Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • VHP Sabir Rüstəmxanlının mühafizəsi üçün hakimiyyətə müraciət edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi üçün prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu haqda VHP-nin mətbuat xidmətindən məlumat yayılıb.

    Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məsələyə baxılacağını deyib: “Belə məktub varsa, məktubda qaldırılan məsələlər araşdırılıb müvafiq cavab veriləcək və tədbir görüləcək”.

    Hazırda İstanbuldakı xəstəxanaların birində müalicə olunan S.Rüstəmxanlı deyib ki, əvvəllər də barəsində təhdidlər olub: “Onların hansı fəndlərlə, hansı yollarla barəmdə ölüm fitvası çıxardıqlarını bilirsiniz. Hətta mənim demədiyim şeyləri də adımdan öz mətbuatlarında yazırlar. İran Azərbaycanı haqda elə bir hay-küy yaradırlar ki, guya İranda Azərbaycan deyilən yer, azəri türklər yoxdur, iranlı deyilən xalq var. Düzü, mən özüm təhlükəsizliyimlə bağlı hər hansı bir orqana müraciət etməmişəm. Partiyadan DİN-ə yazıblar.

    Bilirəm ki, bu müraciətdən sonra Bakı Şəhər Baş Polis İdarəsindən məni axtarıb, müraciətin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra, yəqin ki, özüm də maraqlanıb məsələni yoluna qoyacam”.

    Bununla belə, S.Rüstəmxanlı İrandan özünə qarşı daim təhdid hiss etdiyini də dilə gətirib: “Hər halda bu təhdidləri hiss edirəm. Bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fitva vermişdi. Məni açıq-aşkar düşmən elan edirlər”.

    Musavat.com

  • VHP-dən İran səfirinə sərt cavab

    Separatizmi dəstəkləyən İranın insan haqlarına qarşı bəyanat verməsi təbiidir

     

    VHP Mətbuat xidmətinin rəsmi açıqlaması:

     

    İranın Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin 5 dekabr tarixində “Azərbaycanın Quzeyi və Güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələr” mövzusunda keçirilən tədbirə və VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlıya qarşı bəyanat vermişdir.

    Bəyanatda DAK, o cümlədən Sabir Rüstəmxanlı “separatçı” adlandırılmış, “Cənubi və Şimali Azərbaycan” ifadələri “saxta və heç bir tarixi əsası olmayan termin” kimi qələmə verilmiş, həmçinin bu addımların Azərbaycandakı etnik xalqlar arasında birliyi və həmrəyliyi aradan qaldırmasına eyham vurulmuş, sonda dırnaqarası müsbət iradə də ortaya qoyulmuşdur: “İran İslam Respublikası və Azərbaycan Respublikasının müsəlman və şiə xalqı bir-biri ilə olan dostluq bağlarını qorumaqda qərarlıdır və bu dostluğu pozmağa yönələn üzdəniraq tanınmış həmin şəxslərin səyləri boşa çıxacaqdır”.

    Əvvəla, Dünya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının iradəsi ilə yaranan və Avropada rəsmi qeydiyyatdan keçmiş bir qurumdur. Bu qurumun və onun təmsilçilərinin separatçı adlandırılması İran səfirliyinin diplomata yaraşmayan, amma mahiyyətini üzə çıxaran münasibətidir.

    İkincisi, sözügedən konfransda İrandakı insan haqları və azadlıqları müzakirə olunub. İranda yaşayan 35 milyonluq soydaşımızın heç bir hüququnun tanınmaması, onlara ana dilində təhsil almaq, oxumaq, yazmaq, kitab və qəzet nəşr etmək, milli mədəniyyətini yaşatmaq və inkişaf etdirmək, tarixi abidələrini qorumaq imkanının verilməməsi bütün dünyaya bəllidir. Beynəlxalq birliklərin dəfələrlə elan etdikləri kimi isə insan haqları və azadlıqları heç bir ölkənin daxılı işi deyil və Sabir Rüstəmxanlı da 35 milyonluq İran türkünün hüquqlarının kobud surətdə pozulmasını dilə gətirib.

    Üçüncü, İranın Azərbaycandakı səfirliyi, deyəsən, yaxın tarixi çox tez “unudub” və 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının iki yerə parçalanması tarixi həqiqətini danmağa çalışır. Üstəlik, 1945-ci ildə Pişəvərinin başçılığı ilə Güneydə qurulan Azərbaycan dövlətinin varlığını və tarixi sərhədlərini İran səfirliyi niyə unutmaq və kimlərə unutdurmaq istəyir?

    İranın Azərbaycandakı səfarətxanasının nəzərinə bu həqiqətləri bir daha çatdıqmaqla bildiririk ki, Azərbaycanın tarixi torpaqlarının Quzey və Güney olaraq iki yerə bölünməsi reallığı artıq dünya dövlətlərinin parlamentində, BMT-də də müzakirə mövzusudur. Bu acı tarixi İranın Bakıdakı səfirliyinin görməməzliyə vurması həqiqətləri aradan qaldırmır.

    Dördüncü, Azərbaycanda heç bir xalqın öz dilində təhsil almaq, öz mədəniyyətini inkişaf etdirmək, seçkili orqanlara seçilmək, dövlətin ən önəmli vəzifələrinə təyin olunmaq kimi problemi yoxdur. Azərbaycan dini tolerantlıq baxımından da dünyaya nümunədir. İran səfirliyinin Azərbaycanda “müxtəlif etniklər arasında birliyin pozulmasından” danışması əslində onun ölkəmizə qarşı yeritdiyi siyasətin diplomatik izahıdır və Azərbaycanı təhdid etməkdən başqa bir məqsəd daşımır. Təsadüfü deyil ki, Azərbaycanda süni surətdə etnik separatizm yaratmaq istiqamətində İran xüsusi xidmət orqanları illərdir çalışırlar və təbii ki, heç nəyə nail ola bilmirlər və bundan sonra da istəklərinə çata bilməyəcəklər. Çünki Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır və heç bir ayrı-seçkiliklə üzləşmirlər. Əksinə, etnik azlıqların hüququ bu ölkənin aparıcı etnosu olan Azərbaycan türklərindən bir çox məqamlarda daha üstün tutulur.

