz çox işlər var. Ən əsası siz ölkədəki problemlərlə maraqlanan bir neçə gənclər təşkilatını bir araya gətirə bilmisiniz. Biz sizin işinizi qiymətləndiririk və keçirəcəyiniz aksiyada iştirak edəcəyik.”

    Daha sonra Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus, Azad İqtisadiyyata Yardım Cəmiyyətinin rəhbəri Zöhrab İsmayıl, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, “Dalğa” Gənclər Hərəkatının təmsilçisi Pərviz Əzimov, Müsavat GT-dan Nigar Yaqublu, “Azad Gənclik” Təşkilatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı,  Müsavat GT sədr müavini Səxavət Soltanlı, AXCP-dən Asif Yusifli, “Müsbət Dəyişiklik” Gənclər Hərəkatı İdarə Heyəti üzvü Rəşad Həsənov və GHMK-nın digər üzvləri çıxış edərək təklif və fikirlərini bildirdilər.

    İslam Şıxəli

    “Azadlıq” qəzeti

  • Sabir Rüstəmxanlı Sarıqamış əməliyyatının 97-ci ildönümü ilə bağlı keçirilən yürüş-mitinqdə iştirak edib

    Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin Qars şəhərində Sarıqamış əməliyyatının 97-ci ildönümü ilə bağlı keçirilən yürüş-mitinqdə iştirak edib. APA-nın xəbərinə görə, “Türk dünyası səninlədir Sarıqamış!” adı altında keçirilən tədbirdə türk dünyasının müxtəlif bölgələrindən olan nümayəndələr iştirak edib. Mərasimə Türkiyənin daxili işlər naziri, digər dövlət məmurları və millət vəkilləri qatılıblar. 

    DAK həmsədri daha sonra Qars şəhərinin valisi, bələdiyyə başqanı, yerli Ülkü Ocaqlarının rəhbərləri, mədəniyyət işçiləri, Qarsdakı Azərbaycan konsulu və Azərbaycan Kültür Dərnəyinin, Türk Dünyası Gənclər Birliyinin, “Sərhəd Boyu” dərnəyinin üzvləri ilə görüşlər keçirib.

    Qeyd edək ki, 1915-ci ildə Sarıqamış əməliyyatı zamanı 90 mindən artıq türk əsgəri şəhid olub. 


  • Gənclər Bakını silkələdi

    Martın 11-dən Azərbaycanda geniş sosial etirazlara başlayan gənclik dekabrın 3-də növbəti dəfə etiraz səsini ucaltdı. Heç bir siyasi partiyanın və müxalifət liderinin qərarı olmadan sosial şəbəkələrdə təşkilatlanmış fəal gənclər dünən şəhərin mərkəzində, Fəvvarələr meydanında izdihamlı aksiya keçirdilər.

    Sosial şəbəkələrdə Siyasi Məhbusların Müdafiə Komitəsi adından yayılmış müraciətdə belə deyilirdi: “2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayı 161 nəfərə çatıb. Onlardan 90 nəfəri ölüb, 71 nəfəri isə yaralanıb və ya müxtəlif xəsarət alıb. Gənclər olaraq atəşkəs dövründə bu qədər itkiyə biganə qala bilmərik. Bu məqsədlə dekabrın 3-də Fəvvarələr meydanından Natəvanın heykəlinə doğru ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarı ilə dinc yürüş edəcəyik. Azərbaycan ordusundakı itkilərə biganə olmayan hər kəs bizə qoşulsun. 03.12.2011 tarixində əsgər ölümlərinə birgə “Yox!” deyək!” 

    Amma etiraza səbəb təkcə bu motiv deyildi. Gənclər hökumətin son günlər verdiyi bahalaşma qərarlarına, xüsusilə də metroda gediş haqqının 33 faiz artırılmasına üsyan edirdilər. Onlar hökuməti bu soyğunçu bahalaşmanı dayandırmağa məcbur etmək üçün cəmiyyəti fəallaşmağa çağırmaq üçün küçələrə çıxmışdılar.
    Gənclərin bu ümidləri doğruldu. Bu çağırışa səs verənlər gözləniləndən də artıq oldu. Etiraz şüarları bir anda hər yeri bürüdü. Ötən gün saat 15:00-də Fəvvarələr meydanında yüzlərlə etirazçı gənc aksiya keçirdi. Öncədən deyək ki, aksiyanın başlanmasına saatlar qalmış artıq Nizami (“Torqovı”) küçəsi polis mühasirəsində idi. Eyni zamanda xeyli sayda mülki geyimli polisə də rast gəlmək olardı. Aksiyada siyasi partiyalardan Müsavat, AXCP, ADP və VHP-nin gəncləri, o cümlədən “Nida” vətəndaş hərəkatı, “Azad gənclik” təşkilatının fəalları, müstəqil gənclər iştirak edirdi.

    Oğlunu itirmiş əsgər atalarından Etibar Quliyev və Bəyalı Köçəliyev də aksiya iştirakçıları arasında idi. Əllərində sifəti çürüyüb ölən əsgər Eldar Novruzovun, Murovda öldürülən əsgərlərin portretləri olan, habelə “Əsgər ölümlərinə ”Yox!” deyək!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları yazılmış plakatlar qaldıran gənclər böyük izdiham halında Natəvanın heykəlinin yanından Nəsimi heykəlinə tərəf yürüməyə başladılar. Yürüş çox izdihamlı alındı. Aksiyaçılar yürüşə Azərbaycan himnini oxumaqla başladılar.
    Qəfildən aksiyaçıların üstünə şığıyan polis gənclərin aksiyasına sərt şəkildə müdaxilə etdi. Onlar portretləri gənclərin əllərindən dartıb aldılar, plakatları cırmağa başladılar. Yürüş zamanı şüar səsləndirən aksiyaçılar amansız polis təzyiqi ilə üzləşdi, etirazçı qızlarla kobud rəftar olundu. Polis əməkdaşları onları saçlarından tutub sürüyürdülər. Bu da azmış kimi aksiya iştirakçılarını döyürdülər. Aksiyaçılar arasında xeyli döyülənlər oldu. Polis adamları sadəcə olaraq davamlı təpikləyirdi.
    Amma aksiyaçılar da geri çəkilmək fikrində deyildi. Onlar irəli gedir, ucadan şüarlar qışqırırdı. Az sonra polisin basqıları daha da artdı. Bu zaman aksiyaçılarla polis və mülki geyimli şəxslər (onların hökumət qüvvələri olduğu polislə eyni sırada dayanmasından bəlli idi) arasında toqquşma yarandı. Bu təzyiqdən sonra aksiya bir qədər səngisə də gənclər yenidən ucadan şüarlar səsləndirərək fəallaşdı və yürüşü daha böyük coşqu ilə davam etdirdilər. Yürüşçülərin ikinci həmləsi daha izdihamlı və möhtəşəm alındı. Gənclərin artıq dağılışıb getdiyini güman edən polis “Torqovı”nı bürüyən etiraz səslərinin daha da gücləndiyini eşitcək özünü itirdi. Və yenidən gəncləri təqib etməyə başladı.

