Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • Samir Əsədli: “İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər”

    “Azərbaycanın İrana qarşı təsir rıçaqları var. Xüsusən, soydaşlarımız ciddi faktordur. Bu təsirlər işə salınmalıdır ki, fars rejimi daha çox həyasızlıq etməkdən çəkinsin”

    İrana məxsus yük maşınları Azərbaycan hökumətinin icazəsi olmadan erməni separatçılarının yerləşdiyi ərazimizə getməyə davam edir. Bu ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. 11 iyul – 8 avqust tarixlərində İrana məxsus 35 maşın 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu. 

    Amma Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Qarabağ bölgəsinə qanunsuz daxil olduğunu göstərən eksklüziv videogörüntülər yayıldı. Məlum oldu ki, 11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb. İranlılar və ermənilər müxtəlif hiylələrə də əl atırlar. Misal üçün, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün onlara erməni qeydiyyat nömrələri vurulur. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb. Diqqət çəkən məqamlardan biri də İran tırlarından bir neçəsinin üzərində “Təbriz” yazının yer alması olub. Yük maşınlarının Xankəndiyə nə daşıdığı və nə üçün bu qanunsuzluğun edildiyi bəlli olmasa da, Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı komandanlığına İran maşınlarının Qarabağa buraxılmaması üçün müraciət edib. Buna cavab olaraq Azərbaycan polisi Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlayıb.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, cənub və şimal qonşularımızın zaman-zaman ölkəmizə qarşı xoşagəlməz davranışlarının şahidi olmuşuq. Partiya təmsilçisinə görə, bu mənada, Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməllərini ortaya qoyan məlum qalmaqallı görüntülərin yayılmasına təəccüblənməyə dəyməz:

    “Cənubda molla rejimi, şimalda rus şovinizmi hər zaman Azərbaycana düşmən mövqedə olublar. Hələlik İran tərəfi, o cümlədən Rusiya sülhməramlıları bu qalmaqallı olaya heç bir reaksiya verməyib. Hər ikisi susur. Susmaları da anlaşılandır. Çünki bu görüntülərin ortaya çıxması ilə necə deyərlər, tərəflərin ikisi də suç üstündə yaxalanıb. Ancaq onların susqunluğu sonsuza qədər davam edə bilməz. Ən yaxın qonşu saydıqlarımız bu görüntülərə nəsə bir aydınlıq gətirməlidirlər. Bu görüntülər haqlı olaraq cəmiyyətimiz tərəfindən təpki ilə qarşılanmaqdadır. Eyni zamanda bu görüntülərdən ortaya bir sıra suallar da çıxır ki, istər İran tərəfi, istərsə də Rusiya tərəfi bu sualları mütləq cavablandırmalıdır”.

    S.Əsədliyə görə, İran günün günorta çağı və Rusiya sülhməramlılarının gözləri qarşısında Azərbaycanın bəlli bir ərazisinə “humanitar yardım” adıyla qaçaqmalçı yüklər daşıyır:  “İrana bu səlahiyyəti kim verib? Bəllidir ki, rəsmi Bakı İrana belə bir səlahiyyət verməyib. İranla Azərbaycan arasında bu barədə hər hansı bir anlaşma imzalanmayıb. Bəs o zaman İran tərəfi hansı hüquqi bazaya əsaslanaraq, Azərbaycan dövlətinin başı üzərindən bu cür özbaşınalıqlara yol verir? Sülhməramlıların bu işdə marağı nədir? İran və Rusiyanın Xankəndi üzərindən şübhəli işbirliyi qurması geosiyasi maraqlardan irəli gəlir, yoxsa söhbət narkotrafik təşkil etməklə külli miqdarda “çirkli pullar” əldə etməkdən gedir? Göründüyü kimi ortada bir yığın suallar və mübahisəli məqamlar var. Ancaq bütün hallarda görünən budur ki, faktiki olaraq İran da, Rusiya da beynəlxalq hüquq normalarını və sülhməramlılıq prinsiplərini pozaraq separatçıları ayaqda saxlamaq üçün birgə səylərini davam etdirirlər. Bu, separatizmə açıq-aşkar dəstək verilməsinin təsdiqidir”.

    VHP rəsmisi bəyan edib ki, İran və Rusiya koordinasiyalı şəkildə Dağlıq Qarabağda erməni separatizmini yaşatmağa və canlandırmağa qərar veriblər: “Onların Azərbaycanın razılığını almadan “Laçın dəhlizi”ndən Xankəndinə “yardım” daşınmasını təmin etmələri ölkəmizin suverenliyinə qarşı sayğısızlıqdır. İran bu hərəkəti ilə 44 günlük müharibədən əvvəl olduğu kimi indi də Azərbaycanın ərazi bütövlüyünü pozmağa davam edir. Bizim üçün Rusiya tərəfinin də bu məsələyə necə münasibət bildirəcəyi çox maraqlıdır. Çünki bu son qalmaqallı görüntülər Rusiya sülhməramlı heyətinin İranın yük maşınlarını tamamilə qeyri-qanuni olaraq Azərbaycan ərazisinə buraxmaqla 10 noyabr Bəyanatının müddəalarını açıq-aşkar pozduğunu təsdiqləyir. Rusiya sülhməramlı kontingentinin İranın erməni separatçılarına  dəstək verməsinə göz yumması bağışlanmaz və qəbuledilməzdir”.

    Şərq qəzeti

  • “Bizə “qardaş“ deyən İran həmişə ermənilərin yanında olub“ – Sabir Rüstəmxanlı

    İrana məxsus yük maşınlarının yenidən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz keçməsilə bağlı yeni faktlar aşkarlanıb.

    Yerli KİV-də yayılan məlumata görə, 11 avqustdan 10 sentyabradək müxtəlif məqsədlər üçün İranın 58 yük maşını, xüsusən yanacaq və sürtkü yağları daşıyan nəqliyyat vasitələri Xankəndinə daxil olub, onlardan 55-i daha sonra geri qayıdıb.

    Yenisabah.az bildirir ki, bununla kifayətlənməyən iranlılar və ermənilər müxtəlif hiylələrə də əl atıblar. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda, Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün avtomobillərə erməni qeydiyyat nömrələri qoyublar.

