Vətəndaş Həmrəyliyi Partiyası

Category: Slayder

  • VHP üzvləri Gəncə terrorunda şəhid olanları yad etdi

    17 oktyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə növbəti dəfə terror hadisəsi törədilib. Düşmənin mülki əhalinin yaşadığı ərazini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 dinc sakindən isə 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır.

    Bu gün baş verən olayın ildönümündə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gəncə şəhər təşkilatının üzvləri raket düşən ərazidə olublar, həlak olanların xatirəsini anıblar.

    VHP Gəncə şəhər təşkilatının sədri Füzuli Həsənov tədbirdə çıxış edərək bildirib ki, İkinci Qarabağ savaşı zamanı ermənilər dinc əhalinin yaşadıqları əraziləri hədəf aldılar. Gəncə, Bərdə, Tərtər, Goranboy, Mingəçevir və bir çox yerlərdə mülki insanların yaşadıqları əraziləri raket atəşinə tutublar .
    Füzuli Həsənov qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması düşmənin bütün humanitar və beynəlxalq normaları pozması idi. Cəbhə xəttindən xeyli kənarda olan Gəncə şəhərinə ilk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir: “Bu teraktlar onu göstərdi ki, erməni separatçıları hər zaman mülki əhalini hədəf alıb, terror aktı törədib. Bununla təşviş, qorxu yaratmaq istədilər, isdədikləri alınmadı. Burada da yalnız bir məqsəd – mülki insanları öldürmək, mülki insanlar arasında maksimum dərəcədə tələfata nail olmaq idi. Avropa məkanına baxsaq, İkinci Dünya Müharibəsindən sonra mülki insanlara qarşı ballistik raketlərdən istifadə edilməyib. İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası Britaniya şəhərlərinə ballistik raketlər atıblar. Hərbi əməliyyatların gedişində Ermənistan bu yola da əl atdı.
    Ordumuz 44 gün ərzində böyük qəhramanlıq göstərdilər, mənfur düşmənə layiqli cavab və dərs verildi”.

  • Deputatın erməni dili ilə bağlı fikri tənqid olundu

    Sabir Rüstəmxanlı

    Ötən gün Milli Məclisin Xankəndi seçki dairəsindən seçilmiş deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edilməsi ilə bağlı tviti sosial şəbəkələrdə müzakirələrə səbəb  olub. Gəncəliyevin paylaşımında, həmçinin “Biz erməni dilini öyrənirik, biz erməni dilində danışırıq, biz erməni dilini öyrədirik”, – deyə cümlə də qeyd olunub.

    Müzakirələrdə iştirak edənlər deputatın fikirlərini birmənalı qarşılamayıb. Bildirilib ki, erməni əsilli Azərbaycan vətəndaşları bizim cəmiyyətimizə inteqrasiya olunduğu üçün onların Azərbaycan dilini öyrənmələrinə ehtiyac var.

    Ölkə Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərini öz vətəndaşı sayır və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına hazırdır.

    Bir sıra ictimai və rəsmi şəxslər də çıxışlarında qeyd ediblər ki, erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunvericiliyinə və Konstitusiyamıza tabe olduqları müddətdə, Azərbaycanın tamhüquqlu vətəndaşları sayılırlar. Belə olduğu təqdirdə, Qarabağ ermənilərinin bizim Konstitusiyamızda və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi müqavilələrdə əks olunan bəndlərlə bütün hüquqi vəzifələrə malikdirlər və bundan da istifadə edə bilərlər. Həmin ərazilərdə idarəetmə tam olaraq Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır.

    Qeyd edək ki, hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Onların digər vətəndaşlar kimi bütün hüquq və azadlıqları dövlət tərəfindən təmin edilir.

    Milli Məclisin deputatı Sabir Rüstəmxanlı həmkarının müzakirələrə səbəb olan fikirləri ilə bağlı “Qafqazinfo” ya açıqlama verib. 

    Deputat erməni əsilli azərbaycanlıların Azərbaycana yaxınlaşması məsələsində erməni dilinin öyrədilməsinin nə kimi mənası olduğunu sorğulayıb: 

    “Azərbaycana yaşamaq üçün kim gəlirsə, vətəndaş kimi bizim cəmiyyətə inteqrasiya olunub qarışması üçün biz onların dilini öyrənməliyik?! Əvvəla, keçmiş Dağlıq Qarabağda yaşayanlar və indi də orada qalan ermənilərin hamısı Azərbaycan dilini çox yaxşı bilirlər. Onlar üçün bu məsələdə heç bir problem yoxdur. Sabah Rusiya sülhməramlıları getsə, ermənilər Azərbaycanın digər bölgələrinə gəlib getsələr, sərbəst Azərbaycan dilində danışacaqlar. Biz azərbaycanlıların erməni dilini öyrənməsinə ehtiyacı yoxdur. Ermənilərin Azərbaycan dilini öyrənməsi zəruridir. Çünki Azərbaycanda doğulmuş ermənilərin çoxu bizim dilimizi kifayət qədər mükəmməl bilirlər.