    Aksiyanın bundan sonrakı hissəsində polis artıq daha amansız olmuşdu. İnsanlar vəhşicəsinə döyülürdü. Aksiyaçılara inanılmaz ölçülərdə zor tətbiq olundu. Sonra isə həbslər başladı. Polis əməkdaşları və mülki geyimli qoçular gənc fəalları təpikləyərək, yerdə sürüyərək döyə-döyə polis maşınlarına tərəf aparır, avtomobillərə basıb naməlum istiqamətə aparırdılar. Aksiya zamanı Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Rauf Məmmədov və Tural Hacıbəyli, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev, təşkilatın fəal üzvü Emil bəy, lNida» təşkilatından Kənan Qasımlı və dia.az saytının müxbiri Vaqif Sadıqlı saxlanıldılar. Aksiyada iştirak edən əsgər atası Etibar Quliyev də saxlanıldı. Polis onun əsgərlikdə ölən oğlunun tutduğu şəklini əlində gəzdirməsinə də məhəl qoymadı.
    AXCP-dən verilən məlumata görə, partiyanın Gənclər Komitəsinin 4 üzvü – İlham Hüseyn, Nihat Hüseyn, Dəyanət Babayev və Elvin Baycan həbs olunaraq Səbayel Rayon Polis İdarəsinə (RPİ) aparılıblar. Komitənin üzvü Elçin Həsənov isə Nəsimi RPİ-də bu idarənin rəis müavini, törətdiyi zorakılıqlarla məşhur olan Süleyman Nemətov tərəfindən döyülüb.
    Əsgər atası E.Quliyevin qəzetimizə verdiyi məlumata görə, Səbayel Rayon Polis İdarəsinə aparılan gənclər bir neçə saatdan sonra sərbəst buraxılıblar.
    Aksiya zamanı jurnalistlərə də təzyiqlər oldu. Onlara çəkiliş aparmağa imkan verilmədi. “Yeni Müsavat”ın əməkdaşı Emil Salamoğlu isə polis tərəfindən təzyiqlərə məruz qaldı. Onun sözlərinə görə, hadisə belə baş verib: “Polis ”Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekoya təzyiq göstərirdi. Ramini onların əlindən almağa çalışırdım ki, iki polis əməkdaşı qolumdan tutub apardılar. Polislərdən biri ayağıma təpik vuraraq boğazımdakı şərfimlə məni boğurdu. Mən ona dəfələrlə izah etdim ki, jurnalistəm. Dedi ki, jurnalistsənsə, get işinlə məşğul ol. İzah edirdim ki, bu, mənim işimdir, polislər həmkarımı divara sıxıb təzyiq etdiyinə görə onun müdafiəsinə qalxmışam. Amma hər iki polis qolumu buraraq məni zorla polis maşınına basdılar. Əvvəlcə jurnalist vəsiqəmi istədilər, dedim qolumu buraxın göstərim. Ancaq ayağıma vura-vura “gedək göstərərsən” dedilər”.
    Post-patrul maşınını sürən polis nəfəri daha sonra əməkdaşımıza deyib ki, onu saxlayan şəxs Səbayel RPİ-nin işçisidir: “Mənə dedi ki, Səbayel polisidir, ona görə səni dinləməyib”.
    “Yeni Müsavat” qəzetinin baş redaktorunin birinci müavini Azər Ayxan Nəsimi RPİ-nin rəis müavini Süleyman Mikayılovla əlaqə saxlayandan sonra E.Salamoğlu Səbayel RPİ 39-cu polis bölməsinin qarşısında sərbəst buraxılıb. Aksiyanın digər iştirakçıları da buraxılıb.

    Qeyd edək ki, dünən Bakıda cərəyan edən bu proses İctimai Palata rəhbərliyinin hakimiyyətə münasibətdə daha radikal və fəal siyasət yürütmək xəttinə uyğun gəlir. Bu səbəbdən “bundan sonra siyasətin paytaxt küçələrinə keçəcəyi” barədə cəsarətli iddalar da səslənməkdədir.

     

    E.SALAMOĞLU, E.MƏMMƏDƏLİYEV
    “Yeni Müsavat” 

  • “Gülsütan””ın iki əsrlik acısı”

    İşıqlı ATALI 

    Oktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən “Gülüstan” müqaviləsinin bağlanmasından 198 il ötür. Bu müddətdə Azərbaycan tarixi torpaqlarının 80 faizini itirib.

    Keçmişdə baş verənlərə nə qədər ağrıyıb-acısaq da, sonradan yanlışları düzəltmək çox çətin olur. Millətimizin, torpaqlarımızın bütövləşməsini, bir olmasını hələ ki, gerçəkləşdirməmişik. 200 ilə yaxın müddətdə Azərbaycan türklərini iki yerə ayıran “Gülüstan” müqaviləsi özündən sonra xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc olub.

    “Gülüstan”la fars və rus hegemonluğuna, işğalçılığına qarşı dura bilməyən ulusumuzun aqibətinə hələlik davam edən ayrılıq, parçalanma yazıldı.

    Adıçəkilən müqavilə ilə farslarla ruslar torpaqlarımızı şəxsi mal kimi öz aralarında böldülər. 410 min kvadrat kilometrlik ərazisi olan dövlətçilik imkanımız, tarixi ərazilərimiz əlimizdən çıxdı. “Gülüstan”dan sonra ardıcıl olaraq yurdumuz böyük faciələrə tuş gəlməkdədir.

    Müqavilədə bircə dəfə də “Azərbaycan” adına rast gəlinmir. Rusiya və İran yurdumuza yiyələnmək üçün bir-birini didsə də, sonda bağladıqları müqaviləyə cinayətlərini gizlətmək üçün yurdumuzun adını bilərəkdən salmayıblar. Sanki bölüşdürdükləri Azərbaycan torpaqları deyilmiş. Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən yağılarımız öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Bu gün həmin dostluq davam etməkdədir.

    “Gülüstan” “sülh”ünün şərtlərinə görə, Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı. Azərbaycandan – bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi. Abbasqulu ağa Bakıxanov isə həmin müqavilə imzalanan vaxt Rusiya dövlətinin nümayəndə heyətinin tərkibində tərcüməçi vəzifəsini yerinə yetirirdi…

    “Gülüstan” faciəsini yaradan səbəblər nə idi? Başlıcası, türk xalqının bir olmaması! Tarixən qılınca sarılan, ancaq idrakının gücünə arxalanmayan türkləri dünya təkləyə bildi.  

    Şah İsmayıl Xətayinin ölümündən sonra onun qurduğu dövlət yavaş-yavaş farslaşdı, Şah Abbasın çağında farsçılar istəklərinə çatdılar.