    Rəsmi Bakı bu məsələ ilə bağlı mövqeyini rəsmi şəkildə avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət etməklə bildirdi. Səfirə nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

    Amma görünür, İran Azərbaycanın etirazına məhəl qoymur.

    Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişədə İran açıq şəkildə erməniləri müdafiə edib:

    “İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil. Qarabağın dağıdılmasında İranın əlinin olmasını heç kim inkar edə bilməz. Ermənilər bizim bəzi mülkləri İrana satırdı. Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib. Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik.

    Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır”.

  • Samir Əsədli: “Moskva nəzərə almalıdır ki, Azərbaycan ordusu 44 gün ərzində tarix yazıb və artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz”

    Sülhməramlıların komandanı dəyişdi, vəziyyət dəyişməyəcək
     
    Azərbaycanın Muradovdan sonra Kosobokova da inamı qalmayıb
    General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub. Xatırladaq ki, rotasiya qaydalarına görə, keçmiş komandan Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin onu general-mayor Kosobokov əvəzlədi. Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.
    Məsələ ondadır ki, vəzifəyə yenicə təyin olunmuş general dərhal İrəvana səfər edib və Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb. Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı, polkovnik Dmitri Ovçarov və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak ediblər. Rüstəm Muradov da səlahiyyət müddətinin bitməsi ilə əlaqədar erməni nazir Karapetyanla görüşmüşdü. Ancaq nə Muradov, nə də yerinə gələn Kosobokov Bakıya gələrək Azərbaycan rəsmiləri ilə hər hansı görüş keçirməyiblər. Bəzi politoloqlar Muradovun Bakıda qəbul edilməməsini rəsmi Bakının Rusiyaya etirazı kimi dəyərləndiriblər. Onların fikrincə, Kosobokovun Bakıya gəlməməsi də bu səbəblərlə bağlıdır.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları ilə bağlı vacib məqam komandanın kimliyi deyil, rus hərbçilərinin öz məramını düzgün anlaması və missiyasını layiqincə yerinə yetirməsidir. Partiya təmsilçisinin sözlərinə görə, təəssüf ki, bunun şahidi olmuruq:
    “Azərbaycan işğal altında olan ərazilərini azad etdi. Bakı təkbaşına erməni separatizminin kökünü kəsməyə qadir olsa da, böyük jest edərək, 10 noyabr 2020-ci il tarixində Rusiya prezidenti və Ermənistan baş nazirinin iştirakı ilə birgə bəyanat imzaladı. Ermənilərin dinc şəkildə kapitulyasiyasına imkan verdi. Hətta rəsmi Bakı kənar təzyiqlərə baxmayaraq, atəşkəsin dayanıqlı olması üçün Rusiya sülhməramlılarının münaqişə zonasına gəlişinə də mane olmadı. Geosiyasət barədə az-çox təsəvvürü olan hər kəs anlayırdı ki, bu addımı atmaq sıradan məsələ deyil və Bakı qətiyyət göstərərək qərar verdi. Azərbaycan ictimaiyyəti inanırdı ki, Rusiya bu dəfə ədalətli davranacaq və öz imzasına sadiq qalacaq. Lakin bu inamın sarsılması üçün cəmi 1 ay kifayət etdi”.
    S.Əsədliyə görə, elə ilk günlərdən məlum oldu ki, Kremlin məqsədi sülh yaratmaq yox, əksinə, münaqişənin yenidən alovlanması üçün Qarabağdakı erməni separatçılarını qorumaqdır:
    “Rusiya anlamalıdır ki, sülhməramlıların Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Rusiyanın etimad limiti onsuz da böyük deyildi. Baş verən yeni hadisələr isə sülhməramlılara olan inamı daha da azaldır. Hətta Kremlə ümidlə baxan insanlarda xəyal qırıqlığı yaradır. Rusiya sülhməramlıları növbəti dəfə terrorçuları, separatçıları dəstəkləyən addımlar atır.
    Bununla da, Azərbaycan cəmiyyətində Moskvaya olan inamsızlığın kəskinləşməsinə səbəb olur. Belə çıxır ki, Azərbaycan ordusu təxribata əl atan erməni separatçıları zərərsizləşdirmək istəyəndə, vəzifəsi terrorçuları cəzalandırmaq, bölgədən çıxarmaq olan Rusiya araya girərək onları himayə edəcək. Bundan ruhlanan separatçı-terrorçular da həvəslənəcəklər.
    Moskva nəzərə almalıdır ki, Azərbaycan ordusu 44 gün ərzində tarix yazıb və artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz. Kreml yeni təyin etdiyi komandana da, bölgədə yerləşən sülhməramlılara da öz təyinatını düzgün yerinə yetirməyi qəti tapşırmalıdır”.
  • “İslam alimləri Babəki silməyə çalışıb, indi də Sərdar Cəlaloğlu peyda olub” – Millət vəkilindən SƏRT SÖZLƏR

    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun tarixi qəhrəman Babəklə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Cəmiyyət onu tariximizə hörmətsizlik etməklə günahlandırır.

    KONKRET.az xəbər verir ki, Xalq şairi, istiqlalçı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikirlərini yenisabah.az-la bölüşüb.

    O, ara-sıra bu cür yalançı, modern düşüncəli ziyalılarımızın ortaya çıxdığını söyləyib:

    “Bu cür ziyalılarımız Azərbaycan tarixinin yüz illər boyu yaddaşında qalan, millətin xarakterinin bir parçasına çevrilən qəhrəmanları təftiş edirlər. Qəhrəmanın milli kimliyi, islam dininə münasibəti və s. məsələləri qurdalayırlar.

    Yüz illər boyu İslam alimləri, bu dinə bağlı olanlar Babəki xalqın yaddaşından silməyə çalışıblar. Lakin bizim xalqımız Babəki hər zaman yaşadıb.

    Xalq bilir ki, Babək yalnız islama qarşı vuruşmayıb. O Milli Azadlıq hərəkatının başçısı olub, torpaqlarını qoruyub. Babəkə qarşı hər cür böhtan, yalan uydurulsa da o, Azərbaycanın tarixi qəhrəmanıdır”.

