Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Yol daşını Yoldaşa atmaq günahı, yaxud Sabir Rüstəmxanlıya düşmənin belə atmadığı iftira…

    Tarixin sınağından çıxmış bir həqiqət var: İmperiyalar millətlərin əsarət altına alınması prinsipi üzərində qurulsa da, elə bu prinsip səbəbindən də dağılır. Başqa sözlə, imperiyaları yaşadan da, onları məhvə sürükləyən də əsarət altındakı millətlərdir. Bu özünü zərurət kimi göstərir. Qoca tarix çox imperiyalar yaşadıb öz xatirəsində. Bunlardan tarix səhnəsini tərk edənlər də var, bu gün süqut ərəfəsində olanlar da. Əslində bütün imperiyaların süqut hökmü yarandığı andan verilir. İnsan doğulandan onun ölümünün labüd olduğu kimi…
    Yazımızın hədəf nöqtəsi tarixin mövcudluq bölgüsündə ikincilər-süqut ərəfəsində olanlar sırasında duran İran adlanan molla rejimi və ona qarşı savaşımızdır. İslam dini altında pərdələnən, XXI əsrdə dünyanın insanlığa sığmayan idarəetməsini özündə yaşadaraq “xalqlar həbsxanası”na çevrilmiş bu quruluş 40 milyon soydaşımızın milli və insani hüquqlarından məhrum etmiş, milyonlarla soydaşımızı vətənindən didərgin salmışdır, minlərlə insanımız həbsxanadadır, bir o qədər şəhidiniz var… Bu gün sivil dünyaya təhlükə olan İran rejiminin ən böyük zərbəsi məhz Arərbaycan Türklərinə dəyir. Dünya Azərbaycanlılarının tək siyasi sığınacağı olan Azərbaycan Respublikası rəsmi dövlət siyasətində soydaşlarımızın haqqını yetərincə müdafiə edə bilməsə də, istiqlalımızın və fikir azadlığının verdiyi imkanlar milli qüvvələrin bu istiqamətdə mücadiləsini gerçəkləşdirir. Quzey Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoyan Meydan hərəkatında belə “Təbriz” əsas şüarlardan biri olub. Türkçülük sevdalısı olan hər bir Azərbaycan vətəndaşı Güney Azərbaycan adına hər zaman ayaqda olub. Amma fars-molla rejiminin istilasına son verib istiqlal qazanmaq üçün bu yetərlidirmi?…
    Şah hökumətinin devrilməsindən tutmuş, dini rejimin repressiyasına qədər müxtəlif səbəblərdən vətənindən didərgin düşərək dünyanın hər yerinə səpələnmiş milyonlarla soydaşımız var. Onların hər birinin öz vətənini istiqlal və hürriyyət içində görmək istədiyinə şübhə etmirik. Amma istəmək və arzulamaq yetərli deyil. Qarşıda böyük maddi, siyasi, hərbi gücə malik, əlində dini bayraq edib insanların beyninə hökm edən bir şər rejimi var. Belə bir düşmənə qarşı təşkilatlanmış və ağıllı siyasi taktikaya malik bir mübarizə lazımdır. Təəssüf, min təəssüf ki, belə bir mübarizənin şahidi olmuruq. Əksinə, sevimli və sayğıdəyər güneyli qardaşlarımız Avropada, Amerikada, elə Quzey Azərbaycanın özündə də üç-üç, beş-beş bir araya gəlib yetərli təsir gücünə malik olmayan təşkilatlar qurublar. Ümumi gücün parçalanması bəs deyilmiş kimi həmin təşkilatlar da enerjisini bir-birini ittiham etməyə, özünü haqlı, digərini xain çıxarmağa sərf edir.
    Ötən illər ərzində Güney Azərbaycan azadlıq hərəkatının lideri olacağına ümidləndiyimiz hər bir şəxs ya siyasi səbatsızlığından, ya da digər bir liderin ardıcıl ittihamları nəticəsində sıradan çıxarılıb. İran kəşfiyyatının gizli sistemli siyasəti, yaxud mühacir soydaşlarımızın özünün yetənəksizliyi və ya ola bilsin ki, digər bir səbəb Güney Azərbaycan mühacir hərəkatını faktiki olaraq iflic vəziyyətə salıb. Hazırki durum isə təəssüf ki, güneyli soydaşlarımızın hələ də səhvlərdən dərs çıxarmadığını göstərir.
    İllərlə bir-birini ittiham edib, bir-birini xain çıxaran sevimli soydaşlarımız deyəsən öz aralarında hamıya xain damğası vurub qurtardıqlarından hədəflərini Quzey Azərbaycana keçiriblər. Bu şəkildə münasibətdən lütfən inciməsinlər, son baş verənlər başqa cür düşünməyə əsas vermir. Bir müddət öncə İran Xalq Mücahidləri təşkilatı bir qurultay keçirib və Dünya Azərbaycanlıları Konqresinin sədri, millət vəkili Sabir Rüstəmxanlı onlayn şəkildə bu qurultaya çıxışını göndərib. Sabir Rüstəmxanlının harda çıxış etməsindən asılı olmayaraq, Bütöv Azərbaycan ideyasını əsas tutduğu hamı üçün bəllidir. Onun İran adlanan rejimin maraqlarına xidmət edəcək bir addım atacağını və ya söz deyəcəyini düşmənləri belə dilə gətirməyib. Çünki buna heç kim inanmaz. Necə deyərlər, belə bir iftira şeytanın da ağlına gəlməzdi ki, bizim güneyli qardaşlarımızın ağlına gəlib və bu iftiranı təhlil edib nəticələr də çıxarıblar. Əvvəla, həmin “politoloq” soydaşlarımız bilsinlər ki, Sabir bəyin həmin çıxışına görə İran rəsmi olaraq dövlət səviyyəsində Azərbaycana etirazını bildirib. İkincisi, taktiki gedişlərində dəyişiklik edərək, İran rejiminə qarşı olan dünya güclərinin diqqətini öz üzərinə çəkən Xalq Mücahidləri təşkilatı istəsək də, istəməsək də fars-molla rejiminə qarşı beynəlxalq səviyyədə ən böyük gücdür. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi siyasətin daimi qanunudur. Üçüncüsü, sosial şəbəkələrdə iftira və yersiz ittihamlar səsləndirən soydaşlarımız Güney Azərbaycanın dərdləri ilə bağlı nə zaman böyük bir konfrans və ya qurultay keçiriblər ki, orada ABŞ-ın və ya digər nüfuzlu dövlətin rəsmiləri iştirak etsin? Bilmək istəyirlərsə, Azərbaycanın parçalanma dərdi, İran adlanan yerdə milli və insani hüquqların pozulması haqda ABŞ və Avropa dövlətlərinin rəhbərləri ilə rəsmi görüşlərdə millət vəkili Sabir Rüstəmxanlı söz açıb. Dördüncüsü, Sabir Rüstəmxanlı həmin çıxışında İran rejiminin iyrənc mahiyyətindən, bu rejimin insanların hürriyyət, millətlərin istiqlal haqlarını pozmasından bəhs edib. Burda qəbahətli nə var ki? Azərbaycan ədəbiyyatına “Bütövlük” sözü ilə gəlib, siyasi mübarisəsini Bütöv Azərbaycan üzərində quran biir şəxsi nəinki İran rejiminə xidmət etməkdə, hətta bu rejimə nifrət etməməkdə günahlandırmaq ən yüngül şəkildə ifadə etsək, Allahsızlıqdır!
    Əziz qardaşlar, 200 ildir Azərbaycan xalqının dünyanın iki böyük şər imperiyasına qarşı bütövlük və istiqlal mücadiləsinin kökü Haqqa bağlılıqdır. Sizlərin vətən və millət sevginizə şübhə ilə yanaşmaq istəmirik, amma haqsız danışıb, haqqı danıb bu sevgini içində yaşatmaq da mümkün deyil. İllərin vətən həsrətinin, qürbətdə yaşanan zülmün yaratdığı əsəbi və bu əsəbdən irəli gələn xırda yanlışlığı anlamaq olar, amma Yol daşını Yoldaşa atmağı bağışlamaq olmaz!

