Vətəndaş Həmrəyliyi Partiyası

Category: VHP Gündəmi

  • Tarix dərsi: Sabir Rüstəmxanlı sirləri açdı – VİDEO

    REAL TV-də yayımlanan “Tarix dərsi”ndə Sabir Rüstəmxanlı bir çox sirlərə aydınlıq gətirir

    REAL Televiziyasında həyata keçirilən bu layihənin əsas məqsədi yaxın keçmişimizi bir daha yada salmaqdır. Çünki tarixini unudan gələcəyini qura bilməz.

    Tarix dedikdə isə müasir tariximizi nəzərdə tuturuq. 1988-ci ildən başlayan prosesləri…

    1988-1989-cu ildə Azərbaycanda Milli Azadlıq Hərəkatı kifayət qədər genişləndi. Bu isə tək Azərbaycanda deyil, Sovetlər Birliyinin müxtəlif ölkələrində də baş verirdi…

  • “SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”

    İki gün öncə – oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olundu. 1991-ci ilin 18 oktyabrında parlamentdə Azərbaycan Respublikasının Müstəqillik Aktı qəbul edilib.

    Hər il olduğu kimi, bu il də ölkəmizin müstəqillik qazanması ilə bağlı bir-birinə zidd fikirlər var. Məsələn, bəzi şəxslər bildirir ki, ötən əsrin sonlarına yaxın dünyada və SSRİ məkanında baş verən siyasi-iqtisadi və hərbi proseslər sosialist düşərgəsini dağıtmağa istiqamətlənmişdi. Ona görə də SSRİ-nin dağılması müttəfiq respublikaların və başqa sosialist ölkələrin müstəqillik qazanması üçün fürsət oldu.

    Bu fikrin tərəfdarlarının mövqeyi belədir ki, xalq hərəkatlarının, milli azadlıq mübarizələrinin müstəqillik qazanılmasında ciddi rolu olmayıb. Bu, tarixi zərurətdən meydana çıxmış bir hadisədir.

    Başqa fikir isə bundan ibarətdir ki, Azərbaycan və digər respublikalar müstəqilliyə xalqların mübarizliyi və milli azadlıq hərəkatı liderlərinin fədakarlığı sayəsində qovuşub.

    Bəs, əslində gerçəklik nədən ibarətdir?

    Milli azadlıq hərəkatının liderlərindən biri, istiqlalçı deputat Sabir Rüstəmxanlı “Yeni Müsavat”a mövzunu bu cür şərh edib: “Diqqət edin, 1918-1920-ci illərdə qurulub mövcud olan respublikanın memarı Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Müsavat Partiyası, müsavatçılar idi. 1988-ci ildən başlanan proseslərdə Xalq Cəbhəsi yaranana qədər o mitinqlərin əsas liderləri şair Sabir Rüstəmxanlı ilə fəhlə Nemət Pənahlı idi. Arxa planda şübhəsiz hələ ortaya tam çıxmasa da Əbülfəz Elçibəy də var idi. Amma Xalq Cəbhəsi yaranandan sonra təşkilat olaraq proseslərə Xalq Cəbhəsi rəhbərlik edirdi. 1991-ci ildə müstəqilliyin bərpasının memarı Xalq Cəbhəsi idi. Sonrakı dövrdə Heydər Əliyev gəldi və onun da öz xidməti var. Müstəqilliyin bərpasının əsas müəllifi xalqın gücü idi. Milyondan artıq insan meydanlara yığışırdı, 43 millət vəkili isə xalqa arxalanıb parlamentdə mübarizə aparırdı. Parlamentin binasını xalq əhatəyə almasaydı və xalqın təzyiqi olmasaydı müstəqilliyə nail ola bilməzdik. Bu işlərin heç birini xalqsız görmək mümkün olmazdı”.

