Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • “Onu heç prezident də həll edə bilmir…”

    “Çoxunun arxasından cin, şeytan çıxır” 

    Vətəndaş Həmrəyli Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının “Qafqazinfo”ya müsahibəsi:

    – Bildiyimiz kimi, ölkə prezidentinin fərmanı ilə İsmayıllının icra başçısı tutduğu vəzifəsindən azad edildi. Belə fikirlər səslənir ki, bir rayonun icra başçısının işdən azad edilməsi, digər rayonların da icra başçılarından narazı olan əhalisini ayağa qaldıra bilər. Sizcə, bu versiyanın reallaşması mümkündürmü?
    – İcra başçılarının və bəzi məmurların vəzifə səlahiyyətlərini aşdıqları, əhali ilə kobud rəftar etmələri, adamları adam yerinə qoymamaları, müraciətlərə vaxtında cavab verməmələri barədə Milli Məclisdə biz dəfələrlə danışmışıq. Buna təkcə iqtidar-müxalifət münasibətləri, ya da iqtidarın apardığı yanlış siyasətin nəticəsi kimi baxmırıq. Hərçənd, burada yanlış siyasətin də rolu var. Bu, ümumiyyətlə cəmiyyətin bəlasıdır. Bundan iki çıxış yolu var. Ya bu adamların vəzifə səlahiyyətlərini aşmasının qarşısı inzibati yolla alınmalıdır, ya da mədəni səviyyələri yüksəlməlidir. İcra başçıları getdikləri rayonlara şəxsi mülkü kimi baxırlar. Rayonların hansına gediriksə, əhalinin icra başçılarının özbaşnalığından narazılıq eşidirik.

    – Sabir bəy, yəni səslənən versiya inandırıcıdırmı? 
    – Bu bütün respublikanı bürüyəcək fikri real deyil və bunu gözləmək də bizə qətiyyən xeyir verməz. Əvvəla, bənzərliklər olsa da, respublikanın hər yerində vəziyyət İsmayıllıdakının eyni deyil. Millət öz haqlarını tələb etməlidir, ona qul kimi baxanlara deməlidir ki, mənim heysiyyatıma toxunmaq olmaz. Ölkədə hər bir şəxsin ləyaqəti qorunmalıdır. Amma narazılıqların dövlətçiliyimiz üçün təhlükəli bir həddə çatmasını da istəmirəm. Əgər kimlərsə düşünürsə ki, “Ərəb baharı” Azərbaycana fərqli formada, yəni “aşağılardan” gələcək, bu yanlışdır. Bunun Azərbaycana nə gətirəcəyini təsəvvür edirəm. Buna görə də islahatlar aparılmalı, bütün dəyişikliklər seçki yolu olmalıdır, üsyanlar yolu ilə deyil. Rusiya ilə münasibətlər müəyyən qədər pozulub. Və Rusiya Ermənistanı silahlandırır, sərhədlərimizdə bu dövlətin hərbi birləşmələrinin toparlanması müşahidə olunur. Belə olan halda Azərbaycanda daxili qarışıdurmalar düşmənlərimizin əlinə müxtəlif bəhanələr verərə, dövlətçiliyimiz üçün ağır nəticələrə gətirib çıxarar.

    – Müxalifət iddia edir ki, bu dəyişikliklərlə iqtidar seçkiöncəsi səs yığmağa çalışır. Müxalifətin bir nümayəndəsi kimi siz necə düşünürsünüz? 
    – Özünə hörmət edən hakimiyyət həmişə problemləri həll etməyə, çətin vəziyyətdən xilas olmağa çalışır. Yəqin ki, hakimiyyət bu reallıqları başa düşür. Kadr dəyişikliyinə yox, daha ciddi islahatlara ehtiyac var.

    – Bayaq qeyd etdiniz ki, millət vəkilləri uzun illərdir əhalinin yerli icra hakimiyyəti nümayəndələrindən narazı olduğunu deyir. Sizcə, hakimiyyət millət vəkillərinin səsini eşidərəkmi dəyişiklik etdi, yoxsa narazı kütlədən ehtiyat etdi? 
    – Onu tərəziyə qoyub çəkmək mümkün deyil. Amma hər halda rayonlarda baş verən hadisələr sıraya düzüləndə, xəstəliklər təxminən bir-birinə bənzəyir. Bəzi icra başçıları getdikləri yerdə at oynadırlar. Ən gözəl yerləri özününküləşdirirlər. Ekologiyaya ciddi ziyan vurulur. Media bu barədə kifayət qədər yazır, Milli Məclisdə bunlar səsləndirilir. Adamlar zorakılığa məruz qalır, həbs olunur. Bunlar üst-üstə yığılanda, dəyişikliklər qaçılmaz olur və hakimiyyət bu addımları atmasa, vəziyyət daha da gərginləşər.

    – Millət vəkillləri həmişə narazıdırlar ki, bəzi məmurlar, dövlət qurumları onların müraciətlərinə belə baxmırlar. Siz neçə illərin millət vəkilisiniz. Belə hallarla çoxmu rastlaşırsınız? 
    – Mənim göndərdiyim məktublara həmişə vaxtında cavab gəlir. Xüsusi problemlə üzləşməmişəm. Ümumiyyətlə, dövlətçilik, idarəçilik böyük mədəniyyət və təcrübə tələb edir. Hər kəs oturduğu yerdə öz məsuliyyətini anlasa, dediyiniz sorunlar da olmaz. Vaxtilə nazirlərdən biri demişdi ki, millət vəkilləri öz işlərinə görə zəng vururlar. Heydər Əliyev təxminən belə cavab vermişdi ki, nazirlər il boyu özləri üçün işləyirlər, bir gün də millət vəkillərinin şəxsi işləri ilə məşğul olsunlar. Millət vəkilləri ilə dövlət qurumları arasındakı əlaqə qanunlarımızla tənzimlənməlidir. Millət vəkillərinin üzünə dövlət qurumlarının qapıları açıq olmalıdır. Bəzən heç tanımadığın idarələr özünə mühafizə dəstələri düzəldir, millət vəkillərini qəbul etmək belə istəmirlər. Məsələn, dəfələrlə üzümə deyiblər ki, bizim sizə hörmətimiz var, amma elə millət vəkilləri var ki, qapıda saatlarla gözlədirik. Bu normal yanaşma deyil və məncə, iki səbəbdən qaynaqlanır: birincisi, həmin idarələrin sahibləri vəzifə səlahiyyətini aşırlar, ikincisi isə Milli Məclis öz nüfuzunu yetərincə qorumur. Milli Məclisin iclaslarında səslənən bütün qüsurlar, deputatları narazı salan məsələlər hökmən iclasdan sonra sistemləşdirilib əlaqədar qurumlara göndərilməlidir. Cavab tələb edilməlidir. Amma məni təkcə millət vəkillərinin durumu narahat etmir. Biz Azərbaycanda normal ədalətə söykənən dövlət qurmaq istəyiriksə, vətəndaşlara hörmət edilməlidir. Dövlət qurumunun borcu vətəndaşı əzmək deyil, onu yüksəltməkdir. Belə olmayanda vətəndaş öz hakimiyyətindən narazı qalır. Mənim bir yazım var idi – “Vətən cazibəsi, ədalət cazibəsi”. Orada qeyd etmişdim ki, vətən çox şirindir, amma hansı vətəndə ədalət olmasa, o vətən cazibəsini itirər, orada rahatlıq olmaz.

    – Necə düşünürsünüz, hazırkı iqtidar Sabir Rüstəmxanlının səsini eşidirmi? 
    – Təəssüf ki, haqq etdiyim qədər yox.

    – Ən çox hansı məsələlərdə eşidilmək istəyirsiniz? 
    – Məni şəxsi problemlərim narahat etmir. İstərdim ki, milli məsələlərdən tutmuş ümumi, bu günki durumla bağlı olan bütün istək və təkliflərimizi bölüşmək imkanımız olsun. Təcrübədən gələn məsləhətlərin heç bir ziyanı olmaz, xeyirdən başqa. Bir çox problemi Milli Məclisdə qaldırmışam. Təəssüf ki, iqtidarı təmsil edən millət vəkilləri dediyimizin haqlı olduğunu bilsələr də, problemləri bizim dilimizdən eşidəndə əsəbiləşirlər. Halbuki deyilənlər ölkənin xeyrinədir. Fikirlərimdə Azərbaycanın normal dövlət kimi inkişafına nail olmaq istəyi var. Başqa şey axtarmaq əbəsdir. Prezident seçkilərinə qatılanda da bu istəyimi ortaya qoymuşam. Bildirmişəm ki, hər bir vəzifəyə başqa cür də yanaşmaq olar. Dörd il yarım nazir işlədiyim dönəmdə nazirliyin fərqli formasını sərgiləmişəm. Qapılarım vətəndaşların üzünə açıq olub. Orada ədalət olub, rüşvət olmayıb. İstəyərdim ki, Azərbaycanda daimi dialoq mühiti olsun. Prezident ildə bir-iki dəfə partiya sədrləri ilə görüşsün, onların fikrini dinləsin. Qarabağ problemi bitməyib. İstərdimki, Milli Məclisdə Qarabağ dinləmələri vaxtaşırı keçirilsin, televiziyalarda ölkədəki problemlərə həsr olunan canlı dialoqlar, verilişlər olsun. Bütün bunlar cəmiyyətə rahatlıq gətirər. Cəmiyyət bilər ki, hər şeyin həlli kadr dəyişikliyindən keçmir, bölgədə gedən elə məsələlər var ki, məsələn, Qarabağ problemi kimi, onu heç prezident də həll edə bilmir və burada ümumi milli iradə lazımdır. 

    – Sabir bəy, xalq qanunverici hakimiyyətdə təmsil olunan millət vəkillərinin gördükləri işə səmimi olaraq necə inana bilər? Axı Milli Məclisin Gülər Əhmədova kimi deputatı olub. Mətbuatda onun çoxlu sayda mülklərinin siyahısı dərc olunub. 
    – Maraqlı sualdır. Bəzi vəzifəli, bizneslə məşğul olan adamların ora seçilməsi doğru deyil. Elələri var ki, 5 ildə bir dəfə də olsa səsini eşitmirsən, qanun yaradıcılığında iştirak etmir, tamaşaçı kimi otururlar. Bir Gülər Əhmədovanın o cür malı-mülkü ortaya çıxıbsa, bunu hamıya şamil də etmək olmaz. Bir az konkretləşdirib, özümüzdən danışaq: mənim heç nəyim yoxdur və bu, məni narahat da etmir. Mənim taleyim, həyat yolum başqa cürdür. Mən nazir işləyəndə o vaxt xariclə yeni-yeni əlaqələr qurulurdu. Mənə də vasitəçilik, yardım etmələr təklif olunurdu. Təbii ki, böyük gəlir ola bilərdi. Hətta belə imkandan istifadə etmək, biznes fəaliyyəti ilə məşğul olmaq barədə də düşündüm. Sonra fikirləşdim ki, Tanırı mənə qələm, yazmaq qabiliyyəti verib. Başqa işlərlə məşğul olsam, bunu da itirərəm. Qələmin gətirdiyi sərmayəni hər cür pul-para sərmayəsindən yüz qat artıq qiymətləndirirəm. Söz əbədidir. Digər millət vəkillərinin gördüklərinə isə cavabdeh ola bilmərəm. Qurunun oduna yaş yana bilməz. Təəssüf ki, özünü mələk kimi təqdim edənlərin çoxunun arxasından cin, şeytan çıxır.

    – Proseslər bu həddə çatmadan bu kimi işlərlə məşğul olan millət vəkillərinin təmsil olunduğu orqandaca fəaliyyətinin məhdudlaşdırılması mümkün ola bilərmi? 
    – İldən-ilə cəmiyyətimiz dəyişilir. Əvvəlki illərdən fərqli olaraq, indi tam cəzasızlıq yoxdur. Ola bilsin ki, kimsə məhkəmə qarşısında dayanmır, amma cəmiyyətin qınağı ilə həmişə üz-üzədir. Gənclər fəaldır, gördüklərini yazırlar. Kimsə elə bilir ki, gözünü yumacaq və onu görən olmayacaq, belə deyil. Millət vəkilləri yeri gələndə sözlərini deyirlər. MM-i dava meydanına çevirmək də olmaz. Biz ümumi şəkildə sözümüzü deyirik. 

    – Gülər Əhmədovanın taleyini yaşaya biləcək millət vəkilləri hazırda yenə varmı? 
    – Yetərincə var.

    – Facebookda bir səsvermə keçirilmişdi ki, hansı partiya liderinin prezident olmasını istəyərdiniz. 60 faiz səslə siz birinci yerdə idiniz. Bunun reallaşması mümkün görünürmü? 
    – Çətindir. Sosial şəbəkəyə qatılanlar bəlli bir intellekt səviyyəni təmsil edən təhsilli zümrədəndirlər. Onların məsələlərə baxışı dünya təcrübəsinə və ziyalılıq tələblərinə söykənir. Müəyyən qisim də var ki, onlarda öz əmlakını qorumaq psixologiyası üstündür. Bir şəbəkə yerliçilik prizmasından yanaşır, digəri qarşlıqlı bir-birini qorumaq, gəlirinə, çıxarına xidmət etmək prinsiplərini gözləyir və s. Mühafizəkar qrup fikirləşir ki, narazılıqlar olsa da, hamısını bir gündə aradan qaldırmaq olmaz və hakimiyyətin dəyişilməsini istəmirlər. Bunlar hamısı göz qabağındadır.

    – Müxalifət bu şəbəkələrin içərisində necə görünür? 
    – Təəssüf ki, bu qüvvələri yan-yana düzəndə müxalifət zəif görünür. Yəni müxalifətin öz qüvvəsini nəzərdə tuturam. Müxalifətin içində bizim kimi parlamentdə təmsil olunan və cəmiyyətin qüvvələri arasında balans yaratmağa çalışan adamlar da var, “nə qədər pis olsa, o qədər yaxşıdır, təki hakimiyyətə mən gəlim” devizi ilə yaşayanlar da. Mən hakimiyyət dəlisi deyiləm. Düşüncəmə görə, hansı idarəetmə bu xalqın indiki durumunda daha yaxşıdırsa, onu qorumaq lazımdır. Cəmiyyətin inkişafı inqilabla dəyişə bilməz. Tədrici proses getməlidir. Camaat məni barışdan yana, vətəndaş həmrəyliyi, milli birliyin tərəfdarı olan adam kimi tanıyır. 2003-cü ildə namizədliyimi verəndə demişdim ki, əgər bu millət 5 il rahat nəfəs almaq istəyirsə, məni prezident seçsin. Çünki olduğum yerdə ayrı-seçkilik, rüşvət, xalqa aşağıdan yuxarı baxmaq, klan, tayfabazlıq ola bilməz. Və ən əsası, ökədə tam ədalətli bir seçki mühiti yaradaram. Xalq kimi istəyirsə, onu seçsin: şəbəkə “seçimi” ayrı, xalq səsverməsi ayrıdır. 

