Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP sədrinin Güney Azərbaycanla bağlı açıqlaması

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib ki, İran hökuməti icazə verərsə, minlərlə Azərbaycan vətəndaşı Güney Azərbaycandakı soydaşlarına kömək etməyə hazırdır: “DAK-ın da çoxsaylı üzvləri soydaşlarımızın faciəsinə şərik olmaq üçün İrana getməyi arzulayır. Amma İran hökuməti buna razılıq vermir”.

    S. Rüstəmxanlı Güney Azərbaycanda zəlzələ nəticəsində həlak olanların İran hökumətinin göstərdiyindən dəfələrlə çox olduğunu, on minlərlə evin dağıldığını bildirib: “Dağılmış evlərin şəkillərinə baxanda İran hökumətinin azərbaycanlılara diqqətinin ən aşağı səviyyədə olduğunu canlı görürsən. Azərbaycan kəndləri İran iqtidarının diqqətindən çox uzaqdadır. Burada insanların sosial vəziyyəti çox dözülməzdir, yol, həkim məntəqələri yozdur. Zəlzələyə davamsız evlər tikilib. Sanki azərbaycanlıların yaşadığı kəndlər İran rəhbərliyi üçün “Allahu Əkbər!”in qurtaran yeridir”.

    VHP sədri İranda Azərbaycan türklərinə ögey münasibət olduğunu diqqətə çatdırıb: “Bu ölkədə azərbaycanlılar rəhbərlərin vecinə deyil. Bütün yatırımlar Tehrana, Şiraza, yəni farslar yaşayan yerlərə qoyulur. İran türklərinə bütövlükdə bir biganəlik var. Təbii ki, İranın indiki rejimi yardım aparanların azərbaycanlıların yaşadığı indiki ağır durumu görməsini istəməz. Məhz bu səbəbdən də ABŞ-dan başlayaraq dünyanın çoxsaylı ölkəsindən qeyri-hökumət və humanitar təşkilatların müraciətlərinə müsbət cavab verilmir”.

    S. Rüstəmxanlı İranda baş verən zəlzələnin bu ölkənin apardığı atom-nüvə sınaqları ilə bağlı olması barədə də  şübhələrin olduğunu bildirib: “Nədənsə bu zəlzələ İranın daha çox qazıntı işlər aparılan mis mədənləri olan Əhərdə  baş verib”.

    VHP sədrib həmçinin İranda zəlzələ qurbanlarına yardım işinin çox zəif təşkil edildiyini deyib: “Burada zəlzələ qurbanlarına qan verən qohumlarına iftarın pozular deyirlər. Məscidlərdə həlak olmuş azərbaycanlıların ruhuna dualar oxunmur, Bəşər Əsəd rejiminə Allahdan yardım diləyirlər”.

  • Müxalifət seçkiyə vahid namizədlə gedəcək

    “Prezident seçkiləri zamanı İctimai Palatada vahid namizədin müəyyənləşməsində narazılıqlar olacaq. İnanıram ki, İsa Qəmbər də, Əli Kərimli də vahid namizədin müəyyənləşməsi məsələsində iradə nümayiş etdirəcəklər. Bununla da İctimai Palata seçkiyə vahid namizədlə gedəcək”.

    Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib. O deyib ki, müxalifətin prezident seçkilərində vahid namizədlə çıxış etməsi həyati əhəmiyyət kəsb edir: “İlk növbədə müxalifət mütləq seçkilərə vahid namizədlə qatılmalıdır. Əlimizdə olan elektoratı parçalamaq olmaz. Bu sosial baza bizim seçkilərə vahid namizədlə happy wheels demo getməyimizi gözləyir. Müxalifət seçkiyə vahid namizədlə getməyə məcburdur”.