    Beşinci, şiə qardaşlığından və müsəlmanlıqdan danışan İran Ermənistanın bir milyondan artıq türk-müsəlmanı öz yurd-yuvasından qaçqın saldığını, müsəlman ölkəsi olan Azərbaycanın 20 faiz tormağını işğal etdiyini, yüz minlərlə silahsız, dinc müsəlmanı qətlə yetirdiyini bilə-bilə Ermənistana görünməmiş səviyyədə iqtisadi və hərbi dəstək göstərir, işğalın davam etdirilməsinə və şiə-müsəlmanların əzab-əziyyətlərinin artmasına yardımçı olur. Araz çayı üzərində elektrik stansiyası tikib, onu Ermənistana bağışlayan və bu terrorçu dövləti bütün vasitələrlə dəstəkləyən, İranda baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza Azərbaycan xalqının göndərdiyi humanitar yardımı heç bir siyasətə və əxlaqa sığmayan tərbiyəsizliklə işğal altında olan Dağlq Qarabağın erməni separatçılarına göndərən, şiə-müsəlmanların qanını tökmüş, dinc müsəlmanlara qarşı qətliamlar və dəhşətli işgəncələrlə ad çıxarmış Ermənistan rəhbərliyini “dost və qardaş” olaraq bağrına basan İran hansı haqla “şiə qardaşlığından” danışa bilər?

    Əslində, İran səfirliyinin diplomatik missiyasını aşan bu bəyanatı özünüifşaya yönəlib: bu ölkə insan haqlarına qarşı olduğunu, terrorçu və separatçı rejimlərə dəstək verdiyini dəfələrlə təsdiqləyib və İran səfirliyinin bu bəyanatı da İran dövlətinin şiə-müsəlmanlara və insan haqlarına qarşı tutduğu yanlış yoldan dönmədiyinin, İranın bir xalqlar həbsxanası olduğunun, burdakı şovinizmin rəsmi siyasətə çevrildiyinin təzahürüdür.

     

    VHP mətbuat xidməti 

  • VHP Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni İl münasibəti ilə soydaşlarımızı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasnın sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Dünya Azərbaycanlılarının Həmrəyli Günü və Yeni İl münasibəti ilə soydaşlarımızı təbrik edib

    Təbrikdə deyilir:

     

    “Əziz soydaşlar!

    Dünya Azərbaycanlılarının həmrəyliyi dövlətimiz və millət olaraq varlığımız üçün çox böyük önəm daşıyır. Milli Azadlıq Hərəkatının ilk illərində öz kimliyini, tarixini, mənliyini çılğın bir enerji ilə ortaya qoyan soydaşlarımız on illərlə aparılan siyasətə etiraz olaraq, heç bir maneəyə və zorakılığa baxmadan, xalqımızı ayıran tikanlı məftilləri yalın əllərlə qırıb tökdü və öz haqq səsini bütün dünyaya yaydı. Bu, Azərbaycanın bölünməsinə, xalqımızın iradəsi əleyhinə qəbul edilən Gülüstan və Türkmənçay müqavilələrinə, 160 ildən artıq qardaşı qardaşa həsrət qoyan fars və rus imperiyalarının tarixi ədalətsizliyinə etiraz idi: həmin gün xalqımız bütün dünyaya bölünmüş xalq, parçalanmış dövlət olduğunu göstərdi.

    Təəssüf ki, bu tarixi hadisədən keçən illər xalqımızın bütövləşməsi yolunda dünya güclərinin məkrli planlarına təsir etmədi, tarixi ərazisinin yalnız kiçik bir hissəsində müstəqil dövlət quran Azərbaycan xalqına qarşı növbəti təxribat həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq siyasi iradə ilə ortaya çıxsaq da, hətta 1918-20-ci illərdə mövcud olmuş və dünyanın 20-dən artıq supergücü tərəfindən tanınmış AXC-nin 114 min kv.km-lik ərazisinə iddia etmədən, Sovet Azərbaycanının sərhədləri ilə kifayətlənsək də, bu, xalqımızın milli intibahından narahat olan gücləri qane etmədi. 200 il əvvəl böldükləri və parçaladıqları, 70 ildə hissə-hissə qopardıqları Vətənimizi növbəti dəfə parçalamaq iştahı baş qaldırdı. Erməni maskası altında gizlənən və Azərbaycana onillərlə düşmən kəsilən qonşularımız növbəti dəfə Vətənimizin bir parçasını işğal etdilər.

     Ölkəmizə qarşı qıcanan dişlərin, qana susamış caynaqların qara istəyi gerçək oldu və artıq 20 il yaxındır ki, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal altındadır. Torpaqlarımızn işğal altında olmasının birinci və əsas səbəbi şimallı-cənublu qonşumuzun ölkə daxilində təxribat əməlləri, xalqımızın içinə təfriqə salması, açıq düşmənə gizli-aşkr hərbi dəstəyidirsə, bundan heç də kiçik olmayan digər səbəb düşmən tələsinə düşməyimiz, oyunlardan xəbərsizliyimiz, baş verənlərin günahını yalnız özümüzdə axtarmağımız, daxili ictimai-siyasi çəkişmələrə getməyimiz və həmrəyliyimizin olmamasıdır.

