Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP Gündəmi

  • Sabir Rüstəmxanlı İraqlı siyasilərlə görüşüb. FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rustemxanli İraqın Türkmaneli Partiyasının sədri, İraq parlamentinin keçmiş deputatı Riyaz Sarıkahya ilə görüşüb. Görüşdə İraqda, Kərkükdə, Azərbaycan və türk dünyasında baş verənlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Riyaz Sarıkahya türkmanların vəziyyəti, bölgədə keçirilən son referendum və ondan sonra Kərkükdə yaranan vəziyyət haqda geniş məlumat verib. Bildirib ki, Azərbaycan və Türkiyə Kərkükün taleyinə biganə olmamalı, sahib çıxmalıdır.

    Sabir Rüstəmxanlı Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı qonaqları məlumatlandırıb.

    Səmimi keçən görüşdə partiyaların əməkdaşlıq məsələsi müzakirə olunub, həmçinin İraqda, İranda və Suriyada yaşayan türklərin gələcək durumu ətrafında geniş fikir mübadiləsi aparılıb. Xüsusən türkmanların ciddi dəstəyə ehtiyacı olduğu vurğulanıb.

    Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Türkməmeli Partiyasının təmsilçiləri Şahlar Azeroğlu və Yahya Ali Mehdi  iştirak ediblər.