    Nəsimi Şərəfxanlı

  • Samir Əsədli: “Normal dövlət öz sərhədini özü qoruyar”

    Rusiyanın sülhdən, sabitlikdən danışması mənasızdır
     
    Rus ordusunun Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi İrəvanın öz suverenliyini ayaq altına atmasıdır
    Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsi ideyası Zəngəzurda (Sünik) qismən həyata keçirilib. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin problemli bölgələrinə yerləşdirilmək üçün Rusiyadan xeyli sayda əlavə heyət gətirilib. O, iyun ayında Zəngəzura səfər etdiyini, Rusiya və Ermənistan sərhədçilərinin sərhəd postlarını yoxladığını deyib.
    Səfir deyib ki, Rusiya sərhədçilərinin və bayrağının orada olması sabitliyin qorunması və hər hansı gərginliyin qarşısını almaq üçün vacibdir. O bildirib ki, gündəlik problemlər yaranarsa, onların həllində Rusiya sərhədçiləri iştirak edəcək: “Digər problemli ərazilərə gəldikdə isə məsələlər Rusiyanın fəal iştirakı ilə müzakirə olunur. Bu problemin əhəmiyyətini başa düşürük, Rusiya müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər aparılır”.
    Ermənistandakı rus səfirinin açıqlamasını “Şərq”ə analiz edən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, rus ordusunun Azərbaycan-Ermənistan sərhədində yerləşdirilməsi İrəvanın öz suverenliyini ayaq altına atmasıdır:
    “Normal dövlət öz sərhədini özü qoruyar. Rusiyanın bu məsələdə sülhdən, stabillikdən danışması mənasızdır. Rus əsgəri sülh yaratmaq qabiliyyətindədirsə, bunu Qarabağda öz missiyasını yerinə yetirməklə həyata keçirə bilər. Amma biz tam əks prosesin şahidi oluruq. Son günlər baş verənlər özünü qərbpərəst göstərən Nikol Paşinyanın ikibaşlı oyunundan başqa bir şey deyil. Erməni hökuməti dövlət suverenliyinə təhlükə yaradan addımlar atır. Bundan erməni vətəndaşlar narahat olmalıdır. Azərbaycan üçün sərhədlərin bərpası və 10 noyabr bəyannaməsinin icrası vacibdir”.
  • TUNEL- Sabir Rüstəmxanlı yazır

