Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Polşa Sabir Rüstəmxanlını medalla və xüsusi diplomla təltif edib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edilib.  APA-nın məlumatına görə, təqdimetmə mərasimi Polşanın Konstitusiya Günü ilə bağlı Bakıda keçirilən mərasimdə reallaşıb. 

    Polşanın Azərbaycandakı səfiri Mixal Labenda mərasimdə çıxış edərək deyib ki, Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib. Sabir Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb. Səfir qeyd edib ki, Sabir Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb. Sabir Rüstəmxanlının tərcüməsində Adam Mitskeviçin “Krım sonetləri” (1985), “Krım sonetləri – pantodeuş” (1998) kitabları, həmçinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından kütləvi tirajla çap olunan “Seçilmiş əsərləri” Azərbaycan oxucusuna təqdim edilib. Sabir Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin də müəllifidir. 

    Mərasimdə çıxış edən Sabir Rüstəmxanlı Polşa dövlətinə təşəkkürünü bildirərək iki xalqın diplomatik əlaqələrinin 550 ilə yaxın bir tarixi əhatə etdiyini söyləyib: “Tarixin bütün dövrlərində Azərbaycan ərazisində yerləşən bizim dövlətlərin Polşa ilə sıx əlaqələri olub. Təkcə Azərbaycan Səfəvi dövləti ilə Polşa arasındakı əlaqələrin 540 il yaşı var”. O, Polşa Konstitusiyasının Avropada birinci, dünyada isə ABŞ-dan sonra ikinci yazılı Konstitusiya olduğunu da qeyd edib.

     

  • İrana neyləyə bilərsən?

    Elçin Zahiroğlu
    VHP Ali Məclisinin üzvü

    Azərbaycanda bu iki gənci artıq hamı tanıyır: Fərid Hüseyn və Şəhriyar del Gərani! 

    Təbrizdə şeir festivalına yollanan, mayın 2-də isə vətənə qayıdarkən Təbrizdə “naməlum istiqamətə” “yol alan”, ərşə çəkilən iki şair! 

    Bu iki şairin taleyilə bağlı hansı addımların atılması konusu cəmiyyəti iki yerə parçalayıb. Mövqeləri bilirsiniz, bu barədə danışmaq istəmirəm. 

    Sadəcə, reallıqları hamıdan yaxşı dərk edən siyasi analitiklərin naqolay və ya radikal bəyanatlarına toxunmaq istəyirəm. Axı onlar yaxşı bilir ki, ortada məkrli niyyət var: İran bu iki gəncin üstündə manipulyasiya etmək istəyir! Bunu sübut etmək üçün nə İran mollasına “Quran açdırmağa”, nə də xüsusi araşdırmalar aparmağa ehtiyac yoxdur. Sadəcə, fikir vermək lazımdır ki, Bakı məsələyə soyuqqanlı yanaşdıqca, üstəlik, İrana qarşı münasibəti sərtləşdirdikcə şairlərimizə sürülən ittihamlar “tündləşir”. Xatırlayırsızsa, şairlərlə bağlı əvvəl «miqrasiya qanununu pozduqları» üçün həbs olunduqları haqda qeyri-rəsmi açıqlama verildi, sonra narkotik ittihamına cəhd edildi, indi isə onların dar ağacından asılması müzakirə mövzusuna çevrilir – «Mossadla əməkdaşlıq» gündəmə gətirilib. Baxmayaraq ki, ETTALAAT sədri «istintaqın getdiyini» bildirir, bu barədə rəsmi mövqeyi dilə gətirməyin «hələ tez olduğunu» söyləyir… 