    1989-cu ildə bir yumruq kimi birləşən xalqımızın həmrəyliyindən imperialist güclər qorxuya düşmüşdülər və bu həmrəyliyi sarsıtmaq üçün bütün təxribatları törətdilər. Xalqımızın sona qədər həmrəyliyini qorumaması isə tarixi faciələrimizə səbəb oldu.

    Biz həmrəyli ideyasının millətimizin ali ideologiyasına çevrilməsini hələ ən qaynar günlərdə, heç nəyin əldən verilmədiyi 1992-ci illərdə gündəmə gətirdik. Çünki faciələrimizə son verməyin yeganə çarəsinin xalqımızın həmrəyliyindən keçdiyini görürdük və bu gün artıq heç kim buna şübhə etmir ki, bütün dərdlərimizin çarəsi vətəndaşlarımızın, böyük mənada dünya azərbaycanlılarının həmrəyliyindən keçir.

    Əziz soydaşlarımız!

    Hələ milli hədəflərimiz qarşıdadır: Güneyda 35 milyonluq canı canımızdan, qanı qanımızdan olan soydaşlarımızın adi insan haqları tanınmır, mədəni muxratiyyatı belə yoxdur; dünyanın müxtəlif ölkələrində “erməni lobbisi” adı altında fəaliyyət göstərən gizli güclər xalqımıza qarşı yalan, böhtan kampaniyasını davam etdirir və təəssüf ki, çox zaman da istəyinə nail olurlar. Bunun qarşısını almağın yeganə yolu həmrəyliyimizdən, birliyimizdən keçir.

    Dünyada heç bir istək Vətəndən, torpaqdan artıq deyil, əksinə, bütün arzular Vətəndə, torpaqda cücərə, boy ata bilər. Vətənin bütövlüyü – hər bir fərdin, vətəndaşın bütövlüyü, qüruru, maddi və mənəvi rihafı deməkdir, gələcəyinə, övladlarına qoyduğu ən böyük sərvət, zəmanət deməkdir. Bütövlüyə gedən yol isə Həmrəyliyimizdən, Milli Birliyimizdən keçir.

    Əziz soydaşlar!

    Sizlərin hər birini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayır, milli hədəflər uğrunda haqlı arzularınızın həyata keçməsini diləyirəm. Qarşıdan gələn yeni təqvim ili sizlərin hər birinə, bütövlükdə millətimizə və dövlətimizə düşərli olsun.

     

    Sayğılarla,

    Sabir Rüstəmxanlı” 

  • Turan Yazqan son mənzilə yola salındı

    Sabir Rüstəmxanlı: «O, türk dünyasının yetişdirdiyi nadir zəkalardan biri idi. Bu cür insanlar dünyanın durna çıraqlarıdır, bəşəriyyətə yol göstərirlər”.

    Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Turan Yazgan bu gün dəfn edilib.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, noyabrın 22-də vəfat edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazgan İstanbulda dəfn edilib. Professor Yazgan üçün uzun müddət işlədiyi İstanbul Universitetində vida mərasimi təşkil olunub. Mərasimdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmil Kırımoğlu, İstanbul Universitetinin rektoru, professor Yunus Söylet, Turan Yazganın Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda açdığı universitet və fakültələrin idarəçiləri çıxış ediblər.

    Mərasimdə çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Turan Yazganla 24 ildir çox yaxın dost olub: «O, türk dünyasının yetişdirdiyi nadir zəkalardan biri idi. Bu cür insanlar dünyanın durna çıraqlarıdır, bəşəriyyətə yol göstərirlər. Son illərdə Türkiyədə ona zülm etdilər. Nə üçün? Turan Yazganın yeganə istəyi happy wheels demo Türk dünyasının bir-birinə daha yaxın olması deyildimi? Belə bir insana necə əziyyət verə bilərdilər? Türkiyədə onun başında durduğu Vəqfin hər şeyini əlindən almağa çalışdıqları vaxtda bütün türk dünyası Turan Yazgana kömək etməyə hazır idi. Biz onun işini bütün gücümüzlə davam etdirəcəyik».

    Turan Yazganın qurucusu olduğu Türk Dünyası Araşdırmaları Vəqfində də vida mərasimi keçirilib. Mərasimdə türk dünyasının müxtəlif yerlərindən gəlmiş qonaqlar və professor Yazganın Türkiyədəki alim həmkarları və dostları çıxış ediblər. Mərasimdə çıxış edən Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı Turan Yazganı özünün mənəvi atası adlandıraraq deyib ki, onunla eyni zamanda yaşadığına görə, özünü xoşbəxt hiss edir. Professor Turan Yazganın cənazə namazı İstanbuldakı Fateh məscidində qılınıb.

    Cənazə namazına CHP sədri Kəmal Kılıçdaroğlu, MHP sədri Devlet Bahçeli, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sadık Yakut, Türkiyənin elm və siyasət dünyasının tanınmış simaları qatılıblar. Cənazə namazının qılınmasından sonra TDAV başqanı, professor Turan Yazgan İstanbulun Zeytinburnu səmtindəki Kozlu ailə qəbiristanlığında dəfn edilib.

  • Siyasətlə səmimilik bir-birinə düz gəlməyən və çətin uyuşan anlayışdır.

    İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının APA-ya müsahibəsi

     

    – İctimai Palatanın seçki siyasətini necə dəyərləndirirsiniz? Qurumdakı mövcud durum bu birliyin gələcəyini şübhə altına ala bilərmi?

