Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Samir Əsədli: “ NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər”

    “Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir”
    “Postsovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan NATO-nun proqramlarında iştirak edən ilk ölkələrdəndir”.
    Bu sözləri “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri  Samir Əsədli deyib. O vurğulayıb ki, keçmiş SSRİ ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə də Azərbaycandır: “NATO-nun özünün də müxtəlif standartları var və bu standartlara uyğun proqramlar həyata keçməlidir. Məsələn, bəzi ölkələr NATO-ya üzv olmaq istəyir və bununla bağlı rəsmi bəyanat da verir. Amma qurumun müəyyən komissiyaları işləyir və bu nəticəyə gəlir ki, bu ölkənin quruma daxil olması hələ tezdir.
    Tutaq ki, bir neçə il əvvəl Gürcüstan ilə Ukrayna belə bəyanat verdi və NATO-ya müraciət etdi. Lakin ABŞ-ın çox ciddi cəhdlərinə baxmayaraq, NATO ölkələri onları quruma qəbul etmədilər ki, bu dövlətlərin müəyyən standartlara uyğunlaşması lazımdır. Həmçinin NATO ölkələri istəmir ki, bu ölkələr daxili problemlərini NATO-ya daşısınlar. Orada belə bir şərt var ki, problemlər həll olunduqdan sonra bu quruma üzv olmaq mümkündür”.
    S.Əsədli əlavə edib ki, Azərbaycan belə bəyanat və müraciət etməsə də, strukturları NATO-nun proqramına uyğun qurulub və bu, davam edir:
    “Bəyanat verib həyata keçirmək və bəyanat vermədən bu işləri həyata keçirmək məsələləri var. Biz bu işləri bəyanat vermədən həyata keçiririk. Hesab edirəm ki, gələcək perspektivdə Azərbaycanın bu quruma üzv olması məsələsi var. Diqqətdən  kənarda qalan bir vacib amil də budur ki, Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir, yəni NATO Azərbaycanda da mövcuddur. Bu, türk sülhməramlılarla Rusiyanın varlığına qarşı bir tarazlıq təmin edir. Moldova və Gürcüstandakı fəaliyyətlərini nəzərə alsaq, neqativ nəticələrə gətirib çıxara bilər. Lakin daha öncə də qeyd etdiyim kimi, NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər”.

  • Sabir Rüstəmxanlı: ““Yasin”i köçürür, gedib durur qəbristanlığın ağzında”

    “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edildi. Qanun layihəsini vitse-spiker Fəzail İbrahimli təqdim etdi.

    Müzakirələrdə çıxış edən deputat Məlahət İbrahimqızı bir neçə gün əvvəl rayonların birində kənd mollasının əxlaqsızlığa yol verməsi faktını xatırlatdı. Deputat qeyd etdi ki, daha əvvəl başqa bir rayonda da bənzər hadisə olmuşdu. Odur ki, mollaların seçimi zamanı diqqətli olmağı zəruri saydı. M.İbrahimqızı qeyd etdi ki, bəzi yas mərasimlərində elə qadın mollalar məclis aparır ki, adam orada iştirakından belə, utanır.

    Deputat Sabir Rüstəmxanlı da həmkarının fikirlərini müdafiə etdi. “Mollaların bir hissəsinə baxırsan, elə bil, bunlar azərbaycanlı deyil. Sanki bunlar fars dilində düşünürlər. Onlara bu haqqı kim verib? Dini kadrların seçilməsinə son dərəcədə ciddi yanaşılmalıdır”, – S.Rüstəmxanlı bildirdi.

    Deputat daha sonra bunları bildirdi: “Azərbaycanda kim orta məktəbi yaxşı oxuya bilmirsə, ali məktəbə qəbul oluna bilmirsə, hətta əlifbanı bilmirsə, “Yasin”i köçürür latın qrafikasına, gedib durur qəbristanlığın ağzında”.

    S.Rüstəmxanlı böyük kəndlərdə məcsid tikintisi ilə bağlı qadağaların olmasına da etiraz etdi: “Millət, xalq istəyirsə, məscidlərin tikilməsinə mane olmaq lazım deyil. Amma o məscidlərin kadrlarla təmin edilməsinə son dərəcədə ciddi yanaşmaq lazımdır”.