    Ermənistanın başına Azərbaycanın Dəmir yumruğu dəyəndən sonra sayları çox olmayan bəzi erməni siyasətçiləri, sosial media nümayəndələri 35 illik xəyalpərəstlikdən, yuxudan və ya kliniki ölümdən oyanmış kimi başladılar düşünməyə və baş vermiş olayları, müharibənin nəticələrini, bölgənin gələcəyini reallığa yaxın bir şəkildə təhlil etməyə. Nə qədər səmimidirlər, deyə bilmərəm. Bunu zaman göstərər. Bəziləri də yeni maskalar taxıb tülkülük edirlər ki, sabah deməyə sözləri olsun: “Baxın, ziyanımıza olsa belə, biz məsələlərə ağıllı qiymət verməyə və vəziyyətdən çıxış yolu tapmağa çalışırıq! Qoy dünya erməniləri o qədər də qanmaz və aqressur hesab eləməsin.”

    Bir də baxırsan Moskva televizisaysından erməni tanınmışı barışığa çağırır. “Ermənistan başqa cür addım atsa öz sonunu yaxınlaşdıracaq…” deyir.

    İkincisi yaxa yırtır ki, ey erməni qardaşlar, biz türklərə nifrət bəsləməkdə səhv etmişik. Bütün dünya görür ki, onlar normal insanlardır, heç kimlə işləri yoxdur, yaşayırlar, inkişaf edirlər. Biz onların arasında bir ovucuq. Udarlar bizi. Bu kin-küdurət ideologiyası öldürəcək bizi. İddiamızdan əl çəkək, onların sayəsində biz də inkişaf edək.

    Üçüncüsü deyir ki, Türkiyədən, Azərbaycandan torpaq iddiası xam-xəyaldır, yaxşısı budur ki, bütün yolları açaq və özümüz də rahat nəfəs alaq.

    Ermənistan gənclərinin müharibədə ölmələrini qəbul etmək istəməyən birisi də Qarabağ ermənilərini söyür ki, siz satqınsınız, sizin üçün həyatımızı qurban veririk, lakin bizi bircə dəfə də, rusları qarşıladığınız kimi, duz-çörəklə qarşılamadınız,

    Başqa bir alimləri də erməni xalqına müraciətlə daha ciddi bir həqiqətə işarə edir: Siz bilməlisiniz ki, bizə qədim erməni tarixi adına sırınan kitablar uydurmadır, saxtadır, başqalarının əliylə quraşdırılıb ki, biz daim qonşularımızla savaş şəraitində yaşayaq, hamı bizə nifrət eləsin və s.

    Lakin düşmənlərimizin bu cür çıxışalrı arasında mənə ən çox ləzzət verən erməni axçisi Bella Lalayanın sözü oldu. Hiss olunur ki, işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycanın gördüyü işlər onu elə heyrətləndirib, elə yanıb ki, cızdağı çıxıb. Daşaltı kəndi ərazisindən keçən yolun şəklini yayaraq yazır: “30 il ərzində Stepanakertdə tunelimiz, asfaltımız olmadı. İndi Füzuli-Şuşa tunelinə baxın, yerə girin!”

    Əvvəla ona deyim ki, ermənilər tuneldən öncə bütün işğal etdikləri, daşını-daş üstə qoymadıqları yerlərə, dağıdılmış şəhər və kəndlərimizə, insan adına yaraşmayan vəhşiliklə viran qoyduqları abidələrimizə, muzeylərimizə, təbiətimizə, qəbristanlarımıza baxanda yerə girməlidirlər. Çünki nə qədər uzansa da müharibələr bir gün bitir, amma qonşuluq bitmir və elədikləri cinayətlərin qara ləkəsi də tarix durduqca ermənilərin üzündən silinməyəcək.

    Lalayan təssüratını elə yana-yana yazıb ki, elə bil tunel qazanlarımız bunun ürəyini deşirlər.

    ***

    Nə isə. Bu qadının tunel həsrəti fikrimi yayındırdı. Düşündüm ki, bu yazıq yanmaqda haqlıdır. Axı tunel qazmaq, quyu qazmaq, qəbir qazmaq, torpağı qazıb saxta yazılar basdırmaq daha çox ermənilərin işidir.

    Ermənilərin gizli-açıq yeraltı yalan, riyakarlıq yolları İrəvandan dünyanın demək olar ki, bütün güc mərkəzlərinə uzanır.

    Türk dövlət və xalqlarının arasından Moskvaya, Romaya, Parisə, Londona, Vaşinqtona yüz illər ərzində “məzlum erməni” uydurmaları ötürən çeşidli yollar sonralar Dövlət Təhlükəsizlik Komitəsinin qaranlıq dəhlizləri şəklində Azərbaycan-türk düşmənlərinin istifadəsinə verilmiş qanlı tunellərə döndü. Millətimizin yetişdirdiyi nadir şəxsiyyətlər bu tunellərlə gedər gəlməzə göndərilirdi. İnsanlar türk olduqlarına görə diri-diri quyulara dolduruldu, yetmişi, səksəni bir quyunun “ yemi “ oldu.