    “Hələ tezin” Azərbaycana düşünmək, mövqeyini “dəqiqləşdirmək” üçün daha bir şans olmasını adi vətəndaşlar bilməyə bilər, amma prosessləri izləyənlərə bu, gün kimi aydındır. Belə bir məqamda ziyalıların məsələyə qarışması göydəndüşmə bir hadisə oldu. Ağıllı adamlar bilir ki, bütün dünyaya meydan oxuyan, heç bir beynəlxalq qadağalardan çəkinməyən bir dövlətlə bu məqamda pişlim-pişlimlə danışmaq lazımdır. Əlbəttə, biz müstəqil dövlətik, dövlət qürurumuz var! Amma ortada iki gəncin taleyi tükdən asılı bir vəziyyətdədir: Nişanlısından borca pul götürüb şeir festivalına gedən Fərid Hüseyn və anasının müalicəsi ilə bağlı bir neçə dəfə İranda olduğundan ona «bələdçilik edən» şair dostu Şəhriyar del Gerani! Hər halda bu gənclər siyasi mübarizənin, qürurun qurbanına çevrilməməlidir. Hələ nəzərə alsaq ki, bunların qurban verilməsilə nə İranın Azərbaycana qarşı münasibəti dəyişəcək, nə də 35 milyonluq soydaşlarımızın hüquqları bərpa olunacaq. Eləsə məsələylə bağlı deyilən hər bir sözü götür-qoy etmək lazım gəlir. Ziyalıların “mədəni müstəvi” çərçivəsində yalnız “ziyalı təşəbbüsü” unikal addımdır. (Bəlkə bu mövqe İran üçün də bir örnək ola: istədiklərini almaq üçün kimlərisə qaçırmaqdan yox, ictimaiyyətin gücündən yararlana). Çünki İran regionun ən güclü dövlətlərindən biridir: 1.500 km-dən hədəfi dəqiq vura bilən yarımballistik raketlərini, kimyəvi silahlarını, HHM komplekslərini – hər şeyi bir kənara qoyuram, yarımhərbi sistemə malik İran cəmi 3 günə 12 milyon əsgər toplamağa qadirdir.

    Türkiyə kimi dövlət beynəlxalq sularda vurulan kəşfiyyat təyyarəsinə görə özündən qat-qat zəif və dünyanın üstünə yeridiyi Suriyaya meydan oxuya bilmirsə, sən iki gəncə görə İrana neyləyə bilərsən? 

    Bəli, İran fövqəldövlət deyil, dünyanın mizanı ayrı istiqamətdədir və beynəlxalq hüquq müstəvisində ədalət tələb edə bilərik. Bəlkə də Beynəlxalq Haaqa Məhkəməsinə müraciəti gündəmə gətirməkdə də ziyalılar haqlıdır. Amma bütün iqtisadi-siyasi embarqolara rəğmən tutduğunu buraxmayan, MAQATE kimi beynəlxalq qurumla əməkdaşlıqdan imtina edən və nüvə silahına doğru irəliləyən İran Haaqa Məhkəməsinə verilməsindənmi çəkinəcək? 

    Dövlət maraqları və ölkənin öz iradəsini ifadə etməsi məhz «beynəlxalq hüquq normalarından» keçir. Mənimçünsə ayrı məsələ maraqlıdır. Beynəlxalq Hüquq Fəridlə Şəhriyara nə verəcək? «Dövlət iradəsinin» dünyadakı izharı iki gəncin həyatı bahasına başa gəlməyəcək ki?! 

    Məncə ziyaylılar da, dövlət də, siyasətçilər də bunun məsuliyyətini hiss eləməlidir. 

    Burda iki insan taleyi ortadadır: Bu iki şəxsin indiyə qədər hər hansı ciddi ictimai-siyasi yazısını, geopolitik analizini görən, oxuyan varmı? Eləsə, niyə bu gənclər hansısa siyasi maraqların, iradə nümayişinin güdazına getməlidirlər? Dövlətlərarası münasibətlər niyə iki məsumun başında çatlamalıdır?

    Onsuz da Fəridlə Şəhriyarın bundan sonrkı həyatları ala-qaranlıq olacaq. Bu gün azad olunsalar belə, vətəndə heç də arxayın, rahat, firavan gələcək gözləmir bu gəncləri. Həyatın bərk-boşuna düşməyən, iradə baxımından hələ möhkəmlənməyən, ictimai-siyasi mübarizələrdən tam kənarda, mum kimi yup-yumşaq iki sütül ədəbiyyat adamından ETTALAAT-ın zirzəmisində «nə düzəldildiyi» barədə hələ çox sorğu-suallar olacaq, nə vaxtsa əsəbiləşən həmkarlarının bu «ləkədən» öz maraqlarına uyğun istifadə etməyəcəkləri də mübahisəlidir. 

    Söhbət artıq taleyin ən ciddi zərbəsini alan gənclərin həyatından gedirsə, onların xilasını istəyiriksə, Bakıda qəhrəmanlıq eşqinə düşməyək. Hamı bilir ki, İran barədə bəyanatlar səsləndirmək artıq elə də böyük qəhrəmanlıq, vətənpərvərlik tələb eləmir. Fəridlə Şəhriyardan danışırıqsa, İran barədə cəsarətli və qorxmaz fikirlərimizi, qəhrəmanlığımızı bir kənara qoyaq – hələlik!..