    – Müxalifət 20 ildir ki, bir ola bilmir… 
    – Müxalifət xalqla bir yerdə olanda həmişə güclü olub. 88-ci ildə meydana çıxmışıq. Arxamızca bir milyon adam gəlib. Xalq həmişə müxalifətə inanıb. Amma sonra müəyyən səhvlər oldu və xalq inamını itirdi. Demokratik düşərgə param-parçadır və etiraf edək ki, bunda xarici qüvvələrin də rolu olub. Digər tərəfdən, mədəni və siyasi səviyyədə problemlər parçalanmağa gətirib çıxarıb. Bu, bir marafondur; bu marafonda uzun müddət duruş gətirə bilənlər meydanda qalacaq. Bizdə uzaqbaşı beş partiya olmalıdır, bu qədər firqələrə ayrılmağa ehtiyac yoxdur. Seçkidən-seçkiyə fəallaşmaq, vahid namizəd axtarmaq doğru deyil. Beş il bir araya gəlməyin, bir-birinin qapısı açmayan, oturub dərdləşməyən və siyasi yolunun müəyən proqramlarını bir yerdə müzakirə etməyən adamlar seçkiyə 5-6 ay qalmış necə bir araya gələ bilər?! Məncə, elə buna görə də müxalifətin vahid namizədinin olması məsələsi real deyil.

    – Müsavat başqanı ilə necə, müzakirələr aparmısınızmı? 
    – Niyə məhz İsa Qəmbəri soruşursunuz?

    – Hazırda müxalifət cəbhəsində onun şansının daha yüksək olduğu dəyərləndirilir… 
    – Məncə, bu şans Müsavat Partiyasının taleyi ilə bağlıdır. Tariximizdə ənənəsi olan partiyadır. İsa Qəmbərlə isə heç bir problemim yoxdur. Xoş münasibətlərimiz var. Amma vaxtilə bizim meydanda başladığımız kimi, bir-biri üçün “sən daş qoyan yerə mən baş qoyaram” və “bir yerdə olacağıq, bu yolu sona kimi gedəcəyik, bu işi bitirib qalib gələcəyik” demək ayrı şeydir, arada görüşüb çay içmək ayrı… Ümumiyyətlə, siyasətə yeni adamların gəlməsini istəyirəm. Namizədliyimi verməsəm, ən gənc namizədi dəstəkləməyim də mümkündür. Yeni birliklər, qüvvələr yaranmalıdır. Bəlkə papaq altında elə adamlar var ki, onlar daha yaxşı işləyə bilərlər? Bəlkə xalq bizdən yorulub? İstəyərdim ki, yeni qüvvələr meydana gəlsin, bizlə bir arada olsun. Təcrübəmizdən onlara öyrədək.

    – Bu dəfəki seçkilərdə namizəd olsanız, xalqın neçə faizinin səsini yığa bilərsiniz? 
    – Xalqın səsini yığmaq asandır, onu qorumaqsa çətin. Eyni iddia, həmin güc, enerji, iş üslubum – hamısı yerindədir. Amma ölkədə vəziyyət ayrıdır. Seçki kampaniyasının qurulması, maddi imkanlar və s. baxımından iqtidarın imkanları alternativlərin imkanlarından qat-qat artıq olur.

    – Seçkidə iştirak edəcəksiz? 
    – Yəqin ki, yaxın vaxtlarda bu məsələni müzakirə edəcəyik.

    – Partiyanın namizədi sizmi olacaqsız? 
    – Hələ ki, konkret qərara gəlməmişəm. 

    – Ənənəvi olan sualımı sizə də verəcəm. Bu dəfəki seçkilərdən ciddi hakimiyyət dəyişikliyi gözləyirsinizmi? 
    – Ya hakimiyyət özü özünü dəyişməlidir, ya da xalq onu dəyişəcək. 

    – Sabir bəy, sizinlə çox mövzuda söhbət etmək olar. Amma bir az siyasətdən uzaqlaşıb, yaradıcılığınızda hansı yeniliklərin olduğunu qısaca öyrənək… 
    – Son vaxtlar yarıfantastik, yarıgerçək “Sunami” adlı romanım çapdan çıxıb, yeri gəlmişkən, orada da bir rayonun timsalında icra başçısından narazılıq məsələsi var. “Ədəbi sevda” adlı şeir kitabım nəşr olunub. Bir publisistika kitabı hazırlayıram – məni razı salan kitabdır. Problemlərin böyük əksəriyyəti orda var; sevinirəm ki, vaxtında onları yazmışam və indi də yazmaqda davam edirəm. Adı “Dərdə əyilmə” olacaq. Əvvəl istəyirdim ki, “Dərd” qoyum – dərdlərimizin ümumi ifadəsi var, ona görə. Sonra fikrimi dəyişdim. çünki dərd həmişə var, əsas odur ki, dərdə əyilməyəsən… “Ömür kitabı” bu yaxınlarda Londonda ingilis dilində çap olunmalıdır. “Difai fədailəri” Türkiyədə nəşrə hazırlanır. Doğu Türküstandan bir dərgi redaktoru olan Razimuhəmməd Mütəllib adlı şəxsdən məktub almışam, o, “Göy Tanrı” əsərini uyğur dilinə tərcümə etməyə icazə istəyirdi. Böyük məmnuniyyətlə razılıq verdim. “Göy Tanrı” və “Ölüm zirvəsi” adlı kitablarım həm də rus dilində nəşrə hazırdır. “Şair və şər” şərti adlı yeni nəsr əsəri üzərində işləyirəm, “Vətəndaşlığın əlifbası” adlı kitabı tamamlamaq üzrəyəm. Ümumi şəkildə belədir… Yəni bekar qalmıram, işlərim gedir. Bir ara sağlamlıq məsələsinə görə əlim işdən soyudu. Amma indi, şükür, hər şey qaydasındadır.

    – Son olaraq, indiki halda sözü siyasi dillə ifadə etmək daha rahatdır, yoxsa ədəbi dillə? 
    – Onlar bir-birinə dayaqdır. Bizim siyasətimiz xalqa müstəqillik qazandırdı. İndi də siyasət ədəbiyyata yeni materiallar verir. Siyasətdə gördüklərim, dünya ölkələrinə səfərlər, beynəlxalq əlaqələr yeni yazılar doğurur və ədəbiyyatı zənginləşdirir. Bunlar tale işləridir, heç birini özümüz seçməmişik.

    Günel Türksoy
    “Qafqazinfo.az”

  • “Ölüm zirvəsi” romanı və tariximiz haqqında düşüncələrim

    Təyyar SALAMOĞLU
    Filologiya üzrə elmlər doktoru, professor
      

    Çağdaş ədəbi prosesin prioritet tarixi mövzusu  XVII-XVIII əsrin siyasi hadisələridir desək, yəqin ki, səhv etmərik. Nadir şah və xanlıqlar dövrünün hadisələri bədii düşüncəni daha artıq məşğul etməyə başlayıb.  Bu mənada S.Rüstəmxanlının “Ölüm zirvəsi” romanı (Bakı, “Qanun” nəşr., 2007) diqqətimizi daha artıq çəkir. 

    Kitaba yazılmış annotasiya “Ölüm zirvəsi” romanını tarixi-bioqrafik əsər kimi təqdim edir. Şübhəsiz ki, Cavad xanın Azərbaycan xalqının tarixində çox şərəfli bir mövqeyi vardır. O tarixi bir şəxsiyyətdir; tarix kitablarında onun hökmdar və sərkərdə kimi şərəfli fəaliyyətindən təfərrüatla və tarixi dəqiqliklə söhbət açılır. Lakin çağdaşlarından, sələf və xələflərindən onu fərqləndirən başqa bir keyfiyyət də var. Cavad xanın obrazı bizim yaddaşımıza ancaq tarix kitablarından gəlmir. Onun obrazı bizim yaddaşımızda ilk olaraq şifahi ənənə vasitəsi ilə formalaşıb. O, Dədə Qorqud, Koroğlu kimi mifik qəhrəman deyil, lakin mifikləşmiş qəhrəmandır, şifahi ənənədə onun mifik obrazı yaşayır. XVIII əsrdə bir hökmdar və sərkərdə kimi milli varlıq uğrunda mübarizədə göstərdiyi ağlasığmaz rəşadət, şərəf və ləyaqət uğrunda ölümə qədər getmək əzmi genetik yaddaşımızda onun xalq qəhrəmanı, əfsanəvi qəhrəman obrazını yaradıb. Tarixi mənbələrin verdiyi məlumatların genetik yaddaşdakılarla üst-üstə düşməsi onun xalq qəhrəmanı obrazını əbədiləşdirib. Bu mənada S.Rüstəmxanlının Cavad xanın bioqrafiyasını tarixi roman predmetinə çevirməsi tamamilə məntiqi və qanunauyğundur.  

    Lakin məsələnin başqa tərəfi də var. Son onilliklərdə Azərbaycan ədəbiyyatında meydana çıxan və janrın dünya ənənələrinə novator münasibətlə seçilən nümunələrində polifonizm (ideya-məzmun çoxqatlılığı mənasında) aparıcı keyfiyyətə çevrilməkdədir. Başqa sözlə, bu romanlarda postmodernist estetikada deyildiyi kimi, “bədii mətn öz strukturu etibarı ilə bitib tükənməz məna potensialı doğurur”. “Ölüm zirvəsi” romanında da belə bir xüsusiyyət öndədir. Cavad xanın bioqrafiyası bu romanda mətnin prozasıdır. Fəlsəfi mənada romanın məzmunu daha dərin mətləblərdən xəbər verir. “Ölüm zirvəsi” tarixi-bioqrafik əsər olmaqla bərabər, tarixi-siyasi romandır. “Öz təbiəti ilə sosial” olan (Mişel Zeraff) roman əks etdirdiyi zamanın fəlsəfəsini ortaya qoymalı, onun siyasi-ictimai, mənəvi-əxlaqi sferalarda  fəlsəfi dərkini verməlidir ki, dünya modeli kimi – başqa sözlə özünün çağdaş strukturu ilə meydana çıxa bilsin. Romanda süjetdə xronikallıq nisbi mənada da olsa  qorunur, lakin süjet bu xronikallıqdan çox, hadisələrin səbəb-nəticə əlaqələri əsasında hərəkətə gətirilir. Bu cəhət isə romanda baş verən hadisələrin sosial-siyasi və mənəvi-əxlaqi müstəvidə fəlsəfəsini açmağı əsas yazıçı məqsədinə çevirir. 

    “Ölüm zirvəsi”  romanında təsvir olunur ki, bütün varlığı ilə elinə-obasına, doğma torpağına bağlı olan Cavad  xan, Gəncə uğrunda, əslində milli varlıq uğrunda mübarizə meydanına atılan Gəncə camaatı rus ordusu ilə amansız çarpışmada məğlub olur. Bu məğlubiyyətin səbəbləri ictimai şüurda çox vaxt rus ordusunun gücü, texniki təchizatının zamanına görə yüksək səviyyədə olması ilə izah edilir. Gəncə xanlığı üzərində çalınan qələbənin isə bütövlükdə Azərbaycanın ikiyə parçalanmasına, Rusiya və İran arasında bölüşdürülməyə yol açması mübahisəsiz tarixi reallıq kimi qəbul edilir.  Ancaq roman müəllifi belə bir qənaətdədir ki, bu məğlubiyyətin tarixi kökləri kifayət qədər dərinliklərə gedir. Bu günkü məğlubiyyətimizi tarixi səhvlərimiz şərtləndirir. 

    Doğrudur, romanın “Həmin gün” adlı “epiloq əvəzi” son sözündə Quba, Bakı, Şəki, Lənkəran, İrəvan, bir sözlə Guney və Quzey xanlıqlarında daxili çəkişmələrin, bir-birinə düşmənçilik siyasəti yeritmələrin, erməni dəyirmanına su tökmələrin davam etməsinə, bəlkə də daha artıq bir ehtirasla davam etməsinə sonsuz kinayəli münasibətdə məğlubiyyətimizin kökündə birləşə bilməməyimizin dayanması ilə bağlı müəllif mövqeyi də ifadə olunur. Burda da həqiqət var. Ancaq roman bizi tamam başqa bir həqiqətin estetik dərkinə doğru aparır. Məğlubiyyətimizi şərtləndirən birləşə bilməməyimiz səbəb deyil, nəticədir. Roman “nə üçün birləşə bilmədik?” sualına cavab axtarır. Roman Gəncədə qan su yerinə axanda Şəki hakimi Səlim xanın “kor” qardaşı Məhəmmədhəsəni bir də kor eləmək” istəyinin, İrəvanlı Məhəmmədxanla naxçıvanlı Gəlbəli xanın yerlərini isti edib “erməni keşişlərinin könlünü xoş eləmək” haqqında düşüncələrinin haradan və nədən, hansı tarixi səhvlərimizdən güc almasının psixoloji əsaslarını araşdırır. Gəncə məğlubiyyətini, birləşə bilməməyimizi, son nəticədə isə iki parçaya bölünməyimizi nəticə kimi qəbul edən müəllif tarixin qaranlıq səhifələrinə işıq tutaraq bunun səbəblərini axtarır. Çünki o qəti əmindir ki, çəkilməsi mümkün omayan mənəvi ağrılara, siyasi dəhşətlərə yol açan nəticəni onu doğuran səbəbləri bilmədən aradan qaldırmaq olmaz. Keçmişin ibrət dərslərini soyuqbaşla təhlil etmədən gələcəyə atılan addımların düzgünlüyünü müəyyənləşdirmək mümkün deyil. “Azərbaycanın işğalına qarşı qəhrəmanlıqla mübarizə aparmış” Cavad xan haqqında roman yazarkən Nadir şahla bağlı tarixin səhifələnməsi və analitik bədii təhlildən keçirilməsi də bununla bağlıdır. Müəllif romanın Nadir şahla bağlı hissəsinə olduqca mənalı bir başlıq vermişdir.: 

    “Muğan qurultayı və ya sonun başlanğıcı”. S.Rüstmxanlı Nadir şah dövrünün tarixi xronikasını vermək fikrində deyil. Bədii məntiq də belə bir missiyanı önə çəkmir. Bir hökmdar kimi Nadirin tarixi taleyində Muğanda çağırdığı qurultayın çox böyük yeri var. Bununla belə Muğan qurultayına qədər Nadir çox uzun bir yol keçmişdi. Bu müddətdə o, bir sərkərdə olaraq zəifləmiş Səfəvi dövlətini parçalanmaqdan qorumuş, Şah İsmayıldan sonrakı Səfəvi hökmdarlarının dövründə itirilmiş torpaqları geri almış, İran səltənəti çərçivəsində olsa da Azərbaycanın bütöv bir inzibati ərazi bölgüsü kimi mövcudluğuna öz töhfəsini vermiş, onun ayrı-ayrı dövlətlər arasında bölüşdürülməsinin qarşısını almışdı. Bütün bunlar Nadirin bir sərkərdə kimi məharətini, böyüklüyünü göstərirdi.  Lakin Azərbaycan xalqının tarixi taleyində bir sərkərdə kimi oynadığı mütərəqqi rolu Nadir bir hökmdar olaraq oynaya bilmir.
     