    R. Manaflı qeyd edib ki, İctimai Palatada hamı seçkiyə vahid namizədlə getməyin əhəmiyyətini anlayır və qəbul edir: “Əslində İctimai Palata prezident seçkilərində iştirak edən namizədlərini müəyyənləşdirib. İctimai Palatanın seçkidə iki namizədi mövcuddur. Bunlar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdir. Bunların arasında seçim isə situasiyanın dəyişməsindən asılı olaraq aparıla bilər. Hələlik isə bu seçimin aparılmasını ciddi şəkildə əsas məsələ kimi ortaya qoymamışıq. Çünki hələ problemlər çoxdur. Bu problemlərdən biri demokratik seçki mühitinin yaradılmasıdır. Bu mühit olmasa, seçki uduzulmuş kimi də görünür”. 

  • Gənclər soydaşlarımızın taleyindən narahatdılar

    İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Şahbaz Xuduoğlunun təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, Ş. Xuduoğlu deyib ki, İranın rəsmi dairələri Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə, yaxud günahsız olmalarına dair hər hansı rəsmi məlumat vermir: “Biz bu olayın anlaşılmazlıq üzündən baş verdiyi qənaətindəyik və vətəndaşlarımızın taleyindən narahatıq”. 

    Ş. Xuduoğlu gəncləri həbsdə olan həmyaşıdlarının azadlığa çıxması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. Onun fikrincə, bu məsələdə dövlət öz üzərinə düşən vəzifəni həyata keçirsə də, gənclər təşkilatlarının mövqeyi daha təsirli ola bilər: “Kim deyə bilər ki, bu gün həmyaşıdlarının taleyinə biganə qalanları sabah bu tale gözləməyəcək”. 

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatının üzvü Samir Əsədli bir qrup gənclər təşkilatının İranın Azərbaycandakı səfiri ilə görüş təşəbbüsü ilə çıxış etdiyini xatırladıb. O deyib ki, ötən gün səfirlik rəsmisi onların müraciətinə iyulun 18-də cavab veriləcəyini söyləyib. 

    “Gənclər Klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, gənc fəal Bəxtiyar Hacıyev, Müsavat, Xalq Cəbhəsi, Demokrat partiyalarının, NIDA Vətəndaş Hərəkatının, “Dalğa” Gənclər Hərəkatının  “İrəli” İctimai Birliyinin nümayəndələri də çıxış edərək, İranda həbsdə saxlanılan azərbaycanlı gənclərin azadlığa buraxılması üçün gənclər təşkilatlarının aktivləşməsinin zəruriliyini vurğulayıblar. Gənclər təşkilatları bununla bağlı müvafiq proqram və fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanmasını məqsədəuyğun hesab ediblər. 

  • Gürcüstanlı soydaşlarımıza qarşı amnistiya tətbiq edilməlidir

    Dünən Azərbaycan hökumətinin Gürcüstan azərbaycanlıları ilə bağlı son dövrlərdə tətbiq etdiyi siyasətə həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirə toplaşmış və özlərini yeni miqrasiya siyasətinin qurbanları hesab edən soydaşlarımız ciddi problemlə üz-üzə qaldıqlarını bildirdilər. 

    VHP Siyasi Şurasının üzvü və Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) rəhbəri Əlövsət Əliyev isə ölkənin miqrasiya siyasətinin və bu sahədəki qanunların tamamilə normal olduğunu bildirdi. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti etnik azərbaycanlıların Gürcüstandakı doğma yerlərini tərk etməsini istəmir: “Eyni zamanda, problemlər də var. Bizə Azərbaycanda sənədsiz yaşayan beş mindən çox Gürcüstan azərbaycanlısı müraciət edib və əksəriyyətində sovet pasportları var”.