  • VHP “Bölgədə durum və Afrin əməliyyatı” mövzusunda “dəyirmi masa” keçirib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təşəbbüsü ilə fevralın 15-də “Bölgədə durum və Afrin əməliyyatı” mövzusunda “dəyirmi masa” keçirilib.
    Toplantıda VHP sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Azadlıq Partiyasının sədri Əhməd Oruc, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu, Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Adil Minbaşı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu və başqaları iştirak ediblər.
    Tədbiri VHP sədri Sabir Rüstəmxanlı açaraq Türkiyənin sərhədboyu terrorla üzə-üzə qaldığını bildirib: “Bu terror Türkiyəni təhdid edir. Terrorizm Türkiyədə həm separatizm dalğasını gücləndirir, həm də ölkənin iqtisadi-siyasi potensialının terrorla mübarizəyə sərf edilməsinə gətirib çıxarır. Bildiyiniz kimi, terrorun milləti, etnik mənsubiyyəti, insanlığı yoxdur. Dünya buna İŞİD-in timsalında bir daha şahid oldu. Azərbaycan da 30 ildir terrorizmdən əziyyət çəkən dövlətlərdəndir. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda terrorçular yuva salıblar”.
    Onun sözlərinə görə, Türkiyədə baş verən proseslər Azərbaycan cəmiyyətini narahat edir: “Çünkü qardaş ölkə hər zaman ağır günlərində Azərbaycanın yanında olub. Ona görə də baş verənlərə biganə qalmamalıyıq və Türkiyənin yanında olduğumuzu bəyan etməliyik”.
    VHP sədri deyib ki, Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatı dünyaya böyük nümunədir: “Çünki Türkiyə hərbçisi sivil vətəndaşlara güllə atmır. Əməliyyat nəticəsində şəhidlərin sayının artması da bu amillə bağlıdır. Amma təəssüflər olsun ki, NATO dövlətləri terora, terrorçulara gizli yolla dəstək verirlər. Türkiyənin yaxın müttəfiqi sayılan ABŞ terrorçuları silah-sursatla təmin edir. Həmin silahlar da Türkiyə xalqına, hərbçisinə qarşı çevrilir. Bu yaxınlarda da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) terrorçulara 500 milyon dollar ayırıb. Əslində, bütün bunların arxasında türk düşmənçiliyi dayanır”.
    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində itkilərinin sayının daha da artacağını istisna etməyib: “Çünki iki həftəyə yekunlaşdırılması planlaşdırılmışdı. Ancaq artıq üçüncü həftəyə keçib. Əslində, bu əməliyyatla Türkiyə Silahlı Qüvvələri 2016-cı il iyunun 15-də dövlət çevrilişinə cəhd hadisəsindən sonra itirdiyi nüfuzunu yenidən geri qaytardı. Fikrimcə, Türkiyə Suriya prezidenti Bəşşar Əsədlə körpüləri tamamilə yandırmamalıydı. Əməliyyat Rusiya ilə razılaşdırıldığından heç bir problem yoxdur. İran əvvəl səssiz qalsa da, ancaq indi nala-mıxa vurur”.
    Onun sözlərinə görə, Türkiyənin Suriyada ABŞ hərbçiləri ilə toqquşmaq ehtimalı var: “Çünki Türkiyənin İdlib və Münbiçi də terrorçulardan təmizləmək üçün planları var. Hətta ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşməkdə, rəsmi Vaşinqton terrorçuları silah-sursatla təmin etməkdə davam edərsə, İncirlik hərbi bazasının bağlanması gündəmə gələ bilər”.
    E.Şahinoğlu Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarının və regionda nüfuzunun artmasının Ermənistanı da ciddi narahat etdiyini vurğulayıb.
    Ədalət Partiyasının sədri İlyas İsmayılov qeyd edib ki, Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatının uzanması ərazinin dağlıq hissə olmasından və mülki vətəndaşlara xətər dəyməməsindən qaynaqlanır: “Biz Türkiyənin mövqeyini dəstəkləyirik. Əslində, bu prosesdən daha da ruhlanmalı, nümunə götürməli və nəticə çıxarmalıyıq. Yəni Azərbaycanın işğal olunmuş ərazində antiterror əməliyyatına başlamalı, Dağlıq Qarabağ və ətraf rayonları terrorçulardan təmizləməli və təcavüzə son qoymalıyıq. Türkiyə böyük dövlətdir, güclü siyasi rəhbərliyi var. Vətən yolunda şəhid verməyə daima hazır olan bir millətə qalib gəlmək mümkün deyil”.
    Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli bildirib ki, Türkiyə türk dünyasının himayəçisidir: “Əgər “Zeytun budağı” əməliyyatı başlamasaydı, İraq və Suriyadakı kürdlər birləşərək Aralıq dənizinə, birbaşa okeana çıxış əldə edəcəkdilər. Bu da Türkiyə üçün böyük təhlükə deməkdi. Ancaq Münbiçə girmədən Afrin əməliyyatının faydası olmaz. Türkiyənin bu əməliyyatı uğurla başa vuracağına inanıram. Təbii ki, Azərbaycanın da beynəlxalq hüquqa görə Dağlıq Qarabağda antiterror əməliyyatı keçirmək və torpaqlarını işğaldan azad etmək haqqı var”.
    Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, Azərbaycan “Zeytun budağı” əməliyyatından nəticə çıxarmalı, bu nümunəni Dağlıq Qarabağa və Ermənistan tərəfindən işğal olunmuş digər ərazilərinə tətbiq etməlidir.
    Azadlıq Partiyasının sədri Əhməd Oruc vurğulayıb ki, Türkiyənin regionda yeri və rolu dəyişib: “Qardaş ölkə son proseslərdən də güclü dövlət olaraq çıxacaq və təhlükəsizlik zonası yaratmağa nail olacaq.
    Araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu qeyd edib ki, Türkiyə 30 ildir savaşır və ya onunla 30 ildir savaşırlar: “Ancaq indi açıq savaşa girib. Bütün türklər Türkiyənin yanında olmalıdır. Çünki bu, ümumtürk savaşıdır. Azərbaycanın istiqlalı, gələcəyi Türkiyə və onun gələcəyi ilə bağlıdır. Mən hesab edirəm ki, Dağlıq Qarabağda başqa dövlətlərin deyil, məhz Türkiyə Silahlı Qüvvələri sülhməramlı qüvvə kimi yerləşməlidir. Bütün türklər Türkiyənin ətrafında birləşməli, türk supersistemi yaradılmalıdır. Bu, bizim ölüm-qalım savaşımızdır. Təhlükənin qarşısının alınması üçün mütləq türklər birləşməlidir”.
    Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn bildirib ki, Azərbaycan dövləti və xalqı, birmənalı olaraq, Türkiyənin yanında olmalıdır: “Çünki Türkiyə qardaşımızdır, təbii müttəfiqimizdir. Bu əməliyyat Azərbaycan uğrunda gedən döyüşdür”.
    “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, Türkiyə doğru addım atır: “Türkiyənin Afrində keçirdiyi antiterror əməliyyatını dəstəkləmək Qarabağın yanında olmaq deməkdir. Ona görə də “Zeytun budağı” əməliyyatını birmənalı şəkildə dəstəkləməliyik. Türkiyənin ABŞ-a meydan oxuması da ədalətli və doğrudur”.
    Tədbirdə həmçinin Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Adil Minbaşı və başqaları da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
    Sonda bəyanat qəbul edilib. Sənəddə deyilir ki, Azərbaycan bölgədə və Türkiyə ətrafında gedən proseslərə biganə qala bilməz: “Bu proseslər Azərbaycanın da gələcəyi üçün təhlükə yaradır. Türkiyəyə qarşı qurulmuş gizli planların Qafqaza, o cümlədən Azərbaycana təsir edəcəyi şübhə doğurmur. “Zeytun budağı” əməliyyatı ilə Türkiyə təkcə özünü deyil, həm də 30 ildən bəri terrorla üz-üzə dayanan ərazilərinin 30 faizi separatçı-terrorçu qüvvələr tərəfindən işğal edilmiş Azərbaycanın və bənzər durumda olan digər dövlətlərin də maraqlarını qoruyur. Türkiyənin “Zeytun budağı” əməliyyatı çarəsizlikdən atılan bir addımdır. Qardaş dövlətin başqa bir yolu qalmamışdır. Çünki son illərdə Türkiyənin sərhədləri boyu gedən proseslər açıq-aşkar qardaş dövləti mühasirəyə almaq və dünyadan təcrid etmək məqsədi güdür. Terrorçu quruplaşmalar Güney Azərbaycanın da bir hissəsini içinə almaqla İraqın və Suriyanın şimalından Aralıq dənizinə kimi böyük bir bölgədə quracaqları çəmbərlə Türkiyəni qonşu dövlətlərdən ayırmaq, bununla yanaşı, qardaş dövlətin içində terroru və separatizmi gücləndirmək niyyəti güdür. Bir sıra qərb ölkələrinin dəstək verdiyi terrorçular bölgədə yaşayan bütün xalqlar, o cümlədən Azərbaycan türkləri üçün dözülməz şərait yaratmaqla İraqın və Suriyanın şimalında onları hər cür hüquqdan məhrum etmiş və kütləvi köçə zorlamışlar. Terrorçuların ABŞ və qərb tərəfindən ardıcıl dəstəklənməsi və silahlandırılması Türkiyəni parçalamaq və dağıtmaq planlarının başlanğıcıdır”.
    Bəyanatda imperalist qüvvələrin dünyada yeritdiyi dağıdıcı siyasət və davamlı olaraq terror təşkilatlarına pul, silah yardımı etməsi diqqətə çatdırılıb: “Türkiyənin sərhədləri boyu terrorçulara dəstək və silah göndərən ölkələr hansı maraqları güdürlər? Qonşu ölkələrdə yüz minlərlə insanların ölümünə səbəb olan hərbi əməliyyatlar apardıqları halda Türkiyənin öz sərhədlərini qorumaqdan başqa yolu qalmır. Türkiyənin bu əməliyyatı dünyada, dünyadakı sülhə xidmətdir. Terrorun qarşısını almaq hər bir dövlətin borcudur. NATO “soyuq savaş”dan sonra əsas hədəflərdən biri olaraq terrora qarşı mübarizəni seçib. NATO ölkələrindən biri olan Türkiyə terrora qarşı vuruşur. Bəs yerdə qalanlar niyə terroru müdafiə edirlər? Deməli, burada ədalət, haqq, dünyanın təhlükəsizliyi prinsipi qorunmur” .