    – İctimai Palatanın daxilindəki mübahisələrin bünövrəsinin kənar qüvvələr tərəfindən alovlandırıldığı qənaətindəyəm. İctimai Palatanın Koordinasiya Şurasında bu məsələ ilə bağlı ciddi müzakirələr olub. Dəfələrlə deyilib ki, sosial şəbəkələrdə bu mübahisələri alovlandıranlar var. Onlar saxta profillərlə girib, iki partiyanı qarşı-qarşıya qoymaq istəyirlər. Hər halda, bunun qarşısını almaq olar. Açığı, AXCP vəə Müsavat Partiyası üzvləri arasında sosial şəbəkələrdə və ya digər yerlərdə aparılan mübahisələri müzakirə etmək həvəsində deyiləm.

    – Bu iki partiya arasındakı gərginliyi yaradan amil nədir?

    – İctimai Palata çərçivəsində mübahisə formasında müzakirələrin olması normaldır. Lakin bunun təhqir şəklini alması qəbul olunan deyil. Doğrusu, İctimai Palatanın seçkilərdə iştirak etmək istəyən iki namizədi var. Bunun biri İsa Qəmbər, digəri isə Əli Kərimlidir. Bu namizədlərin hər birinin tərəfdarları var. Bu partiyalar da öz sədrlərini İctimai Palatanın vahid namizədi olaraq görmək istəyirlər. Ancaq fikrimcə, iradə nümayiş etdirərək vahid namizədin üzərində dayanarıqsa, partiyalar arasında və ümumən İctimai Palatada daxili gərginlik azalar.

    – Sizcə, İsa Qəmbər və Əli Kərimli arasında edilən seçim vəziyyəti daha da gərginləşdirməzmi?

    – İctimai Palatada ən fəal qurumlar AXCP ilə Müsavat Partiyasıdır. Amma qəti əminliklə deyirəm ki, əgər İctimai Palata vahid namizəd məsələsində öz arasında bir razılığa gələrsə, nəinki bu qurumda fikir birliyi yaranacaq, hətta digər müxalifət partiyaları da İctimai Palatada birləşəcəklər. Ancaq vahid namizəd məsələsinin müəyyənləşdirilməsi problemə çevrilərsə, üçüncü şəxsin namizədliyinin irəli sürülməsi üçün axtarışların aparılması labüd görünə bilər.

    – Üçüncü şəxsin namizədliyinin irəli sürülməsi indidən daha uyğun variantlardan hesab olunurmu?

    – Hələlik bu məsələ prioritet deyil.

    – Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərdə iştirakını qətiləşdirib. AXCP və İctimai Palatada təmsil olunan vətəndaş cəmiyyətinin nümayəndələri isə hər biri fərqli mövqe nümayiş etdirir. Bütün bunlar İctimai Palatada səmimi münasibətlər olacağı gözləntilərini heçə endirmirmi?

    – Bilirsiniz, siyasətlə səmimilik bir-birinə düz gəlməyən və çətin uyuşan anlayışdır. Hər bir təşkilatın öz mövqeyi və maraqları var. İctimai Palata üzvü olan istənilən şəxs təmsil etdiyi təşkilatın, arxasında dayanan siyasi qüvvənin maraqlarını güdür. Həmin maraqları gözləyəndə isə səmimilik kənarda qalır. İctimai Palatanı qarşı-qarşıya qoyam isə iki əsas məqam var. Bir məsələ seçkidə iştirakı dərhal elan etmək, digəri isə seçki mühitinin yaradılmasına hazırlıq uğrunda mübarizə aparmaqdır. Hər iki yanaşmanı düzgün qəbul etmək olar. Lakin seçki mühiti yaradılmazsa, seçkiyə getməkdə də lüzum görmürəm. Axı seçkiyə oynamağa getmirik. Çünki 20 il özümüzü təbliğ etmişik. Cəmiyyətimiz 20 ildir bizi siyasətdə görür. Yenidən nə ilə özümüzü təbliğ və ya təqdim etməliyik?

    – Onda seçkidə vahid qüvvə ilə iştirakı daha optimal variant hesab etmək olarmı?

    – İstənilən halda seçkiyə vahid qüvvə ilə getmək müxalifətin qaçılmaz formatı olmalıdır.

    – Belə olan təqdirdə, Müsavat başqanı İsa Qəmbərin namizədliyini irəli sürməsini necə dəyərləndirirsiniz?

    – Bir müddət əvvəl keçirilən görüşlərimizin birində bu məsələ müzakirə olunmuşdu. Bizim mövqeyimiz bu oldu ki, kim namizəd olmaq istəyir, namizədliyini irəli sürsün. Əlbəttə, burada məsələ təkcə namizədliyin irəli sürülməsi ilə bitmir. Yəni bundan sonra başqa addımların atılması da zəruri olur. Açığını deyim ki, mərkəzləşdirilməmiş, razılaşdırılmamış və İctimai Palatada iki qütblüyün yarandığı bir anda namizədliyin belə tez-tələsik irəli sürülməsinin əleyhinə idim. İndi də bunu əleyhinəyəm.

    – Bütün bunlardan sonra İctimai Palata müxalifətin seçkidə vahid qüvvə ilə iştirak üçün format yaradılmasını təmin edə biləcəkmi?

    – İki yanaşmanın olmasında problem görmürəm.

    – İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən bir hissəsi öz namizədini artıq müəyyənləşdirib. Siz bu məsələdə mövqeyinizi qətiləşdirmisinizmi?

    – Mənim İctimai Palatada tutduğum mövqe bir qədər fərqlidir. Çünki orada üzvü olduğum partiyanı təmsil edirəm və zamanı çatanda partiya olaraq öz qərarımızı verəcəyik. İndiki halda fərdi olaraq mövqeyimi açıqlayıb, VHP-ni AXCP və ya Müsavat Partiyası ilə qarşı-qarşıya qoymaq fikrim yoxdur. Yəqin məni anlamaq olar. Zamanı gələndə bu məsələyə aydınlıq gətirəcəyəm. Əlbəttə, seçkiyə müxalifətin vahid namizədlə getməsinin tərəfdarıyam.