    İkinci Dünya Savaşında Quzey Qafqazdan “Qızlar” (“Kizler”) konyak zavodu İrəvana daşınıb Quzey Qafqazın məhşur konyakı erməni konyakına çevrildi. O zavodun da tunelə bənzər çəlləklərinin konyakı erməni yalan və fitvası ilə birlikdə dünyaya axıdılır.

    Qədim əlyazmalarımız da Matenadaran tunellərində məhv edilməkdə və ya erməniləşdirilməkdədir.

    Erməni yalan maşınının qazdığı bu gizli yollar sərhəd tanımır, zaman tanımır, ifşa olunmaqdan qorxmur, çünki eyni xislətli, eyni maraqları güdən riyakarlar tərəfindən müdafiə olunur. Buna görə də bir də baxırsan erməninin hiylə köstəbəyi qaza-qaza gedib neçə min ilin o üzündə erməni izi axtarır, başqalarrının hlal tarixini, mədəniyyətini oğunlamaqla özünə tarix və mədəniyyət uydurur…

    “Arxeoloji tunelləri də az deyil. Odessadan, Krımdan, Quzey Qafqazdan başlamış Hindistyana qədər – çeşidli yerlərdə basdırdıqları “erməni” daşlarına qədər uzanır…

    Erməni yalanlarının bu tipli əcaib yeraltı yollarını göz önünə gətirəndə Qarabağ savaşındakı qələbəmizin, ordumuzun zəfər yürüşünün bütün böyük tarixi əhəmiyyəti daha yaxşı dərk olunur.

    Neçə aydır biz dünyadan gələn qonaqlara, diplomatlara, jurnalistlərə Qarabağda ermənilərin vəhşicəsinə dağıtdığı şəhərlərimizi, kəndlərimizi, abidələrimizi, bir milyon insanın yox edilmiş məskənlərini, bizi millət olaraq göməcəklərini xəyal etdikləri tunel-istehkamları göstəririk. Onlarsa elə erməni dini abidələri deyib dururlar. Bu qədər insan fəlakətinə yol açırsa – gözünüzə girsin sizin o qanlı din və onun çinayət yuvası olan abidələri!

    İnsan qanı tökməyə sövq edən, qonşuya nifrət aşılayan, müharibəyə, cinayətə çağıran, ocaq söndürən, şərə-şeytana xidmət edən dinin Allaha və müqəddəsliyə dəxli yoxdur; o da erməni tarixi kimi saxtadır və onun kilsəsi də, monastrı da şeytan yuvasıdır.

    Bəli, erməni də tunel qazıb, ancaq silah anbarı kimi, köstəbək yuvası kimi, bu torpaqların əsl sahiblərini məhv etmək üşün… Fransız havadarlarının köməyi ilə Qarabağda 30 il tunel qazıb və özləri öz başlarını yerə soxublar.

    Onlar öz kin, düşmənçilik, yalan, alçaqlıq quyularını qazmaqda olsunlar, biz də uzaq yolarımızı yaxınlaşdıran tunellərimizi qazmağımızda…

    Sabir Rüstəmxanlı

    31.07.2021

     

  • “Bakı Bəyannaməsi regionda ciddi rol oynayacaq” – Sabir Rüstəmxanlı

    “Bu gün Milli Məclisdə tarixi bir gün yaşadıq, tarixi hadisənin şahidi olduq. Hesab edirəm, qəbul olunan sənəd həm üç qardaş ölkə, həm də region üçün olduqca böyük əhəmiyyətə malikdir”.
    Bu fikirləri Bakupost.az-a millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “Bakı Bəyannaməsi” barədə danışrarkən deyib.
    Onun sözlərinə görə, Türkiyə və Pakistan parlamentarilərinin bir yerdə Bakıya gəlməsi xüsusi bir mesajdır:

