Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Sabir Rüstəmxanlı: “Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi”

    İyunun 24-də mərhum prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günüdür.

    Elçibəy 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

    1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də Ordubad rayonunun Kələki kəndinə gedib.

    İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

    Elçibəylə bağlı tarixi günlərin hər birində bir sıra ənənəvi müzakirələr hər zaman gedir. Onlardan biri budur ki, vaxtilə Bakı Dövlət Universitetində dərs deyən bir ali məktəb müəllimi bir anda xalq hərəkatının liderinə necə çevrildi? O zaman meydanda, tribunada olduqca populyar və sevilən simalar var idi. Amma onların heç biri liderlik mərtəbəsinə qalxa bilmədi.

    Elçibəyi sevdirən, lider edən keyfiyyətləri nə idi?

    Azərbaycan milli azadlıq hərəkatının öncül isimlərindən olan, xalq şairi, VHP sədri, deputat Sabir Rüstəmxanlı bunları dedi: “Elçibəy xalq hərəkatından öncə də çıxışlar edirdi. Bizim ən müxtəlif yerlərdə yığıncaqlarımız, iclaslarımız olurdu. ”Çənlibel” dərnəyini misal çəkə bilərəm. Bizim yaratdığımız “Varlıq” birliyi var idi. Cəmi 15 nəfər birlikdə təmsil olunurdu. Elçibəy də orada idi. Tez-tez məsləhətləşirdik. Onun universitetdə dərs deyərkən milli mövqedən çıxış etməsi, ölkənin gələcəyi ilə bağlı fikirlərini cəsarətlə çatdırması gənclər arasında ona çox hörmət gətirmişdi. Bunu inkar etmək olmaz. Xalq hərəkatı vaxtı yaradılan komitələrin, birliklərin üzvü idi. Amma meydanda görünmədi. Səhv etmirəmsə, cəmi bir dəfə çıxış etdi. O, gəncliyin etimad göstərdiyi, həbsdə yatan bir şəxs kimi sayğı və hörmət qazanmışdı. Meydan böyük bir hərəkat, qüvvə idi. O qüvvənin təşkilata çevrilmə prosesi bir az ayrı idi. Orada artıq müxtəlif adamlar yığışmışdı. Burada subyektiv amillər də mühüm rol oynayırdı. Liderlik məsələsindən əvvəl Nemətlə məni az qala üz-üzə qoymuşdular. Haqqımızda müxtəlif şayiələr gəzdirirdilər. Bunun kim tərəfindən idarə olunduğu barədə bir söz deyə bilmərəm.

    Amma belə bir proses cərəyan edirdi. Xalq Cəbhəsi yaradılanda birbaşa meydan liderləri yox, ilk konfransda iştirak edən adamların seçdiyi adamların seçkisi olmuşdu. Yusif Səmədoğlu və Əbülfəz Elçibəyin namizədliyi irəli sürülmüşdü. Sonda Elçibəyin üstündə dayanmışdılar. O, Xalq Cəbhəsinin ilk sədri oldu. Bu da onu milli azadlıq hərəkatının liderinə çevirdi. Belə bir fikir yaranmışdı ki, bu işi, prosesi elə əvvəldən Elçibəy başlayıb və sonradan onun məhz lideri kimi fəaliyyət göstərir. Elçibəyin orada olan xidmətini heç cür danmaq olmaz. Amma etiraf edək ki, bu hərəkatın təməlində, proseslərin mərkəzində bir adam dayanmırdı. Tələbələrin, alimlərin kütləvi bir hərəkatı idi. Bu, Qarabağda ermənilərin başlatdığı proseslərə qarşı başladılmışdı. Öz torpağını qoruma hərəkatı idi. Sadəcə, sonradan təşkilatlanma oldu və seçki yolu ilə Elçibəy sədr seçildi. Onu da deyim ki, həmin proseslərin əsas xarakteri milli hərəkat olması idi. Elçibəydə də milli təəssübkeşlik, milli mənafelərlə bağlı mövqe qəti idi. Milli təfəkkürü onu önə çıxaran amillərdən biri idi. Onun haqqında fikirlərimi “Elçibəyin xəstəliyi” haqqında yazımda yazmışam”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”

  • Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir

    Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. “Ermənistan ölkə konstitusiyasına dəyişiklik edərək, yenidən prezident respublikası olmalıdır”. Bunu Qətər İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib. O qeyd edib ki, indiki halda bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur.