    – İctimai Palatada iddialı namizədlər arasında güzəşt imkanları necə, varmı?

    – Məncə, mümkündür.

    – Bununla bağlı hansısa addımlar atılıb, yaxud atılması gözlənilirmi?

    – Konkret kimin-kimə güzəşt etməsindən söhbət gedir?

    – İsa Qəmbər namizədliyini irəli sürüb. Əli Kərimli də iddialıdır. Məhz bu iki şəxs bir-birinə güzəşt edə biləcəklərmi?

    – Hesab edirəm ki, güzəşt olmalıdır və olacaq.

    APA/ Ramil Məmmədli 

  • “Separatçılara dəstək verən dövlətin separatizmdən gileylənməsi məntiqsizdir”

    Rafiq Manaflı: “İran tərəfi ilk növbədə şovinist siyasətə son qoymalı, insanların milli haqlarını tanımalıdır”

    İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.  Qeyd edək ki, İran tərəfinin Azərbaycan XİN-ə təqdim etdiyi nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Sabir Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.

    Məsələ ilə bağlı “Üç nöqtə”yə danışan Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı bildirdi ki, İran tərəfi məsələni həddindən artıq şişirtməklə məşğuldur:  “Biz Sabir bəyin açıqlamasında hər hansı separatçılıq faktı görmürük və bununla bağlı siyasi qalmaqal yaratmağa lüzum yoxdur. Lakin İran tərəfi bu məsələni açıbsa, lk öncə bu fikirlərin yaranmasının səbəblərini araşdırsınlar. Bu gün İranda 30 milyondan çox soydaşımız milli-mədəni hüquqlarından məhrumdur, son zamanlar isə repressiyalar və zəlzələdən əzab çəkən soydaşlarımıza qarşı biganə münasibət bu xalqın özünün müqəddəratını təyin etmək yolunda zərurətlər ortaya çıxarır”. 

    O vurğuladı ki, İran tərəfi ilk növbədə separatçılığa meyillər üçün olan zəmini aradan qaldırmalı, insanların milli haqlarını tanımalı, daha sonra kiməsə irad bildirməlidir: “Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin sədridir, və bu qurumun rəhbəri kimi də, Güney Azərbaycanda baş verən proseslərə biganə qala bilməz. O dövləti bizim soydaşlarımızın əksəriiyyəti öz dövləti hesab edir, çünki qurulmasında, möhkəmlənməsində iştirak ediblər. Lakin bu ölkədə aparılan farslaşdırma siyasəti Azərbaycan türkləri üçün milli təhlükə daşıyır və
    əgər rəsmi Tehran öz ərazi bütövlüyünə görə narahat olursa, milyonlarla insanın milli haqlarından məhrum olması faktına diqqət yetirsin, şovinist siyasətə son qoysun
    ”.


    Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə
    bildirdi ki, DAK sədrinin fikirlərini şərh etmək istəmir: “Lakin onu deyə bilərəm ki, Azərbaycan tərəfdən yox, İran tərəfdən gərginlik var və bu gərginliyi ilk növbədə İran tərəfi aradan qaldırmalıdır. İran rəsmiləri, din xadimləri dəfələrlə Azərbaycanı “İranın şimal vilayəti” adlandırıb, ölkəmizin daxili işlərinə müdaxilə ediblər. Bu məsələni də nəzərdən qaçırmaq olmaz”.

    Əgər İran tərəfi həqiqətən də separatçılığa qarşıdırsa, o zaman ilk növbədə işğalçı Ermənistana və Qarabağda yaradılmış separatçı rejimə maddi və mənəvi dəstək verməkdən əl çəkməlidir.

    Bu gün heç kimə sirr deyil ki, Tehrandakı siyasi dairələr müxtəlif vasitələrlə Ermənistana kömək edir,  bu dövlətin öz aqressiv hərəkətlərini davam etməsinə  dəstək verirlər. Belə olduğu təqdirdə, separatçılığa dəstək verən bir dövlətin, 100 minlərlə müsəlmanın qaçqın və məcburi köçkün düşməsinə göz yuman bir rejimin separatçılıqdan gileylənməsi məntiqsiz görünür”.

     

    Rüfət 

    “Üç Nöqtə” qəzeti


  • Azərbaycan sözündən bu qədər qorxurlar?

    “İran elə bilir ki, güneydə, öz tarixi torpaqlarında yaşayan 35 milyon xalqa öz tarixini unutduracaqlar, onların bütün hüquqlarını əllərindən alacaqlar. Bu mümkün deyil”. APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bu sözləri onun fikirləri ilə bağlı İran tərəfinin Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərməsi məsələsinə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, DAK tərəfindən təşkil olunmuş tədbirdə Güney və Quzey Azərbaycanın əlaqələrindən danışılıb: “Bu isə İran tərəfini narahat edir. Bir millətin 2 parçasının bir-biri ilə əlaqə saxlaması, əlaqələrini genişləndirməsi normal dövləti niyə narahat etməlidir? Onlar Azərbaycan dövlətinə niyə nota verir? Bu dövlətin sözü deyil, mənim, yəni DAK-ın sözləridir. Bu qurumu isə dünyada yaşayan azərbaycanlılar yaradıblar. Bunun Azərbaycan rəsmilərinə, Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Biz qeyri-hökumət təşkilatıyıq, öz sözümüzü demişik və bundan sonra da fikrimizi söyləməkdə davam etdirəcəyik”.