    Ümumiyyətlə isə, ölkəmizdə qonşu dövlətlərin və ya  başqa xalqların dilini öyrədən kursların olması normal haldır. Erməni dili, gürcü dili ilə maraqlananlar üçün kim istəyirsə, kurs aça bilər. Burada qeyri-adi bir şey yoxdur”.

    Günel Türksoy

  • Fəzail İbrahimli: “Qars müqaviləsinin zamanında imzalanması çirkin planı alt-üst etdi”

    1921-ci ilin 13 oktyabrında imzalanan Qars müqaviləsindən yüz il ötməsinə baxmayaraq. Bu sənəd Azərbaycan üçün hələ də böyük siyasi, hərbi və tarixi əhəmiyyət kəsb edir. Qars müqaviləsinin tarixi-siyasi əhəmiyyəti ilə bağlı Milli Məclisin sədr müavini Fəzail İbrahimlinin mövqeyini öyrəndik.

    “Ölkə.Az”a müsahibəsində Milli Məclisin sədr müavini, VHP-çi millət vəkili Fəzail İbrahimli bildirib ki, əgər zamanında qars müqaviləsi imzalanmasaydı,  Azərbaycanın böyük bir hissəsini itirə bilərdik. “1920-ci ildə  süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə ermənilər tərəfindən mənhus bir baxış var idi. Azərbaycanın çox böyük ərazilərini mənimsəmək istəyirdilər.  Ancaq imzalanan Qars müqaviləsi bütün bu mənhus baxışlaırn qarşısını almış oldu”- deputat qeyd edib.

    Milli Məclisin sədr müavini əlavə edib ki, bolşeviklərin qalib gəlməsinə baxmayaraq, ermənilər  Moskvadakı havadarları vasitəsi ilə Ermənistan ərazisini Azərbaycan torpaqları hesabına  genişləndirməyə çalışırdı: “Moskva bu işdə onlara hər vasitə ilə dəstək verir və baş verənlərə göz yumurdu. Ermənilərin təkcə Basarkeçərə. Göyçəyə, Zəngəzura, Qarabağa deyil, həm də Naxçıvana qarşı ərazi iddiası var idi. Ermənilər hər vasitə ilə Naxçıvanı  Ermənistanın ərazisinə qatmaq planı var idi. Amma Qars müqaviləsinin zamanında imzalanması belə bir çirkin planı alt-üst etdi. Bax belə bir zamanda 13 oktyabr 1921-ci ildə beş tərəfin;- Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın iştriakı ilə  Qars müqaviləsi imzalandı. Qars müqaviləsi 20 maddədən ibarətdir. 20 maddədən ibarət bu sənədin ancaq 5-ci bəndi Azərbaycan və Naxçıvanla bağlıdır. Məhz elə bu bənd Naxçıvanı gözləyən təhlükədən qorudu. Belə ki, həmin bənddə Naxçıvan müəyyən edilən sərhədlər daxilində Azərbaycanın tabeçiliyində qalır və muxtariyyət yaratmaq hüququna malikdir”.

    Millət vəkili onu da bildirib ki, 1921-ci ilin iyulun 4-də Bolşevik Kommunist partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın  Ermənistana birləşdirilməsi barədə qərar verdi: “Amma Nəriman Nərimanovun müqaviməti nəticəsində bu mümkün olmadı. İclasın ikinci günündə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılması barədə qərar qəbul edildi.  Düzdür, sənəd Nərimanovun Azərbaycanda rəhbərlikdə olduğu müddətdə ratifikasiya olunmadı, sənəd heç gündəmə gətirilmədi. Ancaq Moskvanın əl-ayağına dolaşan Nərimanov Azərbaycandan rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra  kommunist partiyasının Qafqaz Bürosu   məsələni Azərbaycan rəhbərliyi qarşısında bir ultimatum şəklində qoyaraq, sənədə imza atmasını tələb etdi. Bax, bu baxımdan Qara müqaviləsinin Azərbaycan üçün çox böyük siyasi, tarixi əhəmiyyətə malikdir. Qars müqaviləsi Naxçıvanın xilası sənədi oldu. Müqaviləyə əsasən Türkiyə bu gün də Naxçıvanın təhlükəsizliyinə məsuldur. Naxçıvana hər hansı təhlükə olarsa, Türkiyə qars müqaviləsinin 5-ci bəndinə istinadən edərək, gözlənilən təhdidin qarşısını almaq hüququna malikdir.