  • Daşaltı faciəsindən 26 il ötür – FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Şuşa rayon təşkilatının təşkilatçılığı ilə VHP-nin bir qrup üzvü Daşaltı faciəsinin 26-cı il dönümü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib.

    VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli, Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev və Xankəndi şəhər təşkilatının sədri Nizami Bağırov Daşaltı faciəsindən danışıblar. Bildirilib ki, Daşaltı əməliyyatının pis hazırlanması, hərbi sirrin yayılması və xəyanət nəticəsində igid və qəhraman oğullarımız həlak olub.

    Qeyd edək ki, Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

    Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

  • VHP Nərimanov RT Konfrans keçirib- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Nərimanov rayon təşkilatı növbəti, VII konfransını keçirib. Konfransda təşkilatın 27 özək təşkilatından seçilmiş 68 nümayəndədən 57 nəfəri konfransın işinə qatılıb.

    Partiya rəhbərliyindən VHP sədri Sabir Rüstəmxanlı, Ali Məclisin sədri Rafiq Manaflı, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, MNTK sədri Felmar Ələkbərli konfransa qatılıblar. Dövlət himninin oxunması və sədarətin seçilməsi ilə konfrans öz işinə başlayıb. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Səidə Dadaşlı, Mandat komissiyasının sədri Dəniz Həsənovanın məlumatları dinlənilib.

    Təşkilat sədri Şəmsəddin Mirzəxanlı geniş hesabat məruzəsi ilə çıxış edib, təşkilatın ötən müddət ərzində fəaliyyəti, qarşıda duran vəzifələr və seçkili qurumların fəaliyyəti barədə məlumat verib. Nəzarət Təftiş Kimissiyasının sədri Mehbarə Novruzovanın da hesabatı dinlənilib.

    Konfrans nümayəndələrindən Arif Aslanov, Aidə Bağırova, Fətulla Mustafazadə, Səlahəddin Əsgər, Elçin Dadaşov, Yaşar Zeynalov və Şahlar İsmayılov çıxış ediblər.

    Partiya sədri Sabir Rüstəmxanlı çıxışında partiyanın fəaliyyəti, ölkədə və regionda baş verən siyasi proseslərdən danışıb. O, həmçinin rayon təşkilatının nümunəvi fəaliyyətini də alqışlayıb. Rayon təşkilatının fəal üzvlərinə təşkilat rəhbərliyinin fəxri fərmanları verilib.