    Millət vəkili bildirib ki, DAK-da səslənən fikirlərin İranın ərazi bütövlüyünə zidd olması iddiası İran tərəfin uydurmasıdır: “Əgər məsələ bu yerə gəlibsə, hər kəs bilir ki, İran Pəhləvilərə qədər türk dövləti olub. Bundan başqa 1945-46-cı illərdə orada Azərbaycan Milli Hökuməti qurulmuşdu. Ümumiyyətlə, orada yaşayan azərbaycanlılar öz talelərini necə istəyirlərsə, elə həll etməlidirlər. Biz bu işə qarışmırıq. Xalq özü bu məsələni həll edəcək”.

    Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin “İranda müxtəlif xalqların birləşdiyi bir millət yaşayır” sözlərini yuxu adlandırıb: “İranda türk, fars, bəluc, ərəb var və hər birinin özünün mədəniyyəti, tarixi, keçmişi var. İran dövlətinin adı altında birləşmələri onların milli kimliklərini əllərindən almır”.

    Millət vəkili bir daha xatırladıb ki, o, parlamentdə iqtidarın nümayəndəsi deyil, müxalifət partiyasının lideridir və fikirləri müstəqil insan, şair səsləndirib: “İran bizim ağzımızı bağlaya bilməz. Bu ölkə öz ərazisində yaşayanların hüquqlarını əllərindən alıb, indi də bura əl uzadır. Amma onun əli bizə çatmaz. Əgər İrandakı xalqların hamısını İran milləti hesab edirlərsə və türklüyün sonuna çıxırlarsa, onları yox sayırlarsa, onda onları narahat edən nədir? Onlar niyə Azərbaycan sözündən bu qədər qorxurlar?”

  • 7 noyabr tarixdə Azərbaycan parlamenti təsis olunub

    94-cü  ilini qeyd etdiyimiz Azərbaycan Parlamenti bütün müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub.

    1918-ci il dekabrın 7-də saat 13.00-da Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub.

    Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı 23 ay müddətində parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.

    Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.

    Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”

    “Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Parlamentin ilk iclasında Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.

    Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 11 komissiyası olub və parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak ediblər.

    Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” əsasında idarə olunub.

    M.Ə. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verib: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

     

     

    Parlamentin rəhbərliyi

     

    Əli Mərdan bəy Topçubaşov Parlamentin sədri,  Məmməd Yusif Cəfərov Sədrin I müavini , Sultan Məcid Qənizadə (Qəniyev) Sədrin müavini,  Bağır bəy Rzayev Parlamentin baş katibi,  Mehdi bəy Hacınski Parlamentin katibi,  Bayram Niyazi Kiçikxanlı Parlamentin katibi 

     

    Azərbaycan Parlamentinin Tərkibi

  • 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

    Ümman Səfərov

    VHP Gənclər Təşkilatının Məclis üzvü

    31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günüdür və Azərbaycan Respublikasında dövlət bayramı kimi qeyd edilir. 

