Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • DAK-ın XII qurultayı Ukraynanın Donetsk şəhərində keçiriləcək – FOTO

    Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, DAK həmsədri Sabir Rüstəmxanlı təşkilatın XII qurultayının vaxtı və yeri haqda məlumat verib, eyni zamanda qurum ətrafında gedən söz-söhbətlər barəsində də danışıb. 

    S. Rüstəmxanlı bildirib ki, DAK-ın XII qurultayı aprelin 21-də, 22-də və 23-də Ukraynanın Donetsk şəhərində keçiriləcək. Qurultayda dünya azərbaycanlılarının problemləri, Güney Azərbaycan məsələsi, İran türklərinin haqlarının pozulması və digər mühüm məsələlər müzakirə ediləcək. Tədbirin sonuncu günü diaspora təşkilatlarının nümayəndələrindən ibarət koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulub. Türkiyə telekanallarından birinin qurultayın açılış mərasimini canlı yayımlaması planlaşdırılır. 

    S. Rüstəmxanlı DAK-ın diaspora təşkilatları arasında ən nüfuzlu qurum olduğunu diqqətə çatdıraraq bundan narahat olan qüvvələrin qurum daxilində parçalanma yaratmaq cəhdlərinin olduğunu söyləyib: “Konqres təsis olunduğu 15 ildə çox böyük yol keçib. Konqresin ilk qurultayı İran bayrağı altında keçirilmişdi. Bu gün artıq DAK Azərbaycan xalqının milli ideallarının ifadəçisidir və dünyanın bir çox ölkəsində təmsilçiliyi fəaliyyətdədir. Bu da həm İranda, həm də bizə düşmən olan dövlətlərdə narahatlıq doğurur. Konqresə iddialı qüvvələr var. Əslində bu cür fəaliyyət azərbaycanlıların birliyinə xəyanətdir. Biz çalışırıq ki, azərbaycanlıların milli birliyinə gedən yolda DAK bütün imkanları səfərbər etsin. DAK-dan çıxan və ya çıxarılan bəzi şəxslər Belçikanın paytaxtı Brüsseldə birlik konfransı adı altında tədbir keçiriləcəyi haqda xəbərlər yayırlar. Biz birliyin tərəfdarıyıq. Bu səbəbdən də bu insanları qurultaya dəvət edirik. Burada heç bir problem yoxdur. Bundan sonra DAK ətrafında söz-söhbətlərə son qoyulacaq”. 

    S. Rüstəmxanlı DAK-ın gələcək hədəfləri haqqında da danışıb. 

  • 31 mart soyqırımı İsveçdə və Rusiyada anıldı

    Azərbaycanlıların 31 mart soyqırımı İsveçdə və Rusiyada geniş tədbirlərlə qeyd edilib. Bu barədə həmin tədbirlərdə iştirak edən millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı məlumat verib.

    Millət vəkilinin bildirdiyinə görə, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı ilə bərabər Stolholm və Yoteburqda Azərbaycan diaspor təşkilatlarının soyqırımla bağlı təşkil etdikləri mərasimlərdə çıxış ediblər. Həmçinin Azərbaycanın son iki əsrdə yaşadığı faciələrin dünya ictimaiyyətinə çatdırılması, DAK-ın 12-ci qurultayına hazırlıq və s. məsələlərlə bağlı diaspor nümayəndələri ilə müzakirələr keçiriblər. Avropada fəaliyyət göstərən Güney Azərbaycan siyasi qurumları və Azərbaycan dərnəklərinin fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində isə birgə razılıq əldə edilib.

    Millət vəkili Sabir Rüstəmxanlı və Adil Minbaşı daha sonra İsveç parlamentinin deputatları C.Magnusson və A.Vaberi ilə görüşüblər. Görüşdə 31 mart soyqırımı, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər İsveç parlamentarilərinin diqqətinə çatdırılıb, İçveç-Azərbaycan əlaqələrində sivil toplumun rolu müzakirə edilib, İsveçdəki Azərbaycan diasporunun problemləri müzakirə edilib. S.Rüstəmxanlı Azərbaycanla daha yaxından tanış olmaq üçün İçveç parlamentarilərini şəxsi qonağı olaraq ölkəmizə dəvət edib.