    Yada salaq ki, Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək, parlamentli respublika idarə üsuluna keçib.

    Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır.

    Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyəti dövründən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Bəs Azərbaycanda bu istiqamətdə müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

    VHP sədrinin müavini Samir Əsədli isə bildirdi ki, Ermənistanda dövlət üsul idarəsinin dəyişdirilməsi ilə bağlı təklif sırf müharibə nəticələrinin yaratdığı situasiya ilə bağlıdır. Dünyanın demokratik gedişatı isə parlament üsul idarəsindən yanadır: “Bildirim ki, Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə parlamentli respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla və daha çox sayda  formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa, siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir”.

    Etibar SEYİDAĞA,
    “Yeni Müsavat”

  • Sabir Rüstəmxanlı: “Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir”

    Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müzakirəsi zamanı fikirlərini çatdırdı. Bildirdi ki, müzakirənin bu qədər uzanmasının bir səbəbi var: “Sosial məsələ, insanların güzəranı həssas məsələdir. Mən fikrimi demişdim. Müəyyən dəyişikliklər də olub. Bu, praktikada özünü göstərəcək, onda biz görəcəyik ki, bu xalqın xeyrinədir, yoxsa ziyanına? Çoxluq qəbul edirsə, biz də parlament etikasına uyuruq”.

    Deputatın sözlərinə görə, elə rayon var ki, yalnız bir adam kompüterdə cədvəllər yerləşdirir, sənədləri doldurur və Bakıya göndərir: “Bakının özündə də belə hallar. İnsanlar əlilliyin müəyyən edilməsi üçün saatlarla sənəd üçün gözləyirlər. Burada da əziyyət çəkən əhali, daha doğrusu əlil təbəqədir. Bu işi aparanlar elə mexanizm qurmalıdır ki, insanlar əziyyət çəkməsin”. Deputat əlavə edib ki, qanunda hər yerdə “şəxsi əlililliyin qiymətləndirilməsi” ifadəsi yazılır: “Burada qiymətləndirmədən yox, əlilliyin müəyyən edilməsindən gedə bilər”.

    Komitə sədri Musa Quliyev S.Rüstəmxanlının qeydlərini bölüşdü. Bildirdi ki, həqiqətən də bu sahədə problemlər var.

    E.Paşasoy,

    Musavat.com

  • “Xalq şairi Sabir Rüstəmxanlı” elmi araşdırmalar toplusu çap edildi

    AMEA Nizami adına Ədəbiyyat institunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin hazırladığı “Xalq şairi Sabir Rüstəmxanlı” adlı elmi araşdırmalar toplusu çap edilib.

    Vhp.az xəbər verir ki, “Sənətkarın elmi pasportu” silsiləsindən buraxılmış, 484 səhifəlik kitaba institutun direktoru, akademik İsa Həbibbəyli “Xalq şairi Sabir Rqstəmxanlı: millilik, vətəndaşlıq və müasirlik” adlı geniş Ön söz yazıb.

    AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun, fəlsəfə elmlər dokturu Rahid Uluselin, filologiya elmləri doktorları Salidə Şərifova və Mərziyyə Nəcəfovanın, filologiya üzrə fəlsəfə doktorları Qurban Bayramov və Bahar Bərdəlinin, böyük elmi işçi Mənzər Niyarlınnın, kiçik elmi işçi Hənifə Səlifovanın yazdıqları bölümlərdə yazımçının həyatı, ədəbi və ictimai- siyası fəaliyyəti bütün cəhətləri ilə araşdırılıb, yüksək peşəkarlıqla dəyərləndirilib.

    Kitabın sonunda Turan Qasımovanın hazırladığı geniş ədəbiyyat siyahısı verilib.