    Amma milli birlik və həmrəylik uğrunda mübarizəmiz heç də asan olmayıb. Azərbaycan xalqının həmrəyliyini və birliyini qısqanan qüvvələr onun azadlığa və müstəqilliyə gedən yolunda vaxtaşırı müxtəlif maneələr yaratmış, həmrəylik üçün vacib olan dövlətçiliyin formalaşmasına və inkişafına əngəllər törətmişlər. Xalqımız hər dəfə dövlətçiliyini qurmaq və həmrəyliyə nail olmaq üçün real addımlar atmağa çalışarkən ciddi mənada maddi-mənəvi itkilərə məruz qalıb. Azərbaycan xalqı əzab-əziyyətlə dolu keşməkeşli tarixi ərzində həmrəyliyə və azadlığa can ataraq müstəqil olmağa səy göstərib, müəyyən zaman kəsiyində müstəqil dövlət kimi yaşamağa müvəffəq olsa da, sonradan xəmiri işğal və zülmdən ibarət olan müxtəlif imperiyalar tərəfindən işğala məruz qalıb. Azərbaycan dövlətçiliyinin tarixində qızıl hərflərlə yazılmış şərəfli iz qoyan Səfəvilər Dövləti hamımızın qürur mənbəyidir. 1501-ci ildə böyük sərkərdə və şair Şah İsmayıl Xətai tərəfindən əsası qoyulmuş Azərbaycan Səfəvi dövləti zamanının ən qüdrətli və çiçəklənən dövlətlərindən biri olub. Ürəyi Azərbaycan eşqi ilə dolub-daşan Şah İsmayıl Xətainin qurduğu dövlət bütün xalqın həmrəyliyi sayəsində xarici qüvvələrin təcavüzü qarşısında uzun müddət duruş gətirmişdir. Səfəvilərin hakimiyyəti dövründə 410 min kv.km olan Azərbaycan ərazisi Orta əsrlərin ən böyük dövlətlərindən biri idi. Amma eyni soydan olmalarına baxmayaraq, Səfəvilər dövləti ilə Osmanlı sultanlığı birlik və bərabərlik olub xarici düşmənlərə qarşı inadla mübarizə aparmaq yerinə, bədxah qüvvələrin fitnə-fəsadı nəticəsində uzun illər qardaş qırğınına yol vermişlər. Bunun məntiqi sonu kimi həmişə türklərə qarşı hiyləgər və amansız mübarizə aparan Rusiya və İran imperiyaları XİX əsrin əvvəlində, müvafiq olaraq 1813 və 1828-ci ildə bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanı iki yerə parçalayıb, bütöv bir xalqın faciəsinə səbəb olmuşlar. 
    Bütün fəlakətlərə baxmayaraq xalqımızın birliyi və azadlıq ruhu sınmadı. Milli adət-ənənələr əsasında maariflənən və soydaşlarımızın həmrəyliyindən güc alan vətənpərvər qüvvələrin mücadiləsi öz bəhrəsini verdi. 1917-ci il Fevral və Oktyabr inqilabları nəticəsində Çar Rusiyasının əsarətindən qurtaran xalqımız azadlığına qovuşdu. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Milli Şura 1918-ci il 28 may tarixində Azərbaycanın müstəqilliyini elan etdi. Xalqın bütün təbəqələri həmrəylik nümayiş etdirərək dövlətçiliyin təşəkkül tapması,iqtisadi,hərbi,mədəni sahədə inkişafın əsaslarının qoyulması üçün tədbirlər həyata keçirildi. Hər bir azərbaycanlının qəlbində taxt qurmuş Nuru Paşanın rəhbərliyi ilə Türkiyədən gəlmiş qardaşlarımızla birlikdə 15 sentyabr 1918-ci ildə doğma Bakı şəhəri ingilis və rus qüvvələrinin hamiliyinə arxalanan erməni dığalarının əsarətindən azad olundu. Amma biz Bakının xilaskarı Nuru Paşaya onun azad etdiyi şəhərdə abidəsini qoymağı çox gördük. Bu vaxt Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km idi. Milli birliyə nail ola bilmədiyimizdən bizim azad yaşamaq sevdamız cəmi 23 aya bəs etdi. Sovet Rusiyasının XI Qızıl Ordusu və milli satqınların təzyiqi altında həmrəyliyimizi baltaladıq və müstəqilliyimizi öz əlimizlə bolşeviklərin hakimiyyətinə təslim etdik. Azərbaycanda Sovet hakimiyyəti yaradılanda torpaqlarımız yenidən bölgüyə məruz qaldı və SSRİ-nin tərkibində olarkən ərazimiz 86,6 min kv.km qaldı.
    70 il Sovet İttifaqının tərkibində yaşayan xalqımızın azadlıq ruhu XX əsrin 80-90-cu illərində yenidən oyanmağa və müstəqil olma arzusu reallığa çevrilməyə başladı. Müstəqilliyin bərpasına gedən yol 1988-ci ilin payızında başladı. İttifaq rəhbərliyinin razılığından ruhlanan bədxah qonşularımızın Dağlıq Qarabağla bağlı sərsəm iddiaları, eyni zamanda müasir Ermənistanın yerləşdiyi əzəli azərbaycan torpaqlarında yaşayan minlərlə soydaşımızın ata-baba yurdlarından zorla qovulması xalqımızın bütün təbəqələrinin hiddətinə və qəzəbinə səbəb oldu. Əsl həmrəylik həmin günlərdə Bakının Azadlıq meydanında nümayiş olundu. Yüz minlərlə insan öz qəlbinin səsi ilə küçələrə və meydanlara axışaraq ittifaq və respublika rəhbərliyindən torpaqlarımızın müdafiəsinin təmin edilməsini və haqlarının qorunmasını tələb etdi. Amma İttifaqın tərkibində olan başqa milli respublikalardan fərqli olaraq, Azərbaycanın həmin vaxtkı rəhbərliyi və məmurlarının əksəriyyəti xalqa dönük çıxdılar və müstəqilliyə can atan insanların mənəvi və fiziki cəhətdən əzilmələri üçün əllərindən gələni etdilər. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə erməni daşnaklarının təsiri altında olan Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanlıların milli-azadlıq ruhunu məhv etmək və xalqı susdurmaq üçün böyük bir silahlı qüvvəni Bakıya və başqa rayonlara yeritdi. Nəticədə onlarla insan şəhid oldu və yüzlərlə yaralandı, itkin düşənlər oldu. 20 Yanvar hadisəsi xalqımızın müstəqilliq tarixinə qəhrəmanlıq salnaməsi kimi həkk olunsa da, eyni zamanda milli birliyimizə və həmrəylik ruhumuza sarsıdıcı zərbə oldu. Amma bütün bunlara əhəmiyyət verməyən və milli kökdən məhrum olan öz xalqını satmış respublika rəhbərliyi və manqurtlaşmış məmurlar 1991-ci ilin mart ayında keçirilən İttifaqın saxlanılmasına dair referendumun nəticələrini saxtalaşdıraraq ağalarına itaətkarlıq nümayiş etdirdilər. Buna baxmayaraq xalq 20 Yanvar hadisəsinin şokundan ayıldı və azadlığını daha qətiyyətlə tələb etməyə başladı. Xalqın həmin günlərdə göstərdiyi həmrəylik və qətiyyətli iradəsi nəticəsində Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Lakin xalqımızın müstəqilliyi ilə barışmayan imperialist qüvvələrlə eyni cəbhədə olan erməni daşnakların silahlı qüvvələri həmin vaxt “açarını” itirmiş Rusiyanın sahibsiz qalan hərbi gücündən istifadə edərək Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla torpaqlarımızın 20%-ni işğal etdi və bir milyondan çox soydaşımız doğma yurd-yuvalarından didərgin oldu.
    1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhəddinin Cəlilabad, Biləsuvar, Ordubad və Şərur rayonları arasındakı hissəsini sökərək, son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan iki qardaşın birləşməsinə və həsrətin sona çatmasına nail olduldr. 
    1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib. 1992-ci ildə isə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti də qərar qəbul edib. Bununla da bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il təntənə ilə bayram edilir, həmrəyliyimizin möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir, gələcəyə hesablanmış planlar qurulur. 
    Hazırda dünyanın müxtəlif ölkələrində təxminən 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə İranda 30-35 milyon azərbaycanlı var, o cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Kanadada və Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
    Təlatümlərlə dolu müasir dövrümüzdə xalqımız və dövlətimizin kəskinləşən rəqabətə davam gətirməsi üçün realıqda milli birliyə və həmrəyliyə nail olmalıyıq. Bunun üçün isə soydaşlarımızın partiya mənsubiyyəti, hansı regiondan olması, dini etiqadı və dərisinin rəngi deyil, AZƏRBAYCANLIYAM ifadəsi birləşdirici və əsas rol oynamalıdır. Tariximizə hörmətlə və obyektiv yanaşmalı, onunla öyünməliyik. Tariximiz bizi ayırmağa deyil, birləşdirməyə xidmət etməlidir. Birliyə nail olmaq üçün enişli-yoxuşlu tariximizdə olmuş müsbət amilləri qabardaraq gənc nəslin elmi-texniki tərəqqinin nailiyyətlərindən bəhrələnərək vətənpərvərlik ruhunda böyüməsinə güc verməli, neqativ halların analizini isə tarixçilərin və araşdırmaçıların öhdəsinə buraxmalıyıq. Vətən, torpaq, azadlıq, məhəbbət, ədalət və həmrəylik ruhunda mədəniyyət nümunələri yaratmış Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundov, Məhəmməd Hadi, Əliağa Vahid, Hüseyn Cavid, Bəhlul Səttarzadə, Aşıq Ələsgər, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Bülbül, Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarova, Sabir Mirzəyev, Tahir Salahov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nüsrət Kəsəmənlinin yaradıcılığı bizi birliyə səsləyir.