    Aprelin 3-də isə S.Rüstəmxanlı və A.Minbaşı Moskvada 31 mart soyqırımı və Kəlbəcərin işğalı ilə bağlı düzənlənən tədbirlərə qatılıblar. Həmçinin DAK-ın Rusiya nümayəndəliyinin üzvləri və ziyalıların iştirakı ilə qurultaya hazırlıq, diasporun qayğıları və s. məsələlər müzakirə edilib.

    Mətbuat Xidməti

     

  • 31 mart soyqırımı İsveçdə anılacaq

    Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK İdarə Heyətinin üzvü Adil Minbaşı martın 30-da İsveçə yola düşəcəklər. Səfərdə məqsəd azərbaycanlıların «31 mart soyqırımı günü»nə həsr olunmuş konfranslarda iştirak etməkdir. DAK rəhbərliyinin soyqırım həqiqətlərinin tanıdılması ilə bağlı İsveç parlamentariləri və siyasi partiya liderləri ilə görüşləri də səfər proqramına daxildir.

    Səfər zamanı həm də 21-23 aprel tarixlərində Ukraynanı Donetsk şəhərində keçiriləcək DAK-ın 12-ci qurultayının İsveçdəki diaspor təşkilatları ilə müzakirəsi də aparılacaq.

    Sabir Rüstəmxanlı və Adil Minbaşının İsveç görüşlərindən sonra Danimarkaya səfər edəcəkləri nəzərdə tutulur.

     

    Mətbuat Xidməti

  • 1918–ci ilin 31 mart soyqırımı

    1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir.

    Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllərə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər».

    Ümumiyyətlə, XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2 milyona yaxın azərbaycanlı, ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.

    Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.

    Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

    İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill «İnsanlar belə imişlər» adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.

    Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir.

    1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.

    Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.

    1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.

    Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

    İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir. (ADR hökuməti, Fövqəladə İstintaq Komissiyasının materiallarından)

    1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.

  • VHP xalqımızı təbrik etdi

    VHP sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik eləyib. Təbrikdə deyilir:

    “Əziz soydaşlarım!

    Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizə əmin-amanlıq, hər birinizə can sağlığı, ailə səadəti və firavanlıq arzulayıram.

    Novruz xalqımızın ən qədim və milli bayramlarından biridir və min illərlə soydaşlarımız Baharın gəlişini yüksək əhval-ruhiyyə və sevinclə qarşılamışlar. Ən çətin tarixi dövrlərdə, Novruz bayramı dövlət səviyyəsində qadağan edildikdə belə, xalqımız bu mərasimi təmtəraqla keçirmiş, min illərin ənənəsini yaşatmış, milli ruhunu, milli kimliyini ayaqda saxlamağı bacarmışdır.

    Novruz – təkcə torpağın oyanması, ruzi-bərəkət, bolluq rəmzi deyil, həm də ruhumuzun təzələnməsi, qan yaddaşımızda yaşatdığımız adət-ənənlərimizin, dünyagörüşümüzün, həyata baxışımızın təzahürü, milli arzu və istəklərimizin ifadəsi, xalq olaraq Tanriya dua mərasimlərimizin cəmləşdiyi törəndir. Arzu edək ki, torpaqlarımız işğaldan təmizlənsin, qaçqınlarımız yurduna dönsün, Vətənimizdə əmin-amanlıq olsun.

    Əziz soydaşlarım, bir daha sizləri Novruz bayramı münasibəti il təbrik edir, hamınıza xoşbəxtlik, ruzi-bərəkət arzulayıram.

     

    Sayğılarla,

    Sabir RÜSTƏMXANLI

    VHP sədri, millət vəkili, Xalq şairi”

  • “Heç bir təşkilat təklikdə böyük uğurlara nail ola bilməz”

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatına yeni sədr seçilib – Pünhan İmamlı. 1989-cu ildə Şəkidə anadan olan Pünhan İmamlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. Aprelin 10-da Pünhan İmamlı “Media forum” saytının suallarını cavablandırıb.

    – VHP Gənclər Təşkilatına sədr seçilməyiniz kimin təşəbbüsü ilə baş tutdu: özünüzün, təşkilat üzvlərinin, yoxsa partiya rəhbərliyinin?