    Sərdar Cəlaloğlu SSRİ-nin Azərbaycan üçün qəhrəman obrazları yaratdığını da qeyd etmişdi. Sabir Rüstəmxanlı bu məsələyə də toxunub. O, bizim tarixi qəhrəmanlarımızın SSRİ-yə heç bir aidiyyatı olmadığını qeyd edib:

    “Babəkin Sovet dövlətinə nə aidiyyatı var? Onlar nəyə görə Azərbaycan üçün qəhrəmanlar uydurmalıdır?

    Babək haqqında dahi sənətkarlarımız əsərlər yazıb. Cəfər Cabbarlı, Ənvər Məmmədxanlı və başqaları. Onun haqqında film çəkilib.

    İndi Sərdar Cəlaloğlu peyda olub, Babəki inkar etməklə, onu tariximizdən silə bilməz.

    Sərdar mənim hörmət etdiyim insandır. Lakin onu bu cür sözlər deməyə nə təhrik edir? Maraqlıdır.

    Mən düşünürəm ki, bu Babəkə qarşı böyük bir kampaniyadır. Unudulur, yenidən gündəmə gətirirlər. Bu Babək xəstəliyi nədir? Sağalsınlar bu xəstəlikdən. Ölkənin, millətin talehi ilə bağlı olan başqa məsələləri düşünsünlər. Babək qəhrəman olub, Azərbaycanın tarixində yaşayıb, bundan sonra da yaşayacaq”.

  • Samir Əsədli: “ Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib”

    Rüstəm Muradov Azərbaycan hərbçisini terrorçuların əlindən alaraq dərhal bizə təhvil verməli idi
     
    Yenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdır
    Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib. General hərbçi Cəmil Babayevin saxlanma şəraiti ilə tanış olub. Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.
    Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib. Ekspertlərə görə, sülhməramlıların generalı elə ilk görüşündə Azərbaycan hərbçisini terrorçuların əlindən alaraq dərhal bizə təhvil verməli idi. Öz torpağımızda əsgərimizin girov götürülməsi, Muradovun əsir kimi ona “baş çəkməsi” müəyyən suallar doğurur və yaşanan hadisənin Moskvanın maraqlarına xidmət etdiyini göstərir. Belə çıxır ki, Ermənistan, yaxud Rusiya tərəfi Azərbaycan ərazisində ələ keçirilən hərbçimiz üzərindən Bakıya təzyiq göstərməyə cəhd edəcək”.
    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçməsindən xeyli zaman keçir. Partiya təmsilçisinin sözlərinə görə, C.Babayevə qondarma rejimin “sərhədlərini qanunsuz keçmə”, “azyaşlıları təhdid etmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb:
    “Ermənistan mətbuatı bu xəbəri tirajlayır. Cəmil Babayev Azərbaycan vətəndaşıdır və Respublika ərazisi daxilində hərəkət sərbəstdir. Burada yalnız hərbi qulluqçunun öz yerini qanunsuz tərk etməsindən söhbət gedə bilər ki, bunu da ölkəmizin hüquq-mühafizə orqanları araşdırmalıdır.  Bu məqam və Cəmil Babayevin ora necə gedib çıxmasını araşdırmaq sonrakı məsələdir.
    Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib. Əgər Azərbaycan əsgəri erməni hərbçiləri tərəfindən saxlanılıbsa, demək, sus sülhməramlıları öz missiyasını ya anlamır, ya da icra etmək fikrində deyil.
    General Muradovun vəzifəsi əsgərimizi ölkəmizə qaytarmaqdır. Əgər rus sülhməramlıları erməni hərbçiləri qarşısında acizdirsə, bunu açıq etiraf etsinlər. Azərbaycan ordusu qanuni və hüquqi yolla onları başa salmaq gücündədir. Yenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdır”.

  • VHP-də yeni təşkilat sədrləri seçilib

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ucar, Lerik, Ağdam, Zərdab rayon və Şirvan şəhər təşkilatlarının növbədənkənar konfransı keçirilib. Pandemiya şərtlərinə uyğun olaraq onlayn qaydada keçirilən konfranslara VHP Mərkəzi icra Aparatının rəhbəri Samir Əsədli də qatılıb. Konfranslarda təşkillat sədrləri hesabatla çıxış edib.
    Təşkilati məsələlərə baxılıb. Badam Məmmədova Ucar rayon təşkilatının , Aqil Rəhimdiloğlu Şirvan şəhər təşkilatının , Kamran Musalı Zərdab rayon təşkilatının, Elxan Hacıyev Lerik rayon təşkilatının, Elvin Həsənoğlu Ağdam rayon təşkilatının yeni sədri seçiliblər.
    S.Əsədli ölkədəki ictima siyasi vəziyyət, partiyanın qarşısında duran vəzifələr barədə çıxış edib.
  • Samir Əsədli: “Erməni xalqı varlığını itirmək istəmirsə, Türkiyə və Azərbaycanla münasibətlərini yoluna qoymalıdır”.

    Paşinyan bunların fərqindədir və yürütdüyü siyasət sadalanan reallıqlardan irəli gəlir
     