    Təşkilati məsələlərə baxılıb. Şəmsəddin Mirzəxanlı yenidən sədr, Məclis, NTK üzvləri və partiya qurultayına nümayəndələr seçilib. Sonda cari və təşkilatın qarşısında duran məsələlərin müzakirəsindən sonra konfrans öz işini yekunlaşdırıb.

    s

  • VHP-də Milli Dirçəliş günü qeyd edildi-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə 1988-ci il meydan hərəkatının iştirakçıları, Azərbaycanda fəaliyyət göstərən müxtəlif siyasi partiyaların rəhbərləri, təmsilçiləri, ziyalılar, gənclər iştirak ediblər. Konfrans Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, həmçinin dünyasını dəyişmiş meydan hərəkatı iştirakçılarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    “SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi”

    Tədbiri 1988-ci il meydan hərəkatının əsas iştirakçılarından biri olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı açaraq meydan hərəkatının başlanmasından 29 il keçdiyini bildirib: “17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı yazılı və elektron kütləvi informasiya vasitələrində materiallar verilmir və ya səthi xarakter daşıyır. Halbuki bu bir tarixdir və onu silmək olmaz. Həm də yaxın tarixdir. Nə qədər saxtalaşdırmağa çalışsalar da, yenə də millətin yadındadır. Hadisələrin iştirakçıları bu gün yaşayır. Respublikanın rəsmi qəzetlərinə göz atdım, heç biri bu gün barədə yazmayıb. “Azərbaycan” qəzeti Olmpiya Mərkəzinin açılışı ilə bağlı bir neçə səhifə dərc etdiyi halda, Milli Dirçəliş Günü ilə əlaqədar kiçik bir yazı verib. O da məlumatı tarixi təhrif edərək verib. Yaxın tarixi bu qədər saxtalaşdırmaq olmaz”.

    S.Rüstəmxanlı Milli Dirçəliş Gününün qeyd edilməsinin vacibliyindən də danışıb: “Tarixi unutmamaq üçün bir yerə toplaşmalı, bu mövzuda tədbirlər keçirməliyik. Həm də ölkənin hazırkı durumunu müzakirə etməliyik. Bakının küçələri reklam lövhələri ilə doludur. Amma siz Qarabağa, müharibəyə aid bir qeydə də rast gələ bilməzsiniz. Bizim qurduğumuz dövlət hara gəlib çıxıb? Niyə bir-birimizin səsinə sə vermirik? Adam heyrətə gəlir, niyə ayılmırıq?”

    VHP sədri meydan hərəkatının əhəmiyyəti barədə də məlumat verib: “Həmin meydanda fərqlər itmişdi, hamı bir idi. Mən arxivə göz atarkən 18 günlük meydan hadisələrinin qətnaməsini tapdım. Bugünkü düşüncə baxımından son dərəcə gözəl yazılıb. Sırf siyasi tələblər müstəvisində qurulmuş yetkin bir qətnamədir. Meydanla bağlı bu gün çox böhtanlar danışılır. Düzdür, hakimiyyət də bəzi məsələlərə görə maraqlı idi. Amma bir milyon insanı hökumət yığmamışdı. İnsanlar xırda oyunları görmür, görmək istəmirdi. “Onsuz da SSSR-i dağılacaqdı” deyənlər də var. Unutmaq olmaz ki, SSRİ-nin dağılmasına əsas verən güclərdən biri meydan hərəkatı idi. Hər şey oradan başladı. Azərbaycanın üçrəngli bayrağı meydanda tanındı. Xalq Cəbhəsinin yaranmasının zəruriliyi orada elan olundu. Meydan hərəkatı milli azadlıq hərəkatına çevrildi. Azərbaycanın bütövləşməsi məsələsi orada qaldırıldı. Meydan bir universitetdir”.

    “Meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi”

    Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, meydan hərəkatı Azərbaycan xalqının böyüklüyünün, vətən və özünüdərk şüurunun bir ifadəsi idi: “Hərəkat Qarabağla bağlı başladı və daha sonra müstəqillik, bütövlük kimi məsələlər də gündəmə gəldi. Əslində, milli oyanış meydandan əvvəl də artıq mövcud idi və bu məsələlər əvvəllər də səslənmişdi. İndi də millətimiz Qarabağ, torpaqlarımız uğrunda öz iradəsini ortaya qoymalıdır. Meydan hərəkatında Azərbaycanın bütün kəsimləri iştirak edirdi. Milli birliyin bəlkə də ən möhtəşəm nümayişi idi. Bu gün də belə bir birliyə və milli iradənin nümayişinə ehtiyac var”.