    – 2011-ci ilin fevralından VHP Gənclər Təşkilatının üzvüyəm. Bu müddətdə təşkilat sədrinin müavini vəzifəsini icra etmişəm. Çalışdığım müddətdə təşkilatın keçirdiyi bütün tədbirlərin, o cümlədən aksiyaların təşkilində fəal iştirak etmişəm. Dostlarımın təşəbbüsü ilə sədrliyə namizədliyimi verdim və təşkilat üzvlərinin etimadı nəticəsində seçildim. Mənim seçilməyimdə partiya rəhbərliyinin hər hansı rolunun olduğunu düşünmürəm.

    – VHP Gənclər Təşkilatı Azərbaycanın digər gənclər təşkilatlarından əsasən nə ilə fərqlənir?

    – Geniş imkanlarına görə. Bizim qərargahımız var. Rahat fəaliyyət göstərə bilmək üçün əsas şərtlərdən biri ofisdir. Qərargahımızın qapısı Azərbaycanda fəaliyyət göstərən və maliyyə çətinliyi səbəbindən ofisi olmayan digər gənclər təşkilatlarının üzünə həmişə açıqdır və onlar öz tədbirlərini rahatlıqla burada keçirə bilirlər.

    Digər məsələlərdə VHP Gənclər Təşkilatı ilə başqa qurumların arasında elə də fərq görmürəm. Bütün gənclər təşkilatları kimi biz də Azərbaycanda tezliklə müsbət dəyişikliklərin olmasının tərəfdarıyıq, ədalətsizliklərin, hüquq pozuntularının qarşısının alınmasını istəyirik, siyasi baxışına görə həbs olunanların azadlığa buraxılmasını tələb edirik. Fəaliyyətimizin əsas istiqamətləri bunlardır.

    – Bir sədr kimi hansı planlarınız var? Bura təşkilatınızdakı yeniliklər, digər partiyaların gənclər təşkilatları ilə birgə fəaliyyət də aiddir…

    – Bir neçə gənclər təşkilatının birlikdə fəaliyyət göstərdiyi Gənclərin Hüquqlarını Müdafiə Komitəsi var. Heç bir təşkilat təklikdə mübarizə aparıb böyük uğurlara nail ola bilməz. Birlikdə fəaliyyətin gücünü gənclərin 17 mart aksiyasında hamı gördü. Biz birlikdə güclüyük. Odur ki, sədrliyim dövründə əsas fəaliyyət planımızı digər gənclər təşkilatları ilə birgə quracağıq.

    – Təşkilat olaraq gənclərin ictimai-siyasi fəaliyyətinə nə kimi yeniliklər təqdim edə bilərsiniz? Günümüzdə hansı mübarizə metodlarını daha keçərli və effektiv hesab edirsiniz? Məsələn, dinc aksiya metodları, flaşmob və sair.

    – Təbii ki, VHP Gənclər Təşkilatı olaraq özümüzün tək təşkil etdiyimiz tədbirlər var, aksiyalar da olacaq. VHP Gənclər Təşkilatı yeni metodlara – dinc aksiyalara, flaşmoblara, virtual aksiyalara üstünlük verəcək. Təşkil etdiyimiz aksiyalarda, flaşmoblarda yeniliyə, kreativliyə xüsusi önəm verəcəyik.

    – VHP sədri Sabir Rüstəmxanlı həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. Bu, VHP Gənclər Təşkilatının fəaliyyətinə təsir göstərirmi? Təşkilatınızın fəaliyyət prioritetləri içərisində Güney Azərbaycan məsələsi, güneyli gənclərlə əməkdaşlıq məsələləri də yer tuturmu?

    – VHP Gənclər Təşkilatı həm partiyanın nizamnaməsinə, həm də gənclər təşkilatının əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərir. Sabir Rüstəmxanlının həm də Dünya Azərbaycanlıları Konqresinin həmsədri olması bizim təşkilatın fəaliyyətinə heç bir təsir göstərmir. Dünya Azərbaycanlıları Konqresi başqa təşkilatdır və bizim onlarla heç bir əlaqəmiz yoxdur. Güneyli gənclərlə əməkdaşlıq məsələlərinə gəldikdə isə VHP Gənclər Təşkilatı həm Güneydə, həm də digər yerlərdə yaşayan azərbaycanlı gənclərlə sıx əlaqədədir.