  • İbrahim Quliyevə

    Hörmətli İbrahim bəy!

    Milli Azadlıq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulan, müstəqil Azərbaycan mediasının yaranmasında və inkişafında böyük xidmətləri olan və bu mənada, Azərbaycanda ictimai fikrin formalaşmasında çox ciddi rolu olan bir qəzetin qələmini ən çətin anlarda belə yerə qoymayan “Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyevin doğum günüdür.

    Sözüylə və həyatıyla hər zaman millətinin azadlığı uğrunda mübarizədə olan İbrahim bəy həm də özündən sonrakı nəsl üçün ziyalı xə azad söz örnəyidir.

    İbrahim bəy, sizi sözünüzlə mübarizə meydanına çevirdiyiniz “Vətəndaş Həmrəyliyi”nin millətin azadlıq qapısı kimi açılan səhifələrində həmişə Sizi görmək arzusu ilə təbrik edir, Sizə uzun ömür və can sağlığı arzulayırıq.

    VHP sədri Sabir Rüstəmxanlı
    və Siyasi Şurası

  • “Heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar”

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının sədri, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. İyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyib, N.Qubadov isə polisdən məhkəmə ordeninin olub-olmadığını soruşub. 
       
       Və bu zaman mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Belə ki, N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb. Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən VHP sədri Sabir Rüstəmxanlı deyib ki, bu məsələni Rayon Polis Şöbəsinin bu qədər şişirtməsi düzgün deyil. Onlar işi bu yerə gətirib çıxartmaya bilərdilər. Çünki N.Qubadov Abşeron rayon təşkilatının sədridir. Və həm sədr, həm də işçi kimi kollektivdə hər kəs ondan razıdır. Sadəcə məişət zəminində qonşular arasında mübahisə düşüb və polis də hadisəyə müdaxilə edib. Və müdaxilə də bir az kobud şəkildə olub. Əgər normal tərzdə münasibət göstərilsəydi, bu iş də bu qədər böyüməzdi. S.Rüstəmxanlı deyib ki, hadisənin bu qədər böyüməsinin səbəbi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir: “Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Ona görə də özlərini aparmaqlarından onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. Qeyd edək ki, S.Rüstəmxanlı Niyaz Qubadovun qohumu olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: “N.Qubadov mənim qohumum deyil. Sadəcə, o da mənim kimi Yardımlı rayonundandır”.


    Şərq qəzeti

  • Gənclər İran səfirindən görüş istədilər

    Samir Əsədli  (VHP Gənclər Təşkilatı), Tural Abbaslı (Müsavat Gənclər Təşkilatı), Əbülfəz Qurbanlı (AXCP Gənclər Komitəsi), Üzeyir Məmmədli (“NİDA” Vətəndaş Hərəkatı), Ülvi Həsənli (Azad Gənclik Təşkilatı), Zaur Əkbər (“Gənclər Klubu” İB), Rəhim Vəliyev (“Müsbət Dəyişiklik” Gənclər Hərəkatı)  İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramiyə görüş üçün müraciət etdilər.

    Məktubda deyilir: “ Uzun müddətdir ki, İran İslam Respublikasında saxlanan azərbaycanlı şairlərlə bağlı məsələ ölkə ictimaiyyətini narahat edir. İki aydan çoxdur ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İranda həbsdədirlər. İstintaq başa çatanadək onları ayrı-ayrı yerlərdə saxlayıblar. Yalnız 22 gündən sonra şairlər görüşə biliblər. Bu müddət ərzində Fərid Hüseyn və Şəhriyar Hacızadə yalnız 3 dəfə yaxınları ilə telefon əlaqəsi saxlayıblar. Biz başa düşürük ki, İran mediasında yayılan xəbərlər İranın rəsmi mövqeyi deyil, amma İranın rəsmi dairələri də Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir.  Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”.

    Daha sonra qeyd edilir ki, gənclər arasında həbslərlə bağlı İrana qarşı gərginlik artmaqdadır və biz bunun əleyhinəyik. Ölkənin siyasi-ictimai hadisələrinə biganə qalmayan gənc liderlər olaraq İranda saxlanılan şairlərimiz ilə bağlı məsələ ətrafında və ümumiyyətlə son dövrdəki gərginliyin aradan qaldırılması üçün sizinlə görüşüb müzakirə etmək istəyirik.