    “XVIII əsrin 30-cu və 40-cı illərinin birinci yarısı Azərbaycan tarixinə ağır bir dövr kimi” (Azərbaycan tarixi. Bakı. Azərnəşr, 1994, s. 515) daxil olur. Əlbəttə, əsas məsələ ancaq bu deyil. “1736-cı ilin martında toplanmış yığıncaqda (qurultayda) Nadirin özünü İran şahı elan etməsi”ni (Azərbaycan tarixi. s.514) “Ölüm zirvəsi” romanının müəllifi “Sonun başlanğıcı” hesab edəndə XVIII əsrin sonu, XIX əsrin əvvəllərindəki və indiki tarixi faciələrimizin böyük əksəriyyətinin özülünün Nadir şahın dövründə qoyulması və bu səhvlərin getdikcə böyüyüb şaxələnməsi qənaətindən çıxış edir.  Nadirin əldə etdiyi tarixi qələbələri özünə qalxan edib şahlıq taxtına çıxmaq istəyi zamanın dövlətçilik ənənələrinə ziddir. Nadir özü də bunu bilir. Qurultayı da hakimiyyətini qanuniləşdirmək üçün çağırır. Lakin onun Səfəvilər sülaləsinə son qoyub Avşarlar sülaləsinin əsasını qoyması dövlətin daxilində narazılıq yaradır.
     
    Nadirin hakimiyyətə gəlməsini Səfəvilər sülaləsinə xəyanət hesab edən Gəncə bəylərbəyi Uğulu xan sövq-təbii bir hiss və düşüncə ilə sərkərdə Nadirlə şah Nadirin eyni bir adam olmadığını, bir-birini tamamlamadığını, şahlıq taxtına yiyələnmək ehtirasının onda hər şeydən qüvvətli olduğunu hiss edir.  Nadir öz şahlıq səltənətini Səfəvi səltənətinə xəyanət edərək qurur. Əsl “niyyəti Səfəvilərin axrına çıxmaq” olan Nadir bütün gücü ilə bu niyyəti, əslində xəyanəti pərdələməyə çalışır və şah olur. “Sonun başlanğıcı” da bu xəyanətlə bağlıdır. Nadir şah şəxsi mənafeyini dövlət mənafeyindən, dövlətçilik ənənəsindən üstün tutub “Səfəvilərə xəyanət etmədiyinə görə Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyiliyindən qoparıb “Aşağı Kartli” adıyla” Gürcüstana bağışlayanda, erməni məliklərini Gəncə bəylərbəyiliyindən ayırıb Uğurla xana, Gəncə bəylərbəyiliyinə, əslində Gəncə bəylərbəylinin simasında Azərbaycan dövlətçiliyinə ağır zərbə vuranda bunun mənsub olduğu xalq üçün böyük faciələrə yol açacağını təsəvvür edə bilmir. S.Rüstəmxanlının romanında Azərbaycan-erməni münasibətlərinin tarixi kökləri açılır. Azərbaycanın tarixi torpaqlarnda ermənilərin nəyin və kimin hesabına, nə vaxt və nə şəkildə özlərinə yer etməsinin aydın mənzərəsi canlandırılır. Dağlıq Qarabağ probleminə gedən yolun siyasi xəritəsi cızılır, erməninin mənfur xarakteri açılır. Borçalı və İrəvanın yad əllərə keçməsi tarixi dəqiqliklə şərh olunur.  “Ölüm zirvəsi” romanında tarixə tendensiyalı münasibət yoxdur. Avşarlar tayfasından çıxmış oğuz türkü kimi Nadirin böyük bir səltənətə başçılıq etməsi Azərbaycan türkünün şərəf tarixidir. 

    Bu tarixin ən şərəfli səhifəsi Nadirin İran-Türkiyə münasibətlərini nizamlamaq istəyi, din birliyi kontekstində olsa da qardaşın qardaşa, soykökü, dini bir olan insanların bir-birinə qarşı qılınc çalmalarının qarşısını almaq məqsədidir, müəyyən müddət buna nail olmasıdır. Romanda məzhəb birliyinə, türk birliyinə ciddi-cəhdlə, siyasətlərinin bütün gücü ilə rəxnə salmaq istəyən Avropa və Rusiya siyasətinə Nadirin müqaviməti, nümayiş etdirdiyi səbatlılıq tarixi həqiqətə obyektiv münasibət kontekstində bədii-estetik qiymətini alır. Lakin məhz həmin obyektivlik hissi bütün varlığı ilə türkçülük, azərbaycançılıq amalına bağlı olan müəllifi türk əsilli şahın əməl və hərəkətlərindəki, düşüncəsindəki fars şovinizmi təsirini də tarixi gerçəkliyə uyğun şəkildə əks etdirməyə istiqamətləndirir. Əslində Nadir öz şahlığı dövründə ümmətçiliyi önə çəkir. O özünü türk kimi yox, İslam ümməti kimi dərk edir. Onun düşüncəsində dini birliyə – din qardaşlarının birliyinə daha artıq diqqət yetirilir.  Osmanlı dövləti ilə yaxınlaşmaq siyasətindəki ardıcıllıq, davamlılıq da bu düşüncəyə söykənir. “Ancaq bu məzhəb ayrılığı müsəlmanı məhv elədi. Xüsusən də biz türkləri. Osmanlı – İran düşmənçiliyi xaçpərəstləri bizə güldürür” – Nadirin içindən gələn bu sözlərdə böyük həqiqət var. Lakin elə bu mülahizənin özündə nəinki Osmanlı – İran münasibətləri, hətta Osmanlı türkləri ilə İran-Azərbaycan türkləri arasındakı münasibətlər türk birliyi kontekstinə yox, din birliyi kontekstinə çıxarılır. Nadir birliyin əsasını dini zəmində axtarır. Bu da onun yaratdığı dövlətdə farslaşmaya meydan verir. Nadirin məzhəb ayrı-seçkiliyinə son vermək istəyi bir müsəlman və türk hökmdarı kimi onun ruhunun səsi kimi mənalana bilmir. Məzhəb ayrılığına son qoymaq istəyində Səfəviləri gözdən salmaq məqsədi də var. 

    Demək, ən ali məqsəd xalqı Səfəvi təəssübkeşliyi düşüncəsindən ayrı salmaqdır. Hətta ən yaxın adamlarının belə Səfəvilərə münasibətdə onun haqlı olmadığın düşünməsi Nadiri düşündürməyə bilməzdi.  Taxt-tac ehtirası Nadirə ağıllı və dövlətin mənafeyini nəzərə alan siyasət yürütməyə imkan vermir. Onun taxt-tac ehtirasına bu taxt-taca yiyələnməsinə qarşı duranlara pataloji nifrət ehtirası da qarışır. Bu mənada Gəncə bəylərbəyiliyi əsas hədəf kimi seçilir. Qazax və Borçalı mahallarının Gəncə bəylərbəyiliyindən qoparılması, erməni məliklərinə verilən əlavə imtiyazlar, can borcu və gözəl gürcü qızlarının müqabilində Gürcüstan çarlığının güclənməsinə, “Teymurazın və oğlunun uzun müddət Qafqazda at oynatmasına” şərait yaradılması Nadirin türksoylu bir hökmdar kimi böyük səhvləri idi və roman müəllifinin qənaətinə görə bu səhvlərin ağrısını “Azərbaycan iki yüz yetmiş ildir çəkir…” Roman müəllifi Nadirin şəxsi münaqişə zəminində – Gəncə bəylərbəyiliyinə zərbə vurmaq məqsədilə Qarabağla Göyçə arasında yerləşən və qədim Alban kilsələrinin yerləşdiyi müqəddəs türk torpaqlarını XVIII əsrə qədər Qafqazda bir qarış belə torpağa sahib olmayan ermənilərə hədiyyə etməsini acı bir təəssüf, böyük bir ağrı ilə bədii təsvir predmetinə çevirir. Müəllif təhkiyəsində oxuyuruq: “Böyük xanı tanıyanlar onun gözəl qadınlara laqeyd olmadığını bilirdilər”. Bilirdilər və istifadə edirdilər. 

    Tamaranın hədiyyə elədiyi gürcü qızını görərkən “Təkcə Qazaxı, Borçalını yox, dünyanı atardı bu cənnət cücəsinin ayağı altına” düşünməsi və düşündüyünü hansı acı nəticələrə gətirib çıxaracağını düşünmədən həyata keçirən, öz soydaşlarına bəslədiyi mənasız bir kin hesabına ermənini torpaq sahibi edən Nadir bu hərəkətlərilə Azərbaycanın gələcək taleyi üçün böyük faciələrə yol açır, “sonun başlanğıcı”nı qoyur. “Ölüm zirvəsi” romanının sonrakı hissələri Cavad xan Ziyadxan oğlu Qacarın tale yolundan bəhs edir və bu hissələrdəki müəllif məntiqini müxtəsər şəkildə, “başlanğıcın sonu” kimi də ifadə eləmək olar. Cavad xan hakimiyyətə gələndə Azərbaycan dövlətçiliyi yol ayrıcında idi. Nadir şahdan sonra İran bir dövlət kimi zəifləmiş, dövlətin siyasətində fars şovinizmi önə çıxmışdı. Azərbaycan hakimləri indi daha İran dövlətinin tərkibində özlərini arxayın hesab edə bilmirdilər. Qafqazda rus dövlətinin nüfuzu daha da güclənmişdi. Daha doğrusu Azərbaycanda rus və İranpərəst qüvvələr əmələ gəlmişdi. Əlbəttə, nə Rusiyaya, nə də İrana olan meyl daxili inamdan irəli gəlmirdi. Özünümüdafiə üçün düşünülən stixial bir siyasət idi. Qafqazda qüvvələr nisbəti dəyişilməyə doğru gedirdi. Gürcüstan çarlığı və erməni məlikləri aktivləşmiş, Rusiyanın dəstəyinə arxalanaraq hakimiyyət və torpaq iddialarına düşmüşdülər. “Rusiyayla İranın uzun tarixi olan və əsasən Osmanlı düşmənçiliyi təməlində formalaşmış dostluqlarının” pozulması Azərbaycan xanlarını düşünməyə məcbur etmiş, belə ki, “Azərbaycan xanlarının İranla Rusiya arasında manevr etməkdən başqa yolları qalmamışdı.” Səfəvilərin dövründə böyük gücə və əraziyə malik olan, bölgədə böyük nüfuz sahibi Gəncə bəylərbəyiliyi Nadir şahın yanlış siyasəti nəticəsində parçalanıb, kiçilib ancaq Gəncə və ətrafından ibarət bir xanlıq şəklində öz müstəqilliyini qoruyub saxlaya bilmişdi. Cavad xan dostu Şeyx Yusifə deyir: “Ziyadxanoğluların köhnə ehtişamından heç nə qalmadı, Şeyx! Allah Nadir şah Avşara lənət eləsin! Beş-altı il İran şahı olmaq xətrinə dağıtdı sərvətimizi. Gör neçə yerə böldü Gəncə bəylərbəyiliyini. Qarabağ xanlığı bir, erməni məlikləri iki, Şəmsəddin üç, Qazax mahalı dörd, Borçalı beş, Mil-Muğan elatları altı…- deyə-deyə barmaqlarını qatlayırdı.”  

    Roman müəllifinə görə, Azərbaycan ərazilərinin parçalanması və müstəqil xanlıqların yaranması hesabına olsa da, Azərbaycanın İran dövlətindən qopub ayrılması müsbət hadisə idi. Lakin bu ayrılmaq onların öz aralarında birləşməsi ilə başa çatmalı idi. Romanda oxuyuruq: “Azərbaycan xanları mərkəzdən qopmaqdan başqa yol bulmamışdılar. Bu ilk addımdı, ancaq ikinci addımı atıb öz aralarında razılığa gələ bilmirdilər”.  

    Azərbaycan hakimlərinin müstəqillik qazanması və xanlıqların yaranması yaranmış əlverişli tarixi şəraitin nəticəsində mümkün olmuşdu. Elə öz aralarında dil tapıb birləşməyə də yeni tarixi şərait imkan vermirdi. Buna İranın və bu dövrdə əsas güc dövlətinə çevrilmiş Rusiyanın maraqları və Qafqaz siyasəti imkan vermirdi. İran hakimləri Azərbaycanı öz tarixi əraziləri hesab edir, onu yenidən öz tərkibinə birləşdirməyə can atır, buna hərbi gücü və iqtidarı çatmayanda isə Azərbaycanda parçalanmış dövlətçilik siyasəti aparırdı. Hələ ki, Azərbaycanın ayrı-ayrı xanlıqlar şəklində idarə olunması İran siyasətinə uyğun gəlirdi. Rusiya isə Azərbaycanı siyasi və iqtisadi cəhətdən əvvəlcə öz təsiri altına almaq, imkan tapdıqda isə onu öz müstəmləkəsinə çevirmək siyasəti yürüdürdü. I Pyotrun vəsiyyətini əsas götürən II Yekaterina hesab edirdi ki, Qafqazda möhkəmlənmək üçün əlverişli şərait yetişmişdir. 

    Azərbaycan xanları vəziyyətin ağırlığını başa düşür və hər biri öz-özlüyündə buna çarə axtarırdılar. Azərbaycanı bu ağır vəziyyətdən, yenidən güc dövlətlərinin təsiri altına düşməkdən qurtarmağın yeganə əlacı xanların öz aralarında birləşməsi idi. Birləşmək siyasi zərurət idi. “Ölüm zirvəsi” romanında Azərbaycan üçün taleyüklü bir zamanın gəldiyini, vəziyyətin ağırlığının miqyassızlığını bütün xanların başa düşdüyü, lakin birləşməyin zəruri olduğunu Cavad xandan başqa heç bir xanın başa düşmədiyi müəllifin vətəndaş ağrısı və düşüncəsi ilə gəldiyi qənaət idi. Hələ ki, Azərbaycan xanları müstəqilliyi müstəqil xanlıq taxtına sahib olmaq şəklində başa düşür, hələ ki, öz taxtını qorumaq üçün başqa xanları taxtdan salmaq fürsətini də əldən qaçırmırdılar. Şəxsi münasibətlərdən doğan  qisasçılıq hissi Azərbaycan xanlarını bir-birinə yaxınlaşmağa qoymur, hələ ki fürsət düşəndə bir-birini zəif salmaq siyasətindən əl çəkə bilmirdilər. Birləşməni ən yaxşı halda hamı onun ətrafında birləşmək kimi başa düşür, bu mümkün olmayanda isə əcnəbi qüvvələrə üz tutmağa üstünlük verirdilər. Hələ ki, Qarabağ xanı İbrahim xan olub keçmişlərlə bağlı narazılıqlarının qisasını almaq üçün Gəncə xanlığının zəifləməsindən istifadə edərək Gürcüstan çarı İrakli ilə birləşərək Cavad xanın üstünə qoşun çəkir. 

    “Ölüm zirvəsi” romanında müstəqil Azərbaycan xanlıqlarının yaranmasından quzey Azərbaycan xanlıqlarının rus müstəmləkəsinə çevrilməsinə qədərki tarix bədii düşüncə predmetinə çevrilir. Müəllif hadisələri epik təfsilatları ilə, döyüş səhnələrinin təfərrüatlı təsviri yolu ilə getmir. Olub keçənlər, baş verən hadisələr və baş verə biləcəklərin hər birisi Cavad xanın düşüncələrindən keçərək romana gəlir. 