    Ə. Əliyevin sözlərinə görə, Azərbaycan dövləti Gürcüstanda, İsraildə, Ermənistanda və bir sıra digər ölkələrdə olduğu kimi. Gürcüstan azərbaycanlılarına münasibətdə amnistiya tətbiq etməlidir. Yəni, söhbət həmvətənlərə münasibətdə miqrasiya siyasətinin sadələşdirildiyi “Həmvətənlər haqqında” qanundan gedir. AMM rəhbəri 7 ildən artıq Azərbaycanda yaşadığı halda vətəndaşlıq ala bilməyən, habelə müvafiq sənədləri olmayan Gürcüstan azərbaycanlıları haqqında vahid məlumat bazası yaratmağı təklif etdi: “Təklif edirəm ki, bu şəxslərin hüquqları məhkəmə yolu ilə müdafiə edilsin. Hazırda 70 iş məhkəmədədir və artıq müsbət qərarlar var”. 

  • Sabir Rüstəmxanlıdan polislərə ağır ittiham

    “Polis işçiləri siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür”. 

    Bu sözləri, millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı partiyasının Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbsi ilə bağlı mətbuata açıqlamasında deyib. 

    Polislərin davranışlarından şikayətlənən S.Rüstəmxanlı “heç olmasa, döşümdəki deputat nişanına görə özlərini yığışdırmadılar” deyib: “Hadisənin bu qədər böyüməsi polis işçilərinin mədəni səviyyəsinin aşağı olmasından irəli gəlir. Həmin hadisə ilə bağlı məhkəmə prosesinə getdim. Həmin vaxt da məhkəmə binasının qarşısında bir neçə polis işçisi dayanmışdı. Siqareti adamın üzünə elə üfürürlər ki, o dəqiqə səviyyələrinin aşağı olduğu görünür. Heç olmasa, döşümdəki deputat nişanına görə də özlərini yığışdırmadılar. Onların adi vətəndaşla necə davrandıqlarını təsəvvür etmək o qədər də çətin deyil”. 
    S.Rüstəmxanlıya müraciət edib polislərin qeyri-etik davranışları ilə bağlı Daxili Işlər Nazirliyinə müraciət edib-etməyəcəyini soruşduq. VHP sədri bildirdi ki, mətbuata verdiyi bu açıqlama elə açıq məktub anlamına gəlir və aidiyyəti qurumlar bundan nəticə çıxarmalıdır: “Mətbuat əslində elə hamıya açıq məktubdur. Əgər mətbuatda bir yazı çıxırsa, bundan hamının xəbəri olur. Nazirlər də bu xalqın bir parçasıdır. Mən mətbuatda sözümü demişəmsə, demək elə ora ünvanlayıram. Bundan ötrü ayrıca məktub yazmağa heç ehtiyac da qalmır. Nazirlik bu məsələni izləyir, bu açıqlamadan da nəticə çıxarmalıdır”. 

    Xatırladaq ki, Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov ötən həftə polis tərəfindən saxlanılıb. Iyunun 3-də axşam saatlarında polis əməkdaşları N.Qubadovun evinə gəlib və axtarış keçirəcəklərini deyiblər. N.Qubadov polisdən məhkəmə orderinin olub-olmadığını soruşduqda mübahisə yaranıb. Daha sonra o, rayon polis şöbəsinə aparılıb və haqqında məhkəmə tərəfindən 10 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Qubadov Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə başlanmış cinayət işi əsasında saxlanılıb.

    Azadliq.İnfo

  • VHP-nin rayon təşkilatının sədri sifarişlə həbs edildi

    VHP Abşeron rayon təşkilatının sədri,  Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov iyunun 3-də axşam saatlarında həbs olunub.

    N.Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları «oğurluq faktıyla əlaqədar» evdə axtarış aparılacağını bildiriblər. N.Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən N.Qubadovu «polisə müqavimət» ittihamı ilə zorla maşina oturdaraq aparıblar.

    Bazar günü olmasına baxmayaraq, gecə saat 22:00 radələrində təşkil edilən məhkəmədə isə N.Qubadov guya polisə müqavimət göstərməsi ittihamı ilə 10 sutka cəzaya məhkum edilib.

    Məhkəmə özü kifayət qədər qanunsuzluqla keçirilib. N.Qubadov vəkillə təmin edilməyib və ona özünümüdafiə üçün heç bir şərait yaradılmayıb.