    E.Paşasoy,

    Musavat.com

  • VHP “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

    Vətəndaş Həmrəyliyi Partiyası (VHP)  “Pasxa bayramı” münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

    Təbrikdə deyilir:
    “Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün milli azlıqları, o cümlədən pravoslav xristianlar ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, Azərbaycan dövlətinin inkişafında fəallıq nümayiş etdirirlər. Azərbaycan vətəndaşı adını layiqincə təmsil edən ölkəmizdə yaşayan provaslav xritian icması üzvlərini Pasxa bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
    Pasxa bayramı insanlar üçün gələcəyə inamla baxmaq kimi bir əhəmiyyət kəsb edir. Pasxa yaxşılığı və sevgini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir.  Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Qoy bu bayram dünyamızın çətin günlərində insanlara sevinc, ailələrə xeyir-bərəkət gətirsin.
    Bir daha sizləri təbrik edirik. Bayramınız mübarək olsun!”.

  • Samir Əsədli: “Rusiyanın əvvəlki gücündən əsər-əlamət qalmayıb”

    “Böyük hərbi təlimlər, raket sınaqları, səfərbərlik ancaq süni güc göstəricisindən başqa bir şey deyil”
    Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb. Qərara əsasən, hökumət və regional rəhbərlik ehtiyatda olan şəxslərin çağırılması və hərbi təlimlərə cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. 
     
    Putinin bu addımını “Şərq”ə şərh edən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Rusiyanın illərdir cavabsız imperialist siyasəti dalana dirənməkdədir. S.Əsədli qeyd edib ki, Avropa və ABŞ, eyni zamanda dünyanın sülhpərvər ictimaiyyəti şimal nəhənginin siyasətinin dünyada barışa ciddi təhlükə olduğunun fərqindədir:

    “Ukrayna, Moldova, Gürcüstan ərazilərində aparılan işğalçılıq artıq dözülməz həddə çatıb. Dünya bu siyasətə qarşı təpkilər verməkdə, addımlar atmaqdadır. Bu isə özünü məğlubedilməz, etdiyi hərəkətlərin sorğulanmamasına vərdiş etmiş Kremli əsəbiləşdirir”.
    Politoloq bildirib ki, Rusiyanın bundan sonra hardasa hərbi əməliyyatlar keçirməsi inandırıcı deyil: “Böyük hərbi təlimlər, raket sınaqları və qeyd etdiyiniz səfərbərlik ancaq süni güc göstəricisindən başqa bir şey deyil. Rusiyanın monolitliyinin belə təhlükə altında olduğu bir dönəmdə belə addımlar atması gülünc görünür. Ola bilsin ki, Putin bu kimi addımlarla ətrafdakı kiçik dövlətləri, xüsusilə keçmiş sovet respublikalarını xof altında saxlamaq niyyəti güdür. Amma həm geopolitik durum, həm dünyanın Rusiyaya qarşı münasibəti onu göstərir ki, bunlar uğursuz cəhdlərdir”.
  • Fəzail İbrahimli: “Baydenin məlum ifadəsindən daha çox itirən elə ermənilər özləri olacaq”

    “Co Baydenin uydurma erməni soyqırımla bağlı açıqlamasına bir atalar misalı ilə aydınlıq gətirmək istərdim. Deyir, səksəki yatmaqdansa, yuxusuz qalmaq daha yaxşıdır.  30 ilə yaxındır uydurma erməni soyqırımı ilə bağlı ABŞ-dan səksəki bir gözlənti var idi ki, birdən soyqırımı ifadəsi işlədilər. Nəhayət, ABŞ Prezidenti Co Bayden belə bir ifadəni işlətdi. Bəs bundan sonra nə baş verəcək? Bunun ABŞ-Türkiyə, ABŞ-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərində nə baş verəcək?

    Co Baydenin belə bir ifadə işlətməsi, ABŞ-ın imicinə böyük zərbə oldu. Çünki ABŞ prezidenti tarixdə baş verməyən hadisə ilə bağlı  belə bir ifadə işlətməklə tarixi həqiqətlərə türüpmüş oldu. Keçmişini inkar etmiş oldu”.

    Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Sədr müavini və VHP sədrinin müavini Fəzail İbrahimli bildirib.

    Onun sözlərinə görə, hələ ötən əsrin 20-ci illərində İtaliyanın baş naziri Françesko Nikkonun Türkiyə ilə bağlı belə fikri var: “Avropa ölkələri nə zaman Türkiyədən nəsə qoparmağa çalışanda və yaxud nəyisə vermək istəməyəndə, uydurma erməni soyqırımı yada düşür. Bu eynilə Amerikaya da aiddir. Haçan Türkiyəni sıxışdırmaq lazımdır  uydurma soyqırım yada düşür. Amma bunun heç bir əsası yoxdur. Bax, bu gün də həmin düşüncə tərzi ABŞ-da hökm sürməkdədir.

    “Soyqırımı” məsələsi necə oldu ki, yada düşdü. Təbii ki, ABŞ-ın Türkiyənin küncə sıxıb, istədiyini ona diqtə etdirmək üçün bu addım atılıb. ABŞ-ın bu məsələdə sərgilədiyi mövqeyin tarixinə nəzər salsaq, o zaman bunun kökünün 1918-ci ilə gedib çıxdığını görərik. Birinci Dünya müharibnəsindən sonra 1920-ci ildə ABŞ prezidenti Vilson erməni “soyqırımı” ilə bağlı siyasi qərar vermək istəyir, ancaq əlində əsas olmur. Amerika prezidenti Vilsonun rəhbərliyi ilə Türkiyəni dünya ictimaiyyətinin nəzərindən salmaq,  rüsvay etmək və ermənilərin çirkin istəyini reallaşdırıb özlərinin siyasi qərarlarını gerçəkləşdirmək üçün general Harvordun rəhbərliyi altında bir missiya təşkil edərək Anadoluya göndərilir. General Harvordun rəhbərliyi altında fəaliyyətə başlayan missiya Harvord missiyası kimi tarixə daxil olub. İstədikləri nəticəni əldə edə bilmək üçün qəbirdən ölən insanları çıxararaq yoxlayırlar. Amma missiya üzvləri onlara verilən tapşırığa  uyğun nəticə ilə qarşılaşa bilmirlər. Məlum  oldu ki, ölənlər ermənilər deyil, əksinə, ermənilərin öldürdükləri türklərdir. Ona görə də Harvord Missiyasının verdiyi qərar heç bir sübut olmadığı üçün tarixin arxivinə atıldı.

    ABŞ arxivi araşdırılarsa və Harvord misisiyasının sənədləri üzə çıxsa, o zaman Türkiyə bəraət alar və bundan siyasi qərar kimi istifadə edənlər ifşa olunar. Təəssüf ki, sənədlər məxfi sənədlər kimi gizlədilir. Bax, məsələ o zamandan gündəmdədir. Odur ki, Baydenin tarixi təhrif edərək  belə bir ifadə işlətməsi, ancaq siyasi məqsədlərə xidmət edir”- deyə F.İbrahimli deyib.

    Vitse-spiker onu da əlavə edib ki, Türkiyə də ABŞ-ın hansısa rəhbərinin öz siyasi məqsədlərini həyata keçirmək üçün belə bir addım atacağını gözləməmiş deyildi: “Türkiyə NATO-da ABŞ və Avropa ölkələri ilə müttəfiq olsa da, Ankaraya qarşı yad baxış mövcud olduğunu görürdü və buna uyğun siyasətini qururdu. Məhz bu qabaqlayıcı tədbirlər nəticəsində Türkiyə Yaxın Şərqdə ona qarşı yönələn siyasətin qarşısını ala bildi. Ərdoğanın yürütdüyü uzaqgörən siyasəti nəticəsində Türkiyə üzləşdiyi bütün təhlükələri sovuşdurub və  uydurma soyqırımı məsələsini də ötürəcək. Ona görə də Ərdoğanın yürütdüyü siyasət dünyanı şoka salıb.  Onu yürütdüyü siyasət nəticəsində Türkiyə dünya dövlətləri sırasında öndə dayanan bir ölkəyə çevrilib. Bax  bu səbəbdən Türkiyə hədəf seçilib və onu bu yolla gözdən salmaq istəyirlər. Ancaq bu niyyətlərinə nail ola bilməyəcəklər. Bu metodlarla Türkiyəyə təzyiq edib, geri otuzdurmaq mümkün deyil. Bu əksinə ABŞ-ı hörmətdən salacaq. Özünü demokratiyanın beşiyi hesab edən ölkənin demokratik imicinə ciddi zərbə vuracaq”

