Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP Gündəmi

  • VHP-26

    1992-ci il sentyabrın 26-da ölkənin ictimai-siyasi həyatında rol oynayan bir ailə – Vətəndaş Həmrəyliyi Partiyası yaradıldı. Partiya Azərbaycan tarixinin ən ağır dönəmində – müharibə və daxili xaosun hökm sürdüyü bir anda meydana atıldı. Gərgin müharibə, erməni işğalçılarına dəstək verən qüvvələrin ölkəni zəiflətmək cəhdləri, hakimiyyət uğrunda mübarizə aparan iddiaçılar və etnik qrupların fəaliyyəti…

    Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi. Xalq arasında böyük nüfuza malik olan, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…”

    Hazırda ölkədə gedən proseslər VHP liderinin 26 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və çağdaş olduğunu gözlər önünə sərir. VHP 26 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirib.

    Bu gün 80-ə yaxın bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir.

    Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qaçqın və köçkünlərin öz torpaqlarına qayıtması, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin var olması VHP-nin əsas hədəfi olaraq qalır.

    Partiyanın 26 il əvvəl irəli sürdüyü şüar bu gün də qüvvədədir: “Nicatımız – Vətəndaş Həmrəyliyindədir!” Vətəndaş Həmrəyliyi Partiyasının 26 yaşının tamam olması münasibətilə partiya üzvlərini və əqidə dostlarımızı ürəkdən təbrik edir, hamısına uğurlar arzulayırıq!

  • Bakının qurtuluşunun 100 ili tamamlanır

    Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni- daşnak və bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.

    1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

    Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

    Beləliklə, bu qələbə ilə müstəqilliyini təmin edən Azərbaycanda erməni-daşnak və bolşevik birlikləri darmadağın edildi.

    1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etsə də, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-daşnak və bolşevik işğalı altında idi.

    Azərbaycanın öz ərazi bütövlüyünü öz gücünə təmin etmək imkanları isə yüksək deyildi.

    Belə bir şəraitdə Osmanlı imperiyası Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və 1918-ci ilin avqust-sentyabr aylarında İslam Qafqaz Ordusu öz tarixi vəzifəsini yerinə yetirərək Bakını azad etdi.

    Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə 2018-ci il sentyabrın 15-də “Azadlıq” meydanında parad keçiriləcək, axşam isə konsert olacaq.

  • VHP Türk şəhidliyini ziyarət etdi- FOTO

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının və DAK-ın üzvləri Türk Şəhidliyini ziyarət edib.

    Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak quldur dəstələrindən azad olunmasının 100 illiyi ilə bağlı baş tutan ziyarətdə Qafqaz İslam Ordusunun Azərbaycanın müstəqilliyi yolunda şəhid olan əsgərləri anılıb, onların ruhuna dualar oxunub.

    Partiyanın sədri, xalq şairi Sabir Rüstəmxanlı çıxış edərək, bakının işğal altında olduğu, Gəncənin müvəqqəti olaraq paytaxt seçildiyi məqamda Məmməd Əmin Rəsulzadənin Türkiyədən hərbi yardım xahişi, Ənvər Paşanın öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun rəhbəri təyin etməsi və Bakını xilas etmək üçün göndərməsi haqda danışıq.


    S.Rüstəmxanlı Qafqaz İslam Ordusunun Bakıya gələnə qədər bir çox rayonda erməni-daşnak qüvvələrini məhv etməsi, azərbaycanlılara qarşı aparılan soyqırımın qarşısını alması, Bakının mühasirəsi və tarixi abidələrin, strateji obyektlərin qorunması üçün son dərəcə mükəmməl hücum əməliyyatı hazırlanması barədə tarixi məlumatları xatırladıb. Natiq qeyd edib ki, 15 sentyabr Azərbaycanın tarixində şərəf səhifələrindən biridir və bu şərəfli səhifəni Nuru Paşanın başçılığı ilə türk əsgərləri azərbaycanlılarla birgə yazıb.


    Bu hadisənin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təntənəsi olduğunu bildirən S.Rüstəmxanlı vurğulayıb ki, 15 sentyabrda hərbi parad keçirilməsi barədə qərar təqdirəlayiqdir:
    “Ancaq hesab edirəm ki, Azərbaycanın Nuru Paşaya vəfa borcu olaraq Bakıda abidəsinin ucaldılması da mütləqdir”.

  • VHP beynəlxalq foruma qatılacaq

    Vətəndaş Həmrəyliyi Partiyası Asiya Siyasi Partiyalarının Assambleyasının (ICAPP, International Conference of Asian Political Parties) 27-ci sessiyasına dəvət edilib.

    VHP mətbuat xidmətindən bildirilib ki, 24 oktyabr 2018-ci il tarixində Moskva şəhərində keçiriləcək sessiyada VHP rəhbərlik səviyyəsində təmsil olunacaq. Sessiya ərəfəsində Rusiyanın hakim partiyasının təşkilatçılığı ilə beynəlxalq forumun keçirilməsi də nəzərdə tutulur.

    Forumda “Ekstremizmlə mübarizədə partiyaların rolu” və “Partiyaların beynəlxalq səviyyədə əməkdaşlığı” mövzuları müzakirə ediləcək.

    Qeyd edək ki, İCAPP özündə Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirir.