    Məlumat üçün bildiririk ki, 2 sutkadır Polis İdarəsində saxlanılan N.Qubadova heç kimlə görüşməyə imkan verilmir, ona çatdırılması üçün təqdim edilən yeməklər və su geri qaytarılır. Polislər N.Qubadova qarşı xüsusi qəddarlıq nümayiş etdirdiklərini gizlətmirlər.

    Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası N.Qubadovun həbs olunması ilə bağlı bəyanat yayıb.  Bəyanatda bildirilir ki, N.Qubadovun həbsi qeyri-qanunidir və sifarişlə həyata keçirilib: «Bələdiyyə idarəsində komissiya sədri olan N.Qubadovun qeyri-qanuni ittihamla həbs edilməsi və saxlanıldığı müddətdə ona qarşı göstərilən münasibət bir daha təsdiqləyir ki, bu həbs xüsusi sifarişlə həyata keçirilib. VHP bu həbsi həyata keçirən hüquq-mühafizə orqanlarının hərəkətini kəskin pisləyir və ölkə rəhbərliyindən qanunsuzluğa dərhal müdaxilə etməyi və N.Qubadovun azadlığa çıxmasına şərait yaratmağı tələb edir» 

  • VHP-çinin həbs səbəbləri

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, cənab Ehsan Zahidov mətbuata açıqlama verərək, VHP Abşeron rayon təşkilatının sədri Niyaz Qubadovun həbs olunması faktını aydınlaşdırıb və VHP-nin bəyanatına münasibət bildiribdir.

    E.Zahidov həbsin xırdalıqları barədə geniş izahatında N.Qubadovun evində axtarış aparılması, məhkəmə prosesinin saat 22:00-da keçirilməsi, N.Qubadova qarşı Polis İdarəsində sərt rəftar və ona yeməyin çatdırılmaması, vəkillə təmin olunmaması və s. barədə VHP-nin bəyanatında yer alan məqamların yanlış olduğunu söyləyib. Bu açıqlama VHP olaraq bizi də bəzi məqamları incəliyinə qədər ictimaiyyətə çatdırmağa vadar edir.

    E.Zahidovun bildirdiyi kimi, doğrudan da Abşeron rayon Polis Şöbəsində təhqiqat VHP-nin rayon təşkilatının sədri Niyaz Qubadovun qardaşı Xamis Qubadovun oğurluq faktıyla bağlı “102” qaynar xəttinə müraciətindən sonra başlayıb. X.Qubadov həyətindən 5 kub taxtanın oğurlanması haqqında şikayət edib və daha sonra polisə ərizə verib.

    Təhqiqatçılar N.Qubadovun kirayə verdiyi evə gələrək, oğurluq faktıyla bağlı araşdırmaya başlayıblar. Buna səbəb oğurluğun N.Qubadovun kirayəyə verdiyi evin həyətindən edilməsidir. N.Qubadov kirayəyə verdiyi evinə gəlib və polislərə taxtanın oğurlanmadığını, dostu Arzu Bəqəliyevin xahişinə əsasən, taxtanı ona hədiyyə etdiyini söyləyib. Polislər isə oğurluqda N.Qubadovu ittiham ediblər və mübahisə etdiyini əsas gətirərək, onu zorla, mülki maşınla Polis Şöbəsinə aparıblar.

    N.Qubadov Masazır bələdiyyəsində komissiya sədridir və seçkili orqanda təmsil olunan şəxs kimi onun həbsi yalnız məhkəmənin qərarı ilə baş verə bilər. Ancaq Abşeron rayon Polis Şöbəsinin əməkdaşları N.Qubadovu zorla Polis Şöbəsinə apardıqdan sonra həbs qərarı almaqla qanunsuzluq ediblər.