    Erməni xalqı varlığını itirmək istəmirsə, Türkiyə və Azərbaycanla münasibətlərini yoluna qoymalıdır
    Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan ölkəsində baş verən proseslərdən danışarkən Paşinyan hakimiyyətinin yürütdüyü siyasətin ermənilər üçün təhlükələrindən söz açıb. Son prosesləri şərh edən Abovyan bildirib ki, Azərbaycan artıq nümayiş etdirdi ki, Ermənistanın cənub hissəsini ölkənin digər əraziləri ilə ayırmaq imkanına malikdir. Onun sözlərinə görə, rəsmi Bakı İran-Ermənistan logistik əlaqələrini də bağlamağa qadir olduğunu sübuta yetirdi. Abovyanın iddiasına görə, Ermənistan hakimiyyəti böyük ehtimalla Ermənistanın şimalını Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunun bir hissəsini də ilin sonuna qədər Azərbaycanın nəzarətinə verəcək:
    “İndi təsəvvür edin ki, Türkiyə-Azərbaycan qoşunları eyni vaxtda respublikanın İrana və Gürcüstana yollarını bağlamaq qərarına gələndə nə baş verəcək. Beləliklə görünən odur ki, hazırkı hakimiyyət ölkəni parçalamağa və məhv olmağa sürükləyir. Ermənistan hakimiyyəti bizi Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırlayır. Lakin Türkiyənin Ermənistanla sərhədləri açmağa hansı şərtlərlə razı olacağı haqda heç bir məlumat verilmir və bu, gizli saxlanılır”. Abovyanın fikrində həqiqət odur ki, Azərbaycan güclü tərəfdir və lazım olanda öz qəti və sərt mövqeyini ortaya qoyur. Ancaq bir sıra ekspertlərə görə, məhz indiki məqamda erməni müxalifətinin və ölkədəki müəyyən qruplaşmaların Paşinyan hökumətinə qarşı bu cür ittihamlar səsləndirməsi təsadüfi deyil. Məsələ ondadır ki, Paşinyan hökuməti regional kommunikasiyaların açılmasından bəhs etdikcə, Türkiyə ilə normal münasibət qurmaqdan danışdıqca, ictimaiyyətə “xain, erməni düşməni” kimi təqdim olunur. Amma sirr deyil ki, müəyyən qruplaşmaları çıxmaqla erməni cəmiyyəti Paşinyanın sağlam və real mövqeyini, müharibəsiz inkişaf dövrünü daha çox dəstəkləyir.
     
    Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli “Şərq”ə açıqlamasında vurğulayıb ki, 44 günlük müharibədən və möhtəşəm Zəfərdən sonra təkcə hərbi mövqelər deyil, həm də geopolitik durum və xalqların baxış dərəcəsi dəyişib. Partiya rəsmisinin sözlərinə görə, Azərbaycan xalqı qalib statusundadır:
    “Bundan sonra regionla bağlı geopolitik planlarda bu məqam əsas götürülür. Ermənistan cəmiyyətinin ağlı başında olan, mövcud situasiyanı düzgün qiymətləndirən kəsimi reallığı qəbul edir və mövqeyini buna görə müəyyənləşdirir. Hazırda Paşinyan Ermənistanda realist və praqmatik baxışın lideri sayıla bilər.
    Ermənilər illərlə əsirinə çevrildikləri xəstə şovinizmin uğursuzluğunu dərk etmək məcburiyyətindədir. Bu xalq varlığını itirmək istəmirsə, Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymalıdır.
    Ermənistanın başqa yolu yoxdur. Azərbaycan bölgənin iqtisadi lideridir və regionun iqtisadi mənfəətləri yalnız rəsmi Bakının razılığı ilə mümkündür. Paşinyan bunların fərqindədir və yürütdüyü siyasət sadalanan reallıqdan irəli gəlir. Ölkədə səslənən digər radikal fikir və bəyanatlar isə Sarkisyan-Koçaryan xəttinin işartılarıdır.
    Ümumi görüntülər və analizlər onu göstərir ki, Ermənistan cəmiyyəti keçmişdən qurtulmağa qərarlıdır. Ona görə də üç-beş revanşistin çağırışlarına, əsassız ittihamlarına məhəl qoymayacaqlar”.
  • Sabir Rüstəmxanlının İranla bağlı çıxışı qalmaqal yaratdı – notaya reaksiyalar

    Sabir Rüstəmxanlı: “Elə bil, ilham pərisi də karantində idi...” (MÜSAHİBƏ)Deputatın sözlərinə görə, Azad İran beynəlxalq konfransına qatılması qonşu ölkənin hakim dairələrində, xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb; Tehran Bakıya nota verdi; Fəzail Ağamalı: “Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”

    Xalq şairi, deputat, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının onlayn keçirilən Azad İran adlı beynəlxalq konfransa qatılması ciddi reaksiyalar doğurub. “Yeni Müsavat”ın məlumatına görə, S.Rüstəmxanlı deyib ki, onun çıxışı İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və sosial mediada bu işlərdən çox uzaq olan, lakin ona hücum üçün bəhanə gəzən adamların dedi-qodu kampaniyasına çevrilib.

    Məsələn, İsveçdə yaşayan Eldar Qaradağlı sosial media hesabında Sabir Rüstəmxanlını ittiham edib: “Rüstəmxanlı çıxışında Xalq Mücahidlərinin lideri ”Xanım Rəcəvi”ni çoxlu tərif edib və bu təşkilatı öyüb. O deyib “İran xalqı” çox böyük və tarixi bir xalqdır və Məryəm Rəcəvi 80 milyonluq İran xalqının yükünü təkbaşına çəkir. O, eləcə də Xalq Mücahidlərinin “Təbrizdəki üzvləri” adına Məryəm Rəcəviyə salam göndərib və daha bir çox heyrətləndirən sözlər…”

    Eldar Qaradağlı "Azərbaycan mərkəzli türkçü düşüncə" kitabı haqda

    Eldar Qaradağlı

    S.Rüstəmxanlı isə deyib ki, İran Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib, onun İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakına və çıxışına etirazını bildirir, bunu İranın daxili işlərinə qarışmaq hesab edib: “Başqa bir yandan da İsveçdə yaşayan tanınmış güneyli soydaşımız Eldar Qaradağlının İranın Xarici İşlər Nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?”

    Deputat deyib ki, çıxışının əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd edib.

    S.Rüstəmxanlı İrandan gələn rəsmi etirazlara münasibət bildirərək deyib ki, Azərbaycan həmişə İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olub: “Azərbaycan dövlətinin rəsmi siyasəti İranın daxili işlərinə qarışmamaqdır. Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə ”şiə qardaş” deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist rejiminin siyasi alətindən başqa bir şey deyil. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq, haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?”

    S.Rüstəmxanlıya həm İranın rəsmi dairələri, həm bəzi şəxslər tərəfindən hücumların olmasına görə reaksiyalar gəlməkdədir. Sosial mediada onun mövqeyini müdafiə edənlər var.

    Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Sabir bəyin Azad İran konfransında etdiyi çıxışın mətni ilə tanış olmasa da, onun sonradan verdiyi şərhləri və ittihamlara cavabını oxuyub. F.Ağamalı vurğuladı ki, S.Rüstəmxanlı illər boyu cənublu soydaşlarımızın haqq və hüquqları uğrunda ardıcıl olaraq sözünü deyib, fəaliyyətini ortaya qoyub. F.Ağamalı həmkarının Azərbaycan türkləri ilə bərabər İranda yaşayan digər xalqların hüquqlarından  da danışdığını qeyd etdi. Onun fikrincə, S.Rüstəmxanlı bu mövqeyinə görə hücuma məruz qalmalı deyil: “İran molla rejimi 30 ildir ermənilərin yanındadır, bizə müsəlman qardaşı deyib, Ermənistana qucaq açır, nəfəs verir. Biz dəfələrlə məsələ qaldırmışıq ki, İran da qardaş Türkiyə kimi Ermənistanla sərhədini bağlasın. Ancaq təəccüblü budur ki, İran rejimi hələ də Azərbaycan ərazisində separatçıların tör-töküntüləri olan ermənilərə yardımını göstərməkdədir. Halbuki dəfələrlə konkret faktlar sosial şəbəkələrdə göstərilib. Hətta müharibə dövründə Ermənistana gedən yüklərin qarşısının alınması üçün İranda olan dəyərli soydaşlarımız maşınların qabağını kəsdilər, birini də yandırdılar, ondan sonra maşınların girişi dayandırıldı. İndi Sabir bəy haqda sərt fikirlər söyləyənlər zəhmət çəkib buna dair münasibət ortaya qoysunlar – Xankəndi və ətrafda olan ermənilərə daşınan yüklər haqda izahat versinlər, biz də bilək ki, onun içində yanacaqdır, yoxsa nədir…”

    Fəzail Ağamalı deputatlara mənzil verilməsini təklif etdi - son xeberler

    Fəzail Ağamalı 

    Deputat qeyd etdi ki, Azərbaycan tərəfi haqlı olaraq İrana nota göndərib: “Ən müxtəlif kanallarla, diplomatik şəkildə etiraz çatdırıldı, amma yenə bu əməlləri davam etdirirsiniz. Əgər mehriban qonşuluq münasibətlərinin təmin olunmasını istəyirsinizsə, şeytan əməllərindən əl çəkin. Bizim İranın daxili işlərinə qarışmaq ixtiyarımız yoxdur. Sadəcə, insan haqları bəşəri yanaşmadır, biz istəyirik ki, soydaşlarımızın haqqı tanınsın, onların ana dilində təhsil almaq imkanı olsun, məktəbləri açılsın, onların hüquqlarını qoruyan fəal insanlar zindanda çürüdülməsin. Bu, bəşəri yanaşmadır. İstənilən yerdə hüquq tapdalanırsa, biz sözümüzü deməliyik. Avropaya, Amerikaya bundan da sərt çıxışlarımız olub, amma heç vaxt deməyiblər ki, niyə daxili işlərimiz qarışırsınız… İrandan da bunu gözləyirik. Ona görə Sabir Rüstəmxanlıya İran rejiminin hücumunu pisləyirəm”.

    Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı “Yeni Müsavat”a qeyd etdi ki, Sabir Rüstəmxanlı onlayn şəkildə bu qurultaya çıxışını göndərib: “Sabir Rüstəmxanlının  harada çıxış etməsindən asılı olmayaraq, Bütöv Azərbaycan ideyasını əsas tutduğu hamı üçün bəllidir. Onun İran rejiminin maraqlarına xidmət edəcək bir addım atacağını və ya söz deyəcəyini düşmənləri belə dilə gətirməyib. Çünki buna heç kim inanmaz. Necə deyərlər, belə bir iftira şeytanın da ağlına gəlməzdi ki, bizim güneyli qardaşlarımızın ağlına gəlib və bu iftiranı təhlil edib nəticələr də çıxarıblar”.

    VHP funksioneri: “Şəxslərin əvəzlənməsindənsə, idarəçiliyə baxışın dəyişilməsi vacibdir” - Müsahibə • Cumhuriyyət

    Nəsimi Şərəfxanlı

    N.Şərəfxanlının sözlərinə görə, həmin “politoloq” soydaşlarımız bilsinlər ki, Sabir bəyin həmin çıxışına görə İran rəsmi olaraq dövlət səviyyəsində Azərbaycana etirazını bildirib: “İkincisi, taktiki gedişlərində dəyişiklik edərək, İran rejiminə qarşı olan dünya güclərinin diqqətini öz üzərinə çəkən Xalq Mücahidləri təşkilatı istəsək də, istəməsək də rejimə qarşı beynəlxalq səviyyədə ən böyük gücdür. ”Düşmənimin düşməni mənim dostumdur” prinsipi siyasətin daimi qanunudur. Üçüncüsü, sosial şəbəkələrdə iftira və yersiz ittihamlar səsləndirən soydaşlarımız Güney Azərbaycanın dərdləri ilə bağlı nə zaman böyük bir konfrans və ya qurultay keçiriblər ki, orada ABŞ-ın və ya digər nüfuzlu dövlətin rəsmiləri iştirak etsin? Bilmək istəyirlərsə, Azərbaycanın parçalanma dərdi, İran adlanan yerdə milli və insani hüquqların pozulması haqda ABŞ və Avropa dövlətlərinin rəhbərləri ilə rəsmi görüşlərdə millət vəkili Sabir Rüstəmxanlı söz açıb. Dördüncüsü, Sabir Rüstəmxanlının həmin videoçıxışı zamanı mən şəxsən Sabir bəylə birgə olmuşam və çıxışda İran rejiminin mahiyyətindən, bu rejimin insanların hürriyyət, millətlərin istiqlal haqlarını pozmasından bəhs edib. Burada qəbahətli nə var ki? Azərbaycan ədəbiyyatına “Bütövlük” sözü ilə gəlib, siyasi mübarizəsini Bütöv Azərbaycan üzərində quran bir şəxsi nəinki İran rejiminə xidmət etməkdə, hətta bu rejimə nifrət etməməkdə günahlandırmaq ən yüngül şəkildə ifadə etsək, Allahsızlıqdır!”