    Tarixdən də bizə məlumdur ki, Azərbaycan xanlıqlarınn taleyi yol ayrıcında qalanda müstəqillik yolunu tutan və bu yolla birmənalı şəkildə axıra qədər gedən Gəncə xanı Cavad xan olmuşdur. Bu həqiqətdir və bu həqiqət Azərbaycan xalqına bəlli olduğu kimi, roman müəllifinə də bütün təfərrüatı ilə məlumdur. Lakin roman müəlifi tarixin bəlli həqiqətlərini “romanlaşdırmaq” fikrində deyil. S.Rüstəmxanlı öz qəhrəmanını ideallaşdırmaq fikrindən də çox uzaqdır. Romanın bədii məntiqi də bunu tələb etmir. 

    S.Rüstəmxanlının məqsədi oxucunu tarixin obyektiv və sərt həqiqətləri ilə üz-üzə qoymaqdır; tarixin indiyə qədər təhrif edilmiş siyasi mənzərəsinin gerçək üzünü aşkarlamaqdır. Çünki S.Rüstəmxanlı indi əldə etdiyimiz müstəqilliyin, müstəqil dövlətçilik siyasətinin davamlılığının bu tarixdən keçdiyini çox yaxşı bilir. Azərbaycan xanları isə birinci addımı atsalar da, ikinci addımı ata bilmirlər. Onlar öz aralarındakı ziddiyyətləri, çəkişmələri bir tərəfə qoyub birləşə bilmirlər; heç olmasa hərbi qüvvələrini birləşdirib düşməni birlikdə dəf etmək səviyyəsində də birləşə bilmirlər. Oxucu çox yaxşı dərk edir ki, Azərbaycan xanlarının çoxu ümumən götürəndə dar düşüncəlidirlər, geniş düşünməyi bacarmırlar, xudbindirlər və s. və i. Bütün bunlar roman müəllifinin qənaətinə görə, birləşə bilməməyin subyektiv səbəbləridir. Bu subyektivliyin doğurduğu fəsadlar da romanda açılır. Ancaq XVIII əsrin mürəkkəb, son dərəcə ziddiyyətli tarixini bədii həqiqət dili ilə təqdim edərkən S.Rüstəmxanlının izlədiyi ən əsas müəllif məqsədi birləşə bilməyə imkan verməyən və zahirən az nəzərə çarpan, tarix kitablarında çox vaxt üstündən sükutla keçilən tarixi səhvlərimizi tapıb ortalığa çıxarmaqdır. Bu səhvləri dəqiq şəkildə müəyyənləşdirmədən, təhlil etmədən, əsaslı nəticələr çıxarmadan dövlətçiliyimizin davamlılığını təmin etmək, onu təhlükələrdən sığortalamaq mümkün deyil. Bu səhvin adı unutqanlıqdır, tarixi yaddaşsızlığımızdır; ümumən tarixi yaddaşa laqeyd münasibətimiz, tarixi yaddaşımızı bərpa etmək kimi həyati zərurətə biganəliyimizdir. S.Rüstəmxanlının romanı xarakterimizin tarixdən üzü bəri aparıcı keyfiyyətinə çevrilən unutqanlığa qarşı yazılmışdır.  

    Azərbaycan xanlıqları rus təbəəliyini qəbul etmək üçün bir-birinin ardınca rus çarına məktub yazanda, rusun hərbi gücünün qarşısında qorxuya düşüb geri çəkiləndə yalnız Cavad xan dirənir. O nəyin bahasına olursa olsun rus imperiyasına tabe olmamaq siyasəti yürüdür. Xanlığın iqtisadi və hərbi potensialını gücləndirir, Gəncəni alınmaz bir qalaya çevirir. Zubovun təzyiqlərinə mətanətlə cavab verən Cavad xan Sisianovun da qarşısında dayanmaq əzmindədir. Əlbəttə rusun hərbi gücü qarşısında indiki halda və durumda dayanmaq çox çətindir. Lakin Cavad xan ağlasığmaz əzmkarlıq göstərir. Əhalinin döyüş ruhunu qaldırmağa nail olur. İki oğlu ilə birlikdə “ya qazi, ya şəhid” olmaq fikrindədir. Sisianovun təhqir və təzyiq dolu məktublarına çox cəsarətli cavablar verir. 

    “Gəncəyə ancaq mənim meyitimin üstündən keçib daxil ola bilərsən” sözləri tarixin və oxucunun yaddaşında ancaq söz olaraq yox, əqidə, məslək, doğma torpaq, el-oba, dövlətçilik şərəfi uğrunda ölümə qədər getməyi bacaran bir dövlət başçısının varlığının, xarakterinin ifadəsi kimi səslənir. Ancaq Cavad xan təkcə Vətən fədaisi deyil. O, həm də vəziyyəti bütün reallığı ilə qiymətləndirməyi, özünün və düşməninin gücünü hesablamağı bacaran ağıllı bir sərkərdədir. O, ancaq Gəncə xanlığının hərbi gücü ilə rus ordusuna qalib gəlməyin çətinliyini başa düşür. Azərbaycan xanlarına müraciət edib onları ümumi düşməni dəf etmək üçün məşvərətə çağırır. Vəziyyətin ağırlığını başa düşən xanlar bu məşvərətə gəlirlər. Məşvərət zamanı vəziyyətin ağırlığını da, rus ordusunun qarşısına birləşmiş qüvvələrlə çıxmaqdan başqa yol olmadığını da başa düşür və hətta müəyyən mənada bunu etiraf edirlər. Naxçıvan hakimi Kəlbəli xanın məşvərətdəki çıxışı ümumi vəziyyəti düzgün qiymətləndirməsi ilə bərabər, ibrətamizliyi ilə seçilir: 

    “Mənim ağlım belə kəsir ki, Azərbaycan çox böyükdür. O qədər böyükdür ki, nə farslar bunu təkbaşına həzm edə bilir, nə Rusiya həzm edə biləcək. Bunlar öz aralarında bölürlər bizi. Erməni, gürcü oyuncaqdır, atıblar ortaya! Nə Gürcüstan dövləti olacaq, nə erməni məlikləri. Rusiya olacaq və hamıdan çox da bizi əzəcək. Lap elə qatıldıq Rusiyaya, orda da bir olmasaq, hərəmizi birinin quyruğuna bağlayacaqlar… Bizi Allah bağışlamayacaq birləşə bilməsək!”. 

    Kəlbəli xanın çıxışındakı həqiqəti hamı başa düşür və daxilən qəbul edir. Sanki birləşmək reallıqdır və birləşmək üçün heç bir maneə qalmamışdır. Reallıqdan doğan birləşmək zərurəti xanlara öz aralarındakı çəkişmə və ziddiyyətləri, hətta düşmənçilik münasibətlərini də unutdurub. Birləşəcəklərinə və düşməni birlikdə dəf edəcəklərinə ümid havası ilə “danışıb, zarafatlaşıb, bir-birnə atmaq istədikləri bütün oxları atıb dincəlirdilər…”. 

    Cavad xan ümidlənmiş halda sevinirdi. Ancaq birləşə bilmirlər, son nəticədə məşvərətdən əvvəlkindən də artıq bir kin-küdurətlə ayrılırlar. Cavad xanın ümidi də, sevinci də gözündə qalır. Erməni əməli və xəyanəti burda da öz işini görür. Səhər tezdən Gəncə yaxınlığında İbrahim xana və Hüseynqulu xana məxsus karvanların soyulması, toplaşdıqları meşədə Şirvan xanının əyanlarından birinə güllə dəyməsi və ölməsi ilə bağlı xəbərlər məclisə çatanda Cavad xan uzaqgörənliklə nə qədər inandırmağa çalışsa da ki, “bu ermənilərin işidir – bu görüşün pozulmasını istəyənlərin!” Ancaq heç kəsi inandıra bilməmişdi. Xanların içindəki kin-küdurət bir anda boy verib kükrəmiş, onlar bu işdə Cavad xanı suçlayaraq “atlarını minib getmişdilər”. 

    Müəllif ürək ağrısı ilə yazırdı: “Hər şey bir anda öz rəngini və mənasını dəyişdi”. Hər şeyin bir anda öz rəngini və mənasını dəyişməsinin səbəbi və səbəbkarı kim idi? Müəllif təhkiyəsində oxuyuruq: 

    “… Meşə arası yolla qara keşiş paltarı geymiş iki nəfərin atlarını qova-qova uzaqlaşdıqlarından burdakıların xəbəri yoxdu”. “Qara keşiş paltarı geymişlər” – bütün Azərbaycan məmləkətində tarixdən üzü bəri törənmiş faciələrin səbəbkarları – ermənilərdir. “Ölüm zirvəsi” romanında “qara keşiş paltarı geymişlər” – erməni adının metaforik ifadəsi kimi mənalanır.   Cavad xanın məşvərətdən sonrakı halını müəllif çox sənətkarlıqla təsvir edir. Bu məqamdakı müəllif təsvirlərində Cavad xan bütün varlığı ilə dərddən və ağrıdan yoğrulmuş bir heykəli xatırladır. Dərd və ələm içində bir anlıq özünü itirən Cavad xan böyük inam və imanla bağlandığı Allahını suçlayır. “Niyə fürsəti səni saymayan və səni tanımayanlara verirsən?” 

    Ancaq müəllifin oxucuya təlqin eləməyi bacardığı mövqe Cavad xanınkından fərqlidir. Fürsəti Allahını saymayan və tanımayanlara verən Allah deyil, biz özümüzük, biri elə sən özünsən, Cavad xan. Biri elə İbrahim xandır. Məgər Nadirdən üzü bəri fürsəti kəmfürsətlərə verməklə başımızı bəlalara salmamışıq? Müəllif mövqeyinin ifadəsi kimi səslənən bu sual romanda öz məntiqi açılışını tapır. Xanların və xanlıqların keçib gəldiyi tarixi yol vərəqlənir. Gəncə bəylərbəyi Uğurlu xan Nadir şahın ermənilərə və gürcülərə üz göstərməsindən, göstərdikləri şəxsi qulluqlar müqabilində Azərbaycan torpaqlarını onlara peşkəş edib, burda rahat yaşamalarına şərait yaratmasından narazı idi. O tamamilə haqlı olaraq düşünürdü ki,
     
    “Nadir gedəcəkdi, Uğurlu xan və Qarabağ burda gürcü valisi və erməni keşişləri, məlikləriylə bir yerdə qalacaqdı… Uğurlu xanı yandıran buydu ki, Osmanlılara qardaş deyən, onlara barış elan edən, şiə-sünni ayrılığını aradan götürmək istəyən Nadir bu yandan da erməni məliklərini də türk düşmənçiliyinə və Gəncədə türklərə elədikləri kişiyə yaraşmayan xəyanətlərinə görə çox istəyir”. Haqlı narazılıqdır, narahat olmağına dəyər. Bununla belə roman müəllifini də narahat edən suallar var. Nadir türk olsa da, İran dövlətinin başçısı idi. Hardasa, hansı siyasət müqabilindəsə onun gedişlərini başa düşmək olardı. Bəs, Azərbaycan xanları, elə Uğurlu xanın xələfi Gəncə hakimi Cavad xan, Qarabağ xanı İbrahim xan niyə Nadir şahın tarixi səhvlərini təkrarlayırdılar? Niyə tarixin dərslərindən ibrət götürmürdülər? Qarabağdan qaçan erməni məliklərinə, hətta Gürcüstan çarlığı üz vermədiyi halda, Cavad xanın onları qəbul edib Şəmkir ətrafında yerləşdirməsi hansı məntiqlə izah oluna bilərdi. Axı xanın ətrafındakılar bu hadisə baş verəndə Cavad xana erməninin xislətini də, tarixi əməllərini də xatırlatmışdılar. 

    Cavad xan isə “ətəyə uzanan əli kəsmək insanlıqdan deyil” deyib məsələləri mərdlik-namərdlik, kişilik müstəvisinə çıxarmışdı. Əsl həqiqətdə isə ermənilərə göstərilən qayğı və güzəşt Cavad xanın İbrahim xana və İrakliyə intiqamçı münasibətindən qidalanırdı. Elə  İbrahim xan da bu cür hisslərin təsiri altında İrakli ilə birləşib Cavad xanın ütsünə qoşun çəkirdi. Gələcək fəlakətlərin də özülü burda qoyulmuşdu. Nəticədə xanlıqlararası münasibətlər möhkəmlənə bilmirdi. Erməni, gürcü həm torpaq qazanır, ərazisini genişləndirir, həm ayrı-ayrı xanların gücündən istifadə edir, həm də fürsət düşən kimi onları satırdılar. Çar hökumətinin Qafqazdakı mövqeyi möhkəmləndikcə, hərbi müdaxilələri gücləndikcə erməni məliklərinin də, İraklinin də iç üzü meydana çıxır, onlar antitürk, antimüsəlman mövqe nümayiş etdirir, kəsdikləri duz-çörək haqqında, onlara edilən yaxşılıqlar haqqında heç düşünmək belə istəmirdilər.    

    “Ətəyə uzanan əli kəsməmək” kimi sadəlövh bir siyasət Gəncənin qəhrəmancasına müdafiəsini axıra çatdırmağa imkan vermədi. Vaxtilə himayəsinə aldığı Məlik Məcnunlar, Məlik Apolar ruslara satılaraq Azərbaycan xanlarının çörəyini yedikləri halda rus hökumətini nəinki Azərbaycan xanlıqlarını işğala həvəsləndirdilər, eyni zamanda Gəncə qalasını almaq üçün onlarla birlikdə tədbirlər tökdülər, qalanın ruslara məlum olmayan sirlərini açıb, ən nəhayət həlledici məqamda rus ordusunun tərəfinə keçərək qalanın alınmasına, on minlərlə gəncəlinin qanının axıdılmasına səbəb oldular. İbrahim xanın da, ailəsinin də taleyini rus hökuməti erməni əli ilə sona çatdırdı. lll Roman öz oxucusuna təlqin edir ki, məsələ erməni-gürcü məsələsi də deyil. Məlumdur ki, hər kəs odu öz qabağına çəkir. İndi kim necə bacarırsa, elə çəkir. Biri mərdlik, kişilik qanunlarını əsas tutur, o birisi xəyanəti öz “şərəf işi”nə, yaşam, mövcudluq vasitəsinə çevirir. Məsələ ondadır ki, gərək milli-ruhi birlik olsun. Gərək ermənidən qabaq biz özümüz özümüzün qədir-qiymətimizi bilək. Özümüzün özümüzə elədiyimizi fələk də gəlsə (nəinki erməni!) bizə eləyə bilməz. Bunun üçün vətəndaş düşüncəsi milli amala çevrilməlidir. 

    Çevirə bilirikmi? Nadir şahın səhvlərindən Cavad xanlar, İbrahim xanlar ibrət ala bilmədi. Onların səhvləri bizə dərs oldumu? Yəqin ki, yox. Olsaydı indi yaşadığımız Qarabağ itkisi, ağrısı ilə üz-üzə qalmazdıq. Barı bundan sonra…

  • Mənim istəyim budur ki, insanları bu günə qoyan rejim dəyişsin.

    Etatist.com/Çox gənc olsa da, fəallığıyla çoxlarımız onu tanıyırıq. “Gənclər” rubrikamızın bu dəfəki qonağı Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədri Pünhan İmamlıdır.

    – Adətən biz qonaqlarımıza ilk öncə bu sualı veririk ki, seçdiyiniz təşkilatı niyə seçmisiniz? Yəni, Pünhan İmamlı nəyə görə VHP-ni seçib?