    “Milli kimliyimizin müəyyənləşməsində 17 noyabr mitinqinin böyük rolu oldu”

    Müsavat Partiyasının başqanı Arif Hacılı vurğulayıb ki, yenidənqurma dövründə müəyyən aşkarlığın verilməsi və demokratik nəfəsliyin açılması milli duyğuları da inkişaf etdirmişdi: “Həmçinin Ermənistanın apardığı təcavüzkar siyasət Azərbaycanda çox böyük əks reaksiya doğurmuşdu. 1988-ci il noyabrın 15-16-da “Sabir”  bağında aksiyalar keçirilmişdi. Xatırlayıram, aksiyalar vəhşicəsinə dağıdılmış, bir neçə nəfər həbs olunmuşdu. 17 noyabr mitinqi isə bütövlükdə ümummilli hərəkata çevrilmişdi. Ən böyük əhəmiyyəti isə ondan ibarət idi ki, tək ərazi bötövlüyü deyil, müstəqilliklə bağlı da şüarlar səslənirdi. Azərbaycan milli bayrağının ora gətirilməsi, Xalq Cəbhəsinin yaradılması zərurətinin səslənməsi, rus qoşunlarının meydanı mühasirəyə alması, yüz minlərlə insanın göstərdiyi dəyanət, qoşunun məcbur qalıb geri çəkilməsi və s. xalqımızın özünü dərk etməsinə böyük bir təkan verdi. Həmçinin milli kimliyimizin müəyyənləşməsində də 17 noyabr mitinqinin böyük rolu oldu”.

    “Bizim azadlıq bayramımız 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”

    Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə məsələyə bir qədər fərqli yanaşıb: “Biz şəxsiyyətimizi kənara qoyub hadisələrə tam, bütöv kimi baxmalıyıq. Problemimiz məsələlərə doğru yanaşa bilməməyimizdən qaynaqlanır. Əvvəla, həmin mitinqə bir milyon insanın gəlməsi milləti yaratmadı, millət mitinqi yaratdı. Digər tərəfdən nə üçün xalq 16 ağacın kəsilməsinə görə mitinq etdi, amma Xocalıya görə iki nəfər küçəyə çıxmadı? Söhbət təhtəlşüurdan gedir. Əgər mitinqlərin nəticəsi yoxdursa, deməli, boş bir hadisədir. Bizim azadlıq bayramımız isə 28 May – Respublika Günüdür, başqa siyasi bayram tanımıram”.

    “Meydan hərəkatının əsas mahiyyəti milli azadlıq ideyalarının formalaşması idi”

    Azadlıq Partiyasının sədri Əhməd Oruc qeyd edib ki, 1988-ci ildə baş verən hadisələr mahiyyətinə görə özündən əvvəlki hadisələrdən çox fərqlənir: “Ona müxtəlif aspektlərdən yanaşaraq fərqli nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl 70 ildən sonra xalq ilk dəfə bir araya gələrək etiraz edir, tribunada azadlıqla bağlı fikirlər səslənirdi. Həmin dövrlər baş verən başqa siyasi proseslər də vardı. Kommunist rejimi süquta uğramış, yeni, müstəqil dövlətlərin yaranma prosesi başlamışdı. Meydan hərəkatının əsas mahiyyəti isə milli azadlıq ideyalarının formalaşması idi”.

    “Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik”

    Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər də hadisələrə doğru qiymət verilməsinin əhəmiyyətindən danışıb: “Hər hansı bir hadisəni zaman və məkanı nəzərə alaraq dəyərləndirmək lazımdır. Yalnız bu halda düzgün qiymətləndirmə mümkündür. Biz 17 noyabr mitinqini həmin dövrdə dünya və SSRİ-də gedən proseslərdən kənar təhlil edə bilmərik. İnsanları meydana toplayan ortaq ideya və fikir idi. Bu, hər zaman belədir. Birlik üçün ortaq maraq və mənafe olmalıdır. Günümüzdə də bütün vətəndaşları birləşdirəcək ortaq maraqlar var. Məsələn, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyü kimi. Bu məqsədlər ərafinda təkrar birlik olmağımız mümkündür”.

    “SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub”

    Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, SSSR-nin dağılmasında meydan hərəkatının böyük rolu olub: “Mitinqlər ictimai şüurun inkişafına, milli oyanışa ciddi təsir göstərən amillərdəndir. Eləcə də müstəqilliyin əldə olunmasında əvəzsiz rolu var. Hesab edirəm ki, bununla da biz böyük bir mərhələni keçmişik. Azərbaycan xalqının mübarizəsi, verdiyi itkilər hesabına müstəqillik əldə edə bildik”.

    “Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var”

    Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavini Ellada Məmmədli də mövzu ilə bağlı fikirlərini bölüşüb: “Həmin günlərdə ölkədə böyük iqtisadi böhran və xaos yaşanırdı. Baş verənlərə etiraz olaraq Bakı Dövlət Universitetinin tələbələri fevralın 2-də yürüş-mitinq keçirdi. Onların cəhdləri nəticəsində məsələ böyüdü, digər vətəndaşlar da mitinqlərə qatıldı. Meydan hərəkatının tariximizdə əvəzsiz yeri var. Ən önəmlisi bizə milli kimliyi, tariximizi və müstəqiliyi qazandırdı”.

