Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Sabir Rüstəmxanlı:“25 ilin şeiri Vətən müharibəsində marşa çevrildi”

    Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun qalib hərbçilərinin dağlıq ərazidə istirahət etdikləri anın video-görüntüləri yayılıb.

    Video görüntülərdən məlum olur ki, həmin anlar ağır döyüşdən sonra lentə alınıb, əsgərlərimiz yorğundurlar və şəraitsiz şəraitdə iri daşları balış əvəzi istifadə edərək, dincəlirlər. Bu görüntlərin fonunda “Millətəm” adlı mahnı səsləndirilir və video qədər, həmin mahnı haqqında da sosial şəbəkələrdə müzakirələr edilir.

    Peşəkarlıqla yazılan sözləri, mövcud ab-havaya uyğun bəstəsi ilə diqqət çəkən mahnının müəllifləri kimlərdir? Bu mahnı necə ərsəyə gəlib?

    Musavat.com xəbər verir ki, “Millətəm” marşının sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi bəstəkar-müğənni Elçin Cəfərova, aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Layihənin prodüseri Vüqar Şəfiyev, rejissoru Orxan Əliyev, montajçısı isə Nemət Uğurdur. Marşı müğənnilər Ayaz Qasımov, Xəyyam Nisanov, Yaşar Cəlilov, Ramal İsrafilov, Samir Piriyev, Emil Bədəlov, Elçin Cəfərov və Elton Hüseynəliyev ifa edib. Şeir hissəsini isə aparıcı Xəzər Süleymanlı səsləndirib. Layihə Qarabağ uğrunda savaşan əsgərlərə dəstək məqsədilə ərsəyə gətirilib. Oktyabrın 2-si təqdim olunan bəstə və klip sosial şəbəkədə paylaşılan gündən diqqət çəkib.

    Musavat.com olaraq “Millətəm”in yaranış tarixçəsini daha ətraflı öyrənmək üçün müəllifləri, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və onun kürəkəni, müğənni Elçin Cəfərovla əlaqə saxladıq.

    Şeirin tarixçəsi barədə Musavat.com-a danışan Sabir Rüstəmxanlı bildirib ki, “Millətəm” marşı onun üç şeirindən götürülərək, bəstələnib: “ “Millətəm” şeiri 1995-1996-cı illərdə yazılıb, 24-25 ilin şeiridir. Bir çox şeir kitabımda çap olunub. Elçin Cəfərov şeirlərimi oxuyanda o şeirə mahnı bəstələməyə qərar verib. “Millətəm” marşı üç şeirimin birləşməsidir. Biri “Millətəm” şeiridir. Biri 1992-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın himni üçün yazdığım şeirdən parçadır. Digər hissə isə başqa şeirimdəndir”.

    S Rüstəmxanlı marşı ilk dinləyənlərdən olduğunu deyib:
    “ “Millətəm”i dinlədim, çox bəyəndim. Elçin gözəl bəstələyib, müğənnilərimiz gözəl oxuyublar. Hazırda Elçin “Qələbə” adlı şeirimə bəstələdiyi mahnı üzərində çalışır. Yaxın günlərdə bəstə təqdim olunacaq. İnşallah, o mahnı da uğurlu olar”.

    Müğənni Elçin Cəfərov isə saytımıza açıqlamasında bildirib ki, “Millətəm” marşının sevildiyini görəndə qürur hissi keçirir:
    “Sabir bəyin oxucularından biri də mənəm. “Millətəm” şeiri hisslərimə toxundu, musiqi bəstələdim. Bir günün içində ifa etdik, bir günün içində klip çəkdik. Mənimlə yanaşı marşı sənət dostlarım da ifa ediblər. İfa edəcək müğənniləri özüm seçdim. Bəstəmin əsgərlərin videoları ilə birlikdə təqdim olunması mənə qürur hissi verir. Bundan gözəl hiss ola bilməz.
    Hazırda sözləri Sabir Rüstəmxanlıya aid olan “Qələbə” adlı mahnı üzərində çalışıram. Bu həftə mahnını təqdim edəcəyik”.

    Könül İbrahim
    Musavat.com

  • “Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…”

    Murovda, qarlı zirvədə, qəhrəman əsgərlərimiz silah tutan əllərinə bu dəfə tar, kaman alıblar.

    Bir nəfər kəlbəcərli əsgər də Qarabağın şərəfinə oxuyur.

    Həm çalğı, həm ifa yüksək səviyyədədir.

    Peşəkarlar qibtə edə bilər.

    Kəlbəcərli balası ” Vətən, sənin torpağının qüdrətinə qurban olum”- deyə, dağlara düşən səsini zilə çəkir.

