Vətəndaş Həmrəyliyi Partiyası

Category: Arxiv

  • Sabir Rüstəmxanlı Asif Şəkərlini təbrik etdi

    VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Suraxanı rayon təşkilatının sədri Asif Şəkərlini doğum günü münasibəti ilə təbrik edib.
    Təbrikdə deyilir:

    Əziz Asif bəy!

    Səni doğum günün münasibəti ilə səmimi qəlbdən təbrik edir, sənə uzun ömür, can sağlığı, ailə səadəti arzulayıram.

    Sənin ölkəmizin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması, azad və ədalətli seçkilərin keçirilməsi yönündə aparılan mübarizədən kənarda qalmamağına və ləyaqətli vətəndaş, millətini və torpağını sevən gənc olduğuna görə seviniriksə, bu mübarizəni Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında davam etdirməyindən ikiqat məmnunuq. Sən Azərbaycan insanı üçün o qədər də asan olmaya bir siyasi şəraitdə  – 2003-cü ildə vətəndaş həmrəyliyi idealını qəbul etmisən. Bu faktın özü sənin təmənnasızlığının, səmimi mübarizənin təsdiqiydi və aradan keçən illər ərzində öz fəallığın və səbatlılığınla bu mənəvi keyfiyyətini bütün VHP-çilərə və ölkənin siyasi həyatında olan kəsiminə göstərə bildin.

    Açıq etiraf edək ki, bu gün Azərbaycan siyasətində səmimiyyət və təmannasızlıq çatışmazlığı var. Bəlkə də ölkəmizin ümumi problemlərindən tutmuş insan haqları sahəsindəki narahatlığa qədər olan gərginliklərin bir səbəbi də siyasi mübarizədəki səmimiyyət və təmənnasızlığın gərəkən səviyyədə olmamasıdır. Məhz belə məqamda heç bir şəxsi məqsəd güdməyən, yalnız ideyalar ətrafında birləşən, ölkədəki qarşıdurmalardan imtina edən, Vətənin gələcəyini düşünən və bu yolda heç nəyini əsirgəməyən yeni nəsilə – Gəncliyə böyük ehtiyac var.

    Sən öz timsalında belə gəncliyin heç də tükənmədiyini, əksinə, işıqlı və geniş dünyagörüşlü, qaragüruhdan uzaq, millətin sərvətlərinə halal gözlə baxan yeni nəslin daha böyük ruhla yetişdiyi inamını aşılayanlardansan. Təsadüfü deyil ki, Sən nəinki üzvü olduğun rayon təşkilatının qısa müddətdən sonra sədri seçildin, həm də artıq VHP Ali Məclisinin katibisən.

    Əziz Asif bəy!

    Bir daha səni ad günün münasibəti ilə təbrik edir, sənə ailə səadəti və görmək istədiyimiz, uğrunda çalışdığımız demokratik Azərbaycanda könül xoşluğu ilə yaşamağını arzulayıram.

  • İran Azərbaycana nota verib

    Rəsmi Tehran Sabir Rüstəmxanlının İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahatdır

    İran Azərbaycana nota təqdim edib. Sənəddə rəsmi Tehran Dünya Azərbaycanlıları Konresinin (DAK) iclasının Bakıda keçirilməsindən və toplantıda konqresin liderlərindən biri, millət vəkili Sabir Rüstəmxanlının orada çıxışı zamanı İran ərazisində Cənubi Azərbaycan dövlətinin yaradılmasına dair çıxışından narahat olduğunu bildirir. 

    Artıq rəsmi sənədə DAK da mövqe bildirib. Qurumun Daimi Şurasının sədri Əjdər Tağızadənin ANS-ə verdiyi məlumata görə, təşkilat həmişə bu mövqedə olub və rəsmi tehranın bu mövqeyi əsassızdır. Cənubi azərbaycanlıların hüquqlarının qorunması həmişə bu qurumun əsas prioriteti olub.

    Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında Azərbaycan XİN-in bu notaya cavab hazırladığını bildirib. 

  • Biz İranın dediyi ilə oturub-dura, onun könlünə xoş gələn sözlər səsləndirə bilmərik.

    İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat yayıb. O bildirib ki, Azərbaycan XİN bu notaya cavab hazırlayır.

    Bildirilir ki, İran tərəfinin Azərbaycan XİN-ə təqdim etdiyi nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Belə ki, Sabir Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.
     
    İranın Azərbaycana nota göndərməsi ilə bağlı məsələyə münasibət bildirən millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP sədri Sabir Rüstəmxanlı buna təəccüblənmədiyini dedi. 
    O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, İranın narahatçılığı bir daha azərbaycanlıların haqlı olduğunu göstərir: “Dünyada gedən siyasi proseslər göstərir ki, İranda da dəyişikliklər baş verəcək. Dünyanın gözü qabağında əhalinin yarısını təşkil edən bir millətin bütün haqları əlindən alına bilməz. Bunu artıq Avropa, Amerika deyir, ABŞ konqresmenləri bu məsələni qaldırır. Yəni nə qədər Azərbaycan mehriban qonşuluq siyasəti yürütsə də, dünya görür ki, İranda  azərbaycanlıların hüquqları tanınmır. İkincisi də, bizim müzakirə etdiyimiz məsələ “Azərbaycan, onun Güney və Quzeyində çağdaş durum, əlaqələr və perspektivlər”, “Biz bir millət olaraq öz gələcəyimizi necə görürük?” mövzusunda olub. Bunu da müzakirə etmək bizim haqqımızdır. Buna görə biz İrandan icazə istəməli deyilik. Mən dövlət rəsmisi deyiləm, yazıçıyam, millət vəkiliyəm. Neçə illərdir Dünya Azərbaycanlıları Konqresinin sədriyəm. Bu konqresi də nə İran, nə də Azərbaycan hökuməti yaradıb. Bunu dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıların təşkilatıdır və təşkilat da onların iradəsini ifadə edir. Biz İranın dediyi ilə oturub-dura, onun könlünə xoş gələn sözlər səsləndirə bilmərik. İran nə deyir, qoy desin. Əgər İran nota göndəribsə və Azərbaycan Xarici İşlər Nazirliyini də bu məsələyə qarışdırıbsa, demək, sözümüz ünvanına çatıb, hədəfi düz seçmişik. İndi onların səfiri burda at oynadır, nə gəldi danışır. Bu da mənə elə gəlir ki, yolverilməzdir. İran səfiri də başa düşməlidir ki, Azərbaycanın öz qanunları var və o çərçivədə hərəkət etməlidir. Biz bu məsələnin üstünə getməliyik və gedəcəyik də. Çünki Azərbaycan xalqı 21-ci yüzillikdə onun başının üstündə oynanılan oyunlara dözə bilməz”.
    Millət vəkili İranın ona və təşkilata yeni təzyiq vasitələrindən istifadə edəcəyini də istisna etmədi: “ Neçə illərdir ki, mənim bütün çıxışlarıma, fəaliyyətimə onların təzyiqləri davam edir. İran mətbuatı, televiziyaları hər bir addımımıza reaksiya verir. Hakimiyyətə yaxın mətbuat orqanları, xüsusən də “Səhər” kanalı dəfələrlə haqqımızda qərəzli fikirlər səsləndirib. Adımıza müxtəlif böhtanlar deyiblər. Bizi hətta “İsrailin agenti” adlandırıblar, adımızı müxtəlif təşkilatlara bağlayıblar. Ancaq bu təzyiqlər bizi mövqeyimizdən çəkindirə bilməyib. Hədəfdə tək mən deyiləm ki. İran hətta Azərbaycanın siyasi xadimlərini, işıqlı ziyalılarını da dəfələrlə qərəzli şəkildə hədəfə alıb. Ancaq bizi tənqid edən mətbuat orqanlarını İran rəsmiləri müstəqil media kimi təqdim ediblər. Bildiriblər ki, guya bu media orqanlarının dövlətə bağlılığı yoxdur. Mən İranın Xarici İşlər Nazirliyinin notasını təbii qəbul edirəm. Bu onu göstərir ki, dövlətlərin rəsmi münasibətləri öz qaydasında qalır, ancaq Azərbaycan ictimaiyyəti İranın bu təzyiqlərinə göz yuma bilmir. Sovet dövründə İranda 3 dəfə inqilab olub, Güney Azərbaycan öz azadlığı uğrunda mübarizəyə qalxıb. Hətta 1945-ci ildə İran azərbaycanlıları öz milli hökumətini qurub. İndi də dünyada ciddi hadisələr baş verir və İran qorxur ki, bu millət yenidən öz azadlığını tələb edəcək. Ona görə bu qədər canfəşanlıq göstərir və Azərbaycanın varlığını belə danmaq istəyir”. 
    VHP sədri bildirdi ki, artıq Güney Azərbaycanda milli oyanış hiss olunur və soydaşlarımız tarixi zərurətdən istifadə edərək öz azadlıqlarına qovuşmaq istəyirlər: “İran interneti kəsir, mətbuatı yasaq edir, dünyaya qapıları bağlayır. Hətta zəlzələ vaxtı azərbaycanlılara qarşı münasibəti də gördük. İran hökuməti ora yardım aparanların yolunu kəsirdi, göndərilən yardımları insanlara çatdırmırdı. Ora getmək istəyənlərə mane olurdu ki, gedib insanların acınacaqlı taleyini görməsinlər. Bir sözlə, insanlığa, İslama, müsəlmanlığa sığmayan hadisələr yaşanır İranda. Bunların bir məqsədi var ki, bu millət qırılsın, məhv olsun. Biz bunu Urmiya gölünün qurudulması zamanı da gördük. Bu, əslində, beynəlxaql məhkəmlərə verilməli bir cinayətdir. Hesab edirəm ki, Azərbaycan ayağa qalxmalıdır və deməlidir ki, niyə məni bir millət kimi yox etmək istəyirsiniz. Amma görürsünüz ki, bütüb bunların müqabilində onlar bizi ittiham edirlər. Unudurlar ki, artıq Güney Azərbaycanda da oyanış var və millətin azadlıq ruhu ölməyib. Gec-tez bu millət qalxıb öz azadlığına qovuşacaq. Onda onun qarşısında nə İran, nə də başqa qüvvə dayana bilər. Nə qədər edam etsələr də, səsini kəssələr də, öldürsələr də, bu, həmişəlik davam edə bilməz”. 
    Məsud 
    Gündəlik Teleqraf 

