Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Gənclər martın 17-də mitinq təyin etdilər

    Gənclərin Hüquqlarının Müdafiə komitəsi Bakı meriyasına son xəbərdalıqlarını ediblər.

    Bu barədə musavat.com-a Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin (GHMK) İdarə Heyətinin və  VHP gənclər təşkilatının üzvü Samir Əsədli məlumat verib: “Biz bir qrup gənc günümüzün ən aktual problemləri olan təhsildə korrupsiya hallarına, ərazi bütövlüyümüzün pozulmasına və siyasi məhbusların tutulmasına etiraz olaraq Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsilə bizə verilmiş sərbəst toplaşmaq hüququmuzdan istifadə edərək mitinq təşkil etmək niyyətindəyik. Bu məqsədlə 17 mart 2012-ci il tarixdə saat 15:00-dan 17:00-dək mitinq təşkil etməyi planlaşdırırıq. Mitinqin məqsədi yuxarıda qeyd olunan problemlərə etiraz bildirmək və həmin problemləri geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etməkdən ibarətdir”.

    Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, təşkilatçı tərəf müraciətində mitinq üçün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Mərkəzinin stadionunu və Səbail rayonunun 20-ci sahəsində, Elçin Əzizov küçəsindəki sürücülük məktəbinin meydançasını göstərib. Müraciətdə Bakıya yaxın istənilən münasib yerdə mitinq keçirmək istəyi də qeyd olunub. 

    Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək. 

    Samir Əsədli qeyd edib ki, mitinq üçün müraciətə müsbət cavab verilməsə, şəhərin mərkəzində “Sərbəst toplaşma azadlıqını təmin edin” şüarı ilə  icazəsiz yürüş təşkil ediləcək.

    Qeyd edək ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, “Nida” Vətəndaş Həmrəyliyi, “Dalğa” Gənclər Hərəkatı, “Azad Gənclik” Təşkilatı, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. 

    Xatırladaq ki, GHMK martın 4-də mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətinə mənfi cavab verilmişdi. 

  • VHP İctimai Palataya namizəd verdi

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) İctimai Palata üzvləri iclas keçirib.

    Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ictimai-siyasi vəziyyət və partiyanın qarşısında dayanan vəzifələr müzakirə edilib. İclasda VHP-nin Ali Məclisinin sədri Rafiq Manaflının İctimai Palatanın Koordinasiya Şurasına namizədliyi təsdiqlənib.

  • Sabir Rüstəmxanlı Türkiyəyə getdi

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Türkiyə Cümhuriyyətinə yola düşüb.

    Millət vəkili İstambul Həsənyurd Bələdiyyəsinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə, daha sonra isə soyqırımın ildönümü ilə bağlı fevralın 26-da Taksim meydanında «Həpimiz Xocalıyız» şüarı ilə keçiriləcək yürüşdə iştirak edəcək.

    Daha sonra, öncədən planlaşdırıldığı kimi, millət vəkili Sabir Rüstəmxanlının Aydın Universitetində, İstambul Universitetində, Türk Dünyası Araşdırmaları Vəqfində və Ankara Qazi Universitetində Xocalı soyqırımı ilə bağlı düzənlənən tədbirlərdə çıxışları nəzərdə tutulur.

    VHP Mətbuat Xidməti

  • Gənc yazar Qan Turalının yeni romanı müzakirə ediləcək

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının təşəbbüsü ilə gənc yazar, kulis.az portalının baş redaktoru Qan Turalının “Mustafa” romanının ictimai müzakirəsi keçiriləcək.
    Sizləridə bu tədbirdə görməkdən məmnun olarıq. 

    Müzakirə 23 dekabr 2011-ci il tarixdə, saat 15:00-da VHP-nin Akt Zalında keçiriləcək.
    Qan Turalının “Mustafa” romanı (143 səhifə) “Qanun” nəşriyyatında “Ən Yeni Ədəbiyyat” seriyası çərçivəsində nəşr edilib.
    Yazar üç il kitabın üzərində işləyib. Roman baş qəhrəmanın adıyla adlandırılan kitab 2000-ci illərin gəncliyinin qarşılaşdığı fərdi və siyasi təbəddülatlardan bəhs edir. Melanxolik ovqatda yazılmış romanın baş qəhrəmanının sevgi və siyasətdən aldığı zərbələr onu həbsxanaya gətirir.