    Azərbaycanı bu faciəyə gətirib çıxaran başlıca səbəblərdən biri onun xanlıqlar biçimində olması idi. Azərbaycanı bir əldə birləşdirən güc, təəssüf ki, meydana çıxmadı. Üstəlik, xanlıqların balaca maraqları (tayfaçılıq, bölgəçilik, hakimiyyətçilik) ucbatından birlik alınmadı.

    “Gülüstan”ın yaranmasının ən başlıca nədəni isə türk xalqlarını siyasi, iqtisadi, mənəvi baxımdan birləşdirəcək inamın – dünyabaxışın olmaması idi.

    İş o yerə çatdı ki, başqa xanlar gəncəli Cavad xanın başına gələn faciədən sonra da ayılmadılar. Nə acılar ki, tarixin çox dönəmində türklər arasında birlik olmayıb. Tariximizin bir çox çağında türklərin bir-birinə yadlığının acı sonuclarını görmək mümkündür.

    Bu dövrdə Rusiya artıq bir əsrə yaxın idi ki, imperiya kimi qurulmuş, əməlli-başlı oturuşmuşdu. O, anlayırdı ki, uzun sürə ayaqda qalması üçün yeni torpaqlar tutmalıdır.

    Yurdumuzda, bölgədə erməni məsələsinin tüğyanı da “Gülüstan” faciəsi ilə başladı. Erməni məkri rus imperializminin işinə gözəl yaradı, bu gün də yaramaqdadır.

    Azərbaycan “Gülüstan” adlı mənfur andlaşmaya birdən-birə gəlib çıxmadı. Heç bir faciə birdən-birə yaranmır. Xəlqi faciələri mahiyyətcə fərdi faciələr törədir.

    Yüzillərlə babalarımızın buraxdığı yanlışlar bir yerə yığışdı və “Gülüstan”ı yaratdı. “Gülüstan” “Türkmənçay”ın faciəvi başlanğıcı oldu.

    İllərdir Azərbaycan ictimai mühitini müşahidə edirəm. Demək olar, aydınlarımız “Gülüstan” və “Türkmənçay” faciələri mövzusunda danışmır, yazmırlar. Qəzetlərdə 5-10 cümləlik xəbər kimi də bu mövzular yer almır. Telekanallardan heç səs çıxmır.

    Əgər millət öz tarixi keçmişinə sayğı ilə yanaşmırsa, buraxdığı yanlışlardan dərs almırsa, deməli, sabahını bütöv şəkildə qura bilməz. Bu gün hər birimiz dünyanın qabaqcıl millətlərinin böyük uğurlara çatmalarından heyrətlə danışırıq. Unuduruq ki, onlar bütün bunlara ardıcıl inadla, çox halda başqalarının tarixi yanlışlarından dərs almaqla çatıblar.

    Doğruçu aydında milli mənafedən başqa mənafe olmur. Azərbaycanın bölünmüşlüyü ilə bağlı aydınlarımız car çəkməlidirlər. Ancaq aydınlarımız təəssüf ki, çox halda dedikləri kimi yaşaya bilmir, sözlə işi bir-birindən ayırırlar. Gurultulu sözlərin arxasındakı əməlsizlik aydınca görünür.

    Azərbaycanın parçalanmış torpaq, Azərbaycan türklərinin bölünmüş xalq olduğunu dünyaya anlatmalıyıq. Başqa yandan da siyasi dünya Azərbaycanın durumunu, tarixi keçmişini, harda səhv etdiyini, nələri itirdiyini çox gözəl bilir.

    1945-ci ildə Azərbaycanın güneyində Pişəvəri hökuməti quruldu, lakin bir ildən sonra bu hökumət amansızlıqla boğuldu, soydaşlarımız soyqırımla üzləşdi. Belə bir çağda yaradılan BMT uyğunsuz məqamları qanuniləşdirdi. Bir yandan millətlərin hər birinin öz müqəddəratını təyin etmək hüququ qorunur, başqa yandan hər bir dövlətin ərazi toxunulmazlığı əsas sayılır.

    Bu gün müstəqilliyimizin 20 yaşında da sözügedən məsələlərə çox halda susqun yanaşmağı üstün tuturuq. Çoxu deyir ki, Qarabağ dərdimiz olduğu halda Güney Azərbaycandan danışmaq yersizdir. Hələ də türk dünyası Güney dərdimizə tanışlıq səviyyəsində belə yanaşmır. Qardaş Türkiyədə bu mövzuda adda-budda kitablar çıxsa da, məsələyə ciddi yanaşma hiss olunmur.

    Çağdaş dünya siyasətində bölünmüş xalqlara münasibət ikilidir. Görəsən, bu gün dünyada bölünmüş xalqlar timsalında Azərbaycan türkləri kimi 200 ildir ki, ayrılıq əzabını dadan bir xalqı varmı? Artıq Almaniya da 20 ildir birləşib. Dərinə gedəndə Quzey və Güney Koreyanın birləşməməsi dəhşətli fəlakət deyil. Çünki hər iki dövlət müstəqildir.

    Ancaq Bütöv Azərbaycanın yaranması dünyaya qətiyyən sərf eləmir. Siyasi dünya Azərbaycanın bütövlüyünü özünün ağalıq iddialarına qarşı əngəl hesab edir.

    Azərbaycanın bütövləşmək istəyi qarşısıalınmaz olduğu dərəcədə bu istəkdə, milli iddiada, haqda olan hər birimizdən gərgin, ardıcıl axtarışlarla dolu insançı millətçilik tələb olunur. Hadisələrin gündən-günə gərginləşdiyi bir çağda Bütöv Azərbaycan idealının ABŞ-İran qovğasında gerçəkləşəcəyinə inanmağımız sadəlöhvlük olardı.  

    Azərbaycanın dərdlərinin həll olunması bir günün işi deyil. Hər şeydən öncə siyasi gedişat bizdən daha təpərli, ayıq, yetkin fərdlər olaraq meydana çıxmağımızı tələb edir.

    Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Ancaq sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi dərindən bilməli və dərs almalıyıq.

    Faciəsini unudan millət – var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması həm də dünyanın türkü sevməməsiylə bağlıdır.

    Azərbaycanın başına gələn faciələr bütün türk dünyasının faciəsi sayılmalıdır. “Gülüstan”ın ardınca gələn “Türkmənçay” müqaviləsi ilə Azərbaycanımızın Araz çayından güneydəki 210 min kvadrat kilometr ərazisi İrana, 130 min kvadrat kilometr ərazisi isə Rusiyaya qatıldı. “Türkmənçay” müqaviləsi Azərbaycan türklərinin bütöv, tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik.

    “Türkmənçay” müqaviləsi bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi.

    Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə türk dünyasının xilası da olmayacaq. Düşünürəm ki, türk xaqları bunu gözəl anlamalıdır. Düzdür, burada öncə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk olaraq türklər torpağımızı iki yerə bölən “Gülüstan” və “Türkmənçay” fəlakətləri ilə bağlı geniş bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyilsə, o zaman itirdiklərimizin, mənəvi fəlakətlərimizin sayı daha da artacaq.

    “Gülüstan” müqaviləsi Azərbaycan türklərinin şərə qarşı inadcıl, bütöv mübarizəsinin olmamasından yarandı. Əgər o zaman sözün böyük anlamında birliyə nail olsaydıq, bu fəlakət başımıza gəlməyəcəkdi.

    Bir millət olaraq dərdimiz çoxdur. Ancaq hər halda dünyanın sonu da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra qətiyyən çaşmaq, sarsılmaq olmaz. Tarixi torpaqlarımızın bir parçasında qurduğumuz çağdaş Azərbaycan dövlətimizi dəyərləndirməli, onu xalq kimi varlığımızın əsası saymalı, xalqımızın yaşamında daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq. 

  • Nurəddin Mehdixanlinin ad günü

    Faiq Balabəyli

    Yaxud BAR VERƏN AĞACA ATILAN DAŞ

    Son günlər xalq artisti Nurəddin Mehdixanlıya qarşı amansız bir müharibə elan olunub. Illərdi səhnədə onlarla yadda qalan rolların təkrarsız ifaçısına, xalq artistimizin təbirincə desək, “Allahsızlar”  sənətkarın ad gününün tamamında ona iyrənc bir hədiyyə göndərib.Aktyoru gözdən salmaq üçün onun Yaltada səhnəyə sərxoş çıxaraq, guya ki, adımızı batırmasından bəhs ediblər. Teatrın direktoru isə Azərbaycanın xalq artistinə töhmət verib. Bu, ümumilikdə teatrımızın adına bir töhmətdir ki, şəxsi zəmində incik düşəməni, teatrın direktoru ictimailəşdirib bu müstəviyə çıxarır. Hər halda, mən deyilənlərə yox, hadisələrə inanıram. O da məlumdur ki, Nurəddin Mehdixanlı Akademik Teatırda azsaylı aktyorlardandır ki, həqiqətən tamaşaçı sevgisi ilə əhatə olunub.

    Adamın, kimsə gəlib qulağına pıçıldayıb ki, ayə, bəs niyə xəbərin yoxdu, Nurəddin Mehdixanlı bir-iki dəfə sizin otağınızın qarşısından keçədə kabinetinizin qapısına tərəf baxıb, köksünü ötürüb, sonra isə çıxıb kurilkada siqaret çəkib. Burdan belə məlum olur ki, onun sizin kürsünü zdə gözü var.İsrafil müəllim də çox həssas adamdır. Müəyyən müddət Nizami adına Ədəbiyyat muzeyinin direktoru vəzifəsində çalışıb, görüb, götürüb. Bilir ki, Azərbaycan reallığında belə hallar olur, kimsə kiminsə torbasını tikib, oyundan kənar vəziyyətdə saxlaya bilər. Elə ona görədə çox götür-qoy eliyəndən sonra bu qənaətə gəlib ki, “qara məni basınca, qoy qaranı mən basım”. Təsadüfdən də Nurəddin müəllim, qarayanızdı, baxmayaraq ki, əməllərində və səhnə fəaliyyətində üzqaraldıcı bir şey tapmaq mümkünsüz. Olsa-olsa, haqqı tapdanan həmkərlarının müdafiəsinə qalxıb, onların hüquqlarını teatırın rəhbərliyi tərəfindən pozulmasına etiraz edib. Yox, əgər bu da olmayıbsa “neujelni” onun bir “çp”-si olmasın. “Çp”- dəki, xirtdəydən. Ama gərək həm də eləsi olsun ki, inandırıcı olsun. Çuğulçuların köməyinə güvənən teatrın direktorunun yadına düşeb ki, bəs bu yaxınlarda Yaltada Çexovun şərəfinə düzənlənən  festivalda uğurlu çıxışına baxmayaraq xalq artistinin fəaliyyətinə kölgə sakmaq olar. Təcrübə də özünü dpğruldan esuldan istifadə olundu: Nurəddin Mehdixanlı səhnəyə sərxoş vəziyyətdə çıxıb. Maraqlıdır, görəsən xalq artistimiz arağı “bomj”lar kimi tək içib, yoxsa onun “sabutilnik” həmkarıda olub” olubsa niyə ona töhmət elan olunmayıb? Özüdə niyə, hadisədən həftə yarım vaxt keçəndən sonra İsrafil müəllim bu qənatə gəlib ki, xalq artisti haqda mətbuata dezo ötürsün və onu ad gününün tamamında töhmətlə mükafatlandırsın? Bu bir rəhbər olaraq kollektivin təəssübünü çəkməkdir, yoxsa “günahkar” xalq artistinin açıqladığı kimi şəxsi incikliyinin təzahürüdür? Əgər doğrudanda bu təəssebkeşlikdirsə tüatırın bəzi aktyorlarının idarə və müəsisələrin, komitə və nazirliklərin qarşısında dilənçi kimi boyun bükdüklərini, bir qarın yemək və bir şüşə araq üçün sözün məcazi mənasında artistlik etdiklərini niyə görüb, fərqinə varmır?Suallar çoxdu, cavab isə yoxdur.

    Mənim Nurəddin Mehdixanlını müdafiə etmək fikrim yoxdu, baxmayaraq ki, ona qarşı yönələn bu günkü haqsız basqıda onun bu medafiəyə ehtiyacı olsun ki var. Günahkara yerini göstərmək lazımdır. Elə tanıdığım xalq artistimiz də günahı üzə deyənlərdəndir. O, çuğulluq etməz, rəhbərin xoş təbəssümünə, “maladesi”nə görə nəinki,uzun illər bir yerdə “külüng vurduğu” həmkarını, eləcə də heç kəsi “baqaja” qoymaz. Maraqlı nüanslardan biri də odur ki,niyə teatırın Yaltada olan  əməkdaşlarından biri özündə cürət tapıb bu faktı təsdiq, yaxud inkar etmir. Kimdən çəkinirlərki, teatırın medere onsuzda oxu atıb. Görünür pıçıltı ilə qulaqlara xəbər ötürənlər, hayqırtı ilə haqqı etiraf etməyə güc tapmırlar.

    Nə isə, qalmaqallı bir həftədə sona çatmaqdaırç Azərbaycan Respublikasının xalq artisti, kinomuzun Cavad Xanının bu ayın 5-də 55 yaçı tamam oldu. Onu təbrik edirik, və yazımı MİLLƏT VƏKİLİ Gülər xanım Əhmədovanın sevimli aktyorumuzu ad günü münasibəti ilə etdiyi təbrikdə içlətdiyi bir xalq deyimi ilə bitirirəm: MÖHKƏM OLUN, AĞAC BAR VERƏNDƏ ONA DAŞ ATAN ÇOX OLUR!”