  • Anar Mahmudoğluna

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyası mətbuat xidmətinin rəhbəri Anar Mahmudoğlunun  doğum günüdür.  Anar bəyin 39 yaşı tamam olur. Bu münasibətlə partiya rəhbərliyi ona təbrik ünvanlayıb.

    Təbrikdə deyilir: “Özü təpədən dırnağa kimi dövlət və xalq adamı olan, qanı və canı, qəlbi ilə Vətənə bağlı Anar bəyi elə Azərbaycana da bağlayan onun Azərbaycansevərliyi, ölkə vətəndaşı və Vətənin daşı olmasıdır.

    Anar bəyi ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Ona SÖZün ağıryükünü çəkməkdə dözüm, dostları ilə, həyatla və illah da bu qarışıq dünya ilə dil tapmaqda başarılar diləyirik və inanırıq ki, Anar bəy bundan sonra da dostlarını, doğmalarını və eləcə də mətbuatımızın sayılıb-seçilən simalarından biri kimi öz uğurları ilə oxucuları, eləcə də bizləri sevindirəcək.

    Bu gün Azərbaycan bir döyüş meydanıdır, həm də hər kəsin sınandığı bir döyüş meydanı. Ortada iki ordunun savaşı gedir: SÖZün və Şərin. İllərdir sözümüzlə apardığımız savaşın önündə olan isimlərdən biri də Anar Mahmudoğludur. İllərdir millətinin və dövlətinin adına haqq bildiyi bütün mövqelərin ən sərt məqamında onu gördük. Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan bu yana harda Azərbaycan, Demokratiya, Vətəndaş söhbəti oldusa o söhbətlərin ətrafında Anar bəy də oldu…

    SAVAŞINDA SÖZ QƏLƏBƏN QUTLU OLSUN, TÜRK QARDAŞIM!!!… Doğum günün də…

     

    Xoş arzularla

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili

  • VHP Qurban bayramı münasibəti ilə müsəlmanları təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müqəddəs Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

     

    «Əziz soydaşlarım, müsəlman qardaş-bacılarım!