    Bu möhtəşəm görüntüyə baxa-baxa düşünürəm ki, bu vətən torpağının ən birinci qüdrəti elə bu savaş meydanında da yaradıcılıq eşqi çağlayan əsgərlərimizdir, gənclərimizdir, millətimizin tükənməz istedadı və yurd sevgisidir.

    Aşağıda, Kəlbəcər torpaqlarında ermənilər evləri yandırıb gedirlər.

    Bizim evlərimiz yanır, onların cigərləri- məğlubiyyət xəcalətindən, paxıllıqdan, pis niyyətdən, yalan içində yaşamaqdan…

    Tarix boyu belə olub, bundan sonra da belə olacaq.

    O öz miskin ölkəsində və cılız varlığında yanıb qovrulacaq.

    Biz oxuyacağıq, Vətən haqqında, gözəllik və əbədi sevgi haqqında!..

    Sabir RÜSTƏMXANLI,

    Millət vəkili, Xalq şairi

    Etikxeber.az

  • Sabir Rüstəmxanlı: Ermənilər müqaviləni pozsa savaş davam edəcək

    Qələbə bəyanatını düşmən tərəf Ermənistan rəhbərliyi yox, Rusiya prezidenti Vladimir Putin imzaladı.

    Eyni zamanda Ermənistanda xaos var, xalq məğlubiyyətlə barışmır, müqavilənin ləğvi çağırışları edilir. Bu 45 günlük müharibə dövründə ermənilərin atəşkəsi 3 dəfə dərhal pozmalarının şahidi olduğumuza görə, sülh bəyanatını da pozmaq ehtimalları güclüdür. Bəs qarşı tərəf sülh istəməsə nə olacaq?

    Bizimyol.info-nun sualını cavablandıran millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, ermənilər atəş açarsa, savaş yenidən başlaya bilər.

    Rus qoşunlarının Qarabağda sülhməramlı qismində yerləşdirilməsini şərh edən deputat bildirdi ki, torpaqlarımızın böyük bir qismi azad edildiyinə görə, bu tam qələbə sayıla bilər.

    İlhamə

    BizimYol

  • Sabir Rüstəmxanlı Neftçala şəhidlərinin ailələrinə və yaralı həbçilərə baş çəkdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala rayonunda olmuş, Qarabağ savaşında bu rayondan şəhid olan döyüşçülərimizin yas mərasimində iştirak etmişdir.

    Millət vəkili bu savaşın milli qürur və şərəf tariximiz olduğunu deyərək şəhidlərin bütün Azərbaycan xalqının övladları və baş ucalığı olduğunu bildirib.
    S.Rüstəmxanlı rayon sakinləri ilə də söhbət etmiş, bu gün bütün xalqın bir yumruq halında bir olduğunu qeyd etmişdir . Rayon sakinləri də hər zaman dövlətin və ordunun arxasında olduğunu dilə gətiriblər.
    Millət vəkili səfər zamanı Salyan rayon mərkəzi xəstəxanasında olmuş, deputat həmkarı Fəzail Ağamalı ilə xəstəxanada müalicə alan yaralı hərbçilərmizə baş çəkmişdir.

  • Sabir Rüstəmxanlının adına saxta hesab açdılar-FOTO

    Azərbaycanın müharibə vəziyyətində olmasından istifadə edən təxribatçı düşmən qrupları ölkəmizə və ölkəmizin tanınmış ictimai siyasi xadimlərinə qarşı kiber təxribatları davam etdirirlər.
    Bu silsilədə növbəti təxribatlardan biri də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlıya qarşı baş verib. Sabir bəyin adına naməlum ünvandan twitter hesabı açılıb. Bildiririk ki, bu hesab Sabir Rüstəmxanlıya məxsus deyil və kiber təxribat xarakteri daşıyır.

  • VHP: “Fransa dövlət başçısının mövqeyi dünya birliyinə həqarətdir”

    Fransa prezidenti Emmanuel Makronun qəsbkar və işğalçı Ermənistana havadarlıq etməsi, “Azərbaycanın Qarabağı geri qaytarmasını qəbul etməyəcəyik” bəyanatı Azərbaycan ictimaiyyətində böyük qəzəb doğurub. Azərbaycan beynəlxalq hüquq və konstision haqları daxilində ərazi bütövlüyünün bərpası uğrunda hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara qarşı olmaq BMT və beynəlxalq hüquq normalarına qarşı çıxmaqdır. Makron son bəyanatı ilə özünü və dövlətini dünyada biabır etdi. Söhbət qəsbkarlıqdan gedirsə işğalçılıq, müstəmləkəçilik sahəsində heç bir dövlət Fransanın tarixi rekordunu qıra bilməz. Dünyada ən çox istila müharibəsi, yürüşü aparmış, ən çox müstəmləkəyə malik olan ölkəsi Fransadır. Makron və Fransa bu tarixdən utanmaq əvəzinə bu gün həyasız bəyanatları ilə özünü biabır edir. İndiyə qədər “erməni genosidi”nin ard-arda bir neçə dəfə tanıyan, bununla ürəyi soyumayıb, “genosidi inkar edənlər”ə qarşı cinayət işinin açılması barədə parlament qanunu qəbul edən yeganə ölkə də Fransadır. Fransa dövlət başçısının son mövqeyi qətiyyətlə pislənir və bu dünya birliyinə həqarət kimi qəbul olunmalıdır. Vətəndaş Həmrəyliyi Partiyası olaraq Makronun bəyanatını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyətdən bu sərsəm bəyanatın cavabını verməyi tələb edirik.