    – Nəyəsə görə xüsusu bir seçimim olmayıb. Tanışlıqlar əsasında olub. Ümumiyyətlə VHP-yə getməyimin əsas səbəbi Samir Əsədlidir- onunla tanışlıqdır. Bir sözlə xüsusi bir səbəbim yoxdur. 2010-cu ildə partiyaya üzv oldum.

    – Yəqin ki, partiyaya üzv olmamışdan qabaq da partiya ilə tanışlığın olub. Yəni tədbirlərini, işlərini izləmisən. Nə səni özünə cəlb etdi partiyaya üzv olmağa? Yəni, elə bir şey var yoxsa elə sırf tanışlığa görə?
    – Mən yeni üzv olanda, təşkilatın sədri mənim qrup yoldaşım idi. Tədbirlərdə iştirak edirdik. O vaxtlar əsasən itirilmiş torpaqlarla bağlı tədbirlər edirdik. Biri Borçalı ilə bağlı olurdu, biri Dərbəndlə, biri Cənubi Azərbaycanla, biri Qarabağla. Elmlər Akademiyasından eləcə də partiyalardan, təşkilatlardan qonaqlar dəvət edirdik. Belə maraqlı tədbirlərin hamısında iştirak edirdim- fəal idim. 2012-ci ilin aprel ayında keçirilən, konfransda sədr seçildim.

    – Sədr seçilməyində öz istəyin var idi?
    – Əlbəttə istəyim var idi. Namizədliyimi vermişdim.

    – Sən seçiləndən sonra gənclər təşkilatının fəaliyyətində nə yeniliklər olub?
    – Mən seçildiyim ərəfədə Gənclərin Hüquqlarının Müdafiə Komitəsi (GHMK) var idi və bütün təşkilatlar orda birləşmişdi. Bizim fəaliyyət planımızda elə GHMK-nın üstündə qurulmuşdu. Eurovision ərəfəsində biz siyasi məhbuslarla bağlı 17 mart mitinqini təşkil etdik. 7 il sonra icazə aldıq və bizə 20-ci sahədə yer versələr də 2000 adam yığa bildik. Bu mitinq GHMK-nın, yəni bütün partiyalar Müsavat, AXCP, ACP, ADP kimi partiyalar və Nida, Dalğa, Azad Gənclik kimi digər müstəqil təşkilatların birliyi ilə təşkil olunmuşdu.

    – Yadımdadı ki, o vaxt orda mitinqin sonunda problem yaranmışdı.
    – Elə düşünülmüşdü ki, aksiya iki hissədən ibarət olsun. Mitinq hissəsindən sonra əyləncə hissəsində problem oldu. Musiqiçilərin etikadan kənardan ifadə işlətmələri onların əlinə bəhanə verdi və ara qarışdı.

    – Hakimiyyət nümayəndələridə bunu mənəvi dəyərlərə uyğun olmayan bir addım kimi qiymətləndirdi. Niyə belə alındı? Təcrübə məsələsi idi yoxsa tamamilə başqa bir səbəb?
    – Razıyam. Təcrübəli deyildik. Orda elə bir şey olmuşdu ki, AzTV işçiləri gec gəlmişdilər və yalnız yerdə bir pivə butulkasını çəkib xəbər yaymışdılar ki, onların istədiyi demokratiya budur. “Əllərində içki şüşələri” kimi şeylər demişdilər.

    – Sən iştirak edirdinmi bu mitinqin təşkil olunmasında?
    – 15 nəfər təşkilatçıdan biri idim. Soyuq havada 1 gecə yatmadıq, plakatları hazırladıq. O plakatların hamısı VHP-nin qərargahında hazırlanıb. Elə indidə ofisi olmayan təşkilatlara bizim akt zal açıq olur.

    – Aksiyanın daha yaxşı təşkil olunması üçün nə çatmırdı?
    – Doğrusu mən əyləncə hissəsinin olmasına qarşı idim, razı deyildim. Amma səs çoxluğu ilə qəbul olundu. Komitənin öz idarə heyəti var idi. 3-4 nəfər əleyhinə səs verdi. Mənim o vaxt səs verməyə hüququm yox idi. Hər təşkilatdan 2-3 nəfər iclasda iştirak edirdi və onlardan biri səs verə bilərdi. Səs çoxluğu ilə qəbul olundu və təcrübəsizlikdən belə sonlandı.
    – Yaranan problemin kökündə nə dururdu? 

    – Əyləncə hissəsi olmasaydı mitinq mükəmməl idi. Soyuq havaya, hakimiyyətin manelərinə baxmayaraq biz o qədər adam yığa bilmişdik. Ondan sonra da İctimai Palatanın mitinqləri oldu ondan sonra artıq əvvəlki səhvlər buraxılmadı. Təbii ki, onların təşkil etdiyi mitinq daha yaxşı olmalı idi. Çünki, onların təcrübələri böyükdür.

    – Sabir Rüstəmxanlının xəttində əsas yeri millətçilik tutur. Millətçisən?
    – Yox elə bir idealogiyam olmayıb. VHP millətçi partiya deyil. Millətçi deyilməyinin səbəbi Sabir Rüstəmxanlının DAK-ın həmtəsisçisi olması, həmdə partiyaya sədrlik etməsidir. Bir dəfə məndən bir nəfər soruşdu ki, bəs şəkildə niyə bozqurd tuturlar? Mən cavab verdimki o DAK-ın tədbirlərinin şəkilləridir. Təbii ki, VHP-də də var millətçilər.

    – Vətəndaş Həmrəyliyi Partiyası bir qədər məna kəsb edən məfhumdur. Bütün bu qaydalara partiya daxilində riayət olunurmu?
    – Mən görməmişəm ki, hansısa idealogiyaya görə ayrı seçkilik olsun. Bizdə sağçı da var, solçu da var, liberal da, millətçi də. Rahat şəkildə anlaşa bilirlər və heç vaxt bu məsələ ilə bağlı problem görməmişəm.

    – Bəs necə mühafizəkarsan, ya necə?
    – Orta. Nə sırf mühafizəkar deyiləm, nə də tam liberal.

    – Mənə sənin iqtidara baxışın maraqlıdır. 
    – İqtidarın fəaliyyəti göz qabağındadır. Ortada bir prosses gedir və biz gənclər bu prossesin hərəkət verici qüvvəsiyik. Hakimiyyət təzyiq göstərir. Məsələn, hər mitinqdən sonra bizi universitetdə prorektorlar çağırırdı və deyirdi ki, “mitinqə niyə gedirsiz?”. Sonra Həbslər. Nigar Yaqublunun həbsi. Hamıya aydındır ki, bundan qabaq da nə qədər oxşar hadisələr olub. Məlum məsələdir ki, hakimiyyət qorxur.

    – Nədən qorxur hakimiyyət?
    – Təbii ki, öz hakimiyyətini itirməkdən qorxur. Qorxmasaydı, bir qadının qabağında aciz qalıb onu həbsə etdirməzdi. Mən belə düşünürəm ki, zaman artıq yetişib. 1-2 ilə vaxt gələcək. İnsanlarda artıq oyanma var. Bunun da səbəbi mətbuatdır. Son zamanda beynəlxalq mətbuatda da Azərbaycanla bağlı məlumatlar verilir. Əsasən də internet. Bölgələrə çıxa bilməməyimizin səbəbi də orda internetin olmamasıdır.

    – Sən özün Şəkilisən. Şəkidə bildiyim qədəri ilə insanlar fəaldılar.
    – Elədir. Şəkidə VHP-nində, Müsavatında, AXCP-nində rayon şöbələri var. Şəki elə əvvəldən fəal olub. Şəki bu cəhətdən aktivdir.

    – Mütaliyə edirsən? Və ən çox nə oxuyursan?
    – İndi hal hazırda dünya ədəbiyyatı oxuyuram. Paulo Coelho “Kimyagər” əsərini oxuyurdum, onu bitirdim.

    – Bəs yerli?
    – Yerli o qədərdə cəlbedici deyil. Amma belə müasirlərindən Seymur Baycan və Əli Əkbərin kitablarını oxumuşam.

    – Fikrin nədir onlar haqında?
    – Normaldır. Onlarında məqsədi cəmiyyəti oyatmağa çalışmaqdır.

    – Əli Əkbərin əsərlərində cəmiyyəti happy wheels demo oyadası hansı tutum sənə təsir edib?
    – Bayaq dediyim aspektdən yanaşsaq, müəyyən şeylər var ki, cəmiyyət onları qəbul etməyə bilər. Onlar haqqında yazılan yazıları da görürsüz. Amma Əli Əkbər “Sarı Gəlin” əsərində Azərbaycanda ayrı-ayrı hakimiyyəti olanların obrazını yaradıb. Kimin hansı yolla deputat və nazir olması barədə yazır. Belə şeylər oxuyub onu başa düşən adam üçün var. Amma onunla da razıyam ki, çoxları onu qəbul etmir.

    – Səncə bu ölkənin düzəlməyində gənclərin rolu nə olacaq?
    – Gənclərin rolu ilk növbədə yenilik olacaq. Gənclər təbii ki, yeniliyin tərəfdarıdır. Mitinqlərdən götürsək, əvvəllər “azadlıq”, “istefa” şüarlarından başqa şüarlar olmurdu. Amma, indi daha kreativ şüarlar səslənir. Mən əvvəllər də demişəm bunu, indi də deyirəm əgər mitinqlərə çox adam cəlb etmək istəyirsənsə, müxtəlif təbəqələrə ünvanlanan şüarların olmalıdır. Tutaq ki, sən müəllimlərin maaşı ilə bağlı nəsə yazmısan, bir müəllim bunu gedib başqalarının da yanında deyəcək və sabah mitinqdə 1 yox 5 müəllim iştirak edəcək.

    – Gənclər bu ölkəni düzəldə biləcək gücə sahibdirlərmi?
    – Əlbəttə. Hazırda xaricdə təhsil alanların da sayı çoxdur. Xaricdə təhsil alıb, gəlib burda işsiz qalırlar. Sırf mübarizə apardıqları üçün iş tapa bilmirlər. Partiyaların birləşə bilməməsinin səbəbi, müstəqil gənclərin fikrində vahid namizədlərin olmasıdır. Yəni, bugün İctimai Palata seçkiyə vahid namizədlə getməyəcəksə, o, partiyalardan kənarda olan müstəqil gəncləri itirəcək. VHP-də İctimai Palatanın üzvüdür və biz də vahid namizədin olmasını istəyirik.

    – Sən vahid namizədə səs verəcəksən?
    – Mənim partiya mənsubiyyətim var. Əgər İctimai Palata vahid namizədlə getməyəcəksə o zaman biz VHP-nin namizədinə səs verəcəyik.

    – Belə bir vəziyyət ola bilərmi ki, gənclər bütün bu siyasi prosseslərdən kənarlaşaraq özlərinə xas, yəni sırf gənclərin olduğu təşkilatın ətrafında birləşib siyasi prosseslərə diktə edələr? Sən buna inanırsan?
    – Birdən-birə belə şey ola bilməz. Gənclər birləşib özlərinə gənc bir lider seçərək onun ətrafında birləşəcəklər. Mən belə düşünürəm.

    – Gənclər birləşməlidir və sözlərini bir yerdə deməlidir ki, hər kəs onları dinləməyə məcbur olsun. Bunu etmək üçün hansı addımlar gərəklidir? 
    – Bunu etmək hər təşkilatın öz üzərinə düşür. Öz auditoriyalarını birləşdirməlidirlər. Müttəfiqlər yaratmaq lazımdır. GHMK-nın əsas missiyası o idi ki, gənc siyasi məhbuslar azadlığa buraxılsın. Azadlığa buraxıldıqdan sonra GHMK işini dayandırdı. Bundan sonra biz təklif etdik ki, birlik yaradaq. Gənclərin birliyini yaradaq. İndi hal-hazırda danışıqlar gedir. Əgər razılıq olsa gənclərin yeni bir birliyini yaradacağıq.

    – Kim aparır bu danışıqları?
    – İlk təklifi biz vermişik. Ümid partiyası dedi ki, onlar da bunu istəyir.

    – Birliyin formatı nə olacaq?
    – Məqsədimiz sadəcə qüvvələri bir yerə yığmaqdır. Ümumi prossesə əlavə güc qatmaq.

    – 2013-də Azərbaycanda dəyişiklik olacaq?
    – Ən azından inanıram (gülür). Müxalifət vahid namizədlə getsə inanıram. Amma ayrı-ayrı olsa yox.

    – Pünhan İmamlı 2013-cü ildən nə gözləyir və nə istəyir?
    – Pünhan İmamlı onu istəyir ki, Azərbaycanda demokratik, insan hüquq və azadlıqlarına hörmət edib, onu qoruyan, insanların yaxşı yaşamasına şərait yaradan bir rejim formalaşsın. Məsələn, mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 4-cü kursunda oxuyuram. Mən universiteti bitirdikdən sonra harda işləyəcəyimi düşünə bilmirəm. Mən belə düşünürəm ki, bu hakimiyyətin apardığı siyasətlə mən iş tapmayacam.

    – Bəs niyə bunun həllini partiyada görürsən? Niyə özündə yox məhz partiyada görürsən?
    – Özüm tək bir şey edə bilmərəm.

    – Yəni niyə özünün yaradacağın müstəqil təşkilatda deyil, ancaq partiyada görürsən?
    – Mən ümumiyyətlə ayrı-ayrı təşkilatların çox olmasının tərəfdarı deyiləm. Bir təşkilat olsun hamı orda olsun.

    – Gənclərin bir qismi mübarizə aparmaq üçün çıxış yolunu partiyalarda görürlər, belə deyək onlar üçün partiyaya sığınmaq, arxalanmaq və iş görmək daha asan və cəlbedici görünür bunu müstəqil olaraq etmək çoxmu çətindi?
    – Mənim istəyim budur ki, insanları bu günə qoyan rejim dəyişsin. Hakimiyyət dəyişsin. Hər hansı bir müstəqil təşkilatın rejimi devirmək şansı yoxdur. Heç olmasa partiyaların birləşib birgə mübarizə aparacağına inanırsan.

    – Axı 20 ildə heçnə dəyişmədi…
    – Amma ötən 20 illə müqayisədə, indiki şərait də bir deyil. Gənclər ona görə siyasi partiyalara gedir ki, 20 ildir bir şey olmurdusa indi biz onların qüvvəsinə qoşulaq ki, nəsə olsun. Yenə də deyirəm, niyə vahid namizəd? Çünki, onsuz da bu ölkədə qanuni seçki saxtalaşdırılır. Aydındır ki, dövlət müəssisələrində işləyənlər məcburi səsverməyə göndərilir və iqtidara səs verirlər. Ona görə, biz ayrı-ayrı seçkiyə gedib səslərimizi bölsək yenə də heçnə olmayacaq. Buna görə də bizə vahid namizəd lazımdır.

    – Səncə yeni mübarizə üsulu nə olmalıdır?
    – Gənclər sektorunda biz hədəf qruplarını müəyyənləşdirməliyik və hədəf qruplarını cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə etməliyik. Bu xüsusən sosial media ola bilər. Fikirlərimizi gənclərə çatdırmalıyıq. Bayaq da dediyim kimi, onların fikirləri ilə razı olmasaq da onların düşündüyü kimi hərəkət etməliyik ki, bizim ardımızca gəlsinlər. Onlarda inam yaratmalıyıq.