    Millət vəkili bildirib ki, Baydenin bu ifadəsindən Ermənistan tərəfi də qazanmayacaq: “Ən çox itirən elə Ermənistan olacaq. Ona görə ki, indiyə kimi Ermənistanın Məşədi İbadda deyildiyi kimi iki adaxlısı olub. Biri Rusiya, digəri ABŞ… ABŞ-ın uydurma soyqırımla bağlı işlətdiyi ifadə bimənalı şəkildə Ermənistan-Rusiya münasibətlərinə təsir edəcək.

    Baydenin bu ifadəsi eyni zamanda Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinə də təsirsiz ötüşməyəcək və öz mənfi təsirini biruzə verəcək. Çünki imzalanan sazişə uyğun olaraq böhran içində vurnuxan Ermənistanın böhrandan çıxması üçün yeni imkanlar açırdı. Bu addımla Ermənistan dalana dirənmiş olacaq. Ermənistan sıxıntılar içərisində boğulacaq. Okeanın o tayında olan ABŞ isə Ermənistan heç bir yardım edə bilməyəcək.

    ABŞ-ın bu addımı o cümlədən Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasına təkan verə bilər. Əgər Rusiya yürütdüyü siyasətdə səmimi olarsa. Yaranmış durumdan Rusiya da uduşla çıxa bilər. Odur ki, Baydenin işlətdiyi ifadə ABŞ demokratiyasına, qanunun aliliyinə, tarixi həqiqətlərə bir hayqırı olduğu kimi, kiçik bir qrupun marağına xidmət edən, kağız üzərində qalacaq. Nəticə etibarı ilə Ermənistanın qonşuları ilə münasibətlərinə ciddi xələl gətirəcək. Bundan da itirən ermənilər özləri olacaq”.

  • Samir Əsədli: “Ermənilər təxribatların nəylə nəticələndiyini unudublar”

    “Ermənilərin dövlət sərhəddində son təxribatı bu ölkənin sülhdən kənar olmasının növbəti təsdiqidir”. 
    Bunu “Sherg.az”a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. 
    Partiya rəsmisi vurğulayıb ki, ermənilər atəşkəs pozuntularının və təxribatların nəylə nəticələndiyini unudublar: 
    “Əgər elədirsə, yenidən başlarında Dəmir Yumruq zərbəsi hiss edə bilərlər. Azərbaycan öz imzasına və bölgədə sabitliyə tam sadiqdir. Amma müharibə istəyənlər üçün də cavabımızı 44 günlük savaşda dünyaya göstərmişik. Bu olayda təəssüf doğuran digər bir məqam rus sülhməramlılarının mövqeyidir. Necə yəni erməni əsgərlər “içkili” olub?! İndi bu işğalçı, vandal ordunun nümayəndələri hər dəfə “içkili” olacaq və biz bunu səbrlə qarşılayacaq? Belə getməz. Azərbaycanın mövqeyi qətidir və biz öz ərazi bütövlüyümüzü, dövlət maraqlarımızı qəbul etdirmək gücündəyik. Belə təxribatlarla nəyəsə nail olunacağını düşünmək sərxoş təxəyyülün məhsuludur”.
  • Siyasi partiyalar ABŞ prezidentinin mövqeyini pisləyib – REAL İNTERVYU

    Birləşmiş Ştatlar Prezidenti Co Bayden “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlıda baş verənləri “soyqırımı” adlandırıb. Bu əlbəttə ki, uzun illər Birləşmiş Ştatlarda kök salan erməni lobbisinin təsirinin nəticəsidir. Hazırda Amerika administrasiyası və konqresində erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmi şəxs var. Məhz tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə olunması da bunun nəticəsində mümkün olub. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Birləşmiş Ştatlar Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyini pisləyib və bunu bəşəriyyətin dayanıqlı, sülhpərvər inkişafına təhdid adlandırıb.