     

  • İstiqlalçı qadın…

    Samir ƏSƏDLİ

    Məryəm Həsənzadə, Sənin kimi Ana ilə qürur duyuruq!

    Məryəm Həsənzadəni hamı İstiqlalçı deputat kimi tanıyır. Onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, 18 oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə səs verən 43 nəfərin içində iki qadın deputatdan biridir.  Bəzi kişilər qorxusundan müstəqilliyin əlehinə səs verəndə, məhz o Ana qüruru ilə İstiqlala kişi kimi səs verdi.

    Məryəm xanım 1990-cı illərin məşhur “Demokratik Blok” adlanan fraksiyanın 25 üzvündən biri olmaqla, Ali Sovetin məşhur 4-cü mikrofonunda ilk çıxış edən deputatdır. Bu günkü Siyəzən rayonunun təşkil edilməsində onun xidmətləri əvəzsiz və danılmazdır. Rayon məhz onun təklifindən sonra yaradılıb.

    O,  bu gün Siyəzənin Gənclik adlanan qəsəbəsində yaşayır – yataqxana binasının dördüncü mərtəbəsində. Təxminən 12 kvadratmetrlik balaca bir otaqda. Otağın qarşısında isə, daha doğrusu, mənzilin girəcəyində 2 kvadratmetrlik darısqal mətbəx var…

    Vəssalam, İstiqlalçı deputatın yaşadığı mənzil bundan ibarətdir.

    ***

    Onun Siyəzəndə evi yoxdur. Yataqxanadakı mənzili də pulla alıb. Özü

    deyir: “Şükür… Yaşayıram birtəhər. Təqaüd alıram. Düzdü, azdı, amma dava-dərmana birtəhər yetir”.

    O, müstəqilliyə səs verib, Azərbaycanı müstəqil etdi, ancaq Bakıdan kənarda sıxıntı içində yaşayır; Müstəqilliyin əlehdarları isə ləl-cəvahirət içində, Bakının mərkəzindəki yüksək səviyyədə yaşayırlar.

    O, aldığı təqaüdlə bu aydan o aya güclə keçinir.

    Budur Azərbaycanda ədalət!

    Gəlin, baxaq müstəqilliyin əlehdarları necə və haralarda yaşayırlar. Azərbaycanın hər bir güşəsində möhtəşəm vilları var. Ancaq ona səs verən adamın bir evi də yoxdur….

    Onun xidmətləri nəinki nəzərə alındı, hələ müstəqilliyin əlehdarlarına göstərilən diqqətin yüzdə birini ona göstərmədilər. 1991-1995-ci illərdə Milli Məclisin İstiqlalçı deputatlarından biri olmuş M.Həsənova ötən il məcbur oldu ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Siyəzən rayon Şöbəsinə qarşı məhkəmə iddiası qaldırsın. Məryəm xanım İstiqlalçı deputatlara “Əmək pensiyası haqqında” qanunla müəyyən olunan müavinətin verilməsindən imtina edilməsinə bu şəkildə etiraz etdi və haqqını istədi. Ancaq iddia təmin olunmadı.

    Budur, ömrünün ahıl vaxtlarını yaşayan İstiqlalçı M.Həsənzadəyə münasibət.

    Məryəm xanım 73 yaşın içindədir. O, uzun müddət Siyəzən şəhərində məktəb direktoru, sonra isə Ana dili və ədəbiyyatdan dərs deyib. Keçən ilin aprelində isə işdən çıxıb. Ozü deyir ki, məktəbdən imtina etdim: “Müəyyən səbəbləri vardı. İmtinamı deyim, üsyanmı deyim… Hər halda etiraz etdim və məktəbdən çıxdım”.

    Bu qürurlu qadın 160 manat pensiya alırmış. Amma artıb əməkhaqqısı – 2 manat 50 qəpik! İndi 162 manat 50 qəpik alır.

    Müstəqilliyin əlehdarları Əli Həsənov isə baş nazirin müavinidir, Mixail Zabelin deputatdır, Yaşar Əliyev BMT-də nümayəndədir…

    Pensiyasının miqdarını soruşanda Məryəm xanım “deməyə utanıram” söyləyir.

    Məryəm xanım, siz utanmalı deyilsiniz, sizə o pensiyanı verən utanlalıdır!

    Məryəm Həsənzadə bu gün də 73 yaşının olmasına baxmayaraq, qurucusu olduğu Azərbaycanın gələcəyi üçün çalışır. Siyasi fəaliyyətini davam etdirir.  O, İstiqlalımızın anasıdır…

    Bizim anamızdır!

    Məryəm Ana bizə Azərbaycanın müstəqilliyini bəxş edənlərdən biridir. Mübarizə aparan və mübariz insanların Anasıdır!

    Məryəm Ana, biz Sizinlə fəxr edirik!

  • Vətəndaş həmrəyliyi ideyasına harada tələb varsa, biz həmin yerdəyik

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı, yazıçı-publisist Sabir Rüstəmxanlının APA-ya müsahibəsi

    – Azərbaycanda siyasi prosesləri yaxından izləyən və hadisələrin içərində olan şəxs kimi ölkədəki bugünkü ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?

    – İlk növbədə cəmiyyətdə bir süstlük var. Bəlkə bəziləri bunu vətəndaş həmrəyliyinin əlaməti kimi qiymətləndirir. Hətta buna müxalifətin sıradan çıxması və ya hakimiyyətin apardığı iqtisadi siyasətinin uğuru kimi baxanlar da var. Amma hər halda nə qədər ki, müharibə bitməyib, torpaqlarımız işğal altındadır, mən bu cür müqavimətsizliyi və süstlüyü milli maraqlarımıza uyğun gəlməyən hadisə kimi dəyərləndirirəm. Cəmiyyətdə bu dərəcədə süstlük ola bilməz. Sanki hər kəs taleyi ilə barışıb. Bu müqavimət əslində təşkil olunmalıdır. Cəmiyyət mübarizəsiz, ziddiyyətlərin həllini tapmamış inkişaf edə bilməz. Hər halda hiss olunan başqa bir şey də var ki, artıq yeni nəsil nəfəsi duyulur. İndiyə qədər yalnız 1988-ci il meydan hadisələrində yetişmiş siyasətçilər söz sahibi idilər. İndi tədricən elektron informasiya vasitələrində, mətbuatda gənclərin səsi hiss olunmaqdadır. Bu da Azərbaycanın siyasi həyatına yaxın vaxtlarda müəyyən dəyişikliklər gətirəcək.

    – Yeri gəlmişkən, bir müddət öncə bildirmişdiniz ki, partiya rəhbərliyini gənclərə verəcəksiniz. Bu nə zaman baş verəcək və ya VHP-də rəhbər dəyişikliyi nə zaman reallaşa bilər?

    – Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklər edilir və bu qanunun müzakirəyə çıxarılması yaxın zamanlarda planlaşdırılır. Bundan sonra Azərbaycan da üzv olduğu beynəlxalq qanunvericilikdən gələn tələblərə uyğun partiyaların fəaliyyəti üçün şərait yaradılmalıdır. İndiki şəraitdə partiyaların fəaliyyəti, mübarizəsi, seçkilərdə iştirakı daha çox təşkilatın liderinin nüfuzu ilə bağlıdır. Yəni partiyalar öz sabit həyatı üçün təminat əldə edə bilməyiblər. Bu mənada adını çəkdiyim qanununda olacaq yeni dəyişikliklər, bizə imkan verəcək ki, yaratdığımız qurumun gələcəyindən arxayın olaq və onu cavanlara verib gedək.

    – VHP sədrliyinə namizədlərlə bağlı seçiminizi etmisiniz?

    – Bəli, VHP-də belə namizədlər az deyil. Hamısının adını bir-bir sadalamaq istəməzdim.

    – VHP bir müxalifət partiyasıdır. Bu təşkilatın müxalifətdə yerini harada görürsünüz?

    – Bunlar ya bekarçılıqdan ortaya atılan söhbətlərdir ya da sadəcə olaraq, öz yerini qabartmaq niyyətindən doğan fikirlərdir. Biz öz partiyamızın adının doğurduğu məntiq daxilində və nizamnaməyə uyğun fəaliyyət göstəririk. Vətəndaş həmrəyliyi ideyasına harada tələb varsa, biz həmin yerdəyik. Bəli, bizim Azərbaycanın bütün müxalif partiyaları ilə əlaqələrimiz var. Parlamentdə iqtidar və iqtidaryönlü partiyalarla dialoq şəraitində mübahisə və müzakirələrə qatılırıq. Böyük çəkişmələrdə VHP həmişə öz sifətini qoruyub, saxlayıb. Bir məsələni diqqətə çatdırmaq istərdim. Azərbaycanın indiki tarixi durumu, iqtidara və müxalifətə böyük güclərin və beynəlxalq qurumların münasibətləri və digər mühüm məsələlər bilinmədən və nəzərə alınmadan, boş-boşuna – “mən daha güclüyəm, radikalam, liberalam” kimi bəyanatlarla çıxış etmək xeyir vermir. Daha doğrusu bir-birimizə olan münasibəti sadaladığım arqumentləri nəzərə almaqla müəyyənləşdirməliyik. Görək, atacağımız addımlarda nə dərəcədə müstəqilik. Müharibəyə, sülhə, iqtidar-müxalifət münasibətlərində, müxalifət düşərgəsinin sərhədlərinin müəyyənləşməsində… Mənə elə gəlir ki, bu sərhədlərin müəyyənləşməsində kənar qüvvələrin təsiri daha çoxdur.

    – Müxalifət partiyaları ilə əlaqələrinizi necə dəyərləndirirsiniz?

    – Müxalifət düşərgəsində təmsil olunan partiyalarla normal münasibətlərimiz var. Bu münasibətlərin pozulmasına çox zaman mətbuat səbəb olur. Bəzən mətbuat arada düşmənçilik toxumları səpir. Biz həmişə özümüzdə güc tapıb, ittihamların, müxalifəti bölüb düşərgələr yaratmaq niyyətlərinin üstündən adlayıb, Azərbaycan gələcəyini düşünən normal demokrat partiyalarla əlaqələrimizi qoruyub, saxlamağa çalışmışıq. Bu proses indi də davam edir.

    – VHP müxalifət partiyaları içərisində parlamentdə ən çox deputatla təmsil olunan partiyadır. Partiyanızın müxalifət təşkilatı və təmsilçisi kimi parlamentdə fəaliyyəti sizi qane edir?

    – Şübhəsiz, müxalifətin parlamentdə mövqeyi bizim arzuladığımız kimi deyil. Bunu Milli Məclisin iclaslarında da demişəm. 15 ildən bəri davamlı olaraq parlamentdə qanunvericiliyin qəbulunda mövqeyimizi demişik. Təəssüf ki, fikirlərimizin çox az hissəsi nəzərə alınıb. Taleyüklü məsələlər həmişə tərəfimizdən deyilib. Bu müddəti göz önündən keçirəndə, məlum olur ki, deyilməmiş bir məsələ qalmayıb. Təəssüf ki, deyilən fikirlərini əksəriyyəti parlament zalında da qalır. Milli Məclisdə müxalifəti təmsil edən deputatların sayı və onların təsir mexanizmləri az olduğundan, onların təsəllisi təmsil elədikləri düşərgə qarşısında borclarını yerinə yetirib, sözlərini deyə bilməsidir. Parlamentdə təkcə öz partiyamızın maraqları barədə düşünmürəm, ümumilikdə müxalifətin, demokratik düşərgənin, ziyalıların, gənclərin, Azərbaycanın gələcəyini düşünən bütün insanların fikrini çatdırmağa çalışıram.

    – Müxalifət düşərgəsində bloklaşma və qruplaşma ənənəsi daha çox təqdir olunur. VHP nədənsə bu prosesdə iştirak etmir…

    – Vaxtilə müxalifətdə yaradılan bir çox bloklarda təmsil olunmuşuq, hətta bəzilərinin yaradılmasının təşəbbüskarı olmuşuq. Amma bu qurumlar uzunömürlü olmayıb. Bəziləri müəyyən xidmətini göstərib sıradan çıxıb, bəziləri kənar təsirə məruz qalıb və ya daxili münaqişələr nəticəsində dağılıb. Bu birliklər dağılandan sonra isə çoxlu qarşılıqlı ittihamlar yaranıb. Yəni “isinmədik istisinə, kor olduq tüstüsünə”. Əksinə, qazandığından beş qat artıq itirdiklərimiz olub. Ona görə, bloklara qoşulmaq fikrində deyilik. Amma ayrı-ayrılıqda bu partiyalarla münasibətlərimiz qalıb.

    – Sabir bəy, siz həm də dünya azərbaycanlıları arasında kifayət qədər tanınan diaspora təşkilatının – Dünya Azərbaycanlıları Konqresinin həmsədrisiniz. Deyə bilərsinizmi, Azərbaycan diasporu nə zaman daxili çəkişmələr olmadan milli maraqlar yolunda fəaliyyətini davam etdirəcək?