    Ağ Partiyanın sədri Tural Abbaslı da tarixi günlərin qeyd edilməsinin əhəmiyyətindən danışıb: “Tariximizdə önəmli günlər var. Bunlardan biri də Milli Dirçəliş Günüdür. Bu günlərin və hadisələrin qeyd olunması, müzakirə edilməsi vacib məsələdir. Tariximizi unutmamaq,  yadda saxlamaq üçün belə görüşlərə, konfranslara ehtiyac var”.

    Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.

     

     

     

  • Bayraq gününüz qutlu olsun!

    “Bu gün azadlığımsan Bakının göylərində, Sabah da bütövlük ol, ucal Təbriz üstündə!”

    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı bayrağımıza həsr etdiyi şeirini sizlərə təqdim edirik.

    Başımızın üstündə dalğalanan, dev bayrağım!
    Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
    Dalğalan, qoy havanla Bakımız küləklənsin,
    Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
    Bu məğrur ucalıqda tarixin ərintisi,
    Səni kəfən yerinə geyənlərin gur səsi!
    Səni ümid yerinə qəlbində gizləyənlər
    Əsarətin, işğalın sonunu gözləyənlər,
    Səni namus səngəri, Səni qutsal əmanət,
    Səni ocaq sayaraq gizli əzizləyənlər,
    Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
    Sənə əyri baxanlar dağlansınlar gözündən…
    Hava tutqun olanda Ayı çək qucağına,
    Ulduzun işıq səpsin yurdun hər bucağına!
    Mavi – türklük şərəfim, varlığımız əbədi!
    Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
    Qırmızı da al qanım, axdı vətən yolunda,
    Əsarət zəncirini atmaq üçün qolumdan!

    Ucal başımız üstə, ruhumuz kimi ucal!
    Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!

    Dünən səni cıraraq ayaqlara atanlar
    Qızıldan tökdürərək oxşasın sinəsində!
    Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
    Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
    Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
    Daha sənə əl çatmaz dursalar da, qəsdində.
    Bu gün azadlığımsan Bakının göylərində,
    Sabah da bütövlük ol, ucal Təbriz üstündə!

  • VHP-nin 25 illik yubileyi qeyd edilib-FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının 25 illik yubileyi ilə bağlı partiya qərargahında Siyasi Şura, Mərkəzi Nəzarət Təftiş Komissiyasi üzvləri, Mərkəzi İcra Aparatının əməkdaşları və Bakı şəhəri üzrə rayon təşkilat sədrlərinin iştirakı ilə müşavirə keçirilib.
    Partiya sədri Sabir Rüstəmxanlı ictimai-siyasi vəziyyət, bölgədə baş verən proseslər barədə geniş danışıb. VHP-nin 25 illik fəaliyyətinə nəzər salıb. Bildirib ki, VHP zamanın tələbi ilə yaranan partiyadır və biz təsis olunan zaman irəli sürdüyümüz məsələlər hələ də aktual olaraq qalır.
    VHP Ali Məclisinin sədri Rafiq Manaflı, sədr müavinləri Elxan Mirzəyev, Arif İsmayılbəyli, Ali Məclis üzvü Hilal Əliyev, Rövşən Almuradlı, Şuşa təşkilatının sədri Ofelya Rəşidqızı, Qaradağ rayon təşkilatının sədri Bakir Əsədli çıxış ediblər, partiyanın 25 illik fəaliyyətini dəyərləndiriblər və prioritetlərindən danışıblar.

  • VHP Türk Şəhidliyini ziyarət etdilər

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bir qrup üzvü ziyalılarla birgə Şəhidllər Xiyabanında türk əsgərlərin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
    Mərasimdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, elmlər doktoru Yadigar Türkel, ziyalı Xaliq Bahadır, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu və jurnalist Sərdar Əlibəyli çıxış ediblər və bu günün önəmindən, Türk dünyası və Azərbaycan tarixində yerindən danışıblar.
    Bu günün “Qardaşlıq günü” kimi qeyd olunmasının zəruriyi bildirilib və Nuru Paşanın Bakıda heykəlinin ucaldılmasının vacibliyi vurğulanıb.

  • VHP Gənclər Təşkilatı XII Konfransını keçirib (02.07.2017) FOTO

    Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının (VHP) növbəti – XII Konfransı keçirilib. Konfransın işində 74 nümayəndə iştirak edib. Dövlət himninin səsləndirilməsi ilə başlayan konfrans Pünhan İmamlının təşkilat komitəsinin məlumatının bildirməsi ilə davam edib. Konfransa Səlcuq Elçin sədr və Sevil Sadatqızı katib seçiliblər.

    Gənclər Təşkilatının sədri Amal Nəzərli hesabatla çıxış edib, hesabatında ötən müddət ərzində gənclər təşkilatının fəaliyyətindən danışıb. O bildirib ki, VHP Gənclər Təşkilatı ötən iki il ərzində uğurlu fəaliyyət göstərib, partiyanın və ölkənin siyasi fəaliyyətində aktiv iştirak edib, proseslərə öz fəal münasibətini bildirib. A.Nəzərli həmçinin VHP Gənclər Təşkilatının hesabat dövründə beynəlxalq təşkilatlarla, həmçinin müxalif gənclər qurumları ilə əməkdaşlıq etdiyini bildirib.