    Emil SALAMOĞLU,
    “Yeni Müsavat”

  • MİLLƏTİN ƏSƏB NÖQTƏSİ – Rüstəmxanlının Vəhabzadə haqqında yazısı

    Sabir Rüstəmxanlı
        Bu gün böyük şairimiz, müəllimim və dostum Bəxtiyar Vahabzadənin doğüm günüdür. Bu günlərdə onun oğlu hədəfdə olduğu kimi 24 il öncə özü hədəfdəydi. Aşağıdakı yazını ona mənəvi dayaq olmaq üçün yazmışdım…
    MİLLƏTİN ƏSƏB NÖQTƏSİ

  • Hamını öz ağlınızla ölçməyin! – Sabir Rüstəmxanlıdan böhtanlara sətr cavab

    Azad İran Beynəlxalq Konfransına onlayn qatılmağım və çıxışım həm İranın hakim dairələrində, həm də xaricdə yaşayan bəzi “milli fəal”lar arasında çaxnaşma salıb və anındaca sosial mediada bu işlərdən çox uzaq olan, lakin  mənə hücum üçün bəhanə gəzən adamların dedi-qodu kompaniyasının ağzı açılıb

    İranda son prezident seçkilərinə həsr olunmuş bu konfransı İran Xalq Mücahidləri təşkilatı keçirirdi və 50 mindən çox qatılımçısı var idi.

    Bir yandan İran Xarici İşlər nazirliyi Azərbaycan Xarici İşlər nazirliyinə nota göndərib, mənim İran hakimiyyətinin düşməni olan Xalq Mücahidlərinin yığıncağında iştirakıma və çıxışıma  etirazını bildirir; bunu İranın daxili işlərinə qarışmaq hesab edir.  Başqa bir yandan da İsveçdə yaşayan köhnə tanışımız Eldar Qaradağlının İranın Xarici İşlər nazirliyi ilə sinxron səslənən və təxminən eyni mövqedən yazılmış statusu yayılır. İstər-istəməz bir sual yaranır: xeyir olsun, bunlar haçandan belə anlaşıblar?

    Qaradağlı “Sabir Rüstəmxanlı İran Xalq Mücahidlərindən pulmu alıb?” adlı statusunda yazır: “Rüstəmxanlı danışığında Xalq Mücahidlərinin lideri “Xanım Rəcəvi”ni çoxlu tərif təmcid edib və bu təşkilatı öyüb. O deyib “İran xalqı” çox böyük və tarixi bir xalqdır və Məryəm Rəcəvi 80 milyonluq İran xalqının yükünü tək başına çəkir. O eləcə də Xalq Mücahidlərinin “Təbrizdəki üzvləri” adına Məryəm Rəcəviyə salam göndərib və daha bir çox heyrətləndirən  sözlər.”

    Birincisi, mən Xanım Rəcəviyə və təşkilata tərif deməmişəm, konfransın açılışını təbrik etmiş və bu təşkilatın Paris qurultayındakı görüşümüzü xatırlatmışam. Bu, öymək sayılmaz, adi nəzakət qaydasıdır. İkincisi, kim deyir ki, “İran xalqı” ifadəsi ilə biz yalnız farsları nəzərdə tuturuq və başqa xalqları, o cümlədən Azərbaycan türklərini unuduruq. Belə uydurma heç mənim illər uzunu yazdığım yazılardan, o cümlədən İranın  dini rəhbəri ayətulla Seyid Əli Xameneiyə açıq məktubumdan xəbərsizlərin də ağlına gəlməz. Əksinə, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Əhməd Ağaoğlu da daxil olmaqla, bütün böyüklərimiz İran xalqı deyəndə, əsasən İran türklərini nəzərdə tutublar. İran xalqı, İran əhalisi ifadələri oradakı xalqları unutdurmur. Üçüncüsü, konfransın işinə xeyir-dua verməyimi rica edənlərlə danışanda otağımda  Bakıda yaşayan və yanıma başqa xahişlə gələn iki güneyli  dostumuz da var idi. Onların da salamını çatdırmaq “Təbrizin adından” danışmaq demək deyildir. Dördüncüsü, söhbət İrandakı prezident seçkilərindən gedirdi və mən  80 milyon əhalisi olan dövlətin keçmişdə bir çox qətllərdə əli olan birisinə  tapşırılmasının yanlış olduğunu dilə gətirmişəm. Bu, “80 milyonluq İranın yükü Xanım Rəcəvini  çiynindədir”  demək deyildir. Nəhayət “tarixi xalq” kimi əndrəbadi ifadə də Qaradağlının öz leksikonundandır, mən belə söz işlətmərəm.

    Çıxışımın əsas hissəsi Güney Azərbaycan və İran xalqlarının taleyi ilə bağlı olub, normal, demokratik bir sistemin qurulması üçün orada bütün xalqların birgə mübarizəsinin vacibliyini və ayrıca Azərbaycan türklərinin bu baxımdan əsas söz sahibi olduğunu qeyd etmişəm.

    Telefonla görüntülü danışığın farscaya necə çevildiyini, hansı sözümün verilib, hansının ixtisar edildiyini bilmirəm, lakin  azərbaycanca mətn qısaldılsa da, yenə dediklərimi təsdiq edir.

    Qaradağlı iddia edir ki, mənim sözlərim Güney Azərbaycan  milli mübarizəsi ilə tanış olan hər kəsi heyrətə salıb. O boyda yazısında bircə bunu düz deyir. Amma baxaq mənim sözlərim kimi necə heyrətə salıb?

    Bu çıxışdan sonra Təbrizdən, Türkiyədən, Avropadan- tanıdığım-tanımadığım adamlardan elektron məktublar aldım. Görək çoxdan İsveçdə yaşayan Eldardan fərqli olaraq  təbrizli qardaşımız mənim çıxışım haqqında nə yazır:

    “Əziz qardaşım, əziz ustad! Toplantıda iştirak etdiyinizə və mükəmməl nitqinizə görə sizə təşəkkür etmək istədim.   Çıxışınız fars. ərəb, ingilis dilləri daxil olmaqla bir neçə dilə tərcümə edildi və İran xalqı Azərbaycan dilindəki orijinalını eşitdi.”