    Romanın məzmununu “Mübarizə mütləq, məğlubiyyət labüddür” cümləsi ilə ifadə etmək olar.
    Yazıçı roman boyu yalnız Mustafanın başına gəldiyi hadisələri yazmaqla kifayətlənmir, eləcə də onun keçdiyi düşüncələr burulğanı, düşüncə dünyasını da təsvir edir.

    Ünvan: 
    Vətəndaş Həmrəyliyi Partiyasının Akt Zalı
    Bakı şəhəri, Xəqani Rüstəmov küç 1210-cu məhəllə

    Əlaqə: +994 12 493 66 22; +994 50 753 33 83

    Tanımayanlar 14:45-də Xətai metrosunun yanında ola bilərlər.

    Pünhan İmamlı 055 485 60 76
    Nicat Kamal 055 285 45 30
    Murad Əhməd 055 893 79 9

  • “Fransanın vasitəçiliyindən imtina etməliyik”

    “Fransa yalançı tarixə qahmar çıxmaqdansa Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”

    “Fransa “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır.

    Bunu Lent.az-a açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı söyləyib. 

    Tənzilə Rüstəmxanlı bildirib ki, Fransa belə addım atmaqla obyektivlik və ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edib. Onun sözlərinə görə, bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib: “Azərbaycan dövləti Fransanın vasitəçilik missiyasından imtina etməli, onun ATƏT-in Minsk Qrupundan və həmsədrlikdən uzaqlaşdırılmasını təmin etməlidir”.

    Azəri-Türk Qadınlar Birliyinin sədri vurğulayıb ki, bu qanun inkvizisiya sisteminin qayıtmasına yol verir: “Bu hadisə söz azadlığını prinsiplərinə ziddir. Fransanın yalançı tarixin qalasına çevrilməsinə yol verməyin! Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”.


  • VHP sədri Sabir Rüstəmxanlı İndoneziyaya getdi

     Yanvarın 25-dən 31-dək İndoneziyanın Palembanq şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) 7-ci sessiyası keçiriləcək.

     Bu barədə bu gün İKT Pİ-də Azərbaycanı təmsil etmək üçün İndoneziyaya səfərə yolanan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. İKT Pİ Siyasi Komitəsinin üzvü olan S.Rüstəmxanlı 7-ci sessiyada mühüm məsələlərin müzakirə olunacağını bildirib: «Parlament İttifaqının tərkibinə daxil olan siyasi, iqtisadi, hüquq, insan haqları, ətraf mühit, sosial, mədəni və s. məsələlər üzrə ixtisaslaşmış komitələr İslam dünyasını narahat edən problemləri müzakirə edəcəklər. Siyasi Komitə Qüds və Fələstin, eləcə də Suriya və Liviyanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərə münasibət bildirəcək. Sudanın xarici müdaxilədən qorunması, Somalidəki vəziyyət, terrorizmə qarşı mübarizənin gücləndirilməsi, İslam ümmətini təhdid edən problemlərin qarşısını almaq məqsədilə həmrəylik və birliyin təşviqi, beynəlxalq maliyyə böhranının İslam ölkələrinə yayılmasına qarşı birgə mübarizə və bu məqsədlə ayrıca komitənin yaradılması da gündəmdədir».

    S.Rüstəmxanlının sözlərinə görə, İslam və Qərb parlamentləri arasında dialoqun gücləndirilməsi yollarının da axtarılacağı sessiyada Dağlıq Qarabağ probleminə xüsusi diqqət ayrılacaq: «İslam Konfransı Təşkilatı Dağlıq Qarabağın işğalına həmişə həssaslıq nümayiş etdirib. Bu dəfə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağı işğal etməsi ilə bağlı qətnamə layihəsinin qəbul olunacağı gözlənilir».

  • VHP sədri Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

    Bu gün VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşüb.