    Sabir Rüstəmxanlı qeyd etdi ki, SSRİ-dən qopan digər respublikalarda da “Müstəqilliyin əldə olunması SSRİ-nin dağılmasının nəticəsi idi” təbliğatı gedir. Ruspərəst qüvvələr belə təbliğat aparırlar ki, xalq hərəkatlarının, Xalq Cəbhələrinin heç bir rolu olmadı, onsuz da SSRİ dağılmağa məhkum idi və müstəqilliyi də bizə məcməyi də hazır verdilər: “Bu cür fikrilər tamamilə yanlış təbliğatdır və xalq hərəkatını, xalqın azadlıq mübarizəsini gözdən salmaq cəhdidir. Bu cür fikirlər birmənalı şəkildə rədd edilməlidir. Əgər xalq hərəkatı olmasaydı, Azərbaycanda, Baltikyanı respublikalarda SSRİ-nin apardığı yanlış siyasətə qarşı mübarizə olmasaydı, hansısa kosmetik dəyişikliklərlə SSRİ-ni saxlayacaqdılar. Əslində SSRİ-nin dağılması həm Baltik respublikalarında, həm də Qafqazda, xüsusən Azərbaycanda illər uzunu aparılan işin bir tərəfdən nəticəsi idi. 1988-ci ildən Azərbaycanda başlanan proses, ermənilərin Dağlıq Qarabağ iddiaları, sonra Moskvanın erməniləri dəstəkləməsi, Azərbaycanda əhalidən ov tüfənglərinin də alınması, Ermənistandan azərbaycanlıların qovulması, bunun ardınca başqa respublikalarda da baş verən hadisələr artıq SSRİ-yə, mərkəzi hakimiyyətə inamı sarsıtmışdı. Bu vəziyyət ciddi bir etiraz dalğası yaratmışdı. Azərbaycanda 1988-ci ilin fevralından başlayaraq az qala hər ay mitinqlər keçirilirdi. 1988-ci ilin sonunda 18 günlük mitinq əslində SSRİ-ni sarsıdan mitinq idi”.

    S.Rüstəmxanlı bəyan etdi ki, SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu: “Azərbaycan parçalandığı gündən öz bütövlüyünü, müstəqilliyini arzulayıb, buna çalışıb. 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin qurucuları, onların varisləri bu mübarizəni xaricdə aparıblar. 1988-ci ildən isə azadlıq mübarizəsi meydanlarda açıq görünməyə başladı. Bir çox faktorlar gəldi bir nöqtədə birləşdi ki, artıq SSRİ dağılmalıdır və dağıldı. Onun dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu. Azərbaycanda inqilab səviyyəsində proses gedirdi. SSRİ-ni o inqilabi proseslər çökdürdü. Azərbaycanın müstəqilliyə qovuşmasını Moskvadan təyin olunan rəhbərlər yubatmağa çalışırdılar, qarşısını almaq istəyirdilər. Onlar da bunu Moskvanı sevdiklərindən etmirdilər, Moskvanın əli ilə Qarabağı xilas eləməyi düşünürdülər. Bizimkiləri Moskvadan asılı eləyən əsas səbəb o idi. Ona görə də Müstəqillik Aktının qəbulu bizdə bir az yubandı. Əslində isə prinsip etibarilə SSRİ məkanında azadlıq hərəkatı ilk növbədə Azərbaycandan başlamışdı”.

    Etibar SEYİDAĞA,

    “Yeni Müsavat”

  • “Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu”

    Sizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

    1991-ci ilin 18 oktyabr xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.
    Şərqdə ilk demokratik respublikanın qurucusu olan Azərbaycan xalqı 1920-ci il aprel işğalından sonra da istiqlal ideyasını yaddaşında yaşatmışdır. Azadlıq yolunda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində milli şüur daim yaşamış və 80-ci illərdə böyük bir hərəkata çevrilmişdi. Nəhayət 1991-ci il oktyabrın 18-də “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalının təzyiqi ilə Azərbaycan parlamenti xalqın istəyini tarixləşdirdi. Parlament tərəfindən Müstəqlllik Haqqında Konstitusiya Aktını qəbul olundu və bu 1918-20-ci illərdə böyük öndər M. Ə. Rəsulzadənin liderliyi ilə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olan yeni müstəqil dövlətimiz quruldu. Bu, çağdaş tariximizin çox şərəfli bir səhifəsinə çevrildi. Rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, deportasiyalar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.
    Çətinliklə qazanılan müstəqilliyi qorumaq, inkişaf etdirmək də hər bir vətəndaşdan böyük iradə və məsuliyyət tələb edir. Son dövrlər regionda baş verən və Qarabağın işğalı Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaradır. Bu səbəbdən bütün soydaşlarımızı Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində məsuliyyətli olmağa və milli birliyə, vətəndaş həmrəyliyinə çağırırıq.
    Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayırıq.