  • Azərbaycan şeiri Oksfordda səsləndi

    Xalq şairi Sabir Rüstəmxanlı may ayının 8-9-da Oksford Universitetinin dəvəti ilə bu dünyaca ünlü təhsil ocağında olub və uluslararası şeir və musiqi festivalında çıxış edib.

    Festival mayın 8–də Universitetin məşhur «Musiqi Salonu»nda açılıb. Bu salonun musiqi tarixində yeri ona görə böyükdür ki, vaxtilə orada Avropanın ən böyük bəstəkarları müəllif konsert vermişlər. Bu dəfə isə tarixi salon Şərq-Qərb musiqisi və sözünün qovşaq nöqtəsi və ya dialoq meydanıydı.

    Gecənin birinci hissəsində yeri musiqiçilərlə bərabər Türkiyədən, Türkmənistandan, Rusiyadan gələn sənətkarların ifaları səslənib. Pianoçular Dünya Nurməmmədovanın, Maral Yaxşiyevanın, Türkmənistanı təmsil edən, əslən Güney Azərbaycandan olan Həsən Məmmədovun, teremin ustası, moskvalı Lidiya Kovinanın repertuarında Avropa və Asiya musiqisinin gözəl bir dialoqu yaranıb.

    İkinci hissədə isə öncə yeni çapdan çıxmış Avropa və Asiya şairlərinin şeirləri toplanmış məcmuə təqdim edilib. Məcmuənin böyük bir hissəsi Sabir Rüstəmxanlının ingiliscəyə çevrilmiş şeirlərinə ayrılıb.

    Görüşdə Sabir Rüstəmxanlı Bakıda ingiliscəyə sətri tərcüməylə birgə buraxılmış yeni şeirlər kitabını da təqdim edib.

    Oksford Universitetinin müəllimlərindən araşdırmaçı alim Con Ballam, Londondakı Azərbaycan Evinin rəhbəri Alı Tegin Atalay, görüşün təşkilatçılarından olan şair, Türkiyə Erdahan Universitetinin müəllimi Annaquli Nurməmmədov gecənin əhəmiyyətindən, o cümlədən azərbaycanlı qonağın yaradıcılığından danışıb. Sonra İngiltərə, Kanada, İsveçdən gəlmiş şairlər çıxış edib.

    Sabir Rüstəmxanlı İngiltərə-Azərbaycan ədəbi əlaqələrindən, xalqların yaxınlaşmasında diasporanın önəmindən danışıb. Sonra gecədə Sabir Rüstəmxanlının şeirləri Azərbaycan və ingilis dillərində oxunub.

    Söz və musiqi bayramı mayın 9-da gəmidə davam edib. 

    Mayın 10-da Sabir Rüstəmxanlı Azərbaycanın İngiltərədəki səfirliyinin təşkil etdiyi mərasimə qatılıb, Azərbaycan icmasının nümayəndələri, Avropa Azərbaycan Cəmiyyətinin üzvləri ilə görüşüb. Həmin gün axşam Londondakı Azərbaycan Evində Avrasiya musiqi və şeir festivalı çərçivəsində çıxış edən Sabir Rüstəmxanlı son günlər İranda təşkil olunan anti-Azərbaycan təbliğatına münasibət bildirib, azərbaycanlıların 200 ildən bəri üzləşdikləri faciələri beynəlxalq təşkilatlara çatdırmaq baxımından DAK-ın gördüyü işlərdən danışıb.

    Görüşdə Sabir Rüstəmxanlının Azərbaycan və ingilis dilində çap olunmuş «Sənsizliyi yaşamaq», eləcə də Oksford Universitetinin buraxdığı «May düşüncələri» kitablarının təqdimatı da keçirilib.

     

     VHP Mətbuat Xidməti 

  • Arif İsmayılbəyli-55

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiya sədrinin müşaviri Arif İsmayılbəylini 55 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

     Hörmətli Arif bəy!

    Sizi 55 illik yubileyiniz müasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar arzulayırıq.

    Siz gənclik illərindən Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda başlayan mübarizənin önündə olmusunuz. Lənkəran ziyalılarının Milli Azadlıq Hərəkatında səfərbər olunması və hədəflərimizə çatmaqda böyük xidmətlər göstərmisiniz.