    – İnsan və cəmiyyət varsa, orada daxili çəkişmələr həmişə olacaq. Milli maraqlar anlayışını isə biz hələ diasporamıza öyrətməliyik. Milli maraqlarımızı bizim məktəbimiz yetərli öyrətmir, baxmayaraq ki, Azərbaycanda ana dilində təhsil müəssisələrimiz var və müəllimlərimiz vətənimizin tarixini uşaqlara öyrədirlər. Onu da nəzərə alaq ki, diasporamızın böyük hissəsi İran kökənlidir. Orada milli maraqları kim onlara öyrədir? Bu baxımdan DAK beynəlxalq qurumlarla əlaqə saxlayaraq, onlara Azərbaycanın problemlərini – işğal olunmağımızı, deportasiya edilməyimizi, İranda 35 milyon soydaşımızın milli haqlardan mərhum edilməsini çatdırır. Eyni zamanda təşkilatlanma işini aparırıq. Görüşlərimizin böyük hissəsi milli maraqları, ideyaları diaspora təşkilatlarına çatdırmaqdan ibarətdir. Lakin təəssüf ki, yerindən qalxan DAK-dan danışır. O heç bilmir ki, milli ideal nədir. Azərbaycan diasporunun bir çox təmsilçiləri məhz bu milli məktəbi keçmədiyinə görə, ümumi işə problem yaradırlar. Bakıda rus dilli məktəblər var. Bəyəm, bu məktəblərdə milli ideallarımıza, millətimizə, tariximizə, dinimizə, adət-ənənəmizə hörmət aşılanır? Tək-tək uşaqlar özləri gəlib bu mərhələyə çatırlar. Bəziləri milli baxımdan beyinləri yarımçıq böyüyür. Azərbaycan diasporunun nümayəndələri müxtəlif mənbələrdən gəldiyinə görə, bunların vahid xəttə gətirilməsi çox çətindir. Əvvəllər isə ümumiyyətlə mümkün deyildi. Mədəniyyət, idman, siyasi və bir sıra işlərdə səsin dünyaya çatdırması milli şüurun inkişafına yönələn işlərdir. Getdikcə də sadaladığım idealların ətrafında diasporamız birləşməyə gedir. Vaxtilə bunların heç biri yox idi. Erməni diasporu kilsənin ətrafında birləşib. Bizim məscidlərdə milli kimliyin dərki yox, milli kimlik şüurunun silinməsi prosesi gedib. Mollalarımızın çoxu məclislərdə özlərini İran mollası kimi aparırlar. İran, ərəb təfəkkürlü çıxışlar edirlər. Bir dəfə də olsun Azərbaycan tarixinə gəlib çıxmırlar. Yəni məscidlərimizdə birləşdirmək və ya milli şüuru aşılamaq cəhdləri yoxdur. Təbii ki, məscidlərdə müsəlmançılıq və ümumi insanpərvərliyə xidmət edilir. Amma diasporanı bununla qorumaq mümkün deyil. Əlbəttə diasporanın güclənməsində din amili də rol oynayır. Amma əsas milli maraqdır.

    – Güney Azərbaycanda baş verən prosesləri necə xarakterizə edərdiniz? Doğurdanmı baş verənlər bizim millət olaraq bütövləşməyimizə doğru gedir?

    – Şübhəsiz ki, bu yaxınlaşma gedir. Demək olar ki, 200 ildir əlaqələrimiz kəsilmişdi. Orada antisovet və sonra isə anti-Azərbaycan, burada isə antiiran və anti-islam təbliğatı. İndi isə bu proses bir xeyli azalıb. Əsas odur ki, get-gəl prosesi davam etdirilir və bu da yaxınlıq yaradır. Prinsipcə bu yaxınlıq elə səviyyədə ola bilər ki, millətin hansı dövlətin ərazisində yaşamasının əhəmiyyəti olmaz. Necə ki, Avropa ölkələrində bu var. Amma bundan ötrü Güney Azərbaycan türklərinin təhsil müəssisələri bərpa olunmalı və mədəniyyətin inkişafına şərait yaradılmalıdır. İran parçalanmaq istəmirsə, azərbaycanlılara bu hüquqları verməlidir. O hüquqları versə, aradakı Araz çayı üzərindəki sərhəd məntəqəsi mənasını itirər. Buradakılar da İrana qarşı bir iddia irəli sürməz.

    – Yeri gəlmişkən, İranın rəhbəri Xamneyiyə müraciət etmişdiniz? Cavab verdilərmi?

    – Çoxlu cavablar yazdılar və məni onların daxili işlərinə qarışmaqda ittiham etdilər. Xüsusən, Azərbaycan şəhərlərindən ünvanıma məktublar göndərdilər. Təbii ki, bunu məmurlar hazırlatmışdı. Məsələn, Təbrizdən adı və ya soyadı guya “Fars” olan şəxslər tərəfindən məktublar göndərdilər.

    – Güney Azərbaycan problemini qabartmaqla yüz illərlə türklərin rəhbərlik etdiyi indiki İran ərazilərini itirmək məsələsi meydana gələ bilərmi?

    – İran deyəndə bir fars dövlətini nəzərdə tutmuruq. İran min il türk dövləti olub və bu ölkənin hər tərəfində türklər yaşayır. Əlbəttə, orada tarixi Azərbaycan torpaqları bəllidir. Yəni türklərin hüquqları tanınmalıdır. Proses gedir. Bu milli hədəflərə doğru gedən yolda başlanan hərəkat, bu yoldan uzaqda olanları da içinə alır. Vaxtilə kommunistlər müstəqilliyimizi qəbul etmirdilər. Amma elə ki, azadlığımızı əldə etdik, onlar da özlərini bizlərdən olduğunu dedilər.

    – Sabir bəy, siz həm də ədəbiyyat adamısınız. Azərbaycanda çağdaş ədəbi mühiti necə adlandırmaq olar?

    – Doğrusu, bu didişmələr məni üzür. Elə bil gizli bir əl Azərbaycan siyasətçiləri arasında olduğu kimi ədəbi mühitdə də bütün dostluq körpülərini yandırmaqla məşğuldur. Dünənə kimi salam verən, bir yerdə oturub-duran adamlar, bu gün bir-birinə qarşı elə ittihamlar irəli sürür ki, adam xəcalət çəkir. Özləri bir yana, ağsaqqallarımızı, Azərbaycan ədəbiyyatında korifeylər olan adamları da cahil münaqişələrə qatırlar. Bu, mənə ağır gəlir. Bu ittiham olunan adamların bir çəkisi var. Heç kim yazıçı Anarı Azərbaycan ədəbiyyatı tarixindən silə bilməz. Anar bir ziyalı kimi ədəbiyyatımızda yazıları ilə böyük bir yol qoyub. Təbii ki, Azərbaycan Yazıçılar Birliyindəki işi ilə bağlı narazılıq var. Amma bu narazılıq onu yazıçı kimi ədəbiyyat tariximizdən silə bilməz. Yaxudda, Əkrəm Əylislini ittiham edirlər. Hətta Əkrəmlə Anar da bir-birinə qarşı yazılar yazır. Eyni şəkildə Əkrəmi də silmək olmaz. Şamo Ariflə Anarın arasında baş verənlər çox acınacaqlıdır. Bir mühitdə, bir yerdə böyümüş, hətta ataları dost olmuş adamların bu qədər kəskin fikirlər söyləməkləri təkcə özlərinə qarşı hörmətsizlik deyil, həm də cəmiyyətə qarşı saymamazlıqdır. İnsanlar bu şəxslərin atalarına ümid yeri baxırlar. Ona görə də buna son qoyulmalıdır. Mətbuat isə bu cür qarşıdurmaya yer verməməlidir. Öz aranızda anlaşılmazlıq, münaqişə var, gedin təklikdə həll edin. Bu qəzet mövzusu deyil axı… Mətbuata çıxanda bütün millətin ürəyində bir yara qalır. Süleyman Rəhimovun, Rəsul Rzanın yüz minlərlə oxucuları olub, indi də var. Burada Anarın, orada Əkrəmi, Fikrəti xırdala, bəs axırı necə olacaq?