    Daha sonra Nəzarət Təftiş Komitəsinin qurumun fəaliyyəti ilə bağlı hesabatını Nüsrət Abdullayev konfrans iştirakçılarına çatdırdıb. Gündəliyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

    Təşkilat Komitəsinin sədri Tural Hüseynli bildirib ki, Gənclər Təşkilatının sədrliyinə 5, Məclis üzvlüyünə 19, NTK üzvlüyünə 4 nəfərin namizədliyi qeydə alınıb.

    Sədrliyə namizədlərə söz verilib, hər bir namizəd öz platrormasını elan edib, konfrans nümayəndələrinin suallarına cavab veriblər.

    Konfransda iştirak edən Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli və partiya sədrinin müavini Arif İsmayılbəyli gənclər qarşısında çıxış ediblər. Onlar ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər və partiyanın fəaliyyəti haqqında danışıb, VHP Gənclər Təşkilatının gələcək işləri ilə bağlı gənclərə tövsiyyələr veriblər, uğurlar diləyiblər.

    Sonda gizli səsvermə keçirilib.

    Sədrliyə namizədlərdən Kamran Habiloğlu iştirakçıların daha çox səsini alıb və təşkilata sədr seçilib. Həmçinin 17 Məclis və 3 NTK üzvü seçilib.