  • Samir Əsədli: “Gürcüstan vasitəçilik missiyasında daha avantajlıdır”

    Amma aydındır ki, Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir
    Ötən gün Antalya Diplomatiya Forumuna qatılan Gürcüstanın Xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlama verib. O, mətbuat konfransında çıxışı zamanı deyib ki, Azərbaycan və Ermənistan arasında vəziyyətin deskalasiyası üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə mühüm addımlar atılıb.
    Onun sözlərinə görə, bu planda Gürcüstanın rolunu və əhəmiyyətini artırmaq üçün imkanlar var. XİN başçısı forumda çıxışında Cənubi Qafqazdakı son vəziyyət, Gürcüstanın apardığı sülh siyasəti və təhlükəsizlik məsələlərinə diqqət çəkəcəyini qeyd edib. Bəs görəsən, Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu artıra biləcəkmi?
    Sualımızı cavablandıran VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, atəşkəs vaxtı və 44 günlük savaş dönəmində geopolitik mövqeyinə, yəni münaqişə tərəflərinin hər ikisinə yaxın dövlət kimi Gürcüstan xeyli passiv olub. O qeyd edib ki, yalnız son prosesdə- girovların minalanmış ərazilərin xəritəsi müqabilində dəyişdirilməsində rəsmi Tiflis önə çıxdı:
    “Prosesin uğurla başa çatması və hər iki tərəfin razı qalmağı Gürcüstanın vasitəçilik missiyasına avantaj gətirir. Amma bu prosesə Gürcüstanın, Qərbin,  ABŞ-ın regiondakı etibarlı tərəfdaşı kimi çıxış etməsi olaraq baxmaq lazımdır. Yəni Gürcüstan rəsmi Bakı və İrəvan arasında Qərbin sözçüsü kimi çıxış edir”.
    S.Əsədli vurğulayıb ki, düzdür, hazırda aktiv hərbi əməliyyatlar və silahlı insidentlər yoxdur:
    “Amma bu o demək deyil ki, vasitəçiliyə ehtiyac yoxdur. Qarabağda qalan ermənilərin gələcək taleyi, minalanmış ərazilərin xəritəsi, Zəngəzur dəhlizi və bir çox digər məsələlərdə hələ vasitəçisiz bir masa arxasında oturmağa hazır olmayan Azərbaycan və Ermənistan üçün üçüncü obyektiv tərəf vacibdir. Bütün bu sadalananlar Gürcüstanın vasitəçilik missiyasının davamlı olacağını düşünməyə əsas verir”.
  • Samir Əsədli: “Türkiyə ordusu artıq Azərbaycandadır”

    Üçüncü ölkədən təhlükə olarsa Ankara hərbi dillə danışmaq imkanlarına sahib olacaq
    Şuşa Bəyannaməsinin imzalanması və müttəfiqlik müqaviləsinin şərtlərinin müzakirəsi “Türkiyənin Azərbaycanda hərbi bazası olacaqmı” sualını yenidən gündəmə gətirib. Bəyannamədə bazanın yaradılması ilə bağlı konkret müddəa olmasa da, hərbi müttəfiqlik çərçivəsində müəyyən addımların atıla biləcəyi vurğulanır. Ən əsası bəyan edilir ki, Türkiyə Silahlı Qüvvələri ehtiyac yarandığı təqdirdə rəsmi Bakının dəvəti ilə istənilən vaxt ölkəmizə gələ və burada yerləşə bilər. Bununla bağlı Türkiyədə jurnalistlər Prezident Rəcəb Tayyib Ərdoğana da sual ünvanlayıblar. “Şuşa Bəyannaməsi hərbi baza məsələsini də özündə ehtiva edirmi” sualına Ərdoğan bu cür cavab verib: “Bu məsələ vurğulanan maddələrdən tamamilə kənarda deyil. Anlaşmalarda sonradan müəyyən əlavələr, genişlənmələr mümkündür. İndiki halda əsas diqqət daha çox sərhəd təhlükəsizliyinin təmin olunması və toxunulmazlığın təminat altına alınmasıdır”.
    Bir neçə gün öncə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasında heç bir maneə olmadığını demişdi. Hüquqşünas vurğulamışdı ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan asılıdır:
    “Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz”.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, Şuşa Bəyannaməsinə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar ata bilərlər. Analitikin fikrincə, Türkiyənin Şuşada Baş Konsulluq açacağını bildirməsi də çox önəmlidir:
    “Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin, Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ Prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında dünyanın aparıcı güclərinin də maraqlarının durduğunu ifadə etmiş oldu.
    Bütün bunlardan çıxış edərək demək olar ki, Bəyannamə Azərbaycan üçün hərbi baxımdan əvəzolunmazdır. Düzdür, sənəddə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda yerləşməsi ilə bağlı birbaşa müddəa yoxdur. Amma Qars müqaviləsinə istinad, Zəngəzur dəhlizi ilə bağlı açıqlama Türkiyənin bölgədə təminatçı rolunda çıxış etdiyinin açıq göstəricisidir.
    NATO üçün Cənubi Qafqazda Türkiyənin Rusiyanı sıxışdırması ən ideal variantdır. Bu baxımdan demək olar ki, NATO və dolayı yolla Türkiyə ordusu artıq Azərbaycandadır”.
  • Müstəqillik tariximizin ən böyük hadisəsi bəyanat yaydı