    “44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olan, bütün siyasi görüşlərdə, ölkələrarası münasibətlərdə hər zaman Azərbaycanla həmrəylik nümayiş etdirən, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə və Pakistan deputatları Parlament sədrlərinin başçılığı ilə Bakıya gəldilər. Azərbaycan Parlamentində Azərbaycan, Pakistan, Türkiyə parlament sədrləri səviyyəsində üçtərəfli danışıqlar aparıldı, sonda da “Bakı Bəyannaməsi” qəbul edildi. Bu Bəyannamə üç dövlətin gələcəkdə də həm parlament, qanunvericilik səviyyəsində, diplomatik münasibətlərdə, həm də ölkələrin iqtisadiyyatının inkişafında, əhalinin yaşayış tərzinin yaxşılaşdırılmasında imkanların birləşdirməsini və strateji tərəfdaşlığın daha da sürətlə inkişaf etdirilməsini nəzərdə tutur”.
    Sabir Rüstəmxanlı bildirib ki, hər üç ölkənin parlament sədrləri maraqlı çıxışlar ediblər, ölkələrarası qardaşlıq münasibətlərinin daha da möhkəmlədirilmısi üçün təkliflər irəli sürüblər:
    “Pakistanın Məclis başqanı Əsəd Qayseri Fəxri öz çıxışında bildirdi ki, biz bu qərara hələ Pakistandakı görüşlərimiz zamanı gəlmişdik. Bundan sonra 3 ölkənin xarici işlər naziri görüşmüşdü. Onu da qeyd etdi ki, Pakistanda keçirilən görüşdə həm də Mərkəzi Asiya respublikalarının nümayəndələri dəvət edilib. Dedi ki, bu 3 tərəfli format gələcəkdə regionda sülhün, əməkdaşlığın ümumiyyətlə, xalqlarımızın inkişafı ilə bağlı olan bütün sahələrin irəli aparılmasında yaxından rol oynayacaq. O, həmçinin bu prosesə regionun başqa ölkələri də qoşulmasını da təklif etdi. Bu, ciddi bir bəyanatdır. Onun çıxışının maraqlı tərəflərindən biri də bu idi. Bu gün Azərbaycan parlamentindən 20, Türkiyə parlamentindən 10 nəfər, Pakistandan təxminən 17-18 nəfər komissiya sədrləri, dostluq qruplarının üzvləri bir araya gəldilər. Çox maraqlı bir çıxışlar oldu. Milli Məclisin sədri Sahibə Qafarova, həm də Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Mustafa Şəntop da əhəmiyyətli təkliflərlə çıxış etdilər. Gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan münasibətlərini genişlənməsi ilə bağlı daha hansı işlər görmək olar? Bu barədə öz təkliflərini söylədilər”.
    Millət vəkili hesab edir ki, səslədirilən təkliflərin həyata keçirilməsi üçün bu formatda görüşlər tez-tez baş tutmalıdır:
    “Yəqin ki, bu davam etdiriləcək. Bu bölgənin iki ən böyük dövləti – Türkiyə və Pakistanın Azərbaycanın yanında olması çox önəmlidir. Azərbaycanla bir yerdə bu müştərək bəyanat bizim düşmənlərimizə və eləcə də dostlarımıza bir mesajdır. Xüsusən də düşmənlərimizə. Çünki bilməlidirlər ki, onların düşündüyü kimi Azərbaycan tək deyil. Azərbaycanın haqq işini müdafiə edən başqa dövlətlər də var. Məsələ burasındadır ki, istər Türkiyənin, istərsə də Pakistanın buna bənzər – torpaq, ərazi problemi var. Məsələn, Türkiyənin Kıbrıs problemi var. Qarabağ kimi deyil, bir az fərqlidir. Amma hər-halda yenə də Avropa və dünya dövlətləri Kıbrısın həllinə imkan vermək istəmirlər. Kıbrıs türkləri bütün variantlarda güzəştə getməyə hazırdırlar. Necə ki, biz də güzəştə getməyə hazır idik, bəzi məsələlərdə. Amma yunan tərəfi deyir, yox, orada türk əsgəri qala bilməz, burada müştərək dövlətdən söhbət gedə bilməz, ikili hakimiyyətdən söhbət gedə bilməz, sadəcə ixtiyarı verin bizə istəyirsiz yaşayın, istəmirsiz yaşamayın. Bunu Kıbrıs türkləri görüblər. Adanın 3 faizinə sıxışdırılıb, eyni Qarabağdakı erməni vəhşiliyinə bənzər Kıbrıs türkləri soyqrım, qətliam görüblər. Ona görə Kıbrıs türkləri bir də o səhvləri etməzlər. Ərdoğan və Türkiyədən gedən rəsmilər sonuncu görüşdə bildirdilər ki, adada 2 dövlət var – Kıbrıs dövləti, bir də Yunan dövləti. Başqa cür mümkün deyil. Pakistanın da bir Kəşmir məsələsi var. Bu, uzun illərdir ki, ciddi problem olaraq qalır. Öz dostlarından dəstək almaq istəyir. Yəni bizim talelərimizdə də oxşarlıq var, bu, bizi daim bir yerdə olmağa səsləyir. İnşallah bundan sonra da belə olacaq. Bu gün doğurdan çox sevindim. 250 milyon əhalisi olan Pakistan, 90 milyona yaxın əhalisi olan Türkiyə və Azərbaycan öz problemləri ilə yanaşı, bundan sonra məzlum xalqların, türk-islan millətlərinin bir sıra təhlükəsizlik məsələlərinin həllində qardaşlıqla bağlanan “Bakı Bəyannaməsi” sənədi ciddi rol oynayacaq”.
    Aygün Nəbiyeva
    Baku Post

  • Qarabağ zəfərinin sevinci bütün Türk dünyası boyunca qeyd olunacaq

    Xəbər verildiyi kimi iyunun 26-da İstanbulda İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin 17-ci “İpəkyolu İlin Altın Adamları Ödül Töreni” keçirilib. Türk dünyasının tanınmış aydınlarından olan  Seyfullah Türksoyun rəhbərliyi ilə 17-ci dəfə reallaşan mərasimdə diplomatiya, siyasət, sənət, biznes, media və elm dünyasının əhəmiyyətli simaları bir araya gəlib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Ersin Tatarın təbrik məktubları oxunub. Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyükelçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var. Azərbaycandan Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