    1992-93-cü illərdə Lənkəran rayon İcra Hakimiyyəti başçısının birinci müavini olaraq gördüyünüz işlər, apardığınız islahatlar hələ də yaddaşlardadır. Sizin birbaşa təşkilatçılığınız və iştirakınızla müharibə bölgəsinə, birbaşa cəbhənin ən qaynar nöqtələrinə xalq yardımlarının çatdırılması həmin dövrdə aparılan döyüşlərin taleyinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

    Siz 1993-cü ildən sonra da ictimai-siyasi həyatdan ayrılmamısız və Azərbaycanda demokratik, hüquqi dövlətin, vətəndaş cəmiyyətinin qurulması istiqamətində var qüvvənizlə çalışmısınız.

    Sizin vətəndaş həmrəyliyi ideologiyasına üz tutmağınız və demokratik mübarizənizi 10 ildən artıqdır VHP sıralarında davam etdirməyinizdən çox məmnunuq. İnanırıq ki, Azərbaycanın müstəqilliyi kimi, demokratik və sivil bir dövlət quruluşunda yaşamaq da qismətinizə düşəcəkdir.

     

    Hörmətli Arif bəy!

    Bir daha Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə uzun ömür, ailə səadəti, siyasi mübarizənizdə və fəaliyyətinizdə uğurlar arzulayırıq.

     

    Sayğılarla,

     Sabir Rüstəmxanlı və VHP Siyasi Şurasının üzvləri

  • VHP yubileyə hazırlaşır

    Vətəndaş Həmrəyliyi Partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli  bildirib ki, VHP-nin 20 illik yubileyinə hazırlıq işləri gedir: “Sentyabrın 26-da VHP-nin təsis olunmasının 20 illiyi tamam olur. Bu münasibətlə partiyada ciddi hazırlıq işləri gedir. Artıq kitabın bir hissəsi hazırdır. Yubiley tədbirinin sentyabrın 26-da keçirilməsi nəzərdə tutulub. İlin sonundan başlayaraq partiyanın qurultaya hazırlıq işlərinə start veriləcək, rayon təşkilatlarının yığıncağı keçiriləcək”.

    “VHP-20” adlı kitabda partiyanın 20 il ərzində keçdiyi yol, iştirak etdiyi seçkilər, keçirdiyi tədbirlər, qatıldığı forumlar, rayon və gənclər təşkilatları, Qadınlar və Ağsaqqallar Şurası barədə məlumatlar öz əksini tapacaq. Kitabda eyni zamanda bir sıra partiya üzvlərinin yazıları olacaq”.

     

  • “İctimai Palata vahid namizəd müəyyənləşdirməsə fəaliyyətini dayandıracaq” – MÜSAHİBƏ

    Vətəndaş Həmrəyliyi Partiyası  Ali Məclisinin sədri, İctimai Palata Koordinasiya Şurasının üzvü  Rafiq Manaflı Publika.Az-ın suallarını cavablandırıb.
     
    – İctimai Palatada prezidentliyə vahid namizədin müəyyənləşməsinin çətinliyi barədə proqnozları tez-tez eşidilməyə başlayıb. Vəziyyəti siz necə qiymətləndirirsiz?
    – Hər kəs bu mövzuda şərh verməyə çalışır. Bu məsələlərin haradan qaynaqlandığını deyə bilmərəm. Amma mən mürəkkəb bir situasiya görmürəm. Seçki mühiti formalaşandan sonra necə olacaq, nə olacaq, bu, ayrı məsələdir. 
    Hesab edirəm ki, İctimai Palatanın seçkiyə vahid namizədlə getməyə kifayət qədər iradəsi var. Bizim 2003-cü il təcrübəmiz unudulmayıb. O zaman beynəlxalq birlik müxalifətə ona görə soyuq yanaşdı ki, həmin qüvvələr bir yerdə, vahid çətir altda deyildi. Artıq bilirik ki, vahid namizədlə seçkilərə getməmək nəyə gətirib çıxarır… 
    Proseslərə indi də hərə bir cür baxır, çoxları kənardan qiymət verir və qeyri-obyektiv fikir yürüdürlər. Hadisələrin mərkəzində olan adam kimi deyirəm ki, biz seçkilərə vahid namizədlə gedə bilərik. 
    – Belə bir ehtimal da səslənir ki, Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli öz aralarında namizədlə bağlı anlaşa bilməsələr, İctimai Palata dağılacaq…
     