    Ona görə də Qars müqaviləsinin imzalanması o dövr üçün siyasi bir sifariş idi və o da baş verdi”.

    -Milli Məclisin sədr müavini bildirib ki, Türkiyə nəinki o zaman, bu gün də Azərbaycanın  güman və güvənc yeridir: “Türkiyə iyirminci əsrin sonunda  Azərbaycan müstəqilliyinin yenidən bərpa etdikdən sonra Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycana dəstək verən yeganə dövlət oldu.

    Türkiyə necə ki, 1918-ci ildə yoxdan yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin güvən və güman  rolunu oynadısa, bu gün də elə oldu. Əgər o zaman qardaş Türkiyə və Qafqaz İslam Ordusu olmasaydı, Tbilisidə imzalanan istiqlal bəyannaməsi bu gün tarixin arxivlərində araşdırmaçılar tərəfindən öyərniləcək bir  sənəd olacaqdı. Yazılacaqdı ki, tarixdə belə bir  hadisə baş verib, amma dövlətçilik planlarını reallaşdıra bilməyiblər. Çünki o zaman Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin  bir respublika kimi formalaşmasında, ölkəyə  sahiblənib rəhbərlik etməsində, erməni daşnak və bolşeviklərin ölkə ərazisindən, xüsusən də Bakıdan azad edilməsində müstəsna rol oynadı. Qafqaz İslam Ordusu Bakını Şaumyanın başçılığı altında erməni daşnak və bolşeviklərdən təmizlədikdən sonra milli hökumət Bakıya köçə bildi.

    Biz Türkiyənin bu qardaşlıq mövqeyini iyirminci əsrin sonunda  Ermənistanın Azərbaycana qarşı növbəti işğalçılıq siyasət zamanı da şahidi olduq.  Güman və güvənc yerimiz olan qardaş Türkiyə Azərbaycanın haqq davasında bütün dünyanın təzyiq və təqiblərinə baxmayaraq dəstək verərək işğalçı ölkəyə bütün qapılarını bağladı. 44 günlük Vətən müharibəsində də  Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. Azərbaycanın möhtəşəm qələbəsindən sonra Azaadlıq meydanında keçirilən Zəfər paradında  hər iki qardaş ölkənin liderinin dünyaya verdikləri mesaj son  iki yüz ildə Türk dünyasının başına oyun açan, Türkiyəyə qarşı ərazi və soyqırım iddiası ilə çıxış edən, böyük Ermənistan ideologiyasının dəfn etməkdə olduğumuz tabuta vurulan son mismar oldu. 2021-ci ilin iyunun 15-də Şuşada iki qardaş ölkə arasında imzalanan Birgə Bəyannamə isə bunun kulminasiya nöqtəsi, 4 iyul 1918-ci ildə Batumda, 13 oktyabr 1921-ci ildə imzalanan müqavilələrin davamı oldu. Daha  təkmil və inkişaf etdirilmiş  formada… Bu bir daha iki qardaş ölkənin “bir millət iki dövlət” şüarının ruhuna uyğun imzalanan sənəd oldu. Bu sənədlər qardaşlığın əbədi rəzmi olduğuna işarə idi. Əgər Qars müqaviləsi Naxçıvanın təhlükəsziliyinə təminat verirsə, Şuşa Bəyannaməsi isə bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təminat verir. Qars müqaviləsinin ən mühüm cəhətindən biri isə SSRİ dövründə belə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında xüsusi rol oynadı və oynamaqda davam edir”.

  • Sabir Rüstəmxanlı qiymət artımı ilə bağı parlamentdə dinləmə keçirilməsini təklif edib

    “Bizdə büdcənin müzakirələri çıx qısa keçir”.

    APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri  Sabir Rüstəmxanlı deyib.

    Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər”.

    S. Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.

  • Şəhid baş leytenant Səid Rəşidzadə anılıb

    Bu gün baş leytenant Səid Rəşidzadənin şəhid olmasından bir il ötür. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Füzuli rayon təşkilatının üzvləri Babı kəndində Səid Rəşidzadənin məzarını ziyarət ediblər. Şəhid Səid Rəşidzadə Hadrut qəsəbəsinin düşmən işğalından azad edilməsində qəhramancasına döyüşüb. Hadrut yaxınlığındakı strateji yüksəkliyə Azərbaycan bayrağını sancan zaman düşmən snayperindən açılan atəş nəticəsində həyatını itirib.

    Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunun Babı kəndində dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

    VHP Füzuli rayon təşkilatının sədr müavini Qurban Namazəliyev şəhid Səid Rəşidzadənin həyat və döyüş yolunda danışıb. Bildirib ki, Səid uşaqlıqdan hərbiçi olmağı arzu edirdi. Hərbiçi də oldu. Aprel döyüşlərində qəhramancasına döyüşüb. İkinci Qarabağ savaşı başlanan kimi döyüşə yollandı. Hadrut qəsəbəsinin, bir neçə kəndin azad olunmasında qəhramanlıqla döyüşüb. Vətən torpaqlarının azad olunması uğrunda canından keçdi. Qəhraman baş-leytenant Səid Rəşidzadə Hadrutda strateji yüksəkliyi azad edib, erməni separatçılarının bayrağının yerinə Azərbaycan bayrağını asarkən snayper atəşi ilə şəhid olub.

    Qurban Namazəliyev bildirdi ki, Səidin atası Nofəl Qasımov Füzulunun icra başçısı olub. Döyüşən, vətən üçün mübarizə aparan bir icra başçı olub. 1993-cü ildə erməni hərbiçilərinin işğal etdiyi Füzuli rayonunun və digər torpaqlarımızın azadlığını arzulayan Nofəl bəyin arzusunu qəhrəman oğlu gerçəkləşdirdi.

    Şəhidin məzarını ziyarət edənlər çıxışlarında bildirib ki, Səid döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi. Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul etmədilər. Amma Səid gözləmədi. Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. Deyirmiş ki, hansı kəndi birinci azad etsələr, həmin bayrağı oraya sancacaqmış. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar.

  • Samir Əsədli: “Tehran bilməlidir ki, Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”

    İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin birinci kanalına müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi tezislər ölkəmizdə ciddi etirazla qarşılanıb.
    Məsələ ilə bağlı fikirlərini “Şərq”ə açıqlayan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli İranın son davranışlarının diplomatik başıpozuqluq olduğunu bildirib: “İranlı sürücülərin saxlanılması və Bakıdan səslənən rəsmi bəynatlardan sonra Tehran Qarabağa yükdaşıma həyata keçirdiyini təkzib etmədi. Bu isə onun işğal müddətində də Ermənistana aşkar dəstəyinin göstəricisidir. Bu fakt qarşısında ifşa olunan molla rejimi “oğru elə bağırdı ki” prinsipi ilə hərəkət edir. İranın baş diplomatı Vətən müharibəsində regiona terrorçu qrupların gətirildiyi deməklə də Azərbaycana “söz atır”. Halbuki səmimi qonşu dövlət, özünə islam adı verən ölkə erməni terrorizmindən danışmalı idi. İran doğrudan da tərəfsiz və səmimi olsaydı, bildirərdi ki, terrorçular, muzdlular məhz Ermənistan tərəfində döyüşüb. Halbuki, müharibə başlamazdan öncə Ermənistan mətbuatı özü də bunu bəh-bəhlə tirajlayırdı. Muzdluların, terrorçuların Azərbaycan tərəfindən döyüşməsinə dair isə bir dənə də dəlil yoxdur. İsraillə bağlı məqama gəlincə, Azərbaycan ordusunun arsenalında İsrailin ən müasir silahları var. Azərbaycan İsrailə Qarabağdakı layihələrdə iştirak imkanı tanıyıb. Burda qeyri-adi nə var ki? Bakı-Təl-Əviv əlaqələri dərinləşir. Amma Azərbaycan bu münasibətləri öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə edilməsinə yol vermir. Bütün baş verənlər İranın Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmədiyinin göstəricisidir. Amma Tehran bilməlidir ki, regionda Azərbaycan artıq güc sahibidir və bununla hesablaşmalıdır”.
  • Şirvanda şəhid Cavid Məmmədli anılıb

    Bu gün şəhid Cavid Məmmədlinin anım günüdür. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Şirvan şəhər təşkilatının üzvləri şəhidin məzarını ziyarət ediblər.

    Şirvan şəhidi əsgər Məmmədli Cavid Natiq oğlu 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olub. , 2015-ci ildə Bəhruz Asalanov adına 16 nömrəli tam orta məktəbin bitirib.