    Hər birinizi müqəddəs qurban Bayramı münasibəti ilə təbrik edir, Allah yolunda kəsdiyiniz qurbanlarınızın, etdiyiniz ibadət və dualarınızın qəbul olunmasını arzulayıram.

    Allahın öz elçiləri vasitəsilə insanlara vacib buyurduğu mərasimlər içərisində Qurban bayramının xüsusi məqamı var. Bu bayramın mahiyyətində yaradılmışlar üçün verilən nemətin Allah rizası üçün bir-birilə paylaşılmalı olduğunu xatırlatmaq istəyi dayanıb.

    Qurban bayramı insanlara bu dünya və axirət haqqında düşünməyə, Tanrı məqamındakı yerini aydınlaşdırmağa yardım edən böyük inancın tərkib hissəsidir. İldə bir dəfə müsəlmanlar arasında yaranan bu «süfrə bərabərliyi» yoxsul və zənginin Allah dərgahındakı bərabərliyinə işarədir: kimsə kimdənsə artıq və ya əskik yaradılmayıb, dünya nemətləri insanlar üçündür və bu nemət paylaşmasının mükafatını da Tanrı özü verəcək.

    Qurban bayramı – insanları humanizmə, bir-birinə qayğıya, inam və imana səsləyən, zülmdən, ayrıseçkilikdən, başqasının haqqını yeməkdən çəkindirən böyük törəndir.

    Bu müqəddəs günlərdə Tanrıya sidq ürəklə etdiyiniz dualarınızın qəbul olunmasını bir daha arzulayır, insanlarımıza hidayət, xalqımıza sülh və əminamanlıq diləyirəm.

     

    Sevgilərlə,

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili»

     

  • VHP-çi gənclərə!

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  Gənclər Təşkilatının sədri Pünhan İmamlının, sədr müavinləri Fəridə Tağıyevanın, Jalə Ələkbərlinin və Nəzarət-Təftiş Qrupunun sədri Baba Qamətlinin bu həftə doğum günləridir. Bu münasibətlə VHP sədri , millət vəkili Sabir Rüstəmxanlı VHP-çi gənclərə təbrik ünvanlayıb. təbrikdə deyilir:

     

    “Əziz gənclər.

    Biləndə ki, bu gün VHP-çi gənclərdən bir neçəsinin ad günüdür, ayrı-ayrılıqda deyil, ümumilikdə Sizin hamınıza səslənmək istədim.

    Azərbaycanın müstəqillliyi bizim həyat idealımız, yaşam tərzimiz və mübarizəmizin ən böyük hədəfi olub. Gənc yaşlarımızdan sələflərimizin açıq və ya gizli şəkildə apardığı bu mübarizənin altına çiynimizi vermiş, milli yaddaşın oyanması, milli şüurun inkifaşı üçün çalışmış və nəhayət, buna xalqımızla bərabər nail olmuşuq.

    Azərbaycanın dövlət müstəqilliyi, üçrəngli bayrağı xalqımızın qazandığı ən böyük nemət, ən böyük uğurdur və bundan böyük nailiyyəti təsəvvür etmək çox çətindir. Nəzərə alsaq ki, dünyada 5 mindən artıq dil və deməli, bir o qədər də xalq, cəmi 200-dən bir qədər çox dövlət var, onda milli dövlətçilik şərəfinin heç də hər xalqa nəsib olmadığı aydınlaşar. Bu mənada bağımsızlığımız ali nemətdir, dövlətimiz Azərbaycan xalqının tarixi ənənəsinin məntiqi davamıdır və bu müstəqilliyin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi millətimizin başlıca qayəsidir.