    Sabir Rüstəmxanlı və
    VHP Siyasi Şiyasi

  • VHP-dən “Barış pınarı” əməliyyatına dəstək

    Qardaş Türkiyə Cumhuriyyəti tarixinin şanlı səhifəsini yazır. Türk ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı Türkiyənin milli təhlükəsizliyi ilə yanaşı, həm də regionda minlərlə ailənin sülh və əminamanlıq içində yaşamasının təminatıdır. Tarix bir daha Yaxın və Orta Şərqdə Türk siyasətinin yalnız barış və hürriyyətin qorunmasına yönəldiyinin şahidi olur. “Barış pinarı” hərəkatı Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarının yüz il sonra da Türkiyə Cumhuriyyəti üçün dövlət prinsipi olduğunun təsdiqidir.
    Təəssüf ki, Qərbin antitürk siyasəti son əməliyyatlarda da öz təsirini göstərir. Bəzi Avropa dövlətləri və beynəlxalq qurumlar rəsmi Ankaradan əməliyyatları dayandırmağı tələb edirlər. Ərəb Dövlətləri Liqası da təcili toplantı çağıraraq, Türkiyəni Suriya əməliyyatını dayandırmağa çağırıblar. Sənədə Fələstinin də qol çəkdiyi deyilir. ABŞ, Avropa, Rusiyanın hərb maşınları bölgədə at oynadanda, minlərlə insan həyatını itirəndə, öz ölkəsindən qaçqın düşəndə dünya susurdu. Türkiyənin hərbi müdaxiləsi daha çox həm də evlərindən qaçqın, didərgin düşən suriyalılara lazımdır. Onlar üçün təhlükəsizlik zonası yaradıb yeni həyat qurmaqlarına kömək etmək niyyəti güdür. Bu səbəbdəb bölgə əhalisi Türk əsgərini xilaskar kimi qəbul edir, onlara dualar edir.

    Türkiyə ötən əməliyyatlar kimi, “Barış pınarı”nı da nəzərdə tutulan müddətdə uğurla yekunlaşdıracaq. Əməliyyatın uğurla nəticələnməsi Türkiyənin bu addımına qarşı çıxan bəlli dövlətlərin də puça çıxaracaq.

    Biz Vətəndaş Həmrəyliyi partiyası olaraq Türkiyənin yanındayıq, terroru lənətləyirik, Şanlı türk ordusuna yeni zəfərlər arzulayırıq.
    Tanrı Türkümüzü və Azərbaycanımızı qorusun!

  • Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

    Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış kinorejissor Rovshan Almuradli bu gün səhər saatlarında qəfil dünyasını dəyişmişdir.

    Rövşən bəy 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olmuşdur. O ömrünü bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan kinosunun inkişafına sərf etmişdir. İyirmidən artıq filmin, ona yaxın tamaşanın rejissoru olan Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. O, yalnız yaradıcılığı ilə deyil, düşüncələri, fəaliyyəti ilə millətə və dövlətə xidmətdə olmuşdur. Onun rejissoru olduğu “Cavad xan” filmi qəhrəmanlıq tariximizin təbliği ilə yanaşı həm də milli qürur mənbəyimizə çevrilən sənət əsərinə çevrildi. Kinorejissor kimi son işi olan “Əsgərlər unudulanda ölürlər” filmi Azərbaycan xalqının öz istiqlalı uğrunda mübarizə əzmini, Azərbaycan əsgərinin qüdrətini özündə əks etdirirdi. Onun, “Etnoqrafik etüdlər”, “Qobustan”, “Qax abidələri”, “Padarçöl”, “Molla Cümə”, “Şıx ocağının işığı”, “Qudyalçay”, “Göyçə gözəlləməsi”, “Yurd” və sair sənədli filmləri Azərbaycan milli mənəvi dünyasının xəritəsinin formalaşdırılmasında mühüm rol oynayıb.
    Rövşən Almuradlı öz mövqeyi, fəaliyyəti ilə əsl ziyal, vətənpərvərlik və milli əqidə daşıyıcısı rəmzi idi. Belə bir sənət adamının dövlət tərəfindən diqqətdən kənarda saxlanmas, onun şəxsinə və yaradıcılığına lazımi qayğının göstərilməməsi ölümündən sonra daha çox təəssüf və ağrı hissi yaradır. Rövşən Almuradlı öz düşüncə və əqidəsinin gerçəkləşməsi üçün yalnız sənət dili ilə deyil, ictimai siyasi fəaliyyəti ilə də əlindən gələni əsirgəməmişdir. Milli Azadlıq Hərəkatının ilk günlərindən meydanda olan Rövşən bəy siyasi fəaliyyətini Vətəndaş Həmrəyliyi Parrtiyasında Siyasi Şuranın üzvü kimi davam etdirirdi.
    Rövşən bəy kimi ziyalıllarımız illərlə milli mədəniyyət tariximizdə adını yüksəkdə qoruyub saxlayacaq. Onun ölümü hər birimizi üzdü, həmçinin Azərbaycanı düşünən daha bir fikir adamımızin ruhu qarşısında bizim üçün borc yükünü artırdı.
    Allah rəhmət eləsin!