    Qonağımız Bəyanatı imzalayan partiyalardan biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.

  • VHP-dən Gürcüstana etiraz: “Dövlət maraqlarında heç kəsə güzəşt edilmir”

    Azərbaycanın mehriban qonşuluq və bölgədə barış siyasəti bəzilərində yanlış xəyallar yaradır və məkrli niyyətləri üzə çıxarır. Növbəti belə bir zərbəni Gürcüstandan almışıq. Yaxın keçmişdə Keşikçidağ olayı, Borçalıda yaşayan soydaşlarımıza qarşı diskriminasiya siyasəti, işğalçı Ermənistana yanacaq dəhlizinin açılması kimi xoşagəlməz hallara qonşuluq münasibətləri pozulmasın deyə göz yummağa çalışılıb. Bu dəfə Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa düşmən ölkəyə dəstək ifadə ediblər. Bu bir qrup deputatın fərdi münasibəti deyil, Gürcüstanın rəsmi mövqeyidir. Bu olaydan bir müddət öncə Ermənistan prezidentinin Tiflisə səfəri zamanı fəxri qonaqlar kitabına “ürək” sözlərini yazıb və Ağrı dağının rəsmini cəkməsini Gürcüstan prezidentinin sosial şəbəkə hesablarında paylaşıması da bunun təsdiqir.
    Vətəndaş Həmrəyliyi Partiyası baş verənlərə qəti olaraq etirazını bildirir və Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən Gürcüstan hökumətindən Azərbaycana bağlı siyasətində ciddi korrektələr etməyi tələb edir. Azərbaycan mehriban qonşuluq siyasətinə hər zaman sadiqdir, amma dövlət maraqlarımızın heç kəsə güzəştə gedilmədiyini də hər kəs bilməlidir.

  • Sabir Rüstəmxanlı: “Rusiya sülhməramlılarının atdıqları hər bir lazımsız addım qıcıq doğurur və qəbuledilməzdir”

    Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.

    Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.

    Qurumdan qeyd olunub ki, paradda hərbi polis, xüsusi təyinatlı tibb hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

    Bəs, görəsən, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində parad keçirməyə səlahiyyətləri varmı?

    Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməsə də bəzi ekspertlər paradı Rusiyanın regionda üstün olan mövqeni nümayiş etdirmək niyyətilə keçirdiyini deyirlər.

    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, VHP Sədri Sabir Rüstəmxanlı Turan-a bildirib ki, hər il Azərbaycan faşizm üzərində qələbə gününü qeyd edir: «Biz onu təqvimdən silməmişik və tariximizin bir parçası kimi özümüz burada qeyd edirik. Çünki Azərbaycan faiz hesabıyla II Dünya Müharibəsində Belarusdan sonra ən çox insan itirən respublikalardan biridir. Qafqazdan başlayaraq Avropanın ortasına kimi, Azərbaycana aidiyyatı olmayan torpaqlarda qardaşlıq qəbiristanlıqlarında Azərbaycanın on minlərlə igidinin məzarı var. Ona görə də faşizm üzərində qələbə həm də bizim bayramımızdır».

    Deputat qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəliblərsə, onlar orada sülh yaratmaq niyyətilə gəliblər, parad keçirmək niyyətilə yox: «Rusiya sülhməramlıları bilirlər ki, onların atdıqları hər bir lazımsız addım onlara qarşı etimadsızlıq yaradır və Azərbaycanda qıcıq doğurur. Ona görə də onların bu hərəkəti qəbuledilməzdir».

    Komitə üzvü vurğulayıb ki, Rusiyada Azərbaycanla Ermənistanın arasında yaranmış bu müvəqqəti anlaşmanı pozmaq istəyən qüvvələr çoxdur: «Vladimir Putinin öz ətrafında Rusiya rəhbərliyində erməniləri müdafiə edən, bəzilərinin isə əsli erməni olan şəxslər var. Onlar Putindən fərqli olaraq münaqişənin taleyini başqa cür görmək istəyirlər və Azərbaycanı qıcıqlandırmaq, müvəqqəti anlaşmanı pozmaq üçün bütün addımları atırlar. Rusiya mətbuatı antiazərbaycan yazılarla, çıxışlarla doludur».