    Biz xalqımızın dəstəyi ilə tarixi şansdan istifadə edərək dövlət müstəqilliyinə nail olsaq da, görüləcək işlərimiz hələ qarşıdadır və doğrusu, bu baxımdan daha böyük işlər sizin yolunuzu gözləyir. Müstəqil Azərbaycan Respublikası əslində Azərbaycan xalqının mənəvi sərhədlərinin çox kiçik bir hissəsini əhatə edir. Tarixi qaynaqlardan da bildiyiniz kimi, Azərbaycan bir ucu Dərbənddən başlayaraq Mosul, Kərkükə qədər 3 milyon kv.km-ə qədər bir ərazini əhatə etmiş, dövrünün qüdrətli dövlətlərindən biri olmuşdur. Bizim mənəvi sərhədlərimiz isə təkcə bununla məhdudlaşmır: Altaydan başlayıb Şərqi Avropaya qədər uzanan və dünyanın belinə kəmər kimi dolanan böyük türk yurdları xalqımızın mənəvi səltənətidir.

    Çox istərdim ki, düşüncə və ruh etibarilə mənəvi sərhədlərimizin hududları səviyyəsində düşünən və əməli addımlar ata bilən gəncliyin əsas simaları kimi sizləri görüm. Əlbəttə, Azərbaycanın daxili problemləri həddən artıq çoxdur: demokratiya və insan azadlığının təmini, iqtisadiyyatın inkişafı, şəffaf seçkilər, Qərbə inteqrasiyanın sürətlənməsi yaxın hədəflərdir və bu yük də sizlərin çiyinlərinə düşür. Ancaq sizlər bu məhdud çevrələrdə ilişib qala bilməzsiniz. Azərbaycan xalqının və dövlətinin maraqları, xüsusilə Dağlıq Qarabağ dərdi, yurdlarımızın işğal altında olması, Güneydə 35
    milyonluq soydaşımızın taleyi, Borçalı, Göyçə, Gəngəzur, Arazbasar, Vedibasar, Kərkükün taleyi sizin düşüncələrinizdə daim bütövləşməli, milli-mənəvi böyüklüyünüzü şərtləndirməlidir.

    Biz kimsənin torpağanı göz dikməmişik, tarixi ərazilərimizi də qaytarmaq və “Böyük Azərbaycan” xülyası ilə qonşularımız və digər xalqlarla konfliktdə yaşamaq bizim dəyərlərimizə ziddir. Ancaq torpağımıza dikilən gözlərin ovulması, çox çətin geosiyasi ərazidə yerləşən Vətənimizin maraqlarının müdafiəsi başlıca qayəmiz olduğu kimi, mənəvi sərhədlərimiz çərçivəsində düşünmək də halal, tarixi, milli haqqımızdır”.

    Əziz VHP-çi gənclər!

    Pünhan İmanlı, Fəridə Tağıyeva, Jalə Ələkbərli və Baba Qamətli – bu gün ad gününü qeyd edən gəncləri təbrik edir və bütün VHP-çi gənclərinə milli hədəflərimiz, böyük amallarımız, ideallarımız uğrunda apardıqları mübarizədə başarılar diləyirəm.

    Tanrı sizləri qorusun!  

  • VHP Ağdam RT sədri Həsən Xəlilova!

    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası partiyanın Ağdam rayon təşkilatının sədri Həsən xəlilovu ad günü münasibəti ilə təbrik edib. təbrikdə deyilir:

     

    “Hörmətli Həsən bəy!

    Sizi anadan olmağınızın 57-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə apardığınız mübarizədə uğurlar arzulayırıq.

    Siz uzun müddətdir VHP sıralarında Azərbaycanın demokratikləşməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması üçün çalışırsınız. Yetkin yaşda olmağınıza baxmayaraq, fəallığınız, yerli təşkilatı nümunəvi halda idarə etməniz bacarığınızın, səmimiyyətinizin göstəricisidir.

    Azərbaycanda hazırda müxalif siyasi partiyanın sıralarında olmaq ölkə vətəndaşından böyük ürək, fədakarlıq, təmənnasızlıq tələb edir. Siz sidq-ürəklə bu mübarizəyə qoşulmuş və ölkənin gələcəyi naminə əlinizdən gələni əsirgəmirsiniz.