  • Gənclər polisdə oldular

    Sabah Bakıda mitinq keçirmək niyyətində olan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin üzvü Samir Əsədli bildirilib ki, görüşə mitinqin təşkilatçıları-Samir Əsədli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Səxavət Soltanlı, Rail Abbasov, Ülvi Həsənli və Cəmil Hacıyev hüquq-mühafizə orqanları tərəfindən isə BŞBPİ-nın rəis müavini Səhlab Bağırov, Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev və digərləri iştirak ediblər. 

    Görüşdə mitinq təşkilatçılarına hüquq və vəzifələri izah edilib, bəzi tələb və xahişlər diqqətə çatdırılıb. Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri isə polisin mitinq zamanı aksiya iştirakçılarına qarşı diqqətli davranış nümayiş etdirməsini istəyiblər.

    Qeyd edək ki, GHMK Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı müraciət edib. Paytaxt meriyası müraciətə baxaraq, kütləvi aksiyanın keçirilməsi niyyətini müsbət qarşılayıb. İcra hakimiyyəti mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib. 

    GHMK sabah saat 15.00-dan 17.00-dək paytaxt meriyasının mitinq üçün ayırdığı yerdə aksiya keçirməyə hazırlaşır. 

    Xatırladaq ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək. 

  • “Başqa partiyalar Vətəndaş Həmrəyliyi sözündən istifadə etməsin”””

    Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyətinin məramnamələrində vətəndaş həmrəyliyi, vətəndaş birliyi, milli birlik ifadələri öz əksini tapır.

    Amma bir həqiqəti qəbul etmək lazımdır ki, vətəndaş həmrəyliyi ifadəsinin və bu adlı partiyanın sahibi bizik.

    Gün.Az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı dilə gətirib.

    Onun sözlərinə görə, vətəndaş həmrəyliyi ifadəsindən, hətta hakim partiya da son seçkilər zamanı istifadə edib.

    “Ona görə hesab edirəm ki, siyasi partiyalarla bağlı qanunda bir partiyaya məxsus olan siyasi ifadələrin başqa partiyalar tərəfindən istifadəsinə qadağa qoyulsun”.

    Bundan başqa, S.Rüstəmxanlı hesab edir ki, siyasi partiyaların dövlət maliyyələşməsi ilə bağlı 40%-lik rəqəm ən azı 50-60%-ə qaldırılmalıdır.

    “Çünki belə olmazsa, bu gələcəkdə imkanları daha da geniş olan YAP-ın bir qədər də varlanmasına, kasıb partiyaların isə bir daha kasıblaşmasına gətirib çıxara bilər. Buna görə bu məsələyə yenidən baxılmalı və 40%-lik rəqəm 50-60%-lik rəqəmlə əvəz olunmalıdır”.

  • Əsgər atasının məhkəmə barədə yazdıqları

    Hadisə ilə bağlı məhkəmə prosesləri hələ də davam edir. Dünyasını dəyişmiş əsgərlərdən Quliyev Zakirin atası Etibar bəyin fevral ayının 28-də Gəncədə keçirilən məhkəmə barədə göndərdiyi məktubu olduğu kimi təqdim edirik:

    “Məhkəmədə iştirak edən prokuror və hakimin “əməyi” nəticəsində elə bir vəziyyət yaranıb ki, 7 əsgərin öz hərbi xidməti vəzifələrini yerinə yetirərkən faciəli surətdə həlak olması əhəmiyyətsiz bir hadisə həddinə gəlib çatıb. Prokuror və hakim 7 əsgərin həlak olmasını aşkar edən faktarı protokola salmır, bu işə aid sualları verməyə icazə vermir və protokola salmır. 20 fevralda Göygöl rayonu N saylı hərbi hissədə baş verən hadisədəki ölümlərlə əlaqədar şahidlərə sual verilmir, biz valideynlər ölümlə əlaqədar sual verəndə bizi cərimə və ya 2 günlük həbslə hədələyirlər. Məhkəmənin bir hissəsi qapalı keçir, o da bəzi əsgərlərin şəxsi səhhət məsələlərilə əlaqəlidir.