    Daha sona İyul ayının 4-də İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin təşkilatçılığı ilə  İstanbulun ən böyük otellərindən birində 400 nəfərdən çox qonağın qatıldığı möhtəşəm bir Qarabağ şənliyi keçirilib. Təxminən beş saat davam edən məclisdəTürkiyə və Azərbaycanın tanınmış sənət xadimlərinin ifasında Qarabağa həsr edilmiş şeir və mahnılar səslənib. Türkiyədə keçirilən tədbirlər və Seyfullah Türksoyun rolu haqda millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı fikirlərini bildirib: “Türkiyəyə son səfərimdə iştirak etdiyim Qarabağ şöləni xüsusi bir tədbir idi və buna görə Türk Dünyasının dəyərli  xadimi Seyfullah Türksoya xüsusi təşəkkür etməliyik. Köhnə dostum Seyfullah bəy Türkiyədən Azərbaycana gələn ilk aydınlardan biridir. Onun Azərbaycan-Türkiyə əlaqələrində xidmətləri böyükdür, Seyfullah bəy ölkəmizdə baş verən bütün hadisələrə çox böyük həssaslıqla yanaşıb, yaxşı və pis günmlərimizdə hər zaman yanımızda olub. Nuru paşanın komandanlığı altında Bakının azad olunması uğrunda vuruşmuş əsgərlərin, Birinci Dünya Savaşında Sarıqamış döyüşündə  əsir düşmüş on minə yaxın türk əsgərinin Nargin adasındakı taleyinin araşdırılmasında onun əməyi böyükdür. Seyfullah bəy Orta Asiya və bütöv Türk dünyasının dərdini dərd, sevincini sevinc bilib, Anadoludan Uyğurustanadək Türk yurdları haqqında yazıb, həqiqətləri dünyaya çatdıran bir televiziya jurnalistidir. Bu günlərdə Türkiyədə keçirilən tədbirlər də böyük əhəmiyyətə malikdir.  “İpəkyolu İlin Altın Adamları Ödül Töreni”ndə mənim də mükafatlandırıldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Amma 400 nəfərə yaxın şəxsin iştirak etdiyi Qarabağ şöləni də bir başqa dəyərə malikdir. Bu Azərbaycanın Qarabağ zəfərinin Türkiyədə yaşanan sevinci idi və niyyət budur ki, bu tədbirlər Türk Dünyası boyunca keçirilsin və Şuşada yekun vurulsun”.

  • Samir Əsədli: “Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək”

    Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan “artsax”ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb. O qeyd edib ki, artıq bu proses sona yaxınlaşır: “İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, “artsax”la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı”.
     Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil: “Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın “artsax” ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”.
    Mövzu ilə bağlı fikirlərini “Şərq”ə dəyərləndirən  VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsi artıq başa çatıb. Siyasi şərhçi qeyd edib ki, bu vaxta qədər davam edən işğalın arxasında Rusiya gücü dururdu:
    “Təbii ki, bu güc olmadan Ermənistan heç nəyə qadir deyil. Hesab edirəm ki, bu səsləndirilən fikirlər həqiqətən də doğrudur. Çünki Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Bildiyimiz kimi, Paşinyan da qərbyönlüdür.  Hesab edirəm ki, Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək. Azərbaycanın isə növbəti hədəfi tarixi torpaqlarını – Zəngəzur və Göyçəni azad etməsi ola bilər”.
  • Samir Əsədli: “ Nə qədər yubadılsa da, əvvəl-axır sülh sazişi imzalanmalıdı“