  • Millət vəkili Həsənabad qəsəbəsində salınan şəhidlər parkına baş çəkib-FOTO

    Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Neftçala rayonunda olub. Seçicilərlə görüşdən sonra millət vəkili rayonun Həsənabad qəsəbəsində onun dəstəyi və təşəbbüsü ilə salınan şəhidlər xiyabanında görülən işlərlə tanış olmuşdur. Məlumat üçün bildirək ki, parkda Həsənabad qəsəbəsindən olan 15 şəhidin xatirə şəkilləri olan lövhə və iki Milli Qəhrəman Məcidov Zakir Nüsrət oğlu və İmanov Samid Gülağa oğlunun büstləri qoyulacaqdır. Həsənabad kəndində də aparılan işlər artıq yekunlaşmaq üzrədir və yaxın günlərdə parkın açılışı olacaq.

     

  • Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI

    “Azərbaycanda müxalifət partiyaları yarandığı gündən bu yana, bütün birlik çağırışları boşa çıxıb, baş tutmayıb”.

    Bu sözləri Modern.az-a müxalifət nümayəndələri arasında anlaşılmazlıqların və polemikaların səbəbini izah edərkən, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, qısa müddət üçün müxalifət nümayəndələri bir araya gəlsə də, sonradan bəzil daxili və xarici qüvvələrin təsiri ilə siyasi birlikdən, dialoqdan uzaqlaşıblar:

    “Maraqlar fərqli olduğu üçün birləşmək cəhdi mümkün olmayıb. Müharibə şəraitində yaşayan bir dövlət olaraq içimizdəki parçalanmalar bizim üçün faciədir və millətin taleyi üçün çox ağır bir hadisədir”.

    Sabir Rüstəmxanlı, son zamanlar xüsusilə diqqət çəkən ReAl Partiyasının sədri İlqar Məmmədov və siyasi fəal Bəxtiyar Hacıyev arasındakı polemikadan da danışıb. Partiya sədri konkret olaraq İlqar Məmmədov və Bəxtiyar Hacıyev arasındaki konfliktin səbəbini bilmədiyini vurğulayıb:

    “Lakin özünü milli, demokratik sayan, torpaqlarımızın bütünlüyü üçün çalışan hər bir şəxsə birlikdə olmağı tövsiyə edirəm”.

    Aysel ASLAN

    modern.az

  • VHP Abşeron rayon təşkilatının sədri dəyişdi

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Abşeron rayon təşkilatının konfrans səlahiyyətli yığıncağı keçirilib.

    Təşkilatın sədr əvəzi Faiq Əliyev təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, partiya Siyasi Şurasının qərarı ilə təşkilat buraxılıb: ” “Covid19” pandemiyası ilə bağlı yığıncaqlar keçirilmir. Buna görə də, qərara aldıq ki, özək təşkilat sədrlərinin iştirakı ilə konfrans səlahiyyətli yığıncaq keçirək. Pandemiya bitəndən sonra təşkilatın tam tərkibdə konfransı keçiriləcək”.

    Iclasın gündəliyinə uyğun olaraq təşkilati məsələlərə baxıldı. Açıq səsvermə yolu ilə İlqar Salmanov təşkilata sədr seçildi. Taleh Əliyarov birinci, Vaqif Abdullayev, İlkin Vəliyev və Nurəddin Məmişov isə müavin seçildilər.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və MNTK sədri Felmar Ələkbərov ölkədə baş verən ictimai-siyasi vəziyyət, pandemiya və partiya fəaliyyətindən geniş danışdılar.

    Sonda İlqar Salmanov görəcəyi işlər, nəzərdə tutulan fəaliyyət barədə danışdı.