    28.02.2012 –ci il tarixində baş tutan məhkəmə iclasında ATƏT monitorinq keçirirdi, lakin qapalı hissədə o iclasdan çıxarılır, açıq hissədə yenidən qayıdırdı. Bu qərardan bizim heç xəbərimiz də yox idi, çünki bunu bizsiz hazırlıq iclasında qəbul etmişdilər. 17.01.2012 məhkəmə iclasında bizi aldadıb Musazadə Kamranı (yalançı şahid) dindirəndə onun ifadəsinə şəxsi sirrini yaymamaq üçün qol çəkdirdilər. (O qərarın qəbul olunmasından biz valideynlər 28.02.2012-ci il tarixli məhkəmədə təsadüfən xəbər tutduq. Prokurorluq çox çalışıb ki 7 əsgərin həlak olmasını aşkar edən faktları yayındırsın. 90% istintaqda aparılan araşdırmalar 20.02 2011 ildə olan hadisəni ört-bastır edib gizlətmək üçün aparılıb. İndi də məhkəmədə bu davam edilir.

    Hadisədən bir il keçməsinə baxmayaraq bizə sənədlərin surətini vermirlər, əvəzinə, məktub göndərirlər ki, sizin sənədlərin surətini çıxarmaq ixtiyarınız var. Gəncəyə boş yerə gedib – qayıtmaqdan yorulmuşuq. Şahidlər (əsgərlər) deyirlər ki, hadisə onların (yalançı şahidlərin) dediyi kimi olmayıb, hakim əsgərlərə deyir ki, siz ayrı ifadə vermisiniz. Əsgərlər deyirlər ki, belə deməmişik. Neçə əsgərdən ifadə alınıb, ancaq əsgərlərə verilən sualları və onlara verilən cavabları protokola salmırlar. Səfər Əbiyev həqiqəti Azərbaycan xalqından gizlədir”.

  • Meriya qanunları pozdu

    Biz, adımlarımızı incə detallarına qədər heablayın inteloktual addımlar atırıq

    Martın 4-də mitinq keçirmək üçün Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin meriyaya müraciətinə hələ də cavab verilməyib.
    Məlumat üçün bildirək ki, mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə fevralın 13-də müraciət olunub. Qanunvericiliyə uyğun olaraq, bu xəbərdarlıq məktubuna ən geci bir həftə müddətində cavab verilməli, mitinq keçirilməsi nəzərdə tutulan meydanlardan birinin məqbul sayıldığı (məqbul sayılmazsa, səbəbi izah edilməli və alternativ yer təklif edilməlidir) göstərilməlidir.
    Ancaq Bakı şəhər İH son tarix kimi fevralın 23-də cavab verəcəyini bildirsə də, sonradan bu tarix fevralın 27-nə dəyişdirildi. Fevralın 27-də isə Bakı şəhər İH-nin şöbə müdiri Ramazanov ilə uzun axtarışlardan sonra danışa bildik. O bildirdi ki, fevralın 28-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri ilə görüşməyə və müraciəti müzakirə etməyə hazırdır. Lakin fevralın 28-də görüşün yalnız martın 1-də alınacağını söylədi.
    Martın 1-də isə Ramazanov “yoxa çıxdı”. happy wheels demo Bu gün əlaqə saxladıqda o, məktuba cavab verməməsinin səbəbini izah etmədən yaxın günlərdə meriyanın münasibətini rəsmən alacağımızı bildirdi.
    Bu gün də meriya ilə əlaqə saxladıq, bizə bildirdilər ki, Zaur Ramazanov burda yoxdur, sizə günün sonunda cavab verilə bilər. (?)
    Göründüyü kimi, meriya fevralın 13-də edilən müraciətə 20 gün müddətində cavab verməməklə qanunu kobud surətdə pozur. Eyni zamanda, bu, Azərbaycan hakimiyyətinin müraciətə cavab verməmək səviyyəsində laqeydləşdiyinin, sərbəst toplaşma azadlığının pozulmasının və insan haqlarının kobud şəkildə tapdanmasının, öz vətəndaşlarını saymamasının təzahürüdür.

    Gənclərin Hüquqlarını Müdafiə Komitəsi olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin bu qanunsuzluğuna hüquq müstəvisində iddialar qaldırılaraq, merya məhkəməyə veriləcək və kütləvi etiraz aksiyaları təşkil ediləcək, həmçinin 5 mart tarixdə  növbəti mitinq üçün yenidən müraciət ediləcək, bütün beynəlxalq qurumlara proses barəsində hesabatlarında əks olunması üçün  geniş məlumat veriləcə.

    Biz öz haqqımızı əldə edənə qədər mübarizə aparacağıq.