    Hadisə haqqında məlumatlandırılan Arzu Bəqəliyev istifadəyə yararsız, yalnız yandırılmaq üçün götürdüyü taxtanı dərhal N.Qubadovun həyətinə qaytarıb, Xamis Qubadov isə taxtanın oğurlanmadığını, qardaşı Niyaz Qubadovun onu dostuna bağışladığını öyrənən kimi Polis Şöbəsinə gedərək, ərizəsindən imtina edib və oğurluq faktının olmadığını yazıb.

    E.Zahidovun dediyi kimi, həmin tarixdə – 03 iyun 2012-ci ildə, saat 19:30 radələrində VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Abşeron rayon Polis Şöbəsinə gedərək, rəhbərliklə görüşüb. Doğrudan da Arzu Bəqəliyev S.Rüstəmxanlının yanında dindirilib. Ancaq E.Zahidovun açıqlamasından fərqli olaraq, A.Bəqəliyev deyib ki, mən taxtanın aparılması üçün razılığı Niyaz Qubadovdan almışam, ancaq Xamis Qubadovun bu işdən xəbərsiz olduğunu bilməmişəm. N.Qubadov da bu barədə qardaşına məlumat verməyib və nəticədə qardaşı taxtanın oğurlandığını düşünüb.

    Sabir Rüstəmxanlının iştirakı ilə Arzu Bəqəliyevi dindirən Polis Şöbəsinin rəhbərliyi doğrudan da heç bir oğurluq faktının olmadığını müəyyənləşdirib və daha sonra millət vəkilinə anlaşılmazlığın aradan qaldırıldığını və hüquqi prosedurlar həyata keçirildikdən sonra saxlanılanların azad olunacağını bildirib.

     Lakin bütün bunlardan sonra Abşeron rayon Məhkəməsi təxminən saat 22:00 radələrində N.Qubadovun “polisə müqavimət” ittihamı ilə 10 sutka inzibati cəzaya məhkum olunması haqqında qərar çıxarıb.

    Maraqlıdır ki, Sumqayıt Apelyasiya Məhkəməsi bu gün N.Qubadovla bağlı iddiaya baxarkən məhbusun azadlığa buraxılacağını bildirsə də, hökm elan olunarkən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qeyri-rəsmi aşıqlamasında isə hakim ona təzyiq edildiyini bildirmiş və ona görə də qərarı qüvvədə saxladığını söyləmişdir.

    Bu faktlar bir daha təsdiqləyir ki, N.Qubadov sifarişlə həbsdə saxlanılır.

    N.Qubadovun vəkillə təminatdan özünün imtina etməsi barədə məlumat isə, görünür, E.Zahidova və DİN rəhbərliyinə ötürülən növbəti yanlış informasiyadır. N.Qubadov vəkillə təmin edilməyib, onun doğmalarından yemək götürülmür və polislərin N.Qubadova qarşı sərt münasibətinə Polis Şöbəsinə gedən doğmalar və qohumlar hamısı şahiddir. Belə ki, əvvəlcə razılıq verilsə də, saxlanılanın N.Qubadov olduğunu bildikdə polislər yeməyi qəbul etməkdən qəti şəkildə imtina edirlər.

    Bütün olayı xırdalığına qədər qeyd etməklə Daxili İşlər Nazirliyi rəhbərliyinin və ictimaiyyətin müfəssəl məlumatlandırılmasına çalışdıq. Ümid edirik ki, DİN rəhbərliyi N.Qubadovun həbsində maraqlı olanları və DİN-ə təhrif olunmuş informasiyaların ötürülmə səbəblərini aydınlaşdıracaq. 

  • Şuşanın işğalından 20 il ötür

    Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

    1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

    Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

    Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var.

    Qeyd etmək lazımdır ki, Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.