  • Cümhuriyyətimizin 99 ili ilə bağlı VHP Siyasi Şurasının təbriki

    Cümhuriyyətimizin 99 ili ilə bağlı VHP Siyasi Şurasının təbriki

    Hörmətli həmvətənlər!
    Hər birinizi Müstəqillik Günü – Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibəti ilə təbrik edirik.
    Şərqdə ilk demokratik respublika olan AXC-nin yaranması tarixin olduqca mürəkkəb ictimai-siyasi və hərbi dövrünə təsadüf edir. Rusiya imperiyasının Birinci Dünya müharibəsindəki məğlubiyyəti və imperiyada başlayan inqilablar bir çox xalqlar kimi, 1813 və 1828-ci il Gülüstan və Türkmənçay müqavilələri ilə Rusiya tərəfindən işğal edilən Azərbaycan ərazilərinin bir hissəsində müstəqil dövlətimizi qurmaq imkanı yaratmışdı və o dövr milli mücahidlər, xalqımızın böyük ziyalıları bu böyük məsuliyyətin altına girməyi bacardılar.
    AXC bir çox qanunları və parlament respublikası kimi fəaliyyəti ilə Şərqdə o dövr üçün inanılmaz demokratik azadlıqlar formalaşdırmışdı. Qadınların seçki hüququndan tutmuş ölkədə yaşayan müxtəlif etnik qrupların parlament və hökumətdə təmsilçiliyinə qədər yaradılan şərait öz dövründə Avropa ölkələri üçün belə bir nümunə idi. Əsasən Avropa təhsili alan ziyalıların bu cür addımlarla Şərqə demokratiya və insan azadlığı adına böyük bir örnək gətirmələri və bu örnəyin Azərbaycan adına edilməsi tariximizin ən şanlı səhifələrindən biridir.
    Təəssüf ki, hər zaman qarışıq dövrlərdə olduğu kimi, 1918-ci ildə də ermənilərin məkri, silahlı erməni terrorçuların Azərbaycan ərazilərini işğal etmə planları və bunun arxasında böyük dövlətlərin dayanması AXC-nin qarşılaşdığı ən böyük çətinlik oldu. Erməni-daşnak qüvvələrinin Bakı da daxil olmaqla, bir çox şəhər və rayonlarımızda soyqırım həyata keçirməsi, Zəngəzurda, İrəvanda və İrəvanətrafı kəndlərdə yüzlərlə kəndimizi talan etməsi, Qarabağda qırğınlar törətməsi müstəmləkədən yenicə qurtulan və hələ milli ordusu formalaşmayan AXC üçün böyük çətinliklər yaradırdı. bütün bu təzyiqlərin, həmçinin Bakıda böyük qüvvəsi olan ingilis komandanlığının təsiri ilə 1918-ci il 29 mayda Azərbaycan Parlamenti İrəvan şəhərini 99 illik icarə ilə paytaxt kimi ermənilərə verməyə məcbur oldu.
    Bu addım qırğınların dayanması və ermənilərin də öz müqəddaratını təyin etməsi haqda Avropanın həmin dövrdə ən güclü ölkəsi və Birinci Dünya savaşının qalibi sayılan Böyük Britaniyanın Qafqaz komandanlığının tələbi ilə gerçəkləşmişdi.
    Buna baxmayaraq, ermənilərin Zəngəzur, Qafan, Meğri, o cümlədən Qarabağda qətliamları davam edirdi. Nəhayət, qısa müddətdə formalaşan 40 minlik milli ordu 1919-cu ildə Qarabağ və Zəngəzurda erməni terrorçulara qarşı uğurlu əməliyyatlar aparmağa başladı. Yalnız bundan sonra ermənilər sülh barədə müzakirələrə hazır olduqlarını bildirdilər.
    AXC qısa müddətdə ölkədə böyük uğurlara imza atdı, Azərbaycan dünyanın 23 böyük dövləti tərəfindən rəsmən tanındı və 114 min kv kilometrlik ərazidə öz hakimiyyətinin təmini istiqamətində tədbirlər aldı.
    Bu uğurlu hərbi-siyasi prosesləri isə 1920-ci il 28 aprel işğalı dayandırdı. Erməni daşnakların əvvəlcədən gizli razılaşmaya uyğun olaraq 1920-ci ilin əvvəlində Qarabağ və Zəngəzurda törətdiyi qətliamların qarşısını almaq üçün AXC ordunu ölkənin qərbinə yeritməyə məcbur olmuşdu və Bakı cəmi 2 minlik kiçik bir ordu ilə mühafizə olunurdu. Mayın əvvəlində ermənilərin Zəngəzur və Qarabağda təslim olduqları və Azərbaycan ərazilərindən çıxmağı qəbul etdiklərini elan etdikdən 2 həftə sonra isə 11-ci Qırmızı ordu fürsətdən istifadə edərək şimaldan ölkəyə soxuldu və Azərbaycan növbəti dəfə işğal edildi.
    Bu işğal Azərbaycanın torpaqlarının növbəti dəfə parçalanmasına imkan tanıdı: Zəngəzur, Meğri, Qafan, Dərələyəz və Göyçə mahalı bütünlüklə ermənilərə verildi, Qarabağda isə “Dağlıq Qarabağ” adlı ermənilər üçün muxtariyyət yaradıldı…
    70 ildən sonra müstəqilliyinə qovuşan Azərbaycan yenə də ermənilər tərəfindən soyqırıma, torpaq işğalına məruz qaldı: ənənəvi olaraq Azərbaycanın yenicə müstəqilliyə qovuşması və zəif, ordusuz olmasını fürsət bilən və buna gizli şəkildə xarici dövlətlərin dəstəyi ilə onillərlə hazırlaşan erməni-rus terrorçuları növbəti dəfə niyyətlərini həyata keçirməyə başladılar.
    Əlbəttə, işğal edilmiş torpaqlarımız uğrunda mübarizə davam edir və edəcək. Ancaq bir faktı unutmamaq lazımdır: 1918-ci il cümhuriyyətimiz olmasaydı, o ağır şəraitdə ziyalılarımızın fədakarlığı ilə Azərbaycanın sərhədləri tanıdılmasaydı, Sovet Rusiyası ümumiyyətlə Azərbaycanın mövcudluğunu qəbul etməyəcək və bu ərazini AXC qurulmazdan öncəki səviyyədə – Bakının daşnaklar əlində olan şəhər-dövlət kimi saxlanılmasına razılaşmaqla, ərazilərimizdə istədiyi “bölgünü” və işğalı gerçəkləşdirəcəkdi. Məhz AXC və Azərbaycanın dünya dövlətləri tərəfindən rəsmən tanınması faktı işğalı pərdələmək üçün Sovet Azərbaycanının qurulduğu, burda fəhlələrin inqilab etdiyi barədə siyasi manevrləri gündəmə gətirdi. Guya işğal yox idi, fəhlələr inqilab etmiş və Sovet Azərbaycanı qurulmuşdu.
    Bütün tarixi faktlar onu sübut edir ki, Azərbaycanın 1920-ci il mövcudluğu 1918-ci ildə AXC-nin yaranması və bu dövlət üçün həyatlarından keçən böyük ziyalılarımızın fədakarlığının nəticəsidir. Ona görə də bu gün AXC-nin qurulması və 23 ay ayaqda qalması, daha sonra isə mühacirətdə Azərbaycanın səsinin tanıdılması üçün mücadilə aparan, terrora məruz qalan və erməni-daşnakların sui-qəsdlərlə aradan götürdüyü ziyalılarımızı böyük ehtiramla anır, onların ruhuna dualar oxuyuruq.
    Əminik ki, gün gələcək, 1918-ci ildə ziyalılarımızın başlatdığı Böyük Azərbaycana doğru gedən yol bir daha açılacaq və xalqımız tarixi Azərbaycan torpaqlarında Bütöv Azərbaycan dövlətini görəcək, işğal edilmiş bütün ərazilərimiz tarixin ədaləti ilə geri qayıdacaq.
    Əziz soydaşlarımız!
    Milli bayramınızı bir daha qutlayır, 50 milyonluq Azərbaycan xalqını təbrik edir və hər birinizə o Böyük Günü görməyi arzulayırıq.