    Azərbaycan və Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının

    Bəyanatı

    2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Bəyannamə 44 günlük Zəfər savaşından sonra müstəqillik tariximizin ən böyük hadisəsi sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadiyə-ticarət əlaqələri, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. “Şuşa bəyannəməsi”nə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bütün mahiyyəti ilə Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə Respublikalarının tarixi ənənələrə sadiqlik nümayiş etdirərək gələcəyə daha möhkəm təməllər yaratdı.
    Bəyannamədən əlavə, diqqəti cəlb edən digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu. Həmçinin Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalaması, sənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında həm də Dünyanın maraqlarının durduğunu ifadə etmiş olur.
    Vətəndaş Həmrəyliyi Partiyası “Şuşa Bəyannaməsi”ni Azərbaycan üçün iqtisadi, diplomatik və hərbi baxımdan əvəzolunmaz hadisə hesab edərək bu sənədin Qafqazda sabitliyin qarantına çevriləcəyini, eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının regionda heç bir dövlətin marağına zidd getmədən, sülhün təminatçısı olacaq güc mərkəzinə sevrilməsinin təsdiqi olduğunu bəyan edir.

  • “Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”

    “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər zamanı imzalanan Şuşa Bəyannaməsi düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.  Bunu Pravda.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.

    Sabir Rüstəmxanlı işğaldan azad edilmiş Şuşa şəhərində imzalanan bəyannamənin əhəmiyyətindən bəhs edib: “Bu, Türkiyə ilə Azərbaycan arasında bağlanan tarixi bir sənəddir. Bəyannamə təsdiq edir ki, bundan sonra əgər hansısa qonşu dövlət Azərbaycana qarşı işğalçı mövqedən çıxış edərsə və buna cəhd göstərərsə, Azərbaycan və Türkiyə birgə hərəkət edəcəklər. Vaxtilə imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın müdafiəçisi kimi çıxış edən Türkiyə indi həm müdafiə sahəsində, həm də BMT çərçivəsində iş birliyini, eyni zamanda dövlətlərin təhlükəsizliyi məsələlərində Azərbaycanla daim birgə olacaq. Bu istiqamətləri şərtləndirən bəyannamənin Şuşada qəbul edilməsinin xüsusi rəmzi əlaməti var. Bu, Azərbaycan və Türkiyənin, doğrudan da, qardaş dövlət olduğunu nümayiş etdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və səfər zamanı imzalanan bəyannamə düşmənlərə bir daha sübut etdi ki, Azərbaycana qarşı işğalçı siyasətləri onlara baha başa gələ bilər”.

  • Samir Əsədli: “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz”

    “Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib. Lavrovun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:
    “Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”
    Lavrovun bəyanatını şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağın “statusu” ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bunu Zəfər savaşı dönəmində dövlət başçısı qəti və net şəkildə ifadə edib:
    “Dağlıq Qarabağ ancaq coğrafi məfhumdur və bu bölgəylə bağlı hansısa siyasi status müzakirə mövzusu ola bilməz. Rusiyada bu kimi fikirlərin səslənməsi sırf erməni ictimaiyyətinə hesablanıb. Kreml ondan üz döndərən Nikol Paşinyanın rəqiblərinin əlini gücləndirmək istəyir. Başqa sözlə erməni xalqına mesaj verirlər ki, əgər seçkidə ruspərəstlər qalib gələrsə, Qarabağ məsələsində Rusiya müəyyən addımlar ata bilər. Amma artıq gecdir və Moskvanın bu vədlərinin gerçək olmadığını hər kəs anlayır”.
  • Fəzail İbrahimli: “Makron yaxasını cırırdı, gəlib Qafqazda at oynada bilməz”