    Hörmətli Həsən bəy!

    Bir daha Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə can sağlığı, uzun ömür, xoşbəxtlik və uğurlar diləyirik.

     

    Hörmətlə,

    VHP Siyasi Şurası”

  • Türk dünyasının Dədə Qorqudu vəfat etdi

    Sabir Rüstəmxanlı:  “Turan Yazqan türk dövlətləri arasında uçulmaz bir körpü yaratı”

    Türk Dünyası Araştırmaları Vakfının başqanı, prof. Turan Yazgan vəfat edib. Onun ölümü təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün böyük itkidir. Turan Yazqan Azərbaycanda da daim sevilən, arzu edilən bir insan olub. O, bütün həyatını, fəaliyyətini, yaradıcılığını türk dünyaısının yaxınlaşmasına, inteqrasiyasına sərf edib. Təsadüfi deyil ki, Türkiyədə, İstanbul Universitetində onun haqqında yazılmış son bioqrafiya bu sözlərlə başlayır: “türk dünyası anlayışını ilk dəfə işlədən, Türk Dünyası Araşdırmaları Vaqfını quran, həyatını türk dünyasına həsr edən, türk dünyası üçün yaşayan, çalışan, düşünən, ürəyi türk dünyası – türk dünyası deyə çarpan, türk dünyasının bilicisi, türk dünyasının boy boylayıcısı, söy söyləyicisi, türk dünyasının ad qoyucusu, yaşayan son Qorqud atası, türk dünyasının ağsaqqalı, hamımızın xocası, Turanın yol göstəricisi Turan Yazqan haqq dünyasına qovuşmuşdur”.    

    Bütün bu göstərilənlər Turan Yazqanın necə böyük həyat yolu keçdiyini, daha doğrusu, özünü türk dünyası üçün şəhid edən bir şəxs olduğunu bir daha təsdiqləyir.

    Turan Yazqanın happy wheels demo Azərbaycanda ən yaxın dostlarından olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  millət vəkili Sabir Rüstəmxanli bu itkininin yerinin heç vaxt dolmayacağını dedi: “TuranYazqan böyük alim, fəal ictimai xadim, gözəl insan, sədaqətli dost idi. O, 1980-ci ildə Türk Dünyası Araşdımaları Vakfını yaratmaqla türk dövlətləri və xalqları arasında bir körpü qoydu, doğmalıq yaratdı.Turan Yazqan dəfələrlə Bakıda olub, görüşlərimizdə söhbət demək olar ki, yalnız türklərin birliyindən, aradakı maneələrin aradan qaldırılması yollarından, ortaq türk dili məsələlərindən gedərdi. O, iqtisadçı olmasına baxmayaraq, bütün türk dövlətlərinin mədəniyyətini, ədəbiyyatını dərindən öyrənmişdi. Türk dünyasına xidmətlərinə görə 200-də artıq mükafatla təltif olunmuşdu. Həm Türkiyədə, həm də Türkiyədən xaricdə onlarla universitetin fəxri professoru idi. Belə bir insanı itirməyimiz hər birimiz üçün kədərlidir. Mən ona Allahdan rəhmət diləyirəm”.

     

    Qeyd edək ki, Turan Yazqan 1938-ci ildə İspartada doğulmuşdu. 1959-cu ildə İstanbul Universitetinin İqtisad fakültəsini bitirdikdən sonra həm ölkə içində, həm də xaricdə müxtəlif vəzifələrdə çalışmışdı. 2000-ci ildə çalışdığı universitetdən təqaüdə çıxmışdı. Üç oğul, iki nəvə sahibi idi. Böyük türk oğlu dünən gözlərini əbədi olaraq yumub.

     

    Allah rəhmət eləsin!

     

  • Sabir Rüstəmxanlı Barak Obamanı təbrik etdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP)  sədri, millət vəkili  Sabir Rüstəmxanlı Barak Obamanı ikinci dəfə prezident postuna seçilməsi  münasibətilə təbrik edib. O, Obamanın yenidən prezident seçilməsini “müsbət hadisə” və tarixi fakt adlandırıb.

    Sabir Rüstəmxanlı Obamanın daha 4 il davam edəcək prezidentliyi müddətində həm Amerika xalqının sosial rifahında ciddi dəyişikliklər olacağına, həm də dünyada  demokratik proseslərin dərinləşəcəyinə inandığını bildirib.

    Millət vəkili deyib: “Obamanın qələbəsi daha çox Amerikanın dövlət büdcəsini sosial istiqamətə yönəltməsi ilə bağlı olub. O, bütün amerikalıların pulsuz tibbi xidmətdən istifadəsinə şərait yaratmağa çalışan ilk prezidentdir. Obama nəhəng iqtisadi böhrandan Amerika xalqını maddi və mənəvi ziyan görmədən çıxardı”.

    Sabir Rüstəmxanlı daha sonra bildirib: “Obama həm də dünyada gedən demokratikləşmə prosesinin ilhamvericisidir. Baxmayaraq ki, onun zamanında Şərq ölkəlrində inqilablar vüsət götürüb, Obama daha çox sülh tərəfdarı kimi tanınır. Onun zamanında koalisiya qoşunları İraqdan, Əfqanıstandan çıxarılmağa başlayıb”.

    VHP sədri Amerikanın liderliy ilə gedən demokratikləşmə prosesinin parçalanmış xalqların da bütövləşməsində müstəsna rol oynayacağını vurğulayb: “Mən inanıram ki, fars rejimi də bu proseslərin təzyiqinə duruş gətirə bilməyəcək. Nəticədə o tayda yaşayan 35 milyonluq soydaşımız insan haqlarına qovuşacaq və bütövləşəcək”. 

    VHP Mətbuat və İnformasiya Xidməti

  • O əbədiyaşar sənətkardı

    Sabir Rüstəmxanlı Yaşar Nurinin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirdi

    Bu gün Azərbaycanın görkəmli teatr və kino aktryoru , xalq artisti Yaşar Nuri vəfat edib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bu ölümün Azərbaycan mədənəyyəti üçün ağır itki olduğunu bildirməklə bərabər, mərhumun yaxınlarına və doğmalarına başsağlığı vermişdir. Başsağlığında deyilir: “Yaşar Nurinin ölümü xalqımız üçün böyük itkidir. O, bütün şüurlu həyatını Azərbaycan kinosunun və teatrının inkişafına sərf edən, ölkəmizi xaricdə ustalıqla tanıdan ən istedadlı aktyorlardın idi… Sənətkar ailəsində dünyaya gələn Yaşar lap uşaq yaşlarından özünü televiziyaya, kinoya, teatra həsr etmişdi. Səhnəyə ilk dəfə on bir yaşında çıxan Yaşar ilk gündən tamaşaçıların sevimlisinə çevrilmişdi. Elə həmin yaşda o, dövlət televiziyasında “Yelkən” verilişinin aparıcılarından oldu. Bundan başqa  “Buratino”, “Qaranquş”, “Pioner” kimi uşaq veriliş və teatrlarında da müntəzəm iştirak etdi.

    Yaşar aktyorluq sənətini atası, böyük sənətkarımız Məmmədsadıq Nuriyevdən, institut illərində isə tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan öyrənmişdi. O, ustadlarına layiq sənətkar oldu.

    Teatr aktyoru olan Yaşar bu illər ərzində əlliyə yaxın bədii filmə çəkilib. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur və bundan sonra da qorunacaq.

    Yaşar səhnədə həmişə canlı, təravətli idi.  Ötən il onun 60 illik yubileyi qeyd olunarkən mən Yaşarın məhsuldarlığına heyran qaldım. O, eyni vaxtda neçə obraz, neçə tamam fərqli xarakter üzərində işləyib. Yaşar Azərbaycan teatrına onlarla, yüzlərlə əvəzsiz obrazlar bəxş edib. İnanıram ki, onlar bu böyük sənətkarı tamaşaçılarının qəlbində daim yaşadacaqlar. Bir daha Yaşar Nurinin ölümündən kədərləndiyimi bildirir, onun bütün yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”

     

    Sabir Rüstəmxanlı

    VHP sədri, millət vəkili