    Başqa bir göndəridə yazılır:“ Cənab Sabir! Sizi tənqid etdilər. Bu, İranın dini rejimi ilə bütün kompromislərin metodudur. Təbrizlilər sizin yaxın dostlarınızdır. Döyüşçü olduğunuzu sübut etdiniz. Sizi dəstəkləyirik və bizim arxamızda olmağınıza ehtiyacımız var.“

    Təbriz adından danışan bunlardır… Lakin hər gün qapımı döyən və məndən yardım uman güneylilər adından danışmaq həm də mənim boynuma düşür. On illərdir onların köməyinə çatıram, onlar üçün qeyri-rəsmi konsulluq işi görürəm,  amma günün birində Qaradağlıkimilər deyirlər ki, bizim adımızdan danışma.  Unutmayıbsa, Eldarın özü də müəyyən işləri üçün mənə müraciət edənlərdən biridir. Bəs o zaman niyə demirdi “kim sənə ixtiyar verib Təbriz adından danışasan?” Görəsən təmənnasız gördüyüm bu işlərə görə mənə “sağ ol” demək əvəzinə əlimizi işdən soyutmağa çalışanların məqsədi nədir? Güneyi onlar çox istəyir, yoxsa biz?  Höteborqlu Güneyə yaxındır, yoxsa evi Savalanla üz-üzə olan?

    Qaradağlının atdığı ən ağır və əslində tam gülünc böhtan yazısının başlığıdır. O gərək  bu böhtanı dilinə gətirəndə xəcalət çəkəydi. Məni illərlə tanıyan, yaşlı-başlı bir adamın  belə yalan  danışmaq cəsarətinə heyrətləndim. Bu nə ağıl, nə təfəkkür, nə qarayaxma ehtirasıdır, anlamaq olmur. Millət  yoluna könül verən insan pul-para düşünməz! Nə qədər sadəlövh və dünyadan xəbərsiz olmalısan ki, mücahidlərin ABŞ konqresmenlərinə münasibətləri ilə bizlərə münasibətini eyniləşdirəsən. Bu böhtan mollaların tərbiyəsinə bağlı, tamam ayrı bir əxlaqdan və həyat tərzindən gəlir, bizə yapışmaz.

    Onu və onun kimiləri yaxşı tanıyan təbrizlilər bu böhtana da dəqiq cavab veriblər:

    “Azad İran Beynəlxalq Konfransına qatıldığınız üçün sizə təşəkkür etmək istərdim, yaxşı işlərin, cəsarətli mövqelərin və haqqın müdafiəçisinin daima tənqidlərlə müşaiyət olunduğunu bilirik. Bu işə laqeyd yanaşanların çoxu qorxudan və ya  iqtisadi maraqları naminə susan , mollaların sakitləşdirdiyi adamlardır, özlərini tənqid etmək əvəzinə, öz mənfəətləri və maraqları üçün sizi tənqid edirlər. Buna görə də Azərbaycanda apardığınız  mübarizə tarixi bütün qəhrəman Azərbaycan xalqı üçün qürur yeridir.”

    Təşəkkür edirəm, bu sözləri yazan güneyli qardaşıma! Məsələnin mahiyyətini və Qaradağlının böhtanının məqsədini gözəl şərh edib.

    Onu da deyim ki, mənim və həmsədri olduğum Dünya Azərbaycanlıları Konresinin mücahidlərlə heç bir anlaşması, əməkdaşlıq öhtəliyi, iş birliyi yoxdur. Ancaq onun  İranın indiki molla rejiminə müxalif olan, bu rejimlə mübarizə aparan və kifayət qədər gücü olan, təşkilatlanmış bir qurum olduğunu bilirik.  DAK İranın digər xalqlarının müxalif təşkilatları ilə maraqlananda və onlarla görüşlər ayarlayanda mücahidlərin  Paris ətrafında keçirilən bir qurultaylarına dəvət almışdım və  İdarə Heyəti ilə məsləhətləşib o qurultaya getmişdim. Həmin səfərdə mücahidləri az-çox tanımaq imkanım oldu.  Təşkilatda Azərbaycan türklərinin mövqeyi, nüfuzu mənə xoş gəldi,  Vətənlərinin şimalından gəlmiş bir millət vəkilinin hər sözünü, hər hərəkətini necə diqqətlə izlədikləri də gözümdən yayınmadı.  Xalq Mücahidlərinin lideri, əslən Qacar nəslindən olan Xanım Rəcəvinin iştirakı ilə keçirilən bir görüşdə həm DAK-ın, həm öz mövqeyimi açıq dedim: “İran çoxmillətli ölkədir, hakimiyyətə kim gəlir gəlsin, İran xalqlarının , o cümlədən İranın ən böyük xalqı olan türklərin haqqı tanınmalıdır. İranda hakimiyyət iddiasında olan hər bir qurum bunu bilməlidir. Başqa cür düşünənlərin, farsçılıq siyasəti aparanların ilk düşməni mənəm və bu məclisdə oturmuşam”  Bununla demək istəyirəm ki, hər hansı məclisdə iştirak etmək öz mövqeyini dəyişmək deyil.

    Güneyli dostlarımdan biri  məlumat üçün   mücahidlərin liderinin çıxışından aşğıdakı sözləri də göndərmişdi mənə: “ Velayet-e  Feqihin dini diktaturası devrilməlidir. Bizim öhdəliyimiz- din və dövlətin ayrılması, kişilərlə qadınlar arasında bərabərlik, məzlum millətlərin muxtariyyəti və nüvə olmayacaq azad bir  İran, demokratik bir respublika!”

    Təbii ki, hər şüara inanmaq olmaz, lakin bu gün bu şüarları dildə də olsa dünyaya bəyan edən, rejimə qarşı mübarizə aparan, güclü dövlətlərdə lobbiçilik fəaliyyəti quran, İran hakimiyətinin əsas alternativlərindən biri kimi tanınan bir təşkilatın konfransını təbrikə mənasız quyruqlar qoşmaq hərəkatdan kənarda öz balaca gölməçəsində çabalamaqdan başqa  bir şey deyildir.