    Baş nazir tezliklə yekun sülh sazişinə imza atacaq və danışıqlar masasına oturacaq
    Ermənistan mediası son günlərdə Azərbaycanla münasibətlərdə yeni mərhələnin başlanacağına az vaxtın qaldığını iddia edirlər. Paşinyanın yeni hökuməti formalaşdırmasından sonra yekun sülh sazişinin imzalanma vaxtını təxmin edən erməni ekspertlər də var. Erməni mətbuatında vurğulanır ki, Azərbaycanla imzalanması planlaşdırılan yekun sülh sazişinin mətni üzərində müzakirələr artıq başlayıb. Hətta Paşinyanın bu ilin sentyabr ayında faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı da deyilir. Amma sülh sazişi ilə bağlı erməni iddialarının nə dərəcədə reallığa söykəndiyini demək çətindir. Düzdür, artıq Ermənistanda seçki prosesi başa çatıb və 10 noyabr üçtərəfli sazişə imza atmış Paşinyanın öhdəliklərə əməl edəcəyi vurğulanır. Lakin yekun sülhün imzalanmasına əngəl yaradan xeyli amillər də var.
    Məsələn, sərhədlərin demarkasiya və delimitasiya prosesinin başa çatmaması, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə hələ də erməni silahlı dəstələrinin qalması və başqa səbəblər Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin yubanacağından xəbər verir. Həm də görünən odur ki, başda Rusiyadakı bəzi dairələr olmaqla, Ermənistanın havadarları da prosesin tezliklə yekunlaşmasında, Cənubi Qafqazda sülh və sabitlik olmasında o qədər maraqlı deyillər. Ancaq istənilən halda Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesi gedəcək. Tərəfləri qane edən yekun sülh müqaviləsinin imzalanması isə 2-3 il də çəkə bilər. Xatırladaq ki, iyunun 12-də Prezident İlham Əliyev xarici dövlətlərin nümayəndələri ilə görüşdə vurğulamışdı ki, rəsmi Bakının Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmaqla bağlı açıq bəyanatları Ermənistan hökuməti tərəfindən cavablandırılmır. Ölkə rəhbəri qeyd etmişdi ki, əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır: “Əgər onlar bunu etməsələr peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk”.
    Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Qarabağ münaqişəsinin tamamilə bitməsi və prosesin sona çatması yekunu sülh sazişinə bağlıdır. Partiya təmsilçisinin sözlərinə görə, bu, Nikol Paşinyanın, yaxud hansısa erməni rəhbərinin şəxsi istəyinə, arzusuna bağlı məsələ deyil:
    “Əvvəla ortada Azərbaycanın möhtəşəm qələbəsi var. Qələbəni danmaq və görməzdən gəlmək erməni xalqını yenidən böyük itkilərlə nəticələnəcək savaşa cəlb etməkdir. Digər tərəfdən ən mühüm məqam odur ki, bölgədə maraqları və təsiri olan beynəlxalq güclər sülh sazişinin vacibliyini anlayıblar. Buna görə də sülh sazişinin imzalanması, Cənubi Qafqazda sabitliyin olması qaçılmazdır. Paşinyan müharibə reallığından çıxmış dövlət başçısıdır. O, erməni cəmiyyətində mövcud durumdan ən çox xəbərdar olan şəxsdir. Fikrimcə, daxili siyasi problemlərini həll etdikdən sonra hökumət başçısı kimi yekun sülh sazişinə də imza atacaq və danışıqlar masasına oturacaq. Rusiya da sülh müqaviləsində maraqlı olduğunu bəyan edir. Nə qədər yubadılsa da, əvvəl-axır sülh sazişi imzalanmalıdı”.
  • “Neftçaladan həyəcanlı xəbərlər gəlir, faciəli vəziyyətdir” – Sabir Rüstəmxanlı

    “Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindənn alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir: Kürün suyunun azalmasıyla, keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, adamlar yenə su maşınlarınin ümidinə qalıb, heyvan-qara qırılır, duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır”.

    Bu sözləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
    O qeyd edib ki, Neftçalada baş verənlər gözlənilməz xəbər deyil, ağlı olan hər kəs keçən ilki faciəli durumuun bu il də təkrarlanacağını bilirdi:
    “Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri burda bir daha təkrarlamaq istəmirəm.
    Düzdür, dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdı, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil və təəssüf ki, şəhərin də su şəbəkəsi yarıtmaz vəziyyətdədir, təzələnməlidir, tamamlanmalıdır…
    Neftçala camaatı çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş eləmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna sayqı göstərən camaatdır… Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.
    Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına mürüciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? Öyrənmək çətin deyil.
    Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.
  • Sabir Rüstəmxanlıya çamur atmağın bədəli: Kim kimdir?