    VHP sədri Sabir Rüstəmxanlı və
    Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurası

  • VHP sədri ABŞ diplomatı ilə görüşüb

    19 fevral 2019-cu il tarixində  VHP sədri Sabir Rüstəmxanlı ABŞ səfirliyinin müşaviri Piter Kaufmanı Vətəndaş Həmrəyliyi Partiyasını Mərkəzi Qərargahında qəbul edib.
    VHP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ əlaqələri, bölgədə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.
    Həmçinin söhbət əsnasında Azərbaycanın qonşuluğunda olan ölkələrdəki vəziyyət də müzakirə edilib. 
    Görüşdə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir AsadLi və DAK-ın İdarə Heyətinin üzvü və Güney Azərbaycan depertamentinin rəhbəri Babek Muganliiştirak ediblər.

  • Məhəmməd Əmin Rəsulzadənin 135 yaşı tamam olur

    Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

    M.Ə.Rəsulzadə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olub.

    O, Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

    Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub.

    1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

    Sonradan “Müsəlman demokratik “Müsavat”cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib.

    1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

    1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.

    Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurdu.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (Demokratik Respublika) elan olunub və bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayıb.

    Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqində ilk dəfə olaraq respublika qurub.

    1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib.

    Sonradan Rəsulzadə Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

    Mühacirətdə olarkən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına müraciət edib.

    “Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

    Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini happy wheels demo sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

    Azərbaycan və onunla bərabər bütün Qafqasiya cümhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular.1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

    Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

    918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

    Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

  • “Azərbaycanın hər yerində Rəsulzadənin heykəlləri ucaldılmalıdır” – Sabir Rüstəmxanlı

     Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə əlaqədar tədbir keçirib.

    Yenicag.az xəbər verir ki, tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş İnkişafı Partiyasının (VİP) sədri Əli Əliyev, AĞ Partiya sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və bir sıra siyasətçilər, ictimai xadimlər iştirak ediblər.

    Tədbirdə çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə haqqında bilmək hər kəsin haqqıdır:

    “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin son min ildə yetişdirdiyi ən dahi şəxsiyyətdir. Müsavat partiyasının yaranması birbaşa onun adı ilə bağlıdır. Onun fəaliyyəti burada narahatlıq yaradanda İrana gedib, orada Səttərxan hərəkatına qoşulub. İranda müasir mətbuatın əsasını qoyub. İran haqqında saysız-hesabsız yazılar yazıb və çap etdirib.

    Rəsulzadə sonra Türkiyəyə gedib. Orada da yeni mətbuatın əsasını qoyanlardan olub. Sonra Rəsulzadə Bakıya gəlib, bir sıra qəzetlər açıb. Nəhayət Zaqafqaziya Seymi dağıldıqda Azərbaycan Cümhuriyyətinin əsasını qoydu. Osmanlı paşalarının dəstəyi ilə Azərbaycan ordusunun əsası qoyuldu. O, heç vaxt vəzifə arxasınca getmədi, ancaq dövlətin lideri olaraq qaldı”.

    Sabir Rüstəmxanlı qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadənin zamanında Qarabağ verilməmişdi:

    “Onun zamanında Azərbaycanın sərhəddi Göyçə gölünün içərisindən keçirdi. Biz belə bir şəxsiyyəti unutmamalıyıq. İndiki Azərbaycan Cümhuriyyətin mirasıdır. Azərbaycanın bütün milli atributları onun zamanında yaradıldı. Ona görə də, bu gün o dövləti əziz tuturuqsa, Azərbaycanın hər yerində Məhəmməd Əmin Rəsulzadənin heykəlləri ucaldılmalıdır. O dövləti quranların hər birinin xatirəsinə heykəllər qoyulmalıdır”.

    VHP sədri vurğulayıb ki, bu gün 135 illiyini qeyd etdiyimiz Məhəmməd Əmin Rəsulzadə 135 əsr sonra da xalqımızın ürəyində yaşayacaq.