    Şuşanın işğalı zamanı 200 nəfər şəhid olub, 150 nəfər əlil olub, 552 körpə yetim qalıb, 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

    Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

  • Sabir Rüstəmxanlı poeziyası İngiltərədə

    Məlum olduğu kimi, xalq şairi Sabir Rüstəmxanlı bu yaxınlarda Böyük Britaniyanın məşhur Oksford Universitetində keçirilən Beynəlxalq Musiqi və Poeziya Festivalında iştirak edib. Xalq şairinin ədəbi yaradıcılığı dünyanın müxtəlif ölkələrindən gəlmiş  çoxsaylı sənət və poeziya pərəstişkarlarının xüsusi maraq və diqqətinə səbəb olub. Çıxışı dönə -dönə alqışlanan şairin şeirləri haqqında İngiltərə mətbuatında da geniş yazılıb.

    Bundan əlavə, həmin festivalda şairin oxuduğu şeirlər Oksford Univesitetinin nəşr etdiyi “May xatirələri” (“Minds in May”) adlı kitabda geniş yer alıb. Şeirlərdən öncə şairin həyat və fəaliyyəti, Azərbaycanın azadlığı uğrundakı mübarizədə yeri, ilk müstəqillik aktının qəbul edilməsi sahəsəndəki gərgin əməyi haqqında geniş məlumat verilib.    Şairin yaradıcılığından danışılarkən onun “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Xətai yurdu”, “Sunami” və digər əsərlərinin bədii məziyyətlərinə toxunulmuş və bu əsərlər müasir ədəbiyyatın ən yaxşı nümunələri olduğu vurğulanmışdır. Kitabda şairin ingilis dilinə çevrilmiş aşağıdakı şeirləri verilmişdir: “Sən gəlirsən” (“You are coming”), “Mənim son arzum” (“My last will”), “Tənhalıq” (“Loneliness”), “Sözün mənası” (“helplessness of the word”), “Səni sevmək” (To love you”).

  • Sabir Rüstəmxanlı-66

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

     «Əziz Sabir bəy!

     Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə can sığlığı, uzun ömür arzulayırıq.

     Sizin keçdiyiniz həyat yolu nəsillər üçün böyük bir örnəkdir. Hələ gənc yaşlarınızdan xalqımızın milli azadlıq ruhunun oyanmasında fədakarlıqla mübarizə aparmış, yaradıcılığınızı və fəaliyyətinizi bu yola yönəltmisiniz. Təsadüfü deyil ki, Milli Azadlıq Hərəkatının başlanmasında müəllifi olduğunuz «Ömür kitabı» əsərinizin mühüm rol oynadığı haqqında yekdil rəy var.

     Milli Azadlıq Hərəkatı başlandıqda da siz təbii olaraq onun ön sıralarında yer aldınız və Hərəkatın liderlərindən biri oldunuz. Azərbaycan dövlətinin müstəqilliyi uğrunda mübarizə aparan və Müstəqillik Avtının qəbul olunmasında xüsusi rolu olan şəxs kimi Sizin adınız ölkəmizin tarixinə əbədi olaraq yazılmışdır.

     Bu gün də Azərbaycanın ədəbi və ictimai-siyasi həyatında tutduğunuz mövqe, ölkənin inkişafı, demokratikləşməsi, vətəndaş quruculuğu sahəsində apardığınız mübarizə gələcəyimiz üçün göstərdiyiniz müstəsna xidmətlərinizdir.

    Siz həyatınızı Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda savaşa vermisiniz. Güneylə bağlı həssaslığınız, Güneydə yaşayan 35 milyonluq soydaşımızın hüquqlarının müdafiəsi yönündə gördüyünüz işlər sizin ideallarımız və milli hədəflərimiz yolunda bir an da olsun, yorulmadan çalışdığınızın bariz nümunəsidir və inanırıq ki, Quzey Azərbaycanın müstəqilliyi kimi, Azərbaycanın bütövlüyünün memarı olmaq da Sizin taleyinizə yazılmış qismətdir.

    Əziz Sabir bəy!

    Bir daha Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə ideallarımız uğrunda apardığınız mübarizənin təntənəsini görməyi arzulayırıq.

    Dərin hörmətlə,

    VHP Siyasi Şurası»