  • Fəzail İbrahimli: “ATƏT-in Minsk Qrupu buraxılmalıdır”

    ATƏT Minsk qrupunun vaxtı ilə yaradılması absurd məsələ idi. Bu qurum yaradılışından şikəst və ölü dünyaya gələn uşağı xatırladırdı. Minsk qrupunun tərkibi bölgədə marağı olub, ancaq maraqları və üst-üstə düşməyən ölkələrdən formalaşdırıldığından Qarabağ münaqişəsinin həllində ciddi addımlar atacağını gözləməyə dəyməzdi. Həmsədr ölkələrin heç biri bu maraqlarından geri çəkilmək niyyətində deyil. Belə olan halda bu ölkələrdən münaqişənin həllində ədalətli mövqe sərgilməsini gözləməyə dəyməz”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Vitse-spiker və  VHP sədrinin Fəzail İbrahimli bildirib.

    Milli Məclis Sədrinin müavinin sözlərinə görə,  digər əsas  məqam isə  Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərlə bağlı üzərində hər hansı öhdəlik və ya cavabdehliyin olmamasıdır. “Üzrələrinə düşən vəzifəni icra edə bilmədikləri üçün istefaya göndərilsin və ya buraxılmasını tələb etmək üçün də hər hansı mexanizm yoxdur. Bu qeyri-müəyyən bir qurumdur. Növbəti bir məqam isə ATƏT-in Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ilə bağlı sərgilədiyi  mövqedir. Bu qurum hələ indiyədək  rəsmi sənədlərində Ermənistanı işğalçılıq siyasəti  və bu siyasətdən əl çəkməsi barədə bir kəlmə  də ifadə yoxdur. Sadəcə olaraq ümumi şəkildə sənədlərdə Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad edilməlidir. Elə bil ki, bu torpaqları naməlum qüvvələr və yaxud da yadplanetlilər işğal edib, kimliyini müəyyən etmək mümkün deyil.

    Biz yalnız o zaman bu qurumun fəaliyyətinə ümid edə  bilərik ki, işğalçı Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi istiqamətində konkret addımlar atırlar. Ermənistanın qarşısında yürütdüyü işğalçılıq siyasətindən geri çəkilməsi üçün tələblər qoyur və ya sanksiyalar tətbiq edir”- Milli Məclis Sədrinin müavini qeyd edib.

    Millət vəkili əlavə edib ki, baxın, beynəlxalq təşkilatlar, xüsusən də Qərb ölkələri  Belarusda keçirilən  prezident seçkilərindən sonra baş verən hadisələrə görə bu ölkəyə və Rusiyaya ultimatumlar verir, təzyiqlər edir, sanksiyalarla hədələyir: “Yeni seçkilərin keçirilməsi tələb olunur. Amma ATƏT və ya MQ həmsədr ölkələr nə zaman işğalçı Ermənistana qarşı belə bir mövqe sərgilədilər?!  ATƏT MQ  özünə hörmət qoyan qurumdursa, bu məsələdən əl çəkməlidir. Münaqişə tərəflərinə deyirlər ki, aranızda razılaşın. Əgər iki ölkə özü məsələni həll edəcəksə, onda Minsk qrupu nəyə lazımdır?! Minsk qrupu dünyanın gözünə kül üfürmək  üçün yaradılna qurumdur. Bu qurum əslində Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqla məşğuldur. Vaxtı uzatmaqla  münaqişənin Ermənistanın xeyrinə həll olunmasına çalışır. Lakin unudurlar  ki,  Azərbaycan tərəfi işğalla barışmayacaq və cənab Prezident bunu dəfələrlə bəyan edib.  Ali Baş Komandan açıq surətdə bəyan edib ki, gəl təkbə-tək  vuruşub məsələni həll edək. Bu əslində Ermənistanın arxasında duran ölkələrə mesajdır ki, çəkilin. Maneçilik yaratmayın problemi özümüz həll edə bilərik. Odur ki, bu quruma artıq inam yoxdur. Azərbaycanda orta məktəbdə oxuyan şagirdi də, ATƏT-in fəaliyyətisizliyi və hansı məqsədə xidmət etdiyini yaxşı anlayır. Ya bu təşkilat fəaliyyətini dayandırmalıdır, ya da Türkiyə  bura cəlb edilməlidir. Əgər Türkiyə cəlb edilərsə, hansısa ümidlər olar. Türkiyə məsələnin ədalətli həlli istiqamətində səylərini ortaya qoyar”.
    Milli Məclis Sədrinin müavini  eyni zamanda  Volkan Bozkırın BMT Baş Assambleyasına prezident seçilməsi və Baş Assambleyanın 75-ci sessiyasına  sədrlik məsələsində  mövqeyini açıqlayaraq deyib ki,  təcrübəli türkiyəli diplomatın belə bir quruma rəhbər seçilməsi sevindirici haldır: “ Hesab edirəm ki, türkiyəli diplomat  ən azından Azərbaycanın maraqlarına cavab verməyən ədalətsiz qərarların və məsələlərin gündəmə gətirilməsinə imkan verməyəcək”.

    Mürtəza
    Ölkə.Az