    ATƏT-in Bakı ofisində baş tutan görüşdə Milli Məclis və qanun yaradıcılığı, qanunların icrası, MM-də müxalifət partiyalarının fəaliyyət imkanları, «Siyasi Partiyalar Haqqında» qanunun təkmilləşməsi və partiyaların dövlət büdcəsindən maliyələşməsi, seçki qanunvericiliyi, KİV-ə münasibət, söz azadlığı, həbsdə olan jurnalistlərin və vicdan məhbuslarının azadlığa buraxılması, ölkədə insan haqlarının durumu və s. məsələlər müzakirə olunub.

    Görüşdə Azərbaycanın uluslararası nüfuzunun qorunması baxımından həbsdə olan siyasi fəalların və jurnalistlərin ən qısa müddətdə azadlığa buraxılması yollarının tapılmasının vacibliyi vurğulanıb. Bununla yanaşı, söz azadlığı və jurnalistlərin qorunması baxımından jurnalist peşəkarlığının yüksəldilməsinin zəruriliyi də qeyd edilib.

    ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda da siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin vaxtının çatdığını söyləyib. Bu işin reallaşması niyyətiylə Ofisin qabaqcıl ölkələrin təcrübəsinin mənimsənilməsi üçün seminarlar keçirdiyi və Venesiya Komissiyasının öz təkliflərini təqdim etdiyi diqqətə çatdırılıb.

    VHP sədri ATƏT-in Bakı ofisinin fəaliyyətini dəyərləndirməklə yanaşı, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün aparılan işləri pisləyib və Minsk Qrupunun öz missiyasını başa vurmadan ölü təşkilata çevrildiyini qeyd edib. Özəlliklə Senatın qəbul etdiyi məlum qanundan sonra Fransanın ATƏT-in Minsk Qrupunda təmsilçilik baxımından mənəvi və hüquqi haqqını itirdiyi bildirilib.

     VHP Mətbuat Xidməti

  • VHP soydaşlarımızı təbrik etdi!

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvm ili münasibəti ilə Azərbaycan xalqını və Dünya Azərbaycanlılarını təbrik edib.
    Təbrikdə həm yeni təqvim ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı soydaşlarımıza xoş arzular çatdırılıb. Həmçinin təbrikdə yeni təqvim ilində müstəqil Azərbaycana, Dünya Azərbaycanlılarına və hər kəsə uğurlu olması arzu edilib. 
    Təbrikdə daha sonra deyilir: “Azərbaycan xalqı dünya tarixində şərəfli yol keçən dünya xalqlarından biridir. Tanrı özü ona tükənməz maddi və mənəvi sərvətlər bəxş edib. Buna görə də istər regiondakı qüvvələr, istər dünyanın ayrı-ayrı gücləri daima onu sındırmağa, maddi və mənəvi sərvətlərinə yiyə durmağa calışıb. Lakın zaman-zaman xalqımız özündən qat-qat güclü olan qüvvələrlə döyüşlərdən üzü ağ çıxıb, bu gün də biz Qarabağ problemi və Güney Azərbaycanda 35 milyonluq soydaşlarımızın hüquqlarının tapdanması problemi ilə üz-üzəyik. Lakin inanırıq ki, tarixin bu imtahanından birlikdə üzü ağ çıxacağıq. Bu yolda hər birimizə uğurlar, bütövlük, birlik arzulayıram. Yeni təqvim iliniz və həmrəylik bayramınız mübarək, əziz həmvətənlər!”.

  • VHP-də “Mustafa” müzakirəsi

    Vətəndaş Həmrəyliyi Partiyasında Kulis.az internet dərgisinin baş redaktoru Qan Turalının “Mustafa” romanının müzakirəsi keçirilib.

    Çıxış edən xalq şairi, millət vəkili və partiya sədri Sabir Rüstəmxanlı gənclərin ədəbi prosesdə rolunu yüksək qiymətləndirərək roman müəllifini təbrik edib.