    Sabir Rüstəmxanlı bildirib ki, Rusiya ordusu Rusiya dövlətinin qərarı ilə Qarabağa gəlib və dövlət siyasətini nümayiş etdirməlidilər.

     

    Turan İA

  • Samir Əsədli: “Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır”

    “Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük”
    Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti parlamentə təqdim etdiyi illik hesabatda 44 günlük Vətən müharibəsi ilə bağlı bəzi məqamlar açıqlayıb. Hesabatda vurğulanıb ki, müxtəlif internet resurclarından fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı iki münaqişə tərəflərindən birinin tərəfdarı kimi təqdim etmək olub. Vurğulanıb ki, 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar. Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:
    “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”. Qonşu Gürcüstanla normal əməkdaşlığımız ən çox Tiflis üçün vacibdir. Mühüm iqtisadi və nəqliyyat layihələrində tranzit ölkə rolunda məhz Gürcüstan çıxış edir.
    Amma qonşu ölkədə ermənilər də çox fəaldır. Xain düşmən hər fürsətdə Tiflis-Bakı əlaqələrini korlamağa, araya nifaq salmağa çalışır. Ekspertlərin fikrincə, Gürcüstanın qarşısında o qədər də çətin seçim yoxdur. Bir tərəfdə hər çətinlikdə Tiflisin yanında yer alan, siyasi-maddi dəstəyini əsirgəməyən Azərbaycan, digər tərəfdə isə hər fürsətdə Gürcüstana ərazi iddiası irəli sürən, yaşadığı ölkədə qarışıqlıq yaratmağa çalışan ermənilər var.
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə bildirib ki, Azərbaycanın bütün qonşularla dinc və qarşılıqlı əməkdaşlıq üzərində münasibət qurmaqda maraqlı olduğu hər kəsə bəllidir. Siyasi şərhçinin sözlərinə görə, ölkəmiz hətta işğalçı Ermənistana qarşı da sərsəm iddialarından əl çəkəcəyi təqdirdə eyni münasibəti göstərməyə hazır olduğunu bildirib:
    “Təəssüf ki, biz bu xoş niyyətimizin adekvat cavabını hər zaman qonşularımızdan görmürük. Gürcüstan DTX-nin məlum hesabatında konkret hansı olayların nəzərdə tutulduğunu dəqiq deyə bilmərəm. Amma Azərbaycanın iqtisadi potensialından kifayət qədər fayda götürən, ölkəmizdən heç zaman zərbə almayan Gürcüstan bizimlə münasibətlərdə dəfələrlə qeyri-səmimiliyə yol verib. Məlum Keşikçidağ olayları, Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulması, bir neçə il öncə Ermənistana Rusiyadan yük daşınması üçün yeni dəhliz açılması və digər olaylar buna misaldır. Ona görə də Gürcüstan hökuməti təxribatçı qruplardan ehtiyat etməklə yanaşı, öz siyasətində də konkretləşdirici korrektələr etməlidir”.
    S.Əsədli vurğulayıb ki, həm iqtisadi cəhətdən, həm də enerji ilə təmin edilməsi baxımından Azərbaycan Gürcüstana illərdir misli görünməmiş dəstək verir:
    “Gürcüstan iqtisadiyyatının çökməməsində Azərbaycanın çox böyük rolu olub və bu gün var. Ən çətin vaxtlarında Gürcüstana ilk əl uzadan Azərbaycandır. İndi də çox ciddi dəstək verilir və Azərbaycan enerji daşıyıcılarını Gürcüstana güzəştli şərtlərlə satır. Gürcüstanda 500 mindən yuxarı azərbaycanlı yaşayır və onlar orada ən qədim aboregen xalqdır. Rəsmi Tiflis Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlayan və hələ də düşmənçilik eləyən Ermənistanla münasibətlərdə bütün bunları nəzərə almalıdır”.
    İsmayıl Qocayev