    – Ədəbi gəncliyi necə qiymətləndirirsiniz?

    – Yaşlı və gənc nəsil arasında həmişə münaqişələr olub. Ədəbi gənclik indiki mühiti bəyənməməkdə düz edir. Çünki burada təkcə ədəbi yaradıcılığı bəyənməməkdən söhbət getmir. Bu qədər problemi olan Azərbaycan bir tərəfdə, müqavimət göstərə bilməyən ziyalısı olan Azərbaycan digər tərəfdə… Bir çox hallarda da hansı iqtidar gəlirsə, ona boyun əyməyə hazır olan bir mədəniyyət ordusu. Hamısı millətin hesabına böyüyüb, ad-san qazanıb, amma lazım olanda iradə göstərə bilmirlər. Cavanlar bunu görür və günahlarının çoxunu bizdə – yaşlı nəsildə bilir. Ona görə də ittiham edirlər. Bu ittihamlara haqq qazandırıram. Amma bu yerə gələnə qədər insanlar hansı əziyyətlərdən keçiblər? Bütün bu deyilənlər təkcə onlarınmı günahıdır? Azərbaycan hansı düşmənlərin əhatəsindədir? Bu baxımdan günahları qələm yoldaşlarımızın boynuna yıxmaqla nəyə nail ola bilərik? Məntiqlə baxılmadan bu ittihamların mənası qalmır. İstərdim ki, cavanlar yaşlılara daha hörmətlə, yaşlılar da gənclərə daha inamla yanaşsınlar. Sevinirəm ki, istedadlı bir nəsil yetişir. Əlbəttə onun içərisində vecsiz, bəzən də bilərəkdən tərbiyəsiz yazılar yazan, millətin əxlaqına hörmət etməyən, özünə və atasına, babasına hörmət etməyən cılız, bu yolla yazıçı olmaq həvəsinə düşənlər də var. Amma bunlar çox deyil.

    – Bu ictimai-siyasi proseslərdən kənarlaşıb bəs siz nə yazırsınız?

    – Son vaxtlar “Difai fədailəri” kitabım nəşr olundu, hazırda “Sunami” adlı romanım işıq üzü görəcək. İndidə yeni şerlər kitabımı nəşrə hazırlayıram. Bəzən gənclər deyir ki, müasir dövrü əhatə edən əsərlər yazmırsınız. Buna görə də müasir dövrü əhatə edən povestlərdən ibarət kitabımı da çap etməyi planlaşdırıram.

    – Əsərlərinizi “Ömür kitabı”nın davamı adlandırmaq olarmı?

    – O kitabın davamını Güney Azərbaycanla bağlı yazacaqdım və Azərbaycanın bütövləşməsini gözləyirdim. Təəssüf ki, Güney Azərbaycana getmək imkanım yoxdur.

    Ramil Məmmədli-APA

  • Füzuli və Cəbrayılın işğalından 18 il ötür

    Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 18 il keçir.

    Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli tarixi memarlıq abidələr, qiymətli meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni işğalçıları tərəfindən zəbt olunub. Cəbrayıl rayonunun işğalı nəticəsində Azərbaycan iqtisadiyyatına dəyən ziyan 3 milyard dollardan çoxdur. Mütəxəssislərin fikrincə, rayon işğal olunmasaydı, indi hər il azərbaycan iqtisadiyyatına milyonlarla manat xeyir verərdi.

    Məsələn, sovet dövründə Cəbrayıl rayonunda üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. 1992-ci ildə rayonda 60 min ton üzümçülük, 252 ton barama, 22 min ton taxıl ət, süd, yun istesal orlunub.İqtisadiyyata dəyən zərər aqrar və istesal sahəsindəki ziyanla bitmir. Aparılan hesablamalara görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Təkcə şəxsi evlər yox, dəyərinin hesablanması mümükün olmayan mədəni tarixi abidələr də işğal altındadır. Cəbraylın Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan 2 Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min kub m. olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.

    Cəbrayıl şəhərində diametri 250 sm, hündürlüyü 30 m, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 sm, hündürlüyü 30 m, yaşı 700 il olan 1 və diametri 800 sm, hündürlüyü 45 m, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 sm, hündürlüyü 30 m, yaşı 900 il olan 1 və diametri 370 sm, hündürlüyü 30 m, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 sm, hündürlüyü 30 m, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 sm, hündürlüyü 25 m, yaşı 800 il olan 1 ədəd Şərq çinarları qorunurdu.

    Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir.

    Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmamış, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan çinar ağacı kəsilib məhv edilibdir. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, həmçinin, çoxyaşlı iri diametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.

    23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt edilib

    Həmin gün ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt edilib. Füzuli rayonunun işğalı ilə Azərbaycan iqtisadiyyatına 5, 5 milyard manat ziyan vurulub.

    Hələ sovet dövründə Füzuli rayonunda üzümçülük, taxılçılıq, hevandarlıq, baramaçılıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən sayılıb. Məsələn, təkcə 2006-cı ildə Füzulinin işğal altında olmayan 500 kv.km-lik ərazisində 25601 ton taxıl, 12800 ton şəkər çuğunduru, 10000 ton tərəvəz, 782 ton meyvə istehsal edib. 2004-2007 ci illərdə Füzuli rayonundan olan 887 nəfər daimi işlə, 1900 nəfər isə mövsümi işlə təmin olunub.Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min kub m. olan Quruçay qum-çınqıl qarışığı yataqları vardır.

    Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25 m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m, yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları təbiət abidəsi kimi pasportlaşdırılıb və işğaladək mühafizə olunub.

    1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanmışdır.Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb: Geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağaclar bütünlüklə qırılıb.

    Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb. Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli rayonunun işğalı ilə 10-15-ci əsrlərə aid 25 tarixi abidə işğal altında qalıb. Əhalisinin sayı 108500 nəfər olan Füzuli rayonundan olan məcburi köçkünlər ölkənin 50 şəhər və 1250 kəndində məskunlaşıb. Məcburi halda müvəqqəti olaraq müxtəlif yerlərdə məskunlaşan məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir.