Vətəndaş Həmrəyliyi Partiyası

Category: Xəbər

  • Deputatın erməni dili ilə bağlı fikri tənqid olundu

    Sabir Rüstəmxanlı

    Ötən gün Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edilməsi ilə bağlı tviti sosial şəbəkələrdə müzakirələrə səbəb  olub. Gəncəliyevin paylaşımında, həmçinin “Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, – deyə cümlə də qeyd olunub.

    Müzakirələrdə iştirak edənlər deputatın fikirlərini birmənalı qarşılamayıb. Bildirilib ki, erməni əsilli Azərbaycan vətəndaşları bizim cəmiyyətimizə inteqrasiya olunduğu üçün onların Azərbaycan dilini öyrənmələrinə ehtiyac var.

    Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərini öz vətəndaşı sayır və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır.

    Bir sıra ictimai və rəsmi şəxslər də çıxışlarında qeyd ediblər ki, erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər. Həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır.

    Qeyd edək ki, hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

    Milli Məclisin deputatı Sabir Rüstəmxanlı həmkarının müzakirələrə səbəb olan fikirləri ilə bağlı “Qafqazinfo” ya açıqlama verib. 

    Deputat erməni əsilli azərbaycanlıların Azərbaycana yaxınlaşması məsələsində erməni dilinin öyrədilməsinin nə kimi mənası olduğunu sorğulayıb: 

    “Azərbaycana yaşamaq üçün kim gəlirsə, vətəndaş kimi bizim cəmiyyətə inteqrasiya olunub qarışması üçün biz onların dilini öyrənməliyik?! Əvvəla, keçmiş Dağlıq Qarabağda yaşayanlar və indi də orada qalan ermənilərin hamısı Azərbaycan dilini çox yaxşı bilirlər. Onlar üçün bu məsələdə heç bir problem yoxdur. Sabah Rusiya sülhməramlıları getsə, ermənilər Azərbaycanın digər bölgələrinə gəlib getsələr, sərbəst Azərbaycan dilində danışacaqlar. Biz azərbaycanlıların erməni dilini öyrənməsinə ehtiyacı yoxdur. Ermənilərin Azərbaycan dilini öyrənməsi zəruridir. Çünki Azərbaycanda doğulmuş ermənilərin çoxu bizim dilimizi kifayət qədər mükəmməl bilirlər.

    Ümumiyyətlə isə, ölkəmizdə qonşu dövlətlərin və ya  başqa xalqların dilini öyrədən kursların olması normal haldır. Erməni dili, gürcü dili ilə maraqlananlar üçün kim istəyirsə, kurs aça bilər. Burada qeyri-adi bir şey yoxdur”.

    Günel Türksoy

  • “Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir”

    Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Səid Nofəl oğlu Rəşidzadədir. Vətən müharibəsinin qəhrəman, cəsur döyüşcülərindən olan, gəncliyini, ömrünü vətənə fəda edən Səid qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb.

    Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Səid döyüşə yola düşərkən azad edəcəyimiz ilk yüksəkliyə sancmaq üçün götürdüyü üçrəngli bayrağımızı Hadrutda azad olunmuş yüksəkliyə sancmaq istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi, bayrağımıza görə öz canını fəda etdi. Həmin döyüş anının şahidləri hadisəni belə xatırlayır: “Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb Azərbaycan bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu”. Amma sonda o yüksəkliyə Səidin özü ilə müharibəyə gətirdiyi bayraq sancıldı. Neçə-neçə silahdaşı, döyüş yoldaşı hər dəfə Səid Rəşidzadə haqqında qürur hissi ilə söz açır, şəhid baş leytenantı təkcə təkcə cəsur döyüşçü kimi yox, həm də qayğıkeş komandir kimi xarakterizə edir.

    Səid bu gün bütün Azərbaycanın qəhrəmanıdır, amma o mənim üçün əvəzi heç vaxt olmayacaq DOST idi. Mən bir DOST itirib, ŞƏHİD DOST qazandım. İndi də Sənlə danışıram hər gün Səid. Sənin içində hər zaman gənclik istəyi var idi. Bilirsən nəyə sevinirəm? Saçların heç zaman ağarmayacaq ŞƏHİD QARDAŞIM. Zamanı gənc yaşında donan İGİD QARDAŞIM! Sənin adın hər birimizin qəlbində əbədi yaşayacaq. Torpağı qanınla suvardın ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarı bülbül yenidən bitsin…. Son sözü “Vətən sağ olsun!” – olan qəhrəman QARDAŞIM, qanın Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə dalğalanır…

    Sən canından can verdin… Vətən sənə heyran, vətən sənə minnətdar, Vətən sənsən! Ruhun şad olsun, ŞƏHİD QARDAŞIM!!!

     

    Samir Əsədli

  • Amansız ölüm daha bir dəyərli ziyalımızı aramızdan apardı

    Amansız ölüm daha bir dəyərli ziyalımızı aramızdan apardı. Filologiya üzrə fəlsəfə elmləri doktoru, Xalq Hərəkatının öncüllərindən biri Həsənbala Məmmədov bu gecə 74 yaşında dünyasını dəyişib. Həsənbala Məmmədov 30 yanvar 1947-ci ildə Qusar rayonunda anadan olub.
    8№-li İnşaat Məktəbini, Şamaxı Pedagoji Məktəbini, Azərbaycan Pedeqoji İnistutunu, Rusiya MN-nin İncəsənət ,Moskvada Ali Məktəb Problemləri ET İnstitutunu, Azərbaycan KP MK ML Universitetini bitirib. Fililogiya üzrə fəlsəfə doktorudur.
    1988-ci ildən başlanan Xalq Hərəkatının fəallarından, Qusar hərəkatçılarının lideri olub. Azərbaycan Xalq Cəbhəsinin Qusar Şöbəsinin qurucularından və ilk sədri olub.
    1992-ci ildən VHP Qusar Rayon Təşkilatının təşəbbüs qrupunun sədri, 1992-ci ildən təşkilat təsis ediləndən sonra sədr müavini olub. 2007-ci ildən VHP Qusar Rayon Təşkilatının sədri olub.
    2010 və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə 51 saylı Qusar seçki dairəsindən və 2015-ci ildə isə 53 saylı Quba-Qusar seçki dairəsindən namizədi olub. Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və dilini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Həsənbala Məmmədovun xatirəsi daim əziz tutulacaqdır.
    Vətəndaş Həmrəyliyi Partiyası Həsənbala Məmmədovun vəfatından kədərləndiyini bildirir, ailəsinə, doğmalarına və yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyir.

  • Şirvanda şəhid Cavid Məmmədli anılıb

    Bu gün şəhid Cavid Məmmədlinin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan şəhər təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Şirvan şəhidi əsgər Məmmədli Cavid Natiq oğlu 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olub. , 2015-ci ildə Bəhruz Asalanov adına 16 nömrəli tam orta məktəbin bitirib.

    2020-ci ilin iyulun 1-də Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 04 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidin məzarını ziyarət edənlər qarşısında çıxış edən VHP Şirvan şəhər təşkilatının sədri Aqil Vəliyev İkinci Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələrinin göstərdikləri şücaət və qəhramanlığdan danışıb. Bildirib ki, Cavidi və onun kimi minlərlə qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Natiq bildirib ki, Cavid öz qısa ömründə hər kəsə örnək olacaq bir həyat yaşadı. Onun xatirəsi hər zaman anılacaq və uca tutulacaq. Çunki şəhidlər ölməz, heç vaxt unudulmaz!

     

  • Sabir Rüstəmxanlı Türkiyəli jurnalistlərlə görüşüb- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib.
    Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son Qarabağ savaşı, savaş zamanı Türkiyənin Azərbaycana dəstəyindən söz açılıb. Eyni zamanda hazırki dönəmdə beynəlxalq müstəvidə Türkiyə-Azərbaycan birliyinin vacibliyi, bu birliyin inkişaf yolları müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, erməni lobbisinin böhtançı təbliğatına qarşı beynəlxalq arenada birgə fəaliyyət zəruridir. Görüşün sonunda Sabir Rüstəmxanlıya Tək Millət İki Dövlət plaketi təqdim edildi.
    Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli də iştirak ediblər. Qonaqlar İSBAM-ın dəvəti ilə Azərbaycana gəliblər.
  • Vətən Müharibəsi Qəhramanı, Şəhid Amid Heydərov anılıb

    Bu gün Vətən Müharibəsi Qəhramanı, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Amid Rəbbil oğlu Heydərovun şəhid olduğu gündür. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Lerik rayon təşkilatının rəhbərliyi və İkinci Qarabağ savaşı qaziləri şəhid Amid Heydərovun büstünü ziyarət ediblər.

    Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qaldı. “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi Qəhrəmanı” medalı, “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
    Anım tədbirində çıxış edən VHP Lerik rayon təşkilatınln sədri Həşim Nəsirov Vətən Müharibəsi Qəhramanı Amid Heydərovun döyüş yolundan danışaraq bildirib ki, o, Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. Vətən müharibəsində hücum əmri verilən kimi tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri də Amid idi. Zabit dostlarının dediyi kimi, o, əsgərlərinin önündə durub “Arxamca, irəli!” deyən komandir olub və aprel döyüşlərindən sonra leytenant rütbəsindən bir başa kapitan rütbəsinə yüksəlmişdi, Vətən müharibəsindən 5 ay əvvəl isə mayor rütbəsi almışdı. Cəsur döyüşçü 32 yaşında hərbi hissə komandiri idi.
    Şəhidin məzarını ziyarət edən digər şəxslər də, Amid Heydərovun göstərdiyi qəhramanlığdan, keçdiyi döyüş yolundan danışaraq bildirib ki, Amid Heydərovun qəhramanlığı və keçdiyi döyüş yolu gənclərə, hərbiçilərə hər zaman örnək və nümunə olacaq. Onlar qeyd edib ki, Vətən Müharibəsində hərbiçilərimizin qəhramanlığını dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq və bu döyüş yolu yüz illərlə danışılacaq, yazılacaq. Hərbiçilərimizin qəhramanlığına dastanlar yazılacaq, necə ki, yazılır.

  • Şəhid Əli Rzalı anılıb

    Bu gün şəhid Əli Rzalının şəhidlik zirvəsinə yüksəldiyi gündür.

    Şəhid Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub. Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    VHP Yardımlı rayon təşkilatının Bilnə kənd özək təşkilatının üzvləri bu gün şəhidin məzarını ziyarət ediblər.
    VHP Bilnə kənd özək təşkilatının sədri Mahir Alızadə şəhid Əli Rzalının həyat yolundan, vətənə olan sevgisindən danışıb. Bildirib ki, Vətən Müharibəsi başlanan kimi döyüş tapşırığını yerinə yetirərkən şəhid olan Əli Rzali Bilnə kəndinin ilk şəhididir. Onun qəhrəmanlığı və vətənpərvərliyi gənclər üçün hər zaman örnək olacaqdır.

  • Şəhid Ziya Atanın xatirəsi anılıb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Kürdəmir rayon təşkilatının üzvləri şəhid Ziya Atanın (Ziyadxan Əliyev) məzarını ziyarət ediblər.

    Ziyadxan Əliyev 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziya Azərbaycan Texnik Universitetinin məzunu olub.
    Ziya Ata 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırmış. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olur. Könüllü olaraq döyüş meydanına yollanan Ziya Ata, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Ziya Ata ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
    VHP Kürdəmir rayon təşkilatının sədri Əliqulu Cəfərli Vətən Müharibəsində igid əsgər və zabitlərimizin şücaətindən, keçdikləri döyüş yolundan danışıb.
    Əliqulu bəy qeyd edib ki, Ziya siyasi fəaliyyət göstərib. Gənc yaşından ölkənin siyasi həyatına qatılıb, insan hüquqları, siyasi və seçki azadlıqları uğrunda fəaliyyət göstərib. Ictimai-siyasi fəaliyyətində dövləti və xalqı üçün çalışıb, demokratiya uğrunda mübarizə aparan Ziya Ata Vətən Müharibəsi dönəmində vətən sevgisini sübuta yetirdi. O qısa ömründə əsl vətənpərvərlik nümunəsi göstərib.
    Şəhid məzarını ziyarət edənlər şəhid Ziya Atanın vətənpərvərliyindən, vətənə olan məhəbbətindən söz açıblar.

  • Samir Əsədli: “Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”

    Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.
    Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.
     
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın hərbi əməkdaşlıq məsələsində apardığı siyasətin uğuru Vətən müharibəsi zamanı özünü göstərib: 
    “Bizim düşmənlə müqayisədə texniki üstünlüyümüz qısamüddətli qalibiyyət savaşında təsdiqini tapdı. Hazırda Azərbaycan öz Silahlı Qüvvələrini dünya standartlarına uyğunlaşdırmasını, Türkiyə modelini əsas götürməsini bəyan edib. Eyni zamanda NATO ilə sıx əməkdaşlığımız da ortadadır və Azərbaycan bunu inkişaf etdirəcəyini bəyan edib. Amma hərbi əməkdaşlıq bir ölkə və bir tərəflə məhdudlaşa bilməz. Pakistan, İsrail kimi ölkələr də Azərbaycanın hərbi müttəfiqləridir. Belarus hərbi potensial baxımdan adıçəkilən ölkələr kimi cəlbedici olmasa da hər zaman ərazi bütövlüyümüz məsələsində birmənalı və qətiyyətli mövqe tutan ölkə kimi dostumuz sayılır. Bu baxımdan Belarusla hərbi sahədə kadr və digər məsələlərdə əməkdaşlıq məqbuldur. Amma heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”.
  • Samir Əsədli: “Vasitəçiliyin real nəticə verməsi əsas şərtdir”

    Gürcüstanın vasitəçilik təklifi realaşa bilməz
     
    “Vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq”
     
    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Ermənistana vasitəçilik təklif edib. Baş nazir bildirib ki, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedenti olmayan hadisə olub. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: “Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik”. Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani də deyib ki, Tbilisi Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır.
    Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir: “Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb. Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər”.
     
    Gürcüstanın vasitəçilik niyyəti ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, qonşu Gürcüstanın vasitəçilik təklifi alqışalayiqdir. Partiya rəsmisinin sözlərinə görə, Gürcüstan bölgə dövləti olaraq qonşuluğunda sülh və əminamanlıq istəyir: 
    “Rəsmi Tbilisinin Bakı və İrəvanla münasibətləri normaldır. Gürcüstan bir dəfə vasitəçilik edib və müəyyən nəticə verib. Ancaq məsələ hansısa ölkənin vasitəçilik missiyasında yox, birbaşa Ermənistan tərəfinin sərgilədiyi mövqedədir. Məsələ ondadır ki, Gürcüstanın vasitəçiliyi ilə alınmış minalı ərazilərin xəritəsinin də çox az hissəsi dəqiq olub. Ermənistan tərəfi iki xəritə-əsir mübadiləsi həyata keçirib. Ancaq hər ikisində də saxtakarlıq ediblər. Ermənilərə etibar yoxdur. Ona görə də vasitəçi tərəf Ermənistana təsir gücünə sahib olmalıdır ki, verilən vədlərin yerinə yetirilməsini təmin edə bilsin. Yəni Tbilisinin tərəflərlə yaxşı münasibətinin olması faktı bizim üçün kifayət etmir. Azərbaycan bütün vasitəçilik təkliflərinə açıqdır, amma bu vasitəçiliyin real nəticə verməsi əsas şərtdir. Əks halda ermənilərə görə vasitəçilərə də inam qalmayacaq”.
     
    Şərq qəzeti