    “Fransanın Azərbaycana və Türk dünyasına qarşı münasibəti uzun illərdir bəllidir. Hələ bir neçə il bundan öncə uydurma erməni soyqırımı məsələsi gündəmə gələndə fransızların qəlbində bir  “erməni sevgisi” od tutub yanırdı və məhz buna görə də “erməni soyqırımı”nı qəbul etməyənələrə cərimələr nəzərdə tutan qanun qəbul elədi. Azərbaycan da Türk dünyasının bir parçasıdır. Bu mənada Avropa ölkələri içərisində Fransanın birmənalı ermənipərəst mövqeyi hamıya bəllidir və heç kimdə təəccüb doğurmur”.

    Bunu “Ölkə. Az”a açıqlamasında Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli Fransa prezidenti Emanuel Makronun Azərbaycanla bağlı son açıqlamalarını şərh edərkən deyib.

    Milli Məclis Sədrinin müavinin sözlərinə görə, Fransanın son günlərdə sərgilədiyi mövqe qəribə görünmür.

    “Bu ölkə rəsmiləri, başda Makron olmaqla  44 günlük Vətən müharibəsi dövründə digər Avropa ölkələrindən və ABŞ-dan fərqli olaraq yaxasını cırırdı. Dəfələrlə Azərbaycan dövlət başçısına müraciət edərək hərbi əməliyyatlaırn dayandırılmasını istəyirdi. Amma bu çağrışların o zaman nəticəsi olmadı. Necə deyərlər, çax-çax baş ağrıdar, dəyirman öz işindədir. Azərbaycan haqq etdiyi  qələbəni çaldı. Makronun da erməni sevgisi ürəyində qaldı”, – millət vəkili qeyd edib.

    Vitse-spiker əlavə edib ki, ümumiyyətlə Fransa bu mövqeyi 30 ilə yaxın ATƏT MQ-nin həmsədr ölkəsi kimi yürütdüyü siyasətin məntiqi davamıdır və burada qəribə heç nə yoxdur: “Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç zaman ədalətli mövqe sərgilməyib və bu gün də həmin mövqedədir. Yəni Fransanın bu gün sərgilədiyi mövqe 30 illik fəaliyyətinin məntiqi davamıdır. Bir sözlə onun mövqeyi beynəlxalq hüquqa hörmətsizlik və hayqırıdır. Amma artıq gecdir. Çünki Azərbaycan beynəlxalq hüququn prinsip və tələblərinə uyğun olaraq, beynəlxlaq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü təmin edib. Hazırda da beynəlxalq hüququn tələblərinə hörmətlə yanaşaraq, prinsipləri və qanunlar pozmadan Ermənistanla dövlət sərhədini müəyyən etməkdədir. Ona görə də hər hansı ölkə bu məsələdə Azərbaycana irad tuta bilməz. İrad tutulası, destruktiv mövqedən geri çəkilməsi və bölgədə gərginliyi pozmağa cəhd etməkdə ititham ediləsi bir ölkə varsa, o da Ermənistandır. Azərbaycana qarşı bu cür hərəkət edib, vurnuxması son akkordlara bənzəyir. Azərbaycan mövqeyində qətiyyətlidir və haqqdır. Bir daha bəyan edirəm ki, heç bir beynəlxalq hüququn  norma və prinsiplərini pozmur. Odur ki, Makron gəlib Qafqazda at oynada bilməz.
    Digər tərəfdən bu gün Azərbaycanın cəsarətli, qətiyyətli, müzəffər sərkərdəsi var və xalq onun ərtafında sıx birləşib. Azərbaycan xalqı bundan sonra də öz Müzəffər Liderinin ətrafında sıx biləşib ölkəmizə qarşı təxribatlarına birgə cavab verməlidir”.

    Mürtəza
    Ölkə.Az