    – İnam üçün ideya lazım deyil?
    – Əsas məqsəddir. Məqsədi onlara çatdırmaq lazımdır. Bu aydın məsələdir ki, sənin istədiyini istəyən çox gənc var. Onlara inanıb ardınca gedə biləcəyi biri lazımdı.

    – Hansı gənclər təşkilatları ilə əlaqələriniz var?
    – Bütün gənclər təşkilatları ilə. AXCP-nin gənclər komitəsi, Müsavatın gənclər təşkilatı ilə, Nida ilə, Azad Gənclik ilə, Dalğa ilə və s.

    – Münasibətləriniz necədir?
    – Normal. Heç bir problemimiz yoxdur Tədbirlərimizə gəlirlər. Biz onların tədbirlərində iştirak edirik.

    – Son olaraq cəmiyyətə mesaj vermək istədiyin sözlər varmı?– Görə bilən hər insan bilir ki, ölkədə vəziyyət necədir…Bütün insanların hüquqları əllərindən alınıb. Mətbuata qarşı blokadalar qoyurlar. İnsanların ayılmaması üçün hər şey edirlər. İnsanlar isə maaş üçün şərəflərini satırlar. Sadəcə vicdanlarının səsinə qulaq assınlar və nəyin nə olduğunu düzgün müəyyənləşdirsinlər.

    http://etatist.com

  • İranda türklərin farslaşdırılması cəhdi

    İbrahim Quliyev
    VHP Siyasi Şurasının üzvü və AMEA-nın Əlyazmalar İnstititunun əməkdaşı

    Tarixçi Həsən Raşidi “Türklər və İranda onların tarixinin, dilinin və varlığının araşdırılması” kitabı ilə tarixi saxtalaşdıranlara tutarlı cavab verib 

    Universitetdə türk dili müəllimi işləyən Həsən Raşidi bu kitabı  1381-ci ilin sonlarında, 1382-ci ilin əvvəllərində yazmağa başlamışdır. Müəllif  əsəri “Kəsrəvinin azəriçilik iddialarına aldananlardan, Kuruş – Dariyuş və ariyaçılıq ifixarı ilə yaşayanlardan birisinin” məktubunu oxuduqdan sonra qələmə aldığını bildirir. Əsərin girişində müəllif qeyd edir ki, kitabı yazarkən həm Bihəqqi, Ravəndi, Rəşidi və s.kimi keçmiş tarixçilərin əsərlərinə müraçiət etmiş, həm də müasir dövrdə yazılan tarix kitabları ilə yaxından tanış olmuşdur. “Hətta türklər əleyhinə yazılan kitablardakı fikirləri öyrənməyə çalışmışam”. 315 səhifədən ibarət olan kitab üzərində iş 1384-cü ildə başa çatmış  və 1385-ci ildə Tehranda “Əndişeyi-no” nəşriyyatı tərəfindən nəşr edilmişdir.   

    Bütövlükdə Tehranda iki dəfə çap olunan bu kitabda müəllif  hazırda İranda məktəb və universitetlərdə “İran tarixi” adı ilə tədris edilən tarixin əsası Rzaxan dövründə qoyulan və Pəhləvi sülaləsi tərfindən davam etdirilən tarixçilik məktəbinə məxsus alimlərin yazdığı “Farsların tarixi”ndən başqa bir şey olmadığını sübut edir. Müəllif əsərin müqəddiməsində yazır: “Bu, ona görə fars tarixidir ki, onun başlanğıcı bugünkü İran ərazisindəki yerli xalqların dövlətlərinin yaranması dövründən deyil, fars tarixinin bünövrəsini qoyan həxamənişilərin hakimiyyətə gəldiyi zamandan götürülür” ( səh.5). Həsən Raşidi Məhəmməd Rza Pəhləvi zamanında bu qeyri-obyektiv tarixçiliyin daha da inkişaf etdiyini bildirərək, hətta şahın göstərişi ilə 1355-ci ildə (hicri-şəmsi) islamdan başlanan hicri şəmsi təqviminin dəyişdirilərək miladdan 550 il əvvəl hakimiyyətdə olmuş Kuruşun səltənətə gəlmə tarixi ilə əvəzləndiyini yazır. O, əldə edilmiş sənəd və kitabələrin bu iddianı alt-üst etdiyini vurğulayaraq, hələ həxamənişilərdən 4000-4500 il əvvəl və ümumiyyətlə, bu gün İran adlandırdığımız ərazidə ariyalılar məskunlaşmazdan öncə burada yerli xalqların müqtədir dövlətləri olduğunu göstərir. Tarixçi hətta pəhləvilərin rəsmləşdirdiyi 2500 illik tarixin də islamaqədərki həxamənişilər və sasanilər dövrünü istisna etməklə, qalan 1400 ilinin çox hissəsinin türklərin hakimiyyətinə mənsub olduğunu sübut edir. Müəllif  ifrat millətçilik düşüncəsinə qapılan və Rzaxan tərəfindən himayə olunan tarixçilərin digər xalqları “ixtisar” edərək yalnız farslar üzərində israr etmələrini elmə zidd addım adlandırır.

    Alim kitabın “Tarixin təhrif edilməsi” adlı birinci bölməsində Rzaxan dövründə İran tarixinin necə saxtalaşdırılması barədə ətraflı söhbət açır və bu məsələdə xüsusi rol oynayan “tarixçilərin” fəaliyyətindən danışır. Burada müəllif Qacarlar hakimiyyətinin sonunadək İranda nə rəsmi, nə də dövlət səviyyəsində bir dil, bir mədəniyyət siyasətinin yürüdülmədiyini vurğulayır. Qeyd edir ki, yalnız Rzaxan hakimiyyətə gəldikdən və mövqelərini möhkəmləndirdikdən sonra tədris və təhsilin yalnız bir dildə – fars dilində aparılmasına rəsmi göstəriş verilib. Müəllif yazır: “1309-cu ilin sərəcamına əsasən İranın bütün əyalət və vilayətlərində tədris və təhsilin fars dilində aparılması məcburi olur və digər dillərdəki təhsil qeyri-qanuni sayılmağa başlayır.” (s.14)

    Həsən Raşidi yazır ki, Rza xanın şovonist siyasəti vüsət götürdükdə, Mahmud Əfşar kimi bir çox “ziyalılar” da ona dəstək verməyə başlayır. “Özü İsveçdə təhsil almış, üç rəsmi və bir məhəlli dildə danışan bu kiçik ölkədə ayrı-ayrı xalqların necə mehriban yaşadığını gözləri ilə görən bu şəxs nədənsə ifrat millətçiyə çevrilərək İranda digər dillərin və digər mədəniyyətlərin olmaması nəzəriyyəsini yaymağa başladı və Rzaxanın yaxınlarından birinə çevrildi”. (s.14) Sonra Mahmud Əfşar “Bünyadi- Əfşar” adlı təşkilat yaradır və Məhəmmədəli Foruği, Seyid Rza və başqa tarixçilərlə birgə farsçılığı təbliğ etməyə başlayır. “Mahmud Əfşar milyardlarından keçərək türklərin tarixini təhrif  etməyə və digər dilləri, xüsusən də türk dilini məhv etmək uğrunda çalışmağa başlayır. Bundan sonra Mahmud Əfşar “İrani-cavan” adlı əncümən yaradaraq, onun  məramnaməsini bəyan edir. Rza xan Mahmud Əfşar başda olmaqla əncümən üzvləri ilə görüşür və deyir: “Yazdıqlarınız çox gözəldir… Gözünüzü və qulağınızı açıb məramınızı təbliğ edin, xalqı bu məsələ ilə tanış eləyin. Söz sizdən, əməl isə bizdən olacaq. Sizə söz verirəm ki, bütün arzularınızı həyata keçirəcəyəm, çünki sizin məramınız mənim məramımdır”.

    Müəllif  yazır ki, həmin mərhələdən başlayaraq rzaxanpərəstlər türk tarixi və dilinin sıradan çıxarılması uğrunda fəal mübarizə keçirlər. Hətta iş o yerə gəlib çıxır ki, İran ərazisindəki türk yer adları da ya qeyri-türk adları, ya da onların tərcüməsi ilə əvəzlənir. Tarixçi qeyd edir ki, “Fərhəngestani – İran” 1314-cü ildən 1319-cu ilin sonunadək 130 səhifəlik bir siyahı hazırlayır ki, həmin siyahı üzrə türk və digər yerli xalqların dilində olan coğrafi adların dəyişdirilməsi nəzərdə tutulur. Həsən Raşidi kitabda fars sözləri ilə əvəzlənmiş türk coğrafi adlarının əvvəlki və farslaşdırılmış variantını cədvəlini də təqdim etmişdir. Məsələn, həmin dövrdə Qaracadağ Ərsbarana, Acı çay Təlxe ruda, Tikan təpə Tekaba, Qızılüzən Səfid ruda və s. çevrilmişdir. Müəllif qeyd edir ki, 53 illik pəhləvi xanədanı dövründə Pişəvərinin rəhbərlik etdiyi demokratik firqənin Aərbaycanda hakimiyyətdə olduğu bir iilik dövrü istisna etməklə, türk dilində kitab nəşri demək olar ki, qadağan olub və hətta farsca çıxan kitablarda da türk dili, tarixi və mədəniyyətindən bəhs edən müəlliflər mühakimə olunublar.

    “Türklər…”  kitabının müəllifi tədqiqatçı və yazıçı Həsən Cavadinin dili ilə həmin dövrü Azərbaycan dili və mədəniyyəti üçün “qara dövr” adlandırır.                           

    Kitabın “Tarixi həqiqətlər…” bölməsində müəllif ariyalıların indiki İran ərazisinə gəlməzdən öncə burada yaşayan xalqların dilinin morfoloji quruluşuna müraciət edir və onun iltisaqi dil olması baxımından məhz türk dili qrupuna aid olduğunu sübut edir  (Çünki fars dilinin iltisaqi dillərə aidiyyatı yoxdur).  Müəllif  bununla da ariyalılar bu torpaqlara köç etməzdən çox-çox öncə burada dil quruluşu türk dil qrupuna aid olan xalqın yaşadığını göstərir. Həm də öz fikrini qədim dövr tarixi ilə məşğul olan alimlərin yazdığı əsərlərlə sübut edir. O, “Onlar (İranın ariyalılara qədərki xalqı) miladdan 5-10 min il əvvəl orta Asiyadan buraya gəlmişdilər”, deyən alman şumerşünasının “Azərbaycan İran tarixi boyunca” kitabında səslənən ideyaları yeni fakt və dəllərlələ zənginləşdirir. Daha sonra müəllif ən qədim dövrdən başlayaraq müasir zamanadək mənbəələr əsasında türklərin İran tarixində oynadığı roldan danışır.

    Həsən Raşidi türk dilinin İrana monqollar tərəfindən gətirildiyin iddia edən paniranistlərin, xüsusən də Əhməd Kəsrəvinin baxışlarını ciddi tənqid edib. Müəllif yazır: “Bu ifratçılar məgər bilmir (yaxud da özlərini qəsdən nadanlığa vururlar) ki, monqol dili türk dilindən fərqlənir? Əgər monqollar Azərbaycan xalqına və ümumiyyətlə, İran ərazisinə dil gətiriblərsə, onda niyə monqol dilini yox, türk dilini daşıyıblar”. Müəllif  məntiqi suallarını davam etdirərək deyir: “Fars körfəzindən Çinin şərqinə qədər böyük ərazini tutan monqolların fikri türk dilini yaymaq idisə, niyə başqa ölkələrdə , o cümlədən bizim həmvətənimiz olan farslarda bunu etməyib, təkcə Azərbaycanda həyata keçiriblər?” Kitabın sonrakı hissələrində də müəllif Kəsrəvi ilə mübahisələrin davam etdirir, onu cəfəngiyyat yazmaqda, tarixi faktları saxtalaşdırmaqda ittiham edir.

    Kitabın növbəti fəsli isə bütövlükdə “Kəsrəvi və onun təhrifləri”  adlanır. Həsən Raşidi Kəsrəvinin “Azəri və ya Azərbaycanın qədim dili” kitabının üzərində xüsusi dayanaraq, həmin əsərin “tarixə böhtan”dan başqa bir şey olmağını bildirir.  Məlum olduğu kimi, Kəsrəvi həmin əsərində azəri dilinin pəhləvi dilinin bir qolu olduğunu yazaraq, onun monqol istilasından sonra türk dili ilə əvəzləndiyini yazır. Müəllif  tutarlı faktlarla bu iddiaları rədd edir: “Türklər və türk dili tarixi ədəbiyyatın aynasında”   bölməsində  qədim dövrlərdən bu günədək olan çoxsaylı məxəzlərdə və ədəbi əsərlərdə türklərə və türk dilinə verilmiş yerdən danışır.

    “Farsi dəri İranda mühacir, yoxsa yerli dildir” adlanan fəsildə müəllif farsi dərini pəhləvi dilinin davamı hesab edənlərin məqsədini açıqlayır. O, bildirir ir ki, bu fikrin heç bir elmi əsası yoxdur. “Sadəcə olaraq fars millətçiləri bununla farsdilli xalqa demək istəyir ki, yabançı dəri dilinin gəlməsi ilə onların dili sıradan çıxmamış, öz həyatını davam etdirməkdədir”.  Müəllif  bu dillərin fərqli dillər olduğunu, dəri dilinin Əfqanıstan və Tacikistandan gəldiyini, pəhləvi dilinin isə ona  müqavimət göstərə bilmədiyindən ölüb getdiyini faktlarla sübut etməyə çalışır.

    Kitabın “İranda türk imperatorları dövründə dil və mədəniyyət”  bölməsində müəllif ərəb dilinin elm, dəri dilinin şeir, türk dilinin isə aktiv ünsiyyət dili olmasından bəhs edir. Həmin bölmədə qədim əlifbalar, abidələr  və kitabələrdən ətraflı danışılır.

    “Genetik baxımdan türklərin sifət quruluşu” bölməsində müəllif paniranistlərin İranda yaşayan türklərə  ünvanladığı aşağıdakı sualı cavablandırmağa çalışır. Paniranistlər deyirlər ki, əgər İran türkləri əsl türklərdirsə, onları səlcuqlar zorən türkə çevirməyibsə, nə üçün onların sifəti yumru, gözləri qıyıq, saqqalları az, dəriləri sarı deyil?”  İfrat millətçilər bu məntiqdən çıxış edərək bildirirlər ki,  “Azərbaycanda və İranın digər yerlərində yaşayanlar türklər əsl deyil,  onlar türk dilini qəbul etmiş azərilərdir. Bu adamlar türk dilini qəbul etsələr də, türk sifət quruluşuna malik ola bilməyiblər”.

    Müəllif  bu cür iddialarla çıxış edən fars millətçilərinin suallarına qarşı sual qoymaq məntiqindən istifadə edərək deyir: “Əfqanıstanın şərq hissəsinin əhalisi dəri dilindən istifadə etdiyi halda dəriləri sarı, Əfqanıstanın qərb hissəsinin və İran farsdililərinin isə  dəriləri ağdır. Bəs necə olar ki, eyni dildə danışan bu iki qism əhali genetik baxımdan bir ola bilir, türklər isə həmin fərqə görə eyni genetik kökə mənsub ola bilmir”. Daha sonra müəllif tarixi və elmi faktlarla pəhləvipərəstlərin yuxarıdakı məntiqini alt-üst edir.