    Sabir Rüstəmxanlıdan sonra çıxış üçün söz alan VİP sədri Əli Əliyev bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin yetişdirdiyi şəxsiyyətlərdən biridir:

    “Azərbaycan adı yaşadıqca, Azərbaycan dövləti var olduqca, Məhəmməd Əmin Rəsulzadə adı Azərbaycan adı ilə qoşa çəkiləcək”.

    Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxışında qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə bayraqla bizi birləşdirir:

    “Bayrağımızda dəyərlər var. Ancaq bayrağımızdakı ilk rəng, mavi rəngin dəyərlərini daşıyan insanlar sıxışdırılır. Millətçi dəyərləri daşıyan şəxslər, türk adı, türk dili təqib olunur. Ancaq hər kəs bilməlidir ki, o bayraq bütün dəyərləri özündə əks etdirir və bizi birləşdirir”.

    AĞ partiya başqanı Tural Abbaslı Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin üzərindəki baralyef məsələsinə diqqət çəkib. Tural Abbaslı bildirib ki, 70 il Sovet hökuməti onun adını silmək istədi, ancaq bacarmadı:

    “Rəsulzadə adını silməyi bacarmayacaqlar. Rəsulzadə və digərlərinin adı Azərbaycan adı ilə sinonimdir. Elə dəyərlər var ki, onlar siyasi mübarizə predmeti deyil. Azərbaycan var olduqca, daim xalqımızın ürəyindədir. Çox təəssüf ki, Məhəmməd Əmin Rəsulzadəyə nə zamanında, nə Sovet dövründə, nə də indi qiymət verilib”.

    ADP sədri Sərdar Cəlaloğlu çıxışında Məhəmməd Əmin Rəsulzadənin yetişdiyi dönəmə baxılmalı olduğunu vurğulayıb. O, bildirib ki, Rəsulzadə Səttərxan hərəkatında yetişib:

    “Məhəmməd Əmin Rəsulzadəni biz siyasətçidən daha çox, milli ideoloq kimi dəyərləndirməliyik. Rəsulzadənin böyüklüyünü kim qəbul edirsə, onun ideyalarını daşımalıdır. Rəsulzadə həm Stalinlə əməkdaşlıqdan, həm də Hitlerlə əməkdaşlıqdan imtina edib. Biz fəxr etməliyik ki, bizim belə tarixi şəxsiyyətimiz var”.

    Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin qoyulması üçün hakimiyyətə müraciət olunması təklif olunub.

    Tədbir digər şəxslərin çıxışları ilə davam edib.

    Səxavət Məmməd

    www.yenicag.az

  • Türkmanlar Bakıda xalq şairi ilə görüşdü

    Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Kərkük Mədəniyyət Dərnəyinin başqanı Şəmsəddin Küzeçi, “İraq Türkman Birliyi və Həmrəyliyi” Dərnəyinin başqanı Kürşad Çavuşoğlu və “Türkmaneli” qəzetinin baş redaktoru Necat Kövsəroğlu ilə görüşüb.

    Görüşdə Azərbaycan-İraq əlaqələri, türkmanların hazırkı durumu və fəaliyyət istiqamətləri müzakirə edilib. Türkman ədəbiyyatı və Azərbaycan-türkman ədəbi əlaqələri, bu əlaqələrin inkişaf imkanları da müzakirə mövzusu olub.

  • VHP sədri Sabir Rüstəmxanlının 18 oktyabr təbriki

    Dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.

    Təbrikdə bildirilir:
    “Əziz həmvətənlər!
    1991-ci ilin 18 oktyabrı Azərbaycan xalqının həyatında böyük əhəmiyyətə malik, tarixi bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq Hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.
    Bu bərpa prosesində təkcə həmin dövrün mübariz adamları yox, həm də 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın imzası var. Minlərlə fikir adamının 70 il ərzində daşıyıb xələfinə ötürdüyü milli şüur 80-ci illərdə böyük bir axına çevrildi və bu axın bizi ən böyük arzumuza – azadlığımıza qovuşdurdu.
    “İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. İmzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olundu.
    Dövlət Müstəqilliyinin Bərpası Günü təkcə bir xalqın diriliş tarixi deyil, həm də hər bir azərbaycanlının doğum günüdür. Məhz bu şanlı gündə bizim bir dövlət və xalq olaraq gələcəyimizin əsası qoyuldu.
    Sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, dövlətimizin azadlığımızın əbədi olmasını arzulayıram”.
    Bir gün bu bayramı Qarabağda qutlayacağımıza da qətiyyətlə inanıram!