  • Qarabağın açarı millətin əlindədir

    VHP-çilər Ağdamın işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etdilər: Qarabağın açarı millətin əlindədir

    Ağdamın işğalının 25-ci ildönümü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri siyasi partiyalar, QAT üzvləri və ictimayyət nümayəndələri ilə birgə Şəhidlər Xiyabanını ziyarət ediblər.
    VHP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Felmar Ələkbərli çıxışında Ağdamın işğalından danışıb, bildirib ki, Ağdam ən çox şəhid verən rayonlardan biri olub. O qeyd edib ki, biz millət olaraq bu işğala barışa bilmərik. Qarabağ işğalda olduğu hər gün biz xəcalətlə yaşayırıq, bu xəcalətə son verməliyik. Qarabağı işğaldan azad etdiyimiz gün bizim şərəf və qürur günümüz olacaq. O zaman şəhidlərin, Qarabağ uğrunda həlak ruhları şad olacaq.F.Ələkbərli həmçinin bildirib ki, deyilənlərdən fərqli olaraq Qarabağın açarı Moskvanın yox, bizim millətin əlindədir, biz millət olaraq Qarabağı azad etməliyik.
    Sonda VHP üzvləri Azərbaycanın Milli Qəhramanı, mərhum jurnalist Salatın Əsgərovanın da məzarını ziyarət ediblər.

     

     

  • VHP Cümhuriyyət günün qeyd etdi- FOTO

    28 may Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvləri İstiqlal abidəsini ziyarət etmək üçün “İçərişəhər” metrosunun qarşısına yığıldılar.
    Polis partiya üzvlərinə abidə yanına getməyə imkan verməsə də, sonradan
    VHP sədri Sabir Rüstəmxanlının müdaxiləsi nəticəsində bir qrup VHP üzvü abidəni ziyarət edə bildilər.
    Sabir Rüstəmxanlı abidə önündə çıxışında Cümhuriyyət tarixindən, İslam Şərqində ilk demokratik respublikanın qurucularının fədakarlığından danışdı, onların əziz xatirəsi rəhmətlə anıldı.
    Qeyd edək ki, israrla polis əməkdaşları burda qeyd edə bilməzsiniz, gedib Novxanıda qeyd edin deyirdilər.

  • Cümhuriyyət-100: Futbol turnirinin qalibi VHP oldu

    Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Müsavat Partiyasının keçirdiyi mini futbol turnirinin qalıbləri bəlli olub.

    Olimpiya stadionunun Azfar meydançasında keçirilən final olyununda Müsavat və VHP komandaları qarşılaşıb.

    Çox gərgin keçən oyun 3:3 hesabi ilə nəticələnib. Əsas oyundan sonra əlavə vaxtda da qalib müəyyən olunmayıb – 4:4.

    Penalti zərbələrini daha uğurlu icra edən VHP komandası turnirin qalibi olub.  Qeyd edək ki, turnirdə AXCP, Nida, Real və jurnalistlərin komandaları da iştirak edib.

    Oyundan dərhal sonra mükafatlandırma mərasimi keçirilib. Müsavat Partiyasının başqanı Arif Hacılı turnirin kubokunu VHP komandasına təqdim edib. Daha sonra VHP və turnirdə 2-ci yeri tutmuş Müsavat komandasının üzvlərinə  medallar təqdim edilib.

  • Sabir Rüstəmxanlı Naxçıvan VHP-çiləri ilə görüşüb

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiya sədri Sabir Rüstəmxanlı partiyanın Ordubad, Şərur və Şahbuz rayon təşkilatlarının sədrləri və Naxçıvan MR təşkilatı Gənclər Şöbəsinin sədri ilə görüşüb.
    Görüşdə ictimai siyasi proseslər, VHP rayon təşkilatlarının fəaliyyəti müzakirə edilib. Bildirilib ki, Naxçıvanda yerli təşkilatların konfransları keçirilib və may ayında VHP Naxçıvan Muxtar Respublika təşkilatının konfransı keçiriləcək.
    Həmçinin Ordubad RT sədri Saleh Adıgözəlov, Şahbuz RT sədri Sirac Ələşov, Şərur RT sədri Qafar Qulusoy öz təşkilatlarının fəaliyyətindən, VHP-nin Naxçıvan MR Gənclər Şöbəsinin sədri Nüsrət Abdullayev isə gənclərin fəaliyyəti barədə məlumat verib.

  • Sabir Rüstəmxanlı Devlet Bahçeli ilə görüşüb

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı Milliyətçi Hərəkat Partiyasının Genəl başkanı Devlet Bahçeli ilə görüşüb. Görüşdə Türk dünyasında baş verən olaylar, Qarabağ problemi və Türk ordusunun Afrində apardıgı uğurlu əməliyyat, Türkiyə-Azərbaycan münasibətləri müzakirə edilmişdir.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı MHP-nin 12-ci qurultayında iştirak etmək üçün Ankarada səfərdə olmuşdur.

  • Sabir Rüstəmxanlı Ankaraya getdi – MHP-nin qurultayında iştirak edəcək

    Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Milliyyətçi Hərəkat Partiyasının qurultayında iştirak etmək üçün bu gün Ankara şəhərinə yola düşüb.

    Bu barədə BakuPost-a partiyadan məlumat verilib. Bildirilib ki, VHP sədri qurultay ərəfəsində MHP sədri Devlet Bahçeli, millət vəkilləri və Azərbaycan diaspor rəhbərləri ilə görüşəcək.