    – İstəməzdik proseslər bu istiqamətdə inkişaf etsin. Vahid namizəd məsələsi İctimai Palata çərçivəsində həll olunmasa, o halda onun fəaliyyətinə nə ehtiyac var? İctimai Palata vahid namizədini müəyyənləşdirməsə fəaliyyətini dayandıracaq.
    – Sizcə, İctimai Palatada İsa Qəmbər və Əli Kərimlidən başqa kimlər vahid namizəd ola bilər? 
    – İctimai Palata vahid namizəd olacaq şəxsləri müəyyənləşdirib. Bunlar Əli Kərimli və İsa Qəmbərdir. Kimin siyasi çəkisi daha artıq olacaq, bu, zamanı gələndə bilinəcək.
    – Neytral bir şəxsin vahid namizəd olması variantı da mətbuatda müzakirə olunur… 
    – Mən belə bir neytral adam tanımıram Hər halda İctimai Palata özünü təsdiq etmiş, müxalifətin ən güclü mərkəzlərindən biri olaraq status qazanmış bir qurumdur. Eyni zamanda siyasi qüvvələrə diktə etmirik ki, hamı yalnız bizimlə hesablaşsın. 
    Normal seçki mühitinin formalaşdırlması ilə yanaşı müxalifətin daha çox qüvvəsinin İctimai Palataya cəlb edilməsi işi aparılır. Bütün iddialı qüvvələri tanıyırıq və bilirik ki, adını çəkdiyim şəxslərə ciddi rəqib yoxdur.  
    – AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, İctimai Palatanın vahid namizədi olacaq şəxs qurumdan kənar siyasi qüvvələrin dəstəyini də qazanmalıdır. Sizcə, adını çəkdiyiniz şəxslərdən hansı bu dəstəyi qazanmağa yaxındır?
    – Bu sualın cavabını vermək çox çətindir. Fərqindəyik ki, İctimai Palatanın vahid namizədi olacaq şəxs müxalifətdə olan əsas qüvvələrin dəstəyini qazanması çox vacibdir. Bu istiqamətdə fəaliyyətmiz davam edir. Əsas məqsədimiz odur ki, bütün qüvvələrlə bu məsələ razılaşdırılsın. 
    Hesab edirəm ki, vahid namizədlə bağlı müzakirələr hələ tezdir. Demokratik seçki mühiti yaradılmalıdır. Birinci növbədə qanunlarda dəyişikliklər aparılmalıdır. Seçki komissiyaların tərkibində xüsusi dəyişikliklər edilməlidir. Bu məsələyə nail olmadan müxalifət üçün seçkilər çox çətin olacaq. 
    – Müxalifətin vahid seçki blokunun yaradılması perspektivini necə dəyərləndirirsiniz? 
     
    – Müxalifətin bütün qüvvələri bir mərkəzdə toplana bilmirsə, İctimai Palataya kimsə gəlmirsə, quruma kimisi istehza, kimisi barmaqarası yanaşırsa, bu qüvvələrin vahid seçki blokunda toplanması nə qədər realdır? Mən bunu real hesab etmirəm. Söhbət kiminsə İctimai Palataya gəlib-gəlməməsindən getmir. Ən azından əməkdaşlıq haqqında müəyyən razılaşmalar əldə olunmalıdır, bundan sonra ortaq bir qurumun yaradılmasından söhbət gedə bilər. Hələ ki, bu, yoxdur. 
    – Müxalifət bir mərkəzdə təmsil olunmursa, hər halda günahkarlar da axtarılmalıdır…
    – İyirmi illik bir yol gəlmişik. Müxalifətdaxili ümumi siyasi gedişlər olub. Bəzən kimsə başqalarından inciyib, kimsə başqalarını özündən küsdürüb Situasiya elədir ki, o inciklərin üstündən adlayıb bir yerə toplanmaq lazımdır. Adlaya bilənlər isə bu gün İctimai Palatadadırlar. Qalan qüvvələr də anlayacaq ki, kənarda qalmaq mümkün deyil.  Keçmişdə olanların keçmişdə qaldığını qəbul etsək bir yerə gələ biləcəyik. Xəyanət olmayıbsa, qalan bütün günahlar bağışlanıla bilər.
    – Seçkilərə kimi bunun baş verəcəyinə inanmaq olarmı?
    – Əlbəttə, bütün qüvvələr bir araya gəlməyəcək. Kənarda qalanlar da olacaq. Cığallıq edənlər də var. Əsas istəyimiz odur ki, cəmiyyətdə qəbul olunan, siyasi çəkiyə malik qüvvələr bir arada olsun. Üç-beş nəfərlik partiyalar qıraqda qalacaqsa, bu bizi o qədər narahat etmir. 
    – İctimai Palata indiki formatında seçki mühitinin yaradılması işini qura biləcəkmi, bəlkə yeni bir birlik formatı düşünülməlidir? 
    – Hesab etmirəm ki, söhbət formatdan gedir. Söhbət seçki mühitinin yaradılmasında məsul olan iqtidar nümayəndələrinin məsələyə münasibətindən gedir. 
    – Siz İctimai Palatada şəxs qismində təmsil olunursunuz. Partiyaların təmsil olunduğu seçki qurumunun yaradılmasına ehtiyac görürsünüzmü?
    – Prinsip etibarilə belə bir şərait var. İctimai Palata 80-ci illərin sonundakı Xalq Cəbhəsinin prototipi kimi yaradılıb. Azərbaycan cəmiyyəti təkcə siyasi partiyalardan ibarət deyil . Biz cəmiyyətin ən geniş təbəqələrini İctimai Palataya cəlb etmək məqsədilə vətəndaş cəmiyyəti formatını seçmişik.