    Müstəqilliyimizin 30 ili tamam olur. Azərbaycan dövləti gücünə və imkanlarına görə yarandığı zamanla müqayisədə ifadə edilməyəcək dərəcədə yüksəlib. Əlbəttə ki, bu sevindiricidir. Azərbaycanın dövlət müstəqilliyi elan olunan zaman illik maddi kapitalımız bu günün bir aylıq vergi gəliri dəyərində belə deyildi. Amma təəssüf doğurucu bir məqam var. Sanki siyasətimizin maddi gücü artdıqca mənəvi potensialı azalır.
    Biz 1990-cı ilin 20 yanvarında rus təcavüzünə qarşı kommunist zavod direktorları ilə tətil edən, meydanlarda dubinka ilə üz-üzə gəlib cəbhə xəttində polisli, cəbhəçili bir yerdə olan, Azərbaycan torpaqlarının azad olunmasına və işğal olunmasına hakimiyyətdə kimin olmasını fərq etmədən sevinib, üzülən millətik…
    Azərbaycanın yaxın siyasi tarixinin ölümünə döyməsinə rəğmən Əbülfəz Elçibəy və Sabir Rüstəmxanlının onları döyən polisi əfv etmə örnəyi var…
    Azərbaycanın yaxın siyasi tarixinin Xalq Şairinin dövlət başçısının onu şöhrətləndirən ordendən imtina edib səmimi münasibətləri saxlama örnəyi var…
    Azərbaycanın yaxın siyasi tarixinin bir-birinə barışmaz müxalifət olan Heydər Əliyev və Əbülfəz Elçibəy münasibətlərinin dəfn örnəyi var…
    Örnəkləri artırmaq da olardı. Amma bütün bunları gözü ilə görüb hadisələrin içində olan şəxslər yaşadıqlarından dərs almayıblarsa, siyahını uzatmağın nə mənası var ki. İndi Azərbaycan siyasətində öz siyasi iddiasından başqa heç nəyi müqəddəs və gərəkli bilməyən özü kimi digərlərinin də keçmişi unutduğunu zənn edib özünü qüsursuz müxalifət lideri sayanların atını oynatmağına da yer tapılıb. Bu atların oynadığı meydan bu millətə istiqlal qazandıran kişilərin yol keçdiyi MEYDAN yox, sosial şəbəkədir. Bu “cıdır” yerində nə atın, nə nalın, nə üzənginin, nə də çaparın mənşəyi, kimliyi bəlli deyil. Yəni, sənə problem yaradan, sənin maraqlarına və iddialarına əngəl olan hər kəsə istənilən çamuru atmaq olar. Zori Balayanı ilk susduran İsa Qəmbərə “qorxaq”, Azərbaycanda istiqlal və demokratiya mücahidi sayılacaq mərhum İbrahim İbrahimliyə “bacarıqsız”, ən böyük gücü sədaqət olan mərhum İsgəndər Həmidova “xəyanətkar”, vəzifələrinin ən yüksək məqamında pula satılmamaq örnəyi göstərən Əli Məsimli, Sabit Bağırova “satqın” deyən kəsin fransızların “boz kardinal”ından rusların ”milli milyarderlər”inə qədər hamıyla hər an anlaşmağa hazır olan kəsin Azərbaycan siyasətinə qatdığı rəngə ad vermək çətindir. Amma elə bilməsin ki, ”qaranlıqda zəncilər kömür daşıyır”. Hər şey və hər əməlin sahibi o qədər aydın görünür ki…
    Gəlin açıq danışaq, siz də bu parlamentdə oturmusunuz. Kimlərlə necə anlaşdığınız bir yana, nəyi necə danışdığınız da yaddaşlardadır. Həmin parlamenti və bütün üzvlərini millətin orqanı və millətə vəkil hesab etmısık də, burda-millət yolunda canından belə keçməyı hazır olan insanların olduğunu siz də yaxşı bilirsiniz. İndi özünüz mandate sahibi deyilsiniz deyə, bütün troll sisteminizlə sosial şəbəkələrdə ağlınıza nə ağzınıza gələn böhtanları yağdırın. Fazil Mustafaya “nurçu”deyin, Qüdrət Həsənquliyevi “Rusiyanın adamı” çıxarın, Aqil Abbası “yaltaq” adlandırın və sair və ilaxır…Qərəziniz və ədalətsizliyiniz elə həddə çatıb ki, əliniz dəyməyəcək yerə dil uzadırsınız. Bu neçənci dəfədir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı haqqında ağlagəlməz fotosüjet hazırlanıb, sosial şəbəkələrdə yayılır. Hamısı da eyni mövzuda. Özləri zamanında deputat mandatına sahib olub millətə vəkil ola bilməyən adamlar S. Rüstəmxanlıya bu qısqanclıqlarını gizlətməyib onun heç vaxt ifadə etmədiyi fikirləri adına çıxıb qara piyar aparırlar. Düzdür, Sabir Rüstəmxanlı iqtisadçı deyil, hökumətə iqtisadi təkliflər paketi təklif etməyib. Amma bu kişi 32 yaşında sovet imperiyasının zirvə nöqtəsinə meydan oxuyanda bu uşaqlar cibində komsomol bileti gəzdirirdi. Sabir bəyin parlamentdə hökumətin məhz sosial siyasəti ilə bağlı hər çıxışından sonra belə böhtan kampaniyasının aparılması uşaq cığallığıdır. Qanını qaşığa qoyub xalqının taleyini “ömür kitabı”na çevirən adam hər bir soydaşının daha yaxşı yaşamasını istəyər. Amma özünü və komandasının parlamentdə yer alması naminə birinci Qarabağ müharibəsi qəhrəmanı Arif Paşanın həbsdə qalmasına razı olan, İlham Əliyevdən hələ 21 il əvvəl “liderinə xəyanət edən” tərifi qazanan kəsin keçmişi bəlli, gələcəyi Elçibəyə çamur atanlardan fərqli olmayacaq.
    Biz bu yazıda portreti adamın özünü tanıyacağı şəkildə cızmağa çalışdıq. Hədlərini bilsinlər, yoxsa onlardan fərqli olaraq bizim bildiyimiz və yazacağımız çox həqiqət var…

    Nəsimi Şərəfxanlı

  • Sabir Rüstəmxanlı Türkiyədə yüksək mükafat aldı

    VHP sədri, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

    Ödül millət vəkilinə iyunun 26-da İpekyolu Kamu Diplomasisi ve Ekonomik İşbirliği Təşkilatı ile Uluslararası İpekyolu Dərgisinin 17-ci “İpekyolu İlin Altın Adamları Ödül Töreni”ndə təqdim edilib.

    Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyük elçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var.

    Qeyd edək ki, Sabir Rüstəmxanlı Türkiyədə  səfərdədir. O, qardaş ölkənin siyasi və ictimai çevrələrində bir sıra yüksək görüşlər keçirir.