    Sonrakı fəsillərdə müəllif keçən əsrlərdəki xarici tarixçilərin, səyyahların, diplomatların  gözü ilə İranda türk dilinin yeri və mövqeyi məsələsini şərh edir.  Kitab geniş ədəbiyyat və məxəz siyahısı oilə başa çatır.

  • “Hardan mənim bir qohumumun səsi gəlsə, o yer mənimdir?”-MÜSAHİBƏ

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı ötən ilin sonunda İstanbulda cərrahi əməliyyat keçirib. S.Rüstəmxanlı ölkə xaricində ikən rəhbəri olduğu partiyanın adından onun mühafizəsinin təşkili ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. Bəs, millət vəkilinin sağlıq durumu hazırda necədir? Onun həyatı üçün real təhlükə varmı? Bu və digər suallarımızı dünən S.Rüstəmxanlının özünə ünvanladıq.

    – Sabir bəy, hazırda özünüzü necə hiss edirsiniz?

    – Səhhətimdə yaranmış problem iş prosesi ilə bağlı idi. İşimin böyük hissəsi oturaq şəraitdə olduğundan bel nahiyəmdə ağrılar baş qaldırmışdı. Bu ağrılar ayağıma vurmuşdu və çətinliklə yeriyirdim. Dekabrın 19-da İstanbuldakı xəstəxanaların birində bel nahiyəmdə qısamüddətli, kiçik cərrahi əməliyyat keçirildi. Artıq hər şey arxada qalıb və indi özümü yaxşı hiss edirəm. Yanvarın 7-dən işə çıxıram.

    – Ölkədə olmadığınız müddətdə VHP rəhbərliyi İran səfirliyinin Sizi hədəf götürdüyü açıqlamanı əsas gətirərək DİN-ə müraciət etmişdi. Həyatınıza real təhlükə hiss edirsinizmi?

    – Doğrusu, bu müraciət mənim təşəbbüsümlə edilməyib. Çünki mən daim belə məsələlərə həm laqeyd olmuşam, həm də qeyri-ciddi yanaşmışam. 1988-ci ildən bəri ictimai-siyasi proseslər burulğanındayam. Başıma gələn və gələ biləcək hər hansı hadisəyə də tale kimi yanaşıram. Hərənin bir taleyi var. İndiyədək buna bənzər hadisələrin heç birində narahatlıq keçirməmişəm və heç vaxt hansısa quruma müraciət etməmişəm. İki-üç il öncə Nardaran kəndində keçirilən bir aksiyada da məni təhdid edən fikirlər səslənmişdi. O vaxt da dostlar, əqidədaşlar narahatlıq keçirmişdilər. Amma mən həmin vaxt da əleyhimə edilən çıxışları indiki kimi çox sakit qarşılamışdım. Buna baxmayaraq mən ölkədə olmayanda partiya rəhbərliyi DİN-ə müraciət edib, deyəsən, Bakı Şəhər Baş Polis İdarəsindən də müraciət müəlliflərini axtarıblar, nələrləsə maraqlanıbar. Bununla da məsələ bitib. Yanvarın 7-də partiya qərargahında olarkən əqidədaşlarım bu barədə sanki qarşıda məni gözləyən çox ciddi təhlükə varmış kimi danışırdılar. Amma mən bu təhlükəni görmürəm. Görsəm də güman edirəm ki, başımıza gələ biləcək hadisələr bizim iradəmizdən asılı deyil. Əgər kiminsə pis niyyəti varsa, onu hansı yolla olur, olsun həyata keçirəcək. Ona görə də bu məsələ məni qətiyyən narahat etmir.

    – Görünür, Siz hiss etməsəniz, yaxud əhəmiyyət verməsəniz də, partiyadaşlarınız həyatınız üçün təhlükə hiss ediblər…

    – Hər halda İran mətbuatında ünvanıma səslənən təhdidlər, açıqlanan mövqelər, buradakı səfirliyin yaydığı əsası olmayan qeyzli bəyanat, eyni zamanda qonşu ölkənin ona qarşı çıxış edən ayrı-ayrı şəxslərə münasibətdə artıq beynəlxalq aləmə bəlli yanaşma üsulu belə bir müraciətin edilməsinə əsas verib. Ancaq şəxsən mən ciddi narahatlıq keçirmirəm və o fikirdəyəm ki, bütün bunlar İran rəsmiləri ilə bizim aramızda söz səviyyəsində olan qarşıdurmadır. İllər uzunu bu cür davam edib, yəqin ki, bundan sonra da belə davam edəcək.

    Bu gün İran İslam dünyasında özünü ərköyün uşaq kimi aparır, hara istəyir əl uzadır, hansı məsələyə istəyir qarışır. İran özü hər cür silah istehsalı ilə məşğul olsa da, Türkiyənin öz təhlükəsizliyini qorumaq üçün hətta kənardan alınma müdafiə silahlarına belə etiraz edir. Azərbaycan gənc müstəqil dövlətdir. Öz gələcəyi, təhlükəsizliyi, təbii ehtiyatlarının istifadəsi, iqtisadi inkişafı, başqa ölkələrlə münasibətləri ilə bağlı müəyyən addımlar atır. Ancaq İran həmin an bunu böyük hay-küylə qarşılayır. Bunlar deyirlər, bütün ətraf qonşular mənfi olsun, biz müsbət olaq. Rəsmi Tehranın apardığı assimilyasiya siyasəti azərbaycanlıların beynində, milli şüurunda, yaşam tərzində, danışığında, dünyaya baxışında artıq çox ağır iz buraxıb. İndi istəyirlər ki, bunu Quzey Azərbaycana adladsınlar və bir millət kimi Azərbaycan türklərini, ardınca isə bütün türk dünyasını yer üzündən silsinlər. Çünki Firdovsinin “Şahnamə”sindən başlayaraq min ildir ki, dünyada bir İran-Turan qarşıdurması var. Bunlar Turanı yer üzündən silməyə çalışırlar ki, dünyada bir İran qalsın.

    – Diaspor fəaliyyəti ilə əlaqədar tez-tez Avropa ölkələrində səfərlərdə olursunuz. Bu ölkələrdə Sizə qarşı hər hansı addımın atılmasını mümkün sayırsınızmı?

    – Hər şey ola bilər. Amma mən o ölkələrdə təbii ki, dostlarımın əhatəsində oluram. Yəni, bu o qədər də asan məsələ deyil. Çünki mənim kifayət qədər geniş çevrəm, ətrafım və məni qoruyan insanlar var. Mən mühafizəmlə xüsusi məşğul olmasam da, şübhəsiz ki, yerdən də çıxmamışıq.

    – Diaspor məsələlərindən söz düşmüşkən bir məqamı qeyd etmək istərdik. Bəzən belə fikirlər səslənir ki, güney və quzey azərbaycanlılar arasında Azərbaycanın ən ümdə probleminin nədən ibarət olmasına dair fikir ayrılıqları var. Hətta diaspor işi ilə məşğul olan şəxslər də qeyri-rəsmi söhbətləri zamanı etiraf edirlər ki, quzey azərbaycanlılar ən ümdə problem kimi Dağlıq Qarabağın, güneylilər isə Güney Azərbaycanın azadlığı məsələsini görürlər. Bu isə müzakirələrin, bütövlükdə ümumi işin gedişinə pis təsir göstərir…

    – Bu məsələlərdə heç bir fikir ayrılığı yoxdur. Bunlar sadəcə işi bilməyənlərin söz-söhbətləridir. Qarabağ məsələsi bütün güneylilərin əsas dərdlərindən, problemlərindən biridir. Bilirsiniz ki, Qarabağ savaşı zamanı güneydən gəlib bu savaşa qatılanlar da olub. Eyni zamanda Güney Azərbaycanın azadlığı da bizim ümumi problemimizdir. Bunları hansı problem birinci, hansı problem ikincidir deyə nə növbəyə, sıraya düzən var, nə də tərəfkeşlik və bu məsələləri qarşı-qarşıya qoymaq cəhdi var. Belə bir şey heç vaxt olmayıb. DAK-ın bütün qurultay və toplantılarında da bu məsələlər yanaşı müzakirə olunub. Xaricdəki digər diaspor təşkilatlarında da məsələyə bu kontekstdə yanaşılır. İndiyədək bu məsələdə heç vaxt problem yaşanmayıb və bundan sonra yaşanılacağı da gözlənilmir.

    – Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər edə bilməsi üçün noyabrın əvvəllərində dövlət başçısına müraciət etmişdiniz. Bu istiqamətdə nə yenilik var?

    – Bəli, belə bir müraciət etmişdim. Amma sonra nəticəsi ilə maraqlanmaq imkanım olmadı. Çünki təxminən iki aya yaxın – əvvəlcə Azərbaycanda, sonra isə Türkiyədə müalicə olundum. Fəal işləmək imkanım yox idi, hərəkətim məhdudlaşmışdı. Ona görə də etdiyim müraciətin nəticəsi ilə maraqlana bilməmişəm. Ancaq hər halda maraqlanacam. Bu günlərdə Mahmudəli bəylə Türkiyənin “Bengü Türk” televiziya kanalında birlikdə saat yarımlıq bir proqramın qonağı olduq. Mən canlı şəkildə, Mahmudəli bəy isə skaypla verilişdə iştirak etdi. Bu ay bizim Avropa ölkələrinin birində görüşümüz olacaq. O görüşə Mahmudəli bəy də xüsusi olaraq dəvət olunub. İnşallah, orada görüşəcəyik. Sonrakı mərhələdə Azərbaycandakı tədbirlərimizə də dəvət edəcəyik.

    – Belə başa düşdük ki, Avropadakı görüşünüz hansısa tədbir çərçivəsində olacaq…

    – Bəli, bizim görüşümüz DAK-ın İdarə Heyətinin və fəallarının toplantısı çərçivəsində baş tutacaq.

    – Toplantı hansı ölkədə keçiriləcək?

    – Bunu indidən açıqlamaq istəmirəm.

    – Artıq seçki ilindəyik. Bir sıra partiyalar, məsələn, Müsavat Partiyası seçkidə iştirak edəcəyi namizədini müəyyənləşdirib. VHP seçkidə hansı formada iştirak etməyi düşünür?

    – Hələlik partiyanın siyasi şurasında seçkidə nə cür iştirak etməklə bağlı müzakirələrimiz olmayıb. Ona görə indidən bu istiqamətdə fikir yürütməyə çətinlik çəkirəm. Amma hər bir halda partiya seçkilərlə bağlı öz mövqeyini bildirəcək.

    – Bu mövqe Sizin namizədliyinizin irəli sürülməsindən ibarət ola bilərmi?

    – Mənim nə sağlamlıq, nə digər fiziki parametrlər, nə iş, fəaliyyət enerjisi, gücü və illər uzunu yığılmış problemləri həll etmək iradəsi baxımından heç bir sorunum, heç bir problemim yoxdur. Amma mən bu məsələlərə bir qədər real yanaşıram və ölkədəki qüvvələr nisbətini daim nəzərə alıram. Mən bu məsələlərə izafi güc sərf etməyin tərəfdarı deyiləm. Çünki elə məsələlər var ki, istəyib istəməməyimizdən, xoşumuza gəlib gəlməməyindən asılı olmayaraq o məsələlərlə hesablaşmaq məcburiyyətindəyik. Mən xüsusən əlavə konfliktlər və əlavə hansısa xüsusi mübarizə meydanları, əlavə ziddiyyətlər yaratmadan gələcəyə yönəlmiş məsələlərdə, bəlkə bu gün üçün deyil, gələcək üçün addımların atılmasının tərəfdarıyam. Ona görə də hələlik bu məsələlər müzakirə olunmayıb. Biz müxalifət partiyasıyıq və indiki hakimiyyət strukturlarının apardığı işlərlə razı deyilik. Bununla bağlı münasibətlərimizi ardıcıl olaraq həm mətbuatda, həm də Milli Məclisdəki müzakirələrdə bildiririk. Bu, göz önündədir. Amma seçki daha mürəkkəb və böyük vəsait, böyük güc, çoxlu vaxt, təkcə bir neçə partiyanın deyil, küll halında cəmiyyətin və bütün xalqın dəstəyini tələb edən bir prosesdir. Təəssüf ki, bu məsələdə güclər bizdən asılı olmadan çox parçalanıb. Bu parçalanma şəraitində kimin daha çox real imkanının olduğu, hansı arqumentlərin burada ciddi rol oynayacağı və digər bütün məsələləri müzakirə edəcəyik və sonda öz qərarımızı verəcəyik.

    – Bəs bütövlükdə müxalifət üçün seçki ilini nə cür dəyərləndirirsiniz?

    – Bilirsiniz, iqtidarı bəyənməmək, onu ittiham etmək, nöqsanlarını, səhvlərini ortaya qoymaq işin bir mərhələsidir və az qala hamı bununla məşğuldur. Ən ucqar bir kəndə də getsəniz, hansısa işin düzgün olmadığını deyən kimsə tapılacaq. Amma qeyd etdiyim kimi, bu, işin bir mərhələsidir və bu iş görülür. Eyni zamanda işin digər mərhələsi bu işləri bəyənməyən və tənqid edən qüvvələrin – hərçənd ki, mən bunu normal qəbul edirəm və özüm də onlardan biriyəm – ortaya öz gücünü, imkanlarını, bu problemləri həll etmək yollarını qoyub və xalqı buna inandırmaq bacarığından ibarətdir. Həmin bu ikinci mərhələ zəifdir və müxalifətin yaxın vaxtlarda xalqın ciddi etimadını qazanması da təəssüf ki, mənə real görünmür. Məncə, ən böyük problem budur.

    – Aznews.az saytında bu günlərdə reallaşan baş redaktor dəyişikliyindən sonra mətbuatda Sizin bu saytı satın almağınızla bağlı məlumat yayılıb. Bu məlumat nə dərəcədə həqiqətəuyğundur?

    – Vallah, xəbərim yoxdur. Mətbuatda mənimlə bağlı çox şeylər gedir. O qədər hədyanlar, yalanlar eşitmişəm… Çox təəssüf ki, mən artıq buna öyrəşmişəm. Bəzən mən özümlə bağlı bəzi fikirləri oxuyub heyrətə gəlirəm. İndi bu da həmin silsilədən, təxəyyül məhsulu olan yazılardan biridir. Bəlkə mənim bacım oğlu başqa bir yerdə işlədi, onda da yazacaqlar ki, o yer Sabir Rüstəmxanlınındır? Mənim qohumlarım arasında dövlət idarəsində işləyəni yoxdur. Məcbur olub, QHT-lərdə, digər yerlərdə çalışanlar var. Belə çıxır ki, hardan mənim bir qohumumun səsi gəlsə o yer mənimdir? Hər halda Elçin istedadlı jurnalistlərdən biridir. Bu sayt da onun özünün çalışdığı yerdir və mənə aidiyyatı yoxdur.

    – Elçin Zahiroğlu bacınız oğludur?