    Şair Rəfael Həbiboğlu, jurnalist Anar Niftəliyev, yazıçı Kənan Hacı və Cəlil Cavanşir çıxışlarında romanın əhəmiyyətindən danışıb və iradlarını qeyd ediblər. Tədbir iştirakçılarının suallarından sonra Qan Turalı nitq söyləyib.

    Elmin HƏSƏNLI

  • Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaş vəfat etdi

    Sabir Rüstəmxanlı: “Cavan yaşlarından dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi müdafiə etməyi bacardı

    İsa Qəmbər: “Bütün ömrünü millətin mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı”

    Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı 87 yaşında dünyasını dəyişib. Son illər daxili orqanlarındakı problemlərdən əziyyət çəkən Denktaş yanvarın 9-da Yaxındoğu Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, srağagün səhər saatlarında komaya düşüb və bir neçə saat sonra gözlərini əbədi yumub.

    Rauf Denktaş 1924-cü il oktyabrın 24-də Kiprdə anadan olub. Hələ uşaq ikən anasını itirən Denktaşı nənələri böyüdüb. 1930-cu ildən İstanbulun Fevzi Ati liseyində təhsil almağa başlayıb, lakin təhsilini Kiprdə başa vurub. İkinci Dünya Müharibəsindən sonra İngiltərəyə gedərək hüquq təhsili alıb. Məzun olduqdan sonra Kiprdə vəkil işləməyə başlayıb. 1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. O vaxtdan Kipr türklərinin hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin rəhbəri seçilib. 1973-cü ilə kimi Kipr prezidentinin müavini və Kipr Türk İdarəetməsinin rəhbəri vəzifələrini icra edib. 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövləti elan olunduqdan sonra dövlət və parlament rəhbəri vəzifələrini icra edən Rauf Denktaş 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib. Həmin seçkilərdə Mehmet Əli Tələt qalib gəlib.

    Rauf Denktaş siyasətçi olmaqla yanaşı həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən ŞKTC-nin ilk prezidenti “Yeniçağ” qəzetində köşə yazıları yazır və “Avrasiya” telekanalında (ART) “Denktaşın gündəmi” adlı veriliş aparırdı. 
    Böyük liderin Azərbaycana sevgi və sayğısı böyük idi. O, ölkəmizdən Şimali Kiprə gedən nümayəndə heyətlərini böyük hörmətlə qəbul edər, onlarla maraqlı söhbətlər aparardı. Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın on sözləri “müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, son anlarında qızına bu sözləri deyən Rauf Denktaş Bakı vaxtı ilə 00.07 radələrində dünyasını dəyişib. Denktaşın ölüm xəbəri açıqlanan kimi ŞKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya gediblər. Bundan başqa xəstəxananın qarşısına minlərlə insan toplaşıb.
    Mətbuat konfransı keçirən ŞKTC prezidenti Dərviş Eroğlu çıxışına “Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik” sözləri ilə başlayıb. Eroğlu Kipr qəhrəmanının ölümü səbəbi ilə türk dünyasına başsağlığı verib. “Kipr türklərinin və türklük dünyasının başı sağ olsun. Denktaşın apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq”. 
    Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı verib. Rauf Denktaşla vidalaşma mərasimi Şimali Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək. 
    Bu böyük insanın ölümü bütün türk dünyasında olduğu kimi Azərbaycanda da hüznlə qarşılanıb. Rauf Denktaşın vəfatı ilə əlaqədar ŞKTC-nin Azərbaycan Nümayəndəliyində xatirə dəftəri qoyulacaq. happy wheels demo ŞKTC-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu APA-ya açıqlamasında deyib ki, hüzn dəftəri mərhum Rauf Denktaş dəfn edildikdən sonra qoyulacaq: “Yəqin ki, ŞKTC-nin bütün nümayəndələrinə bununla bağlı təlimat veriləcək. Biz də təlimat alan kimi bu barədə Azərbaycan ictimaiyyətinə mətbuat vasitəsilə məlumat verəcəyik”.

    VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı da R.Denktaşın itkisini bütün türk dünyasının çox ağır itkisi kimi dəyərləndirdi: “O, türk dünyasının ən böyük fikir adamlarından biri idi. Türkiyədə həmişə zarafata deyirdilər ki, Rauf bəy təkcə Kiprin yox, həm də Türkiyənin lideridir. Çünki onun hadisələrə münasibətində tək Kipr məsələsi yox, həm də türk dünyasının problemlərinə çox aydın bir baxış var idi. Cavan yaşlarından Avropanın, dünyanın bütün təzyiqlərinə baxmayaraq, Kipr türklərinin mənafelərini aslan kimi, çox böyük qəhrəmanlıqla müdafiə etməyi bacarırdı, təkbaşına bir ordunun qabağında dayanırdı. O, həm Kiprin, həm Avropanın tarixini gözəl bilirdi, bir müddət İngiltərədə yaşamışdı. Böyük diplomat idi. Kiprin azadlığı, müstəqilliyi uğrunda gedən mübarizənin ilk illərindən o hadisələrin iştirakçısı və liderlərindən biri olmuşdu. Ömrünün böyük bir hissəsində də Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı kimi ağır bir yükü daşımışdı”. S.Rüstəmxanlı R.Denktaşla şəxsi əlaqələrindən də bəhs etdi: “Tale elə gətirmişdi ki, 1992-ci ildən başlayaraq demək olar ki, hər il Kiprdə, Türkiyədə müxtəlif konfranslarda görüşürdük. Azərbaycana rəsmi gəlişi mümkün olmayan dövrlərdə mən onu bura şəxsən dəvət etmişdim. Amma elə oldu ki, başqa təşkilatlar dəvət etdilər və Azərbaycana gəldi, burda da görüşdük”. Xalq şairi R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, Türkiyədən elə bir neçə saat öncə dönüb və bu bəd xəbəri elə bizdən eşidib. Üstəlik də İslam Konfransı Ölkələrinin Parlament İttifaqının növbəti tədbirində iştirak edəcəyi səbəbindən Kiprə, dəfn mərasiminə qatıla bilməyəcək: “Amma şübhəsiz ki, xalq onu böyük sayğı ilə son mənzilə yola salacaq. Rauf Denktaşın xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Bütün Kipr türklərinə və bütün türk dünyasına başsağlığı verirəm”. 

    İnanırıq ki, dünyanın ədalətsizliklərinə baxmayaraq, günün birində Denktaşın arzuladığı kimi “Yaşı ada”dakı Şimali Kipr Türk Cümhuriyyətini beynəlxalq aləmin tamhüquqlu subyektinə çevriləcək və müstəqil dövlət olaraq BMT-də öz yerini tutacaq.


    Müsavat Partiyasının başqanı İsa Qəmbər
    R.Denktaşa Allahdan rəhmət diləyərək bildirdi ki, o, türk dünyasının ən önəmli dövlət və siyasət adamlarından biri idi. Bütün ömrünü millətin, xalqın mövcudluğu, inkişafı yolunda sərf etdi və son nəfəsinə qədər də bu ideallara sadiq qaldı: “Eyni zamanda Rauf Denktaş təkcə Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və onun on illər ərzində cümhurbaşqanı deyil, türk dünyasının digər dövlətləri, toplumları, xalqları ilə hər zaman maraqlanan, bu prosesə hər zaman öz fikirlərini, məsləhətlərini təqdim edən çox dəyərli bir fikir adamı idi. Mən onunla dəfələrlə görüşmüşəm, fikir mübadiləmiz, söhbətimiz olub və onun dəyərli fikirlərindən daim yararlanmışam. Təbii ki, onun ölümü türk dünyasının çox önəmli insanları Alparslan Türkeş, Əbülfəz Elçibəy səviyyəsində itkilərdən biridir. Amma bu yol davam edir. Hesab edirəm ki, Türkiyə dövləti də, Şimali Kipr Türk Cümhuriyyəti də, digər türk dövlətləri və toplumları da bu ideallara sadiq qalaraq yollarına davam edəcəklər, bu yolda həyatlarını fəda edən dövlət, siyasət, fikir adamlarını hər zaman sayğı ilə anacaqlar”.

    Elşad Paşasoy
    “Yeni Musavat” qəzeti