    Ömər Əmirov
    Publika.Az
  • DAK-ın Ukraynada XII qurultayı keçirilib – FOTOSESSİYA

    Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK həmsədri, Mahmudəli Çöhrəqanlı DAK Məşvərət Məclisinin sədri seçilib

    Donetsk. Ramil Məmmədli-APA. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII qurultayı keçirilib.

    APA-nın məlumatına görə, “Viktoriya” mehmanxanasında keçirilən qurultaya dünyanın 30 ölkəsindən 110 nümayəndə və qonaq qatılıb. Qonaqlar arasında Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı, xalq artisti Afaq Bəşirqızı, Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı, Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin, Ukrayna energetika nazirinin keçmiş müavini Burcu Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də olub.

    Azərbaycanın dövlət himni ilə başlayan qurultayda əvvəlcə çıxış üçün söz qonaqlara verilib.

    DAK-ın Ukrayna Nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov qurultayın Donetskdə keçirilməsinə şərait yaratdıqları üçün Ukrayna hökumətinə, Donetsk vilayətinin və şəhərinin rəhbərliyinə təşəkkürünü bildirib. M. Hüseynov DAK-ın fəaliyyətinin əhəmiyyətindən və qarşıda duran məqsədlərdən danışıb.

    GAMOH sədri Mahmudəli Çöhraqanlı isə çıxışında İranda yaşayan türklərin haqlarının pozulmasına toxunub. O deyib ki, İranda milyonlarla Azərbaycan türkü öz hüququnun bərpası üçün mübarizəyə başlayıb: “20 il əvvəl Güney Azərbaycanda öz fərdi haqqını tələb edə bilməyən türklər, bu gün milli kimliklərinin bərpası uğrunda ciddi hərəkata başlayıblar. Artıq milli hərəkatımız yüksəliş mərhələsindədir. Əlbəttə 35 milyonuq, amma əliyalınıq, arxamızda heç kim olmadan mübarizə aparırıq. Ümid edirəm ki, güneyli türklər öz soydaşlarından lazımı dəstəyi alacaqlar və layiq olan haqlarını əldə edəcəklər”. M. Çöhrəqanlı bölgədəki mövcud vəziyyətə və DAK-ın fəaliyyətinə də toxunub. O, birgə əməkdaşlığın milli və dövlət maraqları üçün xüsusi əhəmiyyətini də vurğulayıb.

    Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya dünya türklərinin problemlərinə toxunub. O Türkiyənin 30 ilə yaxındır terrorla qarşı-qarşıya olduğunu deyib: “Buna baxmayaraq, Türkiyə bütün bu problemlərin öhdəsindən gələ biləcək və terrora qalib gələcək”. Güney Azərbaycan türklərinin problemlərinə də diqqəti yönəldən A. Qaya bildirib ki, Türkiyə parlamentində Güney Azərbaycandakı türklərin hüquqları ilə bağlı məsələnin müzakirəsini gündəmə gətirilməsi üçün dəfələrlə öz təklifləri ilə çıxış edib.

    İraq Türkmən Cəbhəsinin nümayəndəsi, İraq parlamentinin deputatı və DAK-ın həmin ölkə üzrə təmsilçisi Əkrəm Fevzi ana dilinin önəmi barədə danışıb. O, türklərin təzyiqlərə qarşı birgə mübarizəsinin əhəmiyyətini vurğulayıb. Ə. Fevzi DAK-ın növbəti qurultayının Kərkük şəhərində keçirilməsi təklifi ilə də çıxış edib.

    Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin qurultay iştirakçılarının təbrik edərək diqqəti Güney Azərbaycanın müstəqilliyinin əldə olunması ilə bağlı mübarizəyə yönəldib: “Müstəqilliyimizin yaranması üçün uyğun şərait yaranıb. Bu, dövlətçiliyimizin yaranması üçün böyük şansdır”. M. Bilgin DAK-ın Güney Azərbaycan hərəkatına verdiyi dəstəyin davamlı olacağına ümid etdiyini də söyləyib.

    Güney Azərbaycan İstiqlal Partiyasının sədri Eldar Qaradağlı əməkdaşlığın vacibliyini söyləyib və Azərbaycan Cümhuriyyətinin güneyli türklərin problemlərinin dünyada təbliğinə dəstək verəcəyinə ümid etdiyini də bildirib. 

    Sonra toplantıda mandat komissiyası və Divan seçilib.

    DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və təşkilatın digər qurumlarının rəhbərləri hesabat xarakterli çıxış ediblər.

    Sabir Rüstəmxanlı deyib ki, DAK ötən iki il ərzində əsas diqqəti təşkilatlanmaya və beynəlxalq əlaqələrin genişlənməsinə yönəldib: “Beynəlxalq əlaqələr çərçivəsində Güney Azərbaycan məsələsi, Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi işlər aparılıb. Təşkilatın fəaliyyət coğrafiyası çox geniş olub. Bu gün dünyada həm güneydən, həm də quzeydən olanların sayı çoxdur. Onların birgə fəaliyyət göstərməsi daha vacibdir. Yoxsa münasibətlərin soyuması prosesi dərinləşə bilər. Təvazökarlıqdan uzaq olsa da, bəzən Güney Azərbaycanın qeyri-rəsmi səfiri funksiyasını yerinə yetirməli oluram. Əslində bu, tez-tez baş verir. Nəzərə alınmalıdır ki, Güney Azərbaycandan olan tələbələrin təhsilində güzəştlərin tətbiqi çox vacibdir. Parlamentdə bunu dəfələrlə söyləmişəm, yazılı qayda da hökumətə müraciət də etmişəm. Bu məsələyə etinasızlıq milli dəyərlərə xəyanətdir”.

    S. Rüstəmxanlı Azərbaycan türklərinin lobbiçilik fəaliyyətinin gücləndirilməsi məqsədilə xarici dillərdə yayımlanan televiziya kanalının və qəzetin yaradılmasına ehtiyac olduğunu da söyləyib.

    DAK həmsədiri Firudin Pərvizniya təşkilatlanmada və fəaliyyətin inkişaf etdirilməsində iqtisadi imkanların genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Güney Azərbaycan türklərinin haqlarının pozulmasına toxunan F. Pərvizniya istənilən halda azərbaycanlıların haqlarının bərpasına nail olacaqlarını söyləyib.

    DAK İdarə Heyətinə keçirilən seçkidə 19 nəfər – Sabir Rüstəmxanlı, Vaqif Arzumanlı, Xəzər Emin, Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Qaya, Güney Azərbaycandan Şəhzad Cahanpənah, Rusiyadan Abuzər Bağırov, Tahir Hacıyev, Rəhman Abbasov, Kənan Ağazadə, Avropadan Firudin Pərvizniya, Əjdər Tağızadə, Güney Azərbaycan Demokrat Partiyasının sədri Eldar Qaradağlı, Rəhmət Rafət, Möhlət Hüseynov, Fuad Ağayev, İraq parlamentinin üzvü Əkrəm Fevzi, ABŞ-dan isə Esmira Əsgərova seçilib. 

    DAK-ın 50 nəfərlik Məşvərət Məclisinin sədri vəzifəsinə isə GAMOH lideri Mahmudəli Çöhrəqanlı seçilib. Qurumun Nəzarət və Təftiş Komissiyasına isə Samir Əsədli rəhbərlik edəcək.  
     
    Daha sonra İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib və Sabir Rüstəmxanlı və Firudin Pərvizniya DAK-ın növbəti müddətə həmsədri seçiliblər. Eldar Qaradağlı, Vaqif Arzumanlı, Xəzər Emin, Abuzər Bağırov DAK həmsədrinin müavini təyin olunublar.