    – Bəli, bacım oğludur.

    Səxavət Həmid

  • VHP Qusar RT sədri Həsənbala Məmmədov-66

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qusar rayon təşkilatının sədri Həsənbala Məmmədovu 66 yaşı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    “Əziz Həsənbala bəy!

    Səni 66 yaşının tamam olması münasibəti ilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.

    Sən nəinki Qusarda, ümumiyyətlə Azərbaycanın şimal bölgəsində tanınan bir şəxs kimi əhalinin güvənc yerlərindən birisən və bu səviyyəyə illər uzunu apardığın mübarizə, ədalət və haqq işi nəticəsində nail olmusan.

    Hələ gənc yaşlarından müəllim kimi çalışmağın, peşəkar metodist olaraq qiymətləndirilməyin və keçmiş SSRİ səviyyəsində zəhmətinin dəyərləndirilməsi sənin bölgədəki əməyinin, şöhrətinin etirafı idi. Sən həmişə gəncləri milli ruhda tərbiyə etmisən və təsadüfü deyil ki, 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının ilk günlərindən öz fəaliyyətinlə bir daha tələbələrinə, el-obaya nümunə oldun.

    Sənin AXC-nin Qusar rayon şöbəsinin təsisçilərindən biri və ilk sədri kimi cəsarətli, qorxmaz fəaliyyətin yadaşlarda dərin iz buraxıb. Azərbaycanın azadlığı və müstəqilliyi yolunda apardığın mübarizə, heç bir maneəyə və repressiyaya baxmayaraq, bu yoldan çəkilməməyin sənin adını qusarlıların qəlbinə yazıb.

    Müstəqillik qazanıldıqdan sonra da sənin ölkəmizin ərazi bütövlüyü, demokratik inkişafı yolunda başlayan hərəkata qoşulmağından və bu mübarizəni VHP sıralarında aparmağından çox məmnunam. Sən VHP-nin təsis olunduğu ilk gündən sıralarımızda olmusan və sənin vətəndaş həmrəyliyi ideyasına sadiqliyin bizim şimal bölgəsində nüfuzumuzun ayrılmaz hissəsidir. Çünki ömrünü haqq uğrunda mübarizədə keçirən və öz yaşamı ilə apardığı mübarizənin səmimiyyətinə inam aşılayan bir şəxsin sıralarımızda olması qürurvericidir.

    Sənin hazırda hüquq müdafiəçisi kimi fəaliyyətin, ədalətsizliklə üzləşən insanların istinad nöqtəsinə çevrilməyin də həyat missiyanın tərkib hissəsidir. Harda çətinlik, çatışmazlıq varsa, harda ən çətin iş, cəsarət tələb edən fəaliyyət varsa, səni orda görməyə artıq hamı adət edib. İndiki dövrdə hüquq müdafiəçisi kimi fəaliyyət həm çətin, həm də cəsarət tələb edən işdir. Nəzərə alsaq ki, sən bu işləri heç bir maddi yardım olmadan, heç bir beynəlxalq və yerli donor dəstəyi almadan həyata keçirirsən, sənin insani keyfiyyətinin dəyəri bütün mahiyyəti ilə üzə çıxır.

    Əzizimiz Həsənbala bəy!

    Bu yaş üçün gənclik enerjisi ilə işləmək, işindən zövq almaq, bir dəfə də olsun şikayətlənməmək, ruhdan düşməmək və gələcəyə daim inamla, arzuyla baxmaq heç də xarakterik deyil. Ancaq sən bu əzmin və pozitiv arzularınla da öndəsən, örnəksən. Səni bir daha təbrik edirəm və bu gənclik ruhunu daim saxlamağını, hədəflərinə çatmağını və haqq işi uğrunda apardığın mübarizənin başa varmasını arzulayıram.

     

    Xoş arzularla

    Sabir Rüstəmxanlı”

  • Sabir Rüstəmxanlı: “Onlar bəyəm dövləti dağıdıblar?”

    “Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar” 

    “Bəzi adamların haqsız yerə incidilməsi, günahkar olduğu sübut olunmadan həbsdə saxlanılması cəmiyyətdə narazılıq doğurur. Bir neçə gün öncə prezidentin çıxışı mahiyyətində bu var idi ki, insanları nahaq yerə incitmək dövlətdən, hakimiyyətdən narazı salmaq olmaz”.

    AzNews.az-ın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, iclasın gündəliyinə daxil olan məsələlərdən narazı olduğunu bildirib: “Bugünkü məsələlərin siyahısına göz gəzdirdim. 9 məsələdən 6-sı dəyişikliklə bağlıdır. Başa düşmürəm, biz nə vaxta qədər yamaq etməklə məşğul olacağıq. Qanunları qəbul edirik, nazirliklərə çatanda hansı nazirliyin işinə yaramırsa, geri qaytarırlar. Hökmən bu qanuna nəsə əlavə olunmalıdır ki, camaatı incitməyə şərait olsun. O cümlədən “qeyri-hökumət təşkilatları haqqında” qanununa edilən dəyişikliyi qətiyyətlə pisləyirəm”.

    Millət vəkili çıxışı zamanı icra başçılarının fəaliyyətini də sərt tənqid edib: “İcra başçılarının insanlarla kobud rəftarı sonda çox ciddi problemlərə gətirir. Prezidentin sonuncu çıxışı imkan verir ki, bu məsələlərin üstünə daha ciddi gedilsin”.

    S.Rüstəmxanlı eyni zamanda Yaqublular ailəsindən iki nəfərin həbsdə olmasını pisləyib: 

    “Biz dəfələrlə müxtəlif məsələlərlə bağlı məhkəmələrə müraciət edirik. Millət vəkilinin belə müraciətinə cavab vermirlər. Tofiq Yaqublu bir jurnalistdir. Bu necə olur? Atasını tutublar. Qızını yol qəzasına görə həbs ediblər.. Ata-bala tutulub. Bu nə deməkdir? Onun balaca qızı gəlib atası üçün imza yığmağa. Adamın ürəyi ağrıyır. Onlar nə ediblər axı? Dövləti dağıdıblar? Buna diqqət yetirmək lzmdır. Bu cür münasibət olmaz”.

    AzNews.az

  • Oqtay Əfəndiyev sağlığında ikən özünü tarixə çevirmişdi

    VHP Oqyay Əfəndiyevin vəfatı ilə bağlı nekroloq yaydı

    Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin dünyasını dəyişməsi xəbəri məni çox üzdü, Türkiyədə Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərdə iştirak etdiyim üçün onun dəfn mərasimində iştirak edə bilməməyim isə bu üzüntünü daha da artırdı.
    Taleyin işinə bax ki, Oqtay müəllim fevralın 26-da, Xocalı soyqırımının ildönümündə vəfat etdi və düşünürəm ki, burada mistik bir əlaqə, rabitə var. O.Əfəndiyev bütün ömrü boyu Azərbaycanın unudulmuş, təhrif edilmiş və özgələşdirilmiş tarixini bu millətə qaytarmaq üçün uzun və dərin araşdırmalar aparmışdı. Moskvada Şərqşünaslıq İnstitutunu bitirməsinə baxmayaraq, millətinin tarixinə olan sevgi onu çəkib tarixçiliyə gətirmişdi və Şərq dillərini mükəmməl bilməsi bu işdə ona yardımçı olmuşdu. Oqtay müəllim ilk dəfə olaraq Səfəvi dövlətinə “İran dövləti” kimi yanaşmanın yanlışlığını sübut etdi və fars mənbələri əsasında qızılbaşların milli kimliyi, siyasi-ictimai fəaliyyətini ortaya qoydu.
    Ümumiyyətlə, Oqtay Əfəndiyev tarixdə azərbaycanlıların izini axtaran, araşdıran və dünyaya tanıdan bir alim idi. Onunla çox uzun bir yol keçmiş və tarixi bilgilərimizi bir-birimizlə paylaşmışıq. Oqtay müəllim bütün məsələlərə mütəxəsis, peşəkar kimi yanaşırdı, hay-küydən, yalançı vtənpərvərlikdən uzaq idi, amma tarixin türk yaddaşını həmişə silkələyir, oyatmağa və danışdırmağa nail olurdu.
    2011-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasında Oqtay Əfəndiyevin 85 illik yubileyini qeyd etməyimiz təsadüfü deyildi. Oqtay müəllimin araşdırmalarının milli düşüncəli böyük bir nəslin yetişməsində inanılmaz dərəcədə müsbət təsiri olmuşdu.
    Oqtay Əfəndiyev hələ sağlığında ikən özünü Azərbaycan tarixinin bir parçasına və tariximizin ən şanlı səhifəsinin şahidinə çevirmişdi. Xocalı şəhidlərinin anım günündə tariximizin şahidini itirməyimiz, dərdimizi bir qədər də artırır.
    Oqtay Əfəndiyevin vəfatı ilə bağlı onun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir, alimə Allahdan rəhmət diləyirəm.

     

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • VHP Ağsu RT sədri Tahir Əzimov-62

    VHP Siyasi Şurası partiyanın Ağsu rayon təşkilatının sədri Tahir Əzimovu 62-ci doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

    Əziz Tahir bəy!
    Sizi ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayırıq.
    Tahir Əzimov adı ağsululara çox yaxşı tanışdır və hər dəfə bu adın ətrafında ancaq xoş hisslər, xoş münasibət hiss etmək bir əqidədaş olaraq bizdə məmnunluq doğurur. Sizi biz də hər zaman sadə, təvazökar və əqidəsinə sadiq insan kimi görmüş və qiymətləndirmişik.
    Uzun illər müxtəlif vəzifələrdə el-obaya, əlinizin çatdığı hər bir kəsə göstərdiyiniz yardımlar Sizin mənəvi böyüklüyünüzün göstəricisidir. Xüsusi təşkilatçılıq qabiliyyətiniz, işə olan bağlılığınız, zəhmətkeşliyiniz sayəsində qazandığınız uğurlar isə bir rayonun, bölgənin sərhədlərindən kənara çıxır.
    62 yaş – o qədər də kiçik yaş olmasa da, qocalıq yaşı da deyil. Sevinirik ki, bi yaşda belə gənclik enerjisi ilə işinizin başındasız, ölkəmizin demokratikləşməsi və sivil toplum quruculuğuna töhvələrinizi verirsiniz.

    Əziz Tahir bəy!
    Siz həm də qayğıkeş ata, gözəl ailə başçısısınız. Müdriklərdən biri deyirdi ki, övlada var-dövlət miras qoymaq onu xoşbəxt etmək deyil; övladını xoşbəxt etmək istəyirsənsə, ona ədalətli cəmiyyət miras qoy!
    Siz ədalətli cəmiyyət yaradılması prosesində fəal iştirak etməklə, əslində bu böyük həyat həqiqətini yerinə yetirmək və övladlarınıza böyük miras qoymaq istəyirsiniz. Ad gününüzü bir daha təbrik edirik və Sizə arzunuza çatmağı, ömrünüzün ahıl çağını ədalətli cəmiyyətdə keçirməyi arzulayırıq”.

  • Əlvan Dəmirli – 55

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Qobustan rayon təşkilatının sədri Əlvan Dəmirlini 55 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

     

    “Əziz Əlvan bəy!

    Səni 55 illik yubileyin münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə can sağlığı, uzun ömür arzulayıram.

    55 il böyük zaman üçün çox qısa, bir an olsa da, insan həyatı baxımından ömrü yarı etməkdir. Bu yaş insanı öz-özü qarşısında hesabat verməyə, yaşamının mənasını dəyərləndirməyə sövq edir.

    Çoxları ömrünün bu yetkin yaşına həyat missiyasını anlamadan, taleyin qıydığı ömrü yalnız şəxsi maddi istəklərini gerçəkləşdirmək və ömrünü bu yola xərcləməklə gəlib çıxır. Az sayda insan var ki, ömrünü cəmiyyətə, millətinin və dövlətinin gələcəyinə həsr etməklə həm ictimai, həm bəşəri, həm də mənəvi-ruhi missiyasını yerinə yetirə bilir.

    Sən 55 yaşına həm tarix, həm də vətən və millət qarşısında ləyaqətli xidmətlərinlə gəlib çıxmısan və bu gün əlini vicdanının üstünə qoyub, ömrünü boşa xərcləmədiyinə, ləyaqətlə yaşadığına, haqq müdafiəçisi olduğuna əmin ola bilərsən.

    Hələ gənclik yaşından, Milli Azadlıq Hərəkatının ilk günlərindən  xalqımızın azadlıq və müstəqillik mübarizəsinə qoşulmağın, təmsil olduğun rayonda tutduğun qətiyyətli və ləyaqətli mövqe, siyasi əqidə təmizliyin səni mərkəzdə, ictimai mühitdə də tanıtdı. Azadlıq Hərəkatının sıralarında sənin kimi insanların birləşməsi bizə imkan verdi ki, ölkəmizin müstəqilliyinə nail olaq, Müstəqillik Aktını qəbul edək.

    Bu tarixi missiyadan, ölkənin azadlığa qovuşmasından sonra onu yaşatmaq, demokratik dəyərləri mənimsəmək yolu başlayırdı. Çox təəssüf ki, Hərəkatın sırasında təmsil olunanların əksəriyyəti bu yolu yarıda buraxdı və yaxud öz şəxsi maraqlarını düşünmək səviyyəsinə endi. Yenə də azsaylı insanlar öz həyat missiyalarının ardınca yaşamını davam etdirdi və sevinirəm ki, bu insanların sırasında Sən də varsan. Sən ölkənin demokratikləşməsi, insan haqlarının təmini, vətəndaş cəmiyyətinin qurulması yolunda başlayan növbəti mübarizədə də varlığını, qətiyyətini əsirgəmədin. İkiqat sevincimizin səbəbi isə bu yolu Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında getməyin, əqidəmizi bölüşməyindir.

    Bəşəriyyətin ən böyük fikir adamlarından birinin “İnsanın dəyəri onun nəyə can atmağındadır” – sözü ilahi həqiqəti ehtiva edir. Sən bütün həyatın boyu həqiqətə, haqqa can atmısan, ədaləti qorumağa çalışmısan, haramdan uzaq olmusan və bu canatımın Sənin dəyərini müəyyənləşdirib. Təsadüfü deyil ki, Sənin adın ictimai hərəkatda olan insanların təsəvvüründə mübariz, əzmkar, əqidəsindən dönməyən, vətənin və dövlətin maraqlarını həmişə uca tutan, satılmayan, alınmayan şəxs kimi hallanır. Bu adı qazanmaq çətindir, amma onu ömrünün sonuna qədər yaşatmaq daha çətindir. Sən uzun mübarizələrdən, məhrumuyyətlərdən, taleyin və zamanın gətirdiyi müxtəlif acılardan sonra bu adı qazanmış və 55 yaşa qədər gətirmisən, inanıram ki, bundan sonra da qoruyacaq, səni tanıyanlara nümunə olmaqda davam edəcəksən.

    Əziz Əlvan bəy!

    Bir daha Səni 55 illik yubileyin münasibəti ilə təbrik edirəm, sənə uzun ömür, can sağlığı, apardığın mübarizənin təntənəsini görməyini arzulayıram.

     

    Hörmətlə,

    Sabir RÜSTƏMXANLI

    VHP sədri, millət vəkili”