    Güney Azərbaycanın gələcəyini düşünən, bu yolda mübarizə aparan adam ölkənin başqa müxalifçilərindən xəbərsiz, onlardan təcrid olunaraq necə çalışa bilər? Özün ciddi bir təşkilat qurma, xalqına aydın bir yol göstərmə, gələcəklə bağlı heç bir proqramın olmasın, başqalarını da bəyənmə, heç kimlə dialoq qurma, onda sən nə istəyirsən və işinin adı nədir?

    Mücahidlər irançıdır deyə onların iclasına qatılmaqla mən də İran xalqlarının haqlarını, Güney Azərbaycanı unutdummu?  Yolumuz fərqli olsa da hər halda heç kimin varlığını danmaq olmaz. Sən  bir müstəqil  Azərbaycan təşkiatı kimi ortada olmasan, olanları da parçalamağa can atsan, bəyəndin-bəyənmədin, İran kökənli başqa təşkilatlarla  danışmasan, heç kimin mövqeyinə münasibət bildirməsən, çeşidli kürsülərindən çıxış eləyib sözünü deməsən, onlara  Güney Azərbaycanlıların haqlarını və istəyini çatdırmasan onda sənin “milli fəal”lığın harda qalır  və gələcəkdə  öz xalqının haqqını, torpağını, dilini necə qoruyacaqsan?  Mücahidlərin məclisində mən bunu eləmişəm. Öz evində sıxılıb qalmaq günahdır, yoxsa rəqib meydançasından çəkinmədən oyuna girmək? Hətta düşmən saydığınla da dialoqa girmək olar. Əsas sənin öz mövqeyini qorumağın və  çatdıra bilməyindir. Mən DAK həmsədri olaraq 20 ildən artıqdır bu işlə məşğulam və görüşlərimin qitələri və beynəlxalq qurumları əhatə edən geniş coğrafiyasını da bilənlər çoxdur.

    Qaradağlı hansı səlahiyyətlə, hansı haqla mənə sual verib cavab istəyir? Güya mən haradasa çıxış eləyəndə ondan icazəmi almalı idim?! Deyək ki, DAK İdarə Heyətinin köhnə bir üzvü kimi, tanış kimi mənə ərk edir, bu hadisəylə maraqlanır, onda hansı haqla yalan danışır və böhtan atır?

    Nəhayət onu da deyim ki. biz həmişə  İranla xoş qonşuluq münasibətlərinin tərəfdarı olmuşuq.   Azərbaycan dövlətinin rəsmi siyasəti  İranın daxili işlərinə qarışmamaqdır.  Lakin İran həmişə Azərbaycan xalqının və dövlətinin haqlarını görməzdən gəlib, bizə “şiə qardaş” deyə-deyə xristian erməniyə yardım edib, çünki İranda şiəlik, islam fars-şovinist reşiminin siyasi alətindən başqa bir şey deyildir. İran işğalçı Ermənistana 30 il hər cəhətdən dayaq duranda, ona nəfəs verəndə, işğal olunmuş kəndlərimizi bir yerdə yağmalayanda, işğalçıya qardaş deyəndə, onu Tehranda Türkə qarşı yürüşlərə çıxaranda bizim daxili işlərimizə qarışmırdı? Müharibə günlərində öz ərazisindən silah daşınmasına icazə vermək bizim daxili işimizə qarışmaq demək deyil? “Səhər” televiziya kanalında, “Qafqaz” saytında bizi aşağılamaq , haqqımızda böhtanlar yazdırmaq bizim daxili işlərimizə qarışmaq deyil?

    İndi mən İranın Xarici İşlər nazirliyindən soruşuram: Qırx milyom türkü assimlə etmək, dilsiz, məktəbsiz, hüquqsuz qoymaq İranın daxili işidir? Biz onları müqaviləylə farslara girov verməmişik.   Min illər boyu  yanaşı yaşayırlar, niyə Türkün olan hər şey farsın adına çıxılmalıdır? Bu məsələlər İranın daxili işidir?

    Mən şəxsən İrana  qonşu kimi yox, neçə min ildən bəri, farslardan da öncə, türklərə vətən olmuş öz yurdum. öz dövlətim kimi baxıram, Əfqanıstanın, İraqın, Liviynın, Suriyanın acı taleyini görəndən  sonra heç vaxt İranın müharibə meydanına çeyrilməsini, qonşuluğumuzda demokratiya adına qanlı toqquşmaların baş verməsini istəməmişəm.  Buna baxmayaraq İran  dəyişilməlidir. Dövlət bunu bacarmasa xalq bacaracaq!  Ancaq bu məsələ ayrı bir yazının mövzusudur.

    Vətəndə və Avropada yaşayan Güneyli dostlarım çox yaxşı bilirlər ki, təşkilatlana bilməməyimizə tənqidi yanaşmağım hərəkatımıza olan bağlılığımdan, onlara olan sevgimdəndir.  Özümü heç vaxt güneydən ayırmamışam.

    Xaricdə yaşayan və otuz ildən bəri tanıdığım hörmətli güneyli dostlarım  illər uzunu bir-birini ittiham edə-edə normal bir təşkilat qura bilməyiblər. Bu gün yığışıb sabah dağılılar. Güney Azərbaycanın bir müdrik ağsaqqalına bu barədə gileylənəndə mənə, “onlara qoşulma, heyifsən, çürüdərlər səni, sən öz işini gör!” demişdi. Söz yox  bunu deyəndə təşkilatlanmaq iddiasında olan, yaxşı tanıdığı  bir qrup adamı nəzərdə tuturdu.  Allah ona rəhmət eləsin! Sözünə baxmadım. “Bu milli mübarizdir, mən bu yola ayrı-ayrı adamlara  görə yox, xalqımıza, Vətənimizə görə qatılmışam!”-demişdim.

    İndi bu yazını yazarkən yenə o ağsaqqalın sözü yadıma düşür. Təəssüf ki, qarşıllıqlı inamsızlıq, biri-birini çürütmək az qala bir milli xəstəliyə çevrilib və  bu, millətimizin gələcəyi naminə  təşkilatlanmağımıza, bir araya gəlməyimizə, yolumuzu aydın bəlirləməyimizə mane olur…Tarixdən dərs almaq vaxtıdır.

    Sabir Rüstəmxanlı

    Millət vəkili, Xalq şairi