    2020-ci ilin iyulun 1-də Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 04 oktyabr 2020-ci il tarixində Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

    Şəhidin məzarını ziyarət edənlər qarşısında çıxış edən VHP Şirvan şəhər təşkilatının sədri Aqil Vəliyev İkinci Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələrinin göstərdikləri şücaət və qəhramanlığdan danışıb. Bildirib ki, Cavidi və onun kimi minlərlə qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Natiq bildirib ki, Cavid öz qısa ömründə hər kəsə örnək olacaq bir həyat yaşadı. Onun xatirəsi hər zaman anılacaq və uca tutulacaq. Çunki şəhidlər ölməz, heç vaxt unudulmaz!

     

  • Sabir Rüstəmxanlı Türkiyəli jurnalistlərlə görüşüb- FOTO

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda səfərdə olan İstanbul Medya Başkanı Ali Rza Yıldız və İstanbul Medya Başkanı yardımcısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başkanı Gökhan Balcını qəbul edib.
    Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, son Qarabağ savaşı, savaş zamanı Türkiyənin Azərbaycana dəstəyindən söz açılıb. Eyni zamanda hazırki dönəmdə beynəlxalq müstəvidə Türkiyə-Azərbaycan birliyinin vacibliyi, bu birliyin inkişaf yolları müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, erməni lobbisinin böhtançı təbliğatına qarşı beynəlxalq arenada birgə fəaliyyət zəruridir. Görüşün sonunda Sabir Rüstəmxanlıya Tək Millət İki Dövlət plaketi təqdim edildi.
    Görüşdə İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli də iştirak ediblər. Qonaqlar İSBAM-ın dəvəti ilə Azərbaycana gəliblər.
  • Şəhid Ziya Atanın xatirəsi anılıb

    Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Kürdəmir rayon təşkilatının üzvləri şəhid Ziya Atanın (Ziyadxan Əliyev) məzarını ziyarət ediblər.

    Ziyadxan Əliyev 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziya Azərbaycan Texnik Universitetinin məzunu olub.
    Ziya Ata 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırmış. Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olur. Könüllü olaraq döyüş meydanına yollanan Ziya Ata, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub. Ziya Ata ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
    VHP Kürdəmir rayon təşkilatının sədri Əliqulu Cəfərli Vətən Müharibəsində igid əsgər və zabitlərimizin şücaətindən, keçdikləri döyüş yolundan danışıb.
    Əliqulu bəy qeyd edib ki, Ziya siyasi fəaliyyət göstərib. Gənc yaşından ölkənin siyasi həyatına qatılıb, insan hüquqları, siyasi və seçki azadlıqları uğrunda fəaliyyət göstərib. Ictimai-siyasi fəaliyyətində dövləti və xalqı üçün çalışıb, demokratiya uğrunda mübarizə aparan Ziya Ata Vətən Müharibəsi dönəmində vətən sevgisini sübuta yetirdi. O qısa ömründə əsl vətənpərvərlik nümunəsi göstərib.
    Şəhid məzarını ziyarət edənlər şəhid Ziya Atanın vətənpərvərliyindən, vətənə olan məhəbbətindən söz açıblar.

  • Samir Əsədli: “Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”

    Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini – Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.
    Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.
     
    VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın hərbi əməkdaşlıq məsələsində apardığı siyasətin uğuru Vətən müharibəsi zamanı özünü göstərib: 
    “Bizim düşmənlə müqayisədə texniki üstünlüyümüz qısamüddətli qalibiyyət savaşında təsdiqini tapdı. Hazırda Azərbaycan öz Silahlı Qüvvələrini dünya standartlarına uyğunlaşdırmasını, Türkiyə modelini əsas götürməsini bəyan edib. Eyni zamanda NATO ilə sıx əməkdaşlığımız da ortadadır və Azərbaycan bunu inkişaf etdirəcəyini bəyan edib. Amma hərbi əməkdaşlıq bir ölkə və bir tərəflə məhdudlaşa bilməz. Pakistan, İsrail kimi ölkələr də Azərbaycanın hərbi müttəfiqləridir. Belarus hərbi potensial baxımdan adıçəkilən ölkələr kimi cəlbedici olmasa da hər zaman ərazi bütövlüyümüz məsələsində birmənalı və qətiyyətli mövqe tutan ölkə kimi dostumuz sayılır. Bu baxımdan Belarusla hərbi sahədə kadr və digər məsələlərdə əməkdaşlıq məqbuldur. Amma heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas istiqaməti Türkiyə modeli olmalıdır”.