     

  • Sabir Rüstəmxanlının mühafizəsi üçün DİN-ə müraciət edilib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Sabir Rüstəmxanlının mühafizəsinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət edib. Bu barədə dünən AMİP-in qərargahında “Bütöv Azərbaycan: həmrəyliyimizə gedən yol” mövzusunda keçirilən dəyirmi masada VHP Siyasi Şurasının üzvü, partiyanın beynəlxalq və ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Arif İsmayılbəyli bildirib. O deyib ki, dekabrın 5-də VHP-nin qərargahında DAK-ın təşəbbüsü ilə konfrans keçirilib: “Həmin tədbirdə ciddi müzakirələr aparıldı. Bundan iki gün sonra, yəni dekabrın 7-də İranın Azərbaycandakı səfirliyi həmin konfransı kəskin pisləyən bəyanatla çıxış etdi. Qeyd edim ki, İran səfirliyi son illərdə ilk dəfə idi ki, bu cür kəskin bəyanatla çıxış edirdi. Bəyanatın mətnində açıq-aşkar təhdid xarakterli fikirlər işlədilmişdi. Bəyanatda Sabir Rüstəmxanlı və DAK Daimi Şurasının sədri Əjdər Tağızadə birbaşa terrorçu, separatçı, təxribatçı adlandırılırdı. Qeyd olunurdu ki, guya bu iki şəxs Azərbaycanla İran arasında ciddi ixtilaflar yaratmaq istəyirlər. Bu bəyanatdan sonra biz məcbur qalıb Sabir bəyin mühafizəsi ilə bağlı dövlət başçısına və daxili işlər nazirinə müraciət etdik”.

    Dekabrın 19-da İstanbuldakı xəstəxanaların birində bel nahiyəsində kiçik cərrahi əməliyyat keçirən və hələ də bu şəhərdə olan millət vəkili Sabir Rüstəmxanlı “Gündəlik Teleqraf”a açıqlamasında dövlət başçısına və daxili işlər nazirinə belə bir müraciətin edildiyini təsdiqləyib. O qeyd edib ki, müraciətdən az sonra Bakı Şəhər Baş Polis İdarəsindən VHP-yə zəng edib müraciətin edilməsinin hansı zərurətdən yaranması ilə maraqlanıblar. Şəhər polisindən zəng edənlər həmçinin, millət vəkilinin hansı ünvanda yaşadığını soruşublar: “Mən bu müraciətin edilməsindən az sonra ölkəni tərk etdiyimdən indi konkret söz söyləməyə çətinlik çəkirəm. Onu bilirəm ki, Bakı Şəhər Baş Polis İdarəsindən zəng edib müraciətlə maraqlanıblar, ancaq mən ölkədə olmadığımdan edilən müraciətlə bağlı partiyadan dəqiq bir şey deyə bilməyiblər. Hər halda müraciətlə maraqlanıblar, ölkəyə qayıtdıqdan sonra yəqin ki, mən özüm də maraqlanacam, məsələni yoluna qoyacam”.

    Millət vəkili qeyd edib ki, İran tərəfindən özünə qarşı daim təhdid hiss edir: “Hər halda mən bu təhdidləri hiss edirəm. Bildiyiniz kimi, bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr mənim ölümümə fətva vermişdilər. Məni açıq-aşkar düşmən elan edirlər, DAK-ın fəaliyyətini terrorla əlaqələndirirlər. Amma mən bu məsələlərə çox da əhəmiyyət verməyin tərəfdarı deyiləm. İran səfirliyinin bəyanat yaydığı vaxt da xaricdə idim. Onların nə yazdıqlarını çox da oxumuram və əhəmiyyət vermirəm. Səfirliyin nə dediyi məni az maraqlandırır. Çünki yeni bir şey deyəcəklərini gözləmirəm. İran tərəfinin mövqeyi hər zaman bəllidir. Açığı bu müraciəti də şəxsən mən özüm deyil, partiya rəhbərliyi partiyanın adından ünvanlayıb. Bakı şəhər polisindən də bu müraciətin nəticəsi olaraq zəng vurub maraqlanıblar. Şəxsən mənim özümə heç nə deməyiblər. Qayıdandan sonra hər halda bu məsələni müzakirə edəcəyik”. S.Rüstəmxanlı Azərbaycana yanvarın 3-də dönəcəyini də bildirib.

    Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə VHP tərəfindən nazirliyə belə bir müraciətin daxil olduğunu təsdiqləyib. Şöbə rəisi deyib ki, daxil olmuş müraciətə baxılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara lazımı göstərişlər verilib.

    Səxavət Həmid 
    “Gündəlik Teleqraf” qəzeti